Электронная библиотека » Tural İsmayılzadə » » онлайн чтение - страница 2


  • Текст добавлен: 28 сентября 2022, 18:22


Автор книги: Tural İsmayılzadə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 14 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

Şimal ovçuları insan irqinin mənsubları idi. Onlar Arçibaldın şimal və şimal-qərbində yerləşən yerli əhali arasından seçilirdilər. Hər fəsil bu ərazilərdə yerləşən kəndlərdə baş tutan sınaqdan uğurla keçən döyüşçülər bu ada layiq görülürdü. Əvvəllər bu cür ovçular yaşayış məntəqələrinin müdafiəsi və gündəlik işlərlə məşğul olurdular. Yüksək icmada insan irqinə söz haqqı verilmədikdən sonra şimal ovçuları döyüşçü təbəqəyə çevrildi. Onların çoxu Arçibaldın digər irqlərinə qarşı çıxan Folian adlı insana qoşudular. Folin və yandaşları məğlub olsa da, şimal ovçuları döyüşçü təbəqə olaraq da qaldı. Vaxt keçdikcə onlar detron sıralarında xidmət göstərməyə başladılar.

Bartun

Otağın pəncərəsi gecədən açıq qalmışdı. Səhərin sərin mehi içəri dolmuş, dört divarla bağlı məkana gül qoxulu çəmənlik ətri yaymışdı. Neyla gecəni çox rahat yatmışdı, buna görə də gümrah ayılmışdı yuxudan. Hər səhər olduğu kimi bugün də şərqi Arçibalddan gətizdirdiyi çiçəklərlə çay içmək üçün ayağa qalxmışdı artıq. Üzərində döyüş libasının altından geyindiyi dəri paltar vardı. Dəri paltarı Neylanın incə bədəninə daha da ecazkarlıq bəxş edirdi. O, yan otağa keçərək uzun fəsillər əvvəl atasının cənub yürüşlərindən gətirdiyi aynanın qabağında dayanıb özünü süzdü bir müddət. Belinə qədər uzanan uzun, çəhrayı saçlarını yığıb arxadan bağladı. Bədənini tərpətmədən üzünü aynaya daha yaxın tutdu. Əllərini düz, nazik qaşlarının üzərində gəzdirdi. Yatdığı şirin yuxudan ayıldığı üçün yanaqları ağappaq, dodaqları isə həmən qar bəyazının içində parlayan al qırmızı kəpənəyə oxşayardı. Geri dönərək çiçək çayını dəmlədikdən sonra əlindəki saxsı fincan ilə pəncərəyə yaxınlaşdı. Bartun bu gün daha gözəl idi sanki. Şəhərin şərqindəki Enşi çayının təmiz havası daş yollarla örtülmüş küçələrdə hiss olunurdu. Neylanın evinin qarşısındakı çörəkxana artıq işinə çoxdan başlamışdı. Hətta iki detron səhər yeməyi üçün çörəkçinin qarşısında növbə gözləyirdi. Neyla çayını içdikdən sonra yuyunub döyüş libasını geyindi. Çöl qapısını açıb Bartunun gözəl havasını bir daha ciyərlərinə çəkdi. Çörəkxananın qarşısındakı detronlardan biri geri dönərək Neylanı görər-görməz əllərini bədənlərinin qarşısına gətirərək çarpaz şəkildə detron salamı verdi. Detronlar Arçibaldın müdafiə sistemindəki ən alt ordu xidmətçiləri sayılırdılar. Onlar sadə kəndlilərdən, ovçulardan, səyyarlardan vəzifəli olsalar da, döyüşçülər arasında ən aşağı rütbə idi detron. Neyla isə cənub döyüşçüsü idi. Cənub döyüşçüləri də nə vaxtsa detron olublar, lakin göstərdiyi xidmət və cənub yürüşlərində iştirak etdikləri üçün onlara bu rütbə layiq görülüb. Cənub döyüşçülərinin əksəriyyəti artıq yaşamırdılar, Neyla isə onlardan tək-tük qalan döyüşçülərdən idi. Ümumiyyətlə, artıq cənuba yürüşlər uzun fəsillərdir dayandığı üçün bu rütbə heç kəsə verilmirdi. Yerdə qalan döyüşçülərin çox hissəsi isə cənubdan ağır yaralı qayıtdıqları üçün müəyyən vaxtdan sonra həyatlarını itirmişdilər. Neylanın atası da sonuncu getdiyi yürüşdən yaralı qayıtmış və bir fəsil belə tamam olmamış həyatını itirmişdi. Artıq Neyla kimi döyüşçüləri hər şəhərdə bir və ya bir neçə yerdə, şəhərin müdafiəsindəki rəhbərlər sırasında görmək olur sadəcə. Bartun isə Arçibaldın cənub və şərq sərhədlərini qoruyan şəhər olduğu üçün Neyla, demək olar ki, bir neçə fəsildir burdadır artıq. Yüksək icmadan hər hansı əmr gələnə kimi də burda olacaq.

Neyla detron salamına qarşı başını yelləyərək:

– Uğurlu sabahlar, – deyərək kifayətləndi. Artıq ağır addımlarla cənub qapılarına doğru irəliləməyə başladı. Bartun Dirmaya nisbətən böyük şəhər idi. Lakin burda ən çox səyyar ticarətçilər olurdu. Yerli əhali isə ancaq orduda xidmət göstərirdi. Bəzi məişət işlərindən əlavə şəhərdə başqa hər hansı məşğuliyyət tapmaq mümkün deyildi. Nə əkinçilərə rast gəlmək olurdu, nə də hər hansı uşağa. Şəhərdə hər cür irqdən və qəbilədən varlıqlar küçədə o yana-bu yana ticarətlə məşğul olurdular. Bartun da insan ticarətçiyə az rast gəlinirdi. Uzun fəsillər əvvəl cənubdan gələn varlıqlar Bartun və ətraf bütün kəndlərdəki insanlara hücum çəkmiş, demək olar, sağ insan qoymamışdılar. Sağ qalanlar isə orta Arçibalda, Barkova və ətraf kəndlərə qaçmışdılar. Həmən dövrlər geridə qalsa da, insanların yaşadığı qorxular onlara bura yenidən qayıtmağa imkan vermir. Şəhərdə eldin ticarətçilər ən çox gözə çarpırdı. Onları digər irqlərdən fərqləndirən önə çıxan uzun sifətləri və demək olar ki, yerə çatan əlləridir. Boyları insan boyları ilə eyni olsa da, bu fərqli bədən quruluşuna görə onları insanlardan ayırd etmək çox da yorucu olmur.

Neyla artıq cənub qapılarına çatmışdı. Onu kabil irqindən olan iki detron qarşıladı. Kabil irqi Arçibaldın ən qədim və ən ibtidai irqi sayılır. Onlar insanlara bənzəsələr də, fiziki cəhətdən inanılmaz gücə malikdirlər. Bir kabil fərdinin gücünü bəzən üç insan gücünə bərabər tuturlar. İbtidai irq olmaqlarının səbəbi isə meşələrdə və mağaralarda yaşamağı üstün tutmaqlarıdır. Ümumiyyətlə, divar və ya taxta evlərdə yaşayan bir kabil belə yoxdur. Detron dəstələrində xidmət göstərən kabillər belə gecəni açıq havada yatmağa üstünlük verirlər. Neyla detronlara çatarkən eyni detron salamı ilə qarşılandı. Qapıların sağ və sol hissələrində hər on beş addımdan bir daşdan gözətçi qüllələri inşa edilmişdi. Hər qüllədə gündüz bir, gecə iki detron cənubu həmişə nəzarətdə saxlayırdılar. Neyla ona ən yaxın sağ qülləyə taxta pilləkənlərlə çıxdı. Cənuba, bütün Arçibaldın “Cənub Boşluğu” adlandırdığı əraziyə baxdı. Bir anlıq gənc və gözəl döyüşçü bu ərazilərin nə qədər canlar aldığını fikirləşdi. Bu qədər döyüşlər görsə də bu torpaqlar, hələ heç kəs və heç bir irq cənub boşluğunun hansı sirləri gizlətdiyini bilmirdi. Hətta bəzən bu qədər ordunun bu əraziləri niyə və nədən qoruduğunu da bilmirdi Neyla. Uzun fəsillər əvvəl “Qara qüvvələrin” başçısı, hal-hazırda adının qadağa olunduğu bir insanla mübarizə aparırdı Arçibald. Lakin hər kəs bilir ki, qara qüvvələr məğlub oldu və qalan tərəfdarları da aclıqdan cənub boşluğunda tələf oldular. Amma yenə də Yüksək İcma bu sərhədlərdə nədənsə ehtiyat edirlər.

Neyla arxasındakı rutin şəhər səs-küyü ilə qarşısındakı cənub boşluğunun ölüm səssizliyi arasında incə bir xətdə, gözətçi qülləsində gününü necə keçirəcəyi barəsində fikirləşirdi. Sakit bir gün planlaşdırırdı. Ya şəhərin şimalındakı yeni detronlarla görüş keçirdəcək, ya da elə cənub qapılarında gəzəcəkdi. Bu fikirlərin içərisində cənuba zillənən cavan qız onu aşağıdan səsləyən insan detronu ikinci dəfədən eşitdi. Geriyə dönüb belindən azacıq aşağıda sallanan xəncərindən tutaraq şəhərin enli küçəsinə baxdı. Onu çağıran orta boylu detron idi. Detron münasib vəziyyətdə olmadığı üçün birinci salamlaşmaq istəmədi, lakin sonra Neylanın sərt baxışları altında detron salamı verərək dedi:

– Cənub döyüşçüsü, sizi şəhər başçısı çağırır.

Neyla başıyla təsdiq edərək aşağı endi və cənub qapılarını geridə qoyaraq şəhər mərkəzinə ağır addımlarla irəliləməyə başladı. İnsan detron isə onun tam arxasında bir az sağ tərəfdə eyni sürətlə davam edirdi. Başçının evi onun həm də iqamətgahı sayılırdı və şəhər məsələləri ilə bağlı hamı ora müraciət edirdi. İqamətgah detron evinin yanında yerləşirdi. Bu, həm təhlükəsizlik baxımdan, həm də hər hansı əmr olarsa, dərhal icra olunması üçün belə inşa olunmuşdu. Neyla iqamətgaha irəliləyərkən şəhərin mehmanxanasının qarşısında dayandı. Onu mehmanxanın qarşısında duran varlıqlar cəlb etdi. Hansı irqə aid olduqlarını təyin etmək olmurdu. Neylanı ən çox narahat edən bu olmaqla yanaşı, onların öz aralarında danışdığı dil idi. Cavan döyüşçü Arçibaldın, demək olar, bütün dillərini bilirdi, amma bu üç varlığın danışıqları ona tanış gəlmirdi. Onlar həm də qəribə geyimləri ilə də diqqəti cəlb edirdilər. Qarşısını düz uzun xətt kəsən qara libasın ayaqları yerə dəyir, varlıqların üz hissəsində isə gözlərindən başqa heç nə görsənmirdi. Çəhrayı başlıq üz hissələrini tam örtsə də, libasları kimi qara saçları səliqəli şəkildə arxaya tökülmüşdü hər üç qəribə varlıqda.

Neyla özündən asılı olmayaraq dayanıb sanki illərdir görmədiyi yoldaşlarına baxırdı. Onu yanına yaxınlaşan detronun səsi özünə gətirdi.

– Döyüşçü, siz yaxşısız?

Sanki yuxudan ayılan döyüşçü detrona tərəf dönərək:

– Mən özüm başçının yanına gedərəm, müşahidəçiyə ehtiyacım yoxdur. Sən ordakı, – əlini mehmanxananın qarşısındakı varlıqlara uzatdı, – varlıqların kim olduğunu öyrən. Burda nə edirlər və kimdirlər? Yerli əhalidən olmadıqları açıq-aydın bilinir. Lazım olsa, mehmanxana işçilərini də sorğula, bildirərsən ki, mənim göstərişimlə soruşursan.

İnsan detron özlərinə xas salamlamayla əmri təsdiq etdi və mehmanxanaya yönəldi. Neyla isə gözünü varlıqlardan ayıraraq yoluna davam etdi.

Şəhərin küçələri iqamətgaha tərəf daha da genişlənir, ətraf evlər daha da gözəlləşirdi. Sanki şəhərin inşasına mərkəzdən, başçının iqamətgahından başlanıb və getdikcə ətraflara doğru daha həvəssiz inşa edilmişdi. Halbuki, Bartun şəhərinin əsası cənub qapılarının və bir neçə qüllənin inşası ilə başlamışdı. Daş evlərin birini də keçdikdən sonra Neyla artıq başçının evini görəcəkdi. Lakin bu hündür binaların arxasında detron evi və iqamətgah tərəfdən təşviş səs-küyü eşidilirdi. Neyla addımlarını daha cəld ataraq, demək olar, narahatlıqla özünü küçənin başına çatdırdı. Gördüyü mənzərə və xaos onu bir az çaşdırdı. İqamətgahın qarşısında iyirmiyə yaxın detron evinin çıxışında və küçələrdə bir o qədər də detron döyüşçüləri nəyisə müzakirə edirdilər. Neylanın onlara necə yaxınlaşdığını belə hiss eləmədilər. Cənub döyüşçüsü onlara çataraq ucadan qışqırdı:

– Nə baş verir burda?!

Bütün döyüşçülər eyni anda çaşqınlıqla geri dönsə də, Neylanı gördükdə hamısı, demək olar, eyni anda detron salamı verdi. Salamlama əsnasında əllərini önlərində çarpaz tutarkən çıxan səs ağır gurultu səsi çıxardaraq bütün Bartuna dərin səssizlik çökdürdü. Bütün döyüşçülər geri çəkilərək Neylanın iqamətgaha keçməsi üçün koridor yaradanda aralarından daha təcrübəli kabil detron irəli çıxaraq izahat verməyə çalışdı.

– Bizi bağışlayın, hər kəs təlaşlıdır. Yaxşısı budur, siz içəri keçin, başçı sizə vəziyyəti izah eləsin.

Neyla heç nə demədən içəri keçmək üçün addımlayanda daş divarlar arasındakı taxta çərçivəli pəncərədə ona baxan başçı Hetranı gördü. Hetra cənuba yürüşlərdə iştirak etsə də, ona cənub döyüşçüsü titulu verilməmişdi. Çünki o, bu yürüşlərdə sadəcə təbib kimi iştirak etmiş, yaralıların şəfası və şəhərə daşınması ilə mükəlləf olmuşdu. Amma buna baxmayaraq, o, əzəldən şəhərin idarə heyyətində yer aldığı üçün ondan təcrübəli başçı tapmaq olmazdı. Bartunun əsl keşikçisi qoca Hetra idi. Ötən fəsillər onun üzündə qırışlar yaratsa da, belini bükməmiş, əksinə, şəhəri üçün daha da əzmkar olmağı öyrətmişdi. Saçına ağ düşmüşdü, lakin hər kəs ümid edirdi ki, hələ uzun illər Bartunun yıxılmaz dirəyi olaraq qalacaq Hetra. Neyla da ona rəğbət bəsləyirdi. Atasının ölümünü görmüş bu yaşlı başçı həmişə Neylanın qayğısına qalmış, ona atasızlıq hissini az da olsa, unutdurmuşdu. Amma bugün nə isə düz getmirdi Hetra üçün, onun gözlərində narahatlıq hiss olunurdu. Neyla bunu ona yuxarıdan baxan Hetranın üzündəki ciddilikdən başa düşürdü. Cənub döyüşçüsü artıq bir neçə saniyə sonra onun yanında idi.

– Salam, Hetra. Nə baş verir? Aşağıdakı həngamə cənub qapılarından eşidilir.

– Keç, əyləş, qızım. – Hetra əli ilə öz oturacağının qarşısındakı dəri oturacağı göstərdi.

– Səni bu qədər narahat görməmişdim uzun müddətdir.

– Bu gün çapar gəldi Barkovadan, Yüksək icmadan xəbər gətirdi.

Neyla cavab vermədən sadəcə dəri oturacaqda əyləşdi və diqqətlə dinləməyə davam elədi. Hetra isə köksünü ötürərək davam etdi:

– Dirmanın şimalında, Qara dağlara aparan yolda ovçu kəndi yerləşir. Adı Vayzodur. Qara dağlardakı Barkovanın kəşfiyyat dəstələrindən biri bildirib ki, ora hücum hazırlanır.

– Necə yəni hücum?

– Məsələ elə burasındadır…

– Yoxsa qərbdə yenidən quldur dəstələri peyda olub?

– Xeyr, Neyla, bu dəfə məsələ daha ciddidir.

Hetra sanki bir yerdə dayana bilmirdi. Otağın bir küncünə keçir aramla danışır, yenidən digər küncünə qayıdaraq narahatlıq keçirirdi. Əllərini ağ düşmüş saçına apararaq davam etdi:

– Kəşfiyyatçı dəstələr tam əmin deyil, amma bildirirlər ki, Vayzoya tərəf gedən qrados dəstəsidir…

Neyla bunu eşidəndə ayağa qalxdı. Az qalsın yaşlı Hetranın qocalığına görə çaparı düzgün başa düşməməklə hədələyəcəkdi:

– Necə yəni? Bu nə nağıldır danışırlar onlar? Qradosların nəsli tamamilə kəsilib! Onları heç son cənub yürüşlərində belə görməyiblər! Ya sənə çapar nəyisə səhv çatdırıb, ya da…

– Ya da nə? Mən nə danışdığımı bilmirəm?

– Xeyr, Hetra, mən belə demək istəmirdim…

– Mən səni başa düşürəm. Amma bunlar gerçək ola bilər. İki fəsil əvvəl Barkovanın şimalında, Qara dağların ətəyində Livas adlı kiçik bir kəndə hücum olmuşdu. Kəndin əhalisi yaxınlıqdakı göldən balıqçılıq edərək yaşadığı üçün kənddə nə ovçu, nə də döyüşçü yaşayırdı. Onları sadəcə Qara dağların ətəyindəki meşəyə aparan yolda, kənddən bir neçə vilron aralı detron qülləsi qoruyurdu. Şimal soyuq olduğu üçün üç, bəzən də dört detron gözətçilik edirdi əraziyə. İki qış əvvəl gecə kəndə basqın olmuş, sübh tezdən dört kəndlinin parçalanmış ölü bədənləri tapılmışdı daxmalarında. Hər kəs bunu şimalın yırtıcı varlıqları tərəfindən hücum olaraq qəbul etdi. Lakin Yüksək icma bununla razı deyildi…

Hetra artıq yorulmuş kimi Neylanın önündəki oturacağa əyləşərək əli ilə digər oturacağı göstərərək gənc döyüşçüdən də oturmasını xahiş etdi. Neyla oturduqdan sonra davam etdi:

– Bu hadisə hər kəs üçün vəhşi hücumu olaraq tarixə keçdi. Bütün kənd əhalisi də bununla razılaşdı. Lakin ən dəhşətlisi bu deyildi. Livasın şimalındakı qüllədəki detronlar həmən gecə yoxa çıxdılar.

Neylanın üzündəki ifadə dəyişmişdi artıq. O, sanki artıq nələrin baş verdiyini bilirmiş kimi başını astaca sağa-sola yelləyərək dedi:

– Həmən gecə neçə detron qüllədə idi?

– Dört…

– Deməli, dört detron bir gecədə yoxa çıxıb? Şimala göndərilən detronların daha təcrübəli olduqlarını nəzərə alsaq, belə çıxır ki, onlara hər hansı vəhşi heyvan və ya bir neçə varlıq qalib gələ bilməzdi.

– Elədir ki, var. Buna görə Yüksək icmanın qərarı ilə yeni detron və qərb ovçularından dəstə yaradıldı. Hamısı təcrübəli və ağır döyüşlərdə iştirak etmiş dəstə üzvlərinin arasında hətta Barkovadan cənub döyüşçüsü də yer alırdı. Lakin onların kimlikləri hər kəsdən gizlədilirdi. Bunun səbəbi qarşılaşacaqları müsibətlərin gizli qalması və əhalini təşvişə salmaması üçün əlavə sualların yaranmaması idi.

– Sonra? – Neyla səbirsizliklə soruşdu.

– Dəstə şimala irəlilədi. Qara dağlara üç gecəlik səyahət oldu və geri döndülər. Amma o qaranlıq və günəş üzü görməyən qarlı dağlarda nə tapdıqlarını Yüksək icma gizli saxladı. Lakin nə tapmışdılarsa, çox əhəmiyyətli olduğunu hər kəs bilirdi.

– Hetra, sən indi demək istəyirsən ki, o dəstə həmən fəsil qradoslarla qarşılaşıb, ya necə?

– Bilmirəm, əmin deyiləm. Amma bu gün gələn xəbər məni heç təəccüblədirmədi.

– Bəs Yüksək icma sadəcə bunu xəbər vermək üçün çapar göndərib Bartuna?

– Yox, onlar Bartundakı ordunu hazır vəziyyətə gətirməyimi və şimal-qərbə dəstə göndərməyimi əmr edirlər.

Neyla yenidən oturduğu yerdən qalxaraq şəhər başçısına detron salamı verərək dedi:

– İcazənlə, mən könüllüyəm, Hetra.

– Mən bunu deyəcəyini bildiyim üçün artıq dəstə üzvlərini də seçmişəm. İqamətgahın qabağındakı detronlardan otuzunu özünlə apar. Tövsiyyə edirəm ki, daha təcrübəli olanları seçəsən, nə ilə qarşılaşacağımızı bilmirik. Sənin vəzifən sadəcə Vayzoya çatmaq, yerli ovçularla birləşib kəndlilər Dirmaya çəkilənə qədər onları hər hansı hücumdan müdafiə etməkdir. Deyilənlər doğrudursa, ovçular qrados gördükdə qorxub qaça bilərlər. Mən xaos yaranmasını istəmirəm.

Qoca başçı əlini geyindiyi qara libasın içəri tərəfinə apararaq ciblikdən tünd qırmızı dəmir üzük çıxartdı. Üzüyü Neylaya uzadaraq dedi:

– Bunu götür, üzərindəki möhür bütün Arçibaldda sənə sərhədsiz etimadnamə verəcək. Yüksək icmaya xidmət edirsən artıq, Neyla, sənə uğurlar, qızım. Ehtiyatlı ol.

Sözünü bitirdikdən sonra Hetra cənub döyüşçüsünə detron salamı verdi. Eyni cavabı gənc döyüşçüdən aldıqdan sonra üzünü yenə taxta çərçivəli pəncərəyə tutaraq səssiz Bartunu seyr etməyə davam etdi. Neyla otaqdan çıxıb küçəyə çıxan qapının ağzına endi. Onu görən detronlar öz aralarındakı söhbətlərini dayandıraraq cənub döyüşçüsünə tərəf çevrildilər. Neyla əlində saxladığı möhürlü üzüyü sağ işarə barmağına taxaraq əlini belindəki xəncərin üzərinə qoydu. Bir neçə addım qabağa gəlib bütün detronların onu aydın görəcəyi mövqedə dayanaraq dedi:

– Qorxusuz detronlar! Arçibaldın bu gün bizə ehtiyacı var! Hazırsınızmı?

Bütün döyüşçülər əllərini sanki uzun fəsillərdir bunu gözləyirmiş kimi bədənlərinin önündə çarpazlaşdırıb eyni anda üç dəfə var gücləri ilə “Arçibald!” qışqıraraq detron salamı verdilər.

Bartun şəhəri Arçibaldın cənub-şərqində yerləşir. Bu şəhər uzun fəsillər əvvəl kiçik kənd olaraq salınmışdı. Daha sonra bura detronların əsas düşərgəsinə çevrildi. Cənubdan gələn hücumların qarşısını almaq üçün ən əlverişli məntəqə sayılırdı.

Arilərin gəlməsi ilə artan hücumlardan sonra Bartun şəhər adlanmağa başladı və ətrafı daş divarlarla hasarlandı. Arçibaldın bütün cənub sərhədləri bu şəhərdən qorunurdu. Bartunun daimi başçısı yox idi. Detronlara başçısılıq edən şəxs, həm də şəhərin başçısı sayılırdı.

Ölümlə tanışlıq

Səhər ətrafı az da olsa, aydınladırdı, lakin meşənin hündür ağacları Semiqonun qaçdığı yola yenə qara kölgə salmağa davam edirdi. O, nəfəsinin ağırlaşdığını hiss eləsə də, dayana bilməzdi. Hamzar yaralı vəziyyətdə meşənin Kripso dənizi ilə sərhədində onu gözləyirdi. Bəxti gətirmişdi, Hamzar huşunu itirməmiş, yarasının üzərini sıxmış və qan axmasını az da olsa, ləngitmişdi. Əks halda hər şey üçün artıq gec ola bilərdi. Semiqon addımlarını daha da sürətli atmağa çalışsa da, artıq dayanmalı olduğunu hiss edirdi. Ciyərlərinə sancı girmişdi, səhərin şaxtası üzünü kəsir, aclıq isə həyəcana qarışaraq düzgün fikirləşməyə imkan vermirdi. Artıq Hamzarı sağ-salamat tapacağına ümidi azalarkən uzaqdan ağacların seyrəldiyini gördü. Bu, o deməkdir ki, artıq meşənin çıxışına yaxınlaşmışdı. Dayanıb ətrafına baxsa da, dostunu görə bilmirdi. Önə əyilərək əllərini dizlərinə apardı və tez-tez köksünü ötürərək nəfəsini tənzimləməyə çalışdı. Ətrafa göz gəzdirsə də, Hamzarı görə bilmirdi. Dikələrək və nəfəsini dərindən alaraq qışqırmağa başladı:

– Hamzar! … Hamzar!

Lakin cavab olaraq sadəcə səssizik eşidilirdi. Semiqon öz ətrafında dairəvi şəkildə addımlar ataraq hər tərəfə göz gəzdirərkən özündən bir neçə ağac aralıda, qarın üzərində qırmızı qan izləri gördü. Fikirləşmədən o tərəfə yönələrək izlərin yeddi-səkkiz addım uzandığı tərəfə irəlilədi. İzlər bitəndə isə yerdə hərəkətsiz dostunun bədənini gördü. Hamzar üzü qara tərəf uzanmışdı. Semiqon onun ehtiyatla sağ qolundan tutaraq bədənini yuxarı çevirməyə çalışarkən yaralı ovçu digər əlindəki xəncəri az qala dostunun qarnına soxacaqdı. Semiqon cəld hərəkətlə bədənini geri çəkərək dedi:

– Dayan, Hamzar, dayan, dostum, bu mənəm.

Hamzar üzünə bulaşmış qara görə gözünün birini aça bilmir, digərini isə açıb-yumaraq Semiqona baxırdı. Əlindəki xəncəri yerə ataraq boğuq səslə dedi:

– Semiqon, səni görəcəyimə ümid etmirdim. Mən yaralıyam, deyəsən, iki ovçu, sınaqdakı iki ovçu mən…

– Bilirəm, dostum, yorma özünü. Səni çıxaracam burdan. Ayağa qalxa bilərsən? Sadəcə qalxıb əllərini boynuma keçir.

– Kömək eləsən, qalxa bilərəm, yəqin ki.

Semiqon dostunun qollarından tutaraq qarın üzərində otuzdurdu və sonra yarasına baxdı. Sivri oxun ucu Hamzarın belindən, ürəyindən bir neçə barmaq yuxarıdan girmiş, ön hissədən də döş qəfəsini yarıb çıxmışdı. Vəziyyəti ağır olduğu üçün təbibsiz oxu çıxartmaq mümkün deyildi. Semiqon sadəcə ön hissədən çıxan sivri ucu ehtiyatla bədəndən çölə çıxan hissədən qırdı. O, bunu etdi ki, Hamzar onun boynundan yapışanda ox həm öz bədəninə batmasın, həm də yaralını incitməsin. Hamzar çox qan itirdiyi üçün ağrıya cavab verə bilmirdi. Sadəcə əllərini qabağa ataraq Semiqonun boynundan yapışdı. Semiqon dostunun əllərini önündə çarpazlaşdırdı və öz əliylə Hamzarın dirsəklərindən tutdu. Meşənin dərinliyinə irəliləməyə başladı.

Demək olar ki, gün ortası idi. Meşə səhərə nisbətən aydınlanmışdı və ətrafı artıq seçmək olurdu. Semiqon çiynindəki dostu ilə meşənin tən ortasına çatmışdı. Qarşısındakı dağın digər tərəfi Vayzo, arxasında isə yeddi və ya səkkiz vilron məsafədə Dirma şəhəri yerləşirdi. Dağa çıxsaydı, zirvədəki təcrübəli ovçuyla birlikdə Hamzarı kəndə daha tez çatdıra bilərdi, nəinki təklikdə Dirmaya getsəydi. Dağın ətəyindən gələn səs-küyə əsasən təyin edə bilirdi ki, artıq digər ovçular dağa dırmaşırlar. Deməli, artıq qərb maralı ovlanılmış və iştirakçılar kəndə qayıtmaqdaydılar. Hava küləksiz olduğu üçün Semiqon zirvəyə ən yaxın iki ovçunu seçə bilirdi. Ovçuların birinin çiynində qərb maralı sallanırdı. Maralın cansız bədəni ovçuya ağırlıq versə də, görünür, qalibiyyət hissi daha güclü olduğu üçün səngimədən zirvəyə yaxınlaşırdı. Yanındakı ovçu isə bir neçə addım aralıda axsayaraq qalxırdı. Semiqon bu iki ovçunun Hamzarı yaralayan xainlər olduğunu anlamışdı. Ovçu olmaq Semiqona görə müqqəddəs bir vəzifə sayılırdı, amma bu cür alçaqlıqla və xəyanət edərək ovçu olmaqdansa ölməyi üstün tuturdu. Dağın ətəyinə baxarkən içindəki kin və nifrət bir-birinə qarışan Semiqonu əlləri boşalan Hamzarın xırıltısı özünə gətirdi. Semiqon cəld aşağı əyilərək dostunu yanındakı ağaca söykədi. Gözləri yumulu olan Hamzarın dizinə kimi axan qırmızı qan bütün libasını tünd rəngə bürümüşdü. Semiqon da onun yanında əyləşərək çarəsizcə dostuna dedi:

– Sənin təmbəl olduğunu bilirdim, amma bu qədər də yox..

Hamzar sanki bu zarafatı eşitdikdə yuxudan ayıldı:

– Deməli, məni daşımaq səni bu qədər taqətdən saldı? Mən elə bilirdim sən kəndimizin ən qüvvətli ovçususan…

– Demək, yatmırsan. Məni bütün yolu darıxmağa məcbur eləməkdə məqsədin nə idi?

– Mənə bilirsən nə maraqlıdır, Semiqon?

– Nə?

– Yadında, söz vermişdin ki, bu yarışda məğlub olsan, zirvəyə çıxanda daşıdığımız qayaları diri-diri udacaqsan?

– Mən məğlub olduğum təqdirdə bunu edəcəyimə söz vermişdim, amma indi, gördüyün kimi ikimiz də məğlub olmuşuq.

Hamzar bir az doğrulub özünü arxaya itələyərək başını ağaca söykədi və davam etdi:

– Semiqon, belə olmağını istəməzdim. Sən mənim dalımca gəlməməliydin, axırım, onsuz da, parlaq deyil. Artıq gözüm qaralır, onsuz da. Deyəsən, bu sondur.

Semiqon tez ayağa qalxaraq:

– Boş-boş danışma, hazırlaş, gedirik.

Semiqon yaxınlaşıb dostunu qaldırmaq istədikdə Hamzar onu əli ilə geri itələdi və öskürməyə başladı. Ağ rəngə boyanmış dodağının qırağından bir neçə qan damcısı ayaqlarının arasındakı qarın üzərinə düşdü. Belini ağaca dirəyib başını göyə tutaraq dedi Hamzar:

– Əziz dostum, mən, bilirsən ki, sağollaşmağı sevmirəm, çabalamağı, ümumiyyətlə, sevmirəm. Ona görə yorma məni, sən əlindən gələni elədin. Mən bu gün məğlub olmadım, sənin arxamca gəlməyin mənim əsl qərbli kimi bir ömür yaşadığımın sübutudur. Çox sağol hər şeyə görə, Semiqon…

Semiqon ayağa qalxıb arxasını Hamzara dönərək bir neçə addım geridə dayandı. Üzündəki qəmginliyi dostunun görməsini istəmirdi. Köksünü ötürərək geriyə dönmədən dedi gənc ovçu:

– Hamzar, mən əminəm ki, sən də mənim üçün bunları edərdin. Mən sənsiz qayıda bilmərəm kəndə. Yadında, dəmirçi daxmasının yanındakı balıqçının qızı? Uşaqlıqdan bəri o qızın arxasınca düşürdün, amma sənə tərəf baxmırdı da. Qışın əvvəlində Luziylə oynayanda qızların söhbətini eşitdim. Səndən və o qızdan danışırdılar. Görünür, o da qəlbini sənə verib. Ona görə qalx və gedək.

Semiqon bunu deyib geriyə, dostuna tərəf döndü. Lakin artıq Hamzar başını çiyninə əymiş və gözünü əbədi yummuşdu. Gənc ovçu dostuna yaxınlaşıb yanında oturdu. Dizlərini qabağında qatlayıb əllərini dizinin üstünə atdı. Gün artıq axşama doğru gedirdi. Semiqonun içində dərin hüzn yaranmışdı bugün. Heç vaxt ağlamamışdı bu yaşına kimi. Çünki atası, yaşlı Permon anası vəfat edəndə Semiqona anasının son sözlərinin “oğlumuza de ki, heç vaxt ağlamasın” olduğunu demişdi. Fəsillər ötdükcə bunun balaca bir uşağa deyilən yalan olduğunu anlamışdı Semiqon, amma bu ona anasından son vəsiyyət kimi yadında qaldığı üçün heç vaxt ağlamamışdı. Lakin bu günü istisna edə bilərdimi deyə fikirləşirdi. Hamzar kimi dostu itirmək ona çox ağır gəlirdi. Mərd bir ovçu olacaqdı dostu, birlikdə şimala ova gedəcəkdilər. Uşaqlıqdan bəri Qara dağların fərqli varlıqlarını xəyal edib onlara necə qalib gələcəkləri barədə danışardılar. Artıq bu xəyalları yanında cansız bədənin sahibi ilə birlikdə basdıracaqdı.

Qərb adətlərinə görə, ovçu əgər döyüşdə ölürsə, elə həlak olduğu yerdəcə dəfn olunmalı idi. Hamzar həm döyüşdə ölməmişdi, həm də ovçu adını qazana bilməmişdi. Amma Hamzarı əsl qərbli ovçu kimi basdıracaqdı Semiqon. Gün batmamış ayağa qalxdı və meşədə gəzərək nazik, düz qaya parçası tapdı. Qayanı başqa qayaya çırparaq hər iki tərəfdən itilədi. Daha sonra qışın soyuğundan zəifləmiş budaqlardan qalın bir parça qıraraq itilədiyi qayanı ona bərkitdi. Belindəki yayı çıxardaraq onun möhkəm bağlarını sökdü. Qayanı budağa bərkitdi yayın bağları ilə. Hamzarın cansız bədənindən on addım aralıda torpağın üzərindəki qarı təmizlədikdən sonra dərin çuxur qazmağa başladı.

Artıq gecənin qaranlığı ətrafı əhatə etmişdi. Semiqon işini bitirmişdi, lakin köhnə dostu ilə sağollaşmaq istəmirdi. Sonuncu dəfə Hamzarın cansız bədəninə baxdı və onu qucaqlayaraq qazdığı çuxura saldı. Üzərini yenidən örtməyə başladı. Köhnə dostunu tam basdırdıqdan sonra Hamzarın xəncərini kom torpağın üzərinə qoydu. Ayağa qalxdı və Vayzoyla arasındakı dağın zirvəsinə baxdı. Çiskin duman yenə zirvəni görməyə imkan vermirdi. Uzun müddətdir dağın bu tərəfindəydi Semiqon və yəqin ki, digər iştirakçılar artıq kəndə gün batımına kimi çatmışdılar. Hamzarı öldürənlər isə müxtəlif yalanlarla Semiqonu gözləyir, hər cürə fırıldaq fikirləşmişdilər. Semiqonun atası yaşlı Permon isə, yəqin, narahatlığından artıq dağa tərəf gəlməyə başlamışdı. Hələ balaca Luzinin Semiqonu necə səbirsizliklə gözlədiyini isə təsəvvür belə etmək olmurdu. Bu fikirlərin arasında gənc ovçuya dərin, amma bir o qədər də ağır hisslər çökürdü. Bunun nə olduğunu bilmirdi Semiqon. Kin, nifrət, qisas hissi – hamısı bir-birilə yarışırdı indi. O, sanki özünə yad olan bir dünyada özünə yad olan bir şəxs idi. O, bu gecə, bu qaranlıq meşədə fəsillər öncə, anasını itirəndə keçirtdiyi hisslərə yaxın bir hiss keçirdirdi. Amma bu gün daha hiddətli idi Semiqon, çünki artıq uşaq deyildi və hər şeyə müdaxilə edə bilərdi. O isə hansısa ağacın üzərində gizlənib qərb maralını gözləyirdi. Ölümlə tanış oldu bu gün Semiqon. Uduzmuşdu bu gün, uduzmaqla yanaşı dostunu itirmişdi bu oyunda. Amma dayana bilməzdi, sınaq onun üçün indi başlayırdı. Özünü ələ alıb yeyin addımlarla dağa tərəf getməyə başladı.

Ayın işığı dağın ətəyini parladırdı. Qarın üzərinə düşən şüalar əks səda verərək adamın gözünə zər dənələri kimi gəlirdi. Semiqon yorğun olmağına baxmayaraq, içindəki hisslərin qarmaşığında zirvəyə çıxırdı. Bu dəfə geri dönüb Dirma şəhərinə baxmadı belə. Çünki qəlbində gözəl mənzərələrə yer yox idi. Bir neçə addımdan sonra artıq əli düz torpağa dəydi. İki əliylə bədənini dağın zirvəsindəki düzənliyə qaldırdı. Duman yox idi, amma qəribə olan budur ki, onu gözləyən təcrübəli ovçu da gözə dəymirdi. Ətrafa boylandı və bir az irəlidə maralın cəsədini gördü. Bu qədər qəribəlik xeyrə əlamət deyildi. Sınaqdan iki nəfər hələ meşədə ola-ola zirvədəki ovçu kəndə qayıda bilməzdi. Lakin, tutaq ki, ovçu qayıtdı, qərb maralını bura qaldıran iştirakçılar niyə qənimətlərini burda qoyub getmişdilər? Semiqon fikirləşmədən dağın kəndə baxan hissəsinə yaxınlaşdı. Gördükləri bu gənc ovçuya hələ Arçibaldın qəddarlığının qabaqda olduğunu göstərirdi. Vayzo kəndi od içində idi. Daxmaların bəzilərindən od qalxır, bəziləri isə artıq sönmüş yanğının tüstülərini buraxırdı havaya. Semiqon havadakı qan qoxusunu duyurdu. O, bu gün ölümlə tanış olmuşdu və yenə onun varlığını hiss edirdi.

Zirvədən aşağı o qədər cəld düşməyə başladı ki, az qalsın əlini qayalardan ayırıb aşağı uçacaqdı. Həyəcan və qorxunun insanın bütün mümkün fiziki cəhətlərini ortaya çıxartdığının sübutu idi bu. Artıq dağın dibində idi Semiqon. Ayağı düz yerə dəyən kimi qaçmağa başladı kəndə sarı. Gənc bir neçə vilron məsafəni bir göz qırpımında qət etdi. Kəndin Dirmaya aparan yolun girişində yavaşladı. Addımları səngiyərək onu sanki geri qaytarmağa çalışırdı. Kəndin girəcəyindəki bir neçə daxma tam alov içində yanırdı. Taxta daxmaların alovun təsiriylə çıxardığı şaqqıltı səsini Semiqon iliklərinə kimi hiss edirdi. Bu, yuxu ola bilməzdi. Əsas küçəyə girən kimi daha bərk addımlamağa başladı. Hər tərəfdə parça-parça olmuş kənd camaatı yatırdı. Cəsədləri sanki içəridən yarıb daxili orqanlarını hər tərəfə səpələmişdilər. Balacadan-böyüyə, cavandan-yaşlıya, qadın və ya kişi fərq qoyulmadan öldürülmüşdü hər kəs. Meydana bir neçə addım qalmış yerdə başı bədənindən ayrılmış daha bir cəsəd uzanmışdı. Semiqon cəsədin kimə aid olduğunu bilirdi. Bu, Hamzarın qatili olan ovçulardan biriydi. Amma kin və qisas artıq öz yerini qorxuya tapşırmışdı. Özü üçün qorxmurdu Semiqon, görəcəkləri üçün qorxurdu. Daha bir neçə addımdan sonra şəhər meydanına daxil oldu. Qətliam törədilmişdi. Ən mərkəzdə parçalanmış atlar uzanmışdı, sanki hamısı sıra ilə düzülüb doğranmışdı. Bir az öndə isə yaşlı Miron və səkkizə yaxın ovçu cəsədi səpələnmişdi. Görünür, bunu edənlərə müqavimət göstərməyə çalışırdılar, amma küçələrdə əhalidən başqa hər hansı başqa varlığın cəsədi yox idi. Bu qədər insan nəyin qarşısında belə aciz qala bilərdi axı?


Страницы книги >> Предыдущая | 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации