Текст книги "İrqlərin hökmranlığı və Arçibald sərhədləri"
Автор книги: Tural İsmayılzadə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 14 страниц) [доступный отрывок для чтения: 5 страниц]
– Döyüşçün üçün heyifslənirəm, amma heç nə edə bilməzdik.
Neyla çarəsizliyin nə demək olduğunu unutmuşdu. O, bəlkə, indi qarşısında dayanan və hər şeyini itirən ovçunu başa düşə bilərdi. Semiqon davam elədi:
– Deyəsən, bu eybəcər də burda gecələmək fikrindədir.
Neyla itirdiyi detronunun əsəbi ilə cavab verdi:
– Bu vəhşi şəhərin ilk şəfəqlərinə kimi nəfəs almayacaq!
Semiqon bu cavabın qəti olduğunu anladı. Bundan əlavə yollarına davam etmək üçün hər bir halda bu təkgözü öldürmək lazım idi:
– Neyla, qulaq as, bir fikrim var. Amma tək bacara bilmərəm.
– Nə fikri?
– Əgər təkgöz bizim ikimizi birdən görsə, döyüşmək üçün çox şansımız qalmayacaq. Amma mən onun qarşısına çıxsam və fikrini yayındırsam, sən həlledici zərbə endirə bilərsən.
Neyla həmsöhbətinə maraqlı-maraqlı qulaq asdıqdan sonra eyni pıçıltı ilə soruşdu:
– Bəs mən o zərbəni necə endirəcəm?
– Təkgözlərin dəriləri qalın olur, onu yaralasaq belə, ən yaxşı halda döyüş ya səhərə kimi davam edəcək, ya da bu yekəpər bizi sadəcə tapdalıyıb öldürəcək.
Semiqon başını qayadan bir az yuxarı qaldırıb əli ilə hündür bir ağac göstərərək dedi:
– Amma mən bu yekəpərin başını qatarkən sən o ağacın budağına dırmaşa bilsən, mən onu sənin tərəfə gətirə bilərəm. Sən onda artıq bu yekəpərin ən zəif nöqtəsinə zərbə endirə bilərsən.
Neyla təəccüblə dedi:
– Ən zəif nöqtəsi deyəndə sən nəyi nəzərdə tutursan?
– Gözünü. Bədənində tək zərbə ilə deşə biləcəyin yer oradı.
Neyla şübhəli baxışlarla soruşdu:
– Sən bunları hardan bilirsən? Bildiyim qədər bu canlıların nəsli uzun fəsillər əvvəl kəsilmişdi.
– Bütün şimal ovçuları Qara dağlardakı yaşayan və nə vaxtsa yaşamış varlıqlar barədə bilir, – cavab verdi Semiqon. Gənc qız kinayəli şəkildə:
– Aydındır, onda mən sənə mane olmayım, çıx və fikrini yayındır yekəpərin.
Semiqon deyinərək ayağa qalxdı. Astaca qayanın arxasından çıxdı və biraz önə gələrək kəmərindən qılıncını çıxardı. Bir az fikirləşdikdən sonra çönüb Neylaya baxdı. Gənc qız maraqla ovçuya baxırdı. Sanki hər hansısa səhnəciyin başlanmasını gözləyirdi. Semiqon özünü toplayaraq var gücü ilə qışqırmağa başladı. “Hey, kütbeyin!” deyə qışqırdı. Təkgöz səs gələn kimi eşələndiyi yerdən durub gənc ovçuya baxmağa başladı. Sanki ona bu kiçik insanın tullanıb-düşməyi, ucadan qışqırmağı gülməli gəlirdi. Amma yerindəcə duraraq baxırdı vəhşi. Başqa hər hansı reaksiya vermirdi. Semiqon vəziyyəti ələ almaq üçün yerdən kiçik daş parçası götürdü. Nişan alıb təkgözə tərəf atdı. Ovçu sadəcə onu qıcıqlandırmaq istəyirdi, lakin daş vəhşinin düz gözünə dəydi. Təkgöz gözünü əli ilə ovuşdurduqdan sonra əllərini aşağı salanda üzündəki kiçik uşaq simasının yerini yenə amansız qatil almışdı. Nəriltisindən bu hərəkətə nə qədər hirsləndiyini hiss etmək olurdu. Semiqon dilinin altında “nahaq bunu elədim” dedi. Yekəgöz ondan cəmi bir neçə addımlıq məsafədə idi. Buna görə Semiqon ondan gələn hər həmləyə cəld cavab verməli, ən əsas da onu bir az Neyladan uzaqlaşdırıb ona vaxt qazandırmalıydı. Yerindən götürülən vəhşinin ikinci addımı Semiqonu əzmək üçün oldu. Lakin ovçu dığırlanaraq yana çəkildi və geri addımlamağa başladı. On addıma yaxın çəkildikdən sonra yenə yekəpəri səslədi. Bu dəfə vəhşi daha cəld və uzun addımlar atdı ki, şikarına tez çatsın. Yenə eyni həmləylə Semiqonu əzmək istəyəndə ovçu arxaya tullandı və vəhşinin ayaq barmaqlarına qılınc zərbələri endirdi. Eyni anda ucadan “Neyla, indi!” deyə qışqırdı. Qayanın arxasında ovçunun məharətlərini izləyən qız yerindən götürüldü. Dırmaşmalı olduğu ağac ondan cəmi iyirmi addım irəlidə idi. Ora çatmağı çox vaxt almasa da, ağaca çıxmaq onu ləngidəcəkdi. Bunu Semiqon başa düşürdü, buna görə çalışırdı vaxt qazansın. Ayağından zərbələr alan vəhşi ağır yaralanmasa da, artıq dəliyə dönmüşdü. Semiqon ondan bir neçə addım qabaqda idi. Hər iki əlini göyə qaldırdı təkgöz. Başının üzərində bir yumruq olaraq birləşdirdi və Semiqona tərəf yerə çırpdı. Vəhşinin bu hərəkəti ani olduğu üçün, ovçunun çox fikirləşməyə vaxtı qalmadı və istəmədən Neyla olan tərəfə tullandı. Ardınca o tərəfə dönən təkgöz Semiqonun arxasında, qırx-əlli addımlıq məsafədə ağaca yarımçıq dırmaşmış Neylanı gördü. Sanki rəqibini dəyişərək ağaca çıxmağa çalışan qızın daha təhlükəli olduğunu anladı. Ayaqlarını bir az geri çəkərək yerindən yaydan çıxan ox kimi şütüdü. Semiqon qarşısında dura bilmədi və az qala ayağının altında əziləcəkdi. Son anda özünü yana ata bildi. Neyla geri dönməyə macal tapmamış vəhşinin iri bədəni ağaca çırpıldı. Neyla bir addım alçaqda olsa, zərbənin təsirindən ağac kimi dümdüz olmuşdu, bəlkə də. Buna baxmayaraq, zərbənin təsirindən tən ortadan qopan ağac Neyla qarışıq on addım uzağa uçdu. Semiqon özünü atdığı qarın içindən durub sadəcə “Neyla!” deyə qışqıra bildi. Qopan ağacın qalıqları guppultu ilə Neyla qarışıq yerə çırpıldı. Semiqonun ürəyi yerindən çıxacaqdı, az qalsın, Neylaya tərəf qaçmaq istədi. Amma işini yarımçıq qoya bilməzdi. Təkgöz özündən asılı olmayaraq çırpıldığı zərbədən gicəllənmiş, dizlərini və əllərini yerə atmışdı. Ayağa qalxmağa çalışanda Semiqon son taqətini toplayaraq arxası ona olan yekəpərə cumdu. Bu onun son cəhdi ola bilərdi. Ya Neylayla birgə burda öləcək, ya da bu vəhşini öldürəcəkdi. Qaçaraq bir göz qırpımında təkgözün arxasına çatdı. Ayağını yerə sıxaraq var gücü ilə tullanıb yerə əyilmiş yekəpərin boynuna qılıncı soxdu. Ağrı hiss edən təkgöz Semiqon qarışıq ayağa qalxdı. Əlləri ilə boyun nahiyəsinə zərbələr endirib düşmənini yerə salmaq istəyirdi. Lakin Semiqon yekəpərə batırdığı qılıncdan tutunaraq vəhşinin boynunun arxasına tullandı və silahını qalın dəridən çıxardıb təkgözün sol qulağını dibindən doğradı. Qan fışqıran qulağına əlini aparan təkgözün nəriltisi bütün Arçibalda yayıldı. Lakin bununla da kifayətlənməyən ovçu rəqibini məğlub etmək üçün onun sağ çiyninə tullanıb bir əliylə yekəpərin başını tutub yıxılmamaq üçün dəstək aldı. Digər əli ilə isə qalan bütün qüvvəsini toplayaraq vəhşinin ən zəif nöqtəsinə, gözünə qılıncını sapına kimi saldı. Bu zərbədən sonra sanki təkgöz dondu, əllərini qulağından çəkib yanına saldı. Boğuq nərilti səsi çıxardaraq üzü üstə Semiqon qarışıq yerə çırpıldı. Gənc ovçu yerə bir neçə addım qalmış özünü təkgözün çiynindən qarın dərin olduğu yerə tulladı. Semiqon cəld ayağa durdu. Zərbədən o da gicəllənmişdi, amma Neyla onu daha çox narahat etdiyi üçün cəld özünü toplayaraq qızın yanına qaçdı. Neyla yerdə gözüyumulu uzanmışdı. Semiqon ona çatan kimi yerə oturdu və gənc qızın sağ olub-olmadığını yoxladı. Zərbə nə qədər güclü olsa da, Neyla dözümlü idi və hələ də nəfəs alırdı.
* * *
Hər tərəf zülmət qaranlıq olmağına baxmayaraq, uzaqda ağ bir parıltı peyda oldu. Harda olduğunu və bura necə gəldiyini bilmirdi Neyla. Ətrafına baxdı, sadəcə ağ bir parıltı. Ona tərəf addımladı, amma hər addımında parıltı ondan daha da uzaqlaşırdı. Dayanıb əlini yerə apardı. Zülmətə toxunmaq istədi. Düşünürdü ki, qaranlığın bərkliyini yoxlasın. Amma sanki boşluqdan yapışmışdı. “Qalx”, deyə bir səs gəldi. Başını qaldıranda qarşısında üç ağ rəngli varlıq gördü. Yox, varlıqların rəngləri ağ deyildi. Daha diqqətlə baxdı və üzlərinə kimi örtülü, sadəcə gözləri görünən üç varlıq gördü. “Kimsiniz? Mən hardayam?” sualları cavabsız qaldı. Ani hərəklətlə ağ örtüklü varlıqlardan birinin üzərinə getmək istəsə də, ayaqları sözünə qulaq asmadı. Eyni anda, boğuq səs gəldi. Hər üç canlı əllərini yana doğru açaraq “Triumurfar Neyla Si Folian”, dedi.
Neyla nəfəsi kəsilərək yuxudan ayıldı. Bədənini önə atıb tez-tez nəfəs almağa başladı. Boğulurdu sanki. Ətrafına baxdı. Ondan bir addım aralıda ocaq qalanmışdı. Əli ilə üzərindəki isti, yun örtüyü sıxaraq yuxuda olub-olmadığını dəqiqləşdirdi. Elə bu an addım səsləri gəldi arxadan. Geri dönüb baxanda qucağında budaq koması ilə gələn Semiqonu gördü. Gənc ovçu Neylanın ayıldığını görüb əlindəki budaqları yerə ataraq qızın yanına gəldi:
– Neyla, necəsən? Özünü necə hiss edirsən?
Neyla əlini başına apararaq hər şeyi xatırlamağa çalışdı:
– Yaxşıyam. Amma heç nə xatırlamıram. Ən son xatırladığım o yekəpərin özünü mənə çırpmağı idi.
– Deməli, yaxşısan, çünki elə o zərbədən bəri artıq bir gündür yatırsan.
– Necə yəni? Bəs o təkgöz?
– Sən ağaca tam dırmaşmasan da, demək olar, hər şey fikirləşdiyimiz kimi oldu. Amma bu dəfə onun fikrini sən dağıtdın, mən sadəcə qalan işi gördüm.
Neyla gülümsədi və dərin nəfəs alaraq dedi:
– Hər şeyin yaxşı olduğuna şadam. Amma sənin fikrinlə bir də nəsə eləmək istəmirəm.
Semiqon gülərək:
– Yaxşı, gələn dəfə ağaca mən dırmaşaram, – dedi. Gənc ovçu ocaqda bişirdiyi ətdən bir qaba qoyaraq Neylaya uzatdı və qayğıkeşcəsinə dedi:
– Götür, ye bir az. Qüvvə toplamalısan.
Neyla qabı götürərək dedi:
– Kabus görməsəm, bəlkə, yenə də yatacaqdım.
– Nə kabusu?
– Bilmirəm, tam başa düşmədim. Amma Bartunda üç varlıq görmüşdüm mehmanxanada. Deyəsən, onlar yuxuma girmişdi.
– Bartunda? Kim olduqlarını bilmirdin?
– Yox. Kimliklərini öyrənmək üçün detron göndərmişdim. Amma həmən gün Vayzoya gəlməliydim deyə, tam aydınlaşdıra bilmədim.
– Başa düşdüm. İstəsən, yemək yeyib bir az da yat, istirahət elə.
– Yox, Semiqon, mənə görə onsuz da çox ləngidik. Bir az dincəlim yolumuza davam edək.
Neylaya Semiqonun qayğısı xoş olmuşdu. Amma o, şimala ovçu ilə gəzişməyə gəlməmişdi. Ona görə tez ayağa qalxıb burda nələrin baş verdiyini anlamağa çalışırdı.
Səhərin ilk şəfəqləri ətrafı işıqlandırırdı. Qara dağların buludları səmanı bağlasa da, ara-sıra gün işığı görsənirdi. Hava gecəyə nisbətən daha soyuq və şaxtalı idi. Neyla və Semiqon artıq meşədən çıxmış, dağların ətəyi ilə irəliləyirdilər. Hər hansı cığır və ya yol yox idi. Bu ərazilərə sanki heç vaxt canlı ayağı dəyməmişdi. Ətraf qarla örtülü olduğu üçün hər hansı bitki örtüyü də gözə dəymirdi. Ola bilsin ki, ümumiyyətlə, hər hansı yaşıllıqdan söz gedə bilməzdi. Bəzən döyüşçülər qara addım atdıqda sərt qayaya da rast gəlirdilər. Qayalar qarın altında gizləndiyi üçün toxunmamış onların yerini bilmək olmurdu. Hava soyuq olmağına baxmayaraq, küləksiz və dumansız idi. Ətrafı iki yüz-üç yüz addım məsafədə aydın görmək olurdu. Neyla cənub döyüşçüsü idi. O, Arçibaldın ən təlimli döyüşçülərdindən biri sayılırdı. Lakin Qara dağlar cənub boşluğuna və digər ərazilərə bənzəmirdi. Burda Neylanın gördüyü təlimlər hər hansı əhəmiyyət kəsb etmirdi. O, cənubdakı varlıqların hamısına bələd idi. Amma şimal meşələrindəki ilk qarşılaşdığı canlı uzun fəsillər əvvəl nəsli kəsilmiş təkgöz oldu. Gənc qız bu varlığı nəinki birinci dəfədir görürdü və onun barəsində heç nə bilmirdi, hətta onun yaşadığından belə məlumatsız idi. Bu fikirlərin Neylanı incitməsinin əsas səbəbi isə hələ ovçu adı belə almamış gənc Semiqonun ondan daha fərasətli olması idi. Bu, Neylanın həm xoşuna gəlirdi, həm də heç nə edə bilmədiyi üçün qıcıqlandırırdı. Özünü Qara dağlara gələndən bəri Semiqonun yanında kiçik qızcığaz kimi hiss edirdi. Semiqon isə əksinə, bu səyahətə tək çıxmadığı üçün rahat idi. Düzdür, Neylanın təkgözlə görüşündən sonra bir az narahat olmuşdu. Amma gənc qızın möhkəmliyi onu fikrini dəyişməyə məcbur etmişdi. Semiqon üçün Neyla, doğrudan da, əsl cənub döyüşçüsü olduğunu sübut etmişdi.
Bu qarışıq fikirlərini bir-biri ilə bölüşməyən gənc döyüşçülər ağır addımlarla irəliləyirdi. Neyla ondan bir neçə addım irəlidə olan Semiqonu səsləyərək dedi:
– Hara getdiyimizi bilirsən?
Semiqon ayaq saxlayaraq əlini bir neçə zirvədən sonra görsənən dağa uzadaraq dedi:
– Qara dağların qəlbinə. Şimal ovçuları Qamvelin rəhbərliyində bu istiqamətə getməliydilər. Güman edirəm ki, hələ də ordadırlar. Çünki Vayzoya qayıtsaydılar, biz getdiyimiz yolla qayıtmalıydılar.
Neyla Semiqon göstərən dağa baxaraq dedi:
– Əgər dayanmasaq, qaranlıq düşmədən ora çata bilərik.
Semiqon başı ilə təsdiq edərək davam etdi yoluna.
Artıq gün ortasını keçmişdi. Hava səhərə nisbətən mülayimləşmiş, şaxta artıq daha az hiss olunurdu. Döyüşçülərin getməli olduqları dağla aralarında cəmi bir neçə təpə vardı. Neyla artıq Semiqondan on-on beş addım geridə qalmışdı. Gənc qız sıldırım təpənin ətəyində, Semiqon isə zirvədən bir az aşağıda idi. Neyla nəfəsini dərmək üçün yanındakı qayanın üzərində oturdu. Semiqon daha bir neçə addım qalxdıqdan sonra geriyə baxdı və taqətdən düşmüş Neylanı gördü. Aşağı enib qıza kömək istəyəndə anidən külək qalxdı. Semiqon bir neçə addım enmişdi ki, sanki hansısa qüvvənin təsiri ilə külək daha da şiddətləndi. Qalxan küləyin şiddəti hər göz qırpımında artmağa başlayırdı. Yerdəki və qayaların üzərindəki qar topaları canlanmağa başladı sanki. Qarı göyə qaldıran külək kiçik burulğanlar yaratmağa başladı. Semiqon artıq Neylanı gözdən itirirdi yaranan çovğunun arasında. O, artıq təpədən, demək olar, qaçaraq enirdi. Önündə ancaq bir addımlıq məsafəni seçə bilirdi. Amma bu, ona Neylanın yerini təyin etməyə mane olmadı. Daha bir neçə addımdan sonra artıq Semiqon gənc qızı sonuncu dəfə gördüyü qayanın yanında dayanmışdı. Ətrafına baxanda heç kimi görə bilmədi. Bu necə ola bilərdi, axı Neyla az öncə burdaydı. Bir neçə addım ətrafda fırlandıqdan sonra ucadan “Neyla!” deyə qışqırdı. Cavab ala bilmədikdə yenidən daha uca səslə qışqırmağa başladı. Semiqon cəhdlərinin uğursuz olduğunu anladı. Təpənin sıldırımına və Neylanı sonuncu gördüyü yerə uyğun olaraq istiqamətini təyin etdi. Düşünürdü ki, Neyla da onu axtardığı üçün təpəyə çıxacaq, Semiqonu orda tapmayınca dağa tərəf hərəkət edəcək. Buna görə təpəyə dırmaşdı. Ətraf yenə də qalxan çovğuna görə görsənmirdi. Artıq təpənin zirvəsində dayanan Semiqon hər tərəfi bürüyən qar burulğanlarının arasından sadəcə getməli olduqları dağın zirvəsini gördü. Zirvənin başını qara buludlar almışdı. Amma Semiqon bugünə kimi heç vaxt bu qədər qara bulud görməmişdi. Sanki daxilində zülməti və qaranlığı daşıyırdı həmən hava kütləsi. Göy guruldayırdı dağın ətrafında, amma şimşək parıltısı gözə dəymirdi. Semiqonun ağlına atasının sözləri gəldi. Yaşlı Permon həmişə oğluna bu ərazilərə yaxın durmamağını tövsiyyə edirdi. O, bilirdi ki, bu dağların öz qəzəbi və həmən qəzəbin də öz səsi var. Permonun özünün də qorxa-qorxa dilə gətirdiyi isə Qara dağların bir gün bu qəzəbi Arçibalda püskürməsi idi. Semiqon indi gözünün önündəki bu zirvənin və ətrafındakı dağların qəzəbini izləyirdi sanki. Çox fikirləşməyə vaxtı olmadığı üçün Qara dağların mərkəzinə, Neylanın gedə biləcəyi istiqamətə addımlamağa başladı. İçində qəribə bir hiss kök atmışdı. Zülmət sanki qəlbini qaraltmağa başlayırdı.
Çovğun ətrafı bürümüşdü. Önünü görə bilməyən Neyla Semiqon olan təpəyə qalxmış, lakin ovçunu orda tapa bilməmişdi. Gənc qız geri qayıda bilərdi, amma bunu eləmək yerinə, Semiqonla danışdıqları dağa irəliləməyi qərara aldı. O da ovçunun həmən istiqamətə gedəcəyini düşünmüşdü. Neyla qılıncını kəmərindən çıxardıb əlində saxlamışdı. Lakin Semiqonu səsləmək istəmirdi gənc qız. Bu çovğunun yaratdığı qardan divarın arxasında kimin və ya nəyin gizlənə biləcəyini yoxlamaq istəmirdi. Cənubun təcrübəsi Neylaya görmədiyi düşmənlə döyüşməyin məğlubiyyətə bərabər olduğunu öyrətmişdi. Çovğun davam edirdi və gənc qız irəlilədiyi yolda, külək vıyıltısının arasında mülayim səs eşitdi. Kimsə və ya nəsə onun adını çağırırdı. Neyla əvvəl bunun real olmadığını, şaxta və yorğunluğun verdiyi hallüsinasiya olduğunu düşündü. Amma səs getdikcə aydın eşidilməyə başladı. Kimsə Neylanı çağırırdı və gənc qız çağıran səsin sahibinin əks cinsdən olduğunu ayırd edə bilmişdi artıq. Onu çağıranın Semiqon ola biləcəyini yəqin edib səs gələn istiqamətə irəlilədi. Qısa addımlar atdığı üçün tam olaraq bilməsə də, təqribən, yarım vilronluq məsafə qət etmişdi Neyla. Getdiyi yolla gah qayalara dırmaşır, gah da qarlı yoxuşlarla sürüşərək aşağı enirdi. Daha bir neçə addımdan sonra Neyla sanki qardan divarı yarıb çölə çıxdı. Geri baxdı və çovğunun qıraqda qaldığını müşahidə etdi. Bunun necə olduğunu anlamadı. Ətrafına baxdıqda isə qarşısında zirvəsini qara buludlar almış dağı gördü. Bura Qara dağların mərkəzi idi. Dağın ortası sanki oyulmuş və yol salınmışdı. Həmən yola qədər isə Neylanın yanından daş pilləkənlər qalxırdı. Bu səs ordan, dağın qəlbindən gəlirdi. Kimsə gənc cənub döyüşçüsünü ora çağırırdı. Neyla ilk öncə səsin Semiqona aid olduğunu düşünsə də, hazırda onu çağıranın başqası olduğuna əmin idi. Gənc qız bilmirdi kim və ya nə səsləyir onu, amma səsin sahibini tanıdığını düşünürdü. Bu səs onu yaddaşının dərinliklərinə aparır, uşaqlığını xatırladırdı. Neyla irəliləyərək daş pilləkənin birinci pilləsinə addım atdı. Yaddaşı ona nə isə çatdırmağa çalışırdı sanki. Bu təhlükədi, ya güvən hissi, tam olaraq ayırd edə bilmirdi. Daha bir addım atdı özündən asılı olmayaraq, ardınca daha bir addım və artıq daş pilləkənləri tərəddüdsüz çıxmağa başladı. Neylanın artıq yadına nə Semiqon, nə də Qamvel və dəstəsi düşürdü. Sanki Qara dağların mərkəzinə başqa məqsədlə gəlmişdi.
Çox keçmədən gənc qız artıq pilləkənləri qalxmış və dağın qəlbinə irəliləmişdi. Dağın girişində daşdan qapılar açıq şəkildə onu qarşıladı. Öz-özünə bu qapıların necə açıldığını fikirləşdi. Çünki qapıların, demək olar ki, iyirmi addım hündürlüyü və bir addım qalınlığı var idi. Hansı canlı və ya qurğu bu qapıları aça bilərdi axı? Bu suallar Neylanı o qədər də narahat etmirdi. Çünki bu əzəmətli daş qapılar artıq açılmışdı və ətrafda kimsə yox idi. Gənc qız bir az da irəlilədikdən sonra ortasında dairəvi və parlaq daşdan bir masa olan otağa daxil oldu. Otağın divarları yuxarı doğru qalxır və dağın zirvəsinə birləşirdi. Ən hündür nöqtədən içəri, düz masanın ortasına işıq düşürdü. Görünür dağın qəlbində idi artıq Neyla. Gənc qız masaya doğru addımlayarkən otağın digər küncündən, qaranlıqdan onu çağıran səsin sahibini gördü. Qaranlıqda olduğu üçün tam görünməyən şəxs bir neçə addım işığa tərəf gəldikdə zülmətdən də qara libası və eyni rəngdə baş örtüyü göründü. Neylaya tanış, amma qorxunc bir səslə danışdı varlıq:
– Xoş gəldin, Neyla.
Kobud səs daş divarlarda əks-səda verərək boğuq uğultu yaratdı və dağın içi ilə yuxarı qalxaraq getdikcə kəsildi. Neyla səsin sahibinə baxaraq donub qaldı. Soyuq tər alnından üzünə axdı. Dağın qəlbinə gələrkən içinə dolan zülmət artıq bütün bədənini işğal eləmişdi. Kin, nifrət hiss edirdi Neyla. Əlindəki qılıncı elə sıxmışdı ki, ovcunun içi tərləmişdi. Dişlərini bir-birinə sıxıb az qala sındıracaqdı. Hələ bir kəlmə belə danışmamışdı qarşısındakı şəxslə, amma onun aurasına qapılmışdı. Əsəbi və qaranlıq bir səs tonu ilə dedi:
– Kimsən sən?
Qara libaslı şəxs geriyə, qaranlığa addım atdı və bir göz qırpımında otağın digər küncündə görsəndi. İrəli addım atıb qaranlıqdan çıxaraq simasını yenə göstərdikdən sonra yenə qorxunc səslə dedi:
– Sən məni tanıyırsan.
Neyla artıq özündən çıxırdı və əsəbini cilovlaya bilmədiyi üçün səsini ucaldaraq danışmağa başladı:
– Kimsən sən? Adımı hardan bilirsən?!
Qara libaslı şəxs yenə qaranlığa sığınaraq gözdən itdi. Yenidən işığa çıxdıqda artıq otaqdakı masanın başında peyda oldu. Bir neçə addım atıb masanın üzərindəki kitaba yaxınlaşaraq onu əlinə götürdü. Neyla içəri girəndən bəri masada kitabın dayandığına diqqət yetirməmişdi. Bəlkə, ümumiyyətlə, orda kitab yox idi o gələndə. Zülmət saçan qaranlıq şəxs kitaba baxaraq başını bir az yuxarı qaldırdı. Başındakı qara örtük ağzına kimi sifətini örtürdü. Sadəcə soyuq və ağ rəngli dodaqları görünürdü. Qorxunc səslə sanki gözlərini bağlayan örtüyün altından Neylaya baxaraq dedi:
– Mən, Folionam.
Bu ad divarlara dəyərək gənc qızın qulaqlarında çınlamağa başladı. Təkrar-təkrar eşitməyə başladı eyni adı beyninin içində. Şüurunun dərinliklərində qaranlıq bir vulkan oyanırdı sanki. Gözü ilə ətrafa baxdı gənc qız. Ona elə gəlirdi ki, divarlardan insan əlləri uzanır onun üstünə tərəf. Sifəti qara, bağıran sifətlər görməyə başladı divarlarda. Ani hərəkətlərlə geri çəkilir və qılınc ilə boşluğa zərbələr endirirdi. Kiminsə üzərinə qaçdığını və birdən yoxa çıxdığını görürdü hər tərəfdə. Özünü ələ ala bilməyən Neyla sol dizini yerə atıb sağ əlində tutduğu qılıncı da onunla paralel döşəməyə batırdı. Bədəni ağırlaşdı sanki. Başını qaldırıb dağın zirvəsindən içəri dolan işığa baxdı. İçindəki kin, nifrət və qəlbini bürüyən zülməti qusmaq istəyirdi. Neyla dəstək aldığı qılıncı buraxdı və digər dizini də yerə ataraq nəfəsi kəsilənə qədər qışqırdı…
* * *
Şaxtayla qarışan külək Semiqonun üzünü kəsirdi. Ovçu nə qədər irəliləsə də, Qara dağların mərkəzinə çata bilmirdi. Ara-sıra qardan burulğanlar Semiqona zərbələr endirir, amma gənci yerə sərə bilmirdilər. Çovğun səngimək yerinə, getdikcə daha da sərtləşirdi. Semiqon təqribi təyin etdiyi istiqamətlə irəliləyərkən ancaq Neylanı düşünürdü. Özünü günahlandırırdı Neylanı itirdiyi üçün. Ona elə gəlirdi ki, bir az da cəld tərpənsə və ya Neylanı gözdən qoymasa, belə olmayacaqdı. Kor-peşman, artıq ümidsizliyə qapılaraq addımlayan Semiqon Qardan divarın seyrəldiyini gördü. Cəld həmən tərəfə qaçmağa başladı. Nəfəsi kəsiləcəkdi sanki. Düşünürdü ki, bu imkanı da əldən versə və çovğundan çıxa bilməsə, artıq bir daha Neylanı görməyəcək. İri addımları Semiqonu qısa zamanda qardan divarın digər tərəfinə atdı. Ətraf aydın görünməyə başladı artıq. Uzaqdan Qara dağların mərkəzini, daş pilləkənləri gördü. Amma onu gözləyən ev sahibləri də diqqətindən yayınmadı. Pilləkənlərin hər bir neçə pilləsindən bir əlində nizəyə bənzər balta olan qradoslar dayanmışdı. Pilləkənlər bitdikdən sonra daş qapılar görsənirdi. Uzaqdan olsa belə, Semiqon daş qapıların yanında dayanan gümüşü dəbilqəli təkgözləri seçə bildi. Bu vəhşilər meşədə rastlaşdıqları təkgözdən fərqlənirdilər. Onlar daha iri və daha əzələli görünürdülər. Bundan əlavə, ibtidai quruluşa malik deyildilər bu canlılar. Bədənlərini qara, dəri libas örtürdü və Semiqonun meşədə ayaqyalın gördüyü təkgözün əksinə, bu canlılar daha dərrakəli görsənirdilər. Semiqon təkbaşına nəinki bu qədər düşmənlə döyüşmək, hətta onların yanından gizlin də keçə bilməzdi. Buna görə daş pilləkənlərlə yuxarı qalxmaq fikrini bir qırağa qoyaraq daha alternativ yollar axtarmağa başladı.
Başını qara buludlar almış dağın ətəklərində kiçik mağaralar görünürdü. Semiqon ora çıxa bilsəydi, ola bilsin ki, içəri hər hansı gözətçi ilə qarşılaşmadan keçə bilərdi. Lakin mağaralara yol da pilləkənlərdən keçirdi. Bu yol ilə gedə bilməyəcəyini anlayan ovçunun sadəcə bir çıxış yolu qalırdı. Dağın yan hissəsi sıldırım qayalar ilə örtülmüşdü və qorunmurdu. Semiqon gözətçi qradoslara görünmədən, dağın ətrafı ilə fırlanaraq qayalar olan istiqamətə yaxınlaşdı. Ehtiyatlı şəkildə dırmaşmağa başladı. Qayalar olduqca iti və sürüşkən olduğu üçün ovçu bir neçə addım dırmaşıb dincəlməli olurdu. Yağan qar isə qayalardan yapışmağı çətinləşdirirdi. Ətrafdan qradosların nəriltiləri gəlməyə başlamışdı. Dağa qalxdıqca hər addımda ağırlıq hiss edirdi. Qəlbinə qaranlıq dolurdu və ən pis xatirələrini yadına salmağa çalışırdı. Atasının və Luzinin ölümü, Vayzonun odlar içində külə dönməyi, uşaqlıq dostu Hamzarın xaincəsinə öldürülməsi. Bu fikirlər gözlərini də qaraldırdı. Bir anlıq bu qaranlığın içində əlini yapışdığı qayadan araladı və geriyə doğru yıxılanda Neylanın zərif, incə səsini eşitdi. Cəld hərəkətlə yapışdı qayadan. Qəlbindəki qaranlığı bir balaca dağıda bildi gözəl qızın səsi. O, Neylanın onunla gəlməyini və ilk tanış olduqları anı xatırladı. Kobud rəftar etmişdi cənub döyüşçüsü ilə. Utandı və bu utancaqlıq sanki ona yenidən taqət verərək dağa qalxmağa məcbur elədi.
Daha bir neçə addımdan sonra artıq mağaraların birinin girişində dayanmışdı. Mağaradan içəri boylandıqda dar dəhliz görsəndi. Dəhlizin divarlarından su damcıları döşəməyə axırdı. Semiqon dəhlizə daxil olub irəliləməyə başladı. Xoşagəlməz qoxu gəlirdi dəhlizdən. Ölmüş və çürümüş heyvan qoxusuna bənzəyirdi. Yeridikcə ovçunun ayaqlarının altında sümük xırıltısı eşidilirdi. Kimə və ya nəyə aid olduğu bilinmirdi sümüklərin. Boğuq səslər eşidilirdi, amma hardan gəldiyi aydın deyildi. Ovçu dəhlizlə yüz addıma yaxın irəlilədikdən sonra yolayırıcına çatdı. Sağ tərəfə aparan yolun sonunda parıltı görsənirdi. Sol yolda isə qaranlıq hökm sürürdü. Semiqon işıq gələn istiqamətə getdi. Boğuq səslər artıq daha aydın eşidilməyə başladı, lakin yaranan əks-sədadan nəyə aid olduğunu seçmək olmurdu. Yolun sonuna çatdıqda Semiqon gözlərinə inana bilmirdi. Dəhlizin sonu yüzlərlə qradosun olduğu yekə bir zala açıldı. Ovçu əyilərək ev sahiblərindən gizlənməyə çalışırdı qaranlıqda. Bir-iki addım irəlidə dəmir silahlar dolu taxta araba gördü və qaçıb arxasında gizləndi. Başını bir balaca qaldırıb ətrafı müşahidə elədi. Qradoslar o yana-bu yana qaçışır, silah-sursat daşıyırdılar. Bir küncdə daşdan sobalar düzəldilmiş, içində nə isə əridilirdi. Bəzi qradoslar əllərində gümüşü rəngdə dəbilqələr daşıyır, bəziləri isə kom şəkildə baltaları taxta arabalara doldururdu. Qara libaslı qradoslar dəydi ovçunun gözünə. Onlar nizami şəkildə qarşı-qarşıya düzülüb əllərindəki nizələrin uclarını itiləyirdilər. Nizələr adi baltadan uzun, amma ucluqları baltanın dəmirindən də böyük idi. Bu cürə silahları sadəcə qradoslar idarə edə bilərdi, çünki olduqca ağır görsənirdilər. Zalın digər ucundan nərilti səsi gəldi.
Semiqon həmən tərəfə baxdıqda iri bir təkgöz gördü. Qradoslardan biri gümüşü dəbilqələrdən birini ona tərəf aparıb yanında yerə qoydu. Yekəpər isə dəbilqəni şüurlu şəkildə qaldırıb başına keçirtdi. Sanki bu vəhşiləri kimsə idarə edirdi. Semiqon belə bir mənzərə görməmişdi heç vaxt. Hamısı vəhşi olan bu varlıqlar nə bir-birlərinə hücum edir, nə də özlərini hər hansı heyvan kimi aparmırdılar. Ovçu geriyə, dəhlizə qayıtdı. Həmən an gəldiyi tərəfdən qışqırıq səsi eşidildi. Səs dəhlizdə əks-səda verərək zala yayıldı. Bəzi qradoslar dəhlizə tərəf çönsələr də, heç kəsi görə bilmədilər. Çünki Semiqon bu səsin kimə aid olduğunu yəqin etmiş və ora doğru qaçmağa başlamışdı. Bu səs Neylaya məxsus idi. Yolayırıcına çatdıqda fikirləşmədən qaranlığa qaçmağa başladı. İri addımları onu bir göz qırpımında taxta bir qapının ağzına çatdırdı. Semiqon qapını əli ilə itələsə də, açılmadı. Səsin ordan gəldiyini bilirdi. Geri bir neçə addım atıb çiyninin birini qabağı verdi. Var gücü ilə özünü qapıya çırpdı və dəyən zərbənin gücündən qapı açıldı. Özünü saxlaya bilməyən ovçu da qapı açıldıqdan sonra içəri yıxıldı. Başını qaldırdıqda qaranlıq bir yerdə olduğunu, qaranlığın ortasında isə üzərinə yuxarıdan düşən işıqla parlayan daşdan bir masa gördü. Cəld ayağa qalxıb masaya yaxınlaşdı və digər tərəfdə, masanın arxasında dizlərini yerə atmış Neylanı tapdı. Fikirləşmədən ona yaxınlaşaraq özündən asılı olmadan “Neyla!” deyə qışqırdı. Gənc qız sanki illərdir əsirlikdəymiş kimi səs gələn istiqamətə baxdı və həyəcanlı şəkildə “Semiqon” dedi. Neylanın yanına çatan ovçu onu qollarından tutaraq qaldırdı və soruşdu:
– Yaxşısan? Sənə nəsə olub?
Gözündən yaş damcısı süzülən Neyla qorxaraq dedi:
– Burdan getməliyik, Semiqon, özü də indi.
Onunla razılaşan ovçu gəldiyi istiqaməti göstərdi Neylaya və “burdan gedə bilərik” dedi. Neyla yerdəki qılıncını götürüb başıyla təsdiq etdikdən sonra hər iki döyüşçü qaranlıq dəhlizə daxil oldular. Tələsik bu zülmətdən uzaqlaşmağa çalışmaqlarına baxmayaraq, bu dəfə Semiqon gənc qızdan bir addım belə ayrılmırdı. Yolayırıcına bir neçə addım qalmış qəribə səs gəldi qabaqdan. Dar dəhliz getdikcə aydınlanmağa başladı və əlində məşəl tutan iki qrados göründü. Onlardan biri döyüşçüləri görən kimi əlindəki baltanı iki əli ilə qaldırıb hücum etməyə hazırlaşdı. Semiqon qılıncını kəmərindən çıxartmaq istəyəndə Neyla onun qabağına keçdi. Bir göz qırpımında dar dəhlizdə məşəl yerə düşüb söndü və Neyla Semiqonun qabağını kəsdiyi üçün o, heç nə görə bilmədi. Sükut çökdü dəhlizə. Qaranlıqda Neylanı seçə bildi Semiqon. Gənc qız ona yaxınlaşaraq “gedə bilərik” dedi. Semiqon nə baş verdiyini anlamadan az əvvəl qradosları gördüyü yerə gələndə yerdə başsız vəhşilərdən birini gördü. Neyla bunu necə edə bilmişdi başa düşmədi, amma digər qradosu görəndə daha da təəccübləndi. Əlində məşəli tutan canlı sanki parça-parça doğranmışdı. Qolu və ayaqları bədənindən ayrılmış, boğazı isə qılıncla kəsilmişdi. Semiqon onların yanından keçdikdən sonra qabaqda gedən Neyladan soruşdu:
– Sən bunu necə elədin?
Neyla cavab vermək əvəzinə daha cəld addımlarla irəliləməyə başladı. Artıq mağaranın çıxışına çatdıqda gənc qız ayaq saxlayıb təmiz havanı ciyərlərinə çəkdi. Semiqona tərəf çönüb dedi:
– Səni yenidən gördüyümə şadam.
Semiqonun üzündə təbəssüm yarandı:
– Mən də səni gördüyümə sevinirəm, amma getsək yaxşı olar.
Sıldırım qayalardan bir-bir aşağı düşərkən Neyla soruşdu:
– Qamvelin izinə rastlaya bildin?
– Yox. Amma burda qəribə hadisələr baş verir.
Neyla təəccüblü səs tonu ilə soruşdu:
– Necə yəni?
– Gəldiyimiz mağara məni zalların birinə çıxardı. Orda yüzlərlə qrados gördüm. Meşədə gördüyümüz təkgözlərdən də onlara müşahidə edənlər var idi. Görünür, nəyəsə hazırlaşırlar.
Neyla cavab vermədi və Semiqon davam etdi:
– Sən bura necə gəldin?
– Dağın önündə daş pilləkənlərlə qalxdım, sonra yadımda deyil nə baş verdi.
Semiqon dayandı və soruşdu:
– Necə yəni? O pilləkənlərdə də qradoslar və təkgözlər vardı. Sən onlara görsənmədən necə daxil ola bildin?
Gənc qız fikirləşmədən cavab verdi:
– Bilmirəm, mən qalxanda heç kəs yox idi.
Dağdan endikdən sonra döyüşçülər meşəyə qayıtdılar. Artıq qaranlıq düşmüşdü. Qara dağların mərkəzindən tam uzaqlaşdıqdan sonra ocaq qalayıb istirahət etmək qərarına gəldilər. Semiqon budaq yığıb ocağı qızışdırır, Neyla isə quru ətləri bişirirdi. Hava artıq mülayimləşmişdi. Səhər anidən baş qaldıran çovğundan əsər-əlamət qalmamışdı. Xırda qar dənələri isə göydən yağaraq ətrafa sakitçilik çökdürürdü. Neyla Semiqonun təkidi ilə bir az dincəlmək üçün yatdı. Gənc ovçunun isə gözünə yuxu getmirdi. Bu gün olanları düşünürdü. Bir göz qırpımında qalxan çovğunu, nizami qrados ordusunu, Qara dağların zülmətini götür-qoy edirdi.
Artıq səhərin açılmağına az qalmışdı. Semiqon oturduğu qayanın üstündə sönməkdə olan ocağa baxırdı. Meşə yenə səssizliyini qoruyurdu. Bu sakit ab-havanı Neylanın yuxudan ayılmağı pozdu. Gənc qız sanki qan-tər içində “Triumurfar Neyla Si Folian” deyərək dik atıldı. Gözləri bərəlmişdi qorxudan. Semiqon cəld ayağa qalxaraq yanına yaxınlaşdı və “hər şey yaxşıdır” dedi. Neyla balaca qız kimi qorxaraq ovçunun boynuna sarıldı və bərk qucaqladı. Semiqon onu sakitləşdirərək soruşdu:
– Yenə kabus görürdün?
Neyla ovçunu buraxıb qorxusunu gizlətməyə çalışdı və başı ilə təsdiq etdi. Semiqon yenə soruşdu:
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?