Электронная библиотека » Tural İsmayılzadə » » онлайн чтение - страница 4


  • Текст добавлен: 28 сентября 2022, 18:22


Автор книги: Tural İsmayılzadə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 14 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

Əfsanələrə görə təkgözlər ən qədim varlıqlar sayılırdılar. Hətta forbusların hökmdarı Akrobun da təkgöz olduğu deyilirdi. Bu varlıqlar qeyri-adi ölçüləri ilə seçilirdi. Lakin indiyə kimi görünən təkgözlər şüursuz və vəhşi varlıqlar olaraq tarixə keçiblər.

Qara dağlar

Şimala doğru hava daha da sərtləşir, günəş şüaları gücünü itirirdi. Yolları qarla qarışıq palçıq örtmüşdü. Ağacların budaqları başını aşağı əyməyinə baxmayaraq, üzərlərində qar kütləsi yox idi. Əsən sərt külək budaqlardakı qarı göyə qaldırır və burulğan yaradaraq yenidən ətrafa səpələyirdi. Detronların ayaq izləri qarlı palçığın üzərində yayılaraq getdikləri istiqamətdə uzanırdı. Detronlar iki nəfər olaraq ard-arda hərəkət edirdilər. Sıranın önündə Neyla dayanmışdı. Bartunun isti keçən qışı gənc döyüşçünün yadına düşür və onu daha da üşüdürdü. Qara dağlara baxdıqca isə soyuq qışdan əlavə, təhlükə də hiss edirdi. Bu hiss cənub döyüşçüsünə ötən fəsillərdən yadigar qalmışdı. Cənub boşluğuna yürüşlərdə iştirak edən Neyla təhlükəni vilronlarla uzaq məsəfadən duya bilirdi. Qaranlıq ətrafa yayılırdı. Detronlar yorulmuşdu qət etdikləri uzun məsafəyə görə. Lakin onlar gördüyü təlimlərə görə hələ bir bu qədər də məsafə irəliləyə bilərdilər.

Dirma artıq görünürdü üfüqdə. Neyla döyüşçüləri tam qaranlıq düşmədən şəhərə çatdırmaq istəyirdi. Hava şəraitinə görə yorulmuş detronlar Neylanın “cəld olun!” əmrindən sonra, daha sürətli addımlamağa başladılar. Artıq gecə yarısına az qalmış döyüşçülər Dirmanın giriş qapısında dayanmışdı. Dirma şəhəri Arçibaldın ən kiçik yaşayış məntəqəsi sayılırdı. Şəhərin müdafiə sistemini ovçular təşkil edirdi. Digər şəhərlərin əksinə, burdakı ovçular şəhər başçısına tabe deyildi. Onlara xant titulu verilən ovçu başçılıq edirdi. Xant daimi vəzifə sayılmırdı. Ovçular, demək olar ki, bir neçə fəsildən bir başçılarını dəyişirdi. Çünki xant öz ovçuları ilə birlikdə ova çıxmalı və hər xarici təhlükənin qarşısına birinci özü çıxmalı idi. Bu səbəblə başçılar tez-tez yaralanır və ya həlak olurdu. Dirmanın hazırdakı xantı Tamvel idi. O, Vayzonun başçısı Qamvelin qardaşı idi.

Dirma taxta hasarlarla əhatələnmişdi. Sadəcə şərq tərəfdən giriş qapıları var idi. Şəhərin əsas qapıları da hasarlar kimi taxtadan düzəldilmişdi. Ümumi Dirmada iki gözətçi qülləsi yerləşirdi. Onlardan biri şəhərin mərkəzində, digəri isə giriş qapılarının yanında yerləşirdi. Mərkəzdəki qüllə digərinə nisbətən daha hündür inşa edilmişdi. Bunun məqsədi bütün şəhərə və küçələrə bir nöqtədən nəzarət etmək idi. Giriş qapısının yanındakı qüllə isə mərkəzdəkindən kiçik olsa da, daha çox qorunurdu. Dirmanın giriş qapısında ona yaxın ovçu keşik çəkirdi. Onlar gecə düşdüyü üçün bağlanan taxta qapıların arxasında dayanmışdılar. Taxta qapıların üzərində isə iki ovçu əllərində yanar məşəl ilə Dirmaya gələn qonaqlara səsləndilər:

– Dayanın!

Neyla sağ əlini qaldırdı və detronlar qapıya on beş-iyirmi addım qalmış dayandılar. Sərt səs tonu ilə cənub döyüşçüsü başını yuxarı qaldıraraq dedi:

– Axşamınız xeyir. Dirma ovçuları, xant Tamvelə xəbər verin ki, Bartundan yüksək icmanın əmri ilə dəstə gəlib.

Ovçulardan biri əlindəki məşəli bir az aşağı endirərək gələn səsin kimə aid olduğunu aydınlaşdırmaq istədi. Ətraf azacıq işıqlandıqdan sonra cənub döyüşçüsünü və detronları gördükdə dedi:

– Bu barədə bizə məlumat verilməyib.

Bunu dedikdən sonra geri çəkilən ovçu gözdən itdi. Neyla bu hərəkətə çox hiddətləndi. Hər hansı ovçu cənub döyüşçüsünə bu cür cavab verə bilməzdi. Səbəbi nə olursa olsun, onu qaranlıqda tanımasalar belə, bu gənc döyüşçüyə təsir eləmişdi. Neyla bu hisslərin həndəvərində düşünərkən taxta qapılar açılmağa başladı. Açılan qapıların arxasından xant Tamvel və az öncə Neylayla nalayiq danışan ovçu göründü. Ovçu başını aşağı dikmişdi. Görünür, artıq Dirmanın xantı Tamvel ovçuya dərsini bildirmişdi. Neyla əli ilə irəli göstərərək detronları içəri yönləndirdi. Tamvel və gözətçi ovçu birlikdə Neylaya yaxınlaşdılar. Cənub döyüşçüsü ciddi səs tonuyla dedi:

– Axşamınız xeyir, xant Tamvel.

Bu salamlaşma birbaşa Tamvelə yönəlmişdi. Deməli, az öncə etdiyi hərəkətə görə cavan ovçuya aid edilmirdi. Xant Tamvel bu anlaşılmazlığı da aradan qaldırmaq üçün dedi:

– Neyla, mənim gənc ovçumu da bağışla. Görünür, onu düzgün yetişdirə bilməmişəm.

Bu cavab Neylanı yumşaltdı və gənc qız dedi:

– Vacib deyil, xant Tamvel, belə hadisələr yaşana bilər. İcazənizlə şəhərdə bir az dincələk və sizinlə danışmalı bəzi məsələləri müzakirə edək.

– Əlbəttə, – deyərək xant Tamvel əli ilə Dirma küçələrini göstərdi.

Neyla sonuncu dəfə ötən qış Dirmaya səyahət etmişdi. Həmən fəsil də xant Tamvel idi. Hetranın göstərişi ilə Dirmaya gələn Neyla insan ovçulardan detron dəstələri üçün döyüşçü yığırdı həmən vaxt. Qısa müddət Dirmada qalsa da, Tamvellə xasiyyətləri üst-üstə düşmüşdü. Xant Tamvel ucaboy, qarasaç və orta yaşlı ovçu idi. Fiziki quruluşu, dolu bədəni onun xant tituluna uyğun olduğunu sübut edirdi. O, ilk sınağından ovçu olmuşdu. Ötən fəsillər ərzində isə qazandığı təcrübələr onu müdrik başçıya çevirmişdi. Neyla hətta Tamvellə ova çıxmışdı və onlar şimal ayısı ilə rastlamışdılar həmən fəsil. Ayını ovlaya bilməsələr də, bu onlar üçün xoş xatirə kimi yaddaşlarına həkk olunmuşdu.

Detronlar Neylanın əmri ilə hərəsi bir ovçu daxmasına istirahətə çəkildi. Dirmada daşdan uca hasarlar olmadığı kimi əhali yaşamaq üçün taxta daxmalara üstünlük verirdi. Tamvel isə qonağı ilə öz daxmasına çəkildi. İçəri daxil olduqlarında böyük, enli bir otağın ortasında dördkünc taxta masa dayanmışdı. Masanın arxasında, divarda otağı isitmək üçün soba yanırdı. Neyla masaya yaxınlaşanda bəzi yazılı kağızlara gözü sataşdı. Arçibaldın qərbinə aid bir xəritə, Qara dağlara aparan meşələrin yolları və digər lazımlı kağızlar masanın üzərində dağınıq şəkildə səpələnmişdi. Gənc qız vaxt itirmədən mövzuya keçmək üçün söhbəti belə başladı:

– Tamvel, yəqin, sizə artıq məlumdur bura niyə gəlmişəm? Bizdən bir neçə gün öncə sizə xəbər gətirməsi üçün döyüşçü göndərmişdik Dirmaya.

Dirmanın xantı başı ilə təsdiqləyərək bildirdi:

– Bəli, cənub döyüşçüsü, xəbərimiz var idi. İsti bir şey içmək istəyirsiniz? Uzun və soyuq yol sizi taqətdən salıb, yəqin ki.

– Xeyr, xant Tamvel, təşəkkür edirəm təklifiniz üçün. Açığı, sübh tezdən yola çıxmaq istəyirik, bildiyiniz kimi, Vayzoya hücum ola bilər.

– Bəli, xəbərim var, mən ora artıq ovçularımdan bir neçəsini qardaşımı xəbərdar etmələri üçün yola salmışam.

– Qardaşınız?

– Bəli. Qardaşım Qamvel. O, Vayzonun başçısıdır.

Neyla bir az rahatlayaraq dedi:

– Yenə də biz tələsməliyik, çünki aldığımız məlumatlara görə…

Xant Tamvel onun sözünü kəsərək dedi:

– Bəli, bilirəm, qradoslar.

Gənc qız təəccübləndi. Bu məlumatı cox az insan bilirdi. Bu maraqlı baxışları görən Tamvel sobaya yaxınlaşaraq yerdəki maşanı götürüb yanan odun parçalarını qarışdıraraq davam etdi:

– Qardaşım Qamvel mənə bu barədə məlumat göndərib. Bir neçə ovçusu şimal meşələrində itkin düşmüşdü. Onların axtarışına getdikdə qradosların izlərinə rastlayıblar. Mənə bunu onun ovçularından biri çatdırdı. Düzdür, sonra xəbərləşə bilməsək də, əminəm ki, Qamvel artıq bütün ehtiyat tədbirlərini görüb.

Neyla ətraflı məlumat aldıqdan sonra bu barədə əlindəki dəmir üzüyü Tamvelə tərəf uzatdı və üzərindəki Yüksək icma möhrünü göstərərək dedi:

– Aydındır. Mənə verilən səlahiyyətlərə güvənərək sizdən bir xahişim olacaq, xant Tamvel.

– Buyurun, əlbəttə.

– Mənə öz ovçularınızdan dəstə düzəltməyinizi xahiş edəcəm, mümkündürsə, sübh çağına hazır olsunlar. Nə ilə qarşılaşacağımızı bilmirik. Əlavə dəstək mane olmazdı.

Xant başı ilə təsdiq etdi və bildirdi:

– Bu barədə narahat olmayın. Bu daxmada gecəliyə bilərsiniz, mənsə gecə növbələrini yoxlamalıyam və yəqin ki, səhərə kimi dəstəni də hazır edib sizə məlumat göndərərəm.

Hər iki döyüşçü razılaşdıqdan sonra Tamvel otaqdan çıxmaq istəyəndə çöldən cavan şəxsə xas bir səs gəldi. Səsin sahibi “xant Tamvel” deyə başçısını çağırırdı. Başçı isə ləngimədən çölə çıxdı. Neyla da başçının arxası ilə özünü çölə atdı. Səsləyən şəxs Tamvelin Vayzoya göndərdiyi ovçu idi:

– Nə baş verir, Vormor?

Ovçu həyəcanlı, amma bir o qədər də qorxmuş səslə dedi:

– Vayzo…

Tamvelin gözü bərəldi. Artıq küçədəki səs-küyə Dirmanın bütün ovçuları, istirahətlərini yarımçıq qoyan detronlar və şəhər əhalisi toplaşmışdı. Başçı da həyəcanlanaraq soruşdu:

– Nə olub, düzəməlli danış?!

– Vayzo od içindədir…

Neyla bu sözdən sonra qabağa gələrək ovçunun düz qabağında durdu, amma heç nə soruşmadı. Xant Tamvel də eyni qayda ilə ovçuya yaxınlaşaraq bu dəfə özünü toplayaraq dedi:

– Qamvel? Əhali? Ovçular? Kimi görə bildin?

Ovçu Vormor qarşısında iki döyüşçünü görərək daha da həyəcanlandı. Əlini başına aparıb seyrək saçlarını geri apararaq dedi:

– Əmr etdiyin kimi, Vayzoya xəbər verməyə getdim. Amma dağın digər tərəfi ot tutub yanır hal-hazırda. Kəndə yaxın durmadım, Tamvel. İnanmıram ki, kimsə sağ çıxa…

Bu cavab Tamveli qane etmədi. O, əlinin arxasıyla qarşısındakı ovçuya bərk şillə vurdu. Ovçu yerə yıxıldı. Əlini şillə dəyən hissədən tutaraq başçıya baxdı. Xant Tamvel davam elədi:

– Qorxaq! Nəyin baş verdiyin öyrənmədən, qorxaq kimi qaçmısan!

Başçı yerdəki ovçunun üzərinə getmək istədikdə Neyla aralarına girdi və dedi:

– Dayanın, Tamvel! Bunun yeri deyil! Yadınızdan çıxartmayın ki, burda sizdən də rütbəli döyüşçü var!

Tamvel gənc qızın bu cavabına sadəcə udqundu. Lakin heç bir cavab vermədən əsəbi halda geri çəkildi. Neyla “detronlar, hazırlaşın! Yola çıxırıq!” deyə qışqırdı. Ətrafdakı detronların bəziləri daxmadakı silah və əşyalarını götürmək üçün içəri girərkən, digərləri artıq küçədə sıra vəziyyətini almışdı. Cənub döyüşçüsü üzünü Tamvelə tutaraq dedi:

– Sizdən istədiyim dəstəni elə indicə hazırlamanızı xahiş edirəm. Onlar bizi şəhər qapılarının yanında gözləsinlər. Mümkündürsə, təcrübəli ovçular olsun.

– Narahat olmayın, elə indicə dəstəni hazırlayıb qapıların yanına gəlirəm.

– Siz gəlmirsiniz.

Tamvel üz mimikasını dəyişərək əsəbi halda Neylaya tərəf çöndü:

– Necə? Necə yəni mən gəlmirəm?

– Bu əmrdir, Tamvel. Dirmanı müdafiəsiz qoya bilmərik.

– Şəhərdə bu qədər ovçu var. Onlar şəhəri müdafiə edərlər. Mən sizinlə gəlirəm!

Neyla əsəbi və sərt şəkildə, bir az da rəsmi üsluba keçərək dedi:

– Cənab Tamvel, mən sizdən nə isə xahiş edəndə cümləmin əvvəlində “xahiş edirəm” sözünü işlədirəm. İndi isə sizə əmr edirəm ki, Dirmanı qoruyasınız! Bu məsələ də müzakirəyə açıq deyil!

Tamvelin üzündən əsəb yağırdı. Cənub döyüşçüsü ondan həm rütbəcə böyük idi, həm də əlində Yüksək icmanın möhrü vardı. Ona görə istəksizcə sadəcə başı ilə təsdiq etdi. “Detronlar irəli!” deyə qışqırdı Neyla. Bütün döyüşçülər nizami addımlarla çıxışa tərəf irəliləməyə başladılar.

Gecə yarısını çoxdan keçmişdi. Lakin səhərə yaxın olsa da, qaranlıq hələ də hər tərəfi bürümüşdü. Neyla Dirmadan da götürdüyü on beş ovçuyla birlikdə artıq Vayzoya gedirdi. Vayzoyla Dirma arasındakı dağın ətrafından fırlanmalı idilər. On iki vilronluq məsafənin hər addımında qar sanki bir az da qalınlaşırdı. Detronlar ləng hərəkət etsə də, bu hava şəraitində ovçular onlardan qabaqda və rahat şəkildə addımlayırdılar. Neyla sıradan bir az qabağa çıxaraq qıraqdan döyüşçülərə baxdı. Xant Tamvelə Vayzodakı hadisələri çatdıran ovçunu gördü. Tamvel ona nə qədər əsəbiləşib şillə atsa da, on beş nəfərlik təcrübəli ovçuların sırasına daxil olmağı onun, doğrudan da, yaxşı döyüşçü olmağını sübut edirdi. Neyla onu yanına çağırdı. Vormor qaçaraq cənub döyüşçüsünün qarşısında dayandı və diqqətlə qulaq asdı:

– Sən bu yerlərə bələd olmalısan, yəqin?

– Bəli, demək olar, buralarda böyümüşəm, – Vormor əlini ətrafdakı təpələrə tutaraq dedi.

– Onda sıradan ayrıl və qabaqda get. Əgər qarşıda bizi xoşagəlməz bir şey gözləsə, xəbər verərsən.

Təcrübəli ovçu əmri qəbul edərək sıradan çıxdı və digər döyüşçülərdən daha yeyin addımlarla irəli qaçdı. Neyla da sıraya paralel olaraq addımlamağa başladı.

Dağı keçib Vayzoya burulan yola dönəndə kənd göründü. Daha doğrusu, kəndin alovlanan daxmaları. Gecənin qaranlığında uzaqdan işıq kimi közərirdi Vayzo. Neyla yenə “cəld olun!” komandasını verərək dəstəsini tələsdirməyə çalışdı. Dəstə artıq qaçmağa başlamışdı. Kəndə bir neçə vilron qalmış ovçular oxlarını yaylarına keçirtdilər. Öndəki qar topasının yanında isə Vormor görsəndi. O, gizləndiyi yerdən çıxıb sıranın qabağındakı Neylaya yaxınlaşdı ve dedi:

– Hər şey sakitdir. Kəndin cənub hissəsi görünür bu tərəfdən, lakin nə kəndə girən, nə də çıxan olub.

Neylanın əmri ilə dəstə üç yerə ayrıldı. Dəstələrdən biri kəndi sağ, digəri isə sol tərəfdən dolaşaraq əhatəyə alacaqdı. Neyla isə əsas dəstəylə mərkəzi küçədən girəcəkdi. Hər kəs plana uyğun olaraq bölündü. Cənub döyüçşüsü özü ilə ona yaxın detron və dörd ovçu götürdü. Artıq kəndin girəcəyinə yaxınlaşmışdılar. Palçıqlı küçələrə daxil olmamışdan öncə Neyla ətrafa baxdı. Bu, hər hansı tələ də ola bilərdi. Lakin ətrafın sakit və zil qaranlıq olduğunu görüb irəliləməyə davam elədi. Belindəki xəncəri çıxardıb önündə hazır vəziyyətdə tutmuşdu. Kəndin mərkəzinə doğru aparan küçəylə irəliləyirdilər. Hər yer yanan daxmalardan çıxan tüstü-dumana bürünmüşdü. Cəmi on addım irəlini görmək olurdu. Ətraf parça-parça olmuş əhalinin cəsədləri ilə qaynayırdı. Meydana çatmışdılar artıq. Xüsusi amansızlıqla öldürülmüşdü hər kəs. Bu mənzərə Neylaya cənub boşluğunu xatırlatdı. Ovçulardan biri yerdəki cəsədin yanına qaçaraq dizlərini yerə atdı və ağlamağa başladı. Cəsəd orta yaşlı ovçuya aid idi. Görünür, ovçunun hansısa qohumu idi həlak olan insan. Kabil detronlardan biri “burda nə baş verir?” deyə dilinin altında pıçıldandı. Amma Neyla nə ağlayan ovçuya, nə də çaş-baş qalmış detrona münasibət bildirmədi. Hər kəs çaşqınlıq içərisində meydanda donub qalmışdı. Elə bu an şimaldan, kəndin digər ucundan nərilti eşidildi. Hər kəs silahını iki əlli tutaraq həmən istiqamətə baxdı. Neyla sağ əlini qaldırıb həmən istiqaməti göstərərək yavaş-yavaş irəliləməyə başladı. Duman qarşıda nəyin olduğunu görməyə imkan vermirdi. Ehtiyatlı addımlarla irəliləyən döyüşçülərin gözləri ətrafa baxırdı. Sanki hər an dumanın içindən onlara tərəf nəsə qaçacaqdı. Bir az səs gələn tərəfə getdikdən sonra daha bir nərilti eşidildi. Bu dəfə daha aydın və daha yaxından gəlirdi səs. Boğuq ayı səsi gəlirdi dumanın içindən. Detronlar və ovçular donub qaldılar, lakin Neylanın o tərəfə xırda addımlar atdığını görüb ondan bir addım arxada və yanı ilə irəliləməyə başladılar. Neyla təcrübəli olduğu üçün səsin tam olaraq hardan gəldiyini təyin edə bilmişdi. Bir neçə addımdan sonra artıq dumanın içindən gələn səsə çatacaqdılar. Ağır və ehtiyatlı bir neçə addım daha atdıqdan sonra dumanın arasından bir kölgə göründü. Neyla və döyüşçülər silahlarını sıxaraq bir az daha yaxınlaşanda qarşılarında onları gözləyən gənci – Semiqonu gördülər.

Vayzonun soyuq səhəri açılırdı artıq. Detronlar və ovçular yerdəki cəsədləri meydana daşıyırdılar. Bəzi cəsədlər tikə-tikə olduğu üçün bu işi çətinləşdirirdi. Narın qar yağır, ətrafdakı qan göllərinə düşərək əriyirdi. Yanan daxmalar artıq təmiz sönmüş, bəzilərindən isə son tüstü dumanları çıxırdı. Küçənin tam ortasında isə qrados cəsədi uzanmışdı. Kəndə kimin hücum elədiyi və bu cürə amansızlıqla qətliam törətdiyi aydın olmuşdu hər kəsə. Neyla külə dönmüş daxmaların birinin qarşısında dayanmış, bir neçə ev irəlidəki Semiqonu izləyirdi. Gənc öz daxmasının kandarında, taxta pilləkəndə oturmuşdu. Dizlərini aralamış və əllərini dizinin üstündən üzü aşağı sallamışdı. Yanında gözünü yummuş və əli açıq şəkildə Luzinin cansız bədəni, onun yanında isə yaşlı Permonun cəsədi uzanmışdı. Semiqon onlara tərəf baxmırdı, daha doğrusu, baxa bilmirdi. Qəlbinə hüznlə kin çökmüşdü. Bu olanlara səbəb olaraq kimisə günahlandırmaq istəyirdi. Özünü, qərblilərin keçirtdiyi sınağı, ətrafdakı detronları və hətta hava şəraitini səbəbkar görürdü beynində. Amma qarşısında uzanmış qradosu və onunla bura gələn digər vəhşiləri günahlandırmırdı. İntiqam hissi bəsləyirdi sadəcə onlara. Semiqon indi anlaya bilmirdi ki, bir insan eyni anda nə qədər hiss keçirdə bilər. Bu, onu az qala dəli edirdi. Arçibalda, Şimala, Qara dağlara od püskürmək istəyirdi. Neyla uzaqdan da olsa, gəncin sağ qalmaqdan çox ölmək üçün çalışdığını hiss edirdi. Gənci qıraqdan müşahidə edirdilər. Dirmanın ovçuları Semiqona rəğbətlə baxırdılar. Bir insan bir qradosla təkbətək döyüşdən qalib çıxmışdı. Həm də o nə detron, nə də hər hansı başçı idi. Halbuki, qrados öldürmək ova çıxıb qərb maralı ovlamaq kimi sadə bir məsələ deyildi.

Neyla ağır addımlarla Semiqona tərəf irəlilədi. Yanına çatdıqda ciddi səs tonu ilə dedi:

– Ovçu, bizi bağışla, bir az daha tez çatsaq, ola bilsin ki, hər şey başqa cür ola bilərdi.

Semiqon Neylanın üzünə baxaraq sakit durdu, cavab vermək istəmirdi. Çünki bura gecikən dəstə qədər özündə də günah görürdü. Neyla cavab gəlmədiyini görüb Luzi və Permonun cəsədlərinə baxaraq davam elədi:

– Ailən idi?

Gənc incik bir səslə dedi:

– Bəli…

– Nə qədər ağır olduğunu başa düşürəm. İcazə versən, döyüşçülərim onları dəfn etmək üçün Dirmaya aparsın.

Semiqon ayağa qalxaraq başı ilə razılıq verdi. Geri dönüb öz daxmasından qalıq taxta parçaları arasında eşələnməyə başladı. Neyla əli ilə bir neçə detrona cəsədləri götürməyi həvalə elədi, özü isə Semiqona yaxınlaşdı:

– Nə isə axtarırsansa, sənə kömək edə bilərik.

Yenə cavab gəlmədiyini görüb başqa sual verdi:

– Mənim adım Neyladır, cənub döyüşçüsüyəm. Deyə bilərsən, nə baş verib burda?

– Semiqon.

– Necə?

– Adım Semiqondur. Burda nə baş verdiyini bilmirəm, çünki kəndim yananda burda deyildim. Mən də sizin kimi gecikmişəm.

Bu həm məlumat, həm də günahlandırmaq üçün söylənilmişdi Neylaya. O, qarşısındakı insanın hər şeyini itirdiyini bildiyi üçün əsəbiləşmədən davam elədi:

– Başa düşürəm. Bu vəhşini, görünür, sən öldürmüsən. Onlardan neçəsini görə bildin?

Semiqon eşələndiyi yerdən çanta götürərək sağlam qalmış əşyalarını içinə yığdı. Qradosu öldürdüyü qılıncı belinə kəmər taxaraq ora bərkitdi. Üzünü Neylaya tutub əlavə sual verməsin deyə danışdı:

– Qulaq as, cənub döyüşçüsü, bilmirəm bura nəyə göndəriblər sizi, amma artıq gecdir. Mən, – əlini sınağa getdikləri dağa tutaraq dedi, – o zirvənin digər tərəfində idim, ova getmişdim. Geri qayıtdıqda hər yer od içində idi. Bu vəhşini isə meşədən üstümə hücum çəkəndə öldürmüşəm və bilmirəm bunlardan nə qədər olub, amma bir kəndi tək bir heyvan qıra bilməz. İndi çəkil yolumdan.

Bu sərt cavablardan sonra Neylanın yanından keçərək küçəyə çıxdı. Gənc qız da ardınca addımlayaraq pilləkənlərdə dayandı. Artıq əsəbi halda dedi:

– Dayan!

Bu səsə bütün ovçular və detronlar işlərini yarımçıq qoydular. Sanki əmr onlara verilmişdi. Hamısı yavaş-yavaş mübahisə gedən yerə yaxınlaşdı. Semiqon həvəsizcə geri dönüb soruşdu:

– Yenə nə var?

– Hara gedirsən?

– Şimala, Qara dağlara.

– Nəyə görə?

Semiqon sual-cavabdan yorulurdu artıq. O, qarşısındakının cənub döyüşçüsü olduğunu və ondan rütbəcə yüksək olduğunu anlayırdı. O, səsini qaldıraraq danışırdı:

– Neyla oldu adın, düzdür?

Neyla başını yelləyərək təsdiq etdi.

– Mən şimala gedirəm, kəndimizin başçısı Qamvel orda olmalıdır və mən onu tapmalıyam. Mümkün olsa, Vayzoya bunları edənləri də tapacam. Biz ovçuyuq, ov deyilik!

Bu söz ətraflarına toplaşan ovçulara təsir etdi, hamısı bir-birinə baxaraq gözləri ilə Semiqonu dəstəklədilər. Neyla bunu görərək dedi:

– Bunları artıq başa düşdüm. Mənim vəzifəm burda sağ qalanları Dirmaya çatdırmaqdır. Sən yeganə sağ qalan insansan. İndi isə sənə şimala getməyə icazə verə bilmərəm. Əgər düşünürsənsə mənim əmrimə qarşı çıxacaqsan, bil ki, mən bura Yüksək icmanın göstərişi ilə gəlmişəm.

Kinayəli və qaranlıq şəkildə gülərək cavab verdi Semiqon:

– Cənub döyüşçüsü! Bura cənub deyil! Burda da sağ heç kəs qalmayıb! İndi isə icazənizlə getməliyəm.

Üzünü şimala tutaraq getmək istəyəndə Semiqonun qarşısını iki detron kəsdi. Hər ikisi kabil olduğu üçün Semiqondan boyda böyük idilər. Gənc ovçu əlini qılınca atdı və kəmərdən çıxardıqda qarşısındakı detronların bir addım geri çəkildiklərini gördü. Nədənsə qorxmuşdular. Semiqon bu iki detronla döyüşə bilərdi. O, özü də bunu bilir və özünə əmin idi. Amma hər şeyin belə tez cərəyan edəcəyinə, detronların qılınc görən kimi geri addımlayacağına inanmırdı. Bir anlıq arxasında qılınc və dartılan yay səsləri eşitdi. Geri dönəndə arxasında Dirmadan gələn ovçuların durduğunu və kabil detronlara qılınc çəkdiyini gördü. Eyni qayda ilə oxlar da detronları nişan almışdı. Semiqonun düz arxasında duran Vormor ona dedi:

– Biz səninləyik. İstəsən, burda ölərik, istəsən, Qara dağlarda. Amma səni tək qoymarıq.

Bu, Semiqona qürur verdi, amma o, qan tökülməsini istəmirdi. Üzünü çaş-baş qalmış Neylaya tutaraq dedi:

– İcazə ver gedim. Detronlar və ovçular isə səninlə birlikdə kənd əhalisini dəfn eləsin. Məni başa düşün, mən sizinlə heç nə olmamış kimi Dirmaya gedə bilmərəm.

Neyla Semiqona və onun yanındakı ovçulara baxdı. Ətraflarını artıq digər detronlar mühasirəyə almışdı. Bir əmri ilə bütün bu biabırçılığa son qoya bilərdi. Amma o da Semiqon kimi qan tökülməsini istəmirdi. Pilləkənlərdən enərək küçənin ortasına addımladı. Ovçulara çatdıqda isə dayandı və üzünü Semiqona tutaraq dedi:

– Bir şərtlə icazə verərəm sənə.

– Nə istəyirsən, amma bu cəfəngiyyata bir son qoy.

– Mən də səninlə gəlirəm…

Detronlar və ovçular hamısı kənddə qaldılar. Neyla onlara əmr verərək bütün kənd əhalisinin cəsədlərini Dirmaya çatdırmağı, xant Tamvelə isə digər kəndləri müdafiə etməyi üçün xəbər göndərdi. Özü isə Semiqon və bir kabil detronla şimala getdi.

* * *

Meşələrin girişinə çatdıqda ayaq saxladılar. Artıq gün ortası olurdu, lakin meşə həddindən artıq qaranlıq idi. Semiqon fikirləşmədən meşəyə daxil oldu, ardınca isə detron irəlilədi. Neyla geriyə dönüb Arçibaldın buludlu səmasına baxdı. İçindəki təhlükə hissi daha da artmış, narahatlıq isə qorxuya qarışmışdı. Özünə və döyüş bacarıqlarına nə qədər güvənsə də, bu səyahətə hazır deyildi. Şimala getməyinin səbəbi isə Vayzoda nələrin baş verdiyini anlamaq üçün idi. Önünə çevrilərək qaranlıq meşəyə addımladı. Meşənin içərisində cığırlar olmasına baxmayaraq, onların üzərini quru yarpaq və qar örtürdü. Meşə çox səssiz görünürdü. Nə bir heyvan, nə bir quş səsi gəlirdi. Neyla Semiqonun arxasında addımlayırdı, səssizliyi pozmaq üçün dedi:

– Doğru yolla getdiyimizdən əminsən?

– Əminəm, amma siz ikiniz mənimlə gəlmək məcburiyyətində deyilsiniz.

– Bunu məcbur olub etmirəm, sadəcə mən də bu vəhşiliklərə son qoymağa çalışıram. Həm də Qamveli də evə qaytarmaq lazımdır.

– Siz onu tanıyırsınız? Yoxsa bunu vəzifə borcu olaraq görürsünüz?

– Birbaşa tanımıram. Amma qardaşı Tamvel, onunla tanışıq.

Semiqon birdən dayandı. Aşağı əyilərək qarda eşələnməyə başladı. Neyla onun yanına gələrək nə etmək istədiyini anlamağa çalışırdı. Detron isə ətrafı gözətləyirdi. Semiqon qarı əli ilə təmizlədikdən sonra boz tük koması göründü. Bir az daha təmizlədikdən sonra ayağa durub geri çəkildi. Yerdə bədənsiz şimal ayısının başı dayanmışdı. Dili ağzından çölə çıxıb sallanmış, gözləri isə açıq şəkildə idi. Semiqon dedi:

– Görünür, rəqibi güclü olub. Bu günə kimi şimal ayısının nədənsə qorxduğunu görməmişdim.

Neyla təəccüblü şəkildə soruşdu:

– Qorxduğunu?

– Bəli, başı bədənindən ayrılanda, çox güman ki, nədənsə qaçırmış.

– Bunu hardan bildin?

– Ayı ölərkən yaradan və ya döyüşdən ölürsə, bu ani şəkildə baş vermir. O, canını tapşırana kimi gözünü yumur və son nəfəsini verir. Burda isə görünür, onu sadəcə tutub başını bədənindən ayırıblar. Ona görə tam ölməmişdən qabaq hər şeyi öz gözləriylə görüb, sonra ölüb.

– Qradoslar…

– Yox. Onlar belə buna malik deyil. Sən, ümumiyyətlə, şimal ayısını diri şəkildə görmüsən?

Gənc qız sanki hadisələrdən uzun müddət kənar qalmış kimi soruşdu:

– Necə yəni?

Semiqon kinayəli şəkildə:

– Siz cənubda kimlərlə vuruşurdunuz? Dovşanlarla?

Bunu deyib irəlilədi Semiqon. Neyla onun arxasınca əsəbi şəkildə baxanda yanındakı detron ovçunun bu sözünə gülümsədi. Gənc qız detronu necə sərt baxışlarla süzdüsə, döyüşçü udqunaraq yenidən heç nə olmamış kimi Neylanın qabağına keçərək addımlamağa başladı.

Meşə Qara dağların başlanğıcında seyrəlirdi. Artıq qaranlıq düşməyə başlayırdı. Semiqon bir az açıq ərazini göstərərək “burda gecələyə bilərik” dedi. Neyla və detron bu ərazilərdə təcrübəsiz olduğu üçün razılaşdılar Semiqonla. Gənc ovçu yerdəki qarı təmizləyərək torpağın üzərini açdı. Hava çox soyuq olduğu üçün qar ərimir, torpaq isə quru qalırdı. Sonra ovçu ətrafdakı quru budaqları yığıb düzəltdiyi yerdə komaladı. Ocaq qaladıqda artıq ətraf qaranlığa bürünmüşdü. Alov cəmi bir neçə addım ətrafı işıqlanırdı. Detron Bartundan gətirdiyi hazır yeməyi isitməyə başladı. Neyla da ocağın yanında əyləşib isinir, yeməyin hazır olmağını gözləyirdi. Semiqon isə kənddən götürdüyü xırda ət parçalarını uzun, iti budağa taxaraq közün üzərində bişirirdi. Neylada özündən asılı olmayaraq Semiqona qarşı maraq yaranmışdı. Uzun fəsillərdir artıq heç kəs ona bu qədər sadə davranmırdı. Hər kəs Neyladan cənub döyüşçüsü olduğu üçün çəkinirdi, onunla məsafəli davranırdı. Semiqonun bugünki danışığı, hərəkətləri, bir sözü ilə on beş ovçunu yanına çəkməsi ona təsir etmişdi. Hətta onun Neylaya “cənubda dovşanlarla vuruşursunuz” deməyi alçaldıcı olsa da, səmimiyyəti xoşuna gəlmişdi. Amma Semiqona bunlar maraqlı deyildi. Gənc ovçu bütün günü fikirli görsənirdi. Neyla gözünü yanan oddan çəkməyərək danışdı:

– Semiqon, sən təcrübəli ovçuya oxşayırsan. Niyə detron olmamısan?

– Mənə heç ovçu da demək olmaz, – gülərək dedi.

Neyla üzünü Semiqona çevirərək:

– Necə yəni?

– Neyla, sən həmişə bu qədər çox sual verirsən tanımadığın insanlara?

– Yox, sadəcə yanımdakı insanların kimlər olduğu maraqlıdır, – cavab verdi üzünü turşudaraq.

Semiqon əlindəki budağı közdən çəkərək üzərindəki tikəni çıxartdı. Bir dişlək aldıqdan sonra dedi:

– Mən ovçu olmaq üçün sınaqdaydım bunlar baş verdikdə. Zənnimcə, qalib də olacaqdım. Amma kəndimizdəki bir neçə ovçunun qaydaları pozması buna mane oldu.

– Hansı qaydaları?

– Dostum Hamzar da yarışda iştirak edirdi. Uşaqlıq dostum… Pusquda duranda onların Hamzarı sınaq üçün yaraladığını eşitdim. Onu qurtarmaq üçün ovçu ola bilmədim, amma yenə də heç nəyi dəyişə bilmədim. Ağır yaralanmışdı. Kəndə çatdıra bilmədim onu. Həm də kəndə çatdırsam da, ona kömək edəcək heç kəs qalmamışdı orda. Onun yerinə olmaq istəyərdim. Doğma kəndimizi yerləyeksan görmədi heç olmasa.

Gənc qız getdikcə Semiqona rəğbət bəsləyirdi. Ona belə bir insanı tanımaq xoş idi. Ayağa duraraq Semiqona yaxınlaşdı və əlini uzatdı. Bu, ovçulara xas salamlama idi. Semiqon da ayağa qalxdı və əlini uzadaraq Neylanı salamladı. Cənub döyüşçüsü dedi:

– Bu dediklərinin hamısı tam doğrudur?

– Bəli, – Semiqon təəccüblə təsdiqlədi.

– Onda Yüksək icmanın və cənubun mənə verdiyi imtiyazlarla sənə şimalın ovçusu adını verirəm.

Semiqonun çaşqınlıqla qarışıq üzündə sevinc gülümsəməsi yarandı. O, həyəcanlı şəkildə:

– Yəni, mən indi?

Neyla da gülümsəyərək dedi:

– Bəli, sən artıq ovçusan.

Cənub döyüşçüləri istədikləri şəxsə ovçu və ya detron titulunu verə bilərdilər. Lakin, demək olar ki, bunu heç vaxt etmirdilər. Çünki bu xırda işlərlə məşğul olmaq onlar üçün önəmsiz sayılırdı. Amma Neyla bu gün gənc ovçunu ruhlandırmaq üçün bu imtiyazından istifadə elədi. Semiqonun üzündən sevinc hissi yağaraq dedi:

– Çox sağol, Neyla. Arçibalda layiq ovçu olacağıma and içirəm.

Neyla başı ilə təsdiqləyərək əmin olduğunu bildirib yerində əyləşdi. Semiqon isə bu ağır gündə bir dənə də olsun xoş hadisə yaşadığı üçün əhvalı az da olsa, düzəldi.

* * *

Döyüşçülər yorğun halda közərən odun ətrafında oturmuşdular. Neyla yanındakı detrona baxaraq dedi:

– İstəsən, bir az yata bilərsən, yolumuz uzundur hələ.

Kabil detron gümrah səslə:

– Xeyr, döyüşçü Neyla, narahat olmayın. İstəsəniz, siz bir az istirahət edin, mən keşik çəkərəm.

– Olar, təşəkkür edirəm, – deyib üzünü Semiqona çevirdi Neyla:

– Sən də yat, dincəl, Semiqon. Gözlərin artıq qapanır.

Semiqon başı ilə razılıq verdi. Gənc ovçu artıq bir neçə gün olardı yatmırdı. Az da olsa yatıb, dincəlmək istəyirdi. Hər iki döyüşçü qarın üzərinə quru yarpaq tökdü, onun üstündən isə özləri ilə gətirdikləri yun örtükləri saldılar. Şirin yuxu onları çox gözlətmədi.

Gözətçi detron əllərini közərən oda yaxınlaşdırıb isitməyə çalışırdı. Yanan budaqlar tam közərdiyi üçün detron sadəcə bir neçə quru budaq ataraq ətrafı işıqlandırırdı. Cəmi beş-on addım məsafəni seçmək olurdu qaranlıqda. Sanki meşədə yox, qaranlıq bir otaqda oturub yatan döyüşçüləri qoruyurdu kabil detron. Bu qaranlıq səssizliyi onun arxasından gələn qəribə küy pozdu. Detron cəld ayağa qalxıb belindəki qılıncı çəkdi. Səs gələn tərəfə baxıb ağacların arxasında nəyinsə hərəkət etdiyini gördü. Detronlar qorxusuz və təlimli olsa belə, bu vəziyyətdə tək qaldığı üçün həyəcanlandı. Bədəni ayaq uclarından başındakı tüklərə kimi titrədi. Qaranlıqdan gələn səsin kimə aid olduğunu seçə bilmədiyi üçün Neyla və Semiqonu oyatmaq istəmirdi. Olsa bilsin ki, sadəcə hər hansı zərərsiz meşə heyvanı gecə yemək axtarışına çıxmışdı. Detron sağ əlinə közərən oddan bir tərəfi yanan nazik budaq götürdü. Yanan budaq önünü az da olsa, işıqlandırırdı. Qısa addımlarla qaranlığa tərəf yönəldi. Qarşısında enli gövdəli ağac işıqlanırdı. Ağacın arxasında hansısa canlı tərpənirdi və yaxınlaşdıqca kölgəsindən bunun həddindən böyük birinə məxsus olduğu hiss olunurdu. Detron marağına yenik düşərək bir neçə addım da irəli atdı. Gözlərini bərəldib getdikcə başını yuxarı qaldırdı. Ağacın zirvəsinə yaxın ağzı açıq və yekəpər bir varlığın ona baxdığını gördü. Bir addım da atdı. Artıq alnında tək gözü olan, uşaq sifətli, baxışlarından zərərsiz olduğunu düşündüyü təkgözü gördü. Geri yavaş-yavaş addım atıb yoldaşlarını oyatmaq istəyəndə yekəpər vəhşi təqribən detron boyda olan əli ilə onun bədənindən yapışaraq ovucuna aldı. Şikarını başı ilə paralel qaldırıb ona baxdı təkgöz. Detron həm vəhşinin bədənini sıxdığı üçün verdiyi ağrıdan, həm də yatan döyüşçüləri köməyə çağırmaq üçün var gücü ilə qışqırdı. Neyla uzandığı yerdən dik atıldı və yekəpəri görüb nə baş verdiyini anlamağa çalışanda Semiqon arxadan əli ilə gənc qızın ağzını bağladı və səs salmağına mane oldu. Həmən an bağırtıdan bezən təkgöz detronu başı üstə çevirərək boyundan yuxarı hissəsini ağzına aparıb dişlərini sıxdı. Əlini geri çəkdikdə detronun başsız bədəni tərpənmirdi artıq. Təkgöz vəhşi əlində saxladığı cansız bədəni ətrafdakı ağacların birinə çırpdı. Nərildəməyə başladı eyni anda. Sanki nə isə onu hiddətləndirmişdi. Alnındakı gözün qıraqları bəbəyinə kimi qıpqırmızı idi. Öldürməkdən həzz almışdı uşaq sifətli vəhşi. Semiqon Neylanı ocağın qırağından çəkdi. Bir neçə addım aralıda, iri bir qayanın arxasında gizləndilər. Təkgöz ağacların arasından irəli çıxdı. Ayaqları və belindən yuxarı bütün bədəni çılpaq idi. Dodaqlarının arasından az öncə öldürdüyü detronun qanı axırdı. Uzun addımlarla közərən ocağın və döyüşçülərin gizləndiyi qayanın qabağına gəldi. Əyilib Neyla və Semiqonun əşyalarında eşələnməyə başladı. Semiqon pıçıltılı səslə dedi:

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации