Электронная библиотека » Tural İsmayılzadə » » онлайн чтение - страница 3


  • Текст добавлен: 28 сентября 2022, 18:22


Автор книги: Tural İsmayılzadə


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 14 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

Xəyanət

Barkova orta Arçibaldın ən böyük şəhəri sayılırdı. Şəhər dört bir yandan qala divarları ilə əhatələnmişdi. Divarları hər on addımdan bir daş qüllələr əhatə edirdi. Bəzi qüllələr digərlərinə nisbətən daha kiçik, amma ərazisi böyük idi. Hündür qüllələrdə şəhər gözətçiləri dayanır, kiçik qüllələrdə isə gözətçilərdən başqa, uzaq məsafədəki hədəfləri vurmaq üçün qurğular yerləşdirilmişdi. Bu qurğular böyük qaya parçalarını və yağla dolu fıçıları bir göz qırpımında bir neçə vilron məsafəyə ata bilirdilər. Şəhərin ətrafı düzənlik ərazilərlə əhatə olunmuşdu. Arçibaldın ən böyük əkin sahələri bu ərazilər sayılırdı. Uzun fəsillər əvvəl cənubdan gələn hücumlardan qaçan Bartunun qaçqın insanları bu ərazilərdə öz məharətlərini göstərmiş və Barkovanı əkinçilər cənnətinə çevirmişdi. Barkova Arçibaldın bütün qida ehtiyatını özündə saxlayırdı. Buna görə şəhər sübh tezdəndən gecə yarısına kimi ticarətçilərlə və səyyarlarla qaynayırdı. Şəhərin girişi qərb tərəfdə qalın, polad qapılarla qonaqlarını qarşılayırdı. Girişin burda olmağının səbəbi Barkovanın şərqində, otuz vilron məsafədə Flartos şəhərinin yerləşməsi idi. Flartos Enşi çayının enli sahilində yerləşirdi və şərq diyarından gələn səyahətçilər birinci bura, sonra da Barkovaya gəlirdilər.

Barkova qərbdə Dirma şəhəri, şimalda bir neçə kənd və Qara dağlar, cənubda isə Bartun detronlarının qoruduğu sərhədlərlə qonşu idi. Şəhərin küçələri enli və səliqəli daşlarla düzülmüşdü. Bütün küçələrdə Arçibald dilində müxtəlif istiqamətlər göstərilən taxta işarələr yerləşirdi. Küçələrin qıraqlarında ticarətçilərin mallarını daşıdığı arabalar dayanmışdı. Bəziləri atlara qoşulmuş səyyar satıcıların, digərləri isə yerli ticarətçilərin olan qoşqular müxtəlif yükləri daşıyırdılar. Şəhərin tikililəri həddindən artıq səliqəli və əzəmətli görünürdü. Evlərin üzəri Enşi çayının rəngli daşları ilə bəzənmişdi.

Barkovaya daxil olduqdan sonra hündür şəhər divarlarının ardında, mərkəz tərəfdə başı göylərə dəyən tikili görünürdü. Bu, Arçibald sarayı idi. Saray şəhərin şimal tərəfində yerləşir və ətrafını qışda belə yaşaran bitki örtüyü bürüyürdü. Sarayı ari irqinin döyüşçüləri müdafiə edirdi. Arilər Arçibaldın ən ali və ən müdrik irqi hesab olunurdu. Yüksək icmanın da rəhbəri ari irqindən idi. Arilər uzun fəsillər əvvəl cənub boşluğundan köç etmişdilər Arçibalda. Həmən dövrlərdə Arçibaldın qurucuları arilərə Barkovanın cənub-qərbində, Dirmanın cənubundakı əraziləri verdi. Qurucular onların əkinçilik və balıqçılıqla məşğul olacağını düşünərkən arilər əksinə, elm və texnologiya ilə maraqlanmağa başladılar. Uzun vaxt keçmədi ki, artıq həmən ərazilərdə Qumdes şəhəri inşa edildi. Qumdes qədim ari dilində “ucalıq” deməkdir. Bu şəhərdə arilər daş tikililərdə yox, həddindən artıq hündür ağaclarda yaşayırdılar. Bu bitkiləri adi ağaclardan fərqləndirən xüsusiyyət arilərin onların köklərini cənubdan gətirdiyi torpaqla bərkitməsi idi. Bu torpaq Qumdes ağaclarına sadə ağaclardan on-on beş dəfə daha böyük və daha hündür böyüməyə imkan verirdi. Bu cürə ağaclar sadəcə Qumdes şəhərində bitirdi və Arçibaldın başqa heç bir yerində rast gəlmək olmazdı. Çünki arilər öz sirlərini başqa heç bir irqlə paylaşmırdı. Arçibaldda yerləşdiyi bir neçə fəsil ərzində Qumdes sərhədlərini arilərin öz döyüşçüləri qoruduğu üçün cənub sərhədindəki detronlar oradakı gözətçi qüllələrini ləğv etmişdilər. Müdafiə sistemi mükəmməl olan Qumdesə bu vaxta kimi cənubdan bir dəfə belə olsun hücum olmamışdı. Hətta Barkovanın müdafiə qurğularını da arilər inşa etmişdi. Lakin bu qədər qüdrətli olmaqlarına baxmayaraq, ari irqinin üzvləri heç vaxt Arçibalda xəyanət etməmiş və ya hökmranlıq üçün nə isə iddia etməmişdilər. Buna baxmayaraq, ötən fəsillər ərzində bütün Arçibald əhalisi arilərin ali varlıqlar olduqlarına əmin olmuş, yenidən qurulmuş “Yüksək icma”-ya onların rəhbərlik etməsini istəmişdilər.

Arçibald sarayının qapıları qızılı rəngə çalırdı və qarşısında daha iki ari döyüşçüsü dayanmışdı. Arilər hamısı uzunboy, arıq bədən quruluşuna sahib varlıqlardır. Lakin uzun qolları və cəld hərəkətləri onları seçilmiş qılınc ustaları edirdi. Sarayın dəhlizlərini divarlardan asılmış məşəllər işıqlandırırdı. Bu işıqlar əsas zala qədər uzanırdı. Hər üç məşəldən bir isə əlində uzun nizə tutmuş ari döyüşçüləri heykəl kimi dimdik dururdu. Yüksək icmanın üzvləri əsas zalda toplanırdılar. Zalın qapıları sarayın çöl qapılarından daha əzəmətli duruşa sahib idi. Sanki Arçibalddan başqa bir dünyaya açılacaqdı iri, qızılı polad qapılar. Əsas zalın qarşısında da ari döyüşçüləri dayanmışdı, lakin onlar digərlərindən fərqlənirdi. Uzun, qızılı libasları bədənlərinə daha kip oturmuş, beldən isə eyni rəngdə parça ilə bağlanmışdı. Bu ari döyüşçülərini “qızılı döyüşçülər” adlandırırdılar. Onlar birbaşa Yüksək icmanın şəxsi müdafiəçiləri sayılırdı və saylarını heç kəs dəqiq bilmirdi. Xüsusi təlim görmüş bu arilər hər hansı döyüşdə iştirak etmədikləri üçün onların nəyə qadir olduğunu heç kəs bilmirdi. Amma onlar Arçibaldın ən təlimli döyüş dəstəsi olaraq tanınırdılar.

Əsas zalın tam ortasında dairəvi şəkildə masa dayanmışdı. Masanın ətrafında palıdı rəngdə oturacaqlar düzülmüş və masaya tərəf sıxılmışdı. Bir neçə oturacaq isə sahibi ilə birlikdə arxaya çəkilmişdi. Masanın başında, yuxarı hissədə arilərin və Yüksək icmanın başçısı müdrik Xomera əyləşmişdi. Sağındakı oturacaqda kabil irqinin başçısı Loran, ondan bir masa aşağıda isə eldinlərin rəhbəri Zavlof oturmuşdu. Onlarla üzbəüz oturacaqda, Xomeranın sağında, şərqi Arçibaldda yaşayan və sayca azlıq təşkil edən klirk irqinin başçısı Akard əyləşmişdi. Klirklər uzun fəsillər əvvəl Barkova və Flartos şəhəri ətrafında məskunlaşmışdılar. Onlar bu ərazilərə şərqdən, Enşi çayının digər tərəfindəki diyarlardan gəlmişdilər. Boyca orta boylu olan bu varlıqlar başları bədənlərinə nisbətən böyük və əlləri daha qısa göründüyü üçün uşaq görünüşünə sahib idilər. Döyüşkən bir xarakterə malik deyildilər klirklər. Buna səbəb isə onların ilk Arçibalda gəlişiylə bağlıdır. Klirklər Arçibalda işğalçı kimi gəlmişdilər uzun fəsillər əvvəl, lakin insanlar tərəfindən ağır məğlubiyyətə uğradıqları üçün köləyə çevrilmiş, Yüksək icma qurulduqdan sonra yenidən azad əhali kimi yaşamağa başlamışdılar.

Xomera bu gün çox fikirli görsənirdi. Arilər adi insanla müqayisədə bir neçə dəfə çox yaşadıqları üçün yaşı iki yüz fəsli ötməsinə baxmayaraq, Xomeranın üzündə bir dənə də cizgi yox idi. Ayağa qalxaraq masadan bir az geri çəkildi və əsas zalın bir küncünə zilləndi. Loran və Zavlof sakit, səssiz onu izləyirdilər. Zaldakı səssizliyi Akard pozdu:

– Bu gün mənə bəzi məlumatlar çatıb, Xomera. Səyyarların dediklərinə görə, Flartosa şərq diyarından xəstəlik düşüb. Əhali narahatdır.

Xomera ağır hərəkətlə geri döndü və masanın başına qayıtdı, lakin oturacağa əyləşmədi. Akarda cavab kabil başçı Lorandan gəldi:

– Necə bir xəstəlikdən söhbət gedir?

Akard Xomeranın ona cavab verməyəcəyini başa düşdü və üzünü Lorana tutdu:

– Ciddi bir xəstəlikdir. Deyilənə görə, bu xəstəliyə yoluxan əhalinin baş ağrısı və ürək bulantıları dayanmır.

– Bunun nəyi ciddidir?

– Sən bilirsən ki, Flartosdakı əhali bir gün işləməsə, nə baş verər? Bütün Enşi çayından gələn qida ehtiyatımız sıfıra enər. Ona görə ciddi xəstəlik dedim, Loran.

Zavlof dizlərinə çatan əllərini eldinlərə xas masanın üstündə çarpazlayaraq söhbətə müdaxilə etdi:

– Məncə, Akard haqlıdır. Buna biganə yanaşmaq olmaz. Qida ehtiyatımızdan əlavə, Flartos bizim ticarət açarımızdır.

Hər başçı öz fikrini irəli sürərkən Xomera heç nəyə cavab vermir, diqqətlə digər Yüksək icmanın üzvlərinə qulaq asmağa davam edirdi. Loran üzünü müdrik ariyə tutaraq dedi:

– Xomera, sən bu məsələyə necə baxırsan?

Xomera əllərini arxaya apararaq birləşdirdi. Dərin nəfəs alıb sözə başladı:

– Əziz Yüksək icma üzvləri, hər biriniz öz irqinizin ən alisi və müdrikləri olaraq bu masada əyləşmisiniz. Biz bu günə kimi Arçibaldı qorumuşuq. Hər kəsdən, hər canlıdan və ümumiyyətlə, hər şeydən. Lazım gəlib müqəddəs bildiyimiz Yüksək icmanı da buna qurban vermişik, – bu sözdən sonra Zavlof əllərini masadan yığışdırıb yanına apardı, – amma mənim uzun fəsillərdir qorxduğum hadisə, görünür, artıq başlayıb.

Loran özündən asılı olmayaraq ayağa qalxdı və ürkək səslə kabil irqinin başçısına xas olmayan həyəcanla soruşdu:

– Necə yəni, Xomera? O qayıdıb?

– Bəli, əziz dostum Loran, qayıdıb.

Akard Flartosdakı xəstəliyi kənara qoyub Xomeradan soruşdu:

– Buna əminik?

Müdrik ari klirk başçıya da əmin olduqlarını bildirdi. Artıq Akard da narahatlığını biruzə verirdi. Sadəcə Zavlof soyuqqanlı şəkildə soruşdu:

– Bəs kitab? O, Ölülərin kitabını tapdı?

– Bəli, dostum, Folian artıq kitabı tapıb…

Bunu deyərkən digər üç başçının gözləri bərəldi. Zavlof yenidən danışmağa başladı:

– Görünür, sən onun adını səsləndirirsənsə, artıq Arçibaldın sonu gəlib. Məndən qabaq eldinlərin başçısı da, mən özüm də deyirdim ki, onu tapıb öldürmək lazımdır.

Xomera üzündə hər hansı dəyişiklik hiss etdirmədən dedi:

– Biz onu öldürə bilməzdik, qanunları bilirsən. Əgər onu öldürsəydik, xəyanət etdiyini insanlar bilsəydi, sən indi Arçibaldda bir nəfər də olsun insan irqinin nümayəndəsini tapa bilməzdin.

– Bəs bu xəbəri hardan aldın?

– Qara dağların qəlbində gizlədilən kitab oğurlanıb. Mən bunu bir neçə fəsil əvvəl bildim, ora göndərdiyimiz kəşfiyyat dəstəsi bunu mənə çatdırmışdı. Sizinlə bölüşmək istəmirdim, çünki fikirləşmirdim ki, bu, Folianın işi ola bilər. Dəstədə göndərdiyimiz cənub döyüşçüsü geri dönməmişdi həmən gün. Əvvəl fikirləşmişdim ki, hansısa axmaq cənub döyüşçüsü kitabı oğurlayıb öz başçıları kimi Arçibalda müharibə açmaq istəyir. Buna çox da əhəmiyyət vermirdim, çünki kitabı Foliandan başqa heç kəs idarə edə bilməzdi. Amma bir neçə gün əvvəl şimaldakı kəşfiyyat dəstəsi Dirma tərəfə gedən qrados birləşmələrini görüb.

Digər Yüksək icma üzvləri sanki ölümlərinin ayaq addımlarını eşidirmiş kimi Xomeraya qulaq asırdılar. Müdrik ari isə davam edirdi:

– Bildiyiniz kimi, qradosları sadəcə Ölülərin kitabı vasitəsi ilə idarə etmək olar. Bartun başçısı Hetraya göstəriş verdim ki, şimal-qərbə dəstə göndərsin. Qara dağlarla sərhəddə Vayzo kəndi yerləşir və qradosların istiqaməti də oraydı. Güman edək ki, gecikməmişik…

Loran səbirsizcə:

– İcazənizlə, Barkovadakı döyüşçülərdən bir hissəsini götürüb Dirmaya, ordan da Vayzoya gedim.

Xomera əliylə dayanmağını göstərərək bildirdi:

– Xeyr, dostum, Bartuna xəbər göndərmişəm, ordakı detron ordusu Barkovaya gəlir artıq. Sən onlarla birləşərək şimala, Qara dağların bitdiyi meşəliklərə gedəcəksən. Düzənlikdə ordunun meşədən çıxmasını gözləyəcəksən. Zənnimcə, düşmən Barkovaya hücum edəcək. Vayzo sadəcə bizi çaşdırmaq üçün həmlədir. Həm də biz Barkovanı itirsək, Arçibaldı itirmiş olarıq. Nəyin bahasına olursa-olsun, bu şəhər işğal oluna bilməz.

Loran başıyla təsdiqlədikdən sonra əsas zalın çıxış qapısına doğru irəliləyərək “Qapı!” deyərək bağırdı. Həmən an qapılar açıldı və kabillərin başçısı növbəti hazırlıqlar üçün zaldan çıxdı. Akard hələ də gözünü döyərkən Zavlof dilinin altında bir ad pıçıldayırdı qorxaraq:

– Folian, Folian, o qayıdıb.


Folian uzun fəsillər əvvəl Yüksək icmanın üzvü, insan irqinin başçısı idi. O, Xomeradan da müdrik bir insan idi. Onun fikirləri və məsləhətləri ilə Arçibald gücünə güc qatırdı. Orduda keçirtdiyi islahatlarla detronları və ariləri daha təlimli döyüşçülərə çevirdi. Cənub boşluğu ilə olan sərhədləri möhkəmləndirdiyi üçün sərhədyanı ərazilərdə əkinçilik dirçəldi. Öz irqi isə ona böyük rəğbət bəsləyirdi. Onun müdrikliyinin şahidi olan arilər Folianı cənubun bütün sirlərini bilməsi üçün Qumdesə dəvət etdilər. Bir fəsil orda yaşayan Foliana sadəcə bir kitab qadağan olundu, “Ölülərin kitabı”. Cənubun şərini daşıyan bu kitab bütün dəhşətlərin səbəbi kimi göstərilirdi. Arçibald əfsanələrinə görə, cənub varlıqları sülhsevər və müharibədən uzaq varlıqlar olublar. O vaxta kimi ki, Qara qüvvələr bu kitabı yaradıb qrados irqindən birinə verdikdən sonra hər şey dəyişilib. Ölülərin kitabı ətrafındakıları kin, nifrət, ölüm hissinin daşıyıcılarına çevirirdi. Lakin arilər bu kitabı qradoslardan oğurlamış və Arçibaldda gizlətmişdilər. Qara qüvvələrin qarşısı alınmışdı, ya da hər kəs belə düşünürdü. Folian Qumdesdə artıq əbəs vaxt itirdiyini düşünürdü. Onu bir kitab maraqlandırdığı üçün şəhəri tərk etmirdi. O, bütün sirləri bilməli idi. O, insan irqinin daha ali olduğunu Arçibalda sübut etmək istəyirdi. Budur, həmən gün gəldi, Folian kitabı arilərin qanunlarını pozaraq oxudu. Oxuduğu andan kitabla arasında bir əlaqə yarandı və kitabı oğurlayıb şimala qaçdı. Bütün şimal ovçularını ətrafına yığdı. Öz irqinin başçısı olduğu üçün hər kəs Folianın çağırışına cavab olaraq toplaşdı. Lakin hər kəs onun fikirlərini eşitdikdə dəli olduğunu fikirləşdi. Folian Arçibaldı insanların idarə etməli olduğunu, bu idarəçiliyə boyun əyənlərin insanlara xidmət edərək yaşamalı, digərlərinin isə öldürülməsini mühüm bilirdi. Foliana dəli deyən çox olsa da, onun tərəfini tutanlar da az olmadı. Bir fəsil belə keçməmiş şimalda döyüş baş verdi. Yüksək icmanın qərarı ilə Arçibald ordusu bu cəfəngiyata xidmət göstərənlərin öldürülməsi üçün şimala gəldi. Arilər, insanlar, kritlər, kabillər və eldinlərdən ibarət ordu Folianın qarşısında dayandı. Folian da bu müddət ərzində hazırlaşmışdı. O, kitabın qara qüvvəsi ilə vəhşi varlıqları özünə tabe etmiş və bəzi insanların qəlbinə nifrət ləkəsi salmışdı. Böyük döyüş oldu. Hər irq minlərlə ölü verdi həmən gün. Folian uduzdu və əsir götürüldü. Lakin bütün Arçibaldın insan başçıları Yüksək icmaya müraciət edərək onlardan Folianın sağ buraxılmasını istədi. Onun öldürülməsi insan irqi üçün ləkə demək idi. Əvəzində isə insanlar Yüksək icmanın qərarlarına qarışmayacağına, öz irqlərinə başçı seçməyəcəklərinə və icmaya sadiq olacaqlarına and içdilər. Belə də oldu, Folian cənuba sürgün olundu. Ölülərin kitabı isə ari irqindən bir döyüşçüyə verildi. O, kitabı Qara dağların dərin mağaralarında gizlətdi və kitab bir daha heç kim tərəfindən tapılmasın deyə özünü qarlı dağlarda öldürdü. Beləliklə, müsibətlərin kitabı ömürlük gizlədildi və yerini bilən tək canlı da öldü.


Artıq gün batarkən Xomera Zavlofla sarayın uca eyvanında durub şimala baxırdılar. Zavlof dedi:

– Səncə, nələr baş verəcək?

– Mənim fikrimcə, artıq Folian, – əlini şimala, Qara dağlara tutaraq, – bax, orda, kitabı tapıb və qorxunc bədheybətləri qara qüvvələrin köməyi ilə Arçibalda çağırıb bizi gözləyir.

– Necə yəni bizi?

– O, çox ağıllı insandır. Mənim əcdadlarım onu bir dəfə məğlub edib. Amma o, kitaba yiyələndiyi üçün bu qədər yaşaya bilib. Fikrimcə, bu qədər vaxta artıq daha müdrik olub. İndi üzərimizə gəlmirsə, deməli, nəyisə gözləyir. Bizim Qara dağlara yürüş etməyəcəyimizi bilir. Deməli, nəsə səhvimizi gözləyir. Qradoslarını ona görə kiçik kəndlərin üzərinə salır…

Zavlof köksünü ötürdü. Uzaqdan sıralı addım səsləri gəlməyə başladı. Lakin bu səs şimaldan deyil, cənubdan, şəhərdən gəlirdi. Hər iki Yüksək icma üzvü otağa keçərək digər eyvana çıxdılar. Şəhəri işıqlandıran məşəllərin arasındakı küçələrlə Bartunun qorxusuz ordusu addımlayırdı. Onlar Yüksək icmanın əmriylə artıq Barkovada idilər. Loran və ətrafındakı ari döyüşçüləri artıq küçədə onların rəhbərləri Hetra ilə danışırdılar. Loran adət-ənənələrə sadiq biri olaraq Hetranı görəndə detron salamı verdi. Cavab olaraq eyni salamı aldıqda onunla birlikdə bütün detron ordusu eyni salamı verdi. Əllərin bir-birinə toxunmasından çıxan kütləvi səs bütün Barkovada da vulkan partlayışı kimi əks-səda verdi. Daş binalardan və taxta çərçivədən əhali küçələrdəki detronlara baxaraq öz aralarında pıçıldaşır, dört nəfərdən ibarət ard-arda düzülən döyüşçü sıralarının arasında qaçan balaca uşaqları kənara səsləyirdilər. Loran Hetraya yaxınlaşaraq dedi:

– Xoş gəldin, köhnə dostum.

Hetrayla Loran hələ cənub yürüşlərindən bir-birlərini tanıyırdılar. Hetra gülümsəyərək dedi:

– Xoş gördük, başçı Loran. Deyəsən, köhnə günlərə qayıdırıq.

– Xeyr, dostum, məncə, köhnə günlər üçün darıxacayıq.

Loran əli ilə sarayı göstərərək Bartunun yaşlı başçısını içəri dəvət etdi.

Çox çəkmədi ki, artıq bütün Yüksək icma üzvləri və yaşlı Hetra əsas zalda müzakirələrə başlamışdılar. Bütün üzvlər oturmuş, Hetra isə masanın aşağı hissəsində, bir neçə addım aralıda göstərişləri gözləyirdi. Xomera üzünü Hetraya tutaraq dedi:

– Hetra, dediyimiz kimi Vayzoya dəstə göndərildimi?

– Bəli, Xomera, əmrinizə uyğun olaraq bir cənub döyüşçüsü və otuz detron bir neçə gün əvvəl yola çıxıb artıq. Əgər hər hansı çətinlik yaşanmayıbsa, artıq Dirmada olmalıdırlar.

– Niyə bu qədər az döyüşçü göndərmisiniz?

– Cənub döyüşçümüz təcrübəlidir, bundan əlavə isə ona sizin möhrünüzü təqdim eləmişəm ki, şimal ovçularından da dəstək götürsün.

– Aydındır, bundan sonra Loran sizə başçılıq edəcək. Barkovadan da ari döyüşçüləri götürərək şimala irəliləyəcəksiniz.

Üzünü Lorana tutaraq davam etdi müdrik ari:

– Əziz dostum, ümid edirəm hər şey düşündüyümüz kimi olar. Danışdığımız kimi, biz müdafiədə qalmalıyıq. Folianın nə qədər güclü olduğunu bilmirik. Amma onunla şəhər ətrafında qarşılaşmaqdansa, açıq ərazidə mübarizə etməyimiz yaxşı olar.

– Razıyam, Xomera, icazə versəniz, detronlar dincəlsin, sübh tezdən şəhərdən ayrılaq.

Xomera başını aşağı-yuxarı edərək təsdiqlədi və ayağa qalxdı. Bütün başçılar da eyni anda ayağa qalxdılar. Müdrik ari hər kəsə bir-bir baxaraq ucadan dedi: “Yaşasın Arçibald!”. Hər kəs eyni anda “Arçibald!” deyərək üç dəfə yüksək səslə təkrar-təkrar qışqırdılar.

Səhər tezdən artıq Loran və Hetra şəhər qapısında duraraq döyüşçülərin şəhərdən çıxmasını müşahidə edirdi. Bir ari döyüşçüsü əlində iki atın yəhəri ilə onlara yaxınlaşdı. Yəhərləri götürən başçılar atlara mindilər və üzü şimala döndülər. İki şəhərin ordusu birləşmişdi, amma əsas qüvvələr şəhərlərin müdafiəsi və sərhədlərdə qaldığı üçün cəmi minə yaxın döyüşçü gün batımına kimi artıq Qara dağların ətəyindəki meşələrə çatmışdı. Hava burda Barkovadan qat-qat soyuq olduğu üçün döyüşçülər tonqal qalamağa və ətrafına yığışmağa başladı. Hər on addımdan bir yanan tonqalların işığı ətrafı aydınlatsa da, qaranlıq meşənin içi görünmürdü. Çadırlar qurulmuş və növbə ilə döyüşçülər yatmağa başlamışdı. Döyüşün nə vaxt və ya ümumiyyətlə, olub-olmayacağı bilinmədiyi üçün hər kəs istirahətə çəkilmişdi.

Loranın çadırının qarşısında iki nizəli ari keşik çəkirdi. Uzaqdan çadıra yaxınlaşan Hetra göründü. O, tam çadırın qarşısına çatanda arilərdən biri başçının oyaq olub-olmadığını yoxlamaq üçün Hetradan gözləməyini xahiş elədi. Həmən an içəridən “buraxın, gəlsin” deyə kabil başçısı qışqırdı. Hetra başını aşağı-yuxarı yelləyərək təşəkkürünü bildirib çadıra daxil oldu. Loran Hetranı görərək yerə sərilən yun parçanın üzərindən durdu. Hetra:

– Bağışla, dostum, səni narahat etmək istəmirdim.

– Narahat etmədin, buyur.

Loran əli ilə qarşısındakı digər yun parçanı göstərdi. Hetra dizlərini ayaqlarının altına qatlayaraq oturdu. Otaqda tən ortada asılmış yağ lampasının işığı közərirdi. Hetra lampaya baxaraq dedi:

– Bəzən Arçibaldı bu közərən işığa bənzədirəm…

– Necə yəni? – Loran təəccüblə soruşdu.

– Qüdrətli görünsə də, məğlubiyyət bir addımlığımızdadır.

Loran başını geri ataraq bərkdən güldü:

– Dostum, biz məğlub olmamışıq və inanmıram ki, bizi hər hansı qüvvə məğlub edə bilsin.

– Bəlkə də, sən deyən düzdür, Loran, amma biz hələ mübarizəyə başlamamışıq.

– Sən nə isə bilirsənsə, mənimlə bölüşə bilərsən, Hetra.

– Yox, sadəcə ağır gün olacaq sabah…

Hetra bunu deyərək ayağa qalxdı və icazə istədi. Loran başı ilə təsdiq etdikdən sonra Bartunun başçısı çadırdan çıxdı. Loranı isə narahat edən bir məsələ qaldı. Sabah nə olacaq? Döyüş olsa belə, Hetra bunu hardan bilir? Bu fikirlər beynində cavabsız qalsa da, kabil olduğu üçün tez yadından çıxardı və yatdı.

Səhərin soyuğu çadırın içərisində soyuq hava cərəyanı yaratmışdı. Azacıq açıq qalmış çadırın girişindən içəri soyuq hava dolur, eyni şəkildə çadırda fırlanaraq çölə çıxırdı. Loran tam oyanmasa da, artıq yatmırdı. Onu yerindən durmağa detron təbili məcbur etdi. Bu təbil ancaq həyəcan anında çalınırdı. Deməli, artıq hər şey başlayırdı, ya da düşərgədə nəsə baş vermişdi. Loran tez ayağa qalxdı, ağır qılıncını gecə yatarkən qoyduğu yerdən götürüb belinə bərkitdi. Çadırın qabağına çıxanda hər kəsin düşərgənin şimalına qaçışdığını gördü. Çadırın keşikçilərindən birinə atını gətirməsini əmr elədi və bir neçə göz qırpımında atı yanında idi. Tez atın belinə qalxdı, amma çadırların arasından heç nə görmədiyi üçün qabağa çaparaq düzlənməyə çalışan sıranın qabağına çıxdı. Gözlərinə inana bilmirdi. Meşənin sıx ağaclarının arasındakı qara kölgələrdən çölə qradoslar çıxırdı. Əllərində sevimli silahları olan baltalar isə səhərin ilk işıqları ilə parıldayırdı. Qorxunc görsənirdilər bu varlıqlar. Şimal qışının və Qara dağların soyuğunda bədənlərində sadəcə dirsəklərinədək libas, eyni parçadan da dizlərinə qədər uzanan geyim var idi. Şaxta belə kəsmirdi dərilərini. Uzun, önə çıxan sifətlərinin qarşısında burunlarından və alt dodaqlarından çıxan hava buxarlaşırdı. Loranı çaşdıran bundan əlavə meşədən bir neçə təkgözün çıxması oldu. Bu varlıqların nəsli uzun vaxtdır kəsilmişdi. Hətta Arçibalddan belə qədimdə yaşamışdı təkgözlər. Həddindən artıq enli bir sırada ard-arda düzülürdülər qradoslar. Sağdan-sola hər on addımdan bir isə aralarında təkgözlər dayanmışdı. Təkgöz adı kimi alnında tək gözü olan, on-on iki addım böyüklüyündə, əllərində ağac kötükləri olan varlıqlar idilər. Ayaqları yalın, bədənlərində isə bellərindən aşağı libas sallanırdı. Hamısı dəhşətverici dərəcədə xırıldayır və sanki əmr gözləyirdilər.

Loran cəld orduya dönərək “Düzlənin!” deyə bağırdı. Ömürlərində əksəriyyətinin birinci dəfə gördüyü varlıqlar detronları çaş-baş salmışdı. Arilərsə əksinə, artıq öz mövqelərini almış, bellərindəki yaylarına ox taxıb əmr gözləyirdilər. Loran iki yüz addıma yaxın eni olan sıranın qabağında atını bu başdan-o başa çapmağa başladı. “Detronlar! Düzlənin!”. İkinci bağırtı detronları özlərinə gətirdi. Sıra hərc-mərc olsa da, artıq hər kəs öz yerini aldı. Loran sol əlini göyə qaldırdı, sol tərəfə yerə tərəf işarə elədi. Bu əmri başa düşən nizəçi detronlar sıranın qabağına çıxaraq bir dizlərini yerə atıb nizələrinin bir tərəfini torpağa bərkitdilər. Loran sağ əlini göyə qaldırdı bu dəfə, sıranın arasında təbillərin ritmik səsləri eşidilməyə başladı. Bu, o deməkdir ki, Arçibald ordusu döyüşə hazırdır artıq.

Detronlarla qradoslar arasında altı yüz-yeddi yüz addımlıq məsafə vardı. Meşənin dərinliklərindən boğuq ayı nəriltisinə bənzəyən bir səs gəldi. Qradoslar əvvəl addım-addım irəlilədilər. On beş-iyirmi addımdan sonra çıxardıqları xırıltı gur nəriltəyə dönərək hücuma keçdilər. Sanki fəsillərdir ac qalan vəhşini ovun üstünə buraxmışdılar. Qaçmağa başlayanda ayaqlarını yerə elə çırpırdılar ki, qar dənələrinin titrədiyini hiss eləmək olurdu. Onların arxasınca qaçan təkgözlər isə sanki yarışdaymışlar kimi qradosları keçib detronlara birinci çatmağa çalışırdılar.

Düşmən, təqribən, iki yüz addımlıq məsafədə olanda Loran göydə saxladığı əlini aşağı saldı. Təbillərin səsi kəsildi və oxlarını yaya taxan arilər nizəçilərin qabağına keçərək düşməni nişan aldılar. Eyni anda yaydan ayrılan oxlar üzərilərinə qaçan düşməni sadəcə ləngitdi. Bəzi qradoslar boğaz və başına dəyən oxlardan üzü üstə yerə çırpılıb bir neçə addım irəli süründülər. Qol və bədənlərindən ox yarası alan qradoslar isə eyni sürətlə davam edirdilər. Bəzi vəhşilərin ayaqlarından ox girsə də, sadəcə sürətləri azaldı. Arilər ikinci oxlarını yaya keçirtdilər. Loran qışqıraraq “Təkgözləri nişan alın!” deyə bağırdı. Oxlar yaydan ayrıldı, lakin üzərilərinə qaçan təkgözlərdən sadəcə biri yerə yıxıldı. Oxlardan biri gözündən girmiş, sürətlə gəldiyi üçün, demək olar ki, vəhşinin beynini dağıtmışdı. Loran “Hazır olun!” əmrini verdi. Oxçu arilər nizəçilərin arxasına, detronların yanına keçdi. Sıraya bir neçə addım qalmış qradoslar baltalarını göyə qaldırdı. Düz xətt üzrə detronlara çırpıldılar vəhşilər. Qradosların bəzilərini nizə deşərək göydə sallaq şəkildə saxladı. Bəzi vəhşilər sıranın ortasına kimi girib baltasını ətrafında fırladaraq bir neçə detronu doğradı. Loranın atına ön tərəfdən təkgözlərdən biri əlindəki kötüklə vuraraq başçını at qarışıq sıranın ortasına atdı. Arilərdən biri cəld hərəkət edərək qradoslardan birini qolunun altından xəncərlə doğradı, dizlərini yerə atan vəhşinin ani zərbəylə başını bədənindən ayırdı. Geri dönməyə macal tapmamış belində bədənini deşən caynaqları hiss elədi. Arxasından gələn qrados uzun dırnaqlı caynaqlarını döyüşçünün qarnına kimi salıb çıxartdı. Ağzından qan damcılıyan ari üzü üstə yerə çırpıldı. Sıra dağılmışdı artıq. Təkgözlər əllərindəki kötükləri sağa-sola fırladaraq qarşısındakı xırda detronları on-on beş addım uzağa atırdı. Bu məsafədən yerə çırpılan döyüşçülərin əksəriyyəti artıq ayağa qalxmır, qalxa bilənləri də qradoslar baltayla iki yerə ayırırdılar. Kabil detronlar qorxusuzca vuruşurdular. Hər biri qradoslarla tək vuruşurdu. Kabil detronlar Arçibaldın fiziki cəhətdən ən böyük döyüşçüləri olsa da, qradosların yanında balaca görsənirdilər. Ətrafı bəzəyən ağ qarı axan qan qırmızı gölə çevirirdi. İnsan detronlardan biri qarşısındakı qradosu bir neçə yerindən yaralamaşdı. Amma bu, vəhşini yavaşlatmırdı, əksinə, daha da hiddətləndirirdi. Detron döyüşçü qılıncı üstünə şimşək kimi düşən baltanın qabağına tutur, özünü ancaq müdafiə edirdi. Bu cür üzləşmə həmişə qradosların xeyrinə qurtarırdı döyüşdə. Bir neçə sarsıdıcı zərbədən sonra detronlar müvazinətini itirir, sonuncu balta zərbəsi ilə param-parça olurdular. Bəzi arilər təkgözləri ani hərəkətlə ayaqlarından yaralaya bilirdilər. Yekəpərlər isə ləng hərəkət etdiyi üçün çevik döyüşçüləri tuta bilmir, sadəcə əllərindəki kötüyü ətraflarında fırladırdılar. Bu da çox çəkmirdi. Qradosların sayı həddin artıq çox olduğu üçün vəhşilər ariləri yaralayır və yavaşladır, təkgözlər isə tərpənməkdə çətinlik çəkən döyüşçüləri ayaqları ilə əzirdilər. Bu döyüş çox davam edə bilməzdi.

Loran yanında bir neçə ari və detronla qradosların əhatəsinə alınmışdı. Arilər nə qədər təcrübəli olsalar da, düşmənin sayca çox olması və detronların təkgözlər tərəfindən dağıdılması onların da bir-bir öz qanları içində yerə yıxılmağına səbəb olurdu. Loran qılıncını qarşısında dayanan qradosun ayağına soxdu. Vəhşi yerə əyilən kimi arxasına keçərək belindən qılıncı sinəsindən çıxana kimi itələdi. Yenidən geri çəkərək qılıncını yanında nərildəyən başqa bir qradosun düz təpəsinə atdı. Başı yarılan qrados arxaya, beli üstə yerə dəydi. Geridən gələn başqa vəhşinin zərbəsi Loranın boynunu dağıtmağa az qalmış mühafizəçi arilərdən biri özünü silahın qabağına atdı. Balta arıq döyüşçünün bədənini yarıya kimi böldü və qrados balta qarışıq arini qırağa atdı. Loran silahsız qaldığı üçün ağır zərbəylə qradosun üzünə yumruq atdı. Geri bir-iki addım çəkilən qrados yıxılmadı. Loran qarşısında, yerdə uzanmış ölü detronun əlindəki qılıncı götürmək üçün irəli gələndə təkgözün kötük zərbəsi başçını beş addım qırağa uçurdu. Yerə dəyən kabil başçısı ayağa durmağa çalışsa da, bədəninə düşən qradosun pəncəsinin ağırlığı ilə üzünü qara basdı. Köməyinə gəlməyə çalışan detronların sadəcə bağırtısını eşidirdi Loran. İnilti səsləri ətrafı bürüyürdü. Qradoslar baltalarını kənara qoyub yaralı döyüşçüləri caynaqları ilə parçalayırdı. Artıq soyuq silahların toqquşma səsləri kəsilirdi. Sadəcə vəhşi xırıltı və nəriltilər eşidilirdi.

Gözünə düşən qar dənələrindən önünü görə bilmirdi Loran. Əlini gətirib üzünü təmizləmək istədikdə isə nəinsə onu tutduğunu gördü. Başını silkəyərək qarı az da olsa, təmizlədi. Dizləri üstə sağ və sol qollarını var gücü ilə dartan qradosları gördü başının üstündə. Qollarını irəli çəkmək istəsə də, heç nə alınmadı. Ətrafına baxdı, cansız, ağappaq qarı qırmızı qan gölünə çevirən döyüşçülərini gördü. Hamısı doğranmış, param-parça olmuşdu. Bədənsiz başlar qradosların pəncələrinə dəyib dığırlanırdılar. Loranın tam önündə bir qrados gəlib dayandı. Baltasını göyə qaldırıb başçının kəllə sümüyünü dağıtmaq istəyəndə arxasından səs gəldi. “Dayan!”. Bu səs Lorana tanış gəldi. Qrados qarşısından çəkiləndə arxasında iki başqa vəhşinin müşahidəsində ona tərəf addımlayan Hetranı gördü. Hetra düz Loranın qabağına gəlib dayandı və əli ilə başçının üzünü qana bulaşmış qardan təmizlədi. Loran başını geri çəkərək Hetranın üzünə tüpürdü:

– Sən! Sən bunu necə edə bildin?!

Hetra biləyi ilə üzünü təmizlədi və dedi:

– Köhnə dostum. Mən bugün sənin burda olmamağın üçün hər şeyi eləyərdim, amma sən kütbeyin kabil olduğuna görə yenə də bir yolunu tapıb özünü öldürdəcəkdin.

– Mən başa düşmürəm, Hetra?! Səni alçaq insan! Öz irqinizin üz qarası! İnsan adını ləkəyən xain!

Hetra kinayəli şəkildə gülərək davam etdi:

– Bunu mənə sən deyirsən? Fəsillər boyudur irqimi azadlıqdan məhrum edən kabil qanmaz. İnsan irqi sizə görə, sizin axmaq Yüksək icmanıza görə bu vəziyyətdədir. Biz Arçibaldın qurtarıcılarıyıq! – Əlini qradoslara tutaraq, – bu ordunu görürsən? Bu yenilməz və mükəmməl ordu sadəcə bir insanın əl işidir. Folian sizin məqsədlərinizi bilirdi. O bilirdi ki, yeganə ali irq insanlardır. Siz isə ona tabe olmaq yerinə, onu sürgün etdiz! Sizə şans verilmişdi. İnsanlara boyun əyib bizə xidmət edərək yaşamaq! Amma siz güc və qüdrətli olmağı üstün tutdunuz.

Loran əsəbindən danışa bilmirdi artıq. O, anlamalıydı dünən Hetranın ona nə demək istədiyini. Hiddətli şəkildə davam etdi:

– Sən nə danışırsan axı?! Qara qüvvələr Foliana, sənə və sənin kimilərə bu qüvvəni nəyə görə verib?! Siz indi onların köləsisiniz! Hər şey bitdikdə sizi də tikə-tikə etdirəcəklər indi arxanda dayanan orduya! Ayıl, Hetra! Şərin qəlbini ələ keçirməsinə imkan vermə!

– Loran, düşünürdüm ki, bəlkə, sənə kömək edə bilim… Amma heyif ki, sən artıq qərarını vermisən.

Hetra üzünü geri döndərib uzaqlaşmağa başlayanda sadəcə əlini yuxarı qaldırıb və istəksizcə aşağı saldı. Loranın qolunu dartan qradoslar var gücləri ilə özlərini geriyə dartmağa başladı. Vəhşi nərilti ilə tutduqları qolu yerindən qopartmağa çalışırdılar. Əllərini özünə sıxaraq müqavimət göstərən başçının taqəti tükənir, iliklərinə kimi ağrı hiss edirdi. Bağırtısı cənub boşluğuna çatan başçının qabağına yenidən vəhşi qrados qayıtdı və baltasını göyə qaldırdı. Amma bu dəfə onu dayandıran olmadı. Loranın kəlləsini parçalayan balta zərbəsi onun bağırtısını da əbədi kəsdi…


Страницы книги >> Предыдущая | 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации