Текст книги "Hekayələr"
Автор книги: Василий Шукшин
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Vasili Şukşin
Hekayələr
KƏND SAKİNLƏRİ
“Nə var ki, ana? Qocalığı at kənara – gəl buralara. Həm də Moskvanı gör. Sənə yolpulu göndərəcəyəm. Ancaq yaxşı olar ki, təyyarə ilə gələsən – belə ucuz başa gələr. Özün də dərhal teleqram göndər ki, səni nə vaxt qarşılayacağımı bilim. Əsas odur ki, ürəkli olasan”.
Malanya nənə məktubu oxudu, qurumuş dodaqlarını büzdü və fikrə getdi.
– Pavel məni yanına çağırır, – deyib eynəyinin üstündən Şurkaya baxdı. (Şurka Malanya nənənin nəvəsi, qızının oğlu idi. Qızı şəxsi həyatını hec cür qura bilmirdi (üçüncü dəfə ərə getmişdi), nənə də qızından Şurkanı hələlik ona verməsini xahiş etmişdi. O, nəvəsini çox sevirdi, amma çox ciddi nəzarət altında saxlayırdı.)
Şurka masa arxasında oturub dərslərini hazırlayırdı. Nənəsinin sözlərinə çiyinlərini çəkməklə cavab verdi – əgər çağırırsa, get.
– Sənin tətilin nə vaxtdır? – nənə ciddiyyətlə soruşdu.
Şurka qulaqlarını şəklədi.
– Hansı tətil, qış tətili?
– Əlbəttə qış tətili, indi yay deyil ki…
– Yanvarın birindən. Necə məgər?
Nənə yenə dodaqlarını büzüb fikrə getdi.
Şurkanın isə həyəcan və sevincdən ürəyi sıxılırdı.
– Nə olub ki? – o, bir də soruşdu.
– Heç bir şey. Dərsini oxu! – Nənə məktubu önlüyünün cibində gizlədib geyindi və daxmadan çıxdı.
Şurka nənəsinin hara getdiyini görmək üçün pəncərəyə tərəf qaçdı.
Darvazanın ağzında Malanya nənə qonşu ilə görüşüb ucadan danışmağa başladı:
– Pavel məni Moskvaya qonaq çağırır, açığı, qalmışam neyləyim. Ağlımı bir yerə cəm eləyə bilmirəm. “Ana, – deyir, – sənin üçün bərk darıxmışam, gəl”.
Qonşu qadın cavabında ona nəsə deyirdi. Şurka onun dediklərini eşitmirdi. Nənə isə ucadan ona:
– Bu, aydın məsələdi, olar. Nəvələrimi bir dəfə də olsun görməmişəm, ancaq şəkillərinə baxmışam. Amma çox qorxuludur.
Onlara daha iki qadın yanaşdı, sonra daha birisi, sonra yenə… Az sonra Malanya nənənin ətrafına xeyli adam toplaşdı. O isə hər dəfə söhbətə yenidən başlayırdı:
– Pavel məni öz yanına – Moskvaya çağırır. Açığı, qalmışam belə, bilmirəm nə edim?
Hiss olunurdu ki, hamı ona getməyi məsləhət görürdü. Şurka əllərini cibinə soxub daxma boyunca var-gəl etməyə başladı. Üzündə xəyalpərəst və eynən nənəsində olduğu kimi dalğın və düşüncəli ifadə var idi. O, ümumiyyətlə, nənəsinə çox oxşayırdı – elə onun kimi arıq bədəni, enli sifəti, xırda və ağıllı gözləri var idi. Lakin xasiyyətləri heç uyğun gəlmirdi. Nənəsi qıvraq, güclü, çığırqan, hər şeylə maraqlanan qadın idi. Şurka da hər şeylə maraqlanan idi, amma həddindən artıq utancaq, ədəbli və dəymədüşər idi.
Axşam Moskvaya göndərmək üçün teleqram yazırdılar. Nənə diktə edir, Şurka yazırdı.
– Əziz oğlum Paşa, əgər sən mənim gəlməyimi istəyirsənsə, mən, əlbəttə, gələ bilərəm, hərçənd ki bu qoca vaxtımda…
– Salaməleyküm! – Şurka dedi. – Kim belə teleqram yazır?
– Səncə, bəs necə yazılmalıdır?
– Gələcəyik. Nöqtə. Ya da belə: Yeni ildən sonra gələcəyik. Nöqtə. İmza: anan. Vəssalam.
Nənə hətta incidi.
– Altıncı sinfə gedirsən, Şurka, ancaq düşüncən yoxdur. Yavaş-yavaş ağıllanmaq lazımdır.
Şurka da incidi.
– Buyur! – dedi. – Sən heç bilirsən, biz belə nə qədərlik yazarıq? Köhnə pulla 20 manatlıq.
Nənə yenə dodaqlarını büzüb fikirləşdi.
– Onda belə yaz: “Oğlum, mən burada bəzi adamlarla məsləhətləşdim…”
Şurka qələmi kənara qoydu.
– Mən belə bacarmıram. Sənin burada kimlərləsə məsləhətləşməyin kimə lazımdı axı? Poçtda hamı bizə güləcək.
Nənə hökmlə dilləndi:
– Sənə nə deyirlər onu da yaz. Məgər mən oğlum üçün 20 manata qıymayacağam.
Şurka qələmi götürdü və güzəştə gedərək iltifatla kağıza tərəf əyildi.
– Əziz oğlum Paşa, burada mən qonşularla danışdım. Hamı mənə getməyi məsləhət görür. Əlbəttə, bu qoca yaşımda bir balaca qorxuram…
– Onsuz da poçtda mətni dəyişəcəklər, – deyə Şurka əlavə etdi.
– Hünərləri var dəyişsinlər!
– Sənin heç xəbərin də olmayacaq.
– Ardını yaz: mən, əlbəttə, bir balaca qorxuram, ancaq… yaxşı… Yeni ildən sonra gələrik. Nöqtə. Şurka ilə. O artıq böyüyüb. Pis uşaq deyil, sözəbaxandır.
Şurka son sözləri – böyüdüyü və sözəbaxan olduğu haqda sözləri yazmadı.
– O, yanımda olsa, heç bir qorxum olmaz. Hələlik sağ ol, oğlum. Mən özüm də sizdən ötrü çox…
Şurka “yaman” yazdı.
– …darıxmışam. Heç olmasa, gəlib uşaqları görərəm. Nöqtə. Anan.
– İndi gəl hesablayaq, – deyə Şurka istehza ilə dilləndi və qələmin ucunu bir-bir sözlərin üstünə vuraraq pıçıltıyla saymağa başladı: – Bir, iki, üç, dörd…
Nənə onun arxasında durub gözləyirdi.
– Əlli səkkiz, əlli doqquz, altmış! Elədir? Altmışı vuraq otuza – bir min səkkiz yüz? Elədir? Onu da bölək 100-ə və alaq on səkkiz. Bir sözlə, iyirmi neçə manatsa, – Şurka bunu təntənəli şəkildə elan etdi.
Nənə teleqramı ondan alıb cibində gizlətdi.
– Poçta özüm gedəcəm. Sən burada savadlı çıxmısan, yaman da hesablayırsan.
– Buyur, onsuz da həmin məbləğ olacaq. Bəlkə, bir neçə qəpik səhv etmiş olaram.
…Saat on bir radələrində məktəbin təsərrüfat müdiri, qonşu Yeqor Lizunov onlara gəldi. Nənə onun ailə üzvlərindən xahiş etmişdi ki, işdən gəldikdən sonra ona baş çəksin. Yeqor öz zamanında çox gəzib-dolaşmış, təyyarəyə minmişdi.
O, yarımkürkünü və papağını çıxartdı, codlaşmış kobud ovucları ilə tərli çal saçlarını tumarladı, stola yaxın əyləşdi. Daxmanı saman və yəhər-qayış iyi basdı.
– Demək, uçmaq istəyirsiniz?
Nənə zirzəmiyə girib oradan içində baldan çəkilmiş pivə olan dörddəbir litrlik şüşə çıxartdı.
– Uçmaq, Yeqor. İndi hər şeyi bir-bir danış. Nə olur, necə olur.
– Burada danışmalı nə var ki? – Yeqor gözütoxluqla, hətta bir az da iltifatla nənənin pivəni necə süzdüyünə baxırdı. – Əvvəlcə şəhərə, oradan Biysk-Tomsk avtobusuna oturub Novosibirskə qədər gedərsiniz. Orada şəhər hava kassasının harada olduğunu soruşarsınız. Birbaşa aeroporta da getmək olar…
– Bir dayan görüm! Elə bil əzbərləmisən – “olar, olar”. Nə etmək olar yox, de görüm, nə etmək lazımdır. Həm də aramla de. Yoxsa hər şeyi qatıb-qarışdırarsan, – nənə bir stəkan pivəni Yeqorun qabağına qoyub onu sərt baxışlarla süzdü.
Yeqor barmaqları ilə stəkana toxundu, onu tumarladı.
– Deməli, belə, Novosibirskə gedirsiz, çatan kimi dərhal aeroportun yolunu soruşursuz. Şurka, yadında saxla.
– Şurka, yaz, – nənə əmr etdi.
Şurka dəftərindən təmiz vərəq cırıb yazmağa başladı.
– Tolmaçevoya gedib orada da Moskvaya biletin harada satıldığını soruşursuz. Bilet alıb “Tu-104” təyyarəsinə minirsiz. Beş saatdan sonra Moskvada, vətənimizin paytaxtında olacaqsınız.
Nənə başını balaca quru yumruğuna söykəyib kədərlə Yeqoru dinləyirdi. Yeqor danışdıqca bu səfər qonşunun özünə nə qədər asan görünürdüsə, nənə bir o qədər qayğılı sifət alırdı.
– Düzdür, Sverdlovskda yerə enəcəksiz…
– Niyə?
– Belə lazımdı. Orada bizdən soruşmurlar. Endirirlər, vəssalam. – Yeqor düşündü ki, indi içmək olar. – Hə, yolunuz uğurlu olsun.
– Dayan. Biz Sverdlovskda onlardan bizi düşürməyi xahiş etməliyik, yoxsa hamını özləri düşürdürlər?
Yeqor içdi, ləzzətlə qaqqıldayaraq bığlarını tumarladı.
– Hamını… Yaxşı pivən var, Malanya Vasilyevna. Sən onu necə hazırlayırsan? Mənim qarıma da öyrət.
Nənə onun üçün bir stəkan da pivə süzdü.
– Nə vaxt xəsisliyi tərgitsəniz, onda pivəniz də yaxşı olacaq.
– Necə yəni? – Yeqor deyiləni anlamadı.
– Şəkərini bir az çox edin. Yoxsa siz onu həm ucuz, həm də tünd eləməyə çalışırsınız. Mayagöbələyinə şəkəri çox qatın, bax onda əsl pivə olacaq. Tütündən süzüb şirəsini çıxarmaq isə əsl biabırçılıqdı.
– Həə, – Yeqor fikirli-fikirli dedi. Stəkanı qaldırıb bir nənəyə, bir də Şurkaya baxıb başına çəkdi. – Həə… Belə olmağına belədi. Ancaq Novosibirskdə olarkən baxın ki, səhv etməyəsiz.
– Nə ola bilər ki?
– Heç, elə-belə… Hər şey ola bilər. – Yeqor tənbəki kisəsini çıxarıb papiros eşdi və bığlarının altından iri bir ağ tüstü buludu buraxdı. – Əsas, əlbəttə, odur ki, Tolmaçevoya çatan kimi kassaları dəyişik salmayasınız. Yoxsa səhvən Vladivostoka da uçmaq olar.
Nənə həyəcanlandı və üçüncü stəkanı Yeqorun qabağına qoydu.
Yeqor onu dərhal içdi, qaqqıldadı və fikrini inkişaf etdirməyə başladı:
– Bəzən elə olur ki, kimsə şərq kassasına yanaşıb deyir: “Mənə bilet verin”. Amma hara? – onu deməyi unudur. Beləliklə də o, tamam ayrı səmtə uçur. Odur ki diqqətli olun.
Nənə Yeqor üçün dördüncü stəkanı süzdü. Yeqor tamamilə açılışdı. İndi o hər şeyi məmnuniyyətlə danışırdı.
– Təyyarədə uçmaq çox əsəb tələb edir. Təyyarə elə yenicə havaya qalxır ki, sənə dərhal konfet verirlər…
– Konfet?
– Bəs necə! Yəni ki, konfeti ye, özünü unut və heç nəyə fikir vermə. Əslində, bu ən təhlükəli məqamdı. Yaxud da, tutaq ki, sənə deyirlər: “Kəməri bağla”. – “Nə üçün?” – “Qayda belədi”. Bəh… qayda belədi. Düzünü de! De ki, çevrilə bilərik və… Yoxsa “qayda belədi”.
– Aman Allah! Aman Allah! – nənə dilləndi. – Əgər belədirsə, nə vacibdi təyyarə ilə getmək…
– “Qurddan qorxan meşəyə getməz” deyiblər. – Yeqor pivə şüşəsinə baxdı. – Ümumiyyətlə, reaktiv təyyarələr daha təhlükəsizdir. Amma pərli təyyarələr istənilən an qırıla bilər və buyur… Sonra onların mühərrikləri tez-tez alışır. Bir dəfə mən Vladivostokdan qayıdırdım… – Yeqor stulda yerini rahatlayıb oturdu, yeni papiros büküb təkrarən pivə şüşəsinə baxdı. Nənə yerindən tərpənmədi. – Deməli, uçuruq, mən də pəncərədən baxıram ki, yanır…
– Allah göstərməsin, Allah göstərməsin! – nənə dedi.
Şurka hətta ağzını ayırıb qulaq asırdı.
– Hə, mən, əlbəttə, qışqırdım. Səsimə təyyarəçi qaçıb gəldi. Məni yaxşıca söyüb islatdı. Dedi ki, nə hay-küy qaldırıb çaxnaşma salırsan? Ora yanır, qoy yansın, sən narahat olma, sakit otur… Bu aviasiyada qaydalar belədir.
Şurkaya bu, ağlabatan görünmədi. O gözləyirdi ki, təyyarəçi alovu görən kimi sürətin hesabına yanğını söndürməyə çalışacaq, ya da məcburi eniş edəcək. O isə əvəzində Yeqoru söyüb. Çox qəribədi.
– Mən bir şeyi başa düşmürəm, – Yeqor Şurkaya üz tutub sözünə davam etdi, – görəsən, sərnişinlərə niyə paraşüt vermirlər?
Şurka çiyinlərini çəkdi. Əslində, o, sərnişinlərə paraşüt verilmədiyini bilmirdi. Əgər bu, Yeqorun dediyi kimidirsə, əlbəttə, qəribədi.
Yeqor papirosunu gül dibçəyinin içinə basıb ayağa qalxdı, özü üçün şüşədən pivə süzdü.
– Əcəb pivən var, Malanya!
– Sən çox ağ eləmə, keflənərsən…
– Pivə, sadəcə… Yeqor başını bulayıb pivəni içdi. – Fu! Amma reaktiv təyyarələr də təhlükəlidir. Bir yeri qırıldımı, balta kimi yerə doğru uçur. Burada artıq dərhal o söz… Heç sümüklərin də ələ gəlməz. Ölən adamdan 300 qram ancaq qalır. Hələ geyimli-zadlı.
Yeqor qaşqabağını sallayıb diqqətlə pivə şüşəsinə baxdı. Nənə şüşəni götürüb dəhlizə apardı. Yeqor bir qədər də oturduqdan sonra ayağa qalxdı. Yüngülcə səndələdi.
– Ümumiyyətlə, qorxmayın, – dedi. – Sadəcə, kabinədən aralı, quyruq hissədə oturub gedin. Yaxşı, mən getdim.
O, ağır-ağır qapıya doğru irəlilədi, yarımkürkünü və papağını geyindi.
– Pavel Sergeyeviçə salamımı yetirin. Amma pivənə söz yoxdu, Malanya, çox…
Yeqorun belə tez keflənməyi nənənin xoşuna gəlmədi. Ətraflı danışa bilmədilər.
– Sən yaman zəifləmisən, Yeqor.
– Yorğunam, ona görədi. – Yeqor kürkünün yaxalığından saman çöpü çıxartdı. – Bizim xadimlərə deyirdim ki, gəlin quru otu yayda daşıyaq. “Yox” dedilər. İndisə, bu çovğundan sonra yollar keçilməz olub. Bütün günü əlləşib güclə yaxınlıqdakı tayalara yol açmışıq. Üstəlik də sənin pivənin təsiri… – Yeqor başını yelləyib güldü. – Yaxşı, mən getdim. Ağciyər olmayın, uçun. Ancaq kabinədən aralı oturun. Xudahafiz.
– Sağ olun, – Şurka dedi.
Yeqor çölə çıxdı. Hündür artırmadan çox ehtiyatla düşdü və həyətdən çıxarkən doqqazın cırıltısı aydın eşidildi. O, küçədə hətta zümzümə də etdi:
Ucsuz-bucaqsızdır dəniz – gen, geniş…
Sonra səsi kəsildi.
Nənə fikirli və kədərli halda qaranlıq pəncərəyə baxırdı. Şurka isə Yeqor getdikdən sonra yazdıqlarını oxuyurdu.
– Qorxuludu, Şurka, – nənə dilləndi.
– Bəs bu camaat necə uçur?
– Yaxşısı budur, qatarla gedək?
– Qatarla getsək mənim bütün tətilim yollara gedəcək.
– Of, Allah, of, Allah! – nənə dərindən ah çəkdi. – Gəl Pavelə məktub yazaq, teleqramı isə ləğv edək.
Şurka dəftərindən daha bir vərəq cırdı.
– Deməli, uçmayacağıq?
– Necə uçaq, çox təhlükəlidir, aman Allah! Sonra 300 qramlıq cəsədimizi yığarlar…
Şurka fikrə getdi.
– Yaz: əziz oğlum Paşa, mən burada başı çıxan adamlarla məsləhətləşdim.
Şurka kağızın üzərinə əyildi.
– Onlar bizə özlərinin təyyarədə necə getdikləri barədə danışdılar. Biz Şurka ilə qərara aldıq ki, yayda qatarla gələk. O, rahatdır. İndi də gələ bilərdik, ancaq Şurkanın tətili çox qısadır.
Şurka bir-iki saniyə dincəlir, sonra yazmağa davam edirdi:
“İndi isə, Paşa dayı, mən öz adımdan yazıram. Bizim təsərrüfat müdiri Yeqor Lizunov, bilmirəm yadınızdadır, ya yox, nənəmi çox qorxutdu. O belə bir fakt gətirdi ki, guya təyyarənin pəncərəsindən baxarkən onun mühərrikinin yandığını görüb. Əgər bu belə olsaydı, təyyarəçi hökmən alovu, adətən olduğu kimi, sürətin hesabına söndürməyə çalışardı. Məncə, o, borudan çıxan işlənmiş qazın alovunu görüb və küy qaldırıb. Siz, zəhmət olmasa, nənəmə yazın ki, bu, təhlükəli deyil, ancaq mənim sizə yazdığımı ona bildirməyin. Yoxsa o, yayda da sizə gəlməyəcək. Bağ işi, donuzlara, qazlara və toyuqlara baxmaqdan başı açılmayacaq. Onları qoyub gedən deyil. Axı biz kənd sakinləriyik. Amma mən çox istərdim ki, Moskvanı görüm. Biz onun haqqında məktəbdə coğrafiya, tarix dərslərində məlumat almışıq. Amma özünüz də anlayırsınız ki, bu heç nədir. Bir də Yeqor əmi dedi ki, sərnişinlərə paraşüt verilmir. Məncə, bu artıq təhdiddir. Nənəm isə inanır. Nə olar, Paşa dayı, nənəmi utandırın. O sizi çox istəyir. Ona deyin ki, sənin oğlun təyyarəçidir, özü də Sovet İttifaqı Qəhrəmanı, dəfələrlə təltif olunub, amma sən adi bir sərnişin təyyarəsinə minməkdən qorxursan. Həm də bizim artıq səs sürətini aşdığımız bir zamanda. Beləcə yazsanız, o, bir göz qırpımında uçmağa razı olacaq. Axı o sizinlə fəxr edir. Özü də haqlı olaraq. Şəxsən mən də sizinlə öyünürəm. Ancaq mən Moskvanı çox görmək istəyirəm. Hələlik, sağ olun. Sizə salamlarımı yetirirəm. Aleksandr”.
Nənə isə hələ də diktə etməkdə idi:
– Ora payıza yaxın gələrik. O vaxt göbələklər də çıxar, duzlayaram, çaytikanı mürəbbəsi bişirməyə də macal taparam. Moskvada axı hər şeyi pulla alırsınız. Həm də onlar mənim kimi düzəldə bilməzlər. Belə işlər, oğlum. Məndən və Şurkadan arvadına və uşaqlara salam de. Hələlik bu qədər. Yazdın?
– Yazdım.
Nənə vərəqi götürüb zərfin içinə qoydu, ünvanı özü yazdı:
“Moskva, Lenin prospekti, ev 78, mən.156.
Sovet İttifaqı Qəhrəmanı Lyubavin Pavel İqnatoviçə.
Sibirdən – anasından”.
Ünvanı həmişə özü yazırdı. Bilirdi ki, belədə məktub hökmən ünvanına çatacaq.
– Belə, Şurka. Darıxma. Yayda gedərik.
– Mən darıxmıram, amma sən hər ehtimala qarşı tədarükünü gör, ola bilər ki, fikrin dəyişsin.
Nənə nəvəsinə baxıb heç nə demədi.
Gecə Şurka nənəsinin sobanın üstündə ora-bura çevrilərək sakitcə ah çəkib öz-özünə nə isə pıçıldadığını eşidirdi.
Şurka da yatmırdı. Fikirləşirdi. Yaxın gələcək üçün həyat çox qeyri-adi şeylər vəd edirdi. Belə şeyləri arzu etmək adamın ağlına da gəlməzdi.
– Şurk! – nənə səsləndi.
– Hə…
– Paveli, yəqin ki, Kremlə buraxırlar, hə?
– Yəqin ki, necə məgər?
– Deyirəm, heç olmasa, bircə dəfə də olsa gedib oranı görsəydim…
– İndi ora hər kəsi buraxırlar.
Nənə bir müddət susdu.
– Hə, gözlə, hamını buraxırlar, – nənə şübhə ilə dedi.
– Bizə Nikolay Vasilyeviç danışmışdı bu barədə.
Sonra yenə susdular.
– Sən də, ay nənə, lazım gələndə cəsur olursan, amma burada heç nədən qorxdun, – deyə Şurka narazılığını bildirdi. – Nədən qorxdun axı?
– Yum gözünü yat, – nənə əmr etdi. – İgid çıxıb, birinci elə sən özün tumanını batırarsan.
– Gəl mərc gələk ki, qorxmaram.
– Yat, dedim, yoxsa sabah dərsə gecikərsən.
Şurka susdu.
1962Tərcümə edəni: Rəfiqə Şəms
TƏKLİKDƏ
Sərrac Antip Kalaçikov insanlarda xeyirxahlıq və qayğıkeşlik hislərini çox qiymətləndirirdi. Ovqatının xoş çağında, evində tam əmin-amanlığın hökm sürdüyü vaxtlarda Antip mehribanlıqla arvadına deyirdi:
– Sən, Marfa, yekəpər qadın olsan da, kütbeyinsən.
– Nəyə görə ki?
– Elə ona görə… Sənə nə lazımdı? İstəyirsən ki, mən gecə-gündüz ancaq elə hey tikim, tikim? Axı mənim də qəlbim var. O da əylənmək, sevinmək istəyir.
– Tüpürüm sənin qəlbinə!
– Eh-h…
– Nə “eh, eh…” salmısan?!
– Heç… Sənin qolçomaq atan yadıma düşdü. Allah rəhmət eləsin.
Zəhmli və canlı Marfa əlini belinə qoyub yuxarıdan acıqlı-acıqlı Antipə baxırdı. Arıq, sısqa Antip bu baxışlara mətanətlə tab gətirirdi.
– Mənim atamla işin olmasın… Başa düşdün?
– Aha, anladım, – Antip qısaca cavab verdi.
– Bax belə.
– Marfacan, həddən artıq ciddisən. Belə olmaz, əzizim, hər şeyi ürəyinə salsan, ölə bilərsən.
Marfa Antiplə yaşadığı qırx il müddətində onun hələ də nəyi ciddi, nəyi zarafatla dediyini ayırd edə bilmirdi.
– Nə isə, başla tikməyə.
– Tikirəm, canım, tikirəm.
Aşılanmış dəri, qaynayan su və ziftin kəskin qoxusu Kalaçikovların evinə sanki əbədi olaraq hakim kəsilmişdi. Ev böyük və işıqlı idi. Bu evdə haçansa uşaqların gülüş səslərindən qulaq batırdı, sonra burada toylar çalınmış, ölümün dərin sirrinə zəif-solğun işıq salan mum şamların yandığı, güzgülərin pərdələndiyi hüznlü gecələrin xoşagəlməz sükutu da olmuşdu. Bir sözlə, çox şey olmuşdu. Antip Kalaçikov öz qüvvətli qadını ilə birlikdə həyata on iki uşaq gətirmişdi. Ümumilikdə isə on səkkiz uşaq olmuşdu.
İllər keçdikcə evin görkəmi dəyişirdi, dəyişməyən bircə Antipin sobanın sağ tərəfində, arakəsmə ilə ayrılmış iş yeri idi. Burada Antip qoşqu ləvazimatı, yəhər, yüyən və boyunduruqlar tikirdi. Elə oradaca divardan onun sevimli balalaykası asılmışdı. Antipdə ona bir təşnə var idi. Bu onun həyatının mənası, musiqiyə dilsiz məhəbbət və itaətkarlığı idi. Antip başını yana əyib onu saatlarla çalmaqdan yorulmurdu; bilmək olmurdu ki, balalayka ona çoxdan unutduğu nə isə dəyərli bir hadisəni danışır, yoxsa o, balalaykaya öz qocalıq düşüncələrini pıçıldayırdı. Əgər Marfa olmasaydı, bütün günü beləcə oturardı. Marfaya həqiqətən də onun bütün günü tikiş tikməyi lazım idi. Qadın pula çox həris idi, qəpiyin üstündə əsirdi. Bütün həyatı boyu Antipin balalaykası ilə mübarizə aparırdı. Bir dəfə iş o yerə çatdı ki, Marfa hirsindən aləti sobanın içinə atıb yandırdı. Bənizi ağarmış Antip dinməzcə durub alətin necə yandığına tamaşa edirdi. Balalayka tozağacı kimi dərhal alışdı. O, istidən əyildi, üç dəfə insan kimi inildədi, simləri qırıldı və öldü.
Antip həyətə çıxıb baltanı götürdü, tədarük etdiyi yəhər, yüyən, boyunduruq və halqaları xırda hissələrə doğradı. O susur və səliqə ilə doğrayırdı. Qorxuya düşmüş Marfa bir kəlmə də danışmadı. Bu hadisədən sonra Antip bir həftə kefləndi, evə gəlmədi. Axırda gəlib təzə balalaykanı divardan asdı və işinə başladı. Marfa bir də heç vaxt balalaykaya toxunmadı. Lakin o, Antipi diqqətlə izləyirdi: qonşuların evində çox oturmurdu, ümumiyyətlə, çalışırdı ki, evdən çıxmasın. Bilirdi ki, ayağını kandara qoyan kimi Antip işini atıb balalayka çalacaq.
Bir payız axşamı Antip adəti üzrə öz iş guşəsində oturmuşdu, Marfa isə miz arxasında nə isə toxuyurdu.
Hər ikisi susurdu.
Çöldə yağış yağırdı; hər tərəf palçıq idi. Ev isə isti və rahat idi. Antip boyunduruqları mismarlayırdı: taq-taq, taq-taq, taq-taq-taq… Marfa toxuduğunu kənara qoydu. Pəncərəyə baxıb fikrə getdi.
Taq-taq, taq-taq – Antip taqqıldadırdı. Divar saatı da sanki indi dayanacaqmış kimi çıqqıldayır, amma dayanmırdı. Pəncərələrə sanki ovucdan sakitcə yağış tökülürdü.
– Niyə kədərləndin, Marfacan? – Antip soruşdu. – Düşünürsən ki, necə çox pul toplayasan?
Marfa fikirli halda pəncərəyə baxıb susurdu. Antip ona nəzər saldı.
– Tezliklə öləcəyik, – dedi, – çox fikirləşmə. – Nə qədər fikirləşsən də, az da fikirləşsən, çox da, yüz manat pul deyil. – Antip işləyərkən söhbət etməyi sevirdi. – Görürsən ki, mən ömürboyu fikirləşə-fikirləşə özümə fikirləşib babasil tapdım. İşləyirdim! Bir soruş, həyatda yaxşı nə görmüşəm? Heç nə. Camaat, heç olmasa, döyüşüb, cürbəcür üsyanlar qaldırıb, vətəndaş müharibəsində, Vətən müharibəsində iştirak edib… Ölsələr də, qəhrəmancasına ölüblər. Mən isə on üç yaşımdan oturanam, hələ də otururam – bu gün-sabah yetmiş yaşım olacaq. Gör necə səbirliyəm! Bir soruşan gərəkdi, nədən ötrü çalışmışam? Pula qarşı heç vaxt tamahkar olmamışam, tüpürüm onlara. Böyük adam da ola bilməmişəm. Bir azdan peşəm də ölüb gedəcək, sərraclar heç kəsə lazım olmayacaq. Sual olunur: həyat mənə nə üçün verilmişdi?
– Uşaqların üçün, – Marfa ciddi cavab verdi.
Antip Marfanın söhbətə müdaxilə edəcəyini gözləmirdi. Adətən, o, Antipin boş danışığını kobud bir iradla ağzında qoyurdu.
– Uşaqlar üçün? – Antip canlandı. – Əlbəttə, bir tərəfdən düzdür, digər tərəfdənsə yox, düz deyil.
– Hansı tərəfdən düz deyil?
– O tərəfdən ki, təkcə uşaqlar üçün yaşamaq lazım deyil. Bir az da özün üçün yaşamalısan.
– Sən özün üçün nə edərdin ki?…
Antip bu suala dərhal cavab tapmadı.
– Necə yəni nə edərdim? Bir şey fikirləşərdim də… Bəlkə, musiqiçi olardım. O vaxt şəhərdən adam gəlmişdi axı, deyirdi ki, mən anadangəlmə fitri istedadam – qızıl parçası. Qızıl isə nadir tapılır, mən belə düşünürəm. İndi kiməm mən? Adi sərrac.
– Kəs səsini, sən Allah! – Marfa əlini yellədi. – Boş-boş danışıb zəhlə tökmə…
– Deməli, başa düşmürsən, – Antip dərindən ah çəkdi.
Bir müddət susdular.
Marfa qəfildən ağlamağa başladı. Dəsmalla gözünün yaşını silib dedi:
– Uşaqlarımızın hərəsi dünyanın bir tərəfinə uçub.
– Neyləməliydilər ki, bütün ömürləri boyu sənin yanında oturmalı idilər? – Antip söylədi.
Birdən Marfa:
– Bəsdi tıqqıldatdın, – dedi. – Otur bir az, uşaqlardan danışaq.
Antip qımışıb çəkici kənara qoydu.
– Qocalırsan, Marfa, – deyə o, sevincək dilləndi. – İstəyirsən, sənin üçün çalıb kədərini dağıdım?
– Çal, – dedi Marfa.
Antip əllərini, üzünü yuyub darandı:
– Təzə köynəkciyəzimi ver.
Marfa siyirmədən onun təzə köynəyini verdi. Antip köynəyi geyib kəməri belinə bağladı. Balalaykanı divardan götürüb qırmızı guşəyə keçdi. Marfaya baxaraq:
– Konsertimizə başlayırıq! – dedi.
– Amma şitlik eləmə, – deyə Marfa ona məsləhət verdi.
– İndi bütün cavanlığımızı yada salarıq, – Antip lovğalanaraq balalaykanı köklədi. – O vaxt əl-ələ verib çəmənlikdə rəqs etdiyimiz yadındadı?
– Əlbəttə, yadımdadı, niyə yadımda deyil? Hər halda, mən səndən cavanam.
– Neçə yaş? Üç həftədən bir az artıq?
– Üç həftə yox, iki il. Mən onda lap sütül idim, sən isə özünü naza qoyurdun.
Antip mehribancasına güldü:
– Mən, həqiqətən, əla oğlan idim! Yadındadı, sən mənə necə girişirdin?
– Kim? Mən? Ay Allah! Bəs mənim rəhmətlik dədəm erkək itləri kimin üstünə buraxırdı? Şalvarını hasarımızda qoyub qaçan kim idi?
– Şalvar, tutaq ki, mənim idi…
Antip balalaykanı kökləyib qurtardı, balaca başını çiyninin üstünə qoydu, simlərə toxundu… çalmağa başladı. Uzaq gənclik illərinin sakit, işıqlı musiqisi isti və alaqaranlıq daxmaya axdı. Digər axşamlar da xatırlandı. Kefləri bir az qalxdı, bir az kədərləndilər. Həyatın ən mühüm məsələsi barədə düşünməyə başladılar, ancaq necə deyəsən ki, həyatın əsas məsələsi nədir?
Qırmızı ipək alıb
Tikmə mənə don, ana.
Antip astaca oxuyub başı ilə Marfaya işarə etdi. O da ona dəstək verdi:
Başına dönüm sənin,
Girmə nahaq ziyana.
Çox yaxşı oxumasalar da, hər ikisinin əhvalı yüksəldi. Unudulmuş mənzərələr gəldi göz önünə… gah doğma kəndə uzanan cığır, gah çay kənarı, gah pıçıltılı sıx və bir qədər də vahiməli qovaqlıq yada düşdü… Bunların hər birində şirin həyəcan yaradan nəsə vardı. Payız da, təklik də, pul da, boyunduruqlar da sanki yoxa çıxdı…
Sonra Antip şən hava çaldı. Daxma boyunca oynaya-oynaya, sümükləri çıxmış yançaqlarını burcutdu.
Ah, oh, gup-ha-gup,
Guppultu salın bir az!
Durun, gedin gəzişin,
Əy-lə-nin az-az!
Antip öz şənliyi ilə çox gülməli görünürdü. O hoppanmağa başladı… Marfa güldü, sonra ağladı, dərhal göz yaşlarını silib yenə güldü.
– Ay Allah, sən bir buna bax! Hay-hayı gedib, vay-vayı qalıb, amma ağlında gör nələr var.
Antip işıq saçırdı. Onun xırda, ağıllı gözləri bic-bic parıldayırdı:
Of, Marfuşa, Marfacan,
Söymə məni nahaqdan.
– Antip, məni şəhərə, yarmarkaya aparmağın yadına gəlir?
Antip başı ilə “hə” işarəsi verdi.
Yadımdadır, yadımda,
Ah, Marfuşam mənim!
Çölnoxudu ilə mərci
İstəyir ürəyin sənin!
– Səfehsən, Antip, – Marfa nəvazişlə dedi, – ağzına nə gəldi oxuyursan.
Əziz Marfuşam mənim
Ümumxalq sevincim…
Marfa gülməkdən uğunub getdi.
– Vallah, dəlisən, Antip.
Ah, oh, gup-ha-gup,
Guppultu salın bir az!
– Otur, başqa nəsə oxuyaq, – Marfa gözünün yaşını silə-silə dedi.
Antip bir az təngnəfəs olmuşdu. Gülərək Marfaya baxırdı.
– Hə! Bəs sən deyirsən, sənin Antipin pisdir!
– Pis deyil, sarsaqdır, – Marfa düzəliş verdi.
– Deməli, başa düşmürsən, – bu düzəlişdən zərrə qədər də inciməyən Antip dedi. – Biz səninlə bilirsən necə yaşaya bilərdik?! Can bir qəlbdə. Amma bu lənətə gəlmiş pullar sənə rahatlıq vermədi. Sən incimə, əlbəttə.
– Mənə pullar yox, pulun olmaması rahatlıq vermir.
– Bəsdi, sən Allah, olanımız kifayət edərdi. Yaxşı, ürəyinizdən hansı mahnı keçir, madmazel-frau?
– Qocaq Volodya haqqında mahnı.
– O, ağır mahnıdır, lazım deyil.
– Eybi yoxdur. Mən bir az ağlayıb ürəyimi boşaldaram, heç olmasa.
Dənizdə uçmayın, ağ qağayılar,
Dincəlmək istəsəz, enərsiz hara?
Uçun uzaqlara–Sibir elinə,
Bu qəmli xəbəri verin onlara.
Antip ürəkdən və yanıqlı-yanıqlı oxuyurdu. Elə bil hadisə danışırdı.
Qaranlıq gecədə, saat on ikidə
Kim idi öldürən gənc Volodyanı?
Ertəsi ata öz kiçik oğluyla…
Marfa hıçqırtı ilə ağladı:
– Antip, ay Antip! – O, göz yaşları içində: – Əgər mən hərdən sənin xətrinə dəyirəmsə, məni bağışla, – dedi.
– Boş şeydi, – Antip dilləndi. – Əgər mən günahkaramsa, sən də məni bağışla.
– Sənə çalmağa imkan vermirəm…
– Boş şeydi, – Antip təkrar etdi. – Mənə imkan versən, gecə-gündüz çalaram. Belə də olmaz. Mən başa düşürəm.
– İstəyirsən, sənə araq alaq?
– Olar! – Antip razılığını bildirdi.
Marfa göz yaşlarını silib ayağa qalxdı.
– Hələlik sən mağazaya get, mən də şam yeməyi hazırlayım.
Antip əyninə brezent geyinib daxmanın ortasında dayanmışdı. Gözləyirdi ki, Marfa haçan iri sandığın dərinliyindən, əsgi-üsgünün altından pulu çıxaracaq. O, arxadan Marfanın enli kürəklərinə baxırdı.
– Bir iş də var, – Antip sanki sözgəlişi dedi, – o artıq qocalıb… təzəsi lazımdır. Mağazaya dünən axşam yaxşılarını gətiriblər. Ver birdəfəlik alım.
– Nədən danışırsan? – Marfa hərəkətsiz qaldı.
– Balalaykanı deyirəm də…
Marfa yenə hərəkətə gəldi. Pulları götürüb sandığın üstündə oturdu, asta-asta, çətinliklə saymağa başladı. Qaşqabağını töküb dodaqlarını tərpədirdi.
– O ki hələ çalır, – dedi.
– Orada bir lövhəcik qırılıb… çalanda cingildəyir.
– Sən onu yapışdır. Bişmiş qatranı götür və səliqə ilə yapışdır.
– Məgər aləti qatranla yapışdırmaq olar? Allah köməyin olsun!
Marfa susdu. Yenidən pulları saydı. Onun ciddi və qayğılı görkəmi var idi.
– Al! – o, pulu Antipə uzatdı. Marfa onun gözlərinə baxmırdı.
– Təkcə araqpulu? – Antipin alt dodağı sallandı. – Həə…
– Eybi yox, o hələ çalacaq. Gör bu gün nə yaxşı çalırdı.
– Eh, Marfa! – Antip dərindən ah çəkdi.
– Nə “eh”? Nə “eh”?
– Heç… keçdi daha, – Antip üzünü çevirib qapıya doğru getdi.
– O neçəyədir ki? – birdən Marfa acıqlı soruşdu.
– Əşi, qəpik-quruşdu, – Antip kandarda ayaq saxladı. – Təzə pulla altı manata.
– Al, – Marfa altı manatı qaşqabaqla ona uzatdı.
Antip cəld addımlarla arvadına yanaşdı, pulları alıb sakitcə çıxdı: danışmaq, yaxud yubanmaq təhlükəli idi. Yoxsa Marfa asanlıqla fikrini dəyişə bilərdi.
1963Tərcümə edəni: Rəfiqə Şəms
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?