Электронная библиотека » Василий Шукшин » » онлайн чтение - страница 3

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:21


Автор книги: Василий Шукшин


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +
1964
Tərcümə edəni: Rəfiqə Şəms

TƏNQİDÇİLƏR

Babanın yetmiş üç, Petkanın, nəvəninsə on üç yaşı vardı. Baba soyuq, əsəbi və üstəlik, qulaqdan kar idi. Petka yaşına uymayan tərzdə sərbəst və hündür, üstəlik, utancaq və inadkar idi. Sözləri yaman tuturdu.

Həyatda hər şeydən çox kinonu sevirdilər. Babanın təqaüdünün yarısı biletə gedirdi. Ayın sonuna doğru vərdişi üzrə çıxarını hesablayan qoca bir az təəssüf hissiylə, bir az da şən səslə Petkaya elan edirdi:

– Beş manatı havaya sovurmuşuq!

Petka guya təəccüblənibmiş kimi, nəzakət xətrinə çiyinlərini çəkirdi.

– Eybi yox, yedirdərlər, – baba deyirdi (Petkanın atasıyla anası nəzərdə tutulurdu. Qoca Petkanın ata babası idi). – Kinoya getməksə bizim xeyrimizədir.

Həmişə birinci sırada otururdular: daha ucuz başa gəlirdi, üstəlik, baba da bu məsafədən yaxşı eşidirdi. Amma yenə də deyilənlərin yarısını axıradək başa düşmür, aktyorları dodaqlarının tərpənişindən anlamağa çalışırdı. Bəzən baba durma-tutma qəhqəhə çəkməyə başlayırdı. Halbuki zalda heç kəs gülmürdü. Petka babasının böyrünə dürtmə vurub donquldanırdı:

– Nə dəli kimi gülürsən?..

– Burasında nə dedi ki? – baba soruşurdu.

Petka eşitdiklərini babasının düz qulağına pıçıldayırdı:

– Sürəti azaltmadan.

– Ha-ha-ha, – baba bu dəfə alçaqdan özünə gülürdü. – Səhv başa düşmüşəm.

Bəzən günahsız birisi qətlə yetiriləndə baba ağlayırdı.

– Ay sizi, insanlar! – acı-acı pıçıldayır və yaylıqla burnunu silirdi. Ümumiyyətlə, ekranda gördüklərinə fikir bildirməyi xoşlayırdı; məsələn, əgər orada ehtirasla öpüşürdülərsə, qımışır və pıçıldayırdı:

– Ay sizi, şeytanlar!.. Bunlara bir bax… Hi-hi!

Əgər dalaşırdılarsa, stuldan yapışan baba gərgin və diqqətli baxışlarını ekrana dikirdi (cavanlıqda, deyilənə görə, hər fürsətdə dalaşmadan keçinmirmiş. Bacarırmış da).

– Yox, bax o, zəifdir… Bu biri isə zirəkdir.

Bir sözlə, süniliyi göydə tuturdu.

– Eh, bu olmadı ki, – incik səslə dillənirdi, – bunu yalandan elədilər.

– Niyə ki?! Görmürsən, qan gəlir, – Petka etiraz edirdi.

– Çox böyük iş olub, qan gəlir! Burun zəif yerdir: bir dənə ilişdirən kimi qan gəlir. Məsələ bunda deyil.

– Pah, bunda deyil!

– Əlbəttə, bunda deyil.

Babayla nəvə, nəhayət, arxadan “şşş” səsləri eşidəndə susurdular.

Əsas mübahisə klubdan çıxandan sonra başlayırdı. Baba kənd həyatından bəhs edən filmlərin müzakirəsində xüsusilə amansız olurdu.

– Başdan-ayağa gopdur, – bəyan edirdi. – Həyatda belə olmur.

– Niyə olmur ki?

– Nədir, sənin belə oğlan xoşuna gələrdi?

– Hansı oğlan?

– Əlində qarmon tutanı deyirəm də. Özünü pəncərədən içəri soxanı.

– O özünü pəncərədən içəri soxmurdu, – Petka düzəliş verirdi; o, filmdə baş verənləri yadında dəqiq saxlayırdı, babasısa çaşdırırdı, bu da Petkanı əsəbiləşdirirdi. – O, pəncərəyə mahnı oxumaq üçün dırmaşırdı.

– Axır dırmaşırdı da. Bir dəfə, yadımdadır, pəncərəyə dırmaşdım ki…

– Bəs sənin beləsi xoşuna gəlməzdi ki?

– Kimi deyirsən?

– Necə yəni kimi?! Pəncərəyə dırmaşan oğlanı deyirəm də. Birinci özün başladın ki.

– Bircə qırıq da, – baba çeçələ barmağının ucunu göstərdi. – Dəlibala Vanyadır mənimçün. Gic-gic oxuyur və gəzir… Bizdə belə bir dəlibala Vanya vardı – işi-gücü sərsəri kimi oxumaq və gəzmək idi.

– Axı o sevir! – Petka əməlli-başlı əsəbiləşirdi.

– Nolsun ki, sevir?

– Sevdiyinə görə oxuyur da.

– Nə?

– Deyirəm sevir, ona görə də oxuyur!

– Bizdə beləsini hoydu-hoyduya götürərdilər! Addım atmağa imkan verməzdilər. Sevir… Sevəndə utanarlar. Yoxsa ki səsini başına atıb kənd boyu gəzir… Hansı dəli bu sərsəriyə ərə gələr! Axı o, ciddi oğlan deyil. Bizdə, yadımdadır, qız sevəndə iki küçə o yanda gəzərdik, utandığımızdan özümüzə yer tapmazdıq. Sevirsən sev də, daha səsini başına niyə…

– Necə yəni niyə?

– Özünü niyə gülünc yerə qoyur? Yadımdadır, biz…

– Yenə “biz, biz”. Axı indi adamlar başqa cür olublar!

– Niyə başqa cür olsunlar ki? Özündən uydurma, həmişə eyni cür olublar. Bizdə məgər belə sərsəri çox görmüsən?

– Axı bu, yenə də kinodur. Müqayisə etməyin yeri yoxdur.

– Mən heç müqayisə etmirəm də. Deyirəm, oğlan gerçəyə heç bənzəmir, vəssalam, – baba dediyindən dönmürdü.

– Axı hamının xoşuna gəlirdi! Hamı gülürdü! Hətta mən də gülürdüm.

– Hələ balacasan, ona görə də sənə gülməli gəlir. Bax mən hansı yerində gəldi gülmərəm.

Baba böyüklərlə hər deyəndə incəsənət mövzusunda mübahisə etmirdi – bacarmırdı. O saat əsəbiləşir, söyüş söyürdü.

Yalnız bircə dəfə böyüklərlə möhkəm tutaşmışdı, bu bircə dəfədə də başını bəlaya soxmuşdu.

Hadisə belə olmuşdu.

Petkayla komediyaya baxıb qurtarandan və klubdan çıxandan sonra, həmişəki kimi, filmi müzakirə etməyə başladılar.

– Adama lap acıq gəlir: şeytanlar (aktyorlar) özləri qaqqıldayırlar, sənsə mal kimi oturub üzlərinə baxırsan, adamın heç gülməyi də gəlmir! – baba yenə qızışmışdı. – Heç sənin gülməyin gəlirdi?

– Yox, – Petka etiraf etdi. – Təkcə bircə dəfə, onlar maşını aşırdanda.

– Mən də elə onu deyirəm! Biz axı bu zəhrimara görə pul ödəmişik – köhnə pulla iki manat! Bunlar bizi əməlli-başlı ələ saldılar.

– Özü də yekə-yekə “Komediya” yazıblar.

– Komediya!.. Başlarına dəysin bu cür komediyaları.

Baba-nəvə evə hirsli gəldilər.

Evdəsə bu vaxt televizoradan kənd mövzusunda hansısa filmi izləyirdilər. Petkanın xalasıyla əri də şəhərdən qonaq gəlmişdi. Hamısı oturub televizora baxırdı. (Babayla Petkanın televizoradan zəhləsi gedirdi. “Mən hələ subay olanda, qardaşım Mikitasa artıq evlənəndə qapının deşiyindən otaqlarına baxmağı xoşlayırdım. Bu televizor da elə həmin qapının deşiyi kimidir”, – baba bir-iki verilişi izləyəndən sonra bu qənaətə gəlmişdi.)

Deməli, hər kəs oturub televizora tamaşa edirdi.

Petka dərhal dəhlizə keçib dərs oxumağa başladı, babasa hamıdan arxada dayanıb beş dəqiqə televizoru izlədi və bəyan elədi:

– Başdan-ayağa gopdur. Həyatda bu cür olmur.

Petkanın atası incik səslə dilləndi:

– Atacan, sus, mane olma.

– Yox, niyə ki, maraqlıdır, – şəhərdən təşrif buyurmuş qonaq nəzakətlə dilləndi. – Babacan, niyə belə olmur ki? Necə olmur ki?

– A?

– Qulağı bir az ağır eşidir, – Petkanın atası aydınlıq gətirdi.

– Deyirəm, niyə belə olmur ki? Necə olur ki? – nədənsə üzündə təbəssüm yaranan kişi sualını təkrarladı.

Baba nifrət dolu baxışlarını ona dikdi:

– Elə-belə də, olmur. Bax sən baxıb elə bilirsən ki, o, dülgərdir, amma mən o saat anladım: o, dülgər-zad deyil. O heç baltanı da düz-əməlli tuta bilmir.

– Petkayla atam tənqidçidirlər, – Petkanın atası babanın kobudluğunu azacıq yumşaltmağa çalışdı.

– Maraqlıdır, – şəhərdən gələn qonaq yenə dilləndi. – Bəs niyə bu qənaətə gəldiniz ki, o, baltanı düz tutmur?

– Ona görə ki özüm ömrüm boyu dülgərlik etmişəm. “Niyə bu qənaətə gəlmisiniz?”

– Baba, – bu dəfə söhbətə Petkanın xalası qarışdı. – Məgər iş bundadır?

– Nədə?

– Mənə insanın özü qat-qat maraqlıdır. Başa düşürsünüz? Mən onun əsl dülgər olmadığını bilirəm. Bilirəm ki, o, aktyordur. Amma mənə daha çox…

– Elə studiyada da belələri yazırlar, – Petkanın xalasının əri yenə üzündə təbəssüm dedi.

Petkanın xalasıyla əri çox ağıllıydılar və hər şeyi bilirdilər. Onlar babayla danışanda həmişə gülümsəyirdilər. Bu da babanın acığına gəlirdi.

– Sənə əhəmiyyətli deyil, mənə isə əhəmiyyətlidir, – o, qadının sözünü ağzında qoydu. – Onlar sənə kəf gələ bilərlər, amma mənə yox.

– Ha-ha-ha, – şəhərdən gələn qonaq qəhqəhə çəkdi. – Aldın payını?

Petkanın xalası da qımışdı.

Petkanın atasıyla anası babaya görə xəcalət çəkirdi.

– Ata, sənə də heç yaramaq olmur, – Petkanın atası narazı səslə dilləndi. – Yaxşısı budur, get Petkaya kömək elə. – Şəhərdən gələn qonağa tərəf əyilib yenə astaca aydınlıq gətirdi: – Oğluma dərslərini öyrənməkdə kömək edir, hərçənd özü hırnan zırı qanmır. Baba-nəvə bir-biriylə elə mübahisə edirlər ki, qıraqdan bax, qarnını tut!

– Maraqlı qocadır, – qonaq razılaşdı.

Hamının fikri yenidən ekrana yönəldi və babanı unutdular. Arxada dayanan qoca özünü təhqir olunmuş sayırdı. Bir az da beləcə dayanıb Petkanın yanına getdi.

– Məni ələ salırlar, – Petkaya şikayətləndi.

– Kim?

– Oradakılar… – Baba başıyla otağı göstərdi. – Deyirlər, qoca vayxır, sənin heç nədən başın çıxmır. Guya özləri nəsə qanırlar!

– Əşi, vecinə də alma, – Petka məsləhət gördü.

Baba masaya yaxın oturub sükuta daldı. Sonra yenə danışmağa başladı.

– Deyirlər, ay dəli, sənin başın xarab olub…

– Elə belə də dedilər?

– A?

– Deyirəm, elə üzünə dəli dedilər?

– Oturub ələ salırlar. Guya özlərinin nədənsə başları çıxır! – Baba, Petka demiş, get-gedə “qızışırdı”.

– Əşi, vecinə də alma, – Petka yenə məsləhət gördü.

– Şəhərdən gəliblər… Savadlı çıxıblar mənimçün! – Baba sandığında eşələnib pul götürdü və harasa getdi.

Bir saatdan sonra sərxoş qayıtdı.

– O-o! – Petka heyrətə gəldi (babası nadir halda içirdi). – Səndən nə əcəb?

– Baxırlar?

– Baxırlar. Yanlarına getmə. Gəl səni soyundurum. Niyə içmisən ki?

Baba skamyaya çökdü.

– Onlar qanırlar, bizsə yox! – ucadan səsləndi. – Deyirlər, babacan, sən səfehsən! Həyatdan baş çıxarmırsan. Onlarsa qanırlar! Pulun çox düşüb?! – Baba artıq qışqırırdı. – Çox düşübsə də, burnunu dik tutma! Mənsə ömrüm boyu namusla halal çörəyimi qazanmışam!.. İndi də bir kənarda oturub ağzıma su almalıyam, hə?! Sən heç ömründə əlinə balta da almamısan! – baba qapıya doğru çığırırdı.

Petka çaşıb-qalmışdı.

– Lazım deyil, lazım deyil, – babasını sakitləşdirməyə çalışırdı. – Gəl sənin ayaqqabılarını çıxardım. Boş ver onları!..

– Yox, qoy ürəyimi ona boşaldım… – Baba ayağa qalxmaq istədi, amma Petka onu saxladı:

– Baba, lazım deyil!

– Gözüm aydın, şəhərdən gəliblər. – Baba sanki sakitləşdi, bir az kiridi.

Petka qocanın uzunboğaz çəkməsinin birini çıxardı.

Baba yenə qızışdı.

– Deməli, məni ələ salırsan, hə? – Gözlərində yenə qığılcım çaxdı. – İndi sənə bir söz deyərəm, yeddi qatından keçər! – Çəkməsini götürüb otağa keçdi. Petka bu dəfə onu saxlaya bilmədi.

Babası otağa girib əlindəki uzunboğaz çəkməni düz televizora tolazladı.

– Görüm elə sizi də, dülgərinizi də!

Ekran çilik-çilik oldu.

Hamı yerindən dik atıldı. Petkanın xalası hətta zingildədi.

– Deməli, ələ salırsınız, hə?! – baba bağırdı. – Özün bircə dəfə əlində balta tutmusan?!

Petkanın atası babanı tutub saxlamaq istədi, amma qoca müqavimət göstərdi. Stullar gumbultuyla aşdı. Petkanın xalası yenə zingildəyib küçəyə qaçdı.

Petkanın atası, nəhayət, babanın öhdəsindən gələ bildi: qollarını arxaya burub dəsmalla bağladı.

– Ata, məni məcbur etdin, məcbur, – dəsmalı var gücü ilə sıxa-sıxa qəzəblə söyləndi. – Məni də, özünü də biabır elədin. Sağ ol!

Petka bərk qorxmuşdu, gözləri bərələ qalmışdı. Şəhərdən gələn qonaq kənarda dayanıb başını bulayırdı. Petkanın anası döşəməyə səpələnmiş şüşələri yığışdırırdı.

– Məni məcbur etdin… – Petkanın atası durmadan təkrarlayır və dişlərini qıcırdırdı.

Döşəmədə üzüqoylu uzanan baba saqqalını yerə sürtür və var gücüylə bağırırdı:

– Demək, sən məni ələ salırdın, hə?! Mənsə sənə bircə kəlmə deyərəm, yeddi qatından keçər. Əgər dediyin kimi səfehəmsə…

– Məgər mən belə söz demişəm? – qonaq soruşdu.

– Onunla ağız-ağıza verməyin, – Petkanın anası söhbətə qarışdı. – İndi özünü tamam itirib. Vicdansız.

– Məni özünüzlə birgə masa arxasına oturtmaq istəmirsiniz, eybi yoxdur! Amma de görüm… Hələ bir de görüm! – baba bağırırdı. – Ömründə bircə dəfə də olsun ağac kəsmisən? A-a!.. Özün də deyirsən ki, dülgərlikdən başım çıxmır! Kəndin yarısını bax bu qabar əllərimlə mən tikmişəm!..

– Özün məcbur elədin, lənət şeytana, özün, – Petkanın atası deyindi.

Elə bu vaxt Petkanın xalasıyla milisioner, yerli sakin Yermolay Kibyakov içəri daxil oldular.

– Oho! – qarşısındakı mənzərəni üzündə təbəssüm seyr edən Yermolay dilləndi. – Timofey əmi, bu nə haldır belə? A?

– Gör bu yaşında məni nəyə məcbur elədi, – Petkanın atası ayağa qalxaraq dedi.

Milis isçisi çənəsini qaşıyıb Petkanın atasını süzdü. Ev sahibi başıyla razılığını bildirdi və dedi:

– Lazımdır. Qoy orada gecələsin.

Yermolay furajkasını çıxarıb səliqəylə mıxdan asdı, planşetdən kağız-qələm çıxarıb masa arxasına oturdu.

Baba kirimişdi.

Petkanın atası az əvvəl baş verənləri nəql eləməyə başladı. Yermolay kobud ovcuyla yekə başındakı seyrək saçlarını sığallayıb öskürdü və köksünü masaya dirəyib başını azacıq sola əyərək yazmağa başladı.

“Vətəndaş Novoskolsev Timofey Makarıç, min…”

– Təvəllüdü neçədir?

– Min doqquz yüzüncü il.

“…Min doqquz yüzüncü ildə doğulub, əvvəllər dülgər işləyib, hazırda təqaüdə çıxıb. Xüsusi əlamətləri yoxdur.

Yuxarıda adı çəkilmiş Timofey bu ilin iyirmi beş sentyabrında evə möhkəm içkili halda gəlib. Həmin vaxt ailə televizora baxırmış. Üstəlik, qonaqlar da olub…”

– Film necə adlanırdı?

– Bilmirəm. Biz açanda artıq gedirdi, – ata aydınlıq gətirdi. – Kolxozdan idi.

“… Filmin adını xatırlamırlar. Bircə onu bilirlər ki, kolxozdandır.

Timofey də televizora baxmağa başlayıb. Sonra deyib ki, bu cür dülgərlər olmur. Hamı Timofeydən özünə gəlməyi xahiş edib. Amma o getdikcə bir az da qızışıb. Yenə deyib ki, həyatda bu cür dülgərlər olmur, qısası, gopdur. “Deyib ki, dülgərlərin heç də belə əli olmur”. Əllərini göstərib hamının gözünə soxmağa başlayıb, ondan növbəti dəfə sakitləşməsini xahiş ediblər. Onda Timofey sağ ayağındakı uzunboğaz çəkməsini çıxarıb (43-45 ölçülü, düyə dərisindən tikilmiş) və televizora tolazlayıb.

Sözsüz ki, hər şeyi, yəni ekranı çilik-çilik edib.

Milis baş serjantı KİBYAKOV”.

Yermolay ayağa qalxıb protokolu iki qatladı və planşetdə gizlətdi.

– Timofey əmi, gəl gedək.

Petka son anacan nə baş verdiyini anlamadı. Amma Kibyakovla atası qocanı ayağa qaldıranda babasını indi dustaqxanaya aparacaqlarını başa düşdü. Oğlan bərkdən ağladı və hönkürə-hönkürə babasını müdafiə etməyə başladı:

– Onu hara aparırsız? Baba, səni hara aparırlar? Lazım deyil, ata, qoyma!..

Atası Petkanı kənara itələdi, Kibyakovsa gülməyə başladı:

– Babana yazığın gəlir? İndi biz onu türməyə salacağıq. İn-di…

Petka bir az da bərkdən ağladı.

Anası onu bir küncə çəkib dilə tutmağa başladı:

– Qorxma, ona heç nə olan deyil, niyə ağlayırsan ki? Orada gecələyib geri qayıdacaq. Sabahsa bugünkü hərəkətinə görə xəcalət çəkəcək. Oğlum, ağlama.

Babanı ayaqqabılarını geyindirib küçəyə çıxartdılar. Petka hönkürə-hönkürə ağladı. Bu dəfə şəhərli xalası yaxınlaşıb Petkaya təsəlli verməyə başladı:

– Petenka, qəm yemə. Onu ayıltma məntəqəsinə apardılar e, ayıltma məntəqəsinə! Qorxma, yatıb-duracaqsan, baban gələcək. Bilirsən, bizdə, Moskvada, ayıltma məntəqəsinə nə qədər adam aparırlar?!.

Milisioneri xalasının gətirdiyini xatırlayan Petka qadını kobudcasına özündən kənara itələdi, sobaya dırmaşıb üzünü yastığa dirədi və uzun müddət acı-acı ağladı.

1964
Tərcümə edəni: Kifayət Haqverdiyeva

KOSMOS, ƏSƏB SİSTEMİ VƏ BİR PARÇA DONUZ PİYİ

Qoca Naum Yevstiqneyiç axşamkı içkinin acı aqibətini yaşayırdı. Qoca sobada uzanıb zarıyırdı. Yevstiqneyiç ayda bir dəfə – təqaüd alanda o ki var içir və bundan sonra üç gün dalı qatda uzanıb Allahı söyürdü.

– Beynimin içini elə bil cin-şeytan çalxalayır, Allahın anasını. Axırım çatıb…

Yevstiqneyiçin kirayənişini, səkkizinci sinif şagirdi Yurka üzərinə dərsliklər qalaqlanmış masa arxasında oturub dərs oxuyurdu.

– Yurka, axırım çatıb, görüm elə xaç çevirəni də, belə anasını da!..

– Şüşənin dibinə girmək lazım deyildi.

– Başından yekə danışma, uşaqsan, uşaq yerində otur.

Ortaya çökən sükutu bircə Yurkanın kağız üzərində gəzdirdiyi qələmin cırıltısı pozurdu.

Qoca söhbəti davam etdirmək istəyir, indi özünü babat hiss edir.

– İçməyim, bəs neyləyim? Ayda bir dəfə qeyd eləməliyəm, ya yox?..

– Nəyi?

– Adam olub-olmadığımı.

– Hm… Lap təhkimçilik dövründəki kimi düşünürsünüz. – Yurka stula söykənib rişxənd dolu baxışlarını ev sahibinə dikdi. – Onda belə hesab edirdilər ki, adam mütləq araq içməlidir.

– Təhkimçilik dövrü haqda sən haradan bilirsən ki? – İztirab və maraq dolu baxışlarını uzandığı sobadan aşağıya yönəldən qoca dilləndi. Yurka bəzən onu öz ağlı ilə heyrətləndirirdi və o, təslim olmasa belə, oğlanı dinləməyi sevirdi. – De görüm, bir qarış boyunla bütün bunları haradan bilirsən?

– Məktəbdə keçmişik.

– Nədir, olmaya müəllimlər danışıblar?

– Əlbəttə, müəllimlər.

– Onlar haradan bilirlər ki? Hamısının ağzından süd iyi gəlir.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации