Электронная библиотека » Василий Шукшин » » онлайн чтение - страница 2

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:21


Автор книги: Василий Шукшин


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

GÜNƏŞ, QOCA VƏ QIZ

Qızmar günəşin meydan suladığı günlər idi. Torpaq da, ağaclar da od tutub yanırdı.

Quru otlar ayaq altında xışıldayırdı. Bircə axşamlar sərin düşürdü. Bax elə həmin axşamlarda iti axan Katun çayının sahilinə bir qoca çıxır, həmişə eyni yerdə – kökləri suya batmış ağacın qalın budaqlarından birində oturur və günəşin qürubunu seyr edirdi. Göydən dağların arxasına doğru enən günəş iri və qırmızı idi. Qoca heç qımıldanmırdı. Dizlərinin üstünə qoyduğu əlləri günəşdən qaralmış, qupquru və qırış içində idi. Dərin qırışlar üzünü də bürüyüb, gözləri nəm və donuqdur. Nazik boynu, balaca başı və çal saçları var. Göy rəngdə çit köynəyinin altından kürəyinin sümüyü çıxır.

Günlərin birində, qoca elə beləcə oturanda arxadan bir səs eşitdi:

– Babacan, salam!

Qoca başı ilə salam verdi.

Əlində yastı, balaca bir çamadan tutmuş qız yanında əyləşdi.

– Dincəlirsiniz?

Qoca yenə başını tərpətdi. Dedi:

– Dincəlirəm.

Qızın üzünə baxmadı.

– Olar, sizin üzünüzü köçürüm? – qız soruşdu.

– Necə yəni köçürəsən? – qoca anlamadı.

– Sizi çəkim.

Qoca bir müddət sükuta daldı, vərdişinə xilaf çıxmayıb günəşi seyr etdi, kirpikləri tökülmüş qırmızımtıl göz qapaqlarını qırpdı.

– Mən indi qəşəng deyiləm, – dedi.

– Niyə ki? – Qız azacıq özünü itirdi. – Heç də yox, babacan, siz qəşəngsiniz.

– Üstəlik də naxoşam.

Qız qocaya uzun-uzadı tamaşa elədi. Sonra ovcu ilə onun günəşdən qaralmış quru əlini sığallayıb dedi:

– Babacan, siz çox qəşəngsiniz. Düz sözümdür.

Qoca xəfif gülümsündü:

– Daha sənsən də, çək.

Qız öz çamadanını açdı.

Qoca ağzını ovucu ilə tutub öskürdü:

– Yəqin, şəhərlisən, hə? – soruşdu.

– Hə, şəhərliyəm.

– Yəqin, buna görə pul verirlər, hə?

– Baxır da. Qəşəng çəkəndə verirlər.

– Çalışmaq lazımdır.

– Çalışıram.

Susdular.

Qoca elə hey günəşə tamaşa edirdi.

Qız qocanın üzünə yandan baxıb çəkirdi.

– Babacan, buralısız?

– Hə, buralıyam.

– Elə burada doğulmusuz?

– Burada, burada.

– İndi neçə yaşınız var?

– Yaşımı deyirsən? Səksən.

– Oho!

– Hə, yaman çoxdur, – qoca razılaşdı və yenə xəfif gülümsündü. – Bəs sənin?

– İyirmi beş.

Ortaya yenə sükut çökdü.

– Yaman günəşdir! – qoca pəsdən səsləndi.

– Necədir ki? – qız anlamadı.

– İridir.

– A-a… Hə. Ümumiyyətlə, bura çox qəşəngdir.

– Hələ bir suya bax, gör günəşin şəfəqlərinə necə boyanıb… Hələ o biri sahildəkinə…

– Hə, hə.

– Elə bil qan qatmısan.

– Hə. – Qız o biri sahilə baxdı. – Hə.

Günəş Altayın zirvələrinə toxunub aramla mavi ənginliyə qovuşdu. O, dərinə getdikcə dağlar daha aydın mənzərə alırdı. Onlar sanki yaxınlaşırdı. Çayla dağların arasında qalan dərəni bürüyən qırmızımtıl toran da yavaşca sönükməyə başladı. İşıq öz yerini dağlardan ayrılıb yaxınlaşan dalğın kölgəyə verdi. Sonra günəş bütünlüklə Buburxan sıra dağlarının iti uclarının arxasında gizləndi və parlaq kürən yelpiyi yaşımtıl səmanı anındaca ağuşuna aldı. Bu mənzərə də uzun müddət sürmədi – şölələr sakitcə söndü.

– Günəş getdi, – qoca ah çəkdi.

Qız kağız vərəqlərini yeşiyə qoydu.

Bir müddət sakitcə oturub çayın şırıltısına qulaq kəsildilər.

Dərəni indi də duman başına aldı.

Yaxınlıqdakı meşədə hansısa gecə quşu ürkək-ürkək hayladı. Sahilin o biri tayından onun səsinə səs verdilər.

– Qəşəngdir, – qoca pəsdən dilləndi.

Qızsa tezliklə çoxlu hazır şəkillərlə sevimli şəhərinə qayıdacağını düşünürdü. Aralarında bu qocanın da şəkli olacaq. Dostu, istedadlı, həqiqi rəssamsa növbəti dəfə cinlənəcək: “Yenə qırışlar!.. Nə olsun ki? Sibirdə sərt iqlimin at oynatması və orada adamların çox işləməsi hər kəsə məlumdur. Guya indi sən nəsə kəşf eləmisən? Hə?..”

Qız istedad dağarcığı olmadığını bilirdi. Amma axı o bu qocanın necə çətin bir həyat yolu keçməsi barədə fikirləşir. Hələ bir əllərinə bax… Yenə qırışlar! “İşləmək, işləmək, işləmək lazımdır…”

– Babacan, sabah bura gələcəksiniz? – qız qocadan soruşdu.

– Gələcəm, – qoca cavab verdi.

Qız ayağa durub kəndə tərəf getdi.

Bir azdan qoca da yola düzəldi.

Evə gəlib sobanın yanında, həmişəki yerində sakitcə oturdu, oğlunun işdən qayıtmasını gözlədi. Birgə şam edəcəkdilər.

Oğlu həmişə yorğun və hər şeydən narazı qayıdırdı. Gəlini də həmişə nədənsə narazı idi. Nəvələri boya-başa çatmış və şəhərə getmişdilər. Ev onlarsız suyu sovulmuş dəyirmana dönmüşdü. Şam yeməyinə oturdular.

Qocanın südünə çörək doğradılar, o, masanın bir küncündə oturub sakitcə yeməyə başladı. Qaşığı boşqaba üsulluca vurur, səs salmamağa çalışırdı. Susurdular.

Sonra hərə öz yatağına getdi.

Qoca sobaya dırmaşdı, oğlu ilə gəlinisə yan otağa keçdilər. Susurdular. Nə danışsınlar ki? Bütün sözlər çoxdan çeynənib.

Sonrakı axşam qoca ilə qız yenə sahildə, ağacın yoğun budağında oturmuşdular. Qız tələsik çəkir, günəşi seyr edən qocasa danışırdı:

– Həmişə firavan yaşamışıq, Tanrıya şıllaq atmaq günah olardı. Dülgərlik etmişəm, iş sarıdan da korluq çəkməmişəm. Oğlanlarım da dülgərdirlər. Dördünü lənətə gəlmiş müharibə apardı, ikisi qaldı. İndi biri ilə, Stepanla yaşayıram. Vankasa şəhərdə, Biyskdə yaşayır. Tikintidə prorab11
  Prorab – iş icraçısı


[Закрыть]
işləyir. Tez-tez məktub yazır, şükür, yaxşı dolanırlar. Bura da gəliblər, qonaq qalıblar. Nəvələrim çoxdur, hamısı da məni çox istəyir. İndi hərəsi bir şəhərə dağılışıb…

Qız qocanın əllərini çəkir, tələsir, əsəbiləşir, tez-tez silirdi.

– Yaşamaq çətin idi? – arada yersiz sual verirdi.

– Niyə çətin olsun ki? – qoca çiyinlərini çəkirdi. – Bayaq dedim axı, firavan yaşamışıq.

– Oğlanlarınıza heyfiniz gəlir?

– Bəs necə? – qoca yenə təəccüblənirdi. – Dördünü birdən qara torpağa tapşırmaq zarafat deyil e!

Qız heç cür anlaya bilmirdi: qocaya yazığı gəlir, yoxsa daha çox onun sakitliyinə və rahatlığına heyrətlənir.

Günəşsə yenə qüruba enirdi. Kürən yelpiyi yenə göy üzünü ağuşuna almışdı.

– Sabah hava yağışlı olacaq, – qoca dilləndi.

Qız aydın səmaya nəzər saldı:

– Niyə ki?

– Sümüklərim sızıldayır.

– Göyün üzü tərtəmizdir.

Qoca susdu.

– Babacan, sabah da gələcəksiniz?

– Bilmirəm, – qoca dərhal cavab vermədi. – Nəsə bütün bədənim sızıldayır.

– Babacan, bu daş sizdə necə adlanır? – Qız jaketinin cibindən qızılıya çalan ağ daş çıxardı.

– Hansı? – dağlara baxan qoca soruşdu.

Qız əlindəki daşı ona uzatdı. Qoca çevrilmədən ovcunu açdı.

– Bu? – daşa ötəri nəzər salan qoca cadar-cadar olmuş əyri barmaqları ilə ora-bura çevirib soruşdu. – Çaxmaqdaşıdır. Müharibə dövründə kükürdlü kibrit tapılmayanda ondan od alırdılar.

Qız qəribə şübhələr içində boğuldu: ona elə gəldi ki, qoca kordur. Bir neçə dəqiqə danışmağa söz tapmadı, böyürdən qocanı izlədi. Vərdişinə xilaf çıxmayan qoca günəşin batdığı yerə tamaşa edirdi. Sakit, dalğın baxışlar.

– Ala… Daşını götür, – qoca ovcundakı daşı qıza uzatdı. – Bundan da qəşəngləri var. Bir də görürsən qarşına ağappağı çıxır, elə möhkəm bərq vurur ki, adamın gözləri qamaşır, üstəlik, qəribə ləkələri olur. Yumurtaya oxşayanları da olur, heç fərqləndirə bilməzsən. Nə bilim, sağsağan yumurtasına oxşayanı var, yanları da çilli olur. Hələ sığırçın yumurtasına oxşayanları demirəm – gömgöy, xalları da var.

Qız elə hey qocaya baxırdı. Kor olub-olmadığını soruşmağa cürət etmirdi.

– Babacan, harada yaşayırsınız?

– Lap yaxında. Odur e, İvan Kolokolnikovun evi, – qoca sahildəki evi göstərdi, – sonra Bedaryovlar, daha sonra – Volokitinlər, Zinovyevlər, orada, döngədəsə bizimki. Bir şey lazımın olsa, çəkinmə, gəl. Nəvələrim olanda evimiz yaman şən idi.

– Çox sağ ol.

– Mən gedim. Nəsə sümüklərim sızıldayır.

Qoca ayağa qalxıb cığırla dağa tərəf getdi.

Qız qocanı döngədə gözdən itənəcən izlədi. Bir dəfə fə olsun büdrəmədi, ləngimədi. Aramla, ayağının altına baxa-baxa getdi. “Yox, kor deyil, – qız anladı. – Sadəcə, zəif görür”.

Qoca səhərisi gün sahilə gəlmədi. Qız tənha oturub qocanı düşündü. Onun adidən adi həyatında nəsə qeyri-adi, böyük, əhəmiyyətli bir şey vardı. “Günəş də, sadəcə, doğur və sadəcə, batır, – qız fikirləşirdi. – Amma məgər bu, adi bir hadisədir?!” O, şəkillərini diqqətlə nəzərdən keçirdi. Kədərli idi.

Qoca nə üçüncü, nə də dördüncü gün gəldi.

Qız ayağa qalxıb onun evini axtarmağa getdi.

Tapdı.

İri kənd evinin həyətində, küncdəki talvarın altında haradasa əlli yaşlarında boylu-buxunlu bir kişi verstakda22
  Verstak – dülgər aləti


[Закрыть]
şamağacından düzəldilmiş lövhəni rəndələyirdi.

– Salam, – qız söylədi.

Kişi qamətini düzəldib qıza nəzər saldı, əlinin arxası ilə alnının tərini silib başını tərpətdi:

– Xoş gördük.

– Zəhmət olmasa, deyin, qoca baba burada yaşayır?..

Kişi qarşısındakını diqqətlə, bir az da təəccüblə süzdü. Qız susdu.

– Yaşayırdı, – kişi dilləndi. – Ona tabut düzəldirəm.

Qızın gözləri qeyri-iradi bərəldi:

– Deməli, ölüb, hə?

– Ölüb. – Kişi yenə lövhəyə tərəf əyildi, rəndəni bir-iki dəfə dala-qabağa sürüdü, sonra başını qaldırıb qıza baxdı. – Sənə nə lazım idi ki?

– Heç… Onun şəklini çəkirdim.

– A-a. – Kişi çevik hərəkətlə rəndəni lövhəyə sürtdü.

– O, kor idi? – qız ortaya çökən sükutu, nəhayət, pozdu.

– Hə.

– Çoxdan?

– On il olardı. Nədir ki?

– Heç…

Qız həyətdən çıxdı.

Bayırda başını ağaca söykəyib hıçqırmağa başladı. Babaya acıyırdı. Üstəlik, onun barəsində fərli-başlı danışa bilməməsinə peşman idi. Hərçənd indi insan həyatının və fədakarlığın hansısa dərin qatlarına varır və özü də bilmədən yetkinləşirdi.

1963
Tərcümə edəni: Kifayət Haqverdiyeva

STYOPKA

Budur, bahar gəldi, həddi-büluğa çatmamış qız kimi mehriban və anlamaz bahar!

Kəndin döngələrində palçıq dizə çıxır. Adamlar çəpərlər boyunca payalardan tutub gedirlər. İşdi-şayət, “Zaqotskot”dan33
  “Zaqotskot” – mal-qara tədarükü idarəsi


[Закрыть]
olan hər hansı bir əmi bu payaların birindən yapışsa, dərhal da elə onun əlində qalacaq, çünki “Zaqotskot”dan olan kişilərin hamısı şişman, sifətləri isə sanki qırmızı mahud kimi cadar-cadar olur. Bağ sahibləri elə hey deyinir, söyüş yağdırırlar:

– Ay müftəxor, sənin öz çəkmələrinə heyfin gəlir deyə mən hər yaz gələndə çəpərə yeni paya vurmalıyam?

– Əgər hörülü çəpərə heyfin gəlirsə, onda yola bir az daş tök.

– Sənin qolların quruyub məgər, götür tök də…

– Əgər belə ağıllısansa, onda bağırma…

Gecələr isə əkin yerlərində altdan əriməyə başlayan qar kədərlə köks ötürərək çökməyə başlayır. Çay qırağındakı qovaq ağacında nəsə cingilti ilə çatlayır: pi-u. Çayın buzu əriyib çayaşağı axır. Lakin hələ tək-tək buz parçaları gün işığında parıldayaraq öz sürüşkən qarınları ilə qumdaşını ovudur. Çayın dirsəyində buzlar göyərmiş sifətlərini sudan çıxarır, çınqılları dağıdır, sonra çevrilib yoluna davam edir – ölməyə gedir. Dəlisov rütubətli külək elə hey hərlənir, adamın başını da hərləndirir. Kəskin peyin iyi gəlir. Axşamlar, yatmazdan əvvəl adamlar mehribanlaşırlar.

Həyətlərdə sacayağının üstündə bir ailəni doydurmağa qadir çuqun şorba qazanları tərləyir. Şən ocaqlar rəqs edir, nəm çırpılar çartıldayır. İlıq havada adam xəyala dalır. Artıq gün keçib. Aram-aram, tələsmədən, o qədər də əhəmiyyəti olmayan söhbətlər edilir. Sabah yeni gün olacaq, yenə görüləsi işlər çıxacaq. Hələliksə dincəlmək, papiros çəkmək, taleyin dalınca deyinmək, Allah bilir nələr haqda düşünmək olar. Bəlkə, həyat – həmin o tale – bir az başqa cür, bir az daha yaxşı ola bilərdi… Amma belə də pis deyil, buna da şükür.

Belə dalğın, xoş bir axşamçağı, geniş yolun yanından ötərək Stepan Voyevodin doğma kəndlərinə gəldi.

O biri səmtdən – həyətlərin seyrək olduğu tərəfdən gəldi. Gün boyu günəşin istisindən qızmış yamacda oturub dərindən köks ötürdü. Sonra kəndə baxmağa başladı. Görünür, bütün günü piyada ayaq döymüş, ona görə də bərk yorulmuşdu.

Beləcə xeyli oturdu, baxdı.

Sonra qalxdı və kəndə getdi.

Yermolay Voyevodin hələ də anbarda eşələnirdi. Arabası üçün uzun ağac yonurdu. İçəridən şamağacı yonqarının, maxorka və soyumaqda olan yonulmuş taxtanın iyi gəlirdi. Anbar alaqaranlıq idi. Yermolay gözlərini qıyır və rəndə hər dəfə düyünə toxunanda o, adəti üzrə, nəvazişlə söyüş söyürdü.

… Bu dəm oğlu Stepan qapıda peyda oldu.

– Xoş gördük, dədə!

Yermolay başını qaldırıb xeyli oğluna baxdı… Sonra burun dəliyinin biri ilə bərkdən fınxırıb, qadınların etdiyi kimi, sətin köynəyinin ətəyi ilə sildi. Yenə diqqətlə oğluna baxdı.

– Styopka, sənsən?

– Hə, nədi, yoxsa tanımadın?

– Pah! Ay səni görüm… Elə bildim məni qara basır.

Stepan yüngül çiyin çantasını kandarın ağzında yerə qoyub atasına yaxınlaşdı. Qucaqlaşıb marçıltı ilə öpüşdülər.

– Gəldin?

– Gəldim.

– Nə əcəb belə tez? Biz səni payızda gözləyirdik.

– İşimi görüb qurtardım, tez buraxdılar.

– İşə bax a… Ay səni görüm!.. – Ata oğlunun gəlişinə çox sevinirdi. Amma bilmirdi nə etsin. – Borozya hələ sağdır, – dedi.

– Doğrudan? – Stepan təəccüb etdi. O da nə edəcəyini bilmirdi. Atasını görməyinə o da çox şad idi. – Bəs haradadı o?

– Haradasa veyillənir. Bu şənbə arvadlar ağ paltar yuyub qurumağa sərmişdilər. O hamısını cırıb tökdü. Yaman coşmuşdu it oğlu və başladı didişdirməyə.

– Ağılsız səfeh.

– İstəyirdim güllələyəm onu, düşündüm ki, gəlib inciyərsən…

Dülgər dəzgahının üstündə oturub papiros yandırdılar.

– Bizimkilər salamatdılar? – Stepan soruşdu.

– Pis deyillər. Məhbəs həyatın necə keçdi?

– Pis deyildi, işləyirdik.

– Yəqin ki, mədənlərdə?

– Yox, niyə ki, meşə qırırdıq.

– Hə də. – Yermolay başını buladı. – Axmaqlığın keçib-getdi, heç olmasa?

– Də… – Stepan üzünü bürüşdürdü. – İş onda deyil, dədə.

– Bax, sən, Styopka… – Yermolay papiros tüstüsündən sapsarı olmuş əyri barmağıyla onu hədələdi. – İndi başa düşdün: yumruqlarınla lazım olmayan yerə girmə. Şeytan balaları, dalaşmağa vaxt tapıblar… Burada onsuz da…

– İş onda deyil, – Stepan yenə dilləndi.

Anbarın içinə sürətlə qaranlıq düşürdü. Hələ də ətrafı yonqar və maxorka iyi götürmüşdü.

Stepan dəzgahın üzərindən qalxıb papiros kötüyünü ayaqladı. İçi, demək olar ki, boş olan çantasını qaldırdı.

– Gedək, evdə də görünək.

– Bizim o lalımız, – ata dilləndi, – az qala ərə gedəcəkdi. – Ata nə isə çox mühüm bir şeydən danışmaq istəyirdi, amma ağlına heç nə gəlmirdi.

– Nə oldu? – Stepan təəccüblə soruşdu.

Bilmirsən ağlayasan, ya güləsən…

Anbardan evə gələ-gələ ata əhvalatı danışırdı:

– Bir gün klubdan gəlib mənə əzilə-əzilə deyir ki, bəs adaxlımı evə gətirəcəyəm. Mən isə ona: “Sənə indi elə adaxlı gətirərəm ki, bir həftə yerindən qalxa bilməzsən”, – dedim.

– Bəlkə, nahaq demisən?

– Niyə nahaq? Nahaq… Kimsə aldatmaq istəyib, deyib elə bunun başını bişirərəm, asan yol tapıb. Axı bu vəziyyətdə o kimə lazımdı? Dedim, bu saat sənə elə bir adaxlı gətirərəm ki…

– Adaxlıya bir baxmaq lazım idi. Bəlkə, doğrudan…

Elə bu zaman artırmaya “gəlin” özü, 23 yaşlarında dolu bir qız çıxdı. Qardaşını görən kimi qollarını açıb inək kimi böyürməyə başladı. Onun gözləri çiçək kimi gömgöy idi. Baxışlarında uşaq sadəlövhlüyü hiss olunurdu.

– Me-emm, mm, – o movuldayaraq qardaşına yuxarıdan, artırmadan baxır və onun yaxınlaşmasını gözləyirdi… Bu anda qız o qədər xoşbəxt idi ki, kişilərin də gözləri yaşardı.

– Bu da sənin üçün “me”, – ata acıqlı cavab verərək ovcunun içi ilə gözlərini sildi. – Səni gözləyirdi, hər gün divara xaç çəkib günləri sayırdı, – dedi Stepana. – Dəli kimi elə hamını sevir.

Stepan qaşqabağını töküb pilləkənlərlə artırmaya qalxdı, yöndəmsiz şəkildə bacısını qucaqlayıb əlini kürəyinə vurdu. O isə qardaşına sarılıb onun alnından, yanaqlarından və dodaqlarından öpürdü.

– Bəsdi, yaxşı! – Stepan müqavimət göstərərək onun ağuşundan xilas olmaq istəyirdi.

Belə öpüldüyü üçün özünü yaxşı hiss etmir, eyni zamanda sevinir, amma bacısını da itələyə bilmirdi.

– Sən bir buna bax, – deyə o utancaqlıqla deyindi. – Yaxşı, bəsdi, bəsdi… qurtardı…

– Keçib daha, qoy öpsün, – ata dedi və gözlərini sildi. – Görürsən ki, darıxıb.

Stepan, nəhayət, bacısının qolları arasından qopub sevincək ona baxdı.

– Hə, həyatın necədir? – dedi.

Bacısı barmaqları ilə “yaxşı” işarəsini verdi.

– Onun üçün həmişə yaxşıdı, – deyib ata artırmaya qalxdı. – Gedək, ananı sevindirək.

Ana ağlayaraq dua oxumağa başladı:

– İlahi, ey Göylər atası, dualarımı eşitdin, onlar sənə çatdı.

Hamı birtəhər oldu.

– Ay arvad, sənin kədərlənməyinlə sevinməyini ayırd etmək olmur, elə bir şeydir, – dedi Yermolay. – Gözünün şorbasını nə tökürsən? Gəlib çıxıb, sevinmək lazımdır.

– Sevinirəm də, sevinmirəm məgər…

– Onda bəsdir uladın.

– Salamatsan, oğlum? – anası soruşdu. – Bəlkə, xəstəliyin var deyə səni tez buraxıblar?

– Yox, hər şey qaydasındadır. İşimi tez bitirdim, buraxdılar.

Yavaş-yavaş qonşular, doğmalar gəlməyə başladılar.

İlk olaraq cavan, mehriban və girdəsifətli qadın olan qonşu Nyura Aqapova qaçıb gəldi. O hələ dəhlizdə ikən həddən artıq sevincək və həyəcanlı danışmağa başladı.

– Mən də pəncərədən baxıram, aman Allah, bu gələn Styopa deyil ki? Sən demə, doğrudan da Styopa imiş…

Stepan gülümsədi:

– Xoş gördük, Nyura!

Nyura isti əllərini qonşusuna sarıdı, kişi dodaqlarına təşnə olan dul qadın dodaqlarını onun tütün qoxan, çöl küləyindən çatlamış dodaqlarına yapışdırdı…

– Sən lap soba kimi alov püskürürsən, ərə getməmisən hələ? – Stepan soruşdu.

– Kimə gedim? Bütün kənddə iki yarım kişi tapılar.

– Sənə beşi lazımdı məgər?

– Bəlkə, elə səni gözləyirəm? – Nyura güldü.

– Cəhənnəm ol buradan, Nyurka! – Stepanın anası qısqanclıqla dilləndi. – Buralarda əl-ayağa dolaşma, imkan ver, başqaları da danışsın. Hə, oğlum, orada sənin üçün çox çətin idi?

– Yox, əşi, – deyə Stepan danışmağa başladı. – Ora yaxşı idi. Bax, məsələn, mən burada kinoya ayda bir dəfə baxıram, elədi? Orada isə həftədə iki dəfə. İstəyirsən, get qırmızı guşəyə, orada sənə “Sovet adamının şərəf və vicdanı”, ya da “Kapitalist ölkələrində fəhlə sinfinin vəziyyəti” haqqında mühazirə oxuyacaqlar.

– Sizi ora kinoya baxmaq üçün yığıblar? – deyə Nyura gülərək soruşdu.

– Niyə ki?.. Təkcə o deyil, əlbəttə, kino…

– Tərbiyələndirirlər, – deyə ata söhbətə qarışdı. – Giclərin beynini düzəldirlər.

– Maraqlı adamlar çoxdur, – Stepan davam etdi. – Orada elə qartallar var ki!.. Oxumuşlar da var. Bizim briqadada iki mühəndis var idi.

– Onlar nə üstə yatırlar?

– Biri hansısa fabrikdə baş verən hansısa qəzaya görə, o birisi kiminləsə dalaşdığına görə: butulkanı kiminsə təpəsinə endirib…

– Bəlkə, mühəndis olduğunu goplayır? – ata şübhəylə soruşdu.

– Orada goplamaq mümkün deyil. Orada hər kəs haqqında hər şeyi bilirlər.

– Babat yedizdirirdilərmi? – anası soruşdu.

– Yaxşıydı, demək olar ki, həmişə bəs edirdi. Pis deyildi.

Yenə adamlar yığışdı. Styopanın yoldaşları gəldilər. Voyevodinlərin balaca daxması qaynayırdı. Stepan danışdıqlarını hər gələnə bir də təkrar danışırdı:

– Əşi, yox, orada, ümumiyyətlə, yaxşıdır! Siz burada kinoya tez-tez baxırsınız? Amma biz həftədə iki dəfə baxırdıq. Sizə artistlər gəlir? Bizə isə elə hey gəlirdilər. Yemək də bəs edirdi… Bir dəfə fokus göstərən də gəlmişdi. Dolu stəkanı bax belə ağzı üstə götürürdü…

Hamı maraqla Stepanı dinləyirdi, bir az təəccüblənirdilər, arada “hm”, “bir bax a” deyib söhbətə qarışır, nəsə danışmaq istəyirdilər. Lakin kənardan bir başqası yeni sual verir və Styopa yenə danışmağa başlayırdı. O, çoxdan gözlənilən bu görüşdən, suallardan, öz danışdığı hekayətlərdən yüngülcə keflənmişdi. Hətta özündən bəzi şeylər də əlavə etməyə başlamışdı.

– Mühafizə məsələsi necə idi orada?

– Boş şeydi! Son vaxtlar bizi sovxoza da işləməyə aparırdılar. Biz orada, demək olar ki, nəzarətsiz qalırdıq.

– Oradan qaçan olur?

– Tək-tük. Mənası yoxdur.

– Deyirlər, əgər adam orada nəsə törətsə, onu daş çuvala salırlar…

– Karserə. Bu da nadir hallarda – cəzan çox ağır olanda olur. O da lap qatı cinayətkarları, bizi isə nadir hallarda.

– Təsəvvürünüzə gətirirsiz, orada nə qədər oğru-quldur var? – bir oğlan sadəlövhlüklə soruşdu. – Yəqin, bir-birinin cibinə girirlər, hə?..

Stepan güldü. Ətrafdakılar da gülüb maraqla Stepana baxdılar.

– Bu məsələyə orada çox ciddi baxılır, – Stepan dedi. – Kimisə tutsalar, dərhal dərsini verirlər…

Bu arada anası və lal qız tez hamamı isitdilər, ata isə dükana qaçdı… Kimi əsginin arasında donuz piyi, kimi dünəndən qalmış kökələr, kimi də taxta qabda baldan çəkilmiş pivə gətirdi – şənlik qəfil yarandı, ev sahiblərinin hazırlıq görməyə vaxtları olmamışdı. Masa arxasına oturanda artıq gecədən xeyli keçmişdi.

Şənlik yavaş-yavaş qızışırdı. Bir-birinin sözünü kəsə-kəsə hamı birdən danışıb-gülürdü… Stepan yuxarı başda oturmuşdu. Gah sola, gah sağa çevrilir, yenə nəsə danışmaq istəyirdi, ancaq artıq onu eşidən yox idi. Heç onun özü də buna çox cəhd eləmirdi. Ona xoş idi ki, adamlara yaxşı ovqat bəxş edib, onlar özlərini əla hiss edir, bir yerə yığışa bilib, danışıb-gülürlər… Onlara lap xoş olsun deyə Styopa gəldiyi yerlərin təsirli bir mahnısını oxumağa başladı:

 
Keçib günahlarımdan
Bağışla məni, an-aaa,
Üzünə ağ olduğumçün
Yerimdi həbsxan-aaa.
 

Bir anlığa hamı susdu. Stepanı insanlara etdiyi xeyirxahlıq və sevgi hissi bürüdü. O, hissolunacaq dərəcədə keflənmişdi:

 
Məhbəs zarafat deyil,–
Sınamaqdı dözüm-üüü.
Zarafat bilə-bilə
Məhv elədim özüm-üüü.
 

Qadının dilindən oxunan bu mahnı oturanların xoşuna gəlmədi. Günaha batmış qadının peşmançılıq hissini qiymətləndirmədilər.

– Oğru mahnısıdı! – həbsxanada hər tərəfin oğru-quldurlarla dolu olduğunu düşünən həmin sadəlövh oğlan coşqunluqla dedi. – Sakit olun!

– Oğlum, həbsxanada çox qadın yatır? – anası masanın o başından sual verdi.

– Bəs eləyir.

Sonra məhbəs həyatının qadınlar üçün, yəqin, daha ağır olduğu barədə söhbət getdi.

– Yəqin, uşaqlar da başsız böyüyür?

– Uşaqları yetimxanaya verirlər…

– Mən qadınları həbs etməzdim! – kifayət qədər içkili kişilərdən hansısa sərtliklə dedi. – Paltarlarının ətəyini başlarına çevirib kəmərlə çırpardım!

– Belə şeylər kömək eləməz, – deyə Yermolay mübahisəyə başladı. – Sən onu belə cəzalandırsan, o daha qəzəbli və kinli olar. Bax mən özümünkünü cavanlıqda bir-iki dəfə cilovladım. O da mənim acığıma lal qız doğdu.

Kimsə öz sevimli mahnısını oxudu:

 
Atam əkinçi idi,
Hər gün yer şumlayırdı.
Məni işdə özünə
Arxa, dayaq sayırdı.
 

Mahnını ağız-ağıza verib oxudular, səslərini zilə qaldırdılar, sonra yavaş-yavaş bəmə endirdilər.

 
Üç gün üç gecə idi
Mücadilə edirdim.
Bacımı əsirlikdən
Qurtarmağa gedirdim.
 

Hər kəs mahnıya aludə olmuşdu – başlarını bikef halda aşağı salıb oxuyurdular:

 
Heyif, amansız cani
Tuşlayıb tüfəngini
Yerə sərdi bacımı, –
O gözəl turacımı.
 
 
Qalxdım uca bir dağa,
Doğma kəndə baxmağa.
Gördüm yanır kəndimiz, –
Alışır vətənimiz.
 

Stepan əsəbi halda yumruğunu mizin üstünə vurdu.

– Sən məni sevmirsən, mənə yazığın gəlmir! – deyə ucadan qışqırdı. – Amma mən sizin hamınızı sevirəm, ay lənətə gəlmişlər. Mən sizin üçün çox darıxmışam.

Kandarda, siqaret dumanının içindən qarmon səsi eşidildi. Kimsə tədbirli tərpənib qarmonçalan gətirmişdi. Hamı bağırmağa başladı. Mahnı canını tapşırdı. Bir-bir stolun arxasından çıxıb mahnının ahənginə düşməyə çalışdılar. Ayaqlarını döşəməyə daha bərk vurmağa çalışırdılar.

Qadınlar əl-ələ tutub nəqərat oxuya-oxuya dövrə vurmağa başladılar. Lal qız da dəsmalını başının üzərində yellədərək dövrə vururdu. Onu barmaqla göstərib gülürdülər… O da gülürdü, o, xoşbəxt idi.

– Verka! Ve-erk! – çox içmiş bir kişi qışqırdı. – Sən ora-bura gəzməkdənsə, oxu, oxu! – Onu eşidən yox idi, öz zarafatına özü gülüb qəşş etdi.

Stepanın anası yaşlı bir qadınla danışırdı:

– Vay nənə, o özünü üstümə necə atdısa, az qala döşlərim partlayacaqdı. Mən güc-bəla ilə onun başını qaldırıb soruşdum: “Şərdimi, xeyirdimi?” O mənim düz qulağımın içinə üfürdü: “Xeyirdi!”

Yaşlı qadın başını silkələdi:

– Xeyirdi?

– Xeyirdi, xeyirdi. Bax belə, lap aydınca “Xeyirdi!” – dedi.

– Qabaqladı.

– Qabaqladı, qabaqladı. Mən də axşam öz-özümə düşünürdüm ki, görəsən, qonşunun mənə qabaqcadan “xeyirliyə” verdiyi xəbər nə ola bilər? Elə bunu düşünürdüm ki, bir də baxıram qapı açılır, budur, oğlan qapının ağzındadır.

– Allah, Allah! – yaşlı qadın pıçıldadı və dəsmalının ucu ilə yaşarmış gözlərini sildi. – Əcəb işdi!

Qadınlar Yermolayı dövrəyə aldılar. Yermolay çox düşünmədən bir ayağı üstə süzməyə başladı, o biri ayağının isə ancaq dabanını yerə vurur, “op-pa”, “at-ta”, “op-pa”, “at-ta” deyirdi. Dabanını yerə necə vururdusa, dolabın rəflərindəki qab-qacaq atılıb-düşürdü.

– Hə, Yermil, bu gün sənin şad günündür, hərəkət elə, – kənardan qışqırışırdılar.

– At-ta, op-pa, – Yermolay oynadıqca deyirdi. İşlədiyi qırx il müddətində dəzgah arxasında donqarlaşan beli isə heç açılmırdı. O da eləcə bükülmüş vəziyyətdə, ağır, düyünlü əllərini yanına salıb oynayırdı. O, bütün dərdlərini unudub oğlunun bu gəlişinə sevinirdi. Axı oğlunun yolunu o az gözləməmişdi: beş ildən bir az kəm.

Styopa dövrəyə, atasının yanına girdi, titrək səslə ağır-ağır dedi:

– Hə, ata…

– Hə, oynayın, ata-bala, hərəkət edin!

– Deyəsən, Styopa orada çox işləyib, özünü əldən salmayıb, gör necə şıllaq atır?

– Özü deyir axı, orada yaxşı olub vəziyyəti, yeməklə də yaxşı doyuzdurublar…

– Hə, gözlə… yedizdirirlər. Yedizdirə-yedizdirə qalıblar.

– At-ta, op-pa! – deyə-deyə Yermolay oğluyla ayaqlaşmağa çalışırdı.

Heç biri oynaya bilmirdi, amma cəhd göstərirdilər. Bu, oradakı adamların xoşuna gəlirdi. Onlara məmnuniyyətlə tamaşa edirdilər.

Beləcə şənlənirdilər.

Başları necə qarışmışdısa, sahə müvəkkilinin evə nə zaman girdiyindən heç kəsin xəbəri olmadı. Bir də onu gördülər ki, o, Stepana yanaşıb nəsə dedi. Styopa onunla küçəyə çıxdı. Qonaqlar isə şənlənməkdə davam edirdilər. Düşünürdülər ki, yəqin, bu belə də olmalıdır. Styopa kənd sovetinə getməli və kağız-kuğuzunu qaydaya salmalıdır. Təkcə lal çox narahat idi. O, həyəcanlı səs çıxarır, atasının qolundan tutaraq dartırdı. Ata sərxoş olduğundan qızı itələdi.

– Əl çək, qaç buradan! Get rəqs elə!

Darvazadan çıxıb ayaq saxladılar.

– Sən dəli olmusan, a gədə? – deyə sahə müvəkkili Styopanın üzünə baxdı.

Stepan kürəyini darvaza qapısının dirəyinə söykəyib gülümsədi.

– Qəribədi? Eybi yoxdur… Olan işdir.

– Axı sənin cəmi üç ayın qalmışdı!

– Səndən yaxşı bilirəm. Bir papiros ver.

Sahə müvəkkili ona papiros verdi, birini də öz damağına qoydu.

– Gedək.

– Gedək.

– Bəlkə, evdə deyəsən?.. Yoxsa axtaracaqlar…

– Bu gün lazım deyil, qoy şənlənsinlər. Sabah deyərsən.

– Üç ay dözməyib qaçmaq! – milis yenə heyrətləndi. – Məni bağışla, həyatım boyu çox gic görmüşəm, amma sənin kimisi rastıma çıxmamışdı. Sən niyə belə etmisən?

Stepan əllərini şalvarının ciblərinə qoyub addımlayırdı. Alatoranlıqda tanış daxmalara, darvazalara, çəpər dirəklərinə baxa-baxa gedirdi… Uşaqlıqdan ona tanış olan ağız qamaşdırıcı bahar soyuğunu içinə çəkir, arabir gülümsəyirdi.

– A?

– Nədi?

– Axı sən niyə belə elədin?

– Qaçmağımı deyirsən? Bircə dəfə gəlib buraları görmək üçün… Çox darıxmışdım… Yuxuma girirdi…

– Axı cəmi üç ayın qalmışdı! – sahə müvəkkili az qala qışqırdı. – İndi isə daha iki il belinə yapışdıracaqlar.

– Eybi yoxdur… Mən artıq bərkimişəm, indi yatmaq olar. Yoxsa yuxular məni bezdirmişdi – hər gecə kənd yuxuma girirdi. Bizim kəndin yazı çox gözəldir, deyilmi?

– Hə-ə… – sahə müvəkkili fikirli-fikirli dedi.

Onlar uzun müddət, kənd sovetinə çatana qədər susdular.

– Qaçmaq da ki sənə müyəssər oldu! Tək qaçmısan?

– Üç nəfər.

– Bəs onlar hanı?

– Bilmirəm, biz dərhal tək-tək ayrıldıq.

– Kəndə nə qədər vaxta çatdın?

– İki həftəyə.

– Tfu… Cəhənnəmə ki, indi get yat.

Sahə müvəkkili kənd sovetində protokol yazdı. Stepan fikirli halda qaranlıq pəncərəyə baxırdı. Artıq içkidən ayılmışdı.

– Silahın yoxdur? – sahə müvəkkili başını protokoldan qaldıraraq soruşdu.

– Həyatım boyu özümlə murdar şeylər gəzdirməmişəm.

– Yolda nə ilə qidalanırdın?

– O biri iki nəfər ehtiyat götürmüşdü…

– Onların neçə ili qalırdı?

– Çox…

– Onların qaçmağının, heç olmasa, mənası var idi. Bəs səni hansı şeytan yoldan çıxartdı?

– Yaxşı, zəhləmi tökmə! – Stepan əsəbiləşdi. – Öz işini gör, mən ki sənə mane olmuram.

Sahə müvəkkili başını bulayıb yenə kağıza tərəf əyildi:

– Düzünü deyim ki, mənə zəng vurulanda inanmadım ki, belə şey ola bilər, yer üzündə belə bir axmaq da tapılar. Sən demə, düz imiş…

Stepan pəncərəyə baxırdı, sakitcə fikrə dalmışdı.

– Yəqin, səninlə qaçan o iki nəfər də sənin bu hərəkətinə o ki var gülüb? – danışqan milis özünü saxlaya bilməyib yenə soruşdu.

Stepan onu eşitmirdi.

Milis onu maraqla, uzun-uzadı süzüb dedi:

– Amma üzünə baxan deməz ki, sən dəlisən, – və protokolu düzüb-qoşmağa davam etdi.

Bu zaman lal kənd sovetinə daxil oldu. Qapının kandarında durub həyəcan dolu gözləriylə gah milis işçisinə, gah da qardaşına baxdı…

– Me-mm?.. – deyə qardaşından nə baş verdiyini soruşdu.

Stepan özünü itirdi:

– Sən niyə burdasan?

– Me-mm?! – qız milisi göstərərək mızıldadı.

– Olmaya, bacındır? – milis soruşdu.

– Tutaq ki,…

Lal masaya yaxınlaşdı, sahə müvəkkilinin çiyninə toxunaraq qardaşını göstərib əliylə sualını başa saldı: “Sən onu nə üçün apardın?”

Sahə müvəkkili onu anladı.

– O, – Stepanı göstərib dedi, – həbsxanadan qaçıb! Qaçıb! Bax belə! – Sahə müvəkkili pəncərəni göstərib necə qaçdığını başa saldı. – Normal adamlar qapıdan çıxırlar, qapıdan… O isə pəncərəyə çıxıb və əkilib. İndi o… – Milis barmaqlarını bir-birinin üstünə qəfəs şəklində qoyub Stepanı lal qıza göstərdi. – İndi onu yenə bax bu gözləyir. İki! – O, iki barmağını aralayıb təntənə ilə silkələdi. – Daha iki il!

Lal başa düşdü. Artıq hər şeyi tam anladıqdan sonra onun ürkmüş mavi gözləri elə qeyri-insani əzabla alışıb-yandı, onlarda elə bir ağrılı ifadə öz əksini tapdı ki, milis dəhşətə gəldi. Qız qardaşına baxırdı. O da, öz növbəsində, həyəcandan ağarıb hərəkətsiz halda bacısına baxırdı.

– Bax indi ona de ki, o dəlidir, normal adamlar belə hərəkət etmirlər…

Lal boğaz səsiylə Stepanın üstünə atılıb onun boynundan asıldı…

– Apar onu buradan! – Stepan xırıltılı səslə milisdən xahiş etdi. – Apar!

– Mən necə aparım onu?…

– Apar, yaramaz! – Stepan kobud səslə bağırdı. – Apar, yoxsa sənin başını bu kətillə yaracağam!

Milis yerindən sıçradı, lalı qardaşından ayırdı… O, qardaşına doğru can atırdı. Movuldayırdı. Başını silkələyirdi.

– De ki, onu aldatmısan, zarafat eləmisən. Apar onu.

– Lənətə gələsiz! İndi gəl bunlarla əlləş, – milis qızı qapıya doğru apararaq deyindi. – O, indi gələcək, mən ona sizinlə görüşməyə imkan verəcəyəm! – o, qızı qandırmağa çalışırdı. – O, indi gələcək! Get! – Nəhayət, o, lalı sürüyüb qapıya doğru apardı və çölə atdı.

– Pah atonnan sənin! – o, qapını cəftəylə bağladı. – Fu-u… İndi bax, öz gördüyün işdən ləzzət al.

Stepan başını əllərinin arasına alıb gözlərini bir nöqtəyə zilləmişdi.

Sahə müvəkkili yarımçıq protokolu çantasına qoyub telefona yaxınlaşdı.

– Maşın çağırıram, rayona gedəcəyik, cəhənnəm olun başımdan. Giclər, başdanxarablar!

Lal isə ayaqları bir-birinə dolaşa-dolaşa kənddə küçənin ortası ilə qaçır və acı-acı göz yaşı axıdırdı. O hamıya, bu saat heç nədən xəbərsiz rəqs edib şənlənənlərə, qardaşını yenə də, nəyə görəsə aparmaq istədiklərini deməyə tələsirdi. Yaman tələsirdi.


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации