Электронная библиотека » Xan » » онлайн чтение - страница 3

Текст книги "Qızılbaşlar: Oyanış"


  • Текст добавлен: 26 октября 2022, 10:40


Автор книги: Xan


Жанр: Боевое фэнтези, Фэнтези


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Bu dəfə sol gözünü nisbətən ağrısız aça bilən Kleon ən azı bir neçə gündür ki, döyülmədiyini düşündü. Saqqalı bir az da uzanmış, əl və ayaq barmaqları gömgöy olmuşdu. Qaranlıq otağın düz ortasında yerə uzadılmışdı. Həmişəkindən fərqli olaraq bu dəfə nə kəndirlər var idi, nə də həminki vəhşi alfa kron. Gözünü açanda soyuq zindanın mamırlanmış küncündə gəzişən tarakanı gördü. Tarakan bütün dünyanı tez zamanda gəzib dolaşmağın həyəcanı və tələskənliyi ilə sürətlə hərəkət edirdi. İşə gecikirdi sanki. “Hara tələsirsən?” demək istədi ona. Hara tələsirdi ki?! Yaşanılası çox az şey varmış dünyada. Tarakansa tələsirdi. Halbuki, insanlar hər an ölə biləcəklərini nəzərə alaraq yaşanılası anları toplamaq üçün tələssəydilər, bəlkə də, gənc yaşlarında da nakam getməzdilər dünyadan. Kleon heç vaxt tələsməmişdi. İndi də tələsmirdi. Buradan sağ qurtulmağıın mümkünsüz olduğunu çoxdan anlamışdı çünki.

Başını azacıq qaldırıb ətrafına baxanda hücrədəki kronların sayının nisbətən az olduğunu gördü. Çevrilib arxasına da boylandı. Otaqda bir nəfər də insan var idi. Başdan-ayağacan ağ geyinmiş gözəl fiquralı bir qız üzü divardakı qan ləkələrinə tərəf dayanmışdı. Ağ dəri şalvar, ağ dəri pencək, ağ dəri çəkmələr və qıpqırmızı qısa saçlar. Əllərini şalvarının ciblərinə soxmuşdu. Barmağını qan ləkələrinə sürtüb yaladı. Dərindən bir nəfəs alıb üzünü məhbusa tərəf çevirdi. Simasındakı qar bəyazlığı paltarlarından da çox parıldayırdı. Yalnız gözləri və dodaqları ən az saçları qədər qırmızı idi. Elə bil, bədənindəki bütün qanlar gözlərinə, dodaqlarına və saçlarına toplaşmışdılar. Üzündəki gülümsəmə o qədər soyuq idi ki, sanki əsrlər əvvəl ölmüşdü bu qız. Bu qız insan ola bilməyəcək qədər gözəl, ölümlü ola bilməyəcək qədər ölüydü. Ağ Şahzadə… Belə demişdilər kronlar. Ağ Şahzadə Narissa.

– Qaldırın onu! – təmkinli və cazibədar səsiylə kronlara əmr etdi.

Oğlanı uzandığı yerdən qaldırıb sağ divara bitişik daş yatağa söykədilər. Nə baş verəcəyini gözləmək, otaqdakı bu sakitçilik, nəmişlikdən mamırlanmış divarların üfünət iyi, tarakanın tələm-tələsik addımları və bir də bu qızın sonsuz rahatlığı Kleonu dəli olmaq həddinə çatdırırdı.

– İnsan… insan… insan… – ağ geyimli qız Kleona tərəf atdığı addımların ritmiylə mehriban və şən şəkildə başladı sözünə. – Bu qədər qorxaqlığınıza bu qədər cəsarəti necə sığışdıra bilirsiniz? Yüz nəfər qorxaq bir nəfər cəsarətlini məhv eləməkdən qorxduğu üçün, güclünü yox, yalnış anlama, cəsarətlini, yüzü də məhv olur. Nəticədə bu bizə nəyi öyrədir? – şirin-şirin dərs başa salan qız əliylə Kleonu göstərdi. – Sən denə.

Kleon, sadəcə, ağrılardan xırıldayırdı. Çənəsi də sındığına görə, onsuz da, danışa bilməyəcəkdi.

– Sizə xüsusilə tapşırmışdım ki, çənəsinə vurmayın, – deyə qız kronlara çox mədəni formada səsini də yüksəltmədən acıqlandı. – Kim vurub onun çənəsinə? – Səsləri də çıxmayan kronların hamısı bir-birinə baxa qalmışdılar. Alfaları vurmuşdu və kronların xislətlərində satqınçılıq əsla yox idi. – Sən? Sən vurmusan? Bəlkə, sən vurmusan? – Qız bir-bir onların hamısından soruşdu. Kronlardan yenə də səs çıxmadı. – Yaxşı. Olsun. Siz bu insanlar kimi satqın deyilsiniz. Oğlan danışa bilmirsə, cavabı özüm verim. Nəticədə bu bizə onu öyrədir ki, bu insanların yüz biri də axmaqdır. Görürsən? – Kleonun çənəsindən yapışıb eybəcər kronları ona göstərdi. – Hətta bu eybəcər, beyinsiz, öldürməkdən və ölməkdən başqa heç bir şey bacarmayan və ən əsası da qanlarının bircə qram dadı-duzu olmayan kronlar belə sizdən daha ali varlıqlardır. Niyə? Çünki bu gecə Narissaya cavab vermədiklərinə görə öləcəklərini bilə-bilə, yenə də öz alfalarını satmırlar. Afərin hamınıza, uşaqlar, afərin. – Oğlanın üzünü buraxan qız bu gecə tikə-tikə doğrayacağı kronları ayaq üstə alqışladı. – Özünüzü alqışlayın məncə.

Kronlar da alqışlara qoşuldular. Narissa bir yığın beyinsizin arasında əylənməyə bir şey tapmalıydı. Kleonla üzbəüz dayanıb onu başdan-ayağacan diqqətlə süzdü. Gözlərinə baxdı, barmaqlarını saçlarının arasında, saqqalında gəzdirdi, ovuclarını əzələli qollarına, sinəsinə sürtdü. İşarət barmağının dırnağı öz-özünə uzanıb itiləşdi. Oğlanın üzünü əllərinin arasına alıb lap yaxınına gəldi.

– Səni yaralarsız təsəvvür edirəm. Güclü qollarını, iti baxışlarını, dodaqlarının istisini, nəfəsini, ürək döyüntülərinin ritmini… Səni indi olduğundan tam başqa cür görə bilirəm. Çox yaraşıqlısan, çox güclüsən əslində, çox da ehtiraslı. Bu eybəcərlərdən fərqlisən. Və qanın… İstidir o… – səsindəki məlahətli sehr istənilən adamı gipnoz edə bilərdi.

Dodaqlarını oğlanın qanlı, kirli boynunda gəzdirdi. Şah damarından axan qanın səsini qulaqlarında çayların seli qədər gurultulu eşidirdi. Uzanan dırnağını oğlanın dodağında sürüşdürdü və alt dodağını azacıq çərtdi. Balaca deşikdən o dəqiqə qıpqırmızı qan damcısı qızın dırnağına süzüldü. Barmağını ağzına salıb qanı əmdi. Daha sonra oğlanın dodağını sıxdı, dodağın kəsiyindəki qan bir az da şişdi. Narissa asta-asta yaxınlaşıb Kleonun alt dodağından çıxan qanı buz kimi soyuq diliylə yaladı. Gözlərini yumub özünü bir anlıq bu həzzin ağuşuna buraxdı.

– İsti qan. Qırmızı. Ağ yox, soyuq yox. İsti qırmızı qan. Səni yaralarsız təsəvvür edirəm mən. O qədər yaralarsız ki, bədənindəki qanın bir damlası belə hədər yerə axıb heyif olmayıb. Hamısı hələ də damarlarındadır. Ürəyə gedirlər və ürəkdən çıxırlar. Necə də gözəldilər. Bax buna görə də insanlar bu dünyanın tarazlığını qoruyan əsas irqdir. Nə qədər rəzil olsalar da, nə qədər ikiüzlü, nə qədər satqın, yaltaq, qorxaq, xain olsalar da, insanlar vampirlərə lazımdır. Qızılbaşlar isə bunu anlamaq istəmirlər. Sanki vampirlərin yox, dünyanın onlara ehtiyacı var. Sanki bütün bu orduları təkbaşına məhv edə biləcəklər? Kronları, vampirləri, cinləri… Siz tək biz hamımız? Bu savaş başladığı anda bitər. Bu savaşı başlatmaq olmaz. Bir qrup cəsarətli insana görə bütün insanlıq məhv olunmamalıdır. Vampirlər insanların qanından məhrum qala bilməzlər. Amma Solonas israrla bunu istəyir. İstəyir ki, onları elə gizləndikləri siçovul deşiklərində də yox edək. Elə bilir ki, biz heç nəyin fərqində deyilik, heç nədən xəbərimiz yoxdur. Elə bilir ki, bütün dünyada ən ağıllı canlı odur. Haqqında gəzən şəhər əfsanələrini eşitməmiş olmarsan. Hətta bəziləri onun uça bildiyini də deyirmiş. Sanki əsrlər əvvəl biyabırçı şəkildə döyüşlərdən qaçan irqin nümayəndəsi deyil. Sanki atalarının qanı şərəfli qandır və sanki insan irqi hörmət olunmağa layiqdir, amma biz hörmət etmirik. İnsanların hörmət olunası heç bir tərəfi yoxdur. Heç bir… – qızın səsi Kleona cadu kimi təsir edirdi. Fısıltılar qulağından girib beynini əsir alır, bütün zehnini ələ keçirirdi.

– Qızılbaşlardansan? – Narissanın sakit səsi Kleonu hədsiz dərəcədə qorxudurdu. – Qızılbaşlardansan. Hərçənd, bədəninin heç bir yerində əyr-üyrü işarələr yoxdur. Bəlkə də, var, görünməz yerlərdə, – vampir qız hər iki əlini oğlanın dizlərinin üzərindən ayaqlarının arasına doğru sürüşdürdü. – Təzəsən. Yoxsa, üç-beş krondan qaçmaq üçün bu qədər çətinlik çəkməzdin.

Kleonsa sadəcə başını sağa-sola yellədirdi. Danışa bilsəydi, bəlkə də, onu öldürməmələri üçün yalvarıb-yaxarardı. Lakin artıq çox gec olduğunu da anlayırdı.

– Səninlə anlaşa bilmədik… Bilirsən, əvvəllər insanları öldürməyi çox sevirdim. Böyük Müharibədən bir az sonra. Əslində, bu müharibəni elə də böyük adlandırmaq olmaz. “İnsan irqinin çöküşü”-ndən az sonra deyək. Yüzlərlə insan öldürdüm savaşlarda, daha neçə yüzünü ölümcül yaraladım. Bu döyüşü bizə görə məğlub oldunuz. Biz idik Xaosun əsas gücü. Kronlarsa sadəcə robotlardır. Bəlkə də, sənin nəslindən də kimlərisə parçalamışam. – Kleonun üzünü iki əlinin arasına alan vampir daha da qəzəbli, amma bir o qədər də sakit səslə davam elədi danışığına.

– Bir dəfə Qradarius məni kiçik bir dəstəylə hansısa insan kəndini məhv etməyə göndərdi. Adını belə xatırlamıram. Döyüşçüləri yox idi. Ancaq qadınlar və uşaqlar yaşayırdı kənddə. Kiçik daxmalar, şirin həyətlər və xoşbəxt görünən uşaqlar. O kəndi tək dağıtdım. Mən tək. Qadınların hamısının başını üzdüm. Uşaqların hamısını diri-diri parçaladım dişlərimlə, dırnaqlarımla. Evlərin hamısını yandırdım. Orada kronlar yox idi. O kəndi mən tək itirdim dünyadan. İnsanların heç biri qisas almadı. Kişilərin heç biri məni axtarmadı. Sanki veclərinə də olmamışdı. Hətta, bəlkə həmin vaxt kənddə olmadıqları üçün sevinirdilər də. Hamını tək-tək öldürərkən, bir nəfər belə mənə qarşı çıxmadı. Bir-bir öz sıralarını gözlədilər… Mənə yaxşı qulaq as. Kim olursan ol, haradan gəlirsənsə gəl, bil ki, yer üzündəki bütün insanların ruhlarına vampir qorxusu səpilib. Qızılbaşlar mən o uşaqları öldürərkən gizləndikləri deşiklərdən qorxub çıxmadıqları kimi sənin də ölümünü uzaqdan səssizcə izləyəcəklər.

Kleon anlayırdı ki, onu bu qaranlıqdan ancaq möcüzə xilas edə bilər. Narissa oğlandan bir addım kənara çəkilib kronlara baxdı.

– Öldürərsiz. Bunun bir xeyiri olmayacaq. Amma diqqətli olun. Bir damcı da qanı axıb getməsin. Həmişəki kimi başıaşağı asıb çiynindən deşin. Qoy bütün qan bir yerə toplansın. Sonra mənə gətirərsiniz.

Ayağa qalxıb qapıya tərəf yaxınlaşarkən burnuna barıt ətri gəldi. Qapıdan bir addım kənara çəkilən kimi güclü bir partlayış oldu və qalın dəmir qapı yerindən çıxıb Kleonun söykəndiyi divara dəydi. Qapqara duman hücrəni bürüdü. Narissa vəhşi heyvanlar kimi döyüş vəziyyətini aldı. Kürəyi iki yerdən yarıldı və bu yarıqlardan yarasa qanadlarına bənzər ağappaq bir cüt qanad çıxdı. Üzünün bir az əvvəlki gözəlliyindən indi əsər-əlamət qalmamışdı. Çənəsi birdən-birə aşağı doğru uzandı. Dişləri böyüyüb itiləşdi. Dırnaqları caynaqlara çevrildi. Ağ vampir hücum edənin qızılbaşlar olduğuna əmin idi.

Qara buludların arasından bir gözü qara rezinlə bağlı olan yekəpər bir insan çıxdı. Amma ondan əvvəl silahının işıqları və istisi daxil olmuşdu hücrəyə. Dumanların arasından atəş açmağa başlamışdı. Bu qədər qaranlıqda və toz-dumanın arasından hədəfi çox dəqiq vururdu. İçəridəki bütün kronlar bir saniyənin içində deşik-deşik oldular. Divarlara sıçrayan ağ rəngli qanlar qaranlıq otağı bir saniyəyə aydınlıq etdi. Narissa atəş vaxtı tavana sıçrayıb başıaşağı şəkildə qapıdan necə bir insanın çıxacaığını gözləyirdi. Ximelunun Marakat həbsxanasına hücum edən bu cəsur adam təpəgöz Brontdan başqası ola bilməzdi.

Bront Tavanın bir küncündə tərs-mərs dayanan vampiri gördü və yenidən atəş açmağa başladı. Vampir o qədər sürətlə hərəkət edirdi ki, hətta bir anlıq Bront bu qədər güllədən heç birinin ona dəymədiyini düşündü. Silahdakı bu tərz güllələrin sayı limitli sayda idi. Atış növünü dəyişmək üçün ara verdiyi anda Narissa düz onun qarşısında tavandan yerə düşdü və Brontun silahından yaxaladı. Boyları, demək olar ki, eyni idi. Azacıq Narissa hündür olardı. Bir-birinin gözlərinin içinə baxırdılar. Hər ikisi silahdan möhkəmcə yapışmışdı. Bayaqki atəşlərdən bir neçəsi vampirin bədənində xırda deşiklər açmışdı, amma yaralar sürətlə qapanırdı. Var gücləriylə silahı özlərinə tərəf dartanda silah ortadan iki yerə bölündü. Bront yubanmadan çəkic kimi yumruqlarını işə saldı. Danışıq sürətindən fərqli olaraq yumruqları az qala silahdan açılan atəş kimiydi. Amma vampir ondan daha cəld hərəkət edirdi. İlk iki zərbədən yayına bilməsə də, sonrakılardan məharətlə yayındı. Dar məkanda qanadları ona mane olurdu. Bront yalnız dörd-beş yumruqdan sonra gördü ki, qız artıq onun qarşısında yox, arxa tərəfdə tavandadır. Təpəgöz döyüşçüyə hücum edən vampir Brontun əlinin tərsiylə atdığı yumruqla toqquşdu. Yenidən hücum etmək istədi. Bu dəfə də onu boğazından tutan qeyri-adi dərəcədə güclü olan bu yekəpər insan sifətinə o qədər güclü yumruqlar vurdu ki, az qala üzündəki bütün sümüklər sındı. Heç bu qədər güclü rəqiblə qarşılaşmamışdı ağ vampir. Brontun güclü barmaqları boğazından yapışdığı üçün sürətindən də istifadə edib yayına bilmirdi zərbələrdən.

Nəhayət, özünü toparlayıb hər iki əlinin iti dırnaqlarını oğlanın boğazından yapışdığı əlinə soxub dərindən cırmaqladı. Yalnız bu vaxt zərbələrə ara verən Bront qeyri-ixtiyari şəkildə vampiri buraxdı. Narissa yerində dala salto ataraq ayaqlarıyla oğlanın çənəsinə güclü zərbə vurdu. Brontu, elə bil, göyə qaldırıb yerə çırpdılar. Başı az qala tavana dəyəcəkdi. Vampir bu boşluqdan istifadə edib belə dar məkanda təkbətək döyüşün ağır olacağını anlayaraq qaçmaq istədi. Partlayan qapının boşluğundan çölə çıxarkən Bront cüssəsinə yaraşmayacaq bir çevikliklə tez ayağa qalxıb qızın tüksüz ağ qanadlarından yapışdı. İndi Narissanın vəziyyəti lap pisləşmişdi. Bront onu havada yelləyərək bir neçə dəfə o divardan bu divara çırpdı. Hər dəfə çırpdıqca vampirdən uğultulu, qulaqbatıran bağırtılar eşidilirdi. Ayağıyla iki qanadının birləşdiyi hissəyə güclü təpik vurdu. Qızın onurğa sümüyü və qanadlarının bel oynaqları sınıq-sınıq oldu. Geri çəkilib eyni yerdən bir dəfə də dizlə vurdu oğlan. Qızı öz başının üzərindən tərs fırladaraq başı üstə yerə yapışdırdı. Bu dəfə də kəllə sümüklərinin sınma səsi eşidildi. Axrıncı zərbədən sonra vampir qız oğlanın əllərində tam hərəkətsiz vəziyyətdə qaldı. Bront qanadları buraxıb qızın üstündə oturdu və üzünü yumruqlamağa başladı. Hər dəfə vurduqca vampirin ayaqları qalxıb-düşür, bütün bədəni titrəyirdi. Qızın başı hər zərbədən sonra bir az da yerə batırdı. Beton döşəmədə çatlar əmələ gəlməyə başladı. Yalnız qulaqlığından kimsə Brontu çağıranda oğlan zərbələrə ara verdi.

– Bront, aradan çıxmaq vaxtıdır. Oğlanı da götür binadan tullan, – deyə soyuqqanlı Lamiya oğlana əmr etdi.

Gözlərini qəzəb örtən oğlan yalnız indi Kleonu xatırladı. Arxasına çevrildi və huşsuz vəziyyətdə, qanlar içində yerdə yatan insanı gördü. Güllələrdən biri də ona dəymişdi. Bront cəld hərəkətlərlə Kleonu yerdən qaldırıb çiyninə atdı. Qapının olduğu divardan başqa digər üç divara baxıb nələrisə ölçüb-biçməyə başladı. Marakat həbsxanası Ximelunun ikinci hissəsində yerləşirdi. Şəhərin bu hissəsi nə toplarla, nə də qırıcı dronlarla qorunmurdu. Ona görə də, qızılbaşların kiçik reaktiv gəmiləri bu cür ərazilərə rahatlıqla girib-çıxa bilirdilər.

– Mənə nə zaman tullanmalı olduğumu deyərsən, Lamiya! – astagəl danışığıyla Bront dostuna cavab verdi.

– Mən üç deyəndə, – Lamiya təmkinli və sakit səsiylə bildirdi. – Bir… iki…

Bront Qızılbaşların reaktiv gəmisinin səsini eşitməyə başlamışdı.

– ÜÇ!

Var gücüylə divara tərəf qaçan oğlan beton divarı çiyniylə sındırıb boşluğa tullandı və təxminən, on beş metr aşağıdakı gəminin üzərinə düşdü. Gəmi asta-asta istiqamətini dəyişərkən bortun üstündə dairəvi bir deşik əmələ gəldi və yekəpər insan bu qapıdan gəminin içinə girdi. Qızılbaşların gəmisi kronların patrul gəmilərindən qat-qat sürətli idi və buna görə də onu izləməyin heç bir mənası yox idi. Həm də Ximelunun bütün ordusu şəhərin birinci hissəsini qorumaqla məşğul idilər.

Qapısı partladılmış, deşik-deşik divarlarından ağ kron qanı süzülən barıt qoxulu hücrədə hələ hər kəs ölməmişdi. Balaca və səbirsiz tarakan ağ vampirin hərəkətsiz üzündə gəzişərək ağzının kənarından çənəsinə, oradan da boynuna keçdi. Çiyniylə irəlilədikdən sonra barmaqlarının ucundan yerə düşdü. Ölümsüz saf qan vampirin bədənində ilk tərpənən hissə də həmin barmaqlar oldu. Üzünün sınıq-sınıq olmuş sümükləri yavaş-yavaş yerlərinə qayıdaraq birləşdi. Sınmış onurğası bir neçə dəfə xarçıldadı. Qızı sanki iplə yerdən qaldırdılar. Qanadları yenidən belinə girib yox oldu və gözlərini açdı. Birdən-birə o qədər güclü qışqırdı ki, səsini az qala yüzlərlə kilometr uzaqlaşan insanlar belə eşitdi.

Qızılbaşların gəmisində isə oğlanı Ximeludan qurtara bilməyin sevincini yaşayan Brontun üzünə baxdıqda heç də bunu hiss etməzdin. Bayaq vampirlə döyüşərkən üzündə hansı ifadə var idisə, indi də eyni baxışlarla qarşısında uzanan yaralı oğlana zillənmişdi. Bu mahir döyüşçü bütün duyğularını öz içində yaşayırdı.

Onların oturduğu otaqla göyərtə arasındakı qapı aralandı və vampirə oxşayan bir qız içəri girdi. Sarı saçları, bəyaz dərisi və qırmızı gözləriylə bütün vampirlərə xas olan qeyri-adi gözəlliyə malik idi.

– Çox qan itirir. Mənə görə oldu, mənə görə bu insan öləcək. Bu insan öləcək, Lamiya? – Bront qıza baxaraq dedi. Səsində zərrə qədər də narahatçılıq yox idi.

– Mənim gözəl qəlbli Brontum! – Lamiya mehriban bir səslə dedi və Brontun yanında əyləşdi. Qolundakı caynaq yaralarına baxıb üzüldü. Başını onun çiyninə qoydu, qolunu qucaqladı. – Hələ də onu qurtarmağa şansımız var. Ümid edirəm ki, Solonas bu dəliliyimizi bağışlayar.

– “Hər şeyi mən eləmişəm” deyəcəm. Siz qarışmayın, – asta-asta danışan Brontun qalın səsindən hansı hisləri yaşadığını müəyyənləşdirmək qeyri-mümkün idi.

– Biz həmişə birlikdə olmuşuq. Bu qərarı komanda şəklində vermişik. Cəzasını da birlikdə çəkəcəyik, – deyə Lamiya oğlanın üzünü sığallayaraq onu əsla tək qoymayacağını bildirdi.

– Bəs indi hara gedirik? – Bront qızdan soruşdu.

– Dakaraqasın Mavi dağlarına. Ümid edirəm ki, bu oğlana görə bu qədər riskə girməyimizi kimsə anlayar. Vicdan hissi bizi başqalarından fərqləndirən əsas xüsusiyyətlərimizdəndir. Həm də ki, indi onu Hemeradan başqa heç kəs sağalda bilməz.

Qızılbaşların gəmisi Dakaraqasın Mavi dağlarına tərəf istiqamətlənmişdi. Kleon onu qarşıda nələrin gözlədiyindən xəbərsiz, huşsuz vəziyyətdə ən axrıncı görmək istədiyi insanların əhatəsindəydi. Hemera həkim olmasa da, oğlanı sağaldacaq yeganə güc onun əlləri idi. Axı bu əllərin bacarıqları seçilmişin oyanışındakı ilk qığılcımı alovlandıracaqdı. Üstəlik, çox qısa bir vaxtdan sonra.

III
Üç ölkə

(ixtisarla)

Narissanın bədənindəki yaraların tam sağalmağına bir neçə saniyə qalmış hücrəyə beş silahlı kron daxil oldu. Əllərindəki alov silahları çoxdan atəşə hazır vəziyyətdə idi. Qapı partladılmış, qarşıdakı divar dağıdılmışdı. Hücrənin hər yeri deşik-deşik güllə izləri idi. Ağappaq kron qanı hətta tavanlardan belə damcıldayırdı. Narissanın qanadlarının və belinin sümüklərinin şaqqıldayaraq birləşdiyini görən kronlar buradan hətta vampirlərdən belə güclü bir qasırğanın keçdiyini anlamışdılar. Ağ şahzadənin sağ qanadı açılıb yığılsa da, sol qanadı hələ də yerlə sürünürdü. Narissa güc verib qanadının sümüklərini tərpətdi. Artıq bütün yaraları sağalmışdı və özünü yeni doğulmuş kimi güclü hiss edirdi.

– Yaralarım barədə heç kəsə danışmasanız məni sevindirmiş olarsınız, – deyən vəhşi qız son dərəcə soyuq şəkildə kronlara gülümsədi.

– Danışmarıq, şahzadə Narissa, – öndəki kron söz verirmiş kimi dedi. – Görünür, bura qızılbaş ordusu hücum edib.

Narissa boynunu sağa-sola tərpədərək xırçıldatdı.

– Qızılbaş ordusu? – qaşları çatılan, dodaqları bir-birinə sıxılan qızın əsəbləşdiyi o dəqiqə hiss olunurdu. – Qızılbaşların ordusu var? Qızılbaşlardan kimsə, səncə, mənimlə bacara bilər? Məni yaralayabiləcək insan övladı var bu dünyada? – hər cümləsində səsini bir az da ucaldan Narissa lap qabaqdakı krona tərəf yaxınlaşaraq işarət barmağıyla onu göstərdi. – Sən denə.

– Bilmirəm, şahzadəm. Alfa soruşanda ona nə cavab verək? – ağılsız kron ağılsız suallarına davam edirdi. – Narahat olmayın, yaralarınız barədə heç kimə heç nə deməyəcəyik. Onlarla döyüşdüyünüzü deyə bilərik? Qızılbaşlar idilər? Təxminən, neçə nəfər olardılar? Üzlərini görə bildiniz? Sizi hospitala aparmaq lazımdır? Qanadınız yaxşı görünmürdü.

Narissa əliylə qırmızı saçlarını arxaya daradı. Dərindən nəfəs aldı. Sol Dakaraqasla Orta Dakaraqas arasındakı anlaşmadan bu yana bu şəhərdə yaşayan qız daha nə qədər vaxt bu beyinsiz eybəcərlərə dözə biləcəyini düşündü bir anlıq. İçinə möhkəm bir sıxıntı çökdü. Bir az əvvəlki insanla döyüşün məğlubiyyətini hələ də həzm edə bilmirdi. Üstəlik önündəki it iyi verən kron durmadan sual yağdırırdı ona. Sanki kimsə avtomat silahı onun qulağına dirəyib atəş açırdı.

– Bəsdir. BƏSDİR! – birincini pıçıltıyla, ikincini isə qışqıraraq dedi. – Sualların məni bezdirdi. Alfanız özü yanıma gələr, mənimlə danışar lazım olsa. Yaralar barədə isə heç kimə bir kəlmə də… Oldu? İndisə gedin.

– Oldu, şahzadəm, – deyə kron xırıldayaraq itaət etdi. Geriyə çevrilib hücrədən çıxmaq istəyərkən Narissa onları səslədi.

– Ya da gözləyin. Gözləyin. Getməyin. Uzun zamandır ki, kimsə vampirlərin yaralarını görməyib. Bu ənənəni davam elətdirsək, pis olmazdı, məncə, – deyə heç də xoş niyyətli olmayan Narissa Brontun deşərək çölə tullandığı divara tərəf çevrildi.

– Məncə də, şahzadəm, – kron söhbətin nədən getdiyini belə anlamadan onunla razılaşdı.

– Sizə inanıram. Kronlar satqın deyillər. Yaralar barədə heç kimə heç nə deməyəcəksiniz, əminəm. Amma… – yenidən kronlara baxaraq sözlərinə davam etdi. – Təəssüf eliyirəm, uşaqlar. Yerin də Qulaqları var. Şahid istəmirəm.

Hər şey göz açıb-qapayana qədər olub bitdi. Məğlub olmanın verdiyi qəbuledilməzlik vampiri qəzəbləndirmişdi. Hal-hazırda nələrisə dağıtmasaydı, kimlərisə əlləriylə parçalamasaydı, əsla rahatlıq tapa bilməzdi. Ən öndəki kronun üzərinə atılaraq boyun hissəsindən böyük bir ət parçasını dişləriylə qoparıb yerə tüpürdü. Boğazından ağ qan axıdaraq diz üstə çökən kron can verərkən Narissa digər kronlara da hücum etdi. Birinin qolunu yalın əllə dartaraq bədənindən ayırdı. Eyni anda da qanadlarının uclarındakı buynuza oxşayan sümük hissəsini digər kronun qarnına soxub çıxartdı. Kronun bədənində başı boyda iki deşik əmələ gəldi. Digər iki kronun sağdakının başına elə güclü təpik vurdu ki, kron uçaraq divara dəydi və kəllə sümüyü sınıq-sınıq oldu. Axrıncı kronun atəş açmaq üçün xeyli vaxtı olsa da, vəziyyəti tam analiz edəcək zəkası olmadığından yerindəcə donub qalmışdı. Vampir az qala uçaraq ona tərəf şığıdı. Narissanın kronun qarnını deşib belindən çölə çıxan əllərindən ağ yapışqan maye süzülürdü indi. Düz kronun gözlərinin içinə baxan vampir qarşısında bayaqkı yekəpər insanı gördü. Qəzəbindən var gücüylə bağırıb əllərini yana doğru açdı. Kronun bədəni ortadan iki yerə parçalanaraq yan divarlara dəydi. Hirsini hələ də boğa bilməyən qız bu dəfə divarları yumruqladı. Hər zərbəsindən sonra divarlar deşilir, vampirin barmaqları sınıb, sonra yenidən birləşirdi.

Nəhayət, hücrəyə işgəncə verməkdən yorulan vampir dayandı. Brontun dağıdaraq çölə tullandığı deşikdən onların uçduğu istiqamətə baxdı.

– Hamınızı əllərimlə parçalayacağam. Əsas da səni, təpəgöz insan. Səni tikə-tikə doğrayacağam. Tikə-tikə… – dişlərini bir-birinə sıxaraq qəzəbli şəkildə öz-özünə dedi. Qapıdan çölə çıxarkən həyatını yaşamağa tələsən tarakanı tapdalayaraq öldürdüyünün fərqinə belə varmadı. Görünür, tarakan tələsməkdə haqlıydı.

***

Xaos Böyük Müharibəni qazandıqdan sonra dünyanın quru sahələri dörd əsas hissəyə bölündü. Dakaraqas adlandırılan ölkələrin həyat üçün ən əlverişsizi Xaosun özünün məskunlaşdığı Şimal Dakaraqas idi. Xaos dünyanın ən hündür dağlarına öz adını verdi. Xaos Dağları. Bu dağların yolsuz-izsiz aralıqlarında, heç bir canlının gedib çıxa bilməyəcəyi qədər xəlvətdə moyraların bacarıqlı əlləriylə min bir cadu və tilsimin qoruduğu Duharak adlanan qədim iqamətgahında məskunlaşdı. Əsrlərdən bəridir ki, onun üzünü görən, səsini eşidən heç kəs yox idi. Xaos sanki bu dağlarda əbədi yuxuya getmişdi. Dünyanın idarə olunması isə hələ də müharibədən sonra Xaosun özünün qoyduğu qaydalarla davam etsə də, kiçik-kiçik laxlamalar, cəsarətsiz iddialar baş qaldırmağa başlamışdı. Xəyanətkarlıq şərin gücünün azalmağına görə yox, dəhşətli qəzəbin yaratdığı fəlakətlərin yavaş-yavaş unudulmağına görəydi. Tarix gec-tez əfsanələşəcək, nağıllara çevriləcəkdi. Ta ki, Xeyir və Şər şəxsən üz-üzə gələnə qədər.

Şimal Dakaraqasdan aşağıdakı hissələr Sol Dakaraqas, Orta Dakaraqas və Sağ Dakaraqas olaraq üç ölkəyə ayrıldı. Bunlara Sol Ölkə, Orta Dünya və Qaranlıq Ölkə də deyirdilər. Sol Ölkədə vampirlər, Orta Dünyada kronlar, Qaranlıq Ölkədə isə cinlər hakimiyyəti ələ aldılar. Sivilizasiyanın digər ölkələrə nisbətən daha yaxşı inkişaf etdiyi yer kronların hakimiyyətində olan Orta Dakaraqas idi. Burada saysız dərəcədə böyük və kiçik şəhərlər salınmışdı. İrqlər kron patrullarının nəzarəti altında Orta Dünyada birtəhər dolana bilirdilər. Sol və Qaranlıq Dakaraqaslarda isə hakimiyyətdə olan irqlərdən başqa, demək olar ki, heç kəs yaşamırdı. Sol Ölkə haqqında ümumiyyətlə, məlumatlar az idi. İnsanların heç biri ora getmək istəmirdi. Bütün irqlər arasında ən qatı cinayətkarları sürgün edərkən də məhz Sol Ölkəyə göndərirdilər. İndiyə kimi heç kim oranı öz gözləriylə görüb sağ-salamat geri qayıtmamışdı. Buna görə də, hər kəsin ürəyinin dərinliklərində vəhşi bir vampir qorxusu yatırdı. Bu ölkəyə vampirlərin özləri qədim moyra dilində “ilk torpaq” anlamına gələn İvo-ran deyirdilər. Kronların və cinlərin başçıları Sol Ölkə uğrunda uzun zamandan bəri soyuq müharibələr aparır, planetin dördnala qaçdığı uçurum kənarlarında ensiz yolun nə vaxt keçilməz həddə çatacağını səbirsizliklə gözləyirdilər.

Sağ Dakaraqas da təkirqli ölkə idi. Burada yalnız cinlər yaşayırdı. Cinlərin hazırkı kralı Yerodin müharibədən əvvəl də bu ərazilərdə hökmdarlıq edirdi. Sahara adlandırdıqları əsas ərazilər başdan-başa qaranlıq və çıxılmaz meşələrlə əhatələnmişdi. Meşələrin ən qərbində Yerodinin dəmirağac sarayı İlayda yerləşirdi. Yerodin bütün irqlər arasında ən güclü siyasi ağla malik ölümsüz idi. Onun başçı olmadığı vaxtlar olmuşdu, amma o qədər uzun zaman əvvəl idi ki, bunu özü belə xatırlamırdı. Xaos müharibəni qazandıqdan sonra söz veridyi kimi Qaranlıq Ölkəni tamamilə onun hakimiyyətində saxladı. Cinlər hər zaman ən güclünün yanında olmağı bacardıqları üçün dünyanın sonsuz keçmişindən bu yana varlıqlarını ən yüksək səviyyədə qorumuş və digər irqlər tərəfindən də çəkinilən, qorxulan irq halına gəlmişdilər. Kronlar və Vampirlərlə müqayisədə ən güclü ordu onlarda idi. Sayca kronlardan az, vampirlərdən çox olsalar da, vampirlərlə daha ehtiyyatlı davranırdılar. İnsanların biyabırçı məğlubiyyətindən sonra dünyanın ağalığı bu üç irq arasında hər zaman sülhlə bölüşdürülə bilməzdi. Ona görə də Yerodin hər zamanki kimi hiyləgər mövqeyində ilk qanın kimlər tərəfindən töküləcəyini və ilk döyüşdə kimin daha güclü olduğunu görmək üçün sakitcə gedişatı izləyirdi.

Xaosun ən güclü döyüşçüsü və ən sadiq əsgəri olan Hazarat Orta Dakaraqasın hökmdarı idi. Hazarat müharibələr zamanı şəxsən döyüş meydanlarında savaşmış, bütün ordunu arxasınca aparmışdı. Görünüş olaraq da digər kronlardan çox fərqlənirdi. Cüssəcə onlardan iki-üç dəfə böyük, dərisinin rəngi tünd-göy yox, solğun-mavi idi. Bütün alfa kronlar ona tabe idilər. Onun əmrləri qeydsiz-şərtsiz yerinə yetirilir və əsla müzakirə olunmurdu. Kronların ən ağıllısı və ən güclüsü hesab edilirdi. Xaos tərəfindən ona fövqəltəbii güclər də bəxş edilmişdi. Bir neçə döyüşdə əllərindən alov çıxartdığını, digərlərində isə yorulmaq bilmədən günlərlə döyüşərək böyük bir insan ordusunu təkbaşına məhv etdiyi nağılvari danışılırdı. Lakin müharibə əsrlər əvvəl bitdiyinə görə Hazarat uzun zaman idi ki, bu güclərindən istifadə etmirdi. Hətta son zamanlar Xaosun onun güclərini geri aldığını belə düşünmüşdü. İstənilən halda, Hazarat Orta Dünyanın hökmdarlığına hələ ki, sadiq şəkildə davam edirdi. Ən azından Sol Ölkənin sirli xəlvətlərində yatan qeyri-adi gücə qovuşacağı günə qədər belə davam etməyə məcbur idi.

Cinlərin lideri Yerodin isə Hazaratın o gücü heç vaxt ələ keçirə bilməyəcəyinə əmin şəkildə gizli və ən təhlükəli düşməninin bu istəyinə qarşı heç bir tədbir görmürdü. Vəziri və ən yaxın dostu Merxas bunun səbəbini soruşanda isə, “O gücü yalnız “Tanrılar savaşının” qalib irqinin ölümsüz nümayəndəsi oyada bilər” deyirdi. Bunun nə demək olduğunu tam olaraq anlamayan Merxas öz başçısının ağlına sonsuz güvənirdi. Amma Yerodinin hərdən Dakaraqasın qədim tarixiylə bağlı söhbət düşərkən gözlərinin necə bir nöqtəyə zillənərək, sanki bütün nağıl etdiklərini özü də yaşayıbmış kimi inanaraq danışmağı Merxası lap ehtiraslandırırdı. Sadiq vəzir başçısına “sən də orada idin?” deyə sual verəndə Qaranlıq Ölkənin kralı gözlərini qırpışdırıb yuxudan ayılan adamlar kimi özünə gələr və “xeyir, Merxas. O mən deyildim” cavabını verərdi. Merxassa Yerodinin həqiqətən də qədim əfsanəvi müharibədə iştirak edib-etmədiyini heç vaxt öyrənə bilməyəcəkdi. Sonuncu əfsanə olan “Ağ Əfsanə” ağırlığını Dakaraqasın çiyinlərinə salmayana qədər cinlərin ən qüdrətli, ən casur və ən ədalətli kralının heç də həmişə Yerodin olmadığını öyrənməyəcəyi kimi.

Hazarat Orta Dakaraqasın ən böyük şəhərlərinə öz oğullarını başçı təyin etmişdi. Kronlar digər irqlər kimi cinsi və ya güc-paylaşma yoluyla çoxalmırdılar. Lakin Şimal Dağlarından bir neçə on ildən bir enən yeni kron sürüləri onların sayını həddindən artıq çoxaltmışdı. Alfalar böyüklüyü və ağlı ilə seçilirdi. Necə yarandıqları və çoxaldıqları əsl müəmma idi. Amma bu çoxalma heç bir qan və ya genetik kod daşımayan varlıqların öz aralarında digər irqlərin qohumluq əlaqələrinə bənzəyən münasibətlər yaradırdı. Məsələn, Haimidin Hazaratla heç bir qan bağı olmasa da, ata-oğul sayılırdılar. Çünki yaradılarkən hər ikisinin zehninə möhür kimi vurulmuşdu bu. Xaos alfa kronlar arasında bu cür saxta-qohumluluq əlaqələri yaratmaqla idarəetməni özünün birbaşa əli olmadan belə ötürüləbiləcək vəziyyətə soxmuşdu. Nə vaxtsa Hazarat ölsəydi, bu qətiyyən real görsənmirdi, Haimid atasının taxtına yiyələnəcəkdi. Hələliksə, nəinki Orta Dakaraqasın, hətta bütün planetin siyasi tarazlığının dayaq nöqtəsi olan Ximeluda hakimiyyətdə olan şahzadə kron gec-tez özünün də dünyaya hökm edəcək zamanının gələcəyini düşünürdü.

Tanrılar tərəfindən lənətlənmiş şəhər Ximelu. Hazarat bu lənətlənmiş şəhərə ən sevimli oğlunu naib təyin etmişdi. Haimidi. Bura onun üçün strateji cəhətdən ən əhəmiyyətli şəhərlərdən idi. Həm onun üçün, həm də Qradarius üçün. Sol Ölkənin hökmdarı, vampirlərin lideri və qanadlı vampir şahzadələrin atası Laboviç von Qradarius. Ağ və Qara vampir şahzadələri öz ölkəsində saxlamamış, bütün kronların hakimiyyətinə nəzarət etsinlər deyə Orta Dünyaya göndərmişdi. Hərçənd, bir müddətdən sonra qara vampir Meleda özbaşına hərəkət etməyə başlamış, gizlin-gizlin ovladığı və dönüşdürdüyü insanlardan əməlli-başlı ordu yığmışdı. Meleda ölkələrin hamısında axtarılan və başına mükafatlar qoyulan amansız qatil sayılırdı. Lazımi gücə sahib olduqdan sonra hətta cinlərin belə ona qarşı çıxa bilməyəcəyini bilən Qradarius ikinci qızı Narissa üzərindəki hakimiyyətini qətiyyən itirmək istəmirdi.

Vaxtiylə atalarının ağalıq etdiyi İvo-Randa Qradariusla müharibəyə girmək əvvəllər əsl intihar sayılardı. Xaosun özü belə Böyük Müharibə vaxtı onunla anlaşmışdı. Belə ki, müharibədən sonra heç bir irq Sol Dakaraqasda məskunlaşa bilməzdi. Kronlar əsla vampirlərə əmr etməməli, hər-hansı bir ərazi iddiasında olmamalıydılar. Ən əsas şərt isə vampirlərin qida məsələsi idi. Vampirlər başqa ölkələrdə kronlardan və cinlərdən başqa istədikləri irqi ovlaya bilərdilər. Əvəzində isə, Qradarius Xaosa insanlarla savaşında köməklik edəcəkdi. Vampirlər kronlar və cinlərlə müqayisədə ən güclü irq idi. Amma sayları hər il azalırdı. Artıq bir neçə əsr idi ki, sanki lənətlənmişdilər. Dişlədikləri insanlar vampirə çevrilmədən ölürdülər. Bu lənət vampir irqinin gec-tez sonunun yaxınlaşdığını göstərirdi. Hazarat isə bu hadisədən xəbərdar olduğu üçün Qradariusun buraxacağı ilk səhvi səbirsizliklə gözləyirdi. Çünki qaniçənlərin kralı yalnız Sol Dakaraqasın Saf Qan Məclisinin üzvlərinin bildiyi bir səbəbə görə Hazaratdan asılı vəziyyətdə idi. Ximeludakı errasların tarla adlandırdıqları yerlərdə hazırlanan xüsusi qarışımlar Qradariusun öz xalqından gizlətdiyi yeganə sirri idi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации