Текст книги "Qızılbaşlar: Oyanış"
Автор книги: Xan
Жанр: Боевое фэнтези, Фэнтези
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]
– Axır ki, bizi tapdın. Axır ki, sənin vaxtın gəldi, – qara dərili uşaq dostlarına tərəf çevrilib oğlanı onlara göstərdi. – Ağ Əfsanə gerçəkləşir. Seçilmiş özü bizi tapdı.
Kleon gözləri kəlləsində söhbətin nədən getdiyini anlamırdı belə. Gah Hemeraya, gah da bir neçə addım aralıda dayanmış üç döyüşçüyə baxdıqda onların hamısının gözlərində eyni baxışı gördü. Qurtuluşun baxışlarıydı bu. İnsanlığın sonsuz keçmişindən bu günə qədər miras qalan böyük bir ümidin baxışı…
V
Şübhə toxumları
“Göylərdən enəcək dəmirlər və Şər,
Zülmətlə tanışar o gündən bəşər.
Min ildən də uzun zaman adlayar,
Kabuslu yuxular ölümlə birləşər”.
“Alqarad hekayələri: Adnos müharibəsi” kitabından Amandanın Lavar tayfaları haqqındakı nəğməsindən.
Solonasın gəmisi Mavi Qərargahın aerodromuna enərkən Nil və Lamiya onu aşağıda gözləyirdilər. Brontla Arseni isə qızlardan bir az aralıda dayanmışdılar. Gəminin mühərriklərinin küləyi hər iki qızın saçını dağıdarkən, oğlanlar bir-birlərinə baxıb saçsız olduqları üçün sevindilər də. Amma bu yalnız Arseninin gözlərindən anlaşılırdı. Brontun yeganə gözündə buz kimi soyuqluq var idi.
Böyük Rufina gəmisi yavaş-yavaş endi. Motorlar dayandı və gəminin orta hissəsindən bir lyuk açılaraq pilləkənləri aşağı saldı. Solonas pilləkənlərdə görünərkən qərargahdakı bütün qızılbaşların üzündə qeyri-adi bir xoşbəxtlik var idi. Onların lideri, axır ki, uzun zamandan sonra Mavi Qərargaha gəlmişdi. Nil dünən Kleonla baş verən hadisəni, hələ ki, ən yaxın adamlarından başqa heç kimə deməmişdi. Buna görə də buradakı əsgərlər şeflərinin bura gəlməyinin çox vacib səbəbi olduğunu düşünmüşdülər. Solonas da xəbəri alan kimi bütün işlərini təxirə salıb bura uçmuşdu. İnsanlıq tarixinin ən gözəl günü idi bu gün. Nilin rabitə əlaqəsi zamanı səsinin titrəyərək “seçilmiş bizi tapdı” cümləsi hələ də qulaqlarında idi. Bu baş vermişdi. Hemera yanıla bilməzdi. Yanılacaq şansları və vaxtları qalmamışdı.
Ağappaq uzun saçlarının yarısını arxadan yığıb, yarısını açıq saxlamışdı Solonas. O, albinos idi. Kipriklərinə qədər bədənindəki bütün tüklər qızılbaşların liderinə qeyri-adi mistika qatırdı. Yaşının çox olmağına baxmayaraq, fiziki cəhətdən heç də zəif təsir bağışlamırdı. Ağ paltarının sağ tərəfindəki qırmızı naxışlar qızılbaşlığın simvolları idi. Yırtıcı quş, canavar, ağac rəsmləri bir-birlərinə qarışmışdılar. Sol gözünün altında böyük bir yara izi var idi. Qatıldığı döyüşlərin sayını özü belə xatırlamırdı. Amma bu qılınc yarasının tarixçəsini heç vaxt unutmurdu. Bədəninin müxtəlif yerlərində həyatı boyu unutmayacağı hadisələrdən onlarla iz yadigar qalmışdı ona.
On dörd yaşında qızılbaşların dəstəsinə qoşulmuşdu. Böyük qardaşı Laquan bunun yanlış addım olduğunu desə də, Solonas öz qərarından dönməmişdi. Qalateya şəhəri onun yuxularını rahat buraxmırdı. Qızılbaşların mövcudsuzluğunu qəbul etmir, buna inanmırdı. O yaşına qədər yaşadığı Kampala insanların gizlin sığınacaqlarından sadəcə biri idi. Buradakı bütün qərarlar Ali Məclis tərəfindən qəbul olunurdu. Solonasla Laquanın atası da bu qurumun idarə heyyətinin bir üzvü və insanların gələcək talelərinin necə olacağı barədə birbaşa əmrlər vermək iqtidarına sahib olan nüfuzlu şəxslərdən idi. Ali Məclisin qəbul etdiyi bütün qərarlar birmənalı şəkildə gizlənməkdən və necəsə sağ qalmaqdan ibarət olurdu. Amma Solonas bunu qorxaqlıq hesab edirdi və Kampala artıq onun böyük qurtuluş ideyalarının dar çərçivəsinə çevrilmişdi. Bu şəhər onun inanclarını boğmağa, hər vəchlə döyüşçülük ruhundan uzaqlaşdırmağa çalışırdı. Amma ruhən qızılbaş olan bir insan əvvəl-axır onu hər yerdə izləyən gözəgörünməz işarələrin, yuxularının özbaşına yozumlarının arxasınca gedəcəkdi. Onu heç bir qüvvə saxlaya bilməzdi.
Atası lap balacalıqdan onun liderlik göstəricilərinin fərqinə varmışdı. Gələcəkdə sığınacaqların, bunkerlərin, insanların Ali Məclisinin rəhbəri kimi görürdü onu. Amma Solonas qorxaqlığın yox, cəsarətin və əzmkarlığın lideri olmaq üçün doğulmuşdu. Belində gümüş bıçaqları və tapançası olan qırmızı tatulu naməlum adamla təsadüfən rastlaşmış və onu izləyərək Kampaladakı gizli kiçik qızılbaş mənzilini tapmışdı. Beləliklə də, on dörd yaşında qızılbaşlara qoşulan Solonas altmış ildən artıq bu insanlarla çiyin-çiyinə döyüşmüşdü. Bu altmış ilin son iyirmi ilini isə onlara başçılıq etmişdi. Qızılbaşların hər bir üzvünə oğlu, qızı, qardaşı, ailəsi kimi münasibət göstərən Solonasın heç vaxt öz ailəsi olmamışdı. O, heç kəslə həyatını birləşdirməmiş, bütün ömrünü insanlığın xilası yolunda müqəddəs hesab etdiyi missiyası üçün qurban vermişdi. Qızılbaşların hər biri onun üçün canından keçməyə hazır idilər. Döyüşlərdə itirdiyi hər bir ailə üzvünün bütün məlumatlarını Rufinanın serverlərinin yaddaşına köçürdən lider tezliklə qovuşacaqlarına inandığı işıqlı çağlarda hər birinin adını əbədi yaşadacağına and içmişdi.
Solonas pilləkənlərlə aşağı enib iki döyüşçü qızın qarşısında dayandı. Qızların hər ikisi biləklərini çarpazlaşdıraraq özlərinin hərbi salamını verdilər. Solonas da onları salamdı. Daha sonra başını yuxarı qaldırıb Mavi dağların içərisində qazılmış qərargahın bütün mərtəbələrindəki mağaralardan onu izləyən yüzlərlə qızılbaş əsgərinə baxdı. Əsgərlər komandirləri Solonası salamladılar. Albinos bilgənin üzündəki ciddiyyət dodaqlarının çox azca yana qaçmasıyla heç də pozulmadı. Gözlərində hər zamanki qətiyyət, hər zamanki özgüvənlə əlini yumruq şəklində qaldırdı və öz ordusunu salamladı.
– Yaraların necədir? – Yenidən Nilə tərəf çevrilərək həmişəki təmkinli və səmimi səsiylə soruşdu. Sanki bu dəqiqə hər şeydən vacib Nilin yaralarının vəziyyəti idi.
– Yaxşıyam, şef, – Nil əlini qarnındakı sıx karsetə sürtərək dedi. – Daha da yaxşılaşacam. Hemera əsl möcüzədir.
– Bilirəm. Möcüzədir. – Solonas sevimli əsgəriylə razılaşdı və Lamiyaya tərəf çevrildi. Bir neçə saniyə düz gözlərinin içinə baxdıqdan sonra dedi, – məndən gizlətdiyin şeylər hər nə olursa-olsun, bu gün əsəbləşdirə bilməyəcəksiniz məni, qızım. Odur ki, rahat olun. Sən də, o arxadakı təpəgözün də, – başını yana əyib heykəl kimi yerində donub qalan Bronta baxdı və iki qızın arasından keçib yuxarı mərtəbələrə qalxan liftə tərəf getdi.
Qızlardan azacıq aralıda dayanmış Brontla Arseninin yanından keçərkən hər ikisi qızılbaşların hərbi salamını verdilər. Solonas onlarla da başıyla salamlaşdı. Liftə minib dəmir barmaqlı qapını bağladıqdan sonra Nildən soruşdu.
– Neçənci mərtəbə?
– On altıncı mərtəbədədir, şef, – deyən Nil söhbətin nədən getdiyini anlamaqda çətinlik çəkmədi. – Hemeranın yanındadır. Amma…
– Heç bir amma yoxdur! – Solonas əsgərinin sözünü kəsdi. – Bu Odur. Hiss edirəm.
– Yenə də həqiqət sizi bir azca təəssüfləndirə bilər, şef, – Nil xəbərdarlıq etməyi özünə borc bildi. – Heç də xəyallarımızdakı adama bənzəmir.
– Bunu hələ görəcəyik. – Solonas özündənrazı şəkildə bildirdi və liftin düyməsini basdı. – Axşama hamı böyük zalda toplaşsın. Çatdırılası sözlər var.
Lift gurultuyla hərəkətə başladı və yuxarı doğru qalxdı. Hər mərtəbədə onunla qarşılaşan qızılbaşlar biləklərini sinələrində çarpazlaşdırıb başçılarına hərbi salamlarını verirdilər. Nəhayət, lift Hemeranın yaşadığı on altıncı mərtəbədə dayandı. Solonas seçilmiş adamla görüşəcəyinin həyəcanını çox məharətlə gizlədə bilirdi. Ürək döyüntülərinin necə sürətləndiyini özündən başqa heç kəs eşitmirdi. Əllərini uzun ağ əbasnın altında gizlətmişdi ki, onların titrədiyini heç kim görməsin. Bu mərtəbədəki mavi işıqlarla aydınladılmış dəhlizlə irəliləyib ən sonuncu otağın qarşısında dayandı. Dərindən nəfəs aldı və qapını döydü. Bir neçə saniyədən sonra balaca Hemera qapını açdı. Solonası görən kimi sevincək şəkildə üzərinə atılıb onu qucaqladı.
– Mavi dağların yolu yadında qalıbmış, – balaca qız ironiya qarışıq zarafat etdi. – Yaşlılıq necə hisdir?
– Yaşlılıq məndən ölüm qədər uzaqdır. Dostları unudacaq qədər yaşlanmamış ölməyi planlaşdırıram, Hemera. – Köhnə dostunun balaca əllərini tutaraq eyni mehribanlıqla cavab verdi Solonas.
– Məni görməyə gəlmisən, yoxsa…? – Hemera iynələyici zarafatlarından əl çəkmirdi.
– Başqa nə üçün ola bilər ki? Orta Dünyanın heç bir yerində söhbətimə səbr edəcək adam yoxdur, – dedi və bir az aşağı əyilib pıçıldadı. – Bəlkə, sənin də mənimlə söhbətləşəcək bir neçə mövzun var?
– Gəl içəri, gəl… Yalançı qoca, – deyə Hemera qapını aralayıb Solonası içəri dəvət etdi. – Mənim üçün gəlmədiyin birbaşa mənim otağıma gəlməyindən bilinir. Söhbətlərimsə həddindən artıq çoxdur.
Solonas bir neçə saniyədən sonra seçilmiş adamla qarşılaşacağının həyəcanıyla mavi işıqlı otağa girdi. Otaq Hemeranın qeyri-adi səliqəsinin sayəsində bu qədər toz-torpağın içində tər-təmiz yeganə yer idi. Balaca mətbəxi, yatağı, stol-stulları, qapqara kreslosu, divanı… Hər şey bir neçə il əvvəl necəydisə indi də eyni yerində, eyni formada dayanmışdı. Otağın bir divarı başdan-başa qalın şüşədən ibarət idi. Buradan Mavi Qərargahın yarıqaranlıq mənzərəsi açılırdı. Amma otaq boş idi. Heç kəs yox idi burada. Nil seçilmişin Hemeranın yanında olduğunu demişdi. Hemera iki stəkan Qalateya çayı süzüb birini masanın üzərinə qoydu, birini isə özünün qara kreslosunun yanındakı tumbanın üstünə.
– Haradadır? – Solonas balaca qızdan soruşdu. Hemera heç nə demədən başıyla qapının sağ tərəfini göstərdi. Solonas heç nə anlamadan bir də soruşdu. – Nə? Haradadır oğlan?
– Tualetdə… – Hemera sözü deyən kimi qapının sağ tərəfindəki otaqdan sifon səsi gəldi. Bir neçə saniyədən sonra qapı açıldı və Kleon əllərini ağ bir dəsmalla qurulayaraq çıxdı. Solonası görən kimi yerində donub qaldı. Hər ikisi təəccüblü şəkildə bir-birlərinə baxarkən Hemera onları tanış etdi. – Tanış olun. Kleon… Solonas… – adları çəkərkən əliylə onları bir-birlərinə göstərdi.
Solonasın ağ-qırmızı görünüşü Kleonu qorxutmuşdu. Üstəlik onun baxışlarında digərlərindən fərqli olan nələrsə var idi. Baxışlarıyla bütün beynindəkiləri oxuyurdu sanki. İndiyənə kimi rastlaşdığı heç bir insanın gözündə var olmayan cəsarət və ümidlə baxırdı bu gözlər. Ağappaq əbasının altından qıpqırmızı əlini Kleona uzadan Solonas bir neçə addım yaxına gəldi.
– Salam, gənc dostum! – Solonas müdrikliyinin təqdimatçısı olan heyrətamiz səs tonuyla Kleona salam verdi. – Mən Solonasam. Qızılbaşların lideri.
– Sss… Salam, əlahəzrət… Kral… Ulu öndər? – Kleon qızılbaşların qərargahına gətirildiyi ikinci gündə onların lideriylə görüşəcəyini ağlına belə gətirməzdi. Amma həyat həmişə gözləniləndən daha çox şey vəd edir. Orta Dakaraqasın bütün şəhərlərində qaçqınlıqla ömür sürdükdən sonra, nəhayət ki, ən son olmaq istəyəcəyi yerdəydi. Üstəlik həyatı boyu rastlaşmaqdan çəkindiyi qızılbaşlar ona qurtarıcıları kimi baxırdılar. İndisə Solonas adlı albinos bir qoca əlini ona uzadıb bütün bu insanları qaranlıq qüvvələrdən qoruyacağını arzulayırdı.
– Əlahəzrət yoxdur qarşında. Hamımız bərabərik və burada gördüyün hər kəs bizim ailənin bir üzvüdür, – deyən Solonas oğlanın ona əlahəzrət deməyinə hətta gülümsədi də. Əli hələ də havada qalmışdı. – Əlimi sıxmayacaqsansa, bunu edən ilk qızılbaş olacaqsan.
– Bağışlayın… Həyəcanlıyam bir az, – Kleon cəld şəkildə bir dəfə də əlini dəsmalla silib Solonasın əlini sıxdı. – Amma mən qızılbaş deyiləm. Səhviniz var. Deyiləm… Bura da istəyərək gəlməmişəm, başçı… Lider… Hökmdar… – Solonasa ediləcək xitabı tam olaraq tapa bilmədiyinə görə qaşlarını qaldırdı. – Bəlkə, ustad? Ustad yaxşıdır, məncə. Hə?
Solonas o dəqiqə Kleonun əlini çevirib ovucuna baxdı. Qıpqırmızı qızılbaş tatusu oğlanın əlinin içində alovlanırdı. Tatuya yox, daha çox doğum ləkəsinə bənzəyəcəyini düşünmüşdü. Amma bu işarəni sanki əllə çəkmişdilər. Oğlanın əlindəki şəklin nə anlama gəldiyini anlamırdı. İndiyə qədər heç vaxt bu cür işarələr görməmişdi. Adətən şəkillər və ya naxışlardan ibarət olan qızılbaş tatuları hər adamın öz istəyinə uyğun dəyişilirdi. Amma Kleonun ocuvundakı işarə, əlbəttə ki, başqalarından fərqlənməliydi. Üç xətt ovuc qırışlarının arasında başıaşağı üçbucaq formasında bir-birlərini kəsib keçirdilər. Ən yuxarıda isə başqa bir yarımdairə var idi.
– Bunun nə anlama gəldiyini bilmədikcə, ustad sayılmaram, – Solonas Kleona baxaraq dedi. – Bircə şeydən əminəm. Sən Osan, oğlum. Bizim üçün gəlmisən. İnsanlıq üçün gəlmisən, – son sözlərini deyərkən hər iki əliylə oğlanın çiyinlərindən tutmuşdu.
– Mən O deyiləm. Burada səhvlik var. Niyə mən eee? Məndən başqa seçilmiş adam yoxdur, guya? Gedin başqasını seçin. Çox böyük peşman olarsınız, – Kleon Solonasın gözlərinin içinə baxmaqdan qorxsa da, o qədər yaxınındaydı ki, başqa bir yerə də baxa bilmirdi. Tez-tez və nə dediyini bilmədən danışırdı. – Mən içirəm, çəkirəm, bütün günü qızlar, oğurluq, təmbəllik, yatmaq, əyyaşlıq, qumar, qorxaqlıq… Mən Dakaraqasda ancaq bu əməllərimə görə seçilə bilərəm. Məndən qurtarıcı olar? Səncanı, bir mənə bax… Mənə bax… – Kleon Solonasın əllərinin arasından bir neçə addım kənara çəkilərək otaqdakı hər iki qızılbaşdan soruşdu. Dediklərinin həqiqət olduğu onun özünü də utandırırdı, amma əlindən də başqa heç nə gəlmirdi.
– Satqınlıq eləmisən nə vaxtsa? – müdrik qoca soruşdu.
– Satqınlıq eləməmişəm, amma bütün həyatım boyunca saysız-hesabsız, milyonlarca, milyardlarca yalan danışmışam, – Kleon hər cümləsində özünü aşağılayırdı ki, bu insanların ümidlərinin əbəs olduğunu isbatlasın. – O şəhərdən-bu şəhərə qaçaraq keçib ömrüm, məni döyüblər, söyüblər, incidiblər, bircə dəfə belə etiraz eləməmişəm. Bircə dəfə belə bu sistemə qarşı narazılığımı bildirməmişəm. Ona görə yox ki, sistemi sevirəm. Ona görə ki, buna cəsarətim çatmayıb heç vaxt. Yanımda bir məzlumu incidiblərsə, başımı aşağı salıb uzaqlaşmışam oradan. Kasıb olduqlarını bildiyim halda köməksiz insanların sonuncu quru çörəklərinin yarısını oğurlamışam. Belə bir adam seçilmiş ola bilər, səncə? Heç vaxt… Ovucumdakı bu işarənin nə olduğunu mən də anlamıram. Təsəvvürüm belə yoxdur ki, bu haradan yarandı, nə deməkdir, nə məna verir. Bu balaca qara qız əlini ovucuma sürtdü və bu şəkli çəkdi. Daha sonra hər kəs mənə seçilmiş insan, nəbilim, qurtarıcı kimi baxmağa başladı. Mən adi bir sərxoşam. “O” deyiləm.
– Sistemi sevmədin, məzlumu incidən də sən deyildin, kasıbın da çörəyinin hamısını oğurlamadın. Ancaq özünə çatacaq qədər götürdün. Sənin özün haqqında dediklərindən bu nəticəni çıxartdım, – Solonas oğlanla müzakirə etmək istəməsə də, ona olan ümidlərindən danışmalıydı. Bunun nə qədər çətin olacağını Kleonu gördüyü andan anlamışdı, amma əsla ideallarından əl çəkməyəcəkdi.
– O hələ şokdadır, Solonas, – Hemera albinos qocanı və oğlanı sakitləşdirmək istədi. – Əgər, həqiqətən də, Kleon seçilmişdirsə, o zaman içindəki gücü gec-tez kəşf edəcək və qızılbaşların qurtarıcılığının onun yeganə taleyi olduğunu anlayacaq.
– Adının mənasını bilirsən? – Solonas divanda əyləşərkən soruşdu.
– Bilmirəm.
– Qədim Nialların lavar dilində “bəla gətirən” deməkdir, – Solonas Nilin nə demək istədiyini az-çox anlamışdı. Amma öz hislərinə də yetərincə güvənirdi və yanılmadığına inanırdı.
– Bəla gətirən… Bəli, razıyam, razıyam, – Kleon yenə tələsərək danışmağa başladı. – Mən bəla gətirmiş ola bilərəm. Hətta bəlaların ən böyüyünü, ən dəhşətlisini. Əgər Ximeludan qaçarkən gəminizi izləyiblərsə, tezliklə buranı tapacaqlar. Mən sizə bəla gətirəcəm, qızılbaşların hökmdarı… Kralı… Başbiləni.
– Lavar tayfaları Dünyadakı bütün irqlər üçün təhlükəli tayfa idi. Onlar özləri üçün bunun bəla gətirən olduğunu düşünürdülər. Şərin bəlası olacaqsan, yəni. – Solonasın səbrli və təmkinli danışığı Kleonu həddindən artıq narahat edirdi.
Kleon asta-asta otağın böyük şüşə divarının yanına gəldi. Dağın dərinliklərində var gücləriylə çalışan bu insanlara baxdı. Yuxarıdan baxanda nöqtə boyda görünürdülər. Əsrlərlə davam edən bu savaşlarda hər bir insan dənizdə qum dənəsi kimiydi. Onların mövcud olub-olmamağının, demək olar, heç bir mənası yox idi. Alınlarında tərlər qurumamış, ovuclarındakı qabarlar bərkiməmiş yenidən işə atılırdılar. Yenidən və yenidən. Durmadan, bezmədən, yorulmadan. Hamısı Solonasın bir sözüylə ölməyə belə razıydılar. Bu qədər inanc, bu qədər güvən hissi necə yarana bilərdi axı? Onlar ki, sadəcə insan idilər. İnsanlarsa Böyük Müharibədən sonra ən rəzil irq hesab edilirdilər. Bəs bu qədər rəzil idilərsə içlərindəki sevgi nə ilə bəslənmişdi? Nəyin sayəsində insanlar öz ideallarına görə həyatlarını qurban verə biləcək həddə çatmışdılar? Kleon onların düşüncələrini anlamırdı. Qəlbinin dərinliklərində, bəlkə də, onlar kimi olmaq istəyərdi. Amma bacarmayacağına da əmin idi. Onun bütün ruhu qorxuyla bələnmişdi. Hər addımda özü üçün nəyin pis, nəyin yaxşı nəticələnəcəyini yüz dəfə ölçüb-biçirdi. Qorxulacaq bir təhlükə varsa, əsla o addımı atmırdı. İndi qəlbinə səpilən toxumlar nəyin toxumlarıydı belə? Həyatında ilk dəfə gördüyü bir insan necə olmuşdu ki, bir-iki kəlimə söhbətdən sonra onda özü haqqında şübhələr doğurmuşdu?
– Bir az tək qala biləcəyim yer var? – deyə Kleon Solonasdan və Hemeradan soruşdu. Səsindəki titrəklik hətta Solonasın xoşuna da gəldi. Bu titrəklik vicdan qığılcımlarının cücərtiləri idi. Kleonun ruhunu bürüyən qorxaqlıq pərdəsində ilk ilgəklər sökülməyə başlamışdı. Sadəcə bu iplərin ucundan tutub dartmaq lazım idi ki, bütün bu qaranlıq qorxu yumağı sökülüb getsin. Bunu isə yalnız və yalnız Kleonun özü edə bilərdi.
– Burada heç kimdən heç bir yerdə sənə ziyan gəlməz, – deyə Solonas bildirdi. – İstədiyin yerdə istirahət edə bilərsən.
Kleon otaqdan çıxarkən Hemera onun üçün azacıq narahat olsa da Solonasa baxan kimi narahatçılığı yox oldu. Qoca albinosun gözlərindən daşan sevinc və ümid bütün otağa yayılır, isti rənglərlə aydınladırdı solğun mavi küncləri.
– Nə fikirləşdin? Necə təsir bağışladı? – Hemera dostundan soruşdu.
– Özü haqqında çox yalnış fikirdədir. Səsindəki üzüntünün səmimiyyəti vicdansızlığını tamamilə təqzib edir. O, həqiqətən də seçilmiş ola bilər, – Solonas balaca dostunun süzdüyü çaydan bir qurtum içdi. – Bəs sən nə düşünürsən?
– Onun davranışlarını və vicdanının qədərini tam aydınlaşdıra bilməmişəm özüm üçün, amma onda başqa qəribə nüanslar diqqətimi çəkib, – Hemera qara kreslosunda az qala gözəgörünməz şəkildə oturmuşdu. – Keçmişi haqqında soruşdum ondan. Harada yaşadığını, harada böyüdüyünü, başına gələnləri danışdı mənə. Ovucundakı işarə yanıq iziylə örtülmüşdü. Bunun necə baş verdiyini danışdığı vaxtda əllərim onun gicgahlarında idi. Beyninin hansı sözlərə necə reaksiya verdiyini ölçürdüm. Onu böyüdən qoca kor bir qadın kiçik daxmasında yanaraq ölüb. Oğlan onu qurtarmaq üçün alovların içinə girib və yıxılaraq əli yanan bir taxtanın üzərindəki mismara batıb. Mismar oğlanın əlini deşib keçib və beləliklə də ovucunda böyük bir yanıq izi yaranıb.
– Qəribə olan nə idi bəs? – Solonas təəccüblə soruşdu.
– Burada iki məsələ mənim diqqətimi çəkmişdi. Birincisi onun beyni mənə danışdıqlarının tamamilə yalan olduğunu deyirdi. Yaddaşının heç bir nöqtəsində bu xatirələrə rast gəlmədim. Sanki bu hadisə heç vaxt yaşanmayıb və bütün bunları özü uydurur. Amma danışdıqca gözləri doldu, hətta yaş da axdı. Bu kədər isə yalan deyildi. Oğlan heç vaxt yaşanmamış xatirələrə görə son dərəcə həqiqi üzüntülər keçirirdi, – Hemera özü də vəziyyətin içindən çıxa bilmirdi. – Amma ən maraqlısı bu deyildi.
– İkinci məsələ nədir? – deyə Solonas özünü hər cürə sürprizə hazırlayaraq soruşdu.
– Oğlan bütün bunların altı yaşındaykən baş verdiyini dedi, – Hemera bunu deyərkən azacıq gülümsədi də. – Bunu təsəvvür edə bilirsən?
– Altı yaşlı bir uşağın onu böyüdən insanı qurtarmaq üçün yanan alovların içinə atılmağını? Bu dəli cəsarətidir. Ruhunu qorxaqlıq və yalan əsir alana qədər bizim oğlan əsl qəhrəman olub, deməli, – Solonas oğlanın altı yaşında belə bir addım atdığına görə sevinsə də hadisələrin real olub-olmadıqlarının şübhəsi onu narahat etmişdi. – Öyrənə bilərsən ki, əgər bu xatirələr yalandırsa, bu onun yaddaşına necə yerləşdirilib?
– Öyrənmək olar, amma oğlan özü buna icazə verməlidir, – Hemera açıqladı. – Belə bir şeyi isə ona demək haqsızlıq olardı. O, həyatda yeganə cəsarətli davrandığı anın yalan olduğunu öyrənsə, necə sarsılacaq, kim bilir?! Bundan sonra ona özgüvənini qaytarmaq həddindən artıq çətinləşər.
– Düz deyirsən, – Solonas Hemerayla razılaşdı. – Bəs qızılbaş işarəsi? O həqiqətdir?
– Qızılbaş işarəsi həqiqidir. Bundan əminəm, – balaca qız son dərəcə qətiyyətlə cavab verdi. – Mən insan bədənindəki yaraları anadangəlmə vəziyyətinə qədər sağalda bilirəm. Bunu özünün razılığı ilə etdim. Yara izini yox edərkən ovucu anadangəlmə halına dönəcəkdi. Başqa ehtimal yoxuydu. Bu isə işarənin həqiqətən olduğunu göstərir.
– Yanğın hadisəsinin yalan olmaq ehtimalı çox böyükdür, – Solonas bir az əvvəlki məsələyə bir daha qayıtdı. – Necə olur ki, yanan bir evin içində balaca uşağın yalnız ovucu yanır? Üstəlik bu yanıq izinin altında da qızılbaş işarəsi var. Yox… Burada başqa məsələlər var.
– Mən də bundan şübhələnirəm. Sanki kimsə qəsdən oğlanın əlini yandırıb və bu işarəni görünməz edib, – Hemeranın zehni Solonasınkından qat-qat iti olmağına baxmayaraq, hər şeyi birdən-birə açıqlamırdı. – Bəlkə də, bizim bilmədiyimiz dostlarımız var haralardasa. Ola bilər? Aldara haqqında sən də eşitməmiş olmarsan. Ölümsüz insanların diyarı…
– İnsanlara insanların başqa qruplarından belə kömək gəlmədiyi halda, kim bizə bu savaşımızda kömək edə bilər ki? – Solonasın seçilmişi tapdıqları üçün gözlərində əmələ gələn sevinc bir anlığa qəzəb və təəssüflə əvəz olundu. – Aldara və ölümsüz insanlar barədə Ağ Əfsanədə heç nə deyilmir. Ölümsüzlük diyarı yalnız ölümdən sonrakı həyatla bağlı ola bilər. Lal Otaqlar kimi… Tarix kitablarını isə Xaos bu planetə ayaq basdığı gündən etibarən məhv edib. Buna görə də xəbərsiz keçmişimizin məhviylə barışmalı və bildiyimiz, inandığımız yeganə mirasa sahib çıxmalıyıq. Ağ Əfsanəyə. Mənə doğma qardaşım belə inanmadı. Hətta o da öz köməyini əsirgədi. Başqa heç bir qövmün, heç bir irqin, xalqın bizə köməyi dəyə bilməz.
– Mənim moyra olduğumu unudursan, yaşlı döyüşçü? – Hemera zarafatyana incidiyini bildirdi.
– Sən bizim tərəfimizdə olan yeganə moyrasan, Hemera, – Solonas daha da qətiyyətlə öz fikrini müdafiə etdi. – Sənin xalqın heç də həmişə insanlığın yanında olmayıb. Lavar tayfalarının kabuslarını da bir vaxtlar moyralar qoruyublar. Amanda qədər güclü cadugar bir daha gəlməyəcək bu dünyaya. Bəlkə, Xaos ola bilər. O da düşməndir, ən nəhayətində. Amma bu moyraların zülmətin, qaranlığın, şərin tərəfində olduğunu da göstərmir. Moyralar hər zaman sərbəst düşüncəylə, hür iradəylə hərəkət ediblər. Sizlər qruplarla, dəstələrlə yaşasanız da, hər birinizin özünüzəməxsus fikirləri olub. Məncə, özünü başqalarıyla müqayisə etməməlisən.
– Neçə yaşıma gəlmişəm, səninlə müzakirə aparmaq hələ də zehnimi yorur, – Hemera Solonasın əslində nə demək istədiyini anlasa da, onunla razılaşmırdı. Lakin müzakirə aparacaq hələ çox mövzu olduğuna görə məsələni eqo savaşına çevirmədi.
– İstənilən halda, kimsə oğlanı kronların axtarışından qoruyub. Bu həqiqətdir, – Solonas da öz növbəsində moyralar və insanlar arasındakı əlaqələrin tarixini qurcalamağa həvəsli olmadığını göstərmək üçün mövzunun dəyişilməyinə icazə verdi. – Oğlanın işarəsinin üstünü qapayıb beyninə uydurma xatirələr yerləşdiriblər. Bunları edə biləcək gücə sahib varlıqlar hələ də var?
– İnsanlar arasında, məncə, yox. Beyinə hansısa fikri soxmaq və ya beyindən hansısa fikri oğurlamaq ancaq beyin sahibi yuxuda olarkən həddindən artıq güclü telepatların görə biləcəyi işdir, – Hemeranın məqsədi insanların beyin güclərini aşağılamaq deyildi, amma reallığı deməyə də borcluydu. İnsanlar arasında heç vaxt bu qədər böyük gücə sahib telepatlar olmamışdı tarix boyu. – Bunu ancaq çox güclü cin cadugar və ya hansısa xüsusi bacarığa malik moyra edib, məncə. Vampirlər az qala qədim dünya sivilizasiyasında yaşayırlar, kronlardansa bu qədər ağıl göstərisi gözləmək absurd olardı. Həm də ki, hansısa vampir və ya kron niyə bu insanı qorumaq istəsin ki? Bu da məntiqsizdir.
– Kleonu qorumalıyıq. Fiziki cəhətdən güclü görünsə də, döyüş bacarıqlarının olmadığına əminəm, – Solonas yeni müəmmaların arasında oğlanın hər bir yolla sağ qalmalı olduğunu düşünürdü. – Ən əsası da vicdanının nəyə qadir olduğunu üzə çıxartmalıyıq necəsə.
– Bunu mən edə bilərəm, – Hemera özündənrazı şəkildə dedi. – Amma qarşılaşacağımız həqiqətə hamımız hazır olmalıyıq.
– Mənim bu dünyada hazır olmadığım həqiqət yoxdur. Nələr görmədi ki, bu yaşlı gözlərim, – deyə Solonas müdrik səs tonunu bir daha işə salmışdı.
Nil, Lamiya, Bront və Arseni əsas zalda Solonası gözləyirdilər. Bront hemişəki kimi gözlərini bir nöqtəyə zilləyib dayanmışdı. Heç kəsin səsi çıxmırdı. Yuxarıdan işıqlandırılmış dəmir masanın azacıq hündürlüyündə holoqram görüntüylə Ximelunun xəritəsi var idi. Nil başçılarının nə vaxt gələcəyini gözləyərkən bir yandan da Kleon haqqında düşünürdü. İlk dəfə onu yaralar içində görəndə ağlına belə gəlməzdi ki, onun Ağ Əfsanədəki seçilmiş adam olmaq ehtimalı var. Brontla Lamiyaya geri qayıdıb həyatlarını riskə ataraq bu oğlanı Marakatdan qurtardıqları üçün əvvəlcə çox əsəbləşsə də, daha sonra içində Brontun dərin vicdan hesablaşmaları üçün ona minnətdarlıq hissi də yaranmışdı. Kleonun tapılmağının əsas səbəblərindən biri bu soyuq yekəpərin qəlbinin vicdanı olmuşdu və əlbəttə ki, Lamiyanın dostluq sədaqəti.
Seçilmişsə onların xəyallarındakı müdrik döyüşçüdənsə qorxaq bir sərxoş çıxmışdı. Əlində qeyri-adi dərəcədə dəqiq çəkilmiş anadangəlmə qızılbaş işarəsi, ruhunda isə bu qədər yalançılıq və qorxaqlıqla necə olmuşdu ki, bircə dəfə belə qızılbaşları axtarmamış və içindəki etiraz duyğularını bəsləməmişdi?! Əksinə, həyatı boyu ordan-ora qaçmış, içmiş, əylənmiş, küçələrdə yatmış və nəhayət, öldürülmək üçün həbs olunmuşdu.
Solonas onların yanına gələrkən Nillə Lamiya oturduqları yerdən ayağa qalxdılar. Hamısı farağat halında dayanmışdılar. İçəri girən kimi otağa qəribə bir nur yayıldı. Paltarının və bütün bədəninin bəyazlığı qapqara divarları olan otaqda işığı əks etdirərək içərini bir az da aydınlatdı. Nil masanın üzərində havada fırlanan yaşıl rəngli holoqram xəritəni dayandırdı.
– Vampirlərlə kronların üst-üstə düşən maraqlarının nə olduğunu öyrənməyə az qalıb, şef, – Nil Ximelunun qərb sərhədlərində yerləşən böyük çöllük ərazini Solonasa göstərərək dedi. – Bura iki irq arasında sınma nöqtəsidir. Erras kişilər üç növbəylə bütün günü bu ərazidəki yer altında yerləşən hansısa zavodda çalışırlar. Zavoddan, demək olar, hər gün yükünün nə olduğunu bilmədiyimiz böyük qatarlar çıxır.
– Sola tərəf? – Solonasın beynində müəyyən şübhələr yaranmışdı.
– Bəli, şef, – deyə Nil təsdiqlədi. – Bu dəmir yolları Ximeluyla Sol Dakaqarasın dağlıq Perfezion şəhərini birləşdirir. Kronların vampirlərə bu vaqonlarla onlar üçün ən dəyərli hədiyyəni apardıqlarını düşünürük.
– İnsan qanı! – Solonas düşüncəli şəkildə gözünün altındakı yara izini qaşıdı.
– Sol Ölkədə olarkən bu cür qan düşərgələri haqqında eşitmişdim, şef, – bu dəfə danışan Lamiya idi. – Orta Dakaraqasda “Qan Tarlaları” adlanan böyük zavodların olduğu danışılırdı. İnsanların huşsuz vəziyyətdə yatıb qanlarının süni şəkildə çoxaldılıb bədənlərindən çəkildiyi zavodlar.
– Haimidin və Narissanın niyə orada olduqları indi anlaşılır. – Solonas əsgərlərinin Ximelunun sirrini açdığına görə sevinsə də, insanların dəhşətli zülmlər çəkdiyi bu zavodları məhv etməyin nə qədər çətin olduğunu bilməyi onu təəssüfləndirdi. Bu işgəncələrə ən qısa zamanda son qoymaq lazım idi. – Planın var, Nil?
– Planım, hələ ki, yoxdur, şef, – Nil sakitcə başını aşağı saldı. – Ximelu Orta Dakaraqasda ən güclü şəkildə qorunan şəhərdir. Ora açıq-aşkar hücum etmək intihar deməkdir. Üstəlik, Narissa da oradadır. Qradarius onu mühafizəsiz orada saxlamaz. Şəhərdə ondan başqa neçə vampirin olduğunu, təəssüf ki, bilmirik.
– Narissa mənlikdir, – yekəpər Bront qalın səsiylə dedi. – Mənimlə təkbətəkdə bacarmadı, şef.
– Səninlə bu barədə hələ sonra danışacayıq, – Solonas qar kimi ağ qaşlarının altından təpəgöz Bronta göz ağartdı. – Amma, əgər düşünürsənsə ki, Narissa ilə təkbətək döyüşdə bacara bilərsən, yanılırsan, oğlum. Qanadlı vampirlər sən düşündüyündən qat-qat güclüdürlər. Onları öldürmək asan deyil. Sağalmayacaq yaraları olmur. Hətta başlarını kəssən belə, ancaq vampirlərə xas olan xüsusi cadular var ki, bir həftə torpağın altında qaldıqdan sonra yenidən bütöv bir vücudla ayılıb basdırıldıqları yerdən çıxırlar. Nil də onlardan biriylə qarşılaşmışdı, – deyən Solonas gözucu Nilə də baxdı. – Bu döyüşdə az qala öləcəkdi. Bədənindəki yaralar Hemeraya rəğmən hələ də çox yavaş sürətlə sağalır. Nil hal-hazırda bizim, demək olar, ən güclümüzdür. Hətta o da hansısa qanadlı vampirlə təkbətək döyüşə girməməlidir.
– Onları öldürməyin bir yolu olmalıdır axı, – Nil qızılbaş liderindən soruşdu. – Tarixdə qanadlı vampirlərin müharibələrdə necə öldürüldüyünə rast gəlinib. İnsanlardan da öldürənlər olub. Korteqanın özü də bunu bacarıb deyirlər. Düzdür?
– Vampirin bədənində gözlə görüləcək şəkildə sağala bilməyən bir yara olmalıdır. Məsələn, qanadlarını, qollarını və yaxud da, əgər bacarsanız, başını kəsmək kimi. Daha sonra isə onun bədəni heç kimin bilmədiyi bir dildəki caduyla yandırılmalıdır, – Solonas bütün əsgərlərinə baxaraq dedi bunu. – Yoxsa, o vampir heç vaxt ölməyəcək.
– Korteqan necə edib bunu? – Lamiya təəccüblə soruşdu.
– Korteqan Qradariusun qoca atasını öldürən insandır. Onun başını kəsmişdi, – Solonas hər dəfə insanların bütün tarix boyu var olmuş ən cəsarətli hökmdarının adını çəkərkən qürurlanırdı. – Lakin cadu dilini bilmirdi. Deyilənə görə, bu cadunu onun yerinə Akana özü səsləndirib.
– Akana? – Lamiya və Nil eyni vaxtda soruşdu.
– Bəli, Akana. – Solonasın gözlərində hətta Xaosun özünün belə çəkindiyi Akananın insanlara şəxsən kömək etdiyinə görə xoşbəxt olduğu görünürdü. – Amma bundan sonra Akana bir də heç vaxt insanlara kömək etməyəcəkdi. Ağ Əfsanəni bizə miras qoymaqdan başqa.
– Korteqan buna görə Xaosa meydan oxumuşdu, yəqin, – Nil düşüncəli səslə dedi. – Akananın yenə də ona kömək edəcəyini düşünmüşdü. Amma bu baş vermədi, əlbəttə.
– Bu baş vermədi, qızım. – Solonasın da heyrətamiz səsi indi təəssüfləndiyini bildirirdi. – Akana bir daha geri dönmədi. Nə o döndü, nə də Ulu Cin. Bütün ümidimiz naməlum bir vaxtda bizi tapacaq seçilmiş adama qaldı.
– Plan hazırlayaq, şef? – Nil liderlərinin dərin düşüncələrə qərq olduğunu görüb mövzunu dəyişmək istədi. – Yoxsa, oğlanın nəyə qadir olduğunu öyrənmək üçün gözləyək?
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?