Электронная библиотека » Xan » » онлайн чтение - страница 5

Текст книги "Qızılbaşlar: Oyanış"


  • Текст добавлен: 26 октября 2022, 10:40


Автор книги: Xan


Жанр: Боевое фэнтези, Фэнтези


сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

– Məni hara aparırsınız? – deyə yaralı oğlan uzandığı yataqdan xırıltılı səslə mızıldandı.

– Mavi Dağlara. Hemeranın yanına, – sağ tərəfdə oturan Lamiya dedi. – Yaralarını ancaq o sağalda bilər. Yoxsa, ömürlük şikəst qalacaqsan.

Kleonun içindən bir səs vampir kimi görünən qızların məlahətli səsinə əsla aldanmamalı olduğunu deyirdi. Amma bu qızda Narissada olmayan bir istilik var idi. Səsindəki səmimiyyət həqiqi idi. Möcüzə gerçəkləşmiş, onu Marakatın qaranlıq hücrəsindən bir insanla bir vampir qaçırtmışdı. Üstəlik hansısa Mavi dağlara aparırdılar. Sağaltmaq üçün. Hemera kim idi, görəsən? Həkim? Amma bu qədər yaranın nə qədər vaxta sağalacağı sual altındaydı. Əgər başının üstündə dayananların Qızılbaşlardan olduğunu bilsəydi, elə burada da, bu vəziyyətdə də şatldan enmək istəyərdi. Lakin çənəsinin ağrısından danışa bilmirdi və gözləri yumuldu.

Brontla Lamiya bir gündən sonra Mavi dağlara çatdılar. Zaltonun yeni texnologiyası Qızılbaşların kiçik şatllarını həddindən artıq sürətləndirmişdi. Solonasın özü qərargahda olmasa da, Nil burada idi. Mavi Qərargahdakı hər kəs Nilin tabeliyində idi. Təkcə Hemeradan başqa.

Dağların qoynundakı adi qaya parçalarından ikisi qapı kimi aralandı və şatl gizli mağaralardakı tunelə daxil oldu. Bir neçə dəqiqədən sonra isə böyük bir boşluqda yerə endi. Bura doqquz Mavi dağın birinin düz ortasında yerləşirdi. Qızılbaşlar Mavi Qərargahın tikintisini uzun illər gizlin şəkildə həyata keçirtmişdilər. Hələ tam başa çatmasa da, istifadəyə yararlı halda idi. Bura həm də gələcək müharibələr zamanı gizli bunker vəzifəsini daşıyırdı. Qərargahda, təxminən, üç yüz qızılbaş əsgəri gecə-gündüz durmadan çalışır, yeni tunellər qazır, planlar hazırlayır və döyüş məşqləri edirdilər. Aksel Zaltonun bəzi silahları da burada test edilirdi.

Nil, demək olar ki, iyirmi dörd saat yatmırdı. Orianadakı Qara Şahzadə Meledayla döyüş onu xeyli zəiflətsə də, Hemeranın sayəsində hər gün bir az da əvvəlki gücünə qovuşurdu. Çiyni tamamilə sağalmış, üzündəki yara izləri yox olmuşdu. Yalnız vampirin dırnaqlarıyla qarnında açdığı beş deşik tam sağalmamışdı. Bu deşiklər də bir neçə gündən sonra tamamilə qapanacaq, qızın bədənində heç bir yara izi belə qalmayacaqdı. Qarnında rezin karsetlə gəzən Nil bütün günü Solonasla danışır, hansısa hücum planları hazırlayırdı. Tezliklə Orta Dakaraqasın əsas şəhərlərinə bir neçə böyük zərbə endiriləcəkdi. Hücum planlarının arasında kronların silah ambarlarının ən böyüyü olan Qrateli də partlatmaq nəzərdə tutulmuşdu. Nanovarp texnologiyası artıq Qızılbaşların əlindəydi, lakin Zalton hər kəsdən gizli saxladığı hansısa səbəblə bu qolbağın çalışma mexanizmini təkmilləşdirmirdi. Solonas da, Nil də qolbaqla bağlı planlarını hələlik təxirə salıb Zaltonun nə vaxtsa yenidən insanlığın ən böyük kəşfi üzərində çalışacağı vaxtı səbrlə gözləyirdilər. Zaltonsa işə haradan başlayacağını belə bilmirdi.

Brontla Lamiya şatldan enərkən Nil də çoxdan açılıb-yığılan pilləkənlərin qarşısında dostlarını gözləyirdi. Hər ikisinin sağ-salamat olduğuna görə sevindiyi gözlərinin parıltısından hiss olunurdu. Lakin onu təəccübləndirən Brontun çiynindəki huşsuz və qanlar içində sallanan insan idi. Lamiyayla qucaqlaşıb görüşən Nil Brontla sadəcə salamlaşdı. Brontun qızlarla arası yox idi, Niləsə, xüsusilə, məsafəli davranırdı.

– Bircə deməyin ki, bu insana görə bir gün gec gəldiniz? – deyə Nil qaşlarını qaldırıb yaralı insanı göstərdi.

– Ona kömək lazımdır. Hemeranın yanına gətirmişik. Yoxsa öləcək, – Bront Nilin üzünə də baxmadan cavab verdi.

– Solonas mənə bu barədə heç nə deməyib, – Nil ən yaxın dostlarının reaksiyalarından Solonasın, ümumiyyətlə, bu insan barədə xəbərinin olmadığını anladı.

– Biz düşündük ki… – deyə Lamiya açıqlama vermək istəyərkən Bront onun sözünü kəsdi.

– Bir az da burada yumbansaq, oğlan öləcək. Onda nə gecikməyimizin bir anlamı qalacaq, nə də bu insanı Marakatdan qurtarmağımızın. – Brontun səsi heç də oğlan üçün narahat olurmuş kimi çıxmırdı. Çiynində yaralı insanla iki qızın ortasından keçib liftə mindi.

– Marakat? Marakat dedi o? – Nil Lamiyadan təəccüb dolu baxışlarla soruşdu. – Bu axmaq Haimidin zindanından adam qaçırdıb? Təmiz başını itirib! – Lamiyanın da günahkar uşaqlar kimi gülməyini görüb hər iki əliylə başını tutdu və deyinə-deyinə o da liftə tərəf getdi. – İkiniz də dəli olmusuz. Bunu bildik ki, başınabuyruqdu, söz eşitmir, ağlı nə kəssə edir, bəs sənə nolmuşdu Lamiya? Solonas səni ona görə bu axmağın yanına qoymuşdu ki, belə çılğınlıqlar eləməsin. Sən bunu yoldan çəkindirməkdənsə, hələ bir kömək də eləmisən.

Lamiya sakitcə həm dostu, həm də komandirinin haqlı danlağını qəbul edib onlarla birlikdə liftə mindi. Nil iki dostunu da lift qızılbaş gəmilərinin enmə ərazisindən yuxarıdakı mağaraların girişinə qalxıb dayanana qədər danladı. Heç birindən bir kəlmə də səs çıxmadı. Bront Nilin üzünə belə baxmırdı. Böyük bir zalın dəmir qapılarını özəl şifrəylə açıb içəri girdikdən sonra komandiri Bronta əmr etdi.

– Oğlanı ver Arseniyə, qoy Hemeranın yanına aparsın. Qalanı onluqdur. – Bir az aralıdakı insanı yanına çağırarkən planlama masasının baş tərəfinə keçdi. – Nə isə öyrənə bildin?

– Öyrəndim. Amma tam da yox. Ximelu sadəcə əyləncə şəhəri deyil. – Bront Kleonu Nilin şəxsi əsgəri olan Arseninin gətirdiyi yatağa uzadarkən gözlərini yaralı oğlandan çəkmədən komandirinə cavab verdi. Yalnız Arseni otaqdan çıxıb qapılar bağlanandan sonra ilk dəfə Nilin üzünə baxdı. – Ximelu böyük bir zavoddur.

– Necə yəni zavod? Nə zavodu? – Lamiya dilləndi.

– Məncə, Ximeluda elə bir şey istehsal olunur ki, bu həm vampirlər, həm də kronlar üçün həyati əhəmiyyət daşıyır, – Bront gəmidə Lamiyanın sarıdığı yarasının yüngülvari qanamağına heç fikir də vermədən böyük divanda əyləşdi.

– Gördüyün hər şeyi danış, – Nil dostunun yarasına baxan kimi vampirlə döyüşdüyünü anlamışdı. Brontun gücünə bələd olduğu üçün vampirin nə hala gəldiyini təsəvvür edə bilirdi. – Sonra sən də Hemeranın yanına baş çəkərsən, – qolundakı yaranı göstərərək dedi.

– Erras kişilər bir neçə növbəylə özlərinin tarla dedikləri yerdə iyirmi dörd saat işləyirlər. Qadınlarısa kef edir. Əvvəlcə aparıcı qüvvənin qadınlar olduğunu düşünmüşdüm. Çünki kronların daima ünsiyyətdə olduğu əhali ancaq erras qadınları idi. Haimid yalnız bu qadınlarla şəxsən görüşürdü. Daha sonra vəziyyətin başqa cür olduğundan şübhələndim. Çünki Ağ Şahzadə heç yerdə ortalıqda görünmürdü. Şəhər patrullarının Baş Alfası Febulan adlı krondur. O həm də Haimidin şəxsi mühafizə dəstəsinin rəisidir. Bəs Narissanın işi nədən ibarət idi? – Brontun həddindən artıq astagəl və monoton danışığına çoxdan öyrəşən qızlar səbrlə söhbətin hara gedəcəyini gözləyirdilər. – Bu səfər kişiləri izləmək qərarına gəldim. Onların işlədikləri tarla adi tarla deyildi. Şəhərin qərb sərhədlərinə bitişik böyük bir çöllük ərazi var. Bu ərazidə Ximelunun əsas sirri basdırılıb. Errasların tarla dedikləri yeraltı zavod. Bu zavoddan hər gün böyük qatarlar ayrılır. Qatar relsləri vəhşi qərbin ucsuz-bucaqsız sonsuzluğuna qədər uzanır. Böyük ehtimal ki, Sol Dakaraqasa gedir bu qatarlar.

– Vampirlərin ölkəsinə, – Nilin ağlına bəzi şübhələr gəlirdi, amma…

– Əgər Ximeludan Sol Ölkəyə nəsə danışırsa, Narissa yüz faiz o işin başındadır. Ona görə də ortalıqda görünmürmüş, – Lamiya da dilləndi.

– Üstəlik qatarlar xüsusi dronlarla da qorunur. Görünür, kronlar vampirlərə verdikləri xəracın üzərində yaman əsirlər. – Bront şalvarının cibindən böyük bir dəsmal çıxardıb qolunun yarasını sildi.

– Görəsən, kronlar kimdən qoruyurlar qatarları? Bizdən başqa kim o qatarlara hücum edə bilər ki? Bizim varlığımızı da təzə öyrəniblər. Amma belə bir zavod uzun illərdən bəri çalışır, yəqin, – Nil kronlarla vampirlər arasındakı soyuqluğun hansı həddə çatdığını bilirdi, amma kronların vampirlər üçün gedən qatarı elə vampirlərin özlərindən qoruduğu ağlına da gəlmirdi. – İstənilən halda, Ximelunun bu qədər önəmli şəhər olmağının səbəbinin bu zavod olduğunu öyrəndik. Afərin Bront. Solonasla əlaqə yaranan kimi bir dəfə də daha ətraflı şəkildə müzakirə edəcəyik bunu. İndisə qolun yerindən qopmamış Hemeranın yanına get, dostuna da baş çək.

Bront otaqdan çıxıb gedərkən Lamiyayla bir daha göz-gözə gəldilər. Hər iki dost zindandakı insanı xilas etdiklərinə görə bir-birləriylə qürur duyurdu. Bront otaqdan çıxdıqdan sonra Lamiya Nilə tərəf çevrildi.

– Sol Ölkədə olarkən Hazaratın Qradariusa verdiyi əvəzsiz hədiyyələr barədə eşitmişdim, – sanki otaqda başqa adamlar da varmış kimi söhbətlərini heç kim eşitməsin deyə pıçıldadı Lamiya.

– Bunlar həmin hədiyyələrdir, deyirsən?

– Bu adi hədiyyə deyil. Vamirlər üçün ən əvəzsiz hədiyyə nə ola bilər, səncə? – Lamiya dostundan soruşdu.

– Qan. Kronlar vampirlərə əsir tutduqları insanları göndərirlər. Vampirlər üçün insan qanından daha ləzzətli heç nə yoxdur. – Nil axır ki, qatarlarda nəyin olduğunu tapdığını düşündü.

– Yox… Vampirlər üçün insan qanından daha dəyərli şeylər var. – Lamiya danışarkən bir anlıq vampir olduğundan utandı da.

– Nə?

– Heç vaxt tükənməyəcək insan qanı inkibatorları. Bu zavodlarda insan qanı hazırlanır. Erraslar hər gün bu tarlalarda çalışırlar. Vampirlər üçün insan tarlalarının ən dadlı məhlusunu toplayırlar. Qanlarını! – Lamiya özü də öz düşüncəsindən dəhşətə gəlmişdi. – Bu zavodlarda kim bilir nə qədər əsir insan var. Nə ölməyə qoyurlar, nə yaşamağa. Hər dəfə bədənlərindəki qanlar çəkilir, sonra süni şəkildə yenidən çoxaldılıb bir də çəkilir. Beləcə bu proses uzun illər davam edir. Vampirlərin özlərində bu texnologiya yoxdur, yəqin. Ona görə hələ də kronlardan asılı vəziyyətdə yaşayırlar.

– İnsan tarlaları. Ora üçün ən qısa zamanda hücum planı hazırlamalıyıq, – Nil Lamiyanın dediklərindən dəhşətə gəlmişdi. Əvvəlcə Zaltonu qaçırtmış, daha sonra nanovarp qolbağını oğurlamışdı. İndisə daha böyük bir əməliyyat onu gözləyirdi. Üstəlik bir neçə saatdan sonra həyatının ən böyük sürpriziylə qarşılaşacağından xəbərsiz şəkildə.

***

Hava şaxtadan nəfəs ala bilməyəcək qədər soyuq idi. Böyük vulkan dağının ətəyindəki donmuş göldən çat səsləri gəlirdi. Buzun üstüylə insan addımları, altıylasa ağappaq bir atın addımları görünürdü. At suyun altında sürətlənərək irəli doğru qaçdı. İnsan ona çatmağa çalışsa da çox geridə qalmışdı. Birdən-birə vulkan dağı böyük bir gurultuyla partladı. Dağın hər yerindən fontan kimi ətrafa yayılan lava donmuş gölün üstünə tökülməyə başladı. Buzlar sürətli şəkildə əridi. Ağ geyimli insanın dayandığı yerdən yüz metr irəlidən qanadlı bir at buzu sındırıb göyə qalxdı. Yenidən yerə endikdə ayaqları dizə qədər lavaya batdı. At aşağıdan yuxarıya doğru alışıb yanmağa başlayarkən gözlərində ağrıdan zərrə qədər əlamət yox idi. Hətta sevinirdi də. Bu mənzərəyə dözə bilməyən insan əlini belinə uzadıb hansı metaldan düzəldildiyi bilinməyən mavi qılıncını götürdü. Var gücüylə qışqırıb ata tərəf qaçarkən düz önündə gölün içindən bir vulkan da püskürdü. Havaya qalxan tonlarla lava yerə yıxılan ağ geyimli insanın üzərinə töküldü.


Kleon bu dəfə mavi led işıqlarla aydınladılmış mağarada ayıldı. Bu kabuslar onun axırına çıxacaqdı. Son bir neçə gündən fərqli olaraq bu gün hər iki gözünü də aça bilmişdi. Əlini qaldırıb barmaqlarına baxdı. Hər iki əlindəki və ayağındakı bütün sınmış sümüklər birləşmişdi. Yüngül göyərmələrdən başqa heç bir iz yox idi. Sağ gözünü bütünlüklə örtən şiş isə tamamilə çəkilmiş, çənəsi sağalmışdı. Amma bədənindəki halsızlıq hələ də qalmışdı. Özünü həddindən artıq gücsüz hiss etsə də, tez bir zamanda buradan çıxmalı olduğunu düşünürdü.

Gücünü toplayıb uzandığı yerdən dikəldi. O biri otaqda keçəl bir insan dəmir masanın arxasında əyləşib kitab oxuyurdu. Dirsəyə qədər çirmələnmiş qolunda qırmızı naxışlı tatu var idi. (Qızılbaşlığın əlamətiydi bu.) Harada olduğuyla bağlı heç bir fikir formalaşmırdı beynində. “Mavi Dağlar” demişdi vampirə bənzəyən qız. Bir neçə gün əvvəl yaşıl qızların, indisə Mavi dağların qoynunda idi. Kleonun həyatı durmadan bir yerdən başqa yerə köçməklə keçmişdi, amma son iki mənzili heç də ürəkaçan deyildi. Bu mağaralarda isə, ən azından, yaraları sağalmışdı.

Ayağa qalxıb xəstəxana palatasını xatırladan otağı gəzmək istədi. Ayaqlarını yatağından aşağı salan kimi sağ tərəfindən balaca bir qız uşağının səsini eşitdi və dik atıldı.

– Sabahınız xeyir, – deyə şirin səsiylə balaca bir qız onu salamladı. Bayaqdan bəri yatağın sağındakı kresloda səssizcə oturub oğlanı izləyirdi. Oğlansa onu heç görmürdü də. – Nəhayət, ayıldınız.

– Kim var burada? – Kleon sürətlə sağ-soluna baxdı. Otağın qaranlığına görə qara kresloda əyləşən qara paltarlı qara dərili qızı seçməyi bir az vaxt almışdı. Qıvrımsaç şirin bir qız məsum baxışlarıyla ona baxırdı. Təxminən, on üç-on dörd yaşı olardı.

– Sizi qorxutmaq istəməzdim, bağışlayın, – uşaq öz təəssüfünü bildirib gülümsədi. – Yaralarınız necədir? Özünüzü necə hiss edirsiniz? – daha da qayğıkeş səslə soruşdu.

– Yaxşı… Çox yaxşı… Nə, necə… Necə oldu bu? Bu qədər yara necə sağaldı belə? Neçə gündür burdayam mən? Sən kimsən? Bura haradır? – Kleon konkret olaraq nəyi ən birinci öyrənmək istədiyini özü belə anlamırdı.

– Bura Mavi Dağların qəlbidir. Qızılbaşların Mavi Qərargahındasan, – deyə balaca qız şirin səsiylə açıqladı. – Brontla Lamiya səni dünən səhər gətirdilər bura. Özündə deyildin. Yaraların ölümcül olmasa da, çox qan itirmişdin. Möhkəm döymüşdülər səni.

– Sən də qızılbaşsan? – Kleon balaca qız uşağından bunu soruşduğuna özü belə inanmırdı. – Belə bir qərargahda olmaq üçün çox balaca deyilsən?

– Mən sən düşündüyün qədər də balaca deyiləm, – qara dərili uşağın dodaqları yanlara doğru çəkilərkən sağ yanağındakı qəmzəsi göründü. Bu onun şirinliyinə şirinlik qatırdı. – Mən də qızılbaşlardanam. Amma insan deyiləm.

– İnsan deyilsən? Bəs kimsən? – Kleon təəccüblə soruşdu.

– Mən moyrayam. Dünya irqləri arasında sayca ən az olan irq. Moyraların nəsli, demək olar, tükənib. Mən uzun illərdir ki, başqa bir moyrayla danışmamışam, – qızın səsinin mehribanlığı hər cümlədə bir az daha artırdı.

– Uzun illər? – Kleon özündən aslı olmayaraq gülümsədi. Bu yaşda bir uşağın belə səlis danışığı onu həqiqətən də təəccübləndirmişdi. – Nə qədər uzun məsələn? Beş il? On il? – Kleon yatağının yanındakı kətilin üstünə qoyulmuş dəmir stəkandan bir qurtum su içdi.

– 250 ili keçib, – bunu deyən kimi Kleon içdiyi suyu kənara tüpürərək qıza baxdı.

– 250 il? 250 yaşın var sənin? – o qədər yüksək səslə gülməyə başladı ki, digər otaqdakı keçəl oğlan da dəmir barmaqlı qapının ağzına gəldi.

– “250 yaşım var” demədim. 250 ildən çoxdur ki, başqa bir moyra görməmişəm dedim, – qız oğlanın sözünə düzəliş verdi. – Yaşımsa bir az artıqdır. 500-ə az qalıb. – Qızın səsindəki səmimiyyət onun yalan danışmadığının yeganə sübutu ola bilərdi. Lakin heç bir qüvvə Kleonu buna inandıra bilməzdi.

– Zarafat eləyirsən? Sən balaca uşaqsan… Kim soxub bunları sənin ağlına? Atan-anan haradadır? – Kleon ətrafına baxanda qapının qarşısında dayanmış keçəl oğlanı gördü. Qolunda qırmızı tatu olan bu insan qapıya söykənib maraqlı və gülməli bir tamaşaya baxırmış kimi balaca qız uşağıyla yaraları yenicə sağalmış oğlanın söhbətinə qulaq asırdı. – Bu uşağın valideynləri haradadır? Siz ağlı başında olan adama oxşayırsınız. Məncə, məndən çox onun köməyə ehtiyacı var. Müqəddəslərin xətrinə, bu uşağa köməklik edin.

– Nilgilə xəbər ver, Arseni. Denə oğlan özünə gəlib, – balaca qız böyük qızılbaşa xahiş edirmiş kimi əmr etdi.

– Nilgil gəlsinlər. Düz deyir, get Nilgili çağır, Arseni. – Kleon söhbətin kimdən getdiyini təsəvvür belə etmirdi. Hələ də şokun təsirindən çıxa bilmədiyi açıq-aşkar görünürdü. Oğlana adıyla elə müraciət etmişdi ki, sanki uzun zamandan bəri onun dostudur. – Get, Arseni, yubanma. Nilgilə denə ki, burda bir balaca qız uşağı var, yazıq başından zərbə alıb, nə danışdığını bilmir.

Arseni də, balaca qız da başlarını aşağı salıb güldülər. Uşaq Arseniyə gözüylə işarə etdi ki, bu oğlana fikir verməsin. Belə reaksiya verməsi normaldır. İnsanlar hər zaman moyralarla qarşılaşmırdılar. Keçəl qızılbaş komandirlərini çağırmaq üçün geriyə çevrilib getmək istəyərkən Nilin düz yanında olduğunu gördü. Ondan bir az arxada isə Lamiya dayanmışdı.

– Kapitan, oğlan özünə gəldi. – Arseni bayaqdan ona xəbər vermədiyi üçün səhv etdiyini başa düşərək gözlərini Nildən qaçırtdı. – Mən də indi sizə xəbər verməyə gəlirdim.

– Bu qərargahın yerini qızılbaşlardan başqa heç kəs bilməməlidir. Əgər adi bir sərxoş, avara buradadırsa, bunda gülməli heç nə yoxdur, Arseni, – deyə komandir qız öz əsgərinə yüngül irad bildirdikdən sonra içəri girdi.

Kleon ona, o da Kleona baxırdı. Nil oğlanın indiyə kimi gördüyü qızların arasında, bəlkə də, ən gözəli və ən xarizmatiki idi. Əynindəki sıx qara paltarları, kəmərinə yandan bərkidilən qoşa tapançası və gümüş bıçaqları bəzək əşyası kimi yaraşırdı bu qıza. Qapqara saçlarını xüsusi bir səliqəsizliklə yığmışdı. Bəzənəcək vaxtının və həvəsinin olmadığını göstərirdi bu. Ciddi baxışları Kleonun gözlərini deşirdi. Amma Kleon da özündən aslı olmadan gözlərini qızın gözlərindən çəkmirdi. Burada heç kəsin ona ziyan verməyəcəyini çox yaxşı anlamağına baxmayaraq, yenə də ürəyində bir qorxu var idi.

– Görürəm, artıq Hemerayla tanış olmusunuz, – Nilin səsindən açıq-aydın oğlanı burada istəmədiyi hiss olunurdu.

– Hemera? Həkim Hemera? – Kleon yaralarını ancaq Hemeranın sağalda biləcəyini eşidəndə onun bir həkim olduğunu düşünmüşdü.

– Mən həkim deyiləm, – balaca qız gülərüz şəkildə dedi. – Mən moyrayam. Yaraları sağalda bilirəm. Bu iki bacarığımdan biridir. Bir günə yaraların necə sağaldı, səncə?

– Belə şeyləri bu qədər sürətlə deməzlər adama. Mən hələ sənin 500 yaşın olduğuna inanmıram, indi də yaraları sağaldan meyro olduğunu deyirsən? – Kleon israrla ətrafındakıların dəli olduğunu düşünürdü.

– Meyro yox eee, moyra, – deyə Hemera yenidən şirin-şirin gülümsədi. – Amma istəsən, mənə həkim də deyə bilərsən. Həkimlik pis peşə deyil.

– Brontla mən səni Ximelunun Marakat zindanından qaçırtmışıq. Bircə dəqiqə də gec gəlsəydik, səni öldürəcəkdilər. Narissanın əlindən qurtulmaq şansın yox idi, – Lamiya oğlana yaxın keçmişini xatırlatmaq istədi. Kleonsa key-key onlara baxırdı. – Ximelu… Xatırlamırsan? Huhu… Yaşıl, çılpaq, erras qızlar. Bütün günü içirdin, əylənirdin. Elə bilirdin bu əyləncə sonsuza qədər davam edəcək?

– Bu sərxoşu özünüzlə gətirməklə çox böyük səhv etmisiniz, – Nilin azacıq əsəbləşdiyi səsinin ciddiyyətindən bilinirdi. – Sabah Solonas gələcək. Məncə, o gəlməmiş bu oğlandan qurtulmalıyıq, – Lamiyaya baxaraq demişdi son cümləni.

– O hələ tam sağalmayıb. Bu vəziyyətdə göndərəcəyimiz heç bir şəhərdə gizlənə bilməyəcək. Yaraları sağalsa da, gücü yerinə gəlməyib. Kronlar həmin dəqiqə onu tapıb öldürərlər, – Hemera yaralı oğlanın yanına gələrək dedi.

– Hemera düz deyir, kapitan. Bront onun üçün həyatını təhlükəyə atdı, indi belə buraxa bilmərik, – deyə Lamiya da dostunun fikirini dəyişməyə çalışdı. – Solonas, məncə, bizi başa düşəcək. Həm də, kronlar onu tapsalar, bəlkə də, danışdıracaqlar və o, artıq Mavi Qərargahı görüb. Satqın ola bilmə ehtimalı da var.

– Heeey… Buz şahzadəsi! Mən buradayam və hər şeyi eşidirəm. – Kleon Lamiyanın ona satqın deyib-demədiyini tam da anlamamışdı. – Satqın deyiləm mən. Yeirnizi də heç kəsə demərəm. Burda qalmaq istəyən yoxdur. Qızılbaşlardan da heç xoşum gəlmir, ümumiyyətlə.

– Qızılbaşlardan xoşun gəlmir, hə? – Nil Kleona tərəf çevrilib daha da əsəbi şəkildə səsini qaldırdı. – Xoşu gəlmir. Buna bir bax. Səni zindandan xoşuna gəlməyən o qızılbaşlardan biri qurtardı, həm də Narissanın özüylə döyüşərək, həyatını sənə görə riskə ataraq. Səncə, niyə? Çünki içində vicdanı var o adamın. Çünki sənə sənin özündən daha çox hörmət edir. Çünki sən bütün günü yeyib-içib qızlarla əylənirsən, amma o adam insanlığın gələcəyi üçün canından belə keçməyə hazırdır, – danışa-danışa səsinin tonunu qaldırıb Kleonla lap burun-buruna gəldi. Sanki baxışlarıyla döyürdü oğlanı. – Və sən satqın olmadığını deyirsən? Hemera burada olmasaydı, bu sözünə görə Marakatda gördüyün işgəncədən daha betər eliyərdim səni. Bəxtin gətirir ki, həmişə qızılbaşların ən rəhmliləri yanında olur. İlk qarşılaşdığın qızılbaş mən olsaydım, çoxdan ölmüşdün.

– Sakitləş, Nil. – Lamiya qızın qolundan tutaraq onu oğlandan bir az araladı.

– Nə olursa-olsun, bu oğlan tam sağalmayana qədər buradan çıxmamalıdır. – Hemera balaca əlləriylə Nilin əlindən tutub məsum baxışlarıyla ona baxdı.

– Sən necə deyirsənsə, elə olsun, Hemera! – Nil də uşağa baxarkən özündən aslı olmadan bir az yumşaldı. Hemeranın səsi, baxışları və toxunuşu hər zaman Nilin qəlbinə sakitlik gətirirdi. – Amma bundan sonra Mavi Qərargahda bu cür qorxaq insanlara yer yoxdur. Kiminsə kiməsə yazığı gəlirsə, qoy aparsın Laquanın yanına. Başqaları kimi labirintlərdə gizlənərək yaşasın, ya da ölsün. Bura qorxaqların yeri deyil, – Nil gözlərini oğlanın qəhvəyi gözlərindən çəkib otaqdan çıxdı. Lamiya hələ də otaqda idi.

– Hemera, xahiş eliyirəm, sən onu tək qoyma. Sən olmasan, tam sağalmayacaq, – Lamiya balaca moyradan xahiş etdi. Hemera da başını yellədərək razılaşdı.

Arseni bayaqkı masasına keçib yenidən kitab oxumağa başladı. Hemera özünün qara kreslosunda əyləşdi.

– Uzan, dincəl, – Kleondan uzanmağını istədi. – Başın ağrayır?

– Nilgil yaman əsəbidir. İnsanlarla da arası yoxdur, deyəsən, – Kleon yatağında uzandı. – O qışqırandan sonra başımın ağrısı lap artdı.

– Onun adı Nilgil deyil, Nildir. Mavi Qərargahın komandiridir. Solonasın da sağ əli, – Hemera oğlanı burayla bağlı bir az məlumatlandırmaq istədi. – Yanındakı da Lamiyadır. İlk hibrid nümunəsidir o. Yarı vampir-yarı insan ilk canlıdır. Orada oturan keçəl oğlansa Arsenidir. Ən güclülərimizdəndir. Mənsə Hemerayam. Sənin adın nədir? – Hemera oğlanın yatağının baş tərəfinə keçdi.

– Bura haqqında mənə bu qədər məlumat verməməlisən, – Kleon dürüstcə etiraf etdi. – Lamiyanın dediyini sən də eşitdin. Məni tutsalar, necəsə danışdıra bilərlər, satqın olmaq ehtimalım da var, – Lamiyanı yamıslayaraq dedi.

– Moyralar, demək olar, heç vaxt yanılmırlar, – Hemeranın üzündəki gülümsəmə bir anlıq belə itmirdi. – Biz insanların qəlbini hiss edə bilirik. Sənin də qəlbinin dərinliklərinə vicdan toxumları səpilib, amma hələ indiyə qədər kimsə sulamayıb bu qara torpağı. Bunu hiss edirəm. Yaxşı insana bənzəyirsən.

– Mən? Yaxşı insan? – Kleon gülməmək üçün özünü güclə saxlayırdı. – Məndə yaxşılıqdan və vicdandan əsər yoxdur. Oğruyam, sərxoşam, əyyaşam. Nə pis əməllər axtarsan, məndədir, – gülümsəyərək desə də, əslində bu dediklərinə görə öz içində utandığını Hemera çox yaxşı hiss edirdi.

– Adını qəsdən demək istəmirsən, pis insan? – uşaq zarafatyana soruşdu.

– Adım Kleondur. Ömrümün çox hissəsi Naqanazarda keçib. Amma hər üç-dörd ildən bir başqa şəhərlərə köçüb bir neçə ildən sonra yenidən ora qayıdırdım, – Kleon balaca qızın əllərini gicgahına qoyduğunu hiss etdi. – Məni belə sağaldırsan? Dərman zad yoxdur? Heç nə sürtmürsən yaralarıma?

– Mən moyrayam. Dərmana ehtiyacım yoxdur. İnsanların yaralarını sadəcə toxunaraq sağalda bilirəm, – balaca qız səsinə yaraşmayan bir müdrikliklə danışırdı. – Bayaq məndən atamı-anamı soruşmuşdun. Bizim valideynlərimiz olmur. Biz nə vaxt yaradıldığımızı xatırlamırıq. Yuxudaymış kimi, bir də görürük ki, artıq neçə yüz ildir ki, dünyadayıq. Heç bir moyra kim tərəfindən, nə vaxt yaraldığını bilmir. Cinsi yolla çoxalanlardan başqa. Bəs sənin valideynlərin, dostların, doğmaların, ailən var? – Hemera ovuclarını yavaş-yavaş oğlanın gicgahında gəzdirirdi.

– Mən də ailəmi xatırlamıram. Məni Naqanazara onlar göndəriblər, amma özləri gəlməyiblər. Bəlkə də, satmışdılar məni, xəbərim yoxdur. Altı yaşıma qədər kor Eurodanın yanında qalmışam. Qoca bir qadın idi. Qoca, gombul və çox döyən. Amma onu çox sevirdim. Mənə paltar verirdi, hərdən yemək də, – Kleon bir neçə saniyəlik susub dərin xəyallara daldı. Sonra davam etdi. – Bir gün kronlar qonşu evlərdə gizlənən bir insanı həbs eləməyə gələndə həmin insan özünə od vurub yandırdı. Kronlar nə qədər güllələsələr də, kişi yıxılmadı. Sağa-sola qaçaraq özünü divara-daşa çırpırdı və səs telləri yanarkən belə boğuq səslə qışqırırdı var gücüylə. Heç kəs ona yaxın gedə bilmirdi. Yanan insan hara getdiyini bilmədən düz Eudoranın qapısından içəri girmişdi. Ev bir neçə dəqiqənin içində tamamilə alovlandı. Qoca qadın da orada evlə birlikdə yanaraq kül oldu. Kronlar zindana əliboş getməmək üçün özünü yandıran adamın arvadını və yeganə qızını maşınlarının baqajına basıb apardılar, – Kleon gözlərini tavandakı bir nöqtəyə dikərək danışırdı. Sanki bu hadisə bir daha film kimi gözünün önündə canlanırdı indi.

– Bəs sən həmin vaxt nə etdin? Qaçdın oradan, kömək elədin, ya sadəcə dayanıb baxdın? – Hemera oğlanın danışdıqlarında qeyri-adi bir qəribəlik hiss edirdi. Elə bil, oğlan bütün danışdıqlarını uydururdu, amma gözlərinin dolmağı bunun tam əksini deyirdi.

– Mən çox balacaydım. Yarı-qaranlıq xatırlayıram bu hadisəni. Həmin qonşuluqdakı kişinin adını belə xatırlamıram. Amma yadımdadır ki, içəri girmək istədim. Eudoraya kömək etmək üçün kişinin çırpılıb sındırdığı qapıdan içəri girən kimi nəyəsə ilişib yıxıldım. Sağ əlim yanan bir taxtanın üstündəki mismara batdı. Əlimi oradan ayırana qədər ovucum tamamilə yandı, – Kleon sağ əlindəki yara izinə baxdı. Mismarın deşiyi və yanıq izi ovucunun hər yerini örtmüşdü. – O qədər möhkəm ağrıdırdı ki bu yara, indi də haradasa alov, tonqal, yanan bir çöp belə görsəm, oradan uzaqlaşıram. Bu qorxu bütün həyatım boyu mənimlə qalacaq. Ona görə də, şirin qız, Nil düz deyir. Mən qorxağam və qorxaqların satqın olmaq ehtimalı daha yüksəkdir. Gərək heç məni sağaltmazdın. – Kleonun səsindəki səmimiyyət Hemeranı dərindən sarsıtmışdı. Amma qız yenə də nədənsə əmin deyildi. Onun danışdıqlarında düz olmayan nələrsə var idi.

– Yəqin, başın daha ağrımır, – Hemera ovuclarını oğlanın gicgahından çəkərək dedi.

– Yox… Ağrımır artıq. Bir dəqiqə əvvəl az qala çartlayacaqdı beynim. İndi isə heç bir ağrı yoxdur, – Kleon təəccüb dolu baxışlarla yerindən qalxıb qıza baxdı. – Bu möcüzədir. Bu əsl sehirdir. Mənə də öyrət bunu.

– Burada öyrədiləsi bir şey yoxdur. Moyraların hər biri fərqli bacarıqlarla yaradılıblar. Mən yeganə moyrayam ki, iki bacarığım var. Biri yaraları sağaltmaqdır.

– Bəs o biri? – Hemeranın digər bacarığı onu dəhşət maraqlandırırdı. Həyatında birinci dəfə idi ki, öz gözləriylə bir sehrə şahid olurdu.

– O birini vaxtı çatanda biləcəksən, – qara dərili şirin qız Kleona yaxınlaşaraq dedi. – Əlindəki bu yara izi səni qorxularından qurtulmağa imkan vermir. Mən sənin ruhunun gözəlliyini görə bilirəm, bunu duya bilirəm, hiss edirəm. Qorxaqlıq insanlara xas xüsusiyyətdir. İnsanlar sevdikləri üçün qorxmasalar, ölümün gözünə dik baxa bilməzlər. Sən bu qədər qorxaq adamsansa yanan bir evin içinə gombul, qoca Eudoranı qurtarmaq üçün necə girmisən? Buna səndən başqa kimin casərati çatardı? Heç kimin! Çünki Eudoranı səndən daha çox sevən heç kəs yox idi… Sən onun üçün özünü alovların qoynuna atmısan. Həm də lap uşaq olarkən. Bunu edən adam mənə qorxaqlıqdan danışmasın, – Hemera düz onun gözlərinin içinə baxaraq danışırdı.

Kleon bütün yaşadığı həyatı bir anlıq gözünün qarşısına gətirdi. Bədənindəki bütün tüklər biz-biz oldu. O, qorxaq olduğundan o qədər əmin idi ki, beş yüz yaşı olan bu uşağın onun haqqında yanıldığına görə, hətta özündən utanırdı da. Bir anda ayaqları gücsüzləşdi və oturdu. Gözləri yaşla dolmşdu oğlanın. Hər an hönkürtüylə ağlaya bilərdi. Hemera onunla üzbəüz dayanıb iki əliylə üzünü yerdən qaldırdı.

– Əgər istəyirsənsə, səni bu xatirələrdən azad edə bilərəm, – qız qeyri-adi bir qayğıkeşliklə dedi.

– Necə? Necə edəcəksən bunu? – Kleonun səsi xırıldadı. Qızın bunu edəbiləcəyinə şübhəsi yox idi.

– Sadəcə əlini mənə ver. Mən bu yara izini yox edəcəm. Əlin anadangəlmə vəziyyətinə qayıdacaq. Daha hər dəfə ovucuna baxdıqca içindəki qorxuların baş qaldırmayacaq. Dizlərin taqətdən düşməyəcək. İstəyirsən? – Hemera mehriban bir səslə pıçıldadı.

Kleon razılıq əlaməti olaraq başını yellədi. Hemera oğlanın sağ əlini iki ovucunun arasına aldı. Gözlərini yumdu. Dodaqlarının altında nələrsə pıçıldamağa başladı. Sanki cadu edirdi. Oğlanın ovucuna əvvəlcə bir neçə saniyəlik isti, daha sonra buz kimi sərinlik çökdü. Bu sərinlik Kleonu hətta bir anlıq titrətdi də. Oğlanın təəccübdən gözü kəlləsinə çıxmışdı. Bu necə mümkün ola bilərdi axı? Sağ əlinin ovucunda elə bil qarışqalar gəzirdi indi. Balaca qızın qara dərili şirin əlləri nələr baş verdiyini görməyə qoymurdu, amma yara izinin yox olacağına indi çox inanırdı. Bu uşaq doğurdan da möcüzə idi.

Nəhayət, Hemera pıçıltılarını dayandırdı. Gözlərini açıb Kleona baxdı və gülümsədi.

– Qorxulardan uzaq bir həyat yaşamağın ümidiylə, kiçik dostun Hemeradan bir xatirə, – Hemera bir neçə saniyə sonra nələrlə qarşılaşacağından xəbərsiz şəkildə Kleona göz vurdu.

Əllərini oğlanın ovucundan çəkən kimi qızın gözləri bərəldi və sürətli şəkildə bir neçə addım geriyə çəkilərkən yerə yıxıldı. Gözlərinə inana bilmirdi. Yara izi həqiqətən də yox olmuşdu. Amma onu bu qədər təəccübləndirən, əlbəttə ki, bu deyildi. Kleon qızın yıxıldığını görüb ona kömək etmək istədi amma, bədənində güc tapıb ayağa qalxa bilmədi.

– Arseni… ARSENİ! – Hemera gözlərini Kleona zilləyərək yerdən qalxmadan Arsenini çağırdı.

Arseni cəld bir şəkildə Hemeranın yanına gəlib onu yerdən qaldırdı. Belindəki silahını çıxardıb Kleona tuşladı. Hər an atəş aça bilərdi.

– Neylədin ona? Neylədin? – Arseni qəzəblə yerdə oturan oğlanın üstünə qışqırdı. Onun səsinə Lamiya və Nil də qaçıb gəldilər.

Hər kəs bu otaqda nələr baş verdiyindən xəbərsiz gah Hemeraya, gah da Kleona baxırdı. Hər üç döyüşçü qızılbaş Hemeranı ilk dəfə idi ki, bu qədər həyəcanlı, bu qədər təngənəfəs görürdülər. Bu qədər gücsüz bir insan Hemeraya nə edə bilərdi axı?

– Hemera, yaxşısan? – Lamiya qızın qabağında dizini yerə qoyub əllərindən tutdu. Hemera isə gözlərini Kleondan çəkmirdi.

– Noldu burda? Sənə nəsə eləmək istədisə, tikə-tikə doğruyaq onu, – Nil də Arseni kimi tapançasını əlində saxlayırdı.

– Hər şey yaxşıdır. Mən yaxşıyam. Hətta həyatımda heç vaxt bu qədər yaxşı olmamışdım, – deyə Hemera, nəhayət ki, yenə də dodaqlarını kənara çəkib gülümsədi. Yanağındakı qəmzəsi yenə içəri batdı və qızılbaşlar az da olsa rahatladılar. – O mənə heç nə eləmədi. O heç nə eləmədi. Axır ki, bizi tapdı.

Hemeranın səsi titrədi. Hətta gözlərindən bir damla yaş da axdı. Onun ağladığını görən Nil də, Arseni də, Lamiya da dəhşətlər içində nələr baş verdiyindən xəbərsiz şəkildə Hemeranın yanında diz çökdülər. Bu göz yaşlarının sevinc göz yaşları olduğundan heç kimin şübhəsi yox idi. Hemera üç nəfərin arasından astaca aralanıb Kleona tərəf gəldi və birdənbirə onun boynuna sarılıb qucaqladı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации