Текст книги "Varlıq və Yoxluq Arasında"
Автор книги: Xancan Kərimov
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
Bir digər məşhur həkimsə belə deyirdi: “Bilirsiniz, Amerikalılar olaraq başqa ölkələrdən nümunə götürməliyik. Artıq neçə müddətdir ki bu sistemi tətbiq edən bir sıra ölkələr var, xüsusilə Avropada. Almaniyada artıq hər beş qocadan biri dövət köməyi ilə həyatını sonlandırır. Ümumilikdə isə evtanaziya ilə ölənlərin çoxu dözülməz ağrılar və ölümcül xəstəliklər səbəbi ilə deyil, başqalarına yük olmaq istəməmə, ləyaqətli formada həyatlarını bitirmə kimi səbəblərdən sonlandırırlar həyatlarını. Səbəblərin arasında ilk beşlikdə fiziki ağrı yoxdur. Hansı ki evtanaziyanı ağır ağrılı xəstələrə kömək məqsədilə leqallaşdırmışdılar. Məncə biz onlara özlərini öldürmək də yox daha yaxşı yaşamalarında kömək etməliyik. Bu qayğıya möhtac şəxslər üçün açılmış xüsusi qayğı evləri var, onların sayı və keyfiyyəti artırılmalıdır. Yaşlılar yalnızlıqdan əziyyət çəkir. Biz bu insanları daha yaxşı necə xoşbəxt edərik – bunları danışmalı ikən, bugün burada oturub onların ölümünə kömək olub olmamağın etik mübahisəsi üzərinə baş yoruruq. Əgər biz depresiyanı kömək sırasına salsaq kimin ölüb kimin ölməyəcəyinə kim necə qərar verəcək? Onsuz da dövrümüzün xəstəliyi depresiya deyilmi? Burda başqa bir nüans da var, əgər biz depresiya kimi səbəbləri evtanaziya müraciətlərində qanuni hala salsaq, onda bu depresiya xəstələrini daha da cəsarətləndirəcək. Bunu heç kim düşünmür. Onların sayı həndəsi silsilə ilə artacaq. Çünki həm asan ölümü həm də başqalarının da bunu etdiyini görüb cəsarətlənəcəklər. İnsan bədənindəki bütün hüceyrələr sağ qalmağa proqramlanıb, bir insanın öz başına özünü öldürməsi asan deyil. Ancaq onun işini asanlaşdırsanız o ilk dar macala düşdüyü anda dövlətin qapısına qaçıb öz iki qramlıq zəhərini tələb edəcək. İntihar bəzən keçici problemə, qalıcı həll üsuludur. Əgər şəxs ağır xəstə deyilsə. Onun hər kiçik problemdə özünü öldürməyə can atmasına kömək etmək fəlakətlə nəticələnə bilər.”
Həkim çoxlarına görə haqlı idi. Belə bir qərarın qəbulu zəncirləmə təsir yaradacaqdı və başqalarını da cəsarətləndirəcəkdi. Ancaq bir digər tərəfdən də, evlərdə cəsədlər tapılırdı və bu olduqca narahat edici idi. Xəstəxanalara intihara cəhd etmiş və müvəfəqiyyətsiz olmuş şəxslər gətirilird. Özünü silahla vurmuş və üzünün yarısını itirmiş ancaq hələ də həyatda olan xəstələr. Onlar silahın lüləsini düz istiqamətdə tuta bilməyənlər idi.
Məşhur “Ölmə haqqı” təşkilatının qurucularından biri, Hector Qonzalez isə öz müdafiəsini belə dilə gətirirdi: “Onlar onsuz da ölürlər. Onlara heç olmasa çəkdikləri bu əzab dolu həyatı sonlandırmaqda kömək etmək lazımdır. Bugün biz bu əsrdə əgər insan azadlığından bəhs ediriksə və insanın sahib olduğu ən vacib şeyi öz canı və bədənidirsə onda onlara onu necə idarə etməkdə icazə verməli və kömək etməliyik. Bu ölkənin azadlıq deklarasiya sənədinin ən vacib frazası “həyat, azadlıq və xoşbəxtlik axtarışı”dırsa, onda biz onlara kömək etməliyik. Nəinki depresiya xəstəliyi, istənilən öz həyatını sonlandırmaq istəyən şəxs dövlətə müraciət edərək bu dünyadan ayrılma haqqına sahib olmalıdır. Onsuz da bir çoxlarımıza məlum olduğu kimi illeqal formada dövlət xəstəxanalarındakı reseptli öldürücü dərmanları əldə etmək mümkündür və bunu edənlər də var. Biz isə onlar üçün bu işi daha da asanlaşdırmalıyıq. Hətta son dayanacaq olaraq onlara xoş günlər keçirə biləcəkləri kamplar belə təşkil etmə tərəfdarıyam mən. Bu dünya bir çoxunuz üçün gözəl və yaşanılası bir yer ola bilər, ancaq barı icazə verin, aranızda bu dünyanın dözülməz bir yer olduğunu qəbul edən və ölmək istəyənlərə kömək edək. Biz bu işdə ən çox vuruşan təşkilatlardan biri olaraq hər insanın öz şəxsi mülkü olan yaşamı barədə qərarı onların əllərinə buraxma qərarının verilməsindən yanayıq. Evtanaziya ona görə pisdir deyirlər ki, tibbi inkişaf əvəzinə, problemi həll etmək əvəzinə problemi yox edirlər. Yəni sırf tibbin inkişafı üçün rahat ölmək istəyən insanlara ölüm imkanı verilməməlidir? Onları eksperiment heyvanları kimi istifadə etmək lazımdır? Ölüm ayağında olan insanın nə vecinə axı tibb inkişaf edir ya etmir? Xahiş edirəm, Jack Kevorkianı və onun xəstələrini xatırlayın. Qeyd etdiyim kimi, aramızda hələ də onun kimi həkimlər və onlardan mədət uman xəstələr var. Bu işi üstü örtülü və illeqal formada etməkdənsə leqallaşması hamının yararına olar.”
Jack Kevorkian, illər əvvəl vəfat etmiş məşhur erməni əsilli həkim, rəssam və musiqiçi idi. O evtanaziyanın tamamilə qadağan olduğu dövrdə özü şəxsi olaraq 130dan çox xəstənin həyatlarını sonlandırmasına kömək etmiş, sonra isə dövlət tərəfindən günahkar olduğuna qərar verilərək yeddi illik həbsə məhkum edilmişdi. Onun öz düzəltdiyi thanatran (ölüm) və mercitron (mərhəmət maşını) adlı iki intihar aparatı var idi. Bir çoxları onu “doktor ölüm” adlandırırdılar. O isə özünü qatil yox, əzab çəkənlərin köməkçisi adlandırırdı. Onun evtanaziya qanunlarının yumşalmasında və leqallaşmasında xüsusi rolu olmuşdu. Və həqiqətən də təşkilatçının dediyi kimi hal-hazırda da qanunsuz yollarla bu tip həkimlərin köməyi ilə ağrısız ölümə müraciət edən insanlar var idilər.
* * *
Mübahisələrin üstündən aylar keçdi. Ştatlar bir-birinin ardınca qanunlarda güzəştlərə getməyə başladı. Sonda federal səviyyədə major depresiya xəstəliyindən əziyyət çəkən hər kəsin evtanaziya üçün müraciət etmələrinə icazə verildi. Sonra isə bir çox intihar edən insan bu yolla intihar etməyə başladığı üçün ayrıca şöbələr yaradılması təklif edildi. İntihar bəzən ani bir depressiv basqın ikən bəzən planlanan bir akt forması idi. Ani depresiya əhvalı ilə intihar edənlər yenə evlərində ölü tapılırdılar. Ancaq planlı formada inthar edənlər isə xəstəxanalara müraciət edirdilər. Bəzi xəstəxanalarda hələ də evtanaziya əlehinə duruş sərgiləyən həkimlər olduğu üçün onlar bu işi görməkdən imtina edirdilər və xəstəxanalarda intihar-assistent çatışmazlığı yaranırdı. Buna görə də şəhərlərdə xüsusi ayrıca şöbələr yaradıldı əvvəlcə. Bunlar ilk başda olduqca kiçik və sadəcə bir neçə otaqdan ibarət şöbələr idilər. Ya həkim tərəfindən namizədlərə müvafiq dərmanlar verilir və onlar özləri istifadə edərək həyatlarını sonlandırırdılar ya da həkimlər bir başa tətbiq edirdilər dərmanları. Sonradan bir sıra təşkilatların təkidi ilə bu şöbələrdə nisbətən dəyişikliklər edilməsi təklif olundu.
Hector Qonzalez yenə olduqca ciddi və inadkar formada çıxış edirdi: “Biz bu insanlara heç olmasa zülüm çəkərək yaşadıqları bu həyatı sonlandırarkən heç olmazsa xoş bir gün yaşatmalıyıq. Vətəndaşları işsizlik və evsizlikdən əziyyət çəkən bu dövlətdən gözləntimiz odur ki heç olmasa onlara düzgün bir yaşam verə bilmirlərsə, düzgün bir ölüm versinlər. İki otaqlı dörd divarın arasında sanki bir qurban kimi gedib həyatla vidalaşmaq olduqca acılancaqlı səslənir elə deyilmi? Yəqin ki bu məsələdə mənimlə razılaşarsınız ki, siz, sabah o xəstələrin yerində olsanız, bu istəyəcəyiniz ən sonuncu vida forması olardı. Biz bir ictimai təşkilat olaraq öz borcumuzu yerinə yetirmişik və dövlətə bu barədə hazırlamış olduğumuz xüsusi layihəmizi artıq təqdim etmişik. Bu layihənin üstündə uzun müddətdir ki hazırlıqlarımız gedirdi, son çərşənbə günü bütün hazırlıqları tamamlayıb təqdimetməni bitirməyə nail olduq. Qısaca izah edəsi olsaq əgər, xəstələrimiz və zərərçəkənlərimiz üçün (o bu sözü həyatdan zərərçəkmişləri nəzərdə tutaraq xüsusi vurğuyla işlədirdi) spesifik kamplar, düşərgələr yaradılmasıyla bağlı geniş və ən kiçik təfərrüatına qədər düşünülmüş böyük bir layihədir. Evtanaziya kamplarının layihəsi.”
Hector Qonzalez, uşaq ikən, bir gün məktəbdən evə qayıdanda, öz xəstə anasını otağında asılı vəziyyətdə ölü tapmışdı. Bir uşaq üçün bu olduqca ağır travma idi. Qorxudan ağlayaraq küçəyə qaçmış və səsə gəlmiş qonşular anasını yerə endirmişdilər. Atası yox idi. Anasını heç vaxt bağışlamayacağını düşünmüşdü ilk başda. Onu həm anasız, həm kimsəsiz qoyurdu öz gedişilə. Və üstəlik, balaca bir uşağın onu görə biləcəyi bir yerdə özünü asaraq. Bu şübhəsiz ki bağışlanmaz bir hərəkət idi. Ancaq o, tez-tez anasının onu mütəmadi yoxlamaya gələn həkiminə yalvarışlarını eşitmişdi qapı arxasından “həkim, al canımı yalvarıram! Belə yaşaya bilmirəm! Bu ağrılara dözə bilmirəm! Dözə bilmirəm”. Kimin ağrıları daha ağır idi? Gecələri belə qışqıraraq və zarıyaraq yatmağa çalışan və yata bilməyən anasının, yoxsa anasız qalmış Hectorun? O zamanla anasını anlamağa və bağışlamağa başlamışdı. Ölümdən sonra onu kimsəsizlər evinə, bir yetimxanaya yerləşdirmişdilər. Ona uzun müddət istədiyi vaxtı anasının məzarını ziyarət emə şansı vermişdilərsə də o getməmişdi, incik idi. Ancaq hər gecə anasının çığlıqlarını eşidirdi yuxularında və yetimxananın koridorlarında, “bu ağrılara dözə bilmirəm həkim”, əks-səda edirdi anasının səsi qulaqlarında. Bir müddət sonra o anlayırdı artıq, böyüyürdü. Anası, hər ikisi üçün düzgün olanı etmişdi. Yavaş-yavaş əriyib getməsinə səbəb olan xəstəliyi onsuz da onun canını alacaqdı qısa müddətə və Hector onsuz da kimsəsiz qalacaqdı. Anası sadəcə ağrılarından tez qurtulmağa və Hectorun heç olmasa yetimxanaya gedərək daha yaxşı bir şəraitdə olmasına çalışırdı. Onsuz da, evdə dövlətin onlara xəstə anası və atasızlığı səbəbilə verdiyi yardım ilə olduqca çətin şəraitdə yaşayırdılar. Üstəlik balaca Hector xəstə anasının qayğısına qalmaq zorunda idi. Anası onu xilas edirdi əslində gedişiylə. Sadəcə, başqa seçimi olmadığı üçün özünü asaraq vidalaşırdı. Amma bu olduqca ağır olmuş olmalı idi. Tez-tez anasının son anlarını xəyal edirdi, ağlayaraq ipi boynuna keçirməsini təsəvvür edirdi, Hectorun birazdan evə gələcəyini bilərək edirdi bunu. Və buna görə daha da artıq ağlayırdı onu belə bir mənzərəylə üz-üzə qalmağa vadar etdiyi üçün. Bir gün qaçdı yetimxanadan Hector və anasının basdırıldığı məzarlığa getdi ağlayaraq. “Bağışla məni” deyə gözyaşı tökdü anasının məzarı üstündə. “Bağışla daha əvvəl gəlmədiyim üçün ziyarətinə. Bağışla səni qınadığım üçün. Bağışla uşaqlıq etdiyim üçün. Səndən ötrü çox darıxıram ana” deyə fəryad etmişdi onun yeniyetmə ürəyi sinəsində. “Söz verirəm sənə, vəkil olacam bir gün, sənin istədiyin kimi” deyə söz verirdi əli ilə gözlərin silib anasının yanından ayrılarkən, uşaqcasına.
O böyüdü və sözünü tutdu. Mübairzəsinə sadiq qaldı. Yetimxanadan ayrıldı və hüquq fakultəsinə daxil oldu. Universitet illərində yolları evtanaziya təşkilatlarından biri ilə kəsişdi. Bir müddət üzvlükdən sonra öz dostu ilə birlikdə artıq vəkillik etdiyi illərdə “Ölmə haqqı” adlı təşkilatı qurdu. Anasının fəryadları hələ də qulaqlarında idi. Sadəcə insanların daha rahat və ağrısız ölə bilmələrini istəyirdi. Onun üzündə yaşamış olduğu həyatın hüznünü hiss etmək olurdu. Olduqca hüznlü, qəmgin və özünə məxsus üz quruluşu var idi. Əsil “ölmə haqqı” deyə bir adı olan təşkilatın qurucusu olacaq bir üz ifadəsinə sahib idi.
* * *
Bir müddət sonra onun “Evtanaziya kampları” layihəsi müvafiq qurumlar tərəfindən təsdiqləndi və ölmə haqqı təşkilatı dövlətlə iş birliyinə başladı. Həmçinin adlarını keçmişdəki intihar və edamlarda istifadə edilən bitkidən, həm də Sokratı öldürən conium maculatum bitkisindən alan başqa bir təşkilat, Hemlock Cəmiyyəti də onlara qoşuldu. Layihə həm də ona görə təsdiqlənmişdi ki onlar evtanaziya kamplarını şəhər xarici ərazilərə, təbiət qoynuna, dağlıq ərazi kimi yerlərə daşımağı təklif etmişdilər. Bu həm o şöbələri şəhərlərdən uzaqlaşdıraraq bu tip neqativ məkanların insanların gözü önündə olmamasına kömək edəcək, həm də zərərçəkmişləri son mənzilə yola salarkən onlara axırıncı dəfə təbiət qoynunda dinclik bəxş edəcəkdi. Üstəlik insanlar ani intihar qərarlarında uzun bir yol getməli olacaqdılar deyə onları ani qərarlardan yayındıracaqdılar. Layihə üçün ayrıca maliyə fondu yaradılmışdı. Fonda həm dövlət tərəfindən dəstək olunacaqdı, həm xüsusi şirkət və varlı şəxslərin bağışları, həm də zərərçəkənlərin özləri son mənzilə gedərkən istədikləri halda öz var-dövlətlərini təşkilata bağışlaya biləcəkdi. Onlara həmçinin istədikləri halda öz var-dövlətlərini kimsəsizlər evinə bağışlamaları üçün də lazımi tədbirləri görməkdə köməklik ediləcəkdi. Yığılacaq maliyyədən isə kamp ziyarətçilərinə son günlərini xoşbəxt keçirmələri üçün nə lazımdırsa təchiz ediləcəkdi. Kampda xüsusi ziyafətlər təşkil olunacaqdı, diləyənlər üçün dağ gəzintiləri və dağ kampı proqramları, yenə diləyənlər üçün xüsusi psixoloqlar olacaqdı. Son etiraflarını emtək istəyənlər üçün qrup söhbətləri, psixoloq və ya rahiblər olacaqdı. Həmçinin diləyənlər üçün alkoqol, tibbi marixuana, tibbi mdma və digər bir sıra xüsusi psixoaktiv maddələrin istifadəsinə də icazə veriləcək və şərait yaradılacaqdı. Onlar üçün bir sıra ölüm alternativləri də təklif olunacaq və həyatlarını istədikləri formada sona çatdırmalarına icazə veriləcəkdi. Hələlik ölkənin qərbində bir, cənub-şərqində iki dispanser qurulacaqdı, sırasıyla Oreqon, Kolorado və Floridada.
* * *
3
LARA
“Nə fikirləşirsən belə?” dedi qapıya söykənmiş Lara.
Fikri dağıldı və dönüb qapıya söykənmiş Laraya baxdı. “Oyanmısan” deyə mızıldandı özünü təsdiqləmə ifadəsiylə. Dünən gecə evin yaxınlığındakı barda tanış olmuşdular. Uzun müddət sonra ilk dəfə sözün əsl mənasında bəyəndiyi bir qadınla tanışmış və gecəni birlikdə keçirmişdi. Son vaxtlar getdikcə pisləşən əhvalı onu daha da yalnızlaşdırır və kimləsə danışmasına ya tanışmasına əngəl olurdu. Buna görə də indilərdə barlara gedib barın ən küncündə oturub tək içir və sadəcə ətrafı müşahidə edirdi. Çox vaxt lap kimləsə tanış olmaq istəsə belə buna müvəfəq olmur, mümkün olası dialoqları özlüyündə təsəvvür edir sonra tanışma fikrindən daşınırdı. Artıq sadəcə müşahidə ilə kifayətlənirdi. Ayaqları ilə musiqinin ritmini tutar, bir-bir ordakı insanlara baxar və onlarla bağlı hekayələr uydurar, sonra da o hekayələrə inanardı. Bəzən hətta o qədər dərin xəyala dalardı ki baxdığı qadınlar onun tam gözünün içinə baxsalar da onları görməzdi. O da onların gözünə baxardı, ancaq qarşı tərəfin baxışlarından xəbərsiz olardı. Bu bəzən ona baxan qadınları narahat edərdi və tez baxışlarını uzaqlaşdırardılar. Onunsa gözləri yenə olduqları yerə zillənmiş olaraq qalar və sanki gündüz yuxusuna dalardı.
Dünən gecə də elə olmuşdu və o yenə həmişəki küncündə təkcə otururdu. Ta ki Lara gələnədək. Birdən birə onun masasında peyda olmuşdu. “Burda belə tək oturduğuna görə ya çox utancaq ya da çox xüsusi biri olmalısan” deyib gülümsəmişdi . O isə nə deyəcəyini bilməyib çiyinlərini çəkmiş və bu gözəl gözlü mələyin sanki ona ən yalnız günündə göndərilmiş bir xilaskar olduğunu düşünmüşdü. Sərxoş və düşüncəliydi. Özünə gəlib Larayla normal ünsiyyətə girməsi biraz vaxt almışdı. Bir neçə dəqiqə gözlərini ovuşdurub ətrafa baxınmış sonra masasında əyləşən bu yad qadına baxmışdı. Laraysa ona maraq dolu baxışlarla baxmağa davam edir və gülümsəyirdi. “Yaxşısan?” deyə soruşmuşdu Lara onun bu qəribə vəziyyətini görüb. Nəhayət ki dilə gəlib “Belə də, yaxşı demək olarsa. Sən necəsən?” deməyə müvəfəq olmuşdu. Sonra onlar tanışmış, gecəyə qədər söhbət etmiş və nəhayətində onun evinə gəlmişdilər. Evə doğru sərxoş addımlarla aşa-aşa gedərkən Lara ona onun haqqındakı ilkin fikrində yanılmadığını və onun təxminən xüsusi və utancağın arasında bir insan olduğunu demişdi. O da Laraya dönərək “Üzündə çox qəribə tanış bir ifadə var. Deyəsən yuxularımda həmişə gördüyüm ya da görmək istədiyim o üzünü xatırlamadığım qadınsan. Səni gözləyirdim” demişdi.
Beyin qarşıdakı insana güvənilib güvənilməyəcəyinə 100 millisaniyədə qərar verir, bir ürək döyüntüsündən də tez müddətdə. Qadınvari və uşaqvari üzlər daha tez güvənilir və sevilir. O da Laraya bir ürək döyüntüsündən də tez müddətdə vurulmuşdu barda başını qaldırıb ona baxdığı anda. Onu ayıq başla seyr edə bilməmişdi hələ ki. Azca sərxoş idi yenə amma indi daha aydın görürdü və daha da çox vururlurdu. Lara qapıya söykənib ona baxmaqda davam edirdi. O iri və ecazkar gözləri ilə baxırdı. Dolğun dodaqları və həcmli saçları varıydı. Bütün bunlar ona qeyri adi ehtiraslı bir görünüş verirdi. Baxdıqca sanki dodaqlarına qan dolur və daha da qızarırdılar. Ancaq bir tanrının belə dodaqları ola bilərdi.
Dolu amma incə ayaqlarını, hündür boyunu, geniş çiyin lərini və sinəsini təkrar süzdü. Bədən dilini və özünə inamını süzdü. Üzündəki gizli hüznü süzdü və ona hər baxışında təkrar vurulduğunu anladı. Üzündə, özündə gördüyü hüznü görə bildiyi qadınları sevirdi daha çox. Ortaq ağrıları olan insanları. Dərdləri olmuş insanları daha çox sevirdi, çünki yanlarında rahat ola bilirdi. Heç vaxt özünü bədbəxt hiss etməmiş insanların yanında özünü pis hiss edirdi. Laranın üzündə görmüşdü amma o hüznü, ilk anda. Bəlkə bütün o sahib olduğu ehtiras bir yana, sadəcə o hüznü üçün ona bir gecədə bu dərəcədə bağlanmışdı. Həm də keçirdiyi bu son bədbəxt günlərində ən çox ehtiyacı olduğu üz idi. Gözlərini altındakı naməlum qaraltılar üzündəki hüznü daha da gücləndirirdilər deyə düşündü. Sonra bəlkə də onu sadəcə anasına oxşayırdı deyə bəyənmişdi deyə düşündü. Çünki atasının genləri də bu fenotipə sahib qadınları bəyənmişdi və o da eyni genlərə sahib idi. İnandığı yarı-deterministik həyatı təsdiqləyirdi sanki bütün fikirləri. Ya da tezisini dəstəkləmək üçün fikirlərini manipulyasiya edirdi.
Evdə içməyə nəyinsə olub olmadığını soruşdu Lara. O da ona mətbəx dolablarını göstərərək sağdan birinci dolabın içində çay və kofe olduğunu dedi. Olduqca kiçik bir mənzildə qalırdı. Qapıdan bir başa salona girirdin və salon mətbəx ilə birləşik kiçik bir otaq idi, girişin sol tərəfində isə əlavə bir kiçik yataq otağı var idi. Dolaba doğru getdi Lara və dolabın qapısını açarkən “nə fikirləşirdin, demədin,” deyə soruşdu təkrar.
“Nə bilim, ordan burdan, Evtanaziya kamplarını düşünürdüm,” dedi və Lara bir əlində fincan dönüb ona sarı baxdı çaşmış və təəccüblü formada.
“Nəyini düşünürdün?” deyə soruşdu və biraz dayanıb davam etdi “Bunun etik olub olmadığını, yoxsa nə?”
“Nə bilim, elə hər şeyi” deyə cavabladı qeyri əmin formada çiyinlərini çəkərək.
Lara əlində iki fincanla ona doğru yaxınlaşdı. Fincanları alçaq və kiçik masanın üzərin qoydu. Ondan siqaretinin olub olmadığını soruşdu, siqareti aldı, təşəkkür etdi və əlini bükərək siqareti yandırdı, dərin bir nəfəs, sonra tüstünü buraxdı, kofedən bir qurtum alıb fincanı yavaşca masaya qoydu və gözlərin zilləyərək ona baxdı: “Yəqin” bir qədər susdu, “.. – düşündüyüm şeyi düşünmürdün də hə?” deyə soruşdu quru bir səslə. O da baxışlarını ona çevirdi. Bir-birlərinə baxdılar. Otağa ölü səssizlik çökdü. Pəncərənin azacıq açıq olan yuxarı hissəsindən otağa küçənin səsi daxil oldu və uzaqlaşan bir mator səsi sükutu pozdu. Yenə də dillənmədilər. Lara üz ifadəsiylə ona sualın cavabını gözlədiyini işarət etdi. O yenə susurdu, doğru kəlimələri tapa bilmirdi. “Kamplara qatılmaq istəyirsən?” deyə soruşdu ondan. O da, “Bilmirəm” deyə cavab verdi.
“Mənə görə bu axmaqlıqdır” Lara əlavə etdi bir qədər sonra.
“Nədir axmaqlıq?”
“O kamplar. Onlar sənin kimi qərarsız insanların qərarlarına təsir edirlər. Elə deyil?
“Onlar sadəcə kömək edirlər. Mənə gəldikdə isə, mən çoxdan bunu düşünürdüm”
“Ancaq heç vaxt etmirdin.”
“Çünki buna ehtiyac yox idi və xoşbəxt idim”
“İndi nə olub bəs, həyat sənə mənasız gəlir deyə özünü öldürmək istəyirsən?”
“Yox əşi,” başını yellədi inkar edərək, “Çox yersiz arqumentdir. Heç sevmirəm. Heç kim həyat mənasızdır deyə özünü öldürmür. Həyatın mənasız olduğunu bilib və qəbul edib yaşayan nə qədər insan var. İnsan sadəcə həyatdan aldığı zövq bitdikdə ayrılmağa qərar verir. Bioloji xoşbəxtlik üçün mənaya ehtiyac yoxdur. Necə ki itlər xoşbəxt olanda tullanıb düşüb sahiblərini yalayırlar insan da elə. Onlar nəinki həyatın mənasının olmadığını bilmir, bunu hətta düşünə belə bilmirlər. Yəni xoşbəxtlik hormonal prosessdir. Həyat çox mənasızdır, mən özümü öldürəcəm sözünü ancaq dünya ilə yeni tanışan və böyük ehtimal özünü öldürməyəcək olan yeniyetmə işlədə bilər. O ancaq xoşbəxtliyi bitdiyi anda öz intihar aktını yerinə yetirmə barədə düşünə bilər. Kimyəvi olaraq sadəcə iki şeydən zövq alırıq serotonin və dopamin. Geri qalanı təfərrüatdır. İn san ancaq zövq qaynaqları azalanda ya yox olanda məna daha doğrusu mübarizə axtarışına başlayır. Mübarizənin belə mənaya ehtiyacı yoxdur, beynini kimyəvi olaraq bəslədiyi müddətcə. Həyatda istənilən mübarizənin mənasızlığını başa düşsə belə insan, bu o mübarizə üçün savaşmağın mənasız olması demək deyil. Ümumiyyətlə mübarizələr mənadan doğmur müxtəlif hisslərin birləşməsindən doğur. Humanist təşkilat könüllüləri insanlara kömək etməyi mənalı iş olduğu üçün yox bu işi sevdikləri üçün edirlər. Mərhəmət hisslərini doyuraraq beyinlərinə serotonin, dopamin, oksitosin kokteyli içirərək xoşbəxt hiss edirlər. Ya da sadəcə diqqətlərini dağıtmaq başlarını qatmaq üçün edirlər. Belə baxanda başqasına kömək etməyin, altruizmin kökü yenə eqoya dayanır, çünki etdiyin şeydən həzz alırsan. Hansısa bir yaxşılığı mənalı olsun deyə etdiklərini deyən insanlar yaxşı mənada riyakardırlar yəni. Sərxoşam deyə söhbətdən əməlli yayındım.”
“Bəs sənin dərdin nədir? Xoşbəxtliyin bitib? Ya həyat çoxmu bərbad yerdir deyəmi?”
“Mən sadəcə yorğunam. Həyatım əziyyətinə dəymir. Ən azından mənim üçün, mənim çəkdiyim əziyyətə dəymir. Bəsit bir işçi sinifi nümayəndəsiyəm və qarşılığında aldığım xoşbəxtlik bəs etmir. Sadəcə taqətim qalmayıb davam etməyə. Elə bil çiyinlərimdən daşlar asılıb və mən sonsuz dik pilləkənləri qalxıram yavaş-yavaş.”
Dedi və bir siqaret yandırdı. Bir qədər dayandı, fikirləşdi və davam etdi: “…və , xeyr. Həyat bərbad bir yer deyil məncə. Əksinə, həyat olduqca gözəldir deyə düşünürəm. Ancaq əgər sən o gözəllikdən istifadə edə bilirsənsə. Resursların ya maddi vəsaitin varsa. Əks təqdirdə zülümdən başqa bir şey deyil. Elə bil ki bir həbsxana düşün, kənarlarda dəmir barmaqlı hücrələr və içində yalnız və heçnəsiz məhbuslar. Bu hücrələri birləşdirən ortadakı böyük salonda isə fahişələri düşün və ortalıqda gəzişən nəzarətçilər. Həyat o fahişələrdir, nəzarətçilər isə həyatın dadına baxa bilənlər, baxa bilmə şansı olanlar. Məhbuslar isə kasıblar, əziyyət çəkərək yaşa yan insanlar, yalnızlar, kimsəsizlərdi. Səncə o məhbusların özlərini öldürməsimi yerində olardı, yoxsa ömrü boyu oturub xoşbəxt insanları– nəzarətçiləri izləmələrimi?”
“Bütün məhbuslar həmişə həbsdə qalmır”
“Optimizm. Elədir. Buna görə də onların bəziləri oturub həyatın bir gün nə vaxt onların da üzünə güləcəyini, digərləri isə bu zillətdən canlarını qurtarmağı seçir. Tamamilə şəxsi seçim məsələsidir. Vəssalam. Ortada doğru ya da səhv qərar yoxdur. Bütün əzab çəkənlər özlərini öldürməlidir ya da gözləməlidirlər deyə bir şey yoxdur. Bu riyaziyyat deyil, həyatdır və həyatın konkret bir formulası yoxdur. Necə yaşamalı, necə ölməli ya nə vaxt ölməli.” Kofeden bir qurtum aldı, davam etdi: “O məhbusları da onsuz həyatda saxlayan ümiddir, bir gün hər şey yaxşı olar ümidi, oturub Qodotu gözləyirlər, gözləri yaşlı.”
“Nəyi gözləyirlər?”
“Qodotu”
“O nədir?”
“Nə olduğunu Samuel Beckettdən soruşmaq lazımdır. Onun bir pyesinin adıdır. Qodotu gözləyərkən. Əsərdə iki absurd qəhrəman nə etdiklərini niyə etdiklərini bilmədən hər gün görüşüb Qodotu gözləyirlər. Əgər Qodot gəlsə hər şeyin yaxşı olacağını düşünürlər. O isə heç vaxt gəlmir. Qodot hər şey ola bilər. Kimsə, ya pul, yaxşı iş, bir sevgili, ya da bütün insanların ömrü boyu gözlədikləri o gün, o gün ki bir gün hər şeyin yaxşı olacağını sanırlar. Bir gün birilərinin gəlib onlara əl uzadıb, hey, sən, ordakı, gəl mənimlə, sən xoşbəxtliyə layiqsən deyib onlara xoşbəxt həyat bəxş edəcəyi kimsədir Qodot bəlkə də. Ancaq o gəlməyəcək.” Susdu bir qədər. “Əgər sənə maraqlıdırsa kitabını və ya teatr formasında hazırlanılmış filmini izləyə bilərsən” təkrar susdu. “Qodot” dedi, “pul belə olsa, bir qadın, bir sevgili, yaxşı həyat belə olsa, insan doyumsuzdur və onun gəlməsi onu doyurmayacaq. Yenə əvvəlki kimi olacaq əhvalı. Deməli Qodot bunların heç biri deyil. Çünki Qodot gəlsə, hər şey yaxşı olmalıdır”. Bir qədər aradan sonra əlavə etdi: “Qodot, bəlkə də sadəcə bir avtobus şoferidir”
“Yəni doyumsuzluq insanı xoşbəxt olmağa icazə vermir deyirsən?”
“Demək olar ki, hə. Daha doğrusu belə deyək, insan doyumsuz olduğu üçün yox, onu məmnun edəcək, doyuracaq qaynağı bitdiyi anda qəmginləşməyə başlayır. Yəni məsələn düşün ki insanın içində bir ağac var, xoşbəxtlik ağacı deyək və insan doyumsuzluğunu bir dənizə bərabər etsək deyək ki, insan o dənizdən hər gün öz xoşbəxtlik ağacını qoruyub saxlamaq üçün bir fincan su götürüb tökməlidir. Sən o dənizi əlindən alsan o insanın, xoşbəxtliyi quruyub yox olacaq. Ya da özünə susuz yaşamağı öyrətməlidir. Bir buddist rahib kimi. Halbuki bu da, asan deyil. Ən azından mənə görə deyil. Dediklərimin hamısı da subyektib həqiqətlərimdir bu arada,” – deyib dayandı, sonra fikrini bitirdi, – “bilirsən də necədi, insan doyumsuzluğu bir dəniz qədər böyükdür, hər dəfə düşünürsən ki bu dəfə bir fincan yox beş fincan götürsəm çox xoşbəxt olacam, ancaq olmursan. Çünki heç vaxt doymursan. Daha doğrusu, düşündüyün qədər xoşbəxt olmursan, ancaq yenə də xoşbəxtliyin davam edir, nə vaxt ki o su sənə bəs etmir ya da dənizini əlindən alırlar, onda ölümü düşünürsən. Bilmirəm, bəlkə də yanılıram. Bəlkə də bu sadəcə məndə belədir. Daha az şeylərlə xoşbəxt olan insanlar da var. Mənim həyatım narkotik kimidir, hər dəfə daha artıq dozaya ehtiyac duyuram, yoxsa bezdirici gəlir” – sonra dediklərini öz ağlında ölçüb biçirmiş kimi düşüncəyə daldı və əli ilə üzünü silərək sonlandırdı: “Bilmirəm, bilmək də istəmirəm. Sadəcə, artıq özümü bir torf kimi hiss edirəm. Sanki sinəmdəki ümidlər bataqlıqda cücərməyə çalışan bitkilərin çürümüş qalıqları kimi torfa çevriliblər və bir kibrit vursan alışıb yanacam.”
Sualların içinə qərq olmuş vəziyyətdə ayağa durdu, pəncərəyə yaxınlaşıb çölə boylandı. Geri döndü. Soyuducuya yaxınlaşdı, açdı, içəridə nələr olduğuna göz gəzdirdi, bağladı. Laradan bir şey yemək istəyib istəmədiyini soruşdu. “İştahım yoxdu” dedi Lara, “mənim də” dedi o da.
Bir qədər sonra Lara səssizliyi pozaraq dilləndi “Nə olur olsun, məncə bu kamplar, tamamilə axmaqlıqdır, bunun üçün peşman olacaqlar bir gün və yəqin ki bağlayacaqlar.” Sanki yaxın birini kamplarda itirmiş kimi qəmgin və bikef danışırdı. “Bir gün onlar küçələrin boşaldığını hiss edəcəklər. Evlərin boşaldığını. Küçələrdə kimsəsiz uşaqların artdığını. Mən hələ də bütün bu olanlara inana bilmirəm. Bəzən hətta az qala inanasım gəlir ki bu dövlətlərin artmaqda olan əhali sayını azaltma üsuludur. Həm də çox ağıllı formada zəifləri öldürürlər. Adını da seçim azadlığı qoyublar. Liberalizimmiş, Demokratiya imiş. İnsanların əllərinə belə qərarları buraxmaq olmaz. Demokratiya və liberalizmin də bir sərhəddi olmalıdır”
“Bilmirəm. Bəlkə də haqlı ola bilərsən. Kamplar cəsarətsiz insanları cəsarətləndirir bəlkə də. Bilmirəm. Tək bildiyim situasiyanın mənim xeyrimə olmasıdır. Başqa heçnə vecimə deyil. Nə kimlərinsə ölməsi ya bütün insanlığın nəslinin kəsilməsi ya da situasiyanın doğurduğu əxlaqi normlar vecimədi. Mən sadəcə yorulmuşam. Taqətsizəm. Heçnə etmək istəmirəm.”
“Son vaxtlar yaşadığın depressiyalar və yalnızlıq səbəbilə normal düşünə bilmirsən artıq məncə. Öz pessimist fikirlərini təsdiqlədikcə təsdiqləyir və daha da dərinə batırsan”
“Məndən normal davranmağımı gözləyə bilməzsən, sahib olduğum bütün bu yaralarla birlikdə.”
“Bilirəm, dünən danışdığımız hər şey yadımdadı. Mənə bir vaxtlar oxuduğum Donjuançılıq essesini xatırladırsan. Qadınlara düşkün və mümkün qədər fərqli qadınlarla birlikdə olmaq istəyən kişi. Hiperseksuallıq var səndə. Gözəl səslənir, amma esseni oxuyanda da fikirləşmişdim ki belə bir adamı qadınlarından uzaq saxlasan nə olar? Məhv olar. Qarşımda dayanıb indi o qəfəsə salınmış Don Juan. Məncə sən qadınlarından uzaq qalmısan. Dünən mənə ehtiras tanrısı deyirdin amma sənə həqiqi ehtiras tanrısı belə bəs etməz. Ona belə xəyanət edərsən. Yanlış anlama, qınamıram səni, bəziləri yaşamaq üçün yaradılıb, bəziləri sevmək üçün. Sən, sevməlisən. Bir yolunu tap ya geri dön əvvəl yaşadığın yerlərə, bu lənət ölkədən ya bu soyuq şəhərdən çıx get ya da nəsə başqa bir şey, yoxsa az qala özünü öldürəcəksən”
“Məsələ sadəcə qadınlar deyil. O işin asan tərəfidi. Məsələ çox qarışıqdı. Bütün nostalgia xəstəliyini filan bir kənara qoysaq da, işləmək də istəmirəm artıq. Uzandığım yerdə özümü günahkar hiss etmək istəmirəm. Vaxtımın getdiyi üçün özümü günahkar hiss etmək istəmirəm. Heçnə etmədiyin üçün günahkar hiss etmək ya da özünü nəsə etməyə məcbur hiss etmək. Yerində boş-boş otura bilməzsən, çünki ay sonu kira ödəməlisən. Bir maşında yaşasam məsələn istədiyim vaxt oyanıb istədiyim vaxt yatsam. Kiməsə kira vermə dərdim olsun istəmirəm. Ancaq bu ölkədə bu çətindi. Başqa ölkəyə gedəcək həvəsim də qalmayıb. Yaşamağı çox çətinləşdiriblər. Heyvanlar bizdən şanslıdı. Bu lənət olası ölkəyə nifrət edirəm amma həm də dəlicəsinə sevirəm. Özümü bu torpaqlara aid hiss edirəm. Sanki onsuz da burda doğulmuşam kimiyəm. Ya da sanki orda doğulmuşam kimi hiss etdiyim dörd beş yer var və hamısı üçün darıxıram. Bəlkə də Avropada qalmalıydım. Bəlkə də durduq yerdə özümə xəstəlik yaradıram. Bildiyim tək şey var, Sinəmdəki lənət yara hər gün böyüyərək sonsuz bir irinə çevrilir.
Lara ayağa durdu. Onun yanına gəldi və onu qucaqladı. İki yenicə tanışmış yad insan sanki illərdir tanış imişlər kimi qucaqlayırdılar bir-birini. Sanki illərdir axtardıqları insanı tapmış kimi bir gecədə bir-birlərinə vurulmuşdular. Hər ikisi bu anın heç bitməməsini diləyirdi eyni anda. Sonsuza qədər bir-birlərini qucaqlayıb buraxmamaq. Oradaca, ayaqdaca durub, qucaqlayıb, ölənə qədər ağlamaq istəyirdilər, xoşbəxtlikdən ya bədbəxtlikdən. Dünən bütün gecəni də bir-birini qucaqlayaraq yatmışdılar. Baxmayaraq ki ikisi də qucaqlaşıb yatmağı xoşlamırdılar amma bu son günlərində sanki ikisi də sevgiyə möhtac idilər. Lara onun çiynindən başını qaldırıb üzünə baxdı və “kaş ki səni çox daha əvvəl tanısaydım” dedi. O Laranın yanağından aşağı süzülüb gedən tək göz yaşı damlasını izlədi. Sonra damlanın gedib durduğu yeri, dodaqlarının birləşdiyi kənarı öpdü yavaşca. Lara da onun dodağından öpdü və öpüşməyə başladılar. Bir-birini çox şiddətli formada öpürdülər, sanki hər ikisinin yer üzündəki son öpüşləriymiş kimi.
Sonra o birdən dayandı. Kənara çəkildi. Sanki qorxurdu. Sanki vurulmaqdan və ayrıla bilməməkdən qorxurdu. O sanki yaşamaq üçün yaranacaq istənilən bəhanədən qaçırdı. Fikrininin dəyişməsini istəmirdi. Hətta Laraya baxmağa belə cəsarət etmirdi sanki. Sanki baxdıqca vurulurdu ona. Gözlərinə, gözlərinin içində gördüyü o insana, saçlarına, bədəninə, hər şeyinə. Sanki həyatın onu son anda sınamaq üçün göndərdiyi ehtiras tanrısıydı və onun qarşısında özünü həyata uduzmuş hiss edirdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?