Текст книги "Varlıq və Yoxluq Arasında"
Автор книги: Xancan Kərimov
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
“Mən getməliyəm. Görüləsi bəzi kiçik işlərim var. Axşama qayıdaram. Burda olacaqsan? Sənə əlavə açarı buraxa bilərəm. Al, bax burdadı,” açarı masanın üstünə buraxdı. Lara heç nə demədi. O yataq otağına keçdi. Dolabdan bir şeylər götürüb cibinə qoydu. Sonra yan otağa keçib üzünə soyuq su vurdu. Başını qaldırıb sınıq güzgüyə baxdı. Bir də su vurdu. Sanki nədənsə ayılmağa çalışırdı, amma ayılmaq istədiyi sərxoşluğun içdiyi içkininmi yoxsa yan otaqdakı qadınınmı sərxoşluğu olduğundan əmin deyildi. Üzünü köynəyi ilə quruladı. Salona keçdi. Laraya yaxınlaşdı və onu son dəfə qucaqladı. “kaş ki heç tanışmasaydıq” dedi.
Qapını açıb çölə çıxdı və getdi.
* * *
4
SAUDADE
– Heyvanların göz yaşı tökmədən ağladıqlarını bilirdinizmi?
Yaxınlıqdakı sahilə doğru yeriməyə başladı. Laraya yalan demişdi. Edəcək çox da vacib bir işi yox idi. Nə evdə oturmaq istəyirdi, nə də yanında kiminsə olmasını. Depressiv hiss edirdi və üzündəki heç bir əzələni tərpətməyə taqəti yox idi. İçkinin köməyi dəyməmişdi. Belə əhvalla oyandığı sabahlara nifrət edirdi. Neqativ fikirlər sarırdı bütün beynini və içinə getmə istəyi dolurdu. Keçmişdən xoş xatirələr yaddaşını ələ keçirir və onu boğurdular.
Keçmişdə bu qədər ilişib qalmış olmasının səbəbi onun yaşam formasıydı. Həmişə bir yerlərdən qaçmışdı. Özünü tanıyandan qaçırdı. Davamlı olaraq bir şəhərdən başqa şəhərə, başqa ölkəyə, başqa qitəyə köçmüşdü. Bəziləri planlı, bəziləri plansız olmuşdu. İndi olduğu nöqtədən geriyə dönüb baxanda, bu qədər vaxta o qədər şeyi necə sığdırdığına bəzən çaşıb qalırdı. Normal bir insanın həyatında tanıyacağı insan sayısından bəlkə də qat-qat artıq insan tanımış, hər cür insan tipi görmüşdü və bu onu həmişə valeh etmişdi. Nə qədər fərqli insanın var olmuş olması. Milyardlarla nəfərlik dünya da, milyardlarla hekayə var idi. Hər insanın bir hekayəsi var idi və o hekayələri sevirdi.
Yeni şəhərlər, yeni insanlar və yeni kitablar onun bəlkə də həyatdakı tək devizi olmuşdu bir vaxtlar. Heç vaxt doğulduğu yerdə ölən insanlardan olmaq istəməmişdi. Sıxıcı gəlirdi bu düşüncə və yaşam tərzi ona. Vətəndə xan olmaqdansa, qürbət eldə dilənməyi üstün tutmuşdu həmişə. Dilənə-dilənə də yaşamışdı elə başqa ölkələrdə. Hər şəhərdə, hər ölkədə sıfırdan başlamışdı hər şeyə. Heç vaxt peşman olmamışdı. Olacağını da sanmırdı. Onu həyatda tutan tək istəyin bu olduğunu bilirdi. Getmək. Amma hara qədər?
Eyni şəhərdə belə olsa, canı sıxıldığı zaman evini və işini dəyişməliydi. Bir yerdə ilişib qalmaq onu boğurdu. İçində bitmək tükənmək bilməyən bir maraq hissi var idi həmişə. Öyrənmə hissi. Başqa dünyaları, başqa insanları, başqa mədəniyyətləri görmə, bilmə və öyrənmə.
Köçəri həyat yaşamışdı. Və bunu sevmişdi. Həyatının heç bir dövründə bəhrəsini sonra görəcəyi şeylər etməmişdi. Planlı yaşamamışdı. Çəkinmişdi bu şeylərdən. Heç vaxt bitirməyəcəyinə əmin olduğu Universitetlərdə oxumuşdu məsələn. Əvvəlcə bir müddət psixologiya, sonra fransız dili və ədəbiyyatı, sonraysa fəlsəfə oxumuş və hamısını da yarım buraxmışdı. Ona görə yox ki nə istədiyindən əmin deyildi, ona görə ki hər şeyi istəyirdi. Həm də məsələ nəticə deyildi, əsas prosses idi onun üçün. Nəticə heç vaxt ona maraqlı deyildi. Əsas gedişat idi. Əsas bir çayın suyu kimi axmaq idi, o çayın gedib harasa tökülməsi yox. Gələcəyini heç vaxt düşünməmişdi. Ya da o qədər xoşbəxt olmuşdu ki anın içindən ayılıb gələcək təlaşıyla yaşamaq istəməmişdi. İnsanın keçmişində ilişib qalması kimi, gələcək təlaşıyla yaşamasını da qəbul edə bilmirdi. Çünki insan içində yaşadığı anı yaşamamış olurdu elə olan halda. Sırf daha sonra pul qazanmaq xətrinə sevmədiyi bir şeyləri öyrənmək üçün vaxtını sərf etməmişdi heç vaxt. İstəməmişdi bunu. Bəlkə də bütün həyatı boyu sevmədiyi işlərdə işləmişdisə də, bəhrəsini ən azından paralel olaraq eyni anda görmüşdü. Ya da ən azından, özünün dediyi kimi, başqa şəhərlərdə başqa ölkələrdə olmuşdu həmin sıxıcı, yorucu bəzənsə macəra dolu işlər.
Hər an öləcəkmiş kimi yaşamışdı. Ölümü həmişə sağ cibində gəzdirmişdi. Və bu onu rahatlatmışdı həmişə. Hər an öləcəkmiş kimi yaşadığı üçün də daim tələsmişdi, başqa şəhərlərə, başqa ölkələrə, sanki hər an bir maşın qəzasına qurban gedə bilərmiş kimi hiss etmiş və ona görə hərəkət etmişdi. Sanki ölümün həmişə onun iki addım gerisində olduğunu hiss etmişdi. Ona görə də bu kiçik həyatına bir çox şeyi sığdırmış və indi onların əksikliyində qıvrılırdı.
Əgər bir gün sahib olduğun xoşbəxtliyi itirsəm ya da gələcəyi planlamadan yaşadığım üçün gələcəyim bir tıxaca girsə çıxış yolum sağ cibimdəki ölümdür demişdi.
Sağ cibində həmişə ölümü gəzdirməyi bacara bilmənin də şərtləri var idi amma. Bağlanmaq olmazdı, ailə olmazdı, uşaq olmazdı. Səni tərəddüdə salacaq heçnə olmazdı. Bəlkə də buna görə o həmişə qaçmış, yer dəyişdirmişdi. Bir vaxtlar həyatında məna kəsb edən insanların heç biri ətrafında deyildi indi. Ailəsindən və uşaqlıq dostlarından okeanlarca uzaqdaydı. Harda necə olduqlarını belə bilmirdi, bilmək də istəmirdi.
Anasının və xəstə bacısının ölümündən sonra daha yaxşı anlamışdı, bağlanmaq, bir insanı çox sevmək olmazdı. Yoxluğu da bir o qədər ağrı verəcəkdi çünki. Hər an hər kəsi və hər şeyi itirməyə hazır olmalısan. Elə o günlərdə qərar vermişdi: heç vaxt uşaq sahibi olmayacaqdı. Bağlanmaq olmazdı. Bəlkə də anasının və bacısının ölümü idi onu bu qədər uzaqlara aparan. Mümkün qədər uzağa qaçmağa çalışmışdı ağrını unutmaq üçün. Diqqətini dağıtmağa çalışmışdı. Ölümün və həyatın absurdluğu ilə ilk dəfə onda üz-üzə qalmışdı, hər gün birlikdə olduğun insan durduq yerdə birdən birə ölə bilər. İlk başda qəbullanmaqda çətinlik çəkirsən, başa düşmürsən, sonra qəbullanırsan. Əsl ağrı ilə baş-başa və yalnız qalırsan, birini anidən itirməyin və onun yoxluğunun ağrısı. Və içində heç vaxt yoxa çıxmayacaq bir yara peyda olur. Ömrünün sonuna qədər sinən də özünlə gəzdirəcəyin bir göynərti. Həmişə göynəyəcək, göynəyəcək və göynəyəcək. Həmişə içində qalacaq bir əksiklik hissi, saudade, həmişə hər nə olursa olsun, bir şeylər natamam və əksik olacaqdı. Heç vaxt gəlməyəcək birini pəncərə qarşısında illərcə gözləmək kimi. İçindəki göynərti heç vaxt yoxa çıxmayacaq, sadəcə bəxtin gətirsə bəzən diqqətin dağılacaq və unudacaqdın. O, son illərdə diqqətini dağıtmaqla məşğul idi.
Bəlkə də qadınlara olan hərisliyinin səbəbi də bu idi, diqqətini dağıdırdı. Dilini belə bilmədiyi ölkələrə getmiş, dilini belə bilmədiyi qadınlara vurulmuş və sevişmişdi. Sonra onları tərk etmişdi. Bağlanmaq olmazdı. Tək qayda bu idi. Sanki onu oturaq həyata vadar edəcək hər detaldan şüuraltı olaraq qaçmış, çəkinmişdi. Yanında gəzdirdiyi tək sevgilisi var idi, sağ cibindəki ölüm.
Bəlkə də uşaqlığında həsrətlə izlədiyi o hər payızda uçub gedən qaranquşlardan keçmişdi ona bu getmə alışqanlığı. İçində həmişə bir şeylər əksilmişdi onların gedişini hər gördüyündə. Və baharı gözləmişdi bütün qış. Bəlkə də ona görə qışları sevmirdi. Anasına hər dəfə “hara gedir qaranquşlar hər payızda?” demiş, “isti ölkələrə” cavabını almış və təkrar soruşmuşdu: bəs biz niyə getmirik?
Onları gözləmişdi bütün qış və baharın ilk günlərində onları axtarmışdı gözləri. Gəzib gəldikləri yerlər haqqında suallar vermişdi onlara, kaş ki o da onlarla gedə bilsəydi demişdi. Kaş ki sizin kimi qanadlarım olsaydı mənim də demişdi onlara.
Bir gün uçub gedəcəkdi o da. Qaranquşlardan fərqli olaraq o geri dönməyəcəkdi. Hər qış başqa bir yerə uçacaqdı, ta ki yorulanadək. Ta ki o qışların birində ilişib qalıb, bir daha bahar görməyəcəyi o qışa qədər.
Kimliyini unudanadək uçacaqdı, hər ölkədə yeni bir adla başlayacaqdı həyata. Hər ölkədə yeni bir şəxsiyyətə bürünəcəkdi. Uşaqlıqda həsrətlə oturub izlədiyi o göylə yerin birləşdiyi, dünyanın sonu sandığı yerlərə gedəcəkdi. Evin pəncərəsindən oturub izləmişdi o səma ilə yerin birləşdiyi uzaqda görülən həmin düz xətti. Daha da hündürə çıxmışdı daha da uzağı görə bilmək üçün. Hər dəfə daha hündür ağaclara çıxmış və baxmışdı. Dünyanın sonunu görə biləcəyini sanmışdı. İlk dəfə dənizi gördüyü həmin gün daha da əmin olmuşdu. Bir gün gedəcəkdi. Əslində çox yaxın amma çox uzaq görünən o səma ilə dənizin kəsişdiyi düz xəttin oyatdığı maraq hissinin iziylə gedəcəkdi. Heç vaxt unuda bilməyəcəyi insanlar tanıyacaq, hadisələrə şahid olacaqdı. Bu möhtəşəm həyəcanlar onu daha da uzaqlara aparacaqdı. Eyni şəhərdə qocalmaqdansa Konqo cəngəlliklərində itib ya And dağlarında saçını küləyə verməyi istəyirdi. Yazmağı yeni öyrəndiyi vaxtlarda kiçik bir dəftər tutmuşdu özünə, yarı rəngli televizorlarında hər gün izlədiyi heyvanlar haqqındakı filmlərdən qeydlər yazdırdı. Tam olaraq niyə yazırdı bilmirdi. Kenquru balasının uzunluğu: 3sm, Avstraliya çölləri, tundralar, iynəyarpaqlılar, adalar və yarımadalar. Nəyin harda olduğunu qeyd edirdi bir-bir. Bir gün gedəcək və öz gözüylə görəcəkdi. Rəngli və canlı olaraq.
Hekayələri sevirdi. Bir həyatın gözəl keçmiş olması ona görə həm də sahib olduğu, yaşamış olduğu hekayələr idi. Kasıb ya zəngin olması əsas deyil. Əsas yaşanmışlıqlardır. Hekayələrindir. Səni sən edən hekayələrin. Hekayələr həmişə onu cəzb etmişdi. Hekayələri olan adamlar. Həmişə hekayələrin içinə soxurdu özünü və həyatını. Əgər qarşısına bir seçim çıxırdısa, maraqlı hekayəsi olan yolu seçirdi. Hekayələr yaşamış olduğunu göstərirdi, oturub tamaşa etmədiyini. Kimisi tamaşa etməyi sevirdi, kimisi hekayənin içində olmağı, o içində olmağı sevən tərəf idi. Magellanı sevmişdi o, səyyahları və onların həyatlarını, hekayələrini. Bir yelkənli gəminin gövdəsinə dırmaşıb heç gedilməmiş torpaqlar kəşf etmək istəmişdi həmişə. Kaş ki bir yelkənli gəmisi olsaydı diləmişdi həmişə.
Bir çox insan dünyanı gəzmək ya olduqları yerdən qaçmaq istəyərdi ancaq onlar qalmağın təhlükəsiz və rahat zonası ilə getməyin təhlükəli və narahat edici tərəfləri arasında seçim etməli idilər. O seçimini etmişdi. Ona görə sadəcə iki variant var idi: Maraqlı və maraqsız.
Bir çox insan əlbətdəki dünyani gəzmək ya olduqları yer dən qaçmaq istəyərdi, ancaq onlar təhlükəsiz və rahat zona ilə olası təhlükəli və narahat şeylər arasında seçim etməli idi. O seçimini etmişdi.
Tanımadığı küçələrdə özünü azdırmaq kimi adəti var idi onun ta uşaqlıqdan, indi tanımadığı ölkələrdə özünü azdırdığı kimi. Oliver Tvist, Kiçik Şahzadə, Dəfinələr adası nağılları ilə böyüdəcəkdi özünü. Və onlar kimi getmək istəyəcəkdi, uzaqlara. O da bir başqa macərapərəst olacaqdı. Böyüdüyü o balaca şəhərdə, gedə bildiyi qədər uzaqlara getmişdi balaca ayaqları ilə. Hər dəfə yeni küçələr, tərk edilmiş yerlər kəşf etmişdi o balaca şəhərində. Geri dönüb həyəcanla danışmışdı dostlarına, o gün tapdığı tanrının belə unutmuş olduğu yerlərdən.
Bəlkə də buna görə o qədər çox sevinmişdi ilk velosipedinə sahib olarkən. Daha da uzaqlara aparmışdı deyə onu. Səkkiz velosipedi olan bir uşaqdan, təkərləri deşik ilk və son velosipedini almışdı. Heç vaxt o qədər sevinməmişdi, baxmayaraq ki velosipedi balaca idi, boyuna uyğun deyildi və gülünc görüntü yaradırdı. O qədər kiçik idi ki pedalı hər çevirişində dizləri sükana çarpmışdı. Bu onu saxlamamış, hər səhər dizləri sükanı döyə-döyə başqa bir küçəyə getmişdi. Bir nöqtədən sonra getdiyi hər küçə bildiyi bir küçəyə çıxmış və məyus olmuşdu. O balaca şəhər artıq ona bəs etmirdi. Maraq hissi doyumsuzlaşır və daha artıq dozaya ehtiyac duyurdu.
Bildiyi tək şey var idi, yetəri qədər böyüdükdən sonra, bir daha geri dönməmək üzrə gedəcəkdi oralardan. Hər küçəsini əzbərləmiş olduğu o balaca və darıxdırıcı şəhərdən çox uzaqlara gedəcəkdi.
Bilmədiyi tək şey var idi, bağlanmaqdan nə qədər qaçsa da, xatirələr onun yaxasını heç vaxt rahat buraxmayacaqdı. Bir nöqtədən sonra sahib olduğu xatirələrin sancıları incitməyə başlayacaqdı onu və parçalara bölünəcəkdi ürəyi. Darmadağın bir ürəyi gəzdirəcəkdi özüylə hara getsə. Və hara qayıtsa, heç vaxt xoşbəxt olmayacaqdı, zira qayıdılası birdən çox yer olacaqdı. Günahkar, qaranquşlarmıydı?
Sağ cibində ölümü gəzdirərkən, sol cibi ağzına qədər xa tirələrlə dolacaqdı. Ta ki bir gün yaxasına qədər dırmaşıb onu öldürəcəkləri günə qədər. O son qışa qədər.
Bunu hesaba qatmamışdı, getdiyi və yaşadığı yerlərin bir gün daş olub ürəyindən sallanacaqlarını. Tarixin və ədəbiyyatın ilk və ən böyük vətən həsrəti çəkmişlərindən biri olan Homerin Odisseyi sadəcə evi üçün, Penelopesi üçün darıxırdı, onunsa evi on beş dənəydi, hər ölkədə hər şəhərdə bir ev. Özünü bu qədər zəif sanmamışdı heç vaxt. Xatirələrdə boğulacaq qədər aciz. Bəlkə də məsələ xatirələr deyildi? Bəlkə məsələ xoşbəxtlik idi?
Məsələ – bəlkəsiz – elə həqiqətən də xoşbəxtlik idi, bəlkə də. Xoşbəxt olmadığı üçün xatirələrinə sarılaraq yatırdı hər gecə, divarlara asırdı onları. Xoşgünlərini yada salaraq pis günlərini yola verirdi amma boğacaqdı o xoşgünlərin xatirələri onu. Yavaş-yavaş. Bütün deşikləri bağlı vannanı aramla dolduran su kimi içində uzanan bədəni öldürəcəkdilər vaxtı gələndə.
Sonra bir gün, dayan demişdi özünə. Bəsdir, öldürəcəksən özünü. Bəsdir getdiyin. Bəsdir qaçdığın. Yaşadığı bu son şəhər, onun son dayanacağı olmuşdu. Və deyəsən, belə getsə, həyatdakı son dayanacağı da olacaqdı. Az qalmışdı. Buna bir son verəcəkdi.
Köçəri həyatı arzulamışdı həmişə. 60 illik ömrü məsələn, tək şəhərdə tək şəxsiyyətə bürünərək yaşamaqdansa, 60 illik həyatın hər ilini ayrı şəhər ölkə ya qitədə ayrı şəxsiyyətlərə bürünərəkl yaşamağa tərcih etmişdi. Sanki onun maraq hissi digər insanlardan o qədər yüksəkdəydi ki, dayana bilməmişdi tək bir yerdə ya ikisində. Yeni həyəcanlar üçün təhlükəli belə olsa, hər deşiyə soxmuşdu özünü. Ötdüyü kimsəsiz yolun üstündəki qorxulu qaranlıq bir dərənin içindən onu çağıran bir əl görsəydi əgər, gedərdi o bilinməz qaranlığa doğru. Başını hər cür bəlaya soxmuşdu və bu bəlalar nəticəsində möhtəşəm insanlar tanımış, möhtəşəm xatirələrə sahib olmuşdu.
Ancaq, eynilə narkotik maddələrdə olduğu kimi, eynilə süni xoşbəxtliklərdə olduğu kimi, həyatının ilk dövrlərdinə partlama yaşayan maraq hissi indilərdə dibə vurmuşdu. Riyazi dillə, üzü aşağı baxan parabola tək, sıfırdan sürətlə yuxarılara doğru yüksəlmiş maraq hissi, artıq sürətlə mənfilərə enirdi. Bəlkə də maraq hissi deyildi bitən, xatirələri boğmuşdu onu, yoxsa hələ də yerindəydi bütün köhnə xarakteristikası. Ya da maraq hissi o qədər şey dadmışdı ki artıq daha artıq dozada xoşbəxtliklərə və yeniliklərə ehtiyacı var idi və o hissi doyura bilmədiyi üçün kefsizləşirdi. Narkotik aludəçisinin hər dəfə daha artıq dozaya ehtiyac duyduğu kimi, həyatda da hər dəfə daha artıq dozaya ehtiyac duyuruq. Bir vaxtlar yaşamaq eşqiylə dolub daşarkən, bir başqa yorğun və həvəssiz Oblomov idi indilərdə, ya da bir başqa nihilist Bazarov.
Son dayanacağı olan bu şəhərdə düşdüyü tənhalıq ona bir daha getməmə əmri vermişdi. Bir daha getməyəcəkdi. Sıfırdan başlamayacaqdı. Bu şəhərdən də gedərək yaralı ürəyindəki deşiklərin sayına bir də bu şəhəri əlavə etməyəcəkdi. Getmək heç vaxt asan deyildi, getmək zəiflərə görə deyildi, onun kimi birini belə vurmuşdu getmək. Hansı ki özünü illərcə buna hazırlamışdı uşaqkən. Bəlkə də həddindən artıq getmişdi. Həddini aşmışdı. Oturaq həyat tərzi anlayışına indi əvvəlkinə nisbətən başqa pəncərədən baxır və zaman-zaman haqq verirdi. Çox da pis bir fikir deyildi, səyahətlərinin ona yaşatdığı bu qədər yalnızlıq və keçmiş həsrətindən sonra.
Gedə bilməməsinin bir səbəbi də o idi ki əgər bu şəhərdən və ölkədən getsə, bir daha geri qayıda bilməyəcəkdi. Amerikan imiqrasiya qanunlarına görə ölkədən çıxma icazəsi alması üçün bir neçə il keçməli və başvurusu dəyərləndirilməliydi. O vaxta qədər bu ölkəyə həbs olmuşdu. Başda bunun böyük bir problem olacağını düşünməmişdisə də indi bu gözləmə prossesi içində böyüyərək bir yaraya çevrilmiş və nostalgiya xəstəliyinə tutulmuşdu. Onun kimi getmək alışqanlığı olan insan üçün ölüm əmri idi sanki bu. Qəfəsə salınmış quşa çevrilmişdi və çırpınırdı.
Bu ölkəni sevirdi. Özünü bu torpaqlara aid hiss edirdi. Burdakı qarışıq irqliliyi, kosmopolitan havanı sevirdi. Sanki kiçik dünya kimiydi. Dünyaya olan acgözlülüyünü azaldırdı. Ona görə də getmək və tərk etmək istəmirdi. Kierkegaardı dinləyir və özünə təsəlli verirdi. Nə edirsən et peşman olacaqsan. Getsən də, qalsan da. Özünü assan da, asmasan da.
Sahib olduğu bu nostalgiya xəstəliyi iyirmi birinci əsrin xəstəliyi idi həm də ona görə. Dünya kiçildikcə ölkələr arası imiqrasiya trafikləri artıdqca insanların sinəsində hər keçən gün böyüyən bir nostalgia yarası yaranırdı. Ancaq daha çox kasıblar üçün. Varlılar üçün işlər o qədər də çətin deyildi. Onun kimi kasıbları vururdu nostalgiya daha çox. Qlobalizm haqqında işlədilən o dünyanın kiçik bir kəndə çevrilməsi və hər yerin bir-birinə yaxın olması ifadəsi varlılara aid idi daha çox. Kasıblar üçün əksinə dünya hər keçən gün böyüyür və məsafələr daha da uzanırdı. Çünki görürsən, ancaq gedə bilmirsən, toxuna bilmirsən. Elektron ekranlarda virtual dünyalar görürsən ancaq gedə bilmirsən. Texnologiyanın insanları depressivləşdirən tərəfi. Ya da getmiş olanların nostalgiya xəstəliyini daha da artırırdı texnologiya onların keçmişlərini virtual ekranlarda canlı tutaraq. İnternetin bu xüsusiyyəti səbəbilə yaşamış olduğu heç bir yerin şəklini görməməyə çalışırdı. Heç kimlə danışmamağa çalışırdı keçmişindən. Qlobalizm kasıblar üçün dünyanı böyüdürdü, çünki virtual ekran
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?