Текст книги "İblis busəsi"
Автор книги: Yaşar Bünyad
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +18
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
YAŞAR BÜNYAD
İBLİS BUSƏSİ
(roman)
İnsan öz silahlarından özünə allah yaratmışdır;
silahı qalib gəldikdə, özü məğlub olur.
Rabindranat Taqor
Hərə bir nemətə uyub, yoxsa hamı peyğəmbər olardı ki
…
…Göy üzü qıpqırmızı köz düşmüş təndir kimi alışıb yanır. Aşağıda – göz işlədikcə hüdudsuz, mavi bir sonsuzluq. Dağılıb parçalanmış buludlar kimi yumşaq ağ duman seyrəldikcə, qarşıdakı məchulluğun aydın siması gecə vaxtı qalın meşədə azmış nabələd adamın üzünə açılırırmış kimi, hər şey yenidən doğulur elə bil – saf, billur cazibəsini saxlamaq üçün… Onun əfsanəvi pıçıltısını eşidir, göydən şığıyan, heç də bu yerlərə xas olmayan cəhənnəm istisini özünə yaxın buraxmayıb sifətimə toxunan yumşaq havanın şirin tamını duyur, qəlbimi riqqətə gətirən bu qəribə nemətə sarı can atır, var-gücümlə onun sehirli ətrini, sərinliyini ciyərimə doldururam. Heç vaxt, heç vaxt ona bu qədər yaxın olacağıma, əlim toxunacaq qədər, lap ovucumun içi kimi yaxından duyacağıma inanmazdım. Həmişə ondan uzaq qaçarkən, ancaq yuxularımda cismimə mərhəm olan varlığın bu qədər möhtəşəm olduğuna da bəlkə heyrət etməzdim.
Gözlərimə bağlanmış yaylıq açılandan sonra, heç fikirləşmədən anladığım bircə şey oldu: lap az çəkəcək, ani, bir göz qırpımında qanadları qırılmış göyərçin kimi müvazinətimi itirib fırlana-fırlana ona doğru uçacam. O, lap uşaq çağlarımdan cılız varlığımda qəddarcasına, qoyduğu çalın-çarpaz izi yaddaşımdan əbədi silmək üçün məni öz müdhiş qoynuna alacaq. Onunla təkbətək, üz-üzə durmuşam. Hələ çoxmu duracam?..
Ta yeddi yaşıma kimi– dünyada atamdan savayı güclü bir varlığın mövcudluğuna şübhə edərkən – onun belə güclü, amansız olduğuna inanmazdım. (Hələ dünya öz gizli, təhlükəli, iyrənc sifətlərini mənim üzümə açmayıbmış.) Və məni vahiməyə salan da onun müştəbeh amansızlığıydı –ölüm deyildi!
Amma o gün – ən çox sevindiyim gün ki atam qonşumuz Həsənalı əmiylə mənim ad günümdə balıq basdırması bişirmək üçün geçə ovuna çıxmışdılar – onun amansızlığına əmin oldum. Mənim üçün fərqi olmasa da, öz sevimli, “yeddi qurbanlıq “ oğlunu ona bəxş edən anamın ürəyindən keçdiyi üçün, “bu əziz gündə süfrəmizdə mütləq balıq bastırması olmalıdır!“ – deyib getmişdi. Kaş ki, anam demişkən: ”Heç bir istəyimə məhəl qoymyaydı , getməyəydi.” O ki dedi, qurtardı. Sözünün sahibiydi. Bir az da tərs idi dədəm, həm də mərd kişiydi.
Eşitdiyimdən, atam onun ürəyindən keçən, dilinin ucundan çıxan hər nə olsaydı, heç düşünmədən yerinə yetirərdi. Təkcə anamın yox aa, elə nənəmin, mənim də. Bir dəfə, qışın oğlan çağında nənəm deyib ki, ürəyim yaman qarpız istəyir, olsaydı, vallahi-billahi, lap onunu yeyərdim. Zahılar kimi qarpızın iyi burnuma dəyir… Arvad kəlməsini bitirməmiş – sözü havada qalır yazıq dədəm bunu eşidəndə – üz tutur Sabirabada, əskərlik dostu Qafarın doqqazına ki, Qafar, məni öldür, day əliboş geri göndərmə, bilmirəm nə olan şeydi, anam qarpıza “yerikləyir”… Qafar da, elə bil belə hallarla tez-tez rastlaşdığından, dostunun qəfil, hövlnak gəlişinə təəccüblənmir, “ayə , bu yaşda nə yerikləmək, zahı-zad döyülki arvad?”, deyib mırtdaşmır da, novruza saxladığı üç qarpızdan birini verir dədəmə… Vallah, qulaq günahkarıyam, anamdan eşitmişəm ki, arvad təkbaşına o qarpızı elə acgözlüklə yeyibmiş, heç bir balaca dilimin də saxlamayıb, fikirləşməyib ki, evdə uşaq da var, özü də öğlan uşağı, birdən nəfsi düşər, tamahı çəkər, daa nə bilim harası şişər… Düzdü, yeyib qurtarandan sonra onun ağzına dirənmiş gözlərimizi görəndə çox pis olubmuş, hətta “qarnıma şiş girəydi “ deyib kövrəlibmiş də.
Hələ bu nədi ki… yağışlı-palçıqlı havada – aranda olanlar bilər, ilin-ayın o vədəsində ki, şoran torpaq lilliyib saqqıza dönür, qaloş, rezin çəkmə zığlaşıb palçıqdan qopmur, zulum-bəla addım atırsan , “asvalt” sözünü eşidib üzünə həsrət qalan kəndçilərimiz eşiyə çıxmağa həvəssiz, hövsələsiz olanda dədəm bir kisə buğdanı üyütmək üçün, payi-piyada Kamandar dayının dəyirmanına aparıb yağış kəsən kimi. İndi deyəcəksən, burda nə var ki, balam, bir kisə buğdadı, at belinə, apar da?!. Düzdü, dədəmi görənlər bilir, o bir kisə nədi, lap iki kisə buğdanı da kürəyində aparardı, heç “uf” da deməzdi! Bu yerlərin lıqqa-palçığını görməyən adama asan gələr. Dəyirman da kənddən iki kilometr aralıda, yağış da,elə bil dünyanın axırıdı, hikkəylə töküb suyunu göydən…Əvvəlcə atam qonşunun eşşəyini götürür ki, heç olmazsa, buğda kisəsini onun belinə yükləsin. Yükləyir də, ancaq nə illah eləyir eşşək palçıqda yerimir ki, yerimir. Qonşu ha söyür, ha çırpır, eşşək dirəndiyi yerdən tərpənmir. (Bədbaxt heyvan gördüyünü görüb aranın zığında , onu da arada anlamaq gərək. Eşşək olanda nə olar,bəs adamın insafı-murivvəti?)
Hə, dədəm yağışın altında, palçığın, löhmənin içiylə getdiyi kimi də, dəyirmanda üyütdüyü bir kisə unla qayıdır kəndə. (Nənəmin dediyindən , o, bir həftə yorğan-döşəkdən qalxmayıb, nə var, nə var, Güldəstə arvadın doqqazından keçəndə dədə-babadan ağız tamı olan qara buğda unundan bişən təndir çörəyinin iyi dəyib anamın burnuna.) Bax , ona görə də atam toxumluq üçün saxladığı bir kisə buğdanı dəyirmanda üyüdüb ki, arvad şışməsin!… Pis-yaxşı, mənim atam belə olub…
Yaxşı yadımdadır : gecənin bir yarısına qədər nənəm, anam və mən təlaş içində, bir kəlmə də danışmadan, əllərimiz dizimizin üstündə oturub qapının nə vaxt açılacağını, atamın bir səbət balıqla necə sevincək içəri girəcəyini gözləmişdik. Həmişə balıq ovuna gedərdi, amma bu qədər yubandığını heç vaxt görməmişdik deyə ürəyimizdən qara qanlar axırdı.... Buna gözləmək deməzdim vallah, bu cür müsibətli, dəhşətli , ürəkçəkici saatları heç kəsin ömrünə yazmasın yaradan! Nənəm ah-uf elədikcə anam yerindəcə qovrulur, əllərini dizlərinə sürtə-sürtə bütün bədənini oturduğu yerdə də o yan-bu yana yırğalayır, tanrıya yalvarırdı.Özü də o qədər astadan sızıldayıb yalvarırdı,onun səsini məndən və nənəmdən başqa kimsə eşitmirdi, bəs tanrı necə eşidəcəkdi? Birdən fikirləşdim ki, anam da, nənəm də əlbəttə məndən çox bilir,hələ ki, atamın öldüsü-qaldısı bilinmir, yəqin ona görə yavaşcadan yanıb-yaxılır, elə tanrıya da astadan xitab edirdilər ki, lənət şeytana,– şeytanın qulağı həmişə səsdədi– eşidər, bəndələrinin naşükür olduğunu, onun yazdığına üsyan etdiyini çatdırar tanrıya, o da əsəbiləşər, doğrudan öldürər atamı. Mənə belə gəlirdi…
Sonra Həsənalı əminin də arvad-uşağı təşviş və həyacan içində bizə gəldilər. Beləcə səhəri birgə diri gözlü açdıq, a töbə, bir adamın da cınqırı çıxmadı sübhə qədər, çünki hamımız içimizdə göynəyirdik.Elə bil ürəyimizə nəsə dammışdısa da, ürək eləyib içimizdəki fəryadı bayıra çıxarmağa cürət etmirdik.Yaşlılar belə məqamlarda səbrini basar, “dünyanın işlərin bilmək olmaz” deyib allahdan möcüzə gözləyərdilər.
Səhər tezdən bütün kənd onları axtarmaq üçün dəli Kürün lilli sularıyla əlbəyaxa oldu.Kür aldığı canları geri vermək istəmirdi. Üzə bilənlər suda axtarış edir, sahil boyu düzülən arvad-uşaq möcüzə gözləyirmiş kimi gözlərini dəli Kürün sularına dikmişdi. Heç bir möcüzə baş vermədi, çünki bu yerlərdə dədə-babadan möcüzə olmayıb.
Sədrimiz Moskvaya sərgiyə getdiyindən yeri görünürdü kişinin, bütün kənd yığışıb hərənin qulpundan nə çıxdı, pul topladı, Bakıdan gələn dalğıclara verdi.O gündən düz üç gün ötüşdü, amma dalğıcların əziyyəti fayda vermirdi. Ağsaqqallardan biri gileylənirdi ki, Qəşəmin ölən günüdü e, burda olsaydı bircə günə tapdırardı meyidləri. Düz də deyirdi, vallah,bütün göstəricilər üzrə rüspublikada birinci olan kolxozumuzun sədrini hamı tanıdığından indiyəcən onun bir sözünü iki eləyən olmuyub. Bircə zənglə ən çətin məsələləri də həll eləmək iqtidarındaydı Qəşəm kişi, özü də pulsuz-parasız.Camaat da bilir də nə danışır, çünki, Qəşəmin gücünə bələddilər…
Nə isə, sədrin Moskvada olmağı çox işləri ləngidirdi. Bir yandan da bu pul yığmaq məsələsi camaatı hövsələdən çıxarmışdı. Yalan-doğru, kolxozun aqronomu Kifayət də “ dalğıclar pula görə vaxtı uzadırlar; əvvəlcə meyidin yerini bəlləyirlər, sonra günəmuzd haqq aldıqlarına görə uzadırlar axtarışı”– demişdi. Bilmirəm, Kifayət, yəqin nəsə bilirdi , ona görə belə danışırdı, amma sonda dalğıclar camaatın yığdığına qane olub axtarışı davam etdilər. Bir yandan bu camaatı da qınamaq olmaz e, qara camaat neyləsin, ya aqronom, ya da işıq pulu yığan olsun, fərq etməz-qoltuğunda papkası olan hər adama inanır…
Həsənalının meyidini dörd gündən sonra kolxozun nasos stansiyasının bir kilometrliyindən tapa bildilər ; yazığın sir-sifəti,qarnı şişmiş,gömgöy göyərmiş, tanınmaz olmuşdu. Bizi oradan uzaqlaşdırdılar ki, bu müsibəti görüb qorxmayaq. Nənəm Allaha yalvarırdı ki, oğlunun da ölüsü tapılacaqsa, elə Həsənalınınkı kimi tapılsın, təki, ələ nəsə gəlsin balamnan…Amma, ha nalə qopardı, ha Allaha yalvardı, səsi çatmadı qurban olduğuma! Atamın meyidi indi də, ya Kürün qara bulanıq sularında uyuyur, ya da ac balıqlara yem olub. (Ta Bakıya gələnəcən balıq ətini yeməzdim.Hər balıq dədəmin potensiyal qatili kimi görünürdü gözümə, balıq yox, özümü sanki onun ətini yeyirəmmiş kimi hiss edirdim.)
Bax, o vaxtdan, çayın sahilində oturar, dizlərimi bərk-bərk qucaqlayaraq həsədlə, heç nə olmayıbmış kimi Kürdə atılıb-düşən həmyaşıdlarıma baxar, hərdən paxıllıq da edərdim. Ehh, sonralarsa, “onların da atalarını su udsaydı, yəqin mənim kimi qorxardılar ” deyə özümə təskinlik verərdim. Axı mən də onlar kimi çayın şıltaq dalğalararını yarmaq, lilli suyun düz dibinə kimi baş vurmaq, bəlkə də o müdhiş axının qucağına girib izi-tozu bilinməyən atamı axtarmaq üçün uzaqlara, lap Xəzərin dərinliyinə üzmək istərdim. Amma ürək eləyib bir dəfə də suya girməzdim. Qorxutmuşdu su məni – insafsızcasına can almağıyla qorxutmuşdu.
Bu ilk, acı sarsıntı anbaan məni izləyərkən, üzülməmək üçünmü, yoxsa, atamın ölümündə özünü günahkar hiss etdiyini anama unutdurmaq üçünmü doğum günümü də atamla birgə Kürdə dəfn etdim və həmən dəhşətli gün yaddaşımda ancaq atamın ölüm günü kimi həkk oldu…
Şeytanı daşlamaq…
… Od saçan narıncı atəşi güzgü kimi əks etdirən , həm həyat verən, həm də ölüm gətirən dupduru su ! Su imiş bu hüdudsuz ənginlik. Həyatımda qorxduğum, yuxularımda da mənə aman verməyən, bəlkə də yeganə bir şey vardısa, o da su idi.Lap uşaqlığımdan varlığımı məngənə kimi sıxan, ən əziz adamımı əlimdən aldığı kimi gözümün də odunu alan su!
Müdhiş, soyuq ləpələr alışıb yanan qıpqırmızı təndirin odunu bağrına basıb söndürmək istəyir.Sanki dünyada göydən asılan körpünün məhəccərindən, məndən və ətrafımı ağuşuna almış sudan özgə heç nə yoxmuş.
Güclu axın qıvrıla-qıvrıla körpünün nəhəng dayaqlarına çırpınaraq irəliləyir. Aşağı baxdıqca məni özünə çəkən dəlisov çayda rəqs edən günəşin şüaları gözlərimi qamaşdırır.Diksinirəm. Geri çəkilmək istəyi daha güclüdür.Geriyə isə daha yol yoxdur. Geridə, bircə göstərişlə öz nişangahını darmadağın etməyi adət etmiş Kalaşnikov avtomatının kürəyimə dirənmiş lüləsi var və onun hər an açıla biləcəyi mənə yaxşı məlum idi.Təsəvvürümdə canlandıra biləcəyim ən dəhşətli an özü gəlib məni tapmışdı.İndi, həyatımda birinci dəfəydi üzməyi bacarmadığıma görə özümə nifrət edirdim !
Bu da son! Heçdən başlayan, heçə dönən əzablı bir yolun sonu… Mənə elə gəldi ki,keçənlər hamısı mənasız bir yuxuymuş – nəfəsimi kəsən dalğa bir kabus kimi məni qırmızı, qara, boz daşlara çırpdığı andan əl çəkməyib məndən. Gerçəklərimlə qarmaqarışıq salıb məni yuxularım. Bir anlığa hansının yuxu, hansının gerçək olduğunu fikirləşdim – Aliyənin saf sevgisi, ecazkar Marqo, axmaqlığımdan yarımçıq qalmış təhsilim, anamın nakam ölümü, Əfqanıstan, lənətə gəlmiş müharibə, Rasimin xəyanəti, törətdiyim cinayət, Moskva… Mümkün qədər qaçdığım, qaçdıqcasa da addımbaşı məni izləyən, gözümə mələk kimi görünüb iblisə çevrilən , məni özümdən alan, dəli ehtirasına qul eyləyən qadınlar… axı yuxu ola bilməzdi, ola bilməzdi!…
Doğulan bir gün ölür. Necə yaşadığından asılı olmayaraq heç kəs özünə ölüm arzulamır. Arzulamaz! Ölümün öz vaxtı, öz məqamı var.İstər qoca ol, istər cavan, əgər ölməlisənsə bundan qaça bilməzsən.Kim bilir ki, o nə vaxt tutacaq xirtdəyindən? Ölüm özü gəlir, səssiz-səmirsiz. Mən bədbaxt isə neçə illərdi öz axmaq ölümümü axtarırammış ; tələsə-tələsə,öz ayağımla ona doğru qaçır, vüsalına çatmış pərvanə kimi onun alovunda çırpınırammış?!
Əvvəllər yuxu-zad görməzdim.Axı uşaq idim, görürdümsə də, yadımda qalmirdı, yuxu olduğunu anlamırdım. Bəlkə də gündüzlər yaşandıqlarımın eyni, təkrarı olduğundan buna əhəmiyyət vermirdim . Amma, atamı itirəndən sonra , tez-tez eyni yuxunu görərdim. Görərdim ki, kəndimizin qırağındakı “Şeytan dərəsi” deyilən böyük yarğan günü-gündən uçub böyüdüyündən camaat əlinə keçən daş-kəsəyi gətirib ora atır ki, yarğan dolsun. Nədənsə qorxurdu camaat, qorxurdu ki, bu yarğana boş yerə “şeytan quyusu” demirlər, əgər bu yarğan böyüsə, çatları dərinləşsə gedib yerin o biri üzünə çıxacaq və dünya dağılacaq… İllər ötdükcə,yüzlərlə, minlərlə insan bura daş tökür –yarğan dolmur ki, dolmur. Yarğan nə boyda olarmış?! Mən yol qırağından tapdığım yastı, qırmızı daşları gücüm çatdıqca uzağa atıram. Bir… iki… beş… on… Birdən ayağım sürüşüb dığırlanıram yarğanın düz otrasına. Huşumu itirirəm. Handan-hana özümə gəlib gözümü açanda, səs eşidirəm. Daşların altından piqqıltı gəlir: pıqq…pıqq… Bir azdan möcüzə baş verir. Hərçəndi, biz tərəflərdə heç vaxt möcüzə olmur, amma bu yuxudu– yuxuda olar. Qırmızı, qara, boz daş parçalarının arasıyla göz yaşı kimi su fəvvarə vurur. Kəndə xəbər vermək üçün qalxıb qaçmaq istəyəndə fəvvarə burulğan sayağı, yox, Güllü xalagilin çəpərindəki sarmaşıq var ha, bax onun təki qıvrılıb məni qoynuna alır, bir də görürəm eeee… günəşlə üz-üzəyəm. Və birdən, uğultu qopur, sanki yer-göy silkələnir, adamı vahiməyə salan burulğan yenidən məni ağuşuna alıb geriyə dönür, var gücüylə yarğanın dibindəki daşlara çırpır…
Hər dəfə də bu yuxunu qorxa-qorxa danışanda, anam deyərdi: “ Yuxuda su görmək aydınlıqdı, bala, qorxma ! Ömrün su kimi axarlı olacaq .”
İnanmaq istəmirdim, doğrusu, heç inanmırdım da.Çünki anam:– “Atanı lənətə gəlmiş su apardı !”– deyərdi həmişə, bəs mənə niyə “aydınlıqdı” deyir, su sudu da?.. Sonralar başa düşdüm ki, o zamanlar anam könlümü sındırmaq istəmirmiş .
Nənəm isə başını yelləyər, qəmli baxışlarını üzümə dikib narahat ürəyimi daha da titrədərdi :“Nahaq atmısan daşı, qurbanın olum” deyərdi.
“Niyə?”-soruşanda , o, köksünü ötürər, dərin bir “ah” çəkib deyərdi:
“Şeytan məskənidir oralar. Hirsləndirmisən onu… Şeytan insanın qəlbini oğurlamaq istəyəndə gözünə ən şirin nemət kimi görünər.Su da ən şirin nemətdir. Səni suyla aldadıb.”
“Bəs özgələr? Onlar hər gün dərəni daşlayırlar.”
“Ehh, can bala! Şeytan çoxdan girib onların qəlbinə, çoxdan ! Sən elə bilirsən ki, insanlar o murdar dərəni hamarlamaq üçün daşla doldururlar? Yoox,yox ay bala!.. Qəlblərinə hakim olan şeytanı –içlərindəki iblisi qovmaq yerinə dərədəkini daşlayırlar.İçlərindəkinə daha gücləri çatmır, çatmır gücləri. Çünki, onu ki yaxına buraxdın, bütün varlığına sahib çıxacaq.”
“Nənə, deməli mənim də qəlbimə iblis sahib çıxıb?”
“Yox ay bala, sənin nə yaşın var ki ?! Uşaqları aldada bilmir şeytan.Necə ki, İsmayıl peyğəmbəri aldada bilmib” -deyib, sakitləşdirərdi məni.
“Axı hamı uşaq olub , bəs niyə boyüyüb şeytanı daşlayırlar?”
“Aldanırlar… Hərə bir nemətə uyub…Yoxsa,ay qadoy alım, hamı peyğəmbər olardı ki?!..” İnsan Allah qarşısında yalandan özünü gözütox göstərməyə çalışsa da axırda öz murdar təkəbbürdən, gizli nəfsindən alçalır, məhv olar .
“Nənə, ay nənə…”
“Can nənə!…”
“Sən də aldanmısan?…”
Nahaq vermişdim bu sualı ona, nahaq! Bilmirəm bir dəqiqəmi , yoxsa bir saatmı baxdım o çuxura düşmüş solğun, yorğun gözlərin dərinliyinə və nə qədər baxdımsa orada bir damcı da su görmədim, amma o, səssizcə ağlayırdı, içində yana-yana ağlayırdı nənəm. Bu sualıma da heç vaxt cavab vermədi– o gündən ta ölənə kimi …
İndi Volqanın ən geniş yerində, çayın sinəsini iki bölən hündür beton körpünun üstündə dayanıb, bəlkə də son dəfə, mis kimi qızarmış günəşin ləpədən-ləpəyə atılıb düşməsinə baxdıqca keçmişimdə itmiş yuxularımı xatırlamaq qəribə deyildimi?Bəlkə həyatım büsbütün yuxuymuş, elə indicə ayılacam və yuxum da bitəcək ?!
Bu yuxuya bənzəmirdi.Yuxu sonra olacaq – sonda. Kİmsə mənə demişdi ki, ən şirin yuxu, elə ölümdü, ölüm! Hər gün yatıb gördüyün,sonradan min yerə yozaraq özünə sərfəli çözümə saldığın cəfəngiyatla dolu yuxular insanı günbəgün yaxınlaşan ölümünə hazırlayır. Və insan öləndə də elə bilir yuxudadı, yuxusunu görüb qurtaran kimi – nə qədər qorxulu, dəhşətli olsa belə, ayılacaq, yenə necə əvvəlki qaydayla yaşamışdı eləcə də yaşayacaq. Lakin, o nə qədər acı olsa da,insan çabalayır, müsibətlərə qatlaşır, sürünə-sürünə yaşasa da, heç yuxu görməsə də hər səhər ayılmaq ümidiylə yatır, ölmək istəmir. Lap can verəndə də onu əbədi xöşbaxt edəcək şirin yuxudan qorxur, bir an belə çox yaşamaq üçün hər şeyini qurban verməyə hazır olur. Bəzən bir gilə acı dərmandan, bir iynədən də, ümid verən, bir anlıq belə toxdada biləcək sözdən də ömür umur aciz insan. Ölüm adlı şirin yuxu isə gələndə var-dövlətə gözucu da baxmaz.Gələr , götürər, aparar…Və bu elə bir yuxudur ki, onu heç bir münəccim yoza bilməz!
Kəndimizdəki qəbirstanlıqda qalan boş yeri təsəvvür elədim;anamla nənəmin başdaşılarını aydınca gördüm.İlahi, mən indiyəcən buna heç fikir verməmişdim; anam da nənəm də başdaşındakı şəkillərindən ikisinin arasındakı o boş yerə baxırdılar –biri sağdan, biri soldan. Həsrətlə, səbirlə, lap yol gözləyənlər kimi.” Gəl, oğlum,gəl” deyirmiş kimi…Nə qədər baxdımsa da, aralıqdakı boşluqda öz daşımı görə bilmədim.Daşım yox idi, qeybə çəkilmişdi daşım.Atama qismət olmayan iki arşın torpaq həmişə boş qalacaqdı demək.
Aşağı baxarkən, yox ,elə körpü boyu gözləri, qolları bağlı addımlayarkən bu yolun nə qədər uzun və məşəqqətli,ağrılı olduğunu dərk etmişdim.Arxada qoyub gəldiyim yol…
Dönəkmi?…
Hə , deməli qəhvə , türksayağı…
Svetlana Vladimirovnayla vətəndaş kəbiniylə yaşayan Mədət , Məryəmin rəfiqəsi Gülnarın dünənki zəngiylə məni qarşılamaq üçün Domadedovo aeroportuna gəlmişdi. Baqaj şöbəsində yüküm olmadığına sevindi. “ Baqaj gözləməkdən zəhləm gedir”-deyib əl çantamı əlimdən aldı.Bir xeyli piyada gedib pullu dayanacaqda saxladığı maşınına mindik. Yol boyu köhnə tanışlar kimi söhbətləşirdik.” Qəhrəman Moskva şəhərinə xoş gəlmisiz!” plakatını görəndə hələ Bakıda içimə dolan gərginlikdən azad olmaq istədim. Bacarmadım.Mədət deyəsən Brejnev barədə lətifə danışırdı.Zarafatın məğzini tam anlamadan üzümə süni təbəssüm qonsa da səssiz can verən Rasimin donuq gözləri yaddaşımdan silinmir, özümü dünyanın ən aciz və qorxaq adamı olduğumu düşündükcə varlığıma nifrət edirdim. Bu mən idim, özüm idim,amma elə bil içimdə başqa birisi də vardı, elə hey, “keçdi və getdi… arxada qaldı…unut” deyirdi. Olarmı?…
Maşının əyləcinə basanda fikirdən ayıldığımı, ilk tanışlıqdan sayqısızlıq edib onu dinləmədiyimi biruzə verməmək üçün dil ucu “bağışla” desəm də, Mədət mənim qəmgin və duyğulu olduğumu hiss etmişdi. Lütfkarlıqla gülümsünüb “ qalxaq evə” deyib maşından düşdü. Mən də arxasınca. Özümü heç vaxt belə narahat hiss etməmişdim.
O, Sapyornaya küçəsindəki beşmərtəbəli “stalinka”da , iki otaqlı yaraşıqlı və zəngin mənzildə yaşayırdı.Otaqların klassik üslubda mebellə bəzədilməsi, divarlardan asılmış orjinal rəsm əsərləri onun yaxşı zövq sahibi olduğunu biruzə verirdi.İmkanları da öz yerində.Svetlanadan uşağı olmasa da , dediyinə görə Göyçayda arvadı və iki oğlu var.
Gəldiyim gün mən duşdan çıxana kimi onun harasa zəng etdiyini, suyun şırıltısından aydın başa düşməsəm də mənim barədə ciddi söhbət etdiyini eşitmişdim. Gülnar, Moskvada iş məsələsində, köhnə dostumu tapmaqda mənə kömək edəcək bir adam varsa, o da Mədətdi demişdi axı.Artıq iki gün idi onun qonağıydım və hansısa işin qulpundan yapışıb başımı qarışdırmalıydım. Necə olmasa o iş adamıydı , ailəliydi. İstəmirdim əziyyət çəksin.Ona görə də soruşdum:
–Moskvada bir əsgərlik dostum var.Mümkünsə… onu tapmaqda mənə kömək edərsən?– Naümid soruşdum.
Mədət zolaq-zolaq ev xalatında, qonaq otağının küncünə qoyulmuş bənövşəyi rəngli dəri divanda ayağını ayağının üstünə aşırıb “Arqumentı i faktı” qəzetini oxuyurdu.Bir neçə saniyə məni eşitmirmiş kimi dinməyib oxumağa davam etdi. Sonra, yüngülcə gülümsəyib çərçivəsi qızıl suyu ilə işlənmiş eynəyini çıxarıb qəzetlə birgə jurnal masasının üstünə qoydu.
–Harasındadır Moskvanın? – soruşub gözlərini ovuşdurdu.
–Mərkəzdə… Ünvanı var… məndədir… Bu dəqiqə,– deyib, dəhlizdəki paltar şkafında asdığım pencəyimin döş cibindən sənədlərimi çıxardım. Pasportumun arasından qat kəsmiş kağızı ona uzatdım.-Bilirsən, Əfqanıstandan sonra Saratovda yaşamışam.Tez-tez zəngləşərdik.Sonra, birdən əlaqəmiz kəsildi…
Mütaliədən ayırdığıma görə əsəbiləşəcəyini zənn edirdim.Əksinə, ona uzatdığım kağızdan gözünü çəkmədən: -Bu ki, bizim yanımızdadır? İki-üç dayanacaq mərkəzə sarı, Qorki küçəsinin tini…Gələndə düz qabağından keçdik…Səhər gedərik, taparıq dostunu… – deyib, qımışdı.
–Sağ ol,qardaş,-deyə təşəkkür etdim.
–Dəyməz, canım,-deyib mətbəxə keçdi.-Gəlsənə bir qəhvə dəmləyim içək, həə?– soruşub, dilucu əlavə etdi. -Bəlkə sən …çay istəyirsən ? Problem deyil…çay…
Bizim kimi çaya meyilli deyil, qəhvə həvəskarı olduğunu başa düşdüm.
–Yoox..-tələsik cavab verdim.– Sən nə içsən…
Yəqin bu cavabı da gözləyirdi :
–Həə, deməli qəhvə. Təmiz türksayağı…
Bunu elə təmtəraqla vurğuladı ki !
Dediyinə görə, yaxın dostu Dmitri Mərakeşdən xüsusən onunçun gətirdiyi üyüdülmüş “arabika”dan iki çay qaşığı “turka”ya tökdükdən sonra üstünə soyuq su alıb dəmə qoydu.İstanbulda bir qəhvəçi əsl türk qəhvəsini necə dəmləməyin sirrini ona öyrədəndən sonra bu ləzzəti duya-duya , “turka”nın armuduya bənzər belinin divarları boyunca qara köpuyün qalxacağı anı intizarla gözləməkdən başqa mətbəxdən heç bir ləzzət almırdı. Mədət bir də məzəylə deyirdi ki, yataq otağından sonra qadınların tükənməyən fantaziyalarıyla baş-başa qalmaqları üçün düşünülmüş ən mükəmməl guşə -mətbəxdir.Bu guşədə kişilərə yer yoxdur!
Arıq, bir az da bəstə boylu bu insanda həyata olan sevgi nə qədərmiş!. Moskvadakı məşquliyyətini bilməsəm də yanından uzaqlaşmağa imkan vermədiyindən, görüşdüyü, zəngləşdiyi iş adamlarının çox sanballı və sayılıb-seçilən insanlar olduğunu hiss etmişdim.Gündəlik işgüzar görüşlərinin bol olduğuna baxmayaraq mənə vaxt ayırması, diqqət yetirməsi, evdə tam sərbəstliyim üçün ( bəlkə də qafqazlı qısqanclığından) Svetlananı anasıgilə göndərməsi, top vursan dağılmaz mənzilinin ehtiyat açarını mənə verməsi Məryəmin rəfiqəsinə olan etibardan irəli gəlirdi.Tanış oilduğumuz iki gündə təkcə qəzet oxuyanda laqeyid insan təsüratı yaradan Mədətin qırx-qırx bir yaşlarında olmasına baxmayaraq saçlarına düşmüş dən bakenbardlarında və nazik bığlarında daha qabarıq görünürdü.Gülümsəyəndə parlaq, qonur gözləri alacalanırdı.
İki fincan qəhvəylə qonaq otağına daxil olub birini mənim qarşıma qoydu.Özü də fincandan bir qurtum alaraq “bəh-bəh”lə ust-üstə yığılmış iri döşəklərin üstündə oturub dostum barədə danışmağımı xahiş elədi.
…bu kabusun əlində hər an “ehtiyatsızlıq”dan açıla bilən “Kalaşnikov”u varsa…
…Moskvada keçirilən yay Olimpiya oyunlarının başlanma ərəfəsində “N” saylı hərbi– təlim hissəsindən çavuş rütbəsiylə Macarıstana göndərilmək əmri aldıq. Yeni qurğuların sirrlərinə bələd olmağımıza altı ay vaxt bəs etmişdi.Yoldaşlarımızdan çoxunu Almaniyaya, Polşaya təyin etmişdilər. Macarıstana dörd nəfər: baş çavuş Valeryanov, çavuşlardan mən, Andrey Sokolov və Stepan Drazdov uçmalıydıq. Amma nədənsə hərbi aerodromda hamımızı bir təyyarəyə mindirdilər.Hamımız çaş-baş qalmışdıq. Bizə heç nə demədiklərindən fikirləşdik ki, qənaət məqsədiylə yəqin birinci Polşaya gedənləri, sonra bizi və “alman”ları düşürdəcəklər.Allah bilir nə qədər uçduq.Ağır yuk təyyarəsinin gurultusu səhər işıqlananda kəsdi. Təyyarənin qapısı açılar-aşılmaz onsuz da boğanağ bürümüş salona ərimiş qətran qoxulu isti hava hücum edəndə başa düşdük ki, alp çəmənlikləri əvəzinə qızmar günəşin təşnəsində qovrulan səhralıq və getdikcə göy qübbəsinə ucalan bomboz dağlar silsiləsinin qoynundayıq.Yerimizdəcə donub qalmışdıq.Qulaqlarımız tutulmuşdu.Bir yandan da yuxusuzluq və aclıq bizi haldan salmışdı. İlk öncə səyyar mətbəxə gətirdilər…(Sonralar… ya dizimiz, ya da daş-kəsək üstündə yeməyə öyrəşəndə bu biyöndəm mətbəxi şah sarayı kimi yada salacaqdıq.)
Bir neçə ay harada olduğumuzu hərbi sirr kimi gizlətsələrdə Əfqanıstanda başlayan müharibədən xəbərdar idik:”deməli bizi ölülərin yerini doldurmaq üçün gətiriblər!”
Burada tank əleyhinə kadrlara ehtiyac yox idi, çünki əfqanlar dağlarda, qayalıqlarda daha peşəkar döyüşürdülər.Biz səhərdən axşama kimi hərbi təlim keçir, bir neçə saat çadırda, bəzən özümüz qazdığımız birnəfərlik səngərdə, bəzən də eləcə daş, qaya kölgəsində yuxumuzu alırdıq.Çox vaxt nəinki yuyunmağa, hətta içməyə belə su tapılmırdı.Kir basmış bədənimiz qaşınmaqdan qartmaq bağlamışdı; formamızla dərimizin rəngi bu ilan mələyən səhraların rəngiylə eyniləşdi. Sovet hərbi hissələrində ipə-sapa yatmayan gizirlər, rütbələri aşağı salınmış, xidmətdən bezmiş nə qədər mayor, polkovnik var, hamısını seçib göndərmişdilər bu ölüm düşərgəsinə.Onsuz da “bəxti gətirməyənlər” siyahısında olan bu zabitlərin itirəcəyi heç nə yox idi, ona görə də acıqlarını bizdən alırdı it uşağı…
…Çalışırdım söhbətim onu yormasın.Amma maraqla qulaq asdığını görsəm də nəzakət xətrinə aradabir “səni yormuram ki? “ deyə soruşurdum.Mədət “məmuniyyətlə dinləyirəm “ deyib döşəkçələrin üstündə yerini rahatlayırdı…
…Mənim Andreylə dostluğum hələ “uçebka”nın ilk günlərində başlamışdı.Karantin dövründə onu yerliləri – moskviçlər xırd-xəşil eləmişdilər. Andrey onsuz da çəlimsiz uşaq idi, elə bil xəstəydi. Onu döyməyə nə vardı ki! Hə, sən demə Andreyin atası Moskvada çox yüksək vəzifədəymiş.Mən bunu sonralar bildim. Təsadüfə bir bax, Andreyin atası Almaniyaya təyinat almış Qlebin atasını böyük fırıldaqçılığa görə həbs etdiribmiş. Əsgərliyə bir çağırılmaları da, bir yerə düşmələri də çox müəmmalıydı. Sanki qurama iş idi – intiqam almaq, sakitləşmək üçün yaradılmış məqammış… Biz Macarıstana “düşəndə”, onun adının başqa siyahıda olduğunu eşidən dostumun necə sevindiyinin şahidiydim…Bu sevinc yük təyyarəsinin yerə endiyi vaxta qədər uzandı. Xeyli vaxt bu qədər təsadüfün bir araya gəlməsində hansısa mif, sirr axtarırdım. Sonra başa düşdüm ki, yox, bu təsadüf də deyilmiş, bu Tanrının qismət imiş!
Yumru sifətinə yaraşan nazik burnuna, çəlimsiz, sümüklü qollarına, incə barmaqlarına baxanda orta boylu Andreyi, şıltaq məmur uşağından çox imkansız fəhlə ailəsindən çıxmış, təzəcə yataq xəstəliyindən qalxmış insana bənzədərdin.İlk günlər diqqətimdən kənarda olan bu oğlanı o gecə, kazarmanın tualetində al-qan içində görəndə onun məndən imdad diləyən acizanə gözlərində yığılmış kədəri hələ də unuda bilmirəm…
Növbətçinin xəbəri olmalıydı. Gecə Andreylə kimin və ya kimlərin ayaqyoluna girdiyini öyrənib Qlebi, Timofeyi oyatdım.Hamı mənim idmaçı olduğumdan xəbərdar idi, lakin, gücümü heç kəsə “göstərməmişdim”-bunu yekəxanalıq sanırdım.Sən demə, hər yerdə olduğu kimi burda da gərək güc göstərib tanınasan, yoxsa batdın…
Birinci, çarpayıda xoruldayan serjantı duyuq salmamaq üçün yuxulu-yuxulu gözlərini ovuşduran Timaya “suşilka”da gözləyəcəm deyə pıçıldayanda, əvvəlcə heç nə başa düşmədi, sonra özünü sındırmadan durub geyinməyə başladı. Qlebin rəngi isə ölü rəngindəydi.Yarıqaranlıq kazarmada iki dümsükdən sonra gözlərini açıb damarları gərilmiş sifətimi görəndə dik durdu, üst paltarını belə geyinmədi; qorxmuşdu yaman!
Beş dəqiqədən sonra rütubət və nəm paltarların qoxusu bürümüş otaqda görüşdük.Onlardan niyə Andreyi o hala saldıqlarını soruşdum.Dinmədilər. Daha doğrusu bir-birinə baxıb “sənin nəyinə gərəkdir ?” ya – “kakovo xrena tı dopros ustroyiş? “Ya da : “Da kto tı vooşşe..? ”kimi sualları ürəklərində götür-qoy edirdilər ki, Qlebdən daha bədənli, möhkəm əzələli olan Timofeyin göbəyinə bir neçə yumruq vurdum. O qəfil zərbədən qarnını ikiəlli qucaqlayıb zarıdı, “tvoyu ma-aat !” deyərək səngidi.Arxasını deməyə imkan vermədim; sinəsinə vurduğum ikinci zərbədən arxası üstə divarboyu qurudulmaq üçün taxta asılqandan sallanan nəm formalara ilişib yerə sərildi. Qleb sarılığın udmuşdu. Üstünə yeriyəndə ki, növbə sənindir başının, ağız-burununun qanını yuyub təmizləmiş Andrey otağa girdi. Danışmağa halı olmasa da xahiş etdi ki, növbətçi serjantı oyatmamış dağılışaq, yoxsa axırı pis olar. “Qalsın sonraya..” deyib dağılışdıq. Amma barışıq olmadı.
Əlbəttə, zabit, serjant nə baş verdiyini təxmin etsələr də, kişilik məktəbi deyilən əsgərliyin öz yazılmamış qanunları var axı; aciz də olsan satqınlıq etməməlisən! Heç kəs, hətta ən çox ehtiyat etdiyimiz ağciyər Qleb də heç kəsi ələ verməmişdi.Və sandım ki, hər şey bununla da ötüşdü…
Əfqanıstana gələndən sonra bu cəhənnəmin içində, amansız düşmənlə üzbəüz, hərə öz canının hayına qalanda da mən ömürlük dost olacağımıza söz verdiyim Andreyi gözümdən kənar buraxmırdım; hiss edəndə ki, səni qarabaqara izləyən kabus həmişə sənin arxandadır və bu kabusun əlində hər an “ehtiyatsızlıqdan” açıla biləcək Kalaşnikovu var – Allahın da üz döndərdiyi Əfqanıstan çöllərində bu ən ucuz və mənasız ölüm ola bilərdi. Mən onu bu kabusdan qoruyurdum.
Bizi hələ döyüşə aparmırdılar.Əfqan mücahidlərinin döyüş taktikasına nabələd sovetlər mənasız itkilər verdiyindən , yerli relyefi uçurum qayalıqlardan, bomboz uzanıb gedən dağlardan ibarət olan döyüş meydanını daha yaxşı mənimsəmək üçün gecə-gündüz kəşfiyyat qruplarının gətirdiyi məlumatlardan bəhrələnir, gah qayalardan, gah da sanki yerin altından gözlənilmədən peyda olacaq düşmənə sərrast və daha az itkiylə cavab vermək taktikası hazırlayırdılar. Zabitlərimiz də bu cəhənnəm iztirabına uyğunlaşdıqca, hələ ki, ayaqda olan əsgərin qiymətini bilməyə başlamışdılar deyəsən: hardansa, içməyə yaramasa da su tədarük edilmiş, quru çörək, konserva payımızı artırmışdılar.Sonra başa düşdük ki, yox…bu qayğı deyilmiş -təhlükəni anbaan gözləyən Böyüklərin ölüm qabağı Kiçiklərə olan minnətiymiş.Gözü və qarnı ac döyüşçü gülləsiz də ölüdür! Onsuz da müharibələrdə döyüşən əsgər, hər an bir süngünün, bir güllənin, partlayacaq bir minanın hədəfindədir. Hər əsgərin məhvi isə zabitlərin özünü ölümə daha da yaxınlaşdırır…Hər kəsin sifətində “bu müharibənin bizə, mənə dəxli yoxdu “ sözləri aydınca yazılsa da bunu dilinə gətirəcək, üsyan edəcək qədər gücsüz idik.Əlac vardımı? Bu dövlətdə xalq bir ovuc qum qədər qiymətsiz, bir insan tirdəki nişangah kimi qəpiklə ölçülən bir şey olduğunu kim bilmirdi ki? Hamı bununla barışmışdı. Heç kəs ölmək istəmirdi. Heç kəs belə tez ölmək istəmirdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?