Электронная библиотека » Yaşar Bünyad » » онлайн чтение - страница 4

Текст книги "İblis busəsi"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Yaşar Bünyad


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Üç gündən sonra Marqo ilə onu yoluxmağa gələndə qonşusunu – sevgilisi Armenin qardaşını tanımışdı. Xəstəxanadan çıxana kimi Marqo, oğlunun vəziyyətindən xəbər tutmamaq üçün Rafiqin anasına min cür yalan uydurur, xəstə arvad da ya bu yalanlara inanır, ya da bir söz demədən göz yaşı tökürdü. Mənimlə hər gün onu yoluxmağa gələn Marqo yəqin ki, sonralar Rafiqə xilaskarı barədə hər şeyi danışıbmış…

–İkincisi, – deyə sozünə davam etdi. – Sizi əsir götürəndə neçə nəfərdiz, yadındadır ?

– Beş…

–Vot … Kim nə deyirsə desin, axı mən indiyə kimi özümü bakılı sayıram. Bakılılar kəsdiyi duz-çörəyə təpik atmaz, arada ölüm olsa da! Biz duz-çörək kəsməsək də arada Rafiq vardı. Başqa cürə bacarmazdım. Bilirsən, siz gedəndən sonra necə rahatlandım?… Allah mərdimazara lənət eləsin, bizi düşmən elədi, ara… Bax, iki il döyüşdüm, evim – səngər, döyüş yoldaşlarım – ailəm oldu. Neçə canlar aldım, qanlar tökdüm… Üç dəfə yaralandım. – Başını qabağa əyib güclə eşidiləcək səslə dedi. – Axırda nə oldu, həə? – Əlini çiynimə qoyub sual dolu gözlərini sifətimə zillədi. Özünü ələ alsa da gözlərinin dərinliyində bir nisgil, kədər vardı. Tez başını yana çevirdi ki, o kədərin nə qədər acı olduğunu duymayaq… – Axırda, biz aldığımız torpaqlarda müharibədən xəbərsiz avropalı mafiozlar, işbazlar ağalıq eləməyə başladı… Başa düşdüm ki, mənim kimi qolu güclü dəliqanlılar onların yalançı vətənpərvərlik əqidələrinin qurbanıdır. Biz aldanmışıq, Rufatcan, aldanmışıq… Elə siz də… Mən iyrəndim bu davadan.

Elə bil rahatlandı. Hiss eləmışdim ərk eləyib yerlilərinə deyə bilmədiyini bizlə bölüşdüyünə, ürəyini boşaltdığına görə dərindən nəfəs alıb sevindi də.

Ofisiant sifariş etdiyimiz quzu kababını gətirsə də heç kəs əlini süfrəyə uzatmırdı. İştahımız tamam küsmüşdü. Armenin kədərli etirafları hamını birtəhər eləmişdi. Ürəyimdə onun vaxtsız gəlişini lənətləyirdim; Mədətin qonaqlığına bir hüzn, ürəksıxıcı bir qüssə gətirdiyinə görə.

–Nə oldu… bəs deyirdin Bakıda görüşərik? –Sualım onu tutdu.

–Həə , demişdim, – deyib, bic-bic gülümsədi. – Fərqi nədir, ara, ora olmasın, bura olsun?!-Restoranı göstərdi. Amma o Bakıyla bu “Bakı”nın fərqinin nə qədər çox olduğunu ondan yaxşı bilən yox idi. Bir az kövrəldi, deyəsən bu cür deməyinə peşiman oldu. – Gül kimi yaşayırdıq , məsəb haqqı! – Bir az ara verib soruşdu. – Görürəm, buralar sənin də xoşuna gəlib, haa?!

İstədim var gücümlə bağıram :”Axı , lənətə gəlmiş müharibədən kimin xoşu gəlir ?! Soyuq səngərdə yatmaqdan, hər an snayper atəşinə tuş gəlməkdən, gözünün qənşərində bığ yeri hələ tərləməmiş cavan-cavan uşaqların minaya düşüb parça-parça olmasından… hansı oğraş həzz ala bilər axı?! “ Onsuz da ovqatı pozulmuş Mədətgilə görə deyə bilmədim, boğuldum.

Özümü güclə ələ alıb gözlərinin içinə baxıb soruşdum:

–İndi rahat yaşayırsan?

–Ha…

– Bəs yuxu necə, heç yuxu görürsən?…

Mənim gözlənilməz, bəlkə də yersiz sualımdan devikdi. Başını qeyri-müəyyənliklə tərpətdi.

–Sən bizi azad buraxandan sonra aclıq, soyuq bizi əldən salmışdısa da dayanmadan yol gedirdik. Təsəvvür edirsənmi insan öz torpağında özünü özgə mülkünə təcavüz etmiş öğru kimi hiss edəndə hansı hisslər keçirir? Bu dəhşətdi!…O yolun nə qədər uzun və cansıxıcı olduğunu anlamaq səninçin çətin olar; hər an arxadan bizə basqın edəcəyinizi düşünərək irəliləmək, daima gözlərimiz arxada, qulağımız səsdə. İki gündən sonra boşalmış bir kəndə girdik. Təsəvvür edirsən, bomboş, bir-iki yiyəsiz it sülənən kənddə, ömrü boyu bu kənddən qırağa addımını da qoymayan qocayla qarıya rast gəldik. Quruyub yerimizdə qalmışdıq. Əlləri dizlərinin üstündə oturub kimisə gözləyirdilər. Soruşanda ki, ata, hamı kəndi tərk edib, siz niyə qalmısız? Bilirsən nə dedi? Dedi ki… dedi ki, oğlum söz verib… gəlib bizi aparacaq. Mütləq gələcək!… Nə qədər yalvar-yaxar elədik, fikrindən döndərə bilmədik qocanı, getmədi bizimlə… Məcbur olub qocanı qarısıyla boş kənddə qoyub uzaqlaşdıq. Bir saatdan sonra “Qrad”ın uğultusuna dönəndə nə görsək yaxşıdır? Gördük ki… g-gördük ki, həmən kənd alov içində yanır… Bax, o gündən evinə, ocağına sidqi-ürəklə bağlanmış o qocanı hər gün yuxumda görürəm və nədənsə fikirləşirəm ki, bəlkə heç onun oğlu da yoxmuş?! Eləcə oturub öz doqqazında, doğmaca ocağında halallıca ölümünü gözləyirmiş… Bilirsən, bu dava çox ədalətsiz davadı. Ən dəhşətlisi də odur ki, bunu hamı bilir, hamı…

Bu qoca əhvalatını danışanda Mədətin doluxsunduğunu gördüm. Sanki unutduğu əzizləri yadına düşmüşdü, kimisə xatırladı, yarası sızıldadı, göynədi. Əlimi biləyinə toxundurdum, ovutmaq, sakitləşdirmək istədim. Başını tərpətdi ki, keçib gedər, amma bir anlığa üzündən ötən qara bulud yox oldusa da, kölgəsi qalmışdı – uzaqlaşmaq istəmirdi.

Yaman toxunmuşdu ona, yaman… Mədəti hələ bu cürə qəmgin, çarəsiz görməmişdim və düşündüm, yarasını sızıldadan nədir görən, niyə içini bizə açmadı, bəlkə soruşum?… Sonra da bu fikirdən vaz keçdim ki, əgər biz hər şeyi bittə-bittə danışırkən, o susdusa, deməli münasib bilmədi. Məncə hər kəsi göynədən bir şey var ki, onun ağrısını içində saxlayır, özününküləşdirir… Daha dərinə getmədim.

Sonralar onlarla, yüzlərlə Mədətkimilər gördüm; qayğısını, ağır dərdini, inanılmaz faciəsini içində dilim-dilim edib parçalayır, nə qədər pul-para qazanıb ətrafdakılara xoşbəxt görünsə də yalandan gülüb-danışır, özgələrə təsəlli də verir, amma xərçəng kimi canının qəsdinə durmuş öz dərdinə əlac eləyə bilmir.

– Allah mərdimazara lənət eləsin, ara… – deyib, Armen başını aşağı saldı.

–Aa-min!..

Hamımız bir xeyli susduq.Vəfadar siqaret yandırıb ciyərinə çəkdi…

Lap körpəlikdən valideynləriylə Azərbaycandan köçüb Moskvaya gələn Vəfadar üçün bəlkə də, nə bəlkə, yüz faiz nağıla bənzəyən bu əhvalata bir az sonra qayıdacam. İndi isə məclisi şuxlandırmaq, heç olmasa əvvəlki məcrasına yönəltmək lazım idi.Vəfadar elə bil ürəyimi oxudu:

–Ay canım, – dedi, – gəlin içək , içək xoş təsadüfün şərəfinə! Bu ki əladı!

Qədəhlər yenə doldu . Amma bu dəfə qədəhlərin cingiltisi eşıdilmədi…

Armen içəndən sonra yenə bir dilim limon götürüb ağzına qoydu, üzr istəyib masamızdan uzaqlaşanda qulağıma pıçıldadı:

–Marqodan xəbərin var? – deyə soruşdu. Çaşıb qaldım. Marqonu məndən niyə soruşurdu ki?! …Əvvəlcə çiyinlərimi çəkdim. Özümü nə qədər bilməməzliyə qoydumsa da alınmadı. Sifətim tutuldu. – Ara, məndən nəsə gizlədirsən ha?

–Nəyi gizlədəcəm ki?..

Baxışlarındakı qeyri müəyyənlikdən, tərəddüddən başa düşdüm ki, eşitdiyi, bildiyi nəsə var və o “nəsə”ni dəqiqləşdirmək istəyir. Nə eşitmək istəyirdi məndən? Marqo ilə mənim aramda olan eşq macarasından xəbəri ola bilməzdi. Çünki, Marqonu Bakıda qoyub Rastova getdiyi vaxtdan bir daha ora qayıtmamışdı. Bəlkə uşaq barədə öyrənmək istəyir? Marqo, abort elətdirsə heç vaxt uşağı olmayacağını biləndə peşiman olsa da acığından mamaçaya pul verib dörd aylıq uşağını götüzdürmüşdü. Yox, yox, bütün məhlədəkilər kimi Rafiq də Marqonun uşağı götüzdürməyini bilirdi və yəqin ki, ona ucundan-qulağından deməmiş olmazdı. Bir də ki, gör neçə illər keçib? Bəlkə Rastovda, ya da Krasnodarda qızın atasını görüb, Marqonun Bakıda, o köçhaköçdə, o qaçaqaçda evdən getdiyini, bir daha evə qayıtmadığını eşıdıb? Bunları bilməsəydi, “Marqodan xəbərin var “ deyə soruşmazdı axı?.. Bayaqdan orda-burdan söhbət eləyib içini boşaldanda da hiss edirdim ki, məqsədi başqadır; ola bilsin ağzımı arayır, ürəyimi yumşaldıb həqiqəti məndən öyrənmək istəyirdi.

Mədətgil heç nə anlamadan gərgin vəziyyətdə bizə baxır, bu müəmmalı təfsilatların nəylə başa çatacağını intizarla gözləyirdilər.

Deyəcəm. Burda nə var ki?!.. Qoy rahatlansın. İndi onun məndən eşidəcəyinə necə reaksiya verməsini daha yaxşı görmək üçün burnunun ucunda durub sakitcə :

–Bakıdadı Marqo, – dedim.

Armenin kostyumu kimi qaralmış sifətində bütün əzələlərinin necə gərildiyini görsəydin! Gözlərində qəzəb dolu ifadə qırmızıya çaldı. Bığlarını çeynədi. İri burnunun pərləri bir az da genəldi. Dodaqaltı nəsə dedi, deyəsən erməniycə söyürdü. Sonra dişini dişinə sıxa-sıxa bağırdı:

–Qan-cığğ !..

Başa düşmədim? Onu yandıran nəydiki? Armen Marqonu bu qədər sevirmiş bəyəm? Sevirdisə, niyə qarnı burnunda qoyub aradan çıxmışdı?.. Yox, bu başqa şeydi, başqa…

–Haa… deməli, Bakıda “döydürür” ?!…

Onun hər şeydən xəbəri vardı – Marqonun Bakıda qaldığını da bilirmiş, uşağı tələf etdiyini də, atasının pinəçi Zakir olduğunu, bəlkə mənimlə yatdığını da…Onu haldan çıxaran təkcə bunlar idimi?.. Bilmirəm. Marqonun məsumluğundan, saf sevgisindən xaincəsinə istigadə edib bakirəliyini əlindən alan, yağlı dil töküb gözəl gələcək vəd edən Armen, aldanmış qızın çıxış yolu tapmayanda məcbur olub onun dalınca dünyanın o başına da gedəcəyinə əmin imiş. Ancaq o, yanılmışdı. Marqo elə həmən axşam vücudunu ona təslim edəndən sonra Armenin ehtiras düşkünü olduğunu başa düşüb öz saf məhəbbətini də baltalamışdı.

–Neobrezannıy xoşlamadı ?! Qəh-bəəə!

Axırıncı kəlməni bağıranda yaxşı ki, orkestr gec susdu, zal dondu, hamı çaşqınlıqla gah musiqini yarımçıq kəsmiş orkestrə, gah da bizim səmtə baxdı. Ayaq üstə olduğumdan maraq dolu nəzərləri bizə tuşlanmış izdihama baxdıqca qıpqırmızı qızardım, onun da yerinə xəcalət çəkdim.Yaşlı inzibatçı qaçaraq zalın ortasında əsəbini cilovlaya bilməyən Armenə yaxınlaşdı. Mən onu sakitləşdirərək başa saldım ki, hər şey yaxşıdır, narahat olmayın… sadəcə tutması var, kantujennidir, vəssalam! Söhbətin nədən, kimdən getdiyinin fərqinə varmadan yerlərindən dik atılan Mədətlə Vəfadar mənim heç nə olmayıbmış kimi sakit dayandığımı görüb əsəblərini güclə cilovladılar. Armen vəziyyəti bu hala gətirib çıxardığına görə, gec də olsa, özünü toxdatdı, əlini ürəyinin üstünə qoyaraq peşımançılıq hissiylə bütün zaldan üzr istədisə də hamı təəssüflə başlarını yelləyərək çəp-çəp ona tərəf baxmaqda davam etdilər. Restoranın inzibatçısı əliylə orkestrə işarə edəndən sonra musiqi çalındı və elə bil od üstünə sərin su səpələndi…

Armenin nə hallara düşdüyünü görəndə fikirləşdim ki, nə yaxşı əsir düşən zaman Marqo barədə məndən heç nə soruşmamışdı, yoxsa, hər şey tamamilə başqa cürə ola bilərdi. Yəqin ki, o vaxt bu barədə məlumatı yox imiş, hər şeyi sonradan öyrənib, yoxsa…

Bax belə. O bir az sakitləşib özünü ələ almaq istədi, yarı rusca, yarı erməniycə dodağının altında mızıldandı, bir əlini havada yelləyib məndən aralandı, öz masalarına yaxınlaşıb dostlarına nəsə dedi, qızlardan birinin qolundan tutub vestibülə tərəf tələsdi…

Günah işlətmiş uşaq kimi masaya yaxınlaşıb üzr istədim. Mənim pərt olduğumu görən Mədət :

–Lənət şeytana, – dedi, – hər şeydən ötəri özünü üzmə. Bir də ki, sənin nə günahın var?…

Mən:

–Gərək belə olmayaydı, – dedim. – Hər şey korlandı…

Vəfadar isə marağını gizlədə bilmədi:

–Qardaş, deyəsən, o əsirlik məsələsindən başqa aranızda bölə bilmədiyiniz nəsə olubmuş?!

Mədətin də bic-bic gülməyi məni lap utandırdı.

–Əşi, elə şey deyil, – cavab verdim.

–Qadınlar, qadınlar… – Mədət mənalı bir görkəm aldı. – Onlar həm quran, həm də uçurandır.

Vəfadar da şairanə görkəm alıb onun sözlərinə qüvvət verdi:

–Biri mələk, biri iblis…

–Yox, şair, – Mədət düzəliş verdi. – Kiminçin mələkdir, kiminçin iblis – belə daha poetikdir, hə?…

Hər ikimiz Mədətin yaxşı filosof, daha doğrusu şairanə filosof olduğunu vurğuladıq, o da bundan qürur hissi keçirib təşəkkür etdi. Elə bil qırışığımız da bir az açıldı.

Kabab soyumuşdu. Könlümü almaq üçün nəzakət xatirinə məclisi davam etdirsələr də qanımız it qanına döndüyündən çox oturmadıq, hesabı verib çıxdıq.

Hər an cazibəsindən qurtulmağa çalışdığım keçmişim yenə də yaxamdan bərk-bərk yapışıb əl çəkmirdi…

Şəhər bakirəliyini itirmişdi


…Qatar platformada dayananda vaqondan birinci düşən mən oldum: tamarzısı olduğum Bakının on iki il əvvəlki ətrini duymaq, neft qoxulu küləyini içimə çəkmək arzusu o qədər təzə idi ki, Biləcəridən qatarın sürətini azaltmış maşinisti ürəyimdə o ki var söyərək tamburda, qapını qucaqlayaraq bu anı gözləyirdim.

Bu da sovet əsarətindən yenicə qurtulmuş,elə qurtuluşuyla da yeni bəlalara düşmüş, nəfəs alıb özünə gəlməsinə imkanı olmayam Bakı !

İki sutqalıq yol boyu düşündüklərimin nə qədər yanlış olduğunu o saniyə anladım. Nə vaxtdı Rusiya qəzetlərinin, ara-sıra televiziya kanallarının, müxtəlif yollarla Azərbaycanı tərk edənlərin dediklərindən belə çıxırdı ki, indi bütün respublika silahla yatıb, silahla durur.Hər yerdə müharibə gedir, insanlar qırılır…Arxa cəbhədə zavod və fabriklər döyüşçülər üçün silah-sürsat, ərzaq, isti pal-paltar hazırlayır.Bu belə də olmalıdır. Məcburən müharibəyə cəlb edilmiş, halal torpaqları düşmən tapdağı altında olan, vətəndaşları doğma ev-eşiyindən didərgin salınmış ölkədə belə də olmalıdır! Düşünürdüm ki, əli silah tutan kişilərin hamısı cəbhədə döyüşür.Hamının başı müharibəyə qarışdığından şəhər unudulub. Bu mehriban, işıqlı, insanları gülərüz şəhəri istəsəydim də, boz, solğun, küçələri bomboş təsəvvürümə gətirə bilmirdim. Ancaq müharibə gedən ölkələrin, şəhərlərin xronikaları filmlərdə gördüyüm kimi gözümün qarşısında canlandıqca vücudumu bürüyən dəhşətli hiss yaxamdan əl çəkmirdi; ağacları qurumuş baxımsız parklar, döşəməsini ot basmış meydanlar, adamsız, səs-küysüz küçələr… qəlbimi yandırıb yaxırdı.

Dedim axı, fikrimdə yanılmışdım!

…Səhər təzəcə açılhaaçıldaydı.Vağzal meydanı qarışqa yuvası kimi qaynayırdı. Platformada arabalara bərkidilmiş primitiv satış köşklərini o yan-bu yana sürüklüyərək su, pivə, siqaret,peraşki, cürəbəcürə şirin qoğallar təklif edən cavan oğlanları görəndə vağzal binasının üstündə iri qırmızı hərflərlə yazılmış “BAKI” sözünü görməsəydim qatara səhv mindiyimi düşünərdim. Bu azmış kimi, bir yandan da bığıburma kişilər vaqondan düşənlərin üstünə şığıyaraq dışqırırdılar:

–“Taksi var , taksi… Vasmoya …”

–” Razin…Əhmədli…Yasamal…”

–“Bərdəyə mikroavtobusla…Gəncə…Tərtər…”

–“Masallı, Astara, Lənkəran…Bir saata çıxıram..”

Və son vaxtlar onsuzda dəmiryolunda baş verən terror aktlarıyla əlaqədar az-az gələn qatarların “göydəndüşmə” sərnişinlərini əldən buraxmamaq üçün taksi sürücüləri kor-koranə əllərini havada yelləyərək, kimə gəldi yaxınlaşır, hara gedəcəyini soruşaraq dil tökür, bəziləri heç sövdələşməmiş az qala düşənlərin baqajlarını əllərindən alırdılar. Aləm bir-birnə dəymişdi.Qiymətdə razılaşmayanları şirin dil ilə elə rahatlayırdılar ki. İlk baxışdan köhnə Bakını xatırladan, uşaqlığımdan alışdığım mənzərə bir az keyfimi açdı da.Bəli, sonra biləcəm ki, köhnə Bakını yada salan təkcə xatirələr qalmışdı…

Arabir hansı qoşun növünə mənsub olmasını ayırd etməkdə çətinlik çəkdiyim silahlı adamlar görünürdü:saqqallı, başlarında üstünə üçrəngli bayrağın çəpəki rəmzi tikilmiş qara biret, sovet zabitlərinə xas xaki rəngli sahə forması, türk istehsalı qara brezent uzunboğaz çəkmələr bir-birinə uyuşmadığı kimi, çiyinlərindən etinasız salladıqları Kalaşnikov avtomatı, uzaqdan diqqəti cəlb edən kirin yağlı parıltısı onların günlərlə burda qaldıqlarından xəbər verirdi.Həmin avtomatlılar yükləri çox olan, daha diqqət çəkən sərnişinlərə yaxınlaşıb sənədlərini tələb edir, bəzisi isə adi etik qaydalara belə məhəl qoymadan baqajları dağıdır, ya da tam yoxlanmaq üçün alt mərtəbədəki otağa getmələrini əmr edirdilər. (Dağıstan milisləri bundan da pis, lap yırtıcı kimi davranırdılar bizimlə). Ürək bulandıran, əsəb yaradan mübahisəli vəziyyət olsa belə, müharibə gedən ölkədə hərbiçilərin ayıq-sayıq olmasına kimsə irad tuta bilməz. Az bir zamanda etdiyim müşahidələrdən ən qəribəsi hərbiçilərdən fərqli olaraq, iki-bir, üç-bir gəzişən milislərin heç nəyə məhəl qoymadan veyillənməsiydi. Məncə, komendant saatı olmadığı halda hərbiçilər cəbhə bölgəsində döyüşməli, milislər isə arxa cəbhədə daha ayıq-sayıq olmalı, daha bunlar kimi işlərini yola verməməlidi. Onlara döyüş bölgəsində daha çox ehtiyac vardı məncə. Düşdüyüm mühitə bir az bələd olandan sonra başa düşdüm ki, yeni qurulan hökumətin köhnələrə tam etibarı olmadığından sovetlərə xidmət göstərən bəzi milislərə yad kimi baxıb öz işlərindən “kənarlaşdırmışdı”. Sanki, onların əsl vəzifəsi elə vağzalın ətrafında şıdrığı alver eləyən alverçilərə “nəzarət” etməkmiş… Ürəyimdə isə “bu qədər kişi niyə döyüşmür axı ?”deyə fikirləşdim.

Metroya getmək üçün xeyli cəhd etdim.Yüküm bircə idman çantası olmasaydı buizdihamı necə yarıb keçəcəyimi fikirləşəndə dəhşətə gəldim.Vağzalın qənşəri köhnə şərq bazarlarını xatırladırdı.Platformadan düz metronun girəcəyinə qədər səpələnmiş səliqəsiz, qarmaqarışıq piştaxtalar arxasında dayanmış alverçilər dağılmış asvaltın üstünə düzülmüş taxta, karton yeşiklərin üzərinə qalaqladıqları meyvə-tərəvəz, göy-göyərtidən tutmuş pendir, kolbasa, hisə verilmiş balıq, təndir çörəyi, ucuz pal-paltara qədər hər şeyi müştərilərə satmağa çalışırdılar.Üst-üstə yığılmış “Bakuş”, “Albeni…karobkaları, qaçaqmalçılıq yoluyla İrandan gətirilən çərəzlər, karamellər, bizim çənəmizi yara eləyən “Cırtdan” saqqızından fərqli olan, içindən Van-Damın, Bryus-Linin , Şvartsneqerin, xarici avtomobillərin, gözəl pozalarda çəkilmiş qız şəkillərinin çıxdığı cürəbəcürə türk saqqızları nəinki uşaqlara, uşaqlığı kasad sovet dönəmində keçmiş yaşlılara da “gəl-gəl” deyirdi.Yöndəmsiz, pərakəndə cərgələr əyri-üyrü olduğundan alıcılar az qala biri birini tapdalaya-tapdalaya, ya yığılmış malların üstündən adlayıb başqa cərgəyə keçir, ya da alacağı malı o yan bu yana çevirən, yöndəmsiz dayanmış müştəriyə sürtünərək yolunu davam edirdilər.Əslində belə qarışıq bazarda alandan çox satanların olduğu nəzərə çarpırdı.Hələ səhər açılmadığından elə bir canlanma hiss olunmasa da basırıq idi. Alverçilərin ləhcələrindən başa düşmək olurdu ki, burada hansı bölgədən desən adam var .

İlahi, bu şəhərin yuxusu ərşə çəkilib, nədi?!

Vağzalın divarları, pilləkənləri boyu, artıq satılması mümkün olmayan, çoxdan çürümüş mer-meyvələr, zibillə dolu sellofan torbalar, əzik-üzük yeşiklər qalaqlanmışdı. Ətrafı bürüyən çürüntü iyi, bu mənzərəni tamamlayan eşşək milçəklərinin-mozalanların vızılısı, ürək bulandıran nəcis qoxusu antisanitariyadan xəbər verirdi.Bir anlığa təsəvvürümə gətirdim ki, günorta vaxtı, istilər düşəndən sonra burdakı vəziyyət necə olacaq. Dəhşət!.. Bu tullantıların neçə gündür yığılıb qalmasını alverçilərin ayağı altından süzülərək ətrafa axan çirkab sulardan yaranmış gölməçələrdən bilmək olurdu. Qadınların, kişilərin geyimlərini nəzərə almasam, buranı-Əfqanıstanda əsgərlikdə olarkən gördüyüm tozlu-torpaqlı, haylı-küylü Kabil bazarına bənzədərdim. Bu ikrah hissi yaradan, iyrənc bir mənzərəydi.

Bu mənzərəylə heç cürə uyuşmayan, təzad yaradan başqa bir şey də vardı ki, içimdən nəyisə qoparırdı, siyirib atırdı. Bir neçə yerdə quraşdırılmış səsgücləndiricilərin qulaq pərdələrini belə silkələyən guppultusu, istər-istəməz beynlərə hakim kəsilən, tez-tez bir-birini əvəz edən bayağı ara mahnılarının divarlara dəyib əks-səda verən uğultusu səhərin bu alatoranında eybəcər bir ab-həva yaradırdı.Qulağının biri bir mahnını eşidirkən o birisinə başqa mahnı dolurdu.Elə bil müğənnilər bir-biriylə bəhsə girmişdilər, döyüşürdülər.Amma bu döyüş söz döyüşüydü, qılınc döyüşü yox!..Özü də harda, harda, mənim yazıq şəhərimin düz göbəyində.

Nəhayət qulaq batırıcı səs-küy, burnuma dolmuş o müdhiş qoxu yox oldu; səhərin gözü açılmamış qaynayan insan axını məni metronun düz girişinə gətirmişdi. ..

Beş dəqiqə dayanıb dərindən nəfəs aldım.Tanrı səsimi eşitmişdi – o basırıqdan beşcə dəqiqə gec qurtulsaydım, axşamdan yediklərim ödümlə birlikdə ağzıma gələcəkdi. Dərindən nəfəs alıb mazutlu, duzlu havadan uddum ki, bir az toxtayım.

Ətrafa göz gəzdirdim. Elə bil yad bir planetdəyəm. Nədənsə hər şey bomboz, solğun görünürdü gözümə. Metronun qabağında yarpaqları tökülmüş bir neçə ağac vardı. Qurumuş budaqları küçələrdən küləyin yığıb gətirdiyi sellofan torbaların, qəzet kağızlarının qırıqlarıyla “bəzənmişdi “– bayramdan sonra lazımsız şey kimi atılmış, ütülmüş yeni il yolkasına bənzəyirdi ağaclar…

Şəhər bakirəliyini itirmışdi!

Bir balaca özümə gələndən sonra hara gedəcəyimi götür-qoy etdim. Əslində gəlməyimin əsas səbəbini yaxşı bilirdim.Öz vicdani borcumu verməliydim! “Burdakıların nəyi məndən əskikdir ki ?!Mən kimdən artığam axı?!”– deyib gəlmişəm. Bir də, bir də Əjdərin verdiyi ünvan…

Əjdər , evlərində kirayədə qaldığım Əsmər xalanın kiçik oğludur. Bakıda oxuduğum illərdə düz iki il onların Yasamaldakı həyət evində otaq kirayələmişəm.Əsmər xala,ağır xəstəlikdən qurtulub ömrünü dörd övladına bağışlamış ərindən sonra uşaqlarını tək başına ayağa qaldırmaq üçün həyətindəki balaca otağı kirayəyə vermək məcburiyyətində qalmışdı.Əlindən tuturdu özü demişkən. Həm də universitetin yataqxanasında növbətçi işləyirdi.Bir həftə o, o biri həftə də Haykanuş arvad.

O vaxtlar bədən tərbiyəsi instutunda oxuyurdum.Yataqxana olmadığından universitetin dördüncü kursunda oxuyan kəndçimiz Araz komendantla dil tapıb məni də öz otaqlarına düzəltmişdi.Elə gəlib gedirdim ki, hamı məni oranın tələbəsi bilsin. Başımı soxmağa yer düzəltmiş komendantı ələ vermək olmazdı.Birdə ki, səhər gedib gecə gəlirdim; dərsdən sonra məşqlər, yarışlar bekar qalmağa imkan vermirdi.Sərbəst güləş üzrə respublika çempionu idim. Az-çox tanınırdım da.

Əjdərlə keçən il Saratovda görüşdük.Təsadüfə bir bax. On bir ildən sonra uzaq Rusiyada məni tanımışdı Əjdər.Axı o, məni ilk dəfə görəndə altıncı sinifdə oxuyurdu?

Unutmamışdım Əsmər xalanın yaxşılıqlarını.Mənə ana kimi nəvaziş göstərirdi.Elə isinişmişdim ki ona, hətta anamdan sonra atasız olduğumu unutduran yeganə insan vardısa, o da Əsmər xalaydı.Aradabir ev yeməklərinə -uşaqlarına nə bişirərdi məni də qonaq edərdı. Paltarlarımı özü yuyub ütülüyər, “qız-gəlin içinə çıxırsan “ deyib öz oğlu kimi qayğımı çəkərdi.Heç rəhmətlik anam da mənim corablarımı ütüləməzdi,amma Əsmər xala ütülüyərdi…

Əjdəri yaşadığım evə apardım.Dedim, nə qədər lazımdır qal mənim yanımda.Qaldı.

Beş-on günün söhbətidir. Dostumun ad günüydü. Tanışlıq üçün Əjdəri də ora aparmışdım.Yaxşıca yeyib-içdik, şənləndik.Necə oldusa söhbət Qarabağdan düşdü.Həmişə söhbət Qarabağdan düşəndə-əslində Qarabağ yaddan çıxmırdı-mən əsəbiləşərdim ki, gör nə qədərik burda, yığışıb gedəyin, birdəfəlik həll edəyin bu məsələni! Bəziləri susar, bəziləri də “bu oyundur, kim başlayıb, o da qurtaracaq”deyirdi.Mən onları başa düşürdüm. Axı çoxları atalarının puluna arxalanıb min bir oyunla bura qaçıblar ki, davaya getməsinlər, ölməsinlər. Bir şeyi başa düşmürdüm: axı həmişə belə olmayacaq, torpaqlar azad olacaq, qaçqınlar öz yurd-yuvasına qayıdacaq, bax, onda belələri necə baxacaq şəhid balasının gözlərinə?! Baxa bilsələr, onda şərəfli ölümün nə qədər gözəl olduğunu anlayacaqlar.

O gün həyatımda ikinci dəfəydi iski içirdim.(İlki dəfə əsgərlikdə içmişdim). Sağlıq deyib söz verdim ki, uzağı bir həftəyə Azərbaycana dönəcəm. Döyüşməyə gedəcəm! Heç kimdən səs çıxmadı.Özümü özümünkülər arasında nə qədər qərib hiss etdim həmən axşam…

Ad günündən evə dönəndə sözümün nə qədər ciddi olduğunu bilən Əjdər dedi:

–Rüfət qardaş, bir söz demək istəyirəm, bilmirəm, acığın tutmaz ki, mənə?

Əvvəl elə bildim pul-zad istəyəcək, utanır.Əlimi çiyninə qoyub dedim.

–Ayıb deyil? Biz ki, qardaşıq?…

Bir xeyli susdu. Pul məsələsinə oxşamırdı.Nədənsə baxışlarını məndən gizlədirdi.

–Utanıram deməyə, vallah…

Bu dəfə də danışmasaydı özümü ələ ala bilməyəcəkdim.

–Bilirsən…onda mən…görmüşdüm sizi…

“Sizi” deyəndə özümü itirdim. “Kimi görmüşdü? Harda?” Yaddaşımı qurcaladım. ”Lənətə gələsən, niyə içdim axı ? Heç nə yadıma gəlmir…” Sanki , yaddaşımla çarpışmağımdan əzab çəkdiyimi hiss edib məni bu bəladan qurtarmaq istədi.Güclə eşidilən səslə pıçıldadı:

–Haykanuş xalanın qızıyla…səni, bizdə…

İlahi,bu ana qədər özümü necə də rahat hiss edir, elə bilirdim ki, həyatımda özümə belə bağışlamadığım o axmaq hərəkətimə görə heç vaxt əzab çəkməyəcəm. O vaxt altıncı sinifdə oxuyan uşağın yaddaşında qalan axmağlığıma görə indi necə xəcalət çəkdiyimi təsvir edə bilmirəm.

Deyəsən yadıma düşdü. Hə, Haykanuş arvadın bir qızı vardı. Bəzən anası xəstələnəndə, ya da ki, vacib işləri olanda anasını əvəz eləyərdi.Əvvəllər onu heç görməmişdim. Bəlkə dəgörmüşdüm, amma fikir verməmişdim.Ümumiyyətlə, cavanlığımdan tanımadığım qızlarla ünsiyyət qurmaq mənim üçün çox çətin idi. İpə-sapa yatmayan kənd uşağı, böyük, tanış olmayan haylı-küylü şəhər məni bir az da sıxırdı. Bəlkə də xasiyətim ağırdır, ona görə. Bir az da zəhimliyəm-dostlarım belə deyir.Deyirdilər ki, o qədər qaş-qabaqlısan ki, hansı qız sənə yaxın durar? Səni görən oğlanlar belə söz deməyə qorxurlar, o ki qala qız ola..

Amma, nədənsə Marqo məndən qorxmamışdı,qaçmamışdı.Elə məni ovsunlayan da bu imiş…

Dediyim kimi, mən Marqo ilə görüşürdüm. Bəzən yataqxanada, bəzən də qardaşı və atası işdə olanda evlərinə gedirdim. Son vaxtlar isə kinoteatrdan başqa görüş yerimiz yox idi. Marqonun güclü ehtirası qarşısında dayana bilmirdim -mən də əriyirdim. Dəli kimi istəyirdik bir-birimizi, sevmirdik a, istəyirdik və ikimizə də elə gəlirdi ki, bu hisslərdən başqa özgə heç bir hiss yoxdur.Heç bir hiss!…

Əjdər deyən günü səhər dərsə getməyə hazırlaşıdım. Əsmər xala məni yola salanda tapşırdı ki, uşaqları iki günlük rayona aparacam, darvazanın da açarlarını götür, yoxsa küçədə qalarsan. İnstituta gedib üç-dörd saatdan sonra nə fikirləşdimsə evə qayıtdım.Evdə olmadıqlarına əmin olmaq üçün.Yox idilər.Sanki şeytan girmişdi qəlbimə.Sevindim.Avtomatdan Marqoya zəng vurdum ki, görüşək. Evə gətirdim onu-Əsmər xalanın evinə.Səhəri birgə açdıq. O qədər bəxtəvər idik ki! İlk dəfə Marqoyla bütün gecəni bir yerdə olmuşduq. Səhərisi gün Marqonu yola salandan sonra başa düşdüm ki, mən xəyanət etmişəm – Əsmər xalanın toxunulmaz, bakirə qalasına, ismətli ocağına xəyanət etmişəm.Və sən demə bunu duymuşdular.Mən yaddaşıma düyünlənib qalmış keçmiş günahımı qurcaladıqca Əydərin üzünə baxmaq belə istəmirdim. Utanırdım. Əjdər söhbətinə davam etdi:

–Sən özünü üzmə…belə…axı mənim evdə olduğumu bilsəydin gətirməzdin onu, düzdür? Axı, sən hardan biləydin ki, xalam qızı da gedəcək , maşında yer olmadığından məni aparmayacaqlar. Nə biləydin ki ?

O sual vermirdi, sanki var gücüylə sillələyirdi sifətimi.”Bilsəydim? Yox, Əjdər, bunu etməli deyildim! Açarı etibar edilən evi murdarlamağa haqqım yox idi. Olmamalıydı“. Nə qədər sadəlövh insan imiş bu Əjdər?!.. Bəlkə məni içimi didib dağıdan bu iztirablardan qurtarmaq üçün deyirdi bunları? Bəlkə də…Amma bir şeyi başa düşmürdü. Mən öz evim bildiyim ocağı murdarlamışdım. Və o, indiyə kimi hamıdan gizlətdiyi mənim vaxtı ötmüş xətamın üstünü açırdı. Ya da bilərəkdən mənə əzab verirdi.Bir tərəfdən də Əjdərə olan hörmətim birəbeş artdı, çünki ,məni o vaxt ifşa etməmişdi.

–Düzdür…əlbəttə düzdür,-dedim.-Bağışla…Bağışla sən Allah!

Sanki onun da, mənim də çiyinlərimizdən ağır daş götürdülər.

–Bilirsən, -deyə məni sakitləşdirdi.-Bunları yadına salmaqda məqsədim səni günahlandırmaq deyil.Əsla! –bir az susdu. Xəfifcə gülümsəyib sual dolu baxışlarını düz gözlərimin içinə zillədi.

–Sən onu, Marqonu… doğrudan sevirdin ?

Nə eşitmək istədiyini duymasamda çiyinlərimi tərpətdim. Tərəddüdlə:

–Buna sevgi demək olarsa,-dedim. – Başa düşdün, sevgi demək olarsa…

Doğrusu, o çılğın vaxtlarımda oxuduğum kitablarda da, hind filmlərində gördüyüm sevgi epizodlarında da hər şey başqa cür idi, romantik və nağılvari –Leyli və Məcnun, Romeo və Cülyetta kimi– arada məsafə, pərdə, özü də qalın bir pədə var idi ki, onu götürmək,qəzəblərə tuş gəlmək, ömrü boyu ağır məzəmmətlərə qatlaşıb peşimançılıqla yaşamaq demək idi. Səni üzmək üçün cavabı bilərəkdən gecikdirilən sevgi məktubları, cavab məktubunun bir küncündə dodaq boyasının ən qırmızısıyla basılmış dodaq yeri, sonra yad gözlərdən uzaq bir küncə çəkilərək həmin cansız, qırmızı boyalı dodağı günlərlə öpmək, qatlanmış kağızın arasına “Krasnaya Moskva” ətiriylə hopdurulmuş quru bənövşə çiçəyi-bunların hamısı vardı və hamısı da pərdənin o biri üzündəydi.Bu reallığın içində Aliyə də vardı.Biz bir-birimizi dəlicəsinə sevirdik.Bir gün görüşməsəydik, elə bilərdik ki, havamız çatışmır, dünya başımıza fırlanır.O həmişə yanımdaydı, ürəyimdəydi, lap hind filmlərindəki kimi. Hətta Bakıda oxuduğum illərdə də o mənimləydi.

Marqo isə ağır pərdələri çoxdan qırıb atmışdı və kənddə böyümüş, hələ də hind filmlərinin təsirindən çıxmayan bir oğlan uşağını ancaq təxəyyülündə canlandırdığı istəyinə qovuşdurmuşdu.O mənim nəfəs-nəfəsə, can-cana olduğum ilk qadınım idi . Marqo mənə sevişməyi öyrətmişdi, ancaq sevişməyi.Bizim münasibətlərimiz hədəqəsindən çıxsa da belə ürəyimdə özünə ömürlük yer tutmuş Aliyənin yerini ala bilmirdi, onu kimsə əvəz edə bilməzdi…

O, həyatıma mələk şəklində gəlmişdi… və gözləmədiyim halda xəyanətiylə bütün varlığımı viran edən iblisə döndü.Ən azından mən elə bilirdim. Sonralar,çox sonralar Arazla təsadüfi görüşümüz zamanı dərk etdim ki, elə mələyi iblisə özüm döndərmişəmmiş…

Söhbət başlayandan mənə çatdıracağı əsas məsələnin üstünə gəldiyinə görə dərindən nəfəs alıb dedi:

–Marqo… Bakıdadı.

–Nəə?…

Bilmədim mən yanlış eşitdim,yoxsa Əjdər nəyisə qarışdırırdı. Təəccübümdən, çaşqınlığımdan sifətimdəki ifadəni anlayandan sonra bir də təkrar etdi.Və bu iki kəlməni o qədər asan dedi ki, guya elə belə də olmalıydı. “Məni dolamısan?” demək istədim. Axı Avropayla Asiyanın yenidən birləşəcəyinə, lap Petrosyanın Amerika prezidenti seçilməsinə də inanardım, amma…amma Marqonun Bakıda qalmasına heç vaxt!.. Heç vaxt! Bu necə ola bilərdi?.. (İlahi, mən nə qədər sadəlövhəmmiş?!)

Əjdər ürəyimdən keçənləri oxuyurmuş kimi əlini ərklə çiynimə qoyub gülümsədi.

–Fikrindən dönməmisənsə, Bakıya gedəndə onu tap. Mütləq tap, – deyib, otaqdan çıxdı və bir neçə dəqiqədən sonra əlində bir parça kağızla qayıtdı.-O indi də səni sevir.

Yəqin ki, sənədlərinin arasında saxlamaqdan qat kəsmiş kağızda bir ünvan yazılmışdı: Nizami-105. Vəssalam.

Marqo mə

ni Bakıda yox, Yerevanda tanısaydı

,nə olardı ?

…İndi,metronun girişində cibimdən çıxarıb baxdığım Əjdərin verdiyi həmən kağız parçasıydı.

Daha metroya minməkdən vaz keçdim. Piyada getmək rahat olar.Yadıma saldım ki haradasa buralarda olmalıdır.Çantamı çiynimə keçirib üzü dənizə tərəf irəlilədim. İki-üç küçə keçib, sağa buruldum.Artıq dan yeri çoxdan sökülmüşdü. Bomboz binaların arasından, gözə çarpan dərəcədə zibilli səkilərdə, gah görünən, gah da itib-batan payız günəşinin canı qızdırmayan şüaları parıldamağa başlayırdı. Maşınlar işıqfora məhəl qoymadan şütüdüyündən yolu çətinliklə kecdim.

Bakıda payız ayları çox da soyuq olmur, amma nədənsə üşüdüm.Çantamdan əsl bu havanın malı olan gödəkçəmi çıxarıb geyindim. Sanki gözlərim heç nə görmür, qulağım eşitmir, yol boyu tələsik, gah da yüngül addımlarla kağızda yazılan ünvana doğru gedərək Marqo barədə fikirləşirdim.Axı Əjdər də əməlli danışmadı-necə olub ki, bu faciələrin yaşandığı bir şəhərdə erməni qızı azad-xürrəm yaşayır, işləyir?.. Bir tərəfdən də özümə gülürdüm.Bura Bakıdır e! Bu şəhərdə yüz illərdi ki, müxtəlif millətlər xoşbəxt yaşayıb, işləyib, ev-eşik qurub;yəhudi, gürcü, erməni, rus…özlərini burada heç vaxt qərib hiss etməyiblər, can deyib can eşidiblər. Toylarında, vaylarında da bir olublar. Heç biri bu torpağın çörəyinə təpik atmayıb. Amma, öz aramızdı, bu ermənilər həmişə nifaq salıblar da?!…


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации