Электронная библиотека » Yaşar Bünyad » » онлайн чтение - страница 6

Текст книги "İblis busəsi"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Yaşar Bünyad


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Hamamdan çıxarkən “həmişə təmizlikdə!”deyib əynimə ütülü köynək geydirən, gülər üzlə masa arxasına dəvət edib isti ev yeməklərinə qonaq edən, qayğıma qalan əsl qadın nəvazişini son dəfə nə vaxt görmüşdüm? Nə qədər istədim yadıma salam,yaddaşım məni çox uzaqlara, lap uzaqlara apardı…Subaylığın sultanlığını deyəsən çox yaşamışdım axı?…

–Sağ ol! –deyib, ütülü köynəyimi əynimə geyinib oturdum.Əvvəlcə salat və toyuqdan mənim nimçəmə, bir tikə də öz nimçəsinə çəkdi, sonra üz-üzə əyləşib əllərini stolun kənarında çarpazlaşdırdı, eynilə birinci sinif şagirdi kimi. Baxışlarını üzümdən çəkmədən necə iştahayla yeməyimə tamaşa elədi, baxdı…Mən də gözlərimi ondan çəkmirdim.Suallar… Onlara alacağım cavablar maraq dünyamı sakitləşdirmək üçün səbirsizliklə gözlədiyim məlhəm kimi rahatlıq gətirəcəyinə əmin olmasam da birdən-birə Marqo-Məryəmin gözlərinin dərinliyində illərin yığılıb qalmış kədərindən xəbər verən işırtıları gördüm.Bunu donmuş baxışlarımda duyurmuş kimi başını bir az da mənə yaxınlaşdırib soruşdu:

–İnana bilmirsən, hə?

Tikəmi udub dedim:

–Nəyə?…

Sözümü yarımçıq kəsdi:

–Necə oldu ki, mən qaldım ?-Dalısını deyə bilmədi.Kövrəldi.Ayağa durub üzü divara çevrilmiş televizora yaxınlaşdı, barmaqlarını üstündə gəzdirdi, pəncərəni örtdü, sonra divana yaxınlaşdı, başını cütlədiyi dizlərinin üstünə əyib oturdu.Danışacağı dəhşətlərin, çəkdiyi iztirabların izləri təptəzə idi, ağrılar getməmişdi.-Bilirsən nələr oldu? Rüfət, sən görsəydin…burda olsaydın…

Məryəmin illərdi yaddaşından həmişəlik silməyə çalışdığı acı xatirələrini oyatmışdım gəlişimlə.Qaysaq bağlayan yarasını qoparmış, üstünə duz səpmişdim deyəsən. Hansısa köhnə tanışına qəfil rast gəlsəydi belə çaşqın görünməzdi bəlkə.Məhz mənimlə görüşəcəyinə hələ də inanmırdı.İnana bilmirdi mənim kimi.Gizlincə sevinirdi.

–Bunları yaşamaq gərəkdi, Rüfət, yaşamaq!– Barmaqlarını əsəbindənmi, yoxsa yaddaşını nizama salmaq istədiyindənmi övucunun içində övuşdurur,sonra bir az toxdayıb çənəsini ovcuclarının arasında sıxırdı.-Hər şey Sumqayıtdan başladı…Əslində… bu çoxdan başlamışdı. Görən, duyan yox idi bəlkə… Ancaq Sumqayıt…Bilirdin də, xalamgil Sumqayıtda yaşayırdı. O axşam xalaoğlu Suren al-qan içində bizə gəldi.İlahı,yadıma düşəndə dəli oluram, Rüfət !

Qəhər boğurdu onu.Danışdıqca tez-tez burnunu çəkə-çəkə nəfəs alır, tikəsi qalıbmış kimi boğazını arıtlayır, əlinin dalıyla göz yaşını silib hıçqırırdı.Heç vaxt onu belə köməksiz və yalqız görməmişdim.Bu mənim tanıdığım Marqo deyildi…Qalxıb divanda oturan Məryəmə yaxınlaşdım.Qolumu çiyninə sarıyıb başını sinəmə sıxdım. Məni yanında görüb ürəkləndi.Hıçqırıq azaldı.

–Eşitmişdim…

–Eşit-miş-dim…-Sözümü təkrarlayaraq üzünü sinəmdən qaldırıb gözlərimin içinə elə baxdı ki, sanki bütün olanlara bais mənəmmiş.Səsi daha çox zəif bağırtıya bənzəyirdi.-Hardan eşitmişdin, televizordan? Eşitmək yox, onu görmək, yaşamaq lazım idi, Rufətcan, yaşamaq!

Bu ittihamı mənə yer elədi.O illərdə Vətəndən uzaqda olduğuma görə özümü bir az müqəssir də sandım.Axı mən bəziləri kimi el-obamı darda qoyub qaçmamışdım? Sovetin dövründən Saratovda yaşayırdım. Onda hamımız bir vətənin övladları deyildikmi? Mənim də alnlma belə yazılıbmış. Sevgimi itirdim, institutu bitirə bilməsəm də əsgərliyə getdim, kişi kimi xidmət etdim.Qayıtmadım daha. Qaçdım buralardan. İtkilərimlə barışa bilmədim. Gücüm çatmadı-acıları, ağrıları daşımağa gücüm çatmadı.Böyük zavodların birində işləyirdim… Zavodun, şəhərin, həmdə vilayətin fəxrı idim.İdman nailiyyətlərim vardı.

–Sakit ol, Məryəm,sakit…sss…-deyə pıçıldadım.-Özünü ələ al, İstəyirsən heç danışma…hə?-Sakitləşdirməyə çalışdım.O isə sakitləşmədi.Bu fürsəti gözləyirmiş.Onu boğan, kabus kimi izləyən acı xatirələrini burada, indi yerbəyer etmək, ürəyini tamam boşaltmaq, azad, azad olmaq, ağ bir göyərçin kimi mavi səmalarda qayğısız, xoşbəxt qanad çalmaq istəyirdi.Başqa heç nə!

Bu mümkün idimi?!…

–Rüfət, xalam oğlu Sumqayıtdan “Ermənikənd”ə qədər piyada gəlmişdi.Bizə dedikləri dəhşət idi, Rüfət, dəhşət! Dedi ki…atasını Yerevandan gələnlər dördüncü mərtəbədən tullayıblar…Xalamla qızını zorlayıb…sonra quvaldla başlarını əzib xəşilə döndəriblər…Yazıq uşaq çörək almağdan qayıdanda görüb bünları…Qonşuların köməyilə qaça bilmişdi…

Məryəm yaşadıqlarını kino lentinə köçürdüyü ardıcıllıqla nəql edir, birdən naşı kinomexanikin səhlənkarlığından lent qırılır, işıqlar yanır, yenə lent bərpa olur, qaranlıq çökür, film davam edirdi....

Danışırdı ki, Sumqayıtdan əsən küləyin qarşısını alsaydılar Bakıda yanvar faciəsi də olmazdı məncə.Çox çətin və ağır zaman idi.Qarışıqlıq idi.Necə deyərlər “it yiyəsini tanımırdı”.

Mənə elə gəlidi ki, Məryəm hansısa bir sirri məndən gizlədir.Ya da o sirri açmaq üçün həmin gizlin, mənə məlum olmayan məqamlara hər şeyi əvvəldən axıra kimi xırdalayaraq gəlmək istəyir. Nəydi Məryəmin sirri? Ümumiyyətlə, Məryəmin məndən gizlədəcəyi nə ola bilərdi?

–Bilirsən, Rüfət, bəlkə mən də gedərdim hamı kimi,-dedi.-Unudardım doğulduğum şəhəri, dostları, hər şeyi… unudardım. -Ah çəkib ayağa durdu,mizin yanında var-gəl etdi, pəncərəyə yaxınlaşdı. -Əgər o gün olmasaydı.

Mən başımı tərpədərək “hansı gün?” deyə soruşdum.

–Atam Yerevandan xəbər almışdı ki, Bakıda böyük qırğın olacaq, tez evlərinizi satıb qaçın…Anamgil təlaş içində tələm-tələsik evi satdılar ki, heç kim şübhələnməsin. Pulu Krasnodarda yaşayan dayımgilə göndərdilər. Evi alan gəncəliydi və biz köçmək üçün bir ay möhlət istəmişdik. Rüfət, inan , əgər o gəncəli kişisi də atam kimi bilsəydi ki, bir-iki aya Bakıda nələr olacaq, heç qara qəpik də verməzdi atama… Mən dedim ki, getmək istəmirəm. Sonra gələrəm demişdim ki, atam : “Sonra?… Sonra, leşin gələcək “-dedi. -Bu oğraşlar bizi it kimi qıracaqlar, başa düşürsən, it kimi!..”

Mən başa düşmürdüm, nələr olacağını ağlıma da gətirə bilmirdim.Mən tərsəm axı, sözümün üstündə durmuşdum. Səhərisi gün yataq otağında atamla anamın möhkəmcə dartışdığını eşitdim.Qapını bağlamışdılar ki, söhbətlərini eşitməyək.Qardaşım hələ yatırd. Onsuz da işə getmirdi. Son vaxtlar vəziyyət elə gərginləşmişdi ki, şəhərin küçələri qır tiyanı kimi qaynayırdı.Mitinqlər davam etdikcə küçəyə çıxmaq, işə getmək nəinki bizdən, elə azərbaycanlılardan da qəhrəmanlıq tələb edirdi.Ona görə oturub hər şeyin necə qurtaracağını, daha doğrusu, sonumuzu gözləyirdik. İmkanlı ermənilər dostlarının köməyilə təyyarəyə bilet alıb aradan çıxmışdılar…Hə, söhbət məndən gedirdi.Qapıya yaxınlaşıb qulaq asdım.Atam elə hey təkrarlayırdı:”Qancuğun da atası oğraşa oxşayır.Qan çəkir ha! Qanı it qanıdı, ha…” Əvvəl başa düşmədim.”Niyə öz qanına it qanı desin ki ?”

Həyətə çıxıb tut ağacının altında oturdum.Bilmirəm niyə ağladım…Rüfətcan, sonra anamdan öyrəndim: sən demə mən,mən Aramın yox, Zakirin qızıyammış! Anam bic doğubmuş məni. Aram –mənim atalığımmış. Anamı çox sevdiyindən xəyanətini də bağışlayıb, mən doğulmamış onu arvad edib özünə…Bu xəbər ildırım kimi başımda çaxdı. Aramdan iyrənirdim. Ağlıma gətirə bilmirdim ki, kişi olan kəs hər gün üz-üzə gəldiyi birisinin belindən gələnin “bic”inə necə yiyə dura, necə başına papaq qoyub gəzə bilərdi? Bilirsən Rüfət, yaxşıki mən kişi olmamışam.Elə əsəbiləşmişdim, bu gen dünyada canımı qoymağa yer tapmırdım, nə edəcəyimi, hara gedəcəyimi bilmirdim…

Mən qəfil soruşdum:

–Zakiri…atanı tanıyırsan?

Başını aşağı-yuxarı tərpətdi yəni “ hə”, sonra dilləndi:

–Evimizin tinindəki sapojnik Zakir…Yadındadı?..Türmədə öldü sonra…

–Türməyə niyə düşüb ki?

– Bilmirəm,-deyib xəcalətindən başını sinəsinə tərəf əydi.

Getsəydi, heç vaxt görüşmək qismət olmasaydı bu sirr, qəmli hekayət barədə bilməyəcək, onu həmişə tanıdığım kimi şən, özündən razı, şıltaq qız kimi xatırlayacaqdım.İndicə, məni illər boyu düşündürən bir suala da cavab tapmışdım: azərbaycanlı uşaqları rus məktəblərində oxumağa meyilli olduğu halda, Marqo-Məryəm tanıdığım və eşitdiyim, bəlkə də yeganə erməni idi ki, Azərbaycan məktəbini bitirib, yaşıdları “çuşka” deyib çağırsaydılar da, dilimizi də bizim kimi bilirdi,sanki, bu günkü aqibətini qabaqcadan bilib, özünü sirli boxcanın açılacağı günə hazırlayıbmış qızcığaz. Bir də yəqin etdim ki, Aramın acığından deməsinə baxmayaraq, onun qanı heç də “it” qanı deyildi.

–Əsmər xala yadındadır ?

–Onu yaddan çıxarmaq olar?!-dedim.”Sənin ünvanını mənə Əsmər xalanın oğlu verib” əlavə etmək istədim, amma susdum.-Nə olub ki?

–Allaha şükür, sağ-salamatdır Əsmər xala.Qocalıb bir az.Vaxtın olsa baş çəkərsən…-Yenə lent qırıldı…Ah çəkib ayağa durdu.– Bir çay dəmləyim,-dedi,-boğazım qurudu. -Mətbəxə keçib çaydanı suyla doldurdu, qazı yandırıb ustünə qoydu.Mən yaxşı eşidim deyə bərkdən, mətbəxin açıq qapısından otağa boylanaraq söhbətinə davam etdi. – O gün evdən qaçdım.Əsmər xalagilə getdim…Yeganə güvənəcəyim ailə idi. Anamgil necə oldu bilmədim. Bir ay keçmişdi, yanvar faciəsi baş verdi…Təsəvvür edirsən, Bakının küçələrində tanklar şütüyür, güllələr yağış kimi yağırdı.O gecə…Əsmər xalanın böyük oğlu “XI qızıl ordu “ meydanından yaralıları Respublika xəstəxanasına daşıyanda özü də ağır güllə yarası almışdı.Yazıq oğlanın bir ayağı şikəst olub…Dəyərsən onlara, mütləq…

Qəfədan fit çalan kimi qazı keçirdi, dəm çaydanına iki qaşıq quru çay atıb dəmə qoydu.Mətbəxdəki divara vurulmuş dolabdan iki armudu stəkan və nəlbəki götürüb yudu. Sonra dəm çaydanıyla stəkanları, kəllə qənd doğranmış qəndqabını podnosa qoyub otağa qayıtdı. Bir neçə saniyə keçmədi ki, otaq təzə dəmlənmiş kəkotulu çayın ətriylə doldu…

Məryəm, Əsmər xalanın köməyilə “yeraz” olduğundan, guya, qaçqın düşərkən valideynlərini, sənədlərini itirdiyindən, hansısa məmurun köməyilə sənədlərinin qaydaya salınmasından, hətta, imkanlı bir bakılı xanımın onu qızlığa götürməsindən də danışdı. Sonra dəhlizə keçib asta-asta çantasında eşələndi, axtardığını tapa bilmədiyi üçün əsəbi halda otağa qayıtdı, çantanı çevirərək içindəkilərini mizin ustünə boşaltdı: bir neçə dodaq pomadası, arxası güzgülü köhnə daraq, kosmetika dəsti, solfetka,yanmış soğan rəngində metro jetonları, tərə qarşı dezodorant, bir də pasport. Pasportu sevincək götürüb araladı, şəkil olan səhifəsini açıb mənə göstərdi. Şəkil Məryəmin idi. Oxudum: “ Murtuzova Məryəm Zakir qızı.”

Özünü yaxşı tanımasa da, bir atalıq qayğısı görməsə də adını üstündə saxlamışdı. Mənə göstərəndə üzünə baxdım: gözləri fərəhdən parlayırdı.Başımı razılıq əlaməti olaraq tərpətdim ki, düz eləmisən. Bunu gözləyirmiş kimi gülümsədi. Gülümsəmək ona necə də yaraşırdı.Marqo güləndə əsl Marqo idi-əvvəlki Marqo.

–Bu ,-dedi,-lap gözlənilməz oldu… Qaçqınlara yardım paylanırdı.Xəcalət çəkə-çəkə dayanıb növbəmi gözləyirdim.İndi də yadıma düşəndə bədənim titrəyir…O vaxtlar, elə indi də, izdiham içində olanda, elə bilirdim bax, bu dəqiqə məni kimsə tanıyacaq, “Marqoo, erməni qancığının doğduğu…Ay camaat, ay müsəlmanlar, bu qancığı tanıyıram…ermənidir…” deyəcək, sonra da saçımdan tutub sürüyəcəklər şəhər boyu.Şəhərdə belə hallar baş verdiyindən, o məmur da mənə qəfil yaxınlaşanda bilirsən necə qorxmuşdum? Ürəyim qırılıb ayağımın altına düşmüşdü sanki....

“Qızım, bir qoca, xəstə qadın var, ona qulluq edərsən? Əlbəttə, sənə yaxşı məvacib vermək şərtiylə… Əlacsız xəstədir, baxanı yoxdur ” deyəndən sonra ürəyim yerinə gəlmişdi. Bu ki mənimçin göydəndüşmə idi ?! Razılaşdım. – Bax,-deyib, əllərini havada yelləyərək otağı göstərdi,-bu evə gətirdi məni. Qadın çox ağır yataq xəstəsiydi.Amma gözəl insan idi. Cəmi altı ay baxa bildim ona.

–Bəs sonra?…

–Öldü.Həkimlər düzgün müalicə etməyiblərmiş…

Əzizini yenicə dəfn edib qayıdan adam kimi kövrəlib susdu.

Stulu altına çəkib oturdu.Bayaqdan soyuyub qalan toyuq budunu nimçənin içində çəngəllə o yan– bu yana çevirdi, sonra toyuq budunu rahat buraxıb mənə döndü. Yorğun baxışlarında bir qədər rahatlıq duydum.Daha o qorxu da yox idi, harasa çəkilib getmişdi.Dərdini danışıb ürəyini boşaltdıqca yüngülləşdiyini hiss etdiyindən özü də sevinirdi.

–Ölməmişdən iki gün qabaq öyrəndim ki, məni qulluğa götürən məmur, sən demə onun oğluymyş.Təsəvvür edirsən?

– Özü demişdi?

–Yox , oğlu…Altı ayda o qadına elə isinişmişdim ki… Aralarında nə baş vermişdi bilmirəm. Ağır xəstəliyindən əziyyət çəksə də bir dəfə də oğlundan şıkayət-filan etməz, daha doğrusu övladının olduğunu, özü də elə bir vəzifədə işlədiyini dilinə gətirməzdi.Qürurlu qadın idi rəhmətlik!…Oqlunun dediyinə görə hələ dünyasını dəyişməmiş anasının son arzusunu yerinə yetirmişdi; məni qızlığa götürüb, evi də adıma keçirmişdi…Bax belə…Rüfət-can , be-ləə…

Bayaqdan fikir verməmişdim– otaqda saat yox idi. Pəncərədən də gündüzün işıqlı siması görünmürdü, deməli axşamdır. Gör neçə saat keçmişdi.O danışır, mənsə qulaq asırdım.Dəqiq desəm, sanki yarımçıq qalmış kitabın ən maraqlı hadisələrlə dolu, lakin cırılıb atılmış bir neçə səhifəsini sonralar hardansa taparaq yerinə yapışdirır, təzədən oxuyurdum elə bil. Oxuduqca hansısa səhifənin çatışmadığını hiss edir, geri qayıdır, cümlənin bitmədiyini gördükcə o itmiş, çatışmayan səhifənin harda olduğunu, tapacağıma əmin olmaynda nədən bəhs edəcəyini özlüyümdə götür-qoy edirdim.”Atası Zakirimiş…Nə olsun ki? Buna görəmi qalmışdı? Axı Zakiri heç tanımırdı…” Məntiqini anlamaq istədiyim hərəkətin içində gizlənən nəsə vardı.Qaranlıq otaqda qara pişik axtaran, həmən pişiyin fosfor saçan gözlərinin nə vaxt parıldayacağını, “miya-oo” deyib tükürpədici səslə qəfil üstümə atılacağı anı gözləyən insan kimi Məryəmin bəlkə də haqq qazandırdığım, rəğbət bəslədiyim bu addımına inanmağım gəlmirdi.Pişik isə zülmət kimi qaranlıq otaqda divarın küncünə qısılıb sakitcə mürgüləyirdi…

Birdən:

–Rüfətcan,-dedi,– mənə inanmırsan?-Gözlərimin içindən də o yana, lap dərinliyə baxaraq verdiyi qəfil suala cavab axtarırmış kimi gözlərini qıydı, diqqətini məchul bir nöqtədə cəmləndirib rentqen aparatında o məchulun şəklini çəkib diaqnoz qoyacaq həkimsayağı baxdı.Deyəsən səmimiyyətinə inandığımı, lakin nədənsə tərəddüd etdiyimi oxuyan həkim heç rentqenə də ehtiyac olmadan o dərinlikdə yazılan “şübhə” diaqnozunu təsdiqləyərək, yüngülcə təəssüf hissiylə qımışdı.-Bilmirəm inanarsan, ya yox…indi özümü çox rahat hiss edirəm.Çox rahat.

Alnımda soyuq tər damcıları hiss etdim. O bürkülü yay günündə sevgi macarası axtaran, dünya vecinə olmayan Marqodan əsər-əlamət belə yox idi.Bu başqa Marqo idi-Məryəm idi.Sanki qocalmışdı da…Ürəyini boşaltdığı üçün içində yığıb topladığı nifrət qızdırma verən kor çiban kimi partlamışdı, ürəyi sustalıb sakitləşmişdi. Hansı iztirablar keçirtdiyini dərk etmək üçün O olmaq mümkün idimi? Bir, beş,yüz pis, qəddar, əqidəsi, vicdanı pozuq kişiyə görə bütün xalqına bu qədər nifrət etmək nə qədər düzgündür? Bəlkə bir, beş,yüz deyildi onun bildikləri, çox idi, ona görə? Kəlmə başı “əfsuslar olsun, əfsuslar olsun” demək istəyən, lakin dilinə gətirməsə də ömrü boyu məftun olduğu, uşağından qocasına kimi şən, mehriban, yeyib-içən xalqına, əvvəllər görmədiyi, eşitmədiyi qəddarlıqlarına görə bəslədiyi nifrətində təəssüf dolu ağrı sezilmirdimi?

–Rüfət, bilirsən indi mən kiməm?-sualına özü də cavab verdi.-Mən, uşaqlığını, gəncliyini, sevgisini,adını, həmişəlik yaddaşından silən, uydurma həyat tarixçəsiylə,yalanlarıyla özünü ovudan, geridə dilə gətirəcəyi xatirəsi belə qalmayan bədbəxt bir qadınam. Hansı millətə mənsub olduğumu da, keçmişimi onlar əlimdən aldılar, Rüfət, onlar…Bu təkcə mənimmi faciəmdi? Axı mənim günahım nədi, hə?…Güclə unutmağa çalışdığım keçmişimdən,mənim unutmaq istədiyim gəncliyimdən qonaq gələn şirin xatirəm… təkcə sənsən.Gəlişinlə həyatımı işıqlandırdın, özümə qaytardın məni… Bunu çox görmə mənə…

Yaşadığı son illərin təqvimində nə yaz, nə də yay mövsümü varmış. İniltili yalvarışında payızın sızağı, qışın şaxtası duyulurdu. Bir də qəmli melodiya-fırtına qopmuş dənizin sinfoniyası…

O indi ağlamırdı…Hıçqırırdı…

Əlimi bayaqdan süzülmüş çaya uzatdım . Soyumuşdu.

…sarsıntıydı o hasarın adı…

Bütün gecəni özümü bir noxud dəni üstündə yatan şəhzadə kimi hiss etdim; yuxum ərşə çəkilmişdi. Təkcə ona görə yox ki, gün boyu bu dörd divar arasında eşitdiklərimdən sarsılmışdım, yuxum qaçmışdı-yox. Həm də ona görə ki, gedəcəyim başqa yer olmadığından Məryəmin bir otaqlı mənzilində, açılma divanda,bir dəst yorğan-döşəyi onunla ikilikdə bölüşürdük.Belə gecənin asudəliyini, sərbəstliyini əvvəllər nə qədər arzulasaydıq da, indiki fürsət əlimizə tək-tük hallarda düşərdi, indi, hadisələrin araya gətirdiyi ağırlığından təsirləndiyimizdən bir-birinə yad adamlar kimi arxa-arxaya uzanaraq, məzar səssizliyində kimin bu sükutu birinci pozacağını götür-qoy edirdim.Aramızda barmaq qalınlıqda örtüyün olmasına baxmayaraq elə bil hansısa gözəgörünməz qüvvə bu sərhəd xəttində daşdan hasar çəkmişdi.Sarsıntıydı o hasarın adı.

O dəvə yunundan toxunmuş odeyalın küncünü çənəsinin altına yığaraq gözlərini yummuşdusa da yatmadığına əmin idim.Zənnim məni aldatmırdısa Məryəm yuxuya gedəndə zəif, lap uzaqlardan gələn fit səsinə bənzər qəribə səs çıxarardı.Sanki qızın səs telləri “mi” notuna köklənirdi.Üzü divara hərəkətsiz uzansa da mənim kimi yuxusunu tapa bilmirdi.Ara-sıra küçədən şütüyən avtomobillərin boz tavanda görünüb tez də yox olan işıq seli də fikirlərimi pərən-pərən salmışdı.

Özümü güclə saxlayırdım.Bu tabut kimi darısqal yataqda vurnuxmaq, azca çevrilib ona toxunmaq, nəfəsini, qoxusunu duymaq,əvvəlki kimi sinəmə sıxmaq…istəyi hər saniyə baş qaldırsa da buna cəsarət etmirdim.Aramızdakı məsafə yaxın olduğu qədər də əlçatmaz olmuşdu.Əslində bu belə deyildi.Yəqin o da mənim kimi düşünür, mənim nə edəcəyimi gözləyirdi. Kim? Yanımda uzanıb cınqırını belə çıxarmayan, məni tərəddüd içində boğan,daş kimi quruyub qalmağıma səbəb kimdi?Marqo, yoxsa Məryəm?!.. Deyəsən dəli olacam.

Qəfil havadan asılan sükut qırıldı.Birinci dəfə idi mənim barəmdə nəyisə öyrənmək istədi.Bəlkə də bir gün, əgər mənimlə qarşılaşarsa, məhz bu sualı verəcəyinə şübhə etmirdim.

–Evlənmədin heç?

–.........

–Yatmısan?

–Yox..

–Bir söz de.

–Alınmadı məndə.

–Hə…Niyə xəbərsiz getdin?

–Bilmirəm…

–O qədər gözlədim ki…Dedim bu sondu, qaçışdı.

–Yox, özümü axtarırdım.

–Tapdın?

–Yox, itirdim.Heç yoxmuşam kimi.

– Heç kəsi sevmədin. Sevə bilmədin deməli.

–Yat…

–Yata bilmirəm.

– ......

–Yadındadır?…

–.......

Biz sevginin yox, ehtirasın qurbanıydıq

Marqo məni yataqxanada çox görübmüş.Həmişə gözləriylə yola salıb, gözləriylə də qarşılayıbmış.Özü belə deyirdi. Deyirdi ki, görən kimi vurulmuşdum sənə; boy-buxunlu, göyçək, muskullu, zəhimli, hə, zəhmli olduğuna görə lap xoşum gəlirdi səndən. Kişinin gərək hökmü ola deyirdi.

Ara-sıra yataqxanada görüşürdük. Bir gün də komendant Mirzəli kişi mənə xəbərdarlıq elədi ki, “qələt”indən xəbərim var haa, özünü yığışdır.Mirzəli kişinin bir sözünü iki eləmək olmazdı.Mən də özümü yığışdırdım, daha doğrusu şələ-şüləmi yığışdırıb yataqxanadan çıxdım.

Sağ olsun Əsmər xala, mənə həyan çıxdı.Evlərinə apardı.Yoxsa, tədris ilinin ortasında Bakıda başını altına soxmağa dam tapmaq müşkül iş idi.Ayı 20 manatdan otaq kirayə etdim və qərara gəldim ki, bu məsələyə son qoyum.Son vaxtlar dərslərdən yayınır, fikrim-zikrim onun yanında olurdu.Özüm də bilmirdim hansı yolu seçim…

“Gənclik”də görüşüb məsələni həll eləməliydik.Qəti qərara gəlmişdim ki, birdəfəlik bu əlaqələrə son qoyum.Elə bil duyuq düşmüşdü,qaçırdı məndən.Nəhayət tutuşduq. Marqo mənə ağız açmağa imkan vermədən elə hey romantik sevgidən danışır, danışır, mənim başımda isə başqa yellər əsirdi.Güclə fikrimi cəmləyib dedim:

–Mənim…Başa düş,mənim nişanlım, göbəkkəsdim var. Aliyə…

–............

– Sən ki bunu başa düşməlisən?!

–............

–Xahiş edirəm…yalvarıram, unudaq hər şeyi getsin. Mən gərək bunu etməyəydim !

Özümdə təpər tapıb içimi boşaldandan sonra mənə elə gəlirdi ki, o əsəbiləşəcək, məni lənətləyəcək, nə bilim daha nələr deyəcək və sonra da sarsılıb ağlayacaq. Amma belə olmadı– o nə ağladı, nə də bir kəlmə də xətrimə dəyəcək, məni sındıracaq söz dedi.

–Sənin günahın deyil bu.-Nəhayət ki,dindi.-Bu mənim, mən axmağın seçimidir.Özümlə bacara bilmirəm… Bilirsən, sən başqasan.

–Necəyəm ki?

– Bilmirəm, necə deyim ki, başa düşəsən.Tanıdığım kişilərə bənzəmirsən.Heç kimə bənzəmirsən.

–Tanıdığın çox kişi varki?

–Əlbəttə.

–Neçəsi?

– Nofəl, Rafik…sapojnik Zakir, Lətif müəllim, Armen, Bəxtiyar…

İlahi, bunlar kimdi görəsən? Necə də utanmadan sakit-sakit sadalayır tanıdığı kişiləri? Yəni doğrudanmı bu kişilərin hər biriylə yatıb?

Elə bildim sifətimə tüpürdülər.

–Saxla görüm. Dolamısan mənii?

–Yoox…

–Sadaladığın kişilərin hamısıyla…

–Ay dəli… -deyib qəhqəhə çəkib sözümü yarımçıq qoydu.Başa düşmədim məni lağa qoyur, yoxsa əsəbindən belə gülür.Güclə özünü saxlayıb gözlərimin içinə baxdı. Sonra da heyfslənərək mənə dikəlmiş nəm baxışlarını aşağı dikdi.– Bunlar qonşularım, dostlarımdı…

–Yaxşı…bəs oo?..

–Kim-o?

–Səni… səni…

“Lənət sənə kor şeytan,səni zorlayan, nə bilim, üzünü açan…” demək istədim.Boğazım qurumuşdu, ürəyimdə fikirləşdiyimi dilimə gətirə bilmirdim.Sifətinin allanmasından başa düşdüm ki, nə soruşacağımı duydu.İndiyə kimi bir dəfə də olsun bu barədə danışmamışdıq.Düzdür, bir neçə dəfə özü istəmişdi ki, söhbəti açsın, mən razı olmamışdım. ”Axı nəyimə gərəkdi onun kim olduğu? Bu onun öz seçimidir”-deyə fikirləşmişdim.Bəs indi? Yoxsa qısqanırdım onu?! Kimi, Marqonu? Axmaq uşaq, söz tapdın da!

Gizlədə bilmədiyim marağımı gözlərimdən oxuyurdu.Sadə bir kənd uşağı üçün gənc qadının heç kəsə məlum olmayan gizli eşq macaraları, intim həyatı barədə bilmək, əlbət ki, iyrənc olduğu qədər maraqlıydı.Kim nə deyir desin, hər kəs “eh, nəyimə gərəkdi “ desə də özgə həyatıyla, xüsusən də gizli həyatıyla maraqlanır, başqasının həyatındakı ən xırda detalları da bilməyə cəhd edir, amma bunu özgələrinə etiraf etməyə cəsarəti çatmır.

Marqo yəqin ilk dəfəydi yad kişiyə bu barədə danışırdı.Əvvəlcə qızara-qızara söhbətə başlamasından,başını aşağı salıb qırmızı laklı dırnaqlarını ilk dəfə görürmüş kimi o yan-bu yana çevirib baxmasından,arada da əllərini qoşalayıb ətəyinin ucunu dartıb baldirının arasına yığmasından hiss edirdim ki, həyacan keçirir. Münasibətlərimizin bir neçə aydı davam etməsinə baxmayaraq, acı taleyini yada saldıqca sadəlövhcəsinə aldandığından, alçaldığından utanırdı, necə olmasa, mən onunçin yad kişiydim axı.

Marqo, özü demişkən, billur qab kimi daşlara dəyib çilik-çilik olmuş– bitməmiş sevgi hekayəsini danışırdı:

–Onun adı Armen idi. Qonşumuz… On yaş məndən böyük.Boylu-buxunlu, səliqəli geyinən, yaraşıqlı olduğundan məhləmizdəki oğlanlardan fərqlənirdi. Gözünü məndən çəkmirdi, mən də biganə deyildim, xoşum gəlirdi ondan…Mən səkkizilliyi bitirən gün onun ad günüydü. Anam “Kubinka”dan aldığı fransız köynəyini və qalstuku mənə verib dedi ki, sən get təbrik elə, biz də bir azdan gələcəyik. Ona vurulduğumu anam çoxdan hiss etmişdi, tez hədiyyələri götürüb Armengilə qaçdım.Bütün qonşular onların həyətinə yığışmışdı.Məhləmizdə həmişə ailə bayramlarını birlikdə qeyd edirdik deyə, həm də anası yataq xəstəsi olduğundan süfrəni qonşu arvadlar açmışdı; kimi bir qazan dolma, cürəbəcürə salatlar, kimi balıq basdırması, kimi spirtli içkilər, Mədrəsə kəndindən gətirilmiş küp çaxırı, kimi də meyvə-tərəvəz gətirib düzmüşdülər masanın üstünə.Armenin atası ölənə kimi “Azərittifaq”da işlədiyi dövrdə “Vneştorq”dan çırpışdırdığı bir toyun adamına bəs edəcək bahalı servizlər, çini qablar, “Boqema”dan billur qab-qacaqlar da süfrəyə yaraşıq verirdi....

Hədiyyələrim onun çox xoşuna gəlmişdi,elə mən də… Hədiyyəyə görə minnətdarlıq etməyi bəhanə edib məni öpdü,özü də dodaqlarımdan.Demək olar ki, hər gün onunla rastlaşmağıma baxmayaraq ona bu qədər yaxın olmamışdım.

Son zəng olduğundan bayramsayağı geyinmişdim.Armenə elə gəlmişdi ki, onunçun bəzənib-düzənmişəm. Onun da məndən xoşu gəldiyini dəfələrlə demişdi. Demişdi ki, tez ol, məktəbi qurtar, alacam səni.Aramızda on yaş fərqin olmasına fikir verməzdim. Kişi böyük olsa yaxşıdı; ağıllı, müdrik, dünyagörüşlü, həm də pul qazanan…

Hə, ziyafət çox maraqlı keçirdi.Yaşlılar, cavanlarla üz-üzə oturmuşdular.Hamı yeyib-içir, “Soni” maqnitafonunda Zeynəb Xanlarovanın kasetini oxudub rəqs edir, azca ara sakitləşən kimi məzəli əhvalatlar danışıb gülüşürdülər.Anasının çarpayısını da qoymuşdular lap qapının ağzına ki, heç olmazsa baxıb arvadın gözü-könlü açılsın, xəstəliyini unutsun.Doğrudan da, arvadın gözləri gülürdü o gün.

Armen özünü çox xoşbaxt hiss edirdi.Küp çaxırından içib kefləndiyindən özünü bir az da sərbəst aparırdı.Fürsət düşən kimi mənə göz-qaş edir, bu gur məclisdən aralanmağımı işarə edirdi,özü də həyətin o biri başında tikilmiş təzə qarajı göstərirdi.Bu göz vurmalar bir-iki dəfə təkrar oldu.Özümü görməməzliyə vurur, qəti qərara gələ bilmirdim. Cavanlar şıdrığı rəqs edirdilər, mən də durub onlara qoşulmaq istəyirdim ki, gözüm rəqs edənlərin arasında Armeni axtarmağa başladı, darıxdım elə bil onunçun. O qeyb olmuşdu.Birdən yadıma qaraj düşdü.”Yəqin məni gözləyir, qoy gözləsin” deyə fikirləşdim.Ətrafa baxdım,aləm bir-birinə qarışmışdı. Armenin yoxluğunu duyan yox idisə, deməli məni də itirib axtaran olmayacaq.Anam Armenin anasının yanında oturub şirin-şirin söhbət edirdi.Atam qonşularla içirdi.

Bilmirəm, yadımda deyil, nəyi bəhanə edib qaraja tərəf getdim, bir də gördüm ki, qarajın qapısından içəri girmişəm.İçəri azca qaranlıq idi.Balaca pəncərədən düşən zəif işıq da təzə suvanmış qarajı işıqlandıra bilmirdi.Səsimi çıxarmadan nəyisə axtarırammış kimi gözlərimi qarajın boz suvaqlı divarlarında gəzdirirdim ki, pəncərənin altından bir iri, ağır əl baldırımdan yapışdı.Qorxudan diksinib qışqırmaq istədiyimi hiss etdiyindən “sss” deyib məni özünə sarı çəkdi.Necə güclüymüş! Gözüm qaranlığa öyrəşdikcə başa düşdüm ki, bu sakit guşə onun yayın istisində tənhalığa qapandığı yeridir; pəncərənin aşağı hissəsində quraşdırılmış köhnə çarpayı, nimdaş döşəyin ustünə sərilmiş, bir az çırklənmiş ağ döşəkağı və balıncdan savayı burada heç nə yox idi.Bir də məni bərk-bərk qucaqlayan Armen.O köynəyini soyunmuşdu, nəfəsindən şərab qoxusu, qoltuğunun altından tər iyi gəlirdi. Bilirsən, bəlkə də mənə güləcəksən, amma o vaxtdan məni dəli eləyən kişidən gələn təzə tər iyidi. Birdən nəsə fikirləşib ayağa durdu, qapıya yaxınlaşıb cəftəni bağladı, çarpayıya yaxınlaşıb əllərimdən tutub bərk-bərk sıxdı.Dodağını qulağıma yaxınlaşdırıb pıçıldadı:

–Sənsiz yaşaya bilmirəm, bilirsən?

–Hə,-dedim.

–Marqo… sevirəm səni.Sən mənim olmalısan, ancaq mənim, başa düşürsən?

İçdiyim şərabın məstliyi, məni dəli eləyən kişi qoxusu, sevgi dolu gözəl sözlər içimdən ildırım kimi keçdi.Ətrafdakılar heç vecimə deyildi.O məni sevirdi axı.Bu gün ilk dəfə geyindiyim narıncı sarafanımı toy gecəsində gəlinlik paltarımı soyunurammış kimi əynimdən çıxardım.Armen mənim belə tez qərar verdiyimə inanmadığı qədər də sevinib şalvarının zəncirbəndini açdı və…

…Və o gün qarnıma dolmuş ağridan bütün gecəni yata bilmədim…

…Və o gün ağlımı başımdan alan şirin sevgi etiraflarını da son dəfə eşitdim…

…Və atəşli sevgimizin yanmasıyla sönüb külə dönməsi bir oldu.Bitdi sevgi… Sonralar mənə olan biganəliyindən, soyuqluğundan qəti dərk etdim ki, həqiqətən də son zəng üçün tikdirdiyim narıncı sarafanım elə mənim gəlinlik paltarım imiş!..

O susdu. Gözlərinin içinə baxa bilmədim.Nədənsə mən xəcalət çəkirdim,o yox. Könlünü oxşamaq, ya da toxtaması üçün nəsə deməliydim yəqin.Bədbaxt qızdı Marqo.Bunu deyə bilməzdim. Onu üzdüyüm üçün “bağışla” dedim.Söhbət bitdi.İkmimzdə susduq.

İndi yarızarafat, yarıciddi söhbətin bu həddə gəlib çatacağını da gözləmirdim. Əsəblərim yerində oynayırdı.Məni uşaq kimi ələ saldığını zənn edib səsimi yüksəltmişdim də.Bir tərəfdən də soyuqqanlılıqla düşündüm ki, elə belə olsa yaxşıdır.Məndən zəhləsi getsə,aramız dəysə, aralışarıq…Çünki Marqoya bağlanandan sonra nə kənd, nə də Aliyə yadıma düşürdü.Özünə yaman bağlamışdı məni-maqnit kimi çəkirdi …

Buna tam əmin idim ki, Aliyə ilə Marqonun arasında dünyalar qədər fərq vardı.İnsanı evinə, ailəsinə bağlayan, arzular, məhz arzular qanadında uçuran, çətinliyə, ağrı-acıya tab gətirməyi öyrədən, özgəni özününküləşdirən, səni başqalaşdıran bir müqəddəs hiss var ki, onsuz yaşamaq ömrü boyu mənasız həyat sürmək, sürünmək, sözün əsl mənasında illəri yola vermək kimi bir şeydir. Bu müqəddəs hiss təkrarsızdı, fərdidi, özününküdü, başqa heç kimin.Çünki, hər bir insan təkrarsız olduğu kimi sevgi də təkrarsızdı. Kamil insan bu müqəddəs hissin– sevginin qurbanına çevrilə bilməsə ən sonda, bəlkə də elə başlanğıcda sevgisini qurban verəcək! Bu insanın ən böyük faciəsidir-sevgisini qurban vermək !

Kim ki deyir dəfələrlə sevmək olar və ilaxır, mən buna inanmıram.Yüz il, lap min il yaşasan da bir dəfə sevə bilərsən, əsl sevgini yaşaya bilərsən. Bax buna xoşbəxtlik deyirlər! Qalanları özünü aldatmaqdı, ötərgi hissdi, ilğımdı, bəlkə də şəhvətdi.

Aliyə yanımda olmayanda da onu yanımda, içimdə hiss edirəm, onunla danışıram, dərdləşirəm.Marqoya qarşı bunu hiss etmirdim, əmin idim ki, Marqo da məni sevə bilməzdi, Armeni sevdiyi kimi sevə bilməzdi, o həyatıma təsadüfən girdiyi kimi də nə vaxtsa çıxıb gedəcəkdi.Çünki, o qurban verdiyi müqəddəs sevgisini həmişəlik itirdiyindən ehtirasına güvənərək , özündən, həyatdan gizlincə intiqam alırdı. Nə olursa olsun, onsuz da hər ikimiz yaxşı başa düşürdük ki, aramızda yaşananlardan nə qədər məmnun olsaydıq da biz sevginin yox, ehtirasın qurbanı idik. Ötərgi , bəlkə də dəli bir ehtirasın…

Bu söhbətdən sonra xeyli vaxt görüşmədik.Sonra Minskdə yarışa qatıldım,ordan qayıdıb kəndə, yay tətilinə getdim.

Anam yaman incimişdi.Demişdi ki, şəhər səni dəyişdirib,belə getsə bizi tamam yaddan çıxaracaqsan!Düz deyirdi anam.

Aliyə bir az da dərinə gedib elə hey deyinirdi ki, deyəsən şəhərdəki gözəlçələr ağlını başından alıblar.Hə də, sənin kimi oğlanı kim çıxardar əlindən?! Elə olmasaydı tez-tez gələrdin kəndə.Əlbəttə, mən hara, qısa yubkalılar hara?!. Mən cəhənnəm, yazıq ananı da gözü yolda qoymusan…

–Ay qız,-dedim,-başın xarabdı,nədi,nə qısa yubka, nə gözəlçə,vallah, turnir, yarış… bir yandan da dərslər göz açmağa macal vermir.Heç səni yaddan çıxarmaq olar? Görürsən ki, imkan tapan kimi cummuşam yanına…

Bir az arxayın idim ki, Marqo ilə aramız soyuqdu və Bakıya can atmayacam. Qəribədi,aramız soyumasaydı necə, qaçacaqdın onun qucağına?Gicbəsərəm vallah,gic-bə-sər! Bu yayı bütünlüklə Aliyənin yanında olacam.”Qurban olum kənd həyatına! Nəyi əskikdi ki, şəhərdən?! Bulvar yoxdu, əvəzində gül kimi iydəlik var…“ Həmişə kefim kök olanda, belə düşünürdüm. Onun könlünü almaq üçün göz vurub dedim:

–Gedək iydəliyə?

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации