Электронная библиотека » Yaşar Bünyad » » онлайн чтение - страница 5

Текст книги "İblis busəsi"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Yaşar Bünyad


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Neçə il davam edən hakimiyyət davaları, mənəm-mənəmlik, addım başı xəyanət, gerçəkliklə barışmamaq, bölgələrə bölünmə azarına tutulanların arxadan vurduğu zərbələr, kommunist rejimi törəmələrinin az müddətdə “demokrat”a çevrilmələri, xalqın başına gətirilən dəhşətli faciələrdən ibrət dərsi almadan hegemonluğunu saxlamaq arzusu -siyasi provakatorların, əqidə alverçilərinin düşünülmüş planları əsasında həyata keçirildikcə, onsuzda var-dövləti, ev-eşiyi, kəndi əlindən alınmış xalqın gözündən düşdükcə mümkünsüzləşirdi. Partiya oyunlarının qurbanlarına çevrilmiş minlərlə insan nəyə, kimə inandığını bilmirdi. Bir tərəfdən düşmənimiz amansızcasına torpaqlarımızı talan edir, insanlar qırılır, kəndlər, şəhərlər dağıdılır, bir tərəfdən də səriştəsiz siyasətçilər boşboğazlıq edərək laxlamış hakimiyyəti əllərindən buraxmırdılar.Xalqın qeyrəti imtahana çəkilmişdi və onu bu imtahandan onu “kəsmək” istəyirdilər.Müharibə getməyən rayonlar belə iflic vəziyyətə düşmüş, könüllülər vuruşur, döyüşməyən əlacsız insanlar bütün ümüdlərini doğrultmaq üçün paytaxta axışmışdılar.Ermənistandan, işğal olmuş Qarabağ torpağından qovulmuş azərbaycanlıların kasıb təbəqəsi çadır şəhərciklərində, imkanlıları isə Bakıdaydılar.Bakı “zəbt “ edilmişdi. “Gəlmələr” özləri ilə dərd-sərindən başqa, əyalət mədəniyyətini, adət-ənənələrini, yaşam tərzini də gətirmişdilər və bu hər addımda hiss olurdu.Bakı tanınmaz olmuş, simasını dəyişmişdi…

Xəzər tərəfdən axıb gələn mazut qoxulu sərin, tozlu səhər mehi , bayaqkı nisbi sakitliyi pozaraq ikibir-üçbir ötən avtomobillərin siqnal səslərinə məhəl qoymadan yorğun şəhəırin küçələrini süpürə-süpürə gəzinirdi.Bu qoxu– bu veyil , asta küləyin gətirdiyi qoxu – mənə nə qədər tanış idi !

Binaların alt mərtəbələrində, zirzəmilərində yerləşən dükanlar, balaca kafelər bir-bir açılırdı.Bəzisinin qapısı üstündə, bəzisinin də divarına pərçim edilmiş, yarı rusca, yarı ingiliscə yazılan al-əlvan reklam lövhələri küçələrin yorğun simasına vurulan qəfil siilləyə bənzəyirdi.

Gözlərim bozarmış lövhəyə dirəndi: Nizami– 105. Əjdərin verdiyi ünvanda mağaza yerləşirdi və vitrinində qoyulmuş mallardan aydın idu ki, burada ancaq qadın paltarları satılır. Şüşə qapının üstündə iş rejimi yazılmışdı. Düzmü gəlmişəm? Saata baxdım: 9-55-i göstərirdi, deməli açılmasına hələ beş dəqiqə qalır. Bir az da var-gəl etdim. Gözlərimlə möcüzə axtarırmış kimi küçənin gah o başına, gah da mərkəz istiqamətindəki binaların tinindən çıxan adamlara baxırdım. Havadan neft qoxusu gəlirdi.Aradabir bu qoxu yanımdan tək-tük ötüb keçən qadınların vurduğu ətirlərin qoxusuyla qarışaraq məndə anlaşılmaz təəssürüt yaradırdı . Birdən ayaqlarım yerə mıxlandı.Qollarım süstləşdi.Tez tutmasaydım çiynimdəki çanta yerə düşəcəkdi. “ Odur! Vallah, odur ! Əjdər düz demişdi.”

Tindən dönən iki qadın deyə -gülə mağazaya tərəf gəlirdi.Azca uca olan və pırpız sarışın saçlı qadın sağ əlini havada oynadaraq nəsə deyir, o biri də onun dediklərini təsdiqləyirmiş kimi başını tərpədirdi. “Bu Marqo idu.Bəstə boylu, bir az da dolu bədəni gözəl göstərirdi onu.Heç dəyişməyib, əvvəlki təravətini saxlayıb zalım qızı. Bir-iki addım da yaxınlaşsa, alt dodağının düz ucunda, sol tərəfdə balaca qara xalını da görsəm,tam əmin olacam… Gülümsəyəndə nar giləsi boyda batıq olurdu yanağında…Hə, gülümsədi. Bu qədər oxşarlıq ola bilməzdi axı?!…”

–Aaa, a qardaş, icazə ver keçək dəə…

Bunu deyən sarışın saçlı qadın idi. Deyəsən özümü itirdiyimdən mağazanın qapısına tərəf yolu kəsmişdim.Ayaqlarımı güclə yerdən ayırdım.Kənara çəkilsəm də gözüm onun qara, işıqlı gözlərində, xurmayi rəngli saçlarında, dodağının ucundakı xalında dolanırdı.

Ağız büzərək, iri, qara çantasından açarları çıxardan sarışın saçlı qadın göz altı, qəzəblə məni süzərək mağazanın qapısını açmağa başladı.

–Ba-ğış-layın,-deyib, bir addım aralana bildim. Maddım-maddım rəfiqəsini süzdüyümdənmi qadının acıqlı-acıqlı danışmağı mənə yaman toxundusa da heç nə demədim.Acıdil qadınlara baş qoşmaqdan zəndeyi-zəhləm gedir.Başımın salamat olmağına çalışdım həmişə.Bir də ki, ona baş qoşmağa halım da yox idi, çünki bütün diqqətim Marqoya cəmlənmişdi.

“Tanımadı.Bəlkə, Əjdər məni aldadıb? Niyə aldatsın axı?.. Bəlkə zarafat eləyib?Nə zarafat, belə də zarafat olar? Bir də, onun mənimlə nə zarafatı? Bəlkə, bəlkə o gecənin intiqamını alırdı məndən?! Axı soruşmuşdu ki, fikrində ciddisən? Müharibədi, hər şey ola bilər. Fikirləşib ki, bir də necə, harda görüşərik?”

Şübhələr beynimi didib parçalayırdı.Axmaq sualların hardan ağlıma gəldiyini düşünürdüm ki, adımı eşitdim.

–Rü-fəət?…

İstədim kimsə məni vargücüylə sillələsin, yuxudan ayılım və bir də o tanış, ehtiraslı , titrək səsi eşidim. Yerimdəcə donub qaldığımı görüb ikinci dəfə adımı təkrar edəndə bütün şübhələrimə sərin su çiləndi. Rüfət olduğumu təsdiqləyirəmmiş kimi bir kəlmə də demədən, gülümsəyib başımı yellədim.Gör neçə il keçib,amma tanıdı.

Sarışın saçlı qadın qapını açmışdısa da şübhəli nəzərlərini məndən yayındırmadan rəfiqəsini hayladı:

–Ay qız,Məryəm,gəlmirsən?

Məryəm deyə çağırdığı Marqo idi.”Deməli Məryəm olmusan?” Əjdər bu barədə heç nə deməmişdi. Uzaq illərin yaddaşından qopub gələn bu tanış səsin cazibəsindən çıxmadan gözlərindəki, sifətindəki hissləri oxumaq istədim.Adımı çağıranda səsindəki titrəyiş nə idi?Bu, illərdi görmədiyi, həsrətində olduğu, itirdiyi sevgisini tapan birisinin sevinməyinə oxşamırdı.Mən elə bilirdim sevindiyindən üstümə atılacaq, qucaqlayıb boynuma sarılacaq, dodaqlarımdan öpəcək, hə,niyə də yox?! “Dəliyəm vallah.Keçdi o vaxtlar, Rüfət, keçdi.”

Rəfiqəsiylə deyib-gülən bayaqkı qız elə bil qeybə çəkilmişdi,gözlərində müdhiş bir qorxu vardi. Bu, tini dönərkən, qəflətən düz gicgahına tapança dirənmiş birisinin stresdən keçirdiyi qorxuya bənzəyirdi. Düşdüyü şokdan üzülüşə bilmirdi. Sanki, onu dəhşətli cinayət üstündə yaxalamışdım.Rəngi qaçdı.Ora-bura baxaraq əli ilə rəfiqəsinə işarə etdi ki, indi gəlirəm.

Udqundu. Bunu hiss etməmək mümkün deyildi.Bir anda hər şey dəyişə bilərdi. Başa düşdüm ki, onu ələ verəcəyimdən təlaşlanır, qorxurdu.

Birdən hər şey tərsinə olsaydı? Mən onu deyil, Marqo məni Yerevanın mərkəzində görüb tanısaydı necə olardı, hə, necə olardı?Bunu təsəvvürümə gətirəndə alnıma soyuq tər gəldi.Bir anlığa özümü düşmənin arxa cəbhəsində-Yerevanda hiss etdim; gözləri qanla dolmuş izdiham onun bircə kəlməsiylə üzərimə gəlir. Yaralı, yırtıcı dəstəsi əllərinə düşmüş qəniməti bir leş kimi parçalamağa hazırdır. ”Öldürün onu! O türkdür !… Turk-es!… Turk-es! Düşmənimiz türk-dür!… Türk!…” Vəhavada yellənən dəyənəkləri, üzərimə selbələnən daş-kəsək parçalarını, sifətimi hədəfə çevirmiş yumruqları görürəm. Bir neçə saniyədən sonra başıçönük izdihamın tapdağı altında asvaltla bir oluram… İlahi, bunu düşünmək belə dəhşətdir! O da öz aqibətini beləmi düşünürmüş ?

Belə vəziyyətdə Allahdan da kömək ummaq ən böyük axmaqlıq olardı !

Əjdər onun Bakıda olduğunu deyəndə necə inanmamışdımsa, indi də,güzgüdə özümü gördüyüm kimi ona baxırdımsa da inana bilmirdim.

Dinmək istədim.Nə deyəcəyimi duyubmuş kimi şəhadət barmağını ərklə dodağıma dayadı ki, “sus”. Barmaqları titrəyirdi. Susdum. Əslində heç danışmırdımki?Nədən, necə başlsayım? Adını necə çağırım? İndiki şəraitdə onu Məryəm deyə çağırmaq özgə planetdən gəlmiş, dilinə, xasiyyətinə bələd olmadığım bir məxluqla ünsiyyət qurmaq kimi çətin idi mənə.Bəs, Allah göstərməsin, Marqo deyə çağırsam necə?!…

Heç də məni qınamayın: bildiklərim, eşitdiklərim bir yana qalsın, mənim üçün Vətənimi tərk etdiyim on iki məşəqqətli illərimin içində ağrisıyla, acısıyla ürəyimi göynədən çox şeylər olduğunu özümdən başqa bir kimsənin bilmədiyi, həmin dövrün içində, lakin məndən kənarda nələrin baş verdiyini, yaşanılan müsibətləri tam çılpaqlığıyla dərk etmədiyimdən ona düşmən kimi yox, o uzaq yay səhəri, yataqxanada, gizlincə otağıma gəlib öz hisslərini, bütün varlığını mənə təslim etmiş şıltaq,şıltaq olduğu qədər də ehtiraslı, eyni zamanda sadəlövh qız kimi baxırdım.

Yavaş-yavaş özümü ələ almağa çalışırdım. İndi beynimdə olan bütün fikirləri dağıdaraq gənclik illərimin bir parçası olan şirin xatirəmə qayıtmaq necə də yerinə düşərdi.Nəyin bahasına olursa-olsun, hər şeyi unutmaq istədim-ölkədə olan vəıziyyəti, onun kimliyini, düşmənçilikləri, lənətə gəlmiş müharibəni, bir sözlə heç olmasa bir anlığa hər şeyi unudub o qayğısız, şirin anlara dönmək istədim. “Lənətə gəlsin,niyə belə oldu axı, niyə ?! Hara gedir axı bu xəstə, qoca dünya?!”

Nə qədər çətin və ağır olsa da, bəlkə onu Məryəm kimi qəbul etməli, duyğularına, hisslərinə bələd olmalı, sirli dünyasına girib yenidən tanımalıydım. Getdikcə lap başımı itirir, nəyin düz, nəyin səhv olduğunu,düşdüyüm şəraitə uyğun vəziyyətdən necə çıxacağımı götür-qoy edirdim ki,yenə həmişə olduğu kimi ilk cəsarətli gedişi o etdi. Bilmirəm, sifətimdəki ifadədənmi, yoxsa məni daha yaxşı tanıdığındanmı ürəkləndi, sirrini aşkar etməyəcəyimə tam əmin olduğundan əllərimi ovucunda sıxaraq özünə tərəf çəkdi.Lap ilk görüşümüzdəki kimi…

Onun ürəyinin tıppıltısını…

damarlarında axan qanın səsini eşidirdim.

…Arazın atası kədimizdə kolxoz sədri, rayonda da beş kişidən elə beşincisiydi.Niyə beşincisi? Çünki, o dörd nəfər lap yuxarılarda otururdu və daha çox hörmət sahibləriydi, böyük idi. Böyüklər Karlovo-Varada, “Qızıl-qum”da, bəd ayaqda Truskovetsdə dincələndə Arazın atasıkimilər Soçidə, Yesentukidə, Kislovodskidə “müaliçə” olunurdular. Böyüklər köhnə “İnturist”də, “Novbahar”da, “Karvansaray”da qızlarla eyş-işrət məclisləri quranda, Arazın atası, kasıbyana “Cənub”, “Xəzri”, “Muğan” mehmanxanalarında “baz”lıq edirdi…Ona görə yox ki, sədrimizin pulu az idi, yoox, ona görə ki, sədrimiz öz yerin bilirdi, böyüklərlə, özü də elə vəziyyətdə üz-üzə gəlmək, az qala yatanda da pijamasının cibində gəzdirdiyi partbiletıni əldən çıxarmaq istəmirdi. O zamanlar partbileti təhvil vermək isə özxoşuna Əzrayılın əlindən tutub “oppalara “ getmək kimi bir şeydi. Oppaların giriş qapısı da, çıxışı da “politbüro”daydı. Sədrimiz isə çox ağıllı, qabağı görən adam olduğundan nə qədər ki, canında su vardı, qurub-yaratmaq əzmiylə yaşayırdı– hələ “oppaya” getmək yox,deputat mandatı alıb Kremlin Qurultaylar sarayında oturmaq istəyirdi. Elə ona görə də “iyurmi beş il idi külüng vururdu kolxozda” özü demişkən.

Sədrimiz hardan düşdü yadıma ?…

Həə, deyirəm axı, mən, Bədən tərbiyəsi institutuna qəbul olanda yataqxanada yer, otaq kirayələməyə pul olmadığından sədrimizin oğlu Araz sağolmuş, komendata “bax-gör” edib mənə öz otağında yer almışdı.Elə dediyim o yerlərin adını da ilk dəfə Arazdan eşitmişdim.Danışardı ki, bir neçə dəfə nazirliyə hesabat aparanda, anası şübhələnməsin deyə, atası onu da özüylə götürübmüş. Şəhərdə qohumları olmadığından həmişə Bakıya gələndə mehmanxanada,bir-iki günlüyə tutduğu otaqda gecələyən sədr yenə də, həmişə olduğu kimi ”Muğan” mehmanxanasının ikinci mərtəbəsində yer alar, gündüz vaxtı Arazı bulvarda gəzdirəndən, “Mirvari” restoranında balıq kababı yedizdirəndən sonra, əldən-ayaqdan düşmüş uşağı nömrəyə gətirər, Araz da yuxuya gedən kimi kişi otaqdan çıxarmış. Qonşu otaqda bir-iki “xala”yla yeyib-içib, sonra kef eləməsini gecələr tez-tez ayılıb sidiyə gedən Araz atasının yatağının heç açılmamasından yox, qonşu otaqda çırıldayan çarpayının, ”xala”ların və atasının əcaib nəriltisindən bilirmiş. Xalalar “davay,davay, yeşyo davay..” dedikcə atası fısıldayaraq “ caan, saa quzu kəsiimm!” deyib bağırırmış.Hətta bir dəfə, gecənin bir aləmində, yarıyuxulu tualetə gedəndə qapını səhv salıb qonşu otağa girən Araz, açılma divanda sarışın arvadı ayaqları göydə, həmişə kostyumda, qalstukda görməyə vərdiş elədiyi həmən ayaqları göydə olan arvadın ağ paçaları arasına pərçim olmuş atasının tüklü dalını görəndə qorxudan heç səsini çıxarmayıb geri dönərək yatağına girib, yuxusu qaçdığındanmı, yoxsa atasının zəhmindənmi tualetə getmədən yerində qovrula-qovrula səhəri açmışdı. Araz atasının gizli eşq macaralarından hali olsa da, rayona qayıdandan sonra qısqanc anası nə illah eləsəydi ondan bir kəlmə də söz qopara bilməzdi. Bizə isə belə şeylərdən ağızdolusu danışmağı sevirdi. Bilmirəm niyə, bir növ öyünürdü bununla.Bax beləcə, mehmanxanada “hesabatla işləməkdən” yuxusuz qalan sədr rayona qayıdanbaşı bütün yolu xoruldaya-xoruldaya yatarmış.Elə Araz da…

Tələbəlik illərində Araz, tez-tez ərklə,“gəlsənə bir-iki xalaşka götürüb gedək bazdığa” deyib məni də özünə qoşmaq istəyirdi.Razı olmayanda, “pul-para mənlikdi haa…onun fikrin eləmə ” deyirdi. Doğrusu ürəyimdən keçirdi, lap yaxşıca keçirdi, bəzən sino gedirdim ki, bircə dəfə qızla olum, daa, mehmanxana fahişəsiylə yox ee, “nastayaşşi” qıznan. Kəndçi olanda noolar, onun-bunun artığına, yüziynən gəzib min oyundan çıxanlara tamahım düşmürdü, iyrənirdim.Elələrinə qalsaydı, gündə o qədər “xala-mala” göz-qaş atıb, qarşımda dalın burcudur ki?!.. Dostum da olsa, onun hesabına kef çəkməyi özümə sığışdırmırdım, həm də öz aramızdı, Arazdan utanırdım bir az… Onu isə heç vaxt qınamırdım, pulu-parası olsa da , o ucuz sovet mehmanxanalarına çəkib aparan, yəqin ki, uşaqlıqdan yaddaşına hopan, heç vaxt qulaqlarından getməyən qadınların şit qəhqəhələri,bir də ki,nədənsə ancaq mehmanxanada eşitdiyi sirlərlə dolu nərilti idi…Atasının nəriltisi.

Mən birinci kursun yay sesiyasını, Araz da dördüncü kursu bitirdi. Atası onu Kislovodskaya göndərdi ki, “qoy uşağın gözü-könlü açılsın”.(Yazıq uşaq lap sınıxmışdı ha oxumaqdan!)İmtahanlar qurtardıqca yataqxanamız da boşalırdı. Üçüncü otaq yoldaşım neftçalalı Rasim idi-cazmen Rasim.Yox əşi, onun cazdan-zaddan heç xəbəri də yox idi, sadəcə Vaqif Mustafazadəyə elə oxşayırdı, elə bil bir almanı iki bolübsən, xüsusiylə də bığları. Ona “cazmen” deyəndə, deyəsən “caz”ı “baz” kimi başa düşdüyündən xoşhallanırdı.

Hə, bu gün də cazmen Rasimi Neftçalaya yola salandan sonra tək-tənha qaldım.

Avtovağzaldan qayıdan kimi köynəyimi bədənimə yapışdıran qətran kimi tərdən canımı qurtarmaq üçün yuyunub sərinlənmək istədim.

Bürküsü nəfəs kəsən bir yay günüydü, adamın lap cızdağı çıxırdı istidən.

Atamın ölümündən sonra çaya, dənizə nifrət edirdim, daha doğrusu qorxurdum sudan. İndi normal insanlar, bu bürküdə,dənizin duzlu suyunda sərinləşən bir vaxtda mən sükuta qərq olmuş yataqxana divarları arasında qalmışdım.İki gündən sonra başlayacaq çempionata hazırlaşdığımdan günlərlə “Spartak”da məşqlərdə olur, qalan boş vaxtımı da Sabir bağında keçirərdim.Cavanlar bulvarda avaralananda mən bu sakit bağın mərhəmliyində rahat olurdum. Uca yaşıl çinarlar, köhnə qala divarları, “İsmailiyyə” sarayı, fəvvarə… bir də tənha, bu millətin necə tarac olacağını düşünən Sabirməni gerçəklikdən qoparıb uzaqlara, lap uzaqlara aparırdı…Onsuz da komendantın bərk-bərk tapşırığına əməl edib yataqxanaya həmişə gec gəlirdim.

Bu gün isə bazar günüydü və mən boş-bekar idim.Rasimi yola salıb yataqxanaya çatan kimi “toyluq” paltarımı çıxarıb dolabdan asdım, balaqlarını kəsdiyim köhnə cins şalvarı əynimə keçirib dəsmal, sabun götürərək duş otağına düşdüm. Tələbə “duşevoy”u birinci mərtəbədəydi və bizim tərəfdən ora getmək üçün mütləq növbətçinin foyeyə baxan pəncərəsinin qarşısından keçməliydim. Onsuz da yataqxananın boş olduğunu və bu gün ya Əsmər xalanın ya da o adını bilmədiyim erməni arvadın növbətçi olacağını bilirdim.Bazar günləri komendant axşamlar görükərdi.

“Ay bəri bax..” mahnısını zümzümə edə-edə dəsmalı gah sağ, gah da sol çiynimə döyəcləyərək postun qarşısından keçəndə, dəmir dama-dama çərçivəyə salınmış bir lay iri şüşənin o üzündən sanki eşitməyim deyə,əlləriylə ağzını qapamış bir qızın mənə baxıb güldüyünü gördüm.”Bu kimdi görəsən? Nəyə gülür ki…” fikirləşərək səsimi bir az boğdum, dəsmalla tüklü sinəmi örtüb irişdim.Naməlum növbətçi yəqin təzəydi, məni tanımadı və bu boş qalmış yataqxanada səsi başına düşən “başdan xarab”ı görmək üçün sifətini şüşəyə dayayıb gülümsünürdü.Bəlkə çırıq cins şalvarıma rişxənd edirdi? Birdən sifətim ciddi görkəm aldı və gözəlçə əliylə qaçan dodağını bir yerə yığdı ki, “bağışla”.

Bu şəhər qızları qəribədi e. Bax, məsəlçün, bizim kənddə hansı qız yarıçılpaq oğlanla təsadüfən rastlaşsa, ağzını açıb onu marıtdayar? Heç kim! Bir dəfə halallıca nişanlım Aliyə bizə gəlmişdi, mən də bostanda arxın suyunu qoşurdum. Avqustun əvvəlləri olduğundan təbii ki, qurşaqdan yuxarı çılpaq idim.İlahi, o məni görəndə ikiəlli sifətini örtüb elə götürüldü ki, anam nə qədər çağırdı, geri dönmədi…

“Mən bunu indiyəcən niyə görməmişdim? Amma, yaman gözəldi ha. Yeməlidi.Kimdi görəsən?”

Fikirləşə-fikirləşə duş otağına girdim.İlk dəfəydi duş otağı belə yazıq, belə tənha gəldi mənə. Saatlarla növbə gözlədiyimiz, nəmişlikdən divarının künclərini gömgöy kif basmış “duşevoy” insan hənirinə həsrət qalmışdı.Su şırnağı sükutu pozdu.

“ Bax, indi o gözəlçə də burda olsaydı. Bir yerdə, suyun altında…Nə olardıı.” Nədənsə Arazın “bazdıq” təklifləri yadıma düşdü. Guya , yerə düşən qələmini əyilib götürmək istəyən, gözucu da olsa onun ağappaq döşlərinə baxdığımı görməyincə qələmi qaldırmayan tələbə yoldaşım Tünzalənin qaşaltı baxışlarını xatırladım. Göbəkkəsdim Aliyəni düşündüm. Bir anlığa onların da necə duş qəbul etmələrini təsəvvür elədim. Kəndimizdəki iydə kollarının iyi dəydi burnuma…

Adətən duşun altında on-on beş dəqiqə yuyunardım. Yarım saatdan çox idi suyun altında min cür xəyallar qurur, axmaq fantaziyalarımla baş-başa qalmışdım.

Suya, sabuna sitəm eləyirdim…

Nəhayət,dəsmalla qurulanıb cırıq şalvarı əynimə keçirib çıxdım. Növbətçinin yanından ötəndə yenə də qızın sehirli baxışlarıyla rastlaşdım. Nəyə görəsə barmağını dodaqlarının arasında oynadıb başını yellədir, bic-bic gülümsəyirdi. Mən də cavabında gülümsədim.Qaşlarını çatdımı?

Otağa girən kimi dəsmalı çarpayının sürahisinə sərdim.Ağcaqanad, milçək doluşmasın deyə açıq pəncərənin taxta çərçivəsinə vurulmuş ikiqat tənzif onsuzda boğuq havanı bir az da ağırlaşdırırdı. Suyun bədənimə hopdurduğu nəmlik bürkünün təsirindən yavaş-yavaş yox olurdu. Bir az dincəlmək üçün uzanıb, bayaqkı xülyalarımın təsiri altında gözlərimi yummuşdum ki, qapı astadan döyüldü.”Kimdi?”. Cavab gəlmədi. Yadıma düşdü ki, əynimdə bu cırıq cunsidən savayı heç nə yoxdu.Cəld ayağa qalxıb paltar dolabının yarı açıq qapısının üstünə atdığım idman köynəyimi götürmək istədim, ayağım bayaqdan otağın ortasında qalmış qantelə ilişdi.Havada yellənən əlimi paltar dolabının qapısına çatdırdımsa da, dolab şaraqqıltıyla yerə dəydi -yerindən qopmuş qapı əlimdə qalmışdı.Bu əcaib səsdən sonra otağın qapısının cırıldayıb açılması bir oldu.Dolabın qırıq qapısıyla birgə çevrilib baxanda otağın qapısı ağzında bayaqkı naməlum gözəlçənin dayandığını gördüm. Otaqdakı “zəlzələ”dən sonra düşdüyüm gülünc vəziyyətdə edə bilmədiyim dəvəti belə gözləmədən içəri girib qapını örtdü.

Qız indi elə qaqqıltıyla güldü ki, dedim divarlar silkələnəcək.Onsuz da əsəbimdən zəncir çeynəyirdim, bu isə gülür?! Dişlərimlə dilimi sıxdım ki, bir qələt çıxartmayım.Özümü ələ almağı bacardım.O daha gülmürdü, elə bil şəklimi çəkir, daha doğrusu gözləriylə “yeyirdi” məni.Qopmuş qapını divara söykədim.Nəm mələfəni çarpayının sürahisindən qapıb guya abır-həya gözləyirmiş kimi sinəmə tutdum.Qəfil qonaq yaman çaşdırmışdı məni.

–Bu– buyurun,-deyib oturmaq üçün tabureti göstərdim.-Kim lazımdır?

Nə axmaq sual oldu? Yəni bizdən başqa bu binada kimsə var idi? Lap olsa da bir-iki nəfər.

–Çay…içirsiz…içərsən…içirsən?

Bu istidə çay hardan ağlıma gəldi, dilim nədən topuq vurdu,anlamadım.Elə bil oğurluqda yaxalanmışdım. Qızın baxışlarındakı cazibə, iri gözlərindəki alov, dar köynəyindən az qala pırtlayıb adamın gözünə girən ağ yupyumru döşləri,ətli dodağının ucundakı qara xal “gəl, ye məni, ye məni…“ deyə tüğyan edirdi. Bu bir yuxuydumu, yoxsa duşun altındakı xəyallarım gerçəkləşirdi?

Gözümü hara zillədiyimi duyub sinəsini bir az da qabartdı.O niyə belə edirdi axı, heç nə başa düşmürdüm. Özümü itirmişdim, bir yandan da maraq, axmaq bir maraq məni didib-parçalayırdı. Lənət sənə kor şeytan, bu nə işdi düşdüm?! Çalışdıqca baxışlarımı onun sinəsindən yayındırmaq istədim, vallah bacarmadım.Nə edəcəyimi bilmirdim, o da bir söz demirdi ki, sakitləşib özümə gəlim.

Mənim çaşqınlığım onu məmnun edirdi deyəsən. Heç oturmağı təklif etdiyim oturacağa da baxmadı.Gözləri, o ilahi gözləri bütün əzalarımda “gəzdikcə”, onsuzda bürkünün təsirindən dartılmış dərimi, gərilmiş əzələlərimi,bir nöqtədə donub qalmış bəbəklərimi idarəolunmaz edir, vücudumu titrədir, dodaqlarımın suyu quruyurdu. Birdən, ozümdən ixtiyarsız aşağıdan yuxarı,lap tüklərimin ucuna qədər bədənim silkələndi, heç bir an keçməmiş ildırım vurmuş tənha ağac kimi alışıb –yanmağa başladım.Amma bu ildırım toxunuşu o qədər də acınacaqlı, faciəvi təsir bağışlamırdı,əksinə, getdikcə xoşuma gəlirdi.Bu hiss o qədər təzə və bihuşediciydi ki, gözlərim xumarlandı.

İncə barmaqlarını tüklü sinəmdə, dodağını dodağımda, döşlərini ovucumun içində hiss etdim…Qəribə bir istilik gəldi bədənimə-heç vaxt duymadığım, hiss etmədiyim bir istilik. Özümü karvandan ayrı düşüb sonsuz səhrada azmış yolçu kimi hiss etdim. Dodaqları susuzluqdan çatlamış, qızmar günəşin atəşində yanan bir yolçu.Nabələd səhrada nə axtardığımı da bilmədən, qovrula-qovrula harasa gedirəm, gedirəm…

Budur, əl çatacaq qədər yaxınlıqda, xurma ağaçının altında çeşmə qaynadığını görürəm. Əlimlə, ayağımla qum təpəsini yara-yara o quyuya yaxınlaşıram…Bayaqdan ilğım sandığım çeşmədəki göz yaşı kimi axan su üzümə, sinəmə, dodaqlarıma toxunduqca ,özümü yepyenicə doğulmuş körpə qədər qayğısız və xoşbəxt hiss etdim. Necə də xoşbəxtəmm indi!

Birdən ayıldım: bu nə ilğım, nə də röya imiş; çeşmə suyu kimi dadlı, şirin,bir anda ürəyimə toxtaqlıq gətirən naməlum qızın nəm dodaqlarıydı.Qızılgül tamı verən dodaq boyası nəfəsimə qarışmışdı.Məni əfsunlayan təkcə bu idimi ?Bəs dim-dik dayanan döşlərini tüklü sinəmdə oynatdıqca bədənimdən keçən cərəyan şırnağında yanmağım?…

Həyatım boyu, ilk süd dişim çıxana qədər acgözlüklə süd əmdiyim anamın illərcə yastığımı əvəz edən nənəmin yumşaq döşlərindən bahəm qadın sinəsini bu qədər yaxından görmədiyimdən bir toxunuşla vicudumun titrəməsini duyanda ürəyim yerindən çıxacaqdı. Çünki bu toxunuş o təmasdan deyildi, başqaydı, təzəydi…Ətri də təzəydi, süd tamı vermirdi, ürəyim də yerində qərarsızdı-çırpınırdı…Qalın dodaqları dodaqlarımı maqnit kimi çəkdikcə bədənimdəki bütün əzalarım oyanırdı.

Birdən hansısa qüvvə ağlımı hisslərimə ram eləyən çağrılmamış qonağın əlindən çıxmaq, qaçmaq, hələ ki, bir qələt, yungül təcavüz,bəlkə də cinayət eləməmiş özümü bu ehtiras məngənəsinə salmış iblisdən yaxa qurtarmağa çalışır. Qollarının arasından sıyrılıb geri çəkilirəm.”Yoox, bu qəbahətdi…günahdı…rəzillikdi!..”

Nənəmin :“Şeytan insana hakim olmaq istəyəndə gözünə ən şirin nemət kimi görünər” deməsi beynimdə ildırım kimi çaxdı və keçdi.

İçimdən gələn səsləri eşidirmiş kimi beynimi donduran qətiyyətsizlikdən,ya ürəyimi sıxan qorxudanmı alnımı bürüyən soyuq tər dənələrini asta-asta,yumşaq barmaqlarıyla silib qulağımın ucunda pıçıldadı:

– Qorx-maa, mən… mən qız de-yi-ləm…Çoxdaan qız deyiləm…

Keyləşmiş barmaqlarımı ovucunun içində sıxaraq məni sinəsinə yapışdırdı.

–Heç …qadınla olmamısan?

“Söz tapdı da soruşmağa, bəxtəvərin qızı, harda olacaqdım ki, qadınla , kənddə? İlahi, bu nə cəzadır verirsən mənə ?!”

Qulağımın ucunda da asılıb qalan, cingildəyən bu sözlər sinirlənmiş, qıc olmuş əzələlərimin keyini açdı, damarlarımı yumşaltdı elə bil, beynimə mıxlanmış qəbahət zəncirini qırdı…

Daha qorxmurdum, sadəcə utanırdım, utanırdım ki, aşağıda, su şırnağının altında xəyal etdiklərim hara, öz ayağıyla otağına gəlmiş ehtiras mələyinin qarşısındakı fərsizliyim, acizliyim hara? “Hələ bir fikirləşirsən də… Bu ki yağlı əppəkdi, göydən düşüb düz ovcunun içinə?!” Bir vaxtlar Arazın bazlıq təkliflərinə naz eləyib razılaşmadığıma görə özümə nifrət eləməyə başladım!

Tüklü qollarımla belini qamarlayıb sinəmə sıxdım.”Ahh..” eləyəndə ilıq nəfəsini dodaqlarımda hiss etdim. Bir neçə saniyə keçmədi ki, onun ürəyinin guppultusunu, öz damarlarımda axan qanın səsini aydınca eşidirdim…

Ayaqları azca yerdən üzülmüş qızı qucağıma alıb dəmir çarpayıya uzatmağımla, çırıq cins şalvarımın pəncərədəki tənzifin üstünə yapışmağı bir oldu…

Bu gün bakirə oğlanlığımla vidalaşdım.

Neçə ay hay-küydən bezikmiş boş yataqxanada,nəhayət ki, dəmir çarpayımın cırıltısı sükut içində təzəcə mürgüləməyə başlayan divarların yuxusunu dağıdırdı…

…Həmişə fikirləşərdim ki, görəsən, yataqxanadakı yatağımda səhərəcən o yan-bu yana çevrildikcə cır-cır cırıldayan köhnə dəmir çarpayınin səsi mənə nəyi xatırladır? İndi öz hənirtimə qarışmış, iri saat kəfkirinin hökmlü çıqqıltısına oxşar səslər qulaqlarımda guruldadıqca yadıma düşdü. Yadıma düşdü ki, uşaqkən,alt mərtəbədə nənəmin yumşaq, sallaq döşləri arasında mürgüləyərkən ata-anamın yuxarıdakı yataq otağından eşidərdim bu səsi. O gün ki, atamı Kürün dəli suları aparmışdıdı, o cırıltı da “xırp” kəsilmişdi. Əvəzində, yorğan altında balıncını sinəsinə sıxıb sızıldayan anamın hıçqırıqları qalmışdı …

***

–Xoş gördük…Rüfət !

– Xoş gördük .-Handan-hana dilləndim.– Deməli…Mər-yəm?

–Hə,-pıçıldadı.-Sonra…sonra hər şeyi başa salaram…Sən sus…Yalvarıram…-Özünü bir az ələ alıb əlavə etdi.– Burda gözlə, indi gəlirəm… Bu dəqiqə.-Tələsik mağazaya girdi.

Onsuz da ağzım kilidlənmişdi.Nəsə deməyə heyim yox idi.

Daima özünə inamlı, qətiyyətli qız kimi tanıdığım Marqonu –Məryəmi, bu qədər kövrək, ürkək görməmişdim. Məni yaxşı tanıyırdı. Bilirdi ki, dediyimdən ölsəm də dönən deyiləm.Onu da yaxşı bilirdi ki, əlimdə onu ifşa etmək şansı olsa belə beş qoluzorluya cavab verəcək gücü olan azəri kişisi belə alçaq hərəkət etməyəcək!

Bayaqdan altdan-altdan gözünü bizdən çəkməyən sarışın saçlı qadınla danışırdı: yəqin ki, “köhnə tanışımdı, ya da uşaqlıq dostumdu, uzaqdan gəlb-filan”deyib nəsə uydururdu. Yaman qızdı Marqo. Çoxbilmiş… Çantasından nəyisə çıxarıb iri masanın üstünə qoydu. Sonda onunla öpüşüb qayıtdı.

–Gedək mənim evimə,-dedi.– Burdadı, yaxında.

“Deməli ev-eşiyi də varmış…Necə?Axmağam vallah.İndiyəcən subay qalmazki? Yəqin ərə gedib…” Suallar içində burulub qalmışdım.Nədən başlamalı, nəyi soruşmağı qərara gəlmək iqtidarında deyildim.Heç özüm də bilmirdim ki, məni belə narahat edən nədir-Marqonun Məryəm olmasımı, yoxsa, bir tərəfdə ölüm-dirim müharibəsi gedərkən, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmadığı halda Bakının düz mərkəzində erməni qızının yaşamasımı ?! Mənim bu şəhərdə tanıdığım təkcə Marqo idi.Bəs deyirdilər Azərbaycanda erməni qalmayıb?Deməli qalıb.(Sonradan öyrəndim ki,sən demə, ancaq Bakıda iyirmi min erməni qadın yaşayır.)

Evə çatana kimi heç birimiz dinmədik.Sanki o qədər danışıb əldən düşmüşdük ki, söz tapa bilmirdik. Ürəyimizdə danışırdıq, götür-qoy edirdik. İkimiz də çox uzaqdaydıq.

Üç mərtəbəli evin iknci mərtəbəsindəki soyuq mərmər pilləkənlə üzbəüz mənzilin qapısnı açdı. Yarıqaranlıq dəhlizə daxil olduq. “Xoş gəlmisən!” deyib, işığı yandırdı, tələsik qapını qıfılladı.Guya çox ağırmış kimi gödəkçəmi əynimdən çıxarmağa kömək etdi.Asilqandan çantamı, gödəkçəmi asanda sonra məni arxadan bərk-bərk qucaqladı.

–Gözləmirdin? – Nəhayət soruşdum.

–Bilsəydin, bilsəydin bu anı necə arzulamışam, Rüfətcan!– birnəfəsə dedi. –Əgər bilsəydin…

Sinəmdə çarpazlamış əllərinin hərarətin, boynumu isidən nəfəsini duydum, çırpınan ürəyinin səsini eşitdim. Bu həlim vəhdətindən vücudum silkələndi.Beləcə, bax beləcə tərpənmədən, nəfəs almadan saatlarla durmağıma razıydım,təki onun isti ovucunu sinəmdə hiss edim… Vaqon bələdçisinin samovar qaynatmaq üçün yandırdığı daş kömürün paltarlarıma hopmuş yüngül qoxusuna məhəl qoymadan zərif barmaqlarını köynəyimin düymələri arasından keçirib tüklü sinəmdə gəzdirdi, gəzdirdi…

Beləcə yaşamağa dəyər.

Beləcə ölümü də hiss etməzsən.

Beləcə susub dayandıq.Ölüb, təzədən dirildik.

…qızını zorlayıb, sonra da quvaldla başını əzib xəşilə döndəriblər..

Bir otaqlı geniş mənzil çox işıqlı və rahatıydı. Açıq rəngli divar kağızı vurulmuş divarın yarısını tutmuş oymalarla işlənmiş, çox köhnə olduqundan lakı azca solmuş, rəflərin demək olar ki, tibbi ensklopediya cildləri kiplənmiş aşağı gözündən başqa hamısında dünya ədəbiyyatının nadir nümunələriylə dolu qədimi kitab şkafı, həyətə açılan iri pəncərənin qarşısında qoyulmuş qara miz, otağın bir başında ağır divan və kreslolar vardı. Köhnə televizorun üzü nədənsə divara çevrilmişdi.İşləmirdi yəqin.

Ağır qəhvəyi rəngli pərdələri aralayıb pəncərəni açdı.Təzəcə çıxmış payız günəşinin zəif şüaları bunu gözləyirmiş kimi otağa doldu.

–Soyuq deyil ki?-soruşdu. “Yox” dedim.

Küçədəki qorxu yoxa çıxmışdı və əvəzində bu böyük şəhərdə indiyə kimi tapa bilmədiyi arxa, qətiyyətli dosta olan inam işığı yanırdı gözlərində.Bir tərəfdən sirli, qapalı ömür sürməyi özünə əbədi sirdaş etmiş, daima qorxu və vahimə içində yaşamağa məhkum olmuş bu qadına yazığım gəldi.Hansı sirrlərin açılması gözləyirdi məni, nə, kim məcbur edib ki, anasını, atasını, qardaşını,qohum-əqrabasını atıb qarşısına səd qoymaq mümkün olmayan nəhəng selin axınının əksinə üzmüşdü Marqo?! Elə onu da bu dəqiqə sakitləşdirən, bəlkə də bu sirri, müəmmanı içindən bayıra atmaqdan ötəri əlinə düşmüş fürsət idi. Rahatlanmaq, azad olmaq istəyirdi .

Mənə elə gəldi ki, elə əvvəlki zamanlardır, elə burda yaşayırammış, Marqo da məni hər gün görürmüş. Beş dəqiqə bundan əvvəl çörək almaq üçün mağazaya düşüb qayıtmışam.

–Yuyunursan? Yol gəlmisən. Bu dəqiqə duşu hazırlayım,-deyib, razılığımı almağa ehtiyac duymadığından hamam otağına keçdi.Başa düşürdüm ki, hələ də özünə gəlməyən,danışmaq, keçmiş ünsiyyəti bərpa etmək üçün hər şeyə hazır olan Məryəmin zamana ehtiyacı var idi. Susmağımsa onu dəli edirdi.Çantamdan üzqırxanımı, təzə alt paltarlarımı bir də köynək çıxardıb hamam otağına keçdim.Məryəm ütülü hamam dəsmalını, şampunu, sabunu göstərib çıxmaq istəyəndə:

– Heç işlənmib…Bu evdə kişi olmasa da, kişi şampunu var.– Köynəyi əlimdən aldı,-Ütüləyərəm,-dedi.

“Bu evdə kişi olmasa da…” Səsi titrəyirdi.”Deməli ərdə deyil”. O qədər yanıqlı səsləndi bu son cümlə ki, özümü saxlaya bilmədim.Qapının arasındaca onu qollarımın arasına alıb sinəmə sıxdım.Dodaqlarımı dodağına toxundurdum.Öpmək, öpmək istədim. Məryəm güclə sıyrılıb qaçdı. Qollarımın arasından belə asanlıqla çıxmaq əslində mümkün deyildi -mən belə istədim.Hisslərimi cilovlamalıydım.Niyə belə edirəm axı?

Duşdan çıxıb otağa girəndə ütülənmiş köynəyimi mənə uzadaraq “Həmişə təmizlikdə! “ deyib stolu göstərdi– süfrə hazır idi. Kənarları xırda naxışlarla işlənmiş süfrə salınmış masanın üstündə pendir, qızardılmış toyuq budu, göyərti,xırda doğranmış pomidor-xiyar və təndir çörəyi iştahı olmayanı da həvəsə gətirirdi. Məryəm salfetləri üçkünc qatlayıb qabına qoydu.Vanna otağındakı bayaqkı hərəkətimə görə utandım.O da qızararaq gözaltı gülümsədi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации