Электронная библиотека » Yaşar Bünyad » » онлайн чтение - страница 2

Текст книги "İblis busəsi"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Yaşar Bünyad


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Gecə, həyacan siqnalı əfqanların qəfil basqınından bir neçə saniyə gec verilmişdi. Qanlı döyüş başladı. Avtomatlar şaqqıldadıqca vıyıldayan güllələr göy üzündə bir atəşfəşanlıq yaratmışdı ki!..Qonşu düşərgədə toplardan atəş açılmasaydı bir göz qırpımında hamımızı it kimi gəbərdəcəkdilər. Amansız döyuş yarım saatdan az çəksə də mənə elə gəldi bu dəhşətin sonucu olmayacaq…

Polkovnik Romanov özündən çıxmışdı; kəşfiyyatın məlumatına görə çalmalılar çox uzaqda olmalıydı. Sanki göydən düşdülər, bəlkə də yerdən çıxdılar – bilmək olmurdu. Gəldikləri kimi də cəmi üç nəfər itki verərək yoxa çıxdılar. Bizim itkimiz isə iyirmi beşi keçmişdi. Öldürülənlərin çoxu keşikdə duranlar idi – yazıq uşaqların başlarını qurbanlıq qoyun kimi xirtdəyindən üzmüşdülər.Özümü tanıyandan bu qədər qan görməmişdim.

Səhər meyidləri “Ural”a yükləyəndə bildim ki, Timofeyi də evlərinə “göndərirlər”…

Onu döydüyümə görə çox heyfisləndim.

O gündən daha ayıq-sayıq olmağı tapşıran polkovnik Romanov bütün zabitlərə əmr verdi ki, gecə -gündüz gözətçiləri postlara cüt-cüt qoysunlar.(Əlbəttə! Canlı hədəf deyildikmi?!)

…Yaxınlıqdakı dərənin o üzündə balaca kənd vardı. Kəşfiyatın məlumatına inamını itirən polkovnik əmr verdi ki, çalmalıların – əfqan mücahidlərinini gizlənib-gizlənmədiyin dəqiqləşdirmək üçün ora başqa dəstə göndərmək lazımdır.

Dəstənin başçısı leytenant Kostalevski məni, Qlebi, bir də tacik Parvozu seçib hazırlıq görməmizi əmr edəndə Andreyin də dəstəmizə qoşulmasını xahiş etdim– bilirdilər – özümdən aralı qalmasını istəmirdim.Qəribədir, leytenant Andreyin zəif görünüşünə baxmayaraq ürəyində “bu ələngəni niyə əsgər çağırıblar” deyə ağzını büzdüsə də, razılaşdı.

Mən bu cəhənnəmə düşəndən sonra “uçebka”da baş vermiş əhvalatı unutmuşdum. Hər saniyə ölüm qoxusu gələn tozanaqlı əfqan torpağında elə “xırda” dava-dalaşı yada salmaq, nədənsə, gülünc gəlirdi mənə. Amma indi, Andreyin də bizimlə “fərsiz” kəşfiyatçıların məlumatlarını dəqiqləşdirmək üçün (guya biz kəşfiyyat məktəbin bitirmişdik?!) dəstəyə salınmasını xahiş edəndə Qlebin ətli cəmdəyinə vicvicə düşdüyünü hiss etdim. Timofeyin həlakından sonra artıq güvənəcəyi kimsə də yox idi. Hətta , “o gedirsə… mən qalıram” demək könlündən keçdi də. Amma müharibədə könüldən çox şey keçər. Bizi isə ölməyə gətiriblər bu boz səhralara, ölməyə !…

Yük torbamıza iki günlük “suxoy payok”, hərəyə dörd maqazin patron, qumbara, siqnal raketləri, yağışdan, həm də gecənin soyuğundan qorunmaqçün plaş-palatkamızı götürüb axşamüstü dağlara tərəf yola düşdük. Avtomatın süngüsünü palçıqla sürtürdük ki, qaranlıqda parıldamasın.

Bizim mövqeyimizdən baxanda o nəhəng dərənin üstündəki gil və qamışdan, qaya daşlarından yapılmış kənd ovuc içi kimi görünürdü, amma, ora getmək üçün qarşıdakı sıldırım qayalıqların arasıyla üzüyuxarı getmək, sonra da yol-iriz tapıb aşağıya enmək lazım idi. Tacik balası Parvozdan özgə belə sıldırım dağları görməmiş dəstə üzvlərini çətin və təhlükəli aşırım sehirli qüvvə kimi özünə çəkirdi.

Bir kilometrə yaxın, bəlkə də bir az çox getmişdik ki, narın-narın yağış yağmağa başladı – yayda, ilanmələyən bu yerlərdə nə bivaxt yağış idi , anlamadıq.Cavan leytenantımız avtomatları qundağı yuxarı asmağı əmr etdi ki, süngülərə vurduğumuz palçıqğı yağış yumasın.Elə də etdik. Plaşlar uzun və gen idi, yoxsa biz bəstəboy olduğumuzdanmı balağı ayaqlarımıza dolaşdıqca sürüşkən qaya parçalarının üstüylə yerimək çətinləşirdi? Yuxarı çıxdıqca yol bir üzü uçurum, bir üzü də qayalıq boyu dar cığıra çevrilir, ayaqlarımız çəkmələrin içində “oynayırdı”.

Arxada qoyduğumuz müdhiş mənzərə gecənin zülmətində itib-batdıqca haradasa bir ayaq enində ağac parçasının üstündə yeriyən kəndirbaz kimi tarazlığı itirmədən kor-koranə, cınqırımızı belə çıxarmadan qarşımızdakı əcaib qaranlığa sarı gedirdik…

Leytenant bir kaha gördü.”Burda gecələyək!” deyib kahaya girdik.Çörək, tuşonka çıxarıb iştahla yeyəndən sonra plaşımıza bürünüb yatışdıq. Andrey növbə çəkirdi…

…Nə qədər uzaq da olsa o qədər yaxın xatirələrim Mədəti də yaddaşımın izinə salmışdı.Yenə də “yormuram ki?” soruşdum.Marağını gizlətmədi:”Sonra nə oldu?”dedi.

…Səhər açılar – açılmaz gözünün acısını almış leytenant qalxmağımızı əmr etdi. Özümüzü sahmana salıb yola düzəldik.Yağış kəsmişdisə də yöndəmsiz qayaların üstüylə axıb gələn lilli suyun son damcıları , ahəstə-ahəstə dar cığır boyu sərələnmiş qənbər daşların arasıyla süzülüb uçrumun altındakı dərəyə tökülürdü.Yüksəklikdəki axırıncı qayalıqdan dönüb aşırıma düşürdük ki, ucu-bucağı görünməyən boz dağların arxasında günəşin ilk işıltısı gözlərimizi qamaşdırdı.

Bu necə kənddi? Nə bir xoruz banladı, nə azan səsi eşitdik. Səhər isə açılırdı…

Üzü aşağı düşmək bizə asan gəldi.Yağış kəsdiyinə görə yığıb torbamıza qoyduğumuz uzun plaş daha hərəkətimizi ağırlaşdırmır, nə də daş-kəsək altında gillənmiş torpaq daha ayağımız altında laxlamırdı. Bəzən çəpəki, gah biri-birimizdən, gah da yarpaqları mücəlib qurumuş çır alça kollarından yapışaraq axırıncı aşırımı keçib kəndə çatdıq.

Bir tərəfdən dağın sinəsində, bizim düşərgəyə sarı isə dibi görünməyən dərənin beş-on metrliyində yerləşən bu məkan kənddən çox, üstünü çətir kimi bağlayan nəhəng qayalığın altında qurulmuş müvəqqəti sığınacağa oxşayırdı; nə bir ağac, nə bulaq vardı, nə də ins-cins həniri gəlirdi. Sanki, yüz illərdi bura canlı ayağı dəyməyib. Balaca, əyri-üyrü dalana qucaq açmış palçıq daxmalar bir haya bənd idilər ki,ovulub tökülsün, yerlə-yeksan olsun.

Leytenant ətrafı nəzərdən keçirdi.”Bəs hanı bu lənətə gəlmiş düşman? Deməli kəşfiyatçılar düz məlumat veriblər?!” Sakitlik idi. Biz də ogünkü müsibəti yada saldıqca “düşmən”lə üz-üzə gəlmədiyimizə görə gizlincə sevinirdik. Amma bu sevinc üzdə idi, içimizdə anlaşılmaz bir qorxu, ürəyin damarlarını titrədən vahimə vardı. Bunu danmaq mümkün deyil. Beləydi.

Leytenant Kostalevski boynundakı durbinlə ucsuz-bucaqsız dərə boyu uzanan yola nəzarət edir, Parvozla Andrey isə adamı vahiməyə salan ölü kəndin əhatəsində bu yerlərə nabələd insanı ilk baxışdan aldadan oxşar, ekiz təsəvvürü yaradan, əslində isə hər qarışında bambaşqa mənzərə, başqa rəng, min illərin tarix yaddaşı uyuyan boz dağların tilsiminə düşmüşdülər. Qleb avtomatını dizləri arasına sıxıb dərənin uç metrliyində oturmuşdu.

Təzəcə doğmuş günəşin qızılı şüaları qırmızı dağlarda, qayaların arasında gizlənpaç oynadıqca gecənin iliyimizə işləyən soyuğunu diksindirirdi. Hələ sümüklərimizə yeriməyən istinin gücünü bir azdan daha yaxından hiss edəcəkdik. Qəribədir, Qobustan qışlaqlrına daha çox bənzətdiyim əfqan torpağında elə bil günəş kimi dağlar da, çöllər də, hətta otlar da qırmızıya çalır. Qobustandan fərqli olaraq addımladıqca havadan yovşan ətri gəlmir bu yerdə.Yoxsa mənə elə gəlir?

Peşab eləmək üçün yük torbamı çiynimdən çıxarıb yerə atdım, onun yanına avtomatımı qoyub uçurum dərənin kənarına yaxınlaşdım. Aşağı baxa bilmədim; dərə boyu qayalardan qopub üzü aşağı yumarlanaraq üst-üstə qalanmış iri, qonur daşların arasıyla ilan kimi qıvrılaraq dünyadan xəbərsiz kimi axan sısqa çayın səsi eşidilməsə də, zəhmi adamı özünə çəkirdi. Bu cazibədən özümü qorumaq üçün gözlərimi göyə zilləyib şalvarımın düyməsini açanda bir çıqqıltı eşitdim. Əvvəlcə elə başa düşdüm ki, sakitlikdən istifadə edən uşaqlar kol-kos yığıb tonqal qalamaq istəyirlər. Sonra “nə tonqal… başımızı cəncələ salmağa heç leytenant icazə verər?” deyə fikirləşirdim ki, iknci, bu dəfə küt, daha sərt səs gəldi: “şarakk…”

Heç şübhə etmədim – kimsə avtomatı döyüş vəziyyətinə gətirdi.”Bizimkilər yəqin basmaçları görüblər…” Barmaqlarım əsə-əsə şalvarımın düyməsini bağladım yoxsa yox, amma gözümü mavi səmadan ayırıb çevrildim; əlimlə gözlərimi qamaşdıran günəşi “boğdum”, baxdım ki, yük torbama söykədiyim avtomat yoxdu. Qleb öz silahını süngüsündən yerə sancmış, mənimkini isə döyüş vəziyyətinə gətirərək Andreyə və Parvoza sarı tuşlamışdı. Hamımız çaşıb qaldıq. Barmaqları əsirdisə də gah mənə, gah leytenant istiqamətinə baxıb fikrində tam ciddi və qəti olduğu bildirdi:

–Kim yaxınlaşsa… atacam. Yerinizdən tərpənməyin, eşitdiniz?! Atacam…

“Tülkü oğlu, tülküymüş ! Mənim silahımdan atmağı da qabaqcadan fikirləşib… oğraş ! Məqam axtarırmış… İkimizdən də intiqam alacaq… Andreyi vuracaq, deməli özünü də vuracaq mənim silahımla? Hər şeyi fikirləşib, it oğlu, yoxsa heç kəs inanmaz… Məni “dizbat”a salacaqlar… Bəs leytenant, Parvoz? Bəlkə hamımızı vuracaq ?…”

–Qraçov!… Axmaqlıq eləmə! – Özünü itirmiş leytenantın həyacanlı bağırtısı məni fikirdən ayırdı. Sonra bir az udqunub nəsə fikirləşdi, lap həlim səslə , – oğlum, – dedi, – sonra peşman olacaqsan, qoy, qoy yerə silahı.

Andreyə işarə elədim ki, nəbadə hərəkət eləsin. Qorxaqların əlindən çıxan xəta həmişə gözlənilməz və ağlasığmaz olur. Gənc leytenant düşdüyümüz vəziyyəti götür-qoy edir, avtomatı, titrəyən əlində o yan bu yana oynadan Qlebin gözlərinin içinə baxa-baxa ona yaxınlaşırdi. Qleb hiddətli bir səslə bağırdı :

–Y-yaxınlaşma!.. Komandir, mən za-zarafat eləmirəm. Gəbərdəcəm hamınızı… it uşağı!

Leytenant dayandı:

–Yaxşı… Gördün, yaxınlaşmıram… indi gəl kişi kimi danışaq. Səni kimsə incidib? Sənə nə olub axı? Bura heç birimiz öz istəyimizlə gəlməmişik, oğlum…Başa düş… mənimçin də ağırdır… Müharibədir…

“Unutmub… əclaf… Neçə vaxtdır fürsət gəzirmiş, deməli. Mən axmağ da, gör silahımı kimin yanına qoymuşam. Axmağam, axmaq!”

Heç nədən xəbərsiz yazıq leytenant da elə bilir ki, Qleb burda, bu cəhənnəmdə olduğuyçun bezişib. İndi leytenantın səsindəki yalvarış daha çox hiss olundu.

–Çavuş Qraçov, qoy yerə… silahı…Yaddan çıxaraq… -Bizə tərəf baxıb müraciətlə – hə, uşaqlar,-dedi,– unudaq getsin… Bu bir zarafat idi…

–Nə zarafat, sənin ananı!.. Zarafat qurtardı, qurtardı ! Bu müharibə də m-mənim yox, s-ssənin müharibəndi. Sizin!… -Əsəbi halda qışqırtısından ətli boynundakı damarları tarıma çəkilmişdi.

Qleb avtomatın qundağını bərk-bərk sinəsinə sıxırdısa da şəhadət barmağının tətikdən aralı,havada titrədiyini hiss edirdim. Hərçənd ki, bu aldadıcı qorxaqlıq bircə anda, məsələn, Andreyin avtomatı çiynindən çıxarmağa cəhd etməsi, leytenantın tapancasına əl atması təqdirində cəsarət həddinə gələ bilərdi. Neçə vaxtdı yığılan qəzəb, nifrət və intiqam hissini gözlərində aydınca oxumaq olurdu. Diqqətlə baxsaydın o qəzəbli baxışlarda bir az cəsarətin kəmliyi, bir az da məzlumluq görərdin. Səsindəki titrəyiş də ağır bir hökm çıxarmaqda tam qətiyyətli olmadığına, hələ tərəddüd etdiyinə işarə etsə də belə bir situasiyada beyni çönmüş adamdan nə desəydin gözləmək olardı. O sağ ayağını yerə çırparaq bağırmaqda davam edirdi:

–Andreyy, it oğlu, silahını qoy yerə… it oğlu ! Sənin ananı ağladacam… Qurd-quşa yem olacaqsız hamınız…

İşarə etdim ki, silahını yerə qoysun. Rəngi ağappaq ağarmış Andrey bir mənə, bir də leytenanta baxdı. Zabitin baxışlarıyla “tərkisilah olmağın məsləhətdir” işarə etməsindən sonra kalaşnikovu qurumuş kolun üstünə atdı.

“Nəsə etmək lazımdır? Nə , necə?…” Bir an, sadəcə bir göz qırpımı, məqam lazım idi ki, titrəyən barmağına təpər gəlsin… və bir maqazin güllə hansımızısa, bəlkə də hamımızı xəlbirə döndərsin. Bayaqdan beynimdə nə edəcəyimi götür-qoy edib, atacağım addımın əsarətində qalsam da, düşüncəmdə o anı geri çəkirdim, gücüm çatmayacağı təqdirdə Tanrıya dua edirdim ki, zamanı bir anlıq dayandırsın. Bu ki onunçun su içmək kimi bir şeydir?!

Qleb arxasını mənə çevirəndə leytenant riskli qərar qəbul edəcəyimi duydu. Axı silahsız da olsa, ona ən yaxın mən idim. Artıq düşünmək zamanı deyildi. Qəfildən üç-dörd addımlıq məsafəni birnəfəsə, arxadan pişik kimi şığıyaraq çiyninin üstündən qollarımı açıb sinəsinə dayadığı avtomatın korpusuna sarılıb geriyə qıvrıldım ki, qamarlayıb əlindən alım. Qleb mənim qəfil basqımdan necə karıxmışdısa şəhadət barmağını titəyə sıxmağıyla lüləsi göyə tuşlanan avtomatın havada şaqqıldaması bir oldu. İkimiz də qanrılıb yerə çırpılanda avtomatın kəməri çiynindən sivişib çıxsa da, arası kəsilmədən açılan son güllələr torpağın bağrını dəlib-deşsə də, qorxudan qıc olmuş barmaqları silahdan qopmurdu.Maqazindəki sonuncu güllə hansısa daşa dəyib vıyıldayanda uçurumun lap qırağında uzandığımızı gördüm.Ani bir hərəkətdən ikmiz də dərənin dibinə yumarlana bilərdik. Avtomatın kəməri sağ qoluma dolaşmışdı. Sol qolumla onu özümə tərəf sıxdım. Dərənin ətürpədici cazibəsini duydum. Qəzəb dolu gözlərim Qlebin ölü rəngli sifətinə zillənmişdi. Piyli cəmdəyi əsim-əsim əsirdi. Bilirdim, o indi daha çox mənə nifrət edirdi. Dişləriylə alt dodağını necə sıxmışdısa üç yerdən al qırmızı qan puçurlanırdı. ”Qurtardı… hər şey bitdi..” deyə gözlərimi qapayıb açdım, başımı qaldırıb dərəyə tərəf işarə etdim ki, yerində qımıldanmasın, yoxsa…

Bu bir anda oldu. Dirsəyimi torpağa möhkəm dirəyib, güclə dizləri üstə oturdum. Gözlərində işıq sönmüş, qətiyyətsizlik, kədər, məyusluq, bir az da qorxu öz rəngləriylə onun solğun sifətində dolaşırdı.Yəqin ki, ədavətə görə intiqam hissiylə çırpınan, gizlincə buna məqam gəzən,döyüş tapşırığı yerinə yetirərkən yoldaşına xəyanət edən bir sovet əsgərinin gələcək aqibətini acı-acı düşünür, bəlkə də bu qədər aciz və fərsiz oğul olduğunu özünə bağışlaya bilmirdi. Sanki bütün dünyadan iyrənirdi, həyatdan, ətrafındakılrdan, hər şeydən bezmışdı. Sulanmış göz qapaqlarının kənarında yığılıb qalmış iki damla duzlu göz yaşı bir göz qırpımına bənd idi ki, sıx, iri kipriklərinin arasından süzülüb tozlu yanağına düşsün. Birdən, aramızda “uzanmış” kalaşnikovdan barmaqlarını üzdü, var gücüylə sinəmdən itələyəyib boğuq və çox kədərli səslə “poşli vı vse…” deyib özünü uçurumun qucağına atdı… Hündür tranplindən arxası üstə hovuza tullanan üzgüçü kimi bunu o qədər cəld və gözlənilməz etdi ki, ona tərəf uzanan əllərim havadan asılı qaldı. Az qala onun arxasınca uçacaqdım.

Bir neçə saniyədən sonra Qlebin dibi görünməyən dərə boyu əks-səda verən vahiməli bağırtısı eşidildi: “Maa-maaa..aa…” Sanki dağlar da onun səsinə hay verdilər: ”Aaa…aaa…”

…Dərənin kənarında xeyli hərəkətsiz, quruyub qalmış leytenant ştabda canlı itki barədə necə məruzə edəcəyini götür-qoy edərkən, mən də gilli əfqan torpağını ovucumda sıxıb, indicə sal daşlara, şiş qayalara çırpınaraq parça-parça olmuş Qlebin qurd-quşa yem olacaq meyidini təsəvvürümdə canlandırır, özümü onun dəhşətli, dəhşətli olduğu qədər də mənasız ölümündə dostum Andreyə ömürlük şərik olduğumu düşünürdüm…

Görəsən həmin anda Andrey nə fikirləşidi – təəssüfmü edirdi, yoxsa sevinirdimi ? Onun baxışlarında, simasında bunu sezdirə bilən heç bir işartı görə bilməmişdim. Mən isə o vaxt da, elə indi də düşünürəm ki, görəsən imkanlı bir məmur cılız, yarıcan oğlunu nəyə görə əsgərlikdən saxlatdırmayıb? Yıxılmasan bərkiməzsən deyimini sınaqdanmı keçirmək istəyib, bəlkə, “kimin uşağından artıqdır ki “ – fikirləşib? O doğurdan da, heç kimdən artıq deyildi ! Heç olmasa sonradan bura düşdüyünü biləndə başqa hissəyə keçirtdirə də bilərdi. Deməli, qismət beləymiş. Ataların münaqişəsi, düşmənçiliyi kimisə qurbanlıq seçmişdi və bu qurbanlıq Qleb idi.Təkcə Qlebmi?..

Bir olan Allah da şahiddir ki, mən onu xilas edə bilməzdim.

Biz leytenantın əmrinə görə Qlebin yük torbasını, avtomatını götürüb xaraba kənddən uzaqlaşdıq ; üzü yuxarı qalxdıqca başımız üstündə alışıb yanan günəşin çevrəsində halay quran quzğunlar, arxada uzanıb gedən ölüm dərəsində atıb getdiyimiz şıkara “qonaq” getməyə məqam gözləyirdilər…

***

…Mədət bir müddət susdu.Sonra heyrətini gizlətmədən dedi:

– Çox dəhşətli hadisədir. – Bir azdan əlavə etdi. – Sənin dostun isə bivec adama oxşuyur, vallah!

– Sən elə düşünürsən? – Soruşdum.

–Ayə, sən ona qardaşlıq etmisən, can yandırmısan, özünü oda atıb ölümün pəncəsindən almısan… o isə, nə səni axtarıb, nə də ki, evini tanıtdırıb. Özü də deyirsən vəzifəli, imkanlı kişinin oğluymuş… Belə də dostluq olar?

Mən sadəlövhlüklə cavab verdim:

–Yəqin iş-güc imkan vermib.Vaxtı olmub. Bəlkə də başında bir qəzyə var?

–Biz qafqazlılar başqayıq, vallah ! Sadəlövüy. Hamını özümüz kimi görürük… Neçə il Saratovda yaşamısan, heç bir dəfə gəlib yanına? Ya da ki, çağırıb Moskvaya ?

İstədim yalan deyəm ki, hə, gəlib, çağırıb… Sonra bir-iki gündür məni tanıyan Mədətin Andreyə qarşı sərt mövqe tutması özümü də çaşdırdı. İndi həmən sualları özüm özümə verdim ki, doğurdan da Andrey mənə qarşı niyə soyuq olub görəsən?

–Yox, – dedim, – gəlməyib. Moskvaya dəvət edirdi, amma mən getmirdim.

–Nə isə…– Boş fincanları götürüb mətbəxə keçəndə, -yerin hazırdı, -dedi,– get dincəl… Sabah gedib baxarıq, şto za druq?!…

Səhər açılmaq bilmirdi, yoxsa mən dan yerinin vaxtından qabaq sökülməsini istəyirdim? Həmişə beləydi, bir yerə getməyə hazırlaşanda gözümü yumub rahatca yata bilmirdim, səhəri diri açırdım. İndi lap narahatam, özüm də bilmirdim niyə. Mədətin dediyindən yaxında olur, lap yaxında… Moskva böyük şəhər də olsa, taparıq yəqin ki…

Heç özümdə bilmirəm onunla görüşə niyə can atırdım. Elə bil hansısa qüvvə məni onun dalınca salıb, axtar deyir, axtar… Görəsən o heç məni düşündümü? Axtardımı..? Bəlkə də heç yadına düşməmişəm…

Mədət “Opel”ini işə salandan iyirmi beş dəqiqə sonra beşmərtəbəli “Monolit” binanın qarşısında maşını saxlayıb pəncərəni açıb başını çölə çıxardı, binanın tinindəki yazıya baxıb dedi:

–Hə, bura olmalıdır… – Hər ehtimala qarşı, bir cibindən çıxartdığı ünvan yazılmış kağıza, bir də divardakı lövhəyə baxıb sözünü başıyla təsdiqlədi. Sonra binaya zəndlə baxıb nəsə hesablayıb əlavə etdi: -İkinci giriş… Getdik.

Sovet memarlığının gözəl nümunəsi olan bu bina elə giriş qapısından adamı heyran qoyurdu; hündür kalonlar, geniş vestebül, ağ mərmər pılləkənlər, enli metal çərçivəli lift, divar boyu pannolar, addımlarımızın bina boyu əks-səda verən tıqqıltısı… Moskvanın çox binalarından seçilən bu möhtəşəm evdə mötəbər, adlı-sanlı kübar ailələrin yaşadığına şübhə etmədim.

Andreygilin mənzili ikinci mərtəbədə yerləşdiyini qapının ağzındakı sakinlər barədə məlumat yazılan lövhədən öyrəndiyimizdən liftə minmədik. Amma mənzilin qapısına çatanda başa düşdük ki, təngənəfəs olduğumuz geniş və hündür pilləkən əvəzinə yuxarı liftlə daha tez qalxardıq.

Mədət daima maşınla hərəkət etdiyindən pıllələr onu yordu, az qala ləhləyirdi. Yorulduğunu biruzə verməməkçin pilləkənin sürahəsinə söykənib dayandı. Sonra üzbəüz dayandığımız iri qırmızı qapını göztərib dedi:

–Düyməni bas.

Zəngin düyməsini basıb gözlədim. Açan olmadı.Bir də basdım,bir də…

–Heç kim yoxdu…

Mədət özünə gəlib qapıya yaxınlaşdı, sanki mən düyməni düz basmırammış kimi şəstlə məni süzüb zəngi ovcunun içiylə dalbadal bir neçə dəfə döyəclədi. Qapını açan olmadı.

–Elə bil ev boşdur, – müəyyənliklə deyib gözlərimdəki “niyə”ni oxuduğundan təsdiqlədi.-Zəngin səsi gup-gup guppuldayır , eşitmirsən ?

Zəngin səsinə bir az qulaq verib başımı tərpətdim ki, hə, guppuldayır..

Elə bu dəmdə vestibülün sol tərəfindəki mənzilin ağır dəmir qapısının kilidi iki dəfə şıqqıldadı, sonra bir də… daha sonra qapıya təhlükəsizlik üçün vurulmuş qalın zəncir tarıma çəkilənə qədər aralandı.Boğuq, xırıltılı, lakin mülayim bir səs gəldi:

–Cavan oğlanlar, sizə kim lazımdır?

Mədət bir qarış aralı qapının alaqaranlığında solğun, çuxura düşmüş, sulanmış gözləri, qaraqançır olmuş damarlarını üzündəki dərin qırışlar belə gizlədə bilməyən ahıl, əldən düşmüş, lakin qanında olan aristokratlığını təsəvvür ediləcək qədər saxlayan qadını gördü. Rusca salam verib tələsik soruşdu ki, bilmir qonşuları hardadı?

Moskvalılara xas olan marağını gizlətmədən soruşdu:

–Siz onu hardan tanıyırsız?

– Mənim əsgərlik dostumdur… Andrey,– dedim, – Əfqanıstanda bir yerdə döyüşmüşük.

Andreyin adını eşidəndə qadın bir az ürəkləndi, zənciri bir az da tarıma çəksə də qapını açmadı. Sonra dərindən ah çəkib nazık rəngsiz dodaqlarını qırışmış barmaqlarıyla ovuşdura-ovuşdura təəccüblə soruşdu:

–Deməli bilmirsiz ? Onlar… çoxdan burda yaşamırlar… Lap çoxdan… Andryuşa əməliyyat olandan sonra… unutmuşam… hə, deyəsən İsrailə köçdülər… Bilmirəm… Arvadı yəhuduydi deyəsən.Yadımdan çıxıb…

İxtiyarsız bir-birimizə baxdıq. Deyəsən ikimizin də yadına axşam etdiyimiz söhbət düşdü.

–Nə əməliyyat? – Təlaşla soruşdum.

Qadın sanki danışmırdı, səsini içindən dartıb çıxarır, sonra da bu səs aydın eşidilməyən xırıltıya bənzər sözlərə dönüb azca aralı olan qapının arasında boğulub qalırdı.

–Çooxx ağır əməliyyat…yazıq Andryuşa…Be-ləə…

Hələ ki üzümüzə bağlanmamış dəmir qapıya yaxınlaşıb başqa nəsə öyrənmək istədim. Az qala aralı qapıdan içəri soxulacaqdım. Qocanın soyuq nəfəsi, lal , solğun baxışlarıyla üz-üzə, göz-gözə dayanmışdım.

–Bizdən qorxmayın, xahiş edirəm, – deyə yalvardım, – bildiyiniz nə varsa mənə deyin… Xahiş edirəm…

Elə bil mənim qəflətən qapıya yaxınlaşmağım, səsimdəki həyacan qadını qorxutmuşdu. Bir yandan da qaralığım… Titrəyən barmaqlarıyla cəftədən yapışıb qapının üzümə bağladı.

–Daha heç nə bilmirəm… Dərman atmaq vaxtımdır. Gedin…

Zəhmlə kilidlənən qapının o üzündə deyinən qadının özü kimi xırıltılı səsi də yox oldu…

Yeganə ümidimin puç olmasından məyus olub Mədətə baxdım. Başını aşağı dikib durmuşdu.

***

…Yol boyu ikimiz də susduq. Əslində danışılası söz də yox idi. Mədət mənim çox məyus olduğumu gördüyündən maşını yavaş sürür, bəzən işıqforda yaşıl işıq yansa da dayanıb nəsə fikirləşir, arxadakı maşınların təkidli siqnal verdiyini görəndən sonra elə bil özünə gəlirdi. Hiss edirdim ki, dost axtarışının uğursuz alınmağı ona da yer eləyib.

Vağzal dairəsində maşını yolun kənarına çəkib saxladı. Cibindən bir kopa pul çıxarıb mənə uzatdı.

–Kefini pozma… Al, götür bunu, – deyib əlini irəli uzatdı. – Görürsən dayanacağı? Taksi saxla , get Petrovskiyə… Yaxındadı… Mənim vacib işim var, qurtaran kimi gələcəm…Vitalik səni bazarın girişindəki gül dükanında gözləyəcək… – Sonra da narahat görkəm alıb soruşdu. – Azıb eləməzsən ki? – Mənim inciyən kimi olduğumu görüb gülümsündü. Dodaqlarım qaçdı. – Zarafat eləyirəm. Uşaq deyilsən ki…

Pulları cibimə qoyub maşından düşdüm…

…Əvvəllər Moskva məni özünə çox çəkirdi – Kreml, Ostankino, Puşkin muzeyi, Tretyakovka, Taqanka… İndi Moskva da Bakı kimi bazarlarıyla tanınırdı.

Belorus vağzalının qarşısında taksiyə oturub, Petrovsk-Razumovsk bazarına sürməsini xahiş etdim.Yaz yağışı təzəcə kəsdiyinə baxmayaraq taksinin hələ də işləyən fırçası sanki yol boyu sıralanan hündür binalara, ağaclara sığal çəkirdi. Fərasətini mənə nümayiş etdirən orta yaşlı, yaşıl gözlü, şələbığ sürücü bir neçə dəfə ötmə qaydalarını pozaraq, nəhayət bazarın yaxınlığında saxladı. Pulunu ödəyib düşdüm. Bazarla üzbəüz metro stansiyasının olduğunu görəndə taksiyə verdiyim pula hayıfım gəldi.

Gül dükanında gözləyən Mədətin dostu Vitaliki tapmalıydım…

Petrovsk bazarında əsasən Azərbaycandan gələn padarlar* al-ver etdiklərindən öz aralarında “padarovski rınok” da deyirlər. Hətta cavanlar böyük plakat yazıb vurublarmış bazarın giriş qapısına: ”Padarovskiy rınok”. Neçə ay yazı qalıb qapıda, heç bazarın yiyəsi, nəzarətçilər də hiss etməyiblərmiş. Bir gün gecə növbəsində olan milis patrulu diqqətlə oxuyandan sonra darvazadakı yazını dəyişdirdilər. İndiyə qədər bunu kimin etdiyi sirr olaraq qalır.

Bazarın girişinə yaxınlaşanda balaca gül mağazasının qarşısında iki həmyerlim söhbət edirdi. Buna söhbətdən çox mubahisə də deyərdim – bu qələbəlikdə, sanki onlardan özgə kimsə yox idi . Bilmirəm, təbiətən sakit olduğuma görəmi boş yerə mübahisə etməz, bərkdən danışmağı da sevməzdim. Lakin nə etmək olar ki, biz bərkdən, bəzən də qışqıra-qışqıra danışmağı xoşlayan xalqıq.

Gül mağazasına daxil oldum. Çox da geniş olmayan, alıcını uzaqdan cəlb edən şüşə vitrinləri boyunca, plastik örtüklü arxa divarın küncündə qoyulmuş satıcı qızın balaca stolundan başqa mağazanın hər yeri cənnət bağçasını xatırladırdı; rəngbərəng güllər, çiçəklər, saxsı qablar, vazalar… Xoş, bihuşedici ətir içəri girəni məftun edirdi. Necə gülsüz çıxasan burdan…

Satıcı qız məni görcək yaxınlaşdı. Nişan, toy, ya da görüş üçün buket istədiyimi soruşub ağ zanbaqları, qırmızı qızılgülləri, pion və xrezantemaları göstərdi. Qızın necə diqqətcil və qayğıkeş olduğunu söyləyib Vitaliki soruşdum. Sarışın satıcının yanaqları qızardı.

–Üzr istəyirəm, – deyib tələsik küçəyə çıxdı. Bayaq hündürdən danışan həmyerlilərimdən hündürboy, qara saçları səliqəylə yana daranmış, qonur gözlü oğlana nəsə dedi, o da həmsöhbətiylə tələm-tələsik xüdahafisləşib qızla geri qayıtdı.Yəqin , dedim , Vityanın yerini o bilir.

–Xoş gəlmisiz,– deyib gülümsədi. Təmiz Gəncə şivəsiylə danışan bu oğlan özünü təqdim etdi. -Vitya… ee.. sən Allah bağışlayın, Vəfadar.

Gülümsəyəndə iki qızıl dişi dodaqları arasından irəli çıxıb parıldayan cavan oğlan Vitalik, daha doğrusu Vəfadar imiş. – Burda hamı məni Vitalik kimi tanıyır…

Çaşqınlığımı biruzə versəm də: – Xoşdu, – deyib əlini sıxdım. – Rüfət…

–Bəs Mədət qağa hanı? Səhərdən sizi gözləyirəm..

–Mədətin bir az işi var, gələr, – dedim.

Köhnə dost kimi qoluma girdi, satıcı qıza təşəkkür edib mağazadan çıxdıq. Aramızda on-on iki yaş fərq olmasına baxmayaraq Vəfadar mənimlə “siz”lə danışırdı. Hiss edirdim ki, nəzakət xatirinə belə edir. Mənə “sən” deyə müraciət etməsini xahiş etdim. Elə bil bunu gözləyirdi

Padarlar – qədim türk tayfalarından birinin adı. Azərbaycanda bu adda çoxlu kəndlər qalmaqdadıər. (Redaktorun qeydi)

Vəfadar:

–Sən canın, inciməzsən? – deyib başladı danışmağa.– Qağamın dostuna canım da qurban! Gedək iş yerini göstərim. And olsun bizi yaradana, bu bazarda ən xadavoy toçkadı…

“İş yerini” elə təmtaraqla vurğuladı ki, sanki deputat kreslosu təklif edirdi mənə. Giriş qapısının o biri hissəsində, lap iri darvazaya bitişik balaca konteyneri göstərib tanışlığa davam etdi:-Yer-

limiz işdədirdi…Yeganə meyvə toçkasıdı, mən ölüm! Alver şıdrığı, pul yağış kimi… Kef elə dəə, mən ölüm !

Yaman xoşuma gəlmişdi Vəfadar. Bu neçə ildə birinci dəfəydi ürəkdən sevinib güldüm. Bilmirəm nədən, demək olar ki, Moskvada yaşayan həmvətənlərimin hamısında olan optimizmə, həyat sevgisinə, isti münasibətinə heyran qalmışdım. Elə bil Vətəndən kənarda başqalaşırlar, dəyişirlər. Hardan, nədən qaynaqlanırdı bu xoş hisslər?

Cibindən iri seyf qapısının açarına bənzər bir şey çıxarıb qapını laybalay açdı. Çoxdan qapısı bağlı olduğundan içəri boğanaq idi. Dəmir konteynerin divarları da döşəməsi kimi taxta parçalarıyla yığılmış, səliqəsiz də olsa divar boyu üstünü toz basmış meyvə-tərəvəz rəfləri düzülmüş, küncdə köhnə, qırmızı rənglə boyanmış tərəzi qoyulmuşdu. Üzümə diqqətlə baxıb məmnun olduğumu görəndən sonra dedi:

– Qaldı buranı doldurub işə başlamaq. Xeyirli olsun!

–Sağ ol, qardaş! – dedim.

Bir az keçmışdi Mədət də gəlib çıxdı. Xeyir-dua verib “heç nədən narahat olma” dedi.

–Bu bazarın “ iti-qurdu “ özümüzünküdür…Yer pulunu verərsən Vəfadara. “Tixon”un adamları sənə dəyməz… svoyski uşaqlardı. Bazarın krışasıdır Tixomir…

Sonra Vəfadardan üzr istəyib ciddi görkəm aldı, təklikdə, məxfi söhbətə başlayırmış kimi əlini qeyri ixtiyari çiynimə qoymaq istədi, (yəqin köhnə adətiymiş ) yadına düşəndə ki, mən ondan hündürəm və əli çiynimə çatmayacaq, biləyimdən yapışaraq kənara çəkib dedi:

–Çalış tanımadığın adamlarla ünsiyyət qurma, hələlik qaldığın yeri də heç kimə tanıtma… Bir də… uşaq-zad deyilsən ki… qızlarla bir az ehtiyatlı ol. Bura Moskvadır, hər şey ola bilər. Maşallah, pəhlivansan görürəm… Dedilər Qarabağda da döyüşmüsən. Amma qoluna da hər zaman güvənmə haa. İndi qol yerinə pistoletlər danışır – yadından çıxarma.

–Narahat olma, – dedim.

–Amma, qol da vacibdi… Bir də, məni tapmasan, nə problemin oldu, Vəfadara de, utanma. Malı hardan, neçəyə alacaqsan, o başa salacaq. – Sonra nə fikirləşdisə dayandı. Çevrilib konteyner tərəfə baxıb davam etdi. – Həə… Əsas məsələ qaldı. Yerin düz bazarın qabağındadır, deməli xatalı yerdi. Bazarın içinə “Tixon”un dəstəsi nəzarət edir. Moskvada hər yer bölünüb, hər yerin sahibinin də sahibi var… Buralar isə şəhərin ərazisidir. Deməli, “Berkut”undur…

–Berkut kimdi?

–Özünü heç görməmişəm, amma başkəsənləri… professionallardır, əsl professional. Diqqətli olmağın kifayətdi.

Maraqla soruşdum:

–Berkut bizim dildə nədir?

–Nə bilim, yırtıcı quşdur… qartaldan balaca, qızıl quş kimi bir şey… Nədi ki?

–Heç… – dedim.

Mədət danışdıqca yaddaşımla vurnuxurdum. Nə idi bu narahatçılıq? Əlbət ki, bandit, başkəsən söhbətləri ürəkaçan olmadığı qədər də qorxu yaratmırdı. İslanmışın yağışdan qorunmasına lüzum varmı? Yox, yox, mənim diqqətimi çəkən o balaca yırtıcı quş idi. Axı harda, harda görmüşdüm o quşu? Yox, quşları… İti caynaqlarında, əyri dimdiklərində qanlı ət parçaları, gözlərində biganəlik, saymamazlıq, yerişlərində ikrah doğuran xudpəsəndlik. Həə, Qarabağda. Döyüş gedən hər yerdə insanları saymazyana, ədasını pozmadan addımbaaddım izləyən, bircə “qrad” mərmisinin uğultuyla fit verib torpağa düşəcəyi anda arxayıncasına, inamla hər an leş üstünə çıxacaqlarına əmin olan yırtıcı sürüsü… Ancaq ilk dəfə, bədənimə vicvicə salan həmən yırtıcı sürüsünü ucu-bucağı görünməyən dərənin üstündə şıkarına hücum çəkməyə hazırlaşarkən görmüşdüm. Elə Andrey də. Bircə anın içində bütün Əfqanıstan qayalarında gizlənib məqamını gözləyən “duşman”lar kimi nə qədər qırğı-quzğun vardısa, hamısı Günəşin üzünə qara pərdə çəkəndə Andrey heyrətlə soruşmuşdu:

–İlahi , bunlar nədi belə?

– Qlebin iyinə gəliblər, qırğıdı…– deyəndə Andrey sanki pıçıltıyla təsdiqləmişdi:

– Yastreb ? Net-net , berkut… Xişnyaya ptiça…

Mən də zarafata salıb demişdim ki, sənin familyandakı “sokol”– bizim dildə qartal deməkdir.

Deməli, sən o yırtıcı quşların ən nəhəngisən, Andrey!

Mədət də elə bil mənim ürəyimin içindəydi. Başını yellədi ki, hə, balacalar həmişə təhlükəli və gözlənilməz olur.

Kafedə yüngül qəlyanaltı edəndən sonra Vəfadarla razılaşdıq ki, səhərdən Dmitrov bazarına gedib dükana mal vuraq. Üstəlik Mədət işə başlamaq üçün iki min dollar pul verdi ; özü demişkən, əlborcu.

***

… Yeddinci aya keçirdi ki, dükanı işlədirdim.Vəfadarın köməkliyi ilə bazara yaxın birotaqlı mənzil kirayələmişdim.Metroya tərəf baxan eyvanından gözəl mənzərə açılırdı. Mənzildə bir nəfərin yaşaması üçün lazım olan hər şey vardı; çarpayı, soyuducu, qab-qacaq, paltar dolabı. Eyvanda 70 kiloluq ştanq, ik 40 kiloluq giri olduğundan lap keyfim kökəlmişdi. Məşq etmək üçün artıq heç nə almağa ehtiyac yox idi.

Ən vacibi isə hamam idi. Axşamlar yorğun-arğın gələndə, ilboyu isti suyu olduğundan duş qəbul eləmək nəyə desən dəyərdi. Bizim tərəflərdə nəinki gecə-gündüz şırhaşırla axan isti suyun, hətta içməli su belə qıt olduğundan hər dəfə suyun altına girəndə köhnə tövləmizin dalında məni çimizdirən anam, altını çır-çırpıyla, taxta-talaşla qalayıb qızdırdığı, üstü əyri-üyrü kəsilmiş yüz litrlik çəllək yadıma düşürdü. Yarı yaş, yarı quru odunun hisində qaralmış dəmir çəllək…


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации