Текст книги "İblis busəsi"
Автор книги: Yaşar Bünyad
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +18
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Al-verim Vəfadar deyəndən də yaxşı gedirdi. Pulum çoxaldıqca heyfislənirdim ki, kaş anam sağ olaydı, onu yanıma gətirib ingilis kraliçası kimi dolandıraydım!… Qazancımdan Mədətin əlborcunu qaytarandan sonra lazımı qədər mayalıq saxladım, qalan pullarımı da ona verirdim ki, saxlasın. Tez-tez görüşür, bəzən, axşamlar bir yerdə futbola, restorana, ya da teatra gedirdik. Canlara dəyən oğuldu Mədət. Elə Vəfadar da.
Başqa dostum yox idi. Səhər bazara, axşam da evə qaçırdım. Bir də, başım çox çəkmişdi deyə çalışırdım özünü mənə sırıyan qızlardan kənar gəzim. Belələri o qədər idi ki!…
Bu gün bazar günüdür və al-ver nə qədər güclü də olsa bütün günü özümə sərf etməyi qərara almışdım. Pulu həmişə qazanmaq olar, özümü daa öldürməyəcəm ki?! Ona görə də zəngli saatı da qurmamışdım ki, doyunca yatım.
Yuxudan ayılanda saat on bir idi. Neçə vaxtdı bu qədər yatmadığımdan yerimdə qurcalanır, tənbəlliyimdən ayağa qalxmaq istəmirdim.
Xeyli o yan-bu yana çevrildikdən sonra nəhayət, yerimdən qalxdım. Pərdəni aralayan kimi solğun payız günəşi çağrılmamış qonaq kimi içəri doldu. Eyvana çıxıb ştanqla idman edib bədənimi açdım. Bax, indi oldu əla! Hamama girib duş qəbul etdim. Dişlərimi yuyanda gözüm güzgüdəki Rüfətə sataşdı. Sanki, özümü birinci dəfəydi görürdüm; saçlarıma düşən dənə, gözlərimin yanında, alnımda illərin naxışını salmış nazik qırışlara baxıb heyfisləndim.”Yaxşı ki, gözümün nuru solmayıb hələ…”
Kolbasayla holland pendirindən buterbrod düzəldib “vurdum bədənə”. Bir fincan qəhvə içib, nimdaş gödəkçəmi əynimə taxıb evdən çıxdım.
Payız gecikmişdi bu il. Həyətdə səki boyu düzülən nəhəng qovaq, ağcaqayın ağaclarının yarpaqları yamyaşıl idi. Tək-tük qızarmış yarpaq gözə dəysə də havanın həlim olması yaz aylarını xatırladırdı.
Bu gün özümə bazarlıq etməliydim. Payız-qış paltarım yox idi deyə əyin-baş almaq, həm də şəhəri gəzib dolaşmaq istəyirdim.Yeraltı keçiddən bazara girdim.Eşitmişdim ki, əllinci konteyneri işlədən Bəxtiyarla İxtiyar qardaşları Türkiyədən firma mallar gətirir. Baha da satsalar keyfiyyətlinə görə alıcıları çox olur.
Bazarda insan axınından yerimək olmurdu. Hər cərgəbaşı səsləndirilən yeni estrada hitlərinin qulaqbatırıcı sədası, səyyar “şaurma”, su, pivə satanların bağırtısı müştərilərlə şıdrığı al-ver edən satıcıların səs-küyünə qarışmışdı. Tanış ləhcələr, səslər bu hay-küyün içindən şütüyərək qulağımda cingildəyirdi. Cərgəylə sıralanan dəmir konteynerldə al-ver edən həmyerlilərim müştəri cəlb etməkdən ötrü əldən-ayaqdan gedirdilər. Hər kəs öz malını tez və baha satmağa cəhd edirdi. Hər iki konteynerdən birində eyni malların olduğunu nəzərə alsaq, bunun onlara necə baha başa gəldiyini təsəvvür etmək çətin deyildi.”Bizimkilər ticarətçün yaranıb” deyə düşünməyə haqqım vardı.
Birinci, qardaşların konteynerinə baş çəkdim. Gülərüz, çatma qaşlı qardaşlar ikisi də bir boyda, bir geyimdə olduğundan salam verib görüşəndən sonra adlarını desələr də, mənim üçün onları bir-birindən ayırd eləmək çox çətin oldu. Bəxtiyara İxtiyar, İxtiyara da Bəxtiyar deyə müraciət edəndə hər ikisi gülümsəyib, yarı zarafat-yarı gerçək “fikir vermə, anam da bizi həmişə səhv salırdı, vallah!” dedilər. Heç də zarafata bənzəmirdi.
Bu bazarda işlədiyimi, payız-qış mövsümünə əyin-baş alacağımı dedim. Qardaşlar Türkiyədən gətirdikləri yeni partiyadan bir-bir ölçümə uyğun kostyumları, palto və dəri gödəkçələri göstərir, hansı parçadan, hansı firmada tikildiyini başa salırdılar. Belə şeylərdən başım çıxmadığından gözümə yatımlı, zövqümə uyğun olanlarını seçdim. Bir dəri gödəkcə, iki kostyum, sviter götürüb konteynerin küncündəki soyunub-geyinmə otağına keçdim. Otaq deyəndə, bura iki tərəfi qırmızı parçayla tutulmuş, divarında iri güzgü vurulmuş künc idi.
Seçdiyim paltarları asacağa keçirib pərdəni çəkdim. Divardakı güzgünün çatlaq olduğu nəzərimdən qaçmadı. Ərklə, Bəxtiyara səsləndim ki, nə əcəb sınıq güzgünü dəyişmirsən? Yaxşı əlamət deyil bu…
Mən pərdənin bu üzündə olduğumdan hansı qardaşın cavab verdiyini təyin edə bilmədim.
–Ata bilmirəm, – dedi. – Əmioğludan yadigardı, qardaşım.
“Əcəb yadigardı. Belə də yadigar olar?” Kostyumun birini, bir də gödəkcəni bəyənib çıxanda İxtiyar qalanlarını əlimdən alıb yerindən asdı. Sviterin bir ölçü böyüyünü istədim.
– Xoşum gəldi, amma… bir az sıxdı, – dedim.
–Beş dəqiqə gözlə, skladdan gətirim. Bilirdim bu “sklad” məsələsini; kimdə ki, alıcının ölçüsü olmurdu skladdan gətirim adıyla qaçırdılar başqa konteynerə, lazım olan ölçünü tapıb gətirirdilər, təki, alıcı pərişan olmasın. Həm də biri-birinə yardım edirdilər bu cürə.
Bir daha boynundakı ölçüsünə baxıb konteynerdən çıxdı. Bəxtiyar gülümsünüb kostyumu və gödəkçəni iri paketə yerləşdirdi.
“Yadigar güzgü” məsələsini öyrənmək üçün marağımı gizlətmədim. Güzgüyə işarə edib:
–Yaxşı əlamət deyil , – dedim, – tulla getsin.
Bəxtiyarın üzündəki təbəssüm yoxa çıxdı. Fikrimi başıyla təsdiq edərək güzgüyə yaxınlaşdı.
–Bilirəm, – dedi. – Başa düşürsən, qardaşım, bu güzgünün üstündə əmioğlumun qanı var… Əlim gəlmir tullamağa.
Məni maraq bürüdü. Soruşdum:
–Nə olub ki?
–Keçən il, Samir, əmioğlumu deyirəm, qonaq gəlmişdi Moskvaya.. – Bəxtiyar kövrəldi. – Kaş gəlməyəydi. Uşaq… İşləməyə yox ee, helə-belə gəlmişdi, gəzməyə… Mənə deyən lazım idi ki, ay axmaq, uşağı bazara niyə gətirirdin axı?! Apar Qızıl meydana, sirkə, kinoya… O günə daş düşəydi!..
Bu vaxt əlində bir neçə sviter konteynerə daxil olan İxtiyar nəfəsini dərib qardaşının yarımçıq qalmış söhbətini dinlədiyimi görüb əlindəkiləri rəfin kənarına qoyub susdu.
Bəxtiyar o ağır, faciəli günün təsirinə düşdüyündən onun gəldiyini belə hiss etmədi.
–Bilirsən, – deyə davam etdi. – Samiri , lənətə gəlmiş bazara gətirdiyim gün konteyneri təzəcə açmışdım ki, aləm qarışdı bir-birinə. Arxa cərgədən kimsə bağırdı: ”Gəldilər!…” Elə bunu eşitdim. And olsun bizi yaradana, heç beşcə dəqiqə keçmədi, banditlərin bazara soxulmasıyla hər şey alt-üst oldu. Mənim konteynerimə üç pəzəvəng girmişdi. Əllərindəki beysbol dəyənəyilə boynumun ardından necə vurdularsa, huşumu itirib yerə sərildim. Handan-hana özümə gələndə , birinci əmioğlu yadıma düşdü. Başımdakı ağrıdan bir şey anlaya bilmədim; Samir o güzgünün qabağında yerə uzanmışdı. Cərgələrdəki qıy-qışqırıq, hay-haray imkan vermirdi ki, kimisə köməyə haylayım. İlahi, o günü ömrümə yazma!.. Uşağa yaxınlaşdın ki, qaldıram… Təsəvvür edirsən, qardaşım, təsəvvür edirsən?.. Bu dəhşət idi!.. Samir, qanın içində, başından aldığı güclü zərbədən… ölmüşdü! Samir ölmüşdü…
Lənətə gəlsin bu sınıq güzgü! Bilsəydim, heç sual verməzdim. Mən onun hələ də sağalmamış yarasına duz səpmişdim. İxtiyara içəri girən müştərini göstərib, onu havaya çıxardıb toxtaqlıq vermək istədim.
–Sən özünü üzmə, – dedim. – Rəhmətliyin alın yazısıymış…
Sözüm ağzımda qaldı. Deyəsəın bunu çox demişdilər ona.
–Nə yazı-mazı, qardaş?! Qurban olduğum bir parça çörək dalınca didərgin düşən kasıb-kusuba nə vaxt rəhm edəcək?! Elə biz bədbəxtlərin alın yazısı olur, həə?!…
Mən Bəxtiyarı yaxşı başa düşürdüm. Əmisi oğlunun ölümündə özünü günahkar bilir, qovrulur, əzab çəkirdı…(Xaos baş alıb gedən keçmiş sovet məkanında bir parça çörək pulu qazanmağın nə qədər məşəqqətli, iztirablı, qorxulu olduğunu bu anları yaşayanlardan başqa kimsə anlamaz).
Nədənsə, bu bazara gəldiyim ilk gündə Mədətin bəhs etdiyi banditlər yadıma düşdü.Əvvəlcə soruşmağa ürək eləmədim, daha doğrusu, güclə sakitləşmiş Bəxtiyarı təzədən o günlərə qaytarmaq istəmədim.Marağım bu hissə güc gəldi. Soruşdum:
–Kim idi o banditlər?
Bəxtiyar təəccüblə xeyli baxdı.
–Deyəsən təzəsən burda?
–Hə, altı ay olar…
–Deyirəm də, bilmirsən. Tixomiri tanımamış olmazsan.
–Hə, bazarın yiyəsidi.
–Bax, o vaxtı “Tixon” adı gələndə hərə başını soxmağa bir deşik axtarırdı.Onun başkəsənləri bazar sahiblərini də, al-ver eliyənləri də zara gətirmişdi. İki-üç gündən bir basqın edib haqq ödəməyənlərin dükanını alt-üst edib talayırdılar. Qəribəsi o idi ki, bazarın sahiblərinə hədə qorxu gəlirdilərsə də, zərər çəkən biz yazıqlar idik. Necə deyirlər, yanan da mən, yamanda… Onların bir tələbi vardı ki, işləmək istəyirsizsə bizə haqq ödəməlisiz, yoxsa, halınıza baxın. Özü də elə məbləğdən dəm vururdular ki, bazar sahibləri yığdıqları yer pulunun hamısını da versəydilər yenə borclu qalırdılar. Özbaşınalıq olan ölkədə banditlərin qılıncının sağı da , solu da kəsirdi. Heç milislər də yaxın dura bilmirdilər. Elə indi də…Axırda, bezdilər haqq ödəməkdən, olan-qalanlarını yığışdırıb əkildilər,bazar da keçdi Txomirin əlinə…Əmioğlumu da onun cəlladları vurub öldürmüşdülər…
O hər dəfə Tixomirin adını elə astadan çəkirdi ki, sanki, kiminsə eşidəcəyindən ehtiyat edirdi. Bu neçə ayda baş verənlərdən hali olduğumdan onun təlaşını başa düşürdüm.
Söhbət banditlərdən düşmüşkən ondan “Berkut” barədə soruşdum. Çoxdan Moskvada al-ver etdiyindən onun barədə eşitməmiş olmazdı. Təəccüblə üzümə baxıb soruşdu:
–“Berkut”u hardan tanıyırsan?
–Yoox,-dedim,-tanımıram.Eşitmişəm bu barədə…
– Heç kim onu yaxşı tanımır, vallah!Deyilənə görə, Tixomirin bir düşməni varsa, o da “Berkut”du. Arxası yuxarılara bağlıdı. Demək olar ki, şəhərin yarısına nəzarət edir. Bulardan heç nə qopara bilmir, dişi batmır. “Tixon” da özünə görə deyil haa, avtortetdi. Bir dəfə güclü “razborka”ları da olub, qan su yerinə axıb.Vallah, eşitdiyimi deyirəm.Nə bilim…
–Görən olmub onu?
–Pul yığan var ee, Vitalik, o deyirdi ki, Moskvaya qara “Ceep”i birinci gətirən odu. Başqa heç nə …
Məni maraq götürdü:
–Bizim Vitalik?! Gəncəli Vəfadar?
Bəxtiyar təəccübləndi:
– Hə də. Tanıyırsan onu?
Daha heç nə demədim. Fikirləşdim ki, yaxşı olar Vəfadarı görəndə soruşaram.
Cərgələr arasında bir az var-gəl edib İxtiyarın yanına qayıtdıq. O kostyum bəyənmiş müştəriylə haq-hesablaşırdı. Gülümsəyib onu yola salandan sonra mənə yaxınlaşdı. Bu söhbətin təsirindən özümü narahat hiss edirdim. Sviterdən birini götürüb əynimə keçirdim. Daha güzgüyə yaxınlaşmadım.”Necədi?” – soruşdum.
–Əə-ladı, qardaş canı! – dedi. – Lap əyninə toxunub. Sağlıqla geyin!
–Hesabla …
Bəxtiyar çox səmimi olaraq:
–Qonağım ol, – dedi. Mən təşəkkürümü bildirdim. Çox çək-çevirdən sonra beş yüz dolları cibinə basdım.
Sviteri də kostyum olan paketə qoyub, “mer-meyvə lazım olanda utanmayın, gəlin dükana” deyib qardaşlarla xüdahafizləşdim.
Yol boyu “Berkut” fikrimdən çıxmırdı. Kim idi kabus kimi xəyalımda dolanan bu varlıq? Niyə axı yadımdan çıxara bilmirəm onu, niyə?!
Yaşadığım binanın altındakı marketə girib kolbasa, pendir, bulka alıb evə qalxdım. Ərzaqları mətbəxə, paltarları divanın üstünə qoyub duşa girmək istəyirdim telefona zəng gəldi. Mədət idi. Əvvəlcə mənzildən xoşum gəlib-gəlmədiyini, işlərin necə getdiyini, bir çətinlik olub-olmadığını xəbər aldı. Mən xatircam olduğumu bildirəndən sonra dönə-dönə “Bakı” restoranında görüşəcəyimizi yadıma saldı.
–Əlbəttə, – dedim, – sabah axşam yeddidə ordayam. Arxayın…
Biz aldanmışıq, Rufatcan, aldanmışıq… Elə siz də…
–Ara, Rufaat, bu sənsən? Ara, albatta, sənsən!.. Ara, bayaxdan baxiram, baxiram… On, ili ne on? Kaneçno je on!.. Salam ara, Rufatcan … tı menya ne uznal? Mənəm daa, ara, Armen… ermenikend… Rafikin qardaşı…Qarabax , zasada…Yaddan çixib? Ay oynun olsun sanun! Tanimadi haa…
Əvvəlcə bizim masaya diqqətlə göz qoyub, sarışın, hündürboylu cavan ofisiantla bir şüşə “Ararat” konyakı göndərən, ərklə: “zemlyaki, nuş olsun!”deyib, başını yellədərək salamlaşan, sonra da mənə yanaşıb yüz ilin tanışı kimi qucaqlaşan, onunla “əlli-əlli” vurmağı xahiş edən orta yaşlı bu kişini indi yadıma sala bildim. O, Rafiqin adını çəkməsəydi, çətin ki, Marqonun təsvir etdiyi kimi yadımda qalardı. Hətta Qarabağda baş verən olayı xatırlatsaydı belə, Armen mənim yaddaşımda nəfəsindən səngər rütubəti, paltarından barıt qoxusu gələn, illərlə saqqalı qırxılmayan, dişləri saralmış, gözlərinin altı tuluqlamış zabit kimi qalmışdı… Əlbəttə, gizlədə bilmədiyim təəccübümü o da sezdi. Müəmmalı-müəmmalı gülümsündü.
Qarşımda bahalı ətir və Yerevan konyakının tünd qoxusu gələn qara kostyumlu, üzü təraş olmuş, cod saçları səliqəylə arxaya daranmış, qafqazlılara xas sərt üzlü, lakin artıq Moskva abu-havasını udub rəngi-ruhu dəyişmiş orta yaşlı bir kişi dayanmışdı. Sadəcə, bir balaca çox içdiyindən dil-boğaza qoymurdu ki, bu da ciddi-cəhdlə yaxın keçmişini ört-basdır edə biləcək avropasayağı geyiminə heç cürə yapışmırdı, hətta bir az da gülünc görsənirdi. Yaxşıca yeyib-içdikləri, keyflərinin saz olduğu onunla bir masa arxasında oturan, əsasən Moskva restoranlarında pullu, qadın düşkünü olan qafqazlı müştərilərlə yeyib-içəndən sonra onlara intim xidmətlər göstərən ayağısürüşkən qızların həddən ziyadə şənlənməsindən də məlum idi.
O bizim masaya yaxınlaşanda, ağzını açan kimi ləhcəsindən erməni olduğunu duymuş Mədət qoltuğunun altında saxladığı pistoleti tez-tez barmaqucu “yoxlamasını” hiss etmişdim. Onu qınaya bilməzdim, çünki son vaxtlar Moskvada baş verən çaxnaşmalardan sonra üstündə silah gəzdirdiyini bilirdim – özünümüdafiə üçün. Amma burda, Allah eləməmiş, bir xəta çıxmasını heç birimiz istəməzdik!
Armenlə gözlənilməz görüşə məətəl qaldığım qədər də narahat olmağa başladım. Əvvəlcə, Mədət çağırılmamış sərxoş qonağın bizə “ilişdiyini” zənn edib, hər hansımıza zərər verə biləcəyini düşünərək tez ayağa qalxdı, onu çox mədəni formada, özünəməxsus təmkinlə masamızdan uzaqlaşdırmaq istəyəndə əlimlə işarə etdim ki, narahat olmasın, tanışdı.Yenə də ürəyimi yeyirdim : ”Birdən ağzından qələt-zad çıxardar, peşiman edər məni, onda necə ? İçkili adamdan nə desən gözləmək olardı. Heç yeriydi? Əcəb yerdə axşamladıq....” Mədəti sakitləşdirsəm də mənim gərginliyimi duymuşdu. Arif adamdı bu Mədət .
Armenin qəfil şaqqanaq çəkib gülməsi məni fikirdən ayırdı. O artıq bizim masanın arxasında oturmuşdu.
Mədətlə Vəfadar, nəhayət ki mənim təzə işimi “yumaq” üçün Moskvanın düz göbəyində yerləşən “Bakı” restoranında masa sifariş verəndə mənim ağlıma da gəlməzdi ki, indiki vəziyyətdə azərbaycanlıların restoranına ermənilər də gələr. Əvvəlki vaxtlar deyildi axı?! Hələ də gözlərimin qarşısından getməyən müharibənin dəhşətləri qeyri-ixtiyari bunu düşünməyə vadar edirdi, burdakılarınsa heç vecinə də deyildi. Çaşqınlığımı görən Vəfadar sakitcə qulağıma dedi ki, narahat olma, bura Qarabağ deyil ha, biri-birimizə güllə ataq? Rossiya-şedraya duşa! Oralara ağlın getməsin, burda hamıya yer var.Təki öz yerini biləsən…
“ Bakı” restoranı öz interyeriylə, yüksək səviyyəli personalıyla, əsasən mətbəxi ilə – Azərbaycandan gətirilən cürəbəcürə ləziz təamları, təzə meyvə-tərəvəziylə fərqlənirdi və paytaxt qonaqlarının xüsusi rəğbətini qazanmışdı. Azərbaycanı, onun mətbəxini sevənlərin ən arzuolunan istirahət guşəsi, məhz buraydı, inanın ki, burada hər kəs özünü Azərbaycandakı kimi hiss edirdi. Əlbəttə ki, Moskvada yaşayan, işləyən, qonaq gələn həmvətənlilərimiz də fəxr və iftixarla öz dostlarını heç fikirləşmədən, məhz bu restorana dəvət edirdilər.
Restoranın kiçik orkestri Tofiq Quliyevin hansısa tanış melodiyasını ifa edirdi.( Şarl Aznavurun mahnısını oxusaydılar heç təəccüblənməzdim.) Zalda nastalji kohnə Bakı abu-havası duyulurdu…
Mənim spirtli içkilərlə yaxın “dostluğum” olmadığından içmirdim. Vəfadar konyakdan süzüb tanışlıq şərəfinə badə qaldırdı. Vurdular.
O bizə yaxınlaşana qədər içkiliydi, həm də heç nə yemirdi. Deyəsən, konyak onu əməlli-başlı tutmuşdu. Tez-tez dostlarına tərəf boylanıb əliylə işarə edirdi ki, indi gəlirəm, amma bizdən belə tezliklə aralanacağına özü də əmin deyildi. Yəqiin ki, dostları onun xasiyyətinə yaxşı bələd olduğundan heç də narahat görünmürdülər.
–Çoxdan Moskvadasan? – Soruşdüm.
–O zasadadan iki gün sonra, tüpürdüm hər şeyə. Az qalmışdı sizə görə paz vursunlar dalıma. Ha-ha-haa !.. Ara, bu dava çox uzanacaq, vallax! Klyanus boqom, bizi lox sayırlarmış ee, loxx!… İndi qoy başqaları vuruşsun. Mən heyvan kimi yaşamaq istəmirəm daha…
Armenin səmimiyyətnə şübhə etmirdim. Düşmənçiliyin fanatikcəsinə beyinlərə tıxlaşdırıldığı , nifrət, qəzəb tüğyan edən bir vaxtda onun risk eləyib bizi azad eləməyi, doğrudan da ağılasığmaz bir hərəkət idi. Hələ indiyə kimi anlamıram ki, onu buna vadar edən nə idi?!.. O öz həyatı bahasına başa gələcək addım atmışdı. Elə o gündən də ona bir can borcum olduğunu unutmamışdım. Başqa vaxt, başqa bir şəraitdə onunla təsadüfən görüşsəydim nələr edərdim, özüm bilirəm. Xasiyyətimə bələd olanlar bilirdi ki, milliyətindən asılı olmayaraq hər insan üçün ürəyimdə yer var, təki insan olsun. Amma belə bir gündə rastlaşmağımız heç ürəyimdən olmadı. Mən heç e, bu uşaqlar onu yaxşı tanımırdılar, bələd deyildilər, bir də şeytanın qıçını sındırıb, ayda-ildə bir dəfə bir yerə yığışıb kef çəkmək, dərddən-sərdən uzaq olmaq istəyirdilər, bu da özün hardan yetirdi, bir Allah bilir.
“ Yaxşı, tanıdın, görüşdün, dostlarımla tanış oldun, bir “əlli” də vurdun… başqa bir vaxtda , daha əlverişli şəraitdə, həm də ikimiz görüşüb dərdləşə bilərdik, daha əhvalımızı pozan, dərdləri təzələyən söhbətlərin yeri deyildi axı?! Orda olanları qurdalamaq kimə gərəkdi axı?” Bir yandan da fikirləşdim ki, burda nə var ki, dərd elə hamımızın dərdidir, bunlar da mənim başım çəkən müsibətlərin kiçik xronikasına səyahət edirsə daha yaxşı, məni də yaxından tanıyarlar, bilərlər, maraqlanarlar bəlkə də… Çünki, heç vaxt, bəziləri kimi yerli-yersiz, yekəxanalıq edib cəbhədən, döyüşlərdən danışmazdım. Qəribəsi o idi ki, onlar bu barədə soruşmazdılar, mənə elə gəlirdi ki, bu mövzuda olan söhbətlər onlar üçün maraqlı deyil… Bəlkə yanılırdım, amma…
Ürəyimə min cürə fikirlər gəlirdi. Deyirdim, bəlkə bu bir təxribatdı, ya da sadəcə, əvvəlcədən hazırlanmış ssenariyə əsasən burda istirahət edənlərdən kimisə aradan götürmək üçün qurulan hiylədi. Elə məqam gözləyirlər ki, kimsə “millət”, “torpaq” söhbəti eləsin, sözlər çəpləşsin və başlansın vur-haray… Belə hadisələr tez-tez olurdu axı. Restoranın ətrafında dolaşan milislər də elə bir haya bənddi…
Mən belə düşünürdüm, lap detektiv romanlardakı kimi bir anlığa xəyalımda da canlandırırdım. Çünki, düşmənlə səngərdə, üz-üzə döyuşmək ayrı, başqa şəhərdə bir stol arxasında oturub “vurmaq” ayrı. Düşmən yenə düşməndi. Diqqətimi çəkən, məni narahat edən isə zalda oturanların bizə tərəf çəpəki baxmasıydı; bizim öz dilimizdə danışdığımıza görə yox a, rus dilində danışsa da ləhcəsindən erməni olduğu açıq-aşkar bilinən Armenə görə. Onları başa düşürəm. Moskva da ki, özün bilirsən, balam, heç Bakıdan fərqlənmir; hara getsən, yalan olmasın, elə beş-on adamdan biri azərbaycanca danışır. Elə ki, darıxdın, ürəyin sıxıldı, könlündən kiminləsə laqqırtı vurmaq keçdi – çıx şəhərin istənilən gur yerinə, budur, görəcəksən ki, nə bir, nə iki, lap beş nəfər həmyerlinə rast gəldin, day bazarları demirəm: hansına ayaq basdın, pəh, budu, hansı bölgədən istəsən tap, istədiyini al çənənin altına, doyunca mırtdaş da… Amma, birdən, çaşıb uzun illər dost olduğun erməniylə deyib-gülüb, danışdın, vay sənin halına – hərə bir vedrə bağlıyacaq. Hansı ki, o vedrə bağlıyanlar nə döyüşlərdə olub, nə də baş verənlərin məğzini bilirlər, hələ oğrun-gizlin ermənilərlə münasibət qurur, dostluq edir, şərik biznes də yaradır… Qonşu masalardan altdan-altdan, oğrun-oğrun, kinlə bizə dikilən gözlərə fikir vermək kifayət edərdi ki, sakitcə durub burdan əkiləsən… Amma, lənətə gəlmiş bu qafqazlı qonaqpərvərliyi öz işini görürdü: qonağı süfrədən qovmayacaqdıq ki ?!
Armen öz aləmindəydi. Heç vecinə deyildi. Səsinin yoğun yerinə salıb danışırdı. Birdən səsi avazıdı, uşaq da hiss edəcək dərəcədə biruzə verdiyim narahatçılığımı görüb soruşdu:
–Ara, Rufatcan, deyəsən meşat elədim, haa?.. Bəlkə mən gedim?…
İncimişdi. Gözlərimin içinə baxa-baxa ürəyimin içinə girmişdi elə bil. Oxuyurdu ürəyimi.
Mədət qalxmaq istəyən Armenin qolundan tutdu ki, “otur”. Mən pərt olmuşdum. Gic-gic fikirləri beynimdən tullamağa çalışdım. ”Lənət sənə kor şeytan! “ Düşmən də olsa:
–Yoox… C-canımçun inciyərəm, – deyə bildim.
Dodağı yüngülcə qaçdı. Amma bu razılıqdan çox pərt olduğunu biruzə verməmək, özünü sındırmamaq üçün edilən jestə daha çox bənzədi. Oturdu.
Düzü, biz buraya Vəfadarın təriflədiyi quzu kababı yeməyə gəlmişdik. Demişdi ki, Moskvanın hər dəlmə-deşiyində olan kafe-restoranlarda kabab yemişəm, amma buranın kababından ola bilməz!.. Bir saat olardı tərifli quzu kababıni sifariş edib oturduğumuz. Armenin gəlişinə qədər dəniz məhsullarından hazırlanmış soyuq “ Bakı”salatı, kolbasa, mal dilinin soyutması, göy-göyərti, pomidor-xiyar, şor və pendirlə başımızı qatmışdıq.
Soyuq qəlyanaltılardan ona təklif etdim. Nimçəsinə salatdan bir qaşıq çəkib iştahsız da olsa yeməyə başladı. Mənim kimi çəngəl-bıçaqdan istifadə etməyi yadırğadığı çəngəl-bıçağı gah sağ əliylə gah da sol əliylə tutmağından hiss olunurdu. Bir yandan da gərginlik öz işini görürdü.
Bir anlığa, əsirlikdə olarkən iri alüminium qazana çəkilmiş parça-parça mal ətini kirli əllə, elə qazandan götürüb dişimizə çəkdiyimiz gözlərim qarşısında canland – o süfrə hara, bu hara… Allahtərəfi deyim ki, Armen olmasaydı, bəlkə o, bizim son naharımız olacaqdı. Özümü güclə gülməkdən saxlaya bildim. Deyəsən Armenin də xəyalı oralarda idi – güldü.
Bir xeyli sakitlik hökm sürdü.
Ecazkar musiqi məni ovuda bilmirdi.
Ardı-arası kəsilməyən top atəşindən məhv edilmiş dəstəmizdən beşcə nəfər sağ qalmışdıq. Buna möcüzə də demək olardı, qismət də. Nə deyirsən de, amma bu qismətin sonucu bizim əlimizdə deyildi. Düşdüyümüz şəraitdə heç nəyi götür-qoy eləmək imkanımız yox idi. Sağ qalmağımız isə kimlərinsə planını pozmuşdu. Sonralar, hospitala düşəndə, gözlərinə kabus görünürmüş kimi bizə baxan həkimlərin dediyindən belə çıxırdı ki, o yüksəkliyə göndərilənlərin hamısı ölənlər siyahısındadı. Bəli, biz ölmüşdük!
Bombardmandan sonra hara getdiyimizi belə dərk etmədən yola düşmüşdük. Əsir düşəndə də möcüzə baş verdi desəm, yanılmaram. Möcüzəni o mənada deyirəm ki, eşidib gördüklərimdən dəqiq bilirdim, türkə qarşı amansız olan ermənilərin əlindən bir nəfər də olsun elə-belə, əvəzsiz qurtula bilməzdi; əvəzində ya yanacaq, ya da bir azərbaycanlı yerinə on erməni əsirini geri alardılar… Armen döyüş yoldaşlarına nə demişdi, sonralar özünü necə müdafiə etmişdi bilmrəm, amma danılmaz fakt o idi ki, həmin anda bizi öz həyatı bahasına xilas etmişdi…
–Ara, – deyib sükutu pozdu, – sizi buraxandan sonra fikirləşdim, fikirləşdim, kəlləmi yordum ara, bəs indi neca olacaq, ha?!… Uşaqlar kənddən qayıdanda nə deyəcəm ha olara?!… Ara, Rufat, mazzab haqqı, bu Armenin kəlləsi işləyirmiş, başın haqqı!.. Tövlənin qapısındakı axrannik molodoy paçan idi, özü də Spitakdan. Dedim ona ki, ara, kəndə getmədik, heç olmasa burda ikimiz bayram eləyək. Sizi göstərib dedim, ara, onlar heç hara qaçan deyil, halları pisdi… Gətir o tut arağından vuraq. Ara, o molodoy da buna bənd imiş ha, bir butulka tutovkanı içib tövlənin qapısının ağzında xoruldamağa başladı qoca kişi kimi, ha-ha-ha… hi-hi-hi… Mən də getdim palatkaya… Sonra nə oldu, başa düşdün da, ara…
O bunları elə sakit nəql edirdi ki, sanki dövlət əhəmiyyətli bir sirrin üstünü düşmənə açırdı.
Güləndə də səssiz kinodakı kimi ağzının açılıb-yumulması görünür, sonradan-sonraya cingiltili,qəribə bir xışıltı eşidilirdi. Birdən nəsə fikirləşib şübhəli-şübhəli o yan-bu yana boylanıb dəsmalı ağzına tutdusa da səssiz gülüşünü güclə saxlayıb ciddi görkəm aldı.
–İncimə haa, – dedi, – mən ölum düzünü de, mənim batalyonum zasadaya düşsəydi, buraxardun sağ-salamat? Tolko, çesno de, buraxardun?
Doğrusu, bu sualı heç gözləmirdim. Özündən razı halda mənim nə deyəcəyimi gözləyirdi.
Bəlkə düşməninə aman verdiyi, içini didən peşimançılığının yükünü, ağırlığıni çiyinlərindən atmaq üçün, neçə vaxtdı mənimlə beləcə üz-üzə gələcəyini gözləyərək dilinin ucunda gəzdirirmiş bu sualı?! Bir yandan da fikirləşdim ki, elədiyi qəhrəmanlığı qabartmaqla, bir növ gözə soxmaqla, dostlarımın yanında özünə hörmət-izzət qazanmaq istəyir, yəni baxın, mən belə oğulam e!.. Nə deyəcəyimi bilmədim. Armen də mənim çətin seçim arasında qaldığımı duyub, dostlarımın diqqətini çəkəcək tərzdə, sualına özü də cavab verdi:
–Anamın goruna and içaram haa, bəlkə də sən buraxardın, bilmirəm, amma… buraxsaydun, sani gəbərdərdilər, masab haqqi!
–Bəs sən?… Əgər o hadisəni danışmasaydım, ya da Rafikin yerində başqa birisinin qardaşı, qohumu olsaydı necə? Axı o günə kimi Rafiklə görüşməyə də bilərdin?! Çox güman ki, onda mənim varlığım, yoxluğum səninçün bir əhəmiyyət kəsb etməzdi. Hə, birdən sənin yerində Karapetin qardaşı, lap elə özü olsaydı , mənim aqibətim necə olardı, təsəvvür edirsən?!
Mədətlə Vəfadar mənim düşündüyümdən də çox maraq göztərdikləri söhbətimizin nə vaxtsa yekunlaşacağını səbirlə, hövsələlərini basıb gözləyirdilər ki, nəhayət, əməlli-başlı yeyib-içsinlər. Amma söhbət getdikcə onları da özünə çəkirdi. Dedim axı, ilk dəfə görüşdüyümüzdən onun da, mənim də ürəyimiz doluydu, elə bil bu günə, ba saata qalmışdı hər şeyi ortalığa töküb ayırd eləmək…
–Həə, təsadüflər …Nə yazıq ki, təsadüflər həmişə belə xoş olmur.
O çox məmnun görünürdü.
–Peşmansan?… – Qəfil soruşdum. Karıxdı.
Armen xeyli fikirə getdi, sonra qədəhinə konyak süzüb başına çəkdi, bir dilim limon götürüb yedi. Qətiyyətlə:
–Yoox,– dedi.-Bilirsən niyə?
–Niyə?
–Birincisi ona görə ki, kişi adamsan; kimdi, nəçidi bilmədən uşağı xilas eləmisən – Rafiki deyirəm, qoymamısan ölməyə. Bilirsən, Rafik Rastova gələndən sonra bütün məclislərdə sənin sağlığına badə qaldırırdı. Deyirdi ki, o mənim Anqel-xranitelimdir!
Deməli, yaşasın TƏSADÜF?!!
Həyatda elə təsadüflər olur ki, ağlına gəlməyən bəlalara düçar olmağa şərait yaradır, səni bir dünyadan başqasına aparır, yaşayışın cəhənnəmə dönür… Oturduğun, durduğun yerdə əsl zibilə düşər, xəstəlik, bəla tapar, hətta ölümlə üzləşər, özü də bu o qədər gözlənilməz, o qədər ixtiyarsız olar ki, nə qədər soyuqqanlı olsan belə həmən təsadüfdən uzaqlaşmaqda imkansız olarsan.Və elə təsadüflər də var ki, ağlın, dərrakən səni başqa səmtə yönəlməyi, bəlkə də qaçmağı tələb edəndə belə ürəyinin hökmünə üstünlük verirsən – bu nə qədər təhlükəli və mənasız olsa belə…
Əsir düşəndə, ermənilər Cavidə işgəncə verərkən çoxdan unutduğum, bəlkə də əhəmiyyət vermədiyim bir hadisəni yadıma salmışdım. Nədən? Özümü, nə olacağını düşünmədən qoluzorbalının Cavidin başına gətirəcəyi müsibəti hiss etdiyimdən. Cavid Qarabağlıydı və onu əsiri olduğumuz ermənilər tanımışdılar, başa düşürdüm ki, ilk baxışdan çox çəlimsiz görünən, amma olduqca qıvraq olan Caviddən nəyinsə qisasını almaq istəyirlər. Təsadüfdən, xoş təsadüfdən, həmən Armen mənim ürək ağrısıyla danışdığım hekayəti eşidirmiş. Tanrının işinə bax ki, gəncliyimdə bir uşağın iztirabına biganə qalmamağım illər ötəndən sonra dörd nəfər döyüş yoldaşımın sağ qalmasına səbəb olmuşdu…
…Son vaxtlar Marqo ilə evlərində, valideynləri işdə olanda görüşürdük. (Qurd ürəyi yemişdik!) İkinci dəfə idi Bakının “Ermənikənd” deyilən məhəlləsinə gəlirdim. Hə, bəlkə də Allah həmin anda Rafiqə görə mənim orda olmağımı istəmişdi, bilmirəm.
Qonşular duyuq düşməsin deyə “santexnik” adıyla (Marqonun tapıntısıydı ) məni həyətlərindəki hamam otağına salır, guya mən də başı çıxanlar kimi orada bir az qurcalanır, heç bir təhlükə olmadığını yəqin edəndən sonra məni evə cağırırdı. Beləcə oğrun-gizlin xosunlaşırdıq. Həmən gün də əlüstü-ayaqüstü görüşüb, azarımızı öldürəndən sonra tələsik küçəyə çıxanda artıq hava qaralmışdı.
Sərin yaz axşamı. Gilavar, qöca söyüdlərin asvaltı süpürən salxım budaqlarıyla vals oynayırdı. Barmaqlarımla saçımı darayıb, kefikök, Lenin prospektinə çıxan arkaya təzəcə çatmışdım ki, tindəki taxta köşkün dalından tükürpədici inilti eşitdim. Cəld səsə tərəf döndüm. Köşklə divarın tininə qısılan on beş-onaltı yaşlarında cılız bir oğlan uşağı al qanın içində zarıyırdı. Ətrafa baxdım – heç kəs yox idi – küçədən əl-ayaq yığışmışdı, tərslikdən Marqo da evlərinə qayıtmışdı. Doğrusunu boynuma alım ki, bu məhlənin adamlarını tanımadığımdan, əvvəlcə xata-bəladan uzaq olmağı üstün tutaraq, cinayət yerindən iti addımlarla uzaqlaşmaq istədim. Qorxdum desəm lap yerinə düşər. Niyə də qorxmayım; zəmanə pis idi, özüm də tələbə. Allah göstərməsin, milis cinayət yerində səni yaxalasa, deməli işlərin şuluq olacaq; belə vəziyyətdə tülkü tülkülüyünü sübut edincə gözünü açıb-yumarsan, görərsən ki, hop, əməlli-başlı zibildəsən, milislər son vaxtlar nə qədər açılmayan cinayətlər var sırıyıblar sənin boynuna və onlar bunu necə ustalıqla ediblərsə, hətta əşyayi-dəlillər də sənin əleyhinə “danışır”. Lənətə gəlmiş belə bir zəmanədə şahidlik etmək də elə kəndiri öz boynuna keçirmək kimi bir şeydi.
Uşağın iniltisinə ürəyim dözmədi, bir də gördüm işıqlı prospektin ortasında, əllərim havada maşın saxladıram. Birinci saxlayan “Qaz-21”in sürücüsü məni dinləmədən yeddimərtəbəli söyüş söydü, ürəyi soyumadı, hələ əlavə də etdi :“Yoldan çıx, ay gic.....” deyib, maşını sürüb getdi. Mən də onun arxasınca deyinə-deyinə dəli kimi, şütüyən avtomobillərə məhəl qoymadan, yaxınlaşan “Jiquli”nin qarşısına atıldım. Saxladı. Yaşlı kişiydi. Xahiş etdim ki, kömək eləsin, cavan oğlan can verir, yazıqdı, onu xəstəxanaya çatdırmaq lazımdır. Ürəyiyuxa kişiymiş – razılaşdı. Uşağı qucağıma götürüb maşına mindirdim.O, oğlanın vəziyyətini görüb “ay oğul, bu ki, mollalığdı?” deyib maşını yerindən elə tərpətdi ki, on dəqiqədən sonra “Semaşko”nun qəbul otağında olduq…
Sağ olsun növbətçi həkim, oğlan çoxlu qan itirdiyindən vəziyyətinin necə kritik olduğunu görüb tez əməliyyata götürmüşdü.
Düzünü boynuma alım ki, adi prosedurları saymasaq birinci dəfəydi xəstəxanaya işim düşürdü. ( Allah düşmənimə də göstərməsin – bura düşmək cəhənnəmi görüb qayıtmağa oxşar bir ziyarət imiş ?! ) Başlandı, nə başlandı – milis çağırmaq, sorğu-sual, onu yaz, bura qol çək.... Milislərə dedim ki, oğlanı tanımıram, küçədə yaralı gördüm, yazığım gəldi, qucağımda gətirmişəm. Zalım uşağı, inanmaq istəmirdilər. Mənim kimi səriştəsiz və sadəlövhün biri əllərinə göydəndüşmə sərvət idi deyə, o qədər biyöndəm suallar verib məni çaşdırmaq istəyirdilər. Bir anlığa fikirləşdim, yaxşı ki, sürücü bizi düşürdən kimi aradan çıxdı. Yəqin başı çox çəkibmiş yazığın…
Əməliyyat gecə saat 2-20 də qurtardı. Gecə vaxtı taksi tutub yataqxanaya qayıtmağa pulum qalmamışdı. Növbətçi həkimin razılığıyla palatada, narkozun təsirindən sayaqlayan oğlanın yanındakı döşəksiz çarpayının üstündə uzanıb səhəri dipdiri acdım…
Sonralar öyrəndim ki, Marqonun ondan uşağa qaldığından bixəbər Armen, yataq xəstəsi olan anasını və balaca qardaşı Rafiqi taleyin umuduna qoyub birdəfəlik Rastova gedəndən sonra nəzarətsiz qalan uşaq məktəbdən yayınır, özündən böyük məhlə uşaqlarına qoşulub, tez-tez onlarla qumar oynayırmış. Uşağın əli tez-tez gətirsə də cüvəllağı Karapetin kart düzməsindən xəbəri yoxmuş, daha doğrusu inanırmış qonşusuna. Karapet də ki, bu yolla, onu əvvəlcə şirnikləndirib, sonra da elə tavana qoyub ki, yazıq uşaq borcunu qaytarmaq üçün xəstə anasından gizlincə evdəki qiymətli şeyləri yavaş-yavaş əridirmiş. Bir, iki, üç… belə, işdən xəbər tutan anası nə qədər yalvarıb-yaxarırsa da Rafiq əl çəkmir qumardan, bir növ “kişiliyinə” sığışdırmır, deyir : – ”Karapeti mələtməsəm, əl çəkmərəm!” Nə isə , günlərin bir günü , axşamçağı qumar oynayanda yenə də Karapetin fırıldaq gəlməsini duyan Rafiq onunla əməlli– başlı tutuşub. Xoruzlanıb üstünə. Söhbətin axırı ana söyüşündə dirənib. Stadionun hasarına bitişik uçuq binadan çıxıb evlərinə gedəndə, Karapet əl atıb bıçağa. Rafiq götürülüb ki, qaçsın, amma pinəçi Zakirin köşkünün tinində ayağı büdrəyib yıxılanda ona çatan Karapet bıçağı düz iki dəfə sancıb kürəyinin ortasına və aradan çıxıb. Sonradan Marqodan eşitmişdim ki, Karapet Yerevana, dayısının yanına qaçsa da milis izinə düşüb, onu ordaca həbs eləyib…
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?