Текст книги "Sızanaq"
Автор книги: Zuleyxa NaEl
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
– Onda, deməli, məndə döş xərçəngidi?
– Dəqiq deyə bilmərəm, analizlər alınmalı, cavablar gəlməlidir, daha sonra biləcəyik ki, dərdiniz nədir.
– Bəs bu necə olur? Biopsiya?
– Biopsiya iki yolla alına bilər: iynə biopsiyası və cərrahi biopsiya. İynə biopsiyası şübhəli sahə və ya kütlədən iynə köməyliyi ilə toxuma nümunəsinin alınmasıdır. Cərrahi biopsiya isə əməliyyatla şübhəli sahə və ya kütlənin tamamilə çıxarılmasıdır.
– Məndə hansını tətbiq edəcəksiz?
– Düşünürəm ki, birincini, ikinciyə bizim hələ ehtiyacımız yoxdur, ümid edirəm ki, heç olmayacaq da. Bəlkə də bu sadəcə kistadır. Hormonların yaratdığı fəsadlar çox vaxt ilk baxışdan bizi qorxudur, amma analizlər gəldikdən sonra görürük ki, vəziyyət bizim düşündüyümüz kimi qorxulu deyil, sadəcə bir yaramaz kista bizi əməlli başlı qorxudubmuş. Siz vaxtı çox uzatmayın, elə lap indi analizdən keçin.
– Ağrılıdı?
– Bu iş üçün xüsusi iynələr var, mütəxəssislərimiz pasientə heç bir ağrı vemədən asanlıqla biopsiyanı həyata keçirirlər. Narahat olmayın, heç nədən də qorxmayın.
– Bəs cavabları nə vaxt çıxar?
– Üç günlə bir həftə arası. Daha dəqiq bir həftəyə.
– Onda mən sabah gələrəm, bu gün hazır deyiləm.
– Yaxşı, amma çox uzatmayın, sabah səhər burda olun.
– Yaxşı, sağ olun.
– Sağ olun.
Elmiranın rəngi payız yarpağı kimi sap-sarı olmuşdı. Ayaqları ona o qədər ağır gəlirdi ki, sanki ayaq sümüklərinin içinə bürünc əridilib tökmüşdülər. Klinikanın dəhlizi ilə ağır-ağır addımılayırdı. Evə getmək istəmirdi, işə getməyə isə həvəsi qalmamışdı.
Klinikadan çıxdı, maşını elə klinikanın həyətində unudub piyada, heç özü də bilmədən harasa gedirdi. Fikri hava kimi çiskinli idi. Plaşına bürünmüş halda qollarını çarpazlayıb ayaqlarının onu apardığı səmtə gedirdi. Xəstəliyinin nə dərəcədə təhlükəli olduğunu düşünürdü: “Bəlkə xərçəngdi? Yəqin həkimlər məni qorxutmaq istəmirlər. Xalidə necə deyəcəm, yazıq dəli olar. Mənə bir şey olsa, Laləm necə olacaq? Offf.... Allah, bu nədi belə? Məni belə sınama”.
Gözləri doldu. Göz yaşları ağ bənizində çillərini yuya-yuya üzü aşağı axırdı. Narın-narın yağış yağırdı. Yol kənarında xan çinarların xəzan olmuş yarpaqlarından xalça sərilmişdi sanki. Yağışda islanmış yarpaqların rəngində belə bir həyat eşqi vardı. Onun getməyə taqəti qalmamışdı. O, qoca çinara yaxınlaşıb ağacın gövdəsinə söykəndi. Sanki ağacdan güc alırmış kimi əlləri ilə ağacın gövdəsini tumarladı. Ağacın gövdəsində məskən salmış mamır onun əllərini yaşıla boyadı. Bir xeyli belə qaldı. Yağış get-gedə güclənirdi. Deyəsən, az da olsa, Elmira özünə gəlmişdi. Ətrafına göz gəzdirdi, harda olduğunu bilmirdi. Əllərini mamırdan təmizləyib əlinin arxası ilə gözlərini sildi. Klinikaya qayıtmaq lazım idi. Amma hardan və necə qayıtmalı olduğunu bilmirdi. Elmira sanki tamamilə yad bir şəhərdə, ona tanış olmayan küçələrlə addımlayırdı. Birdən hardansa bir qadın peyda oldu. Qaraçı idi. O, düz Elmiranın üstünə gəlirdi. Küçədə onlardan savayı kimsə gözə dəymirdi. Qaraçı ona yaxınlaşıb rusça:
– Gəl falına baxım, ay qız.
– İstəmirəm, sağ ol.
– Görürəm pis xəbər eşitmisən. İstəsən deyərəm nələr olacaq?!
– Yox, isəmirəm, get burdan.
Amma ürəyində “bəlkə soruşum?” deyə düşündü.
– Soruş, soruş, hamısın düz deyəcəm. Bax, istəyirsən deyim ki, sənin bir qızın var, ərini sevirsən, o da səni sevir, amma ərin bu yaxınlarda sənə xəyanət eliyə bilər. Səni sevən bir nəfər də var, sənə görə həyatını verər. Bir az pul ver, deyim kimdi o. Yaxşı qazanırsan, simiclik eləmə.
– Yaxşı, pul verirəm sənə, amma məni rahat burax, get burdan, sənin de-diyin heç bir söz mənə maraqlı deyil.
– Eehh, sən korsan, burnunun ucundadı səni sevən adam, hər gün şam kimi əriyir səninçün, amma sən onu görmürsən.
Elmira çantasından pul qabını çıxartdı. Klinikada həyəcandan pulları, pul qabına necə basmışdısa, pullar əzik-əzik olmuşdular. Topa pulları götürdü, onları səliqəyə salıb qaraçıya pul vermək istəyirdi. Birdən qaraçı pulların arasından yüz dolları qamarlayıb götürdü. Elmira ona tərs-tərs baxıb:
– Neyləyirsən, dəli olmusan?
Qaraçı gülə-gülə pulu ovcunda əzdi və:
– Oop, bax, pul yoxdu. Əgər səsini çixarsan, səni lənətləyə bilərəm. Səni dəli eliyərəm, inanmırsan? İstiyirsən sənə quyruğumla buynuzumu göstərim?
Elmiranı əməlli başlı qorxu bürüdü.
– Rədd ol burdan, lənət olsun sənə.
– Həəə, bax belə. Qorxun bizdən, qorxun.
Qadın əcaib səslə dilləndi və gülə-gülə ordan uzaqlaşdı. Gəldiyi kimi də bir an içində gözdən itdi.
– Lənətə gələsən, bu nə gündü belə? Bu nə idi belə?
Qorxu Elmiraya güc gəlmişdi, o iti addımlarla ordan uzaqlaşmağa çalışırdı. Nəhayət ki, bir taksi gözünə dəydi. O, əl eliyib taksini saxlatdırdı, klinikaya sürdürdü.
* * *
Bir anlıq yazıdan gözümü çəkəndə gözüm mənə tuşlanmış baxışlara sataşdı. Qonağım divara söykənib mənə baxırdı. O, mənə yaxınlaşıb:
– Deyəsən, sən də qorxdun, hə?
– Hə, bir az.
– Ruhların varlığına inanırsan?
– Fizikaya əsaslansaq heç bir quvvə itmir, sadəcə formasını dəyişir deyə bilərik. Su buza, qara, buxara, dumana, buluda çevrildiyi kimi. Amma insan ruhunun aqibəti mənə qaranlıqdır. Məncə, bu çox qəliz və mübahisəli bir məsələdi. Amma nənəm hərdən “ruh tutmaq” haqqında danışırdı, ruhu götürmək üçün də xüsusi bir mərasım təşkil olunurdu.
– Hə? O necə olurdu?
– Bir dəfə yadımdadı, xalam baş ağrılarından şikayət eliyirdi, gün batandan sonra isə onun halı lap pisləşirdi. Deməli, əvvəlcə ruhu götürəcək adam bir kasada təmiz su doldurur, suya dualar oxuyur və “ruh tutmuş” adamla hərəsi bir tərəfdən işarə barmaqları ilə kasanı ikitərəfli qaldırırlar. “Ruh tutmuş” adamın ölənlərinin bir-bir adı çəkilir, hansı adda su tərpəndisə, deməli, adamı həmin ölünün ruhu tutub. Daha sonra ölüyə nə istədiyi haqda sual verilir: “Nə istiyirsən? – Və bir-bir adları çəkilir. – Yasin? Salavat? Halva?” Bunlara cavab olaraq su yenə də tərpənə bilər, ya da rəhmətlik heç kimi saymayıb suallarını cavabsız qoyar.
Qonağım qımışaraq:
– Paah. Əməlli-başlı iş gedibmiş ki…
– Hələ bu harasıdı? Əsas məqam hələ sonra gəlir, “ruh tutan“ adamı uzandırırlar, üstünə ağ mələfə salırlar, mələfənin üstündə pambiqdan adam fiquru düzəldib dualar oxuyur və pambığı yandırırlar. Bu həm də qorxunu alır. Bütün bunlar mənə həmişə gülməli gəlirdi.
– Hmm. Amma maraqlı mərasim olub. İndi necə, hələ də gülməlidi?
– Nə bilim? Başıma gəlmiyib axı, amma hərdən fantaziyadır da oynuyur, hoqqa çıxarır. Bəs səncə? Səncə ruhlar var?
– Məncə, var. Elə bax indi ikisi sənin başının üstündə dayanıb düz üzünə marıttıyıblar.
Mən ağzımı əyərək:
– Aayyy, elə demə.
– Nədi, qorxursan?
– Hə.
– Sən onların varlığına inanmırsan, niyə qorxursan?
– Başqa bir mövzun yoxdu?
Mən susuzluq hiss elədim, amma mətbəxə tək getməkdən qorxdum, ona görə də qonağıma:
– Gəl, gedək mətbəxə, çaydan, qəhvədən dəmləyək, gələk.
– Tək getməyə qorxursan? İstiyirsən sən qal, mən gətirim. O, gülə-gülə qapıya tərəf getdi.
– Yooox. Dayan. Mən burda tək qalmaqdan da qorxuram. Mən masadan qalxıb onun yanına qaçdım.
* * *
Qaraçıdan əcəldən qaçırmış kimi qaçıb özünü aldadılmış, ələsalınmış hiss edən Elmira klinikaya çatmışdı, taksinin pulunu ödəyib düşdü. Klinikanın həyətinə girib maşınına mindi və ordan da birbaşa evə gəldi. Yağış onu tamamilə islatmışdı, islanmış kürən saçları qırmızı gil rəngini xatırladırdı. O, evə girib vanna otağına keçdi, bədəni buza dönmüşdü, keyimişdi. Duşu açıb plaşını əynindən çıxarıb yerə tulladı, elə paltarlı özünü suyun altına atdı və isti suyun altında bədənini qızdırdı. O, özünə gəldikçə asta-asta paltarlarını soyunmağa başladı. Paltarlarını soyunduqca nifrətlə yerə atıb və hönkür-hönkür ağlayırdı.
Çimib hamam xalatını geyindi, başına dəsmal büküb hamamdan çıxdı. Gözü parketdəki su izlərinə sataşdı. Hamadan bir əski götürüb yeri sildi. Bayaq çıxarıb tulladığı paltarlarını isə toplayıb çirkli paltarlar üçün olan səbətə atdı. Özünü çox yorğun hiss edirdi, yatmaq istəyirdi. Ona elə gəlirdi ki, yatsa bütün olanlardan dəhşətli yuxu görmüş kimi ayılacaq və həyat əvvəlki axarında davam edəcək. “Bu gün baş verənlər dəhşətli yuxudu” – o, özünü inandırmağa çalışırdı. Yataq otaqına keçib yatağına girdi və dərin yuxuya getdi.
* * *
Atelyedə hamı öz işi ilə məşğul idi. Naza müştərilərlə maraqlanır, Səbinə nəsə biçir, Aida gəlinlik paltarına “svarovski” daşlarını düzüb bərkidirdi. Bircə Zakir özünə yer tapa bilmirdi. O, öz-özünə düşünürdü: ”Elmira çoxdan işdə olma idi. Görəsən, nə olub? Bəlkə zəng eliyim? Yooox, birdən əri yanında olar. Nə deyəcəm? Adama deməzlər ki, niyə zəng eləmisən? Adama deməzlər ki, ay it oğlu it, sənə nə var, xalxın arvadı işə gəlir ya yox? Müdürdü, kefi istəsə gələr, istəməsə yox”. O, həyətdə var-gəl edərək ard-arda siqaret çəkirdi. Çox narahat idi. Naza müştərilərin sifarişini götürüb onları yola saldı. Zakir daha dözə bilmirdi. O, Nazaya yaxınlaşıb:
– Naza, nəsə olub ki, mənim xəbərim yoxdu?
– Necə yəni nəsə olub? Kimə, mənə?
– Sənə yox, Ema xanıma nəsə olub ki, bu gün işdə deyil?
– Nə bilim, bəlkə havaya görə tənbəllik eliyib gəlməyə?
– Zəng vurub soruşmusan?
– Yox, indi zəng eliyərəm.
Naza jurnal masasının üstündən telefonunu götürüb Elmiraya zəng elədi. Telefon bir xeyli çağırdısa da, Elmira zəngə cavab vermədi.
– Yox, cavab vermir. Yəqin başı qızına qarışıb.
– Məgər uşağı bağçaya aparmırlar ki?
– Bəlkə bu gün aparmayıblar?!
Zakirin cəhdi boşa çıxdı, əlini havada yellədib: “Eeehh, nəisə” – dedi. Yenə həyətə çıxıb var-gəl eləməyə başladı. Bu gün əli işə yatmırdı. Amma axşama qədər təcili sifarişlə kostyumu hazırlamalı idi. O, içəri gəlib Aidaya yaxınlaşdı:
– Aida, işin çoxdu?
– Belə də, var. Nədi ki?
– Heç, nəsə əlim işə yatmır. Axşama bunları çatdırmaq lazımdı.
O, əlindəkiləri göstərdi.
– Neyləmək lazımdı?
– Pencəyin astarı tikilməlidi, şalvarlar isə beldən daralmalıdı. Ölçüləri hazırdı. Sonrada ütüləmək, təhvil vermək. Eliyərsən?
Aida mehribanlıqla:
– Eliyərəm. Neyniyək, day bir dənə Zakirimiz var, onun da sözünü yerə saldıqsa, noldu daha.
– Çox sağ ol, elə səndən də bir dənədi.
– Nolub bəs, niyə kefin yoxdu?
– Heç özüm də bilmirəm, nəsə yaxşı deyiləm. Sənə arxayınam ha, yaxşı?
– Yaxşı, narahat olma.
– Onda mən getdim, sağ ol.
– Salamat.
Zakir iti addımlarla ateleyedən çıxdı. Naza onun getdiyini görüb ardınca səsləndi. Zakir Nazanın səsini eşidirdi, amma onun çağırışına əhəmiyyət vermədi. O tələsirdi. Yağış küçədə gölməçələr yaratmışdı. Zakir nə ayaqlarının islandığına, nə də yağan yağışa fikir verir, tələsə-tələsə gedirdi.
* * *
Xalid Laləni qucağına alıb Elmiranı və özünü onlara hücum çəkmiş məxluqlardan qoruyarayaq qaçırdı. Xalidin əlində qılınca bənzər bir dəmir var. Hücum çəkən məxluqlar da əli yalın deyildilər, onlar da nizə və qılınclarla silahlanmışdılar. Bu əcaib məxluqlar sarı və qırmızı rəngdə, yarım metr hündürlükdə olan balaca şeytanlar idi. Onlar Elmiragilin üstünə silah çəkdikcə qəşş edib gülüşürdülər. Xalid tamamilə əldən düşmüşdü, Lalə ağlayırdı. Elmiragil bir dalana sıxışdırılmışdılar, qaçmağa yer yox idi. Xalidin qolunu qaldırmağa gücü qalmamışdı. Elmira onun əlindən qılıncı alıb hücuma keçmək istəyirdi ki, birdən şeytanlardan biri onu sinəsindən, sağ tərəfdən yaraladı. Onlar gülüşürlər, Elmira qılıncı əlindən salır. Nəfəsi daralırdı. Birdən hardansa zəng gəlir. Çətin də olsa, Elmira yuxudan ayılır, gələn zəng qapının zəngi idi. Elmira tər-su içində idi, başı ağrıyırdı. O, yatağından qalxıb qapıya tərəf getdi. Gözlükdən baxıb Zakiri gördü. Özünə əl gəzdirib, tez qapını açdı.
– Salam, nəsə olub?
Zakir onu xalatda görüb gözlərini onun üzündən qaçırtdı:
– Yox, narahat idim, bilmək istədim salamatçılıqdı, ya yox?
– Hələ ki salamatçılıqdı.
– Nəsə köməyim dəyərsə, çəkinməyin.
Bu vaxt Elmiranın telefonu zəng çaldı. Elmira asılqandan asılmış çantasından telefonu götürdü. Zəng edən Xalid idi.
– Alo.
– Ema, mənim işlərim var, bu gün dövlət tədbirinin çəkilişindəyəm, uşağı özün götür, mən catdırmıram.
– Hə, yaxşı.
– Sağ ol, öpürəm.
– Sağ ol, mən də.
Zakir hələ də qapıda idi. Elmira ona baxıb:
– Laləni bağçadan gətirə bilərsən? Mənim halım yaxşı deyil, Xalidin də işləri çıxıb. Zakir sevincək:
– Mənim gözüm üstə.
– İstiyirsən açarı verim, maşınla get.
– Yox, lazım deyil, taksiynən gedəcəm.
– Necə istiyirsən. Amma hələ tezdi, gəl bir stəkan çay iç, sonra gedərsən.
Bu təklifdən Zakir çox məmnun idi, amma içində qəribə bir hiss var idi. Və bu hiss onu təklifdən imtina eləməyə məcbur etdi.
– Yox, çox sağ olun, Ema xanım. Yolüstü bir işim var, onu da həll eləmiş olaram. Yaxşı, mən gedim. Hələlik.
Qapını bağlayıb pilləkanlardan enmək istəyirdi ki, birdən dayandı, qayıdıb qapının zəngini basdı. Elmira qapını açdı, Zakir pörtmüş halda:
– Heç soruşmadım, bağça hardadı?
– Elə bizim işin yanında.
– O yaşıl hasarlı olan?
– Hə.
– Oldu, getdim, hələlik.
– Çox sağ ol, Zakir.
– Dəyməz.
Elmira qapının kəndarında durmuşdu, Zakir pilləkanları iki-iki enməyə başladı.
* * *
Xalid tədbir keçiriləcək məkana gəlmişdi. Emil ilə bütün hazırlıqlarını görmüşdülər. O, Emilə yerdəki video kameranın çantasını göstərib:
– Belə şeyləri ayaq altına qoyma, yığışdır bunları burdan. Apar ver Eltona, qoysun bir yerə. Qoy, gəl yanıma, gedək bir tikə yemək yeyək, sonra gecəyə kimi ayaq üstə olacağıq.
– Yaxşı, indi gəlirəm. Amma anama zəng eliyim sonra.
– Nolub anana, yoxsa yenə ağrıları başlayıb?
– Hə, yağışlı havalarda belədi də.
– Hər şeyə çarə var, ürəyini sıxma, bizdə başlayarıq müalicəyə, düzələr.
– İnşallah!
– Məndən salam de.
– Baş üstə!
– Yaxşı, işində ol, gözləyirəm səni.
Xalid onlar üçün hazırlanmış masaya tərəf gedə-gedə dönüb Emilə baxdı. Emilin atası tez vəfat eləmişdi. Evin tək övladı idi. Anasını çox istəyirdi. Emilin anasının sağlığı üçün çabalarını gördükcə Xalid öz gəncliyini xatırlayırdı. Xalid də tək övlad idi, Emilin atasından fərqli olaraq onun atası vəfat etməmişdi. Arvadının xəstə olduğunu bildiyi gün evdən getmişdi. “İşləməyə gedirəm” deyib Rusiyaya getmiş və orda evlənmişdi. Xəstə anasına tələbə Xalid özü tək baxırdı. Bir il xəstə olan anası onun altı ayını yataq xəstəsi oldu. Xalid təhsilini də buraxmışdı. İlk aylar anasını evdə tək qoya bilirdi, amma gündən-günə anasının halı pisləşdiyindən artıq evdən də çıxa bilmirdi. Ana babasından qalma evi kirayə vermişdilər. Atası getdikdən sonra o evin kirayə pulu ilə iki ay anasına dərmanlar ala bildi; müalicə, müayinə xərclərini idarə elədi. Əməliyyat lazım olduqda atasına zəng elədi, atası ona “Mənim pulum yoxdu” cavabını verdikdə anasından xəbərsiz babadanqalma evi satdı, anasını əməliyyat elətdirdi. Həkimlərin dediyinə görə, hər şey yaxşıya doğru gedirdi. Anası düzəlirdi. Amma bir gün anasının ögümə səsinə oyanan Xalid hər şeyin heç də yaxşı olmadığını anladı. O, yatağından qalxıb anasının yanına qaçdı. Anası onu görüb əlindəki dəsmalla yerə tökülmüş yaşıl mayeni gizlətmək istədi. Xalid vanna otağından vedrədə su və əski gətirdi. Anasının etirazına baxmayaraq, döşəməni sildi. Su gətirib anasının əl-üzünü yudu. Artıq ən ağır günlər başlamışdı. Anasının yemək yeməyi zəifləmiş, çox arıqlamışdı. Artıq yataqdan qalxa da bilmirdi. Oğlunun onun altını dəyişməsi, onu yuması ona utanc gətirirdi. Xalid isə heç nəyə əhəmiyyət vermədən əlcəklərini geyinib anasını təmizləyirdi. Anası ağlaya– ağlaya ona nəsə deyəndə deyirdi:
– Yadındadı, mən həkim olmaq istiyirdim? Hesab elə ki, həkiməm, xəstəmsən, mən də sənə qulluq eliyirəm, vəssalam.
– Allah məni öldürsün, bu həkim işi deyil axı, ay bala.
– Sən həkimdən çox biləcəksən?
Ölümünə bir ay qalmış ərinin evdən getməyinə öz xəstəliyindən daha çox üzülən qadın, oğluna yük olmamaq üçün nə su içir, nə də yemək yeyirdi ki, tez ölsün. İki gün belə davam elədi. Xalid bunu anlayanda mətbəx bıçağı ilə gəlib anasının yanında dayandı, bıçağı udlağına dayayıb, əsəbindən ağlaya-ağlaya:
– Əgər dərmanları içməsən, yemək yeməsən, Allaha and olsun ki, yortacam boğazımı. Bu qədər tələsirsən mənnən canını qurtarmağa?
Anası Xalıdın sinidə gətirdiyi qaşığı götürdü və şorbaya əl uzatdı. Boşqabı qucağına qoyub şorbanı içməyə başladı. Anası yeməyini bitirib boşqabı siniyə qoydu. Sonra ögüməyə başladı, Xalid tez çarpayının yanındakı ləyəni anasının çənəsinin altına tutdu. Yenə yediyini qaytardı. Bu dəfə qan ilə birgə. Xalid ləyəni kənara qoyub anasının əl-üzünü nəm dəsmalla sildi, ona bir az su verdi və onu qucaqladı. Xalid göz yaşlarını saxlaya bilmədi.
– Nolar, belə eləmə, ana. Yaşa, mənə görə yaşa. Nolar, yaşa…
Anasının müalicəsi üçün əlindən gələni edirdi. Amma xərçəng bütün daxili orqanlara yayılmışdı. …onu xilas eləmək mümkün olmadı.
Emilin gəlişi Xalidi acı xatirələrindən ayırdı. Emil telefonuna işarə edib gülə-gülə dedi:
– Anam salam göndərdi, bildi hardayıq, dedi ki, mənim kabab payımı gələndə bişirtdirib isti-isti gətirin.
– Salam göndərən sağ olsun, gözümüz üstə. İndidən uşaqlara tapşır, saat 11 üçün səni buraxaram gedərsən.
– Ay sağ ol, onda gedim kababçıya tapşırım…
Xalid evə gələndə artıq gecəyarı idi. Lalənin otağına boylandı, ciyərparəsi mışıl-mışıl yatırdı. Astaca yataq otağının qapısını açıb içəri girdi. Elmira yatmışdı, əynini soyunub yatağına uzandı. Çox yorğun olduğundan uzanan kimi onu yuxu apardı.
* * *
Səhər Elmira telefon zənginə oyandı. Xalidin Emillə iş barəsində danışığı aydın eşidilirdi. Xalidin getməyə hazırlaşdığını anlayan Elmira cəld yerindən qalxdı. Artıq ayaqqabılarını geyinən Xalid, Elmiranı görüb dedi:
– Puaaah, naz-qəmzəyə bax, oyatdım səni?
– Sabahın xeyir, zəngə oyandım, hə.
– Bay, bay, bay. Bağışdiceysüz, xanım.
– Ləhçənə quzu kəsim, bağışladım. Tələsirsən?
Xalid ayaqqabılarını soyunaraq qımışdı:
– Belə də, nədi ki? İstiyirsən heç getmiyim?
Elmira guya Xalidin eyhamını anlamadı, sakitcə dedi:
– Yoo, get, eybi yoxdu. Amma axşam tez gəl də, nolar, vacib sözüm var.
Xalid Elmiraya yaxınlaşıb onu belindən qucaqladı, qulağına pıçıltı ilə dedi:
– Mənim çilli, kürən göyərçinim nə istiyir?
Elmira onu azca itələyib:
– Get işinlə məşqul ol, axşam gələrsən danışarıq. Sənin zarafatlarına heç halım yoxdu.
– Axşamı niyə gözləyək ki? Gəl söhbət eliyək, sənə qəşəng…
Elmira əsəbi halda Xalidin sözünü kəsib qolları arasından çıxdı.
– Eehh, bəsdi, sən canın.
– Nolub sənə? Tərs tərəfindən durmusan bu gün?
– Dünən sənə deyə bilmədim, həkimə getmişdim. Ürək bulanma, döş ağrılarıma görə.
Xalid gülərək:
– Aha, sonra?
– Sonrası odur ki, heç də biz gözlədiyimiz kimi deyil.
– Hamilə deyilsən?
– Yox.
– Bəs bu ağrılar, qusma nədəndi?
– Deyəsən, məndə pis xəstəlik var.
– Necə yəni pis xəstəlik?
– Bu həftə döşümdən analiz üçün toxuma götürməlidirlər.
Xalidin rəngi ağardı, dodaqları qupquru oldu. O, dəhlizdə ayaqqabı geyinmək üçün qoyulan tumbanın üstündə oturdu. Səsi boğula-boğula dedi:
– Nə gicdiyirsən səhər-səhər? Nə xəstəlik?
– Analizdən sonra xərçəng olub-olmadığı bilinəcək.
– Bu axmaq fikirləri kim doldurub sənin beyninə? Nə xərçəng, ay qız, dəli olmusan?
Elmiranın gözləri doldu:
– Neyniyim? Məgər mən istiyirdim ki, belə olsun?
– Nə olsun? Sən lap yüz faizlik eləmisən ha. Başın xarab olub ee sənin.
– Sənə də bir söz demək olmur.
– Bu sözdü? Sözdü dediyin? Səhər tezdən qanımı it qanına döndərirsən.
Elmira ağlayaraq:
– Bu həftə getməliyəm analiz üçün, istəyirəm yanımda olasan.
– Ooofff, Emaa, bəsdi!
– Xalid… mən qorxuram.
Xalid məyus halda ayağa qalxıb arvadına yaxınlaşdı, onu qucaqlayıb saclarını sığalladı:
– Gedərik, amma inan ki, səndə heç nə yoxdu. Sən sağlamsan, o ağrılar da özünü soyuğa vermisən, yəqin ondandı. Yadın-dadı, Laləni süddən təzə kəsmişdin, onda da döşündə şiş var idi, masajnan keçib getdi.
– Bu ağrı o ağrıdan deyil axı.
– Mənə qulaq as, ağlını axmaq fikirlərlə doldurma. Həkimlərə də elə anketlərini doldurmaq üçün xəstə lazımdı. Ağıllarına gələni deyirlər, özlərindən diaqnozlar uydururlar. Sən onlara fikir vermə, yaxşı? Hər şey yaxşı olacaq, oldu? Xalid Elmiranın gözlərini sildi. – Yaxşı, amma sən yanımda ol. – Yanında olacam, narahat olma. Sakitləş, gəl gedək balkona, bir az hava dəysin sənə. Cibindən dəsmalını çıxarıb Elmiraya uzatdı, – Al, burnunun suyunu sil.
* * *
Xalid fikirli – fikirli şəhərdə addımlayırdı. Uzaqdan gələn azan səsi onu səksəndirdi. O lap məscidin yanında idi, məscidin yuxarı qapısının önündə iki dilənçi dayanıb, səssizcə əllərini uzadıb məsum-məsum gəlib-gedənlərə baxırdılar. Xalid ayaq saxladı, darvazaya yaxınlaşıb dilənçilərə pul uzatdı, gözlərini minbərdəki azan verən axunduna zilləyib ürəyində: “Allah, məni eşidirsənsə, məndən xəbərin varsa… Səndən heç vaxt, heç nə istəməmişəm, indi isə birinci və axırıncı dəfədir ki, səndən nəisə istiyirəm: Laləmə rəhmin gəlsin, Elmirama dəymə. Yalvarıram sənə!” – dedi.
Onun burun pərdələri əsdi, gözləri qızardı, göz yaşlarını gizlətmək üçün gözlərini ovuşdurdu. Gözlərini yumub burnu ilə bir-iki dəfə nəfəs aldı və ağzından dərin bir nəfəs verdi. Bir neçə dəfə bunu təkrarladı. Elə bil nəyisə üfürür, bununla ruhuna qonmuş ağırlığı qovurdu.
Telefonu götürüb Elmiraya zəng elədi.
* * *
Elmira Laləni bağçadan götürüb atelyeyə gəlmişdi. Qızcığaz bir-bir kəsilmiş parçanı götürüb, üstünə tutub güzgünün qabağında o yana-bu yana fırlanırdı. Elmira qızının ərköyünlüyü görüb dedi:
– İndi Naza xala gələr canınçın. Apar onları qoy yerinə.
Lalə üz-gözünü büzdü:
– Axı mən moda göstərirəm.
Elmira gülümsədi:
– Axı sənə heç baxan da yoxdu, kimə göstərirsən? Hamı iş görür.
Lalə pərt olmuş halda işçilərə bir-bir nəzər saldı. Doğurdanda hamı nə iləsə məşğul idi. Bayaqdan ana-balanın söhbətinə diqqət kəsilən Zakir uzaqdan gülə-gülə onlara yaxınlaşdı:
– Mən baxıram, bayaqdan gözüm səndədi. Çox əladı, Lalə, – əlindəki ipək parçanı uzatdı: – Gəl, başına bir “bant” da vuraq, olacaqsan əsl model.
– Zakir əmi, model yox, modelyer. Özüm tikəcəm, sonra özüm də göstərəcəm.
– Hə də, əgər göstərəcəksənsə, deməli, həm də model olacaqsan.
– Yox, moda göstərəcəm, amma model olmayacam.
– Hə, lap yaxşı, nə deyirəm ki?!
Elmira başını yellədi:
– Bəxtəvər başıma! Nə isə, mən getdim otağıma. Əmi-bala söhbətinizi eləyin.
Elmira pilləkanlarla ikinci mərtəbəyə qalxanda Zakir əlindəki ipək, mavi şərfi Lalənin başına bağlaya-bağlaya Elmiranın ardınca baxırdı. Elmira otağına gəlib divanda uzandı. Üzü pəncərəyə olduğundan bayırda yağış yağdığını gördü. “Oturmuşuq içərdə, bayırdan xəbərimiz yoxdu. Gözəlliyə bax!” – düşündü.
Yağış pəncərədə süzülərək açdığı izlərlə sanki rəqs eləyirdi. Hər damla pəncərədə nə isə yazırdı. Hər damlanın öz füsünkar axarı vardı. Pəncərənin qabağındakı orxideya çiçəkləri tumurcuqlamışdı. O, təkliyə qapanan kimi yeni naxışlar üzərində işləyirdi, əvvəlcə naxışları kağız üzərində çəkir, sonra isə parçada tikirdi. Təkəlduz onun sevimli məşquliyyəti idi. Fikrini ilmələrdə cəmləyəndə o hər şeyi unudur və öz dünyasına dalırdı. Naxışlardan ibarət sirrli, sehrli və nağıl kimi dünyasında rahatlıq və sevinc tapırdı.
* * *
Hekayənin bu yerində yadıma öz güllərim düşdü, çox kövrəldim. Mən evdən çixanda tumurcuqlamışdılar, yəqin indiyə açmış olarlar. Qonağım əhvalımın dəyişdiyini həmin an hiss elədi. Oturacağın üstündən götürdüyü damalı, saçaqlı ədyalı mənim kürəyimə atdı:
– Sərinlədi. Şəhər uşağısan, soyuqlayarsan… Noldu birdən-birə, nə yadına düşdü ki, üzünə bulud qondu?
– Öz güllərimi xatırladım, mən evdən çıxanda onlar tumurcuqlamışdılar.
– İndiyə gül açarlar.
– Hə, çiçəkliyiblər yəqin.
Mən ağlamsınar təhər oldum.
– Bəlkə…
– Yox, əsla!
– Nə yox? Bildin nə deyəcəkdim?
– Hə, “bəlkə qayıdasan” deyəcəkdin.
– Puaay atonnanan, qız mənim fikrimi oxuyur ee! Qorxulusan, çox qorxulusan.
Qonağım qoca nənələr kimi əllərini baldırına vurdu, dizlərini ovuşdururmuş kimi əlləri ilə dizlərinə sığal çəkdi və ayağlarını o biri oturacağa uzatdı. Çox gülməli göründü. Gecənin bir aləmi – mənim belə kövrək anımda üzümü güldürməyi bacardı. Mən xəyalən evimi ziyarət etdim, mətbəximi, balkonlarımı, bağçamı, yataq otağından başqa bütün otaqları gəzdim. Nədənsə təkcə yataq otağının yanından ötüb keçəndə heç qapısının açıq vəya örtülü olduğunun fərqinə belə varmadım.
Yaşıllığı çox sevdiyimdən evdə mümkün olduğu qədər dibçəkdə ağaclar, güllər əkmişdim. Və birdən mənə elə gəldi ki, bitkilər küskündülər. Elə bil yarpaqları büzüşüblər, hətta tumurcuqlamış çiçəklər də açmaq istəmirlər. Ev isə boş, səssiz və qəmlidi. Bir anda evin xaraba surəti gözümdə canladı, ətim ürpəşdi və ürəyimdən nəsə qopdu sanki. Mən evimi çox sevirdim, axı onun bünövrədən başlamış dekor işlərinə qədər tikilib ərsəyə gəlməsində mənim də əziyyətim olmuşdu. Həm də hər şey mənim istəyim və zövqümlə hazırlanmışdı. Evim… Yuvam… Qalam… Bir quzğun tərəfindən dağıdılmış yuvam, bir azğın tərəfindən zəbt olunmuş qalam…
– Hə, harda qalmışdıq? – qonağımın səsi məni xəyalımdan ayırdı.
* * *
Lalə parçaların arasından ağ tül götürdü, bir ucunu düyünləyib, fata kimi düzəldib başına taxdı:
– Baxın, mən gəlin oldum. Zakir əmi, bax mənə.
Zakir onun yanağını dartdı:
– Tələsmə, şeytan, gəlin də olacağsan, hələ qaynana da.
– Mən gəlin şəkli çəkə bilirəm, – Lalə uşaqsayağı acıq verirmiş kimi, sözünü uzada-uzada cavab verdi.
– Onda sənə indi bir qələm, vərəq verim, çək. Gözlə, – Zakir masasına doğru addımladı.
Lalə uzaqdan ərköyüncə dedi:
– Mən təzə albom, təzə karandaş istiyirəm.
– Mən sənə öz albomumu verirəm, bax.
– Yox, istəmirəm. Təzəsini istiyirəm.
Zakir gülə-gülə dedi:
– Yaxşı, seytança, gözlə, indi gəlirəm.
O, çətiri götürüb qapıya tərəf yönəldi. Naza və Səbinə onun arxasınca səsləndilər:
– Biz desək nəsə al, almazsan.
– Yeyib itirənsiz, vallah! Nə istiyirsiz?
Naza:
– Sənnən əla ata olar, Allah haqqı.
Zakirin gözləri elə bil quyuya düşdü, rəngi bozardı:
– Mənnən nəinki ata, heç zibil də olmaz.
Səbinə:
– Almırsan da məni, özün kimi yaraşıqlı oğlan doğardım.
– Yaxşı, gijdəmə uşağın yanında. Nə alım gələndə?
Naza:
– Bir “pletka” acı şokolad, ancaq tarixinə mütləq bax.
Səbinə:
– Mənim üçün şorqoğal al. Səpmə olsun.
Zakir çox keçmədi ki, qayıtdı. Naza ilə Səbinənin sifarişlərini verib Laləni qucağına aldı və öz masasına oturtdu. Özü də oturacağı masaya yaxınlaşdırıb aldığı albom və karandaşları masanın üstünə qoydu. Lalə albomda cizgilər cızmağa başladı. Zakirin gözü yol çəkirmiş kimi gözlərini qırpmadan Laləyə baxırdı. O, qəribə bir sevgi və həsrətlə uşağı izləyirdi. Onun üz ifadəsini, əllərinin hərəkətlərini gözdən qoymurdu. Sanki uşağın hər ifadəsini, hər hərəkətini əzbərləməyə çalışırdı. Sanki illərdi övladına həsrət qalmış ata indi acgözlüklə balasını öyrənməyə cəhd edirdi. Zakir Laləyə baxdıqca yaş gözlərinə gəlir və qayıdırdı. Fikirləri ona əzab verirdi və öz dünyasında boğulurdu. O, gödəkçəsini götürüb Nazaya səsləndi:
– Uşaqda gözün olsun, gəlirəm indi.
– Yaxşı.
O, bayıra çıxıb siqaret yandırdı. Siqareti çəkə-çəkə göyə baxırdı. Göy üzü qapqara idi. Şiddətli yağış yağırdı, qara buludlardan məlum idi ki, yağış tezliklə kəsməyəcək, külək də əsmədiyindən bəlkə sabaha qədər yağacaqdı. Zakir siqareti çəkib bitirdi. Bir-iki addım irəli getdi və leysanın altında durub üzünü göyə qaldırdı. Yağış amansızca onun üzünə çırpılırdı. Bir neçə dəqiqə beləcə gözlərini yumub yağışın şillələrinə tabe oldu. Səbinə plaşını başına atıb, küçəyə çıxdı, Zakirə yaxınlaşıb uca səslə:
– Ay dəli, xəstələnəcəksən, keç içəri.
Zakir gözlərini açdı. Onun gözlərinin ağı qızarmışdı. Başı ilə qapı tərəfi göstərib:
– Sən get, gəlirəm.
– Sən öləsən, sənsiz gedən deyiləm. Lalə də özünü öldürür səninçün.
Zakirin üzünə xəfif bir təbəssüm qondu:
– Gedək, gedək.
Onlar atelyeyə qayıtdılar. Naza əlində dəsmalla Zakirin üstünə şığıdı və onun başını qurulaya-qurulaya:
– Evdə suyun gəlmir, deyəsən. Sabun da götürəydin də çıxanda.
– Gözdədim, sən gətirəsən.
Naza Zakirin başına yüngülcə qapaz vurub:
– Dur, get fenlə qurut saçını, bircə elə “miningitimiz” əskiydi.
Bayaqdan pəncərədən Zakirin yağış altındakı hərəkət və halına şahid olan Elmira otağından çıxıb onların yanına gəldi. Səbinə əlindəki yekə bardağı Zakirə uzadıb:
– Zoğallı çaydı, isti-isti iç, soyuq canına keçməsin.
– Məni su aparmaz, narahat olma.
– Bilirəm, pis adama heç nə olmur. Amma yenə də iç.
Zakir çaydan içə-içə Elmirayla Laləyə baxırdı. Səbinənin gözləri Zakirdə idi. Naza isə parçaları masadan toplaya-toplaya hamını süzürdü.
* * *
Xalid gənc qızın fotosessiyasını eləyirdi. Qız hər dəfə paltarını dəyişəndə növbəti paltarının biçimi əvvəlkindən daha “cəsarətli” olurdu. Qızın gənc, qüsursuz bədəninə geyindiyi hər paltar onu daha da cazibədar göstərirdi. Paltarları kimi göstərdiyi pozlar da iddialı və ehtiraslı idi. Fotosessiya iki saata yaxın idi ki, davam edirdi. Sonda qız yerə uzanıb:
– Ooff, yoruldum. Bəsdi daha. Nə qədər şəkil oldu?
– Üç yüzdən çox.
– Vauuv, əla. Sizin nə vaxt imkanınız olacaq, bilmirsiz? İstərdim bizə, bağa gələsiz, orda da bir az şəkil çəkək.
– Zəngləşərik.
– Olar. Yaxşı, gedim əynimi dəyişim. Yoruldum lap.
Qız gülə-gülə o biri otağa keçdi. Xalid fotoaparatdan kartı çıxarıb kompüterdə şəkillərə baxmağa başladı. O, disk götürmək üçün rəflərə yaxınlaşıb qayıtmaq istədiyi vaxt, az qala, qızla baş-başa dəyəcəkdi.
Xalid:
– Sən…
– Köməy eliyin də.
O, arxasını Xalidə çevirib:
– Bağlaya bilmədim, zəhmət olmasa…
Xalid əlindəki diski masaya qoyub qızın paltarının arxasını bağladı. Qara, dar paltarda düymələr beldən boyuna qədər sıralanmışdı. Xalidin əlləri əsirdi. Onun üçün qızın bu hərəkəti gözlənilməz oldu. Alnını xırda tər damlaları basdı. O, boğazını arıtdayaraq, diski kompüterə saldı və şəkilləri diskə yüklədi. Qız kompüterə yaxın əyilib:
– Bəs şəkillərə baxmayacağıq? Axı bir neçəsin çıxartdırıb çərçivəyə salmaq istəyirəm.
– Yaxşı, onu da eliyərik.
Qız ədalı-ədalı gülümsəyib:
– Zəhmət olmasa.
– İşimizdi, nə zəhmət?
Xalid nəsə götürmək bəhanəsi ilə masadan qalxdı və:
– Siz baxın, şəkillərdən hansın istəsəz, nömrəsini yazın, mən gəlib çıxar-daram.
* * *
Axşam atelyedə Zakir və Səbinədən başqa heç kim yox idi. Səbinə qəsdən sabah görəcəyi işlərə başlamışdı ki, Zakirlə baş-başa qalsın. Zakir bir deputat üçün hazırladığı kostyumu ütüləyib, səliqəylə çuxola keçirdib asdı. Səbinə isə altdan-altdan onu izləyirdi. Zakir işini bitirib Səbinəyə yaxınlaşdı:
– İşin çoxdu hələ?
– Yox, az qalıb. Nədi ki?
– Bəlkə sabaha saxlayasan?
– Tələsirsən harasa?
– Yox, yorğunam, evə gedib dincəlmək istəyirəm.
– Yaxşı, onda çıxaq.
Səbinə əlindəki parçaları yığıb rəfə qoydu. Plaşını, şərfini və çantasını götürüb hazırlaşa-hazırlaşa dedi:
– Bəlkə teatra gedək?
Zakir müraciətin ona ünvanlandığını anlamayaraq küt-küt Səbinəyə baxırdı. Səbinə əlini onun gözünün qabağında yellədərək:
– Eeeyy, səninləyəm.
Zakir elə bil yuxudan ayıldı:
– Hə, nədi?
– Sən, deyəsən, ayaq üstə yatırsan, nolub sənə?
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?