Электронная библиотека » Ağababa Rzayev » » онлайн чтение - страница 2


  • Текст добавлен: 27 октября 2022, 18:20


Автор книги: Ağababa Rzayev


Жанр: Публицистика: прочее, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

– Şeyx Kəmaləddin Həccə gedən ili Bağdadda olarkən siz orada idiniz?

Cavab verir: – Bəli. Soruşur: – Hökumət adamları onu necə qarşıladılar?

Cavab verir: Onun qədrini bilmədilər

Əsirəddin deyir: – “Vallah, Kəmaləddin kimi bir böyük şəxsiyyət hələ Bağdada gəlməmişdir". Bu söz mənə çox ağır gəldi. Ərz elədim ki, bu çox təəccüblüdür: Sizin bu sözünüzü deyirəm.

Əsirəddin dedi: Əbi Hamid Qəzzali Bağdada gələndə onu böyük ehtiramla qarşıladılar. Halbuki onun elmi məqamı Kəmaləddin dərəcəsinə çata bilməz.

Əsirəddin ancaq bu alimdən faydalanmaq üçün Mosula getmiş və Bədriyyə mədrəsəsində yaşamışdır. Əbu-l-Bərəkat Mübarək bin Mustovfi "Ərbil tarixi" ndə yazır ki, Kəmaləddin riyaziyyatı “Usturlab" (Astrolyabiya) müəllifi olub Əsa ləqəbi ilə məşhur olmuş Şərafəddin Müzəffər bin Məhəmməd əl-Müzəffər Tusidən öyrənmişdir. O, Əlaiyyədə, Qahiriyyədə, Bədriyyədə və Ərdəbil hakimi əmir Zeynəddinin məscidində dərs demişdir. Bu alim bu məsciddə uzun müddət dərs dediyindən sonralar həmin məscid Kəmaliyyə mədrəsəsi adı ilə şöhrət tapmışdır. O, Quranın tədrisinə dair olan "Kəşf-ül-Müşkülat" və "İzah-əl-Məzelat", nücum haqqında olan "Müfrədat-e əlfaz-e qanun", "Uyun əl-məntiq" və “Əsrar-e Soltaniyyə" kitablarının müəllifidir. Bəzilərinə görə bu adim simiya (Ağ cadugərlik, ovsunçuluq. A. R.) elmini də bilirmiş. Xəzrəci öz tarixində Qazi Cəlaləddinin sözünə istinadən belə nəql eləyir: Mən İbn Yunisin yanında olanda Mosul hakimi Bədrəda,in Lulu bir nəfəri göndərmişdi ki, bəs Firəng hökmdarı Abrover (?) tərəfindən adam gəlib, onun nücum və başqa elmlərə dair sualları var, gərək Kəmaləddin onlara cavab versin. O, peyğam[3]3
  Sifariş, xəbər (farsca).


[Закрыть]
göndərir ki, Firəng Hökmdarının nümayəndəsini qəbul etməyə hazırlaşacaqdır. Yaxşı paltar geyinməli, layiqli məclis qurmalıdır. Çünki bilirdi ki, onun paltarı da köhnə idi, mədrəsədə döşəməyə münasib fərş də yox idi. Şeyx müsbət cavab verəndən bir qədər sonra Firəng padşahının nümayəndəsi gəlir. Fəqihlərdən bir necə nəfəri pişvaza çıxır. Elçi Şeyxin hüzuruna daxil olanda görür ki, yerə əla fərşlər döşənib. Şeyxin də qulluğunda qulamlar və nökərlər əmrə müntəzir dayanıblar.

Padşahın nümayəndəsi məsələləri şərh etdi, Şeyx də onların hamısına cavab verdi. Elçi gedəndən sonra gördük ki, xalça-palazdan və nökər-naibdən əsər-əlamət də yoxdur. Təəccüb bizi bürümüşdü. Şeyxdən bunun sirrini soruşduq. O, cavabında ancaq güldü və bizə aydın bir cavab vermədi.

Şafei fəqihlərindən olan Təqiəddin Osman bin Əbdürrəhman ki, ibn əs-Səlah ləqəbi ilə məşhur idi, Kəmaləddindən ona məntiq elminin sirlərindən xüsusi dərs deməyi xahiş edir. O, bir müddət Şeyxin yanına gəlib gedir. Şeyx Kəmaləddin ona məntiqi öyrədirsə də o, bunu qavraya bilmirdi. Kəmaləddin ona deyir: Ey Fəqih, məsləhət belədir ki, bu elmi öyrənməkdən sərf-nəzər edəsən. Səbəbini soruşanda Şeyx deyir: Ona görə ki, adamlar səni yaxşı insan kimi tanıyırlar. Məntiq elmini öyrənmək istəyənlərə isə adamlar fəsad (puç) işlər dalınca gedən kimi baxırlar. Belə olduqda sən bu fəndən faydalanana qədər adamların sənin haqqındakı yaxşı fikirlərini heç eləyərsən. O, bununla razılaşır və məntiq elmini öyrənməkdən əl çəkir. Bəziləri onu əqidəsinə görə müttəhim edirdilər. Ona görə ki, zehni elmləri daha yaxşı bilir, onlara üstünlük verirdi. Musiqidən də dərs deyirdi. Şəmsəddin bin Muyəddin Ərzinin sözünə əsaslanan Səlahəddin Səfədi yazır ki, Xacə Tusi İbn Yunisin şagirdi olmuşdur. Bu alim səfər ayının beşində pəncşənbə günü 551-ci ildə anadan olmuş və Şaban ayının on dördündə 639-cu ildə vəfat etmişdir. Salim bin Bədran. Muinəddin Salim bin Bədran. Muinəddin Salim bin Bədran bin Əli əl-Misri əl-Mazəni fiqhi "Səraer" (akkultik, mistik elmlərin sirri. A. R.) kitablarının müəllifi Şeyx Fəqih Məhəmməd İbn İdris Əcəli Hillidən öyrənmiş və İbn Zöhrə hillidən rəvayət etmək icazəsi almışdır. Əllameye Hilli və Şəhid Rai kimi məşhur şiə fəqihləri öz kitablarında ondan bəhs etmişlər. Xacə Nəsirəddin "Cəvahir əl-Fəraiz” kitabının "Nəsib zil-qərabəteyn və-l-qərabat" (“Qohumluq və qohumluqlar payı”) fəslində buyurur ki, Şeyximiz İmam əs-Səid Mouinəddin Salim bin Bədran əl-Mötəzili “Bit-təhrir" adlı kitabında belə zikr etmişdir; Əllameye hilli “Fəraiz" (“Fərziyələr") kitabında şiəliyin müxtəlif məsələlərindən bəhs edərkən altıncı məsələnin şərhindən sonra Mouinəddin əl-Misridən bəhs edir, Qütbəddin Ravındidən danışır, Tusi adı ilə məşhur olan alimdən söz açır. "Rovzat əl-Zənnət müəllifi yazır; “Bəzi əshabələrin icazələrindən göründüyü kimi Salim bin Bədranın “əl-Ənvar əl-Məziə əl-Kaşefət-liləhdaf ər-risalə əş-şəmsiyyə" adlı kitabı olmuşdur; həmçinin bu böyük alimin fəraiz[4]4
  İslam dini hüququnun bir sahəsi.


[Закрыть]
haqqında başqa bir kitabını da görmüşəm. O, bu əsərdə Qazi Neman Misrinin kitabından gen-bol istifadə etmişdir.

Şeyx Bürhanəddin Məhəmməd bin Əli əl-Həmədani əl-Qəzvini, hədislərin görkəmli şərhçisi kimi tanınmış bu alicənab insan və məşhur alim Reydə yaşamışdır. O, “Fihrist" kitabının müəllifi Şeyx Müğtəbəddin ƏbülHəsən Əli bin Abdulla bin əl-Həsəndən və Seyid Fəzlullah Ravəndidən hədislər əxz[5]5
  Alıb, mənimsəmə mənasında.


[Закрыть]
etmiş, həmçinin Sədəddin Mahmud Hümsidən rəvayət söyləmək icazəsinə malik olmuşdur. Əllameye Hilli, Mühna bin Sənanın icazəsində bu görkəmli şəxsiyyətin adını öz rəvayəti şeyxlərinin adları arasında yad etmişdir.

Qütbəddin Əbu-l-haris İbrahim bin Əli Məhəmməd əs-Səlmi əl-Misri əl-Usuli öz əsrinin görkəmli alimlərindən olmuşdur. Onun əsli Məğriblidir. Bir muddət Misirdə yaşamışdır, sonra Xorasana gəlmiş, Xarəzmdə və Heratda imam Fəxrədain Razidən dərs almışdır. İmam Fəxrəddin onun qabiliyyəti və zəkasından iftixarla bəhs etmişdir. Təbabət və hikmət sahəsində çoxlu əsərləri olmuşdur. İbn Sinanın «Qanun» unu başdan-başa şərh etmiş, həmin kitaba yazdığı şərhlərində Məsihinin və İbn Xütibin tibbə dair kitablarını İbn Sinanın “Tibb kitabı"ndan üstün tutmuşdur. "Əl-vafi bil-vəfəyat" müəllifi də Qütb MisriMəsihi və ibn Xətibi (Tibbə dair kitablarına görə) İbn Sinadan üstün (əfzəl) tutmuşdur.

618-ci ildə tatar qoşunları Nişabur şəhərinin sakinlərini küyləvi şəkildə qırarkən Qütbəddin də onların arasında qətlə yetirilmişdir.

Xacə Əbu-s-Səadət İsfəhani. Şeyx Əbu-s-Səadət Əsəd bin Əbdul Qahir (ya: Əbdül Qadir) bin Əsəd əl-İsfəhani. "Rəşh əl-vəla fi şərh dua sənəmi-ye Qureyş", "Eksir əs-Sadeqin" və başqa əsərlərin müəllifidir. O, Şeyx Meysəm Bəhraninin, Seyid Rzaəddin bin Tavusun və Xacə Nəsirəddin Tusinin müəllimi olmuşdur.

Seyid Rzaəmin "Fəllah əs-sail" kitabında yazır: "Bağdadın Şərq hissəsində Abbasi xəlifəsi əl-Müstənsirin ona bağışladığı mənzilində 635-ci ildə ustaddan icazəyə nail oldum".

Fəridəddin Damad Nişaburi. Fəridəddin Əbu Məhəmməd Həsən bin Məhəmməd bin Heydər Fərivmədi Həkim Nişaburi. İmam Fəxr Razinin şagirdlərindən olmuşdur. Bütün müəlliflərin rəvayətlərində nəql olunduğu kimi icazəli ustad idi. Yaradılışın təsdiqi haqqında əsəri vardı ki, hörmətli alim cənab Müdərris Rəzəvi “Xacə Nəsirəddin Tusinin həyatı və yaradıcılığı" əsərində onu eynilə çap etmişdir. Bu alim tədqiqat və mütaliəni sevmiş, guşənişin olmuşdur.

Seyid Sədrəddin Əli bin Nasir Hüseyni Sərəxsi Muqim Nişabur. Sədrəddin Sərəxsi İmam Fəxr Razi ilə müasir olan görkəmli alimlərdən idi. Bu iki görkəmli şəxsiyyət məktublaşıblar. İbn əl-Xətibin Sərəxsiyə məktubundan Sədrəddinin yüksək məqam sahib olduğu məlum olur.

Əbu-l-Abbas-Laukəri. "Dürrət-ül-Əxbar" da deyilir ki, Xorasanda hikmət elminin bünövrəsini qoyan o olmuşdur. Hikmət elmini bütün dərinliyi və əzəməti ilə bilirdi. Qocalanda gözləri zəifləmişdi. Mərvin məşhur ailələrindən birinin başçısı idi. “Bəyan əl-həqq bizəman əs-sədq" onun əsəridir. Ömrünün sonunda o, kor olur. Daha mütailə edə bilmədiyinə görə ölüm arzulayırdı. Sual-cavab şəklində yazılmış "Əsrar əl-hikmət" adlı qəsidəsi vardır. Orada qiyas (analogiya A. R.) haqqında belə deyilir:

Sən qiyasi eşitmisən, sən sübutu görmüsən?

Yunan məntiqi haqqındakı əsərləri oxumusan?

Qiyasın mənasını niyə belə çətinləşdiriblər?

Axı onun qədər mənaca və formaca asan olan heç nə yoxdur.

(Sətri tərcümə).

Bəhmənyar. Həkim Əbu-l-Həsən Bəhmənyar bin Mərzban Deyləmi Azərbaycani. İbn Sinanın məşhur şagirdlərindəndir. "ət-Təhsil" kitabını öz dayısı Əbi Mənsur bin Bəhram bin Xurşid bin Burdyar üçün yazmışdır. Məntiq bəhsini, təbii və ilahi hikməti məşşain (peripatetik üsul, Aristotel ardıcıllarının müqayisə üsulu. A. R.) üsulu ilə bəyan etmişdir. “Riyaz-ül-üləma" müəllifi yazır: "Onun bu kitabının başqa bir nüsxəsini fars dilində gördüm. Məlum olmadı ki, onu özü tərcümə edib, ya başqa adam. "Əl-Bəhcət və-s-Səadət" kitabının da müəllifi odur.

Onun İbn Sina ilə rastlaşması haqqında belə deyirlər ki, o, hələ uşaq ikən Şeyx (İbn Sina. A. R.) onu bir dəmirçi dükanında od aparanda görür. Dəmirçi deyir: – Mənim heç nəyim yoxdur ki, odu onun üstünə qoyum, aparasan.

Bəhmənyar bir az fikirləşəndən sonra dəmirçixananın bir küncündəki torpaqdan ovçuna bir qədər tökərək deyir: – Odu qoyun torpağın üstünə aparım. Uşağın dərrakəsi və zəkası Şeyxin xoşuna gəlir və onun tərbiyəsi ilə məşğul olmağı oradaca öz öhtəsinə götürür. “Təhsil" kitabından da aydın-aşkar göründüyü kimi İslam dinini qəbul etmişdir. O, 458-ci ildə vəfat etmişdir.

Əbu Əli Sina. Hüseyn bin Abdulla bin Həsən bin Əli bin Sina ləqəbləri: Hüccət-ül-həqq, Şərəf əl-mülk, Şeyx ər-Rəis adı ilə məşhurdur. İranın böyük alimi, filosofudur.

Qısa icmaldan görünür ki, Nəsirəddinin müəllimləri böyük ustadlar, elmi yaradanlar olmuşlar. Nəsirəddin də öz əllərini bu böyük nəhənglərin möhtəşəm çiyinlərinə qoyub bu qədər yüksəkliyə qalxa bilmişdi. Bu ustadların hikməti nəticəsində o özünü dərk etmişdi, insanın varlığını dərk etmişdi. İnsan nədir, kimdir, o nəyə qadirdir. Həyat nədir, onun əvvəli və sonu nədir. Günəş, Ay, ulduzlar, səma, kainat nədir, bunların sirrini insan açmalıdır. İnsan buna qadirdir, o ki, bütün mövcudatın ən şərəflisidir, zamanın düşünən beynidir, “çünki ağıllı adamlar üçün ən aşkar və ən aydın dəlil onların özlərinin varlığıdır". Çox sonralar keçdiyi məktəbi xatırlayan, ustadlarını yad edən alim yazacaq ki, "Müəllim cismani ağa, ruhani atadır… Nəfs fəzilətdə cismə nisbətən nə qədər yüksəkdirsə, müəllimin də haqqı atanın haqqından o qədər çoxdur… Müəllimin tələbəyə olan məhəbbəti xeyirxahlıq məhəbbəti nöqteyi-nəzərindən də atanın oğula olan məhəbbətindən haman nisbətdə üstün olar, çünki onun tərbiyəsi tam fəzilət, mənəvi qida, xalis hikmət əsasında olar".

* * *

Müəllimlər müxtəlif, fənlər müxtəlif, istiqamətlər müxtəlif. Təhsil aldığı şəhərlər, məktəblər, mühitlər də, ustadların təlim tərzi də müxtəlif. Ustadların ustadlarının da təhsil üslubu müxtəlif. Burada çox şey tələbənin istedadından, qavrama bacarığından, dərketmə sürətindən, açıqgözlülüyündən, inadkarlığından, zəkasından, idrak sürətindən, zehin aydınlığından, hafizəsindən, ağıl gözəlliyindən, təmkinliyindən, dözümlüyündən, vüqarından, şəfəqqətindən asılıdır. Nəsirəddini hamı, hər yerdə eyni cürə qəbul etmir. Çünki onun ustadlarına olan münasibəti də müxtəlifdir. Nəsirəddin ustadlarının dünyagörüşlərini də eyni şəkildə qəbul etmirdi. Ustadlar da hamısı ona eyni gözlə baxmırdı. Bu tələbə hamıdan seçilir, onda bir-birinə zidd, fikirlər özünü büruzə verir, o, ustadlara hamıdan çox, həm də çox mürəkkəb suallar verir, aldığı hər cavabla sakit olmur, mübahisəyə girişir, öz iradlarını sübut etməyə cəhd edir. Bu gənc utanmır, çəkinmir, iradlarını, şübhələrini gizlətmir. Hər almaq istədiyi cavabda həqiqət axtarır, yeri gəldikcə Tövratdan da misallar gətirir; sübut üçün İsa peyğəmbərin aşağıdakı hikmətini misal gətirir: "Mən Tövratın ehkamlarını batil etməyə gəlməmişəm, təkmilləşdirməyə gəlmişəm".

Nəsirəddin təkcə ustadların dediklərini oxumur, daha çox oxuyur, hər deyilənlə kifayətlənmir, yeni mənbələr axtarır, ustadlarının kitabxanalarından çıxmır. Oxuduğu bütün kitablar həm yaxşısı, – həm ortababı, həm pisi – onun dərdlərinin dərmanıdır; – biri sakit edir, o biri gözünü açır, bəzisi onu cuşa gətirib üsyankar edir. Fantaziyası o qədər güclü idi ki, kitab müəlliflərinin cürət edib demədikləri fikirlərini də oxuyurdu. Təkcə oxumurdu, görürdü də.

O, istirahət bilmir. Öz axtarışlarının əsiri olan bu çavan həqiqət axtarır. Çox zaman ona elə gəlir ki, bu həqiqət lap yaxındadır, bu gün də tapmasa sabah, o biri gün tapacaq. O bu inamla yaşayır.

Nəsirəddinin ətrafında ağıllı, zəkalı, istedadlı həmfikirləri də çoxdur. Paxılları da var. Bu paxılların acı nəzərləri, bəzən açıq, bəzən də gizli nifrətləri onu çaşdırmır, bunları soyuqqanlılıqla, təmkinlə qarşılayır. Bunlara diqqətini artırsa həqiqəti axtarmaq, onu tapmaq çətin olar. Ustadları ilə də mübahisələri çox olur, hər deyilənlə razılaşmır. Nəsirəddin haqqındakı rəvayətlərin birində deyilir ki, Qütbəddin Şirazi adlı bir ustad tibb elmindən təlim keçirmiş.

Növbəti məşğələ nəbz, onun vasitəsilə xəstəliklərin müəyyən olunması məsələsinə həsr olunmuşdu. Sonra Qütbəddin Şirazi tələbələri sorğu-suala tutdu. Növbə Nəsirəddinə çatdı. Nəbz haqqında suala cavab verməmişdən qabaq Nəsirəddin soruşdu: "Ustad, düzünü deyim, ya siz dediyiniz səhv fikirləri təkrar edim?" Ustadın icazəsi ilə Nəsirəddin düzünü dedi. Ustad onu qucaqladı: "bala, bu dünyada ustadlıq sənə yaraşır" dedi.

Ustadları Nəsirəddinin əfsanəvi yaddaşına heyran olurdular. "Unutqanlıq elmin düşmənidir". O, heç kimin gözünə görünməyən həyəcanlar keçirir. Bugünkü günüylə yaşamır, sabahı aydın görürdü. Başqaları öz iradələrini cilovlayır, o isə iradə azadlığına yol açırdı. Yox! O, bu xüsusiyyəti təhsil yoldaşlarına irad tutmurdu. Bütün insanlar eyni ola bilməz, "insanların eyniliyi onların məhvidir. Lakin bəziləri tədbirdə, bir qismi fəzilətdə, bir hissəsi şövkətdə, bir dəstə ağılın çoxluğunda, bir güruh istedadın azlığında fərqlənsə, sonuncular birincilərin əli altında alət və vasitə mənzələsində olar, işlər (necə ki, müşahidə edilir) qaydasında gedər, hər kəs öz layiq olduğu işi görər".

İnsan özünü dərk etməlidir.

Ələmut zindanindan gələn səslər

1090-cı ildən 1256-cı ilə kimi ömür sürmüş İsmaililər dövlətinin çox faciəli tarixi vardır. İslamın qatı düşməninə çevrilmiş bu dövlət əsr yarım ismaili təriqətinin bayrağı altında bütün ətraf vilayət və şəhərlərə meydan oxumuşdur. Terroru əsas mübarizə üsulu seçən bu dövlətin başçıları neçə-neçə insanları, neçə-neçə hökmdarları, alimləri qətlə yetirmişdir. Dövlətin mərkəzi olan Ələmut qalası neçə-neçə qanlı faciələrin şahidi olmuşdur.

XIII-əsrin əvvəlində İsmaililər dövlətində daxili çəkişmələr güclənməyə başlandı. Mübarizə əsas etibarilə iki feodal dəstə arasında gedirdi. Birinci dəstə ismaililər təriqətinə son qoyub yenidən islama qayıtmaq, yaxın və uzaq müsəlman ölkələrilə yaxınlaşmaq, bu dövləti daha da gücləndirmək uğrunda mübarizə aparırdı. Bu dəstənin tərafdarları getdikcə güclənirdi. İkinci dəstə isə əksinə olaraq, ismaililər təriqətinə sadiq qalaraq, ətraf ölkə və dövlətlərə qarşı nifrət və düşmənçilik mövqe tuturdu. Hətta tarixin cilovlarını əlində tutan və dünyanı dəhşətə salan monqollarla belə müharibə etməkdən belə qorxmurdu.

Hər iki dəstə Ələmut hökmdarı Ələddin III Məhəmmədin və onun varisinin rəğbətini qazanmağa cəhd edirdi. Birinci feodal dəstə taxt-tacın varisi, hökmdarın böyük oğlu Cəlaləddin Həsənə arxalanırdı. Hələ uşaq ikən atası onu öz varisi elan etmişdi.

Cəlaləddin Həsən böyüdükcə ağlı və zəkası da artırdı. O, atasının tutduğu yolu-islamdan üz döndərməyini tarixi səhv hesab edirdi. Hökmdar da bunu yaxşı bilirdi. Ata ilə oğul arasındakı münasibətlər getdikcə pisləşirdi.

Ata ilə oğul arasındakı bu narazılıq və şübhələr o dərəcəyə çatmışdı ki, Cəlaləddin Həsən sarayda qəbullar təşkil edəndə atası Məhəmməd qorxu və şübhə ilə qıvrılır, geyiminin altında silah gəzdirirdi. Məhəmməd yan-yörəsində inandığı, etibarlı adamlar saxlayırdı ki, oğlu ona qarşı qəsd etmiş olsa onlar onun köməyinə çatsınlar. Cəlaləddin Həsən öz etiqadında sadiq qalaraq gizlində adamlar göndərərək Bağdad xəlifəsini, başqa dövlətlərin sultan və hökmdarlarını inandırmışdı ki, atası kafirdirsə, o, əsl müsəlmandır və əgər Allah-taala hökmdarlıq tacını ona qismət etsə o, bütün kafirləri cəhənnəmə göndərəcək və böyük islam dinini bərpa edəcəkdir. Beləliklə o, güclü müsəlman dövlətinin rəğbətini qazanmaq üçün ilk addımını atdı.

1210-cu ilin 1 sentyabrında Məhəmməd öldü. Rəşidəddin və Cüveyni yazırdılar ki, onu zəhərləyiblər. Tac Cəlaləddin Həsənin (1210–1221) başında parladı. Bu tacın gözqamaşdıran şəfəqləri altında İsmaililər dövləti daxili və xarici siyasətini dəyişdi.

Cəlaləddin Həsən ismaililər təriqəti ilə əlaqələrini kəsdiyini və sünniliyi bərpa etdiyini aləm bildirdi. Qonşu feodal dövlətlərinə qarşı mübarizəni dayandırdı, onlarla dostluq və qohumluq əlaqələrini bərpa etdi.

Monqolların Xarəzmşahlar dövlətinə hücumu zamanı Cəlaləddin Həsən Çingiz xana tam itaət etdiyini də elan etdi.

Sünnilik İsmaililər dövlətinin rəsmi dini oldu. Cəlaləddin öz xalqını kafirliyə-ismaililər təriqətinə itaət etdiyinə görə məzəmmət etdi, islamı qəbul edib şəriət qanunlarına itaətə çağırdı.

Onun əmri ilə bütün şəhər və kəndlərdə məscidlər, hamamlar tikildi.

Cəlaləddin Bağdad xəlifəsi ən-Nasirə, İraqın məliklərinə, sultanlarına, əmirlərinə və başqa ölkələrə elçilər göndərdi; dövlətdəki dəyişikliklər haqqında onlara məlumat verdi. Bağdadda xəlifənin sarayında Cəlaləddinin elçilərinə xələtlər verildi, müntəzəm yazışmalar bərpa olundu, səfirlik göndərildi. Məscidlərdə Cəlaləddinin adına xütbə oxundu. Yeni məscidlər tikilib qurtaran kimi Cəlaləddin Xorasandan və İrandan islam üləmalarını dəvət etdi.

Cəlaləddinə inanmayan qəzvinlilərə, xalqı kafirliyə çağıranların "qəbrinə Allah od vursun" – deyə namələr göndərdi.

Monqol qılıncları və Çingizxanın şöhrəti Orta Asiya üzərində parlamağa başlayınca Cəlaləddin Həsən bu şöhrətin şəfəqlərində qərq olmamaq üçün Çingizxanın hüzuruna elçilər göndərib monqollara tabe olduğunu bildirdi.

Çingizxanın qoşunları Maverənşəhərin qapılarında ikən Cəlaləddin monqol zəfərlərini böyük bir şərəf kimi qəbul etdi.

Bu siyasətin səbəbləri müxtəlif idi. Birinci səbəb Xarəzmşahlar kimi nəhəng, qüdrətli bir müsəlman dövlətinin monqol qılıncları qarşısında boyun əyməsi idi. İkinci səbəb o idi ki, Cəlaləddin öz dövlətinin monqol fırtınasında qərq olacağından qorxurdu. Üçüncü – Cəlaləddin öz xalqının sevgisindən də məhrum idi. Hökmdar ilə xalq arasında dərin bir nifrət uçurumu açılmışdı.

1221-ci ilin noyabrın əvvəlində Cəlaləddin öldü. Şayiələr gəzdi ki, onu arvadları, bacısı və bir başqa qohumları zəhərləmişdilər.

Cəlaləddinin ölümü ilə siyasəti də alt-üst oldu. Cəlaləddinin düşmənləri hakimiyyətə gəldi. Taxta-taca Cəlaləddinin 9 yaşlı oğlu Əlaəddin sahib oldusa (1221–1255), dövləti Cəlaləddinin vəsiyyəti ilə təyin olunmuş vəzir idarə edirdi. O, ilk növbədə Cəlaləddinin bacısını, arvadını və yaxın qohumlarını qətlə yetirdi. Cəlaləddinin tərəfdarları – müsəlman feodalları məhv edildi. Əlaəddinin hökmdarlığı dövründə daxili siyasətdə böyük dəyişikliklər baş verdi.

İlk növbədə islama münasibət dəyişdi, ismaililər təriqətinin tərəfdarları yenidən baş qaldırdılar və bu təriqət yenidən dövlətin rəsmi dininə çevrildi. Terror yenidən gücləndi və 20–50-ci illərdə geniş miqyas aldı. Cəlaləddin tərəfindən təyin olunmuş vilayət başçıları dəyişdirildi. Müsəlmanlara himayəlik edən vilayət və qala başçılarının vəzifələrindən çıxarılması İsmaililər dövlətinin daxilində gedən mübarizəni daha da kəskinləşdirdi.

1224-ci ildə monqol qoşunlarının əsas hissələri Xorasanı tərk etdi. Bu zaman Kuxistan vilayətinin hökmdarı Nəsirəddin Əbülfəth Əbi Şihabəddin Münsur idi. Müasirləri yazırdılar ki, o çox aqıllı şəxsiyyət, alim və filosof idi. Kənardan Kuxistana sığınacaq tapmaq üçün gələn alimləri, islam tərəfdarlarını, o cümlədən Xorasan müsəlmanlarını qəbul edir, onlara sığınacaq verir, ismaililər təriqəti tərəfdarlarının hücumlarından müdafiə edirdi. Qazi Səhac "Təbəqate Nasiri" əsərində Əbül Fəth haqqında yazırdı; “621-ci ildə monqol qoşunları Xorasandan çıxandan sonra Esəfzadan Qainə getdim, oradan da Məzyəx (Sərəxs) qalasına gedərək o yerlərin hökmdarı olan Möhtəşəm Şibahla görüşdüm. O, savadlı, həkim və filosof idi, qəribləri öyrədirdi. Müsəlmanlara, alimlərə və qəriblərə daim töhfələr və hədiyyələr verərək əzizləyərdi. Ona görə də allahsız camaat hakimə şikayətlənirdilər ki, möhtəşəm Şihab dövlətin malını müsəlmanlara paylayır, bunun üçün onu hökmdarlıqdan məhrum etmək lazımdır.

Xacə Tusi onun sifarişi ilə "İşarət-e şeyx" kitabını şərh etmiş və onu 644-cü ildə yazıb qurtarmışdı”.

Tusinin Kuxistana gəlməsi həmin dövrə, 1224-cü ilə təsadüf edir. Nəsirəddin Əbülfəth Tusinin alimliyini, istedadını, uzaqgörənliyini çox yüksək qiymətləndirirdi, bir sıra mühüm dövlət məsələlərinin həlli zamanı onunla məsləhətləşirdi. Hökmdarın yanına tez-tez elmi müzakirələr keçirilir, fəlsəfi axtarışlar aparılır, islamın İsmaililər təriqətinin hücumlarına qarşı yolları axtarılırdı.

Belə məclislərin birində hökmdar Tusiyə təklif etdi ki, o, X əsrin məşhur alimi Əbu Əli Əhməd ibn Məhəmməd ibn Muşkuye ibn Miskaveyxin “Əttəharə" fəlsəfi əsərini fars dilində tərcümə etsin. Nəsirəddin Tusi bu böyük alimin ümumdünya tarixinə həsr olunmuş altı cildlik "Kitab tacarib əl-ümam" ("Xalqların imtahan kitabı") əsəri ilə və həmçinin "Əttəharə" ilə yaxından tanış idi. Tusi "onun üslubunu ən səlis, ən fəsahətli" hesab edir və bu əsərin fars dilində tərcüməsinin vacibliyini yaxşı dərk edirdi. Yazırdı ki, "bu zamanın adamlarının çoxu ədəb libasından məhrumdurlar, cəvahir kimi mənası olan belə qiymətli bir geyim (“Əttəharə" kitabı – A. R.) onların fəzilətini ziytətdirsə, çox böyük savab olar".

Nəsirəddin Tusi bu işin məsuliyyətini və çətinliklərini dərk edirdi. Məclis üzvlərinin təkidini bir daha nəzərdən keçirən alim dərin xəyala daldı: "Bu qədər gözəl mənaları çevirmək, onların qəşəng libasını soyundurub birovuz[6]6
  Kirayə, kirə.


[Закрыть]
paltar geyindirmək adamı meymun şəklinə salıb eybəcərləşdirməyə oxşar, hər zövq sahibi bunu gördükdə özünü qeybət və məzəmmətdən saxlaya bilməz. Bundan əlavə adı çəkilən kitabda hikmət fəsillərinin ən əziz fəsilləri verilmiş olsa da, orada iki fəsil yox idi: şəhərlər salmaq və ev qurmaq fəsli, halbuki bu iki hikmət, zamanın tələbinə görə, indi böyük əhəmiyyət kəsb etmiş, onun şərh və izahı lazım və zəruri olmuşdur. Yeni bir əsər yazılsaydı, əvvələn, kitabın tərcüməsi üçün edilə biləcək məzəmmətdən yaxa qurtarmaq olardı, ikincisi, təqlid deyil, orijinal, yığcam, əksəriyyətin başa düşə biləcəyi şəkildə, o böyük alim İbn Miskaveyhin kitabında olan bütün hikmətlərin xülasəsini verməklə haman iki məsələ haqqında, başqa alimlərin fikirlərini də əlavə etməklə, təzə bir kitab yaradılmış olardı.

Bu fikir ürəyimdən keçdikdən sonra, onu dilimə gətirdim, bəyənildi. Mən yazıq belə şeyə layiq, belə bir cəsarətə malik olmadığımı, tənə vuranların tənəsinə, bədxahların məsxərəsinə məruz qalacağımı bildiyim haldı o böyük və alicənab adamın (Şihabəddin – A. R.) himayəsi mənə cürət verdi, bu əsəri yazmağı təkidlə əmr etdiklərindən, mən bu işə başlayıb, Allahın köməyi ilə onu sona çatdırdım. Bu kitabın yazılması onun əmri və təşviqi ilə olduğundan adı "Əxlaqi-Nasiri" qoyuldu".

Nəsirəddin Əbülfəth Əbi Şihabəddinin islamı müdafiə etməsi, ismaililər təriqətinə qarşı mübarizəsi və öz ətrafına islam tərəfdarlarını cəmləşdirməsi ismaililərin qəti narazılığına və etirazına səbəb oldu. İsmaililər təriqətinin başçıları Ələmuta məktub göndərib bildirmişdilər ki, əgər Şihabəddinin islam tərəfdarlarına olan bu rəğbəti davam etsə İsmaililər dövlətinin bütün əmlakı müsəlmanlara bağışlanacaqdır! Bu məsələdə ismaililər əsas günahı Şihabəddinin yaxın məsləhətçisi Nəsirəddin Tusidə görürdülər.

Bu məktub həm Şihabəddinin, həm də Nəsirəddin Tusinin taleyində dərin izlər buraxdı, bu iki böyük şəxsiyyətin qara günləri başlandı. Şihabəddin hökmranlıqdan uzaqlaşdırılıb geri çağrıldı, Nəsirəddin isə həbs edilib Ələmut zindanına salındı.

İyirmi il bitib-tükənməz zindan belə başlandı. "Dürrət ül-Əxbar" kitabında yazırlar ki, Ələmut zindanında Nəsirəddin ayaqları bağlı saxlanılırdı.

İsmaililər hökmdarı Nəsirəddin Tusini məhv etmədi, bu əqidənin əleyhinə mübarizə aparan başqa alimlər kimi onu edam etmədi. Bunun bir səbəbi “Tarix-e cahanquşay-e Cuveyni” kitabında belə izah edilir: "İsmaililər rəhbərlərinin ən çox diqqət yetirdikləri elmlərdən biri ulduzların tədqiqi olmuşdur. İsmaililər istehkamlarının, qalalarının, qüllələrinin – Ələmut, Kuxistan qalalarının hündür yerlərdə tikilməsinin əsas səbəblərindən biri də bu idi ki, münəccimlər münasib yerlərdə yerləşdirilsin və kainatı tədqiq etsinlər… Digər tərəfdən isə ismaililər hərəkatı öz inkişafının ən yüksək zirvəsinə çatmış, yüksək səviyyədə elmi tədqiqat işləri apardığına görə xüsusi diqqət mərkəzində idi. Çalışırdılar ki, müxtəlif elm sahələri üzrə böyük alimləri öz mərkəzlərinə toplayıb, onlar üçün tədqiqat aparmaq üçün imkanlar yaratsınlar…

Xacə Nasirin Ələmutda olması, sonralar onun o dövrün ölkələrində – Çinə qədər elmi nəzəriyyələrinin yayılması göstərir ki, o, orda elmi tədqiqat fəaliyyəti ilə məşğul olurmuş. Unutmaq olmaz ki, Ələmutda zəngin kitabxanalardan biri mövcud idi. Hətta orada münəccimlik alət və dəzgahları da geniş şəkildə işlədilirdi.

Nəsirəddin özü yaxşı dərk edirdi ki, o öz əqidəsi uğrunda apardığı mübarizəyə görə zindana atılıb. Tarixlər boyu hökmdarlar haqq-ədaləti zindanlarda boğmaqa çalışıblar.

Ələmut zindanının qan və ölüm qoxuyan divarlarından zülm və iztirab saçılırdı. Gündüzlər də bu məhbəsin zülmətində öz işığını itirirdi. Gecələr zindanın qaranlığına qarışıb dünyanı daha qatı bir zülmətə bürüyürdü.

Nəsirəddin bu zülmət quyusunda baharların həsrətini yaşayırdı. Doğma diyar ürəyində qan çağlayan bir yara oldu bu dəhşət quyusunda. Onun gözlərində Nişapur uzaq, şirin bir arzu kimi xəyala dönürdü. Ələmut zindanının ağırlığı Nəsirəddinin çiyinlərinə çökürdü. Bəs gözlərinə çökən o dərd, o iztirab hansı sevinc selləri ilə keçib gedəcəkdi. Gözlərində əbədi qalacaq və ölümün belə silə bilmədiyi dərdi və həsrəti Nəsirəddin qəbr evinə qədər özü ilə daşıyacaqdı.

Nəsirəddinin bu dəhşət saçan Ələmut zindanında yeganə iki dostu var idi: kağız və qələm. Bir də kitabxanadan istifadə etmək icazəsi. Bu icazəni də Şihabəddini əvəz edən Şəmsəddin Həsən İxtiyar ona görə vermişdi ki, Nəsirəddin onun hökmü ilə suallarına cavab axtarsın və bir də… onun üçün münəccimlik etsin.

– Xoca, Hökmdar səfərə çıxmaq niyyətindədir, ulduzlar nə deyir görəsən?

Ustad fikrə gedir. O, münəccim deyil. O, ulduzlarla fala baxmır. O, ulduzları seyr edir, öyrənir.

Məmurlar öz yuxularını ona danışır, yozmasını xahiş edirlər, axı ulduzlarla danışan adam hər şeyi bilməlidir. O adi dustaq deyil, o hər şeyi bilən, görən, eşidən, hiss edən dahi dustaqdır. Heç kəsin görə bilmədiyini görənlər, heç kəsin düşünə bilmədiyini düşünənlər dahi dustaqlardır; hörmət ehtirama layiq dustaqlardır. Hörmət və ehtiram isə yüksəklərdə parlayan yaranmışlar üçündür.

Ələmut zindanına atılan dustaqların, qatı canilərin belə Nəsirəddin ilə danışıqları zaman səslərindəki titrəyiş, gözlərindəki qorxu hörmət və ehtiramdan xəbər verirdi.

Bu gənc dustaq qeyri – adi bir adamdır. Təpədən-dırnağa qədər zəkadır, o, dühadır. O, qaranlıq göylərdən, əlçatmaz ulduzlardan xəbər verirsə, hökmdarların taleyini, onların zəfər yürüşlərindən və dəhşətli məğlubiyyətlərindən qabaqcadan xəbər verirsə, o, hər şeyə qadirdir. O, elə bu Ələmut zindanında fəlakət törədə bilər, hər şeyi yerlə-yeksan edə bilər və ya cəhənnəmi cənnətə döndərə bilər.

Dahilər hər şeyə qadirdirlər. Baxın, elə burada, Ələmut zindanında çox məğrur başları, bir zaman meydan oxuyanları elə susdurublar ki, qiyamətə qədər səsləri çıxmayacaq. Nəsilləri belə yerli-dibli yoxa çıxarıblar. Burada Ələmutun hökmdarı Həsən əs-Sabbah vaxtilə iki igid oğlunu öldürüb.

Nəsirəddinə, bu dahiyə isə söz deyən yoxdur. Hətta… Əcaibdir, hökmdar burada ondan məsləhətlər alır, ondan çəkinir, qorxur. Özünü zindanlara məhkum edibsə, zəkasını zəncirləyə bilməyib. Çünki bütün zamanlarda, bütün dövlətlərdə zəkaya möhtac olub.

Yox! O, cinayət etməyib. O, həqiqət axtarır, Onu Ələmuta, bu dağlara gətirən ədalət sorağı olub. O, əqidəsini dəyişmək fikrində deyil. O, ömrünü islamın saflığı uğrunda mübarizəyə həsr etmək əzmindədir. O, ismaililər təriqətinə baş əymək niyyətində deyil, bu təriqətin müdafiəsi üçün heç bir əsər də yazmayacaq. VIII əsrin ortalarında şiəliyin parçalanmasına gətirib çıxaran, siyasi mübarizədə terrorçuluq üsullarını əsas götürən bu təriqətin müdafiəçisi ola bilməz. Bu yolda o nə ölümdən qorxur, nə də zindandan.

…Günlər axıb gedir, həftələr aylara illərə qovuşurdu. Ələmut zindanında isə heç ümid işığı görünmürdü. Bura adi zindan deyil. Hür şey, hər əməl, hər baxış, hər yazılmış səhifə, hər təbəssüm, hər acı nəzər, ürəkdən çəkilən ah belə nəzarət altındadır. İsmaililər təriqətinin hökmlərinə uyqun gəlməyən hər qafiyə özünə qarşı yazılmış bir hökm olur.

…Nəsirəddinin bircə təsəllisi var, o da yazmaq. Gecə də yazır, gündüz də. Zindan qaranlığında bircə qələminin xırıltısı eşidilir.

Bəzən pəncərədən çobanın çaldığı tütək səsi eşidilir. Bir anlığa qələmin yerə qoyur. Dinləyir. Bir anda hər şeyi unutmağa cəhd edir. Əksinə, çox şeylər xətrinə gəlir. Bu səs möcüzədir, ilahi səsdir.

Həyatın, dünyanın bitməz-tükənməz, fitnə– fəsadlı, taleyin min bir acı sirli, müəmmalı oyunlarını götür-qoy edir. Ürəyi iztirabdan boğulmaq dərəcəsinə gəlir beyni sanki gürz zərbələri altında ağır acı fikirlərdən əzilirdi.

– Axı zalımlar nədən bu qədər yüksəkliklərdə parlaya bilirlər? Nədən zəka günəşləri qırx arşın zülmət quyusunun dibindədir? Niyə ədalət qalxanı haqsız qılıncların zərbələri altında parçalanır? Niyə zülm baltalarının altındakı qan dünya yaranandan bəri qurumaq bilməyir? Aman, Allah! Zalımlarmı bu qədər güclüdür, məzlumlarmı bu qədər aciz? Tanrımı günahkardır, ya insanlar? Müzlumların göz yaşlarını qurudacaq bir tanrı gəlməyəcəkmi bu acıları, iztirabları bitib-tükənməyən dünyaya son qoysun? Tale nə göstərir? Monqolların zəfər qılıncları parçalanacaqmı? Yoxsa monqol dəhşəti dünyanı bürüyəcək? Bu monqol tufanını cilovlaya biləcək bir güc tapılmayacaqmı? Harada qırılacaq, hansı qapıların ağzında susdurulacaq monqolların dəhşətli zəfər qılıncları? Harada? Nə zaman? Yüz ilmi, iki yüz ilmi çəkəcək bu dəhşətlər? Amma gec-tez dünya, bütün hökmdarları udan dünya monqol dəhşətini də susduracaq.

Amma Nəsirəddinin ağlına gələ bilməzdi ki, həmən bu vəhşi monqollar onu Ələmut zindanından çıxaracaq, şöhrət və şərəf zirvəsinə qaldıracaqlar. Amma hələlik, ki, Nəsirəddini zindanda sakit buraxmırlar, gündə bir fitnə, bir fəsad törədirlər. Hökmdarın qulağına çatdırırlar ki, guya o, Bağdad xəlifəsinə məktub göndərib ondan imdad diləyib və sünnilərə satılıb.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации