Текст книги "Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü"
Автор книги: Ağababa Rzayev
Жанр: Публицистика: прочее, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
İslam dövlətlərini dagıdan, məhv edən, monqollar qarşısında diz çökdürən onların öz aralarında mövcud olan pərakəndəlik, qarşılıqlı düşmənçilik, var-dövlət hərisliyi; islamda yaranmış təriqət parçalanmasıdır. Alim Ərdəşir Babəkanın sözlərini xatırlayır: “Din və ölkədarlıq iki sirdaşdırlar, hərəsinin tamamlığı o birindən asılıdır. Din qaydadır, dövlət onun sütunları; bünövrə sütunsuz zaye olduğu kimi, sütun da bünövrəsiz dura bilməz. Eləcə də din dövlətsiz mənfəət əldə etmədiyi kimi, dövlət də dinsiz möhkəm ola bilməz". Məhəmməddən sonra dində başlanmış parçalanmalar – şiəlik, sünnilik; peyda olmuş zeydilər, ismaililər, qərmətilər, xəşşaşilər, ələvilər və sairələri dövlətlərin parçalanmasının əsasını qoydu. “Bir adam bir-neçə adama müqavimət göstərə bilmədiyi kimi, müxtəlif əqidə və zidd fikirdə olanlar da qalib gələ bilməzlər… və nəticədə tək-tək məğlub olarlar… İttihad və ittifaqa səbəb olan amillərin yoxluğu həmişə dağılmağa və parçalanmağa səbəb olar". Nəsirəddin belə bir nəticəyə gəlmişdi ki, əgər bu təriqət sahibləri "məzhəblərinin və dinlərinin müxtəlifliyinə baxmayaraq, füzəlalar fazili olan birinci tədbir sahibinə inanırlarsa, bu onların arasında təəssüb və inadkarlığın yoxluğuna dəlalət edir; bu onu göstərir ki, millətlər və xalqlar arasında məzhəb və din fərqləri də bu qədər rəngarəng və müxtəlif olan lakin nəticə etibarilə eyni məqsəd daşıyan – təxəyyül və təsəvvür ixtilaflarından doğmuşdur".
Düşüncələr… Düşüncələr.
Bəşər övladı, özün-özünü dərk et. Sokratdan gələn bu kəlamı alim dönə-dönə təkrar edirdi və bunu ilk növbədə özünə aid edirdi, düşünürdü, başqalarını da düşünməyə vadar edirdi – insan, sən kimsən, nəyi bilirsən, nəyi bilmirsən, nə üçün bilməlisən. Sən bunları qavramağa, özün-özünü dərk etməyə qadirsən – Allah mərhəməti – insan əməyi.
* * *
Nəsirəddin Hülaku xanın qarşısında dörd mühüm məsələni qaldırmaq niyyətində idi: Alimlərin qorunub saxlanması və onlardan elmin inkişafı üçün istifadə olunması; xalqın ağır vəziyyətini nəzərə alıb onun həyat tərzinin nizama salınması, vergilərin ədalətlə müəyyən olunması; elmin inkişafında böyük rol oynaya biləcək rəsədxananın tikilməsi üçün razılıq və vəsait alınması və ən nəhayət, Bağdad kitabxanasının Marağaya aparılmasına razılıq verməsi və bu işdə yardım etməsi.
İlk növbədə xalqı düçar olduğu bəladan qurtarmağa cəhd etmək lazım idi. On minlərlə adam qırılmış, qaçqın düşmüş, kəndlər boşalmış, torpaqlar viran qalmışdı. Aclıq hökm sürürdü. Sahibsiz qalmış torpaqları nə əkən, nə də becərən vardı. Xalqın qara gün üçün yığıb saxladığı ehtiyatı da monqollar zor gücünə alıb aparırdılar. Monqolların əzilmiş xalqın üzərinə qoyduğu saysız-hesabsız vergilərin sayı günü– gündən artırdı. Yerlərdə təyin olunmuş Hülaku dövlətinin məmurları, onların durmadan bu torpaqlara axışıb gələn qohumları, yaxın adamları ən əlverişli əkin üçün yararlı torpaqları, otlaqları, meyvə bağlarını ələ keçirir, öz gəlir mənbələrinə çevirirdilər.
Dəhşətli müharibə faciələrindən sonra xalqı vergilərin gətirdiyi faciələrdən xilas etmək lazım idi. Vergilər haqqında monqolların bu məzlum xalqa gətirdikləri qanunlar hörümçəkdir – ona yalnız zəiflər ilişəcək, varlılar isə onu qırıb dağıdacaqlar.
Bütün xalqı zülmətə qərq etmiş aclıq, xəstəlik, dilənçilik, evsizlik – çoxları bunları müharibənin qanunları kimi qələmə verməyə cəhd edirlər. Bu qanunları kim, nə vaxt yazıb. Müharibə özü qanunsuzluqdur. Bu qanunları kim yazıb, kim təsdiq edib. Qırğının da qanunu olar? Müharibə qurtarıb, bütün müsəlman dünyasının məğlubiyyəti ilə qurtarıb. İndi isə müsəlman müsəlmana qarşı qəsd edir, bir-birini soyur, əliəyrilik edir, çəkidə, ölçüdə öz yaxın adamını aldadır. Bilirsənmi ki, zülm nədir? "Zülm – pulda, çəkidə, ölçüdə aldatmaq, əliəyrilik və oğurluqla əldə edilən gəlirdir". Ölkədə şərafətli adamlar da qalıb, özü də onların çoxunu Nəsirəddin xilas edib. Amma onlar da bu aç millətə əl uzatmırlar. Alimin bunlara da qəzəbi tutur: "İmkan olan yerdə ehtiyacı olanları məhrum etmək şərafətli adamlara yaraşmaz". Həyat çox əcaib yaranıb – çox zaman pislik edən adama o qədər də nifrət etmirlər. nə qədər əlindən yaxşılıq gəlməyəni qanayarlar. İndi elə bir vəziyyət yaranıb ki, hamıya kömək etmək lazımdır, ilk növbədə "xəstə yatan yoxsullara kömək edilməlidir, dilənçilərə də sədəqə vermək lazımdır… nə verirsən, öz xoşu və ürək açıqlığı ilə verməlisən, nə zahirdə, nə də ürəyində ona heyfsilənib təəssüf etməyəsən".
İlk növbədə hökmdarı yola gətirmək lazımdır. O ki, hələlik Nəsirəddinə qulaq asır, ona inanır. Hülaku xanı qoyduğu bu amansız vergilərdən əl çəkməyə vadar etmək lazımdır. Özü də yığır, sərkərdələri də, döyüşçüləri də, məmurları da. Ən münbit torpaqları öz əllərinə keçirmişdilər. Əkilən torpaqlar, otlaqlar, meyvə bağları elxanilərin, onların qohumlarının ixtiyarına keçmişdi, bu sahələrdən yığılan bütün gəlirin hamısını onlar mənimsəyirdilər. Əhali monqollara 40 adda vergi verirdi.
Hələ Bağdad hücumundan qabaq Nəsirəddin Tusinin vergilərə xüsusi münasibəti vardı. Monqollardan əvvəlki dövrdə də əhali vergilərin ağırlığı altında əzilirdi. Yerli feodalların yığdığı vergilər də xalqı dilənçi kökünə salmışdı. Hələ o zaman Nəsirəddin yazmışdı ki, adamlar "arasında olan ümumi gəliri mühafizə etməyə, hərənin öz payına düşəni özünə verməyə səy göstərilməli, burada haqqa və xidmətə fikir verilməlidir. Ümumi gəlirin mühafizə edilməsi, dövlətin, kəramətin və buna bənzər şeylərin salamat qalmasına səbəb olar. Ümumi gəlirdə hər adamın müəyyən bir payı olar, bundan artıq və əskik vermək zülmə aparıb çıxardar".
İndi isə yerli feodalları monqol elxaniləri əvəz etmişdi. Monqolların vergilərini görən xalq yerli feodallara rəhmət oxuyurdu.
Nəsirəddin yeni vergilər haqqında qanun layihəsini hazırlamağa başladı. Bu qanunda irəli sürülən təkliflər zəmanəmizə qədər gəlib çatmışdır.
Nəsirəddin Hülaku xana nə təklif edirdi?
İlk növbədə. vergiləri hər əkinçidən onun maddi vəziyyətinə, əmlakına, ailəsi ətrafında yaranmış şəraitə görə müəyyən etmək lazımdır. Torpaqları da müayinə etmək vacibdir. Münbit torpaqda işləyən az-çox imkanlı kəndlilərdən yığılan məhsulun ondan bir; qeyri-münbit torpaqlarda çalışan və buna görə də yoxsullaşmış, ehtiyacı olan kəndlilərdən yığılan məhsulun iyirmidən bir hissəsindən vergi almaq olar. Alim suvarılan torpaqlarla dəmyə torpaqlar arasında fərq qoyulmasını vacib sayır. Əgər hər hansı əsaslı səbəbə görə torpaq bir il əkilmirsə, müxtəlif səbəblərə görə bağlar məhsul vermirsə bunların səbəbləri öyrənilməlidir, torpaqlar və bağlar müayinə olunmalıdır, səbəblər aydınlaşdırılmalıdır. İrəli sürülmüş iradlar əsaslıdırsa belə torpaqlarda işləyənlər müvəqqəti olaraq vergilərdən azad olunmalıdırlar. Başqa bir tərəfdən – əgər torpaqlar və bağlar sahibinin günahı üzündən məhsul vermirsə onları çalışqan və becərmək qabiliyyəti olanlara vermək lazımdır.
Nəsirəddin hökmdarın nəzərlərini xam torpaqlardan istifadə olunmasının vacibliyinə cəlb edir. Bu torpaqlar kəndlilərə verilməlidir. Belə halda bu torpaqların sahibi üç il müddətində vergilərdən azad edilməli və sonrakı on ildə müəyyən olunmuş verginin yarısını verməlidir.
Meyvə bağlarının əkin torpaqları hesabına genişləndirilməsini alim məqsədəuyğun sayırdı. Bununla bərabər, ehtiyac olarsa, ayrı-ayrı əyalətlərdə meyvə bağları əkin torpaqlarına çevrilə bilər. Lakin bu mühüm məsələdə özbaşınalığa yol vermək olmaz. Belə bir tədbiri həyata keçirmək niyyətində olanlar qabaqcadan lazımi vergi təşkilatlarına sifariş verməlidirlər.
Nəsirəddin ağır vəziyyətə düçar olmuş kəndlilərə yardımın vacibliyini nəzərdə tutur, bu şərtlə ki, şəraiti düzəldikdən sonra kəndli bu yardımın məbləğini geri qaytarmalıdır.
Alim öz təkliflərində torpağın vərəsəlik yolu ilə nəsildən-nəsilə keçməsinin tərəfdarı kimi çıxış edir. Yuxarıda qeyd olunan təkliflərin həyata keçirilməsi ona gətirməlidir ki, insanların yaşamaq üçün lazım olan vəsait və əmlakı azalmasın.
Zənnimizcə, alimin bir təklifi də diqqəti cəlb edir. Onun təkliflərində belə bir məsələ əhəmiyyət kəsb edir ki, məhsulun orta satış qiyməti qabaqcadan, ilin əvvəlində və mümkün qədər dəqiq müəyyən edilməlidir. Bu, ilk növbədə kəndlidə ümid yaradır və işləmək üçün həvəsləndirir.
Vergilərlə əlaqədar Nəsirəddinin irəli sürdüyü bir təklifə də nəzər salaq. Bu təklif havaların pis keçməsi ilə əlaqədar vergilərin miqdarının azalması ilə bağlıdır – alim təklif edirdi ki, bu vergi iki dəfə azaldılsın. Əgər gözlənildiyindən daha çox məhsul yığılarsa, təklif olunurdu ki, kəndlinin arzusu ilə builki bol məhsulun hesabına gələcək illərin də vergilərini vermək ona icazə verilsin.
Təbii fəlakətlər bu dünyanın əbədi qanunudur. Zəlzələlər, daşqınlar, fırtınalar, quraqlıqlar labüddür. Bütün bunlar nəzərə alınmalıdır və belə hallarda vergilərin yığılmasına hər bir halda ayrıca baxılmalıdır.
Nəsirəddin maldarlardan yığılan vergiləri xüsusi tədqiq edir və belə hesab edir ki, sürüsü olan maldar hər yüz baş mal-qara üçün ayrıca, otlaqdan istifadə etdiyi üçün bir baş qaramal verməlidir. Əgər mal-qaranın sayı yüz başdan azdırsa o, yalnız otlaq vergisi verməlidir.
Alim, tacirlərdən alınacaq vergiləri dəqiq müəyyən edir: hər bir tacir qazandığı hər on dinarın iyirmi dörddən birini, yəni hər 240 dinar gəlirindən bir dinarını vergi verməlidir.
Nəsirəddin öz təqdimatına vergidən azad olunmasını məsləhət bildiyi sahələrin və təbəqələrin siyahısını əlavə etmişdir: yollardan istifadə üçün vergi, gəmiləri müşayiət etməkdən gələn gəlir; həmçinin, alimlərdən, tərxanlardan, qocalardan, əlillərdən, xəstələrdən, dərvişlərdən və uşaqlardan. Bu məsələdə "zəruri ehtiyac məbləği" /yaşamaq minimumu/ məsələsini nəzərə almağı məsləhət görür.
Maraqlı burasıdır ki, Nəsirəddin, şahın /hökmdarın/ da gəlirinin və çıxarının nəzarət altında olmasının vacibliyini irəli sürür. İlk növbədə hökmdarın büdcəsi dövlət büdcəsindən ayrıca hesablanmalıdır. Bunlara ayrı-ayrılıqda diqqət yetirək. Dövlətin gəlir mənbələri: yuxarıda adları çəkilən vergilər; müharibələr zamanı ələ keçirilmiş qənimətlər / bu qənimətlərin beşdən bir hissəsi /; varisləri olmayan əmlak; gömrükxanalardan daxil olan vergi; törədilmiş cinayətlər üçün alınmış cərimələr; xaricə aparılan və xaricdən gətirilən mallar üçün alınmış lisenziyalar.
Hökmdarın gəlir mənbələri: əldə edilmiş qənimətlərin on beşdən bir hissəsi; nəslindən qalmış miraslar; bəxş edilmiş hədiyyələr; tapılmış xəzinələr. Alim hökmdarı xəbərdar edir; o, xeyirxah adamların əmlakına, yetimlərin, dul qadınların, itkin düşənlərin, vəqflərin var-dövlətinə, gəlirlərinə qarışmamalıdır.
Vəqf əmlakı və gəliri ciddi nəzarət altında olmalıdır.
Nəsirəddin verdiyi təkliflərdə dövlət büdcəsinin istifadə olunması maddələr üzrə müəyyən edilir. Dövlət büdcəsi aşağıdakı məqsədlər üçün xərclənməlidir: şəhərlərin, əyalətlərin abadlaşdırılmasına; körpülərin və yolların tikilməsinə; qızıl, gümüş, dəmir mədənlərinin istismarına; dəniz dibindən mirvarilərin çıxarılmasına; emalatxanaların alınmasına; ordunun, keşikçilərin, nəzarətçilərin saxlanmasına; dövlət məmurlarının maaşına; xarici ölkələrdəki səfirliklərin saxlanmasına; poçt xərclərinə; yetimlərin, dul qadınların, başçısı ölmüş ailələrin saxlanmasına və ən nəhayət, ölkəyə gəlmiş səyyahlara köməyə.
Göründüyü kimi, Nəsirəddin Tusinin birbaşa hökmdara göndərdiyi bu təkliflər çox ciddi, cəsarətlə yazılmış sənəd idi, xalqı ağır vəziyyətdən xilas etmək üçün çox mühüm addım idi.
Bu sənəd Nəsirəddinin Bağdad düşüncələrinin əsas istiqamətlərindən sayılmalıdır.
* * *
Nəsirəddinin Bağdad düşüncələrinin mühüm istiqamətlərindən biri də elmin inkişafı məsələləri idi. Bu düşüncələr də onu tərk etmirdi. Hələ Bağdadda olarkən Nəsirəddin rəsədxananın tikilməsinin zəruriliyinə Hülaku xanı inandırmışdı və onun razılığını almışdı. Hülaku xan hələ Bağdadı tərk etməmiş göstəriş vermişdi ki, Nəsirəddinə bu tikinti üçün lazım olan tikinti materiallarını və cihazlar alınması üçün vəsait versinlər. Bununla əlaqədar göstəriş verdi ki, bütün islam vəqfləri Nəsirəddinin sərəncamına verilsin və bu vəqflərin gəlirinin ondan bir hissəsi rəsədxananın tikintisinə xərclənsin.
Nəsirəddin vaxtı itirmədən işə başladı. Göstəriş verdi ki, riyaziyyata və astronomiyaya aid olan bütün kitablar /o cümlədən hücumlar vaxtı İrandan və İraqdan oğurlanmış kitablar/ axtarılıb tapılsın və təcili Marağaya göndərilsin. /Bu məsələlərə nəzarət etmək üçün Nəsirəddin sonralar daha bir neçə dəfə Bağdada gəlmişdi/.
Nəsirəddin alimlərin axtarışları ilə də ciddi məşğul olurdu. Mənbələrə arxalanıb deyə bilərik ki, Nəsirəddin Bağdaddan Marağaya özü ilə Nəcməddin Əhməd ibn Əli ibn Əbil Fərəci /ləqəbi İbn əl-Bəvvab əl-Bağdadi əl-Katib/, Amidəddin Əbül-Fədail Saib ibn İzzəddin Məhəmməd ibn Abdin Əs-Səlmi əl-Bağdadini, İbn əl-Füvati Kəmaləddin Bağdadini, Ömüdəddin Münəccim Bağdadini, Nəcməddin ibn hu-ab Bağdadini, Kəmaləddin Sufi Bağdadi Əbu Əzizi, Qavaməddin Bağdadini və 14 yaşında monqollara əsir düşmüş Kəmaləddin ibn əl-Füvati əl-Bağdadini gətirmişdi /əl-Füvatini Nəsirəddin öz himayəsinə götürmüş, ona fars dilini öyrətmişdi. Sonralar əl-Füvati fəlsəfə elminə yiyələnmiş və Marağa rəsədxanasının kitabxanasında xəzinədar işləmişdir/.
Əfqan adimi Sərv Guya Etimadi yazırdı:
"O, Bağdad dağılandan və xilafət süqut edəndən sonra bacardığı qədər adamların, elmi və ədəbi əsərlərin nicati uğrunda çalışmışdır. Qanlı Bağdad hadisəsi zamanı, xəlifənin qətli, ailəsinin xanədanının dağılması vaxtında Çindən məqribə, Bolqarınsandan Zəncə qədər olan ölkələrdən buraya dolanacaq xətrinə gəlmiş yüz minlərlə sənətkarların bir hissəsinin nicatı ən çox Şəmsəddin Cəvini, Əta Məlik və Xacə Nəsir adı ilə bağlıdır. Onlar bu tufandan sənətkarların bir hissəsini, Bağdad alimlərinin bir dəstəsini xilas etdilər. Əgər Xacənin misilsiz səyi və fədakarlığı olmasaydı Bağdadda baş vermiş bu dəhşətli tufan və qan dolu fəlakətdən heç bir elmi-ədəbi nümunəni, misilsiz əsərləri xilas etmək olmazdı. Olan-qalanı da bu tufan məhv edəcəkdi".
Hələ o zaman Şəmsəddin Ərzi yazmışdı ki, “Xacə ən yaxşı alimləri öz ətrafında birləşdirmişdi və onlara elə qayğı göstərmişdi ki, bunu əsl atalıq qayğısı adlandırmaq olar”.
Nəsirəddinin bu tarixi addımı haqqında hekayətlər çoxdur.
Xacə Nəsirəddin Tusi ömrünün bir çox illərini sərf etdikdən sonra peyğəmbərlərin “beyt əhli" / haqqında bir kitab yazdı və Bağdada getdi ki, onu xəlifəyə təqdim etsin. Tusi kitabı təqdim edəndə, xəlifə öz vəziri ibn Hacib ilə birlikdə Dəclə çayında qayıq gəzintisinə çıxır. Xəlifə kitabı İbn Hacibə verdi. O kitaba baxıb onun məzmununu öz dininə, əqidəsinə uyğun bilməyib Dəclə çayına atdı və Tusidən soruşdu: Axund, sən haralısan və haradan gəlmisən? – Dedi: Tus əhliyəm və Tusdan gəlmişəm. İbn Hacib rişxəndlə dedi: Tusun öküzlərindənsən, ya eşşəklərindən? Dedi: Tusun öküzlərindən. Soruşdu: Bəs buynuzların haradadır? Dedi: Tusda qoymuşam, gedib gətirərəm.
Hülaku xan Bağdadı işğal edən zaman İbn Hacib Xacənin onun yaxın adamı olduğunu bilib öz yaxın adamlarının birinin evində gizləndi. Xacənin adamları onu nə qədər axtardılarsa tapa bilmədilər… Uzun axtarışdan sonra İbn Hacibi tapdılar və Xacənin yanına apardılar. Xacə dedi: Mən Tusun o öküzlərindənəm ki, sənə buynuzumu Tusda qoyduğumu demişdim, və indi onu gətirmişəm. Xacənin yaxın adamları məsləhət bildilər ki, İbn Hacibi, vaxtı ilə onun özü etdiyi kimi, Dəclə çayına atsınlar və tələf etsinlər. Amma böyük filosof belə etmədi və İbn Hacibə ehtiram göstərib əzizlədi.
Adlı-sanlı adamlardan biri olan Hacib Nəhvi Xacə Nəsirəddin Tusini sevməzdi və hər bir məclisdə onun haqqında pis danışardı. Hülaku xan Bağdadı istila edib Xəlifə Musəsimi öldürür. O zamanlar Bağdadda yaşayan Hacibin canına qorxu düşür ki, Xacə Nəsirəddin onu tutdurub əziyyət verdirib öldürtdürəcək.
Hacib fəlsəfə və astronomiya elminin böyük alimlərindən idi və Xacə Nəsirəddin Tusinin bu elmi və başqa elm sahələrinə vaqif olduğunu bilirdi. Yəqin etdi ki, Tusi astorlab – ulduzlarının yerini müəyyənləşdirmək üçün işlədilən cihaz vasitəsi ilə onun gizləndiyi yeri tapacaqdır.
Bağdadın vəziyyəti sakitləşəndən sonra Xacə Nəsirəddin Tusi bir nəfər göndərdi ki, böyük filosof olan Hacibi tapıb ona mehribanlıq göstərib yaxşılıq etsinlər və onunla söhbətə gətirsinlər. Xacə Nəsirəddin Tusi bildi ki, o qorxusundan qaçıb gizlənib. Başqa bir tədbirlə onun gizləndiyi yeri tapdı. Xacə özü onun yanına gəlib ona çox məhəbbət göstərdi və yaxşılıqlar etdi. Hülaku xan isə bu iki misilsiz alimlərin tədbirlərini görüb ikisini də əzizlədi.
Nəsirəddin hələ Bağdadda olarkən çox böyük, heç kimin ağlına batmayan işlər gördü. Ətrafındakılarının heç birinin bacarmadığı, cürət etmədiyi, ümid bəsləmədiyi işləri gördü, elmə yeni nəfəs verdi, alimləri xilas etdi.
Bu monqol qırğınları tarixində misli görünməmiş qəhrəmanlıq idi.
Qabaqda Marağa rəsədxanasının tikilməsi və fəaliyyəti problemi dururdu.
Elmin əzabli yollari
Bəşəriyyət tarixində elə məqamlar olur ki, hərəkətin, fəaliyyətin, fikir və zəkanın yeni formaları meydana çıxır; bu, yeni sıçrayışa, partlayışa səbəb olur. Bu anlayış daha çox elmə aiddir. Elm meydana çıxır, ilk alimlər, filosoflar peyda olur. Bütün zamanlarda insanlar onları möcüzə, ilahi bir vergi kimi qiymətləndirirlər. Təbiətə ilk elmi münasibət insanda oyanma prosesi yaratdı. İnsanlar əsatir yuxusundan oyanmağa başladılar.
Elmi əsatirlərə, əfsanələrə qarşı qoymaq yanlış hərəkətdir. Elm ilk dəfə əsatirlərdə, əfsanələrdə yaranıb. Elm və əsatir həmişə bir-birinə toxunulmuş vəziyyətlərdə olublar. Sanki bunların hər ikisi müxtəlif yollarla çətinliklərə, əzab-əziyyətlərə dözərək həqiqətə yol acmağa can atmışlar, naməlum qanunların düyünlərini acmağa cəhd etmişlər.
İlk meydana çıxan elmi fikir həmişə əsatirlərdə və nağıllarda peyda olub. Keçmişin böyük alimləri əfsanələrdən bəhrələnmişlər. Özləri də yeni əsatirlər, əfsanələr yaratmışlar. İlk elm fərziyyələrdə, əsatirlərdə, əfsanələrdə yaranıb. Fikir mənanı ifadə etməlidir; məna anlayışı olduqda söz tapmaq çətin deyildir, çünki söz məna xətrinə yaradılır". Söz, fikir, məna həyati cəmiyyətin məhsuludur. Elm insanları təbiət üzərində hökmdar edə bilən qüvvədir. Bu şücaətdir.
Qədim dövrlərin faciəli zamanlarında insanlar həmişə çıxış yolları axtarıblar – zəlzələlər, ildırımlar, şimşəklər, göy gurultuları, tufanlar, sellər, xəstəliklər, epidemiyalar və s., nədən əmələ gəlir? Niyə insanlar bu faciələri qabaqcadan bilmirlər? Elm bunlara cavab verə biləcəkmi? Təbiətin bu sirlərini aca biləcəkmi? Zaman keçdikcə elə qəribə hadisələr baş verir ki, bunları "xüsusi hadisələr" və ya "təbiətlərin sirri" adlandırırlar, məsələn, maqnitin dəmiri çəkməsi kimi; təbiətlərin bir-birini rədd etməsi nəticəsində bunun əksinə olan hadisələr baş verir".
Elm tükənməz xəzinəyə çevrilməlidir. Elm ixtira olunmağa başlamışdı. Bu ixtira insanın əsrlər boyu məhkum olduğu zəncirləri qırmalı idi. Bu ixtira həm fikri məhbəsdən qurtarmalı, həm də insanlara fəaliyyət azadlığı gətirməli idi. Yox! Bu ixtira Allahı inkar etmirdi. O böyük yaradanın özünü də dərk etmək üçün bu ixtiradan istifadə etmək lazım idi. Deməli, elmi ixtira etmək vacibdir. Lakin bu çox ağır və mürəkkəb proses idi. İnsan övladı bu ixtiranı öz qüdrətinə, zəkasına, istedadına arxalanıb edə bilərdi. Bunun üçün insan ilk növbədə özü-özünü dərk etməlidir.
Elmi qədim yunanlar ixtira etdilər. İlk növbədə səma ilə kainatın əlaqələrini açmaq lazım idi – yağış niyə yağır, külək niyə əsir; ulduzlar nədir, günəş niyə tutulur, gəmilər ulduzların göstərdiyi yolla necə gedirlər.
Elmin yolu dəqiq olmalıdır – nəzəriyyə və əməl. Elm özünə məntiqi münasibəti tələb edirdi. Ən cəsarətli nəzəriyyə əməlin imtahanından keçməlidir. Bu dərk olunmamış dünyada yaşamaq üçün bunları dərk etmək lazımdır. Buna əsrlər lazımdır, neçə-neçə dühalar nəsli lazımdır. Əsrlər lazımdır ki, insanlar özləri dəyişsinlər. İnsanlar dəyişməmiş dünyanı da dəyişmək olmaz. İnsan dərk etməlidir ki, dünyada heç bir şey məhv olmur. "Əgər bir adam diqqətli və kamil bir tədqiqatçı gözü ilə maddələrin dəyişməsinə, quruluş və tərkiblərin dağılıb yenidən qurulmasına, onların arasındakı çevriliş və ziddiyyətlərə nəzər salsa, maddələr mübadiləsindən, yaranıb yox olma proseslərindən xəbərdar olsa, mütləq görər ki, dünyada heç bir şey tam şəkildə məhv olmur, Bəlkə onun formaları, vəziyyəti, tərkibi, quruluşu, rəngi, keyfiyyətləri ya şərikli bir varlığa və ya sabit bir maddəyə çevrilir".
"Elm sonsuzdur" – Nəsirəddin Tusinin gəldiyi nəticə belədir. Bu, elmin ən ümdə vəzifəsi insanlara səadət gətirməkdir. "İnsan bu dünyada olan mövcudatın ən şərəflisidir… Bu dünyadakı mövcudatın ən şərəflisi olan insanı kamilliyə çatdırmaq məqsədini güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır".
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?