Текст книги "Nəsirəddin Tusi: həyatı, elmi, dünya görüşü"
Автор книги: Ağababa Rzayev
Жанр: Публицистика: прочее, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Qoşunlar üz-üzə gəldilər. Bu döyüşdə xəlifə qoşunları 12 min adam itirdi. Monqol qoşunları qərbi Bağdadı bütünlüklə işğal etdilər və Dəclə çayına çatdılar. Tezliklə bütün Bağdad mühasirəyə alındı.
Əl-Müstəsim öz ortancıl oğlu Əbdürrəhmanı Hülaku xanın hüzuruna göndərdi. Xan onu qəbul etməyib geri qaytardı, xəlifənin gəlməsini tələb etdi. Sabahı gün xəlifə monqolların hüzuruna vəziri göndərdi. Onu da geri qaytardılar.
Şəhər əhalisi silahı yerə qoymurdu. Qanlı döyüşlər şəhərin içərisində davam edirdi. Bağdaddan kənara çıxan yollar, o cümlədən Bəsrəyə gedən yol bağlanmışdı.
Bir neçə şəhər məmuru qaladan çıxıb xahiş etdilər ki, əhaliyə rəhm etsinlər.
Hülaku xan Xoca Nəsirəddindən xahiş etdi ki, xalqı xilas etmək üçün "Risal Qapılarına" getsin. Nəsirəddinin köməyi ilə əhalini şəhərdən çıxarmağa başladılar. Qoşunlar şəhərə daxil oldu.
Abbasilər müharibəni uduzmuşdular. Xəlifə əl-Mustəsim vəzirin və çoxlu saray məmurlarının müşayiəti ilə sarayını tərk edib Hülaku xanın hüzuruna getməyə məcbur oldu. Onları həbs etdilər.
Hülaku xan Nəsirəddin Tusinin müşayiəti ilə şəhərə daxil oldu. Onlar xəlifənin sarayına baxmağa getdilər.
Fevralın 20-də Hülaku xan Bağdadı tərk etdi.
Bir qədər geri qayıdıb bütün bu hadisələrin şahidi olmuş Nəsirəddinin yazdıqlarına nəzər salaq.
“Cahanın padşahı, əmin-amanlığın özülü olan Hülaku xan dinsizlərin nəslini kəsmək üçün kafirlər ölkəsinə (İsmaililər dövləti nəzərdə tutulur – A. R.) daxil olan zaman xəlifənin yanına elçi göndərərək ona bildirdi ki, "Mənə tabe olub itaət edəcəyini bəyan etmisən. İtaətliliyin isə əsas əlaməti odur ki, biz düşmən üzərinə hücuma keçəndə sən də mənə qoşununla kömək edəsən". Xəlifə qoşun göndərmək üçün vəzir-vəkillə məsləhətləşdi. Lakin əhali və qoşun başçıları içərisində belə deyənlər də vardı ki, o, bu bəhanə ilə Bağdadı və xəlifənin ölkəsini qoşunsuz qoymaq və bununla da istədiyi vaxt ölkəni işğal etmək üçün şərait yaratmaq istəyir. Bu sözlərlə razılaşan xəlifə qoşun göndərməkdən imtina etdi.
Padşah kafirlər ölkəsinin işğalını qurtararaq Həmədan tərəfə hərəkət edərkən xəlifəyə qəzəbli bir sifarişlə bildirdi ki, qoşun göndərmədin. Indi özünü gözlə. Xəlifə vəzirlə məsləhətləşdi. Vəzir dedi ki, çoxlu çəvahirat, qızıl, gümüş, qiymətli paltarlar, at ilxıları, qul-qaravaşlar və qatır sürüləri hazırlayıb göndərmək və üzr istəmək lazımdır. Xəlifə vəzirin təklifini bəyəndi, əmr elədi ki, məktub hazırlasınlar, hazırlıq görsünlər. Əyan və zadəganlardan iki-üç nəfəri seçərək onlara bu malları aparmağı, padşahdan üzr istəməyi tapşırdı. Xəlifənin davatdarı – Mirzəsi Kuçək və başqa böyük mənsəbli şəxslər buna etiraz edərək deyirdilər ki, "vəzir öz xeyrinə bu tədbiri görüb. O, bizi və qoşunu türklərin ixtiyarına verərək məhv etmək istəyir. Biz də ayıq olmalıyıq. Elə ki, gördük ki, mal-dövlət yüklənmiş karvanlar kənara çıxıb dərhal elçiləri tutaq, malları geri qaytararaq öz adamlarımıza paylayacağıq. Bununla da biz öz işimizi görüb və onları zəlil eləyəcəyik".
Xəlifə məsələdən agah olandan sonra elçiləri göndərməkdən, malları yollamaqdan imtina etdi və kiçik bir töhfə göndərməklə kifayətləndi. Padşah qəzəbləndi və əmr etdi ki, xəlifə özü gəlsin, əgər özü gəlmirsə üç nəfərdən birini göndərsin: ya vəziri, ya davatdarı – Mirzə Kuçəki, ya da Süleyman şahı. Xəlifə heç birini eləmədi, təkliflərini rədd etdi. Padşahın qəzəbi tutdu, bir neçə dəfə Bağdada hücum etmək fikrinə düşdü. Bir dəfə özü gəlib qayıtmaq istədi; başqa bir dəfə Məhiyəddinin oğlu ibn əl-Covzini göndərdi ki, bunun da heç bir faydası olmadı. Nəhayət, 655-ci ilin şəvval ayında padşah özü Həmədan tərəfdən hərəkət elədi. Əvvəl şahzadə Soğaqcaq və şahzadə Baycu[9]9
Əsərdə bu şəxslər "nuyən" adlanırlar. Noyon /ya noyənlər/ Monqollar dövründə ali ordu komandanı dərəcəsi olmaqla şahzadə, knyaz mənası da verirdi.
[Закрыть] birbaşa Ərbil yolu ilə Meymənəyə, oradan da Şəhrəzur dağlarından Düquqa, şahzadə Kitbuğa və şahzadə İnkiya isə Kərit tərəfdən Meysərə və Bəyata yollandılar. Padşahın özü isə qoşunun başında Kermanşah və Hulvan istiqamətində hərəkət etdi. Davatdar – Mirzə Kuçek Bağdaddan qoşunla hərəkət edərək Böqubə və Bacsəri arasında Dəyala çayının kənarında düşərgə saldı. Padşah Baycuya əmr etmişdi ki, Dəclədən keçərək qərbdən Bağdada daxil olsun. Padşah Hulvana çataraq orada düşərgə qurdu. Süvarilər dəstəsi isə orada dayanmadan hərəkətə davam etdilər. İybəkdə Yəzəkin başına hələbi /dəmir vərəq/ keçirib tutdular, hüzura gətirdilər. O, söz verdi ki, düzünü deyəcək, hər şeyi boynuna alacaq. Ona aman verdilər. Yəzək monğollarla getdi. Xarəzmlərin nəslindən olan bir sultanzadə də Yəzəkin dəstəsində idi. Xəlifənin ordusuna məktub yazaraq bildirdi ki, mən də sizinlə eyni nəsildənəm, bəndəliyi qəbul edərək təslim olmuşam. Mənə hörmətlə yanaşırlar. Özünüzə yazığınız gəlsin, təslim olun, canınızı qurtarın". Cavab gəldi ki, Hülakuda elə hünər hanı ki, Ali-Abbas /Abbasilər/ nəslinə qəsd edə bilsin. Bu dövlət onun kimilərindən çox görüb. O, sülh istəyirdisə gərək bura hücum çəkməyəydi və xəlifənin ölkəsini viran etməyəydi. Əgər hətta indi də o, üzr istəyib Həmədana qayıtsa biz davatdarı – Kuçək Mirzəni xəlifənin yanına göndərərik ki, ondan barışmağı və sülhə gəlməyi təmənna eləsin".
Bu məktub padşaha çatanda o, gülüb dedi: "Bu Allahın hökmüdür, O, neçə istəyirsə elə də olacaq”. Elə ki, Soqancaq və Baycu Dəcləni keçdilər Bağdad əhli başa düşdü ki, onlara basqın edən Hülaku şahdır. Davatdar – Mirzə və qoşun yenə döyüş meydanına yollanırlar. Bağdadda Dəclədən keçərək sursat anbarı yaxınlığında qoşunun önündə gedən şahzadə Soğancaqla qarşılaşır, qoşununu məğlubiyyətə uğradaraq qələbə çalır. Şahzadə Baycuya çatanda o, qoşunu qaytarır, davatdar – Mirzə ilə vuruşur. Onu məğlub edərək çoxlu insan qətlə yetirir, geri dönüb Bağdada qayıdır. Padşah Bərdyalı keçir. Orada gəmi qoymamışdılar. Suya baş vuraraq o taya keçir, Bağdadın qapısına qədər gəlir. Buğa Teymuru da qərb tərəfə göndərir. Padşah məhərrəm ayının ortalarında 656-cı ildə Bağdad darvazasının qabaqında dayanır. O, əmr edir ki, Bağdadın ətrafına divar cəksinlər. Monğollar buna "çəpər" deyirlər. Bir gecə-gündüz ərzində bir tərəfdən padşah qoşunu, qərb tərəfdən də Buğa Teymur, Soğancaq və Baycu hündür bir divar ucaldırlar. Şəhər tərəfdən divarın içində böyük bir xəndək qazıb lağım atır, döyüşə hazırlıq görürlər. Xəlifə divanxana rəisini və İbn Dərbusu kiçik hədiyyə ilə padşahın yanına göndərir. Demişdilər ki, əgər çoxlu hədiyyə göndərsək deyərlər ki, bərk qorxdular, elə bu az töhfə kifayətdir. Padşah soruşur ki, niyə davatdar Mirzə və Süleyman şah gəlmədilər? Xəlifə cavab göndərir ki, bəs padşahın özü belə buyurmuşdu: üç nəfərdən biri – ya vəzir, ya Mirzə ya da Süleyman şah gəlsin; mən də sözümə əməl edərək onlardan ən böyüyünü – vəziri göndərdim. Qoy indi padşah da öz sözünə əməl edib onları tələb etməsin. Padşah buyurur ki, mən bunu Həmədanda olanda demişəm, indi isə Bağdadın darvazası ağzındayam. Artıq iş işdən keçib. Mən necə razılaşa bilərəm ki, hüzuruma tək bir nəfər gəlib?
Hər üçünü mənim yanıma göndərmək lazımdır. Əks halda müharibəyə başlayıram". Padşah öz qoşunu ilə şəhərin şərq tərəfində Əcəm qülləsi qabağında durmuşdu. Git Buğanın qoşunu Xabqusla vuruşurdu. Balğa və Sübetey şəhərin sağ səmtindən, Buğa Teymur şəhərin qərbindəki yaşıl bağ tərəfdən, Soğancaq və Baycu isə sümük xəstəlikləri xəstəxanası istiqamətindən döyüşə başladılar. 656-cı il Məhərrəm ayının 22-sindən başlayaraq altı gün-altı gecə şiddətli döyüşlər oldu. Padşahın əmri ilə fərman yazdılar ki, seyidlər, alimlər, xristian dini üləması, şeyxlər və bizimlə müharibə etməyən hər bir kəs bağışlanacaqdır. Fərmanı oxa bağlayıb şəhərə atdılar. Xülasə; altı tərəfdən şiddətli döyüşə başlayıb Məhərrəm ayının 28-nə kimi gecə-gündüz vuruşdular, nəhayət gün çıxanda qoşun divarın üstünə dırmaşdı. Əvvəl Əcəm qülləsinə çıxdılar. Onlar barının iki tərəfindən hərəkət edərək adamları qovurdular. Günorta namazına qədər Moğol divarının üstü bağdadlılarla doldurulmuşdu. Divarı tikəndə padşahın əmri ilə Bağdadın yuxarısı və aşağısında gəmilər qoymuş, körpülər tikmiş, keşikçilər yerləşdirmiş, qüllələr düzəltmiş, neft alətləri qayırmışdılar. Dava qızışanda davatdar-Mirzə gəmi vasitəsilə aşağıya tərəf qaçmaq istəyir. Onun bu niyyətindən moğollar xəbər tutmuşdular. Qüllələrdən ox ataraq ona mane olmuş, onu geri qaçmağa məcbur etmişdilər. Onun üç gəmisini tutub adamları qırdılar, silahlarını qənimət götürdülər. Ələvilərin başçısı gəmidə həlak olmuşdu. Divarı alan kimi padşah əmr etdi ki, şəhərin bütün əhalisi divarı dağıtsın. Elçilər gəlib getdilər. Padşah əmr etdi ki, davatdar-Mirzə və Süleyman şah qabaqa çıxsınlar. Xəlifə də istəyir çıxsın, istəmir – yox. Xəlifə ortancıl oğlunu davatdar-Mirzə və Süleyman şahla kənara çıxarır. Davatdar-Mirzə dönüb Süleyman şaha deyir ki, qoşun əhli bizə çox inanır, onları göndər şəhərə, qoy şəhər əhalisi də yığışıb gəlsinlər, təslim olsunlar. Daha onların rüzgarının sonu yetişib. Şəhər əhli Şərəfəddin Marağai və Şəhabəddin Zünkanini aman istəmək üçün hüzura göndərdilər. Bundan sonra elə ki, xəlifə gördü ki, daha çarə yoxdur, özü hüzura gəlməyə icazə istədi. Səfər ayının 4-də xəlifə təslim oldu. İmamlar, seyidlər, şeyxlər onu müşayiət edərək Kəlvaz darvazasından çıxdılar. Xəlifə burada padşahı öz oğlanları və əyan-əşrafla gördü.
Hicrətin altı yüz əlli altıncı ilində
Yekşənbə günü səfər ayının dördündə
Xəlifənin Hulakunun yanına gəlməsilə
Abbasilər dövlətinin sonu çatdı
/şerin sətri tərcüməsi/
Ondan sonra şəhəri qarət etməyi əmr elədi. Padşah xəlifənin sarayına getdi. Sarayla tanış olandan sonra xəlifəni gətirtdi. Xəlifə əmr eləyir ki, hədiyyələr gətirin. Gətirilən töhfələrin hamısını padşah dərhal əyan-əşrafa, əmirlərə, qoşun başçılarına və camaata payladı, bir qızıl tabaq da xəlifənin qabağına qoyaraq onu yeməyi əmr etdi.
/Xəlifə/ dedi: – Bunu ki, yemək olmaz.
/Hulaku/ dedi: – Bəs niyə bunu saxlayıb qoşuna xərcləmədin? Bəs niyə bu dəmir qapılardan ox-yay düzəltdirib Ceyhun çayının sahilinə gəlmədin ki, mənim oradan keçməyimə mane olasan?
Xəlifə cavab verərək dedi: “Allah tilsimi belə yazıbmış. Gündüzüm gecəyə dönməli imiş". Bu zaman xəlifəyə əmr elədi ki, onun özünün və oğlanlarının arvadlarını gətirtsin. Xəlifənin sarayına getdilər. Yeddi yüz qadın və min üç yüz qulluqçu idilər. Qalanlarını qovdular. Elə ki, qarəti qurtardılar bir həftə sonra şəhər əhalisinə aman verdilər. Qənimətlər topladılar. Səfər ayının on dördündə padşah şəhər darvazasından çıxanda xəlifəni tələb etdi. Onu oraya gətirdilər /qanbahası olmalı idi/. Ortancıl oğlu beş-altı qulluqçusu ilə onun dalınca gəlirdi. Həmin gün bu qanbahası qurbanlığında ortancıl oğlu ilə onun işi bitdi. Sonrakı gündə də onun böyük oğlunu və onun yaxın adamlarını Kəlvaz darvazasına gətirib işlərini bitirdilər. Qadınları və qulluqçuları qovub dağıtdılar. Padşah bir gün sonra oradan getdi. Vəziri, xəzinədarı və İbn Dərbusu Bağdada göndərdi. Vəzirə vəzirlik, xəzinədara xəzinədarlıq verdi, İbn Dərbusu Ovzan qoşunları başçısı təyin etdi /Ovzan/ – əmələ və sənətkar mənasında/, Əstu Bahadırı şəhər qoşunları rəisi qoydu. Bağdadı tikib qurmağı əmr etdi. Şəhəri ölənlərdən və murdar olmuş heyvan cəmdəklərindən təmizlədilər. Bazarlar təmir olundu.
Padşah qələbə və zəfərlə Siyahkuha gəldi. Buğa Teymura Hillə və Vasiti tapşırdı. Hillə əhalisi qabaqcadan təslim olmuşdu. Buğa Teymur ora çatan kimi, onları sınaqdan keçirib Vasitə yollandı. Bir həftə qətl-qarət edərək oradan qayıtdı. Buğa Teymur taxta çıxdı. Sonra Şüştərə yollandı. Şərafəddin bin əl-Çovzini də özü ilə apardı ki, şəhəri özünə tabe etsin. Qoşunun və əhalinin bir hissəsi qaçdı, bəziləri öldürüldü, bəziləri isə təslim oldular. Kufə və Bəsrə isə heç qoşun getməmiş təslim olmuşdular".
Bağdad düşüncələri
Hülaku xan Bağdadı talan edib getdi. Yeni yürüşlər arxasınca getdi.
Nəsirəddin Tusi Hülaku xanın razılığı ilə Bağdadda qaldı. Bu şəhərdə görüləsi o qədər işlər vardı ki!.. Dünya şöhrətli alimlər pərən-pərən düşmüşdü. Günahsız zindanlara atılanlar vardı. Onları azad etmək, məcrasından çıxmış elm dəryasını məcrasına qaytarmaq lazım idi. O, böyük alimləri özü ilə aparacaqdı. Nəsirəddin bu zəka ulduzlarını zamanın zülmətində və müharibə dəhşətlərində qoya bilməzdi. Kitabxanalara, bu idrak, mənəviyyat xəzinələrinə özü baxmalı idi. Nadir elm və mədəniyyət incilərini – qiymətli kitab və əlyazmalarını xilas etmək lazım idi. Yoxsa hər şey monqol yürüşlərinin alovlarında yanıb kül olacaqdı və gələcək bəşəriyyət misilsiz idrak xəzinələrindən məhrum qalacaqdı.
Bağdada gəlişinin sabahı günü Nəsirəddin şəhərin şiə üləmaları ilə ğörüşə getdi. Bu görüş şiə üləmalarının mərkəzində oldu. Mərkəzin başçısı Həsən ibn Yəhyə Xazali Hilli görüşdə iştirak edən bütün alimləri Nəsirəddinə təqdim etdi. Söhbət, müsəlman aləmini dəhşətə salan, onu dağıdan, məhvə aparan səbəblərdən getdi. Nəsirəddin Bağdadda qalmağının səbəblərini üləmalara izah etdi. O, şəhər əhalisini, alimləri bu dəhşətli alovlardan çıxartmaq və kitabxanaları xilas etmək niyyətlərindən danışdı. Üləmaları köməyə çağırdı, elmin sabahı haqqında düşüncələrini onlarla bölüşdürdü. Üləmalar ona danışdılar ki, hələ şəhər fəth olunmamışdan qabaq xəlifənin oğlu Əbu Bəkrin şiələrə qarşı təhqirlə dolu çıxışlarına cavab olaraq şiə təriqətinə mənsub olan İbn Əlqəm şiələri sünnilərə qarşı mübarizəyə qalxmağa təhrik etmişdi və şəhərdə belə danışıqlar gedirdi ki, guya bundan Nəsirəddinin xəbəri olmuşdur. Nəsirəddin bu hadisəyə münasibətini çox qısa şəkildə bildirdi; "Ya Rəbbim! İnsanlara hakimiyyət bəxş edərkən onlara ağıl da göndər". Sonra Nəsirəddin burada keçirilən ilahiyyat dərslərinin birində iştirak etdi. Axşama yaxın alim, monqol qoşunlarının məskunlaşdığı düşərgəyə qayıtdı.
Müharibə dəhşətləri onu rahat buraxmırdı, onun beynini gəmirirdi, düşüncələrini alt-üst edirdi. Gecələr səhərə qədər min bir sualın cavabını axtarırdı. Kimdir bu müharibələri tərədən, xalqları qırğına verən, ölkələri viran qoyan, insanlığa göz dağı çəkdirən iblislər?
Nəsirəddin monqollardan nə gözləyirdi? Hülaku xanın qoşunları və onların törətdikləri vəhşiliklər onun gözü qarşısında idi. Dagıdılmış, tarı-mar olmuş məmləkətlər, yurdsuz-yuvasız qalmış insanlar, ardı-arası kəsilməyən nalələr, göz yaşları…
Kimdir bunun günahkarı!
Nəsirəddin Tusi yazmışdı:
Göyə baxıram ayın üzündə qan görürəm,
Ey həzərat, göyü qəmli, dünyanı viran görürəm.
Bu dünyanı bürümüşdür göz yaşı, ah ilə fəqan
Gövhər saçan zəkaları mən ağlayan görürəm.
Xeyir bilməz o kəslərin ki, işi-gücü şər olubdur
Mən indi o namərdlərlə dolu meydan görürəm.
Xəbisləri hər yerdə üzüyün qaşı kimi
Zər evində taxt qurub meydan oynayan görürəm.
Fələyin zülmü örkən kimi hünər göhərlərinin
Boynundadır, mən onları hər yerdə əyan görürəm.
Kimdir bunun günahkarları?
Müharibələri yer üzünə Allahmı göndərir?
Göndərirsə insanların hansı günahlarına görə göndərir?
Yox! Allah böyükdür. O öz yaratdığı varlığı məhv edə bilməz: Qurani-Kərim buyurub ki, "Allah zülm edənləri sevməz".
Allah rəhimdildir. O, insanlara yalnız səadəti, məhəbbəti, ədaləti bəxş edir, "varlıqların bütün növü onun ilham mənbəyinin məhsuludur". Alim buna inanır, başqalarını da inandırmağa çalışır. Lakin, əgər insan bu nemətləri o yüksəkliklərdən ala bilsəydi, o zaman niyə Allah insana zəka, əql verirdi? İnsan ədaləti o yüksəklikdə ala bilsəydi o zaman hökmdarlar kimə lazım idi? Deyirlər xəstəlikləri də Allah göndərir. Bəs dərmanı kim yaradıb? Belə halda Allah həmin xəstəliyin əleyhinə çalışan təbibin əməlini günahmı sayır? Alimə də əqli, zəkanı Allah verir. Bəs təbiətin, insan varlığının sirlərini açmağa can atan alimi Allah niyə cəzalandırmır? Əgər bu sirləri açmaq Allah qarşısında qəbahətdirsə, o zaman alimə əta edilmiş ağlı və zəkanı niyə ona bəxş edib?
Nəsirəddin suallarına cavab axtarırdı, çox zaman onlara düzgün cavab tapa bilmirdi.
Bu cavabları gec-tez insan özü tapacaq. Çünki “insan bu dünyada olan məvcüdatın ən şərəflisidir", çünki insan "özü özünü dərk etmək" qabiliyyətinə malikdir.
İnsan böyükdür, müdrikdir. Hər bir insan bir aləmdir; o çox sirləri açacaq. İnsanın "hərəkət nitqindəki" “… məna əqli kateqoriyaların dərki, biliklərin möhkəmləndirilməsi, məfhumların fərqləndirilməsi mənasıdır ki, onun vasitəsi ilə yaxşılıq-pislikdən, gözəllik-eybəcərlikdən, şərafət-qəbahətdən ayırd edilir və iradənin gücü ilə onlar dəyişdirilir. Bu qüvvənin nəticəsində işlər də iki yerə bölünür: xeyir və şər, gözəl və çirkin, bunları xoşbəxtlik və bədbəxtlik adı altında ümumiləşdirirlər… Deməli, kim bu qüvvədən düzgün istifadə edib öz səy və iradəsinin gücü ilə arzu edilən fəzilətə çatsa /elə bu qüvvə əsasən, bu məqsəd üçün yaradılmışdır/ xoşbəxt olacaqdır; bu qüvvədən düzgün istifadə edə bilməsə, bədbəxt olacaqdır". Öz qüvvəsindən düzgün istifadə edən "İnsanların ən kamili o adam hesab edilər ki, bu kamilliyə daha çox malik olsun, durğunluğa, zəifləməyə yol vermədən daima onu təkmilləşdirib inkişaf etdirə bilsin".
Düşüncələr… Düşüncələr. Acı və ümid verən düşüncələr…
Bəs müharibə dəhşətləri; bunları kim törədir? On minlərlə adamı ölümə kim məhkum edir? Nizami yazmışdı:
Əcəl pəncəsində ölsə bir nəfər
Gözündən yaş tökər ona bir şəhər.
Bütün bir şəhərçin saxlayaraq yas,
Ondan uzaqlarda kimsə ağlamaz.
Xalqları bu müharibə dəhşətlərinə sürükləyən hökmdarlardır, onların ətrafını sarıyan iblis xislətli insanlardır. Acgözlükdür, var-dövlət düşkünlüyüdür.
Nəsirəddin yazmışdı: “Ədavətə beş şey səbəb olar: hakimiyyət üstündə münaqişə, vəzifə üstündə münaqişə, dövlət üstündə münaqişə, namus uğrunda münaqişə, əqidə üstündə münaqişə. Bunların hər birindən uzaq olmağın yolu onların səbəblərini doğuran xasiyyətlərdən uzaq olmaqdır".
Alimin gəldiyi nəticə belədir.
Hökmdarlar bilmir, bilmək də istəmir ki, dövlət nədir, ədalət nədir, qanun nədir, dövləti necə idarə edərlər, necə qoruyub saxlayarlar. Bəs siyasət nədir? Onu da bilmirlər. Siseron yazmışdı ki, "Əgər hökmdar böhrandan çıxış və vəziyyəti xilas etmək yollarını görmürsə və buna qabil deyilsə nə qədər gözəl danışsa da, fövqəladə natiqlik istedadına malik olsa da xalqı xilas edə bilməyəcək… Əgər onun siyasi elmlər haqqında dərin bilikləri və anlayışı yoxdursa qəbul olunması və ya rədd edilməsi lazım olan qanunlar və ya dövlət işləri haqqında xalq qarşısında nə danışa bilər".
Bəlkə də Nəsirəddin Siseronu oxumamışdı. Lakin çox yaxşı bilirdi ki, "ünsiyyət və əlaqə o zaman baş tutar ki, nəyin nizama aparıb çıxaracağını, nəyin pozğunluğa səbəb olacağını, hər kəslə tək-tək necə davranmaq lazım olduğunu öyrədən elmi yaxşı bilsin, bu ictimaiyyət elmidir… Hamı bu elmi öyrənməyə səy etməlidir ki, fəzilət sahibi olmağı bacarsın, əks halda rəftar, müaşirət[10]10
Dostluqla yaşama (ərəbcə).
[Закрыть] və davranışda səhvlərə yol verər, dünyada qanunsuzluqlara səbəb olar… Bu cəhətdən haman elmin nə qədər faydalı olduğu aşkara çıxar".
Bu siyasətdir. Dövlət siyasətidir, ölkəni, xalqı idarəetmə siyasətidir. "Siyasət bəzən qərari işlərə, məsələn, müqavilələr, sazişlər kimi; bəzən əqli hökmlərə, məsələn ölkə, şəhər idarəetmə kimi məsələlərə aid olur. Dərrakə, fəzilət və mərifətdə xüsusi istedadı olmayan bir adam bu iki iş növünün heç birinə başlamamalıdır, çünki şəraiti öyrənmədən, onun tələbatını bilmədən bunlardan birini o birisindən qabağa salmaq dava-dalaşa və ixtilafa səbəb olar. Deməli, şəraitin nə tələb etdiyini müəyyənləşdirmək üçün elə bir şəxsiyyətə ehtiyac var ki, o, ülvi bir ilhama malik olmaqda başqalarından fərqlənsin…". Nəsrəddin belə dövlət başçılarını "qanun sahibi", “qüvvətli, böyük və fövqəladə adamlar", "dünya müdrikləri", "ictimai xadim", sənətlərini isə "hakimlik sənəti" adlandırırdı.
Dövləti idarə etmək sənətdir, çox çətin, mürəkkəb və məsul sənətdir. Bu sənət insanların taleyi ilə bağlıdır. Hər adamı bu sənətlə məşğul olmağa buraxmaq olmaz. Hər oğul atanı əvəz edə bilməz; az yaşlı varisi hakimiyyətə gətirmək cinayətdir. Bu adət "ilahi namusunu” itirmiş vəzirlər üçün meydan açır. Bu böyük və ya kiçik bir xalqı təhqir etməkdən başqa bir şey deyildir. Təsadüfi deyildi ki, böyük alim hökmdarlar ola-ola dövləti idarə etmək üçün Rəyasət heyətlərinin yaradılmasını təklif edirdi. Hökmdara xas olan keyfiyyətlər "bir adamda deyil, müxtəlif adamlarda olduqda onlar ölkəni /şəhəri/ şərikli idarə etməyə başlayarlar, bu rəyasətə qanun adamlarının rəyasəti deyirlər".
Düşüncələr… Düşüncələr.
Bağdad tənhalığında düşüncələr onu tək buraxmırdı.
Xalqa arxalanan dövlətini yarat, onu möhkəmləndir, xalqın başını uça elə. Bir nəzərin də qonşularında olsun; onlarla dost ol… yaxşı diqqət yetir ki, büdrəsən qonşularının hansı sənin qolundan tutacaq. O dünyada hər kəsin günahını ilk növbədə qonşusundan soruşacaqlar.
Hanı bunları düşünən, dərk edən müdrik hökmdarlar?
Hanı “rəiyyətin işlərini nizama salan, kiçiyin, böyüyün hayına qalan, ölkədə hər nə varsa, hamısı üçün məsuliyyət daşıyan, qanunların necə yerinə yetirilməsinə nəzarət qoyan" hökmdarlar?
Hanı "işlərini bilən, özlərini olduqları kimi deyil, hiyləgərlik edib xeyirxahlar və fəzilət sahibləri kimi göstərən adamların toruna düşməyən, yırtıcıların cənginə keçib parça-parça edilən köməksiz qoyun-quzular kimi onların hiylə tələsində çapalaya-çapalaya məhv olmayan" hökmdarlar.
Hanı “rəiyyəti ədalət, fəzilət və hikmət qanunları əsasında idarə edən" hökmdarlar?
Hanı belə bir hikməti başa düşən hökmdarlar ki, "şəhərin möhkəmliyi şaha, şahın möhkəmliyi siyasətə, siyasətin möhkəmliyi isə hikmətə bağlıdır"; hanı o hökmdarlar ki, başa düşə bilsin ki, "şəhərdə tətbiq edilən hikmət öz qaydasında olsa, ədalət qanunlarına riayət edilsə, nizam-intizam yaranar, hər şey kamala doğru inkişaf edər"; başa düşə ki, "əgər hikmət naqis olsa, şəraitə düz gəlməsə, qanunlarda ədalətsizliyə yol verilməyə başlanar, elə ki, ədalətsizlik özünə yol tapdı, ölkənin gözəlliyi gedər, çirkinliklər, fitnə fəsadlar baş qaldırır, insaf-mürüvvət aradan qalxar, məhəbbət nifrətlə əvəz olunar".
Hanı o hökmdar ki, "iradəli, heysiyyətli, sədaqətli, şərəfli, ağzıbütöv, uzaqgörən, tədbir tökməyi bacaran, sirr verməyən "adamları məsləhət üçün ətrafına yığa bilsin.
Hanı elə bir hökmdar ki, ölkədəki bütün insanlar ona inansın, onun ardınca getsin, onun tədbirlərinə şərik olsun, onu özünə ata saysın və ən nəhayət ona sitayiş etsin. "Əgər bir padşah adil və alim ola, onun siyasətinin nəticəsində bütün məsləklər və ölkələr əmin-amanlıqda yaşaya, ədaləti bütün dünyaya yayılıb şöhrət qazana, himayəsində olanlar bir-birinin toyuğuna da kiş deməyib mehriban yaşaya, zülm aradan qalxa, xalqın rifah halını yaxşılaşdırmağı bir an da olsun yaddan çıxarmaya, elə edə ki, onun xeyri həm bütün rəiyyətə, həm yoxsullara, həm varlılara, həm qüvvətlilərə, həm zəiflərə çata, xüsusilə kimin nəyə ehtiyacı varsa, onu da ala, belə adama neçə sitayiş etməmək olar".
Xalqların, əzab-əziyyətdə boğulan insanların, günahı nədir ki, belə hökmdarlar yoxdur. Hər halda Nəsirəddin öz əsərlərində xalq tərəfdarı olan heç bir hökmdarın surətini verməyib; zəmanəsinə xas olan hökmdarların surətlərini yaradıb, onlara lənət oxuyub. Başqa mənbələrə istinad edən alim yazırdı ki, "kim şahlığa çatsa, allah-taala onun öz malını, yemək həvəsini əlindən alıb başqalarının varına olan tamahını artırar; həyatına sui-qəsd imkanlarını çoxaldar, ürəyinə gizli qorxu salar; aza həsəd aparar, çoxa qəzəbi tutar; məcazı pozular, ağzının dadı qaçar, şadlanmaq və ləzzət almaqdan məhrum olar; nə bir şeyə etibar edər, nə bir kəsə inanar; pul üzərindəki şəkil, ya uzaqdan görünən aldadıcı sirab kimi zahirən şən, batinən qəm və kədərli olar. Elə ki, dövlət sona, ömür axıra çatdı, allah-taala ədalətin tələb etdiyi kimi, hesab çəkməkdə sərt, əfv etməkdə süst əmr verər… Şahlardan başqa bütün ölənlərə rəhmət gedər".
İnsanları faciələrə sürükləyən hakimiyyətə təsadüfən gəlmiş adamlardır. "Bəzən elə olur ki, bir adam təsadüfən hakimiyyətə keçir, ya şahlığa çatır, əvvəlcə bir neçə gün ondan ləzzət alır, bir azdan gözü belə dəstgaha alışdıqdan sonra onu da o biri adi işlər kimi hesab edər, könlü ixtiyarında olmayan başqa şeylər istər, get-gedə iştahaya gələr, bundan sonra məsələn, əgər dünyanı və dünyada olanların hamısını ona versələr, yenə başqa bir dünyanı ələ keçirmək eşqinə, ya əbədi yaşamaq arzusuna düşər, allahlıq iddiası edər, bu zaman şahlıq səltənəti dağılar, cahangirlik xülyası puça çıxar". Bunun da böyük günahı biz insanların boynundandır. Çünki şahlar “özlərinin gördükləri bütün işlərin düzgün olduğunu güman edərlər. Bunun səbəbi adamların onu çox tərifləməsi, onun işlərinin arası kəsilmədən ə yan, əşrəf və qara camaat arasında təbliğ edilib şişirdilməsi olar".
Hökmdarlıq hər adama yaraşmır; "həqiqətdə hökmdarlıq o adama yaraşar ki, dünya xəstələndikdə onu müalicə edə bilsin, çünki hökmdar dünyanın həkimi yerində olar. Xəstəlik isə iki şeydən törəyər: biri, ölkədə qəddar şahlıq olanda, digəri, ölkə özbaşına buraxılanda". Qəddar şahlıqda alçaq, zalım, dünyagir, vəzifəpərəst adamları yalandan tərifləyib dağ başına qoyarlar; özbaşınalıq başlayanda hər adam öz bildiyini törədər, dövlət parçalanmağa başlayar. "Ölkə dolandırmağa məsul adam bir şeyi qəti bilməlidir ki, dövlətlərin bünövrəsi qarşılıqlı kömək və əmək əsasında birləşən, beləliklə, bir bədənin üzvləri olan insanların ümumi ittifaqı zəminində yaradılmalıdır. Bu ittifaq ədalətli olsa, dövlət haqq, olmasa, dövlət nahaq yaradılmışdır".
Hanı o qüvvə ki, hökmdarları keyf-işrət məclislərindən uzaqlaşdırsın, onları ölüm yuxusundan oyatsın, biganəlik tilsimindən xilas etsin. Hülaku qoşunları qara buluddar kimi müsəlman xalqlarının başının üstünü alanda müsəlman ölkələrinin hər bir hökmdarı laqeydliklə düşünürdü ki, bu buludların dəhşətləri onun yox, başqasının, qonşusunun torpağına yağacaq; əllərini göyə qaldırıb Allaha yalvarırdılar ki, sel onlara toxunmasın, səma başqa ölkələrin başı üstə guruldasın, ildırımlar başqa müsəlmanların başı üzərində çaxsın. Belə hökmdarlar öz ölkəsini də unudar, ordunu başlı-başına buraxar, sərkərdələr özbaşına hərəkət edər, yeri gəldikdə öz xalqını da qarət edər. Hökmdar xalqın qanı, təri hesabına yığdığı pullardan ordunu saxlamaq, möhkəmləndirmək üçün sərf etməz. Nəsirəddin yazırdı ki, hökmdarın tədbirləri böyük olduqca, fəaliyyəti genişləndikcə onun pula, var-dövlətə ehtiyacı da get-gedə artar, sonra ona elə gələr ki, o kəramət üçün yox, mal-dövlət toplamaq üçün rəis olmuşdur. Öz camaatından və ya başqalarından zorla aldığı vergi və ya bac-xəracı elə təsəvvür edər ki, onlar kəramət gözlədikləri üçün deyil, kəramətli olduqları üçün, könüllü olaraq şəxsən onun özünə vermişlər. Buna etiraz edən, onun fikirlərinin, işlərinin, sözlərinin və ya başqa, buna oxşar hərəkətlərinin əksinə gedən adamlar tapıldıqda onlara qəzəbi tutar, var-yoxlarını əlindən alıb öz malına qatar, sonra hərəyə ölməyib yaşaması üçün əlmuzdu təyin edər, bu xəbər ətrafa yayılıb ta ucqar yerlərə gedib çatar, ona “qisas alan", “qəddar" adı verilər və bu ləqəblə şöhrət tapar, sonra camaat onun övladlarını da belə “intiqam alan" hesab edər, qorxuya düşərlər; o, özündən sonra ölkəni idarə etməyi övladlarına vəsiyyət edər. Elə də ola bilər ki, o başqalarının istifadə edə bilmədiyi bəzi mal və mülkü öz əlinə keçirsin, camaat həmin malları onun kəramət haqqı hesab etsin, elə də mümkündür ki, qonşu hökmdarlarla sazişə gələrək dəyişmə, udma, satınalma və ya başqa bir yol ilə bütün kəramət növlərindən istifadə edib varlansın.
Belə bir adam özünü bahalı və daş-qaşlı paltarla bəzəyib-düzəməyə, şan-şövkət sahibi olmağa, dəbdəbə və təmtəraqlı malikanələr tikməyə, çoxlu qul və xidmətçi saxlamağa, külli miqdarda sürü və ilxı hazırlamağa, beləliklə, nüfuzunu artırmağa səy göstərər, camaatdan uzaq gəzməyə başlayar, zəhmi adamları basar. Elə ki, hakimiyyəti möhkəmləndi, camaat ona öyrəndi, elə düşünərlər ki, onların rəisi və hakimləri elə belələri olmalıdır".
Hökmdarlar haqqında çox yazılıb. Yazılanları kitablarda cəmləşdirsək yer çatmaz. Xəlifə Ömər yazırdı ki, "kim müsəlmanları idarə etməyə təyin edibsə – o onların quludur”. Əl-Qəzalinin fikrincə "hökmdarlıq etmək – çirkin məşğuliyyətdir. Hakimiyyət ona qulluq edənləri korlayır; hakimiyyətə heç yaxın da getmək olmaz… Sultanlarla yaxınlığı sınaqdan keçirənlərin bəlasıdır ki, belə adamların nə dostu, nə qohumu, nə uşağı, nə də nökəri olar”. Bir dəfə Xəlifə Ömərdən soruşdular ki, "niyə Məhəmməd peyğəmbərin yaxın adamlarını vəzifələrə qoymursan? Ömər cavab verdi: "Peyğəmbər adamları o qədər təmiz və pakdırlar ki, mən onların çirkaba batıb məmurluqla məşğul olmalarını istəmirəm".
Hökmdarlar haqqında hələ çox yazılacaq.
Nəsirəddin Tusi də yazacaq. Yazacaq ki, "gah məhv edən dəyişikliklər, bəlalar, fəsadlar törədən fələyin təbiəti elədir ki, o, dünyanın çarxını hərlətmədən keçinə bilmir".
Bütün bunları çox-çox uzaqlardan gəlmiş Hülaku xan da yaxşı bilirdi. Nəsirəddinin yazılarından bir parçanı xatırlayaq: Bağdad alınandan sonra Hülaku xan üçün gətirilmiş hədiyyələrdən birini – qızıl tabağı xan xəlifənin qabaqına qoydu və əmr etdi ki, yesin. Xəlifə dedi ki, bunu yemək olmaz. Hülaku sözünə davam etdi: "Bəs niyə bunu saxlayıb qoşuna xərcləmədin? Bəs niyə bu dəmir qapılardan ox-yay düzəltdirib Ceyhun çayının sahilinə göndərmədin ki, mənim oradan keçməyimə mane olasan".
Əcaibdir, düşmən düşməni öyrədir ki, necə müdafiə olunmaq lazımdır.
Düşmənin doğru sözünü qəribliyə salma, onun dediyi acı həqiqətdən qorxma, qaçma.
Faciəli, ziddiyyətli dünya!
Düşüncələr… Düşüncələr.
Onu bir düşüncə də tərk etmirdi, Hülaku xan haqqında, onun törətdiyi faciələr haqqında qəti qərara gəlmişdi: "Sənin qələbən – sənin məğlubiyyətindir!" Dünyanı dəhşətə, qırğınlara qərq edən Monqol dövləti də dağılacaq, məhv olacaq, bəşəriyyət yenidən dirçələcək, dövlətlər yaranacaq, yeni hökmdarlar peyda olacaq…
Bəs indi, bu qaynayan dünyada Nəsirəddin nə edə bilərdi. O, düşünürdü ki, çox şey. Hülaku xanın rəğbətini qazanmış bu böyük insan çox işlər görə bilərdi.
O, möcüzələrə inanmırdı. O, insanın müdrikliyinə, zəkasına, onun yaradıcı qüvvəsinə, istedadına, adət-ənənəsinə, əqidəsinə inanırdı; insanları birləşdirə biləcək qüdrətə inanırdı; bir də inanırdı ki, bir zaman gələcək ki, bütün insanlar dünyaya ana gözü ilə baxmağı öyrənəcəklər – bütün insanlar dünyaya ana gözü ilə baxa bilsələr bütün, bəşəriyyət səadət tapa biləcək.
* * *
Bir neçə uzun əsrlər keçəcək, Nəsirəddini düşündürən suallar yenə də dühaları düşünməyə məcbur edəcək, Mirzə Fətəli Axundov "Aldanmış kəvakib" ini yazacaq, yenə də xalqlara bəyan edəcək ki, idraka gedən yol asta və eyni zamanda əziyyətli yoldur. Ehtirasların təsiri ani, eyni zamanda qüdrətlidir, əzəmətlidir. Şəxsi və ictimai bədbəxtliklərin də kökü bundadır. Nəsirəddin kimi Mirzə Fətəlini də tarixi həqiqəti dəyişməyə qadir olan ağlın güçünə bəslədiyi inamı onu bəşəriyyətin gələcəyinə optimist nəzər salmağa gətirib çıxarmışdı. O belə bir əqidəyə gəlmişdi ki, "bəşər övladına səadət və qurtuluş ancaq o zaman nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada, insanı tamamilə əbədi həbsdən xilas olacaq və bütün işlərdə və təfəkkürdə… insanın ağlı yeganə dəlil, sənəd və hakimi – mütləq olacaqdır". Mirzə Fətəli də istəmirdi ki, göydə sayrışan ulduzların toqquşması insanları aldatmasın. Nəsirəddindən altı yüz il sonra Mirzə Fətəli yazacaq ki; "İslam ölkələrində heç cür yeni tənzimat və heç cür siyasi qanunlar nəticə verə bilməz və müsəlman xalqlarının tərəqqisinə nail olmaq olmaz. Çünki hər cür tənzimat və qanun elmə əsaslanmalıdır… Çoban da, əkinçi də, tacir də, əttar da nazirlərin malik olduqları imkana və bacarığa malik olmalıdırlar. Bütün xalq dövlət başçılarının gördüyü tədbirdə iştirak etməlidir".
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?