Электронная библиотека » Александр Куприн » » онлайн чтение - страница 1

Текст книги "Filin seyrə çıxması"


  • Текст добавлен: 27 октября 2022, 17:20


Автор книги: Александр Куприн


Жанр: Детская проза, Детские книги


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 4 страниц)

Шрифт:
- 100% +

Aleksandr Kuprin
Filin seyrə çıxması
(heyvanlar haqqında hekayələr)

© «Uşaqgəncnəşr», 1962

© «Gənclik», 1986

© «Kitab Klubu MMC», 2016

Ön söz əvəzi

Kuprin heyvanlar haqqında hekayələri neçə yazırdı

Məşhur rus yazıçısı Aleksandr İvanoviç Kuprin 1870-ci ildə kasıb ailədə anadan olmuşdur. O hələ uşaqkən atası ölmüş, anası, yaşamaq üçün heç bir vəsaiti olmadığından uşaqlarını dövlət ixtiyarındakı qapalı məktəblərdə tərbiyə etdirməyə məcbur olmuşdu.

Balaca Saşa[1]1
  Saşa – rus dilində Aleksandr adının nəvaziş formasıdır (tərcüməçi).


[Закрыть]
əvvəlcə atasız-anasız uşaqlar saxlanan yetimlər evində olmuş, sonra soldat rejimi və kötək üsulunun hökm sürdüyü kadet korpusunda və nəhayət, yunker məktəbində oxumuşdur. Kuprin uşaqlıq və ilk gənclik illəri, ana qayğısı və ailə rahatlığının nə olduğunu görməmişdir. O, həyatın acısını çox tez daddığından başqalarının kədərini dərindən duymuş, azadlığı sevmiş, zülm və zorakılığa nifrət etmişdir. Çar ordusunda xidmət edərkən bu hisslər onda daha möhkəmlənmiş, – yazdığı hekayə və povestlərdə öz əksini tapmışdır.

Kuprin yaradıcılığa çox gənc yaşlarından başlamışdır. O bütün ömrü boyu yazıçı əməyinə olduqca ciddi yanaşmış və çox inadla işləmişdir. Kuprinin hekayələrində onun insanları, təbiəti və heyvanları bir rəssam kimi təsvir etmək istedadı bizi heyran edir.

O, həyatı öyrənmək və yaxşı yazmaq üçün o çox səyahət etmiş, bir neçə dəfə peşəsini dəyişmişdir: balıqçılıq, aktyorluq etmiş, yük daşımış, kilsə xorunda oxumuş, yerölçən olmuş, hələ təyyarədə uçmaq nadir və qorxulu bir iş olandan uçmuş, skafandr geyib dalğıclarla Qara dənizin dibinə enmişdir.

Bir yazıçı Kuprin haqqında hətta belə bir şeir də yazmışdır:

 
O sən idin getdin dəniz təkinə,
Qalxdın buludlara, göylər əngimə.
Dörd ünsürdən biri od oldu, ancaq,
Keçmədi hələ ki, pələng cənginə!
 

Aleksandr İvanoviç Kuprin çox cəsur adam idi. Bir dəfə o, içində pələng olan qəfəsə girmişdi. Qəfəsdə bir an qalmış, heyvanlar təəccüb və heyrətdən özlərinə gəlməmiş sağ-salamat çıxmışdı. Həmin pələnglər isə çox qəzəbli və yırtıcı imişlər. Bundan bir neçə ay sonra onlar təlimçilərini – qadını parçalamışdılar.

Kuprin Rusiyanın təbiətini sevirdi, quşların və heyvanların xarakter və vərdişlərinə çox gözəl bələddi. O, itlər, pişiklər, meymunlar, fillər, quşlar haqqında çoxlu hekayələr yazmışdır. Bu, onun heyvanları çox istədiyini göstərirdi. Kuprin vaxtının çoxunu heyvanlarla keçirmişdir; onları təlim etmiş, xəstələndikdə müalicə eləmiş, ölüm təhlükəsi üz verəndə onları xilas etmişdir.

Kuprinin heyvanlara göstərdiyi qayğıdan belə deyirlər.

Kuprin bir dəfə pişik balasını necə xilas etmişdir

Bunu bizə yazıçının bacısı qızı Sofya Stanislavovna Nepomiyaşşaya söyləmişdir.

Onun səkkiz yaşı var idi. Atası meşəbəyi idi, ailələri də meşədə yaşayırdı. Bəzən istirahət etmək üçün Kuprin də onlara gələrdi. Hər dəfə gələndə meşəbəyinin oğlanlarına, onların dostlarına – meşədə işləyənlərin, gözətçilərin uşaqlarına – ayaqlarını havaya qaldırıb əlləri üstündə yerimək, mayallaq vurmaq, piramida düzəltmək öyrədərdi. Kuprin özü çox yaxşı idmançı idi.

Bir dəfə də Kuprin gələndə meşəbəyinin kiçik oğlu Vadim porsuq ovuna getmək fikrinə düşür. Ov itini özü ilə götürməyə ona icazə vermirlər. O, çox fikirləşmədən bacısının Murka adlı pişiyini aparır. Sonya[2]2
  Sonya – rus dilində Sofya adının nəvaziş formasıdır (tərcüməçi)


[Закрыть]
kömək üçün dayısına tərəf atılır. Saşa dayı o saat ov yerinə gedir.

Ov artıq qurtarmışdı. Vadim özünü itirərək böyük, uca, qolsuz-budaqsız bir şam ağacının başına baxırdı. Murka orada ağacın lap kəlləsində bir budaq üstündə dayanmışdı. Məlum oldu ki, Vadim porsuğu qorxudub, ehtiyat çıxış yolundan qaçırmaq üçün Murkanı onun yuvasına soxmuşdur. Pişik isə porsuqdan qorxaraq bütün gücünü toplayıb ovçunun əlindən çıxmış və ox kimi atılaraq ağacın başına çıxmışdır.

Murka bütün günü və gecəni orada keçirmişdi. Səhər Kuprin Murkanın oradan düşməyəcəyini acından öləcəyini və ya yırtıcı bir quşun onu parçalaya biləcəyini yəqin edəndən sonra «idmançılara» toplanmağı əmr etdi.

Sonyanın o biri qardaşı Boris cibindən fışqırıq çıxartdı, bərkdən çaldı. O, Kuprinin şagirdləri – idmançıların hamısı toplaşıncaya qədər fit çaldı. Beləliklə, çətinliyə düşmüş pişiyin xilas edilməsinə başlandı.

Saşa dayı gəlib ağacın dibində dayandı. Onun sağ və solunda Korneyev qardaşları dayandılar. hər ikisi qüvvətli, enlikürək, dolubədənli idi. Onların və Saşa dayının çiyinlərinə Boris və Vasya Çijik qalxdılar, Borislə Vasyanın çiyinlərinə isə Vadim çıxdı.

Vadim piramidanın lap başında dayanaraq əlindəki uzun çubuğu rahat hərəkət etdirmək üçün özünü qayışla ağaca bağladı. Çubuğun ucuna parça oxşar bir qutu bəndlənmişdi. Bu qutu bir-birindən aralı nazik çubuqlardan düzəldilmişdi. Uzun çubuqların ucuna bəndlənmiş bu cür qutuları bağbanlar, uca ağaclardan meyvələri dərmək üçün istifadə edirlər.

Vadim çubuğu qaldırmağa başladı. hamı böyük bir gərginliklə qutunun hərəkətini izləyirdi.

Nəhayət, qutu Murkaya yaxınlaşdı… Ona toxundu. Vadim Murkanı ağacdan qopardı, hamı sevindi. Sonyanın üzündən göz yaşı axmağa başladı. O heç nə görmürdü, ancaq idmançıların bir-birinin çiynindən yerə atıldıqlarını eşidirdi.

Bir-iki saniyə də keçdi, Saşa dayı Murkanı Sonyanın qucağına qoydu. Sonya Murkanı bağrına basdı, sevincindən atılıb-düşməyə başladı. Amma yazıq Murka bu vaxt ərzində o qədər arıqlamışdı ki! Bir dəri, bir sümük qalmışdı. Qız Murkanı sinəsinə basmışdı, Murka başını qızın boynuna, buxağına, yanaqlarına sürtərək öz nəğməsini oxuyurdu. «Mur! Mur! Muurrm!»

Meymun Dzi-Dzi

Bizim Dzi-Dzi adlı balaca bir meymunumuz var idi. Onu atam qapı-qapı gəzən bir serbdən almışdı. Serb nəğmə oxuyur, qamçı ilə meymunun tüksüz baldırlarına vururdu. Dzi-Dzi qamçı zərbələrindən canını qurtarmaq üçün yerində tullanırdı. Bu da onun rəqsi idi.

Meymun cənubda yaşayan heyvandır. Onlar bizim iqlimə çətin dözür, tez soyuqlayır, öskürür, vərəm xəstəliyinə tutulurlar.

Bu barədə biz uşaqlara, evimizə tez-tez gələn Aleksandr İvanoviç danışardı. Yadımdadır, soyuq düşəndə mən onunla Dzi-Dzi üçün isti gödəkcə, mahud şalvar, corab və başmaq tikərdim.

Dzi-Dzi gödəkcə və şalvarda gəzərdi, ancaq başmaq və corabı o saat çıxardıb atardı. Nədənsə boğazının altından lentlə bağlanmış papağını çəpəki qoymaqdan xoşu gələrdi.

Biz nə qədər qorusaq da Dzi-Dzi bir gün xəstələndi. Onu tanışımız, tibb institutunun tələbəsi Vanya dayı və Kuprin müalicə etməyə başladılar. Onlar meymunun ciyərlərinə qulaq asır, dərman verir, banka salır, kompres qoyurdular. Biz Aleksandr İvanoviçin məsləhətinə görə meymuna sıyıq verir, güc-bəla ilə kakao və süd içirdirdik. Bütün bu səylərə baxmayaraq, Dzi-Dzi öldü. O çox incə, mülayim və mehriban bir məxluq idi.

Cavan atların məktəbi haqqında

Kuprinin əsərlərində atların gözəlliyindən, onların gücündən, bacarıq və ağlından bəhs edən təsvirlərə tez-tez rast gəlmək olur. Heyvanları öyrətməklə məşğul olan kiyevli Krutikovun məktəbindəki atlar haqqında onun söylədiyi maraqlı söhbətlər yaxşı yadımdadır.

Bu məktəbə ancaq cavan atları qəbul edərdilər. Burada atların şüurunu inkişaf etdirir, fərasətli, zirək və sürətlə qaçan olmalarına çalışırdılar. Kəhgirlik, tərslik kimi adətləri onlara tərgidirdilər.

Öyrədilmiş atlar vals oynamağı, təntənə ilə yeriməyi, özünü ölülüyə vurub yerə yıxılmağı, yerdən iki metr hündürlüyündə olan nazik taxtanın üzərində yeriməyi, uca çəpərlərin, enli xəndəklərin üstündən tullanmağı bacarırdılar.

Məşğələ olmayan vaxtlarda atlar gəlib sahibinin evinə çıxar, bütün mənzili gəzər, hər şeyi – yazı stolunu, mürəkkəbqabını, qələmləri, karandaşları iyləyər, qənd olub-olmadığını yoxlamaq üçün ehtiyatla ağ kağız vərəqlərini çeynəyərdilər.

Atlardan biri sahibinin kabinetində xalça üstündə uzanmağı, bir başqası isə pəncərədən saatlarla küçəyə, ardı-arası kəsilməyən faytonlara və yaxınlıqdan keçən tramvay vaqonlarına tamaşa etməyi sevirdi.

Məktəbin sahibi Kuprinin dostu idi. Aleksandr İvanoviç günlərinin çoxunu məktəbdə keçirər, atların təliminə baxardı, onları öyrətməkdə dostuna kömək edərdi.

Kuprin həmin məktəb haqqında söz açanda onun söhbətindən doymaq olmurdu. Amma nədənsə bu barədə o heç bir şey yazmamışdır. Kuprin, canavar yaralamış bir dayçanı mənim atamla birlikdə ölümdən necə xilas etdiklərindən də yazmamışdır.

Bu dayçanı onlar bir yay günündə Kiyev yaxınlığında yarmarkada görmüşdülər.

Dayça bir kəndli arabasında uzanıb qalıbmış. Onun yarası çox dəhşətliydi. Artıq irinləməkdə olan yara dayçanın qulağından başlayaraq bütün boynunu, çiynini tutmuşdu.

Kuprin dayçaya baxıb onun sahibinə:

– Müalicə etmək lazımdır, – deyibmiş. Dayçanın sahibi kəndli ümidsiz halda əlini yelləyibmiş.

O zamanlar nəinki atları, hətta adamları belə müalicə etməyə bir yer yox idi. Kəndlərdə nə həkim, nə də xəstəxana vardı. Müalicə olunmaq üçün qəza mərkəzlərinə getmək lazım gəlirdi.

Kəndli çox ucuz qiymətə dayçanı almağı təklif edir. Kəndliyə pul və ünvan yazılmış bir kağız verirlər ki, bir aydan sonra o, gəlib dayçasını aparsın. Bəlkə onu xilas etmək mümkün oldu… Kuprinlə atam qızmar yay günəşində toz-torpağa bulaşmış halda, qan-tər içində dayçanı qolları üstə evə gətirdilər.

Bu zaman ailəmiz yaylaqda idi. Dayçanı onlar bağda stolun üstə uzadıb sarıdılar, sonra dəhşətli yaranı karbol turşusu məhlulu ilə yudular, dərmanladılar və tənziflə bağladılar. At dirçəldi, yarası sağaldı. Onu Krutikova, cavan atlar məktəbinə verdilər.

İtlər haqqında

Aleksandr İvanoviç itləri xüsusilə çox sevirdi. O hətta itlər haqqında «İnsanın dostları» adlı böyük bir kitab yazmaq istəyirdi.

Kuprinin setter[3]3
  Setter – tula cinsidir.


[Закрыть]
cinsli Cek adlı cavan bir iti dəhşətli ölümdən necə xilas etdiyi yaxşı yadımdadır. Cek ipək kimi yumşaq, qırmızımtraq sarıtüklü bir köpək idi. Onun ağ pəncələri, qara, sulu burnu, qonur-qızılı şən gözləri və həmişə ifadəli dartılmış qaşları var idi. Onda cavan itlərə məxsus coşqun enerji vardı. İt biz uşaqların şıltaqlığına dözər, mehribanlıq göstərərdi.

Birdən Cek yox oldu. Mən həyətləri və küçələri gəzib:

– Cek! Cek! – deyə qışqırdım.

Bazarda köhnə şeylər alıb-satan qonşumuzun oğlu, dostum Petka mənimlə Ceki axtarmağa başladı. Petkanın pis xasiyyəti var idi, qəpik-quruşa çox həvəs göstərərdi.

Petka köksünü ötürüb:

– Cek itib, – dedi. – Nə olsun, bu hər bir itin başına gələ bilər.

Petka qalaydan qayrılmış uşaq tapançasını cibindən çıxarıb mənə satmaq istədiyini söylədi. O, tapançaya on qəpik vermişdi, bu da hər deyəndə olmur. Bu çox. yaxşı tapançadır, indi beləsini tapmaq olmaz. Dediyinə görə tapançanı heç satmazmış, ancaq indi ona pul lazımdır. Petka tapança üçün nə qədər istəsə yaxşıdır? Cəmi altı qəpik!

Tapançaya baxıb dedim ki, bu cür tapançalar bütün baqqal dükanlarında satılır, beş qəpiyədir, bir qutu pistonla altı qəpiyə verirlər.

Petka dedi:

– Yaxşı, altı qəpik ver, bəxtin gətirib.

– Mən beş qəpiyə təzəsini ala bilərəm. Altı qəpiyə köhnə tapançanı niyə alım? Bir də ki, nə qədər Ceki tapmamışam, heç bir tapança haqqında düşünməyəcəyəm.

Petka:

– Ceki çətin tapasan, – dedi. Onu yəqin it budkasına aparıblar. Mən bu gün onu bizim küçədə gördüm.

Şübhələndim. Məsələ burasındadır ki, bir az əvvəl Petka özgənin küçüyünü tutub, boğazına ip bağlayaraq Kreşşatik küçəsinə çıxarmışdı və orada küçədən keçənlərə satmaq istəmişdi. Bu məsələnin üstü açıldı, sonra atası onu möhkəmcə döydü. Petka elə bağırırdı ki, səsi bütün evi başına götürmüşdü.

Mən:

– Niyə belə fikirləşirsən ki, Ceki budkaya aparıblar? – deyə soruşdum.

Petka it tutanların çox qəribə cəldliklərindən, boynuna atılan torbadan heç bir itin can qurtara bilmədiyindən danışdı. O, it sallaqxanasında itin dərisinin diri-diri soyulmasını çox aydın təsvir etdi. İtin diri-diri soyulan dərisi çox zərif və yumşaq olur, ondan ən qiymətli qadın əlcəyi düzəldirlər.

Cekin it budkasına düşməsi, onun dərisindən əlcək qayrılacağı fikri məni elə dəhşətə gətirdi ki, o saat Petka ilə Cekin itməsini xəbər vermək üçün redaksiyaya, atamın və Kuprinin yanına qaçdım.

Redaksiyada dedilər ki, atam gedib, Aleksandr İvanoviç isə mətbəədədir. Mətbəəyə getdik, biz Aleksandr İvanoviçə Cekin itməsini və it budkasına düşübsə, onun taleyinin nə ilə qurtaracağını xəbər verdik.

Petka həyəcanla:

– Orada itlərin dərisini diri-diri soyurlar, – dedi.

O danışa-danışa qeyri-ixtiyari olaraq cibindən tapançanı çıxarıb, əlində oynatmağa başladı.

Aleksandr İvanoviç tapançanı onun əlindən alıb:

– Bu nədir? – deyə soruşdu.

Petka utanaraq:

– Heç nə, – dedi, – mənə verin.

– Bunu hardan alıbsan?

– Tapmışam.

– Nə vaxt?

– Bu gün… yox ey, dünən.

– Bəs sən Ceki bu gün görməyibsən?

– Vallah, görməmişəm.

– Yaxşı, allaha and içmə. De görüm onu neçəyə satıbsan?

– Nəyi?

– Ceki.

– Mən?

– Bəli, sən.

– Beş qəpiyə.

– Pistona da pulun çatmadı?

– Çatmadı.

Aleksandr İvanoviç için-için güldü. O kənara çəkildi, arxasını bizə tərəf çevirdi. Ətli çiyinləri əsirdi. O, mətbəə kassasına söykəndi.

Aleksandr İvanoviç şəhərin kənarına, it sallaqxanasına gedib Ceki gətirdi. Cek orada qaldığı bir neçə saat ərzində arıqlamışdı. Bir neçə gün o, qəmli görünürdü, yorğun-yorğun köksünü ötürürdü. Lakin o tez sağaldı, yenə də əvvəlki Cek, bizim bütün oyunlarımızda iştirak edən şən yoldaşımız oldu.

Kuprin heyvanlar haqqında yazdığı hekayələri özündən uydurmurdu

Kuprinin haqqında hekayələr yazdığı heyvanlar həqiqətdə olmuşlar.

«Yu-yu» hekayəsində Kuprinin balaca qızının pişiyi təsvir edilmişdir. Bu pişiyi nəvazişlə «Yu-yu» çağırardılar.

Yazıçı Peterburq yaxınlığında Qatçinadakı malikanəsində yaşayıb-işləyəndə baharda oraya gələn sığırçınların həyatına diqqət yetirərdi. Aleksandr İvanoviç «Sığırçınlar» hekayəsində onların bir yerdən başqa yerə uçub gedərkən yolda rast gəldikləri çətinlikləri – yağış və tufanı, duman və buludu, yırtıcı quşları, acgöz ovçuların gülləsini ustalıqla təsvir etmişdir.

Kuprin ovçuluğu çox sevərdi: tarlalarda gəzməkdən, meşə havasından nəfəs almaqdan, quşların mahnısına qulaq asmaqdan, çaylardan keçməkdən, açıq havada ocaq yanında gecələməkdən xoşu gələrdi.

Çox zaman ovdan evə əliboş qayıdanda Aleksandr İvanoviç sevinclə qışqırardı:

– Allaha şükür ki, bu dəfə də qan tökülmədi!

Heyvanların həyatı ilə yaxşı tanış olmaq üçün yazıçı Qatçinada toyuq, qaz, ördək və donuz saxlardı. Burada onun on yeddi iti, bir neçə pişiyi, Marya İvanovna adlandırdığı meymunu və bir buzovu vardı.

Mətbəxdə tarakan olurdu. Kuprin onlara nəzər yetirər, onların həyat tərzini, vərdiş və xüsusiyyətlərini öyrənməyə çalışardı. Bunun üçün tarakanların belində tabaşirlə müəyyən işarələr qoyardı.

Bir dəfə mətbəxə həşərat qırmağa gəlmişdilər. Yazıçının qızı Kisa (onun əsl adı Ksenya idi) dəhşətli bir səslə qışqıraraq otağa qaçıb:

– Atacan, sənin kamsarakanlarını[4]4
  Qız yəqin ki, «tarakan» demək istəmişdir (tərcüməçi).


[Закрыть]
qırmağa gəliblər, – deyə atasına xəbər vermişdi.

Peterburq jurnalistlərindən biri Kuprinin evini belə təsvir etmişdir:

«Evdə balaca, bolonka[5]5
  Bolonka – balaca, ağ, yumşaq tüklü ev itidir.


[Закрыть]
kimi ağ, buynuzları yenicə çıxmağa başlamış şıltaq bir oğlaq, üç ev dovşanı və bir oynaq küçük var. Küçük oğlağın qabaq ayaqlarını dişləməyə çalışır. Oğlağa ağzına əmzik keçirilmiş butulkadan süd içirdirlər. Küçük isə oğlağın dodaqlarına bulaşmış südü yalayır. Kuprinin balaca qızı həm küçüyü, həm oğlağı sevir. Oğlaq sıçrayıb qızın çarpayısının üstünə çıxır, təmiz, ağ başını yastığın üstünə qoyur və özünü çox rahat hiss edir».

Sonralar həmin oğlaq Kuprinin «Keçi həyatı» adlı hekayəsində əsas personaj oldu.

Hətta «Filin seyrə çıxması» hekayəsində təsvir olunan hadisələr həyatdan götürülmüşdür. Kuprin hələ balaca ikən, Moskva heyvanat bağında daş divara zəncirlə bəndlənmiş böyük bir hind fili açılıb şəhərin küçələrində gəzirmiş. Bu barədə bütün moskvalılar danışırdı, bu haqda, qəzetlər məlumat çap etmişdilər. Saşa Kuprin həmin filin gəzintisi haqda bütün söhbətləri eşitmiş, bir çox illər keçəndən sonra onu təsvir etmişdi.

Kuprinin təsvir etdiyi Ağ pudel[6]6
  Pudel – qıvrım tüklü it cinsidir.


[Закрыть]
, Barbos, Julka, Zavirayka və bir dəstə kənd iti – Çubarik, Sultan, Kadoşka, Barboska, Patraşka həqiqətən olmuş itlərdir… Kuprinin, həmçinin, Piratka adlı ağıllı bir iti, medelyan-doq[7]7
  Medelyan-doq – iri it cinsidir.


[Закрыть]
cinsli Sapsan adlı qəşəng başqa bir iti də var idi. Kuprin Sapsanı çox sevərdi. Bu kitabda həmin it haqqında hekayə verilib, onu oxuya bilərsiniz.

Barri adlı it böyük qəhrəmanlıqlar göstərmişdir. Ona hətta Parisdə heyvanlar qəbiristanında heykəl qoymuşlar. Həmin heykəli Aleksandr İvanoviç çox gözəl təsvir etmişdir: «Böyük bir qayanın fonunda iri, qüvvətli bir köpək dayanmışdır… Onun alnında şaquli, dərin bir qırış vardı. Köpəyin gözləri iti, ciddidir. Balaca bir qız uşağı ona sıxılıb, boynunu qucaqlamışdır. Qızın üzündə sevinc təbəssümü vardı, heykəlin postamentində bu sözlər yazılmışdır: «Barri, senbernar[8]8
  Senbernar – uzuntüklü iri it cinsidir.


[Закрыть]
. Qırx adamın həyatını xilas etmişdir…»

Bu, insanın dostu üçün qoyulan vahid heykəl deyildir. Alyaskada Nom şəhərində Balt adlı bir itə də heykəl qoyulmuşdur. Balt dəhşətli qarlı-boranlı bir gündə uşaqları ölümlə təhdid edən qorxunc difteriya xəstəliyindən xilas etmək üçün öz belində şəhərə qiymətli dərman çatdırmışdır.

Bu itin qəhrəmanlığından Kuprin «Balt» hekayəsində bəhs edir.

Sankt Peterburqda böyük alim İ. P. Pavlovun adını daşıyan fiziologiya institutunda elmin inkişafına öz həyatı ilə misilsiz xidmət göstərən itə də heykəl qoyulmuşdur.

Heyvanları Kuprin kimi sevmək böyük xoşbəxtlikdir.

B. Kiselyov

Yu-Yu

Nika, indi ki dinləmək istəyirsən, diqqətlə qulaq as. Əziz qızım, süfrəyə dəymə, onun saçaqlarını hörmə…

Onun adı Yu-yu idi. Bu adı ona elə-belə vermişdilər. Çin Mandarini[9]9
  Keçmişdə Çində yüksək rütbəli məmur.


[Закрыть]
Yu-yunun şərəfinə və ya Yu-yu papirosu adı ilə heç bir əlaqəsi yox idi. Üçyaşlı bir oğlan balaca pişiyi görüb, təəccübündən gözlərini bərəldərək, dodaqlarını irəli uzadıb «Yu-yu» deyərək elə bil fit çalmışdı. Elə o zamandan da pişiyin adı Yu-yu qalmışdı.

Əvvəllər o, ancaq tüklü yumağa bənzəyirdi. Oynaq gözləri, ağ-çəhrayı burnu var idi. Bu yumaq pəncərənin qabağına özünü günə verib mürgülər, xoruldaya-xoruldaya gözlərini qıyaraq nəlbəkidən süd içər, pəncəsilə pəncərədən milçək tutar, kağız parçası, sap yumağı və öz quyruğu ilə oynayaraq döşəmənin üstündə diyirlənərdi… Heç bizim özümüzün də yadımızda deyil bu qara, kürən, ağ tüklü yumağın əvəzində birdən böyük, boylu-buxunlu, məğrur, gözəl pişik saxlayanların qibtə etdikləri pişik nə vaxt meydana çıxdı.

Bir sözlə, böyüyüb pişiklər pişiyi oldu. Onun tünd-şabalıdı qırmızı xalları, döşündə tüklü önlüyü, arşının[10]10
  0.71 metrə bərabər uzunluq ölçüsü.


[Закрыть]
dörddə biri uzunluğunda bığı, uzun və par-par parıldayan tükü var idi. Dal ayaqlarına elə bil gen şalvar geymişdi, quyruğu lampa şüşəsi təmizləyən şotkanı xatırladırdı…

– Nika, Bobiki qucağından düşür. Küçüyün qulağını şarmanka[11]11
  Musiqi aləti.


[Закрыть]
dəstəyi hesab edirsən? Biri sənin qulağını bu cür bursa necə olar? Küçüyü yerə qoy, yoxsa danışmaram…

Bax belə. Pişiyin ən gözəl cəhətlərindən biri onun xasiyyəti idi. Bir fikir ver, əziz Nikam, biz bir çox heyvanlarla böyür-böyürə yaşayırıq, lakin onların haqqında heç nə bilmirik. Bir sözlə, onların həyatı ilə maraqlanmırıq. Məsələn, ikimizin də tanıdığımız bütün itləri götürək. Onlardan hər birinin öz adəti, öz xasiyyəti var. Pişiklər də belədir. Atlar da, quşlar da belədir.

– Yaxşı, Nika, de görüm, sən heç özün kimi dəcəl, nadinc bir qız görübsənmi? Çeçələ barmağınla göz qapağını niyə sıxırsan? Lampa gözünə ikimi görünür? Onlar gah birləşir, gah ayrılır, eləmi?.. Əllərini heç vaxt gözünə vurma…

Heyvanların pisliyinə danışılan sözlərə heç vaxt inanma. Sənə deyərlər eşşək axmaqdır. Hər hansı bir adama onun o qədər də ağıllı olmadığını, tərs və tənbəl olduğunu xatırlatmaq istəyəndə onu nəzakətlə eşşək adlandırırlar. Amma yadında saxla ki, eşşək nəinki ağıllı heyvandır, həm də sözəbaxan, mehriban və işcildir. Lakin onun belinə gücü çatmayan bir yük yığanda və ya at əvəzinə minib cıdıra çıxmaq istəyəndə yerindəcə dayanıb deyir: «Bunu mən bacarmaram. Nə istəyirsən elə». Onu nə qədər döyürsən döy, yerindən tərpənməz.

Atın xasiyyəti tamam başqadır. O, hövsələsiz, əsəbi və küsəyəndir. Hətta gücü çatmayan işi də görür və bəzən həddindən artıq səy göstərdiyindən yıxılıb ölür…

Bir də deyirlər: qaz kimi axmaqdır… Amma dünyada ondan ağıllı quş yoxdur. Qaz öz sahibini ayaq səsindən tanıyır. Məsələn, gecənin yarısı evə qayıdırsan. Küçə ilə gəlirsən, həyət qapısını açırsan, həyətdən keçirsən. Qazlar susurlar, elə bil heç yoxdur. Amma başqası həyətə girəndə elə o saat qazların çaxnaşması başlayır: «Qa-qa-qa! Qa-qa-qa! Başqalarının həyətlərində veyllənən kimdir?»

Hələ onlar… Nika, kağızı çeynəmə, ağzından at… Hələ bilsən onlar nə qədər gözəl ata-anadırlar! Cücə çıxartmaq vaxtı ata və ana qazlar yumurta üstündə növbə ilə otururlar. Hətta ata qaz ana qazdan da vicdanlıdır. Ana qaz özünün boş saatlarında su tabağının yanında qonşu ana qazlarla həddindən artıq söhbət edərsə (arvadların adətincə) cənab ata qaz çıxıb dimdiyilə onun boynundan yapışar, nəzakətlə çəkib yuvaya gətirər, analıq borcunu ona xatırladardı. Bax belə.

Qaz ailəsinin seyrə çıxması daha gülməlidir. Qabaqda ata qaz gedir. O həm ailənin başçısı, həm də müdafiəçisidir. O, təkəbbür və lovğalıqdan dimdiyini göyə qaldırır, hindəkilərə yuxarıdan baxır. Təcrübəsiz it və ya sənin kimi yelbeyin qız, Nika, ona rast gələndə yoldan çıxmasa vay halına; elə o saat boğazını ilan kimi irəli uzadır, sodalı su doldurulmuş butulka kimi fısıldayır, dəhşətli dimdiyini açır, o biri gün Nikanın sol qıçı dizdən aşağı qapqara qaralır, it isə dişlənmiş qulağının ağrısından hələ də atılıb-düşür.

Qazın dalınca da bədmüşk çiçəyi kimi yumşaq tüklü sarı-yaşıl cücələr gedir. Onlar bir-birinə sıxılaraq civildəşirlər, boyunları çılpaq, qıçları zəif olur, heç inanmırsan ki, bu balaca qazlar da böyüyüb ataları kimi olacaqlar. Anaları dalca gedir. Onu elə-belə təsvir etmək mümkün deyil, nə qədər şad və vüqarlıdır. «Qoy bütün dünya baxıb görsün mənim necə ərim, nə gözəl balalarım var. Mən həm ana, həm arvadam, amma düzünü deməliyəm, dünyada mənimkilərdən yaxşısını tapmazsan». O, yanlarını basa-basa elə bir əda ilə yeriyir ki…

Nika, bunu da bil ki, qazlar, timsahlara oxşar taksa cinsli itlər avtomobil altına bütün heyvanlardan az düşürlər. Zahirən onların hansının daha çox yöndəmsiz olduğunu demək çətindir.

Misal üçün atları götürək. Atı axmaq sayırlar, belə deyirlər, ancaq gözəlliyi və nəzərdə tutulan yerə çatmaq üçün tez qaçmaq qabiliyyəti var. Amma özü çox axmaqdır. Bundan başqa o, hələ fərsizdir, şıltaqdır, hər şeydən şübhələnəndir, insanla mehriban deyildir. Lakin bunlar boş sözdür. Atı qaranlıq tövlələrdə saxlayan, qulun vaxtından onu bəsləyib böyütməyin ləzzətini bilməyən adamlar atın onu yuyub-təmizləyənə, nalbəndə aparana, suvarana, ona yem verənə nə qədər minnətdar olduğunu hiss etməyən adamlar at haqqında düz danışmırlar. Bu cür adamların başında ancaq bir fikir olur: atı minsin və ehtiyatlı olsun ki, şıllaq atıb onu yerə vurmasın, dişləməsin. Belə adamların ağlına da gəlmir ki, atı yemləmək, yolda yumşaq yerdən sürmək, öz vaxtında ona su vermək, dayanan zaman belini çul və ya palto ilə örtmək lazımdır… İndi səndən soruşuram, at bu cür adamları nəyə görə sevməlidir?

Sən yaxşı olar ki, istədiyin atabaxan adamdan soruş. O, sənə həmişə deyəcək: atdan ağıllı, mehriban, nəcib heyvan yoxdur, – əlbəttə, əgər ona yaxşı, başa düşən adam qulluq edirsə.

Ərəblərdə ata ailə üzvü kimi baxırlar. Orada körpə uşaqları ən sadiq dayə kimi ata etibar edirlər. Arxayın ola bilərsən, Nika, belə at ayağı ilə əqrəbi də əzər, vəhşi heyvanı da təpiklə vurub öldürər. Çirkli uşaq ilanlı, tikanlı kola tərəf iməkləsə at ehtiyatla onun köynəyinin boynundan və ya şalvarından yapışıb çadıra gətirər; bu hərəkətlə sanki deyər: «Axmaq, lazım gəlməyən yerə burnunu soxma».

Atlar bəzən sahibindən ayrı düşəndə onun həsrətinə dözməyir, insan kimi göz yaşı töküb ağlayır, ölürlər…

Bax gör Zaporojye kazakları at və onun öldürülmüş sahibi haqqında nə oxuyurdular. Onun meyiti meydanın ortasındadır, amma:

 
Onun ətrafında dolanır atı,
Qovur milçəkləri qanlı üzündən,
Baxır, baxır, sanki sınmış qanadı,
Qanlı yaş axıdır odlu gözündən.
 

Yaxşı, indi de görüm onlardan hansı haqlıdır? Atın qədrini bilən, ona qulluq edənlərmi, yoxsa atı ancaq minməklə kifayətlənənlər?

Aha! Sən yenə də pişik haqqında düşünürsən? Yaxşı, indi ki, belə oldu, yenə də pişikdən danışdığım söhbətə qayıdıram.

Amma çox təəssüf eləyirəm. Mən sənə çox şeylərdən danışmaq istəyirdim. Məsələn, çox təmizlik sevən, ağıllı, lakin böhtana düçar olan donuzlardan, zəncirlə bağlanmış itlərin əlindən sümük almaq üçün qarğanın onları cürbəcür üsulla aldatmalarından, dəvələrdən danışmaq istəyirdim… Nə etmək olar, indi ki, belədir, qoy dəvələr öz işinə getsin, pişikdən danışaq.

Yu-yu evdə harada istəsəydi, orada da yatardı: divanlar, xalçalar, stullar, pianonun üzərindəki not kitablarının üstü onun yataq yeri idi. O, qəzetlərin arasında uzanmağı çox sevərdi: mətbəə boyasında nə isə pişiyin xoşuna gələn bir iy vardı; bundan başqa kağız istini gözəl saxlayır.



Səhər evdə hamı yuxudan oyananda o əvvəlcə mənim yanıma gələrdi. Bu da ancaq onun həssas qulağı, mənim qonşuluğumdakı otaqda səhərlər uşaq səsini eşidəndə olurdu.

Yu-yu başı və balaca pəncələri ilə möhkəm bağlanmayan qapını açar, içəri girər, mənim çarpayıma tullanıb, çəhrayı burnunu ya əlimə, ya da üzümə toxundurar, qısaca «Murrm» – deyərdi.

Bütün ömrü boyu o heç bir dəfə də miyoldamadı, ancaq həmişə bu nəğməsini oxuyurdu: «Murrm». Bununla belə bu mahnıda müxtəlif hisslər duyulurdu. Bəzən o, mehribanlıq, həyəcan, tələbkarlıq, imtina, minnətdarlıq, acıq və narazılıq ifadə edirdi. Qısaca tələffüz etdiyi «Murrm» isə həmişə bir mənanı bildirirdi: «Mənim dalımca gəl».

O, döşəməyə tullanır, arxaya baxmadan, qapıya tərəf gedirdi. Arxayın idi ki, mən tabe olacağam.

Onun arzusunu yerinə yetirərdim, tez geyinib yarıqaranlıq dəhlizə çıxardım. Almaz kimi parıldayan gözləri ilə qapıya boylanaraq, Yu-yu məni gözləyərdi. Bura dördyaşlı oğlanın anası ilə yatdığı otağın qapısı idi. Mən otağın qapısını açardım. Astadan «Mrm» deyib; bədəninə «S» şəkli verərək, Yu-yu mütəhərrik quyruğu ilə qapıdan içəri girərdi.

Orada səhər salamlaşması mərasimi başlardı. Əvvəlcə – rəsmi hissə – ananın yorğan-döşəyi üzərinə tullanma: «Murrm! Sabahınız xeyir, xanım!» Burnu ilə ananın əlinə, yanağına toxunmaq, əlbəttə, sonra döşəməyə, daha sonra tor üstündən uşaq çarpayısına tullanıb-düşmək onda adət olmuşdu. Uşaq çarpayısında olan görüşün daha başqa hüsnü var idi.

«Murrm, Murrm! Salam, dostum! Gecəni necə keçirdin?»

– Mənim əziz Yu-yum! Balaca Yu-yu! Gözəl Yu-yu!

Bu zaman o biri çarpayıdan belə bir səs eşidilərdi:

– Kolya, yüz dəfə sənə demişəm ki, pişiyi öpmə! Pişikdə mikrob olur…

Yu-Yunun dilənçiliklə heç arası yox idi. (Ona göstərilən yaxşılığa mülayim və səmimi təşəkkür edərdi). Pişik uşağın ət mağazasından gəldiyi vaxtı və onun ayaq səslərini tam dəqiqliklə öyrənmişdi. O, bayırda olanda əti qapının ağzında gözləyər, evdə isə ət almaq üçün mətbəxə qaçardı. Mətbəx qapısını ağlagəlməz bir məharətlə özü açardı. Bu qapının dəstəyi uşaq otağındakı kimi yumru, sümükdən deyil, uzunsov mis dəstək idi. Yu-yu qaçaraq atılıb qabaq pəncələri ilə dəstəkdən yapışır və ondan asılı halda dal ayaqlarını divara dayayırdı. Öz çevik bədəni ilə qapıya iki-üç dəfə təkan vururdu. O saat dəstək çevrilir, qapı aralanırdı. Daha sonrası asan olurdu.

Bəzən uşaq əti kəsmək, pişiyə nə qədər ət verməyi müəyyən etmək üçün çox ləngiyirdi. Belə hallarda Yu-yu sakit dayana bilmir, caynaqları ilə stolun kənarından yapışıb turnikdə oynayan sirk artisti kimi qabağa-dala yellənirdi. Amma heç səsini çıxarmırdı.

Oğlan şən, qırmızıyanaq, həm də maymaq bir uşaq idi. O, bütün heyvanları çox sevirdi. Yu-yuya isə lap vurulmuşdu. Lakin Yu-yu uşağa icazə vermirdi ki, ona əl vursun. O, uşağa təkəbbürlü bir nəzər salıb, kənara tullanırdı. Yu-yu çox lovğa idi. Uşaq nəyi idi, olsa-olsa hər gün ona ət gətirən. Onun evində olmayan himayəsindən kənarda olan hər şeyə o, şahanə bir soyuqqanlılıqla baxırdı. Bizdən isə mərhəmətini əsirgəmirdi.

Mən onun əmrini yerinə yetirməyi çox xoşlardım. Məsələn, şitillikdə işləyir, yemiş tağının artıq zoğlarını diqqətlə qoparırdım. Bu iş çox dəqiqlik tələb edirdi. Yay günəşi və qızmış torpaqdan hava çox isinmişdi. Yu-yu səssizcə yaxınlaşdı:

– «Murrm!» – Yəni «gəlin bura, su içmək istəyirəm».

Çətinliklə qəddimi düzəltdim. Artıq Yu-yu irəlidə gedir, bir dəfə də dönüb mənə baxmırdı. Mən onun sözündən çıxa bilərdimmi və ya ləngiyə bilərdimmi? O məni dirrikdən həyətə, sonra mətbəxə, daha sonra dəhlizlə otağıma apardı. Mən nəzakətlə bütün qapıları onun üzünə açır, ehtiramla yol verirdim. Otağıma girən kimi o, cəld bulaq suyu çəkilmiş əlüzyuyana atılıb, mərmər haşiyəsində məharətlə üç ayağı üçün dayaq nöqtələri tapdı, dördüncü ayağı ilə havada müvazinət saxladı, sonra dönüb mənə dedi:

«Mrum, suyu açın».

Mən kranı açdım. Nazik gümüşü bir şırnaq axmağa başladı. Yu-yu boynunu incə bir hərəkətlə qabağa uzadıb, ensiz çəhrayı dili ilə tələsik suyu yalamağa başladı.

Pişiklər nadir hallarda su içirlər, lakin onların su içməyi uzun çəkir və çox içirlər. Bəzən zarafatla dördqollu nikel dəstəyi bir az bururdum. Su damcılarla gəlirdi.

Yu-yu narazılıq edir, aramsız olaraq möhkəm dayanmadığı vəziyyətdə ayağının birini qaldırıb, birini qoyur, başını mənə tərəf çevirirdi. İki sarı muncuq ciddi bir məzəmmətlə mənə baxırdı.

«Murrum! Mənasız zarafatı boşlayın!..»

Bir neçə dəfə də burnunu krana vurdu. Mən utandım. Üzr istədim. Suyu lazımi qədər açdım.

Başqa bir misal deyim:

Yu-yu döşəmənin üstündə, divanın qabağında oturmuşdu. Onun yanında bir qəzet vərəqi var idi. Mən otağa daxil oldum. Dayandım. Yu-yu gözlərini hərəkət etdirmədən, qırpmadan mənə tərəf zillədi. Mən ona tamaşa eləməyə başladım. Bir qədər keçdi. Mən Yu-yunun nəzərindən aydınca oxuyurdum:

«Mənə nə lazım olduğunu bilirsiniz, lakin özünüzü bilməməzliyə vurursunuz. Fərqi yoxdur, xahiş eləmək fikrində deyiləm».

Mən əyilib qəzeti götürmək istədim. Elə bu vaxt yüngül bir sıçrayış eşitdim. O artıq divanın üstündə idi. Sakit nəzərlə mənə baxırdı. Qəzetdən çadır düzəldib pişiyin üstünü örtdüm. Çadırdan kənarda ancaq tüklü quyruq qalmışdı, o da yavaş-yavaş içəriyə çəkildi. İki-üç dəfə kağız xışıldadı, tərpəndi, nəhayət, sakitləşdi. Yu-yu yuxuya getdi. Ayaqlarımın ucunda otaqdan çıxdım.

Mənim Yu-yu ilə keçirdiyim xüsusi xoşbəxt saatlarım da olurdu. Bu, gecələr yazmaqla məşğul olduğum saatlar idi; yazıçılıq olduqca canüzən peşədir, lakin bu sənətə qəlbən bağlananda ondan çox dərin zövq alırsan.

Qələmlə kağızı cızıram, cızıram, birdən çox lazım olan bir söz yadıma düşmür. Əlimi saxlayıram. Çox sakitlikdir! Lampada yanan neftin güclə eşidilən səsi gəlir, qulaqlarımda dəniz dalğalarının səsi eşidilir, bundan gecə daha da sakit olur. Bütün adamlar yatırlar, heyvanlar yuxuya getmişlər, atlar da, quşlar da, uşaqlar da, Kolyanın qonşu otaqdakı oyuncaqları da yatırlar. Hətta itlər belə hürmürlər, yatmışlar. Gözlər yumulur, fikirlər dağılıb itir. Mən haradayam? Qalın, keçilməz meşədəyəmmi, ya uca bir bürcün başında? Birdən yumşaq, elastik bir təkandan diksinirəm. Bu, Yu-yudur, yavaşca döşəmədən stolun üstünə atılır. Nə vaxt gəldiyindən xəbərim olmayıb.


Страницы книги >> 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации