Электронная библиотека » Александр Куприн » » онлайн чтение - страница 2

Текст книги "Filin seyrə çıxması"


  • Текст добавлен: 27 октября 2022, 17:20


Автор книги: Александр Куприн


Жанр: Детская проза, Детские книги


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 4 страниц)

Шрифт:
- 100% +

Stolun üstündə yerini rahatlamaq üçün bir qədər o tərəf-bu tərəfə çevrilir, büzüşür və sağ tərəfdən mənim yanımda belini yuxarı qaldırıb tüklü bir yumaq kimi oturur. Ayaqlarının dördünü də altına çəkib gizlədir, ancaq məxmər əlcəklərə oxşar qabaq pəncələrinin ucları azca görünür.

Mən yenə də böyük maraq və sürətlə yazıram. Arabir başımı tərpətmədən yönünü məndən azca yana çevirmiş pişiyə ani bir nəzər salıram. Onun iri zümrüd gözləri lampaya zillənmişdir, gözlərinin içində yuxarıdan aşağıya ülgüc ağzı kimi nazik, qara didələri görünür. Lakin mənim kirpiklərimin kiçik bir hərəkətini belə Yu-yu dərhal duyur və incə üzünü mənə tərəf çevirir. Birdən nazik xətti andıran didələr genişlənir, parlaq qara dairə şəkli alır, onun ətrafında isə kəhrəba rəngli haşiyə əmələ gəlir. Yaxşı, Yu-yu, yazmağımıza davam edək.

Qələm kağızı cızır, cızır. Münasib, yararlı sözlər öz-özünə gəlir. İstənilən rəngarəngliklə cümlələr düzəlir. Lakin başım getdikcə ağırlaşır, belim ağrıyır, sağ əlim titrəyir. Yatmaq vaxtı deyilmi?

Yu-yu da yatmaq vaxtının çatdığını düşünür. O, artıq özü üçün məşğələ tapmışdır: qələmin hərəkətini izləyərək kağız üzərində əmələ gələn sətirlərə tamaşa edir, öz-özünü aldatmaq istəyir ki, mən qələmdən kiçik, çirkin qara milçəklər buraxıram. Birdən pəncəsilə axırıncı milçəyə zərbə endirir. Zərbə çox cəld və sərrast idi. Qara qan kağız üzərinə yayılır. Gedək yataq, Yu-yuşka. Qoy milçəklər də sabaha qədər yatsınlar.

Pəncərənin arxasında alaqaranlıqda mənim sevimli göyrüş ağacımı seçmək olurdu. Yu-yu mənim ayaq tərəfimdə yorğanın üstündə büzüşür.

Yu-Yunun dostu və ona əzab verən Kolya xəstələnmişdi.

Pişiyi xəstənin yanına buraxmırdılar. Əslində bu çox düzgün idi. Bir şeyə toxunar, yerə salar, xəstəni oyadıb qorxuda bilərdi. Pişiyin uşaq otağına getməsini tərgitmək üçün o qədər çox vaxt lazım gəlmədi. O, tezliklə öz vəziyyəti ilə barışmalı oldu. Bununla belə Yu-yu it kimi, çöl tərəfdən lap qapının ağzında, quru döşəmənin üstündə, balaca çəhrayı burnunu qapının altına soxub uzanardı. O, bütün bu ağır günləri eyni qaydada keçirtdi, ancaq yemək və bir qədər gəzmək üçün, uzandığı yerdən durub gedirdi. Onu yerindən qovmaq mümkün deyildi, həm də qovmağa adamın ürəyi gəlmirdi. Uşaq otağına keçəndə və otaqdan çıxanda onun üstündən keçər, ayaqla itələr, quyruğunu, pəncəsini basar, tələsəndə isə bəzən kənara atardılar. O, ancaq çığırar, otağa girib-çıxanlara yol verər, yenə də sakitcə, lakin inadla öz yerinə qayıdardı. Pişiklərin bu cür hərəkəti barədə o vaxta qədər mən nə eşitmiş, nə də bir şey oxumuşdum. Hətta pişiyə yaxşı bələd olan doktorlar da pişiyin bu hərəkətinə təəccüblənirdilər. Doktor Şevçenko bir dəfə mehribanlıqla gülümsünərək dedi:

– Sizin pişiyiniz çox gülməlidir. Keşik çəkir! Bu çox məzəlidir…

Ah, Nika, bu mənim üçün qətiyyən nə gülməli idi, nə də məzəli. İndiyə qədər mənim qəlbimdə Yu-yunun həssaslığı üçün onun xatirəsi qarşısında incə bir razılıq hissi yaşamaqdadır…

Bax, bu da çox qəribə idi. Kolya xəstəliyin axırıncı dəhşətli böhranından sonra yaxşılaşmağa başlayanda, ona hər şey yeməyə, hətta yorğan-döşəkdə oynamağa icazə veriləndə Yu-yu öz yerini tərk etdi. O mənim çarpayımda uzun-uzadı və utanmadan yatmağa başladı. Birinci dəfə Kolyanın yanına gedəndə də heç bir həyəcan göstərmədi. Kolya pişiyi əzişdirir, sinəsinə basır, ona nəvazişlə müxtəlif adlar verirdi. Hətta şadlığından onu nədənsə Yuşkeviç adlandırırdı. Yu-yu isə ustalıqla Kolyanın hələ zəif olan əllərindən qaçıb «Mrm» dedi, atılıb döşəməyə düşdü və otaqdan çıxdı.

İndi, əziz Nikam, sənə elə şeylər danışacağam ki, deyəsən, heç inanmayacaqsan. Bu barədə mən kimə danışmışamsa, mənim sözlərimə təbəssümlə qulaq asmışdır. Bu təbəssümlər bir qədər inamsızlıq, bir qədər istehza, bir qədər də məcburi hörmət ifadə edirdi. Dostlarım isə bəzən açıq-açığına deyirdilər: «Amma siz yazıçılarda qəribə əfsanələr olur, ha! Doğrudan da, qibtə eləmək olar. Axı harada eşidilib və görülüb ki, pişik durub telefonla danışmaq istəsin?»

Amma həqiqətdə pişik telefonla danışmaq istəyirdi. Nika, indi qulaq as, gör bu hadisə necə oldu.

Kolya xəstəlikdən duranda çox arıqlamışdı, rəngi qaçmışdı, üzünün dərisi göyə çalırdı, dodaqları solmuş, gözləri batmış, əlləri arıqlayıb bir dəri, bir sümük olmuş, ağappaq ağarmışdı. Lakin insanlarda mərhəmət tükənməzdir, böyük qüvvədir. Kolyanı xəstəlikdən sonra istirahət etmək üçün anası ilə iki yüz verstlikdəki gözəl bir sanatoriyaya göndərməyə müvəffəq olduq. Sanatoriyadan Petroqrada birbaşa telefonla danışmaq olurdu. Bir qədər səbirlə tələb etdikdə bizim yaylaq şəhərimizlə, oradan da hətta bizim evimizlə telefon əlaqəsi yaratmaq mümkün idi. Bütün bunları tezliklə Kolyanın anası işə saldı. Bir dəfə mən böyük bir sevinclə, hətta olmazın bir təəccüblə telefon dəstəyində sevimli səslər – əvvəlcə yorğun və işgüzar qadın səsi, sonra gümrah və şən uşaq səsi eşitdim.

Yu-yu öz böyük və kiçik dostlarının getməsindən sonra uzun müddət həyəcan və şaşqınlıq keçirirdi. Otaqları gəzir, həmişə künc-bucağı axtarırdı. Arayar-axtarar, təsirli bir ifadə ilə: «Mik!» deyərdi. Dostluq etdiyimiz müddət ərzində birinci dəfə idi ki, mən ondan bu sözü eşidirdim. Bu sözün pişik dilində nə demək olduğunu bilmirəm, amma adam dilində o, açıq-aydın: «Nə olub? Onlar haradadırlar? Haraya gediblər?» – demək idi.

O, geniş açılmış sarımtıl, yaşıl gözləri ilə mənə baxırdı. Mən bu gözlərdən heyrət hissi və bir sual oxuyurdum.

Yu-yu özü üçün yataq, yenə də quru döşəməni, yazı stolumla divanın arasını seçmişdi. Onu yumşaq kresloya və divana çağırmağım əbəs idi, gəlmək istəmirdi. Qucağıma alıb kresloya və ya divana gətirəndə bir qədər yanımda dayanar, sonra nəzakətlə atılıb özü üçün seçdiyi qaranlıq, soyuq, quru yerə qayıdardı.

Telefon kiçik dəhlizdə balaca dəyirmi stol üstündə qoyulmuşdu. Bu stolun yanında söykənəcəyi olmayan həsir stul var idi. Bilmirəm neçənci dəfə idi mən sanatoriya ilə danışırdım, bir də Yu-yunun yanımda dayandığını gördüm. Ancaq xatırlayıram ki, bu ilk danışıqlarım zamanı olmuşdu. Bir qədər keçmiş hər dəfə telefon zəng çalan zaman pişik dəhlizə qaçmağa başladı. Nəhayət, o yatmaq üçün də buraya köçdü.

Mən Yu-yunun məqsədini gec başa düşdüm. Onun məqsədini ancaq bir dəfə Kolya ilə telefonda mehriban-mehriban danışanda pişiyin döşəmədən səssizcə çiynimə atılıb özünü düzəldərək tüklü başını, şəklənmiş qulaqlarını telefona tərəf uzatdığı zaman başa düşdüm.

Mən qət etdim: «Pişiyin eşitmə qabiliyyəti çox qüvvətlidir, hər halda itin eşitmə qabiliyyətindən daha yaxşıdır, insanınkından isə qat-qat üstündür». Çox vaxtlar da biz axşamlar qonaqlıqdan gec qayıdanda Yu-yu ayaq səslərimizi uzaqdan tanıyıb, evə üç tin qalmış bizi qarşılayardı. Deməli, o özününküləri yaxşı tanıyırdı.

Başqa bir misal deyim. Tanışlarımızdan birinin Jorjik adlı dördyaşlı nadinc oğlu var idi. O birinci dəfə bizə gələndə pişiyi çox incitdi; qulaqlarından və quyruğundan dartır, hər cürə əziyyət verir, qarnını əlləri ilə hər iki tərəfdən bərk-bərk sıxaraq onunla otaqları gəzirdi. Yu-yunun bu cür hərəkətdən zəhləsi gedirdi. Buna baxmayaraq həmişə olduğu kimi, yenə də o, nəzakətlə rəftar edir, bir dəfə də olsun öz caynaqlarını işə salmırdı. Bununla belə sonralar vaxtın az, ya çox keçməsindən asılı olmayaraq – istər iki həftədən bir olsun, istər ayda bir və ya daha gec-gec – hər dəfə Jorjik bizə gələndə Yu-yu onun cingiltili səsini hələ həyətdən eşidər-eşitməz şikayətli çığırtı ilə qaçıb xilas olmağa çalışırdı. Yay zamanlarında birinci gözə çarpan açıq pəncərədən atılıb həyətə düşər, qış vaxtlarında isə divanın və ya şkafın altına girərdi. Şübhəsiz, onun yaxşı hafizəsi var idi.

Öz-özümə fikirləşdim: «Əgər Kolyanın sevimli səsini eşidib tanısa, yəqin boynunu uzadıb baxar görsün ki, onun əziz dostu harada gizlənmişdir?»

Mən çox istəyirdim ki, bu fikrimi yoxlayım. Elə o axşam mən sanatoriyaya məktub yazdım. Məktubda pişiyin bütün hərəkətlərini ətraflı təsvir edib, Kolyadan çox xahiş etdim ki, o, gələn dəfə mənimlə telefonla danışanda hökmən həmişə evdə pişiyə dediyi nəvazişli sözlərini yadına salıb telefonda təkrar eləsin. Mən də telefonun dəstəyini pişiyin qulağına tutacağam.

Çox keçmədi ki, sanatoriyadan cavab aldım. Kolya Yu-yunun hafizəsinə və onu yadına saldığına görə çox sevindiyini yazırdı, həm də xahiş edirdi ki, onun dostuna salam yetirim. Kolya məktubunda yazırdı ki, sanatoriyadan mənimlə iki gündən sonra danışacaq, üçüncü gün isə yığışıb evə gələcəklər.

Həqiqətən, elə sabahı gün səhər mənə xəbər verdilər ki, bu saat mənimlə sanatoriyadan danışacaqlar. Yu-yu mənim yanımda, yerdə dayanmışdı. Mən onu döşəmədən qaldırıb dizimin üstündə saxladım. Telefonun taxta halqasından Kolyanın şən və təravətli səsi eşidildi. Nə qədər yeni təəssürat, nə qədər yeni tanışlıq! Evə aid nə qədər sorğu-sual və tapşırıqlar! Mən çox çətinliklə imkan tapıb öz xahişimi xatırlatdım:

– Kolya, əzizim, mən bu saat telefonun dəstəyini Yu-yunun qulağına tuturam. Hazırdır! Ona öz xoş sözlərini de.

– Hansı sözləri? Mən heç bir söz bilmirəm, – deyə Kolya könülsüz-könülsüz cavab verdi.

– Kolya, əzizim, Yu-yu səni dinləyir. Ona bir-iki nəvazişli söz de. Tez ol.

– Mən heç nə bilmirəm, hamısı yadımdan çıxıb. Mənə quş evciyi alacaqsanmı, burada bayırdan pəncərələrin ağzında quş evcikləri asırlar.

– Kolya, mənim qəşəng, mehriban Kolyam, axı sən Yu-yu ilə danışmağa söz vermişdin.

– Mən pişik dilində danışa bilmirəm. Mən bacarmıram, yadımdan çıxarmışam.

Birdən telefonun dəstəyində nə isə xırıldadı, tıqqıltı eşidildi, sonra telefonçu qızın sərt səsi gəldi:

– Telefonda boş-boş danışmaq olmaz. Dəstəyi yerinə qoyun, başqa sifarişçilər gözləyirlər

Yüngül bir tıqqıltı ilə telefonun cingiltili səsi kəsildi.

Beləliklə, mənim Yu-yu ilə təcrübəm baş tutmadı, amma çox təəssüf. Məni çox maraqlandırırdı bilim bizim ağıllı pişik ona tanış olan nəvazişli sözlərə özünün incə «Murrm» sözü ilə necə cavab verəcək.

Bax, Yu-yu haqqında bu qədər.

O bu yaxınlarda qocalıb öldü, indi isə bizdə bir başqası – nər pişik, tükləri məxmər pişik yaşayır. Əziz Nika, onun haqqında gələn dəfə danışaram.

Barbos və Julka

Barbos boyca böyük deyildi, lakin onun dolu bədəni və enli sinəsi var idi. Uzun və bir azca qıvrım tükləri onu bir qədər ağ pudelə, ancaq heç bir zaman sabun, daraq, qayçı görməmiş pudelə oxşadırdı. Yay zamanı onun bədəni başından tutmuş quyruğunun ucuna kimi tikanlı pıtraqla dolu olardı. Payızda isə ayaqlarından, qarnının altından çəngə-çəngə tükləri palçığa batıb sonra quruduğundan yüzlərlə qəhvəyi rəngli stalaktit[12]12
  Mağaraların tavan və divarından sızan damcılardan əmələ gələn əhəngli ərp.


[Закрыть]
əmələ gətirib sallanardı. Barbosun qulaqlarında həmişə «çarpışma meydanlarının» izlərini görmək olardı. Bu cür itləri qədim zamanlardan hər yerdə Barbos adlandırmışlar. Nadir hallarda, o da müstəsna olmaqla, onlara Drujok[13]13
  Drujok – hərfi mənada dostcığaz deməkdir (rusca).


[Закрыть]
da deyirlər. Bu itlər, səhv etmirəmsə, adi qapı itləri və ovçarkalardan törəmişlər. Onlar sədaqətli, müstəqil xasiyyətli olurlar. Onların eşitmə qabiliyyəti çox inkişaf etmişdir.

Julka kiçik, nazik ayaqlı, qara rəngli, qısa və hamar tüklü, qaşları üstündə və sinəsində sarımtıl xallı geniş yayılmış it cinsindən idi. Onun əsas xüsusiyyəti incəlik, demək olar ki, utancaqlıq idi. Bu heç də o demək deyildi ki, adam onunla danışmağa başlayan kimi, arxası üstə yıxılır, yaltaqlana-yaltaqlana qarnı üstə sürünürdü (ancaq ikiüzlü, yaltaq və qorxaq itlər bu cür edirlər). Xeyr, belə deyildi. O, xeyirxah adamlara cəsarətlə, inamla yaxınlaşardı, qabaq pəncələrini onun dizlərinə dayayıb, incə bir hərəkətlə üzünü yuxarı qaldırar, nəvaziş tələb edərdi. Onun incəliyi əsasən yeməkdə özünü göstərirdi. O heç zaman dilənçilik etməzdi. Əksinə, ona bir sümük vermək üçün uzun-uzadı dilə tutmaq lazım gəlirdi. Yemək vaxtı yanına başqa bir it və ya adam gəlsəydi, Julka təvazökarlıqla yana çəkilir və sanki demək istəyirdi: «Yeyin, yeyin, xahiş edirəm… Mən çox yemişəm, lap toxam…»

Əlbəttə, hamı Julkanı otaq iti sayırdı. Barbosa gəldikdə isə biz uşaqlar onu böyüklərin ədalətli qəzəbindən və ömürlük olaraq həyətə sürgün olunmasından tez-tez müdafiə etməli olurduq. Əvvəla, mülkiyyət hüququ haqqında onun təsəvvürü çox dumanlı idi (xüsusən yemək şeylərində), ikinci, çox pinti idi. Bu quldur üçün bir oturuma, böyük qayğı göstərilərək qoz ilə bəslənilmiş hinduşkanın yarısından çoxunu yemək, yaxud dərin, çirkli gölməçədən durub, anamın bayram günlərində istifadə etdiyi, qar kimi ağappaq çarpayı örtüyünün üstünə uzanmaq adi bir şey idi.

Yay vaxtlarında ona güzəştə gedərdilər. Adətən, bayırda açıq pəncərənin qabağında başını qabağa tərəf uzadılmış ayaqları arasına qoyaraq yatmış aslan görkəmi alardı. Lakin o yatmırdı: arası kəsilmədən dartılan qaşlarından bunu yaxşı hiss etmək olurdu. Barbos gözləyirdi… Bizim evin qabağında, küçədə bir it görünər-görünməz Barbos cəld pəncərədən aralanıb qarnı üstündə sürünərək qapının altından keçər, ildırım sürətilə ərazi qanunlarını kobudcasına pozan itin üzərinə atılardı. O, təkbətək döyüş və vuruşmanın böyük qanununu yadda möhkəm saxlayırdı:

«döyülmək istəmirsənsə, birinci sən döyməlisən». Buna görə də Barbos itlər aləmində qəbul olunmuş hər cür diplomatik qaydaları: əvvəlcə birini iyləmək, təhdidedici hürmə, quyruğunu qaldırıb çənbərləmək və sairə kimi qaydaları heç vəchlə yaxın qoymurdu. Barbos ildırım kimi rəqibinin üstünə atılar, döşü ilə onu vurub yıxar və didişdirməyə başlardı. İki it bədəni bir-birinə yumaqtək sarılaraq duman kimi göyə qalxan toz içində bir neçə dəqiqə çarpışardı. Nəhayət, Barbos qələbə çalardı. Barbosun düşməni quyruğunu qısaraq qorxusundan dala baxa-baxa zingilti ilə qaçanda o, məğrur bir görkəmlə öz keşik məntəqəsinə, pəncərənin altına qayıdardı. Doğrudur, bəzən o, bu cür təntənəli yürüş zamanı bərk axsar, qulaqlarında isə yeni naxışlar əmələ gələrdi. Amma, hiss olunurdu ki, bu cür qələbə ona çox xoş gəlirdi.

Onunla Julka arasında nadir dostluq və incə bir məhəbbət var idi. Bəlkə də təklikdə Julka öz dostunu davakar xasiyyətinə və pis adətlərinə görə danlayırdı, amma hər halda camaat içində heç vaxt bu barədə bir söz demirdi. Hətta Barbos səhər yeməyini bir-iki dəfəyə udub həyasızcasına yalana-yalana Julkanın qabına yaxınlaşaraq islanmış tüklü ağzını oraya salanda da Julka öz narazılığını bildirməzdi. Axşamüstü sərin düşəndə itlərin hər ikisi oynamağı və həyətdə o baş-bu başa qaçmağı sevərdi. Onlar gah bir-birindən qaçar, gah bir-birini pusar, gah da acıqlı-acıqlı hürməklə özlərini elə göstərərdilər ki, guya onların arasında dəhşətli didişmə gedir.

Bir dəfə həyətimizə bir qudurmuş it gəlmişdi. Barbos onu öz yerindən, pəncərənin qabağından gördü. Amma həmişəki kimi döyüşə atılmağın əksinə olaraq o, şikayətli bir səslə zingildəyir, tir-tir əsirdi. Qudurmuş it həyətdə bu küncdən o küncə qaçaraq, təkcə öz görünüşü ilə adamları, heyvanları dəhşətli vahiməyə salmışdı. Adamlar içəri qaçıb qorxa-qorxa qapının arasından ona baxırdılar. Hamı qışqırır, əmr edir, axmaq məsləhətlər verir, bir-birini qızışdırırdı. Bu zaman qudurmuş it artıq iki donuzu dişləyib, bir neçə ördəyi parçalamışdı.

Birdən gözlənilməz bir hadisədən və qorxudan hamı içini çəkdi. Haradansa samanlığın dalından balaca Julka irəli atıldı və nazik ayaqlarının var gücü ilə qaçıb, qudurmuş itin yolunu kəsmək istədi. Onların arasında olan məsafə sürətlə azalırdı. Sonra onlar bir-birinə toxundular… Bu hadisə elə tez baş verdi ki, heç kəs Julkanı geri çağırmağa da macal tapmadı. Bərk toqquşma nəticəsində Julka yıxıldı, yerdə diyirləndi, qudurmuş it isə o saat qapıya tərəf qaçıb küçəyə atıldı.

Julkaya diqqətlə baxdılar, lakin onun bədənində heç bir diş yeri tapılmadı. Görünür, qudurmuş it Julkanı dişləməyə macal tapmayıb. Lakin qəhrəmanlıq edərkən duyduğu gərginlik və keçirdiyi ağır dəqiqənin dəhşəti yazıq Julkaya baha tamam oldu… O, qəribə, izah edilməsi mümkün olmayan bir vəziyyətə düşdü. İtlər psixi xəstəliklərə tutulsaydılar, deyərdim o, dəli olub. Bir günün ərzində o çox arıqladı, tanınmaz oldu; gah saatlarla qaranlıq bir yerdə uzanır, gah da həyətdə o baş-bu başa qaçır, fırlanır, atılıb-düşürdü. O, yemək yemir, adını çağıranda dönüb baxmırdı.

Üçüncü gün Julka o qədər zəiflədi ki, yerindən qalxa bilmirdi. Onun əvvəlki kimi parlaq və ağıllı gözləri, dərin daxili iztirablarını ifadə edirdi. Atamın tapşırığı ilə onu boş odun anbarına apardılar ki, orada rahat ölə bilsin.

Julkanı anbara qoyub qapını bağlayandan bir saat keçmiş Barbos anbarın yanına gəldi. O, ağır bir həyəcan keçirirdi, əvvəlcə zingildədi, sonra ağzını yuxarı qaldırıb ulamağa başladı. Bəzən o iztirabla qulaqlarını şəkləyib bir dəqiqəliyə dayanır, anbarın qapısındakı deşiyi iyləyir, sonra yenə də ətürpərdici bir səslə uzun-uzadı ulayırdı.

Onu anbardan aralamaq istədilər, lakin mümkün olmadı. Barbosu qovdular, hətta bir neçə dəfə kəndirlə vurdular; o qaçırdı, lakin elə o saat inadla öz yerinə qayıdır, ulamağa başlayırdı.

Uşaqlar ümumiyyətlə heyvanlara böyüklərin düşündüyündən də yaxın olduqlarından Barbosun nə istədiyini birinci biz başa düşdük.

– Ata, Barbosu anbara burax. O, Julka ilə vidalaşmaq istəyir, – deyə atamdan xahiş etdik. – Ata, yalvarırıq.

Atam əvvəlcə – «Axmaq sözdür!» – deyə bizim xahişimizi rədd etdi. Amma biz əl çəkməyib o qədər ağlayıb-sızladıq ki, atam arzumuzu yerinə yetirməyə razı oldu.

Biz haqlı idik. Anbarın qapısı açılan kimi Barbos qaçıb özünü yerdə hərəkətsiz uzanmış Julkaya yetirdi, onu iylədi və yavaşdan zingildəyə-zingildəyə onun gözlərini, ağzını, qulaqlarını yalamağa başladı. Julka yavaş-yavaş quyruğunu buladı, başını qaldırmağa çalışdı, lakin bacarmadı. İtlərin vidalaşması çox təsirli idi.

Barbosu anbardan çıxmaq üçün çağıranda o, müqavimət göstərmədən getdi və qapının ağzında yerə uzandı. O daha həyəcanlanmır, ulamırdı, ancaq hərdənbir başını qaldırır, sanki anbarda nələr baş verdiyini eşitmək istəyirdi. İki saat keçmiş o, yenə ulamağa başladı. Lakin bu dəfə o qədər bərkdən, o qədər kədərli ulayırdı ki, arabaçı açarı götürüb qapını açmalı oldu. Julka böyrü üstə hərəkətsiz uzanmışdı. O ölmüşdü…


Siğirçinlar

Mart ayının ortaları idi. Bu il bahar hər yerdə eyni vaxtda başlayırdı, həm də havalar nisbətən sabit keçirdi. Hərdənbir bərk, lakin qısamüddətli yağış yağırdı. Palçıqla örtülmüş yollarda arabalar işləməyə başlamışdı.[14]14
  Rusiyanın mərkəzi və şimal rayonlarında qış vaxtlarında araba işləmir, kirşə işləyir. Burada yazıçı arabanın işləməsini, yazın gəldiyini göstərən bir fakt kimi verib.


[Закрыть]
Hələ qalın meşələrdə və quzey dərələrdə qar yığınları qalmaqda idi, lakin tarlalarda qar təbəqələri xeyli nazilmiş, boşalıb qaralmışdı, onun altında orada-burada qara, münbit, günəşdən buxarlanan torpaq sahələri görünürdü. Qayınağacları puçurlamışdı. Bədmüşk ağaclarının ağ salxımları sarı rəng almış, yumşaq tüklü çiçək açmış, ətirlənmişdi. Söyüdlər də çiçək açmışdı. Arılar öz yuvalarından çıxıb, ilk şirə dalınca uçmağa başlamışdılar. Meşənin kənarlarında novruzgülləri yenicə baş qaldırırdı.

Biz bağımıza yenə də köhnə tanışlarımızın – sığırçınların, – bu əziz, şən, mehriban quşların, köçəri qonaqların, baharın müjdəçilərinin gəlməsini səbirsizliklə gözləyirdik. Onlar öz qışlaqlarından – Avropanın cənubundan, Kiçik Asiyadan, Afrikanın şimal vilayətlərindən buraya gəlmək üçün yüzlərlə verst[15]15
  1.06 km-ə bərabər uzunluq vahidi.


[Закрыть]
uçmalı olurlar. Bəzən onlar daha çox, üç min verstdən artıq məsafəyə uçurlar. Çoxları uçub Aralıq dənizi və Qara dənizin üstündən keçirlər. Yolda onlar nə qədər macəralı və təhlükəli hadisələrə – yağışlara, fırtınalara, sıx dumanlara, dolu yağdıran buludlara, yırtıcı quşlara, acgöz ovçuların atəşinə rast gəlirlər. Ağırlığı cəmi iyirmi-iyirmi beş zolotnik[16]16
  4.26 qrama bərabər ağırlıq vahidi.


[Закрыть]
olan bu kiçik məxluq belə bir məsafəni uçub keçmək üçün nə qədər ağlasığmaz əmək sərf etməlidir. Təbiətin qüdrətli çağırışına əməl edərək, birinci dəfə dimdiyi ilə yumurtanı vurub çıxdığı, günəş işığı və yaşıllıqlar gördüyü yerə uçan quşlara güllə atıb, onları məhv edən ovçuların, həqiqətən insafları yoxdur.

Heyvanlarda insanlara aydın olmayan qəribə müdriklik vardır. Quşlar hava barədə xüsusilə həssas olur, onun dəyişməsini xeyli əvvəlcədən hiss edirlər. Lakin çox vaxt qanadlı səyyahlar ucsuz-bucaqsız dəniz üzərində gözlənilmədən borana, xüsusən qarlı borana rast gəlirlər. Sahil uzaq, uzunmüddətli uçuş nəticəsində qüvvə də tükənmişdir… Bu cür hallarda bütün dəstə məhv olur, onlardan olduqca az bir hissə, ancaq ən qüvvətlilər salamat qalır. Belə dəhşətli, çətin dəqiqələrdə bir gəmi rast gəlsə quşlar üçün xoşbəxtlikdir. Sığırçınların böyük dəstəsi öz kiçik vücudlarını insanlara etibar edərək, qara bulud kimi gəminin göyərtəsinə, yanlarına, kapitan kabinəsinin, kəndirlərin üstünə tökülür. Sərt dənizçilər də heç bir vaxt quşları incitmir, onların iztirablı inamlarını sarsıtmırlar. Hətta dənizçilər arasında gözəl bir əqidə vardır, guya hansı gəmidə ona pənah gətirmiş bir quş öldürülsə, həmin gəmi hökmən fəlakətə uğrayar.

Quşların ölümünə bəzən sahil mayakları da səbəb olur. Mayak növbətçiləri bəzən dumanlı gecələrdən sonra səhərlər fənəri əhatə edən eyvanlarda və binanın ətrafında yüzlərlə, hətta minlərlə quş meyiti tapırlar. Uçmaqdan yorulub əldən düşmüş, dəniz rütubətindən ağırlaşmış quşlar axşam sahilə çataraq şüursuz halda onları aldadaraq özünə cəlb edən işıq və istiyə doğru hərəkət edir, sürətli uçuşla döşlərini qalın şüşələrə, dəmirə, daşa çırpırlar. Lakin təcrübəli, qoca başçılar qabaqcadan ayrı istiqamət götürərək, həmişə öz dəstələrini bu fəlakətdən xilas edə bilirlər. Quşlar xüsusən gecə vaxtı və dumanda aşağıdan uçduqları zaman özlərini teleqraf tellərinə də vurub məhv olurlar.

Sığırçınlar böyük dənizi – qorxulu yolu uçub keçdikdən sonra həmişə eyni, ildən-ilə sevdikləri yerdə bütün günü dincəlirlər. Bir dəfə bu cür yerlərdən birini mən bahar vaxtı Odessada gördüm. Bu, Preobrajenski küçəsi və Kilsə meydanının tinində, kilsə bağı ilə üzbəüz bir ev idi. Bu vaxt ev tamam qara görünürdü. Quşlar evin hər yerini: damı, eyvanları, karnizləri, pəncərələrin qabağını, divarların haşiyə və bəzəklərini, pəncərə kölgəliklərini tutmuşdular. Böyük bir quş dəstəsinin hərəkətindən adama elə gəlirdi ki, ev tərpənir. Aşağıya doğru əyilmiş telefon və teleqraf tellərinin üstündə sıx düzülmüş quşlar böyük, qara bir sayğacı xatırladırdı. Orada nə qədər qulaqbatırıcı civilti, fit, səs-küy, qışqırıq, sığırçınlara xas olan qərarsızlıq, cikkilti və savaşı eşitmək, görmək olardı. Bir qədər bundan əvvəlki yorğunluqlarına baxmayaraq onlar sanki bir dəqiqə də olsun öz yerlərində sakit dayana bilmirdilər. Arasıkəsilmədən bir-birini itələyir, yuxarı-aşağı tullanır, fırlanır, uçur, yenə də geri qayıdırdılar. Təkcə qoca, təcrübəli, ağıllı sığırçınlar təmkinlə aralı oturub dimdikləri ilə lələklərini təmizləyirdilər. Bütün səki ağ rəngə boyanmışdı. Əgər buradan keçən adam bir balaca ehtiyatsızlıq edib ləngisə, onda vay onun palto və şlyapasının halına.

Sığırçınlar köç zamanı çox sürətlə uçurlar, bəzən saatda səksən verstə qədər yol gedirlər. Tanış mənzillərə onlar axşamüstü uçub gəlir, yeyir, gecə bir balaca mürgüləyir, səhər işıqlaşmamış bir az yeyir, sonra yenə də yola düşürlər. Axşama yeni mənzilə çatana qədər iki-üç yerdə qısamüddətli istirahət edirlər.

Nəhayət, sığırçınlar uçub gəldilər. Ağacların budaqlarına sarınmış quş evciklərini sahmana saldıq, onları qış küləkləri əymişdi. Yeni evciklər asdıq. Üç il bundan əvvəl bizim cəmi iki quş evciyimiz var idi. Keçən il onları beşə çatdırdıq, bu il isə on iki evciyimiz vardı. Sərçələr güman etdilər ki, bu lütfkarlıq onlardan ötrüdür. Hava bir qədər istiləşən kimi gəlib sığırçınlar üçün hazırladığımız evcikləri tutdular. Bu əlbəttə, bizi təəssüfləndirdi. Sərçələr qəribə quşlardır, hər yerdə də bir-birlərinə oxşayırlar. Norveçin şimalında və ya Azor adalarında, harada yaşayırlarsa yaşasınlar – hər yerdə: çevik, yalançı, oğru, davakar, döyüşkən, qeybətcil və çox abırsız olurlar. Bütün qışı tüklərini qabardaraq evin damında və ya küknar ağacının sıx budaqları arasında keçirir, yolda əlinə düşən şeylərdən yeyir, elə yaz açılan kimi başqasının yuvasına soxulur, evlərin yaxınlığındakı sığırçın və ya qaranquş evciklərini tuturlar. Onu qovanda da üzünə salır, elə bil heç qovulan bu deyil… Tüklərini pırtlaşdırır, hoppanıb-düşür, gözlərini parıldadır və bütün dünyaya səs salıb qışqırır: «Cik! Cik! Evcik, cik, evcik!» Buna bax! Elə bil təzə bir şey deyir! Guya bundan heç kəsin xəbəri yox imiş!

Nəhayət, mart ayının on doqquzunda axşam (hələ qaranlıq düşməmişdi) uşaqlardan kim isə qışqırdı: «Baxın, baxın, sığırçınlar gəliblər!»

Doğrudan da, sığırçınlar qovaq ağacının budaqlarına qonmuşdular. Sərçələrə adət etdiyimizdən onlar bizə həddindən artıq qara və iri görünürdülər. Biz onları saymağa başladıq: bir, iki… beş… on… on beş… Qonşuluqda çılpaq ağaclar arasında, elastik budaqlar üstündə hərəkətsiz qara topalar əmələ gəlmişdi. Onlar budaqları yavaş-yavaş tərpədirdilər. Bu axşam sığırçınlar nə səs salır, nə də atılıb-düşürdülər.

Sığırçınlar iki gün sanki qüvvə toplayır, arasıkəsilmədən keçənilki yerlərini nəzərdən keçirirdilər. Sonra sərçələrin evciklərdən köçürülməsi başlandı. Bununla belə sığırçınlarla sərçələr arasında mən elə ciddi bir toqquşma görmədim. Sığırçınlar iki-iki evciklərdən bir qədər yuxarıda budaqda oturur, yəqin ki, öz aralarında qayğısız olaraq nə barədə isə söhbət edirlər, lakin eyni zamanda gözucu diqqətlə aşağıya baxırlar. Bu, sərçələr üçün dəhşətli və qorxuludur. Arabir öz iti hiyləgər dimdiyini evciyin dairəvi deşiyindən kənara çıxarır, sonra geri çəkir. Nəhayət, aclıq, yelbeyinlik, bəlkə də cəsarətsizlik öz hökmünü verir. «Bir dəqiqəliyə uçum, elə bu saat qayıdaram. Bəlkə də aldada bildim. Bəlkə də getməyimi hiss eləmədilər» – deyə fikirləşir. Sərçə elə bir sajen[17]17
  2,13 metrə bərabər uzunluq ölçüsü


[Закрыть]
aralanmamış sığırçın bacadan düşən daş kimi aşağıya atılıb evciyə girir.

Bununla da sərçənin özgə evindəki ağalığı sona çatır. Sığırçınlar yuvalarını növbə ilə qoruyurlar; biri yuvada qalır, o biri iş dalınca gedir. Bu cür kələk sərçələrin heç birinin ağlına gəlməz; onlar yelbeyin, başıboş, qeyri-ciddi quşdurlar. Bir də görürsən dilxorluqdan sərçələr arasında böyük vuruşma başlayır, tüklər, lələklər qopub havaya qalxır. Bu zaman sığırçınlar ağacların uca budaqlarına qonub onları qızışdırırlar: «Ey qarabaşlı oğlan, ömründə sənin gücün bax o sarıdöş oğlana çatmaz». – «Necə? Mənim gücüm çatmaz? Dayan bir, bu saat gör ona nə edəcəyəm?» – «Di göstər özünü görək, tərpən görək…» Buradan da vuruşma başlayır. Əslində bütün heyvanlar, quşlar, hətta uşaqlar qışdan daha çox yazda dalaşırlar.

Sığırçınlar yuvada öz yerlərini möhkəmlədəndən sonra oraya tikinti üçün hər cür şey: mamır, pambıq, lələk, tük, əski, küləş, quru ot daşımağa başlayırlar. Onlar yuvalarını çox dərin qururlar ki, oraya nə pişiyin pəncəsi, nə də qarğanın uzun, yırtıcı dimdiyi çata bilsin! İçəri onsuz da keçə bilməzlər, çünki evciyin girəcəyi olduqca dardır, bir tərəfdən o biri tərəfinə cəmi beş santimetr olar.

Sığırçınlar yuvalarını qaydaya salana kimi yer qurudu, qayınağaclarının ətirli puçurları açılmağa başladı. Tarlalar şumlanır, dirriklər bellənib, torpaq yumşaldılırdı. Bu zaman yerin üzərinə, günəş işığına nə qədər müxtəlif qurdlar, tırtıllar, ilbizlər, böcəklər və sürfələr çıxır! Nə qədər də bolluqdur! Sığırçınlar heç bir zaman yazda özləri üçün yeməyi qaranquş kimi havada və ya sitta[18]18
  Quş növü


[Закрыть]
, ağacdələn kimi ağaclarda axtarmazlar. Onların yemi torpağın üstündə və altında olur. Bilirsinizmi yay müddətində hər sığırçın bağ və dirriyə zərər verən həşəratdan nə qədər məhv edir? Hər sığırçının bir yayda məhv etdiyi həşəratı tərəziyə qoyub çəksən, quşun öz ağırlığından min dəfə çox olar! Bu isə onun bütün gün hərəkət etməsinin nəticəsində mümkün olur.

Hələ sığırçın ləklər arasında və yol ilə gedərkən ov etməsinə baxmaq nə qədər maraqlıdır. O çox cəld və bir qədər yöndəmsiz, yanlarını basa-basa yeriyir. Birdən dayanır, o tərəf-bu tərəfə dönür, başını gah sola, gah sağa əyir. Nəyi isə cəld dimdikləyib qaçır. Onun hərəkəti bu qayda ilə təkrar olunur. Sığırçının qara beli günəş şüaları altında gah yaşıla, gah bənövşəyi rəngə çalır, döşü isə çil-çil olur. Ov zamanı o nə qədər işgüzar, təlaşlı, məzəli bir görkəm alır. Ona uzun-uzadı tamaşa edir, istər-istəməz gülümsəyirsən.

Sığırçına səhər tezdən, günəş çıxmazdan qabaq tamaşa eləmək daha maraqlı olur, bunun üçün əlbəttə, tezdən durmaq lazımdır. Axı ağıllı bir məsəl vardır, deyərlər: «Tez oyanan, peşman olmaz». Əgər siz səhərlər, hər gün, bağın və ya dirriyin bir yerində səssizcə və heç bir hərəkət etmədən otursanız sığırçınlar tezliklə sizə alışar və çox yaxınlaşarlar. Siz onlara qurd və çörək qırıntıları atın, əvvəlcə, uzağa, sonra isə quşlarla öz aranızda olan məsafəni tədricən azaltmağa çalışın. Beləliklə, siz bir müddətdən sonra ona müvəffəq ola bilərsiniz ki, sığırçın gəlib yeməyi sizin əlinizdən alar və çiyninizə çıxar. O biri il uçub gələndə o tez bir zamanda sizinlə əvvəlki dostluğu davam etdirər. Amma onun sizə olan etibarını pozmayın, sığırçınla sizin aranızda olan fərq ancaq ondan ibarətdir ki, onlar balacadırlar, siz isə böyüksünüz. Quşlar çox ağıllı və həssas olurlar; onların çox yaxşı hafizələri var. Quşlar yaxşılığı heç vaxt unutmurlar.

Sığırçının əsl nəğməsini səhər tezdən, günəşin ilk qırmızı şəfəqləri ağacları, yönü həmişə şərqə tərəf qurulan sığırçın evciklərini al rəngə boyayan zaman dinləmək lazımdır. Hava bir balaca isinən kimi sığırçınlar ağacların uca budaqlarına qonub, öz konsertlərinə başlayırlar. Doğrusu, sığırçının özünəməxsus musiqisinin olub-olmadığını mən bilmirəm, amma onun nəğməsində başqalarının nəğmə və səslərinə nə qədər desən rast gəlmək mümkündür. Burada sən bülbül cəh-cəhinin kiçik bir hissəsini, sarıköynəyin kəskin civiltisini, birəbitdənin incə səsini, ötməquşunun musiqili kəkələməsini, göy arıquşunun nazik fitini eşidə bilərsən. Birdən bütün bu musiqi səsləri içərisində elə səslər eşidirsən ki, tək oturduğuna baxmayaraq özünü saxlaya bilməyib gülürsən: ağac başında toyuq qaqqıldayır, bıçaq itilənir, qapı cırıldayır, oyuncaq şeypur çalınır. Sığırçın belə bir gözlənilməyən musiqi fasiləsini ifa etdikdən sonra heç bir dəyişiklik olmayıbmış kimi birbaşa öz sevimli, şən, məzəli nəğməsini davam etdirir. Mənim tanıdığım bir sığırçın (ancaq bir sığırçın, çünki mən onu həmişə eyni yerdə dinləyirdim) hacıleyləyi olduqca düzgün yamsılayırdı. Mən həmin sığırçını dinlərkən gözümün önündə palçıqdan tikilmiş Malorusiya[19]19
  Ruslar əvvəllər – müəllifin yaşadığı zamanlar Ukraynanı belə adlandırırdı.


[Закрыть]
daxmasının damındakı dəyirmi yuvasında bir ayağı üstə dayanmış möhtərəm, ağ rəngli, qaraquyruq quş canlanırdı. Başqa sığırçınlar bunu bacarmırdılar.

May ayının ortalarında ana sığırçın dörd-beş balaca mavi rəngə oxşar, pardaq yumurta yumurtlayır və qırt düşür. İndi ata sığırçının işi artır, boynuna yeni vəzifə düşür. O, səhər-axşam ana sığırçına bala çıxıncaya qədər nəğmə oxuyub, onu əyləndirməli olur. Bu vəziyyət iki həftəyə yaxın davam edir. Bunu da qeyd etmək lazımdır ki, həmin dövrdə ata sığırçın gülməli heç bir şey oxumur və heç kəsi yamsılamır. İndi onun nəğməsi incə, sadə və dedikcə məlahətli olur.


Страницы книги >> Предыдущая | 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации