Текст книги "Filin seyrə çıxması"
Автор книги: Александр Куприн
Жанр: Детская проза, Детские книги
Возрастные ограничения: +6
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 4 страниц)
İyun ayının əvvəlində yumurtalar deşilir, cücələr çıxır. Körpə bala lap əjdahaya oxşayır. O, bütünlüklə bircə başdan, baş isə böyük, ətrafı sarı haşiyəli, çox yekə ağızdan ibarət olur. Qayğıkeş ata-ana üçün ən çox çalışma dövrü başlanır. Balacaları nə qədər çox yedirdirlərsə yedirtsinlər, onlar həmişə ac olurlar. Bir tərəfdən də pişik və dolaşaların balalara hücum qorxusu. Evcikdən uzağa getmək çox təhlükəlidir.
Lakin sığırçınlar bir-birləri ilə çox yaxşı yoldaşlıq edirlər. Dolaşa və ya qarğa yuva ətrafında fırlanan kimi cəld növbətçi təyin edilir. Növbətçi sığırçın ən uca ağacın başına qonub, yavaşcadan fit çala-çala diqqətlə ətrafa baxır. Yırtıcılar yaxınlaşan kimi növbətçi xəbər verir, bütün sığırçın qəbiləsi uçub, cavan nəslin müdafiəsinə gəlir. Mənim bağımda qonaq olan sığırçınlar bir dəfə üç dolaşanı azı bir verst qovduqlarını özüm görmüşəm. Bilsəydiniz dolaşaları onlar nə qədər qəzəblə qovurdular! Sığırçınlar dolaşaların başı üstündən cəld yuxarı qalxır, özlərini yüksəkdən onlara çırpır, kənara uçurdular. Sonra dolaşaları qova-qova yenidən birləşib, təzə zərbə endirmək üçün bir də yuxarı qalxırdılar. Ağır-ağır uçan dolaşalar özlərinin qorxaq, yöndəmsiz, kobud olduqlarını büruzə verirdilər. Sığırçınlar isə havada fırlanan parlaq oxu xatırladırdılar.
Nəhayət, iyul ayının sonu gəlib çatır. Günlərin birində siz bağa çıxıb dinləyirsiniz. Sığırçınlardan bir xəbər yoxdur. Sizin heç xəbəriniz də olmadı ki, sığırçın balaları nə vaxt böyüdülər, uçmağı necə öyrəndilər. İndi onlar öz doğma yuvalarından çıxıb, meşələrdə, payızlıq əkin tarlalarında, uzaq bataqlıqlar ətrafında yeni həyata başlayıblar. Orada onlar kiçik dəstələr düzəldib uzaq məsafələrə uçmaq öyrənirlər. Beləliklə, sığırçınlar payız köçünə hazırlaşırlar. Cavan sığırçınların qarşısında birinci, böyük imtahan dayanır. Əlbəttə, bu imtahandan onların bəziləri salamat çıxa bilməyəcəklər. Amma nadir hallarda sığırçınlar tərk etdikləri ata evlərinə bir dəqiqəliyinə baş çəkirlər. Onlar uçub gəlir, havada dövrə vurur, evciyin yanında budaq üstə qonur, yeni eşitdikləri havalardan birini çalır, sonra zərif qanadlarını havada parıldadaraq uçub gedirlər.
Artıq ilk soyuqlar başlayır. Köçmək vaxtı gəlib çatmışdır. Qüdrətli təbiətin hökmü ilə sığırçın qəbiləsinin başçısı günlərin birində səhər köçün başlandığını xəbər verir. Qanadlı süvarilər bölük-bölük havaya qalxıb, sürətlə cənuba doğru hərəkət edirlər. Uğurlar olsun, mehriban sığırçınlar! Baharda yenə də gəlin. Yuvalar sizi gözləyir…
Sapsan
Mənim adım Otuz Altıncı Sapsan[20]20
Sapsan əslində laçın və şahin növüdür.
[Закрыть] dır. Mən böyük və qüvvətli, qırmızımtıl qum rəngli nadir cinsli bir köpəyəm. Cəmi dörd yaşım var, ağırlığım altı pud yarıma qədərdir. Keçən ilin yazında məni tanımadığım bir binaya salmışdılar. Orada yeddidən bir qədər çox (yeddidən artıq saymağı bilmirəm) it var idi. Mənim boynuma sarı rəngli, ağır bir qoğal[21]21
Burada müsabiqədə itlərə verilən medal nəzərdə tutulur.
[Закрыть] asdılar. Hamı məni tərifləyirdi.
Amma qoğalın heç bir iyi yox idi.
Mən medelyan nəslindənəm. Amma medelyan yox, «nedelyan»[22]22
Nedelya – rus dilində həftə deməkdir.
[Закрыть] demək lazımdır! Qədim zamanlarda camaat üçün həftədə bir dəfə əyləncə düzəldərlərmiş: ayı ilə qüvvətli bir iti boğuşdurarlarmış. Mənim ulu babamın atası İkinci Sapsan müdhiş kral Dördüncü İohannın yanında leşyeyən ayını boğazından yapışıb yerə çırpmışdı. Buna görə də kralın baş itəbaxanı tərəfindən İkinci Sapsan edam edilmişdi. Onun şərəfinə və xatirəsini yad etmək üçün mənim ata-babalarımdan ən görkəmliləri Sapsan adını daşımışlar. Belə əsil-nəsillə fəxr etmək rütbəli qraflardan çox azına müyəssər olur. Sapsan sözü qırğız dilindən götürülmüşdür, qırğı deməkdir.
Mənim üçün bütün dünyada birinci şəxs sahibimdir. Bəzilərinin fikirləşdiyi kimi mən heç də sahibimin qulu, hətta qulluqçusu və keşikçisi deyiləm. Mən onun ancaq dostu və köməkçisiyəm.
Sahibim şöhrətpərəst adamdır. Mən onunla küçədə gedəndə (mən onun sağ tərəfilə gedirəm) həmişə dalımızca deyilən fərəhli sözləri: «Bax, buna it deyərəm… İt deyil, lap aslandır, aslan… Nə qəşəngdir…» və sairə sözləri eşidirəm. Kiçik bir hərəkətlə belə sahibimə bildirmək istəmirəm ki, bu tərifləri eşidirəm və onların kimə aid olduğunu başa düşürəm.
Mən qüvvətliyəm. Mən bütün dünyada olan itlərdən qüvvətliyəm. Onlar mənim qüvvətli olduğumu hələ uzaqdan iyimdən, zahiri görünüşümdən, baxışımdan bilirlər. Təkbətək it boğuşmasına aid mövcud ciddi qaydalar təslim olanlara toxunmağı mənə qadağan edir, mən də yaxşı boğuşmaq üçün özümə layiq rəqib tapa bilmirəm… Amma boğuşmaq bəzən könlümə elə düşür ki… Bunu da deyim ki, qonşu küçədə yaşayan pələngəoxşar doqa[23]23
Doq – it cinsidir.
[Закрыть] nəzakətsizliyi üstündə möhkəm qulaqburması verəndən sonra o, evdən çıxmağa da cəsarət eləmir. Onun yaşadığı həyətin hasarı yanından keçəndə indi mən artıq onun iyini hiss etmirəm və heç vaxt hürməsini eşitmirəm.
İnsanlara məni sığallamağa icazə verirəm. Amma adam əvvəlcə mənə açıq əlini uzadanda daha çox xoşlanıram. Caynaqların üzüyuxarı çevrilib, pəncənin qaldırılmasını sevmirəm. Uzun illərdən bəri əldə edilmiş it təcrübəsi göstərir ki, həmin pəncədə daş ola bilər. (Sahibimin kiçik qızı, mənim dostum, «daş» deyə bilmir, «das» deyir). Daş uzağa süzüb gedən, hədəfə sərrast dəyən və bərk ağrıdan şeydir. Mən bunu başqa itlərin başına gələndə görmüşəm. Əlbəttə, mənə heç kəs daş atmağa cəsarət etməz!
Adamlar nə qədər boş danışırlar, guya itlər insanın gözünün içinə baxmağa davam gətirmir. Mən sahibimin gözlərinin içinə üzümü döndərmədən bütün axşamı baxa bilərəm. Uşaqlar məni tumarlayanda onlardan birinin qəşəng al yanağını yalamaqdan özümü zorla saxlayıram. Sahibim də buna icazə vermir, hələ bəzən şallaqla təhdid edir. Nə üçün? Heç özüm də başa düşmürəm. hətta onun da qəribə xasiyyətləri var.
Bir neçə kəlmə sümük haqqında deyim. Axı bunu kim bilmir ki, sümük dünyada ən maraqlı şeydir. Damarlar, sümüyün içi, dadlı iliklə dolu deşikləri… Bəzən bir sümüyün üzərində səhər yeməyindən nahara qədər həvəslə əlləşmək olar. Mən belə düşünürəm: sümük həmişə sümük olaraq qalır, hətta xeyli köhnəlmiş də olsa, deməli, onunla əylənmək heç vaxt gec deyildir. Buna görə də mən onu bağda və ya dirrikdə torpağa basdırıram. Bundan əlavə mən belə fikirləşirəm: sümüyün üstündə ət var idi, indi isə yoxdur. İndi ki, o yoxdur, nə üçün yenidən olmasın?
Bir adam, pişik və ya it sümükləri basdırdığım yerin yanından keçəndə mən əsəbiləşirəm və mırıldamağa başlayıram. Bəlkə birdən sümük basdırıldığını başa düşdülər? Amma çox zaman onun yerini özüm də itirirəm və uzun müddət dilxor oluram.
Bizim evdə «Katya» adlı uzuntüklü, həddindən artıq lovğa və kobud bir pişik yaşayır. Özünü o qədər təkəbbürlü göstərir ki, guya bütün ev, evdə olan hər şey – adamlar da, əşya da onunkudur. Özgə itlərə həmişə birinci o hücum edir, itlərin üzünü cırmaqlayır. Bizim aramızda heç vaxt dava-şava olmur, biz dostuq. Axşam mənə bir boşqab yulaf daşması və sümük gətiriləndə, mən pişiyə qabıma yaxınlaşmağa və mənimlə yeməyə həvəslə icazə verirəm. Ancaq bu şərtlə: sümüklərə toxunmasın. Bir dəfə mən onun üstünə qışqırandan sonra bu şərti yaxşı yadında saxlayıb. Bununla belə mən də aramızda olan müqaviləni pozmuram: pişiyə verilən südə toxunmuram! Lakin onunla oynamağı sevmirəm. Oyun zamanı hökmən çaşıb burnumu cırmaqlayır. Bu mənim heç xoşuma gəlmir. Belə hallarda uzun müddət asqırır, pəncələrimlə burnumu sürtməli oluram.
Bu yaxınlarda Balaca məni öz yanına, uşaq otağına çağırdı və kiçik şkafı açdı. Şkafın aşağı gözündə bizim pişik böyrü üstə uzanmışdı. Katyanın bir dəstə hələ gözləri açılmamış məzəli balaları onu əmirdi. Balaca üzünü mənə tutub dedi:
– «Sapsan, onlar qəşəngdirlər, elə deyilmi?»
Doğrudan da, onlar çox xoşuma gəldilər. İkisini-üçünü iylədim, yaladım, burnumla arxası üstə çevirdim. Onlar siçan balaları kimi civildəşirdilər. İsti və yumşaq, aciz və acıqlı idilər. Pişik narahat olub başını bir balaca qaldırdı və şikayətli səslə dedi: «Sapsan, xahiş eləyirəm ehtiyatlı olun, pəncənizi onların üstünə qoymayın, axı siz çox böyüksünüz».
Sən bir bunun axmaqlığına bax. Guya mən özüm bilmirəm.
Bu gün sahibim özü ilə məni heç vaxt olmadığımız bir evə qonaq apardı. Orada qəribə bir möcüzə gördüm. Bu, küçük deyil, əsl yaşlı bir it idi. Lakin bu it o qədər balaca idi ki, sərbəst olaraq mənim yumulmuş ağzımda nəinki yerləşərdi, həm də orada uzanmazdan qabaq fırlanmağa kifayət qədər yer qalardı. O öz nazik, davamsız ayaqları, qara, domba, sulu gözləri ilə tir-tir əsən bir hörümçəyi xatırladırdı. Amma doğrusunu deyim ki, mən ömrümdə onun kimi hirsli bir itə rast gəlməmişdim. O, qəddarcasına mənim üstümə atılıb, beyinə işləyən bir səslə qışqırmağa başladı: «Mənim evimdən çıx! Bu dəqiqə çıx deyirəm! Yoxsa, səni parça-parça eləyərəm! Quyruğunu, başını üzərəm! Çıx! Səndən küçə iyi gəlir!» O bir neçə elə ləyaqətsiz söz dedi ki… Mən qorxdum, istədim divanın altına girim, oraya ancaq başım keçə bildi, divan da yerindən tərpənib, döşəmənin üstü ilə sürüşməyə başladı, sonra keçib otağın bir küncünə sıxıldım. Sahibim güldü. Mən narazı halda dönüb ona baxdım. Axı o özü yaxşı bilir ki, mən nə atın, nə öküzün, nə ayının qabağından qaçan deyiləm. Məni heyrətləndirən və dəhşətə salan ancaq kiçik yumağa bənzəyən itin bu qədər hirsli olmasıdır.
Sahibimdən sonra mənim it qəlbimə hamıdan çox yaxın olan Balacadır. – Sahibimin qızını mən bu adla çağırıram. Qulağımdan, quyruğumdan, tutub dartmağı, belimə minməyi və ya məni arabaya qoşmağı heç kimə bağışlamazdım. Lakin bunun hamısına dözürəm, üçaylıq küçük kimi zingildəyir, özümü elə göstərirəm ki, guya bunların hamısı mənim xoşuma gəlir. Axşamlar o, bütün günü qaçıb yorulduğundan, xalçanın üstündə başını böyrümə söykəyib mürgüləyən zaman hərəkətsiz uzanmaq mənə böyük şadlıq gətirir. Biz oynayan zaman mən bəzən quyruğumu yelləyib, onu yıxanda o da məndən incimir.
Biz bəzən atılıb-düşürük. Balaca qəhqəhə çəkib gülməyə başlayır. Mənim gülməkdən çox xoşum gəlir, amma özüm bacarmıram. Bu cür hallarda ayağımın dördünü də döşəməyə vurub, yerimdən dik atılıram və var gücümlə bərkdən hürürəm. Bu zaman, adətən, xaltamdan yapışıb, məni bayıra çıxarırlar. Görəsən nə üçün?
Yayda biz yaylaqda olanda belə bir hadisə baş verdi. Balaca hələ güclə yenicə yeriyirdi və çox gülməli idi. Biz – Balaca, mən və dayə üçlükdə gəzməyə çıxmışdıq. Birdən bütün adamlar və heyvanlar qaçışmağa başladılar. Küçənin ortası ilə qara, ağ xallı, sallaq quyruqlu bir it başını aşağı salıb qaçırdı. Onun bədəni tamam toz-torpağa bulaşmışdı, tər içində idi. Dayə qışqıra-qışqıra qaçdı. Balaca yerə oturub ağladı. İt birbaşa bizim üstümüzə gəlirdi. Dəhşətdən bütün tüklərim biz-biz oldu, lakin özümü ələ aldım və Balacanın qabağında dayandım.
Bu, artıq boğuşma deyildi, ikimizdən birinin ölümü demək idi. Mən özümü topladım, bir an gözlədim və bir dəfə atılmaqla ala iti yerə çırpdım. Sonra boynundan yapışıb, havaya qaldıraraq silkələdim. O, yerdə böyrü üstündə hərəkətsiz uzandı. İndi qorxulu deyildi. Lakin Balaca çox qorxmuşdu. Onu evə gətirdim. Bütün yol boyu qulağımdan yapışıb, mənə sıxılmışdı, onun kiçik bədəninin necə titrədiyini hiss edirdim.
Qorxma, mənim Balacam. Mən sənin yanında olanda heç bir heyvan, heç bir adam səni incitməyə cəsarət edə bilməz.
Filin seyrə çixmasi
Zembo adlı filin iki yüz doxsana yaxın yaşı var idi. Ola bilər ki, bir qədər çox, bəlkə də bir qədər az olardı. Hər halda o, ancaq təsadüfi vaxtlarda səhər-səhər mürgüləyəndə adamların onu Hindistanda necə tutduqlarını, paroxodlarda, vaqonlarda, təkərli nəhəng dəmir qəfəslərdə necə apardıqlarını xatırlayırdı. Bu zaman o, xortumunun ucu ilə adam əlindən çörək almağa, yerdən xırda pul götürməyə və ehtiyatla keşikçini qaldırıb, belinə qoymağa onu necə öyrətdiklərini, nəhayət, dəniz və quru yolla onu buraya, böyük və soyuq Moskvanın yaxınlığına gətirib, bir binada dişi filin yaşadığı qəfəslə üzbəüz, ondan iyirmi addımlıqda dəmir qəfəsdə necə yerləşdirdiklərini yadına salırdı. Nelli adlanan dişi fil ondan əlli-yetmiş beş yaş kiçik idi. Onu Zambezidən gətirmişdilər, lakin yaşamayıb sərt iqlimdən, bəlkə də diqqətsizlik üzündən öldü. Nelli qəfəsdə əlli ilə yaxın ömür sürdü. Onların balası olmadı, çünki azadlıqda olmayan fillər heç zaman balalamırlar.
Demək lazımdır ki, Zembo adamları Nellinin ölümündən sonra heç sevmirdi. Tez-tez ona verilən bulkalarda sancağa, mismara, şüşə parçalarına təsadüf edilirdi. Avara adamlar qəfildən çətiri açmaqla onu qorxudur, gözlərinə burunotu üfürürdülər. Çox zaman miskin bir məmur bayram günlərində arvadını, uşaqlarını, baldızını və qardaşı qızını heyvanxanaya aparıb gəzdirəndə onların qarşısında öz igidliyini göstərirdi: yazıq Zembonun xortumunun ucunu dırnağı ilə cızır və ya burnuna yanan siqar soxurdu, lakin Zembo xortumunu arakəsmədən kənara çıxarmaq istəyəndə xatasız geri çəkilirdi. Çünki fil xortumu ilə nəinki adamı, həm də aslanı öldürə bilər. İnsanlar çox zaman heç lazım olmayanda boş yerə heyvanlarla qəddarcasına rəftar edirlər!
Lakin nəhəng və rəhmdil olan Zembo hirslənmirdi. O ancaq fillərə xas olan iti bir yaddaşla ona əziyyət verənləri xatırlayır, onlarla hər cür əlaqəni kəsir və bu cür tamaşaçıların yanında heç vaxt xortumunu qəfəsdən kənara çıxarmırdı.
Bununla belə onun əsl dostları, xüsusilə uşaqlardan çoxlu dostu var idi. Uşaqları o çox şən qarşılayır, nərildəyir, üçkünc, gülməli, böyük, tüklü ağzını geniş açır; burnundan onların üzünə xoş ot iyi verən isti, qüvvətli nəfəsini buraxırdı.
O bütün balacalara: həşərata, kiçik heyvanlara həddindən artıq mehribanlıq və nəvaziş göstərirdi.
Bir dəfə kimsə onun qəfəsinə ev dovşanları buraxır. Dovşanlar burada balalayır, tez bir vaxtda saysız-hesabsız artırlar. Bu balaca heyvanlar Zembonun otunu, dənini, çörəyini oğurlayıb yeyir, suyunu çirkləndirirlər. Tez-tez öz caynaqlı pəncələri ilə nəhəng Zembonun ayaqları üstünə çıxıb, onu qıc tutan dərəcəyə qədər qıdıqlayırlar. Bir dəfə dovşanlar filin ən həssas yerini – sağ ayağının dizindən aşağısını o qədər qıdıqlayırlar ki, o həmin ayağını tərpədir, qeyri-ixtiyari olaraq dovşanlardan birini basır. Ağ rəngli balaca heyvanın yerində ancaq dairəvi qırmızı bir ləkə qalır. Fil iki gün həyəcan keçirir, narahat halda bağırır, fısqırır, nəhayət xidmətçi gəlib yanğın borusu ilə ləkəni yuyub təmizləyir.
Zembo kiçik bir qutuya qısa bir zəncirlə bağlanmışdı. Ona Məmət Kamafutdinov adlı bir tatar qulluq edirdi. Onlar möhkəm dost idilər.
Bir dəfə Zembonun xəyalına gəzmək düşdü. Moskvada yaz idi. Heyvanat bağının çəmənliklərində sarı zəncirotuları, qızılı qaymaqçiçəyi, göy dəstərəklər çiçək açmışdı. Bu zaman heyvanat bağında qarışıqlıq düşmüşdü. Safsarlar, aslanlar, qartallar, porsuqlar, oxlu kirpilər, dələlər, vəhşi pişiklər – bir sözlə heyvanat bağında yaşayan bütün heyvan və quşlar azadlığı arzu edir, öz qəfəslərində dəlicəsinə çırpınırdılar. Torpağın, qayınağacları yarpaqlarının və otların iyi duyulurdu.
Elə bu vaxtlar bir neçə gün bu iyi ehtirasla qoxulayaraq, Zembo birdən hiss etdi ki, sağdan dal ayağına bəndlənmiş zəncir boşalmışdır. O, ayağını dartdı, elə həmin dəqiqə insan qurğusunu bütünlüklə dağıtdı. Zənciri parçaladı, bənd edildiyi qutunu böyrü üstə yıxdı, başı ilə qəfəsi dağıdıb, oradan çıxdı.
O bütün heyvanat bağını qalib, təntənəli addımlarla gəzdi. Xortumunu yuxarı qaldıraraq bütün heyvanların başa düşdüyü şən nəğmə oxuyurdu: «Bayram edin, şənlik edin, bir-birinizlə oynayın, baharı nəğmə və rəqslərinizlə salamlayın!» Ona cavab olaraq aslanlar həyəcanla nərildəyir, qartallar hayqırır, quşlar yuvalarında qaqqıldaşır və civildəşir, camışlar böyürür, qəşəng və zərif xallı marallar isə onu əsə-əsə, yaşlı gözlərilə müşayiət edirdilər.
Bu nəhəng heyvan heç kəsi basıb əzməmək üçün yavaş-yavaş və nəzakətlə heyvanxanadan çıxdı, bağın açıq qapılarına tərəf getdi. Bu zaman yasəmənlər çiçək açmışdı. Onun zərif və xoş iyi insan və heyvanları məst edirdi. Amma ağıllı Zembo ona xas olan mülayim ehtiyatlılığı tərk etmirdi. O, yolu zəncir kimi bağlayan qara xallı, qırmızı rəngli böyük bir cücü dəstəsinin üstündən elə alicənablıqla addımladı ki, birini də əzmədi. Bağın qapısında kassir qıza rast gəldi, dayanıb mərifətlə ona yol verdi və salam əlaməti olaraq onun üzünə elə üfürdü ki, qızı çaşdırdı və yeni modla daranmış saçını pırtlaşdırdı.
Fil gəzmək fikrində idi. O, qorodovoy[24]24
Çar Rusiyası dövründə Rusiya imperiyasında aşağı rütbəli şəhər polis məmuru.
[Закрыть] budkasına yanaşdı (o zaman Moskvada qorodovoylar üçün meydanlarda budkalar düzəldirdilər, buna görə də çox zaman qorodovoyları budkaçı adlandırardılar). Budkanın açıq pəncərəsindən dinc və sakit həyat əlaməti olan çörək, çay, tənbəki və şərab iyi gəlirdi. Zembo sadədillik və özünəməxsus məharətlə xortumunu pəncərədən içəri soxub, stolun üstündən Filippov çörəyini[25]25
Çar Rusiyası dövründə Moskvada Filippovun mağazalarında satılan çörək növü.
[Закрыть] götürüb uddu.
Onun sonrakı macəraları o qədər də dəqiq deyildi. Deyirdilər ki, Tverski bulvarında tələbələr ondan qorxub dəstə ilə qaçmışlar; deyirlər o, bir balaca qızı qaldırıb öz belində oturtmuşdur, bundan sevinən qız qəhqəhə çəkib gülürmüş; deyirlər ki, xortumunu gimnaziyanın hazırlıq kursunda oxuyan bir uşağın belinə məharətlə dolayıb, onu cökə ağacının lap zirvəsinə qoyub, bundan da oğlan həddindən artıq ləzzət alıb; deyirlər ki, o, cavan bir ağacı kökündən çıxarıb, onu özünə yelpik eləyib… Bəlkə də bunların hamısı düzdür, ola da bilər ki, düz deyil. Onların doğru olub-olmadığına aid mən bir söz deyə bilmərəm.
Lakin filin qeyri-adi gəzintisi haqqında artıq polisə xəbər verilmişdi.
Tverski polis dəstəsi bütünlüklə filin olduğu tərəfə qaçırdı. Heç bir kəsə zərər verməyən yazıq Zembonu yanğın nasosu ilə sulamağa başladılar. Buna Zembo çox sevindi, çünki onun çimməkdən xoşu gəlirdi. O, səmimi bir sevinclə gah sol tərəfə, gah sağ tərəfə çevrilir, xırdaca gözləri xoşhallanaraq qıyılırdı. «Nə gözəl gündür, nə yaxşı havadır… duş altında çimməyə də ki, söz ola bilməz!» – deyə Zembo sadədilliklə öz-özünə danışır, xortumunu gah açır, gah da yığırdı.
Filin ətrafında toplaşan camaatın sayı get-gedə artırdı. Zembo narahatlıq hiss etməyə başladı. Birdən camaatın içindən qara sürtuk geymiş və başında qara işıldayan şlyapa olan bir cənab çıxdı, qabağa gəldi. Zembo onu çoxdan tanıyırdı və ona mehriban münasibətinə görə mərhəmət göstərirdi; bu, heyvanat bağının direktoru idi. O, əlində elə böyük bir bulka tutmuşdu ki, fil ömründə bu boyda bulka görməmişdi. Həmin bulkadan olduqca ətirli istiot və tünd rom[26]26
tünd spirtli içki növü
[Закрыть] iyi gəlirdi.
– Aha, Zembo, – deyə direktor hiyləgərcəsinə danışaraq, bulkadan kəsdiyi böyük parçanı filə sarı uzatdı.
Zembo, nəhayət, bulkanı yeməyi qərara aldı, direktorun ona tərəf uzatdığı bulka parçasını uddu və minnətdarlıq əlaməti olaraq başını yellədi: «Nə yaxşı dadlı şeydir, – dedi, – mən ömrümdə belə şey yeməmişəm». O, bulkanın ikinci parçasını direktorun əlindən alıb yemək üçün otuz addım getməli oldu, üçüncü parça üçün küçəni keçdi, dördüncü parça isə onu aldadıb pəncərəsiz və qapısız uzun, dar bir keçid yoluna gətirib çıxartdı. Burada o, təəccübdən hələ özünə gəlməmiş hiss etdi ki, xortumu, boynu, ayağının dördü də tutulub polad zəncir və kəndirlə bağlanır. O, yerə yıxıldı. Beş cüt dəli və köpüklənmiş at dartıb onu yenə küçəyə çıxartdı. Yüzlərlə adam, onlarla at onu ayağa qalxmağa məcbur etdi. Fil tamamilə buxovlanmış və qüvvədən düşmüş halda insanların iradəsinə tabe olaraq öz həbsxanasına qayıtdı. Lakin indi qəfəsin dəmir milləri əvvəlkindən iki dəfə yoğun idi, həm də onu indi bir ayağından deyil, iki ayağından – bir qabaq ayağından, bir də dal ayağından iki ağır, yoğun zəncirlə bağladılar.
Həmin gündən başlayaraq Zembonun xasiyyətindəki mehribançılıq, mərhəmət, nəzakət hissləri yox oldu, onda ancaq qəzəb və intiqam hökm sürürdü. İndi o, əsl mənada təhlükəli idi. Onun qızarmış xırdaca gözləri dəlicəsinə alışıb-yanırdı. Gündüz və gecə, demək olar ki, arasıkəsilmədən nərildəyirdi. Bütün heyvanxana susaraq, dəhşətlə qəzəbli şahın səsinə qulaq asırdı. Zembonun qəfəsi yerləşən binaya tamaşaçı buraxılmırdı, çünki adamları görəndə o daha çox qəzəblənirdi. Təkcə Məmət Kamafutdinov ona yem və su vermək üçün oraya girməyə cəsarət edirdi. Lakin onların arasındakı dostluq da pozulmuşdu. Fil ancaq Məmətin gəlişinə nifrətlə dözür, onun bütün zərif, həssas və inandırıcı sözlərinə: «Çıx get, işini gördün, çıx get, səni görmək istəmirəm; sən də adamsan!» – deyə cavab verirdi.
Zembonun hirsi gündən-günə artırdı. Heç bir şey kömək etmirdi: nə soyuq duş, nə boynunun altına qoyulan buzlu torba, nə suya qatılmış brom[27]27
Əsəb sistemini sakitləşdirmək üçün istifadə edilən dərman.
[Закрыть] təsir göstərə bilirdi. Bir dəfə günün isti vaxtında fil, nəhayət, dal ayağına bağlanmış zənciri divara bəndləyən böyük bir halqanı yerindən oynadıb qoparmağa müvəffəq oldu. Qorxuya düşmüş Məmət qaçıb bu barədə rəisinə xəbər verdi. Bir neçə dəqiqədən sonra qəfəsin önündə çoxlu adam toplandı. Fil xortumunu dəmir dirəklərə dolayıb, nəhəng bədənini sol tərəfə əyərək, sağ ayağını divara bəndləyən ikinci halqanı qoparmaq üçün bərk əlləşirdi. Boru vasitəsilə elə o saat onu suladılar: bu bir dəqiqəliyə onu sakitləşdirdi. O, xortumunu dirəkdən çəkdi, yekə qulaqlarını şəkləyib, diqqətlə və kinli-kinli adamlara baxırdı.
– Daha başqa çarə görmürəm, – deyə növbətçi mal həkimi elə o saat çox məharətlə əlindəki bulkada kiçik bir deşik açdı, şəhadət barmağı ilə həmin deşikdən cəld bulkanın demək olar ki, tamam yumşaq hissəsini çıxartdı. Sonra həmin deşikdən bulkanın içinə təxminən dörddə bir girvənkə kalium sianid[28]28
Kəskin zəhərli maddə.
[Закрыть] maddəsi tökdü, deşiyin ağzını örtdü və bulkanın üstünə şərabla qarışdırılmış patka[29]29
Tam şəkərləşməmiş nişastadan ibarət mürəkkəb maddə.
[Закрыть] tökdü.
Heyvanat bağının direktoru Məmətə müraciət edərək:
– Di, yazıq Məmət, – dedi, – mən bilirəm bu sənin üçün çox ağırdır, amma nə eləmək olar. Al bu bulkanı, get fili axırıncı dəfə yedirt.
– Axı, cə-cə-nab! Allahın köməyilə fil yaxşılaşar. Axı nə-nə üçün? – deyə direktora cavab verdi, eyni zamanda onun qoca, qırxılmış, qırışıq üzü ilə göz yaşları axmağa başladı.
– Yeri, yeri. Ürəyiyumşaqlığın mənası yoxdur.
Fil bulkanı tez almadı. İnamsızlıqla xeyli onu iylədi, lakin sonra aldı. Hər tərəfdən kodakların[30]30
O zaman geniş yayılmış, sadə quruluşlu fotoaparat.
[Закрыть] şaqqıltısı eşidilirdi, kinoaparatlar işə düşmüşdü. Zembo dörd dəqiqəyə qədər hərəkətsiz dayandı, sanki nəyə isə təəccüb edirdi. Sonra birdən o, bərk bağırdı. Bu ümidsizlik, ağrı və ölüm bağırtısı idi.
O, xeyli yırğalandı. Ağırlığını gah qabağa, gah da dala salırdı. Sonra birdən qabaq ayağına bağlanmış zənciri və divardan qoparılmış yarımarşınlıq dəmirlə halqanı çəkərək sol böyrü üstə yıxıldı.
Bununla da filin gəzintisi bitdi.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.