Электронная библиотека » Александр Куприн » » онлайн чтение - страница 4

Текст книги "Filin seyrə çıxması"


  • Текст добавлен: 27 октября 2022, 17:20


Автор книги: Александр Куприн


Жанр: Детская проза, Детские книги


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 4 страниц)

Шрифт:
- 100% +

Zavirayka

Arapov mahir bir ovçu idi, həm də ov zamanı yaxşı yoldaş idi…

Qış sona çatırdı. Uzaqlardan baharın nəfəsi duyulurdu. Mən Arapovla bir yaz səhəri qərarlaşdıq ki, dovşan ovuna gedək. Bəlkə də bu (gələn payıza kimi) son ovumuz idi. Zaviray adlı tulanı dəvət eləməyə ehtiyac yox idi. O, həmişəki kimi özünün təmkini və sevinci ilə yanımıza düşüb getdi.

Əlbəttə, kəndin avara itlərinin böyük bir dəstəsi də arxamızca düşdü. Bunların arasında Çubarik, Serko, Kadoşka ilə Barboska, Sultanla Patraşka da var idi. Bir sözlə, ova mane ola biləcək itlərin hamısı buraya yığılmışdı.

Təkcə Zavirayka yorulmaq bilmədən və böyük bir enerji ilə işləyirdi. Müstəqil həyət itləri özləri ov edirdilər. Onlar kirpi, köstəbək və siçan yuvalarını qoxulayır, pəncələri ilə oranı eşələməyə çalışır, təzə quş və dovşan izlərini iyləyib hürürdülər. Bir az keçmiş biz onları qovduq və onlar tamam gözdən itdilər.

Amma biz həmin gün bir dəfə də olsun heç dovşanın quyruğunu da görmədik. Bütün tarlalar, çəmənlər, meşədən keçən cığırlar dovşan izi ilə dolu idi, onlar bu yerləri sağa-sola ayaqlayıb keçmişdilər, lakin bu izlərin təzə və ya köhnə olmasını müəyyən eləmək heç mümkün deyildi. Zavirayka burnu ilə qarı eşələyir, daima var qüvvəsilə fınxırırdı. O izi buraxıb, yenə də ora qayıdırdı, yenidən iyləyir, sonra yanımıza qayıdaraq açıq kürən gözlərini bizə tərəf zilləyirdi. O sanki bizə deyirdi: «Yaxşı, nə oldu, dovşan ovuna gedək, ay ağıllı, odlu-alovlu insanlar, hanı dovşanlar, dovşanlar haradadır?!».

Biz xeyli uzaqlaşmışdıq. Qaranlıq düşməyə başlamışdı. Yumşaq qar keçə çəkmələrimizə yapışırdı, çəkmələrimiz islanmışdı. Evə qayıtmağı qərara aldıq. Sağlıqla qalın, dovşanlar, gələn payızda görüşərik! Zaviray pərt halda qabaqda gedirdi.

Meşədən çıxıb örüşə çatanda həmişə olduğu kimi bütün həyət itləri gəlib bizi tapdılar. Onlar çətin yeriyirdilər. Yumşaq qar koma-koma olub ayaqlarına yapışırdı, onlar hər dəqiqə dişləri ilə ayaqlarından qarı təmizləməli olurdular.

Biz, demək olar ki, evə gəlib çatmışdıq, birdən qaralmış göydən səssizcə iri qar lopaları tökülməyə başladı. Bir neçə dəqiqə ərzində yağan qar bütün izləri – dovşan, adam, kirşə izlərini örtdü. Qar tez kəsdi.

Evdə mən paltarımı dəyişdim. Axşam yeməyinə yarım saat qalırdı. Qədim bir kitaba baxırdım.

Pəncərəmi döydülər. Başımı pəncərənin şüşəsinə söykəyib küçəyə baxdım. Arapovu gördüm. O, həyəcanlı halda məni küçəyə çağırdı.

Arapov çox narahat idi:

– Xahiş eləyirəm… Mən bilmirəm bu Zaviraykanın başına nə gəlib. Qış olmasa idi, deyərdim qudurub. Bir baxın görün buna nə olub.

Zaviray uzaqdan məni görən kimi üstümə atıldı. O mənim çiynimə tullanır, kürkümün ətəklərini didir, qabaq ayaqlarını qara dirəyərək, başını yırğalaya-yırğalaya məni dartırdı.

– Mənə belə gəlir ki, Zaviray canavar hiss eləyib, – dedim. – Dayanın, tüfəngi iriqırmalı güllələrlə doldurum, gedək görək Zaviray bizi hara aparır.

Zaviray tüfəngi görən kimi sevincindən atılıb-düşməyə başladı. O qabağa qaçdı. Lakin həyətdən çıxan kimi dayandı, səbirsizliklə quyruğunu bulaya-bulaya bizi gözləməyə başladı. Biz onun arxasınca gedirdik. Görünür, o, yolu yadda düz saxlamışdı. Bu bizim bir qədər bundan əvvəl ovdan gəldiyimiz yol idi. İndi isə təzə yağmış qardan təmiz və hamar görünürdü.

Arapov mənə müraciət edərək:

– Dayanın, – dedi, – Zavirayı tutub bir qədər saxlayın. Mən izləri yoxlayım.

Bir neçə dəqiqədən sonra məni səslədi:

– Lap beş barmağım kimi məlumdur! Zavirayın izləri o tərəfə getdiyini və geri qayıtdığını açıq göstərir. Belə məlum olur ki, evə qayıdandan sonra o, haraya isə gedib sonra yenə geri qayıdıb.

Əlbəttə, Zavirayı narahat edən canavar olmamışdır, yoxsa o zingildəyərdi. O gedir, biz onun dalınca yolumuza davam edirdik. İndi Zaviray bizi arxasınca, sakit və inamla aparırdı. Çox yaxşı başa düşürdü ki, biz onun sözünə baxırıq.

Beləliklə, beş-altı verst yol getdik, nəhayət, uzaqdan nazik, sakit, şikayətli bir zingilti eşitdik. Biz hər addım atdıqca bu səs daha aydın eşidilirdi. Sonra tam yəqin etdik ki, bu zingildəyən balaca bir itdir. Bir az keçmiş dumanlı ayın yarım qaranlıq işığında biz kiçik bir qar təpəciyi gördük. Zavirayka böyük cidd-cəhdlə qar təpəciyindən bizim yanımıza, sonra da oraya qaçır, şadlıqla hürürdü. Biz təpəyə yaxınlaşanda yazıq, uğursuz Patraşkanı gördük. Məlum oldu ki, o, Borodin kəndlilərinin dovşan tələsinə düşüb.

Əlbəttə, dovşan tələsi itin ayağını sındıra bilməzdi. Qar ərgin olmasaydı, bəlkə də Patraşka elə tələ ilə sürünüb evə qayıda bilərdi. Lakin ayağa yapışan, sulu, yumşaq qar Patraşka yeridikcə tələyə yığışıb böyük topaya çevrilib ki, bunu da balaca bir it yerindən tərpədə bilməzdi.

Patraşkanı tələdən azad elədik. O, bir qədər axsaya-axsaya zingildəyir, bizim arxamızca evə doğru sürünürdü!

Zavirayka bütün yol boyu rahat ola bilmirdi, şadlığından arasıkəsilmədən hürürdü. O, qabaq ayaqlarını qaldırıb gah mənim, gah Arapovun üstünə atılır, bütün qüvvəsilə dodaqlarımızı yalamağa çalışır, elə o saat da geriyə, quyruğunu, başını yalamaq üçün Patraşkanın yanına qaçırdı. Sevimli, təmənnasız it şadlığı!

Axşam yeməyi zamanı, süfrə başında biz bu hadisədən çox danışdıq. Qəribədir: biz insanlar, kainatın sultanı olduğumuz və minəcən saymağı bacardığımız halda itlərin içində Patraşkanın yoxa çıxdığını başa düşmədik, amma Zavirayka, adi bir köpək evə gələn kimi itin birinin çatışmadığını hiss elədi.


Страницы книги >> Предыдущая | 1 2 3 4
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации