Текст книги "İzabel üçün mandala"
Автор книги: Antonio Tabukki
Жанр: Классическая проза, Классика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Bəstəboy, enlikürək bir adam idi. Görünüşündən kəndliyə oxşayırdı. Baxanda heç vaxt deməzdin ki, həmin o nəfis yazıçıdır. Ancaq yazıçılar həmişə belə – aldadıcı olurlar. Biz bu yeməkxananın ən ucuz yeməklərindən birini – yumurta çırpılmış ət yeyirdik. Yazıçı bizdən onların masasına keçmək istəyib-istəmədiyimizi soruşdu. Beləcə, boşqablarımızı götürüb onların masasına adladıq. Almanaquenin işçiləri “cavanlar yaxşı qidalanmalıdır” deyib bizə ördəkli plov təklif etdilər. Sonra yazıçı əcnəbi ilə birlikdə Vittorini[13]13
Elio Vittorini (1908–1966), tanınmış italyan yazıçısı, neorealist
[Закрыть] və italyan neorealizmi barədə söhbət etməyə başladı. İzabel də ara-sıra nəsə deyirdi. O, “Uomini e no”nu[14]14
“İnsanlar və insan olmayanlar” (ital.) – E. Vittorininin məşhur romanı
[Закрыть] oxumuşdu və italyan müqavimət hərəkatına heyran idi. Bax, indi yaxşı xatırlayıram: İzabelin oğlan dostu, həqiqətən də, ispan idi. Bütün görünüşündən andaluziyalılıq yağırdı. Qaraçılar, ya da ispan yəhudiləri kimi zil qara saçları, sivri burnu vardı. O, portuqaliyalı qızlara “gənəciyəzlər” deyirdi və yazıçı da fürsəti göydə qapıb söhbəti burjuaziyanı gənə, daha doğrusu, həşərat adlandıran Sa-Karneyruya[15]15
Mariu de Sa-Karneyru (1890–1916) – portuqaliyalı şair və mütəfəkkir
[Закрыть] doğru yönəltdi. Beləcə, axşam görüşü həşəratlar barədə söhbətlə tamamlandı və jurnalın redaktorlarının hər biri həşəratlar üçün fərqli kateqoriyalar tapdı. Sən demə, radioda futbol yarışlarını izləmək həşəratlıq idi. Bazar günü çimərliyə yollanmaq həşəratlıq idi. Qurudulmuş treska yemək həşəratlıq idi. Etiraf etmək həşəratlıq idi. Tünd rəngdə geyinmək həşəratlıq idi. Tezdən oyanmaq həşəratlıq idi. Bahalı restoranlarda şam etmək həşəratlıq idi. Gündəlik tutmaq həşəratlıq idi. Və sair və ilaxır. Bir sözlə, əsl həşəratlıq gecəsi yaşadıq.
Restorandan çıxanda İzabel birdən hansımızın daha çox həşərat olduğunu soruşdu. Dərhal “mən” deyə cavab verdim. Çünki doğrusu bu idi. Adətlərə, ənənələrə olan bağlılığımla daha çox burjua sayıla bilərdim. İzabel artıq öz yolu ilə gedirdi. O, demək olar ki, əcnəbiləşmişdi. Artıq onu tanıya bilmirdim. Sanki mənim üçün də əcnəbiyə çevrilmişdi. Bəlkə, daha bir-birimizə söyləyəcək heç nəyimiz qalmamışdı?
Yaşadığı sevgi hekayətini də mənə özü danışmadı. Artıq dediyim kimi, onu universitetdə gəzən dedi-qodulardan öyrəndim. Məncə, bunların hamısı yalan idi. Dedi-qodu həmişə olurdu, ancaq həmin dəhşətli illərdə onlar daha şiddətli şəkildə dolaşırdı. Görünür, ispan tələbə hansısa polyak yazıçının dostu imiş və onu da İzabelə təqdim edibmiş. Aralarında bərk dostluq yaranıbmış. Bu, üçlüyün dostluğu idi. Ancaq məncə, bu münasibət dostluqdan kənara çıxmamışdı. Uzun sözün qısası, Eriseyradakı piknikləri, həşərat olmamaqdan ötrü Teju çayı ilə bərədə bazar günü istirahətləri və bu qəbildən olan digər şeyləri, məncə, İzabel bilavasitə həşərat olmamaq üçün, özünü olmaq istədiyi, ancaq bəlkə də, ola bilmədiyi azad qadıntək göstərmək istəyindən edirdi… Amma kim bilir? Hər halda, universitetdə bəzi ziddiyyətli şayiələr eşidirdim… Bu şayiələrdən isə belə görünürdü. “Görünürdü” deyirəm, çünki dəqiqliyi ilə bilmirəm. Bunu mənə bir dəfə onu elə də yaxından tanımayan tələbə qız pıçıldamışdı. O qız, yəqin ki, İzabelin özünü həşərat kimi hiss etməmək üçün yanına gedib-gəldiyi balaca bir fanatik, üstəlik də, həmin dövrün bütün kommunistləri kimi “əxlaqçı” idi.
O, bir gün mənə dedi:
– Görünür, İzabel hamilədir. Ancaq bilinmir ki, ispandandır, yoxsa polyakdan.
Sonra da məni inandırmağa çalışdı ki, İzabel kommunistlərə qoşulub, ona görə də daha gözə dəymir. Özü də, deyəsən, Maqda, ya da buna bənzər bir ləqəblə “Avante”yə məqalələr yazdığına görə, demək olar ki, qeyri-leqal həyat yaşayır.
– İzabel Kommunist Partiyasının qəzeti üçün nə yaza bilərdi? – deyə mən soruşdum. – O öz uşaqlığı, mənsub olduğu ailə və indiyə qədər sürdüyü həyatla bağlı ora nə yaza bilərdi ki?
– O, demokratik gənclik üçün çağırışlar yazır, – deyə bu dəli qız mənə cavab verdi. – O bizim qəzetin ən böyük ideoloquna çevrilib. Məqalələri qamçılayıcı, çağırışçı mitinqlərə səsləyir. Sənin rəfiqən böyük şəxsiyyətdir. İndi isə başı bəladadır.
Ancaq İzabel artıq mənim diqqətimdən yayınmışdı. Onun barəsində mənə ara-sıra xəbər gətirən də həmin kommunist qız idi. Sonradan o, azadlıq hərəkatı sıralarında döyüşmək üçün Anqolaya yollandı və bir daha görünmədi. Artıq heç adını da xatırlamıram, deyəsən, Fatima idi. O vaxt o mənə dedi:
– Bilirsən, İzabel abort elətdirməyi qərara alıb. Dayəsindən, bir də bizdən – yoldaşlarından başqa hamı onu atıb. Ancaq dayəsi bu xoşagəlməz əhvalatdan xəbərsizdir.
Mən də ona dedim:
– Gözəl qız, mənə elə gəlir ki, sən bir qədər başdan xarabsan. İzabeli səndən yaxşı tanıyıram və mənə danışdığın bütün bu cəfəngiyyat da, görünür, yaşadığın o qeyri-leqallıqdan gəlir. Bil ki, İzabelin heç bir qeyri-leqal ruhu-filanı yoxdur və bütün işlərini aydın gün işığında görüb. Ona görə də sürüşün bu ölkədən… Sən də, elə sənin partiyan da…
Sonra İzabeli bir daha görmədim. Ancaq o kommunist qızla bir müddət sonra yenidən rastlaşdıq və o mənə dedi:
– İzabel depressiyadadır, görünür, problemləri onu depressiyaya salıb. Səs-səmiri gəlmir. Yəqin ki, şimaldakı kiçik şəhərlərdən birinə köçüb… Sən bilmirsən onu necə tapmaq olar?
– Onu Amarantedəki nömrəsi ilə axtardım, – dedim. – Ancaq mənə dayəsi cavab verdi, İzabel yox idi. Onun harada olduğunu da bilmirdi. Sonra dayəsi mənə dedi ki, Monika, əzizim Monika, İzabel haqqında bir şey öyrənə bilsən, mənə xəbər ver. Çox narahatam. Polisə xəbər vermək istəyirdim, ancaq tanımadığım dostları mənə zəng edib tapşırdılar ki, o hətta sağ olmasa belə, polisə xəbər verməyim. Görünür, nəsə ölüm-dirim məsələsidir. Dərd içindəyəm, İzabelimin səsini eşitmək istəyirəm. Haralarda dolaşdığını, nə ilə məşğul olduğunu bilmirəm. Hiss edirəm ki, ölümüm yaxınlaşır…
O telefon söhbətindən sonra sanki mən də özümü ölü kimi hiss edirdim. İzabelə nə olmuşdu? O hara yoxa çıxmışdı? Niyə görünmürdü? Bir də ki, kommunist qızın mənə söylədikləri doğru idimi? Əgər doğru idisə, bu o deməkdir ki, İzabelin ona kömək edəcək, ona həyan olacaq, təskinlik sözləri söyləyəcək birinə ehtiyacı var. Və bunu etmək iqtidarında olan yeganə şəxs mənəm. Mən onu uşaqlıqdan tanıyan ən sadiq və köhnə rəfiqəsi idim. Bütün olub-keçənləri, dostluğumuzu, Amarantedəki yay günlərini, qurbağaları heç unutmaq olardımı?
Mən bundan sonra onun izinə düşüb axtarmağa başladım. Bir ara Afrikaya yollanmış kommunist yoldaşlarından biri ilə əlaqə yaratdım. Bu, heç vaxt dərslərə gəlməyən, gününü yeməkxanada keçirən, təhsildən yayınan, dazbaş cavan bir oğlan idi. Qeyri-leqal fəaliyyət göstərirdi və bu o dərəcədə aşkar görünürdü ki, siyasi polisin onu hələ də faş etmədiyinə məəttəl qalmışdım. Əslində, özünü məlumatlı aparan siyasi polis o qədər səfeh idi ki, universitetə nəzarət edə bilmir, dazbaş hər dəfə onları aldadıb aradan çıxırdı.
Bir gün onu yeməkxanada yaxaladım. Arxasına keçib, sanki öz-özümlə danışırmış kimi dedim:
– Mən İzabelın rəfiqəsiyəm, başına nə iş gəldiyini bilmək istəyirəm.
Həmin vaxt biz yemək götürüb məcməyiyə qoymaq üçün sıraya düzülmüşdük. O heç halını da pozmadı. Görünür, qeyri-leqal həyata adət etmiş biri idi. Bizə xidmət edən qadına tərəf çevrilib dedi:
– Treskadan xoşum gəlmədi, mənə göyərtili xek ver.
Sonra da, sanki ofisiantla danışırmış kimi sözünə davam etdi:
– İzabelin bəzi psixoloji problemləri var, gizli bir yerdədir. Səni onunla görüşdürə bilmərəm, təəssüf edirəm.
Yeməyimi götürərək “Get sikdir” deyə ona cavab verdim. Bu, İzabel barəsində eşitdiyim sonuncu sözlər idi. Çünki bir həftə sonra çoxlu oxucusu olan səhər qəzeti “Diariu di Noticiaş”da elan dərc olundu. Orada yazılırdı: “İzabel Keyroş Montenin dostları bildirirlər ki, Tanrı öz iradəsi ilə istəkli qızı İzabeli ilahi hüzuruna aparmışdır. Bu münasibətlə sabah – aprelin 18-i, saat 11-də Kaşkayşdakı[16]16
Lissabon dairəsinə daxil olan məşhur rayon
[Закрыть] Enkarnasau kilsəsində yeddinci günün ayini icra olunacaq”.
Ertəsi gün Kaşkayşa getdim. Möhtəşəm bir gün idi. Körfəz boyu piyada addımlayaraq bir kafenin qarşısında ayaq saxladım. Vaxtından əvvəl gəlmişdim və bir qədər gözləməli idim. Körfəz reqata yarışları üçün hazır olan yelkənli qayıqlarla dolu idi. Dənizin bütün əyri sahili boyunca gəzişdim. Bir siqaret yandırıb İzabel haqqında düşündüm. Özümü ruhən hazırlayıb bütün Kaşkayşın gözəl panoraması açılan kiçik bir kilsəyə – Enkarnasauya gəlib çıxdım. Kilsənin qarşısında arabasında dəniz məhsulları satan bir balıq alverçisi var idi. Aldım və daş skamyanın üstündə oturub gözlədiyim zaman yeməyə başladım. On birə on beş dəqiqə qalmışdı. Hələ ki, heç kim gözə dəymirdi. Aldığım dəniz məhsullarından yeyə-yeyə bir qədər də gözlədim. Sonra kilsəyə girdim. Enkarnasau kilsədən daha çox dənizçilərin ibadətgahına bənzəyirdi. İçəridə qədimi əhdlər var idi. Kürsüdə isə hansısa bir dənizçinin səyahət zamanı çəkdiyi Məryəm ana surəti ucalırdı. Dua üçün diz çökülən yerdə rahatlaşıb gözləməyə başladım.
Saat on birdə iki xidmətçi uşağın müşayiəti ilə gələn icma keşişi ayinə başlamazdan əvvəl mənə müraciətlə dedi:
– Bu dualar Tanrımızın öz dərgahına apardığı əziz bacımız İzabel üçün yeddinci günün ayinidir.
Ayindən sonra geyim otağında özümü ona yetirib:
– Müqəddəs ata, – dedim, – mən İzabelin köhnə rəfiqəsiyəm. Onun necə öldüyünü bilmək istəyirəm.
O, təəccüb yağan iri gözlərini mənə zilləyərək cavab verdi:
– Bunu heç özüm də bilmirəm. Mən, sadəcə, yeddinci günün ayinini oxumaq tapşırığı almışam, ancaq kimin öldüyündən xəbərim yoxdur.
– Harada dəfn olunduğunu da bilmirsiniz? – deyə soruşdum. – Onun bu dostları kimdir?
– Bilmirəm, – o dedi. – Həqiqətən, bilmirəm.
– Bəs siz İzabeli tanıyırdınızmı? – deyə soruşdum.
– Əlbəttə, tanıyırdım, – o cavab verdi. – Mən onu uşaqlıqdan tanıyırdım. Bir də… Son zamanlar o bura tövbə etməyə gəlmişdi.
– Bəs o sizə nə söylədi? – deyə soruşdum.
– Qızım, bunu sənə deyə bilmərəm, bu, etiraf sirridir.
– Yaxşı, siz onun necə öldüyünü, cəsədinin harada olduğunu bilirsinizmi? – deyə bir daha soruşdum.
O, boynundakı stolanı[17]17
Katolik ruhanilərinin ibadət zamanı boyunlarına keçirdiyi şərf (lat.)
[Закрыть] çıxarıb ümidsizcəsinə üzümə baxdı.
– Bilmirəm, – deyə cavab verdi, – heç nə bilmirəm. Mənə öldüyünü demişdilər, inanmışdım. Onun bəzi universitet yoldaşları zəng etdilər və yeddinci günün ayini üçün bir qədər sədəqə verdilər. Ancaq mən İzabeli ölü görməmişəm. Harada dəfn olunduğunu da bilmirəm. Dostları bunu bildiyi halda, məndən niyə soruşduğunu anlamıram. Məgər sən onun rəfiqəsi deyilsən?
– Rəfiqəsiyəm, – deyə cavab verdim. – Ancaq, Müqəddəs ata, son zamanlar İzabel bəzi şübhəli insanlarla dostluq edir, əlaqə saxlayırdı. Siz bu ölkədə işlərin necə getdiyini özünüz də yaxşı bilirsiniz… Ona görə də mən heç nə öyrənə bilmədim.
Kilsədən çıxaraq Kaşkayş körfəzinə gəldim. Günortadan keçmişdi, aprel ayının istisi ətrafa qığılcım saçırdı. Bir restoranda ayaq saxlayıb qrildə balıq sifariş etdim. Ofisiant balığı gətirdi və Boca du İnfernuya[18]18
Cəhənnəmin cəhəngi (port.) – Kaşkayş yaxınlığındakı sahil qayalarında məşhur uçurum
[Закрыть] qədər turist gəzintisinə çıxıb-çıxmayacağımı soruşdu.
– Turist gəzintilərini xoşlamıram, – deyə cavab verdim.
İzabel barədə daha heç nə öyrənə bilmədim. İntihar etməsi haqqında şayiələr gəzirdi, ancaq bütün bunlar onunla bağlı məndən heç də çox bilməyən şəxslərə aid etibarsız pıçıltılar idi. Dazbaş yoxa çıxmışdı, kommunist qız isə, öncə dediyim kimi, Anqolaya getmişdi.
– Sizə bundan artıq nəsə söyləyə biləcək yeganə insan, əgər hələ sağdırsa, onun dayəsi, Bi deyilən Brijida Teyşeyra hələ də köhnə ünvanında, Travessa da Palmeyrada yaşamalıdır, nömrəsini bilmirəm, ancaq yoldan keçənlərin hamısı onu sizə nişan verər. Bir də deyirəm, əgər hələ sağdırsa… Sizə söyləyəcək başqa sözüm qalmadı.
İkinci dairə. Bi. Lissabon. Yönüm
Mən sizi Amarantedəki evdə heç zaman görməsəm də, İzabellə tanış olduğunuzu təkid etdiyinizə görə, düşünürəm ki, onunla sonralar – o artıq bir qadın olduğu zaman tanış olmusunuz. Hərçənd o mənim üçün heç vaxt qadın olmayacaq… Doğma balam kimi qalacaq…
Adım Brijidadır. Brijida Teyşeyra. Ancaq o məni Bi deyə çağırardı. O, balaca ikən çağırdığıtək hər dəfə mənə Bi deməyə davam etdiyi üçün həmişəlik onun “Bi”si olaraq qaldım. Xəstə vaxtlarında, körpə qızcığaz olduğu zamanlarda səsi necə idisə, hələ də qulağımdadır: “Bi, Bi, mən səni istəyirəm, səninlə olmaq istəyirəm… Mən öz Bimi istəyirəm”.
Onda mən nərdivana dırmaşar, ona bir oyuncaq, ya da bir stəkan portağal şirəsi, öz əllərimlə bişirdiyim şirin nəsə gətirərdim. Uşaqlıqdan həmişə xəstə olardı. Astmadan əziyyət çəkirdi. Bu, bir fəlakət idi. Çünki astma müalicə olunmur. O, xəstəlikdən daha çox simptomdur və adama elə gəlirdi ki, daha görüləsi heç bir iş yoxdur.
Anası ümidsizlik içində idi. Sonra mən özüm təşəbbüs göstərərək əmim nəvəsi olan homeopatiya həkiminə müraciət etdim. O, Santa Mariya hospitalında adi həkim kimi çalışırdı. Bacarıqlı bir oğlan idi. Günortadan sonra isə xəstələrini öz üsulu ilə müalicə edirdi. O, İzabeli müayinə edib dedi: “Bu, psixosomatik astmadır. Qızın bəzi psixoloji problemləri var. Nə olduğunu bilmirəm. Sizə psixoloq lazımdır. Bütün problemləri ruhidir”.
İzabel üçün psixoloqluğu özüm etdim. Onu mənim qədər tanıyan birindən, onsuz da, çox şey tələb olunmurdu. O vaxtlar atası burada deyildi. Ümumiyyətlə, o, heç vaxt buralarda tapılmazdı da. Həmişə Parisdə olardı. Bura gələndə də, adama elə gəlirdi ki, fikri haradasa başqa yerlərdədir. İzabel məni təngə gətirirdi: “Bi, atam məktub yazmayıb? Bi, atam zəng etməyib? Bi, atam nə vaxt qayıdacaq?”
İzabel atasına ehtiyac duyurdu. O yaşda olan bütün qız uşaqları atalarını sevdiyi kimi, o da atasına vurğun idi… Zavallı kişi, onu da başa düşmək olardı… Amarantedəki mülkləri gəlir gətirməkdən daha çox ailəni borca salırdı. Parisdəki bir dostu ona Portuqaliya ilə iş birliyi quran fransız idxal-ixrac şirkətinə qatılmağı təklif etmişdi. O da torpağından bir neçə hektar satıb dolanmaq üçün səylə çalışırdı. Atasının yoxluğu hiss olunurdu. Heç İzabelin anası da qızına elə bir dəstək vermirdi. Kilsənin problemləri ilə məşğul idi. O vaxtlar Lissabonun ən varlı kilsələrindən birindəki hansısa bir keşiş faşist kardinalının qanunlarına qarşı çıxmağı beyninə salmışdı. Tanrı onun dadına çatsın və hifz etsin. Bu qanunlara qarşı çıxmaq isə o zamanlar əsl dəlilik idi. Çünki həmin kardinal Salazarla eyni adam demək idi. Bir yerdə böyümüşdülər. Hətta Salazarın özü onun kilsəsinə keşik çəkirdi. Sözsüz ki, xeyirxah, ancaq bir qədər təkəbbürlü insan olan bu keşiş yel dəyirmanları ilə savaşa başlamışdı…
Belə oldu ki, günlərin birində siyasi polis kilsəyə təşrif buyurub keşişə dedi: “Lütfən, ardımızca gəlin”.
Bundan sonra Lissabonun müəyyən dairələrində qarışıqlıq düşdü. Çünki bu keşişə toxunmaq ictimai rəy qarşısında böyük nüfuza malik bəzi katoliklərə toxunmaq demək idi. “Necə olur axı, deyə katoliklər sual edirdilər. Necə olur ki, bunun kimi bir keşiş ikiüzlülərə qarşı kürsüdən nitq söylədiyinə görə həbsxanaya atılır? Bu, İncildə də var”.
Və onun müdafiəsini təşkil etmək üçün komitələr yaratmağa başladılar. Bu komitələrdən birinin başında İzabelin anası dururdu. Bəlkə də, o bu keşişə münasibətdə hansısa zəiflik duyurdu. İnkar etmirəm, hündürboy, yaraşıqlı bir kişi idi. “Yox” deyə bilmərəm. Sifətinin zeytun çaları, qara, brilliantinli saçları var idi. Bir neçə dəfə bizə çay içməyə gəlmişdi və İzabelin anasının bütün diqqəti onda olurdu. O, həbs olunanda senyora bu xəbəri fəlakət kimi qəbul etdi. Ona dedim: “Əziz senyora… Bir nəfər çox, bir nəfər az həbs olunsun, nə fərqi? Penişi həbsxanası siyasi dustaqlarla doludur, bu ölkə yarıhəbsxanadır, əziz senyora, bəlkə, onlar üçün də günahlarını yuyub təskinlik tapmaqdan ötrü bir keşiş lazımdır…” Ancaq o, səbəbini anlamırdı. Bütün günü rəfiqələri ilə, komitə ilə, kilsə rəhbərliyinin katibliyi ilə telefon danışıqları aparırdı… Sonra da… Axşamçağı… Lissabonun eleqant qadınlarının toplaşdığı Dyuk de Lole prospekti tərəflərdəki qadınlar klubunda bitmək bilməyən yığıncaqlar… İzabel bütün axşamları yalnız mənimlə qalırdı. Yatmağa gedərkən qorxduğu üçün onu özüm yatağa aparırdım. Ancaq yuxuya getməkdən ötrü nağıllar və hekayələr istəməzdi. Yeri gəlmişkən, artıq balaca uşaq yox, böyük qız idi… Çox gözəl bir qız… Mənə qəribə şeylər danışırdı. Mənə deyirdi: “Böyüklər həmişə özlərinə sevgili tapırlar… Kim bilir, bəlkə, atamın da Parisdə sevgilisi var. Anam isə özünə ideal bir sevgili tapıb. Ancaq onunla sevişməyə heç vaxt ürək etməz, çünki sevdiyi adam yalnız ikiüzlüləri düşünən bir rahibdir. Məncə, bu rahib kamil surətdə başdan xarabın biridir”. Mən isə ona deyirdim: “İzabel, sənin kimi bir qız bu cür söhbətlər etməməlidir”. O da mənə cavab verirdi: “Bi, sən həmişə bizimlə yaşamısan və mən əminəm ki, heç vaxt bir kişi xeylağı tanıyıb eləməmisən. Heç vaxt sevgilin olmayıb. Ancaq mən vaxtı yetişəndə özümə sevgili tapacağam. Anam onları tanıyan kimi təkəbbürlü bir insan seçəcəyəm. Onu özümə dəlicəsinə aşiq edəcəyəm. Sonra da dərdimdən ölməyə məcbur edəcəyəm”.
Mən ona deyirdim: “Sən mənə belə şeylər danışmamalısan. Sən bir qız uşağısan. Belə söhbətlər böyüklər üçündür, sən isə mənim körpə balamsan, İzabel, belə şeylər barəsində düşünmə”. O isə təkid edirdi: “Doğru deyil, mən artıq böyümüşəm. Bir sevgili tapıb onu dərdimdən ölməyə məcbur edəcəyəm”.
Bax, mənim İzabelim belə İzabel idi.
* * *
O, bütün bunları birnəfəsə söylədi. Sonra susub üzümə baxdı. Yalnız bu vaxt onun xeyli qoca olduğuna diqqət yetirdim. Bu, yaddaşın əldən düşmüş depoziti idi.
– Əziz senyora Brijida, – dedim. – Hekayətiniz çox həssasdır. Yeri gəlmişkən, bilirəm ki, İzabelə qarşı da çox həssas olmusunuz. Ancaq bu mənə bəs etmir, başqa şeylər də bilmək istərdim.
O, şübhəli baxışlarla üzümə baxdı.
– Bilmirəm, bundan artıq sizə nə söyləyə bilərəm, – dedi. – Mən yalnız onun dayəsi olmuşam.
– İzabelin polislə problemlərinin olduğu dayəsinin gözündən yayına bilməzdi, – dedim. – Özü də ağır problemlər… Həm də siyasi polislə…
O daha da şübhəli bir görkəmlə mənə nəzər saldı.
– Bunu sizə kim deyib? – deyə soruşdu.
– Bunu mənə Monika deyib, – deyə cavab verdim.
– Olsun, – deyə fikirli-fikirli söylədi. – Deməli, senyorina Monika… Yaxşı, bəs nəyə görə bunu senyorina Monikanın özündən soruşmursunuz?
– Ona görə ki Monika bu barədə sizdən az bilir, əzizim Bi… Əgər sizi belə çağırmağıma icazə verirsinizsə… Və təkidlə deyir ki, siyasi polis İzabeli axtararkən məhz siz ona qayğı göstərmisiniz.
– Bunu sizə senyorina Monika söylədi? – deyə Bi yenə soruşdu.
– Bunu mənə Monika söylədi, – deyə yenə təsdiqlədim. – İnkar etmək nəyə gərəkdir ki? İnkar etməyin, əzizim Bi, əks halda həqiqəti danmış olursunuz.
– Mən heç nəyi danmıram, – deyə qadın bir yerinə iynə batmış kimi sinirləndi. – Mən İzabelimin mənə ehtiyacı olduğu o anları danmıram.
– Onda mənə həmin anlardan danışın, – dedim.
O, masanın üstündəki qrafindən bir stəkan su süzdü.
– Bir gecə qapımı döydü, – deyə pıçıldadı. – Gecə yarı olardı… Mənə dedi ki, Bi, məni polis axtarır… Yağış yağırdı… Tamam islanmışdı.
Susdu.
– Bəs sonra? – soruşdum.
– Xahiş edirəm, sözümü kəsməyin, – dedi.
İmkan verdim ki, danışsın.
* * *
Yağış yağırdı, saçları yaş olmuşdu, tamam islanmışdı.
– Bel, – dedim, – mənim balaca Belim… Bu polis dediyin nə deməkdir belə?
Ancaq daha heç nə söyləmədi. Və mən dəhlizdə onun dalınca düşüb soruşdum:
– Bu polis nə deməkdir axı? Polis niyə? Sənə nə olub?
O susub durdu. Mən ona isti süd hazırlayarkən təkid etdim:
– Nə törətmisən ki, polis səni axtarır? Bu nə olan işdir? Siyasi məsələdir?
– Sarsaq Bi, – deyə o mənə cavab verdi. – Əlbəttə, siyasi məsələdir. Daha sual vermə, məni axtaran olsa, yoxam. Harada olduğumu da bilmirsən. Olsun ki, kimsə gəlib vasitəçi olduğunu söyləyəcək. Onlar dostlarımdır… Bütün günü bayırda olacağam, ara-sıra yatmağa gələcəyəm.
Ancaq günlərin birində bəzi adamlar gəldi. Siyasi polisdən idilər. Həyasızcasına hər yeri ələk-vələk edib mənə çoxlu suallar verdilər.
– Siz onun harada olduğunu bilirsiniz və bunu bizə deməlisiniz, – deyə mənə əmr etdilər.
– Onu evlərində qulluqçu olduğum zamanlardan tanıyıram və barəsində başqa heç nə bilmirəm, – deyə cavab verdim.
– Bəs burada kim yatır? – deyə İzabelin yatdığı otağı göstərərək soruşdular.
– Orada rəfiqəm Mariya da Konseysau yatır, – yalandan dedim. – Əvvəllər varlıların evində qulluq etmiş bir şirniyyatçı idi, indi təqaüddədir.
Beləcə, həmin axşam İzabel qayıdanda ona hər şeyi danışdım. O, evdə saxladığı və xoşbəxtlikdən polisin tapa bilmədiyi kiçik bir torbanı götürdü. Zənnimcə, içərisində kitablar və manifestlər var idi.
“Vasitəçilərdən kimsə məni axtararsa, etibarlı rəfiqələrimdən birinin yanına getdiyimi söyləyərsən” deyib məni öpdü və yola düşdü. Sonra onu bir daha görmədim.
* * *
Nəfəsini dərib sudan bir stəkan da süzdü.
– Onu bir daha görmədim, – deyə təkrar etdi.
– Ola bilər, – dedim. – Ancaq qəzetdəki nekroloqu görməmiş olmazsınız. Ola bilməz ki, sizə bu barədə kimsə xəbər verməsin.
Qoca Bi eynəyinin üstündən mənə çəpəki nəzər saldı.
– Hansı nekroloqdan danışırsınız? – soruşdu.
– Kaşkayş kilsəsindəki yeddinci günün ayininə dəvət edən nekroloqdan, – deyə cavab verdim.
– Bunu da sizə senyorina Monika deyib?
– Həmin gün Monika ora getmişdi, ancaq heç kim yox idi. Dediyinə görə bu, şit bir zarafat imiş… Qəzetlərdə bu cür oyunlar çıxaran başdanxarablar həmişə tapılar. Deməli, İzabel intihar etməyib, – dedim.
– Bu nə fikirdir? – o dedi. – Mənim balaca Belimin özünə əl qaldıracağını necə ağlınıza gətirə bilərsiniz? Onda olan bu xasiyyətləmi?
– Bəs elə isə?
– Nə elə isə? – soruşdu.
– Elə isə o hara yoxa çıxıb?
Bi qollarını yanlara açdı.
– Tale hara aparıbsa, ora, – dedi.
– Ancaq siz onun izinə bələdsiniz və harada olduğunu da bilirsiniz, – dedim.
– Kaş ki biləydim, – deyə o ah çəkdi.
Sonra əlavə etdi:
– Bağışlayın, senyor, yəni siz inanırsınız ki, hətta nə isə bilsəydim belə, onu sizə – heç vaxt görmədiyim, tanımadığım bir adama söyləyərdim? Bir də ki… Niyə onunla bu qədər maraqlanırsınız ki?
– Bu, şəxsi məsələdir, – deyə cavab verdim. – Başa salmaq uzun çəkər.
Mənə elə gəldi ki, həmin an ölü bir nöqtəyə gəlib çıxmışdım. Bi anlamırdısa, təkid etmək əbəs idi. Anlasaydı da, təkid etmək yenə də mənasız olacaqdı. Bu qadın neçə il sonra onun evinə gəlmiş yad bir adama öz Beli barədə heç vaxt məlumat verməzdi.
Onda dedim:
– Monika çox şeyi bilmir, o vaxtlar o, İzabelə, demək olar ki, baş çəkmirdi. Ancaq siz, əzizim Bi, İzabel evinizdə gizləndiyi zamanlarda onun kimlərlə görüşdüyünü, şübhəsiz, bilirdiniz.
– Vasitəçi ilə, – deyə o, dərhal cavab verdi. – Bura vasitəçi gəlirdi.
– Kim idi bu vasitəçi? – deyə soruşdum. – Nə görkəmdə adam idi?
– Yad bir adam idi, – o dedi.
– Əlbəttə, – dedim, – yad adam… Ancaq İzabel sizdə qalan günlərdə o vasitəçini artıq tanımalı idiniz.
– Fikri boşluqlarda dolaşan kimi görünürdü. Onu bilirəm ki, musiqiçi idi, – deyə cavab verdi. – Həmin vaxtlar bir musiqiçi qız gəlib-gedirdi bura. Onda Travessa du Karmuda qalırdı… İndi harada yaşadığını bilmirəm. Modern musiqilər ifa edirdi. Əcnəbilərinkinə bənzəyən adı var idi… Mənə dedilər ki, Prasa da Aleqriyadakı hansısa bir yerdə çalır… Bilirsiniz, zəncilərin icad etdiyi o musiqilərdən çalırdı… Bilmirəm, ona nə deyirlər… Qızın adını da xatırlamıram… Əcnəbi bir ad idi… İndi isə, xeyirli axşamlar, məni üzürlü sayın, axşamlar erkən yatıram.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?