Текст книги "Qala"
Автор книги: Arçibald Kronin
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 34 страниц) [доступный отрывок для чтения: 11 страниц]
II
Əndru özündə bir yüngüllük hiss edərək dərhal xəstə üstünə yollandı. "Brinqouer"ə, gəlişi ilə əlaqədar onda baş qaldırmış qəribə və ziddiyyətli fikirlərdən, duyğulardan müvəqqəti də olsa ayrılması üçün fürsət düşdüyünə sevindi. Burada işlərin əslində necə qurulduğu və Bloduen Peycin xəstə ərinin bütün praktikasını onun üstünə yükləmək fikrində olduğu barədə onda artıq dumanlı şübhələr oyanmağa başlamışdı. Vaxtilə təsəvvüründə canlandırdığı romantik lövhələrə əsla oxşamayan gözlənilməz vəziyyət yaranırdı. Bir də axı, onun üçün əsas məsələ işi idi, qalanlar – boş şeylərdi. O, həmin işə başlamağa tələsirdi. Özü də hiss etmədən addımlarını yeyinlətdi: onun bütün varlığı sim kimi gərilmişdi. O, nəhayət, əsas işin başlandığını – ilk xəstə üstünə getdiyini düşünərək sevincək olmuşdu.
Mənson palçıqlı, qaranlıq boş sahəni keçib, Çepel-stritlə missis Peycin ona əməlli-başlı izah etmədiyi istiqamətdə irəlilədiyi zaman yağış hələ də yağırdı. Küçələrindən keçdiyi şəhər qaranlıq içindən dumanlı halda qarşısında peyda olurdu. Dükanlar, bir düjinə qədər saydığı sektant kilsələri – Sion, Gebron, Vefil11
Qədim yəhudilərdə Allah evi.
[Закрыть], Vefizda22
Qədim yəhudilərdə Mərhəmət evi.
[Закрыть] kilsələri, sonra böyük kooperativ universal mağaza, Qərb bankının şöbəsi… Bütün bunlar vadinin lap dibində yerləşmiş yeganə baş küçə boyu uzanıb gedirdi. Şəhərin dağlar arasındakı yarğanın dibində gömüldüyünü görüb, bu barədə fikirləşdikcə adam lap dilxor olurdu.
Küçədə çox az adam vardı. Çepel-stritdən hər iki tərəfə düzbucaq altında göy damlı evlərin saysız-hesabsız sırası uzanırdı. Bunlar fəhlələrin evləri idi. Uzaqlarda, vadinin girəcəyində gematit33
Qırmızı dəmir filizi, “qanlı filiz”.
[Закрыть] mədənləri və zavodları görünürdü, orada alovların şəfəqi qaranlıq səmaya nəhəng yelpinc kimi yayılmışdı.
Mənson Qlayder-pleysdəki yeddi nömrəli evə çatıb tövşüyə-tövşüyə qapını döydü. Onu dərhal içəri buraxıb mətbəxə gətirdilər, burada taxçaya yerləşdirilmiş çarpayıda xəstə bir qadın uzanmışdı. Bu cavan qadın pudlinqçi Vilyamsın arvadı idi. Mənson ürəyi bərk döyünə-döyünə yatağa yaxınlaşdı, həyatında, nəhayət, həlledici anın gəlib çatdığını fikirləşincə həyəcandan dizləri zəiflədi, əsdi. Axı professor Lemplaf öz palatasında xəstələri nümayiş etdirərkən, tələbələr arasında durub onu dinləyən Mənson bu anı təsəvvüründə nə qədər canlandırmışdı! İndi ətrafda ona kömək edə biləcək adamlar yoxdu, ona heç kəs izahat vermirdi. O, tək-tənha, özü diaqnoz qoymaq, heç kəsin köməkliyi olmadan xəstəni sağaltmaq zərurəti ilə baş-başa qalmışdı. Birdən-birə ani və kəskin qorxu hissi ilə o, təcrübəsizliyini, əsəbiliyini, belə bir vəzifənin öhdəsindən gəlməyə qətiyyən hazır olmadığını dərk etdi.
Yarıqaranlıq daş döşəməli, darısqal, mətbəxdə dayanan ərinin yanındaca o, xəstə qadını hərtərəfli, diqqətlə müayinə etdi. Xəstəliyin ciddiliyinə şübhə yoxdu. Qadın dözülməz baş ağrısından şikayətlənirdi. Hərarəti, nəbzi, dili – hər şey onun ağır xəstəliyə tutulduğunu göstərirdi. Qadını ikinci dəfə müayinə edən Əndru bütün diqqətini toplayıb gərginliklə özünə bu sualı verirdi: axı bu hansı xəstəlikdir? İlk xəstə!
O, əlbəttə, əlindən gələni edəcək… lakin yanılsa, qaba bir səhvə yol versə onda necə? Ondan da pisi – diaqnoz qoya bilməsə? Xəstəni müayinə edərkən o heç bir şeyi nəzərdən qaçırmadı. Heç bir şeyi! Bununla belə məsələnin həllini tapa bilmirdi. Bütün xəstəlik əlamətlərini fikrən bir yerə toplayıb onları məlum xəstəliklərdən birinə şamil etməyə çalışdı. Nəhayət, müayinəni uzatmağın mümkün olmadığını hiss edərək, o, asta-asta qəddini düzəltdi, stetoskopunu hissələrə ayırıb gizlətdi, lakin o, hələ də nə deyəcəyini bilmirdi. Gözlərini döşəməyə dikib soruşdu:
– Görünür özünü soyuğa verib, hə?
Bütün müayinə müddətində üzündə qorxu ifadəsi olan Vilyams cəld təsdiq etdi:
– Bəli, doktor, tamamilə doğrudur, üç-dörd gün olar. Doktor, mən əmindim ki, bu soyuqdəymədir.
Əndru başını tərpədib bütün varlığı ilə bu adama özündə hiss etmədiyi bir inam aşılamağa çalışdı. O, mızıldandı:
– Tezliklə onu ayağa qaldırarıq. Yarım saatdan sonra ambulatoriyaya gəlin, onun üçün dərman verim.
O, xudahafizləşib çıxdı, başını aşağı salıb fikirləşə-fikirləşə gəlib ambulatoriyaya çatdı. Ambulatoriya Peycgilin evinə doğru uzanan xiyabanın lap başlanğıcında qərar tutmuş yarıuçuq taxta tikili idi.
Əndru içəri girib qazı yandırdı, toz basmış rəflərdəki göy və yaşıl butulkalar arasında var-gəl edərək həmin məsələ üstündə yenə baş sındırmağa, onun düzgün həllini, xəstəliyin kökünü axtarmağa başladı. Xəstəliyin ümumi mənzərəsində simptomatik heç bir şey yoxdu. Bəli, bu, gərək ki, soyuqdəymədir.
Lakin Əndru qəlbinin dərinliyində bilirdi ki, bu, soyuqdəymə deyil. Öz bacarıqsızlığına hirslənən qorxmuş gənc həkim ümidsizlikdən inlədi. O, fikirləşdi ki, diaqnoz qoymağı hələlik təxirə salmalı, bir müddət gözləməlidir. Professor Lemplafın klinikasında belə qaranlıq, çətin vəziyyətlərdən ötrü üstündə nəzakətlə "Qeyri-müəyyən mənşəli Pyrexia"44
Pyrexia – qızdırmalı vəziyyət.
[Закрыть] sözləri yazılmış zərif kartoçkalar olurdu. Belə diaqnoz, həm düzgündü, həm də qeyri-müəyyəndi, həkimin boynuna məsuliyyət qoymurdu, əsası da budur ki, çox gözəl və elmi səslənirdi!
Əndru tamam ruhdan düşmüş halda aptek piştaxtasının altındakı qutudan altı unsiyalı bir şüşə götürüb qaşqabağını tökərək fikirli-fikirli qızdırma salan dərman hazırlamağa başladı. Spiritus aetheris nitrosi, salisil natrium – bu zəhrimar natrium salisil harda itib-batıb? Aha, burda imiş ki! O, özünə ancaq bununla təskinlik verməyə çalışırdı ki, bütün bunlar çox gözəl, təsirli dərmanlardır, qızdırmanı mütləq salmalı, xəstənin halını yaxşılaşdırmalıdır. Professor Lemplaf tez-tez deyərdi ki, salisil natriumdan yaxşı, qiymətli dərman yoxdur.
Sulu dərmanı təzəcə hazırlayıb qurtarmış Əndru özündən bir qədər razı halda siqnaturanı yazırdı ki, zəng çalındı, qapı küçə tərəfdən açıldı və orta boylu, enli kürəkli, dolu bədənli, qırmızı sifətli, otuz yaşlarında bir kişi içəri girdi, dalınca da bir it. Araya çökən sükutu bir müddət heç kəs pozmadı. Qarışıq cinsli qara-kürən rəngli it palçıqlı dal pəncələri üstə çömbəlib oturdu, çiyinlərinə saldığı yaş müşəmbə plaşının altından nimdaş məxmər kostyumu, uzun şaxtaçı corabları və mıx vurulmuş başmaqları görünən sahibi isə Əndrunu başdan-ayağadək gözdən keçirməyə başladı. Kişi danışmağa başlayanda səsinin ahəngində incə bir istehza və adamı əsəbiləşdirən ədəb-ərkan duyulurdu.
– Burdan keçirdim, pəncərədə işıq gördüm, buna görə də sizə baş çəkmək, sizinlə tanış olmaq qərarına gəldim. Mən – Denniyəm, A.C.L.V. möhtərəm doktor. Nikolsun köməkçisi. Bu da (əgər bilmirsinizsə) "Aptekçilər cəmiyyətinin lisenziya verəni" deməkdir. Bu, allaha və insanlara məlum olan adların ən yüksəyidir.
Əndru ona bir qədər şübhə ilə baxdı. Filipp Denni cibindən çıxartdığı əzik kağız paçkadan papiros götürüb alışdırdı, kibriti yerə tulladı, saymazyana yaxına gəldi. Dərman dolu butulkanı əlinə aldı, resepti və dərmandan istifadə qaydasını oxudu, şüşənin ağzını açıb iylədi, təzədən tıxacla bağlayıb yerinə qoydu. Onun qaşqabaqlı qırmızı sifəti mülayimləşdi, razılıq ifadə etdi.
– Çox gözəl! Siz artıq işə başlamısınız! "Hər üç saatdan bir xörək qaşığı". Ey mərhəmətli allah, bütün həkimlərin səcdəgahı olan bu sevimli kəlamlara təzədən rast gəlmək necə də xoşdur! Bəs, doktor, nə üçün gündə üç dəfə yox, üç saatdan bir? Bəs sizə məlum deyilmi ki, ciddi ortodoksal qaydalara görə bir qaşıq dərman qida borusundan gündə üç dəfə keçməlidir? – O, sözlərinə ara verdi, süni ciddiliyində yüngül istehza daha çox hiss olunurdu… – Doktor, indi mənə deyin görüm bura nə daxildir? İyindən bilirəm ki, Spiritussaethevis nitrosi-dir. Qiyamət şeydir! Çox gözəl, əziz doktor, çox gözəl.
Bu, həm sidikqovan, həm yelqovan, həm də can bərkidən dərmandır. Onu lap çəlləklə də içmək olar. Qırmızı kitabçada yazılanlar yadınızdadırmı? Şübhəli vəziyyətlərdə xəstəyə Spiritus nitrosi yazın. Yoxsa bu yodlu kaliuma aiddir? Paho, deyəsən, mən bəzi çox vacib şeyləri yaddan çıxarmışam axı!
Taxta daxmaya təzədən sükut çökdü, onu ancaq dəmir damı döyəcləyən yağışın taqqıltısı pozurdu. Özünü itirmiş Əndrunun çaşqın vəziyyətindən ləzzət alan Denni birdən qəhqəhə çəkib gülərək, istehza ilə dedi:
– Yaxşı, elmi bir yana qoyaq, doktor. İndi siz gərək məni maraqlandıran bir suala cavab verəsiniz, bura niyə gəlmisiniz?
Hirs Əndrunu getdikcə daha çox boğurdu. O, qaşqabaqla cavab verdi:
– Mən Blenellini kurorta – mineral suları çağlayan kurortvarı bir şeyə çevirmək istəyirdim, başa düşürsünüzmü?
Denni təzədən qəhqəhə çəkdi. Bu gülüş Əndrunu təhqir edir, onda Denniyə şillə ilişdirmək arzusu oyadırdı.
– Ağıllı cavabdır, mənim əziz doktorum, ağıllı cavabdır. Buxar katoku kimi yüngül, əsl şotland yumoru! Təəssüf ki, buranın suyunu kurort üçün tamam yararlı su kimi sizə məsləhət görə bilmərəm. Tibb işçiləri məsələsinə gəldikdə isə, əziz doktor, deyə bilərəm ki, bizim vadidə bu şanlı və doğrudan da nəcib peşənin nümayəndələri tör-töküntüdən başqa bir şey deyil.
– Siz də o cümlədən?
Denni başını tərpətdi:
– Tamamilə doğrudur!
O, kürəntəhər qaşları altından Əndruya baxaraq bir dəqiqəyədək susdu. Sonra kifir sifətindən istehzalı ifadə yox oldu, o, təzədən qaşqabağını tökdü. Bu dəfə səsinin ahəngi yanıqlı və ciddi idi:
– Bura baxın, Mənson! Mən belə bilirəm ki, Blenelli sizin üçün Harli-stritə gedən yolun ancaq bir mərhələsidir, lakin nə qədər ki, burdasınız, bu yer haqqında bəzi şeyləri bilsəniz pis olmaz. Siz görəcəksiniz ki, bura yaxşı romantik ənənələrə cavab vermir. Burada nə xəstəxana, nə təcili yardım kareti, nə rentgen şüaları var! Xəstə üzərində cərrahiyyə əməliyyatı aparmaq lazım gələndə bu işi mətbəx masası üstündə görür, sonra da əllərini qab-qacaq yuyulan tasda yuyurlar. Sanitariya şəraiti heç tənqidə də layiq deyil. Quru yay aylarında uşaqlar vəbadan milçək kimi qırılırlar. Patronunuz Peyc çox böyük təcrübəyə malik qoca həkimdi, lakin onun işi artıq bitib, onu Bloduen parçalayıb uddu, bundan belə doktor Peyc heç vaxt işləyə bilməyəcək. Mənim patronum Nikols həkim yox, adicə olaraq acgöz və xəsis mamaçadır. Bremvel, Gümüş kral bir neçə sentimental kəlamdan və Solomonun "Nəğmələr nəğməsi"indən başqa heç nə bilmir. Qaldı ki, mən… Mən yaxşı günlərin yetişməsini gözləyə-gözləyə möhkəm içirəm. Hə, bir də sizin fağır aptekçiniz Cenkins. O, qıyamət işlər görür, xəlvətcə qadın xəstəliyindən müalicə üçün qurğuşun həb alveri edir. Hə, deyəsən, hər şeyi dedim. Gedək Qoukins! – O, itini səsləyib ağır addımlarla qapıya sarı yönəldi. Kandarda dayanıb əvvəlcə piştaxta üstündəki dərman şüşəsinə, sonra Mənsona baxdı. İstər-istəməz, tamamilə laqeyd halda dedi:
– Yeri gəlmişkən, sizin yerinizə olsaydım yoxlardım görüm, Qlayder-pleysdəki xəstənizdə qarın yatalağı deyil ki. Tipik olmayan hallara da təsadüf edilir.
Qapının zəngi yenə "dzin" çalındı. Əndru bir söz deməyə macal tapmamış doktor Filipp Denni və Qoukins qaranlıqda yox oldular.
III
Əndrunu bu gecə yatmağa qoymayan içindəki yunu yaprıxmış bərk döşək yox, Qlayder-pleysdəki xəstə sarıdan getdikcə artan nigarançılığı idi. Görəsən bu yatalaqdımı? Denninin vidalaşarkən dediyi sözləri onun artıq həyəcanlanmış qəlbində, yeni şübhələr, bədbin fikirlər oyatdı, xəstəliyin mühüm bir əlamətini gözdən qaçırdığından qorxaraq o, elə sübhün bu erkən çağında durub təzədən xəstənin yanına yollanmaqdan özünü güclə saxlayırdı. Bütün gecəni yuxusuz keçirən, səhərədək narahat halda qurdalanan Əndru artıq o məqama çatdı ki, öz-özündən soruşdu: görəsən onun, ümumiyyətlə, tibb aləmindən cüzi də olsa başı çıxırmı?
Mənson hər şeyi ürəyinə salan, özünə dərd edən çılğın təbiətə malikdi. Görünür, bu xasiyyəti Şotlandiyanın dağ yerində dünyaya gəlmiş, uşaqkən vətəni Allapulda qütb parıltısından bəyaz səmada necə çapdığını görmüş anasından ona irsən keçmişdi. Əndrunun Fayfşirdə xırda fermer olmuş atası Con Mənson sağlam düşüncəli, təmkinli və zəhmətkeş adamdı. Lakin o, öz torpağına o qədər də yaxşı ağalıq edə bilmirdi, buna görə də dünya müharibəsinin sonunda cəbhədə həlak olanda işləri çox dolaşıq və acınacaqlı vəziyyətdə qaldı. Cessi Mənson tam bir il fermanı saxlamağa ciddi səy göstərdi, süd təsərrüfatı yaratdı, Əndru həddən çox kitablarla məşğul olduğundan onun əvəzinə furqona minib südü paylamağa aparırdı. Lakin çox çəkmədi ki, neçə ildən bəri heç bir məhəl qoymadığı öskürək ona daha çox əziyyət verməyə başladı və Cessi Mənson gözlənilmədən nazik dərili, qara saçlı dağ adamlarını daha çox məhv edən vərəm xəstəliyinə tutuldu.
Əndru on səkkiz yaşında tək-tənha qaldı. O vaxt. o, University of St Andrews birinci kursunda oxuyur, ildə qırx funt təqaüd alırdı, bundan savayı əlinə bircə qəpik də olsun pul gəlmirdi. Onu xilas edən "Qlen fondu" oldu. Bu tipik şotland müəssisəsi (onun banisi mərhum ser Əndru Qlenin sadəlövh təbirincə desək) "xaç suyuna çəkilərkən Əndru adı almış layiqli və ehtiyacı olan tələbələrə ildə əlli funt borc verirdi, amma bu şərtlə ki, tələbə təhsilini başa vurduqdan sonra həmin borcunu vicdanla ödəsin".
"Qlen fondu" və kefi kök halda aclıq çəkmək bacarığı Əndruya St.-Əndru universitetini başa vurmağa, sonra da Dandi şəhərində tibb fakültəsini bitirməyə kömək etdi. Fonda minnətdarlığı və həddən artıq vicdanlı olması onu məcbur etdi ki, diplomunu alan kimi (təhsilini təzəcə başa vurmuş həkimlərin başqa yerlərə nisbətən daha çox maaş ala biləcəkləri) Cənubi Uelsdə ildə 250 funt maaşla işə başlasın. Halbuki o, on dəfə az maaşla Edinburq kral klinikasında işləməyi, əlbəttə, daha üstün tutardı.
Budur, indi o, Blenellidədir. Yataqdan qalxıb üzünü qırxdı, geyindi, ilk xəstəsindən nigaran olduğu üçün bütün bunları çox cəld, tələsik etdi. O, tələsə-tələsə səhər yeməyini yeyib təzədən öz otağına keçdi. Çamadanını açıb oradan göy dərili kiçik bir qutu çıxartdı. Onu açdı, ciddi görkəmlə bir müddət qutunun içindəki medala, – St.-Əndru universitetində hər il klinik təbabətdə ən böyük nailiyyət qazanmış tələbəyə verilən Hunter55
Con Hunter – məşhur şotland cərrahı.
[Закрыть] qızıl medalına baxdı. Bu medaldan o da, Əndru Mənson da almışdı! O, bu medalı hər şeydən yüksək qiymətləndirirdi, ona xoşbəxt gələcəyin rəhni olan bir tilsim kimi baxmağa adət etmişdi. Bu səhər isə o, həmin medala iftixarla, qəribə, gizli bir yalvarışla baxır, elə bil özünə inamını təzədən qaytarmaq istəyirdi. Sonra qutunu gizlədib ambulatoriyaya, xəstələrin səhər qəbuluna tələsdi.
Əndru daxmaya daxil olanda Dey Cenkins artıq orada idi, krandan böyük saxsı dolçaya su doldururdu. Bu, qırmızı damarlı yanaqları çökmüş, gözləri dörd olan çox çevik, qərarsız bir adamdı; nazik qıçlarına elə dar şalvar keçirmişdi ki, Əndru beləsini heç kəsin əynində görməmişdi. Cenkins onunla salamlaşıb yaltaqcasına dedi:
– Doktor, sizin belə tezdən gəlmənizə ehtiyac yoxdur. Siz gəlincəyədək mən bütün təkrar verilməli dərmanları buraxıram, kimə lazım olsa vəsiqə də verə bilərəm. Doktor Peyc xəstələnəndə missis Peyc üstündə doktorun qolu olan rezin ştamp sifariş edib.
Əndru etiraz etdi: .
–Təşəkkür edirəm. Bütün xəstələri özüm qəbul etmək istəyirəm. – Sonra duruxdu, aptekçinin gördüyü işdən elə heyrətləndi ki, müəyyən müddətə bayaqkı həyəcanı da büsbütün yadından çıxdı. – Siz orda neyləyirsiniz?
Cenkins cavab əvəzinə ona göz vurdu.
– Dolça suyu onlara daha dadlı görünər. Hər ikimiz qədim, xeyirxah "aqua"66
Su.
[Закрыть]-nın nə demək olduğunu yaxşı bilirik, elə deyilmi, doktor? Xəstələr bunu bilmirlər. Mən dəliyəm ki, onların yanında şüşələrinə krandan su töküm?!
Balacaboy aptekçiyə hər şeyi açıq-saçıq danışmaq üçün həvəs gəlmişdi ki, birdən evin dal qapısından, ambulatoriyanın qırx yardlığından kimsə ucadan çağırdı:
– Cenkins! Cenkins! Mənə lazımsınız, elə bu dəqiqə gəlin bura!
Cenkins sahibinin qırmanc şaqqıltısından diksinən yaxşı təlim görmüş köpək kimi ayağa sıçradı və titrək səsilə kəkələdi:
– Bağışlayın, doktor. Məni missis Peyc çağırır. Mən… Mən gərək qaçam ora.
Xoşbəxtlikdən səhər qəbuluna cəmi bir neçə adam gəlmişdi. Əndru on birin yarısınadək hamını yola saldı, evdə baxılacaq xəstələrin siyahısını Cenkinsdən alıb, dərhal Tomasın qazalağında yola düşdü. Ona əzab verən bir səbirsizliklə qoca sürücüyə tapşırdı ki, qazalağı birbaşa Qlayder-pleysə sürsün.
İyirmi dəqiqədən sonra o, rəngi qaçmış, dodaqlarını bərk-bərk bir-birinə sıxmış halda, üzündə qəribə bir ifadə ilə yeddi nömrəli evdən çıxdı.
İki ev keçib siyahısında olan 11 nömrəli evə gəldi. 11 nömrəli evdən çıxıb küçənin qarşı tərəfindəki 18 nömrəli evə baş çəkdi. Ordan da çıxaraq tini döndü, Rednor-pleysə yollandı. Cenkins burada yaşayan daha iki xəstənin ünvanını yazmışdı, oradaca qeyd etmişdi ki, dünən özü o xəstələrin yanında olub. Əndru cəmi bir saatda bir-birinin yaxınlığında yerləşən yeddi evə gedib xəstələrə baxdı. Yeddi xəstədən beşində, o cümlədən Qlayder-pleysdəki 7 nömrəli evdə yaşayan, bədənində artıq səpmə peyda olan xəstədə qarın yatalığının tipik əlamətlərini gördü. On gündü ki, Cenkins onları təbaşir və tiryəklə müalicə edirdi. Dünən xəstəyə diaqnoz qoya bilməyən Əndru indi dəhşətlə yəqin etdi ki, yatalaq epidemiyası partlayışı ilə qarşılaşıb.
Qalan xəstələrə o, dəhşət içində, çox tələsik baxdı.
Nahar zamanı missis Peycin başı (Mənsona gülə-gülə izah etdiyi kimi "doktor Peyc üçün hazırlanmış, lakin onun nədənsə bəyənmədiyi") əla qızardılmış şirin ətə bərk qarışdığı vaxt Əndru lal-dinməz oturub bu məsələni hərtərəfli düşünürdü. O, başa düşürdü ki, missis Peycdən əməlli şey öyrənə bilməyəcək, bu qadından kömək gözləmək nahaqdır. Buna görə də Peycin özü ilə danışmağı qərara aldı.
O, doktorun otağına girəndə pəncərələrin pərdəsi salınmışdı, Edvard çarpayıda hərəkətsiz uzanmışdı, başı bərk ağrıyırdı. Ağrının şiddətindən üzü qıpqırmızı qızarmış, tamam büzüşmüşdü. İşarə ilə qonağa oturmaq üçün yer göstərdisə də, Əndru hiss etdi ki, indi xəstəni təzə bəd xəbərlə həyəcanlandırmaq amansızlıq olar. Çarpayının böyründə bir neçə dəqiqə oturub ayağa durdu, getməyə hazırlaşanda ancaq bir sualla kifayətləndi:
– Doktor Peyc, deyin görüm, yoluxucu xəstəlik müşahidə ediləndə ilk növbədə neyləmək lazımdır?
Araya sükut çökdü. Sonra Peyc gözlərini açmadan və qımıldanmadan cavab verdi, elə bil ağız açıb danışmasından baş ağrıları xeyli artmışdı.
– Belə hallarda ortaya həmişə çətinliklər çıxır. Bizdə xəstəxana da yoxdur, nəinki yoluxucu xəstələr üçün xüsusi yerlər. Əgər çox ciddi bir şey baş versə Toniqlenə – Qriffitsə zəng vurun. Toniqlen Blenellidən aşağıda, buranın on beş milliyindədir. Qriffits – dairə həkim inspektorudur.
Araya yenə uzun sükut çökdü.
– Qorxuram ki, bunun bir faydası olmaya.
Bu məlumatdan özünə bir balaca təskinlik tapan Əndru aşağı, dəhlizə cumub Toniqlenə zəng vurdu. Telefonun yanında dayanıb dəstəyi qulağına sıxaraq gözlədiyi zaman mətbəxin qapısı dalından ona baxan xidmətçi qadın Ennini gördü.
– Allo! Allo! Doktor Qriffitsdir? – O, nəhayət xəttin qoşulmasına nail oldu.
Bir kişi səsi çox təmkinlə və ehtiyatla cavab verdi:
– Onu soruşan kimdir?
– Danışan Blenellidən Mənsondur, doktor Peycin assistenti, – Əndrunun səsi gərginliyin son həddinə çatdı. – Burada xəstələrimin beşi yatalaqdır. Xahiş edirəm doktor Qriffits yubanmadan bura gəlsin.
Açıq-saçıq tərəddüddən sonra həmin adam birdən dili dolaşa-dolaşa, tələsik xalis Uels şivəsilə cavab verdi:
– Çox təəssüf edirəm, doktor, çox təəssüf edirəm ki, doktor Qriffits Suonsiyə gedib. Vacib xidməti işdən ötrü.
Telefon pis işlədiyindən Mənson var səsilə çığırdı:
– Haçan qayıdacaq?
– Sözün doğrusu, doktor, nə vaxt qayıdacağını deyə bilmərəm.
– Bura baxın…
Xəttin o başında nəsə şaqqıldadı. Danışan adam soyuqqanlılıqla dəstəyi asdı. Mənson qəzəbli, əsəbi halda ucadan söydü:
– Ah, zəhrimar, yəqin bu, elə Qriffitsin özü idi!
O, təzədən zəng elədi, lakin onu calaşdırmadılar. İnadla üçüncü dəfə zəng eləməyə hazırlaşırdı ki, Enninin dəhlizə çıxıb əllərini döşlüyün önündə bir-birinin üstünə qoyaraq sakitcə, ciddi tərzdə ona baxdığını gördü.
Bu, çox səliqəli geyinmiş, ciddi və aydın ifadəli üzə malik qırx beş yaşlarında bir qadındı. O dedi:
– Doktor, danışığınızı təsadüfən eşitdim. Siz doktor Qriffitsi günün bu çağında heç vaxt Toniqlendə tapmazsınız. Çox vaxt Suonsiyə qolf oynamağa gündüzlər gedir.
Boğazını tutan qəhəri birtəhər udmağa çalışan Mənson əsəbi halda etiraz etdi:
– Amma mənə elə gəlir ki, mənimlə danışan onun özü idi.
Enni ötəri gülümsədi:
– Ola bilər. Mən eşitmişəm ki, o, Suonsiyə getməyəndə də hamıya cavab verir ki, gedib. – Qadın Əndruya mehribanlıqla baxdı, sonra qapıya sarı çevrilib danışığına yekun vurdu: – Mən yerinizə olsaydım onunla danışığa vaxt sərf etməzdim.
Əndru dəstəyi asıb qəlbində getdikcə artan bir hiddətlə, təşviş hissilə evdən çıxdı, dodaqaltı kimisə söyə-söyə təzədən xəstələrə baş çəkməyə getdi. Qayıdanda artıq axşam qəbulunu başlamağın vaxtı idi. O, arakəsmə arxasında, həkim kabinetini əvəz edən xırdaca, darısqal bir otaqda saat yarım əyləşib dəhlizi ağzınacan dolduran xəstələrə o vaxtacan baxdı ki, yaş bədənlərin buxarlanmasından divarlar tərlədi, otaqda nəfəs almaq mümkün olmadı. Bunlar barmaqları yaralanmış, xroniki revmatizmə, gözləri və diz bağları peşə xəstəliklərinə tutulmuş mədən fəhlələri idi. Onların soyuqlamış, öskürən, harası isə burxulan, zədələnən, ən cüzi insani nasazlıq hiss edən arvadları, uşaqları idi. Başqa vaxt olsaydı bu iş Əndruya ləzzət verərdi, önlərində özünü imtahan verirmiş kimi hiss etdiyi boz üzlü, qaşqabaqlı bu adamların onun hər bir hərəkətinə sakitcə və diqqətlə göz qoymaları da ona xoş gələrdi. Bu gün isə onu daha mühüm məsələlər düşündürdüyü halda, üstünə yağdırılan boş-boş şikayətlərdən başı hərlənirdi. Resept yazdığı, sinələri taqqıldatdığı, məsləhətlər verdiyi müddətdə onun beynində belə bir fikir yarandı: "Başıma o ağıl qoydu. Ondan zəhləm gedir, bəli, bu təkəbbürlü iblisi görən gözüm yoxdur, lakin çarəm yoxdur. Gərək yanına gedəm".
Onun yarısında, axırıncı xəstə ambulatoriyadan çıxıb gedəndən sonra Əndru qətiyyətlə xırdaca otağından çıxdı.
– Cenkins, doktor Denni harada yaşayır?
Bu vaxt gecikmiş bir xəstənin ambulatoriyaya soxula biləcəyindən qorxaraq çöl qapısını tələsik bağlayan cılız aptekçi üzündə gülməli dəhşət ifadəsi ilə Əndruya sarı çevrildi.
– Doktor, olmaya onun yanına getmək istəyirsiniz? Missis Peyc… onu xoşlamır.
Əndru qaşqabaqla soruşdu:
– Niyə xoşlamır?
– Hamı niyə xoşlamır, o da ona görə. O, missis Peyclə elə kobud rəftar etdi ki! – Cenkins susdu, Mənsonun üzünə xeyli baxdıqdan sonra könülsüz əlavə etdi. – Nə deyirəm ki, əgər mütləq bilmək istəyirsinizsə, deyə bilərəm: Missis Sicerin evində yaşayır, Çepel-strit, qırx doqquzda.
Təzədən yola çıxdı. Əndru bütün günü ayaq üstdə olsa da, ağır yük kimi üstünə düşən yatalaq epidemiyası ilə bağlı qayğılara, duyduğu məsuliyyət hissinə başı qarışdığından yorğunluq hiss etmirdi, Çepel-strit, qırx doqquz nömrəli evə gəlib biləndə ki, Denni evdədir, ürəyində bir yüngüllük duydu. Ev sahibəsi onu Denninin otağına ötürdü.
Denni Əndrunun gəlişinə təəccüb etdisə də bunu büruzə vermədi. Ancaq gözlərini ona zilləyib, Əndru üçün dözülməz bir tərzdə onu xeyli diqqətlə nəzərdən keçirdikdən sonra soruşdu:
– Nə olub, yoxsa kimisə o dünyaya yola salmısınız?
Hələ də yığışdırılmamış isti qonaq otağının kandarında dayanan Əndru qızardı, lakin hirsini və incikliyini güclə uddu. O, qırıq-qırıq dedi:
– Siz haqlı idiniz. Bu, qarın yatalağıdır. Bunu dərhal müəyyənləşdirə bilmədiyim üçün məni öldürmək də azdır. Artıq beş xəstə var. Mən bura bəxtəvərlikdən gəlməmişəm. Gərək bir şey eləyək. Axı mən burada təzə adamam, nə etmək lazım olduğunu bilmirəm. Həkim inspektoruna zəng vurdum, ondan heç bir fayda olmadı. Məsləhət üçün yanınıza gəldim.
Buxarının qarşısındakı kreslosunda qanrılaraq ağzında trubka Əndruya qulaq asan Denni, nəhayət, narazı halda donquldandı:
– İçəri gəlin də. – Sonra qəfildən hirsləndi: – Allah xətrinə əyləşin! Kimisə lənətləməyə hazırlaşan presviterian keşişi kimi dimdik dayanmayın. Bir şey içmək istəyirsiniz? Yox? Əlbəttə, elə bllirdim ki, istəməyəcəksiniz.
– Lütfən, buna baxın!
Masanın üstündə çox gözəl bir Seys mikroskopu, onun da yanında bir neçə preparat vardı. Əndru preparatlardan birini mikroskopa qoyub baxdı, dərhal xarakterik basilləri – yatalaq bakteriyaları qrupunu tanıdı.
Ünvanına deyiləcək tənqidi qabaqlamağa tələsirmiş kimi, Denni cəld saymazyana dedi:
– Əlbəttə, çox pis hazırlanıb. Birtəhər, başdansovma eləmişəm. Allaha şükür, mən laboratoriya siçovulu deyiləm. Cərraham. Lakin bizim bu lənətə gəlmiş üsuli-idarədə adamın əlindən gərək hər iş gələ. Burası da var ki, preparatlar necə pis qayrılsa da onları dolaşıq salmaq olmaz, hətta adi gözlə görünür. Mən onları öz sobamda aqardan77
Seylon mamırından və Şərqi Hindistanın dəniz yosunlarından əldə edilmiş jelatinvari maddə.
[Закрыть] hazırlamışam.
Əndru böyük maraqla soruşdu:
– Deməli, yatalağa siz də rast gəlmisiniz?
– Dörd dəfə. Elə sizin sahədə. – Denni susdu. – Sizin burda gördüyünüz taxtabitilər Qlayder-pleysdəki quyudandır.
Əndru canlanaraq, onlarca sual vermək həsrətilə alışıb yanaraq, bu adamın öz işinə necə ciddi yanaşdığını getdikcə başa düşərək, başlıcası isə epidemiyanın mənbəyinin ona göstərildiyindən hədsiz sevinərək Denniyə baxırdı.
Denni eyni soyuq, acı rişxəndlə dediklərinə yekun vurdu:
– Bilirsinizmi, paratif burada az-çox adi hadisədir. Lakin bir vaxt, – tezliklə, lap tezliklə! – epidemiyanın yaxşıca alovlandığının şahidi olacağıq. Bu işin günahkarı da mərkəzi kanalizasiya borusu olacaq. Boru, başdan-ayağa deşik-deşikdir, ondan sızan çirkab şəhərdəki yeraltı çeşmələrin yarıdan çoxunu zəhərləyir. Mən bu həqiqəti Qriffitsə qandıranadək tamam əldən düşdüm. O da özünü işə verməyən, heç nəyə yaramayan, tənbəl, mömin heyvanın biridir. Onunla axırıncı dəfə telefonla danışanda hədələyib dedim ki, bu dəfə görüşəndə vurub başını partladacağam. Yəqin elə buna görə bu gün bizdən qaçıb.
Birdən hiddətlənən Əndru çığırdı:
– Belə də iş olar? Bu ki, biabırçılıqdır!
Denni çiyinlərini çəkdi:
– O, şəhər idarəsindən heç nə tələb etmək istəmir, qorxur ki, zəruri xərcləri ödəməkdən ötrü birdən onun maaşından kəsərlər.
Araya sükut çökdü. Əndru söhbətin davam etdirilməsini çox arzulayırdı. Dennidən xoşu gəlməsə də, bu şəkkak adamın bədbinliyi, soyuqqanlı və qabaqcadan düşünülmüş ədəbsizliyi onda qəribə bir tərzdə qətiyyət oyadırdı. Lakin Əndru burada çox qalmağa bəhanə tapa bilmirdi. Buna görə də masa arxasından qalxıb qapıya sarı yönəldi, əsl hisslərini gizlədib, Denniyə sadəcə nəzakətlə təşəkkür edərək özündə indi yüngüllük duyğusunu ona bildirməyi qərara aldı.
– Məlumata görə sizə çox minnətdaram. Sayənizdə indi mənə hər şey aydındır. Məni epidemiyanın səbəbi narahat edirdi, fikirləşirdim ki, xəstəliyi yayan nədir? İndi ki, bütün işlərin quyuda olduğunu müəyyənləşdirmisiniz, deməli vəziyyət xeyli yüngülləşir. Bundan belə gərək Qlayder-pleysdə suyun hər damcısı qaynadılsın.
Denni də qalxdı.
– Qriffitsi qaynatmaq lazımdır! – deyə o, mızıldandı. Sonra əvvəlki istehza ilə əlavə etdi: – Doktor, xahiş edirəm, minnətdar olmayasınız! Bütün bu əhvalat qurtarıncayadək bir-birimizdən zəhləmiz getsə də, görünür, biz hələ neçə dəfə görüşməli olacağıq. Kefiniz haçan istəsə yanıma gəlin. Burada insanlarla ünsiyyət o qədər də ələ düşən şey deyil. – O, öz itinə baxdı və sözünü çox kobud tərzdə tamamladı. – Hətta şotlandiyalı doktorun gəlişinə şad olarıq. Elə deyilmi, ser Con?
Ser Con Qoukins quyruğunu xalıya çırpdı və Mənsonu hirsləndirmək istəyirmiş kimi qırmızı dilini göstərdi.
Buna baxmayaraq Qlayder-pleysdən keçib evə qayıdanda yolüstü hamıya suyu qaynadıb içməyi möhkəm tapşıran Əndru hiss etdi ki, Dennidən daha əvvəlki kimi zəhləsi getmir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?