Электронная библиотека » Arçibald Kronin » » онлайн чтение - страница 3

Текст книги "Qala"


  • Текст добавлен: 27 декабря 2022, 08:00


Автор книги: Arçibald Kronin


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 34 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +
IV

Əndru təbiətinə xas olan bütün coşqunluğu, cəldliyi ilə yatalaqla mübarizəyə atıldı. O, öz işini sevir, buna görə də fəaliyyətinin lap əvvəlində əlinə belə bir fürsət düşdüyünü uğurlu başlanğıc hesab edirdi. İlk həftələri lap öküz kimi, özü də həvəslə işlədi. Xəstələrə hər gün baş çəkmək, onları qəbul etmək bütünlüklə onun öhdəsinə düşürdü. Bu işi yerinə yetirdikdən sonra isə yatalaq xəstəliyinə tutulanlarla böyük maraqla məşğul olurdu.

Deyəsən, elə bu ilk mübarizədə bəxti gətirdi. Ayın axırına yaxın bütün xəstələri sağalmağa başladı. Belə düşünmək olardı ki, epidemiyanın qarşısı alınmışdır. O, amansız bir ciddiliklə həyata keçirdiyi bütün tədbirlər – suyu qaynatmaq, dezinfeksiya, xəstələrin təcrid edilməsi, hər qapıdan karbol turşusu hopdurulmuş döşəkağı asılması, missis Peycin hesabına girvənkə-girvənkə gətirtdiyi və öz əlilə Qlayderin çirkab qanovlarına səpələdiyi xlorlu əhəng haqqında fikirləşdikcə ləzzətlə, razılıq hissilə öz-özünə deyirdi: "Kömək elədi! Mən belə xoşbəxtliyə layiq deyiləm. Lakin allah şahiddir ki, bütün bunları mən eləmişəm!"

O, xəstələrinin Denninin xəstələrindən tez sağaldıqlarını görüb ürəyində onu utandıran gizli bir sevinc duyurdu.

Denni onun üçün yenə də tapmaca idi, onu əsəbiləşdirirdi. Onlar təbii ki, indi tez-tez görüşür, eyni sahələrdəki xəstələri yoluxurdular. Denninin ikilikdə gördükləri işə bütün varlığı ilə rişxənd etməkdən xoşu gəlirdi. O, özünü və Mənsonu "epidemiyanın zəhmli qənimləri" adlandırır, bu çeynənmiş ifadəni kinayəli razılıq hissilə dilə gətirirdi. Lakin onun bütün sarkazmı, rişxəndlə dediyi "doktor, unutmayın ki, biz həqiqətən gözəl bir peşənin şərəfini qoruyuruq" kimi sözləri xəstəliyin ona keçməsi barədə fikirləşmədən saatlarla xəstə ilə bir otaqda qalmasına, yataqları yanında əyləşməsinə, onlara toxunmasına əsla mane olmurdu.

Arabir üzə vurmadığı utancaq səmimilik, sadəlik əlamətlərindən ötrü Əndru hətta ona vurulmağa hazırdı, lakin sonra Denninin dediyi kəskin, acı bir söz yenə hər şeyi korlayırdı.

Bir dəfə incimiş, əhvalı pozulmuş Əndru Denni barəsində bir məlumat almaq ümidilə "həkimin ünvan-təqviminə" pənah apardı. Bu, doktor Peycin rəfində tapdığı beş il əvvəl çap edilmiş köhnə məlumat kitabı idi. Lakin burada doktor Filipp Denni haqqında çox qiyamət məlumata rast gəldi. Sən demə o, Kembric universitetini fərqlənmə diplomu ilə bitirmiş, cərrahiyyə magistri elmi dərəcəsi almış, Liboro şəhərində baş cərrah vəzifəsində işləmişdir.

Noyabrın onunda Denni gözlənilmədən telefonla ona zəng vurdu.

– Mənson, sizi görməliyəm, saat üçdə yanıma gələ bilməzsinizmi? Çox vacib işdir.

– Yaxşı, gələrəm.

Səhər yeməyi zamanı Əndru fikirli idi. Bu gün ona verilən kənd piroqunu yeyib qurtarırdı ki, Bloduenin gözlərini zilləyib işvə ilə, eyni zamanda amiranə tərzdə ona baxdığını hiss etdi.

– Sizinlə telefonda danışan kim idi? Denni idi, hə? Siz gərək elə adamlarla oturub-durmayasınız. Ondan sizə heç bir xeyir dəyməz.

Əndru soyuq nəzərlə qadının gözünün içinə baxdı:

– Əksinə, onun mənə çox xeyri dəyib.

Sözünə etiraz edilməsinə heç vaxt dözməyən Bloduen qeyzlə çımxırdı:

– Bəsdir, doktor! O, əsl dəlidir! Heç kəsə dərman yazmır. Məsələn, bütün ömrü boyu həkimlərin dərmanla müalicə etdikləri Ris Morqan onun yanına gedəndə qadına məsləhət görüb ki, hər gün iki mil piyada dağlara tərəf getsin, daha "donuz yemi olan hər cür horranı qarnına tökməsin". Bu, onun öz sözləridir. Onda qadın onun siyahısından çıxıb yanımıza gəldi, Cenkinsdən butulka-butulka qıyamət sulu dərmanlar almağa başladı. Bu Denni çox qaba, iyrənc adamdır. Hamı deyir ki, onun hardasa arvadı var, arvad onunla yaşamır. Görürsünüz necə adamdır! Bundan başqa, demək olar ki, həmişə sərxoşdur. Yaxşısı budur ki, onunla əlaqənizi kəsin, doktor. Bir də unutmayın ki, siz doktor Peyc üçün işləyirsiniz.

Artıq dəfələrlə eşitdiyi bu tapşırıq Əndrunu bərk əsəbiləşdirdi. O, missis Peyci razı salmaq üçün onsuz da əlindən gələni edirdi, lakin tələbatın hədd-hüdudu yoxdu, Missis Peycin bir-birini əvəz edən şəkk-şübhə dolu hərəkətləri və saxta şənliyində həmişə Əndrudan son imkanadək istifadə etmək, əvəzini isə mümkün qədər az vermək meyli duyulurdu. Birinci ayın maaşını artıq üç gündü ki, yubadırdı. Bu, bəlkə də qadının tərəfindən adi unutqanlıqdı. Lakin belə unutqanlıq, Mənsonu narahat edir, qəzəbləndirirdi. Odur ki, öz firavanlığını hər vasitə ilə qoruyan, Dennini tənqid eləməyə cəsarət edən bu piyli, ətli-əndamlı qadının görkəmi onu özündən çıxartdı. Əndru qeyzlə dedi:

– Missis Peyc, əgər maaşımı vaxtında alsaydım, onda doktor Peyc üçün işlədiyimi daha yaxşı xatırlayardım.

Qadın birdən-birə qızardı, Mənsona aydın oldu ki, maaş missis Peycin həmişə yaxşı yadında imiş. Qadın başını həyasızcasına dikəltdi:

– Alarsınız! Böyük şey imiş!

Yeməyin axırınadək missis Peyc qaşqabağını töküb oturdu, onu Əndru təhqir edibmiş kimi başını qaldırıb üzünə baxmadı da. Yeməkdən sonra Əndru qonaq otağına çağrılanda qadın onu tamam başqa əhvali-ruhiyyə ilə qarşıladı. O, həddən artıq nəzakətli, şən, gülümsərdi.

– Budur, bu da sizin pulunuz, doktor. Əyləşin və bir qədər xoşrəftar olun. Biz gərək dostcasına yaşayaq, yoxsa aramız dəyər.

Qadın xovlu yaşıl kresloda əyləşmişdi, dolu, ətli dizləri üstdə bir funtluq iyirmi kağız pul, bir də qara dərili pul kisəsi vardı. Pulları əlinə götürüb ağır-ağır saymağa və Mənsona verməyə başladı: "Bir, iki, üç, dörd…" Əlindəki pullar azaldıqca o, daha ağır sayır, qara, hiyləgər gözləri oğrun-oğrun qırpılırdı. On səkkizə çatanda təəssüf bildirən bir ah çəkib dayandı.

– A doktor, bizim bu çətin zəmanədə bu az pul deyil. Elə deyilmi? Mənim devizim belədir: "Ver-al". Qalan iki funtu olarmı ki, bəxtimi sınamaq üçün özümə saxlayım?

Mənson dinmədi. Qadın xırdaçılığı, acgözlüyü ilə özünü alçaldır, çox pis vəziyyətdə qoyurdu. Mənsona məlumdu ki, onun həkimliyi missis Peycə çoxlu qazanc gətirir. Qadın neçə dəqiqə oturub gözlərini Əndrunun üzünə zilləyib durdu, sonra xahişinə buz kimi soyuqluqdan başqa heç bir cavab almadığını görərək axırıncı iki funtu da əsəbi bir hərəkətlə üstünə atıb kəskin tərzdə dedi:

– Baxın ha, bu pula layiq iş görün!

Sonra cəld sıçrayışla ayağa qalxıb otaqdan çıxmaq istəyirdi ki, Əndru qapı ağzında onu saxladı.

– Bir dəqiqə, missis Peyc.

Mənsonun səsində əsəbi bir qətiyyət vardı. Belə şeylərdən zəhləsi getsə də, o, bu xəsis xanıma yaxşıca dərs vermək qərarına gəldi.

– Siz bir ay üçün mənə ancaq iyirmi funt verdiniz, bu, eləyir ildə iki yüz qırx funt, halbuki şərtimizə görə mən iki yüz əlli funt almalıyam. Missis Peyc, deməli mənə hələ on altı şillinq səkkiz pens də çatmalıdır.

Qadın qəzəbdən və ümidsizlikdən ağappaq ağardı. Boğula-boğula:

– Ah, belə-ə! – deyə səsini uzatdı. – Deməli, siz qəpik-quruş üstündə mənimlə aranı vurmaq istəyirsiniz! Mənə həmişə deyiblər ki, şotlandiyalılar xəsis olurlar. İndi buna əmin oldum. Alın! Götürün öz murdar şillinqlərinizi, xırdaları da!

Tikanlı baxışlarını Əndrudan çəkməyən missis Peyc titrək barmaqları ilə ağzınacan dolu pul kisəsindən pul çıxarıb saydı. Nəhayət, Mənsona axırıncı dəfə qəzəbli bir nəzər fırladıb cəld qonaq otağını tərk etdi, qapını çırpdı.

Hirsindən ürəyi od tutub yanan Əndru evdən çıxdı. Bloduenin dediyi sözlərin haqsızlığını dərk etdiyindən bu acıdillik ona daha çox yer elədi. Görəsən, qadın, burada məsələ qəpik-quruşda yox, haqq-ədalətdə, düzgünlük prinsipində olduğunu başa düşmürdümü? Ancaq burası da vardı ki, Əndrunun anadangəlmə xasiyyəti – yüksək əxlaq qaydalarının tələbatından asılı olmayaraq ömründə heç kəsin onu aldatmasına, axmaq yerinə qoymasına qəti imkan verməmək bütün şimallıları fərqləndirən xüsusiyyətdi.

Ancaq poçta çatıb, aldığı iyirmi funtu zərfin içinə qoyaraq "Qlen fondu"nun ünvanına göndərdikdən sonra (xırda pulları özünə cib xərci saxladı) bir balaca sakitləşdi. Poçtun önündəki artırmada dayanmışdı ki, yaxınlaşan doktor Bremveli gördü, eyni daha da açıldı. Bremvel ağır-ağır yeriyir, iri pəncələrini daş döşəməli yola əzəmətlə basırdı, qara, nimdaş paltolu vücudu dimdikdi, qırxılmamış boz saçları kirli yaxalığı üstünə tökülmüşdü, gözləri irəli uzatdığı əlindəki kitaba zillənmişdi. Hələ uzaqdan, küçənin ortasından gördüyü Əndruya yaxınlaşanda yalandan diksinərək özünü heyrətlənmiş kimi göstərdi.

– Ah, əzizim Mənson! Başım kitaba elə qarışıb ki, az qala sizi görmədən keçib gedəcəkdim.

Mənson gülümsündü. Onun, ikinci "ştatlı" həkim Nikolsdan fərqli olaraq elə ilk görüşdən Mənsona səmimi münasibət bəsləyən doktor Bremvellə arası kökdü. Bremvelin işi çox olmurdu, buna görə də israfçılıq edib köməkçi saxlamağı özünə rəva görmürdü. Lakin onun lovğa ədaları, özünü məşhur adam kimi aparmaq adəti vardı.

Bremvel şəhadət barmağının kirli dırnağı ilə oxuduğu səhifəni səylə cızıb kitabı örtdü, sonra boş əlini qürurla nimdaş paltosunun yaxasına keçirtdi. Onun elə dəbdəbəli görkəmi vardı ki, Blenellinin baş küçəsində lap fantastik xəyala oxşayırdı. Denninin onu “Gümüş kral” adlandırması nahaq deyildi.

– Hə, əzizim, deyin görüm, bizim bu balaca cəmiyyət xoşunuza gəldimi? Kiçik hücrəmizdə arvadıma və mənə baş çəkdiyiniz zaman sizə demişdim ki, bu cəmiyyət ilk baxışda göründüyü kimi də iyrənc deyil! Burada bizim öz istedadlarımız var. Əziz arvadımla mən onları həvəsləndirməyə çalışırıq. Mənson, biz bu ucqar guşədə də mədəniyyət məşəlini daha uça qaldırırıq. Siz bir dəfə bizə axşam gəlməlisiniz. Mahnı oxumursunuz ki?

Əndru özünü gülməkdən güclə saxlayırdı. Bremvelsə mərhəm bir ahənglə sözünə davam etdi:

– Hamımız yatalaqla apardığınız mübarizədən, şübhəsiz, xəbərdarıq. Əzizim, Blenelli sizinlə fəxr edir. Mən ancaq təəssüf edirəm ki, belə bir fürsət mənə düşməyib. İşiniz çətinə düşəndə mən sizə bir fayda verə bilərəmsə, yanıma gəlin!

"Axı o kimdir ki, qoca adamı lağa qoyur?" – fikrindən doğan peşmançılıq hissi Əndrunu cavab verməyə vadar etdi:

– Doktor Bremvel, yeri gəlmişkən deyim ki, çox nadir hallarda təsadüf edilən olduqca maraqlı təkrar mediastinitə88
  Döş divararasının iltihabı.


[Закрыть]
rast gəlmişəm. Vaxtınız varsa, bəlkə mənimlə gedib ona baxasınız?

– Hə? – deyə Bremvel bu dəfə bir qədər həvəssiz xəbər aldı. – Mən sizə zəhmət vermək istəməzdim.

Əndru getməyə hazır olduğunu bildirib dedi:

– Burda, tinin dalındadır. Doktor Denni ilə görüşümə hələ yarım saat var. Bircə saniyədən sonra orda olarıq.

Bremvel tərəddüd edirdi, əvvəlcə, deyəsən, boyun qaçırmaq istədi, sonra isə mütərəddid halda razılıq bildirən hərəkət etdi. Onlar Qlayder-pleysə çatıb xəstənin evinə gəldilər.

Xəstəlik, Mənsonun dediyi kimi, həkim üçün son dərəcə maraqlı idi. Bu, boğaz uru vəzisinin mühafizəsi kimi nadir haldı. Əndru bunu müəyyənləşdirdyinə görə ürəkdən sevinirdi, yoldaşlıq məsləhətinə böyük ehtiyac duyurdu, ümid edirdi ki, Bremvel bu kəşflə əlaqədar onun sevincinə şərik olacaqdır,

Lakin doktor Bremvel bütün dəbdəbəli bəyanatlarına baxmayaraq xəstəliyə qətiyyən maraq göstərmədi. O, həvəssiz Əndrunun dalına düşüb ağzını açmaqdan qorxa-qorxa xəstənin otağına keçdi, təkəbbürlü xanım ədası ilə yatağa yaxınlaşdı. Xəstədən xeyli aralı, təhlükəsiz məsafədə dayanmağa çalışıb onu başdansovdu müayinə etdi. Görünür, burda çox qalmağa meyli yoxdu. Odur ki, ancaq evdən çıxıb təmiz və sərin havanı dərindən ciyərlərinə çəkdikdən sonra adi natiqlik qabiliyyəti özünə qayıtdı. Əndru ilə həvəslə danışmağa başladı:

– Dostum, xəstənizə sizinlə birgə baş çəkdiyimdən çox razıyam; əvvəla ona görə ki, xəstəliyin sirayət edə biləcəyi təhlükəsi qarşısında heç vaxt geri çəkilməməyi həkimlik borcu hesab edirəm; ikincisi, ona görə ki, elmi irəli aparmaq üçün ələ düşən hər cür imkana sevinirəm. İnanırsınızmı ki, bu, indiyədək mənim gördüyüm bütün mədəaltı vəzinin iltihabı hallarının ən səciyyəvi nümunəsidir!

O, Əndrunun əlini sıxıb tələsik getdi, gənc həmkarını tamam heyrət içində qoydu. Sarsılmış Əndru ürəyində bir neçə dəfə təkrar etdi: "mədəaltı vəzi". Bu, Bremvelin ağzından qaçan adi söz xətası yox, çox qaba səhv idi. Xəstəni müayinə zamanı özünü aparması onun həkimlikdən tamam bixəbər olduğunu büruzə verdi. Bremvel adicə savadsızdır. Əndru alnını ovuşdurdu. Bir baxın ha, əlində diplomu, əməlli işi olan, ona yüzlərlə adamın həyatı tapşırılan bir həkim mədəaltı vəzi ilə ur vəzisini dolaşıq salır, halbuki onlardan biri qarın nahiyəsində, digəri isə sinədədir. "Yox, bu lap fəlakətdir!"

Həkimlərin işi haqqındakı əvvəlki təsəvvürlərini həyatın alt-üst etdiyini yenə duyaraq o, ağır-ağır Denninin yaşadığı evə sarı yönəldi. Əndru bilirdi ki, o, hələ gəncdir, bu sahədə kifayət qədər hazırlıqlı deyil, təcrübəsizliyi üzündən səhv də edə bilər. Lakin Bremvel təcrübəsizliyinə bəhanə gətirə bilməzdi, belə ki, onun nadanlığına heç bir şeylə bəraət qazandırmaq olmaz.

Əndrunun fikirləri özü də hiss etmədən, fürsət düşdükcə ümumi peşələrini həmişə lağa qoyan Denniyə addadı. Denni bütün ölkədə ancaq tam avamlığı, bir də xəstələrin başını tovlamaq bacarığı əldə etməsi ilə fərqlənən minlərlə heç nəyə yaramayan həkim olduğunu tənbəl-tənbəl sübut etdiyinə görə ilk zamanlar onu bərk əsəbiləşdirirdi. İndi Əndru öz-özündən soruşurdu ki, Denninin dediklərində bəlkə bir həqiqət var. Elə bu gün həmin mövzuda onunla yenə danışmağı qərara aldı.

Lakin Denninin otağına girəndə gördü ki, indi nəzəri mübahisələrin yeri deyil: Filipp onu qaşqabaqla, sükutla qarşıladı. Üzü tutqundu, gözləri qəmli-qəmli baxırdı. Aradan xeyli keçəndən sonra dilləndi:

– Consun oğlu bu gün səhər yeddidə öldü. Bağırsağı deşilmişdi. – O, qəzəbini güclə boğaraq astadan və soyuq danışırdı. – Bir də İstred-rodda yatalağa tutulmuş iki təzə xəstə aşkar etmişəm.

Əndru onun halına acıyıb, nə cavab verəcəyini bilmədi, gözlərini yerə dikdi. Denni isə ürək ağrısı ilə sözünə davam etdi:

– Amma siz çox da qürrələnməyin. Mənim xəstələrimin öldüyünə, sizinkilərin isə sağaldığına sevinirsiniz. Lənətə gəlmiş kanalizasiya borusu sizin sahədə deşiləndə o qədər də sevinməzsiniz.

Əndru qızğınlıqla dilləndi:

– Yox, canım, yox, nə danışırsınız?! Vallah, sizdən ötrü mən də dilxor olmuşam. Gərək bir şey eləyək. Gəlin sanitariya idarəsinə məktub yazaq.

Filipp yenə də qəzəbini güclə boğaraq cavab verdi:

– Biz bir düjin məktub yaza bilərik. Nəticəsi ancaq bu olar ki, yarım ildən sonra bura avara bir müfəttiş gəlib çıxar. Yox, mən artıq hər şeyi götür-qoy eləmişəm. Onları yeni boru çəkməyə vadar edə biləcək bir yol var.

– Hansıdır?

– Köhnə borunu partlatmaq.

Əvvəlcə Əndru fikirləşdi ki, Denni ağlını itirib. Sonra anladı ki, Denni qəti qərara gəlib, buna görə də çaşqın halda gözlərini ona dikib durdu. O, əvvəlki anlayışlarını dəyişməyə, təzədən qurmağa hazırlaşırdı ki, Denni hər şeyi dağıtdı. Əndru mızıldandı:

– Əgər bu işdən xəbər tutsalar, böyük əngəli çıxar.

Denni qürurla ona baxdı.

– Əgər istəmirsinizsə, mənimlə getməyə bilərsiniz.

Əndu etiraz etdi:

– Yox, gedəcəyəm. Amma allah bilir ki, mən bunu niyə eləyirəm.

Mənson bütün günü, adi işlərini gördükcə verdiyi vəd barəsində narazılıqla, peşmançılıqla düşündü. Bu Denni dəlinin biridir, tez-gec onu da bir cəncələ salacaq. Tutmaq istədiyi bu işin özü – dəhşətdir, qanunu pozmaqdır, əgər işin üstü açılsa, hər ikisi məhkəmə qarşısında cavab verməli olacaq. Ola bilsin onları hətta həkimlikdən kənar etsinlər. Qarşısında açılan gözəl, parlaq həkimlik perspektivi başlanğıcında gözlənilmədən dayandırılacağını, dağıdılacağını fikirləşəndə dəhşət hissi Əndrunun canına üşütmə salırdı. O, Filippi qəzəblə lənətləyir, onunla getməyəcəyinə fikrən iyirmi dəfə and içirdi.

Buna baxmayaraq ona məlum olmayan mürəkkəb səbəblər üzündən Əndru geri çəkilə bilmir və istəmirdi.

Saat on birdə Denni və Əndru Qoukinslə birlikdə Çepelstritin qurtaracağına yollandılar. Zülmət gecə idi, küləyin güclü dalğaları tinlərin başında xırda yağış damlalarını onların üzünə çırpırdı. Denni qabaqcadan fəaliyyət planı hazırlamışdı, hər şeyi dəqiq hesablamışdı. Axırıncı növbə mədənə bir saat əvvəl enmişdi. Qoca Tomasın balıq dükanı qarşısında veyllənən bir neçə oğlan uşağından savayı küçədə heç kəs yoxdu.

İki kişi və bir it dinməzcə gedirdi. Denni qalın paltosunun cibinə altı dinamit çubuğu qoymuşdu, bunları ev sahibəsinin oğlu Tom Sicer bu gün daş karxanasının barıt anbarından çırpışdırmışdı. Əndru isə qapaqlarında dəlik açılmış altı dənə boş dəmir kakao qabı, elektrik fənəri və bir parça fitil aparırdı. Şlyapasını alnına basıb yaxalığını qaldırmışdı, başı aşağı yeriyir, bəzən bir gözü ilə ehtiyatla çiyni üstdən dala baxır, Denninin qırıq-qırıq dediyi sözlərə ancaq qısa cavablar verir, ürəyində isə ziddiyyətli hisslərin tufanı tüğyan edirdi. Əndru qəzəblə öz-özündən soruşurdu ki, heç bir qəlibə sığmayan bu gecə macərasında onun iştirakına görəsən xeyirxah professor-ortodoks Lemplaf necə baxardı.

Qlayder-plesi keçən kimi kanalizasiya borusunun, dağıdılmış betonun içində paslı dəmir qapaqdan ibarət baş küçə lükünə çatıb işə başladılar. Mikrob yuvasına çevrilmiş qapaq neçə ildi ki, açılmırdı, onu güclə qaldırdılar. Sonra Əndru ehtiyatla fənəri üfunətli quyuya yönəldib oranı işıqlandırdı – aşağıda ovulub sökülmüş daş qanovla qatı lehmə axıb gedirdi.

Denni əsəbi pıçıltı ilə dedi:

– Qiyamətdir, elə deyilmi? Ora baxın, Mənson, görün qanovda necə çatlar var. Axırıncı dəfə baxın!

Sonra bir kəlmə də danışılmadı. Əndrunun əhvali-ruhiyyəsi, nədənsə, birdən-birə dəyişdi, o indi tamam ruhlanmış, həvəsə gəlmişdi, Denninin özündən az qətiyyətli deyildi. Burada çürüyən iyrənc şeylər ucbatından insanlar ölürlər, məmurlar isə bir tədbir görmək istəmirlər! İndi daha xəstənin böyründə əyləşib ah çəkmək və qarnını heç nəyə dəyməyən dərmanlarla doldurmaq vaxtı deyil.

Onlar cəld hər dəmir qutuya bir dinamit çubuğu yerləşdirdilər. Fitili müxtəlif uzunluqda doğrayıb qutulara bənd etdilər. Kibrit qaranlıqda alışıb Denninin solğun, tutqun üzünü, Əndrunun əsən əllərini aydın işıqlandırdı. Sonra birinci fitil fışıldadı. İçi doldurulmuş dəmir qablar– ən əvvəl uzun fitilləri olanlar bir-bir, ehtiyatla axan lehmənin içinə buraxıldı. Əndru ətrafda nə olduğunu ayırd edə bilmirdi. Ürəyi həyəcanla çırpınırdı. Bu, sırf təbabət məşğələsinə oxşamırdısa da, ömrünün ən yaxşı dəqiqəsi idi. Axırıncı dəmir qab qanova düşəndə, qısa fitili alışıb fışıldayanda birdən-birə Qoukins gördüyü bir siçovulun dalınca qaçdı. Araya müvəqqəti çaxnaşma düşdü, bu intermediyada it hürə-hürə qaçır, onu tutmaq istəyən iki nəfər də indicə ayaqları altında baş verə biləcək partlayışın dəhşətini duyaraq onu qovurdu. Sonra lükün qapağı yerinə qoyuldu və Əndru ilə Denni küçədə üzü yuxarı otuz yardadək dəli kimi yüyürdülər.

Onlar Rednor-pleysin tininə çatıb geri boylanmaq üçün dayanmışdılar ki, birdən gurultu eşitdilər: – part! – birinci dəmir qab partladı.

– Vallah bunu biz elədik, Denni! – deyə Əndru sevinclə çığırdı. İndi onun qəlbində Denniyə qarşı yoldaşlıq hissi baş qaldırmışdı, o, Denninin əlindən yapışmaq, ucadan nəsə demək istəyirdi.

Sonra yubanmadan, dəqiqliklə digər yeni boğuq partlayış səsləri də eşidildi – ikinci, üçüncü, dördüncü, beşinci, nəhayət ən effektlisi – axırıncı partlayış; bu partlayış, deyəsən dörddə bir mildən yaxın deyildi, səs vadinin o başından gəldi.

Denni səsini alçaldıb:

– Hə, bu da belə, – dedi və elə bil həyatının bütün gizli dərdləri bircə bu sözdə ifadə olundu. – Bir biabırçılıqdan qurtardıq.

Bu sözlər ağzından təzəcə çıxmışdı ki, çaxnaşma başladı. Pəncərələr, qapılar taybatay açılır, qaranlıq küçəyə hər yandan işıq düşürdü. Adamlar evlərdən çölə yüyürürdülər. Bir dəqiqə keçməmiş küçə adamla doldu. Əvvəlcə kimsə qışqırdı ki, mədəndə partlayış olub. Lakin camaatın içindən dərhal etiraz səsləri ucaldı, partlayış səsləri aşağıdan, vadidən gəlirdi. Mübahisələr başladı, hərə öz mülahizəsini qışqıra-qışqıra söyləyirdi. Bir dəstə kişi fənərlə kəşfiyyata yollandı. Gecənin bu aləmində həyəcanlı səslər hey uğuldayır, sakitləşmək bilmirdi. Denni ilə Mənson qaranlığın və səs-küyün pərdəsi altında sürüşüb aradan çıxaraq, dolambac yollarla evlərinə qayıtdılar. Əndrunun damarlarından axan qan da zəfər nəğməsi oxuyurdu.

Ertəsi gün səhər hələ səkkiz olmamış qaşqabaqlı sifəti çiy dana ətini xatırladan, gonbul doktor Qriffits avtomobillə gəlib çıxdı. Onu isti yatağından bələdiyyə şurasının üzvü Qlin Morqan dəhşətli lənətlər yağdıra-yağdıra oyatmışdı. Qriffits yerli həkimlərin telefonla çağırışlarına cavab verməyə bilərdi, lakin Qlin Morqanın hirsli hökmlərinə əməl etməmək olmazdı. Qlin Morqanın hirslənməsi üçün isə səbəb vardı: həkim şura üzvünün şəhərin yarım milliyində, vadidə yerləşən təptəzə villası bir gecədə orta əsrlərin lehməsi dolmuş xəndəklə əhatə olunmuşdu. Şuranın üzvü və onun tərəfdarları Heymer Devis və Den Roberts tam yarım saat başqalarının da eşidə biləcəyi tərzdə ucadan tibb inspektoruna dişlərinin dibindən çıxanı dedilər.

Bundan sonra Qriffits alnının tərini silə-silə, qıçlarını sürüyə-sürüyə əhvalatla maraqlanan məmnun camaatın içində Mənsonla yanaşı durmuş Denniyə sarı yeridi. İnspektorun onlara tərəf gəldiyini görən kimi Əndru birdən narahat olmağa başladı. Həyəcanlı, yuxusuz gecədən sonra onun əhvalı dəyişmişdi. Sübhün ayazlı işığında alt-üst olunmuş yolun viranə mənzərəsindən pərtləşən Əndru özünü pis hiss etməyə başlamışdı. Lakin Qriffits kimdənsə şübhələnmək vəziyyətində deyildi. O, iniltili bir səslə Filippə müraciət etdi:

– Hə, dostum, sizin üçün gərək yubanmadan təzə su borusu çəkək.

Denninin sifəti laqeyd vəziyyətdə qaldı. Sonra çox soyuq bir tərzdə dedi:

– Mən neçə ay əvvəl sizi xəbərdar etmişdim, Yadınızdadırmı?

– Bəli, bəli, şübhəsiz! Lakin mən hardan biləydim ki, bu lənətə gəlmiş boru bir gün partlayacaq? Lap məəttəl qalmışam – axı bu necə ola bilər?

Denni ona soyuq nəzərlə baxdı.

– Bəs sanitariyaya aid biliyiniz hanı, doktor? Məgər bilmirsiniz ki, kanalizasiya borularına yığılmış qaz çox asan alovlanır?

Elə bazar ertəsindən təzə borunun çəkilişinə başladılar.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации