Электронная библиотека » Arçibald Kronin » » онлайн чтение - страница 4

Текст книги "Qala"


  • Текст добавлен: 27 декабря 2022, 08:00


Автор книги: Arçibald Kronin


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 34 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +
V

Üç ay keçdi.

Gözəl mart günlərindən biri idi. Dağlardan əsən ilıq mehdən baharın gəlişi duyulurdu. Dağlarda güclə sezilən ilk yaşıl zolaqlar burada daş karxanalarının, şlak qalaqlarının törətdiyi biabırçı vəziyyətə meydan oxuyurdu. Mavi səmanın cazibədar fonunda Blenelli belə gözəl görünürdü.

Əndrunu elə indicə Riskin-stritə xəstə üstünə çağırmışdılar. O, xəstəyə baş çəkmək üçün evdən çıxanda yaz gününün gözəlliyindən ürəyinin daha şiddətlə döyündüyünü hiss etdi. O, artıq bura alışmış, elə bil başqa aləmdən tamam ayrılıb dağlar arasına gömülmüş bu orijinal, primitiv şəhərə öyrəşmişdi. Onun heç bir əyləncə yeri, hətta kinosu da yoxdu, ürəksıxan mədənlərindən, daş karxanalarından, filiz emal edən zavodlarından, cərgələnmiş kilsələrindən, bir də tutqun evlərindən başqa heç nəyi yoxdu. Bu, elə bil öz aləminə qapılmış qəribə, sakit bir şəhərdi. Buranın camaatı da, bir növ, yad və anlaşılmazdı; adamların Əndrudan kənar gəzdiyinə baxmayaraq onlar bəzən gənc həkimdə istər-istəməz səmimi hisslər oyadırdılar: alverçilərdən, keşişlərdən və bir dəstə əsnafdan başqa bütün adamlar mədənlərin sahibi olan şirkətin fəhlə və qulluqçuları idi. Hər növbə başlanana yaxın və onun axırında bu kiçik şəhərin sakit küçələri qəflətən oyanar, altına dəmir vurulmuş başmaqların taqqıltısından lərzəyə gələr, insan ordusunun təzyiqi altında birdən-birə canlanardı. Gematit mədənində işləyənlərin paltarları, ayaqqabıları, əlləri, hətta üzləri də tünd-qırmızı filiz tozuna bulaşmış olurdu. Daş karxanasının fəhlələri içinə pambıq qoyulmuş moleskin kombinezonlar geyər, altdan dizlərini sarıyardılar. Pudlinqçiləri diyir-diyir pambıq parçadan tikilmiş sürməyi şalvarlarından tez tanımaq olurdu.

Onlar az, əsasən valli dilində danışırdılar. Ayrıca dolanmalarından, qaradinməzliklərindən digər irqin nümayəndələrinə oxşayırdılar. Lakin bunlar çox yaxşı adamlardı. Evdə, kilsə salonlarında, şəhərin yuxarı hissəsindəki futbol meydanında adi əyləncələrlə qane olurdular. Ən çox isə musiqini xoşlayırdılar, – dəbdə olan bayağı, şit mahnıları yox, ciddi, klassik musiqini. Əndru çox vaxt gecə küçələrdən keçərkən bu yoxsul daxmalardan ucalan fortepiano səsi eşidərdi – bu, çox yaxşı çalınan, gecənin sükutunu yarıb yuxarı, əlçatmaz dağlara, daha yuxarılara qanadlanan Bethovenin sonataları, yaxud Şopenin prelüdləri idi.

Doktor Peycin vəziyyəti Əndru üçün tamam aydındı. Edvard Peyc bundan belə bircə xəstə də qəbul edə bilməyəcəkdi. Lakin fəhlələr tam otuz il onlara can-başla, vicdanla xidmət etmiş həkimi "ələ vermək" istəmirdilər. Həyasız Bloduen isə hiylə, yaltaqlıq və aldatma yolu ilə fəhlələrin müalicə üçün pul çıxılmasının bütün haqq-hesabı əlindən keçən mədən direktoru Uotkinsi tovlayıb, işi elə qura bilmişdi ki, doktor Peyc yenə də ştatda qalır, beləliklə də arvadı çoxlu pul qazanır, Peycin bütün işlərini görən Mənsona isə bu qazancın az qala altıda bir hissəsini verirdi.

Əndru Edvard Peycə ürəkdən acıyırdı. Bu nəcib və sadə qəlbli insan Eberistvit kafesində işləyən həris, qəşəng gonbul Bloduenlə evlənəndə çaqqal gavalısı kimi qara, qaynar gözlərin arxasında nələr gizləndiyini bilməmişdi. İndi iflic olmuş, yatağa düşmüş Peyc bütünlüklə bu qadından, onunla nəvazişlə, lakin nəsə şən, fərəhli bir zalımlıqla davranan Bloduendən asılı idi. Bloduenin ərini sevmədiyini demək olmazdı. Onda Peycə qarşı xüsusi bağlılıq vardı. Əri, doktor Peyc onun xüsusi mülkiyyəti idi. Xəstənin otağında Əndruya rast gələndə o, təbəssümlə, lakin həmişə kənar edilən, məhəl qoyulmayan bir adamın qısqanclığı ilə yaxınlaşıb ucadan deyərdi:

– Hə, yenə ikilikdə nə barədə danışırsınız?

Fağırlığına, fədakarlığına görə Edvard Peyci sevməmək olmazdı. Yatağa yapışıb qalmış köməksiz qoca bu qarabuğdayı, hövsələsiz, həyasız qadının, arvadının bütün səs-küylü qayğılarına tabe olurdu, onun tamahkarlığının, inadlı, utanmaz müdaxilələrinin, usandırıcı hərəkətlərinin qurbanı idi.

Edvard Peycin Blenellidə qalmasına artıq heç bir lüzum yoxdu, buna görə də o, daha isti, dolanacaq üçün daha əlverişli şəraiti olan bir yerə getmək həsrətilə yaşayırdı. Bir dəfə Əndru ondan: "Ürəyinizdən nə keçir, ser?" – deyə soruşanda o, köksünü ötürüb belə demişdi:

– Dostum, mən buradan baş götürüb getmək istərdim. Bu gün Kapri adası haqqında oxudum… Orada quşlar qoruğu yaratmaq istəyirlər… – o, bu sözləri deyib üzünü yastığın içində gizlətdi. Onun səsində dərin həsrət hissi vardı.

O heç vaxt özünün həkimliyindən danışmazdı. Olsa-olsa bəzən sözarası yorğun səslə deyərdi: "Doğrusu, mən dərin biliyə malik olmamışam, amma əlimdən gələni etməyə çalışmışam". O, saatlarla qımıldanmadan uzanıb, Enninin hər səhər böyük qayğı ilə quşlar üçün çörək qırıntısı, piy qabığı, əzilmiş hind qozu səpdiyi pəncərəyə tamaşa edə bilərdi. Sellüloid döşlüklü rəngi solmuş qara kostyumunda yöndəmsiz, təmtəraqlı görünən qoca şaxtaçı İnox Devis hər bazar günü səhər xəstənin yanına gələrdi. Hər ikisi – həm qonaq, həm də ev sahibi dinməz oturub pəncərəyə qonan quşlara tamaşa eləyərdi. Bir dəfə Əndru həyəcan içində aşağı düşən İnoxa rast gəldi. Qoca şaxtaçı çığırdı: "Doktor, bu gün işimiz yaman uğurlu olub! İki çox qəşəng arıquşu lap bir saatadək pəncərədə oturmuşdu!.."

İnox Peycin yeganə dostu idi. O, şaxtaçılar arasında böyük nüfuza malikdi. Buna görə də and içmişdi ki, nə qədər sağdır, doktor Peycin xəstələri siyahısından bir adam da pozulmayacaq. İnoxun heç ağlına da gəlməzdi ki, zavallı Edvard Peycə bu sədaqətilə o, qaş qayıran yerdə göz çıxarır.

Bu evə tez-tez gələnlərdən biri də Qərb bankının direktoru, ilk baxışdan Əndruya xoş gəlməyən arıq, uzundraz, daz başlı Ənyurin Ris idi. Şəhərin ən mötəbər şəxslərindən biri olan bu adam heç vaxt heç kəsin düz gözünün içinə baxmazdı O, "Brinqouer"ə gələndə ancaq nəzakət xatirinə beş dəqiqə doktor Peycin yanında olar, sonra qapını cəftələyib tam bir saat missis Peyclə bir otaqda qalardı. Bu görüşlər zamanı heç bir günah iş tutulmurdu, onlar ancaq pul məsələlərinə həsr olunurdu. Əndru güman eləyirdi ki, Bloduenin bankda öz şəxsi hesabında xeyli pulu var və Ənyurin Risin səlahiyyətli rəhbərliyi ilə bu pulunu ustalıqla artırır. Əndru üçün həyatının bu dövründə pulun heç bir əhəmiyyəti yoxdu. "Qlen fondu"na borcunu səliqə ilə qaytara bilməsi ona kifayət idi. Hələ üstəlik cibində papiros üçün də bir neçə şillinqi qalırdı. Əsas məsələ bu idi ki, onun sevimli işi vardı.

Klinik işin onun üçün nə qədər qiymətli və maraqlı olduğunu heç vaxt indiki kimi aydın hiss etməmişdi. Onda daim yaşayan bu hiss yorğun, dilxor, ruhən əzgin olduğu zaman istisilə qızındığı alov kimi idi. Son vaxtlar daha qeyri-adi çətinliklər meydana çıxır, onu daha çox narahat edirdi. Lakin o, bir həkim kimi müstəqil fikir yürütməyə başlayırdı. Bəlkə bunun üçün o, ən çox Denniyə onun sərt, kəskin, dağıdıcı baxışlarına borclu idi. Denninin dünyagörüşü indiyədək Mənsona təlqin edilmiş hər şeyin tamam əksinə idi. Bu dünyagörüşünü ikicə kəlmə ilə ifadə edib, onu İncil ayəsi kimi Denninin çarpayısının baş tərəfindən asmaq olardı: "Mən inanmıram".

Tibb fakültəsində adi hazırlıq aldıqdan sonra Mənson qalın cildli sanballı dərsliklərin təlqin etdiyi hər şeyə dərin inam bəsləyərək gələcəyin pişvazına çıxdı. Onun başını fizika, kimya, biologiya üzrə səthi biliklə doldurmuşdular – hər halda o, yer üzünün soxulcanlarını öyrənib onlardan preparatlar hazırlamışdı. Sonra ona adi nəzəriyyələri ehkam kimi təşəxxüslə təqdim etmişdilər. Bütün xəstəliklər artıq müəyyənləşdirilmiş əlamətləri və onlara qarşı mübarizə vasitələri ilə ona məlumdu. Misal üçün podaqranı götürək. Onu zəfəran arağı ilə müalicə etmək olar. Professor Lemplafın auditoriya qarşısında mülayim-mülayim belə mızıldadığını Əndru çox yaxşı xatırlayırdı: "Vinum colchici, cənablar, onun iyirmidən otuzadək damcısı podaqranın spesifik müalicə vasitəsidir". İndi isə Əndru öz-özünə belə sual verirdi: bu, doğrudan da belədirmi? Bir ay əvvəl əsl podaqraya, "yoxsulların amansız və əziyyətli podaqrasına" rast gəldiyi zaman həmin vasitəni lazımi dozada sınaqdan keçirdi, nəticəsi çox acınacaqlı, uğursuz oldu.

Bəs farmakopeyanın qalan "müalicə" vasitələrinin yarısı yox, dörddə üç hissəsi haqqında nə demək olar? Bu dəfə Əndrunun hafizəsində onlara Materia medica-dan mühazirə oxuyan doktor Eliotun dedikləri səsləndi: "Cənablar, indi biz elemə – nəbatatdan əmələ gəlməsi dəqiq müəyyənləşdirilməmiş, ancaq çox güman ki, Canarium commune bitkisindən törənən bərk qatranlı maddəyə keçirik. Bu maddə Manilladan gətirilir və sürtmə yağı şəklində beşə bir nisbətdə işlədilir. O, yara və qanaxma zamanı xəstənin ümumi vəziyyətini yaxşılaşdıran dərman və dezinfeksiya vasitəsi kimi misilsizdir.

Boş şeylərdir! Bəli, bütün bunlar tamam boş şeylərdir! İndi o, bunu apaydın görürdü. Görəsən, Eliot heç unguentum elemi sürtmə yağından istifadə edibmi? Əndru əmindi ki, yox. Bütün bu əllamələri kitabdan oxuyub, bu kitaba da onlar digər kitabdan düşüb və ilaxır. Əgər bu kəlamların mənşəyi axtarılsa, gedib orta əsrlərə çıxmaq olar. Arxaik istilahlar da bunu sübut edər.

Denni hələ birinci axşam sulu dərman hazırlayan Əndrunun sadəlövh inamına gülmüşdü. O, xəstənin qarnını hər cür "horra" ilə dolduran həkimləri həmişə lağa qoyurdu. Denni inamla deyirdi ki, ancaq dörd-beş dərman həqiqətən xəstəyə fayda verir, bütün qalanları o, saymazyana "zibil" adlandırırdı. Denninin saymazyana sözlərində Əndrunu gecələr yatmağa qoymayan dağıdıcı bir fikir vardı ki, bunu da o, hələ dumanlı şəkildə dərk etməyə başlayırdı.

Bu barədə fikirləşə-fikirləşə Əndru gəlib Riskin-stritə çatdı və üç nömrəli evə girdi. Məlum oldu ki, burada doqquz yaşlı oğlan uşağı Co Houels yüngül formalı qızılca çıxarıb. Uşağın xəstəliyi təhlükəli deyildi, lakin ailənin yoxsulluğu və ağır şəraiti üzündən Conun anasının qarşısına ciddi çətinliklər çıxacaqdı. Daş karxanasında günəmuzd işləyən Houelsin özü plevrit xəstəliyi ilə yatağa düşmüşdü, üç aydı ki, heç bir pul yardımı almırdı. Sektant kilsəsində süpürgəçi işləyə-işləyə bir xəstəyə qulluq etməkdən onsuz da əldən düşmüş zərif və xəstə görkəmli missis Houels indi xəstə oğlunun halına da can yandırmalı idi.

Evdən çıxarkən Əndru qapı ağzında qadınla söhbət etdi və təəssüf hissilə dedi:

– Sizin onsuz da o qədər işiniz, gücünüz var ki! Bu yandan da İdrisi evdə saxlamalı olacaqsınız, onu məktəbə buraxmaq olmaz. (İdris Coun kiçik qardaşı idi).

Missis Houels cəld başını qaldırdı. O, qırmızı əllərinin dərisi çat-çat olmuş, barmaqlarının oynaqları şişmiş cılız, fağır bir qadındı.

– Yox, miss Barlou dedi ki, İdris məktəbə gedə bilər.

Qadının halına ürəyi yansa da, Əndru bu sözdən möhkəm hirsləndiyini hiss etdi.

– Eləmi? Axı bu miss Barlou kimdir?

Ağlına heç bir şey gəlməyən missis Houels izah etdi:

– Benk-stritdə məktəb müəllimidir. Bu gün səhər bizə gəlmişdi. Güzəranımın çətinliyini görüb İdrisin məktəbə getməsinə izin verdi. Əgər onun da ağırlığı üstümə düşsəydi, bircə allah bilir ki, halım necə olardı.

Əndru çox istəyirdi qadına desin ki, o, burnunu ona dəxli olmayan işlərə soxan bir məktəb müəlliminin yox, onun göstərişlərinə əməl etməyə borcludur. O, çox gözəl başa düşürdü ki, bu işdə missis Houelsi günahlandırmaq olmaz, buna görə də özünü saxladı, dinmədi. Lakin qadınla vidalaşıb Riskin-stritlə gedərkən qaşqabağı yer süpürürdü. Onun işinə qarışanlardan zəhləsi gedirdi, illah ki, bu adam qadın ola. O, bu barədə fikirləşdikcə, daha çox qəzəblənirdi. Qardaşı Co qızılcadan yatarkən İdrisi məktəbə buraxmaq – mövcud qayda-qanunu açıq-aşkar pozmaq deməkdi. Buna görə də Əndru birdən qərara aldı ki, həmin zəhlətökən miss Barlounun yanına gedib onunla əməlli danışsın.

Beş dəqiqə sonra o, Benk-stritin yoxuşu ilə qalxıb məktəbə gəldi, qapıçı qadından "birinci normal" sinfin yolunu soruşdu, gəlib onu tapdı. Qapını döyüb içəri girdi.

Havası yaxşıca dəyişdirilmiş geniş otağın bir küncündə buxarı yanırdı. Burada yeddi yaşınadək uşaqlar oxuyurdular, İndi tənəffüs olduğundan hər uşağın qabağında bir stəkan süd vardı.

Mənsonun gözləri dərhal müəlliməni axtardı. Müəllimə arxası ona tərəf dayanıb lövhədə rəqəmlər yazırdı, buna görə də əvvəl Mənsonu görmədi. Nəhayət çevrildi.

Bu, qəzəbli vaxtında təsəvvürünün onun üçün rəsm etdiyi həmin "zəhlətökən" qadına oxşamırdı. Buna görə də çaşıb qaldı. Onu karıxdıran bəlkə də qızın qonur gözlərindəki heyrət idi. Mənson qızarıb soruşdu:

– Miss Barlou sizsiniz?

– Bəli.

Onun qarşısında qəhvəyi toxunma yubka, yun corab və xırdaca qaba başmaqlar geymiş arıq, nazik bir qız dayanmışdı. Mənsonun ağlına gəldi ki, qız çox güman onunla yaşıd olar, yox, deyəsən cavandır, iyirmi ikidən artıq yaşı olmaz. Qız yüngül heyrət hissi ilə onu gözdən keçirir, dodaqaltı gülümsəyirdi. Elə bil uşaqların hesab dərsindən yorulub, belə gözəl bahar günündə gözlənilmədən qarşısına çıxan əyləncəyə sevinirdi.

– Deyəsən siz doktor Peycin təzə köməkçisisiniz?

– Məsələ mənim kim olmağımda deyil, – deyə Əndru soyuq cavab verdi. – Mən doğrudan da doktor Mənsonam. Sizdə İdris Houels oxuyur. Siz bilirsinizmi ki, onun qardaşı qızılca çıxarıb?

Araya sükut çökdü. Qızın gözləri təəccüblə baxırdısa da, mehriban ifadəsini itirməmişdi.

Miss Barlou dağınıq saçlarını alnından kənar edib cavab verdi:

– Bəli, bilirəm.

Qız deyəsən Mənsonun gəlişinə ciddi yanaşmaq fikrində deyildi, buna görə də Əndrunu təzədən qəzəb boğdu.

– Siz başa düşürsünüzmü ki, onu burada saxlamaq, bütün qanunlara zidd getmək deməkdir?

Mənsonun səsinin ahəngindən qız pörtdü, üzündəki mehribanlıq ifadəsi çəkildi. Mənson onun təravətli, təmiz dərisini görməyə bilməzdi. Hələ üstəlik sağ yanağının yuxarısında eynilə gözləri rəngindəki xırdaca qəhvəyi xalı da nəzərindən qaçmadı. Qız ağ koftasında çox zərif, kövrək, lap yeniyetmə təki gülməli görünürdü. O, tez-tez nəfəs alsa da, hər halda ağır-ağır, sakit səslə dedi:

– Missis Houels başını tamam itirib. Buradakı uşaqların çoxu qızılca çıxarıb. Çıxarmayanlar isə tez-gec çıxaracaqlar. Əgər İdris məktəbə gəlməsəydi ona böyük fayda verən südü də ala bilməyəcəkdi.

Mənson onun sözünü kəsdi:

– Məsələ süddə deyil. Onu başqa uşaqlardan mütləq ayırmaq lazımdır.

Qız inadla ona etiraz elədi.

– Müəyyən dərəcədə ayırmışam da. Əgər inanmırsınızsa, baxa bilərsiniz.

Mənson qızın baxdığı səmtə döndü. Beş yaşında olan İdris uşaqlardan ayrı, buxarı qarşısında, alçaq partada əyləşib həyatdan çox razı bir halda süd dolu krujkasının arxasından solğun mavi gözlərini sevinclə bərəldib baxırdı.

Bu mənzərə Əndrunu daha da hirsləndirdi. O, kinayəli, əsəbi halda güldü.

– Siz bunu başqalarından ayırmaq hesab edə bilərsiniz, mən isə təəssüf ki, yox. Siz elə bu saat uşağı evə göndərməlisiniz.

Qızın gözlərində qığılcımlar parladı.

– Sizin heç ağlınıza gəlmir ki, bu sinfin sahibi mənəm? Bəlkə siz adamlara daha geniş miqyasda ağalıq etmək haqqına maliksiniz, lakin burada təkcə mən göstəriş verə bilərəm.

Əndru özünü çəkib nifrət dolu gözlərini qıza dikdi.

– Siz qanunu pozursunuz! Sizin uşağı məktəbdə saxlamağa haqqınız yoxdur! Tərslik etsəniz, bu barədə inspektora xəbər verəcəyəm.

Araya qısa müddətli sükut çökdü. Əndru gördü ki, qız əlindəki təbaşiri bərk-bərk sıxır. Bu həyəcan nişanəsi Mənsonun qıza və özünə acığını daha da qızışdırdı. Qız ikrah hissilə dedi:

– Gedin xəbər verin! Tapşırın ki, məni həbs etsinlər. Şübhəsiz ki, bu, sizə böyük ləzzət verər.

Qəzəblənmiş Əndru pis vəziyyətə düşdüyünü duyaraq dinmədi. Özünü ələ almağa çalışdı. Baxışlarını qıza zillədi ki, artıq soyuq parıltı ilə alışıb-yanan gözlərini aşağı salmağa bəlkə onu məcbur etsin. Onlar bir anlığa bir-birinin üzünə elə yaxından baxdılar ki, Əndru qızın boynundakı çırpınan qan damarlarını, açıq dodaqları arasında parlayan dişlərini gördü. Nəhayət, qız dilləndi:

– Hər şeyi dediniz, elə deyilmi? – Sonra kəskin hərəkətlə çevrilib üzünü sinfə tutdu. – Uşaqlar, qalxın və deyin: "Xudahafiz, doktor Mənson. Yanımıza gəldiyiniz üçün çox sağ olun!"

Uşaqlar stulları taqqıldadaraq səs-küylə ayağa qalxdılar, müəllimənin rişxənd dolu sözlərini xorla təkrar etdilər.

Miss Barlou onu qapıyadək ötürəndə Mənsonun qulaqları od tutub yanırdı. Doktor tamam çaşıb qalmışdı, hələ üstəlik özündən çıxdığına, özünü axmaq kimi apardığına yaman peşman olmuşdu. Halbuki qız heyrət ediləcək tərzdə təmkinli idi, Əndru demək üçün kəsərli bir cümlə, təsirli bir söz axtarırdı, lakin ağlına fərli bir şey gəlməmiş burnunun lap qabağında qapını sakitcə örtdülər.

VI

Bütün axşamı bərk hirslənən, tibb inspektoruna zəhər tuluğu kimi üç kəskin ərizə yazıb, sonra cıran Mənson, nəhayət bütün bu əhvalatı unutmağı qərara aldı. Benk-stritə yollandıqda onu tərk etmiş yumor hissi indi qayıdaraq, orada boş yerə öz mənliyini göstərmək cəhdindən ötrü onda narazılıq, peşmançılıq hissi oyatmışdı.

Təbiətindəki inadkar şotland məğrurluğu ilə amansız mübarizə aparan o, axır bu qərara gəldi ki, haqlı deyilmiş, buna görə də şikayət, xüsusilə ələkeçməz Qriffitsə şikayət etmək fikrindən əl çəkdi. Lakin nə qədər çalışdısa, Kristin Barlounu başından çıxara bilmədi.

Bu axmaqlıq deyil? Yeniyetmə qızın biri, məktəb müəlliməsi ilişib qalıb beynində, narahatdır ki, görəsən müəllimə onun haqqında nə fikirləşər. O, inadla öz-özünə deyirdi ki, bu, mənliyinə toxunulmağın adi nəticəsidir. O, qadınlarla həmişə utancaq və yöndəmsiz rəftar edib. Onun narahat, bir qədər əsəbi vəziyyət keçirdiyini heç bir məntiqi mülahizə ilə dəyişmək mümkün deyildi. Əndru özünə fikir verməyəndə, məsələn, yorğun-arğın gəlib çarpayıya sərələnərək gözlərinə təzəcə yuxu gedən vaxtda sinif səhnəsi gəlib xəyalında daha aydın canlanır, o qaranlıqda qaşqabağını tökərdi. Qızın təbaşiri barmaqları arasında bərk-bərk sıxdığını, qara gözlərinin qəzəblə parladığını görürdü. Koftasının yaxasında üç şirmayı düymə vardı. Onun nazik, çevik bədəni yığcam, aydın, dəqiq cizgiləri ilə fərqlənir, bu da uşaqlıqda çox yüyürdüyünü, məharətlə tullandığını göstərirdi. Əndru qızın gözəl olub-olmadığı barədə heç düşünməmişdi. Necəliyindən asılı olmayaraq qız həmişə onun xəyalında, gözləri qabağında idi. Ürəyi heç vaxt keçirmədiyi bir hissdən – şirin qüssədən istər-istəməz sıxılırdı.

İki həftə keçdi. Bir dəfə Mənson çox dalğın halda Çepel-stritlə gedərkən Steyşen-rodun tinində az qala missis Bremvellə toqquşacaqdı. Əndru qadını görmədən keçəcəkdi ki, missis Bremvel onu səsləyib xoş bir təbəssümlə saxladı.

– A, doktor Mənson! Mənə elə siz lazımsınız. Bu gün axşam bizdə kiçik, adi bir məclis olacaq. Ümidvaram ki, siz də gələrsiniz.

Qledis Bremvel həmişə qeyri-adi paltarlar geyən, saçları yetişmiş qarğıdalı rənginə çalan, otuz beş yaşlarında əndamlı, körpələrə məxsus təmiz, mavi gözlü, yeniyetmə qız ədalı bir qadındı. Qledis həmişə əzilə-əzilə "ərimin arvadıyam" deyərdi. Blenellidəki dedi-qoduçular isə onu başqa sözlə səciyyələndirməyi daha üstün tuturdular. Doktor Bremvel ona pərəstiş edirdi, deyirdilər ki, ancaq bu kor-koranə pərəstiş ona arvadının Toniqlendə yaşayan "qara dərili" doktor Gebelə adi yelbeyinlik həddini aşan aludəliyini görməyə mane olurdu.

Qadını tanıyan Əndru dəvətdən boyun qaçırmaq üçün tələsik bəhanə axtarmağa başladı.

– Missis Bremvel, qorxuram ki, axşamadək işimi qurtara bilməyəm.

– Yox, gərək mütləq gələsiniz. Qəribə oğlansınız. Bilirsinizmi bizdə nə əntiqə adamlar olur. Mədəndən mister və missis Uotkinslər, Toniqlendən, – o, mənalı tərzdə gülümsündü, – doktor Gebel… Ah, az qala unutmuşdum: bir də bizim balaca müəlliməmiz Kristin Barlou.

Mənsonun canında vicvicə gəzdi. O, birdən səfeh-səfeh gülümsədi.

– Əlbəttə ki, gələrəm, missis Bremvel. Dəvətə görə çox minnətdaram.

Qadın gedənədək Əndru bir neçə dəqiqə onunla söhbət etməyə məcbur oldu. Sonra bütün günü o, daha heç bir şey barədə fikirləşmək iqtidarında deyildi, fikri-zikri ancaq bu idi ki, bu gün yenə Kristin Barlounu görəcək.

Missis Bremvelin "axşam" məclisi saat doqquzda başladı. Məclisi belə gec başlamağa qərar vermək öz ambulatoriyalarında yubana biləcək həkimlərə hörmət əlaməti idi. Doğrudan da Əndru axırıncı xəstəsini ancaq ona on beş dəqiqə işləmiş yola saldı. Sonra müalicəxananın kranı altında tələsik yuyundu, qırıq daraqla saçını daradı və "İnziva guşəsinə" cumdu. Kiçik kərpic evi (şəhərin ortasında yerləşdiyi üçün idillik adına heç uyğun gəlmirdi) axtarıb tapdı, içəri girəndə başa düşdü ki, məclisə axırıncı o gəlmişdir. Missis Bremvel onu ərklə məzəmmətləyib, qabağa düşdü. Hamını təntənə ilə yemək otağına dəvət etdi. Əri və dəvət olunmuş beş nəfər onun dalınca yeridi.

Şam yeməyi palıddan qayrılmış masanın üstünə kağız salfetlərdə düzülmüş soyuq qəlyanaltıdan ibarətdi. Missis Bremvel evdarlıq istedadı ilə çox qürrələnirdi, Blenellidə zövqlərin, bir növ qanunvericisinə çevrilmişdi, bu da ona ictimaiyyətin fikrinə məhəl qoymamağa haqq verirdi.

Onun anlayışına görə qonaqları əyləndirmək o deməkdi ki, özü mümkün olduqca çox laqqırtı vursun, gülsün. O, həmişə eyham vururdu ki, doktor Bremvelə ərə getməmiş, qeyri-adi firavanlıq içində yaşamışdır.

Masa arxasına keçər-keçməz o, fərəhlə gülümsəyərək ucadan dedi:

– Hə, başlayaq! Süfrədə hər şey varmı?

Əndru tez-tez yeridiyindən, hələ nəfəsini dərməmişdi, bundan başqa həyəcan keçirirdi. On dəqiqəyədək Kristinə baxmağa cəsarət etmədi. O, gözlərini qaldırmadan bilirdi ki, Kristin masanın o başında, dəri qunc, zolaqlı şalvar geymiş, qalstukuna mirvarili sancaq taxmış qarabuğdayı şıq doktor Gebellə yaşlı, maraqsız adam olan mədən direktoru mister Uotkinsin arasında əyləşmişdir. Mister Uotkins ona xas olan kobudtəhər bir əda ilə Kristinə qulluq göstərirdi. Nəhayət, Uotkinsin zarafatla dediyi: "Miss Kristin, siz mənim elə o yorkşirli qızımsınız?" sözlərindən Əndru qəddini düzəldib qısqanclıqla başını qaldırdı, ağ yaxalıqlı, ağ manjetli açıq boz paltarında çox sadə və qəşəng görünən Kristinə baxdı. Qızın öz evindəymiş kimi özünü çox sərbəst aparmasına heyrətlənərək gözlərini ondan çəkdi – qorxdu ki, fikrindən keçənləri qız gözlərindən oxusun.

Mənson müdafiə mövqeyi tutub, nədən danışdığını güclə dərk edərək toxuma işini özü ilə gətirmiş qonşusu, balacaboy missis Uotkinslə söhbətə başladı.

Bütün şam yeməyi müddətində o, bir adamla danışmağa bütün varlığı ilə can atdığı halda, digərilə söhbət etmək məcburiyyətində qaldı. Masanın başında oturan doktor Bremvel boş nimçələrə iltifatla nəzər salıb, napoleonsayağı:

– Dostum, elə bilirəm hamı şam edib qurtarıb. Bəlkə qonaq otağına keçək? – deyəndə elə bil Əndrunun üstündən bir dağ götürüldü.

Qonaq otağında hərə istədiyi yerdə, çoxu divanda və masa ətrafındakı kreslolarda rahatlandıqdan sonra məlum oldu ki, növbə bu cür məclislərin proqramına mütləq daxil olan musiqinindir. Bremvel arvadına nəzakətlə gülümsünüb, qoluna girdi, onu pianonun yanına gətirdi.

– Əzizim, qonaqları nə ilə əyləndirək? – deyib doktor Bremvel burnunda mızıldanaraq püpitrdəki notları vərəqləməyə başladı.

Gebel təklif etdi:

– "Kilsə zəngləri", Missis Bremvel, bu əsəri dinləməkdən heç vaxt usanmaram.

Piano qarşısında hərlənən kətildə əyləşən missis Bremvel çalıb-oxumağa başladı. Əri isə bir əlini arxasına qoyub, digərini bir çimdik burunotu götürürmüş kimi tutaraq yanında dayanıb səhifələri bir-bir məharətlə çevirirdi. Məlum oldu ki, Qledisin məlahətli kontralto səsi var. Sinəsindən dərin, bəm notlar çıxararkən o, hər dəfə çənəsini qaldırırdı. "Məhəbbət lirikası"ndan sonra "Sərgərdan həyat"ı və "Sadə qız"ı oxudu.

Qonaqlar onu həvəslə alqışladılar. Bremvel məchul bir nöqtəyə baxaraq razılıq hissilə pıçıldadı: "Bu gün qiyamət oxuyur".

Sonra çıxış etmək üçün doktor Gebeli dilə tutdular. Bolluca yağlandığına baxmayaraq sahibinin mənşəyini gizlədə bilməyən saçlarını səylə sığallayıb hamarlayan, barmağındakı üzüyünü oynadan, zeytuna çalar dərisi olan bu modabaz ev sahibəsinə nəzakətlə baş endirib, əllərini sinəsində cütləyib böyürdü, öz ifasından həzz ala-ala "Füsunkar Seviliyada məhəbbət" mahnısını oxudu. Sonra qonaqların xahişilə "Toreador"u ifa etdi.

Xeyirxah missis Uotkins dedi:

– Doktor, siz bu ispan mahnılarını təbii bir hərarətlə, vəcdlə oxuyursunuz.

Doktor Gebel təvazökarlıqla gülümsünərək:

– Görünür bunun təqsiri mənim ispan qanımdadır, – dedi və keçib yerində əyləşdi.

Əndru Uotkinsin gözlərində şux parıltı gördü. Qoca direktor əsl vallili kimi musiqini xoşlayır, başa düşürdü. Keçən qışda, o, Verdinin ən çətin operalarından birinin fəhlə klubunda tamaşaya qoyulmasına rəhbərlik etmişdi. Trubka çəkə-çəkə mürgüləyən mister


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации