Текст книги "Damda dəli var"
Автор книги: Азиз Несин
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]
ƏZİZ NESİN
DAMDA DƏLİ VAR
h e k a y ə l ə r
Əziz Nesin
Türk satirik ədəbiyyatının ustad yazıçısı Əziz Nesin, dövrünün problemlərini ciddi şəkildə işıqlandırıb, çağdaş türk satirik ədəbiyyatının dünya miqyasında təmsilçisi olub. Əsl adı Məmməd Nüsrətdir.
Əziz Nesin təhsilinə İstanbul Qanuni Sultan Süleyman liseyində başlayıb. 1935-ci ildə Qülləli Hərbi liseyini, 1937-ci ildə Qara Hərb məktəbini, 1939-cu ildə də Hərbi Fənn məktəbini bitirib. Baş leytenant olduğu müddətdə “vəzifə və səlahiyyətlərindən suii-istifadə” ittihamı ilə ordudan qovulub (1944). Bir müddət baqqallıq, mühasiblik etdikdən sonra jurnalist fəaliyyətinə başlayıb. “Cumartesi” adlı jurnal çıxarıb. ABŞ-ın Türkiyəyə göstərdiyi yardımın məqsədlərini tənqid edən “Hara gedirik?” adlı yazısına görə, 12 avqust 1947-ci ildə on ay ciddi rejimli həbs, üç ay on gün Bursada “əmniyyəti-ümumiyə nəzarəti” altında sürgün cəzası alıb. “Əziznamə” adlı kitabına görə, 1950-ci ildə yenidən həbs edilib. Elə həmin il Corc Politzerin “Marksist fəlsəfə dərsləri” adlı kitabının ön sözünün bir hissəsini tərcümə edib “Başdan” jurnalında yayımladığı üçünsə bir il dörd ay həbs cəzasına, İstanbulda “əmniyyəti-ümumiyə nəzarəti”nə məhkum edilib. Həbsdən çıxdıqdan sonra 1951-ci ildə kitab mağazası, daha sonra fotostudiya işlədib. Ədəbi fəaliyyəti ərzində 100-dən çox ləqəbdən istifadə edib.
1972-ci ildə Çatalcada kimsəsiz uşaqları oxutmaq məqsədini daşıyan “Nesin” Vəqfini yaradıb və kitablarının bütün gəlirini bu quruma bağışlayıb.
Mövzularını gündəlik həyatın içərisindən, qəhrəmanlarını xalqdan seçir, geniş xalq kütləsinin problemlərini böyük ustalıqla dilə gətirirdi.
Əziz Nesin “Qadın olan kişinin xatirələri” (1955), “Düyünlü dəsmal” (1955), “Qol kralı” (1957), “Kişi Səbahət” (1957), “Saçqıran” (1959), “İndiki uşaqlar möcüzədir” (1967), “Yaşar nə yaşar, nə yaşamaz” (1977), “Yeganə yol” (1978) romanları, “Geriyə qalan” (1953), “İt quyruğu” (1955), “Damda dəli var” (1956), “Dəlilər boşandı” (1957), “Məhəllə(nin qisməti)” (1957), “Məmləkətin birində” (1958), “Mahmud və Nigar” (1959), “Ah biz eşşəklər” (1960), “Yüz lirəyə bir dəli” (1961), “İnsanlar oyanır” (1972), “Hamının iş-gücü var” (2005), uşaqlar üçün “Monoloqlar” (1949), “Borclu olduqlarımız” (1976), “Mən də uşaq idim” (1979) və digər əsərlərin müəllifidir.
DAMDA DƏLİ VAR
Bütün məhəllə ayağa qalxdı:
– Damda dəli var!
Küçə başdan-ayağa dəlinin tamaşasına yığılanlarla dolmuşdu. Əvvəlcə polis bölməsindən, sonra polis şöbəsindən polislər gəldi. Ardınca təcili yardım yetişdi.
Dəlinin anası:
– Balam, oğlum, düş aşağı!.. Nolar, oğlum, düş aşağı!.. – deyə yalvarırdı.
Dəli də aşağıdakılara:
– Muxtar qoymasanız, özümü aşağı atacağam! – deyirdi.
Özünü atmağa hazırlaşan dəlini tuta bilmək üçün xilasedicilər xilasetmə yelkənini açdılar. Doqquz xilasedici ucundan tutduqları xilasedici yelkəni binanın ətrafında fırlatmaqdan qan-tərə batmışdı.
Rəis:
– Xahiş edirəm, düş aşağı, qardaş! – deyə həm qorxutmağa çalışaraq həm də yumşaq səslə dəlini aldatmağa çalışırdı.
– Muxtar qoyun, düşüm! Yoxsa özümü aşağı ataram.
Yalvar-yaxar, hədə-qorxu – heç biri fayda etmədi.
– Ay qardaş… Düş aşağı!
– Bunlara bax!.. Məni aşağı düşürtməkdənsə, siz yuxarı çıxın…
Kütlədən biri oradakılara:
– Gəlin deyək ki, “Səni muxtar qoyduq”, – dedi.
Başqa biri:
– Olmaz e-e-e, – etiraz etdi, – dəlidən də muxtar olar?
– Allah, Allah! Həqiqətən muxtar qoymayacağıq ki…
Çəliyinə söykənmiş bir qoca:
– Olmaz, – dedi, – Həqiqətən, heç zarafata da olmaz.
– Bəlkə düşər…
– Düşməz. Bunları tanıyıram. Bir dəfə yuxarı çıxdılarsa, daha düşməzlər.
– Hələ bir dəfə aşağı düşsün, sonrası asandır!
– Düşməz!
Aşağıdan biri:
– Səni muxtar qoyduq! – deyə qışqırdı, – Di, düş aşağı!
Dəli oynamağa başladı:
– Düşmürəm! Şəhər məclisinə üzv seçməsəniz, özümü aşağı atacağam.
Qoca ətrafındakılara:
– Nə oldu, sizə demədim?
– İstədiyini edək.
– Nə etsəniz, düşməyəcək. İnsan bir dəfə dama çıxacaq qədər ağlını itirdisə, daha aşağı düşməz.
Rəis:
– Qoyduq, – dedi, – səni şəhər məclisinə üzv elədik. Qardaş, di düş aşağı, yoldaşlarını gözlətmə!
– Düşmürəm! Bələdiyyə sədri qoyun, düşüm!
Qoca:
– Gördünüz, – dedi, – vaxtında lazım idi. İndi heç düşməz.
Tər içində qalan xilasetmə komandiri yenə dilləndi:
– Tutaq ki, bələdiyyə sədri qoysaq, nə olacaq? Qoyaq.
Sonra iki əlini ağzına boru kimi tutub yuxarı səsləndi:
– Düş, qardaşım! Səni bələdiyyə sədri qoyduq, düş, vəzifənə başla!
Dəli oynayaraq:
– Düşmürəm, – dedi, – bir dəlini bələdiyyə sədri qoyanların arasında nə işim var? Düşmürəm!
– Bəs nə istəyirsən?
– Nazir qoysanız, düşərəm!
Aşağıdakılar qısa mübahisədən sonra:
– Yaxşı, – dedilər, – səni nazir də qoyduq! Di düş aşağı! Düş… Hamı səni gözləyir.
Dəli əlini burnuna aparıb lağ etdi:
– Düşmürəm! Dəlini nazir qoyanların arasına heç düşərəm?!
– Qardaş, səni nazir də qoyduq, digər nazirlər səni gözləyir. Di düş!..
– Əfəl-zadam? Düşüm, məni dəlixanaya salasınız?! Düşmürəm!
Qoca:
– Boş yerə çalışmayın, düşməz! – dedi, – Bu dəliləri çox yaxşı tanıyıram. Sizi də nazir qoysalar, düşmək istəməzsiniz.
Dəli bar-bar bağırdı:
– Baş nazir qoymasanız, mənlik deyil, özümü atacağam.
– Qoyduq!.. – deyə qışqırdılar, – Səni baş nazir qoyduq.
Qoca:
– Düşməz, – dedi.
Dəli yenə oynamağa başladı. Sonra da:
– Kral qoyun, düşüm! – dedi, – Kral qoymasanız, özümü atacağam.
Qocanın dedikləri düz çıxırdı. Ona müraciət etdilər:
– Nə deyirsiniz? Kral qoyaqmı?
Qoca:
– İş işdən keçib, – dedi, – daha nə deyirsə, etməyə məcbursunuz. Artıq necə də olsa, baş nazirdir.
– Səni kral qoyduq, – deyə qışqırdılar, – yaxşı, görək, daha düş!
Damda oynayan dəli:
– Düşmürəm! – dedi.
– Nə istəyirsən? Kral da seçildin!
– E-e-ey!.. Düşmürəm… İmperator qoyun, düşüm, yoxsa özümü atacağam.
Qoca:
– Atar, – dedi.
– Qoyduq! – deyə bağırdılar, – Səni imperator qoyduq. Di düş aşağı!
Dəli:
– Sizin kimi gicbəsərlərin arasında mənim kimi imperatorun nə işi var?
– Bəs nə istəyirsən? De, onu edək. Düş də, ay qardaş!
Dəli:
– Mən imperatoram? – soruşdu.
Aşağıdan qışqırdılar:
– İmperatorsan!
– Madam ki imperatoram, ürəyim istəsə, düşərəm, istəməsə, yox. Düşmürəm də-ə!
Rəis əsəbiləşdi, “Atılırsa, atılsın e-e! Bir dəli azalar dünyadan!” – düşündü. Düşündü, amma başına iş gələ bilərdi.
Xilasetmə komandiri qocadan:
– İndi nə edəcəyik? –soruşdu, – Bu dəli heç cür aşağı düşməz?
– Düşər.
– Necə?
– Qoyun, mən düşürüm!..
Hamını qocanın dəlini necə aşağı düşürəcəyi maraqlandırırdı. Qoca damdakı dəliyə:
– İmperator həzrətləri! – deyə qışqırdı, – altıncı mərtəbəyə baxmaq istərdinizmi?
Dəli xeyli ciddi:
– Yaxşı, – dedi.
Dama açılan deşikdən içəri girdi. Pilləkənləri düşdü. Altıncı mərtəbə pəncərəsindən camaata boylandı.
– Zati-aliləri! Beşinci mərtəbəyə çıxmaq istərdinizmi? soruşdu.
– Çıxaram!
Hamı təəccüb içində idi. Dəli beşinci mərtəbəyə düşmüşdü.
– Hörmətli əfəndimiz, dördüncü mərtəbəyə çıxmaq ürəyinizdən keçirmi?
– Əlbəttə!..
Dəli üçüncü mərtəbənin pəncərəsində idi. Artıq damdakı kimi oynamırdı. Davranışında qəribə kral ciddiyyəti vardı.
– Möhtərəm imperatorumuz, ikinci mərtəbəyə çıxmaq sizin üçün maraqlıdırmı?
– İstəyirəm.
İkinci mərtəbəyə də düşdü.
– Zati-aliləri, birinci mərtəbəni görməyi arzu edərsinizmi?
Dəli birinci mərtəbəyə düşdü, oradan da küçəyə çıxdı, artıq camaat arasında idi. Düz qocanın yanına gəldi. Əlini qocanın çiyninə qoyub:
Sənin də dəli olduğun məlum olur ha… – dedi, – Dəli dəlini yaxşı başa düşər.
Sonra rəisə:
– Gəl, görüm, gəl, əl-qolumu bağlayıb dəlixanaya göndər. Dəliylə necə rəftar etmək lazım olduğunu öyrəndin?
Dəlini apararkən təəccüblənmiş kütlə qocanın ətrafına toplaşdı.
– Ata, necə etdin bu işi?
Qoca:
– Eeehhh… – dedi, – Asan deyil, əlli il siyasət içində yoğrulmuşuq, – sonra ah çəkərək əlavə etdi, – Ah, ah! İndi ayaqlarımda təpər olsa, mən də dama çıxardım, özü də heç kimsə aşağı düşürə bilməzdi.
İŞİNİZ OLDU!
Məşhur siyasətçilər gələcəkdi. Əvvəllər olduğu kimi, bir-iki kəlmə danışıb gəlmələri ilə getmələri bir olmurdu. Kənd-kənd gəzir, qəsəbə-qəsəbə dolaşırdılar. Siyasətçilər bu gəzintiyə çıxmamışdən əvvəl partiya qərərgahında xeyli mübahisə etmişdilər. Aralarından ən təcrübəlisi:
– Yoldaşlar, – demişdi, – aramızda necə danışırıqsa, xalqla da elə danışırıq. Meydanlarda tribunaya çıxıb necə gəldi, nitq söyləyirik. Xalq bizi başa düşür, ya düşmür, heç nəzərə almırıq. Bu çox yanlışdır. Xalqın partiyamızdan soruşub öyrənmək istədiyi şeylər var. Bunlara bir-bir cavab verməliyik. İqtidara gələndə nələr edəcəyimizi xalq öyrənməlidir.
Bu fikir çox münasib hesab edildi. Partiya natiqləri kürsüyə çıxıb öz bildikləri kimi danışmayacaqdılar. Xalqın soruşduqlarına onların başa düşəcəyi dildə cavab veriləcəkdi. Amma bu göründüyü qədər asan iş deyildi. Kürsüyə çıxıb necə gəldi danışmaq asan idi. Amma sualları, hər soruşulanı cavablandırmaq çətin iş idi. “Kəndli” deyib adiləşdirmək olmaz, o necə gözüaçıq və hiyləgərdi! Elə şey soruşar ki, adamı “hop” deyib yerində oturdar, partiyanın o bölgədəki etibarı iki qəpiklik olar. Buna görə də gəzəcəkləri yerlərdə xalqın soruşa biləcəyi bütün sualları əvvəlcədən ölçüb-biçdilər. Bir iqtisad elmləri doktoru, bir hüquq professoru, bir maliyyə mütəxəssisi, bir ali təsərrüfat mühəndisi, bir də təhsilini Amerikada almış həkim – beş nəfərlik səfər heyəti quruldu. Artıq xalq nə soruşarsa-soruşsun, bu beş seçilmiş adam ən çətin sualları belə, partiya nizamnaməsinə görə cavablandıra bilərdilər. Partiyanın təşkilatı olan hər yerə bu təbliğat heyətinin gələcəyi, natiqlərin əvvəllər olduğu kimi, tribunadan nitq söyləməyəcəyi, yalnız xalqla söhbətləşəcəyi elan edildi.
“M…”lilər bu xəbərə xeyli hirsləndilər. Danışmaq, sual vermək nə deməkdir? “M…” rayonun başçısı, partiya üzvü olan həmyerlilərinə:
– De, görək, – dedi, – indi nə olacaq? Yeni ixtira edib bizim bu partiya? Əvvəllər gəlirdilər, qışqırıb bağırırdılar, yarı anlayar, yarı anlamazdıq, əl çalar, “Yaşa” deyərdik, çıxıb gedərdilər. İndi nə olacaq? Onlarla kim danışacaq, nə soruşacağıq? Tutaq ki, bir şey soruşduq, onların dediyini kim anlayıb kim izah edəcək?
Manufakturaçı Səlim ağa:
– Sən, onlardan soruşacaqlarımıza fikir vermə, – dedi, – Söz sözü çəkib onlar da bizdən bir şey soruşsalar, necə olacaq? Burada bu qədər partiya üzvü var. Hamının içində biabır olarıq…
Rayon təşkilatının sədri:
– Tapdım! – dedi, – asanını tapdım, ortaya çıxıb hər sözə qarışmaq yoxdu. Gələnlərlə kimin danışacağını əvvəldən bilək. Yaxşımı?
Hamı:
– Yaxşı! – dedi.
– Kim danışacaq? Özünə güvənən çıxsın ortaya!
Könüllü çıxmadıqda başçı bərbər Osmana:
– Zəncirbənd Osman, – dedi, – niyə dayanmısan? Sabah axşam cəh-cəh vuracaqsan, budur, vaxtın gəldi. Çıx ortaya!
Bərbər Osman:
– Bizə söz düşməz, ağa, – dedi, – bizdən əvvəl gələn yaşlılar var.
Heç kim bu işi üzərinə götürmək istəmirdi. Axırda başçı xırdavatçı Salehə:
– Bu işi etsən-etsən, elə sən edərsən, Saleh Çavuş, – dedi.
Xırdavatçı Saleh qollarını qaldırıb:
– Təkbaşıma altından çıxa bilmərəm, – dedi, – Nuri əfəndi də gəlsin…
Partiya üçün kəndlilərlə danışmaq, onların hər sualına cavab verə bilmək necə çətin idisə, burada da onlardan nələrsə soruşmaq üçün xırdavatçı Saleh Çavuşla Nuri əfəndi seçildi.
Sədr:
– İndi mənə yaxşıca qulaq asın ki, – dedi, – başqa partiya üzvlərinin qarşısında biabır olmayaq. Hamısı bura yığışacaq. Onların yanında gördünüz ki, bir sözü başa düşmürsünüz, heç nə anlamamış kimi davranmayın. Guya başa düşmüş kimi danışın. Sonra onların danışdıqlarını çevirin, təkrar olaraq camaata danışın.
Ertəsi gün partiya mərkəzindən göndərilən beş nəfərlik heyət qəsəbəyə gələcəkdi. Saleh Çavuş da, Nuri əfəndi də bu gələnlərdən nələr soruşacaqlarını ağıllarında götür-qoy etmiş, bir-bir əzbərləmişdilər.
Saat onda stansiyadan gələn dörd avtomobil “M…” qəsəbəsinə girdi. Beş siyasətçi onları stansiyada qarşılayan partiya üzvləri ilə partiya binasına girdilər. Çaylar, qəhvələr içildi. Nahardan əvvəl çıxış etmək istəyirdilər. Hüquq professoru olan siyasətçi dedi:
– Mitinq qadağan olduğundan yalnız vətəndaşlar qarşısında çıxış edəcəyik. Hara uyğundur? – dedi.
– Çayxanaya gedək.
Çayxananın içi də, bağçası da adamla dolu idi. Beş gülərüz siyasətçi gəlib çayxana masasında oturdu.
Həkim olan sözə başladı:
– Vətəndaşlar, bilirsiniz ki, mitinq qadağandır. Ona görə də tribunaya çıxıb nitq söyləməkdənsə, burada sizinlə dostcasına danışmağı daha uyğun hesab etdik. Nə istəsəniz, soruşa bilərsiniz. Suallarınıza cavab verməyə çalışacağıq.
Çayxanaya yığışanlar bu gözəl sözlərə sevindilər. Bərbər Osman Partiyanın rayon təşkilatının rəhbərinə dedi:
– Aman, ağa, heç gözümüzü qorxutduğunuz kimi deyilmiş. Bunlar da bizim kimi – sadə adam kimi danışırlar… Dediklərini başa düşürük.
– Dayan hələ, dayan… Hələ siyasətdən danışmağa başlamayıblar. Hələ tutsun siyasət damarları, bax, gör, başa düşülürmü nə dedikləri?
Xırdavatçı Saleh Çavuş ayağa qalxdı:
– İcazənizlə, bir şey soruşmaq istərdim: tutaq ki, işin başına keçdiniz, nələr edəcəksiniz?
Siyasətçilər bir-birinə baxdılar. Belə sualla qarşılaşacaqlarını çoxdan hesabladıqları üçün, cavabı da hazır idi.
Hüquq professoru olan partiya nümayəndəsi danışmağa başladı:
– Hər şeydən əvvəl bunu bildirmək istəyirəm ki, siyasi və ictimai müəssisələri demokratiya idealına görə inkişaf etdirəcək qüvvələr müxtəlifliyinə söykənən Qərb nümunəsinə uyğun konstitusiya hazırlamaq, ikinci məclis, konstitusiya məhkəməsi qurmağın vacibliyinin bütün millət tərəfindən başa düşülməsini istəyirik. Obyektiv əsaslara söykənərək hesablarda başqa siyasi partiyalar kimi, öz effektiv gücünə paralel hərəkət etməklə enerjiylə fəaliyyət göstərən partiyamız nəzarət və icra gücləri arasında hakim ola biləcək birləşməyə tərəfdar olduğunu bildirməklə, nə kimi cəhdlərlə milli iradəni tam, sağlam şəkildə istehsal edə biləcək üsullara sahib olduğunu proqramında göstərib.
Xırdavatçı Saleh Çavuş:
– Bu hissəni başa düşdük, – dedi, – Amma yenə bir çətinliyimiz var. Hamısı gözəl, yaxşı, bəs bu çəltik əkini necə olacaq?
Çayxanada hamı diqqətini cəmlədi. Qəsəbənin ən əhəmiyyətli məsələsi barədə sual verilmişdi. Bu partiya iqtidara keçsə, çəltik əkinini necə edəcəkdi?
Bu sual iqtisad elmləri doktorunun sahəsi olduğu üçün, o sözə başladı:
– Sizə bu məsələni kifayət qədər açıq və elmi olaraq izah edim. Tarazlıq yaratmaqdan dolayı bizim üçün iqtisadi siyasət zəruridir. Bundan da məlumdur ki, xarici aləmlə münasibətimizdəki ciddiliyi, realizmdən uzaq nikbinliklə mütaliənin tipik nümunəsi də bu il içində ixracatımızın bir milyard iki yüz milyon dollara çatdığı halda, 1953-cü ilin aylıq ixracat məbləği doxsan iki milyondur. Buna görə də köçürülə bilməyən borclarımızın dondurulması lazım gəldiyini, əlbəttə, başa düşürsünüz.
Rayon sədri xırdavatçı Saleh Çavuşun gözünün içinə baxdı. Xırdavatçı Saleh Çavuş dedi:
– Başa düşməyinə düşürük, qədərini də anlayacaq qədər deyilik yəni?
İqtisad elmləri doktoru:
– Güman edirəm ki, vəziyyəti yaxşı izah edib vətəndaşlarımı başa sala bilirəm, – dedi.
Nuri əfəndi camaata tərəf çevrilərək:
– Yəni, həmyerlilər, – dedi, – Bəy demək istəyir ki, sizin işiniz olacaq. Çəltik də olacaq, hər şey də…
Saleh Çavuş bildirdi:
– Anlamadığımız bir şey qaldı, əgər icazə verirsinizsə, onu da soruşum.
Həkim olan siyasətçi:
– Təbii ki, soruşun, – dedi, – bura suallarınızı cavablandırmaq, dərdlərinizə əlac qılmaq, partiyamızın nizamnaməsini başa salmaq üçün gəlmişik.
Nuri əfəndi soruşdu:
– Hər şey bir yana, nəhayət, burada orta məktəb tikiləcəkmi?
Bu dəfə sözü siyasətçi aldı:
– Bildirmək istərdim ki, parlamentar demokratiyanı ən yaxşı formada reallaşdırmaq üçün mədəniyyətin funksiyasını heç zaman unutmamalıyıq. Anqlo-sakson mütəfəkkirlərindən Tomas Hidlinin bu fikri çox ciddidir: “Kifayət qədər kritik hallarda hökumət orqanlarının avtomatik olaraq Sezarizm təmayülü ictimai siyasətin geniş koordinasiya mövqeyindəki rolunu pozmaqdadır”. Buna görə, azadlıq mücahidi Con Bolindanın da dediyi kimi, bir ölkənin daxilindəki sistemsizlik, elmi mütaliələri hesaba qatmadığı təqdirdə simvolik mövqe tutmuş olur. Yəqin ki, başa düşdünüz. Vətəndaşlar, soruşmaq istədiyiniz başqa şeylər varsa, çox xahiş edirəm, çəkinmədən soruşun.
Nuri əfəndi kəndlilərə:
– Başa düşdünüz də? – dedi, – O işiniz də həll olundu artıq… Yəni demək istəyir ki, orta məktəb bir dənə deyil, çox tikiləcək, lisey belə tikiləcək, deyir.
Saleh Çavuş çəkinə-çəkinə soruşdu:
– Çox sual verdik, bağışlayın. Bəs bu tütünün qiymətləri necə olacaq?
Maliyyə mütəxəssisi yerindən dilləndi:
– Sevə-sevə izah edərəm. Sərbəst rejim həqiqətən ortadan qalxmaq sürəti ilə fiziki nəzarətlər son dərəcə liberal parçalanma payına yer verən xarici ticarət rejiminin tətbiqinə imkan verməyib. Daxili müvazinətimizi qoruyan pul, maliyyə siyasətini ancaq bu arqument və funksiyalarla doğrulda bilərik. Satılmayan mallar yığını, dəstəklənən satış, qeydiyyatsız malların dəyərsizləşdirilməsi də hesaba qatılarsa, hər şey asanlıqla başa düşülər. Bu təqdirdə sizə verdiyiniz bu sualı da ən açıq dillə, elmi olaraq izah etmiş sayılıram. Deyəsən, başa düşülməyən məqam qalmadı.
Saleh Çavuş:
– Başa düşdük, sağ olun, – dedi.
Nuri əfəndi anladıqlarını kəndlilərə başa saldı:
– Yəni, demək istəyir ki, o işiniz də həll olacaq. Tütün qiymətlərini artıracaqlar, amma sement qiymətlərini, nal mıxını – qalan bu kimi şeylərin qiymətini endirəcəklər.
İqtisad elmləri doktoru:
– Başqa soruşacağınız, öyrənmək istədiyiniz nəsə varmı?
Saleh Çavuş:
– Sağ olun, soruşacaq bir şeyimiz qalmadı.
Ali təsərrüfat mühəndisi sözə başladı:
– Bunu da deyim, çünki bu haqda sual vermədiniz. Prinketon Universitetinin Beynəlxalq Əkinçilik Münasibətlər İnstitutunun təşkil etdiyi bir konqres hesabatından öyrənmiş oluruq ki, alternativləri yaxşıca xəbərdar edib xərcə işarə edilmək şərti ilə bunun üzərində qətiyyətlə durmaq lazımdır. Aliment xarakterə sahib, yəni daha açıq söyləyim, heç kimin təsiri olmadan dolanışıqla əlaqədar olan ödəniş, ehtiyacın vəziyyətinin nizamlanmasının qiymətdən düşməsini müşahidə etdiyimizə dəlalət edir. Düşünürəm ki, bu məqam yaxşı başa düşüldü.
Nuri əfəndi kəndlilərə:
– Burda başa düşülməyəcək nə var ki? – dedi, – Yəni stansiyadan gələn yolu qəsəbəyə qədər uzadacaqlar. O iş də düzəldi, demək, başa düşdünüz də…
Alqış səsləri yüksəldi. Siyasətçiləri çiyinlərinə qaldırdılar. Tələsik başqa qəsəbəyə gedəcəkləri üçün yeməyə qalmadılar. Maşına mindilər. “Yaşa, var ol!..” səsləri içində avtomobillər toz-duman qaldırıb uzaqlaşdı.
AVTOMOBİL DÖYÜŞÜ
Ora haradır, bura haradır… Çakır Yaqub bəyin əsil-kökünü bilənlər hələ yaşayırlar. Çakır Yaqub bəyin əlindən gəlsə, çox yox, hələ bundan iyirmi il əvvələ qədər, hər yaz kəndindən çıxıb qıçı yamaqlı şalvarla qaça-qaça bu torpaqlara işləməyə gəldiyini bilənləri öldürər.
Onun əsas düşməni Rza bəydir. Çünki Rza bəy həm doğma, həm də yerli olduğu üçün Çakır Yaqubun varlı olmasını həzm edə bilmirdi. Te-tez deyirdi:
– Hələ bu çöl donuzuna baxın! Dağdan gəlib bağdakını qovmaq istəyir. Onun çatlaq dabanla gəlib pambıq tarlalarında kiminsə əli altında işləmək üçün qapımızda yalvardığı günlər hələ yadımızdan çıxmayıb.
Yadın, səfilin gəlib bu torpaqlara yerləşdiyi bəs deyilmiş kimi, bir də qalxıb nəcabətli, şərəfli bir kişi ilə sidik yarışına çıxmağa cəhd edirdi.
Yaqub bəy hotel tikdirəndə Rza bəy həm hotel, həm də kinoteatr tikdirirdi. Yaqub bəy də ondan geri qalmır, bir kazino, bir də bar tikdirirdi. Biri ipəyirmə fabriki inşa etdirirdisə, o biri toxuma dəzgahları qurdururdu.
Rza bəy qəsəbədə ilk “Kadillak” maşınını alanda Çakır Yaqub bəy təkcə oğullarına deyil, kürəkənlərinə də “Kadillak” alırdı. İki bəyin qapısının ağzında rəngbərəng, model-model maşınlar yatıb qalırdı.
Çakır Yaqub bəy son model “Buik” maşını alıb:
– Onun bütün “Kadillak”larını mənim “Bıyık”ın bir təkərinə dəyişmərəm, – deyə, sağa-sola söz yayınca iş cızığından çıxdı.
Bu söz Rza bəyin qulağına çatdı.
– Yolda onun “Bıyık”ını görməyim, əzib keçərəm, Vallah, parça-parça edərəm! – deyə xəbər göndərdi.
Çakır Yaqub bəy isə:
– Arxamca danışmasın, ər meydanı buradır, – dedi, – budur, maşınlar ortadadır. Kişi kimi döyüşdürək!
Bunu eşidən Rza bəy də sözündən qalmadı:
– Sözündən dönən qəhbədir, döyüşdürək! Sənin “Bıyık”ın mənim “Kadillak”ımın tozunda qalar…
Çakır Yaqub bəylə Rza bəyin avtomobil döyüşdürəcəyi xəbəri ağızdan-ağıza yayıldı. Məmləkət iki yerə ayrıldı: bir yanda “Kadillak”çılar, bir yanda da “Buik”çilər… Hər iki bəyin adamları öz bəylərinin maşınının qalib gəlməsini istəyirdi, içlərindəsə digər bəyin qalib gəlməsi üçün dua edirdilər.
Mərcə girənlər, mübahisə edənlər çoxalmışdı.
– Rza bəy avtomobil döyüşü üçün İzmirdən sürücü sifariş edib, – deyə ortalıqda söz gəzirdi.
Dəfələrcə maşın aşırmaqdan, harasa çırpmaqdan ötrü məhkumluğu olduğu üçün vəsiqəsi əlindən alınmış izmirli bir sürücü gəldi. Nəşəni çox çəkdiyi vaxt sükanın arxasında yatmaqdan başqa günahı yox idi. Beləsi Rza bəyin daha çox işinə yarayırdı.
İzmirli sürücü:
– Maşını yuxulayanda da sürərəm, – deyə öyünürdü.
Rza bəy sürücüyə dedi:
– Vurub qabağa keçməlisən. Deşib keçəcəksən… Əzib keçəcəksən! Toza döndər o namussuzu, parçası qalmasın. Nə istəsən verəcəyəm. Ortada şərəfim var. Başa düşdünmü? Şərəfim!
İzmirli sürücü:
– Bu işin axırı ölümdür, – dedi, – amma bir halda ki, ortada olan şərəfindir, and olsun, tikəsini sağ qoymaram.
Çakır Yaqub bəy bir yerli sürücü tapdı. Vaxtilə Rza bəy bu sürücünü şillələdiyi üçün ona qarşı qəzəbli idi.
Sürücü deyirdi:
– Yaqub bəy, bu işi mənə burax, Allahın izniylə tozunu göyə sovuraram.
Bazar günü meydan doldu. Döyüş yeri əvvəldən payalarla, lentlərlə düzəldilmişdi. Rza bəyin “Kadillak”ı uzaqdan görünəndə gurultulu alqış qopdu. “Maşallah! Maşallah!” səsləri ərşə qalxdı. “Kadillak” gəlin kimi çiçəklərlə, rəngbərəng ipək parçalarla, zərli gəlin lentləri ilə bəzədilmişdi. Maşın meydanda ona ayrılmış yerdə dayandı.
Rza bəy meydanın bir başında, Çakır Yaqub bəy digər başında idi. Çakır Yaqub bəyin sürücüsünü meyxanadan güclə qaldırdıqları üçün gecikmişdi. “Buik”in siqnalı eşidildikdə:
– Yaşasın Yaqub bəy! – deyə qışqıranlar oldu.
“Buik” toz qaldıraraq fırtına kimi gəldi, əzilməmək üçün qaçışan camaatın arasından keçib yerini tutdu.
İki maşının arasında yüz iyirmi addım məsafə vardı. Ortada dayanan hakim havaya bir dəfə atəş açanda sürücülər qaza basacaqdı. Çakır Yaqub bəyin “Buik”i qurbanlıq qoç kimi bəzədilmişdi. Maşının qabaq hissəsinə zərli qoç buynuzu yerləşdirilmiş, arxasına da ərəbcə yazılan “maşallah” lövhəsi asılmışdı. Faraların bir yanına iri göz muncuğu, nal, bir yanına bir baş sarımsaqla, köhnə uşaq başmağının tayı asılmışdı.
Döyüşə başlamadan əvvəl Rza bəy xəbər yolladı:
– Mən ortaya şərəfimi qoydum. Çakır Yaqub da şərəfini qoyurmu?
Çakır Yaqub bir ortadakı “Buik”inə, bir də meydanın qarşısındakı düşməni Rza bəyə baxdı.
– Mənim şərəfim budur, ortadadır! – dedi, – Kiminki parçalanıb əzilərsə, qoy o da bu məmləkətdən çıxıb getsin!
Geniş torpaqları bölüşə bilməyən iki varlı döyüşəcək avtomobilləri ilə ortaya şərəfini qoymuşdu. Çakır Yaqubun bir güvəndiyi vardı. Çilli Xoca “Buik” üçün bir dua hazırlamışdı. Hamı bilirdi ki, bu duanı üstünə taxanın, müharibəyə belə getsə, bədəninə güllə, şarapnel, top təsir etməzdi. “Buik” yox, alman tankı olsa da batmazdı…
Çakır Yaqub “Buik”ə son dəfə bir də baxdı. Çilli Xocanın verdiyi dua gizlətdiyi yerdə idi. Bu Çakır Yaqub açıq-aşkar hamını gic hesab edirdi. Yad yerdən, kənardan gəlmiş Çakır Yaqubu şeyxi, sülaləsi ocaq olmuş Çilli Xocanı tanıyır, bu məmləkətin şərəfi Rza bəy Çilli Xocanı tanımırmı? “Kadillak”ın radiatorunun içində də Çilli Xocanın duası vardı.
Hakim əlindəki tapançanı yoxlayıb yerini bərkitdi. Hər iki sürücü hazır olduqlarını bildirdi. Tapançadan atəş açıldı. İki tərəfdən də uğultu qopdu. Hər şey bir dəqiqənin içində baş verdi. İki maşın döyüşkən xoruzlar kimi bir-birinin üzərinə atıldı. Vuruşma… İki mühərrikin gurultusu…
Tamaşaçılar çığırışdılar, kimi başını əllərinin arasına aldı. Sanki iki maşın son sürətlə bir-birinə toqquşanda başqa nəsə olacağını düşünürdülər. Nə “Buik”, nə “Kadillak” döyüşdən qaçmışdı. İndi iki maşın da parça-parça olmuş, bir-birinin içinə girmişdi. Əzik-üzük olan ön hissə, parçalanan mühərriklər yerə səpələnmişdi.
Çakır Yaqub bəy deyindi:
– Vaay şərəfim!.. Amma onunku da…
İkisi də maşınlarına minib müxtəlif tərəflərə getdilər. Sürücülərə heç nə olmamışdı. Benzin buxarı tüstüləyən, qızmış mühərriki izləyənlər yavaş-yavaş dağıldı.
Bir-birinə düşmən bəylərin sürücüləri gülümsəyirdi. İzmirdən gələn digərinə:
– Yaxşı oldu, qardaş, – dedi, – burnumuz qanamadan sovuşdurduq.
Digəri:
– Mən, – dedi, – bizim “Buik”in təzə mühərrikini dünən İstanbula göndərmişdim…
İzmirli:
Mən də… – dedi və qəhqəhə çəkib, yerdəki parçaları göstərdi, – Həriflərin şərəfinə bax, parça-parça oldu.
İzmirli bir cüt kağızı bükdü, nəşəli siqaretdən dərin qullab aldı, yoldaşını qonaq etdi. O da siqaretdən uzun bir qullab çəkdi.
– İyirmi mini yaman qopartdıq haa! – dedi.
Yerə səpilmiş vintləri, dağılmış parçaları ayağı ilə itələyərkən Çilli Xocanın duasını tapdı. İzmirli sürücü də radiatora bağlanmış duanı çıxartdı. Kiçik dua üçbucaq formasında əskiyə tikili idi. Əskini sökdü. İçindən mumlu bir əski də çıxdı. Bu əskini də açanda qəzetdən qoparılmış bir parça çıxdı.
İzmirli sürücü:
– Vay namussuz! – dedi, – Qəzet parçasını dua adıyla sırıyıb.
Əlindəki qəzet parçasını oxumağa başladı:
“Dövlət borclarımızın məbləği doqquz yüz səksən iki milyon, girov olan yüz on üç ton qızıl qarşılığı alınan borc üç yüz əlli altı, ticari borclar üç yüz iyirmi iki, kreditli idxal səkkiz yüz, avadanlıq kredit müqavilələri yeddi yüz otuz üç milyon Türk lirəsi olmaqla, xarici ticarət borc məbləği üç milyard beş yüz milyona yaxındır”.
Adanalı sürücünün tilsimindən çıxan qəzetdə də bunlar yazılmışdı:
“Şəhərdə maşın problemi son həddə çatıb. Dövriyyə olmadığı üçün bələdiyyə avtobus gətirə bilmir”.
ZARAFATCIL ADAMLAR
Həyat acıdır, bəylər. Həyat tikanlı yoldur. Həyat… Mənim düz üç dolu dəftərim var, bu dəftərləri həyat fəlsəfəsi ilə doldurdum. İndiyə qədər on altı min bu qədər, – “həyat budur, həyat elədir, həyat belədir” – deyə, dəftərimə həyat haqqında böyük sözlər yazmışam.
Həyat iztirabdan ibarətdir. Həyat dik və sərt yoxuşdur. Həyat axan sudur. Həyat teatr səhnəsidir. Son dəftərimin ən sonunda da həyat haqqında bunları yazdım: “Həyat nədir?”
Bəli, məhz belə… Həyat acıdır, bəylər. Həyatın acı olub-olmamasından yenə danışımmı?
İşim-gücüm yox idi – miras yediyim üçün yox, iş tapa bilmədiyim üçün. İki gündür, su və hava ilə yaşayırdım. Parkda oturub həyatın nə olduğunu düşünürdüm. Yanımdakı adam qəzetini oxuduqdan sonra cibinə qoyarkən:
– Baxa bilərəmmi? – dedim.
Kişi qəzeti uzatdı. Tez kiçik elanlara baxdım. Elanlardan birini oxuyarkən içimdə ümid yarandı. Hər yaşda qadın, kişi işçi axtarılırdı. Qəzeti kişiyə verdim. Vaxt itirməyə dəyməzdi. Son gücümü topladım, qaça-qaça elandakı ünvana getdim. Böyük bir ticarət mərkəzinin beşinci mərtəbəsi: hirslənər, danlayarlar deyə liftə də minmədim. Beşinci mərtəbəyə çatanda yorğunluqdan pilləkəndə oturdum. İş istəyəcəyim 18 nömrəli otaq qarşımdaydı. İnsanlar içəri girib-çıxırdı. Girənlər ümidli, çıxanlar əsəbi, qaş-qabaqlı idi.
İş verənlərin qarşısına gümrah çıxa bilmək üçün xeyli dincəldim. 18 nömrəli qapıdan içəri keçdim. İlk rast gələn insana dedim:
– Qəzetdə bir elan gördüm…
Nəzarətçiyə oxşayan adam əli ilə, “İçəri gir, gözlə!” işarəsi verdi.
Salona çoxlu kürsü və kreslolar qoyulmuşdu. Altı qadın, səkkiz kişi oturmuş, beş adam da ayaq üstəydi. Mənim kimi yazıq birindən soruşdum:
– Görəsən, nə işdir?
– Bilmirəm, – dedi, – sıra ilə içəri buraxırlar…
Kimisi on dəqiqə, kimisi də təxminən yarım saat içəridə qalır. Sonra qışqıra-qışqıra çölə atılırlar.
Sözünü tamamlamamış gözlədiyimiz salondan içəri açılan qapı “şaq-q” deyə açıldı, üzü pomidor kimi qızarmış, tər içində kök kişi çölə çıxdı:
– Namussuzlar! Alçaqlar! Rəzillər! – deyə qışqıra-qışqıra getdi.
– Hər halda işə götürmədilər, ona hirslənib, – dedim.
Yanımdakı adam:
– Yəqin, – dedi, – hər çıxan, bax, belə bağıra-bağıra gedir.
Qapıçı:
– Növbə kimdədir? – deyə soruşdu.
Çox bəzəkli, makiyajlı gənc bir qadın:
– Məndə, – deyib nazlı-nazlı içəri girdi.
Mənim kimi gözləyənlərin birindən soruşdum:
– Görəsən, içəridə nə edirlər?
– Məncə, imtahan edirlər, – dedi.
Məktəbdə öyrəndiklərimi ağlımdan keçirməyə başladım. Bura bir ticarət işi dəftərxanası olduğuna görə, hər halda hesabdan imtahan götürəcəkdilər. İçimdə vurma cədvəlini yenidən təkrarladım. Sonra endirim, faiz hesablarının necə edildiyini düşünməyə başlamışdım ki, içəridən bir qadın çığırtısı gəldi. Qapının divara çırpıldı, qadın qızarıb-bozarmış halda çölə atıldı.
– Əxlaqsızlar! Namussuzlar! – deyə qışqıra-qışqıra getdi.
Açıq qapıdan çölə çoxlu kişi gülüş səsləri gəlirdi.
– Görəsən, qadına nəsə etdilər? – soruşdum.
Yanımdakı:
– Zənn etmirəm, – dedi, – bir şey etsəydilər, qışqırmazdı. Bəlkə, çətin sual veriblər.
Bir gənc bildirdi:
– Bəli, qadın çətinə düşüb yəqin ki!
Yanındakı adam:
– Kişilər də qışqırır, qardaş, – dedi.
Nəzarətçi:
– Növbə kimdədir? – soruşdu.
Bir az əvvəl çıxan qadın üçün “çətinə düşüb yəqin ki!” deyən gənc içəri girdi. Yenə ağlımdan mürəkkəb faiz hesablarına başlamışdım ki, bayaq içəri girən gənc fəryad qopararaq çölə atıldı.
– Bu necə işdi? – deyə qışqıraraq özünü pilləkənə atdı.
Yanındakı adam:
– Bu gənc bayaqkı qadın qədər də dözmədi, – dedi.
Məndən sonra işə düzəlmək üçün dörd nəfər də gəlib növbəyə durmuşdu. Bir tərəfdən də yeniləri gəlirdi. Növbəsi çatıb içəri girənlər beş-on dəqiqə sonra qan-tər içində, sifəti qıpqırmızı, qışqıra-qışqıra, söyərək çölə atılırdı.
Dəhlizdə görünüb növbəsi çatanı içəri saldıqdan sonra yox olan nəzarətçini tutdum.
– İçəri girənlərə nə edirlər? – deyə soruşdum.
Gülərək:
– Təcrübədən keçirirlər! – deyib getdi.
Qoca qadın da, qoca kişi də digərləri kimi canlarını xilas edərmiş kimi çölə atıldılar, qışqıra-qışqıra getdilər. İçəridən hər adam çıxanda açıq qalan qapıdan içəridəkilərin qəhqəqə səsi eşidilirdi. Hamı belə qışqıra-qışqıra çıxıb getdikcə bir tərəfdən sevinirdim. Deməli, onları işə götürmürdülər. İşə girmək ehtimalım artırdı. Amma bir tərəfdən də qorxurdum. Görəsən, içəridə nə cür təcrübə edirdilər? Qorxmağa da başlamışdım. Əgər iki gündür, ac olmasaydım, işi də, təcrübəni də, imtahanı da buraxıb gedərdim. Amma ”bəlkə, işə götürərlər” ümidi ilə qorxu içində gözləyirdim. Məndən əvvəlki qoca rəngi ağarmış halda qapıdan çıxdı. Digərləri kimi qışqırıb-bağırmağa taqəti qalmamışdı.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?