Текст книги "Metro-2033"
Автор книги: Дмитрий Глуховский
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +18
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 35 страниц) [доступный отрывок для чтения: 12 страниц]
– Nəticədə hamımız müstəqil, bərabər və qardaş olarıq, – Andrey əsəbi şəkildə və ironiyayla bunları deyərkən, bir tərəfdən də əllərini ölçürdü.
Artyom incik səslə:
– Deyəsən, söhbətim daha sizi maraqlandırmır! – dedi.
– Yox, Artyom, sən davam et! – Andrey dedi, – Pyotrla mən daha sonra davam edərik. Bu ikimizin arasındakı əbədi davadır. Heç vaxt bitməyəcək.
– Yaxşı! Sözdə rəhbər qəbul etdiyimiz, sadəcə bu məsələlərin incəliklərini müzakirə etmək lazımdır. Bu yaxınlarda iclas olacaq. Sonra da referendum.
Andrey ağzını büzüşdürdü:
– Bəli, bəli! Referendum. Xalq “bəli” desə, hər şey qaydasındadır. Demək, əksinə, “yox” qərarı versə, xalq səhv qərar vermiş olacaq. Belə olduğu halda, bu məsələlər üzərində bir daha fikirləşmək lazımdır.
Pyotr Andreyeviç Andreyin fikirlərinə əhəmiyyət vermədən soruşdu:
– Bəs “Rijskaya” stansiyasında, orda nə hadisə baş vermişdi?
– Yaxşı! Bəs bu stansiyanın arxasınca nə gəlir? Prospekt Mira5, “Hanza” İttifaqıyla sərhəddimiz. Atalığım “Hanza” İttifaqında heç nəyin dəyişmədiyini dedi. “Qızıl Ordu” əsgərlərilə bağlanılan sülh hələ qüvvədədir. Müharibəyə artıq heç kim əhəmiyyət vermir.
“Hanza” İttifaqı əvvəllər “Koltsevaya” Xəttindəki Stansiyaların Birliyi adlanırdı. Lakin bu xətt başqa xəttlərin kəsişməsində yerləşdiyinə görə, bütün metronun kommersantları bura toplandı və “Koltsevaya” İttifaqına əhali arasında “Hanza”6 deyilməyə başladı. Tədricən, hətta rəhbərlik tərəfindən də bu ittifaq “Hanza” adlandırılmağa başladı. Bu ad ittifaq üçün daha uğurlu hesab olundu.
İlk vaxtlar bu ittifaq “Koltsevaya” xəttindəki stansiyaların ancaq bir qismini əhatə edirdi. Birləşməsə tədricən həyata keçirilmişdi. Əvvəlcə “Kievskaya”dan “Prospekt Mira” ya qədər uzanan, “Kurskaya”, “Taqanskaya” və “Oktyabrskaya” stansiyalarını da əhatə edən “Şimal Qövsü” yaranmışdı. Daha sonra birliyə “Paveletskaya” və “Dobrınskaya” stansiyaları da əlavə edildi. Beləliklə, ikinci xətt – “Cənub Qövsü” yarandı. Lakin bu “qövs”lərin birləşməsi yolunda əngəl vardı və bu, “Sokolniki “xəttindəydi.
– Əslində, bütün məsələ bundan ibarətdir, – bir dəfə Artyomun atalığı demişdi, – “Sokolniki” xətti həmişə fərqlənib. Plana baxanda bunu birbaşa görmək mümkündü. Birincisi, bu xətt düzxətli oxa bənzəyirdi. Həmçinin, tünd qırmızı rənglə işarələnmiş, üstəlik bütün planlarda stansiya adları özlərinin nə olduqlarını bəlli edirdilər. Misal üçün: “Krasnoselskaya” adlı yerə, 1944-cü ildə faşistlərin işğalından azad edilmiş “Qırmızı kənd” adını vermişdilər. Sonra “Krasnıye vorota”, “Komsomolskaya” stansiyası, “Biblioteka imeni Lenina” və “Leninskiye qorı” olmuşdu.
Görkəmli sosialist keçmişimizə həsrət qalan bəzi insanlar bəlkə, bu adlara görə, yaxud başqa səbəbdən bu xətt üzərində birləşmişdilər. Sovet dövlətini yenidən qurmaq barədə bir-birindən fərqli planlar cızılmağa başlanmışdı.
İlk stansiya kommunizmin ideallarını, sosialist hökumət quruluşunu rəsmi şəkildə qəbul etdiyini elan edən kimi, çox keçmədən yanlarındakı stansiyalar ona qoşulmuşdu. Arxasınca tunelin o başındakı insanlar da onu izləmişdilər. İnqilabın həyəcanına qapılıb öz rəhbərlərini belə devirmişdilər. Artıq onları heç kim saxlaya bilməzdi; həyatda qalan son müharibə ve-teranları, köhnə komsomolçularla partiya işçiləri, təbii ki, bütün proletar, demək olar, hamı inqilabçı stansiyalara qoşulmuşdu.
Metroda yeni inqilabdan, kommunist ideologiyasından məsuliyyət daşıyan komitə yaradıb, adını da Lenini xatırlatması üçün “İnternasional” qoymuşdular.
Bu komitə təcrübəli inqilabçılardan, təbliğatçılardan ibarət qruplar yaratmış, düşmən düşərgələrinə göndərmişdi.
Bütün bunlar qan tökülmədən həyata keçirilimişdi, çünki əlavə istehsal olmadığı üçün “Sokolnitçeskaya Xətti”ndə yaşayan, aclıq çəkən insanlar, təkrar ədalətli quruluşa qovuşmağın həsrətindəydilər. Bunun da ancaq stansiyaları birləşdirilməsilə həyata keçirə biləcəklərinə inanırdılar. Bütün xətdə inqilabın qızıl tonqalları bir anda alovlanmağa başlamışdı. Nəticədə stansiyalar7 əvvəlki adlarını aldılar: “Çistiye Prudı” təkrar “Kirovskaya”, “Lubyanka” yenidən “Dzerjnskaya” və “Oxotnıy Ryad” yolu təkrar “Ploşad Sverdlova” oldu. Neytral adları olan stansiyalara eynən ideoloji adlar verildi: “Sportivnaya” stansiyası “Kommunistiçeskaya” adını aldı, “Sokolniki” oldu “Stalinskaya”. Bütün bu mərəkənin başladığı “Preobrajenskaya ploşad” stansiyasısa “Znamya Revolyutsii”, “İnqilab Bayrağı” adını aldı. Bir vaxtlar “Sokolniçeskaya” adlandırılan, amma moskvalıların “Qızıl xətt” kimi xatırladıqları bu xətt rəsmi olaraq “Qızıl xətt” adlandırılmağa başladı.
Bütün bunlara baxmayaraq hər zaman bu belə olmuşdu. Çünki “Qızıl xətt” tamamlanan kimi digər xətlərə ilk tələblərini çatdırmağa başladı. Amma digər stansiyalar üçün sərhədlər asılı vəziyyətə düşürdü. Çünki “Sovet iqtidarı” sözünün nə mənaya gəldiyini hələ də bir çox insan yaxşı xatırlayırdı; “Təşkilatlar” Metronun hər yanına xəstəlik kimi yayılmışdı. “İnter-nasionalistlərin”nin təbliğatçıları yeraltı qatarlara elektrik gətirməyə söz vermişdilər. Və Sovet iqtidarıyla əməkdaşlıq etməklə, ideal kommunizmin qurulacağını iddia etmişdilər.8 (Leninist şüarlar heç bu dərəcə utanmazcasına populist olmamışdı.) Lakin “Qızıl xətt”ə qoşulmayan stansiyalar bu yalançı vədlərə aldanmadılar. Məhz buna görə də harada “İnternasional” tərəfdarı görürdülər, tutub “Sovet İttifaqı”na geri qaytarırdılar.
Buna görə də “Qızıl Ordu” rəhbərliyi artıq hərəkətə keçmək vaxtının gəldiyinə qərar verdi: metronun digər stansiyalarından hansısa inqilabın şanlı tonqalını özü yandırmaq istəmirsə, “onda bir az köməklik göstərilməliydi”. Getdikcə güclənən kommunist təbliğatından və mitinqlərindən narahat olan digər qonşu stansiyalar da bənzər qərara gəldilər. Tarixdən öyrənilən dərslər açıq şəkildə özünü göstərmişdi: Kommunizm mik-robunun, ideyalarının ən yaxşı göstəricisi süngüydü, bundan daha yaxşı variant mümkün deyildi.
Fırtına başladı.
Onları geri oturtmağın yolu, kommunizmə qarşı olan stansiyalardan ibarət bir koalisiya yaratmaq və “Hanza”nın rəhbərliyi altında vuruşmaqda görüldü. Kommunizm düşmənləri təşkilatlı müqvimətlə qarşılaşacaqlarını nəzərə almamışdılar, öz güclərinə çox əmindilər. Lakin qələbə qazanmaqları gözlədikləri qədər asan olmayacaqdı. Həqiqətən də, uzunmüddətli, qanlı müharibə oldu. Metronun onsuz da çox olmayan sakinləri üçün, müharibə ölüm-qalım məsələsinə çevrilmişdi. Müharibə il yarım davam etdi. Daha çox qarşılıqlı döyüşlər, belə hallarda ənənəvi olan taktikalara üz tutuldu: partizan hücümları, aldatma taktikaları, tunellərin partladılması, müharibə əsirlərinin kütləvi şəkildə öldürülməsi və hər iki tərəfin bənzər vəhşi hərəkətlərilə davam etdi.
Bu müddət ərzində təşkilatda mitinqlər, təbliğat kampaniyası, hərbi çevrilişlər də əskik olmadı; ordu komandirləri, qəhrəmanlar və xainlər də oldu. Amma bu müharibədə ən çox diqqəti cəlb edən əsas məslələ bu idi: Tərəflərdən heç biri cəbhə xəttində üstünlüyü ələ ala bilməmişdi.
Bəzən tərəflərdən biri digər stansiyanı ələ keçirdib üstünlüyü təmin etdiyi halda, qarşı tərəf bu hücuma bütün gücüylə cavab verərək bu üstünlüyü öz xeyrinə çevirirdi. Amma mü-haribə artıq bitmək üzrəydi, çünki hər iki tərəf çoxlu itki vermişdi. Sağ qalanlar da müharibədən bezmişdilər. İnqilab rəhbərləri sakit şəkildə, heç kimə heç nə hiss etdirmədən başlanğıcda öhdələrinə götürdükləri vəzifələri kənara qoyub daha təvazökar işlərə yönəldilər. Əvvəl hədəfləri sosialist iqtidarı və kommunizmi bütün metro stansiyalarında təbliğ etməkdi, lakin indi “Qızıl Ordu” rəhbərliyi ən azından özləri üçün ən müqəddəs olan şeyi nəzarət altına almaq istəyirdi: “Ploşad Revolyutsii” stansiyasını.
Səbəblərindən biri “İnqilab Meydanı” mənası verən stansiyanın adıydı, amma bundan başqa stansiyanın qüllələrində hələ də qırmızı ulduzların parıldadığı (əgər baxmaq üçün yuxarıya dırmanmağa cəsarət edən olsa) “Qızıl Meydan” olması və Kremlə digər stansiyalardan daha yaxında yerləşməsiydi. Xüsusilə, orda, Kremlin düz yanında, Qızıl Meydanın ortasında Mavzoley9 dayanırdı. Mavzoleydə hələ də Leninin cəsədinin olub-olmadığını heç kim bilmirdi, amma artıq bunun heç bir əhəmiyyəti yoxdu. Uzun illərdir, davam edən Sovet hakimiyyəti vaxtında Movzoley vəzifə dəyişikliyi etmiş, çox xüsusi məzarlıqdan iqtidarın hakimiyyətinin əbədiliyinin müqəddəs simvoluna çevrilmişdi. Əvvəki dövrün böyük liderləri, Mavzoleyin eyvanından təntənəli rəsmi keçid mərasimini qarşılamışdı. Bu iqamətgahın indiki iqtidarda olanları da öz təsiri altına alması çox təbii qarşılanmalıydı. Deyilənlərə görə, “Ploşad Revolyutsii” stansiyasından Mavzoleyin gizli otaqlarına, oradan da Leninin məzar otağına gedən keçidlər vardı.
“Qızıl Ordu” əvvəlki adı “Teatralnaya” olan “Ploşad Sverdlovskaya” stansiyasını nəzarətdə saxlayırdı. Stansiya hər cəhətdən gücləndirilmiş, hər şeylə təchiz edilmiş, “Ploşad Revolyutsii” stansiyasına olunacaq hansısa hərbi müdaxilə zamanı sığınacaq yeri kimi seçilmişdi. İnqilabın öndə gedənləri, rəhbərləri eynilə Səlib yürüşlərində olduğu kimi, dini təbliğat apararaq insanları dayanmadan bu stansiyaya hücuma, Mavzoleyi azad etməyə çağırırdılar. Məhz bunun üçün müdafiə olunanlar stansiyanın “Qızıl Ordu” üçün nə dərəcədə əhəmiyyətli olduğunu çox yaxşı bildiklərindən son adamları qalana qədər müqavimət göstərmişdilər. Ploşad Revolutsi alınmaz qalaya çevrilmişdi. Müharibənin ən qanlı, qəddar döyüşləri həmin stansiya ətrafında yaşanmış, ən çox əsgər itkisi də burada olmuşdu.
Bu meydan müharibələri məşhur Aleksandr Matrosov10 kimi özünü güllə önünə atan, yaxud düşmən qüvvələrini məhv etmək üçün düşünmədən ölümə atılan qəhrəmanlar yaratmışdı. Hətta qadağan olunmasına baxmayaraq insanlara qarşı od püskürən silahlardan istifadə edilmiş, yenə də uğurlu nəticə əldə olunmamışdı.
Qızıl Ordu bir günlük stansiyanı ələ keçirsələr də, orda qalmağı bacarmır, sabahısı koalisiya qüvvələrinin hücümları nəticəsində böyük itki verərək geri çəkilirdi.
“Biblioteka imeni Lenina” üçün də eyni şəkildə döyüşlər gedirdi. Koalisiya qüvvələri “Qızıl Ordu”nu geri çəkilməyə vadar edərkən, kommunist rejimi “Biblioteka imeni Lenina” stansiyasını işğal etmişdi. Stansiya koalisiya üçün son dərəcə əhəmiyyətliydi, çünki uğurlu döyüş əməliyyatı nəticəsində “Qızıl xətt” iki hissəyə bölünəcəkdi. Xüsusilə, oradan digər üç xətdə uzanan üst keçidlər vardı, “Qızıl xətt” bu üç xətlə sadəcə orda birləşirdi. Nəticə etibarilə, bu stansiya bir növ limfa düyünüydü: “Qızıl vəba” bir dəfə ora düşdüsə, ordan da digər orqanlara yayılacaqdı. Bunun qarşısını almaq üçün koalisiya qüvvələri nəyin bahasına olursa olsun, stansiyanı ələ keçirməliydi.
“Qızıl Ordu” rəhbərliyi “Ploşad Revolutsi” idarəçiliyi altına almaq üçün necə nəticəsiz mübarizə aparırdısa, koalisiyanın da “Biblioteka imeni Lenina” stansiyasını işğal səyləri eyni şəkildə effekt vermirdi.
İnsanlar artıq təngə gəlmişdilər. Hərbi xidmətdən yayınma halları başlamışdı, tərəflər silahları buraxdıqları zaman bir-birlərini qardaş kimi qucaqlayırdılar. Belə vəziyyət Birinci Dünya müharibəsindəki kimi “Qızıl Ordu”nun xeyrinə olmamışdı. Koalisiyanın vəziyyəti də yaxşı deyildi. Həyatlarından davamlı narahatlıq duymaqlarının verdiyi sıxıntıyla bütün ailələr stansiyaların mərkəzindən kənar bölgələrə çəkilirdilər. “Hanza İttifaqı” haldan düşmüş, xeyli güc itirmişdi. Müharibə ən başlıcası ticarətə mənfi təsir göstərirdi. Alverçilər “Hanza”dan əllərini çəkmişdilər. Bir vaxtlar ən əhəmiyyətli ticarət yolları sükuta qərq olmuş, tərk edilmişdi.
Əsgərlər tərəfindən get-gedə daha da az dəstəkləndiklərini hiss edən siyasətçilər silahlar özlərinə qarşı çevrilmədən müharibəni qurtarmaq, bu çətin vəziyyətdən çıxış yolu tapmaq haqqında düşünməyə başladılar. Beləliklə, bu kimi hallarda adət edildiyi kimi böyük məxfilik içində, neytral stansiyada görüş təyin edildi: Sovet nümayəndəsi Moskvinlə “Hanza” İttifaqının rəhbəri Loqinov, koalisiya nümayəndəsi “Arbat” Konfederasiyası11 Baş Komandanı Kolpakovdu.
Tərəflər arasında sülh bağlandı. Həmçinin, stansiyalarla bağlı müəyyən dəyişikliklər edildi. “Qızıl Ordu” yarısı uçulub dağıdılmış “Ploşad Revolutsii” tamamilə öz idarəçiliyinə götürdü, qarşılığında “Biblioteka imeni Lenina”12 stansiyası “Arbat” Konfederasiyasına verdi. Bu razılaşma hər iki tərəf üçün asan qəbul edilən addım olmamışdı. Konfederasiya üzvlərindən birini, eyni zamanda, şimal-şərqdə əlində nə qədər mülk varsa hamısını itirmişdi.
“Qızıl Xətt” də artıq hər şeyin sahibi deyildi, bölgənin tam mərkəzində öz əmrində olmayan stansiya vardı və xətti iki hissəyə bölmüşdü.
Tərəflər daha əvvəllər sahib olduqları torpaqlardan qarşılıqlı sərbəst keçidə təminat verdikləri halda, nəticə etibarilə bu addım yenə də “Qızıl Ordu”nunun xeyrinə deyildi. Lakin koalisiyanın təklifilə razılaşmaq, bu vəziyyətdə ən düzgün qərardı.
Həqiqətən “Qızıl Xətt”ə mane olmadı. Bu vəziyyətdən daha qazanclı çıxan “Hanza” oldu, çünki bölgəsini bağlamaqla iqtisadi inkişafa gedən yoldakı son maneə də aradan qaldırılmış oldu. Nəticədə “status-kvo”nu qəbul edib köhnə düşmənlərinin bölgədəki təxribatçı və digər antidövlətçilik hərəkətlərindən birdəfəlik qurtuldu. Bütün bunlara baxmyaraq tərəflərin hər ikisi bu sülh barışığından razı qaldı. Bundan sonra silah, top səsləri yerini siyasətçilərə vermişdi, hər iki tərəfin siyasətçiləri bu sülh nəticəsində əldə edilmiş uğurları öz adına yazmaqla xalqının gözünə girməyə çalışacaqdı. Bundan sonra təbliğatçılara böyük iş düşürdü: müharibənin yaratdığı psixoloji sarsıntını aradan qaldırmaq lazımdı.
Sülh müqaviləsinin imzalandığı bu son dərəcə əhəmiyyətli gündən illər keçdi, tərəflər bu razılığa sadiq qaldılar: “Hanza” İttifaqı “Qızıl xətt”i özünə uyğun iqtisadi partnyor qəbul etdi. Onlar da təxribatçı və hücum planlarının üzərindən xətt çəkdilər, rütbəsi “Moskva V.İ.Lenin Metrosu Kommunist Partiyası Baş İdarə rəisi” olan Moskvin kommunist rejiminin bir xətt üzərində qurulmasının nəzəri olaraq mümkünlüyünü13 sübut etmiş, tarixi qərar verərək hərbi əməliyyatları durdurmuş, köhnə düşmənlik unudulmuşdu.
Artyom atalığını həmişə diqqətlə dinləyərdi. Ən yaxın keçmişə aid bu ibrətamiz hadisə də, yaddaşına həkk olunmuşdu.
Pyotr Adreyeviç:
– Yaxşı ki, bu qırğınlar o vaxt bitdi, – dedi, – Təxminən il yarımdı ətraf xətlərinə addım ata bilmirdik. Bütün girişlər bağlanmışdı, məcburi passport qeydiyyatı, yoxlama keçirilirdi. O tarixlərdə işlə bağlı həmişə yollarda olurdum. “Hanza” kimi deyildi, buradan keçməyə imkan vermirdilər. Ona görə də bu yoldan istifadə edirdilər, bir dəfə “Prospekt Mira”nın girişində saxlanmışdım. Az qalırdılar, məni güllələsinlər.
– Həqiqətənmi? – Andrey maraqla soruşdu, – Bunu heç danışmamışdın. Bu hadisə necə olub?
Artyom başını aşağı əydi. Aydın məsələydi ki, həmsöhbətinin aktyorluq etməsi onu narahat edirdi. Amma yalan da olsa, danışdığı bu hekayə get-gedə maraqlı əhvalata oxşayırdı. Məhz buna görə də müdaxilə etmədi.
– Deməli, belə… Məni “Qızıl Ordu”nun agenti hesab etdilər. Tuneldən “Prospekt Mira” stansiyasına çatmağıma baxmyaraq hələ bizim xətt üzərindəydim, bir də nə görsəm, yaxşıdı: Stansiyanın bizim tərəfdə qalan hissəsi “Hanza” İttifaqının nəzarəti altında, bu hissə sanki onlara verilmişdi. Xoşbəxtlikdən, o qədər də ciddi nəzarət yoxdu. Balaca bir bazar vardı, bir də kiçik ticarət bölgəsi. “Hanza” İttifaqında necə olduğunu siz də yaxşı bilirsiz… Ətraf xətt üzərindəki stansiyaları evləri kimi istifadə edirdilər. Sərhədin hansısa yerində, ətraf stansiyaların üst keçidlərində ulduzlu xətlərə uzanan sərhəddə gömrük, pasport nəzarəti və digər işlər, demək olar, qaydasındaydı.
Andrey:
– Hamısını bilirik?– deyə, onun sözünü kəsdi, – Konfransdakı kimi çıxış etməyi dayandır, əsas mövzudan danış.
– Pasport qeydiyyatı və digər işlər… – Pyotr Andreyeviç üzünü turşudub, donquldanaraq təkrar etdi və hirsli şəkildə, – Ulduzlu xətlərin üzərindəki stansiyalarda da səyyar ticarət və bazarlar vardı, ora xarici vətəndaşlar da girə bilərdilər. Lakin sərhəddə hər şey tamamlanmışdı. Dediyim kimi, yanımda azı yarım kiloya qədər çayla, “Prospekt Mira”ya gəldim. Silahım üçün patrona ehtiyacım vardı, çayla dəyişəcəkdim. Amma ordakılar mü-haribə vəziyyətindəydilər, gəlmələrə silah-sursat satmırdılar. Bir nəfərdən soruşdum, sonra başqa birindən, amma hər dəfə soruşduqda başlarını sallayıb, sanki mənimlə işləri yoxmuş kimi üzr istədilər. Sadəcə biri mənə “Nə patronbazlıqdır, axmaq, tez burdan rədd ol, yoxsa səni bir dəqiqəyə məhv edərlər!” – dedi.
Təşəkkür etdim və sakitcə tunelə tərəf qayıtdım. Tunelin çıxışına çatmışdım ki, stansiyanın o tərəfindən fit səsi eşitdim, bir nəfərin mənə tərəf qaçaraq gəldiyini gördüm:
– Zəhmət olmasa, pasportunuzu tədqim edin! – Üzərində bizim stansiyanın simvolu olan pasportumu təqdim etdim. Diqqətlə baxdıqdan sonra məndən soruşdular: “Bəs keçmək üçün sənədləriniz, onlar hardadır? Mən də heyrətlə soruşdum: “Necə keçid sənədi?” daha sonra anladım ki, keçiş sənədi olmadan stansiyaya daxil olmaq olmaz. Tunelin sonunda kiçik bir stol qoyublar, keçmək üçün icazə sənədini ordan almaq lazımdır. Əvvəlcə ordan qeydiyyatdan keçirsən, əgər hər şey qaydasındadırsa və sənədlərlə bağlı problem yoxdursa, icazə sənədi verirlər.
Buna bürokratiyanın ən tipik göstəricisi də deyə bilərik…
Stolu necə olub ki, görməmişəm… Bu axmaqlar məni niyə həbs etmədilər, anlamadım! Amma məsələni necə izah edim, bilmirdim. Üzü səliqəylə qırxılmış, hərbi geyimli, qısa saçlı bu axmaq qarşımda durub danışır:
– Sakitcə sivişmisən, bura soxulmusan! – dedi. Sonra pasportumun səhifələrini çevirməyə davam etdi, ən axır səhifədə “Sokolniki” simvolunu gördü. Simvolu görən kimi gözləri bərəldi. Çiynindən “Kalaşnikov”u çıxarıb dəli dana kimi böyürdü: “Əllərini başının arxasına qoy, axmağın biri axmaq!”
Çox pis təhsil alması danışığından hiss olunurdu. Məni yaxamdan tutaraq stansiyanın üst keçid hissəsində olan növbə rəisinin yanındakı nəzarət otağına apardı. Sonra “Burda gözlə!” deyib növbə rəisinə şifrəli sözlərlə sakit tərzdə nəsə dedi: “Rəisin icazəsini alacam, sonra da gülləylə şəklini çəkəcəm, ay səni, sən guya agentlik edirsən, məlumat ötürürsən və elə bilirsən, cəzasız qalacaqsan?!”
Bu sözlərinə uyğun taktika seçdim: “Nə agent, nə məlumat ötürən? Mən biznesmenəm! Yanımda VDNX stansiyasından gətirdiyim çay var”. Bu sözüm qarşısında cavabı bir ovuc çayı ağzıma doldurmağı oldu, sonra da yerləşsin deyə, çayı qundaqla içəri soxdu ağzım az qalırdı ki, cırılsın. Özüm də bu sözlərimlə səhv etdiyimi hiss etdim və belə sözlərlə ona heç cür təsir edə bilməzdim; rəisi ona yaşıl işıq verən kimi məni 200-cü metrəyə aparıb başımdan iki deşik açacaqdı. Müharibə qaydalarına görə, buna hüququ çatırdı. Axmaqlıq etdiyimi düşündüm. Nə isə, nəzarət məntəqəsinə çatanda, mənimlə bağlı danışmaq üçün rəisinin yanına getdi. Rəisini görən kimi sanki üzərimə soyuq su tökdülər. Qarşımdakı həqiqətən də Paşka Fedetovdu, sinif yoldaşım! Məktəb illərindən sonra dostluğumuz uzun müddət da-vam etmişdi, sonra bir-birimizi itirmişdik.
– Ay səni qoca donuz! Məni həqiqətən qorxutdun! Mən də səni öldürəcəklərini düşünmüşdüm! – Andrey rişxəndlə sözə müdaxilə etdi, 450-ci metrdə ocağın ətrafında oturan hər kəs qəhqəhəylə güldü.
Pyotr Andreyeviç Andreyə əvvəlcə hirsli baxışlarla nəzər saldıqdan sonra o da özünü saxlaya bilməyib güldü. Gülüş səsləri tunel boyunca eşidilirdi. Birdən tunelin dərinliklərində bir yerdə qorxulu, nəyinsə səsinə oxşadılması çətin, qəribə səs eşidildi. Hamı susub qulaq kəsildi.
Tunelin dərinliklərindən, şimaldan, yenə eyni qorxulu, gurultular eşidildi; xışıltı və müəyyən edilə bilməyən ayaq səsləri.
Təbii ki, ilk müdaxiləni Andrey etdi, digərinə də susmağı işarə etdi. Sonra avtomatını götürüb səs gələn tərəfə hərəkət etdi. Sakit şəkildə silahını ayağa çəkdi, darağını doldurdu və ocağın başından uzaqlaşdı. Tunelin divarlarına kürəyini dayayaraq tunelin içinə tərəf yavaş-yavaş addım-addım irəlilədi.
Artyom da yerindən cəld ayağa qalxdı, bundan qabaq əlindən qaçırdığı şeyin nə olduğunu görmək üçün Andreyin arxasınca hərəkət etdi. Andrey arxasına dönüb sakit səslə nəsə dedi.
Silahı hədəfə tərəf nişan almış şəkildə, qaranlığın get-gedə artdığı nöqtədən durub silahını qarnının üzərinə yerləşdirib səsləndi:
– Buranı işıqlandırın!
Adamlardan biri stansiyadakı elektrik şitindən çəkdiyi, avtomobil fanarından quraşdırdığı aparatı işə saldı. Kəskin işıq qaranlığı bir anlıq yoxa çıxardı. Bir saniyədən sonra, qaranlığın içindən bir kölgə çıxdı. Ardından da kiçik görünməyən nəsə geriyə, şimala qaçdı.
Artyom artıq özünü saxlaya bilməyib var gücüylə qışqıraraq:
– Niyə atəş açmırsan? Görmürsən qaçır?!
Nə üçünsə Andrey silahını heç tərpətmədi! Andreyin silahının atəşə hazır vəziyyətə gətirilməsinə baxmayaraq Pyotr cəld yerindən tərpənərək səsləndi:
– Andryuşa, hələ sağsan?
Ocağın ətrafındakı insanlar həyəcanla öz aralarında pıçıldaşdılar, hamısının silahı ayağa çəkilmişdi.
Andrey, nəhayət, fanarın işığında göründü, pencəyini silkələdi.
– Əlbəttə, hələ yaşayıram! – gülərək cavab verdi.
– Ortada güləcək nəsə var – deyə, Pyotr Andreyeviç kinayəylə soruşdu.
– Üç ayaqlı, iki başlı mutantlar! Qaralar gəlib, hamınızı kəsib yeyəcəklər. Atəş aç, yoxsa qaçar. Burada durub boş-boşuna gülürsünüz, nə baş verib heç nə başa düşmədim.
Andrey ocağa yaxınlaşanda, Andreyeviç qəzəblə soruşdu:
– Nə üçün atəş açmadın? Yanımdakı oğlanı başa düşürəm, hələ çox cavandır, əvvəl o da tətiyi çəkə bilmədi. Amma sən niyə tətiyi çəkmədin, nə üçün atəş açmadın? “Poleşayevskaya”da nələr baş verib, bilirsən?
– Eh, bu Poleşayevskaya hekayəsini ən az on dəfə dinlədim. Maraqlanmayın sadəcə bir it haqqındadır. Yaşı kiçik, balaca it, ocağın yanına yaxınlaşır, həm isinmək həm də işıqçün… “Sizsə onu tikə-tikə doğrayacaqdınız, siz heyvan düşmənlərisiz!”
Özünü təhqir edilmiş hiss edən Artyom soruşdu:
– İt olduğunu hardan biləcəkdim? Elə maraqlı, qəribə səslər çıxardı ki, xüsusilə, burdakıların təxminən bir həftə bundan qabaq siçovul gördüyünü eşitmişdim, donuz böyüklükdə bir siçovul.
Bu sözləri Artyom danışarkən yerində titrəyirdi.
– Bütün darağı üstünə boşaltdıqları halda belə dipdiriydi və ölməmişdi.
– Bütün bu nağıllara inanın, görək axırı necə olacaq! Gözlə! Sənin danışdığın o donuz böyüklüyündəki siçovulu indi gətirəcəm, – deyib Andrey cavab verdi, silahını çiyninə asaraq təkrar qaranlığa yönəldi.
Bir dəqiqədən sonra uzaqdan yüngül fit səsi eşidildi. Ardından da yumşaq, qışqırıq səsi eşidildi:
– Gəl bura… Durma, gəl bura kiçik varlıq, qorxma!
Uzun müddət, bəlkə də on dəqiqə qədər Andrey öz-özünə danışdı, fit çaldı. Axırda yarı qaranlığın içində kölgə göründü. Təkrar ocağın yanına gələndə qələbə qazanmış kimi güldü, pencəyini açdı. İçərisindən titrəyən yazıq şəklində, islanmış, qorxunc pis, keçələşmiş dərisindən rəngi bilinməyən, gözləri qorxudan bərəlmiş, balaca qulaqları bir-birinə bitişik kiçik it çıxardı. Yerə qoyan kimi qaçmaq istədi, amma Andreyin güclü əli onu ənsəsindən yapışdı. Balaca itin başını oxşadı, pencəyini çıxarıb üzərinə örtdü.
– Bu balaca it əvvəlcə bir az isinsin, – dedi.
– Bəsdir, Andryuşa, hər halda yaxşıca bitlənib, Pyotr Andreyeviç dedi, – Bəlkə də qurdlanıb. Sənə də bulaşacaq, sonra da bütün stansiyaya yayacaqsan.
– Zırıldamağı burax, Pyotr. Bir buna bax!
Andrey pencəyini açaraq Pyotr Andreyeviçə qorxudan, soyuqdan titrəməkdə olan itin burnunu göstərdi:
– Hələ bunun gözlərinə bax! Bu gözlər əsla yalan deməz.
Pyotr Andreyeviç şübhəylə iti təhlil etdi. Heyvanın gözləri hərçənd ki, qorxuyla baxırdı amma heç şübhə yox ki, məsum və yazıqdı. Pyotr Andreyeviçin qəlbi bir az yumşalmışdı.
– Yaxşı! Eh, siz təbiət elmlərini bilənlərsiniz! Bir az gözlə, ona gəmirməsi üçün nəsə verim, – donquldanaraq əlini bel çantasına soxdu.
– Al, görək! Bəlkə bunu yesə bir az özünə gələr və hansı heyvana oxşadığı bilinər. Misal üçün: bir alman çoban itinə, – Andrey pencəyini balaca itlə birlikdə ocağa yaxınlaşdırdı.
Adamlardan biri soruşdu:
– Bu birdən birə hardan çıxdı? Orada arxa tərəflərdə artıq insan qalmayıb ki… Sadəcə qaralar var. Onlar nə vaxtdan it saxlayırlar?
Danışan, qarayanız, arıq adamdı. O ana qədər susmuş, ancaq danışanları dinləmişdi. İndi sizə istinin təsirindən yatmağa başlayan heyvana şübhəli gözlərlə baxırdı.
– Düz deyirsən, Kirill, – Andrey ciddi şəkildə cavab verdi, – Bildiyim qədər, qaralar heç it saxlamırlar.
– Bəs nə ilə yaşayırlar? Nə yeyirlər? – yenə Andreylə birlikdə gələnlərdən biri soruşdu, bir tərəfdən də çənəsini qaşıyırdı. Sualı soruşan, ucaboy, enlikürək, keçəl, güclü-qüvvətli adamdı. Kürəyində, buralarda çox nadir rastlanan uzun, rəsmi dəri palto vardı.
– Nə yeyirlər? Deyilənə görə, nə olsa. Yosun, siçan, insan. Onlara fərqi yoxdur, nə rastlarına çıxsa, nə tapsalar yeyərlər, – Andrey iyrənərək sifətini turşutdu.
– Onlar adamyeyəndirlər? – Andreyin yoldaşı soruşdu. Sanki daha əvvəllər adamyeyənlər haqqında nəsə bilirmiş kimi təəcübləndi.
– Bəli, adamyeyəndirlər! İnsan deyillər. Bir növ “insandan dönmə” deyə bilərik. Nə olduqlarını Tanrı bilir! Yaxşı ki, silahları yoxdur, bizə hücum edəndə silahlarla onları qova bilirik. Pyotr, sən bilirsən, altı ay bundan əvvəl onlardan birini necə ələ keçirmişdik?
– Bəli, düz deyirsən! – Pyotr Andreyeviç dedi, – İki həftə yanımızda hərəkətsiz vəziyyətdə qaldı, suyumuzdan içmədi, yeməyimizə də əlini vurmadı…
Yenə soruşdu:
– Onu dindirdiniz?
– Danışdıqlarımızın bir kəlməsini də başa düşmürdü. Onunla son dərəcə normal danışdığın halda həmişə sakit dayanırdı. Davamlı olaraq susdu. Sanki dilini udmuşdu. Hətta döyüləndə danışmadı. Qabağına yemək də qoydular, amma bir kəlmə danışmadı. Sadəcə bəzən donquldandı, vəssalam. Ölməmişdən əvvəl də elə qışqırdı, bütün stansiya ayağa qalxdı.
Kirill yenidən sözə müdaxilə etdi:
– Bəs, indi bu it haradan gəlir?
– Kərkəz quşu bilər! – Andrey cavab verdi, – Kərkəz quşlarından qaçıb gizlənmiş ola bilər. Bəlkə də iti parçalamaq istəyiblər. Bura sadəcə iki kilometr uzaqlıqdadır. Bəlkə də ancaq bir it buraya qədər gəlməyi bacara bilərdi, elə deyilmi? Ya da şimaldan buraya gəlməküçün yola çıxan, sonra da yolda qaralarla qarşılaşan birinə məxsusdur. İt vaxtında qaçmağı bacarıb. Hardan gəlir gəlsin mənim üçün maraqlı deyil. Ona bir diqqətlə bax; mutanta bənzəyir? Bir mutanta? Balaca, yazıq itdir, həmçinin, insanların yanına gəlməsi insanlara inamının göstəricisidir. Yoxsa nə üçün yanımıza gəlsin, burda üç saat yatsın?
Kirill susmuşdu. Andreyin danışdığı fikirləri bir-bir beynində təhlil edirdi. Hamı sakit dayanıb qulaq asırdı. Pyotr Andeyeviç bardaqdan çaydana su tökdü və soruşdu:
– Çay istəyən varmı? Bu axırıncıdır, bundan sonra keşikçi növbəsini dəyişəcəyik.
– Yaxşı fikirdir, mən varam, – Andrey sevinclə dedi, digərləri də yenidən canlanmışdılar.
Çaydandakı su qaynadı. Pyotr Andreyeviç, hamıya çay süzdükdən sonra:
– Qulaq asın! – dedi, – Xahiş edirəm, daha qaralardan danışmağı saxlayın. Yenə bir gün burada sonuncu dəfə oturduğumuzda, heç kim onlar haqqında danışmamışdı, o vaxt da yenə sürünərək bura gəlmişdilər. Digərləri də mənə eyni şeyləri danışdılar. Bəlkə də təsadüfdü, batil inancım yoxdur, yenə də nə demək olar? Bəlkə bunları hiss edirlər? Növbəmiz, demək olar ki, bitmək üzrədir, hələ də bu şeytan uşaqlarıyla nə maraqlanırsınız?
– Düzgün fikirdir! Onlar haqqında bu qədər düşünməyə dəyməz – Artyom da təsdiq etdi.
– Bəsdirin, daha dostum… Qorxutma bizi! – Andrey dedi, – Necə olsa, həll edərik.
Niyyəti Artyomu az da olsa güldürməkdi, amma səsi özünə belə inandırıcı gəlmədi, nə qədər gizlətməyə cəhd göstərsə də, qaralar ağlına gəldikcə, kürəyini buz kəsirdi. İnsanlardan qətiyyən qorxusu yoxdu, nə quldurlardan, nə anarxist qatillərdən və ya “Qızıl Ordu” döyüşçülərindən. Amma tam qorxmasa da, bu qara varlıqlar ağlına hər gələndə qəribə narahatlıq keçirirdi; bu insanlardan gələ biləcək təhlükəni düşünməkdən çox fərqli narahatlıqdı.
Hamısı sakit dayanmışdı, ətrafı ağır, qorxulu sükut çuğlamışdı. Ocağa bir az da yaxınlaşdılar. Odun parçaları yandıqca tonqaldan çıxan səslərin ahəngilə tunelin dərinliklərindən və şimaldan gələn qəribə səslər onları qorxuya salmışdı. Moskva metrosu sanki bir mutantın böyük qarnıydı. Bu gurultu, havadakı dəhşəti daha da artırırdı.
2
Ovçu
Artyomun ağlını yenə sərsəm şeylər qarışdırırdı. Qaralar… Öz növbəsi zamanı bu adamaoxşamazlar sadəcə bir dəfə Artyomun növbəsinə çıxmışdılar, yamanca qorxmuşdu. Niyə də qorxmayaydı?
Keşik çəkirsən, ocağın yanına oturub isinirsən. Qəflətən tunelin hansısa yerindən, dərinlərdən qorxulu səslər eşidirsən. Əvvəlcə müəyyən uzaqlıqda yüngül, daha sonra yaxın məsafədən və qüvvətli. Birdən qorxunc bir inilti, sanki məzardan gələn fəryad səsi qulaq pərdəsini yırtacaq qədər yaxından eşidilir… Və mərəkə başlayır!
Hamı cəld qum torbalarını, sandıqları təcili üst-üstdə yığıb müdafiə səddi yaradır. Komandir yüksək səslə qışqırır:
– Həyəcan!
Stansiyadan kömək üçün əlavə qoşun dəstələri gəlirdi, 300 metr məsafədə olan keşikçilər avtomatlarını çıxarıb, hücumun başlandığı mövqedə müdafiəyə keçmək üçün insanlar yerə uzanıb, silahlarını tunelin giriş hissəsinə tərəf tutub və hücum, atəş əmrini gözləyirlər. Mutantlar lap yaxınlaşanda adamlardan biri projektoru yandırır, ətrafa yayılan işıqda onları görürsən. Ağızlarını açaraq bərəlmiş gözlərilə, çılpaq, parlaq dərili siluetlər eyni sırayla sipərlərə doğru, insanların qarşısına, ölümə tərəf irəliləyirlər. Əyilmədən, dik şəkildə, hər an bir az daha yaxınlaşaraq üç, beş, səkkiz qorxunc varlıq… Ən qabaqdakı başını geriyə ataraq yenə o əcaib səsi çıxarır…
Tüklərin biz-biz olur, sıçrayıb qaçmaq istəyirsən, silahını, dostunu, hamısını arxanda buraxaraq… Hər şeyi kənara atıb, sadəcə buradan qaç və canını qurtar… Kəskin işıq gözlərinə vursun deyə ,projektor bu qorxunc varlıqların üzərinə istiqamətlənib. Amma onlar gözlərini də qırpmır, əlləriylə üzlərini örtmürdülər. Əksinə bərəlmiş gözləriylə işığa baxır, dayanmadan böyük sürətlə, qorxulu səslər çıxararaq gözlərini geniş açıb irəliləyirlər.
Sonda 150-cidə keşik çəkənlər avtomat tüfənglərlə qaçaraq atəş xəttinə girirlər. Hər tərəfdən əmrlər yağırdı. Hər şey hazır vəziyyətdədir. Ardından səbirsizliklə gözlənilən komandirin əmri gəlir:
– Atəş!
Bütün pulemyot və avtomatlardan atəş eyni vaxtda açılır və döyüş başlayır. Amma qaralar dayanmırlar, hətta əyilmirlər ki, güllə onlardan yan keçsin. Yoldan kənara çəkilmədən ayaqüstə düz açılan güllələrə tərəf gəlirdilər. Projektorun işığında onlara dəyən güllələrin necə parçalandığını, güllələrin təsirindən necə daldalı səndələdiklərini, sonra isə təkrar heç nə olmamış kimi yenə irəlilədiklərini görmək mümkündür. Sonra yenə o qorxuducu fəryad, inilti eşidilir, güllə qırtlaqlarını dəlib deşdiyi üçün bu dəfə çıxarılan səs həm daha qorxulu, həm də qəribədir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?