Электронная библиотека » Эдгар По » » онлайн чтение - страница 1

Текст книги "Qızıl böcək"


  • Текст добавлен: 16 ноября 2022, 07:40


Автор книги: Эдгар По


Жанр: Классические детективы, Детективы


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 4 страниц) [доступный отрывок для чтения: 1 страниц]

Шрифт:
- 100% +

Edqar Allan Po

Qızıl böcək

detektiv hekayələr

Qızıl böcək

Baxın! O, dəli kimi tullanıb düşür…

Onu əqrəb sancıb!

“Heç kəs haqlı deyil”

Uzun illər qabaq Vilyam Leqran adlı bir insanla yaxından tanış olmuşdum. O, köklü hugenot1 ailəsində doğulmuş, əvvəllər varlı olmuş, amma sonradan bir-birinin ardınca gələn bədbəxtliklər ucbatından dilənçi gününə düşmüşdü. Zənginliyi itirməyi ilə bağlı təhqirlərdən qaçmaq üçün nəsil-kök şəhəri olan Yeni Orleanı tərk etmiş və Cənubi Karolinanın Çarlstonuna yaxın yerləşən Sellivan adasında məskunlaşmışdı.

Ora çox qədim adadır. Uzunluğu təxminən üç mil olan bu adanın torpağı xalis dəniz qumundandır. Eni də dörd mildən çox olmazdı. Ora materikdən qarabatdaqların sığınacağı olan sıx qamış və lehim arasından çətinliklə suyun keçdiyi boğazla ayrılırdı. Adada ağac az idi və çətin bitirdilər. Əməlli-başlı ağaca, ümumiyyətlə, rast gələ bilməzdin. Adanın Çarlstonun səs-küy və toz-torpağından canını qurtarıb, yay tətilini keçirən şəhər sakinlərilə dolub-daşan, Moultri limanı və bir neçə daxmanın yerləşdiyi qərb küncündə xırda, tikanlı palmaları görmək olardı. Dəniz kənarının qaya kimi möhkəm qum daşlarıyla dolu olan bu kiçik qərb hissəsini nəzərə almasaq, qalan yerləri ingilis bağçılıq mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilən ətirli mərsin kollarıyla örtülü idi. Bu kollar on beş-iyirmi futdan yüksəyə nadir hallarda qalxır və az qala, ağır rayihəsindən yaranan boğuq hava ucbatından keçilməz cəngəllik kimi görünürdü.

Leqran adanın materikə ən uzaq yerində – şərq hissəsindəki mərsin kolluqlarının dərinliyində özünə kiçik bir daxma qaraltmış, elə oradaca yaşayırdı. Mən onunla həmin yerdə təsadüfən tanış oldum. Tanışlıq tezliklə dostluğa çevrildi. Bu tərki-dünya adamın xasiyyəti çox cəhətiylə maraq və hörmətə layiq idi. Gördüm ki, o, əla təhsilli və qeyri-adi bacarıqlara sahib olsa da, mizantropiya və əqli çatışmazlıqdan əziyyət çəkir: gah vəcdə gəlir, gah da qaşqabağını tökürdü. Leqranın çoxlu kitabı vardı, amma nadir halda onlara müraciət edirdi. O, ova çıxmağı və balıq tutmağı, sahildəki qumluq və mərsinlikdə dolaşıb, balıqqulağı və həşərat axtarmağı sevirdi. Onun həşəratlar kolleksiyasına Svammerdam2 belə həsəd aparardı. Bu gəzintilərdə onu, əsasən, qoca zənci Yupiter müşayiət edirdi. Bu zənci hələ ailənin iflasından qabaq azadlığa buraxılmışdı, amma nə hədə-qorxu, nə də vədlərlə Yupiteri, özü demişkən, “Böyük Vill”in ayrılmaz hissəsi olmaqdan qurtulduğuna inandıra bilməzdin. Həm də, yəqin ki, Leqranın qohumları onun psixi çatışmazlığından narahat olduqları və qaçağın qayğısına qalmaq üçün Yupiterin bu qərarını dəstəkləyirdilər.

Sellivan enliyində yerləşən adalarda qışda nadir hallarda rütubət olur, payız aylarında isə, demək olar, heç vaxt evlərdə soba yanmır. Hərçənd, 18…-ci ilin oktyabrının ortalarında gün gözlənilmədən soyuq keçdi. Günəş batmağa hazırlaşanda artıq neçə həftədir görmədiyim dostumun daxmasının həmişəyaşıl kollarının arasındaydım. Mən adadan doqquz mil uzaqda yerləşən Çarlstonda yaşadığıma görə, gəldiyimi xəbər vermək indiki kimi asan deyildi. Daxmaya çatar-çatmaz həmişəki kimi qapını döydüm və cavab gəlmədiyini görəndə gizli yerdəki açarı axtarıb tapdım, qapını açıb içəri keçdim. Buxarıda xəfif alov yanırdı. Bu, gözlənilməz olsa da, tam yerinə düşmüşdü. Paltomu çıxardım, kreslonu asta-asta şölələnən alova yaxın çəkdim və oturub səbirlə ev sahiblərinin gəlişini gözləməyə başladım.

Onlar şər qarışandan sonra gəlib-çatanda məni mehribanlıqla salamladılar. Yupiter ağzı qulağına çatınca gülümsəyib ev işlərinə girişdi, mətbəxə keçib qarabatdaqdan şam yeməyi hazırlamağa başladı. Leqranı növbəti tutması basdı – heç bilmirəm, onun bu halını necə adlandırım. O, əvvəllər rast gəlmədiyi ikilaylı balıqqulağı tapmışdı, amma ən çox da ehtiyatla izlədiyi və Yupiterin köməyilə, özü demişkən, “hələ elmə məlum olmayan” böcəyi tutduğu üçün sevinirdi. Dedi ki, sabah bu böcək barədə mənim mülahizələrimi eşitmək istəyir.

– Niyə bu gün yox? – əlimi qızdıra-qızdıra, ürəyimdə yer üzündəki bütün böcəkləri lənətləyərək soruşdum.

– Kaş burda olduğunuzu biləydim! – Leqran ucadan dilləndi, – Axı, biz çoxdandır görüşmürdük. Məhz bu gün axşam bizə təşrif buyuracağınızı necə öyrənə bilərdim ki? Yupiterlə evə gələndə limandan olan leytenant C. ilə rastlaşdıq və tutduğumuz böcəyi axmaq kimi götürüb müvəqqəti ona verdim. Buna görə də, böcəyi indi görə bilməyəcəksiniz. Gecəni bizdə qalın, günəş çıxan kimi Yupanı onun dalınca göndərərik. O, sadəcə heyrətamizdir!

– Nə? Günəş?

– Əşşi, cəhənnəm olsun günəşi! Böcəyi deyirəm! O, qızıl kimi par-par yanır, meşə qozu boydadı, üstündə də qətran kimi qapqara üç dənə xalı var! Yupyumru ikisi yuxarısındadı, biri də aşağıya doğru uzanır. Hələ bığcıqlarını və başını demirəm!

– Qulaq as, bəs burdakı qalay hanı, böyük Vill? – deyə, Yupiter söhbətə qarışdı, – Böcək başdan-ayağa qızılıdı, əsl qızılı – həm üstü, həm içi: təkcə kürəyində xalı var! Bu boyda böcəyə həyatımda rast gəlməmişəm!

– Tutaq ki, həqiqətən, elədi, böcək də əsl qızıldandı, – gördüyüm qədəriylə, Leqran həmişəkindən xeyli ciddi tonla dedi, – Yup, bəs nəyə görə biz bundan ötrü şam yeməyinə qızartmanın yanmışını yeməliyik? Doğrudan da, böcək elədir ki, – mənə müraciətlə davam etdi, – az qala, Yupiterlə razılaşmağım gəlir. Qanadlarının altından metallik parıltı bərq vurur: buna elə günü sabah özünüz də əmin ola biləcəksiz! Hələliksə sizə onun necə göründüyünü göstərəcəm.

Leqran üzərində lələk və mürəkkəbqabı olan masanın arxasına keçdi. Kağız yox idi. O, yeşiyin içini axtarsa da, yenə kağız tapmadı.

– Eybi yox, – nəhayət, dilləndi, – bunsuz da keçinərəm.

O, jiletinin cibindən kir-paslı kağız parçası çıxartdı və lələyi götürüb tələm-tələsik şəkil çəkməyə başladı. Leqran bununla məşğul olarkən də mən qızınmağa davam edirdim, çünki üşütməm hələ keçməmişdi. Dostum şəklini bitirib, oturacaqdan qalxmadan onu mənə uzatdı. Elə bu məqamda ucadan it hürüşü və qapının çöl tərəfinin cırmaqlanma səsi eşidildi. Yupiter atılıb qapını açanda Leqranın iri nyufaundlend cinsli iti otağa soxuldu və pəncələrini çiynimə qoyub məni mehribancasına salamladı: mən onunla hələ keçən səfərimdə dostlaşmışdım. Sakitlik çökəndə bayaqdan əlimdə saxladığım kağıza göz atdım və düzünü desəm, dostumun şəkli xeyli diqqətimi çəkdi.

– Doğrudan haa, – şəkli bir də ciddi nəzərdən keçirib dedim, – olduqca qəribə böcəkdir. Etiraf edim ki, əsl yenilikdir, bugünədək belə bir şey görməmişdim. Məncə, bu böcək daha çox emblemlərin üzərində çəkilən kəllə sümüyünə oxşayır. Hə də… Özüdür ki var!

– Kəllə sümüyü? – Leqran dilləndi, – Deyəsən, elədir, ən azından mənim çəkdiyimdən elə görünür. Ümumi forması ovaldı. Yuxarısındakı iki dənə qara xalı gözləri xatırladır, düzdü? Aşağısındakı uzunsov xalsa kəllənin burun dəliyinə oxşayır.

– Ola bilsin, elədi, Leqran, – dedim, – amma siz zəif rəssamsınız. Böcəyi öz gözlərimlə görməyincə mülahizələrimi deməyə tələsməyəcəm.

– Necə istəyirsiniz, – o burnunu sallayıb bildirdi, – amma mənə elə gəlir ki, heç də pis rəsm çəkmirəm, ən azından, belə hesab etməyə öyrəşmişəm. Mənim çox yaxşı müəllimlərim olub və düşünürəm ki, hər halda, onlardan nəsə öyrənmişəm.

– Onda məni axmaq yerinə qoyursunuz, əziz dost, – ona dedim, – siz əməlli-başlı kəllə sümüyü çəkmisiniz, hətta ostelogiyadan3 elə başım çıxmasa da, deyərdim ki, çox gözəl kəllə sümüyü rəsm etmisiniz və əgər sizin böcəyiniz, doğrudan, buna oxşayırsa, onda o, dünyanın ən heyrətamiz böcəyidir. Bu cür görünən böcək mövhumi hislər yaratmalıdır. Şübhəm yoxdur ki, siz onu Scarabaeus caput hominis4, ya da nəsə buna bənzər adlandıracaqsınız: təbiət elmləri bu cür adlarla doludur. Yaxşı, bəs onun bığcıqları hanı?

– Bığcıqları? – mübahisəmizdən bədbin ruh halına köklənən Leqran təkrarladı, – Məgər onları görmürsüz? Mən bığcıqları həqiqətdə olduğu kimi çəkmişəm. Düşünürəm ki, məndən bundan artıq nəsə tələb etməməlisiniz…

– Narahatlığa əsas yoxdur, – sakitcə bildirdim, – Leqran, ola bilsin, həqiqətən, onları çəkmisiniz, amma mən burda bığcıq görmürəm.

Onu hirsləndirməmək üçün daha heç nə demədən rəsmi özünə qaytardım. Hadisənin belə qəribə yön aldığına təəccüblənmişdim. Leqranın əsəbiləşməyi mənə çatmırdı. Onun rəsmində heç bir bığcıqdan söhbət gedə bilməzdi, şəkil özü isə əməlli-başlı kəllə sümüyünə oxşayırdı.

O, narazı halda kağızı məndən alıb oda atmaq üçün əzəndə birdən şəkildə diqqətini nəsə cəlb elədi. Leqran əvvəlcə pomidor kimi qızardı, sonra asta-asta tabaşir kimi ağarmağa başladı. Sanki nəyisə araşdırırmış kimi bir müddət durub diqqətlə çəkdiyi rəsmə baxdı. Sonra masadan şamı götürüb otağın digər küncündəki sandığın üstündə oturdu. Orda da kağızın o yan-bu yanını diqqətlə nəzərdən keçirdi, amma yenə ağzına su alıb durmuşdu. Onun bu davranışı mənə çox qəribə görünsə də, elə özüm də susmağı üstün tutdum. Deyəsən, yenə qaşqabağını tökmüşdü. Leqran şəkli cibindən çıxardığı portmanatın arasına qoydu, sonra onu sandıqda gizlədib, qapısını açarla bağladı. O sanki ayılmışdı, amma əvvəlki canlılıq gözə dəymirdi. Əsəbi olmasa da, fikri hardasa ilişib qalmışdı. Leqranın fikir dağınıqlığı getdikcə artır, mənim onun kefini durultmaq cəhdimsə uğursuzluğa düçar olurdu. Əvvəlcə artıq bir neçə dəfə etdiyim kimi, burda gecələməyi düşünmüşdüm, amma ev sahibinin əhvalını nəzərə alıb evə qayıtmaq qərarına gəldim. Leqran məni saxlamadı, yola salandasa əvvəlki səmimiyyətlə əlimi sıxdı.

Yupiter Çarlstona gəlib mənə baş çəkəndə Leqrandan xəbərsiz olduğumdan təxminən bir ay keçmişdi. Bu qoca, mərhəmətli zəncini heç vaxt belə dilxor görməmişdim. Dərhal həyəcanlandım: görəsən, dostumun başına bir iş gəlməyib ki?!

– Hə, Yup, – dedim, – nə var, nə yox? Sahibin necədir?

– Düzünü desəm, cənab, heç də sağlam deyil.

– Sağlam deyil? Məni qorxudursan! Şikayəti nədəndir?

– Elə iş də burasındadır ki, heç nədən şikayət eləmir… Amma ağır xəstədir.

– Necə yəni, ağır xəstədir, Yupiter?! Niyə gələn kimi demədin? Yatır?

– Nə yatır? Onu heç itlə də tuta bilməzsən. Elə dərd də burasındadır! Ürəyim ağrıyır. Yazıq böyük Vill!

– Yupiter, nə baş verdiyini əvvəl-axır bilmək istəyirəm. Deyirsən ki, sahibin xəstədir. Sənə harasınınsa ağrıdığını deyibmi?

– Hirslənməyin, cənab! Ona nə olduğunu bilmirəm. İndi mən sizdən soruşmaq istəyirəm ki, nəyə görə böyük Vill bütün günü başını aşağı salıb yeriyir və niyə rəngi qaz kimi ağappaqdır? Bəs nə üçün elə hey nəsə sayır?

– Neyləyir?

– Elə ədədlər hesablayıb yazır ki, heç doğulandan elə möcüzəvi rəqəmlər görməmişəm. Onun yerinə çox qorxuram. Bütün günü gözüm üzərindədi. Dünən gözümü oğurlayıb yoxa çıxdı, onda hələ günəş çıxmamışdı, düz gecəyə qədər harda olduğunu bilmədim. Qayıtmağını gözlədim, qalın çubuq düzəldib onu yaxşıca əzişdirmək istəyirdim, amma mən qoca axmağın yazığı gəldi: elə kədərli qayıtmışdı ki…

– Nə? Necə yəni əzişdirmək?! Yox, Yupiter, belə qəddar olmayasan, onu döyməyəsən, buna dözə bilməz… Yaxşısı budur, de görüm, sahibinin xəstəliyinə, ya da belə deyim, özünü bu cür aparmasına səbəb nə olar, səncə? Mən sizdən qayıdandan sonra başına bir iş gəlməyib ki?

– Siz bizdən gedəndən sonra, cənab, heç nə baş verməyib. Nə oldusa, elə həmin gün oldu. Siz gələn gün…

– Nə? Nədən danışırsan?

– Nədən danışdığımı bilirsiniz, cənab. Böcəkdən!

– Nədən?

– Böcəkdən! Məncə, həmin qızıl böcək böyük Villin əlini sancıb.

– Qızıl böcək dişləyib onu? Hücum etmişdi?

– Hə, hə, cənab, əməlli-başlı hücum etdi, caynaqları da yekəydi. Həyatımda belə böcək görməmişdim: at kimi ayaqlarını taqqıldadır və qabağına çıxan hər şeyi sancmağa çalışırdı. Böyük Vill onu tutdu, amma tezcə də əlindən düşürdü, deyəsən, elə o məqamda böcək sancdı onu. Mənimsə bu böcəyin sifəti xoşuma gəlmədi və dərhal düşündüm ki, onu heç vaxt çılpaq əlimə götürmərəm. Onu kağız parçasına bükdüm, kağızın kənarını da ağzına soxdum… Bax, belə!

– Onda sən, həqiqətən, düşünürsən ki, sahibini böcək sancıb və xəstəliyinin də səbəbi budur?

– Mən heç nə düşünmürəm, olanı deyirəm. Əgər onu qızıl böcək sancmasaydı, yuxusuna qızıl girərdimi? Belə qızıl böcəklər haqqında çox şey eşitmişəm.

– Bəs yuxusuna qızıl girdiyini hardan bilirsən?

– Hardan biləcəm?! Yatandan duranadək qızıl deyə sayıqlayır. Bundan bilirəm!

– Yaxşı, Yup, ola bilsin, haqlısan. Bəs sənin bugünkü ziyarətinin şərəfinə məndən nə etməyimi istəyirsən?

– O nə deməkdir, cənab?!

– Cənab Leqrandan nəsə ismarıc gətirmisən?

– Yox, cənab, bircə bunu sizə verməyimi əmr elədi.

Və Yupiter mənə bu sözlər yazılmış məktubu verdi:

“Əzizim N.

Nəyə görə daha bizə gəlmirsiniz? Bəlkə, mənim hansısa kobudluğum xətrinizə dəyib? İnanıram ki, belə deyil.

Sizinlə görüşmədiyim müddətdə yeni qayğılarım yaranıb. Sizə bundan danışmaq istəyirəm, amma haradan başlayacağımı, niyə danışmalı olduğumu bilmirəm.

Son günlər elə də sağlam deyildim, qoca Yupitersə dərdimin dərmanını tapmışdı. Təsəvvür edin, dünən qalın zopa hazırlayıb ki, bütün günü materikin dağlarında təkbaşına dolaşdığıma görə məni döysün. Deyəsən, yalnız xəstəliyim məni bu töhmətdən qorudu.

Sonuncu görüşümüzdən sonra həşərat kolleksiyamda yenilik də olmayıb.

Əgər azacıq imkanınız varsa, elə Yupiterə qoşulub bizə gəlin. Çox xahiş edirəm! Bu axşam bir vacib işə görə sizinlə görüşməliyəm. İnanın, bu iş olduqca vacib məsələdir. Sizə sayğılarla

Villyam Leqran.”

Bu məktubu oxuyandan sonra içimi nəsə qəribə həyəcan bürüdü. Yazının üslubu mən tanıdığım Leqranınkına bənzəmirdi. Görəsən, ağlına nə gəlmişdi? Onun qarşısıalınmaz təxəyyülündə hansı yeni azğınlıq yaranmışdı? Leqranın “olduqca vacib məsələ”si nə ola bilərdi ki? Yupiterin hekayəti yaxşı heç nədən xəbər vermirdi. Xəstəliyin gətirdiyi ağlasığmaz fikirlərin dostumun mühakimələrini sarsıtmasından ehtiyat etdim. Tərəddüd etmədən dərhal zənci ilə getməyə hazırlaşdım.

Adaya keçmək üçün boğazın yanına çatanda gedəcəyimiz qayığın dibində təptəzə dəhrə ilə belləri gördüm.

– Bu nədir, Yup? – soruşdum.

– Bir dəhrə, iki bel, cənab.

– Tamamilə haqlısan. Hardan gəlib çıxıblar?

– Böyük Vill şəhərdən almağı tapşırmışdı, mən də bunlara xeyli pul verdim.

– And verirəm bütün inandıqlarına, bunlar sənin “Böyük Vill”inin nəyinə lazımdır?

– Mən nə bilim nəyinə lazımdır?! Mənə lənət olsun, əgər özü də bilirsə… Bütün məsələ böcəkdədir!

Görünür, indi Yupiterin bütün fikri-zikri böcəkdəydi, başqa heç nə düşünmək istəmirdi. Qayığa tullanıb, avarları çəkməyə girişdim. Arxadan əsən külək bizi Moultri limanının şimalındakı qayalarla əhatələnmiş buxtaya tərəf qovdu, burdan daxmaya iki mil məsafə vardı. Ora günorta saat üçdə çatdıq. Leqran bizi aşkar səbirsizliklə gözləyirdi. Görüşəndə əlimi bərk-bərk sıxdı və onun bu əsəbi coşqunluğu bayaqkı narahatlığımı daha da artırdı. Leqranın üzündən meyit solğunluğu yağır, çuxura düşmüş gözləri tez-tez qırpılırdı. Hal-əhval tutandan sonra nədən danışacağımı bilmədən leytenant C.-nın onun qızıl böcəyini qaytarıb-qaytarmadığını soruşdum.

– Hə, hə, – deyə, yanağı qızaran Leqran cavab verdi, – elə səhərisi günü! İndi bu böcəklə məni heç nə ayıra bilməz. Yupiterin haqlı olduğunu bilirsinizmi?

– Nədə haqlı idi ki? – bikef halda soruşdum.

– Böcək xalis qızıldandır!

O bu sözləri deyəndə tamamilə ciddi idi. Dərindən sarsıldım.

– Bu böcək mənə xoşbəxtlik gətirəcək, – deyə Leqran qımışa-qımışa davam etdi, – o mənim var-dövlətimi geri qaytaracaq. Ona bu qədər dəyər verməyimdə təəccüblü nə var ki? O mənə taleyin hədiyyəsidir və itirilimiş zənginliyimi geri qaytaracaq, əgər onun göstərişlərinə düzgün əməl eləsəm. Yupiter, get böcəyi gətir!

– Nə? Böcəyi? Ona əlimi də vuran deyiləm. Özünüz gətirin.

Leqran sifətini daha da ciddiləşdirib ayağa qalxdı və şüşə qutudan böcəyi götürdü. Böcək, doğrudan da, ecazkar idi. Leqranın tapıntısının elmi dəyəri şübhə doğurmurdu, çünki o vaxtlar təbiətşünaslar belə böcəklərin varlığından xəbərsizdilər. Kürəyində iki dairəvi qara xal görünürdü, bir az aşağıdasa azacıq uzunsov daha biri vardı. Qanadlarının altı heyrətamiz dərəcədə bərk idi və cilalanmış qızıl kimi parıldayırdı. Ağırlığı da xeyli qəribəydi. Bütün bunları nəzərə alanda Yupiterin üstünə çox da gedə bilməzdin. Amma onun mülahizələrini niyə Leqranın da bölüşdüyü məsələsi mənimçün hələ də tapmaca olaraq qalırdı.

– Arxanızca göndərdim ki… – mənim böcəyə baxıb qurtarmağımı gözləyən Leqran ciddi tonda bildirdi, – Yupiteri arxanızca göndərdim ki, məsləhətinizi alıb, Taleyin və böcəyin hökmünü aydınlaşdırmaqda sizdən yardım istəyim…

– Əzizim Leqran, – deyə onun sözünü kəsib çımxırdım, – siz xəstələnmisiniz, gərək müalicə olunasınız. Elə bu dəqiqə çarpayıya uzanın, siz sağalmayınca bu evdən bir addım da atan deyiləm! Siz qızdırma içində yanırsınız!

– Buyurun, nəbzimi yoxlayın, – o dedi.

Onun nəbzini yoxladım və etiraf etməliyəm ki, heç bir qızdırma əlamətinə rast gəlmədim.

– Qızdırmasız da xəstəlik olur. Bu dəfə məsləhətimə qulaq asın! Əvvəl çarpayıya uzanacaqsınız, sonra da…

– Yanılırsınız, – deyə sözümü kəsdi, – mən tamamilə sağlamam, amma çox narahatam. Əgər yaxşılığımı istəyirsinizsə, bu narahatlıqdan qurtulmağıma yardım edin.

– Bunu necə edim?

– Çox sadə. Yupiterlə mən materikin dağlarına ekspedisiyaya çıxmaq istəyirik və etibarlı köməkçiyə ehtiyacımız var. Tamamilə inandığımız yeganə insan da sizsiniz. Orada uğur qazanacağıq, ya yox, deyə bilmərəm, amma bu məni narahatlıqdan qurtaracaq.

– Sizə faydalı olacağıma çox sevinərəm, – dedim, – amma bir şey soruşum: dağlardakı ekspedisiyanın bu böcəyə necəsə aidiyyəti varmı?

– Var!

– Elədirsə, onda sizin bu köndələn hoqqanızdakı iştirakdan imtina edirəm.

– Heyf! Çox heyf! Onda gərək tək gedək.

Tək gedək? Onun başı əməlli-başlı xarab olub ki!

– Dayanın. Orada nə qədər qalmağı düşünürsünüz?

– Gərək bütün gecəni qalaq. Orada nə olur-olsun, elə bu dəqiqə çıxıb dan yeri söküləndə evə qayıdacağıq.

– Onda mənə söz verirsinizmi ki, istəyiniz yerinə yetəndən və bu böcəklə bağlı (Aman Tanrı!) hoqqalar xoşbəxtliklə bitəndən sonra, evə qayıdıb bir ailə həkimi kimi mənim məsləhətlərimə əməl edəcəksiniz?

– Hə! Söz verirəm! Tezliklə yola düşməliyik. Zaman gözləmir.

Ağır olsa da, dostumun təklifini qəbul elədim. Günorta təxminən saat dörddə yola düşdük – Leqran, Yupiter, it və mən. Yupiter dəhrə və belləri gətirirdi: o bunu maraq və ya həvəsdən yox, məncə, əlindəkiləri sahibinə etibar edə bilməməyin qorxusundan edirdi. Tərsliyi tutmuşdu. Bütün səyahət boyu ondan eşitdiyim yeganə cümlə bu oldu – “Lənət olsun böcəyə!”

Mənə iki dənə lampa verilmişdi. Leqran böcəyi aparırdı. Böcək naqilin ucuna bağlanmış, Leqran da onu cadugərlər kimi əlində asta-asta fırladırdı. Dostumun başına hava gəldiyinin bu yeni sübutunu görəndə özümü ağlamaqdan güclə saxladım. Bununla belə, Leqrana hələ heç nədə mane olmamağı və nəsə təcili ölçü götürmək üçün yaranacaq vəziyyəti gözləməyi qərara almışdım. Bir neçə dəfə səyahətimizin məqsədi barədə söz salsam da, faydasız oldu. Məni onlarla birgə getməyə razı salmış Leqran, görünür, daha heç nə danışmaq istəmir və mənim bütün suallarıma bir kəlmə ilə cavab verirdi:

– Görərik!

Boğaza çatıb qayığa mindik və materikə yön aldıq. Hündür sahildə düşdük, şimal-qərbə istiqamətlənib, sanki hələ insan ayağı dəyməmiş yabanı səhraya çatdıq. Leqran əmin halda bizi irəli aparır, yalnız arada dayanıb, deyəsən, əvvəlki gəlişində nişanladığı orientri dəqiqləşdirməyə çalışırdı.

İki saat belə davam elədik və gün batana yaxın qarşımızda görünüşündən zəhrimar tökülən, indiyə kimi keçdiyimiz yerlərdən daha bədbin bir məkanın mənzərəsi açıldı. Bura təhlükəsiz yamacda başdan-ayağa ağacla örtülmüş yayla idi. Yamacdakı nəhəng qaya daşları elə görünürdü, sanki daha aşağı getmək üçün onlara ağaclar mane olub. Yaylanı hər tərəfdən əhatələmiş dərin yarğanlar peyzaja daha qorxulu görkəm verirdi.

Addımladığımız yamac böyürtkən kollarıyla örtülmüşdü. Tezliklə aydınlaşdı ki, dəhrəsiz cəngəllikdə hərəkət etməyimiz mümkün olmayacaq. Leqranın əmriylə Yupiter qeyri-adi hündürlükdə olan zanbaq ağacına doğru getdiyimiz cığırdakı maneələri biçib tökməyə başladı: bu ağac xeyli palıdla əhatələnmiş, ondan sonra isə qollu-budaqlı, əzəmətli gözəl yarpaqları və zəngin görünüşü ilə diqqəti cəlb edən ağaclar uzanırdı. Nəhayət, biz mənzil başına yetişəndə Leqran

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации