Текст книги "Məmməd Arazlı günlərim"
![](/books_files/covers/thumbs_240/mmmd-arazl-gnlrim-247180.jpg)
Автор книги: Gülxanım Fətəliqızı
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Onda getdim yanına. Dedim, gəlmişəm yanına ki, açıq danışaq. Mənə təklif olunan bütün vəzifələrə keçməyimə mane olmusan. Mənim itirəcəyim heç nəyim yoxdur, ancaq siz çox şey itirə bilərsiniz. Mən də sizin haqqınızda nəsə deyə bilərəm. Gülüb dedi ki, məni hədələməyə gəlmisən? Haqqımda nə deyə bilərsən ki?..
Cavab verdim: – haqqında deyə bilərəm ki, filan qohumunu vəzifəyə qoymusan, bəhmən qohumunun kitabını növbədənkənar çap etdirmisən və s. Məndən sizə nə çatdırıblar, bilmirəm, ancaq sənin haqqında bildiklərimi heç yerdə deməmişəm, deməyəcəm də. Məni qucaqladı, dedi ki, daha səninlə işim yoxdur, bu mərdliyinə görə, səndən üzr istəyirəm…”
Beləliklə, Məmməd 9 ay işsiz qaldı. O vaxtlar pullu “putyovkalar” vardı. Məmməd bu “putyovka”larla rayonlara gedərdi. Bu işdə ona təbliğat bürosunun sədri Məlik Mikayılzadə kömək edirdi. Mən də işləyirdim, heç kimdən asılılığımız yox idi.
Yenə də haqsızlığın hökm sürdüyü, qeybətcil mühitdən bir müddət uzaqlaşmaq üçün 1973-cü ilin yayında Kislovodskiyə getdik. Məmməd M.Svetlovun şeirlər kitabını tərcümə etmək üçün özü ilə götürmüşdü. Gözəl bir yerdə ev tutmuşduq. “Xram vozdux” deyilən hündür təpənin ətəyində idi. Uşaqlar yaxşı istirahət edirdilər. Ataları onları hər gün gəzməyə aparır, əyləndirirdi. Qalan vaxtda isə tərcümə ilə məşğul olurdu. Kislovodskidə Ağayar müəllim, yoldaşı Pərvin xanımla da yaxından tanış olduq. Ağayar müəllimin maraqlı söhbətləri olardı, qulaq asmaqdan yorulmazdıq. Təmiz ürək sahibi olduqlarına görə, dostluğumuz sonralar da davam edəcəkdi…
Kislovodskidən ən çox yadımda qalan Elbrus dağına ekskrusiyaya getməyimizdir. “Qafqaz gözəlliklər məskənidir” deyimini yamyaşıl dağ ətəkləri, bir az yuxarı bulaqlar, ondan da yuxarı qar təsdiq edirdi. Gələn turistlərə nəsə satanlar eyni bizim dilimizdə danışırdılar. Həm Yesentukidə, həm də Kislovodskidə türk dilində danışan, lakin özlərini “qrek” adlandıranlarla çox rastlaşdıq. Onların beyninə yeritmişdilər ki, siz dili dəyişdirilmiş “qreklərsiniz”. Türksünüzmü, sualından ürkürdülər.
Eşitməzdi dünya, görməzdi dünya
Eşitməz olanda, görməz olanda…
Kislovodkskidən yenə də didişmələr məkanına qayıtdıq. Biri bilərəkdən, biri bilməyərəkdən işdən çıxarıldığını tez-tez Məmmədin yadına salardı. Onsuz da, bu haqsızlıq mənəvi dünyasını darmadağın etmişdi. Bu sorğular da daha pis təsir edirdi. Məmməd bu söz-söhbətlərə tez-tez əsəbləşirdi. Və bütün bunlar öz bəhrəsini yavaş-yavaş verirdi. Xırda bir misal deyim:
Məmmədin “Azərbaycan – dünyam mənim” şeirinə Ramiz Mirişli musiqi bəstələmiş, müğənnilərimiz mahnını oxumağa başlamışdılar. Sonra mahnının oxunmasına icazə vermədilər. Səbəbi də bu oldu ki, “Azərbaycan – dünyam mənim” misrası dəyişdirilməlidir. Bizim dünyamız Azərbaycan ola bilməz – dünyamız SSRİ-dir və s. Belə xırda işlərlə də onun qanını qaraltmağa çalışır, nail də olurdular. əvvəlcə sol əlində xəfif titrəyişlər başladı.
Özümüzü evdə “yığışdırmışdıq” ki, biz də əsəbləşdirməyək.
Yadına tez-tez gülməli hadisələri salırdıq ki, bəlkə, fikri dağıla. Yox, deyəsən…
Dioqnozun qoyulması üçün dəmiryol poliklinikasındakı əsəb həkiminə müraciət etdik. Bir ay Zuğulbada istirahət etdi. Ən çoxu da öz-özünü qorxutmuşdu. Əlinin titrəyişindən utanır, get-gedə adamlardan qaçmağa başlayırdı.
İşsizlik də ona pis təsir edirdi. 1973-cü ildə Məmmədi Azərbaycan dövlət nəşriyyatının baş redaktor müavini vəzifəsinə təyin etdilər. Bu “ştat”, əslində Məmmədi yerləşdirmək məqsədi ilə açılmışdı. Belə vəzifə əslində yox idi. Nəşriyyatın direktoru Əjdər Xanbabayev, baş redaktoru isə Mustafa Əfəndiyev idi. “Vəzifə” tamam yeni olduğundan Məmmədin işinin nədən ibarət olacağı məlum deyildi. Üstəlik, asılılığı xoşlamazdı. Ondan yuxarıdakılar isə bu başı bəlalıya sübut etməyə çalışırdılar ki, bizə tabesən. Belə sıxıntılar xəstəliyinin daha da artmasına səbəb olurdu. İşinin qeyri-müəyyənliyini aydınlaşdırmaq məqsədilə nəşriyyatın direktoruna müraciət etmişdi:
“Azərnəşr”in direktoru Əjdər Xanbabayev yoldaşa
Məmməd Arazdan
Hörmətli direktor! Sizin verdiyiniz əmrə əsasən, mən – İbrahimov Məmməd İnfil oğlu bir ildir ki, baş redaktor müavini vəzifəsində işləyirəm. Əvvəllər, əsasən, redaksiya müdirini əvəz eləmişəm. Sonralar isə ancaq bu vəzifəni – baş redaktor müavini vəzifəsini “daşıyıram”. Sizə yaxşı məlumdur ki, SSRİ Nazirlər Soveti bu və ya digər ştat, yaxud digər idarə-müəssisə üçün müəyyən edəndə bu ştatı tutan şəxsin boy-buxununu, yaxşı ütülənib, yaxşı gülümsəməsini nəzərə almır. Onu nəzərə alır ki, bu ştatı tutan adam, istər nazir olsun, istər şöbə müdiri, istər sə də adi xidmətçi – sovet idarəçilik qanunlarının hüquq normaları daxilində işləməli, öz kiçik və ya “orta” vəzifəsinin birincisi olmalıdır.
Bir də axı idarəçilik işində ikincilər, üçüncülər və ilaxırlar ona görə var ki, hər kəs öz yükünü götürsün. Çünki bir və ya iki adam Aristotelin müəlliminə “dərs deyiblər” səviyyəsində olsa belə, yenə də hər işin öhdəsindən gələ bilməzlər. Hər şeyi bilənlər – heç nəyi bilməyənlərdir. Hər şeyi bacaranlarda elə…
Mən – Məmməd Araz yoldaş, neçə ilin mətbuat işçisi, heç bir karyera həvəsində olomayan adam, beləcə oturub eləcə öz işimi görər, maaşını alar, kürsülərdə alqışlar da qazana bilərəm. Ancaq bir yazıçı demişkən: – “Baxanda görürəm ki,” kimsə yumşaq təbiətimdən istifadə edir: kimsə elə bilir ki, bu təbiətimdən çıxmaya da bilərəm, özümə layiq olmayan işlərə qurşanıb edilən, bəzən bəyənmədiyim halda yığılmağa göndərilən əsərlərə rəy yazıb (çıxandan sonra belə), nüfuzdan salmaya da bilərəm.
Bu necə olur ki, nəşriyyatda kitablar müzakirə olunur – iştirak etmirəm? Ədəbiyyat redaksiyasının işi müzakirə olunur – dəvət edilmirəm. Halbuki, baş redaktor bütün bu müzakirələrdən əvvəl öz müavinləri ilə məsləhətləşməli, onlara məsləhət verməli, baş redaktorun işi yaxşılaşmaq barədə tədbir və ya təkliflərini onlarla bölüşməli idi. Və belə də etməlidir.
Bizim nəşriyyat işimizdə (bəddi ədəbiyyatın payına düşənləri deyirəm) ciddi qüsurlardan biri odur ki, planlaşdırma zamanı sənət adamlarının qarşısında qoyulan tələbləri əsas götürmürük. Hansımız nə iş görə bilərik – müəyyən deyil. Bir də təkrarən deyirəm: qətiyyən özümə baş redaktora qarşı duracaq nüfuz tələb etmirəm. Hər kəsin yerini, vəzifəsini yaxşı bilirəm və baş redaktor M.Ə-yə də hörmətim var. Ancaq hiss edəndə ki, sənə qarşı etinasızlıq var, tutduğun vəzifənin hörməti aşağı düşür (asanca bu işdən gedə bilərəm, ancaq burada kimsə işləməlidir), onda yox, məntiq, etik normalar, və nəhayət, partiyamızın kadrlara münasibəti belə demir!
Xahişim budur ki, ya Siz, ya da baş redaktor rəsmi qaydada, yazılı şəkildə mənim görəcəyim işin “ad-soyadını” bir də təkrarən müəyyən edəsiniz. Ya da baş redaktor müavininin görəcəyi işin forma və məzmunu haqda əsaslı şifahi göstəriş verəsiniz.
Məmməd Araz
7 iyun 1974.
Əjdər Xanbabayevin bu məktuba reaksiyasını bilmirəm, ancaq Məmməd həmişə Əjdər haqqında hörmətlə danışıb:
– “Qanadlı qayalar” kitabında olan bütün şeirlərimə M.Əfəndiyev sual işarəsi qoymuşdu. Bu da kitabın çapını ləngidirdi. Onda Əjdər Mustafanı çağırıb dedi:
– Mustafa, kitab necə varsa, elə də çap olunmalıdır. Sən qol çəkmirsənsə, gətir, mən çəkəcəyəm… Bu söhbətdən sonra “Qanadlı qayalar” kitabı çapa getdi.
Bəli, maneələri bir də şərh etməyə ehtiyac yoxdur. Aşıq gördüyünü çağırar, deyiblər. Görəsən, aşıq görmədiyini necə çağırmalıdır? Bu yazımda “aşığın görmədiyi məqamları” “çağırmağa” çalışmışam. Məmmədlə keçirdiyimiz həyatda “görməməyə çalışdıqlarımızı” aşkar etsəm, görüb çəkdiklərimiz kölgədə qalar. Nə bilim, qəribə aləmdir “bu baxıb görməmək”, “görüb baxmamaq”. Hər sözü, hər işi açıb çözələmək olmur. Bu kitabdakı şeirlər “sovet qanunlarını” özlərinə səhv formada göz bəbəyi kimi qoruyanları niyə qorxutmuşdu, görəsən? Kitabdakı şeirlərin ürəyə nüfuz etmək, ayıltmaq, düşündürmək qüvvəsinə malik olmağımı?
Görək həmin kitabdakı “Ata ocağı” şeiri haqqında Məmmədin özünün fikri necədir:
“– Ata ocağı sülhün mərkəzidir, əmin-amanlıqdır. Ata ocağından mənən heç vaxt getmək olmaz. Bu, mümkün deyil. Ancaq ata ocağından gedəndə odunu həm əlində, həm ürəyində aparırsan, ömrün boyu ondan ilham alırsan, yaşayırsan. Həm də doğulduğun torpaq can dərmanıdır. Harda olsan, bir üzün ona tərəfdir. Bu torpağın qədrini bilməsən, böyük günah edərsən, sonra da əzablara mübtəla olarsan…”
“SSRİ Vətənimizdir” devizi ilə yaşayanlara bu, xoş gələrdimi?
Sonralar da Əjdər Xanbabayev, 80-90-cı illərdə tez-tez Məmmədin görüşünə gələr, maraqlı söhbətlər edərdilər. İbrahim Bozyeli qonaq çağırmışdıq. Ə.Xanbabayev, S.Rüstəmxanlı və M.Aslan da bizdə idilər. Onların səsi yazılmış kaset məndə durur.
Yuxarıda yazdıqlarımdan və Məmmədin özünün yazdığı kimi:
Ömrümüzdən bir gül üzən dünyadı,
Dünya gözəl, dünya gözəl dünyadı.
“Bu gözəl dünyada” kölgəsini “qılınclamağa” hazır olanlarla çox işləyə bilməzdi. Məmmədin belə sıxıntılar keçirdiyi vaxtda Akademik Həsən Əliyev və Akademik Budaq Budaqov Azərbaycanın fauna və florasını qorumaq üçün kəsərli vasitə kimi, jurnal çap etdirmək qərarına gəlmişdilər. Belə jurnal qonşu respublikalarda çoxdan çap olunurdu. Böyük çətinliklərdən sonra əvvəl-əvvəl bülleten kimi çap olunmağa icazə verilmiş və Məmmədi də oraya işləməyə dəvət etmişdilər. Beləliklə, nəşriyyatda onu sevməyənlərlə üzləşməkdən Məmmədin canı qurtardı. 1974-cü ilin noyabrından artıq jurnalda (jurnal deyək) işləməyə başladı.
Sonralar çox əziyyətlə “çapa” icazə alınan jurnal bəzi adamların kaprizinə görə bağlandı. Halbuki, o jurnal Azərbaycan təbiətinə ziyan vuran adamların ifşasına “Molla Nəsrəddin” jurnalı qədər lazim idi…
Məmmədə təkcə vəzifəyə çəkilməyə maneə törədilmir, kitablarının çapına da ciddi sipər çəkilirdi. Həm Azərbaycanda, həm başqa respublikalarda, həm də Moskvada maneələrlə qarşılaşırdı. Ancaq vətənpərvər oğullar tapılanda Məmmədin bir misrası da dəyişdirilmədən oxuculara çatdırılırdı. Hərdən “Drujba” jurnalında, “Literaturnaya qazeta”da rus dilində şeirləri çap olunurdu. Məmməd kitabları ilə bağlı ən çox Moskvada yaşayan Çingiz Hüseynovla məktublaşırdı. Məmmədin bir məktubuna Çingiz belə cavab yazmışdı:
Moskva.
17/X–1969
Məktubunu aldım. O qədər məsələ qaldırmısan ki, bilmirəm, nədən başlayım; görüş zamanı (Bakıdamı, Moskvadamı?) bu məsələləri bir-bir həll edərik, “əridərik”… Nə isə. Yazılarını oxuyuram, həmişəki kimi şeirlərin mənalı, dolğun, (vaxt gələr ruslar da oxuyarlar) təki xalq öz doğma dilində oxuyub şairini tanıya bilsin, sevsin. “Sovetskaya pisatel”də vəziyyət hələ indiki kimi dolaşıq olmayıb. (Bakının təsiridir) Bulanıq seldir, axır; bilmirsən ağzını kimə açasan, dil deyəni qulaq eşitmir – bu haqda da danışarıq…
Yol qeydlərim iri çıxıb (iki çap vərəqi), məncə, bu dəfəki yazım daha məzmunludur, çünki turist yazısı deyil, amma inanmıram bütünlüklə verə bilərsiniz, axı jurnalınız (gözəl olsa da), kiçikdir. (həcmcə təbii) biz uzaqda, naçalnikiniz çox, hamı da birinci dərəcəli. Sağlıq olsun…
Xətrini istəyən – Çingiz Hüseyn
Göründüyü kimi, Moskvada çap olunmaq üçün ya daima Bakı-Moskva marşurutu ilə “səyahətdə” olmalısan, ya da pullu şairlərimiz kimi xüsusi tərcüməçi saxlamalısan, həmin tərcüməçinin vasitəsilə Moskvada tanınasan, bir çox işləri görə biləsən.
Azər Mustafazadə Moskvada Azərbaycan yazıçılarının təmsilçisi idi. Məmməd kitabının tərcüməsi və çapı üçün ona da müraciət etmişdi. Ancaq bir neçə məktub göndərsə də, “gözlə” cavabını almışdı.
Əzizim, Məmməd əmi!
İki məktubunu aldım, xahişin yadımdan çıxmayıb və çıxa da bilməz. Məsələ ondadı ki, sentyabr ayının 3-4 Moskvada SSRİ Yazıçılar İttifaqının təşkil olunmasının 40 illiyi ilə əlaqədar olaraq təntənəli plenum keçiriləcək.
Dostumuz Nikolay dayı bu plenumda əsas məruzəçidir. Ona görə heç kimi qəbul etmir, telefona cavab vermir. Əmi, hövsələn olsun, az da gözlə, (gözləməyə öyrəncəlisən), bu məsələni həll edəcəyik.
O ki qaldı tərcüməsi məsələsinə, onu da fikirləşərik.
Məndən gözəl bilirsən ki, yaxşı tərcüməçi azdı. Onları da gürcülər və Rəsul Həmzətov qapazlayıb. Hər halda bu barədə Dmitriyeva ilə söhbətləşdik. Məndən uşaqlara salam de.
5/VIII–1974
Azər.
KİMƏ GÜLZAR, KİMƏ XƏZAN DÜNYADI…
Bəd xəbər… Bakıda həkimlər Məmmədə “insofolit” dioqnozu qoymuş, həm müalicə, həm də düzgün dioqonoz üçün Moskvaya getməyi məsləhət bilmişdilər.
Moskvada Yazıçılar poliklinikasına respublikaların Yazıçılar İttifaqlarından məktub aparılmasına “əyalət” xəstələrini qəbul etmirdilər.
Bu məqsədlə Yazıçılar İttifaqının katibi İmran Qasımov SSRİ “litfondu”nun direktoru Yuri Nikolayeviç Voroninə Məmmədin Moskva Yazıçılar poliklinikasında müayinədən keçməsinə şərait yaradılması üçün xahiş məktubu yazmışdı.
Məktubdan sonra poliklinikada müayinə olunan Məmmədə xəstəliyinin müalicəsiz “parkinson” olduğunu bildirdilər. Moskvadan çox pərt qayıtdı:
– Gülxanım, mənə dedilər ki, xəstəliyin müalicəsizdir.
Və yenidən ictimai yerlərdən, adamlardan qaçmağa davam etdi.
Eşitdim ki, Nodar Dumbadzedə ağır xəstə, yataqda olduğu halda, onu Gürcüstan Yazıçılar İttifaqının Sədri seçmişdilər, yəni ona “mənəvi dayaq” olmağa çalışırdılar. Bizdə isə əksinə idi: Demək olar ki, Məmmədi tamam unutmuşdular. Orden, medal, ev, mükafat – “ sadağa saraydan çıxmaz” (yəni Yazıçılar İttifaqından) şüarı ilə ancaq özlərinə, öz adamlarına verilirdi.
Məmməd bütün səylərini Moskvada kitabının çapına yönəltmişdi. Yenə də Azərə məktub yazdı və cavab məktubu aldı:
Əzizim, Məmməd əmi!
Moskvadan gedəndən sizdən xəbərim olmadı, bilmədim müalicə nə ilə nəticələndi. Bir qədər narahat oldum. Bizim hamımızın sevimlisi Alla Nuri qızı Axundova yenə də öz mübarək üzünü Azərbaycan ədəbiyyatına çevirmək istəyir. Mənimlə məsləhətləşdi: – nə tərcümə edim? Dedim, Məmməd əminin bir gözəl poeması var, onu tərcümə etmək qəhrəmanlıqdır. Maraqlandı. Əmi, Alla ilə ədəbi əlaqəyə girmək istəsən, poemanı ya mənə göndər, ya da Allaya.
Onun ünvanı: Moskva 123317. Strelbişekskiy pereulik, dom 5, korpus 2, kv 9 tel: 25. 665. 91.
Azər.
21/XI–75.
Lakin Məmməd nədənsə poemasını göndərmədi. Yəqin kitabının rusca çıxmasını istəyirdi. (Söhbət “Atamın kitabı” poemasından gedir).
Xəstəliyinə baxmayaraq, yaradıcılığından qalmırdı.
Ürəyinin odu varsa,
Qasırğaya, oda baxma.
Yağış dağlar tərlanıyla,
Ətəkdəki sara baxma.
“Gənclik” nəşriyyatında “Atamın kitabı” çap olundu. O biri kitabları kimi, bu kitabı da sürətlə satıldı, şeirləri dillər əzbəri oldu. “Vətən mənə oğul desə, nə dərdim…” misrası kimi.
Və bu misra haqqında ömrünün böyük çilləsini – 40 yaşına təzəcə keçən Məmməd yazacaqdı:
“Yaxşı oğul qurar, yaradar, xalqın qeyrətini çəkər. Qeyrətin bir ölçüsü, həm də böyük bir ölçüsü doğulduğun torpağı sevmək, bu torpağı göz bəbəyi kimi qorumaqdır. Əsl oğul hər addımını yalnız və yalnız xalqın xeyri üçün atar, Vətənin taleyini düşünər. Vətən də qayıdıb belələrinə oğul deyər.
Bir də var yalançı vətənpərvərlik. Beləsi oğul deyil, məncə, heç övlad da deyil, Vətənə yükdür. Hər övlad axı oğulluq edə bilmir Vətənə! “Vətən mənə oğul desə” yarımmisrası ürəyimin səmimi səsidir. Bu səs xalqımın qəlbində əks-səda veribsə və verirsə, müəllif üçün bundan böyük xoşbəxtlik nə ola bilər?”
1975-ci ildə “Həyatın və sözün rəngləri” publisist kitabı işıq üzü gördü. Bu kitabda xeyli maraqlı məqalə çap olunub. Onlardan biri də “Qarabağ simfoniyası”dır. Bu torpağı böyük sevgi ilə tərənnüm edir:
… Qarabağa hər dəfə gələndə sanıram ki, bura ilk dəfə gəlirəm. Bu “ilk dəfə” həvəsi ilə də həmişə Qarabağın ətəyindən zirvəsinə doğru hördüyüm xəyali daş pillələrlə birnəfəsə yuxarı qalxmaq, oradan üzüaşağı uzaqlara – Qarabağ tarixinin heç olmasa bir neçə vərəqini aça bilən uzaqlara baxmaq fikrinə düşürəm…
Qarabağ tarixində yoruluncaya qədər at çapmalı o qədər “münbit hadisələr” düzəni var ki…
Qarabağ tarixində vahiməli yarğanlar da az deyil…
“Qarabağ” sözünün tələffüzündən xoşum gəlir. Bu tələffüzdə qətiyyən “qara” və “bağ” hibridləşməsini hiss eləmirəm. Başqa etimoloji çeşmə axtarıram: “Qarabağ” – “qara bax” – yəni ucalığa, vüqara bax!
İndi bu hallandırmaların Qarabağ üçün heç bir fərqi yoxdur. O, pasportunu alıb. Bu ad çox adların, çox şöhrətlərin ünvanıdır.
“Qarabağ tarixi” deyəndə mənə elə gəlir ki, qarşımda sıldırım bir dərə açılır. Çənli-çiskinli havada irəliləyirəm. Qılınc-qalxan döyüşlərinin səsi ildırımların nərəsinə qarışır. Hansının hansından doğulduğunu təyin edə bilmirəm.
Kimsə “Qacar yarğanı” deyilən uçurumdan üzüaşağı yuvarlanır: Kimsə “Vaqif ucalığı” deyilən zirvəyə tərəf ip atır. Və kim isə bu mənzərələri gözaltı seyr eləyə-eləyə qala hörür. Daşlara nə isə həkk eləyir və sonra üstünü daş tozu ilə örtür. Bu da onun simfoniyası… Daşlara yazıb getdi. Hər kəsin öz simfoniyası var, amma hər kəs “Qarabağ” sözünü bu simfoniya sözünün əvvəlinə əlavə edə bilmir…
Görün, bu torpağa olan məhəbbətini necə gözəl tərənnüm edib!
Kitablarının sürətlə satılması onu ruhlandırsa da, mühit onu çox sıxırdı. Əhatə olunduğu bu mühitdən uzaqlaşmaq, istirahət etmək məqsədilə 1976-cı ildə, yayda Kislovodskiyə getdi. Darıxmasın deyə, naxçıvanlı Musa da ona qoşulmuşdu. Məmməddən tezliklə məktub aldıq. Hiss olunurdu ki, darıxır. Məktubu ixtisarla qeyd edirəm:
Mənim əzizlərim, maması və balalarım.
Bərk darıxıram. Yağış ara vermir. Ayın 8-də Marina Svetayevanın (1892 – 1941) yaradıcılığına həsr olunmuş (şeir və məktublardan ibarət) gecəyə getdim. Çox razı qaldım. Artist Smirnova onun qəmgin şeirlərini bülbül fəğanı ilə oxuyurdu. Vətəndən didərgin düşmüş, ehtiyac əhatəsində xəstə ərinə, körpə uşaqlarına çox çətinliklə çörək qazanan, bir əli mətbəxtdə, bir əli qələmdə olan şair qadının harayı məni xeyli dirçəltdi. Fikirləşirəm ki, yeganə ümid yeri qələmdən yapışmaqdır. Görün necə olacaq, hələlik özümə qayıda bilməmişəm. Şəli balanın məktubunu aldım. Atasının obrazını yaxşı yaradıb. Məktub yazın.
10/VI–76.Ata.
Yazdığı bütün məktublarında əlinin pis işləməsindən şikayətlənirdi.
Marina Svetayevanın gecəsindən aldığı təəssürat isə aşağıdakı sətirlərə çevrilirdi:
“Dünən Kislovodsk filormoniyasının kiçik zalında (8.06.76.) rus şairi Marina Svetayevanın şeir və məktublarından ibarət ədəbi gecəyə getdim. Artist Smirnova onun şeirlərini bir qəmli bülbül fəğanı ilə oxuyurdu. Onun insan taleyi, ər-uşaq qayğısı, şair ömrü, şair dərdi necə də şeirlərinə hopub. Təklikdə tək olmaq, tək olmaqla təkliyin dərdini ümumiləşdirmək, uşaqlığa, gəncliyə qayıtmaq və qayıda bilməmək… bütün bunlar necə təbii yazılıb, necə təbii ifadə olunur.
İtmiş Vətəni qələmdə-kağızda, ehtiyacı-qayğını poeziyada tapmaq, inanmaq ki, bu da həyatdır, qarşıda “ikinci” həyat var, onu yaşayırsan.
Bu kövrək, mübariz, mərd qadının obrazını göz önünə gətirdim, faciəsinə acıdım, gözlərim yaşardı. Saat yarımdan bir az artıq keçən bu poeziya gecəsinin təsirindən qurtara bilmirəm. Bu təsir mənə özünün-özünə hesabatı kimi səsləndi.
Nə yazmışam, neyləmişəm? Yaş ötüb keçir. Taledən ömür istəyirəm – 5-cə il, arzumca işləyə bilin, özüm-özümdən azacıq da olsa, razı gedim. Onsuz da, hər şey yaddan çıxacaq, hər şey unudulacaq. Qədir bilən azdır.
Öldü bülbül, soldu gül;
Kəsildi qovğa bağdan.
Mənim kimilərin tədqiqatçısı tapılınca olan-qalan əlyazmalarım da küləklərə yem olacaq. Bu boyda rus ədəbiyyatında ən kiçik sənətkarların da öz yeri, öz daimi təbliğatçısı var. Bunu biz bacarmırıq, bacara bilmirik, yox, bacarmaq istəmirik.
Müasir ədəbiyyata dost-qohum, vəzifə, çəki meyarı ilə yanaşanda nizamilər, sabirlər də uduzar.
Rus ədəbiyyatında necə? Onlar Puşkini təbliğ edirlərsə, onunla birlikdə Lermontov, Nekrasov, Tvardovski, Yevtoşenko və ilaxır tədqiq olunur, öyrənilir.
Puşkinin böyüklüyü təkcə əsərlərinin gözəlliyi, oxunqlığı ilə şərtlənmir. Puşkin özündən sonra kimi gətirib? Ənənə müasir ədəbiyyatı necə rövnəqləndirir? Məsələ bundadır. Nə isə…
Sağ ol, Marina xanım, qadın ömrü yaşamayan faciəli şair, qəbri itmiş Hadiyə oxşayan şair, sağ ol! Bir gecənin təsirindən xeyli özümə gəldim, özümə qayıtdım. Sağ ol! Maeina Svetayeva.
Kislovodsk. 9 iyun 1976.
Tabutum olaydı kaş yazı masam,
Yataydım yazılar arasındaca…
Tabutunun yazı masası olması, sətirlərinin arasında yatmaq istəyinə baxmayaraq, yaradıcılıqla məşğul olmağa hələ də bir küncü yox idi. Oturub ürəyincə yaza bilsin.
Bu o vaxtlar idi ki, Yazıçılar İttifaqına tez-tez evlər ayrılardı, özü də yaxşı yerlərdə. İttifaq isə istədiyi adamlara ev verir, Məmməd isə yenə kənarda qalardı. Heç Yasamaldakı iki otağı da İttifaqdan almamışdı. Onu bizə Əriş Lənbəraniski vermişdi. Xəstəliyinin artdığını gördükcə müxtəlif vəzifə sahiblərinə müraciət etsə də, nəticə vermirdi. (Müraciət və ərizələr hamısı arxivdə durur).
“Azərbaycan təbiəti” jurnalında işə başlayandan sonra Həsən Əliyevin köməkliyi ilə o vaxtkı Lenin (Azadlıq) prospektinin qurtaracağında 16 mərtəbəli binanın 11-ci mərtəbəsində bizə ev təklif etdilər. Getdik, baxdıq. Düzdü, işlədiyim məktəbə yaxın idi, amma otaqlar quş damı kimi kiçik, eyni zamanda 11-ci mərtəbə. Köçmək istəmirdik. Cabir Novruz, Nəbi Xəzri gedib baxdılar və Məmmədi köçməyə razı saldılar. Həsən müəllim çalışsa da, bizə aşağı mərtəbədə ev ala bilmədi. Məmməd həmişə söhbətarası deyirdi:
– Həsən müəllim neçə dəfə yanımdaca Baksovetə zəng edib yaxşı yerdə, müvafiq yerdə bizə ev verilməsini xahiş edib, lakin cavab veriblər ki, dediyin evlər MK-i və Nazirlər Sovetinin işçiləri üçün tikilib.
Nə isə… Təzə evə köçəndən sonra iki il su və istiliyin verilməsi yaxşı oldu, lift işlədi. Sonra… sonra su gəlmədi, istilik şəbəkəsinə “göz dəydi”, lift işləmədi… 11-ci mərtəbəyə aşağıdan su dartmalı olduq.
1977-ci ildə yenə mənimlə əlaqədar olaraq İstisuya getməli olduq. Səyavuş Aslan da ailəsi ilə birlikdə orada idi. Birlikdə çəkdirdiyimiz şəkillər var. Qasım Qasımzadənin anası Arəstə xala maraqlı söhbətlər edər, Məmmədi darıxmağa qoymaz, ürək-dirək verərdi. Yəqin Səyavuş müəllim yaddan çıxarmış olsa da, mənim yaxşı yadımdadır. Bir dəfə…
İstisuda yalançı bal, pendir motalı və s. satanlar çox idi. Səyavuş da pendir motalını həyətə gətirtdi; özünəməxsus yumorla əlavə etdi:
– Qış günü, şirin çay, Kəlbəcər dağlarının ətri gələn pendir…
Məmməd də zarafatla əlavə edərdi:
– Pəh-pəh, evində ölməyəsən kasıb, balaların qorxar…
İstirahət enənlərin əksəriyyəti həyətdə idi. Hərəsi bir formada motalı yoxlayır və deyinirdilər:
– Səyavuş müəllim, motalda pendir yerinə pendir suyudur, bir-iki kilo pendir ya olar, ya da olmaz.
Bu motalı “yoxlayanlara” diqqətlə qulaq asan Səyavuş müəllim motal sahibini yaxaladı: – Apar, pendir suyunu özün ye, – dedi. Əslində bütün günah “motal bilicilərində” idi.
Biz Məmmədlə bu mənzərəni xatırlayıb gülərdik. Sol əlinin titrəyişi çoxalıb sağ əlinə və ayaqlarına da keçmişdi. Həkimlər məsləhət görürdülər ki, Moskvaya müalicəyə getsin.
Yaradıcılığından ayrılmaq istəməsə də, məcburən 1978-ci ilin mart ayının əvvəllərində Moskvaya müalicəyə getməli oldu.
Moskvada Faiqə Cəmcəmli (Məmmədov) onunla görüşür, biz də Faiqə zəng edib Məmmədin halını onadan öyrənirdik. Özü haqqında tez-tez məktublar vasitəsilə də xəbər verirdi:
Mənim qəşəng balalarım, gözəl-göyçək balalarım.
Salamlar olsun! Dünənləri gəlib çıxdım xəstəxanaya. Hələlik analizlərlə məşğulam. Həkimlərin qayğıları, baxışları, ürək-dirəkləri yaşadır. Müalicələrini hələ bilmirəm. Yemək məsələləri belədir: – adamdan başqa, it yeyə, bəlkə. Faiq Məmmədov gəlib-gedir yanıma. Telefonu 308-62-91-dir. Ona zəng edib xəbər tuta bilərsiniz. Bir “Biləndər” medsestra söz verib ki, yemək gətirərəm. Hələ gözləyirəm. Dərman boldur, yeməksiz keçinərəm. “Eldopa” qəbul edirəm. Ümumi vəziyyətim pis deyil. Bir palatada 7 nəfərik. Xoruldayanı azdır. Yəqin ki, ev-eşiyi yığışdırıb məni gözləyirsiniz. Darıxmayın. Mamadan və İradədən xahiş edirəm: Şəlalə sizə qoşulmasın. (zarafat). Familə zəng edib kitabımın vəziyyətini öyrənin. Yenə məktub yazacağam. Öpürəm hamınızı.
7/III–78.
“Biləndər” rəhmətlik Hüseyn Arifin sevimli sözü idi. Demək olar, bütün yazıçıların ağzına düşmüşdü bu ad. Deyərdi: – gərək hər evin bir “Biləndər”i olsun (yəni ev işlərinə, bazarlığa və s. kömək edən),
Günaşırı Faiqdən vəziyyətimi xəbər alır, ondan xahiş edirik ki, Məmmədi darıxmağa qoymasın, qoy müalicəsini davam etdirsin. Məmməddən isə ardıcıl məktublar alırdıq.
Mənim gözəl balalarım.
Hər ikinizin – əvvəlcə İradənin, sonra da Sünbül balanın məktubunu aldım. Sevindim, qanadlandım. Mənim bundan sonrakı müalicəm, sağlamlığım sizin ağıllı olmağınızdnan asılıdır. Vəziyyətim pis deyil. Bütün müalicələrə başlayıblar. Demək olar, yüklənmişəm. Fizioterapiya və dərman müalicələri davam edir. Dərmanlar bir qədər ağrıdır. Dediklərinə görə, nəticə yaxşı olmalıdır. Bu gün çox narahat idim, darıxırdım. Sizdən məktub alıb yüngülləşdim.
Bu günləri Faiq və Oqtay Rza yanıma gəlmişdilər. Qalya xörək göndərmişdi. Axşamlar 7-8-də 245-91-73-ə zəng edin, yığa bilsəniz 210-cu palatadan məni çağırın. Danışan çox olur, odur ki, 15-20 dəqiqə yığmaq lazımdır.
Hər gün Faiqə zəng edirəm, ona zəng vurun. (təcili sözünüz olsa). Kamal doşab göndərsə, təcili gələn tapılsa, bir şüşə doşab göndərin (o qədər vacib deyil). Pul ehtiyacınız olsa, yazın, Əzizə xanıma məktub göndərim, versin. Bizə zəng edib soruşan olsa, salam deyin.
Öpürəm hamınızı. Mamanı öpün. Ünvanı belə yazın:
Moskva 1190211. Ul. Rossalimo 11. II etaj, 210-cu palata.
Gələndən sonra yazmadıqlarımı danışaram.
Şəlalə – yəni Sünbül bizdən həmişə atasına şikayətlənirdi. İndi də əlinə “qələm fürsəti” düşmüşdü.
Mənim qəçəng papulyam!
Necəsən? Pap, sənin ayın 7-də yazdığın məktub bizə 14-də gəlib çatımamışdı. 10-da biz məktub yazmışdıq. Narahat olurduq ki, papa, görəsən, niyə məktub yazmır. Pap, kefin necədir? Təki taxşı olasan. Sənin üçün elə darıxmışam. Bir az tez sağal, gəl. Evdə tək qalıram, mənimlə heç kəs oynamır. Kimin yanına gedirəm, qovur. Elə tək qalmışam ki… Sən bir az tez gəlsəydin, canımı bunların əlindən qurtarardım.
Cavab ya17/III.78.
İmza: Sünbül.
Məmməd sonrakı məktublarında əhvalının xeyli yaxşılaşdığını, Bakıdakı dostlarından da məktublar aldığını, hər şeydən əvvəl, özünün artıq xəstəliklə barışdığını qeyd edirdi. Tərcüməçisi Protalinin yoldaşı Qalyanın yemək göndərdiyini, özünün isə Tamaraya pul verib lazımı şeyləri aldırdığını da yazırdı ki, narahat olmayaq. – “Palatamız gözəl bir ailədir, arvadları hər gün gəlir. Ruslarda gözəl adamlar çoxdur”, – deyirdi.
Məmməd Söhrab Tahir, Nəbi Xəzri və Məmməd Aslandan da məktublar almışdı. Məktublarda hər kəsi özünəməxsus fikirlər və sözlər işlətmişdilər ki, Məmmədin kefi açılsın.
Söhrab yazırdı: – … yolunu gözləyirəm, tək mən yox, sənin xalqın gözləyir. Sənsən onun mayakı və mənəvi, bədii Allahı! Əmi, gəl bizi Məmməd Araz kimi sevindir.
Söhrab Tahir.
5/IV–78.
Məmmədlə bir palatada Blinov soyadlı bir rus da yatırdı. Sonralar Məmmədə tez-tez məktub yazar, xəstəliklə əlaqədar nə yenilik varsa, yeni dərmanlar çıxıbsa, dərhal bizə məlumat çatdırar, əlinə düşən yeni dərmanı da bizə göndərərdi. Çox yaxşı adam idi. Biz Moskvada onun evində də olduq. Xəstəlik onu lap eybəcərləşdirmişdi. Əlləri uzanmış, ayaqları əyilmiş, ikiqat olmuşdu, ancaq çox çevik idi. Xeyli vaxtdan sonra məktubları kəsildi. Bizdə olanları isə arxivdə durur.
Deyirəm, dahilik hayım-harayım,
Üfüqdən boylanır… Bu nədir hələ?!
Günəşdən ayrıca bir işıq payı
Mənim ünvanıma yol gəlir hələ.
1978-ci ildə verilən fəxri adlardan Məmmədə “əməkdar mədəniyyət işçisi” adı pay düşdü. “Əməkdar mədəniyyət işçisi” – gör necə də “əzəmətli” səslənir. Məmməd onun ardınca getmədi. Uzun müddət keçəndən, tez-tez edilən – “gəlin diplomu alın” – zənglərindən sonra mən gedib bu “fəxri adın” diplomunu Çuvarlinski soyadlı bir işçidən götürdüm.
Sonralar Adil Cəmil özünün “Haqqın var, Məmməd Araz” adlı məqaləsində yazacaqdı:
“Azərbaycan şeirinin üfüqlərindən boylanan Məmməd Araz zirvəsini çoxları görə-görə görməzliyə qoyub özünü. Tariximizin elə çağlarını yaşamışıq ki, bu böyük sənətkarın hər cür tərənnümündən uzaq poetik həqiqətləri mədhiyyəçi ədəbiyyat “kuratorlarının” xoşuna gələ bilməzdi. Buna görə də, təbii ki, Məmməd Araz adı bütün fəxri adlardan və mükafatlardan yan keçməliydi.
Lakin şairə xalq məhəbbəti rəsmi mükafat və təltiflərdən yüksəkdə dayanıb…”
Mərdəkanda yazıçılar üçün tikilən təzə yaradıcılıq evinin açılışına Məmməd də getmişdi. O vaxtlar belə söhbətlər yayılmışdı ki, Kərbəlada Füzulinin qəbri olan yerdən dövlət əhəmiyyətli yol keçəcək. Füzulinin sümüklərini isə muzeydə qoyublar. (Dəqiq bilmirəm, bəlkə də, ara sözlər idi). İclasda iştirak edən Heydər Əliyev (Məmmədin söhbətinə görə) yaman acıqlanıb və deyibmiş:
“Hansı biriniz bu barədə Moskvanın qarşısında tələb qoymusunuz ki, mən arxanızda durmamışam? Axı birinci katib olduğuma görə, belə məsələlərə mən qarışa bilmərəm, siz yazıçılar, ziyalılar isə tələb edə bilərsiniz və qərbi Azərbaycana gətirə bilərik. Siz – yazıçıların, bütün adları, mükafatları, ordenləri almısınız. Nədən qorxursunuz, niyə qabağa düşüb belə məsələlərin mərkəzin qarşısında qaldırmırsınız? Siz bu məsələləri qaldırsanız, tələb etsəniz, mən də sizi dəstəkləyərəm və buna tam əmin ola bilərsiniz ki, qalib gələrik”.
Bu söhbətləri sonralar da tez-tez xatırlardı Məmməd. Orada Heydər Əliyevin çıxışından xoşu gəlmiş və onun adına teleqram vurmuşdu:
Azərbaycan KP.M.K-i katibi Heydər Əliyev yoldaşa.
Əziz Heydər Əliyev! Yaradıcılıq evinin açılışındakı çıxışınız, yazıçılar qarşısında qoyduğunuz məsələlər çox maraqlı, təzə və səmimi oldu. Ədəbiyyatımıza, yazıçı sənətinə qayğınız, qiyməyiniz üçün sağ olun. Cənubi Azərbaycan məsələsinə Sizin bu yeni münasibətiniz, məncə, bütün xalqımıza qanad verdi, həsrətinə su səpdi. Siz respublikamıza başucalığı gətirmisiniz.
Sizə qəlbən hörmət bəsləyən Məmməd Araz
Məmməd Araz.
9/VI.81.
QARA DƏNİZ, HEÇ ŞƏRQİNDƏN
DOYMADIM
Bir az istirahət etmək, mühitdən ayrılmaq, yaradıcılıqla məşğul olmaq məqsədilə 1980-ci il sentyabrın axırlarında Məmməd Tofiq Mahmudla Pitsundaya – yaradıcılıq evinə getdi. Bir xeyli keçəndən sonra belə bir məzmunda məktub yazdı:
Mənim əzizlərim!
Gülxanım, İradə və Şəlalə!
Salamlar olsun!
Belə gec məktub yazmağımadan inciməyin. Əvvələn, gələndən birtəhər kağıza-qələmə isinişib xırda-para yazılar yazıram. Səhhətim bir az yaxşıdır. Əsəblərim bir az sakitləşib, ancaq nəm hava yaxşı təsir eləmir. Telefonla danışmaq mümkün deyil. Teleqram vurmuşam. Yemək, içmək, istirahət pis deyil. Ancaq bunlar sağlam adamlar üçündür. Yoldaşlarım – Hikmət, Tofiq, Əli Səmədov – qayğıma qalırlar. Mən isə daha qayğı planını yerinə yetirməmişəm. Bir yazımda demək istəyirəm:
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?