Текст книги "Məmməd Arazlı günlərim"
Автор книги: Gülxanım Fətəliqızı
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 10 страниц)
Tbilisiyə qayıtdıq. Gecə banket verildi. Birinci badə Gürcüstanın (qədim adını tutdular) şərəfinə qaldırıldı (daha MK-i Baş katibinin adına yox). Öz dillərində danışır, arabir xalaxətrin qalmasın deyə, qonaqlardan rus dilində üzr istəyir, yenə öz dillərinə keçirdilər (Dərs götürülməlidir!).
Səhərsi Ota bizi öz çarları basdırılmış kilsəyə apardı. Şəhərdən bir az aralı, yüksəklikdə yerləşən uçuq kilsəni göstərərək dedi:
– Müsəlmanların hücumu zamanı keşişlər burada gizləniblər, kilsənin yeraltı yolları da var.
Bütün bunları geniş surətdə gözləri ilə görmüş qədim tarixçi kimi danışırdı Ota.
Sonralar Ota, Zezva, Xuta (gürcü yazıçıları və şairləri) Məmmədlə tez-tez məktublaşardılar. Məktublar, təbii ki, kitabların çapı və tərcümələri ilə əlaqədar olardı. Xutanın bir məkrubundan:
Doroqoy Mamed!
Poluçil tvaya pismo, oçen obradovalsya. Spasibo, çto pomniş obo mne i o tbilisskix druzyax. Vse oni vmeste s mnoy serdeçno privetstvuyut tebya, Əliaqa i Fikreta.
Kniqu tvoyo peredal Zezve Medulaşvili. On perevedyot, a ya budu redaktirovat, tak vse budet v poryadke.
Posilayu postroçnik moey liriçeskiy poemı “Pesn o zvezdax”. Posmotrite, proçtite, mojet bıt, ponravitsya. Stariy variant etoy poemı napeçaten v kniqe, kotoruyu ya tebe podaril (v perevode A.Mejirova). Perevovçik mojet vospolzovatsya etim perevodam.
Serdeçnoy pivet ot Natella xanum
Obnimayu.
Xuta Berulava
14/ V – 70.
Ləpələr göz alıb baxar dənizdən
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri buraxmağa həsrət çəkərdi.
Musabəyov qəsəbəsində yaşadığımız zaman Mirzə İbrahimov aid məktublar, qonorarlar ad, soyad oxşar olduğuna görə bizə gələrdi. Ən çoxu da Moskvadan. Zarafatla deyərdim:
– Məmməd, qonorarları qaytarmayaq.
– Nə danışırsan, Mirzə müəlim hər qəpiyinin hesabını çəkir, pulu çatmasa, həmin ünvana teleqram vurar, aləmi bir-birinə qatar, – deyib gülərdi…
Məmmədə aid haqq-hesab da Mirzə müəllimgilə ünvanlanardı. Məcburən o, əvvəl “ov” şəkilçisini atıb Məmməd İbrahim oldu. Sonralar məlum oldu ki, bunun da elə bir xeyri yoxdur.
Təsadüfən əlimə bir tərcümə edilmiş şeir düşdü. Xətt Məmmədin idi. Soruşdum ki, şeirin altındakı Məmməd Mahir imzasının sahibi kimdir?
– Mənəm, – dedi, – Məmməd, arada şeir və tərcümələrimi M.Mahir imzası ilə çap etdirmişəm.
– Bəs hanı o yazılar? Arxivdə o imzada şeirlər yoxdur axı?
– Nə bilim? – cavabını verdi Məmməd.
Evimizin yanında böyük kinoteatr vardı, “Sevil” adlanırdı. Məmməd hər 6-cı gün uşaqları kinoya aparar, gəzdirərdi. 8 Martda İradəyə həmişə teleqram vurardı. Şəlalə hələ kiçikdi:
“Mənim gül qızım, gülüş qızım İradəyə 8 Mart günü hədiyyə. Böyüsün, Vətənimizi, yurdumuzu, ata-anasını, yaxşı adamları sevsin!”
Atası Məmməd, 7 mart 68-ci il.
Uşaqları heç vaxt acılamaz, üstlərinə qışqırmaz, vurmazdı. İradə yeyəndə, yatanda bizdən nağıl tələb edərdi. Nağıl danışmaq vəzifəsi çox vaxt Məmmədə düşərdi. Bir nağılı vardı: – “Tülkü və Leylək”. Nağıl hər dəfə danışıldıqca müxtəlif formalara düşərdi:
Leylək uca çinarın başında yuva qurmuşdu. Üç balası vardı. Leylək dən daşıyar, balalarını yedirərdi. Tülkünün gözü çoxdan yuvaya dikilmişdi, hiyləyə əl atdı. Bazara gedib üç manata mişar aldı…” Nağıl hər gün təkrar olunduğu üçün İradə bütün sözləri əzbər bilirdi, ancaq hər dəfə maraqla qulaq asardı. Bəzən 3 manat 5 manatla əvəz olunanda sözünü kəsərdi. Məmməd gülüb “səhvini” düzəldər, nağılına davam edərdi.
Sonralar bu nağılın dinləyicisi Şəlalə oldu. İşdən gələn kimi, İradə əlindən yapışardı: – ya gəzməyə gedək, ya da evdə oynayaq. Məmməd çörəyini yeməyə “icazə” alar, sonra gizlənpaç oynayardılar. Qəribə oyun olardı. İradə atasını “tez” tapardı, İradə isə tapılmazdı ki, tapılmazdı. Əslində Məmməd onu axtarmazdı, ancaq səslənərdi: – “quqqu”, İradə gülər, atası da onu “tapardı”. Dəyirmi stolumuzun ətrafında qaçmaq İradənin sevimli peşəsi idi. Özü qaçar, atasını da məcbur edərdi. Bir də xəbər tutardı ki, qaçan özüdür.
1971-ci ilin, deyəsən, may ayı idi. Belorus Yazıçılar qurultayına Məmmədi nümayəndə göndərmişdilər. Məni də özü ilə apardı.
Bakıda hava isti idi. Məmməd o tərəflərə bələd olduğu üçün mənə isti paltar götürməyi tapşırdı. Biz çatanda Minskdə sulu qar yağırdı. “Minsk” mehmanxanasında yerləşdik. Səhər qurultay başladı. Zal gələn qonaqlar və yerlilərlə dolu idi. Maksim Tank və başqa belorus yazıçıları çox cəsarətli çıxışlar edirdilər. Məmməd mənə pıçıldadı:
– Bunların rusları görməyə gözü yoxdur, üzdə dostdurlar.
MK-i 1-ci katibi Maşerov özünü o qədər sadə aparırdı ki… Yazıçılara qarışıb zalda gəzişir, zarafatlaşır, onlarla limonad içirdi. Ürəyimdə müqayisə etdim… Tənəffüsdə yemək zalına keçdik. Qızlar Məmmədin ətrafına yığışdılar, Məmməd onlara nə dedisə, mənə baxıb gülüşdülər və mənə belə bir söz də “ünvanladılar”, simpatiçnıy mujik”…
Qurultayın ikinci hissəsinə getmədim. Lenin prospekti boyunca şəhəri gəzdim. Həmin küçə ilə də mehmanxanaya qayıtdım. Səhərsi bizi Xatın kəndinə apardılar. Yolun hər iki tərəfində bir, bəzən də iki kilometr içəriyə doğru cavan ağaclar idi. Hiss olunurdu ki, təzədən əkiliblər. Gid izahat verdi ki, almanlar pattizanların qəfil hücumlarından qorxduqları üçün meşəni qırıblar.
Xatın kəndinə çatmamış bir kişi heykəli qoyulmuşdu. Gidin izahatından:
Faşistlər bütün kənd adamlarını samanlığa doldurub odlayıb. Kənddə sağ qalan bircə Kamenski adlı kişi olub. Girəcəkdəki onun heykəlidir. Kənddəki binaların yerində dirəklər, dirəklərin üstündə sənglər və evin sakinlərinin adı, soyadı yazılmışdı. Zənglər hər iki dəqiqədən bir çalınırdı. Məmmədin Gidlə söhbətindən yadımda qalanlar:
Bütün vətəndaşlar Vətən üçün yaşayır. Vətəndaş o zaman azaddır ki, Vətən azaddır. Tarixi hadisələrin mənfisi də, müsbəti də görk üçün yaşadılır. Bu kəndin tarixi də yaşanmalıdır.
Başqa yerləri də gəzdik. Və Belorusiya səfərimiz, beləcə, başa çatdı.
Mənim bircə planım dəyişməzdir: mümkün qədər təzə deyim, təzə lövhə və “təzələr”…
Məmməd şeir yaza bilməyəndə həmişə publisistikaya müraciət edərdi. Özünün dediyi kimi, bu janr müasir həyatın tələblərinə hərtərəfli cavab verir. Həmişə şair Eduardes Mejelaytesin bu sözlərini misal gətirərdi: “publisistika ağır artilleriyaya bənzəyir, gec-gec dinir, amma dinəndə öz bildiyini edir”.
Təsadüfən əlimə keçən, əvvəli cırılıb atılmış, tamamlanmamış bir pərdəlik yazı onu sübut edir ki, Məmməd arada pyes də yazmaq istəyib, lakin hövsələsi çatmadığı üçün onu yarımçıq qoyub. Mövzü çox aktualdır. İtib-batmasın deyə, bu səhnəciyi də xatirəmə əlavə edirəm:
“Oruc kişi:
– Səncə, professor, yer üzündə oğraş çox olar, ya kişi?
Professor:
– Oruc kişi, saymamışam, deyə bilmərəm.
Oruc kişi:
– Ama mən bizim kənddə saymışam.
Professor:
– Hansı çoxdur?
Oruc kişi:
– Yarımkişiləri də hesablasaq, kişi çoxdur.
Professor:
– O yarım kişi nə olan şeydir?
Oruc kişi:
– Elə-belə, öz başını dolandırıb, öz ev-eşiyini saxlayanlar. Ama deyim ki, namuslu adamalrdır.
Professor:
– Bəs birincilər nə olan şeydir..?
Oruc kişi:
– Ama birini gəbərtdim.
Professor:
– Gəbərtdim nə sözüdür?
Oruc kişi:
– Yəni tirrətdim də!
Professor:
– A kişi, o qədər “slojni” danışırsan ki…
Oruc kişi:
– “saojni” nədi, əşi, ona bizim yerdə pinəçi deyirlər.
Professor:
– “Sapojni" yox, e, slojm, yəni qəliz.
Oruc kiçi:
– Hə… Yəni qulağının dibindən elə zolladım ki, o gedən oldu. Kəlmeyi-şəhadətə-zada vaxt qalmadı. Ama gorbagur əvvəl məni vurdu, elə başımın şişi də onnan qalıb.
(Professor duruxur, təəccüblənir… Bir az da qorxantəhər olur).
Professor:
– A kişi, deyəsən, sən qorxulu adamsan, adam öldürənsən. Yəni durduğu yerdə kişini vurub öldürdün?
Oruc kişi:
– Əvvəla, durduğu yerdə yox, uzandığı yerdə. Sonra da ki onda ölmədi. Omba sümüyü sındı. Kənddən baş götürüb qaçdı. Eşidim ki, azar deyəndə qarın azarına düşüb. Onnan da (əli ilə “köçüb” işarəsi verir)… Sözün dalına qulaq as. Sən demə, bu köpək həmişə baldızının danasını itirərmiş. Arvad hay salarmış. Hər bir tərəfə axtarışa çıxarmış. Bu həriflər bağımın qırağında, həmərsun kolunun dibində, – bizim yerdə itburnuya həmərsun deyərlər – dananı taparmışlar.
Professor:
– Ancaq kol dibində dana tapanı birinci dəfə eşidirəm.
Oruc kişi:
– Hə, əşi, kol dibi nədi, yarpız dibində də tapan var. Sözüm ondadı ki, kişi bacanağını əsgərliyə yola salıb, kişi kimi söz verib ki, ailəsinə başçılıq eləyəcək.
(İşıq başqa səmtə – iki alimin üzərinə yönəlir. Bayaqdan xəstələri müşahidə edən Oruc kişinin axırıncı sözlərinə diqqət verən həkimlər mübahisə edirlər).
Qəlbizadə:
– (zarafatla) Hə, indi görürsənmi, başçılığa söz verən baş nə işlər görür…
Başov:
– Başçı ilə başı qarışdırma. Ola bilər ki, başçı olasan, ancaq başın olmaya. Ola da bilər ki, başın ola, başa çəkməyələr.
Qəlbizadə:
– Deməli, özün-özünü təslim edirsən. Bir halda ki, baş adamı başsızlığa aparır, onda zəhmət çək, başını o tərəfə çək, qoy ürəyimizcə yaşayaq.
Başov:
– Qəlbi, zarafatı burax, gəl bir az ciddi danışaq. Bilirsən ki, Oruc kişinin qəhrəmanları kol dibinə aparan baş yox, sənin dostun ürəkdir, cilovunu həmişə ehtirasın, şəhvətin, hissin öhdəsinə verər, axırda biabır olanda da günahı başın üstünə atır ki, mənim başım yoxdu, bəs harada idin?
(Qəlbizadə nə isə demək istəyir, Başov onun sözünü kəsir).
Başov:
– Mən ölüm, gəl burda qurtaraq. Oruc kişi ilə ciddi danışmaq lazımdır. Onun ürəyi professoru ən azı 3 il yaşada bilər. Sən də, mən də bilirik ki, Oruc kişi qıl körpü üstündədir. Minlərlə Orucların yaşaması üçün professor yaşamalıdır. Bu müddətdə professorun ixtirası təkmilləşə bilər.
(Poçtalyon oxuya-oxuya daxil olur).
Qukkulu Nəsir:
– Ay haray, məhv olduq. Qəzetdə təzə xəbər var. İtin başını meymunun başına calayıblar. Üç gün yaşayıb. Ay haray, məhv olduq. Adamın da başına it başı qoşa bilərlər. Yəni elə qoşublar da (oyan-buyana baxır, birdən arvad eşidib ayrı şey başa düşər ha…).
Başov:
– Nəsir bəy, xoş gördük, nə yaxşı bu gün bannamadan gəldin?
Nəsir:
– Professor, o ki bəy deyirsən, e, üçümüzün bir camına and olsun ki…
Qəlbizadə:
– Nəsir bəy, camına niyə?
Nəsir:
– Camına da. Cam arvaddır da, hər gün adama filan qədər zəhər içirdir.
Başov:
– Nəsir bəy, danışığına fikir ver. Bəşəriyyətin yarıdan çoxu incə məxluqdur.
Nəsir:
– Professor, şirin-şirin söhbətdir də eləyirik. Sözümün təzə xəbəri ondadır ki, nənə babamın babası bəy olub. Deyir, kişinin yaxşı at ilxısı varmış. Allah rəhmət eləsin. Zalım oğlunun atı o yana, qatırının nəvəsindən, nəticəsindən qalmayıb ki, biz də hərdən bir ayağımızı başına aşıraq.
(Barşov və Qəlbizadə gülürlə).
Nəsir:
– O kişi hardadır?
(Əli ilə sarıqlar baş şəkli çəkirmiş kimi hərəkət edir).
İkisi də birdən:
– Hə, Oruc kişini deyirsən, (göstərirlər).
Nəsir:
– Məktubu var, bəxtəvərin məktubu da qırdı bizi. Ay haray, məhv olduq. (tələsik məktubu verib qayıdır).
Qəlbizadə:
– O “ay haray, məhv olduq” – nə deməkdir?
Nəsir:
– Onun sicimi, sizin dilnən “veryovkası” çox uzundur, gələn dəfə. (oxuya-oxuya gedir).
Tozlu yollar, tozlu yollar,
Kənarları qozlu yollar,
Ortaları tozlu yollar,
Kənarları güllü yollar,
Ortaları milli yollar.
“PƏRDƏ”
Bu bir pərdəlik yarımçıq pyesdə də Məmməd ümumiləşdirmələr aparmağa can atıb. İnsanların xasiyyətcə müxtəlifliyi, həyatdakı ziddiyyətləri, artıq gündəlik zəruriyyətə çevrilən orqanların dəyişdirilməsi məsələlərini verməyə çalışıb. Tamamlanıb “əl gəzdirilsəydi” bu səhnəcik tutarlı əsər ola bilərdi.
“Biz nahaq yerə obrazlı misraların, gözəl deyimlərin hesabını aparmırıq. Bu, milli sərvətə biganəlikdir”.
(M.Araz)
Məmməd həmişə görkəmli adamların yaxşı fikirlərini özü üçün yazıb götürərdi, məsələn, bəzi qeydlərində aşağıdakı misralara rast gəldim:
– “Həyatın əvvəli gülünc, ortası dəyərsiz, sonu həzindir. İnsan gülüb əylənmək üçün doğulub. Düşkünlük dəlilik əlamətidir”.
– “Allah var, olmasa da, onu yaratmaq lazımdır”.
– “Kimsəni rahatsız etmədən hər kəsin istədiyi kimi yaşaması onun öz haqıdır”.
– “Sağ olanlar haqqında sevgi və ehtiyyatla danışmalıyıq. Ölülər haqqında ancaq doğrunu demək borcumuzdur”.
– Kralların ehtiyacları üçün atların satılması düşünülürdü. Volter təklif etdi: Axurdakı atları satmaqdansa, saraydakı eşşəkləri satmaq daha faydalıdır”.
– “Diogen bir oğrunun həpsxanaya aparılmadığını görüb deyir: – Ay bədbəxt, sən niyə böyük oğru olmadın ki, özün başqalarını həbsxanaya göndərəsən”.
– “Alimlər varlıların yanına gedir, varlılar alimlərin yanına yox. – Alimlər sərvətin qədrini bilir, varlılar elmin qiymətini anlamırlar”. (Pifaqor)
– Yaxud:
– “Balaca Vətənlə böyük Vətən arasında fərq yoxdur”.
– “Külək əsdiyini təkcə tüstü bilir”.
– Cavan adam odur ki, yalan danışmamış olsun”.
– İstəyirsiniz, lap 20 kitab yazın, tənqidçi 20 sətirdə sizi pisləyəcək və qalib gələcək”.
“Xoş söz dəmir qapılar açar” və s.
Məmmədin “Həyatın və sözün rəngləri” publisistika kitabını vərəqləyirəm. O məqalələrdə nə qədər atalar sözü kimi işlənəcək fikirlər var. Bir neçəsini misal kimi seçdim:
– Torpağın yaddaşı möhkəmdir; məlum və ya naməlum qəhrəmanlar adlarını torpağa həkk edənlərdir.
– İnsan axtarırdı – dan yerinin təbəssümündə, günəşin nurunda, ulduzların soyuq baxışında… – Bu qəfil işıq onun üfüqündə doğdu…
– Hay-küylə, təşvişlə görülən işin bünövrəsizliyi hansı məqamdasa üzə çıxacaq…
– Yaradıcı nə qədər başda oturar, şərəfinə deyilən sözlərdən məst ola bilər…
– Dünənin şöhrəti kölgəsində xumarlananlar, sabahın yoluna sonuncu çıxarlar. Sabahın yolu dünəndən, bu gündən başlayır.
– Nakam ölənlərin ən yaxın sirdaşı, əbədi həmdəmi çiçəklərdir.
– Hansı çəməndə, hansı kol dibində əyri çiçək varsa, o, ana qəlbinin nakam arzusudur, torpaq altında şəklini dəyişib, boynubükük çiçək şəklində dünyaya baxır.
– İnsanın xeyirxahlıq, işgüzarlıq fəaliyyəti üfüqə qədər uzanıb gedir.
– İnsan öz yerində, – hansı iş olursa-olsun, – böyük və ya kiçik əməlindən yonduğu xatirə “heykəlini” qoyub getməlidir.
– Tarix xatirinə tarixi hadisə kimə lazımdır? Tarixi hadisələrin mənfisi, müsbəti də görk üçün yaşadılır.
– Keçmiş keçmişdədir, şərəfli keçmişin çox oğullarına bu günün pasportunu vermək olar.
– Hər bir xalq öz tarixi abidələrindən başlanır.
– Əsil Məcnun – sözünün sahibi Məcnun, torpağa bağlanıb, ondan məhəbbət istəyənlərdir.
– Məhəbbətin qonşuluğunda yaşamaq hər Fərhadın işi deyil.
– Kəndi yağış bitirmir, insan əli göyərdir
– Torpağın yazı və rəqəmdən xəbəri yoxdur. O, özünü sənin istedanının ixtiyarına verir.
– Vətəndaş Vətən üçün yaşayır. Vətəndaş o zaman azaddır ki, Vətən azaddır.
– Cəmiyyət – kainatda öz orbiti, öz cazibəsi olan planetdir.
– Pis yol çəkən, əsil yol kəsəndir.
– Bir ölkənin mədəni səviyyəsini müəyyən eləmək üçün onun yolunu görmək kifayətdir.
– Yol xalqın ağlından başlanır.
– Müəyyən mənada mədəniyyət yolla gəlir, yolla gedir. Böyük mədəniyyət pis yola sığışmaz, əzilib dağılar, “tökülüb itər”.
– Yol yaxşıdırsa, demək, işgüzarlıq təkər üstündədir.
– Müasir kəndin mədəniyyət evi – müasir kəndin akademiyasıdır.
– “Cırcırama nəğməsinə” uyanlar bir də xəbər tuturlar ki, sovka həddini aşıb.
– Küləklər qarışıq rəngləri sevir.
– Külək təbiətin “latın dilidir”.
– Altı isti olan yağış altındakının nə soyuq çəkdiyini hardan bilər?
– Hansı xalq ata-analıq eləyir-eləsin, fərqi yoxdur, böyük istedadlar böyük dünyanın övladlarıdır.
Artıq Məmməd “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor vəzifəsində işləməyə başlamışdı. Əsas faciə də bundan sonra başladı…
Qəzetin baş redaktoru Yusif Əzimzadə idi. Redaksiyaya köhnə bir “Moskviç” vermişdilər. Həmin maşından arada Məmməd də istifadə edirdi. Səhərlər tələsirdi ki, maşın redaktorun ardınca da getməlidir. Heç kimi incitmək, heç kimi gözlətmək istəməzdi…
Bu arada Ruminiyaya getməyi də planlaşdırmışdı. Gəray Əsədov haqqında poema yazmaq istəyirdi. Çünki qəhrəmanlığa aid poema yazmaq haqqında çoxdan fikirləşirdi. Bəlkə də, mənə dediyi qəhrəmanlıq dastanı elə Gəray haqqında ola bilərdi. Qəhrəmanın vuruşduğu, həlak olduğu yerləri görmək, müşahidə etmək, material yığmaq fikrindəydi. Məni də aparacağına söz vermişdi. Lakin Moskvadan nümayəndə heyətinin tərkibinə məni salmadıqlarına görə, getməyi başqa vaxta saxladı. Və poema da yazılmadı.
BULUDLU GECƏLƏRDƏN SONRA DA
GÜNƏŞ PARLAR
Kaş heç ədəbiyyat qəzetinə işə girməyəydi. Təkrar edirəm, əsas faciələr də buradan başladı. Məmməd harada işləyir-işləsin, həmişə təmiz vicdanla öz vəzifəsini yerinə yetirib.
İyul ayında məzuniyyətə çıxmaq üçün ərizə vermişdi. Bu dəfə qərara almışdıq ki, hamının üz tutduğu Şimali Qafqaza biz də gedək. O vaxtlar pullular Azərbaycanı bəyənməyib ayrı yerlərə getməyi dəb salmışdılar. 1972-ci ilin iyul ayında balalarımızı da götürüb Yesentukiyə getdik. Parkda gəzinti vaxtı Tofiq Mütəllibovla rastlaşdıq. Tofiq çox şübhəli-şübhəli Bakıdan nə vaxt gəldiyimizi xəbər aldı. Sonra Məmməddən Bakıdakı xəbərləri soruşdu. Bakıdakı bəd xəbərdən hali olan Tofiq Məmmədin heç nədən xəbəri olmadığını görüb susmuşdu.
Sonralar Tofiq və yoldaşı ilə hər gün ailəvi gəzintiyə çıxardıq. Tofiq “Azərbaycan gəncləri” və şeirlərdən məzəli, özünəməxsus kinayə ilə elə danışardı ki… Onlardan yadımda qalan…
“– Özünü şair sayan, amma istedadı olmayan biri belə yazmışdı ki, bütün şairlər şeirlərində yalnız bülbülü tərənnüm edir. Bu yazıq qarğanı heç dilə gətirən yoxdur. Və özünün qarğaya həsr etdiyi şeiri də redaksiyaya göndərmiş, bizdən onun çapını da tələb etmişdi:
Oxuyanda sən qar-qar,
Gör səsində nə məlahət var
– və s.
Tofiq şeiri əzbər deyər, bizi güldürərdi.
Məmmədin məqsədi bizi yerləşdirib qayıtmaq, Urala ezamiyyətə getmək idi. Elə də etdi. Şərtləşmişdik ki, Urala çatan kimi teleqram vursun. Deyildiyi vaxt bir xəbər almadığımıza görə, narahat olduq. Bu arada, Məmməddən məktub aldıq. Ötəri yazmışdı ki, işdən çıxmaq istəyirəm. Yəqin, məni səbəbsiz işdən çıxarılmağına hazırlamaq istəyirdi. Məktuba cavab yazdıq. Narahat olduğumuza görə, evə də zəng etdik, Məmməd telefonu götürdü:
– Gülxanım, heç yerə getməmişəm. Məzuniyyətə çıxan kimi heç bir xəbərdarlıq edilmədən, mənsiz məni işdən çıxarıblar. Narahat olma, yeməyə pulumuz olacaq. Müxtəlif mətbuat orqanlarına məqalələr işləyirəm. Bakı yaman istidir, gəlməyin.
Bu xəbər mənə çox qəribə gəldi. Axı sovet qanunlarında məzuniyyətdə olan adamı özündən xəbərsiz işdən çıxarmaq cinayət sayılırdı. Həmkarlar İttifaqının qanunlarına da zidd hərəkət idi.
Nə olsun… iş olmuşdu. Belə bir qanunu ancaq Azərbaycan Yazıçılar İttifaqı “icad edib həyata keçirə bilərdi”. Və hökumət də bu işə “qarışmalı” olmazdı…
Nə isə, səhəri gün yığışıb geri qayıtdıq. Məmməd qeyd etdiyim kimi, işdə olan söz-söhbəti evdə danışmağı sevmədiyinə görə, nə səbəbə işdən çıxarıldığını özündən öyrənə bilmədim. Amma görürdüm ki, iç dünyası silkələnib. Çox vaxt evdən çıxmır, telefona cavab vermirdi. Günahsız işdən çıxarılması ona böyük zərbə olmuşdu.
İlahi, sən bizi kiçiklər kinindən qoru,
Fil tutur, şir tutur hörümçək toru.
Baş redaktor Yusif Əzimzadə isə özünü elə aparırdı, sanki qəzetə məsuliyyəti o yox, müavini daşımalı imiş. Soruşan tapılmırdı ki, ay aman, axı qəzetdə baş redaktorun imzası, möhürü var, bəs qəzeti imzalayıb nöhürü basanda hara baxıb? Tutalım, Məmməd Araz “düşmənçilik” edib Nəriman Nərimanova qəzetdə çox yer verib; burda pis nə var ki? Onda baş redaktor, işçilər, MK-i mədəniyyət şöbəsi nə işlə məşğul idilər? Sən demə, Məmməd özünü çox “müstəqil” aparıb, heç kimlə məsləhətləşmədən qəzetin yubiley nömrəsini çap etdirib.
Bu cənablar, görünür, 19-cu əsrdə yazılıb, 1957-ci ildə ruslar tərəfindən tərcümə edilib yayılan Raffinin “XENT” əsərini və ya Silva Kaputikyanın 1970-ci ildə çap olunmuş “Karavanı yeşya v puti” (“karvan hələ də yoldadır”) adlı türk dünyasına qarşı yazılmış əsərlərini ya oxumayıb, ya da onlardan ibarət dərsi almayıb.
Bu haqda o vaxt “Ədəbiyyat və incəsənət” qəzetində izləyən Məmməd Aslan yazır:
“… “Ədəbiyyat və incəsənət” qəzetinin növbəti nömrəsindən sonra dünya-aləm bir-birinə qarışmışdı: biri buyurdu ki, Nərimanov heykəlinin şəkli abidə açılmamışdan qəzetə getmişdi; biri də bəs, deməyəsən, bir qəzet məqaləsindən başa düşmək olarmış ki, ermənilər bizi 1918-ci ildə də qırıblar və Şaumyan da, əslində, daşnakların qırğınına şərait yaradıb…
… Bu nə ehtiyatsızlıqda: erməni min dəfə qırsın bu qardaş və qonşu xalqı, elə qırsın, heç biri də qalmasın, nə olarmış ki, bu nədi ki, bunun söhbəti dilə gətirilsin, oxucu da elə bilsin bu fürsətkeşlər zaman-zaman imkan tapdıqca bizi qətliama yetiriblər…
… İndi bu qəzet məqaləsi respublikanı yamanca işə salmışdı. Kimdədi bu cürət? Çıxsın “xalası göyçək” irəli! Qəzetin başı üstündə bir qılınc hərlənirdi: bu qılınc ya kiminsə başını bədənindən ayıracaq, ya vəzifəsindən… Elə bu ikinci də birinci qədər fəlakət sayılırdı. Qılınc fırlandı, fırlandı… Soydaşlarımız, qələmdaşlarımız yaxasını bu qılıncdan qurtarmağa yollar arardılar. “Axtaran tapar” deyiblər. Demə, bunun çarəsi lap yaxındaymış: Üstlərindən atdılar ki, bunun səbəbkarı istirahətdə ikən bunlardan xəbərsiz olan Məmməd Arazmış… Bir andaca toplaşdılar, qarasına qılınc çaldılar… Müavinlikdən çıxarıb atdılar… Hələ partiya töhməti…”
Bəli, beləliklə, Məmmədi istəməyənlər Moskvanın “nakazat” əmrini yerinə yetirənlər bütün günahları məzuniyyətdə olan Məmmədin üstünə yıxıb “nakazat” etdilər. Vəssalam. Günahkar oldun-olmadın onlar üçün fərqi yoxdur. Təki bostanlarına daş atılmasın…
Məmmədə irad tuturdum. Niyə şikayət etmirsən? Kinayə ilə cavab verərdi:
– Kimdən kimə?
Sonralar arxivi qaydaya salanda bu sənədlərlə tanış oldum. Olduğu kimi də köçürürəm:
Azərbaycan KP Mərkəzi Komitəsinə “Ədəbiyyat və incəsənət” qəzetinin redaktor müavini, şair Məmməd Arazdan məlumat.
Məlum edirəm ki, 15 ilə yaxındır mətbuatda işləyirəm. Senzor, nəşriyyat redaktoru, böyük redaktor, redaksiya müdiri, şöbə müdiri, məsul katib, nəhayət, redaktor müavini vəzifəsində çalışmışam.
Bir ilə yaxındır, “Ədəbiyyat və incəsənət” qəzetində müavin işləyirəm. Bu müddət ərzində jurnalist kimi qəzet üçün bir sıra materiallar yazmışam. Redaktorun tapşırığı ilə bəzi materialları oxuyub redaktə etmişəm. Bunlardan bəziləri bəyənmədiyim halda çap olunub. Bəyənməyib geri qaytardığım bu yazıların mətbəədə səhifəyə çıxdığını görəndə redaktorun imzaladığı materialı çıxartmağa səlahiyyətim çatmadığından oxunuşa gələn səhifənin üstündə fikrimi yazmışam. Həmin səhifə arxivdə qalır. Mən dəfələrlə Y.Əzimzadə yoldaşın üzünə, Yazıçılar İttifaqı katiblərinə, həmçinin redaksiyanın ədəbi müzakirələrində demişəm ki, qəzetimizin səviyyəsi aşağıdır, həyatla, ədəbi proseslə əlaqəsi zəifdir. Bunun səbəblərindən biri odur ki, redaktor müavininə – məsul katibə hansı sahəyə cavabdeh olduqları tapşırılmayıb, belə bölgü yoxdur. Redaktor hər şeyi özü və yalnız özü həll etməyi boynuna götürüb. İntriqa, dedi-qodutəbiətimə yad olduğundan, az müddət bir yerdə işlədiyimizdən buna dözmüşəm, məsələni rəsmiləşdirməmişəm. Ancaq partiya iclaslarından birində buna işarə vuraraq demişəm ki, “bəzi idarə müdirləri müavinlərin, başqa məsul şəxslərin hüquqlarını əlindən alır, hər şeyi özləri həll etmək istəyirlər; beləliklə, kult-pərəstiş mühiti yaranır. Kult mühitində isə inkişaf çidarlanmış olur.
Qəzetin redaktoru Y.Əzimzadə yoldaş ədəbi müzakirə günləri təkrar-təkrar məsul katibə, bütün mətbəə işçilərinə üzünü tutaraq deyib ki: “Mənim imzam olmadan mətbəəyə bir sətir də getməməlidir”.
Öz redaktor imzasının hüququnu belə məsuliyyətlə qoruyan redaktor necə oldu ki, oxuyub imzaladığı nömrənin qüsurlarını nömrə hazırlanarkən Bakıda olmayan müavinin üstünə atmaq istəyir? Axı mətbuatda gedən qüsurun kimə mıəxsus olduğunu təsdiq edən çox obyektiv şahid var – orijinal! Orijinal üstündəki imzanın kimə məxsusluğu məsuliyyət meyarıdır.
Qəzetin ümumi qüsurlarından yaxamı çəkmirəm. Ancaq hər kəs oxuduğu, üstündə “çapa” sözünü yazdığı material üçün cavabdeh olmalıdır. Ərizəmə qol çəkib, məzuniyyətə buraxandan sonra təcili iclas çağırıb, (özü də, bu nə partiya iclası, nə kollegiya, nə də rəyasət heyəti yığıncağı olub; elə-belə kvorumsuz, qeyri-müəyyən toplantı imiş), məni “müzakirə” eləmək, N.Nərimanova həsr olunmuş – çapdan, planlaşdırılmasından, maketindən xəbərin olmadığı nömrənin qüsurlarını üstümə atmaq hansı məntiqə, əmək qanununa, sosiolist hüquq qaydalarına, ümumiyyətlə, hansı insanlıq və vicdan normalarına sığır? O “yığıncaqda” hansı nüfuzlu yazıçı mənim haqqımda nə danışıb? Bilməli deyiləmmi ki, günahım nədir? Məni işə təsdiq edəndə rəyasət heyəti çağırılmışdı, çıxaranda isə tələm-tələsik, qaça-qaça, MK-ə yalan məlumat verməklə işlərini bitmiş hesab edirlər.
Bu nə hərki-hərkilikdir, adam ləkələməkdir?!
39 yaşım var, 8 ilin kommunistiyəm. Belə mühitdə təzədən qayıdıb işləmək də istəmirəm. Lakin adıma, vicdanıma ləkəni qəbul eləmirəm. Litvada poeziya günlərində olduğum zaman redaktor nömrə buraxıb; qüsurunu müavinin adına yazırlar. Bu təzə yanaşma metodu “gözəl” tapılıb: redaktor dura-dura qəzetin məsuliyyətini nömrədən xəbəri olmayan müavindən tələb edəsən!
Redaktor yoldaş nəinki qəzetdə, hələ “Ulduz” jurnalında redaktor əvəzi işlədiyi vaxtda yaxşı bilirdi ki, Nərimanova aid materiallar hamısı yuxarı təşkilatlarda oxunmalıdır.
O, aprel ayında məzuniyyətə çıxarkən Nərimanov nömrəsində gedəcək materialların təxmini planını mənə verdi. May ayının ilk günlərində MK-ə plan və materialları istərkən həmin təxmini planı şöbədə olan, hələ redaktə edilməmiş üş materialı – A.Əbilov “Qırmızı şərqin ilk sovet diplomatı”; Hacıməmməd Qafqazlı “Unudulmaz xatirələr” – yazılarını apardım. Rəşid Mahmudov yoldaş soruşdu: – yazıları oxumusanmı? Dedim ki, A.Alıməmmədovun yazısını oxumuşam, şöbədən təzə gəldiyinə görə, vaxt tapıb redaktə edə bilməmişəm. Söhbət N.Balakişiyev yoldaşın iştirakı ilə olub. Yoldaşlar plana baxıb bəzi irad və təkliflərini dedilər; əlavə etdilər ki, hələlik gözləyin, lazım olan vaxt nömrəni tam halda hazırlayıb MK-ə təqdim edərsiniz. Qayıdan kimi həmin irad və təklifləri Ayaz Vəfalı yoldaşa dedim. Söhbət bu şəkildə qaldı. May ayının 10-da redaktor Bakıya qayıtdı. Belə olduğu halda, nömrənin bütün materiallarını özü hazırladığı halda, hansı məntiqi əsasla onu aldatmalıymışam və niyə? O isə belə ciddi nömrəni yuxarı təşkilatlarla deyil, məhz o zaman Bakıda olmayan müavini ilə razılaşdırılmalı imiş?! Axı materiallar yuxarı təşkilarlarda oxunsaydı, üstündə düzəliş olardı, əl gəzərdi. Mənim “yalanıma” təkcə bu kifayət deyilmi? Redaktor yoldaş bunların hamısının üstündən keçir, yuxarı təşkilatda tənqid olunandan sonra isə gözəl çıxış yolu tapır: müavin günahkardır.
Müavin isə iyul ayının 10-da şəhərdən çıxanda redaktora zəng edir ki: “– Salamat qalın, ailəmi Yesuntuki şəhərinə aparıram. Ünvanım Pervomayskaya, 174-dür. Ayın 24-də qayıdıb Bakıdan Urala gedəcəyəm; lazım olsam, tez də gələ bilərəm. (Mənə demişdi ki, bu arada, Sibirə getmək istəyir, “Bakıda olsan, qəzetdə gözün olsun”). Dirinin də dalınca danışmaq yaxşı deyil, ancaq mümkündür. Lakin bu hansı etik normaya sığır:
Kommunistin qüsurunu üzünə deməyəsən, məzuniyyətə buraxasan, sonra da məsələdən bixəbər adamlar qarşısında olmazın ittihamlar irəli sürəsən, yuxarı təşkilatlar qarşısında təqsirini gizlədib, kimisə qabağa verəsən.
Hörmətli yoldaşlar, əgər bu məsələdə kim günahkar olmalıdırsa, konkret səsəbkarın cəzalandırmağın əhəmiyyəti yoxdursa, onda susa bilərəm. Yox, əgər başqasının günahı zorla mənə yüklənəcəksə, xeyr, daşımaq istəmirəm! Atamın yüz yaşı var. İndi də işləyir, fəal kolxozçudur. İşləyir ki, heç kəsin minnətini götürməsin. Mən onun çörəyini yemişəm. Əkinçi, biçinçi, suçu olmuşam. Qayıdıb yenə də oradan başlaram. Mənə vəzifə lazım deyil. Ancaq xahiş və tələb edirəm: Yazıçılar İttifaqı ilk partiya təşkilatında rəyasət heyəti ilə birlikdə, mənim və MK-i nümayəndəsinin iştirakı ilə məsələmizə baxılsın.
Bəlkə, mənim daha ağır cəzam var. Öz konkret günahımın ağır cəzasını almağa hazıram. Ancaq düz olsun, sənədli-sübutlu olsun.
Hörmətlə: Məmməd Araz
Ünvanım: Bakı, 5-ci sallaqxana küçəsi, Ev 30, mənzil 30. Telefon: 37-58-85.
25 iyul 1972.
Bir nəticə olmadığını görən Məmməd eyni məsələ ilə bağlı ikinci dəfə Mədəniyyət nazirinə də müraciət etmişdi. Müraciət eyni olduğu üçün sadəcə fərqli kiçik bir abzası qeyd edirəm:
“Sizə bir ziyalı kimi onu çatdırmaq istəyirəm ki, bizim bu “günəşli” Azərbaycanda haqqımda çıxarılan haqsız qərar yaradıcılığıma qarşı nəzarət mühiti yaradacaq və görürəm ki, yaradıb da! Qeyri-təvazökarlıq olsa da, deyim ki, şair kimi də, işçi kimi də təsadüfi adam deyiləm. Heç olmasa, bunlara görə məni dinləmək olardı; bəlkə, mən, doğrudan da, cinayətkar idim. Axı burda da bir hüquqi qayda var; ittihamnamə üzrə oxunur! Nə isə, yəqin, daxilimdə məndən xəbərsiz işlər görən “məni” tanımıram. Günün günorta çağı hər şey ola bilərmiş…
Hörmətlə: Məmməd Araz
1/ VIII. 1972
Bu müraciətləri ona görə qeyd etdim ki, Məmmədin haqsız işdən çıxarılmasını hərəsi özü istədiyi kimi yozdu, hər kəs kiməsə mənfi münasibətini ifadə etmək üçün istifadə etdi. Əsas günahkarlar qala-qala tamamilə bu işlərdən yalan məlumat çatdırılan adamın adını hallandırmağa başladılar…
“Hörmətli” Yazıçılar İttifaqının müraciətlərə reaksiyası bu oldu ki, guya Məmməd öz “xahişi” ilə işdən çıxıb.
Həmin sənədə də əlavə edirəm:
Azərbaycan Yazıçılar İtifaqının Katibliyinin və Azərbaycan SSR Mədəniyyət Nazirliyi kollegiyasının 5 yanvar 1973-cü il tarixli qərarından çıxarış:
Eşidildi: Şair Məmməd Arazın ərizəsi.
Qərara alındı: Azərbaycan Yazıçılar İttifaqının və Azərbaycan SSR Mədəniyyət Nazirliyi kollegiyasının 13/ VIII 1972-ci il tarixli qərarı dəyişdirilsin və Məmməd Araz öz xahişinə görə vəzifəsindən azad edilsin.
Azərbaycan Yazıçılar İttifaqı Katibliyi: Mirzə İbrahimov, İmran Qasımov, Cabir Novruzov.
Azərb. SSR Mədəniyyət Nazirliyi kollegiya üzvləri: Məmməd Ziyadov, Nəbi Xəzri.
Vəssalam! Ədalət belə “zəfər” çaldı. Bir də onu bildim ki, o qədər yazıçılardan ancaq Sabir Əhmədov Məmmədi müdafiə edibmiş.
Yenə təkrar edirəm, Məmməd kənarda olan söz-söhbəti evdə danışmazdı. O vaxtdan artıq 24 il keçmişdi. Bir dəfə söhbətarası danışdı:
– İşdən çıxarılanda məni Daniel Quliyev çağırdı. Bir azdan İttifaqın katibləri də gəldi. O boyda ağsaqqal özündən başladı ki, Məmməd, sənə tapşırmışdım axı elə eləmə, belə elə və s. Bu adam etdiyi haqsızlığı ört-basdır eləməkdən ötrü ağ yalan danışaraq üzümə dirənirdi. Onun bu vaxtında özünü təmizə çıxartmaq üçün adamın üzünəcə durmağı məni təəccübləndirirdi. Təəssüflə dedim: Filankəs müəllim, axı siz mənə heç nə tapşırmamısınız…
Nəriman Nərimanovla əlaqədar məsələlərdən bir şəxsin də xəbəri vardı. Ona da çatdırmışdılar. Məni sorğuya tutanda heç kimin adını çəkmədim. Bundan əvvəl “Gənclik” nəşriyyatının direktoru Əzizə Əhmədova ondan xahiş etmişdi ki, Məmmədi mənə baş redaktor verin. Onun isə xahişə cavabı belə olmuşdu: “Onun böyük qüsurları var, hələ də orada işləyir?”
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.