Текст книги "Məmməd Arazlı günlərim"
Автор книги: Gülxanım Fətəliqızı
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 10 страниц)
Aydın, təmiz cənub gecələrinin göylərinə nə qədər sapand atıb “ulduz endirmişəm”.
İşığı bollaşdı diyarımızın
Ətiri bollaşdı baharımızın
Vüqarı boy atdı vüqarımızın
Dünyaya Naxçıvan dünyası gəldi.
Zülmət yığışdırdı ətəklərini
Fəsillər – qara daş küləklərini.
Dan yeri böyütdü bəbəklərini –
Dünyaya Naxçıvan dünyası gəldi.
Dirəndi dağlara nur qatarımız,
Yeni segah dedi könül tarımız,
Aldı fırçasını bəhruzlarımız,
Dünyaya Naxçıvan dünyası gəldi.
Qəfil təzadların sıçrayış yeri,
Bu yer gah zülmətli olub, gah işıq.
Biz hələ bu yerdə qəfilliklərin
Əsil damarını axtarmamışıq.
(şeir çap olunmayıb)
Bəli, biz hələ bu yerdə qəfilliklərin, əsl damarını axtarmamışıq?
Nəhayət, 1963-cü ilin yayında Naxşıvana gedə bildim. Qatarla getdik. Yolboyu uzanan tikanlı məftilləri, sərhəd boyunca rus əsgərlərini birinci dəfə görürdüm. Mənə bir az qəribə gəlirdi; insan öz torpağında sərbəst gəzə bilməzmiş, hələ evinə – ata-anasının yanına da icazə ilə getməliymiş. Sonralar da Naxçıvana gedəndə o tayı mənə göstərən Məmməd çoxları kimi: İrandır deməzdi, sadəcə, Azərbaycanın cənubudur, – deyərdi.
Sərhədə yaxın dayanacaqlarda rus əsgərləri kupelerə doluşub pasportları yoxlayırdılar. Bizim kupeyə daxil olan əsgəri görəndə Məmməd qəzəbini istehzaya çevirib pasportu tələb edənə rusca dedi:
“Deyəsən, casus axtarırsınız, yaxşı bax, gör bu qadın casusa oxşayır?!”
Əsgər çaşqınlıqla mənə baxdı; qucağımda uşaq, özüm də… Başını aşağı salıb sənədlərimizi yoxlamadan bizə qaytardı və dinməzcə kupedən çıxdı.
Sonralar da hər dəfə Naxçıvana gedəndə Məmmədin o tərəf sahilə necə həsrətlə baxdığının şahidi olmuşam.
Yadıma Məmmədin Moskvadan mənə yazdığı məktubdakı bu sözlər düşdü:
“… Gülxanım, poemanın yazdıqca ağlayıram (söhbət “Araz axır” poemasından gedir). Bizdən qeyri belə dərdə-düyünə düşən ayrı xalq yoxdur. Bütün dərdlərimizi bir gəncin taleyində verməyə çalışıram…”
Hiss edirdim ki, o, indi də ürəyində ağlayır. Nə isə… Naxçıvana çatdıq. Qatar burulub stansiyada dayandı. İradə qatardan düşüb torpağı görəndə sevindi ki, canı qatardan qurtardı. Quba ilə müqayisədə Naxçıvanın təbiəti o qədər də xoşuma gəlmədi, – çılpaq, qırmızı torpaq, boz dağlardan, otsuz düzənliklərdən ibarət Naxçıvan…
Naxçıvandan çıxanda İslam Səfərlinin sevə-sevə təsvir etdiyi Xalxal meşəsini soruşdum:
– Məmməd, bəs İslamın sevimli Xalxal meşəsi hanı?
Şəhərin kənarında, çayın sahilində, kiçik bir zolaq çinarlardan ibarət, əgər demək olarsa, meşə vardı. Məmməd oranı göstərib güldü.
O vaxtlar dəbdə olan “Pobeda” maşını ilə bizi Naxçıvandan Nursa yola saldılar. Nursa çatana qədər bir neçə kəndi keçməli idik.
Şahbuzdan çıxanda Məmməd birinci kəndi göstərdi:
– Bura Kənd Şahbuzdur, 9-10-cu siniflərdə bu kənddə oxumuşam.
Maşınımız Nursun lap yaxınlığındakı Ziyarət təpəsi adlanan yerə qalxa bilmədi. Maşından düşüb təpəni piyada qalxmalı olduq. Maşın isə diki dal-dalı çıxdı. Kəndin içindəki yol daha bərbad idi. Məmmədgilin evi kəndin ən hündür yerində yerləşir.
Qohum-qardaş, bütün kənd camaatı görüşümüzə gəlmişdi. Kənd adamlarının mehribanlığına söz ola bilməzdi. Hamı qonaq aparmağa çalışırdı.
Bir neçə gün istirahət etdikdən sonra Şahbulağa qalxdıq. Burada tamam ayrı mənzərə ilə qarşılaşdım. Yayın qızmar çağında – buz kimi su; barmağımı bircə saniyə belə, suda saxlaya bilməzsən, donar. Bulağın ətrafı baldırğanla dolu. Baldırğanı ilk dəfə orada gördüm. Kimsə göbələk tapıb gətirdi. Közün üstündə bişirilən həmin göbələyin dadı hələ də damağımdadır. Bulaqdan bir az aralıda təbii balaca göl vardı. Zərif dağ çiçəkləri, ətrafa yayılmış qoyun sürüləri ayrı aləm idi. Düzdür, İradəyə heç nə yedirə bilmirdim, ancaq balaca əllərini arxasında düyümləyib ətrafa elə məftunluqla baxırdı ki, kənddə darıxan İradə buralardan ləzzət alırdı.
Camaatdan kənd və kənd ətrafı yer adlarını eşitdikcə mən də fikrimdə Məmmədin onların hansının adını öz şeirlərində çəkdiyini yada salmağa çalışırdım:
Cicmli, Tezxarab, Çuxuryurd, Çadırdaş, Qoyunlu baba, Haçabənd yaylaqları.
Portdan, Şahbulaq, Soyuqbulaq, Qanqallı, Kazım bulağı – bulaqlar.
Məcov göl, Çimov göl, Böyük göl və s. göllər. Toxlu qaya, Üç qardaş, Motal qaya, İmanyurdu, Ağaverdi, Novlu, Çınqıllı, Molla Şərif, Salarxan və s. – qaya və dağ adaları.
Bu qədər adlar hələ kiçik bir kəndin ətrafına aiddi. Bəlkə də, Məmmədin şeir dili elə buna görə zəngindir?
Adama elə gəlirdi ki, ətrafında olan hər şey səninlə danışır, ünsiyyət yaratmağa çalışır. Hansı dildə? – bilmirdim. Bircə onu bilirdim ki, ətrafda yüksələn yarıçılpaq qayalar da, ağaclar da, kollar da sanki insanla danışır: “Ey, bizi qoyub irəliyə getmə, bizimlə söhbət et. Çayın yeknəsəq şırıltısından, küləklərin vıyıltısından yorulmuşuq, ayrı səsə, ünsiyyətə möhtacıq…”
Heyranlıqla ətrafıma baxdığımı görən Məmməd:
– Eh, gülüm. (cavanlıqda, təklikdə mənə “gülüm” deyərdi), bu harasıdır, səni elə yerə aparacağam ki! Sabahsı Şahbuzdan Batabat yoluna çıxdıq. İradə də kürlüyünü buraxıb dağlara baxırdı. Şehdə yuyulmuş dağ çiçəklərinin ətrini, quru yüngül dağ havasını, torpaq ətrini daha çox ciyərlərimizə çəkməyə çalışırdıq.
Batbata çatdıq. Ot hələ çalınmamışdı. Yuxarı tərəflərdə daha gözəl mənzərələr vardı. Güllərin müxtəlif çeşidləri İradəni də özünə cəlb etmişdi. İndi də onu maşına mindirə bilmirik. Oradakı göllər, çaylar, çəmənlər elə bir dünyadır ki, baxmaqdan doymursan.
Məmmədin söhbətləri yadıma düşdü. Danışardı:
“Naxçıvana hər dəfə gedəndə mənə elə gəlirdi, bu yerləri ilk dəfə görürəm. Gözlərimə tanış mənzərələrin, bu yorulmaz yolların, həmişə “yönü bəri baxan” dağların elə rənglərini, elə duruşunu görürəm, özüm-özümə kənardan baxa bilsəm, yəqin, bu torpağa ilk dəfə qədəm qoyan səyyaha bənzədərdim.
Özümə sual verərdim:
Bu “geoloji muzeyin eksponatları artıb, yoxsa azalıb? Onların tərtibatında elə bir yer dəyişikliyi yoxdur ki?”
Yox, deyəsən… bu, həmin o tay-bu tayı özünə qoşub dartan dəli Araz, bu, həmin nəhəng raket kimi göyə tuşlanan İlanlı dağ, həmin boyalı dağlar, indicə nərildəyəcək buludlar. Bəs bu rənglər? Gözün görüb duyduğu, oxuduğu, lakin sözə, rəqəmə çevirməkdə aciz qaldığı təbii boyalar əvvəlki kimi olsaydı, indiyəcən solmazdımı və ya baxışı, gözü yormazdımı?”
Danışardı. Naxçıvanın qədimliyindən danışardı:
– Alimlər deyirlər ki, ictimai-siyasi şərait burada qədimdən elm, mədəniyyətin inkişafına şərait yaradıb.
Səsinə fikrimdən ayrıldım. Məmməd əlini qarşı tərəfə uzadıb acı-acı:
– Buralar artıq Ermənistan torpağı sayılır, – dedi.
“Ermənistan torpağı” sayılan çəmənlikdə kiçik bir bulaq vardı. Su turş dadan təbii qazla çıxırdı. Sudan ləzzətlə içirdik ki, qarşıda mal-qara otaran naxırçı erməni bizə yaxınlaşdı, maraqlandı ki, nə edirik?
Təəccüblə bir-birimizə baxıb:
– Nə edəcəyik ki, su içirik, – cavabını verdik.
Erməni biz sarıdan arxayın olandan sonra naxırçılığının dalınca getdi.
– Kaş, bu adi naxırçının ayıqlığından az da olsa, başbilənlərimizdə olaydı, – Məmməd təəssüflə pıçıldadı.
Torpaqlarımızın necə get-gedə erməni torpağına çevrilməsi haqda bibim Gülyazdan eşitmişdim. Deyərdi ki, Azərbaycan torpaqlarını ermənilərin, gürcülərin, rusların arasında paylayıblar. Hələ mən uşaqkən vaxtilə evimizdə ərəb əlifbası ilə yazılmış çoxlu kitablar vardı. Həyətə yığıb həmin kitabları nəyəsə görə yandırırdılar. Kitablardan ibarət böyük bir taya alınmışdı. Ancaq bu da yadımdadır ki, rus dilində olan kitabları yandırmamışdılar. H.Cavid və Hadinin adını o vaxtlar ancaq bibimin dilindən eşitmişdim.
Naxçıvanda qaldığımız müddətdə yeni-yeni bulaqların da “görüşünə” gedərdik. Rəhmətlik Firidun Hüseynovla Keçili kəndinin kənarındakı “Çınqıllı” bulağına da getmişdik. Qəribə su idi. Yağlı əlini buz kimi soyuq suda yuyurdum, yağı yuyub aparırdı.
Kənddə dilinin əzbəri “Səngər təpəsi”ni də gördüm. Məmmədə zarafatla dedim ki, ta vəsiyyətinə əməl edə bilməyəcəm, çünki artıq orada yaşayış evləri tikilib.
Məmmədgilin evlərinin qarşı tərəfi hündür quzeylikdir. Gecələr ay bədirlənəndə mənə elə gəlirdi ki, qarşı təpəyə qalxsam, əlim aya çatar. Məmməd zarafatından da qalmazdı:
– Hə, necəsən, qalxaq təpəyə, ayı göydən “qoparım” verim sənə, qızıl boyunbağı əvəzinə tax boynuna.
Təbii ki, Şahbulaq, Batabat, Çınqıllı, bizim ən çox sevdiyimiz yerlər idi. Bir də Məmməd hər otu, çiçəyi, bulağı, daşı elə təsvir edirdi ki, torpağın rəngi də, otlar da, çiçəklər də Məmmədin qələmində möcüzəyə dönür, şeirlərinin məna çalarları ürəyindən gələn Məmməd Araz möcüzəsi yaradırdı.
Və biz gələcəkdə də hərdən Naxçıvana gedəcək, hər dəfə də ora mənə Quba kimi doğmalaşacaq…
Qayıtdıq yenidən şəhər həyatına. Bir həftədən sonra əkiz oğlanlarımı itirdim.
Bu, 1963-cü il idi, ağrı-acısını heç vaxt unuda bilmədiyim il.
Sonra Məmməd yazacaqdı:
Uçurub əlimdən əkizlərimi
Ömrün yollarına təkcə çıxmışam.
İşləmədiyimə görə başımı Məmmədin arxivini qaydaya salmaqla qarışdırırdım.
… Qəribədir şeirlərini sahmana salıb oxuduqca o, artıq mənim üçün adi həyat yoldaşından çox, qeyri-adi adam olmuşdu.
Məmməd uzun müddət Cabir Novruzla birgə “Ulduz” jurnalında işlədi. Dost olduqlarına görə sözləri bir olur, jurnal da çox səviyyəli çıxırdı.
Bir müddətdən sonra Yazıçılar İttifaqında vəzifə dəyişiklikləri olmuş, 3-cü katib Nəbi Xəzri televiziyaya keçmişdi. Söhbət gəzirdi ki, Məmmədi İttifaqa 3-cü katib qoyacaqlar, lakin Məmməd bilirdi ki, buna imkan verməyəcəklər. Səbəbi isə o idi ki, M.İbrahimov, T.Elçin, Şıxəli Qurbanov və başqa adlarını bilmədiyim adamlar ayrı namizədi müdafiə edirdilər.
Əli Vəliyev etiraz edib İttifaqın birinci katibindən soruşanda ki, niyə Məmmədi katib qoyursan?
Cavabı belə olmuşdu:
– Ağzının cilovunu yaman buraxıb, dilini dinc qoymur.
Əslində, əvvəllər Mirzə İbrahimov Məmmədin xətrini çox istəyirdi. İlyas Tapdıq demiş “çuğulların anası ölsün”. Onlar da öz işlərini görmüşdülər. Eyni zamanda belə bir söhbət də olmuşdu. Özü mənə danışmışdı:
– “Natəvan” klubunda Xəlil Rzanın “İki sahil” şeiri müzakirə edilirdi. İclas iştirakçıları Xəlili möhkəm tənqid atəşinə tutmuşdular. Bəzi “vətənpərvərlər” hətta iclasa gəlməmişdilər. Mən söz saldım. Elə bildilər ki, Xəlili tənqid edəcəyəm. Onların fikirləşdiyi kimi olmadı. Sözümü belə bitirdim:
– Mən və biz o biri sahildəki xalqımızı görmək istəyirik.
Sözlərimdən oradakılar bərk acıqlandılar:
– Biz o biri sahili və o sahildəki adamları görmək istəmirik, nə istəyirsiniz bizdən? Niyə dinc oturmursunuz.
Azad Şərifov da (mətbuat komitəsinin sədri) Məmmədi yanına çağırıb demişdi ki, guya naxçıvanlıdı deyə, onu katib qoysalar, söz-söhbət olar, deyərlər ki, yerlibazlıq edirlər. Əslində isə özləri birləşib yerlilərini vəzifəyə qoyurdular.
ZƏRBƏNİN BİRİ ARTIQ HAZIR İDİ
İrəli çəkilmək bir yana, nəticədə Məmməd “Ulduz jurnalında da çıxmalı oldu.
1966-cı ildə ikinci qızımız Şəlalə dünyaya gəldi. Çox zəif idi. Bu uşağın da belə zəif olması məni qorxudurdu. Məmməd el arasında şöhrətlənmişdi. Evdə işləməyə şəraiti olmadığına görə, yaradıcılıq evlərinə – Yalta, Qaqra, Peredelkino və s. yerlərə gedir, orada işləyirdi.
Mən də işləmək istəyirdim. Öz-özümə deyirdim:
– Evdə oturmaq üçünmü belə əzabla oxumuşam? Hər sentyabr gələndə qanım qaralır, heç kimlə danışmaq istəmirdim.
Məmməd işləməyimi istəmir, hər dəfə bir bəhanə gətirirdi. Nəhayət, sənədlərimi Maarif Nazirliyinə verdi. Qeydiyyata alınmalı idim.
TƏBRİZ AĞLAYIRDI DAĞLAR BAŞINDA
1968-ci il. Bu il ilk dəfə olaraq İstisu sanatoriyasına üz tutmuşduq. Uşaqları anamın yanına qoyaraq Kəlbəcərə yollandıq. Bakıdan Kəlbəcərə ancaq kiçik avtobuslar işləyirdi. Yol yaman narahat idi. Üstəlik sürücü hər addımda maşını saxlayıb sərnişin götürürdü. Bu narahatlığa sahibləri ilə birlikdə səs-küy salan toyuqların qaqqıltısı daha da artırdı. Avtobus Qarabağ torpağlarına keçdi. Elə bil ayrı məmləkətə düşdük. Rahat asfalt yol və oxuya bilmədiyim hərflər. Maraqla baxdığımı görən Məmməd dedi:
– Bura evimizin içində məskən salmış yad evidi…
Elə ki, Qarabağı keçdik, yol təzədən pisləşdi. Bütün yol boyu arı pətəkləri düzülmüşdü. Pətəklərdən xeyli aralı arılar qaynaşırdı.
– Gülxanım, ora diqqətlə bax, kolluğun aralarına səpilmiş şəkər tozunu görürsən? Eh, qəribə xalqdı bu xalq, arıları da tənbəl öyrədir, – dedi Məmməd.
Təbiətin çox qəribə əlləri var, qayalarda yonulmuş “sütunları” görürsənmi?
Beləcə, mənzərələrə baxa-baxa, hər addımlıqda açılmış çayxana, kababxanalarda oxuyan aşıqların səsinə qulaq asa-asa dolanbac yollarla Kəlbəcərə çatdıq. 12 saat olardı ki, yol gedirdik. Kəlbəcərdə camaatı düşürdükdən sonra qalan müsafirlərlə maşın İstisuya yan aldı. Maraqlı və cəlbedici mənzərələr indi başlanırdı… Sütunlu qayalar, dərin dərələr, kiçik sağ çayları…
Nəhayət, axşam qaranlığında sanatoriyaya çatdıq. “M.Bağırovun evi” adlanan binanı MK-nın işçiləri üçün sanatoriya etmişdilər. Otaqlar 5-6 nəfərlik idi. Ümumiyyətlə, iki nəfərlik boş otaq olmadığı üçün müvəqqəti olaraq müxtəlif otaqlarda yerləşdirildik. Mən Barat Şəkinskaya və Şəfiqə Axundovanın qaldığı otağa düşdüm. Bir neçə gündən sonra ikinci mərtəbədə iki çarpayılıq otaq boşaldı və həmin otağa köçdük. İstirahətimiz pis keçmirdi. Gecə Tərtərin səsinə qulaq asa-asa yatırdıq. Məmməd yazacaqdı:
Bir parça buludda bir dəniz yükü,
Külək uğultusu qış nəğməsidir.
Tərtərin ən ağır, ən əziz yükü,
Gül-çiçək ətridir, quş nəğməsidir.
Məmməd hər səhər tezdən durar, yemək başlanana kimi çay boyu yuxarı qalxar, əlində çiçək dəstəsi geri qayıdardı. Artıq bəzi şeirləri qaraldığını görürdüm.
Kim öpürsə,
Səhər-səhər qız bulağı.
Cığırlarda xəyalının yedəyini
Vermə yaman fikirlərə.
Yalnız nəğmə sevir dərə
Yalnız nəğmə deyə-deyə,
Yalnız çiçək dərə-dərə,
Geri qayıt.
Sevgilini çiçəklərin
Ətri-mehi ilə ayılt.
Sanatoriyada əyləncə yerləri olmasa da, həmsöhbətlər çox olduğundan darıxmırdıq.
Rəhmətlik Fərman Kərimzadə də həyat yoldaşı Səyyarə xanımla orada istirahət edirdi. əsas binada yer olmadığı üçün həyətdəki birmərtəbəli binada qalırdılar.
Fərman danışırdı ki, Səyyarəni institutda oxuyanda sevib, ona çoxlu sevgi məktubları yazıbmış. Həyat elə gətirib ki, ayrı-ayrı adamlarla ailə qurublar. Amma tale onları, nəhayət, yenidən birləşdirib. Sən demə, Səyarrə vaxtilə Fərmanın yazdığı məktubları atmayıb saxlayıbmış. Bir-birinə qovuşduqları zaman Səyyarə bütün məktubları ona göstərib və Fərman onun bu sədaqətindən kövrəlib, hətta ağlayıbmış da.
Yeməkxanada Fərman Səyyarəni az qala uşaq kimi yedizdirirdi. Onların bu səmimiyyətini iztehza ilə qarşılayanlar da tapılırdı. Mənim isə onların bir-birinə sədaqətilə bərabər bu da ən çox xoşuma gəlirdi ki, Fərman Səyyarənin böyük bir portretini ayaq üstə çəkmişdi. Bu, belə bir-birini sevən insanlara hörmətimi birə-yüz artırmışdı.
– Bax, əsl məhəbbət budur, – fikirləşdim ürəyimdə.
Niyə onlardan belə məhəbbətlə yazmışam? Görünür, onların heç kimə fikir vermədən özləri üçün yaşamaları mənə ləzzət vermişdi.
İstisuyun “isti” xatirələrdən biri də Barat xanımın Məmmədlə salamlaşması idi:
– Sabahın xeyir, ərəb oğlu.
– Sabahın xeyir, Barat xanım.
Salamlaşmadan sonra onların arasında səmimi söhbət başlanırdı. Ələsgər Ələkbərovdan, Mehdi Məmmədovdan və başqa artistlərdən, teatrda baş verən gözlənilməz maraqlı hadisələrdən danışardılar. Bu söhbətlər uzandıqca uzanar, xoş məcraya düşər, günün necə başa çatdığını hiss etməzdik. Söhbətlərinin daimi iştirakçısı olduğum Barat xanımın sadəliyinə heyran qalırdım.
İndi təəssüflənirəm ki, nə üçün onların söhbətlərini yadımda saxlamamışam…
Sanatoriyada Sosialist Əməyi Qəhrəmanı çoban Həsən Kərimov və onun yoldaşı Mələk xanım da müalicə olunurdu. əhatə dairəmiz yeni-yeni dostlarla genişlənirdi.
Həsən Kərimov bizi bir neçə dəfə Dəlidağın ətəyindəki obasına qonaq apardı. Dəlidağın ətəyində – düzənlikdə iri çadırlardan ibarət müvəqqəti oba vardı. Burada kolxozun qoyunları otarılırdı. Obaya bizimlə bərabər, Barat xanım və Şəfiqə xanım da dəvət olunmuşdu. Zərif dağ çiçəkləri səpələnmiş çəmənlikdən bir az kənarda, dağa daha yaxın yerdə ala-tala qar talaları da görünürdü. Məmməd Barat xanıma müraciətlə:
– Barat xanım, dağ yerində yaxından qarı müşahidə etmisinizmi?
– Ərəb oğlu, bunu hamı bilir; ağappaq, xarlanmış qar, adam lap yemək istəyir.
Onlar qarlı yerə tərəf getdilər. Barat xanım qəhqəhə çəkdi.
– Vay səni ərəb oğlu, indi bildim ki, mənə bu sualı niyə görə verdin, uzaqdan ağ görünən qar nə yaman çirklidir, məni yaman imtahana çəkdin…
Qardan bir az kənarda isə zərif dağ çiçəkləri başqa mənzərə yaradırdı. Çiçəklər o qədər xırda, saplaqları o qədər gödəkdi ki, dərib dəstə bağlamaq mümkün deyildi, amma az da olsa, ətirləri vardı…
Məmmədin “Qar” şeiri məhz bu mənzərənin məhsuludur.
Alaçıqlardakı uşaqların səsi quzuların mələşməsinə qarışmışdı. Qoyun sürüləri bütün otlaq yerlərini tutmuşdu.
Məmməd arabir Həsənə atmaca atırdı:
– Həsən, sənin dediyin heç bir qoyun yun verməz. Bu, görünməmiş işdir. Onda gərək qoyun fil kimi ola.
Yaxud da:
– Necə olur e?… bir belə bala çoxdur, hə də, görünür, bir qoyun dörd bala verir. Və i. və s. – deyə gülərdi.
Bu söhbətlərdən Həsən alınmaz, o da zarafatla deyərdi:
– Ay şair, çox dərinə getmə, hər işə çarə var, öhdəliyi yerinə yetirmək üçün özümün, qohum-qardaşımın qoyunlarından da istifadə edirəm. Burada ayrı sirr yoxdur.
Sonralar da Həsənin və Mələk xanımın Dəlidağın ətəyindəki alaçığında dəfələrlə qonaq olduq.
Bir dəfə yenə Dəlidağın ətəyindən qayıdanda…
Heyrətindən donmuş idi Dəlidağ
Nəfəs çəkib hıçqırırdı od-ocaq.
Göymü yeri, yermi göyü udacaq…
Birdən-birə hər tərəfi qalın duman bürüdü. Bu, dağların xüsusiyyətidir. Xırda yağış çiləməyə başladı. “Taxta” deyilən düzən yerə çatmaq üzrə idik (“Taxta” İstisuyun çaydan yuxarı yerinə deyirlər. Yayda həmin yerdə bütün Aran rayonlarından gələnlər çadır qurub istirahət edərdilər). “Taxta”ya çatmamış, bir az aralıda xeyli çadır vardı. Dedilər ki, həmin çadırlar Aşıq Hüseyn Cavan və onun qohumlarına məxsusdur. Bir dəstə adam yolun kənarında maşınımızın yolunu kəsdi və ustadın Məmmədlə görüşmək istədiyini bildirdi. Gec olmasına baxmayaraq, Həsən maşını alaçıqlara tərəf yönəltdi. Bizi böyük, uzun çadıra apardılar. Çadır adamla dolu idi. Hamı iki sənətkarın görüşməsini maraqla izləyirdi. Çadıra xalça döşənmişdi. Xalçaların üstünə döşəkçələr düzülmüş, adamlar bardaş qurub bir neçə sıra oturmuşdular. Sıralarda bir dənə də boş yer qalmamışdı. Mənə hardansa kətil tapıb gətirmişdilər. Məmməd də onlara qarışıb döşəkçədə oturdu. Lampa işığında məclis başlandı. Sazın simləri dilləndi:
Aşıq Cavan sarılmışdı sazına,
Toy qurmuşdu dünəninin yasına,
O, dərdini ya sındıra, ya sına;
Qəzəbi köklənib dağın-daşın da
Təbriz ağlayırdı dağlar başında.
Məmmədə baxdım, hər şeyi unutmuşdu. Onun üçün dünya bu anda ancaq sazın səsindən, aşığın oxumasından ibarətdi. Və dünyanın bütün ləzzətləri bu alaçığa “dolmuşdu”; gedəcəyimiz yolun xatalı olmasını da, qaranlığın düşməsini də – hamısını, hətta özünü belə unutmuşdu. Aşıq hönkürürdü; uşaqlıq xatirələrini yaşadan dağı, dərəni, düzü yadına salıb sazı ilə birlikdə ağlayır, ağladırdı. Qatı duman çisəyə çevrilib çadırın üstünə səpələnirdi. Arabir uğuldayan küləyin səsi də sazın fəryadını batıra bilmirdi. O gecəni təsvir etmək üçün yalnız həmin gecənin dinləyicisi olmaq gərəkdi. Aşıq Cavan sazını dilləndirdikcə, sazın tellərinə hər dəfə dəyən təzanədən alışdıqca, sanki Azərbaycanın Cənubu adlandırdığımız yurd-yuvanın dağlarını, düzlərini qarış-qarış gəzirdik. Babəkin Bəzz qalası, Təbrizin ətrafındakı uca dağlar, baş-başa verən çinarlar, qədim qalacıqlar da Dəlidağın zirvəsinə boylanır, sanki aşığın yanıqlı səsini “eşidirdilər”. Görəsən, çadırda oturanlar bu adda məmləkəti itirdiklərini yada salırdılarmı?
Büsbütün sehrlənmişdik.
O gecədən ayrılmaq istəmirdim. Elə bilirdim ki, alaçıqdan çıxan kimi hər şeyi itirəcəyəm, bu düzənlikdə kimsəsiz qalacağam.
Dərələr səngidi yaz yağışında,
Təbriz ağlayırdı dağlar başında.
Bəli, Təbriz ağlayırdı dağlar başında.
Dağ. Dumanlı-çiskinli hava. Ustad iki saatdan çox çalıb-oxudu.
Sonra aşıqdan icazə alıb sanatoriyaya yollandıq. Yolun hər qarışı təhlükə idi. Dumandan yarım metr o tərəfi görmək mümkün deyildi. Maşında üçümüz idik. Həsən maşını çox yavaş sürürdü. Düzü, havalarından, aşıqların oxumasından bir o qədər də xoşum gəlməzdi. Amma aşıq Cavan elə şövqlə oxumuşdu hələ də qulaqlarımızda “Yanıq Kərəmi”nin yanıqlı səsi eşidilir, yolun təhlükəli olmasını unutdururdu…
Nəhayət, Tərtərin şırıltısını eşitdik. Ura, salamat dərəyə enmişik, demək, əsas aşırımlı-uçurumlu yolu keçmişik.
Hələ bir neçə gün sanatoriyada da söhbətimiz o gecədən olacaqdı.
Və “Oxuyan Təbriz” şeiri də elə o gecənin təsirindən yaranacaqdı.
Dağ başının şairanə məqamları olduğu kimi, S.Rüstəmin hekayəsində təsvir olunan “nasiranə gecələri” də olurdu İstisuyun.
Belə vaxtlarda kişilər bir yerə yığışıb nərd oynayırdılar.
Sanatoriyanın qarşısındakı kiçik sahədə əkilmiş ağaclar inkişaf etməyib kiçik qalmışdılar. Çay tərəfə o qədər də hündür olmayan hasar çəkilmiş və çay görünən kimi skamyalar da qoyulmuşdu. Məmməd çox vaxt həyətə enər, ətrafı gəzər, oturacaqda durub gözləri yumulu Tərtərin səsinə qulaq asar, ağaclarda yuva salıb yorulmadan balalarına yem daşıyıb tez böyütməyə çalışan bülbüllərə baxar, sonra da çayın lap sahilinə enərdi.
Az sonra camaat səhər yeməyinə yığışardı.
Səhər, günorta, axşam yeməkdən qabaq bulağın lap gözünə gedərdik. Yolboyu təbiətin heykəltəraşlığına heyran-heyran baxar, qayanın birini qurbağaya, birini əjdahaya, insana və s. bənzədərdik. Adamlar isə sakitcə keçib gedər, bu qəribə “heykəllərə” fikir verməzdilər. İstisuyun şəfalı sularının dərdlərinə dərman edib-etməyəcəklərindən nəsə düşünmürdülər.
Məmmədin isə dərin şair müşahidəsi ilə “Ağlayan qayalar”, “Həkim çay”, “Daş qartal” və s. şeirlərini yazacaqdı.
İstisudan yadımızda qalan bir də Hüseyn Ağayev – Bərdə rayonun kolxoz sədri – və xanımı Xədicə ilə tanışlığımız oldu. Sonradan Hüseyn Məmmədin ən yaxın dostlarına çevrildi.
Bir səhər yuxudan durub həyətə çıxmaq üçün qapını açdıq. İlahi, bu nə möcüzədir? Dünyanın bütün kəpənəkləri elə bil buraya toplaşmışdı. Sanatoriyanın bütün ərazisini, eyvanlarını, pillələrini, bağını, bir sözlə, hər yeri xına rəngli, qara xallı kəpənəklər bürümüşdü. İstirahət edənlər səhər yeməyini unudub bu mənzərəyə baxırdı. Mat qalmışdıq bu görünməyən mənzərəyə… biz heyrətdə ikən gəldikləri kimi də uçub getdilər. Bayaqkı mənzərə bir andaca pozuldu. Sonralar bir neçə il İstisuya getsəm də, bu hadisə bir də təkrar olunmadı.
Görüşümüzə gələnlərin sayı çoxalırdı. Onların arasında Məmməd Aslan və Sücaət də vardı. Birgə İstisudan aşağılara enər, bəzən çay yuxarı qalxar, isti su çıxan yerlərə baş çəkərdik. Məmməd Aslan sıldırım qayalarda görünən mağaralar haqqında saatlarla danışar, yorulmaz, hər daşını, hər kolunu elə təsvir edərdi ki, təəccüblənərdim:
– Ay Məmməd, bu adi daşları lap ləl-cəvahirə bənzətdin ki?!
– Bacım, bu daşları sevməsəm, daşın altındakı torpağı sevə bilmərəm. Gəl gedək, indi sizə suyun fəvvarə vurduğu yeri göstərim. Gör təbiət necə möcüzə yaradıb, heç yerdə belə möcüzə ola bilməz, – şişirtdi Məmməd. Bu, ancaq bizim torpağın qismətidir.
Dərəyə enirik. Su axdıqca üzə çıxan minerallardan müxtəlif fiqurlu qatlar əmələ gəlirdi. Heykəltaraşlar illərlə çalışsalar belə, suyun, mineralların əmələ gətirdiyi çeşidli fiqurları, bəzəkləri yarada bilməzdi. Hər üç şair birgə şəkil çəkdirdi.
Orada çəkilən şəkillərin bəziləri saralıb sıradan çıxıb. İllər ötdükcə xatirələr yaddaşlardan necə silinirsə, şəkillər də saralıb ömürlərini başa vururlar.
İstisuda istirahət etdiyimiz zaman yazıçı Bayram Bayramov da ailəsi ilə birlikdə sanatoriyaya gəldi. Yerli ziyalılardan Şamil Əsgərov sanatoriyadakı sənət adamlarını Göyçə (Sevan) gölünə aparmağı vəd etmişdi. Bir gün vədinə əməl edib bizi dağları aşmaqla Göyçə gölünün (ziyarətinə) apardı. Yol boyu gözəl mənzərələrin şahidi olduq. Və belə torpaqlarımızı əlimizdən alıb ermənilərə verənlərə hey lənət oxuduq. Gölə çatdıq. Ermənilər elə ki gördülər bir qrup azərbaycanlı gölə yaxınlaşıb, nə xısınlaşdılarsa, nə məqsədlə gəldiyimizi soruşdular. Arxayın olanda ki, ayrı məqsədimiz yoxdur, sakitləşib geri çəkildilər. Ancaq kənardan nəzarət etməyə başladılar. Məmməd özünü saxlaya bilməyib ürək ağrısı ilə:
– Vallah, Göygölü sonuncu damlasınadək çəkib aparsaydılar, bunlar kimi maraqlanmaz, bir tükümüz də tərpənməzdi, – söylədi.
Yadıma nədənsə C.Məmmədquluzadənin “Nigarançılıq” hekayəsi düşdü…
Geri qayıtdıq…
Aşıq Şəmşir Məmmədin görüşünə gəlmişdi. Bir dəfə də gəlib Məmmədi tapmadığını söylədi. Səməd Vurğunla xatirələrindən, onunla gəzdiyi yerlərdən xüsusi söhbət açdı. Məmmədlə şəklini çəkdirib getdi. Səhərsi gün belə bir məzmunda şeir göndərdi:
Məmməd İbrahimə
Ana nəğmə kitabını oxudum,
Heyran oldum hər işinə şairin.
Tərlan kimi qanad çalır havada
Çatan varmı yerişinə şairin.
Kəlamı təsirli, elə bil Səməd,
Alim zəkalıdı, yaxşı yetir zənd.
Desəm, Ələsgərdi, etmə məzəmmət,
Fərasətli duruşuna şairin.
Gəlişinə bizim ellər sevindi,
Yoluna şam tutan əllər sevindi,
Çəmənlər, çiçəklər, güllər sevindi.
Şəmşir ilə görüşünə şairin.
1968
Aşıq Şəmşir
… Eşitdik ki, Şövkət xanım Ələkbərova Kəlbəcərdədir. Ora yollandıq. Məqsədimiz şəhərin lap girəcəyindəki mehmanxanada qalan Şövkət xanımla görüşmək idi. Şövkət xanımı yaxından ilk dəfə görürdüm. Sadə, təmkinli, xanım-xatın qadındı. Yadımdadır, Şövkət xanım sanatoriyada konsert verdi. Məmmədin sözlərinə Ağabacı Rzayevin bəstələdiyi “Kəklik” mahnısı çox şövqlə ifa olundu. Elə bizim üçün də musiqisiz, filansız oxudu… Məmmədlə sənətə, sənətkara aid bir çox problemli məsələdən söhbət açdılar.
Şövkət xanımla “Taxta” deyilən yerdə yenidən görüşdük. Hansısa (adı yadımda deyil) aşığın oğlunun “kiçik toyuna” dəvət olunmuşdu. Bizi də dəvət etmişdilər. Məclisdə olanlar Şövkət xanımdan oxumağı xahiş etdilər. Oxudu, amma necə oxudu… segahın bu qədər yanıqlı olması mənə indi uca dağlar qoynunda, balalarımdan ayrı olduğum vaxta çatırdı… kövrəlmişdim…
– Əhsən, Şövkət xanım, ürəkləri yenidən fəth etdin, – bunu ürəyimdə dedim. Baxışlarımız toqquşanda gülümsünüb dedi:
– Aşığa hörmətim olduğu üçün oxudum, mən məclislərdə oxumuram.
İkinci dəfə Şövkət xanımdan nə qədər xahiş etsələr də, oxumadı.
Şövkət xanımla yaxından ilk və son görüşüm belə oldu.
Uşaqlıqdan təbiət vurğunu idim. Təkcə gəzmək yox, quşların nəğməsini, yarpaqların “dalaşmasını”, səhərin açılmasını, ulduzların axmasını, bir sözlə, – təbiətin bütün gözəlliklərini hara isə köçürmək istəmişəm. Lakin rəssamlıq qabiliyyətim olmayıb. Qızlığımda nail ola bilmədiyim arzularımı həyata keçirmək üçün Məmməddən xəbərsiz qardaşımdan borc götürüb kinoaparat almışdım. Həmin pula qiymətli üzük alıb barmağıma taxa bilərdim. Lakin yuxarıda sadaladıqlarım məni 8 mm-lik lentli, “Niva-2” kinoaparatı almağa sövq etdi.
İstisuya gedəndə aparatı özümlə aparmışdım. Lakin Məmmədin qısqanclığı, oradakı adamların “görməmiş kimi” gözlərini bərəldib baxmaları mənə yaxşı kadrları lentə almağa imkan vermədi. Amma yenə az da olsa, bəzi kadrları lentə ala bildim.
İndi Məmməd haqqındakı televerilişlərdə istifadə olunan cavanlıq kadrları çəkdiyim həmin lentlərdən götürülüb.
Haşiyə: Qızım İradə atası haqqında veriliş hazırlayanda keçmişdə çəkilmiş lentləri axtardı. Rəhmətlik Faiq Dərgahov C.Cabbarlı adına kinostudiyada işləyəndə bütün yazıçılardan, o cümlədən Məmməddən də iki saat yarımlıq “Ədəbiyyat almanaxı” adlı veriliş çəkib saxlamışdı. İradə bütün yerlərə, eyni zamanda kinostudiyaya da müraciət etmiş, lakin orada bir kadr da saxlanmamışdı. Təəssüf… biganəlik…
Sanatoriyanın baş həkimi Yusif də Məmmədin hörmətini saxlar, onu Kəlbəcərin görməli yerlərinə aparardı. Belə gəzintilərdə mən iştirak etmirdim.
O günlərdən bir də ən çox yadımda qalan Şəfiqə Axundovanın oxuduğu türk mahnısı idi.
“İstəsən, gəl dönəlim,
O əski günlərimizə…”
Eh, kim dönə bilib ki, o günlərə?
Şəfiqə xanımın səsinə Tərtərin özünəməxsus səsi də qarışar, unudulmaz bir təəssürat yaranardı.
İstisuda birinci ilimiz çox maraqlı keçdi. Yeni, təmənnasız dostlar qazandıq. Həsən Kərimov, Hüseyn Ağayev, Yusif həkim və adını unutduğum – başqaları.
Yenidən Bakıya döndük. Və qayğılarımız öz axarına düşdü, bütün qüvvəmizi “səfərbər edib” işimizlə məşğul olmağa başladıq. Məmməd çalışırdı ki, edilən təzyiqlərə əhəmiyyət verməsin. Bu mümkün olurdumu, bilmirəm. Çünki Məmməd çöldə olan söz-söhbəti evdə danışmağı xoşlamazdı.
1969-CU İLİMİZ…
Qayğılar görürük bürüncək kimi
Tikandan astarı, ipəkdən üzü…
Demişdim, hər sentyabr gələndə qanım yaman qaralırdı. 1968-ci ildə sənədlərimi yenidən müəllimliyə bərpa olunmaq üçün vermişdim. Nəhayət, 10 il fasilədən sonra əmrimi 152 saylı rus-erməni məktəbinə verdilər. Rus bölməsinə Azərbaycan dili müəllimi təyin olunmuşdum. Siniflərdə çoxluğu azərbaycanlı uşaqları təşkil etməsinə baxmayaraq, öz ana dillərinə münasibətləri olduqca pis idi. Hətta orada elə azərbaycanlı müəllimlər işləyirdilər ki, öz dillərini ya bilmir, ya da bu dildə danışmaq istəmirdilər. Bu, məni çox təəccübləndirirdi. Yadımdan çıxmaz. Həmin məktəbin 7-ci sinifində Azərbaycan dili dərsi idi. Dərsimiz söz birləşmələri idi. Cümlə təhlili aparırdım. Orta sırada Armen adlı bir şagirdin yazı taxtasına baxmadan bərk məşğul olduğunu gördüm. Yaxınlaşdım:
– Armen, nə işlə məşğul olursan belə?
– Erməni əlifbasını öyrənirəm, müəllim.
– Bizim ki, dərsimiz Azərbaycan dilidir. Mövzumuz da söz birləşmələridir.
– Düzdür, müəllim, baxın, cümləni təhlil etmişəm, bilirəm ki, təhlili düzdür. Sizə də təmiz Azərbaycan dilində cavab verirəm. Sinfin çoxu sizdəndir, onlardan birini qaldırın, əgər sizə öz dilinizdə cavab versə, cümləni təhlil edibsə… Vaxtımı boş keçirmədən öz əlifbamızı öyrənirəm, burada pis nə var ki?
Armenin bu gözlənilməz cavabından tutuldum.
İradına heç bir cavab verə bilmədim.
Lənətə gəlmiş ermənilər yenə də söhbətə mövzu oldular.
Bir ili güclə başa vurub həmin məktəbdən “qaçdım”.
Birinci ili Məmməd işləməyimlə heç cür barışa bilmirdi. İşə düzəltməyinə peşman olmuşdu. Avtobus düşəndə məktəbdən tez gəlirdim:
– Niyə tez gəldin? – sualı ilə qarşılanırdım.
Gecikəndə isə o saat:
– Niyə gecikdin? Deyə, məni əsəbləşdirərdi. Dərs cədvəlimi isə məndən yaxşı bilirdi. Tez-tez mənə sözü bu olurdu:
– Gülxanım, gəl bir cuhud mühasibdən soruşaq, sənin evə gətirdiyin çoxdur, yoxsa itirdiyin?
– Məmməd, – deyərdim, – mən oxumuşam, özü də necə əziyyətlə. İşləmək istəyirəm, uşaqlarım bir az böyüyüb, həm də pulumuz çatmır, köməyim dəyər.
Yalvarışlarım nəticə verməz, hər gün eyni sözlər təkrar olunardı. İş yerindəki hadisələr də tez-tez özündən çıxmasına səbəb olardı. Beləcə, qışı birtəhər başa vurduq…
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.