Электронная библиотека » Gülxanım Fətəliqızı » » онлайн чтение - страница 8

Текст книги "Məmməd Arazlı günlərim"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Gülxanım Fətəliqızı


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 8 (всего у книги 10 страниц)

Шрифт:
- 100% +

Yaxşı ki, “Kommunist” qəzetinin bu işdə aşkarlıq işığını sönməyə qoymur. Eldar Namazovun “Kommunist” də dərc olunan məqaləsində, ondan əvvəl, ondan sonrakı məqalə və məktublarda “Kim çox günahkardır” suallarına düzgün cavab verilir. Hər kəsin qəbahəti öz ünvanına ötürülür. İndi elə mürəkkəb vəziyyətdir ki, gəmidə oturan gəmiçini saymır. Belə olduqda bu xalq öz hökumətinin səlahiyyətini qorumağa məcburdur. Mərkəzi hökumət hadisələrin dərinliyinə varmır, ağsaqqallıq eləmirsə, yerli hökümət hardan başlamaq, necə başlamaq sualına cavab verə bilmirsə, xalq onun səlahiyyətinin tapdanmasına heç cür imkan verə bilməz. Güzəşt yaxşı şeydir, amma qarşılıqlı olsa.

Güzəştdən sui-istifadə edən, təbiətə, təbiət abidələrinə əl qaldırır. Amma təbiətin intiqamı yaman olur ha! Lev Tolstoy deyir ki, əgər naqis adamlar (o, “paroçniye lyudi” – deyir) birləşir, müəyyən qüvvəyə çevrilsə, onda yaxşı adamların bir yolu qalır: – onlar kimi hərəkət etmək!

Olanı olduğu kmi təqdim eləmək, olacağı ayıq-sayıq gğzləmək, haqq işə, halal işə keşikçi dayanmaq – bu, əsl aşkarlıqdır, əsl mərdanəlikdir.

Məmməd Araz.

Məktub kəskin yazıldığına görə, təbii ki, çap olunmadı.

Televiziyadan müxtəlif sənət sahiblərinin çıxışlarına diqqətlə baxan Məmməd öz-özünə deyinir, onların bəzilərinin çıxışları ilə razılaşmırdı. Xalq qəzəblənmişdi. Ziyalıların, qələm sahiblərindən istiqamətlənməyi gözləyirdilər. Məmməd danışa, çıxış edə bilmir, xəstəliyinə “üsyan” etmək istəyir, öz fikirlərini heç olmasa məktub şəklində çatdırmağa çalışırdı.

Əlisahib Orucovun çıxışından sonra ona belə məzmunda məktub yazdı:

Hörmətli Əlisahib müəllim!

İki gün bundan əvvəl Azərbaycan Televiziyasının “Aktual ekran” rubrikasında Ali Məhkəmənin sədri, respublika prokurorunun müavini və sizin çıxışınızı dinlədim. O yoldaşlar nə danışdı, necə danşdı, onda işim yoxdur, məqsədim ayrıdır. Məqsədim sizin bu hadisələrə öz münasibətimi bildirməkdir. Birbaşa təklifləriniz, sətiraltı və ya eyhamlı söhbətiniz mənə çox aydındır. Əvvəllər də buna yaxın və ya elə bu mövqedən çıxışlarınız olub. Ekranda da, ayrı-ayrı yığıncaqlarda da. Biz nə vasitə ilə olur-olsun özümüzü qorumalıyıq.

Hansı zorakılığın, insana qarşı silah işlətməyin əleyhinəyəm. Belə hallar bəşəri demokratiyanın, sivilizasiyanın təbiətinə, ümumən, insanlığa ziddir… Elə ki xalqın, Vətənin, torpağın taleyi məsələsi həll olunur, onda ən mədəni, ən humanist ziyalı da silaha sarılıb qəddarlaşa, “quduzlaşa” bilər. Bu hadisələr başlananda mən “Kommunist” qəzetinə məktub yazmışdım. O məktubu çap eləmədilər (o vaxt yazmışdım: “erməni “ekstremistləri” deyib xalqımızı azdırmayın. Olanı olduğu kimi də təqdim etmək lazımdır: bütün ermənilər bizm davaya giriş, bizdən torpaq istəyirlər, bunun ayrı adı yoxdur).

Biz ermənilərlə qonşu, müəyyən vaxtlarda “dost” da olmuşuq. Görünür, onlar daha qonşuluq şərtlərinə (hələ dostluğu demirəm) əməl eləmək fikrindən tamam əl çəkiblər.

Bir dəfə Yazıçılar İttifaqında (60-cı illərin əvvəllərində) bir yığıncaqda erməni yazıçısı Qareqin Sevuns dedi: – “Dostluq bir qırmızı almadır, bir gün sizdə, bir gün bizdə”. Tutaq ki, qırmızı alma indi bizdədir; bəs sonra? Sonrası…

Sizin fikirlərinizə şərik oluram. Bu hadisələr zamanı xalqımızı ayıq-sayıq olmağa çağıran mövqeyinizə tərəfdar oluram. Bu, ürəyimin səsi idi, Sizə yazdım. Necə qəbul edəcəyinizi deyə bilmərəm.

Hörmətlə: Məmməd Araz

17 aprel 1990

Firdovsinin nə günahı, səsi uludur!

Xumarlıqdan kar olanın qulağını qaz!

Bir oğul ki, ana dili üzüqoyludur,

O, şahı, abbası olar, Şah Abbas olmaz”!

Cənubi Azərbaycandan dəhşətli xəbərlər gəlir, azadlıq carçılarının dar ağacından asıldıqları, zindana atıldıqları, dillərinin kəslidikləri xəbərləri yayılır, mətbuatda bu barədə yazılar çap olunurdu. Təbii ki, belə yazılara Məmməd biganə qala bilməzdi. Qeyd elədiyim kimi, xəstəlik nitqini “əlindən aldığı üçün” gümanı fikrini yazılı ifadə etməyə gəlirdi. Növbəti yazısını “Ədəbiyyat nə incəsənət” qəzetinin redaksiyasına yazmışdı. Çap olunub-olunmadığını bilmirəm.

Hörmətli redaksiya! Qəzetin 20 yanvar 1989-cu il tarixli nömrəsində “Cinayət” adlı yazını oxuyub dəhşətə gəldim. Bu, sadəcə xəbər, məlumat deyildi; bu – haydı, haraydı, ağlı-düşüncəsi, görən gözü, vuran ürəyi yerində olan insanı köməyə çağırırdı.

Bu, heç bir hakimiyyət qanununa sığmayan, heç bir “cəllad” məntiqinə uyğun gəlməyən quduzluqdur, başkəsənlikdir, yırtıcılıqdır. Əsrin, zamanın küll halda demokratiyaya doğru getdiyi vaxtda günahsız insanlar siyasi mövqeyinə, əqidə ayrılığına görə təqib olunur, təqib nədi, heç bir ədalət məhkəməsinə məhəl qoymadan min bir işgəncə ilə asılır, doğranır; vəhşicəsinə öldürülür. Öləni dəfn etməyə qoymamaq – vəhşiliyin son həddidir. Fikir verin, insanlar! Adları çəkilən adamlar arasında tanıdığım işıqlı, mətin, qəhrəman oğullar var. Çox təəssüf… Onların dönməzliyi, günahsızlığı, faciəli ölümü qarşısında baş əyirəm. Öz nifrət nizəmi sənin ürəyinə, sənin “idarə” üsuluna, sənin qudurmuş it gözlərinə tuşlayıram. Ürəyində ən adicə insanlıq işığı olan sənət adamları, bütün ziyalıları, sərhəddimiz daxilində, sərhəddimizdən xaricdə haqq-ədalətə, bəşəri demokratiyaya hörmət edən bütün ağıl-zəka sahiblərini köməyə çağırıram: Diqqətinizi müəyyən məqamda tirana yönəldin. Bu cinayətə son qoymaq üçün “SƏSİ HƏR YERDƏ EŞİDİLƏNLƏR” birliyi yaradın. Beynəlxalq Millətlər Təşkilatını köməyə çağırın. Nəhayət, nə yolla olursa-olsun belə cinayətləri ittiham edən çox nüfuzlu beynəlxalq məhkəmə qurulmasını tələb edin. Bütün dünyanın mütərəqqi qanunlarına müraciət ünvanlayın: – baxın bu cəlladlığın həddinə – günahsız insanları öldürmək və onları dəfn etməyə qoymamaq – bundan o yana vəhşiliyin həddi, sərhədi yoxdur.

Bu yazımı qəzet vasitəsilə bütün beynəlxalq nüfuzlu təşkilarlara müraciət və ya şikayət ərizəsi hesab edirəm: Lənət irticaya, lənət qanunsuzluğa, lənət bütün qırğınlara, bütün cinayətlərə!

Məmməd Araz

23 yanvar 1989-cu il

Bu yazımı təkrarən köçürdüyüm vaxt, yəni 12 yanvar 2004-cü il İranın prezidenti Hatəmi İrəvanda ona verilən suala belə cavab vermişdi:

– Azərbaycanın Cənubunun Şimala birləşməsi gülünc bir zarafatdır.

Amma beləyə qalsa, cənab Hatəmi, elə dünyanın bütün işləri “gülünc bir zarafatdır, baxır vaxtına”. Ürəyimdə deyirəm.

Torpağımız alov qumlu, şimşək cüyürlü,

Bu torpağı qucmaq üçün dumanlaşaydım.

Əyiləydim bir div kimi: Arazlı, Kürlü

Dərələri sümürəydim, tufanlaşaydım.

Bakı çalxalanırdı, meydanlarda, küçələrdə nümayişlər başlamışdı. Hərəkata sonralar başçılıq edənlər rəhbərliyi Məmmədə təklif etmişdilər. Lakin xəstəliyinə görə Məmməd qəbul etməmişdi. Amma meydanla yazılı əlaqə saxlayırdı. Meydana aşağıdakı məzmunda müraciətdə göndərmişdi:

Bakı şəhəri, Sahil meydanı, mitinqin iştirakçılarına!

Əziz dostlar, nər oğullar, gül qızlar!

Neçə gündür, Xəzərin soyuq dalğalarıyla baş-başa, külək uğulduyan meydanda xalqımızın haqq işi uğrunda haray çəkir, ədaləti qorumağı tələb edirsiz.

İnanın ki, bütün bu günlər ərzində fikrim, xəyalım, ürəyim sizin yanınızdadır. Ancaq fiziki vəziyyətim imkan vermir kürsüyə çıxam, sizi alqışlayam, bağrıma basam.

Silsilə dağlar kimi sinənizi qabağa verib fitnəyə qarşı, fitnəkarlığa qarşı, dondan-dona girən xəyanətə qarşı dayanmısınız. Biz çox güzəştə getmişik. Ancaq ermənilərin qabağına düşüb onu fəlakətə sürükləyən bir qrup fitnəkar bilməlidir ki, gün gələr, bunlar tərəziyə qoyular, çəkilər və deyilər: güzəşt qarşılıqlı olmalıdır!

Bizim öz səlahiyyətimizi qorumağa ağıl gücümüz, söz gücümüz və lazım gələrsə, qol gücümüz də var.

Bizim Bəxtiyar kimi müdrik ağsaqqalımız, Nemət, Sabir, Əbülfəz kimi nər cavanlarımız – hər məqamda, hər yerdə, hər səviyyədə kürsüyə çıxmağa qadir oğullarımız yüzdür, mindir. Balalarımız bizə həmişə cəsarətli, ağıllı, təmkinlini özündən qabağa ötürməyi öyrədib.

Ürəyimdən gələn səmimiyyətlə respublikamızın yuxarı təşkilatlarını haqlı tələblərinizi yerinə yetirməyə, təlaş və narahatlığınızı başa düşməyə – sizi də onların nüfuzunu qorumağa, onların səlahiyyətlərini müdafiə etməyə çağırıram. Ayrı yolumuz yoxdur.

Həmişə sizinlə olan Məmməd Araz

25 noyabr 1988

(Müraciət dəfələrlə Azadlıq meydanında tribunadan oxunub)

Məmməd heç bir hakimiyyət dövründə qarışıqlığın, hərc-mərcliyin tərəfdarı olmayıb.

Meydan hərəkatı başlananda bir-iki dəfə ora tək getdim. Hər dəfə də gəlib bütün çıxış edənləri, çıxışların məzmununu ona danışırdım. Necə oturub-durmağımızı, oturmayanları Nemətin “erməni” adlandırdığını da gülə-gülə xəbər verirdim. Sonra da onu təqsirləndirirdim ki, meydanda ən çox sənin şeirlərin oxunur, çıxış edə bilməsən də, heç olmasa meydanda görünməlisən.

– Yaxşı, – dedi, – sabah gedərik.

Səhərisi (tarix yadımda deyil) Məmmədlə meydana sarı gəldik. Elə uzaqdan tribunadan səslənən ünvanlı-ünvansız təhqirləri eşitdikdə büdrədi, rəngi qaçdı. Mən bərk qorxdum:

– Sənə nə oldu? Titrəmən niyə artdı?

– Gedək. Ümidimiz olan bu tribunadan eşitdiyim bu söyüşlərin, bir-birini təhqirlərin, parçalanmağın axırını yaxşı görmürəm. Deyəsən, ümidim özünü doğrultmadı.

– Nə olsun? Kommunistləri söyürlər də, – acıqla mənə baxdı:

– Kommunistlər azərbaycanlı deyillər? Hamısı satqın deyil ki, onların arasında mərd oğullar çoxluq təşkil edir. Bu ağızlarından “dürr” tökənlərin çoxu elə kommunistlərdir. Mən ciddi danışıqlar, ciddi tələblər, möhkəm birlik gözləyirdim. Heyif…

Daha orada dayanası olmayıb qayıtdıq və Məmməd bir daha meydana getmədi. Bir az vaxt keçəndən sonra yazı masasının üstündə belə bir bənd oxudum:

Biz kimik, bizimçün ölənlər bilir,

Bizim havamızı bilənlər bilir,

Bizi çox astaca bölənlər bilir,

Bizi çox ustaca bölənlər bilir…

Bu, “Amandı, qoruyun bir-birinizi” şeirinin qaralaması idi. Sonralar bu şeir “Yaxşılar” adı ilə çap olundu.

Bizə çatdırırdılar ki, “Ayrılıq” mahnısını oxuyan yaqub Zurufçu Bakıdadır, meydanda Məmmədin şeirlərini eşidib onunla görüşmək istəyir. Rəhmətlik Gülağa Məmmədovla zəngləşib vaxt təyin etdik. Görüşdük, Yaqub Zurufçu:

– Neçə vaxtdır mitinqləri izləyirəm, şeirlərində azadlığa çağırış, hayqırtı olan bu şairlə maraqlandım, indi isə xoşbəxtəm ki, meydanda ən çox səslənən şeirlərinin müəllifi ilə görüşdüm.

Qardaşxan da gəlib çıxdı, danışıqları radio üçün lentə aldı. Yaquba “Aylarım, illərim” kitabını bağışladıq, qonaq dəvət etdik, gəlmədi, – bağışlayın, geri qayıtmalıyam, – dedi.

BU HƏYATDIR, ƏZİZİM, TOYUNA DA GÜL

SATAR, YASINA DA GÜL SATAR

Bu o günlər idi ki, tanklar, BTR-lər, rus əsgərləri keçələrə doluşmuşdu. Təəssüf ki, bəzi qadınlarımız da onlara xörək daşıyırdı. Yəqin, belələri bilsəydilər ki, bu ordu övladlarını güllənin qabağına verəcək, belə etməzdilər. Qadınlarımız tankların lülələrinə gül dəstələri bağlayır, bununla rus əsgərlərinin ürəyini “yumşaltmaqla” bərabər bildirmək istəyirdilər ki, görürsünüz, “necə sizə sadiq adamlarıq”.

Belə mənzərələrin şahidi olanda yadıma M. S. Ordubadinin “Dumanlı Təbriz” romanında təsvir etdiyi rus əsgərləri düşürdü:

“… Soldatlar qarpız satan dükanın qabağında durmuşdu… Yerli kişilər rus soldatına bir qarpız bağışlayır və əvəzində boynuna şillə endirirdi. Soldat boynunu əyir, qarpız hədiyyə edən isə əlini vedrədəki suya basıb bütün qüvvəsi ilə onun boynuna şillə yapışdırırdı. Kənardakılar isə “olmadı, olmadı” – deyə qışqırırdılar. Bundan sonra digəri başqa soldatı irəli çəkib boynunu əli ilə əyir, soldat “rüku”ya gedən kimi əllərini dizlərinə söykəyib durur, onun boynuna yağlı bir şillə ilişdirirdilər.

– Məhəmmədağanın “şilləsini” göydən gələn göy imam da vura bilməz!

– Gədə, sən öləsən, elə bil ki, qələmə ağacı sındırdı.

– Gədə, bu yetimin boynunda boyunluq qoymadın ki.

Müxtəsər, bir neçə dəqiqənin içərisində 7-8 soldatın boynunu qızartdılar. Boynu qızarmış soldatın hərəsi qoltuqlarında böyük bir qarpız öz postlarına qayıtdılar. Boyunları çuğundur kimi qızarmış soldatlar bir-birinə:

– Axmaqlar, bundan nə həzz alırlar? Doğrudur, adamın boynuna bir az əziyyət verir, lakin qarpız da ucuz deyil, – deyə təəccüb edirdilər.

… Bu halı seyr edərkən təbrizlilərin nə qədər laqeyd, unutqan olduğu haqqında düşünürdüm…”

(“Dumanlı Təbriz”)

Ordubadi bu məzərələrlə hər iki xalqın nümayəndələrinə ironiya ilə gülür, təəssüflənirdi.

Nitə bunları yazdım? Ona görə ki, “ni pokidayte nas”, – deyə, çıxıb gedən rusların az qala ayaqları altına döşənən qadınlarımızın (təbii ki, az miqdar) radiodan (televiziya partladılmışdı) gələn səsləri adamı haldan çıxarırdı. Bu yalvarışlara Məmməd hamıdan çox əsəbiləşirdi. Gülünc vəziyyət alınmışdı. Diktorlarımız mərdliklə mətnləri oxumaqdan imtina etdiklərinə görə, küçədən dili yarımçıq bilən başqa millətlərin nümayəndələrini studiyaya gətirirdilər. Onlar da mətni düzgün oxuya bilmirdi. Məs: çıxış edən – “şaiyələrə inanmayın” sözünü “şairlərə inanmayın” kimi oxuyurdu.

Dövrümüzün “biləndər”ləri hazır idi ki, mərkəzi rəhbərliyin siyasətinə xalqın, torpağın azadlığından üstün tutsunlar…

Ermənistandan qovulan azərbaycanlıların vəziyyətinə hamı yanır, qəzəblənirdi. Onları lentə alanlar isə təqib olunurdular. Məmməd neçə dəfə xəstəxanalara gedib (baxmayaraq yeriyə bilmirdi) əzablara məruz qalanlara baş çəkir, gəlib evdə qovrulur, xəstəliyi bir az da artırdı. Vəziyyətin bu dərəcəyə çatmağını gördükcə dörd divar arasında vurnuxur, özünə yer tapa bilmirdi. Lift işləməyəndə işə gedə bilmir, gərginliyi bir az da artırdı. 20 Yanvar qırğınını hamı kimi bizə də pis təsir etmişdi. Evimiz yol ayrıcında idi. Yanından səhərə qədər tanklar şəhərin müxtəlif yerlərinə daşınırdı. Televerilişlərə baxırdıq. Etibarın xalqa müraciəti xalqa verilməli idi. Birdən televiziyada veriliş dayandı. Dedilər ki, televiziyanı partladıblar. Həyəcan içindəydik. Bilmirdik bir azdan başımıza nə gələcək. Məmməd küçələrdə, meydanlarda gecələyənlərin taleyi üçün çox narahat idi. Ancaq əlindən heçnə gəlmədiyi üçün daha da əsəbiləşirdi. Danışa, yeriyə bilməməsinə, xəstəliyinə elə bir üsyan edir, taleyini günahlandırırdı.

Saat 12-də (gecə) zəng etdilər ki, keçmiş Kirov qəsəbəsi tərəfindən qoşunun bir hissəsi şəhərə daxil oldu. Eyvana çıxdıq. Əsgərlər nizamla keçmiş Lenin (Azadlıq prospekti ilə aşağı – dəniz tərəfə gedirdilər.

Özümüzü saxlaya bilmədik, qışqırdıq:

“Karateli”, “akopanti” və s. bizim qışqırtımıza boylansalar da, əhəmiyyət vermədən yollarına davam etdilər.

11-ci mərtəbədən havada o tərəf-bu tərəfə uçan güllələrə baxırdıq. Yuxu idi bu? Necə ola bilər ki, öz ordumuz bizi qırsın?

3-cü mikrorayondan gələn yol Lenin prospektinə çatanda üç tərəfə ayrılır. 8-ci mikrorayona, şəhərə və aeroporta. Yollara səpələnmiş adamlarsa, əllərinə nə düşsə, yollara tökür, bununla da tankların qarşısını kəsməyə çalışırdılar. Amma tankların qarşısında onlar nə idi ki… Adamlar tankların qabağında atılıb-düşüb, əsgərlərə “ni stıdna vam” deməklə rus əsgərlərini “utandırmaq” istəyirdilər. Əgər biri əlinə daş alsaydı, atəşə hazır əsgər utanmadan camaatı gülləbaran edirdi. Utanmaq nədi? Eyvandan etdiyim müşahidəni yazıram. Bizə də güllə dəyə bilərdi, lakin evimizin yanında atışma və ölüm olmadı.

İçəridə Məmməd Toğrulla Tuncayı sakitləşdirməyə çalışırdı. Körpələrimiz yaman qorxmuşdular.

Səhər heç nədən qorxmadan küçələrdə tökülü qalmış meyitlərin başına toplaşan qadınlarımızın fəryadı şəhəri bürümüşdü.

“Xalq ürəyində güllə səsləri” – bu, Məmmədin o günlərdə yazılmış məqaləsidir. Hər yerdə ağlaşma, fəryad, ahu-zar…

“Daha ağlamayın”, – deyirdi Məmməd. İndi onlara matəm səsi çatmaz, indidən belə bu faciələrdən dərs almalıyıq. Bizə hər şeydən əvvəl vətəndaş birliyi lazımdır, haydan-qışqırıqdan uzaq birlik. Şəhidlərin hansı əqidə yolunda qurban getdiklərini əbədi səsə çevirmək, gələcək nəslin qulağında sırğa etmək – onların ruhuna ən böyük ehtiramımızdır.

Onun “Qılınc qap, Vətən oğlu” məqaləsində şəhidlərə aid 8 misradan ibarət gözəl şeiri var.

Yolçu qardaş, ayaq saxla,

Nakamlara baş əyib dur.

Nə qəhərlən, nə də ağla,

İndi onlar xalq oğludur.

Burda zaman nəfəs almır,

Burda əsrin səsi donur.

Əbədiyyət aram-aram,

Şəhidlərə heykəl yonur.

Məncə, bu şeiri Şəhidlər Xiyabanının girəcəyində lövhəyə yazıb vursunlar, başqa təbliğata o qədər də ehtiyac qalmazdı…

Şəhidlərə həsr edilmiş bundan gözəl şeir bilmirəm… başqasının adından danışmağa haqqım yoxdur – bu, mənim aləmimdə belədir.

Bütün televiziya və radio verilişləri “Ağla qərənfil, ağla” ilə başlanır, həmin misra ilə də qurtarırdı. Bu verilişlərə baxan Məmmədi fikirli, əzgin görürdüm. Nə haqdasa fikirləşəndə gözləri yol çəkirdi Məmmədin… Bilirdim, nəsə yazacaq. Yazı masasının üstündə bir neçə misra yazılmış vərəqlər səpələnmişdi. Bir gün işdən gəlib mətbəxə keçmək istəyirdim ki, məni çağırdı.

– Gülxanım, bir şeir yazmışam, onu köçür.

“Ata millət, ana millət, ağlama” başlığı ilə yazılmış şeirini köçürdükdən sonra iradımı bildirdim:

– Bütün şairlər, ağla qərənfilim, ağla, – deyir, – hamını ağlamağa çağırır, sənsə xalqı ağlamamağı məsləhət görürsən. Məktəblərdə şagirdlərin hazırladığı səhnələrin əsas motividi, ağla qərənfil.

Həmişə ona etiraz etməli olanda zarafatla öz şeirinin bir misrasını deyərdim: – “Gecikmisən, Məmməd Araz”. Onda sözlə izah edə bilmədiyim qəribə təbəssüm olardı üzündə. Bax, indi də həmin təbəssümü gördüm…

Şeirə bir də əl gəzdirib çapa verdi. Şeir böyük müvəffəqiyyət qazandı. Mehriban Əhmədova musiqi bəstələdi, Flora xanım oxudu…

Həmişə üzərimdə “qələbə” çalanda da həmin mülayim təbəssümlə gülümsər, – məğrurmu deyim, qalibmi deyim – sözlə ifadə etmək mümkün deyil, – baxışları olardı Məmmədin. Bu şeir də uğur qazananda, bax, həmin baxışları gördüm onda. Yəqin, demək istəyirdi: “Sən məndən xalqı bədbinliyə çağıran şeir istəyirdin”. Olmaz. Xalq həmişə qamətini dik saxlamalıdır. Gördün, şeirim də necə yerinə düşdü?!”

Bu hadisələrlə bağlı Xəlil Rzanı da tutmuşdular. Tutulanların buraxılması üçün imza toplanırdı. Xəlilin bacısı Böyükxanım işlədiyim 19 saylı məktəbin yaxınlığında yaşayırdı, qızları da şagirdim olmuşdular. Böyükxanım imza toplamaq üçün mənə xüsusi hazırlanmış 4 vərəq göndərdi ki, müəllim kollektivinə qol çəkdirim. 10-cu sinfin rəhbəri idim. Birinci növbədə dərsi olan müəllimlərə və 10-cu sinfin şagirdlərinə qol çəkdirdim. Kim imza atırdısa, soyadını yazmalı idi. Həmin siyahıya hətta milliyyətcə rus olan Dovqan da imza atdı, lakin məktəbin cilddən-cildə girən buqələmun rəhbərliyi və adını çəkmək istəmədiyim bir neçə müəllim yoldaşım imza atmadı. 100-dən artıq imza toplayıb vərəqləri Böyükxanıma qaytardım.

Məktəbdə mənə basqınlar başladı. Məktəbin bütün iqtidarlara yarınan direktoru məni sinif rəhbərliyindən azad etdi. Hələ bu harasıdır, müxtəlif böhtanlara başladı ki, guya xalq cəbhəsinin casusuyam, şagirdləri sovet ideologoyasından uzaqlaşdırıram, rusları işğalçı adlandırıram və s. Həmin direktor indi də “azad Azərbaycançı olub” yenə əvvəlki işindədir.

Xəlil rəhmətlik məni həmişə Gülüş deyə çağırardı. Direktorun yapışdırmağa çalışdığı sözlərdən heç təsirlənmədim də. Əksinə, sevinirdim ki, Xəlilin zindandan azad edilməsinə, bəlkə, dəryada damla qədər də olsa, topladığım imzaların xeyri ola bilər və mənim də bu işdə xidmətim ancaq bu olar…

Məmməd işdən qayıdanda dedi ki, MK-ə teleqram vurmuşam. Yazmışam: Xəlilin azadlıq uğrunda, torpağımızın bütövlüyü uğrunda apardığı mübarizədə nə günahı varsa, öz üzərimə götürürəm. Xəlili buraxın, yerinə məni tutun.

Xəlil üçün yaman narahatdı Məmməd.

ONSUZ DA, BİLİRƏM Kİ,

SEÇİLMƏYƏCƏM…

1990-cı ildə seçkilər keçirildi. Yaman kampaniya başlamışdı.

Hər yay olduğu kimi, yeganə “kurortumuz” olan kəndə istirahətə gedmişdik. Bir gün bizə Xalq Cəbhəsinin iki nümayəndəsi gəldi. Məlum oldu ki, Məmmədin deputatlığa namizədliyini vermək üçün razılığını almağa gəliblər. Məmməd əvvəl razı olmadı, çox təkiddən sonra blankı doldurdu. Soruşdum ki, elə niyə? Gülə-gülə cavab verdi:

– Onsuz da, bilirəm ki, məni seçməyəcəklər, bu yazıqlar bu qədər yol gəliblər, Bakıdan Qubaya, niyə ürəklərini sındırım?

Namizədlər öz platformaları haqqında çıxış edirdilər. Bakıya qayıtdıqdan sonra Məmməd də belə yazı hazırlamışdı, yazılışında təzə fikirlər olduğu üçün xatirəmə əlavə edirəm:

“… Hörmətli yoldaşlar, hər şeydən əvvəl zəhmət çəkib görüşə gəldiyiniz üçün öz səmimi təşəkkürümü bildirirəm. Mənim bioqrafiyam belədir:

1933-cü il Şahbuz rayon Nurs kəndində doğulmuşam. 57 yaşım var. Bircə dəfə evlənmişəm. İki qızım, iki oğul nəvəm var. Bioqrafiyamda, necə deyərlər, “kölgəli” cəhətlər olub. Əkinçi, biçinçi atam 10 il xalq düşməni kimi, 1945-ci ilin avqust ayında Sibirə “istirahət”ə göndərilib. Komsomola ağlaya-ağlaya keçmişəm, partiyaya minnətlə.

Mənim elə bir platformam yoxdur. Xalqın platforması, onun dərdi, qayğıları, ümid və arzuları indiyəcən olduğu kimi, innən belə də platformam olacaq. Bu günlərdə özümə tez-tez sual verirəm:

–Sən müasir seçkini necə görmək istərdin?

– Son dərəcə obyektiv, son dərəcə səmimi və diqqətcil, son dərəcə ayıq və tələbkar, mədəni və demokratik…

– Deputatı necə görmək istərdin? – Son dərəcə həssas və qayğıkeş, son dərəcə mütərəqqi və qorxmaz, tələbkar, yaxşı eşidən, yaxşı görən və yaxşı duyan. Çoxpartiyalı parlamenti qoruyan!

Yeni parlamenti necə görmək istərdin?

Yüksək dərəcədə intelektual və maarifçi, yüksək dərəcədə milli təəssübkeş və beynəlmiləlçi, yüksək dərəcədə qətiyyətli və prinsipal, yüksək dərəcədə qanunpərəst və demokratik, yüksək dərəcədə vətənpərvər və ayıq!

Mən nə uğrunda mübarizə apara bilərəm və bilməliyəm?

Bu oyunda uduzsam, peşman olmaram ki?!

Keçmişə qayıda bilsəm, özümlə nəyi gətirərdim? – cəsarəti.

Mübarizə etməli olsam:

Yalana, bir də torpaq israfçılığına qarşı çıxardım.

(Bu yazının bir neçə cümləsini isə ha çalışsam da oxuya bilmədim).

Platforması isə bundan ibarət idi:

MƏNİM PLATFORMAM

Elə bir xüsusi platformam yoxdur. Xalqın platformasını müdafiə etmək, onun dərdləri, qayğıları, problemlərini öz qəlbində əks-sədaya çevirmək obyektiv platformamdır…

Bu: yurdumuzun ərazi bütövlüyünü öz taleyi kimi qorumaq üçün düşünən başları daim ayıq-sayıq olmağa çağırmaq.

Bu: öz mövqeyim, öz gücüm, öz səlahiyyətim daxilində yuxarıdan aşağı gələn, aşağıdan yuxarı gedən yalanlara qarşı durmaq, bunların haradasa birləşib boş vədlər olacağını böyük həssaslıqla duymaq və ifşa etmək: xalqa demək ki: yalan olan yerdə bərəkət olmaz; bərəkət olmayanda – sərvət olmaz; sərvət olmayanda – səxavət olmaz; səxavət olmayanda – sədaqət olmaz; sədaqət olmayanda – məhəbbət olmaz – məhəbbət olmayanda – ta heç nə…

Xalq deyib: yalan ayaq tutar amma yeriməz. Xalqa demək ki, bu və ya digər partiya yalanın qolundan tutub ona yerimək öyrədir. Bir də xalqa demək ki, bizim babalar çox gözəl deyiblər: yalan ilə plov bişsə, dəniz qədər yağı məndən; zaman gəlir ki, yalanla bişən heç nəyə xalq dilini vurmur. Onda başlayır partiya daxili böhran, ona inam itir. İnam itəndə hər şey itir.

Bütün məşğul və qeyri-məşğul – harada, nə vəzifədə işləyir-işləsin, nəfəs alan və gələcəkdə nəfəs almaq istəyən insanların qulağından bu harayı asmaq ki, yazılarda, çıxışlarda, şeirlərdə təkrar-təkrar, demək ki, var gücünüzü bir yerə toplayın, insanlar!

Ekoloji fəlakət qapı ağzındadır. Hər işi bu gün görün. Sabahımız təhlükə qarşısındadır. Övladlarımızın sabahını qoruyun. Bu sahədə qlobal problemləri həll etmək, ən qabaqcıl ölkələrlə münasibətdə ekoloji həmrəyliyə nail olmaq bütün platformaların ən açığı, ən aydınıdır. Cari məsələlərə vaxt ayırmaq, süründürməçiliyə, bürokratizmə qarşı konkret mübarizə aparmaqdır!

Çoxpartiyalı parlament seçkilərinə nail olmaq xalqın əsl platformasına saxildir.

Mən də bu mövqeyi müdafiə edirəm.

Məmməd Araz

Məmməd seçilmədi seçilməzdi də. Bu, gün kimi aydın məsələ idi.

Özünün qeyd etdiyi kimi, torpaq israfçılığı Məmmədin yaralı yerlərindən biri idi. Bu haqda qeydləri:

“… Baxıram, kəndlər, rayon mərkəzləri, bir sözlə, yaşayış məntəqələri əkin yerlərinə doğru “eninə-uzununa” necə də səxavətlə genişlənir!

Qədim kəndləri göz önünə gətirin; onların çoxu daşlı-qayalı yamaclarda salınıb.

Düzənlik, münbit yer əkin-biçin üçün, otlaq-biçənək üçün saxlanırdı.

Elə Bakının böyründəcə, Xırdalan qəsəbəsinin yuxarı-duzlu yal-yamaca doğru deyil, bərəkətli düzənliyə – qiymətli torpağı olan əkinəcəyə doğru genişlənməsinə hansı ağılla imkan verilib? Bu, ən azı elmi korluq, ən azı gələcək nəslin payına şərik olmaq deməkdir. Çox təəssüf ki, torpağı bu cür münasibət faktları bir deyil, beş deyil, on deyil…

Torpağa israfçı münasibəti məhdudlaşdıran birinci şərt daxili vətəndaş vicdanı olmalıdır…”

İndi bir qədər ömrümüz boyu bizi izləyən mənzil problemlərimiz varıdı. Bu haqda danışmamaq qeyri-səmimilik olardı, çünki mənzillə bağlı çəkdiyimiz əziyyətlər daim gündəmdə idi.

Xəstə olduğu üçün 11-ci mərtəbə Məmmədə heç cür əl vermirdi. Lift işləməyəndə piyada yuxarı mərtəbəyə qalxa bilmirdi. Məmməd yenidən Yazıçılar Birliyinə, KP MK-i katiblərinə müraciət etsə də, hamısı nəticəsiz qaldı.

Ayaz Mütəllibov prezident seçildikdən sonra nə iş idisə, ərizəni Mütəllibova çatdırmışdılar. Gözləmədiyimiz halda, Ayaz Mütəllibov ərizənin üstünə belə bir dərkənar qoyubmuş:

“Rüfət Ağayev, Məmməd Arazı sevməyən, Azərbaycanı sevə bilməz”.

Rüfət də öz növbəsində bizə Yeni Yasamalda ev təklif etdi. Ev paneldən olduğuna görə (Məmmədə olmazdı) imtina edəsi olduq.

Sonra… Sonra aləm qarışmağa başladı. Ev almaqdan əlim üzüldüyünə görə, yaşadığımız evi ötəri də olsa, təmir etdirməyə başladıq. Bir ay qızımgildə qaldıq. Nəhayət, təmir qurtardı, evimizə qayıtdıq. Evin divarlarına hələ isti çıxmamışdı. Soyuqdan büzüşüb oturmuşduq. Dekabrın 7-si idi, axşam xəbərlərinə baxırdıq. Xəbərlərin axırında Məmmədə Xalq şairi adının verilməsi haqqında prezident fərmanını oxudular. Təəccüblə bir-birimizə baxdıq. Soruşdum:

– A kişi, təqdimat barədə sənə bir söz demişdilər? Xəbərin ola-ola mənə niyə deməmisən?

Məmməd and içdi ki, heç nədən xəbərim yoxdur. Dedim, Sağ olsun Ayaz Mütəllibov. Heç bir təqdimat olmadan, 60 yaşın tamamını gözləmədən Məmmədə xalq şairi adını verdi.

Həmin gecə iki teleqram aldıq:

“Müstəqil Azərbaycan Respublikasının İLK Xalq şairi, nəslimizin şah mirasını sən yaratdın, qardaşım, eşq olsun sənətkara! Sənin böyük poeziyana minnətdaram!

Bu da bir zarafat, Məmməd!

Nəriman Həsənzadə. 7 dekabr 1991”.

“Azərbaycan türklərinin qüdrətli və cəsur oğlu, sevimli şairimiz Məmməd Araz!

Günaydın! Bütün sabahların xoşbəxtliyə açılsın! Bu axşam telegüzgüdə şad xəbər eşitdim; Məmləkətimizin ağ saçlı sənətkarı Məmməd Araza Quzey Azərbaycan Türk Respublikasının Xalq şairi ünvanı verilib. Təbrik, igidimiz! Gözün aydın! 40 ilin zəhməti hədər getmədi. 40 ilə yaxındır incəsənətin, poeziyanın əzəmətli bisütun dağlarında Fərhad külüngünlə qayaları çapırsan, süd arxı çəkir, dirilik suyu bulaqları tapırsan! 40 ilə yaxındır Məmməd Araz poeziyası gözlərimizə işıq verir, qollarımıza qüvvət! Milli şüurumuza, ulusal bilincimizə aydınlıq gətirən iıq qaynağıdır Məmməd Araz poeziyası! Vahid və böyük Azərbaycanın istiqlalı, böyük Turan dövlətinin yaranması, səadət düşmənlərinin darmadağın edilməsi naminə döyüşlərinizdə Sizə daha coşğun yaradıcılıq ilhamı, mübarizə əzmi arzulayıram.

Dostun Xəlil Rza Ulutürk

7 aralıq 1991

Məmməd isə həmişə belə deyib: “Həmişə Xalq şairi olmaqdansa, xalqın şairi olmağa çalışmışam”.

GETDİM, GÖRDÜM TÜRKİYƏNİ

“Ədəbiyyat və incəsənət” qəzetinin 1991-ci il nömrələrinin birində belə bir elan verilmişdi ki, Məhəmməd peyğəmbərin doğum gününə həsr edilmiş şeirlərin müsabiqəsi keçiriləcək. Qalib gələn şair Türkiyəyə dəvət alacaq. Şeirlər isə Məmməd İsmayıla təqdim olunmalıdır. Məmmədin 91-ci ilin əvvəlində yazılmış “Ya rəbbim, bu dünya sən quran deyil” adlı şeiri vardı. Evdə xahiş etdik ki, həmin şeiri müsabiqəyə təqdim etsin. Belə də oldu. Şeir müsabiqəyə layiq görüldü və Məmməd Türkiyəyə dəvət aldı.

Dəvətdə yazılırdı: Məhəmməd peyğəmbərin doğum günü münasibətilə “Kutlu doğum haftası” keçiriləcək və bu həftə 19-25 sentyabr tarixləri arasında dəvət etdikləri sənətçilərlə bərabər türk sənətçiləri də doğum həftəsində iştirak edəcək.

Dəvəti təşkilatçı heyətin rəhbəri Rza Səlimbaşoğlu göndərmişdi. Lakin o arada vəziyyəti ağırlaşdığı üçün Məmməd gedə bilməmişdi.

Bir xeyli vaxt keçəndən sonra Məmmədin görüşünə türk yazarı Şükrü Qaraca gəldi. Onunla sözləşdik ki, bizi Türkiyəyə dəvət etsin, gələk Türkiyəni görək. Şükrü bizə şəxsi dəvət göndərdi. 1991-ci il dekabrın 29-da Məmməd, mən və İradə İstanbula yola düşdük. İstanbulda bizi Vəqfin nümayəndəsi qarşılamalı idi. Nədənsə gecikmişdi. Məmməd hər şeydən həyəcanlanır, İradə onu sakitləşdirməyə çalışırdı.

– Ata, dil bilirik, telefon nömrələri əlimizdədir, uzağı bir gecə qalıb geri qayıdacağıq.

Elə bu danışıqlar zamanı bizi müşaiyət edən gəlib çıxdı və bir az gecikdiyinə görə üzr istədi. İki gecə İstanbulda qaldıq. Məqsədləri Məmmədi gəzdirmək idi. Qaldığımız yer, “Öyrətmənlər evi” adlanırdı. Oradan Sultan Əhməd camesinə və Aya Sofyaya maraqla baxırdım. Oxuduğum “Min bir gecə” nağıllarını xatırlatdı mənə Sultan Əhməd camesinin işıqları. Axşam Firat bəyə telefon açdıq. Səhər Firat bəy bizi bir neçə redaksiyaya apardı. Redaksiyalarda əsas adamları tapa bilmədilər. Firat bəy bizdə olan məqalə və şəkillərin bir neçəsini götürdü, surətini çıxarıb qaytardı. Sonra Firat bəy bizə Sultan Əhməd camesini yaxından göstərdi, Məmməd özünü pis hiss etdiyi üçün başqa yerlərə baxmadan geri qayıtdıq.

Bizi Ankarada Şükrü Qaraca qarşıladı və Dyanet Vəqfinin mehmanxanasında, 3-cü mərtəbədə yerləşdik. 31 dekabr idi. Türklərin yeni ili necə qarşılayacaqları ilə maraqlanırdıq. Bizdə olan telefon nömrələri ilə bir neçə yerə zəng etdik, heç kimi tapmadıq. Türklərə göstərdiyimiz “isti” münasibəti orada görmədik. Səhər bizi dəvət edən Vəqfə getdik, yaxşı qarşılandıq. Tez-tez soruşurdular:

– Bizi başa düşürsünüzmü, çətinlik yoxdu?

Məmməd cavab verirdi:

– Dilimiz birdir, kim öz dilini başa düşmür ki…

Bir neçə gündən sonra Məmmədəmin Rəsulzadənin qəbrini ziyarət etdik. Çoxlu şəkillər çəkildi, təəssüf ki, şəkillərdən bizə çatmadı. Arabir Səbri Araz və tanımadığımız institut müəllimləri yanımıza gəlirdi. Mehmanxanada əkiz bacılar – Nemət və Hikmətlə tanış olduq.

Bacılar söhbətə otağımıza gəldilər.

– Biz “Bozqurd” partiyasındanıq. Azərbaycanda qırğın olanda kömək edə bilmədiyimizə görə təəssüflənirik, ürəyimiz sizinlə idi, – dedilər.

Bacılardan biri sual verdi: “Barı burada doyunca ət yeyə bildinizmi?” Biz güldük və qızları başa saldıq ki, Bakıda hər şey var, bizim kimilərin heç nəyə ehtiyacı yoxdur. Sizə düzgün məlumat çatdırmayıblar.

– Nazim Hikmət türk dünyasının böyük şairidir. Burada hiss etdim ki, ona o qədər də yaxşı münasibət bəsləmirlər… Nazimi Türkiyədə təbliğ etmək lazımdır. Əsərləri vaxtaşırı çap olunmalıdır. Bir vaxt gələcək özünüz onun heykəlini ucaldacaqsız.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации