Текст книги "Məmməd Arazlı günlərim"
Автор книги: Gülxanım Fətəliqızı
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 10 страниц)
Böyük dünyanın kiçik dərdləri
Böyük dərdlərdən daha böyükdür.
Və bir də:
Mənim yuxularım, yuxular deyil,
Mənim qayğılarım qayğıya sığmaz.
Bilirəm. İş-gücünüz, qayğınız çoxdur, sayıqlamalarımı dinləmək o qədər də maraqlı olmaq (elə özüm üçün də). Ayın 15-nə kimi bilet almışıq. Sağlıq olsa, axşam ordayıq. Bu qədər. Cavab gözləmirəm. Daha məktub yazmasam, narahat olmayın.
Öpürəm sizi.
Məmməd
2/X.80
Pitsunda
Məmmədin “istirahəti” yazmaq, yenə də yazmaq idi. Gələndə xeyli yeni şeirlə qayıtmışdı. Onların arasında Hikmət Ziyanın Məmmədə həsr etdiyi şeiri də vardı. Həmin şeirdən bir bənd yazıma əlavə edirəm:
O dinməzdir, hamımızdan az danışandır,
Ancaq onun tufanları ürəyindədir.
Məmməd Araz Azərbaycan havasındadır,
Məmməd Araz Azərbaycan çörəyindədir.
Biz – evdəkilər razı idik ki, o, hər iki aydan bir Bakı mühitindən uzaqlaşsın, hər dəfə qayıdanda da “bir qucaq” şeir gətirsin.
İstirahətdən qayıtdıqdan sonra yenə də liftlərin işləməməsi ilə əlaqədar 11-ci mərtəbəyə qalxa bilməməsi, ictimai mühit və s. problemlərlə qarşılaşdığına görə hiss edirdim ki əsəbiləşir, əsəbiləşdiyinə görə də xəstəliyi artırdı.
Aşağı mərtəbədə evlə təmin olunmaq üçün həm Yazıçılar İttifaqına, həm də ayrı təşkilatlara müraciət etsə də, faydası olmamışdı.
Həmin ərizə və müraciətlər arxivdə durur.
Eyni zamanda bütün yazıçıların bağı olduğu halda, bizim bağımız da yox idi ki, yayda heç olmasa, maşın səsindən, 11-ci mərtəbədən bir neçə ay canımız dincəlsin. Bu məqsədlə bir neçə “Çinovnikə” müraciət etdi Məmməd.
1. Bakı şəhər Bağ Təsərrüfatı İdarəsinin rəisi İ.Vəkilov yoldaşa
2. Azərbaycan KP Bakı komitəsinin birinci katibi Müslüm Məmmədov yoldaşa.
Onlar bağ vermədilər, bizim də bağ almağa pulumuz olmadı. İndiyəcən bağımız yoxdur. Nəticədə, hər yay Bakının istisində “bişməli” olduq.
Qışı, şükür allaha, salamat baş vurduq.
1981-ci ilin avqustunda keçən ilki dəstə yenə də Pitsundaya getdilər. Məmməd Bakıdan kənarda az da olsa, işləyə bilirdi. İkinci dəfə çox kiçik həcmli məktub yazdı:
Mənim əziz sünbüllərim!
Salamlar olsun. Səhhətim pis deyil. Bir xeyli şeir yazmışam. Odur ki, məktuba vaxtım qalmır. Ayın 18-də axşam saat 10-da buradan uçuruq. Axşamdan Liftyora deyin ki, lifti bağlamasınlar. Elə bir lazım sifariş olsa, təcili yazın.
Bu qədər, öpürəm hamınızı.
Məmməd
6/IX-81
Bu dəfə keçən ilkinə nisbətən az şeirlə gəlmişdi. Yenə də min şükür…
Şərqi doğar bu damazlıq dalğalar,
Veysəl gözlü, Şəmşir sazlı dalğalar.
Günlər, aylar, fəsillər bir-birini əvəz edir, illər öz ahəngi ilə təzələnirdi.
Tofiqlə qərarlaşdırmışdılar ki, bu il məni və Rəfiqəmi də özləri ilə Pitsundaya aparsınlar.
Nəvəm Toğrul təzə anadan olmuşdu. Bir tərəfdən uşaqları tək qoymaq istəmir, digər tərəfdən Qara dənizi görmək istəyi üstün gəlirdi.
Nəhayət, bir ay öz hesabıma məzuniyyət götürüb Məmmədə qoşuldum. Təyyarə dağların üstü ilə uçduqca qəribə mənzərələr bir-birini əvəz edir, çox möcüzəli görünürdü, yəni bu, mənə elə gəlirdi… Zirvələr müxtəlif formalarda, qəliblərdə… – Heyrətlənir, heyrətimi Məmmədlə bölüşmək istəyirdim. Dönüb ona baxır, görürdüm ki, mənə qəribə görünənlər ona qəribə gəlmir.
Soçidən maşınla Pitsundaya yollandıq. Mənzərəli yerlər idi. Qara dənizi – Məmmədin təsvir etdiyi Veysəl gözlü ləpələri görəcəkdim. Qaqraya çatmamış yol bizim günəşi gizlədən Qəçrəş yoluna bənzəyirdi.
Sanatoriya lap dənizin kənarında tikilmişdi SSRİ-nin hər yerindən yazıçılar burada həm istirahət edir, həm də yaradıcılıqla məşğul olurdular. Rəfiqəm ilə dəniz kənarında gəzişər, Məmmədlə Tofiq isə öz yaradıcılıqları ilə məşğul olardılar.
Bir dəfə azərbaycanca danışığımızı eşidən qoca bir kişi bizə yaxınlaşıb salam verdi. Xeyli söhbət etdi. Söhbət arası bildirdi ki, ölməyə vətənə qayıtmaq istəyir. Arvadının rus olduğunu bildikdə ədəbləşdik, deyindik.
“… Ay adam, öz torpağında Fatma, Tükəzbanlardan almadın, cavanlığını çörəyini ayrı millətə bəxş elədin. Qocalıb onlar sizə baxmayanda vətən yadınıza düşür?!.”
Yazıq kişini o qədər danladıq, daha birdə gözümüzə görünmədi.
Hadisəni Tofiqlə Məmmədə danışdıq, bizə güldülər.
Arada ekskrusiyaya da gedirdik. Qafqaz gözəli Ritsa gölünü, Novo Afon mağaralarını, Suxumi şəhərini gəzdik. Suxumidə limana və meymun parkına baxdıq. Bu sətirləri yazdığım zaman müharibə, yəqin ki, oraları xarabaya döndərib.
Qəfil hökmləri qəfil yazmalar,
Naqəfil darğalar yadıma düşdü…
Doğru deyirlər ki, şairin taleyi şəxsi taledən başlayır. Məmmədin də keçilməz yerlərdən keçən ömür yolu vətən və vətəndaş qayələrindən doğulan bir şairin tale payıdır.
1982-ci ildə Məmmədin də adını dövlət mükafatına təqdim olunanların siyahısına salmışdılar. Məmməd özü bilə-bilə ki, onu təltif etməzlər, təqdimata razılıq verməzdi. Görünür, yoldaşları məcbur etmişdilər. Deyirlər, sən saydığını say, gör Azərbaycan ədəbiyyatından xəbəri olmayan, dilini bilməyən, ədəbiyyatı ancaq təbliğ olunan adamların timsalında görənlər nə sayır?! Eşitdiyimə görə, xalq arasında hörməti olan şairlərə münasibəti yaxşı olmayan komissiyada çoxluq təşkil edirmişlər. Hətta bizə çatdırmışdılar ki, Cövdət Hacıyev deyibmiş: – Mamed Araz? Kto on takoy?
Nə isə… Mükafat ayrı yazıçıya verildi. Təsir əks təsirə bərabərdir, – deyirlər. Onda Azərbaycanın haqqı müdafiyə edən təbəqəsi MK-yə çoxlu teleqram vurmuşdular.
Məmməd özünü buna hazırlamışdı, ancaq yenə də bir insan kimi bu haqsızlıq təsirini göstərmişdi. Süleyman Rüstəmə məktub yazmış və bunu cavab almışdı:
Əziz kiçik qardaşım, Məmməd Araz!
Məktubunu aldım. Təşəkkür edirəm, mərdliklə yazılmış sətirləri təkrar-təkrar oxudum. Lakin bir qədər bədbin sətirlərə rast gəldiyimdə məyus oldum. Əziz qardaşım! Hələ gəncsən, xəstəliyə dözüb onu başından etməyə sən də qüdrət yox deyil. Bu yaşa qədər neçə ağır xəstəliklə mübarizə aparmışam. Daxilimdəki inamımla müalicə zamanı həkimlərə köməkçi olmuşam. Sən də belə ol, əzizim!
Şeirləri ürəklərə yol tapan gözəl şair kimi mükafatlara layiq şəxsiyyətsən. Əlbəttə, belə məsələlərdə kiməsə dil açmamaq, yalvarmamaq əsl sənətkara yaraşan sifətdir. Şairdə bu hərəkəti alqışlayıram.
Mənə verilən adlardan, nailiyyətlərdən əvvəlcədən xəbərim olmayıb. Amma elələri olub ki, özlərini nadir istedad sanaraq təşkilatları bu mənada cana gətiriblər. Onu da deyim ki, sənin barəndə söhbətə bir də qayıdacağıq.
Möhkəm ol, qardaşım! Poeziyamızı gözəl şeirlərində zənginləşdirmək yolunda sənə uğurlar!
Yeni bahar bayramın mübarək.
Sənə möhkəm can sağlığı, səadət arzulayıram.
Səni bağrıma basıb öpürəm!!
1982. 28 aprel.
Süleyman Rüstəm.
Xəstəliyilə əlaqədar hər il Şüvəlandakı sanatoriya tipli xəstəxanaya bir aylığa müalicəyə gedir, mən də məcburən ona qoşulmalı olurdum. Bu müalicələrin bir o qədər əhəmiyyəti olmurdu. Ayaqları tutulmağa başlamışdı. Suda boğulan saman çöpündən yapışan kimi, biz də hərdən ara həkimlərin yanına gedir, bəlkə, onlardan bir əlac olacağını gözləyirdik.
Əli heç nəyə çatmayanda başını aşağı salıb öz işi ilə məşğul olurdu. Kitabları yenə də maneə ilə çap edilirdi. Əlli yaşına isə az qalırdı. Məmmədlə harada görüş keçirildisə, oxucuları ondan yeni şeir, yeni kitab istəyirdilər. Məmməd də öz növbəsinə müxtəlif sədləri keçmək üçün müxtəlif adamlara müraciət etməyə məcbur olurdu:
Azərb. SSR Nazirlər Sovetinin Dövlət nəşriyyatı,
Poliqrafiya və Kitab ticarəti işləri komitəsi sədrinin müavini Azər Mustafazadə yoldaşa şair Məmməd Arazdan
ƏRİZƏ
“Yazıçı” Nəşriyyatı bu yaxınlarda “Dünya sənin, dünya mənim” adlı kitabımı çap eləməyi nəzərdə tutur. Lakin kitabın tirajı çox az – 7 min nüsxə müəyyən olunub. Qeyd edim ki, Azərbaycan dilində son kitabım 1979-cu ildə buraxılıb.
Bu günlərdə 50 yaşım tamam olur. Bununla əlaqədar keçən görüşlərdə, ümumiyyətlə, oxucular kitablarımın daha artıq tirajla çap olunmasını xahiş edirlər. Yazılarıma oxucu marağını nəzərə alaraq təzə çıxacaq “Dünya sənin, dünya mənim” kitabımın 15-20 min, mümkünsə daha artıq tirajla buraxılmasına sərəncamınızı xahiş edirəm. Zəmanət verirəm: kitabım satılandan sonra qonorarım ödənsin.
İmza: Məmməd Araz.
5/X–1983.
Bu xahişdən sonra həmin kitabın tirajı 15 minə qaldırıldı, lakin tələbat daha artıqdı. Bunu kitabın sürətlə satılması da sübut edirdi. Sonralar kitabı özümüzə də lazım olduğu üçün axtardıq, tapa bilmədik. İşbazlar isə onu altdan satmağa başlamışdılar.
Əlli il deyildi, əllicə gündü…
Enişli-yoxuşlu… Çoxları bilir.
1983-cü il oktyabrın 14-də Məmmədin 50 yaşı tamam oldu.
Bütün qəzetlər – respublika və əyalət qəzetləri, jurnallar – bir sözlə, bütün mətbuat yuxarıların heç bir göstərişi olmadan 50 yaşla əlaqədar məqalələr çap etməyə, təbrik teleqramları verməyə başladılar.
Filarmoniyada İnşaat Mühəndisləri İnistutu Məmmədlə görüş keçirdi. Tədbirdə institutun rektoru Bünyad Sərdarov, müəllim kollektivi və tələbələr iştirak edirdi. Həmişəki kimi zal ağzınacan dolmuşdu. Oturmağa yer yox idi. Kim harda mümkünsə, orda ayaq üstə dayanmışdı. Keçə bilməyənlər isə fürsət axtarırdılar ki, birtəhər içəri keçsinlər. Gecəni rəhmətlik Aydın Məmmədov aparırdı. Lənkəran gül bağından Məmmədin bu məclisinə təzə-tər gül çələngi göndərmişdilər. Bir tələbə qızla tələbə oğlan Lənkəranklıların yubiley təbrikini oxuyub Məmmədin şeirlərindən dedilər və çələngi təqdim etdilər. N.Mehdixanlı “İlham pərisi” şeirini oxuyanda bir yerdə çaşdı. Bütün zal xorla şeirin arxasını deməyə başladılar. Belə auditoriya ilə bu vaxta kimi rastlaşmamışdım. Görüş dörd saat yarım çəkdi. Heç kim zaldan çıxmaq istəmirdi. Gecənin afişasını saxlamışam. Sonralar, lap sonralar həmin gecənin çəkilişini televiziyadan almaq istədim, ancaq çəkiliş düşündüyüm kimi – 50 illik yubiley adıyla yox, sadəcə “Yazıçılarla görüş” başlığı altında saxlanılırdı. Çünki deyə bilməzdilər ki, gecə Məmmədin 50 illiyi ilə əlaqədar keçirilib, olmazdı, qoymazdılar, çünki onun heç bir titulu yox idi.
Gecədə tutula-tutula Məmməd bu sözləri demək istəmiş, lakin tam ifadə edə bilməmişdi.
Zal elə susmuşdu ki…
Hörmətli yoldaşlar!
Sizə, məni səmimi alqışlarla qarşılayanların hamısına, bu görüşü təşkil edən İnşaat Mühəndisləri İnstitutunun professor – müəllim heyətinə, tələbələrinə, rektorluğuna, partiya və həmkarlar təşkilatına təşəkkürümü bildirirəm.
Bu etibar, bu etimad, bu alqışlar üçün var olun!
Əziz yoldaşlar, məndən əvvəl hörmətli ədəbiyyatşünas Aydın Məmmədov Azərbaycan şeirinin geniş coğrafiyasından, ittifaq və dünya miqyasında yerindən yaxşı danışdı. Ədəbiyyatın adi qələmçalanı olmağımla fəxr edərdim. Bilmirəm, bu şərəfə layiq olmağım mümkündürmü?
Mübaliğəsiz deyirəm: hər əlimə qələm alanda dağ zəhmli ustadlar gözlərim önündə dayanır: “Oğulsan, təzə söz de, bu nəhənglər özündə imtahan ver” – deyirəm.
Nizaminin bu beyti:
Şeirdən ucalıq umma dünyadan,
Çünki Nizamiylə qurtardı o da;
Ömər xəyyamın bu misrası:
Mənsiz bu dünyanın işi keçərmiş
Əcəba, nə üçün cahana gəldim.
Nəsiminin bu kəlamı:
Şərhi bəyana sığmazam…
Gözlərim önündə şüar kimi asılır. İstər-istəməz deməli oluram:
Mənim gəlişimlə nə dəyişildi?
Mənim gedişimlə nə dəyişəcək?
Bütün irili-xırdalı yazılarımı bu etiraf üstündə qurmağa çalışıram. Buna nə dərəcədə nail oluram, deyə bilməyəcəm. Bu il “Yazıçı” nəşriyyatında “Dünya sənin, dünya mənim” adlı şeirlər kitabım çapa hazırlanır. Kitab redaktə olunub, bu günlərdə yığılmağa göndəriləcək.
Moskvada da kitabım çap ediləcək. Bu il əsas işim bunlarla bağlı olub. Nə qədər ki, qələm tuta bilirəm, işim-ömrüm davam edir taleyin yoluna qəfil zəlzələ çıxana qədər sözüm olacaq deməyə.
Bəs sonra? – Sonrasının sonu görünməz…
Bir daha sizə və televiziya tamaşaçılarına təşəkkür edib, yadımda olan iki balaca şeirlə çıxışımı tamamlayıram…
Sonra, sonrası belə oldu, – sözlərini deyə bilmədi, şeirlərini söyləyə bilmədi; vaxtilə kürsüləri titrədən, şeirləri su kimi içən ikicə şeirini oxuculara çatdıra bilmədi, kövrəldi, zal Məmmədi başa düşürdü, onunla bərabər kövrəldi, ağlayırdı. Sevirdi Məmmədini zal. Hərdən fikirləşirdim ki, onu xalqa sevdirən cəhətlər hansılardır? Qadını kimi yox, oxucusu kimi bu qənaətə gəlirəm ki, bu, şeirlə bədii təfəkkür tariximizin möcüzəsidir. Və bu sehirdən kənara çıxmaq olmaz. Məmmədi təxminən 20 dəqiqədən çox ayaq üstə alqışladılar.
Məmməd bu sevgidən, bu alqışdan silkindi, qələmdən daha bərk yapışdı.
Sonralar Kamil Qurbanov özünün “Gözəl sənət nümunələri” məqaləsində yazacaqdı:
“… İlk şeirlərindən başlamış bu günə qədər fəlsəfi, estetik baxımdan poeziyamızın gözəl nümunələrini yaradan Məmməd Araz təravətli, bənzərsiz, novator və mütəfəkkir şairdir.
Təravətlidir – ona görə ki, bu poeziya qaynar bulaqdır ki, hələ neçə-neçə nəsillər bu bulaqdan su içməli olacaqdır.
Bənzərsizdir – ona görə ki, şair özündən əvvəlkiləri və müasirlərindən heç kimi yamsılamır, yalnız özünəməxsus, Məmməd Araz sayağı keçilmiş yolla uğurlu addımlarla irəliləyir.
Novatordur – ona görə ki, “seçilmiş əsərlər” kitabındakı şeirlər forma əlvanlığına, deyim üsulu baxımından yeniliyə, obrazlığa malikdir.
Mütəfəkkir şairdir – ona görə ki, M.Araz dərin müşahidəçilik qabiliyyətinə malik olduğu üçün fəlsəfi ümumiləşdirmələr aparmaq yolu ilə hadisələrin daxilində olan çox incə çalarları üzə çıxarıb – əslində kəşf edib, tapıb – əlvan, bədii lövhələrlə oxucuya çatdırır.
Təkcə müəllifin “Dünya sənin, dünya mənim, dünya heç kimin” misrasında, görün, nə qədər fəlsəfi məna, sirli hikmət var…”
MƏKTUBLAR VƏ TƏBRİKLƏR
19 yaşlı bir qızın məktubu düşdü əlimə. Oxudum:
“… Qabaqlar şair deyəndə gözlərim önünə əl-qol ata-ata şeir söyləyən adam gələrdi. Sizin şeirlərlə tanış olandan sonra Sizi elə təsəvvür etdim (axı mən sizi heç yerdə görməmişdim). Amma sizi televizorda görəndə fikrimi dəyişdim. Siz çox sakit adamsınız. Eşitdiyimə görə, Araz çayı sakit axır. Əgər, doğrudan da, belədirsə, demək, siz də Araz kimi sakitsiniz. Amma şeirləriniz sakit deyil, coşqundur, qaynardır, dərin mənalıdır…”
Bu sətirlər Lənkəranın Poçot İliç qəsəbəsinin (indi Liman şəhəri adlanır) sakini Abdullayeva Lətafətin ürək sözləri, sevgisi idi şairə.
Təbiəti Mühafizə Komitəsi Məmmədin 50 yaşını bu sözlərlə təbrik etmişdi.
Əziz Məmməd Araz.
Səni – Azərbaycan poeziyasının nurlu ulduzunu, həyatın ikinci gənclik astanasında – ömrünün məna və yaraşıq dolu 50 illiyin günündə hərarətlə təbrik edirik. Xalqa xidmət nümunəsi olan poeziyan bütövlükdə böyük məhəbbət himnidir. Bu himn başdan-başa insana, torpağa, yerə, göyə qüdsi bağlılığa çağırışla yoğrulub. Burda hər istəyən, hər zövqün öz payı var. Burada bizi əhatə edən dünyanın hadisələrinə Məmməd Araz ürəyinin münasibəti bərqərardır.
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Bu etiraf indi tək sənin yox, yaradıcılığına bələd olanların hamısının etirafıdır.
Nəğməkarı olduğun xalq səni məhz öz poeziya aynanda görüb, tanıyıb və sevib. Sənətkar üçün bu, böyük xoşbəxtlikdir.
Poeziyaya 19 yaşında gəlmisən. Şeir üçün əlinə ilk qələm aldığın gün, bəlkə də, hansı çətinliklərlə qarşılaşacağının fərqinə varmamısan. Ancaq bütün oxucuların kimi, bu gün biz də onu bilirik ki, poeziya aləminin çətin sınaqlarından zəfərlə çıxmısan. Nizami və Füzulunin, Sabir və Səməd Vurğunun dühasi ilə şərəflənmiş Azərbaycan şeirinin bayrağını yeni zirvəyə qaldırmısan. Həmin zirvə indi Məmməd Araz zirvəsi adlanırsa, o, sənin 30 illik böyük zəhmətinlə fəth edilib.
Əziz Məmməd!
İctimai fəaliyyətin təkcə poeziya sahəsindəki misilsiz xidmətlərinlə bitmir. Həmçinin mətbuatımızda fasiləsiz, səmərəli çalışan publisistsən. 10 ilə yaxındır təbiətsevərlərin mərkəzi tribunasına çevrilmiş “Azərbaycan təbiəti” jurnalı biləvasitə sənin redaktorluğunla çıxır.
Səmimi, qayğıkeş, mehriban və xeyirxah dostumuz! 50 illik yubileyin günündə sənə möhkəm can sağlığı arzulayırıq. Arzu edirik ki, Məmməd Arazın poeziya günəşi indən belə ürəklərə daha çox hərarət paylasın, bəşər övladını idraka, yüksəlişə, əmin-amanlığa daha yeni coşqunluqla səsləsin!
Qoy könlün doğma torpağımızı vəsf eləyib həmişə Azərbaycan dünyasında baxsın dünyaya!
50 yaşın mübarək, Məmməd Araz!
Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurası.
Təbrik və məktublar saysızdır, ancaq onlardan ikisini yazmağı qərara aldım:
Əziz oğlumuz Məmməd Araz!
50 illiyiniz münasibətilə sizi təbrik edirəm. Sizin ömrünüz adi ömür deyil. Bu ömrü şərəflə yaşayıb, poeziyanızla şərəfləndirmisiniz. Oxucuların sevimli sənətkarı olmaq kimi şərəf qazanmısınız.
Böyük sənətkarlar yetirən qədim torpağın ilhamlı oğlu! Sizə yeni yaradıcılıq müvəffəqiyyətləri, can sağlığı, könül xoşluğu arzu edirəm. Xəstə olduğum üçün vaxtında ürək sözlərimi deyə bilmədim. Bunun üçün məni bağışlayın.
Dərin hörmət hissi ilə
Mirvari DİLBAZİ
18/XI–83.
Görkəmli kristalloqraf alim, sənətsevər Xudu Məmmədovun məktubu çox orijina və səmimi idi.
Əziz Məmməd müəllim!
Doğduğunuzun 50 illiyindən danışan yazıları oxudum, verilişə də baxdım və böyük maraqla dinlədim.
“Doğduğunuz” sözünü işlətməkdə istədiyim türkləri yamsılamaq deyil. Biz də gün doğdu, ay doğdu, ulduz doğdu deyirik. Dünyanəı az-çox işıqlandırmaq üçün dünyaya gələn nə varsa, hamısına belə demək olar.
Bir oxucu kimi, Sizi sehirbaz sənətkar kimi tanıyıram.
Sözünüz, qələminiz nəyə dəyirsə, çevrilib qəribə dünya olur. Hər dəfə şeirdən, şairdən bizim korluğumuz olmayıb deyiləndə fikirdən-fikrə düşmüşəm. Tarixi dərdlərimizi, “niyə gəlib, niyə getdiyimizin” səbəbini başa düşmək arzumuzun tükənməz olduğunu nəzərə alsaq, elə əsas korluğumuz şairdən olub. Bilmirəm, deyə bildimmi bizə nə qədər gərəksiniz?
Mənə elə gəlir, bərk duran olsa, dünya işlərinin hələ tam ürəyimizcə olmadığında, günahkar olduğunuza Sizi inandıra bilər.
Sizi bir insan, bir şair kimi mənə sevdirən budur.
Sizə çox borcluyam və çox olduğundan qaytara bilmirəm.
Bir-birindən uzaq obalarda şeirlərini əzbər deyib körpələşən, kövrəkləşən neçə-neçə igidlər görmüşəm (Xəlil demişkən).
Bu günlər neçələri, beləcə, sizə məktub yazmaq, yaxşı sözlər demək istərdi!
Utanırlar. Gülməli də olsa, belədir.
Sevimli şairim, dostum, dünyaya gəlişinin yüz illiyini balalarımız görsün.
Bir sözlə, bayramınız mübarək.
Ən gözəl arzularla
Sizin Xudu Məmmədov
17/X–83.
Xudu müəllim həmişə Məmmədlə telefonda danışar, torpağın ümumi dərdlərindən söhbət açardılar.
Təəssüf ki, dünyada Azərbaycanı tanıdan tək-tək oğulların qədrini onları itirdikdən sonra bilirik.
Bəli: “Badələr dalında ölkəbazarlıq…”
Anar Yazıçılar birliyinin katibi seçilən kimi Məmmədə zəng etdi: – “Məmməd müəllim, elə bil bu vəzifədə qardaşınız oturub, nə işiniz olsa hazıram”.
Sonralar arxivə baxanda belə bir məktub əlimə keçdi:
Əzizim Məmməd!
Neçə müddətdir səninlə görüşmək, söhbət eləmək istəyirəm. Əkrəmlə danışmışdıq ki, zəngləşib yanına gələk. Amma əfsus ki, adam çox vaxt istədiyi işlərə yox, istəmədiklərinə vaxtını sərf etməli olur. Uzun sözün qısası, günü-günə sata-sata gəlib yaya dirəndik. Əkrəm dincəlməyə getdi, mən də on gündən sonra məzuniyyətə çıxıram. Görüşümüz, güman ki, payıza qaldı. Sağlıq olsun, payızda mütləq Əkrəmlə sənə qonaq gələcəyik.
Amma bu gün “Ədəbiyyat qəzeti”də şeirlərini oxuyanda gördüm ki, məktub vasitəsilə olsa da, hisslərimi hökmən sənə çatdırmalıyam. Nə gizlədim, atama həsr etdiyin şeir məni, xüsusilə kövrəltdi. Məhz sənin kimi gözəl şairimizin həm də etibarlı insan olması, bu aldım-satdım, təmənna və haqq-hesab dünyasında qəlbimi ümidlə doldurur, məni bədbinləşməyə qoymur.
Jurnallarda çıxan silsilə şeirlərini də həvəslə oxudum, – həqiqətən, duyğu, düşüncə, səlis obrazlı dilbir söz, əsl poeziya nədirsə, – hamısı bu şeirlərdə var.
Həyatda təmənnasız az olsa da, həmişə sənə məslək qardaşım, namuslu və ziyalı sənətkar kimi dərin hörmət bəsləyirəm.
Sənə və ailənə ən böyük xoşbəxtlik, bol-bol sevinc, fərəh arzulayıram.
Anar
1 iyul. 1983
Bu illər ərzində Məmmədin məhsuldar işlədiyi aylar da olub, əlinə qələm ala bilmədiyi aylar da. Bir də onu qeyd edim ki, Məmmədin qəribə xasiyyətindən biri də bu idi, yazı masasında məndən başqa, təsadüfən ayrı adamın əlinin toxunduğunu hiss etsəydi, uzun müddət yazı masasına yaxın düşməzdi.
Artıq qızım İradə ailə qurmuşdu. Hər iki ailə bir yerdə qalırdıq. Bir ağlağan balam – Toğrulum da olmuşdu. İlk nəvəm – özü də oğlan nəvəm olanda özümü dünyanın ən xoşbəxt insanı sandım. Məmməd də sevinmişdi:
Mənim validolum, körpəcə nəvəm…
O gəldi – ürəyim ağrımı danır…
Suya yönəlməyə, oda vurmağa
Qolum, qanadım ol, ey körpə nəvəm!
Üfüqdən-üfüqə od aparmağa
Gözündən qığılcım gözlər gözlərim.
Bir il keçəndən sonra Tuncayım oldu:
– Allahım, şükür sənin böyüklüyünə, əkizlərimi əlimdən aldın, əvəzinə verdin! Nəvələrim mənə görmədiyim yeni dünya bağışladı, bütün mehrimi onlara saldım.
1984-cü ilin oktyabrında Məmmədə “Əməkdar incəsənət xadimi” adı verildi və səhvlərini nisbətən düzəltməyə çalışdılar.
Və yenə fəxri adın diplomunu Cuvarliskidən mən almalı oldum.
Məmmədin ünvanına Azərbaycanın hər tərəfindən ona həsr olunmuş şeirlər, teleqramlar, məktublar gəlirdi. Alı Mustafayevin (jurnalist və şair) şeiri səmimi olduğuna görə, xoşuma gəldi və onu yazıma köçürməyə qərara aldım:
Məmməd Araza
Səndən utanıram şeir yazmağa,
Yox, yox, bu etiraf mənə ar deyil.
Axı nə gizlədim, doğrusu, qara,
Səndən zəif yazan günahkar deyil.
Sən bir dan ulduzu, mən karvançıyam,
Sənət sabahıma ömür çatarmı?
Sənin bir sözün tək, görəsən, bir an
Yüz şeirim bir qəlbi ovundurarmı?
Bilməm hardan aldım bu cəsarəti –
Sən duran zirvəyə kəmənd atmağı.
Axı mən neyləyim, şair qüdrəti
Sevir meydanlarda at oynatmağı.
Bəzən istedad da doğular əkiz,
Bölünür ikiyə bir can, bir ürək.
Təəssüflər olsun, bilməyirik biz,
Dünyada hansı çox ömür sürəcək.
Bəzən iki zirvə dayanır qoşa,
Biri yaşıl meşə, biri sal qaya.
Gələnlər, gedənlər edir tamaşa,
Bizim xidmətimiz budur dünyada.
Yazıq Alı, hardan biləydi ki, şəhid olacaq, adı tarixə şair kimi yox, qəhrəman şəhid jurnalist kimi düşəcək!
1986-ci ildə Naxçıvan dram teatrında rejissor Vaqif (soyadını xatırlamadım) Məmmədin “Atamın kitabı” poemasını tamaşaya qoyub bizi də dəvət edti. Naxçıvana getdik. Oradan qayıdandan sonra Məmməd öz fikirlərini Vaqifə məktubla bildirdi:
Hörmətli Vaqif bəy!
Salamlar olsun! Yazılarım əsasında hazırladığınız tamaşa üçün çox sağ olun. Diqqət, böyük zəhmət üçün təşəkkürümü bildirirəm bildirirəm. Məncə, tamaşa alınıb. Poetik yükü pis deyil. Dramaturji vəziyyəti Siz məndən yaxşı bilərsiniz. Ancaq “Bir ömrün qonaqları” şeirini də görmək istərdim. Şeir əlimin altında olmadı, sizə göndərəm. Eybi etməz.
13-cü səhifədə atanın və Camal kişinin fəlsəfi şehdemələri, məncə, təbii deyil. 14-cü, 16-ci səhifələrdə Sumbat kişinin çıxışlarını atmaq məsləhətdir.
Öz yazılarım barədə söz deməkdə çətinlik çəkirəm. Özünüz bir də baxın. Bu qədər.
Hörmətlə: Məmməd Araz
16 sentyabr 1986.
1985-86-cı illərdə artıq Türkiyə ilə əlaqələr düzəlir, gediş-gəliş artırdı. Türk sənət adamları qonaq gəlir, Məmmədlə, onun yaradıcılığı ilə maraqlanırdılar… Bunlardan biri Yavuz Akpınar idi. Məmməd haqqında məlumatı “Türk dili və ədəbiyyatı” ensiklopediyası, VI cild, 1986-cı il çapına salınmışdı. O biri şairlər haqqında da məlumat verilib, yoxsa-yox, bilmirəm. Hər halda, mənim aləmimdə, yaxşı yenilik idi. Bu məlumatda bioqrafiyası, təhsili, işlədiyi yerlər, çap olunmuş kitablar və fəxri adları, etdiyi tərcümələr haqqında məlumat verilmişdi. Məs: qısa olaraq:
“Hakkında Türkiyede neşr edilen bir makale – “Gündoğandan günbatana menzilim”. Türk edebiyyatı” dergisi (Ekim, 1983, s. 120).
Türk dilində olduğu üçün tam verməyi lüzum bilmədim.
Bəs bizdə – Azərbaycanda necə?
Azərbaycanda çap olunan ensiklopediyada Məmməd haqqında yazılan azca məlumatı da çox görüb – “Onun haqqında məlumatı niyə ensiklopediyaya salmısan?” sualı ilə Azər Padiqan adlı şəxsi cəzalandıraraq işdən çıxarmışdılar. Həmin şəxs isə işdən çıxarılmasına etiraz etməmiş, demişdi: – “Mən Məmməd Araza görə işdən çıxarılmağımla fəxr edir, qürur duyuram!”
Bu “yerli” ensiklopediya, o biri isə Türk ensiklopediyası.
Yavuz Akpınarla bərabər bizə İbrahim Bozyel də gəlirdi. Sonralar onlar tez-tez məktublaşardılar.
Məmməd məktubunda da ciddi məsələlərə toxunur:
Əziz İbrahim,
Salamlarımı və bütün xoş diləklərimi qəbul edin. Dünyada məni şeir qədər ovudacaq ikinci haray, təskinlik tanımıram. Ürəyində, dilində və gözündə duyduğum şeir odu, sənət eşqi səni mənim üçün unudulmaz etdi. Bu ərmağan, bu yadigar səda və haray üçün var olun, varlıq heykəli olun.
Məktublarınızı alıb oxudum, məmnun qaldım, haqqımda yazdıqlarına görə təşəkkür və razılığımı bildirirəm. Arabanızın qəzaya düşdüyünü eşidib məyus oldum, həm də sevindim ki, ilahi sizi salamat saxlayıb.
Nəvələrim böyüyür, mən qocalıram. Həyat dəyişir, dəyişdikcə də dəyişməz görünür. Sənət körpüsündən keçənlər xoşbəxtdirlər. Bu körpünü yaradanlar ululardır. Bütün arkadaşlara, xanımınıza və cocuklara salamımı yetirin. Xoş günlər sizə yar olsun.
Məmməd Araz
20 iyun 1985
Və ya bir başqası:
Əziz və möhtərəm İbrahim!
Qardaş, salamlarımı qəbul edin!
Hər iki məktubunu aldım. Yenə də dağ çayına bənzər təmiz, gur səsini eşitdim. Dünyada səsin batmasına, itməsinə inana bilməm. Xeyli vaxtdır dostlar diyarından getmisən. Ancaq səsin, gülüşün gözlərin önündə şəklini çəkir, biz üz-üzə oturur, qayğılarımızı bölüşür, sənətin çiynimizə yüklədiyi vəzifələrin acısından, şeirindən danışırıq. Mənim şeirlərimi öz dərgində yapdığını bir daha alqışlayıram.
Yəqin bilməmiş deyilsən: sənin böyük səda verən kitabın barədə İsmayıl Şıxlı gözəl bir məqalə yazdı. (“Ədəbiyyat və incəsənət” qəzetində) bütün bunların sənin kitabında Azərbaycana olan məhəbbətlə müqayisədə çox azdır. Bu, təkcə mənim deyil, bütün dostların, qədirbilən ziyalıların sözüdür.
Beləcə, məktubla sizinlə vidalaşıram. Bütün dostlara salam yetirin.
Məmməd Araz
20 fevral. 1986
Məktublar çoxdur, hamısı da orijinal sözlərlə, fikirlərlə dolu məktublar. Mən ancaq ikisini seçib yazdım.
Bəzi sevindirici uğurlarla bərabər könül sındıran hadisələrdə olurdu. Məsələn, Məmmədin 1986-cı il planına salınmış iki cildliyi bir kitabdan ibarət “Seçilmiş əsərlər”lə əvəz olunmuşdu. Bilirdilər ki, nə etsələr də, Məmməd hay-küy salıb öz haqqını tələb edən deyil…
DÖVLƏT MÜKAFATI…
Xalq arasında günü-gündən artan hörməti axır ki, “yuxarıları” silkələdi. “Azərbaycan” və “Ulduz” jurnallarına çap olunmuş şeirlərinə görə, nəhayət, ona Dövlət mükafatı verildi. Mükafatın miqdarı 2500 manat olsa da, adı böyük səslənirdi. Xalq öz sevincini qəzetlərdə məqalələrlə, məktub və teleqramlarla bildirirdi.
Ziyalıların arasında ən çox öz sevinc payını oxucularla bölüşən Qulu Xəlilli idi, o yazırdı:
“… Nədənsə Məmmədə Arazın şeirinin təhlilinə girişməyə həmişə ehtiyat etmişəm. Çünki bu şairin poetik dünyası bənzərsizdir. Şairin poetik ilhamı xalqın və torpağın taleyi ilə bağlı olan dərin mətləbləri elə incə, orijinal boyalarla canlandırır ki, heyran qalırsan. Xalqdan süzülüb gələn, qatı açılmamış sözlərlə, obrazlı təfəkkürün gücü ilə elə çələnglər hörür onun çiçəklərinin ətri, rəngi və gözəlliyi bizi əfsunlayır. Misralar, sözlər ürəyimizin qatlarına işləyir, torpağın, xalqın, vətənin taleyi ilə bağlı elə incə dərin mətləblər, aforistik kəlamlar kəşf edir ki, bunlar xalqın varlığından, şüur və təfəkküründən süzülüb gələn akt kimi səslənir…”
“… M.Araz poeziyasını vətənimizin, torpağımızın hansı gözəlliyinə bənzədim? Xəyalıma bir neçə təşbeh gəldi:
Zaman keçdikcə rəngini, gözəlliyini itirməyən nadir sənət fırçasından çıxmış tabloyamı?
Saçlarını dağların sərin sularında yuyub çəmənlərimizin sinəsinə yaymaq eşqi ilə çırpınan ərköyün şəlaləyimi?
Az qala qayaları caynaqlarında qaldırmaq qüdrətinə malik məğrur qartalamı?
Meşəyəmi, talayamı, taxıl zəmisinəmi, adi çeşməyəmi bənzədim bu sənəti?
Fikirləşirəm ki, bu poeziya elə saydıqlarımın cəmi deyilmi? Dağların qoynundan axıb gələn duru bir çay fikrimi əyləndirdi. Doyunca içdim. Bütün ruhuma, bədənimə yüngüllük axıb töküldü.
Dibindəki rəngarəng, parlaq şölə saçan daşları görüb heyrətləndim. Ağı da var, qarası da; alı da var, sarısı da; bütövü də var, parası da; sığallısı da var, kələ-kötürü də… Bu daşların sehirinə düşüb əl atıb bir ovuc götürdün. Elə bil ki hansı mahir əlsə torpağımızın təbii sərvətlərini külçəsində bu axar güzgünün altında nadir daşlar çələngi, rənglər toplusu hörüb. Məmməd Araz şeiri də belədir…
Və hər şeyə layiqdir…”
Mükafatla bağlı Məmmədin özünün yazdığı bir neçə sətir əlimə düşdü, güclə oxudum:
“… əvvəla bu imkandan istifadə eləyib məni mükafata təqdim edən yoldaşlara, haqqımda bu ərəfədə xoş söz deyən qələm dostlarıma, təşkilatlara, kollektivlərə, məni oxuyub səs verən komitə üzvlərinə, təqdimat qərarına imza atanlara dərin təşəkkürümü yetirmək istəyirəm. Sonrası da belədir ki, mükafat pay deyil, hədiyyə deyil, sədəqə də deyil; mükafat onu alan üçün çox böyük məsuliyyətdir. Qələmi, ilhamı, zəhməti zamanın tələbinə cavab verən yazılar yazmağa yönəltmək məsuliyyəti, vaxtaşırı özünə hesabat vermək məsuliyyəti!
Oxucu alqışına, oxucu təbrikinə, oxucu iradına daha ciddi reaksiya vermək məsuliyyəti!
1. Zamanın qarşısında hesabat.
2. Oxucu qarşısında hesabat.
3. Özünün özünə hesabatın.
Nə yazdım, neylədim, harayım, səsim.
Barı bir ürəkdə qala bildimi?
Mənim bir planet olmaq həvəsim,
Bir peykin peyki də ola bildimi?
Mükafatla bağlı Anara da məktubla təşəkkürünü bildirmişdi:
Jurnalistlər mükafatla bağlı sorğu apararkən Xudu Məmmədovun cavabı çox orijinal olmuşdu:
“Vallah, nə deyim, hökumət Məmməd Araza bu mükafatı verməklə həmin mükafatı hörmətə mindirdi!”
YER ÜZÜNÜN QARABAĞ DÜZÜ
Artıq Azərbaycanda Qarabağla bağlı çaxnaşma başlanmışdı. Qəzetlərdə adda-budda məqalələr çap olunur, baş verənləri malalamağa çalışırdılar. Məsələni ört-basdır etməklə lap cəsarətləndirirdilər. Məmməd də mətbuatda çıxış etmək istəmiş, lakin çap olunmamışdı. Vəzirovun hakimiyyəti dövründə Cəmil Əlibəyov “kommunist” qəzetinin redaktoru idi. Qarabağa aid materialları o biri mətbuatlara nisbətən Cəmil müəllim az da olsa, işıqlandırırdı. Buna görə də Məmməd ürəyindən keçənləri ona ünvanlamışdı:
“Kommunist” qəzetinin redaktoru Cəmil Əlibəyov yoldaşa.
Hörmətli Cəmil.
Xeyli müddətdir Azərbaycan Mətbuatı Televiziya və Radio Verilişləri Komitəsi, bir sözlə, bütün kütləvi informasiya vasitələri Dağlıq Qarabağla bağlı hadisələri müxtəlif nöqtədən, müxtəlif səviyyədən, doğru-düzgün işıqlandırmağa çalışır.
“Kommunist” qəzeti daha fəal, açıq-aşkar obyektiv mövqe tutduğuna görə, bir məsələ barəsində fikrimi bildirmək istəyirəm.
O da Dağlıq Qarabağ hadisələrini durğunluq dövrünün günahları ilə bağlamaq, ictimaiyyətin fikrini başqa səmtə yönəltmək, ziddiyyətlərin həllini birtəhər tezləndirmək. Və az qala mahiyətcə tamam ayrı iddiası, ayrı tələbi olan millətçi ünsürlərdən vaxtı ilə “paylarını yemişik” – deyə, üzr istəmək təklif olunur. Təəssüf ki, belə deyil. Əslində, o, “ekstrimist” dediyimiz ünsürlər, düzünü desək, çox şüurlu seçilmiş, bəzi hakimiyyət orqanları tərəfindən qorunmalarına zəmanət verilmiş adamlardır. Onların fikri elə “çevik”, elə “məqsədyönlüdür” ki, milli-sosial problemlərin həllinə heç gözucu da baxmaq istəmirlər. Odur ki, məsələlərin dərinliyini açmaq, hər şeyi olduğu kimi göstərmək, olduğu kimi qəbul etmək, “örtülü bazarı” bağlamaq lazımdır.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.