Электронная библиотека » Gülxanım Fətəliqızı » » онлайн чтение - страница 9

Текст книги "Məmməd Arazlı günlərim"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Gülxanım Fətəliqızı


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Namiq bəy cavab verdi:

– Əfəndim, mən Mədəniyyət naziri olduğum zaman Nazim Hikmətin cildlərini çap etdirmişəm.

Sonra Namiq Kamal Məmmədin şeirlərini oxumağa başladı.

Məmməd dilləndi:

– Şeirlərimi məndən yaxşı oxuyursan. Oxu, qardaş, oxu! Qeyri-təvazökarlıq da olsa, deyim ki, bu deyimlər ancaq Məmməd Araz ürəyindən qopa bilərdi.

Namiq bəy Azərbaycan ədəbiyyatını həmişə izlədiyini, Məmmədin yaradıcılığı ilə yaxından tanış olduğunu bildirdi.

Qalan vaxtdan istifadə edərək Ankarada ən məşhur cameyə də baxdıq.

Və Türkiyə səfərindən Məmmədin “Getdim, gördüm Türkiyəni” məqaləsi yarandı…

Bakıya qayıdan kimi qayğılar yenidən bizim Azərbaycanda olduğumuzu yadımıza saldı. Liftimiz işləmirdi. İstanbulda bizə çoxlu dini kitablar, həmçinin bir neçə “Qurani-Kərim” bağışlamışdılar. Onları qucağımızda 11-ci mərtəbəyə daşıdıq, təbii ki, Məmmədsiz.

1990-cı ildən planda olan “Daş harayı” kitabı, nəhayət, 1992-ci ildə çap olundu.

Bu haqda “Haqqın var, Məmməd Araz” məqaləsinin müəllifi İlham Məmmədli yazırdı:

“… Bu günlərdə sevimli şairimizin ötən il çap olunmuş “Daş harayı” kitabını axtarırdım. Şəhərin bütün kitam mağazalarını bir-birinə vursam da, hər yerdə eyni cavabı eşidirdim:

“Olub, çoxdan qurtarıb”. Mağazaların rəfləri isə ayrı-ayrı adlı-sanlı müəlliflərin yüksək zövqlə tərtib olunmuş cild-cild kitabları ilə dolmuşdu… Bu axtarışlardan sonra bir daha inandım ki, eşitdiyim rəvayətlərdə təsvir olunan müdrik şair yalnız Məmməd Araz ola bilərmiş!…”

“Mavi yuxu” adlı silsilə şeirlər və məqalə müəllifi Qismət Qərib isə öz yazısında ürək sözlərini belə ifadə etmişdi:

“… Ömrünün ən ağır yaşantılarında torpağım, odum, suyum, havam, Vətənim, beşiyim – ana qucağım, ata öyüdüm, bacı istəyim, qardaş arxam, sevda nurum, Məkkəm, Mədinəm, Kəbəm, “Quranım” və nəhayət, qibləm olan Məmməd Araz poeziyasının işığına üz söykəyərək yazdıqlarını…

Və bu ona görə belədir ki, sadaladıqlarımın heç birinə əlim çatmayanda Məmməd Araz poeziyası ürəyimdə, gözlərimdə, dodaqlarımda olub. Ürəyimdə olan misraları dodağımda səyritdikcə gözlərim dünyaya ümidlə baxıb.

30 avqust 1984-ci il. Xeyir-şər eləməmişdim. 9:15-də pespublika radiosu ilə “Poeziya buketi, nəğmə çələngi” verilişi elan edildi…

Və hüzürlü-hüzürlü həyət-bacaya yağan yağış misalında bir səs tövşüyə-tövşüyə, titrəyə-titrəyə ələndi başıma. Bu səs Məmməd Arazındı.

24.01.85”.

Sonra onun Məmmədə həsr etdiyi şeirlərdən bir neçəsini oxudum: “Gəl, Məmməd Araza bağışla məni”, “Yanıq Kərəmim üstə köklən sazım – Məmməd Arazım”, “Nə günah”, “Məmməd Araz”, “Bu səs” və s.

Şair Fikrət Sadıq isə “7 söz” məqaləsində Məmmədin şeirlərini həyat adlandırıb və Söz, Araz, Günəş, Vətən, Vətəndaş, Sevgi, Torpaq kimi hissələrə ayırıb. Məqalə genişdir, ürəkdən gələn sözlər çoxdur… məni isə maraqlandıran məqalənin orijinallığı olmuşdu: Yeddi söz!

Sonra isə “Göy işığın poetikası” adlı yazını oxudum… Müəllifin çox qəribə etirafları vardı… Müəllif Allahverdi Eminov yazırdı:

“… Səni “həzm eləyə” bilməyənlərə nə deyim? Sənin şeirlərini, həqiqətən, okeanın dərinliyinə səpələsələr, dilsiz və duyğusuz balıqlar belə bu şeirləri udub mədələrində qiymətli mirvarilərə çevirərlər…”

Bu yazılardan nümunələri ona görə verdim ki, ürəkdən gələn belə səmimi sözlər məni tutmuşdu. Adlara fikir verin: “Mavi yuxu”, “Məmməd Araz yaradıcılığında 7 söz”, “Göy işığının poetikası”…

Bu sevgilər, təbii ki, müxtəlif maneələrə səbəb olur. Kitabları həm Moskvada, hə Azərbaycanda çox ləng çap edilirdi. Özü gedə bilmədiyi üçün yazılı şəkildə müraciətə məcbur idi. Və bu müraciətlərin heç bir əhəmiyyəti olmadı. Kimlərinsə kitabları, cildləri həm burada, həm də Moskvada növbədənkənar çap olunur, Məmməd isə yada düşmürdü. Beləliklə, Məmmədin 1984-cü ildən Moskvada plana salınmış “Seçilmiş əsərləri” bu günə qədər işıq üzü görməyib.

Artıq respublikanın özündə də cildlərin çap edilməsinin vaxtı idi. Bununla əlaqədar yenidən müxtəlif yerlərə müraciət etsə də, “daş quyuya düşdü”. Müraciət belə idi:

Azərb. Yazıçılar İttifaqının katibliyinə.

Yaxın vaxtlarda hərəsi 15 çap vərəqi olmaqla üç cildliyimin nəşr olunmasına köməyinizi xahiş edirəm.

Birinci cild: şeirlər:

İkinci cild: şeirlər və poemalar;

Üçüncü cild: məqalələr, publisist yazılar, qeydlər, xatirələr.

Məmməd Araz 19 yanvar 1989.

Özü deyərdi:

– Hardaydı məndə o bəxt ki, üç cildliyimi çap etsinlər.

Teleşirkətin müxtəlif dövrlərindəki rəhbərləri – Məmməd Murad, Məmməd İsmayıl, Babək Hüseynoğlu fəaliyyətə başlayanda Məmmədin şeirlərini, demək olar ki, televizorda hər gün səsləndirərdilər, sonralar isə ara soyuyardı. Növbəti mərhələdə də televiziyada işləyən qızıma “hücum”a başladılar. Babək Hüseynoğlu səbəbsiz, filansız qızımı işdən çıxardı.

Heydər Əliyev bizi qəbul edəndə qızımın haqsız işdən çıxarıldığını cənab prezidentə çatdırdım. Ondan sonra teleşirkətin “cənabları” əl-ayağa düşdülər.

Lakin qızım bir də ora qayıtmadı.

Hərdən belə işlər də olurdu. Proqramda Məmmədə həsr edilmiş veriliş salınır, sonra isə verilişi hamı gözlədiyi halda, verilmirdi. Deyərlər ki, təsadüf ola bilər. Xeyr, bu, adi hal almışdı.

Məmməd bu işlərlə əlaqədar belə bir məzmunda teleşirkətə müraciət etmək məcburiyyətində qaldı:

Azəraycan teleradio şirkətinin sədri

Babək Hüseynoğlu cənablarına

Hörmətli sədr!

Bu gündən teleradioda şeirlərim, nəğmələrimin və digər yazılarımın səslənməsinə qadağa qoyulması üçün müvafiq şöbələrə sərəncam vermənizi xahiş edirəm.

Belə bir addım şirkət rəhbərliyi tərəfindən son vaxtlar mənə qarşı çox işlənən “montaj qayçısı” ilə əlaqədardır. Sizcə, bu hal ekran etikasına sığarmı: iki gün dalbadal elan edilir ki, “filan gün, filan vaxtda Məmməd Arazın cəbhə şeirləri oxunacaq. Amma həmin vaxtda başqası təqdim olunur. Belə əsəbiləşdirmələr, qıcıqlandırmalar müxtəlif vaxtlarda, müxtəlif səviyyələrdə təkrar edilirsə, buna nə ad vermək olar?

Bu il martın 12-də görkəmli rəssam Adil Rüstəmovun sərgisindən reportajda müəllif şəkillərimin necə işlənməsindən 1-2 dəqiqə danışmışdı. Veriliş zamanı məlum oldu ki, “qayçı”nın gözündən yayınmamışam. Belə hallar tez-tez baş verdiyinə görə, sizinlə əməkdaşlıqdan imtina edirəm. Bir də mən və mən yaşda olanların çoxuna məhdudiyyət qoymaq vaxtı deyil. Sovet hakimiyyəti dövründə çox məhdudiyyətlərə məruz qalmışıq. Xofu hələ ürəyimizdən çıxmayıb. Mən və ya bir başqası deyəndə ki, “dur içində qorxunu boğ, dur özünü bozqurd elə” çağırışından qorxmaq, aktyorun ağzından həmin sözü (sərvaxtlıq xətrinə) kəsib atmaq da heç bir sağlam fikrə xidmət eləmir. Elə həqiqətlər olur ki, şair xalqı nəinki bozqurdluğa, hətta quduzluğa belə çağıra bilir, əgər düşmən üzərinə quduz it kimi gəlirsə, sən də istər-istəməz “quduz qurd” olub qarşısına çıxmalısan. Bunun qeyri adı yoxdur; bu, artıq ölüm-qalım məsələsidir. Oxucu ilə ünsiyyət məsələsinə gəldikdə… Çox şükür, mətbuat orqanları kifayət qədərdir.

Məmməd Araz

17 mart 1994

Başqa bir müraciət də var, onu lüzum bilmədiyimə görə yazmadım, arxivdə durur. Nə vaxtsa, yəqin, tədqiqatçılar onu da üzə çıxarar.

Bərəkətdir, təbəkkürdür bu boz sular

Kür çayının nəğməsinə nəğmələr qoş.

Qəlbində də, ağlında da bir kür yarat,

Ürəyindən keçmirsə, bu Kür çayı,

Hayıf, onda, hayıf, hayıf…

Bir az havamızı dəyişmək məqsədiylə Neftçalaya getdik. Salyanda bizi Xəlil Rzanın qardaşı və Məmmədsevərlər gözləyirdilər. İmamverdi müəllimlə də görüşdük. İmamverdi müəllim 20 il bundan əvvəl lentə aldığı səsləri oxutdu. Məmmədin cavanlıq səsi… Təzədən keçmişə qayıtdılar; xatirələrə baş vurdular, dostları yad etdilər. Söhrabın, Xəlilin, Rüfətin də səsinə qulaq asdılar. Köçürüb lenti mənə verdilər, təəssüf ki, kimsə məndən alıb birdə geri qaytarmadı və mən də kim olduğunu unutdum. Ədəbiyyatla bağlı maraqlı söhbətlər də oldu. S.Vurğundan, R.Rzadan danışdılar. İmamverdi müəllim canlı arxivdi, çox xatirələri sinəsində gəzdirir.

Gəmi ilə Kürün Xəzərə qovuşduğu yerə də getdik. Neftçalalılar dedilər ki, S.Vurğunun arzusu Kürün dənizlə qovuşacağı yeri görmək olub. O vaxt arzusunu yerinə yetirə bilmədik. İndi Məmməd Arazı bu qismətə qovuşdurduq. Səyahət çox maraqlı idi. Bəli, “Kür qırağının əcəb seyrangahı var”… Dənizə yaxın çay iki hissəyə ayrılmışdı, ortada böyük bir sahə var. Sən demə, bir neçə il bundan əvvəl orada vəhşi atlar məskən salıbmış. Sonralar yem çatışmadığına görə və şaxtadan tələf olublar… “Biz nəyin qədrini bilirik ki, onların da qədrini biləydik…” Deyinirdilər.

Məmməd təsirlənəndə həmişə əlini başıma çəkərdi. Yəqin, indi də nəyi isə yadına salıb.

Haşiyə: Məmmədin “Kürün nəğməsi” adlı yazısı var. Orada yazır:

“… yazıq yer, yazıq təbiət! Üstündə ayaq tutub yeriyən, şirəni çəkib harınlaşan ictimai mühitin günahları sənin boynuna yüklənirdi. Kür onda da axırdı; Kür indi də axır. Yağışın ahəngi, qarın rəngi, ildırımın səsi elə o zamankı kimidir. Min illər sonra da belə qalacaq. Kürün ancaq sahil nəğmələri dəyişib. Qulağıma uzaq üfüq arxasından belə səs gəlir…

Ceyranların ayağını yerdən üzüb,

Bunun üçün cavabdehsən, Muğan düzü.

Turacların yol üstünə çıxmır daha,

Bunun üçün cavabdehsən, Muğan düzü.

Bildirçinlər nəğməsini yığıb getdi;

Torağaylar yol üstündən çıxıb getdi.

Bunun üçün cavabdehsən, Muğan düzü.

Muğanın Muğanlığını həmişə qorumaq, Muğanın tufanına sinə gərmək, Muğanın təbii ritmini saxlamaq!

Ana təbiəti elə ehtiyyatla dəyişmək ki, o, təkcə beş-on il bir-iki adamın şöhrətini ucaldıb, sonradan öz təbii keçmişini kitablarda, qədim mənzərə xəritələrində axtarmasın.

Muğandan kanallar keçirəndə də, torpağına ton-ton kimyəvi maddələr səpəndə də, onunla oturub dərin elmi “söhbətlər” aparasan, razılığını alasan.

Əbədiyyət ünvanında neçə-neçə nəsil yaşayacaq: Kür çayını yaxşı qoru!

O zaman indikindən də gur olan Kür çayının sahil mənzərəsi – təbii mənzərəsi, göz doyuran Tuqay meşələri, müxtəlif heyvan və quş növləri ilə zəngin idi. Bəs nə yoxdu? Vaqif nə axtarırdı? Kür boyu bu bərəkətli torpaqları özünə bünövrə eləyən bir gözəl oba, yaraşıqlı kənd və şəhər yox idi. “Kür qırağının əcəb seyrangahı var” qoşmasında Vaqif dəfələrlə Kürə “körpü” atıb, onu Azərbaycan torpağının daha səmərəli istifadəsinə vermək istəyir.

Tiflisi vəsf eləyən – “Mərhaba, Tiflis imiş cənnəti – dünya yerinin”– Vaqif buradakı səliqə-səhmanın, təmizliyin bir səbəbini də Kürdən istifadədə görür. Təbii olaraq. Vaqif Kür sahili mənzərələrə “Heyif ki” tənəsini vuracaqdı.

Otur, qardaş, bu Kürlə üzbəüz otur!!!

Ondan işləklik öyrən, cəsarət öyrən!

Özünlə mübarizə apar, ətalətinlə mübarizə apar. Əgər qapı-bacadan ətaləti qova bilsən, Kür qapını açacaq. Muğandan “Allahın buyruğu”ndan quyruq gözləmə.

Babalarımız torpaq dərsi keçməmişdilər. Torpaq əlifbası oxumamışdılar, torpaq romanı yazmamışdılar. Onlar torpağı sevirdilər; onu daşdan-çınqıldan, koldan-kosdan, alaqdan-tikandan qoruyurdular. Düzdür, Azərbaycanda torpaq boldur. Ancaq əkinə yararlı torpaqların azlığını hamımız bilirik. Odur ki, münbit torpaqlara səliqəsiz, pinti münasibət hallarına qəti dözmək olmaz.

Əsl rəncbər – kəndli torpaqda bir qarış da xörək qoymazdı.

Məmməd arada balıqçılarla da söhbətləşirdi.

“Gülxanım, ya qismət, bir də gələcəyikmi?”– soruşdu Məmməd.

NƏ TEZ OLDU 60 YAŞ, – NƏRİMAN DEMİŞ, –

BU DA BİR ZARAFAT…

Torpaqlarımız bir-bir gedir, xalq matəmdən çıxmırdı. Belə bir halda yubiley düşünmək gülünc olardı. Qəzetlər arabir Məmmədin 60 yaşı olduğunu yada salır, haqqında yazılar verildilər.

Eşitdik ki, Naxçıvan Universiteti ciddi hazırlıq görüb. Məmməd mənə xəbər verdi ki, onu Naxçıvan Universitetinə görüşə çağırıblar və 60 illiyini qeyd etmək istəyirlər. İsa Həbibbəyli gələcək, günü təyin edəciyik.

Onsuz da, hər yerdə qanqaraçılıq idi. Getmək istəmirdik. İsa bərk hay-küy qopardı:

– Məmməd müəllim, hər yerə xəbər vermişik. Türkiyədən, İrandan qonaqlar gələcək. Görüşdə mütləq iştirak etməlisiniz. İradə də məsləhət bildi ki, gedək.

Toğrulu da özümlə götürdüm ki, dədə yurdunu görsün, qohum-əqrabayla, o yerin adamları ilə tanış olsun.

Sentyabrın 11-də təyyarə ilə Naxçıvana getməli olduq. Təyyarə hər cür yüklə dolu idi. Yazıq camaat. Yadıma Səbri Arazın (türk) Naxçıvanda şahidi olduğu və bizə danışdığı lətifəsayağı söhbət düşdü. Səbri danışmadı:

“… Naxçıvandan Bakıya qayıdanda qəribə mənzərə ilə qarşılaşdım. O vaxt Naxçıvana “Yak-40”lar uçurdu. Cammat dalında yüklə uçuş xəttində qaçışır, əl edir, saxla, saxla – deyir qışqırır, təyyarə sürücüsü də təyyarəni taksi kimi saxlayıb adamları götürürdü. Təsəvvürünüzə gətirin, avtobusda olduğu kimi təyyarədə ayaq üstə durmağın ancaq burada şahidi olmuşdum…”

Bəli, yazıq camaat!

Bizimlə Budaq Budaqov, Söhrab, Mikayıl, Vaqif Yusifli və başqaları da gedirdilər.

Hamısı lentə alınırdı. Maliyyə işinə də Heydər Həsənoğlu baxırdı.

Naxçıvanda kiçik bir istirahətdən sonra Məmməd və qonaqlar telestudiyaya getdilər. Məmməd qısa çıxış hazırlamışdı:

Əziz tamaşaçılar!

Sizi salamlamağa hazırlaşdığım gün Bakıda hava ilıq və günəşli idi. Mənə elə gəldi ki, nə vaxtsa bu işığı Naxçıvandan borc almışdım, indi geri qaytarırdım. Ürək işığımız, məhəbbət işığımız həmişə bol olsun. Bu fikri bir neçə dəfə demişəm, indi də təkrar edirəm:

Həmişə Naxçıvana gələndə Araz boyu şütüyən qatar (o vaxtlar) Nehrəm dərəsindən burulub Araz dəryaçasının sahilindən düzəngaha çıxanda qəribə hisslər keçirirəm. Bu işıq dənizini heç yerin mənzərəsi ilə müqayisə edə bilmirəm. Mənə elə gəlir ki, bu məqamda burada hər şey işıqdır, – daş da, torpaq da, sular da, insanlar da!

Gözümüzdə-könlümüzdə olan bu işığı salamlayıram, əziz dostlar!

Babalardan bizə yadigar qalan əyilməzliyi, dönməzliyi, lazım gələndə Vətənin bir parçasına dönməyi alqışlayıram, əziz dostlar!

Bütün döngə-dönüm, bütün gədik və aşırımlarda hamının bir adam olmağı bir hünər işdir. Hünərsiz qələbə, qələbəsiz hünər yoxdur. Bu hünərə bələdçi olan oğulları salamlayıram, əziz dostlar!

Təbii ki, dili dolaşdığına görə çıxışını axıra qədər oxuya bilmədi, az da olsa, fikrini izah edə bildi.

Akif bizi qonaq evində gecələməyə qoymadı, evinə aparıb Məmmədin rahatlığı üçün hər cür şərait yaratdı.

Akifi çoxdan tanıyırdıq. Musabəyov qəsəbəsində yaşayanda Akif aspirant idi və yaxınlıqda aspirantların yataqxanasında qalırdı. Məmmədin şeirlərini əzbər deyərdi. Özü kimi mehriban bir xanımla – Şölə xanımla ailə qurdu. Sonra Naxçıvana qayıtdılar. Bizim Naxçıvanda “ata evimiz” Akifin evi sayılırdı.

Naxçıvanda məlum oldu ki, Heydər Əliyev yubileyi geniş miqyasda keçirməyi tapşırıb. Onun tapşırığı ilə Naxçıvanda və Şahbuzda görüşlər keçirmək üçün hazırlıq görülmüşdü.

Naxçıvan Dram Teatrında keçirilən gecədə də Məmmədlə görüşlərə xas olan ənənə davam edirdi; zal dolu, ayaq üstə adamlar çox, hətta çöldə meydançalarda intizarla Məmmədi gözləyənlər, onunla görüşmək istəyənlər vardı. Gecədə Heydər Əliyevin teleqramı da oxundu…

Çıxışlar, təriflər, təbriklər… Çəkiliş də gedirdi. Hər şey çox yaxşı təşkil olunmuşdu, – qadınların, uşaqların səs-küyü olmasaydı.

Gecə qurtarandan sonra qonaq evində banket verildi. Banketdə Məmmədin şeirləri oxunduqca Cavad Heyət ağlayır, təəssüflənirdi ki, necə olub Məmməd kimi şairi bu vaxta kimi tanımayıb.

Səhərisi İnstitutdakı sərgiyə baxdıq. Divarda “Məmməd Araz – 60” yazılmış lövhə, onun altında müxtəlif illərə aid Məmmədin şəkilləri vurulmuşdu. Ayrı bir zalda isə Məmmədin yaradıcılığına aid elmi konfrans gedirdi. Qasım müəllim qonaqları salamladı və təbriki oxudu.

Şahbuza yollandıq. Yol uzunu Məmməd Toğrula dağlar, meşələr, bulaqlar haqqında izahatlar verirdi:

– Bax, qarşıdakı o üç zirvəni görürsənmi? O, “Üç Qardaş” dağıdır. Onlardan biri mənəm, biri də sən.

– Dədə, bəs Tuncay hansıdır – narahatlıqla soruşdu Toğrul.

– Biri də Tuncaydır, balam.

Sual Məmmədə yaman ləzzət vermişdi yol boyu izahat davam edirdi:

– Bura Xal-xal meşəsidir, o tərəfə bax, ora Badamlıdır. Badamlı suyu oradan çıxır. Sirab da gözəl kənddir, suyu da sehirli sudur. Çayın içində fəvvarəni görürsənmi? O da Vayxırdır, müalicəvi sudur. Belə sularla Naxçıvan çox zəngindir. Toğrul da öz növbəsində hər şeylə maraqlanır, babasına suallar verirdi.

İşğalla əlaqədar camaatın gözləri ağlar, ürəkləri səksəkədə olsa da, canla-başla Məmmədin görüşünə tələsirdilər. Şahbuzda görüşdən sonra “Mustafa meşəsi”ndə banket verildi. Onu da qeyd edim ki, Şahbuzdakı “Mədəniyyət evi”nə Məmməd Araz adının verilməsi haqqında qərar oxundu. Və o qərar bu günə qədər kağız üzərində Füzulinin “Şikayətnamə”sində təsvir olunan qərar kimi xəcalətli qaldı…

Naxçıvanlılar balaca Toğrulu yaman sıxışdırmışdılar, babasının şeirini əzbərdən deməyi tələb edirdilər. Operator dedi:

– Toğrul, səni çəkirik, dədənin bir neçə şeirini əzbər söylə. Gördün ki, Naxçıvanda təzəcə dil açan uşaqlar da babanın şeirlərini əzbər deyirlər, bəs bu necə olur ki, sən heç bir şeirini bilmirsən.

Toğrul çıxış yolunu tapdı:

– Biz təzə evə köçməmişdən əvvəl mən yatan otaqda babamın şəkli vurulmuşdu. Şəkilə baxıb şeirlərini yadda saxlıyırdım. Təzə evə şəkli aparmadıq, şeirlər də yadımdan çıxdı.

Bu cavaba hamı gülüşdü.

– Yaxşı, onda de ki, qoy dədəmin – Məmməd Arazın ömrü şeirlərinin ömrü qədər olsun. Səni çəkək.

– Olsun, o sözləri deyərəm.

Beləliklə, Toğruldan əl çəkdilər, o isə qonaq evinin bağçasında özünə “məşğuliyyət” tapdı.

TƏBRİZİ ÜRƏYİMCƏ GÖRƏ BİLMƏDİM

Cənub həsrəti Məmmədin şeirlərindən qırmızı xətt kimi keçir. Cənubdan da hörmət və sevgi dolu məktublar alırdı.

Məktublardan birinin məzmunu belə idi:

Hörmətli, möhtərəm, şeir ailəmin böyük ustası, mədəniyyət mülkünün iftixar yaradan sultanı, zülmətli gecələrin parlaq ulduzu, Məmməd Araz həzrətlərinə bu uzaq yollardan salam deyirəm. Onun təvazökar və əzəmətli məqamlarının bərabərinə ehtiramla baş əyir, öpüş güllərini ayaqlarının altına fərş edib, böyük müəllimlərin müəlliminə can sağlığı, uzun ömür və yeni yaradıcılıq fəaliyyəti arzulayıram.

56 illik həyatımda bacı və qardaşlarımın, istəkli yurdun, ana vətənin – Şimali Azərbaycan həsrətində yanıb, ayrılıq ocağında külə dönüb hər gün ayrılıq mahnısını kirpik qələmimlə, ürək qanımla könül səhifəsinə yazmışdım. Heç vaxt güman edə bilməzdim ki, mənə bu səadət üz verəcək. Bir gün özümü Məmməd Araz həzrətlərinin ocağında – onun doğma kəndi Nurs kəndində görüb, şairlər atasının isti nəfəsindən bəhrələnəcəyəm. Amma bu səadətə, bu möcüzəyə nail oldum. Bu səbəbdən ulu tanrıya çox-çox minnətaram. O gün ki, Tofiq mənə yar oldu və yolumu Cənubi Azərbaycandan bu çırpınan ürəklə Məmməd Araz hüzurunda, ulu dağların döşündə onların ocaqlarına saldım, vulkanlı dənizdən abi-həyat içdim. Həsrət odlarına sinəmdən su səpib və nicat aldım. Hələ də bu hadisənin üstündən aylar sovrularkən vüsalın şirin badəsindən bihuşam. Hələ də ehsaz edirəm ki, o uca sərvlərdən də ulu şairin ayaqlarına baş qoyuram. Vaxtınızı çox alıb hövsələnizi daraltmaq istəmirəm. Sizdən çox nigaranam. Məktubumda Söhrab Tahir həzrətlərinə rica etmişəm ki, salamlarımı Sizə çatdırsın. İndi ələ düşən fürsətdən istifadə edib öz ürək duyğularımı xəyal quşumla Sizə çatdırıram. İstəyirəm ki, Sizdən də bir məktub alım və biləm halınız xoşdurmu? İnamım var ki, gözlədiyim məktub mənə həyat verib. Sizin xəttiniz Şəhriyarın əlyazmalarının kənarında qalacaq. Ulu tanrıdan sizə can sağlığı, uzun ömür arzulayır, bahar ətirli kitabınızı gözləyirəm.

Sizə Vurğun Paşazadə.

İran. Şərqi Azərbaycan. Marağa şəhəri. Dəvəlik dərbəndi, Musəvi küçəsi. Ev 20 tel: 22-32.

23 may 1992.

Mübaliğə olmasın, belə məktublar yüzlərlədir.

İndi isə Naxçıvanda, Cənubla əlaqəsi olan bir yerdəydik. Onun özündən özümüz haqqında eşitdiyim sözləri ixtisarla:

“… Biz həmişə gecikmişik. Gecikmələrin içində isə ƏN AĞIRI OYANIŞA GECİKMƏKDİR. Ürəyi-yumşaq, həm də gec ayılan olduğumuza görə çox vaxt uduzmuşuq. İndi-indi ayılırıq…”

İndi də Cənub haqqında onun yazdıqları:

“Taleyimi ARAZA bağladığım gündən Araz dərdi poeziyamın şah damarına çevrilib. İmperiya zəncirinə əsir düşmüş Arazın bu tayında – qədim Naxçıvanda dünyaya göz açmışam. Ağlım kəsəndən Araz dərdi dərdimə çevrilib. Bir az dərindən düşünəndə iki əsrə qədər bir müddətdə imperiya cəlladları aramızda çəkdikləri quşkeçməz sədlərlə nə qazandılar ki? Burada uduzan xalqların tarixi, mədəniyyəti, dünyadan təcrid olunmuş ümumi inkişaf səviyyəsi oldu.

Ustad Şəhriyar ömrünün sonunadək Vətəndən-Vətənə həsrət körpüsünü keçə bilmədi. Üz-üzə, göz-gözə görüşməsək də, qəlbimin hərarəti, ürək döyüntülərim – şeirlərim Şəhriyarla görüşüb, ona məndən tez yetişib. İndi eşitdikcə ki, misra-misra şeirlərimi dinlədikcə ustad nisgil-nisgil göz yaşlarını axıdıb, ürəkdən kövrəldim.

İndiyəcən tariximizə birtərəfli münasibət bəsləmişik. Belə çıxır ki, ədəbiyyatımızı da birtərəfli öyrənmişik. Əslində də belədir. Axı ədəbiyyatımızı ilk növbədə tariximizdə axtarmalıyıq. Artıq Şəhriyar həyatda yoxdur – deməyə dilim gəlmir. Şəhriyar sağlığında “Azərbaycan ədəbiyyatı” dərsliklərinə düşmədi. Bu, biz nəslin günahıdır…

Niyə bunları yada saldım? Heç özüm də bilmirəm. Amma Akifə bildirmişdim ki, Təbrizə getmək istəyirəm.

Akif məsələni həll edəcəyinə söz verdi. Culfaya yollandıq. Culfanı, Təbrizi M.S.Ordubadinin təsvir etdiyi kimi düşünürdüm. İkiyə bölünmüş Culfanın bu tərəfini görməmişdim. Adam istər-istəməz bu bölünmüş Culfanı müqayisə edir. Cənubdan gələn maşınla Təbrizə yollandıq.

Bir vaxtlar, hələ yollar bağlı olanda Məmmədə verilən sualı Məmməd belə cavablandırmışdı:

“… deyirsiniz, Təbrizə yollar açılsaydı? Həmin sözlərdə bütün xalqın arzusu ifadə olunub. Digər tərəfdən Təbrizə yolları biz açmalıyıq. Lakin belə olsaydı, bu, dünyanın ən xoş günü olardı.

Yollar açılsaydı, Təbrizə gedərdim. Ərkdə bir kürsü qurardım. Şeir oxuyardım orada və daha əllərim də əsməzdi, sonra sevincimdən ağlardım, yanıq-yqnıq ağlardım. Bir də elə bilərdim ki, Səttarxan dirilib gəlib…”

Çayı adladıq, Cənuba ayaq basdıq, Məmməd nə ağladı, nə torpağı öpdü. Həmişə dayaq olmaq üçün qolundan yapışdığıma görə, hiss etdim ki, bədənindən ağrılı giziltimi keçdi deyim, titrəyişmi oldu deyim, bilmirəm, hər halda bir hiss onu titrətdi.

Heç Təbriz də Məmmədi qarşılamadı. Maşını sürən mərəndli idi. Bizi Təbrizin “Dərya” mehmanxanasında yerləşdirdi və çıxıb getdi. Heç kimi tanımırdıq. Heydər Həsənoğlu Eyvaz Bəxşimənli adlı bir nəfərin telefon nömrəsini vermişdi ki, nə işiniz olsa, ona deyərsiniz. Zəng etdik, bir az keçəndən sonra Eyvaz və Kazım adlı iki nəfər də gəldi. Eyvaz Kazıma bizi gətirməyi tapşırmışdı. Şəhriyarın evini və qəbrini ziyarət etmək istəyirdik. Gecə Söhrab tanışlardan bir neçəsinə zəng etsə də, təbrizlilərdən kimsə bizə yaxın düşmədi. Çünki Məmməd Araz adı Cənubda çox ağır səslənir. Məmməd şeirlərində Cənub, Araz deyə haray salıb. Düşünüblər ki, indi də “bəlkə” “o tay-bu tayı” birləşdirməyə gəlib.

Səhər Kazım bizi Şəhriyarın Ev-muzeyinə apardı. Eşitmişdik ki, ustad Şəhriyar Məmmədin şeirlərini dinlədikcə göz yaşları axıbmış. İndi də ağlamaq növbəsi Məmmədə çatmışdı. İlk dəfə idi ki, Məmmədə belə göz yaşları görürdüm, Şəhriyarın əli toxunmuş əşyalara baxa-baxa, maqnitofonda ustadın səsinə qulaq asa-asa kövrəlirdi.

Kiçik bir həyət, birmərtəbəli, iki gözdən ibarət mənzil. Bütün görkəmli şairlərin nəsibi olan sadə həyat tərzi.

Orada şəkil çəkilməli, kamera işə düşməli idi, axı Məmməd bir də buralara gəlməyəcəkdi…

Bu, qorxu idi, yoxsa Şimallı-Cənublu xalqımıza məxsus bir laqeydlik? – bilmirəm.

Məmməd muzeydə xatirə kitabına yazı yazdı. Vəssalam. Oradan xatirə kimi heç nə qalmadı.

Həmin gün bizi bir dini qəzetin (adı yadımda deyil) redaktorunun yanına apardılar. Müsahibə götürdülər (təbii ki, çap olunmayıb) Məmməd və Söhrabla xeyli söhbət etdilər. Hətta redaktor “səxavət göstərib” bizi Məşhədə də göndərəcəyini söylədi. Sözdə maşınımızın hansı mənzərəli yerlərdən keçəcəyini belə təsvir etdi, çox səfalı yerlər olduğunu bildirdi. Mollalar gördülər ki, razıyıq, bir az vurnuxduqdan sonra vəd etdikləri yüngül avtobusla, sonra isə təyyarə ilə əvəz etdilər ki, getməkdən boyun qaçıraq. Elə də oldu, Məmməd, onsuz da, razı deyildi. Bir söhbət də mənə yaman ləzzət verdi: söhrabdan müsahibə alırdılar. O da hər sualın cavabında müxtəlif dövlətləri günahlandırırdı. Arabir söhbətə qarışır, cavablara etiraz edib əsas günahkarı göstərirdim. Söhrab belədə sözümü kəsirdi.

–Yox, baba, sən bilmirsən, rusların burada günahı yoxdur. Bütün bu işərin günahkarı özün bilirsən kimlərdir…

Sonra hər şey mənə aydın oldu.

Məşhəd məsələsi baş tutmadığına görə, Söhrab Naxçıvana tez qayıtdı. Məmməddən xahiş etdim ki, bir gecə də Təbrizdə qalaq. Məqsədim “Dumanlı Təbriz”dən tanıyıb sevdiyim Təbrizi görmək idi…

Kazım Ordubadinin romanında təsvir olunan “qaraçılar məhəlləsi”nin uzaq olduğunu, Bəzz qalasının isə bir tərəfinin sökülüb ibadət yerinə verildiyini söylədi. Deməli, arzuma çatmadım.

Mehmanxanada qaldığımız günlərin hesabını guya həmin dini qəzetdən ödəməli idilər. Mollalar hər gün bizimlə yeyirdilər. Bizim pulumuzu ödəmək bir yana, onların da pulunu yazıq Kazım ödəməli oldu. Jurnalistlər “səhər gələcəyik” deyib birdəfəlik yoxa çıxdılar.

Böyük Şəhriyarın o vaxt yarımçıq qalmış məqbərəsinə baxıb orada basdırılan şairlərin adlarını Kazımdan soruşdum.

Bir də uzaqdan görünən Eynəli dağına həsrətlə baxdıq. Vəssalam. Təbriz səfərimiz belə başa çatdı.

Bakıda isə Təbriz səfərimiz haqqında “əfsanələr” yaranmışdı. Guya Təbrizdə də Məmmədin 60 yaşını qeyd ediblər. Hər halda, bu, yerinə yetməyən xoş bir arzu idi.

Torpaqların işğalı davam edirdi.

Mətbuat öz səhifələrində 60 illiyi işıqlandırır, Məmmədsevərlər də müxtəlif yollarla öz sevgilərini bildirməyə çalışırdılar. Kimisi “Məmməd Araz” mükafatı təsis edir, kimisi öz şirkətinə Məmmədin adını verməyə çalışırdı.

Təbii ki, bunların hamısı öz yerini tapmayan çağırışlar idi.

1993-cü il oktyabrın 12-də Milli İstiqlal partiyasının təşəbbüsü və İsa Məmmədovun təşkilatçılığı ilə axşam saat 6-da Opera və Balet Teatırının zalında geniş miqyasda Məmmədin 60 illiyi keçirildi. Gecəni çox gözəl təşkil etmişdilər. Həmişəki kimi… Yer olmadığına görə xeyli adam qapıları açıb girişdə dayanmışdı. Heç bir idarə başçıları öz işçilərini təşkil edib gətirməmidi, hamısı könüllülər idilər…

Elçin Əfəndiyev telefonla soruşdu: – Yubileyi nə vaxt keçirək, 25 oktyabr olsunmu? Bizə heç yerdən müraciət olunmayıb.

Məmməd öz növbəsində xalqın bu müsibətli günlərində yubileyin lazım olmadığını söylədi. Çox danışıqdan sonra 30-na qaldı.

Heydər Əliyevin göstərişi ilə Məmmədin yubileyi Azərbaycanın iri şəhərlərinin hamısında keçirilməli idi. Lakin…

Türkiyənin səfiri Altan Karamanoğlu bizi banketə dəvət etmişdi.

Heydər Əliyev orada Məmmədlə görüşdü və halını soruşdu.

Məmməd soruşdu ki, ona kitablarını göndərib, alıbmı?

– Bəli, almışam, oxumuşam, çalışacağam ki, yubileyində də iştirak edəm.

Gecə keçirildi. Bu, həmin gecə idi ki, Zəngilan düşmən əlinə keçdi və prezident görüşdən yarımçıq getməli oldu.

Görüşə Mirvarid Dilbazi, Hüseyn Abbaszadə, Qulu Xəlili və Sabir Rüstəmxanlı gəlmişdi. Qalan yazıçıları görmədim. Rəhmətlik Qulu Xəlili bu haqda “Dost gileyi” məqaləsində geniş yazıb.

Gecədə prezidentin teleqramı da oxundu:

Azərbaycan Pespublikasının Xalq şairi Məmməd Araza.

Anadan olmağınızın 60 illiyi münasibətilə Sizi – müasir söz və sənət dünyasının görkəmli nümayəndəsini səmimi qəlbdən təbrik edirəm!

Sizin qələminizə məxsus güclü müqayisələrdə, adi həqiqətlərin poetik duyumunda böyük Azərbaycan dünyası – bütün ağrı və acıları, qayğı və yaşantıları ilə birlikdə bütöv Azərbaycan dayanır. Müstəqil Azərbaycanımızın gələcəyini daha da işıqlı görmək, xalqımızı əmin-amanlığa və səadətə qovuşdurmaq hamımızı düşündürən vacib məsələlərdəndir. İnanıram ki, bundan sonra da öz poetik dühanızın gücünü bu məqsədlərin reallaşmasına yönəldəcək, xalqımıza yeni-yeni əsərlər bəxş edəcəksiniz.

Sizə möhkəm can sağlığı arzulayıram!

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti. Ali Sovetin sədri

Əbülfəz Elçibəy isə yazırdı:

Hörmətli Məmməd Araz!

Sizi anadan olmağınızın 60-cı ildönümü münasibətilə təbrik edir, Sizə uzun ömür, möhkəm can sağlığı və yaradıcılığınızda uğurlar arzulayıram.

Bütün yaradıcılığınız boyu heç bir hakimiyyətə yarınmadığınız, Millətə və Vətənə məhəbbət hisslərini əsas tutduğunuz üçün əsərləriniz həmişə sevilə-sevilə oxunub və vətəndaşlarda Vətənə, torpağa sevgi hisslərini oyadıb. Sadəcə yazanların deyil, Sizin kimi şair doğulanların taleyi öz xalqının taleyidir – ağır, keşməkeşli və şərəfli!

Əzizimiz Məmməd bəy, xalqımızın tam azadlığa qovuşacağı vaxtlar lap yaxındadır. Xalqımızın dərdini, kədərini, arzusunu yazdığınız kimi, onun azadlıq yolundakı şərəfini də tərənnümü Sizdən gözləyirik.

Tanrı xalqımıza və onun sevimli şairi – Sizə yar olsun!

Dərin hörmət hissi ilə

Əbülfəz Elçibəy

Yazıçı Hüseyn Abbaszadənin yubiley gecəsindən xeyli əvvəl yazdığı məktub məni kövrəltmişdi.

Yazırdı:

Əzizim Məmməd! Ömrünün altıncı on illiyini başa vursan da, müdrik poeziyan – Məmməd Araz poeziyası yenə də tükənməz gənclik enerjisi ilə qaynayır. Çünki əsl böyük poeziya qocalıq-cavanlıq həddi bilmir.

Ustad qələmindən çıxan əvəzsiz şeirlərin dillər əzbəridir. Fərəhlidir ki, bir çox misraların xalq arasında zərb-məsələ çevrilib. Bir şeirində yazırsan ki:

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

Arxayın ol, əziz qardaşım, vətən – ana yurdumuz Azərbaycan sənə çoxdan oğlum deyir, həm də sadəcə oğlum yox, böyük şair oğlum, səmimi, təəssübkeş oğlum deyir. Əlinə qələm alan gündən incə rübabını Azərbaycana məhəbbət, xalqa səadət ruhunda kökəldin. Ürəksiz bircə kəlmə də, bircə misra da yazmadın. Buna görə də poeziyanın təsir gücü çox böyükdür, həmişə yaşardır. Qüdrətli poeziyan vətənimizin bu ağır günlərdə cəbhələrdə döyüşçülərimizi azğın düşmənlərlə mərdliklə vuruşmağa ruhlandırır.

Bir sənətkar kimi, heç vədə ad-san, mükafat dalınca qaçmamısan, əksinə şan-şöhrət özü sənin dalınca qaçıb.

Dərd eləmə, desəm ki,

Yazı masam, ölürəm.

Ölə-ölə yazmıram,

Yaza-yaza ölürəm.

Bu gözəl, lakin bədbin ruhlu şeirinə nəsr dililə belə cavab verirəm. Arzu edirəm ki, əziz qardaşım Məmməd, cavanlaşa-cavanlaşa yazıb, yaza-yaza cavanlaşıb uzun və sağlam ömür sürəsən.

Ulu tanrı səni bizə çox görməsin.

Öpürəm səni.

Qardaşın Hüseyn Abbaszadə

28 oktyabr, 1993-cü il

Körpələrin yuxusunu qoru, qardaş!

“Vətən ölməz” duyğusunu qoru, qardaş!

Abdulla Qurbani bizə söhbətlərində dəfələrlə çatdırmışdı ki, soyuq səngərlərdə işıq olmayanda istimiz, işığımız sizin şeirləriniz olur. Dağın başında “Məmməd Araz axşamıdır bu axşam” adıyla səhərə qədər keşik çəkə-çəkə şeirlərini əzbərdən demişik.

Belə söhbətlər evimizdə çox olurdu.

Noyabrın 1-i işdən gələn kimi dedi:

– Hazırlaş, sahab Gəncəyə gedəcəyik.


Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации