Электронная библиотека » Gülxanım Fətəliqızı » » онлайн чтение - страница 4

Текст книги "Məmməd Arazlı günlərim"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Gülxanım Fətəliqızı


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 10 страниц)

Шрифт:
- 100% +

YENİDƏN İSTİSU

Niyə xatirələrimdə İstisuya bir belə yer vermişəm? Çünki Bakıda Məmməd öz yazı-pozusu ilə məşğul olar, bizimlə ünsiyyətə vaxtı çox qalmazdı. Mən də onun işlədiyini görəndə sevinər, mane olmamağa çalışardım. Bakıdan kənarda mənimlə həmsöhbət olar, ən çox da şeirlərdən danışardı.

Müalicə yaxşı nəticə versin deyə 3 il dalbadal İstisuya getməli idik. 1969-cu ildə kiçik qızım Şəlaləni də götürüb Kəlbəcərə yollandıq. Yevlaxa qədər qatarla, ordan isə yüngül maşınla mənzil başına çatdıq.

Şəlalə bütün günü sanatoriyanın həyətindəki sarı çiçəkləri yığıb atasına bağışlayar, deyərdi:

– Bütün çiçəkləri yığıb qurtardım, ta qalmadı, çiçəkləri saraltma ha!

Səhərsi həyətə enən kimi heyrətdən qışqırardı:

– Ata, gör yenə nə qədər çiçək var, axı dünən hamısını yığmışdım?!

Yeməz-içməz, yenidən öz işilə məşğul olardı Şəlalə. Yorular, atasının qucağında yatardı. Uşaqla gəzməyə gedə bilməzdim dostları isə Məmmədi darıxmağa qoymazdılar.

İstisuyun yolları təhlükəli və bərbad idi. Orada istirahət edən MK-nin işçiləri deyirdilər ki, İstisuyun yollarına dövlət tərəfindən ayrılan pulları asfalt yerinə Bakıya döşəsəydilər, puldan 20 sm qalınlığında asfalt alınardı. Qəribədir, həmin sözləri pulların axırına çıxanlar deyirdilər:

– Bunlar kimləri günahlandırır? – deyirdi Məmməd, – pullar bu cənabların özlərinin əlindədir, bəs günahkar kimdir, görəsən?…

Ən çox qəribəsi bu idi ki, İstisuyun digər tərəfi ermənilərin “Cermux” adlandırdıqları istirahət yeri idi. İsti suyun “suyunun suyu” çatırdı həmin yerə. Ancaq elə düzəltmişdilər ki, bizim də “cənablarımız”ın çoxu oraya istirahətə gedirdi…

Yazıçılar bu məsələləri gündəlik müzakirəyə çıxarsalar da, bir nəticə alınmırdı.

Yazıçı Bayram Bayramov “Kommunist” qəzetində bu haqda çıxış etmişdi. Məmməd də Bayram müəllimin səsinə səs vermişdi:

“Kommunist” qəzetinin redaksiyasına!

Hörmətli redaktor! “Kommunist” qəzetinin 21 və 22 avqust tarixli nömrələrində yazıçı Bayram Bayramovun “Bir daha İstisu haqqında” adlı məqaləsini İstisuda istirahət edərkən oxudum və qəzetin necə əldən-ələ gəzdiyinin, putyovkalı-putyovkasız istirahətə gələnlərin arasında necə əks-səda doğurduğunun şahidi oldum.

Oxucu mətbuatdan həmişə həqiqət istəyir, həqiqətin göyərib bar verməsinə mane olanların gözündən vurmasını istəyir.

İstisu kimi bir yeri dünyanın gözəl guşələrindən birinə çevirmək olar. Bu şərtlə ki, qərar və göstərişlərə əməl oluna, bir az vətəndaşlıq, bir az qeyrət, bir az zəhmətkeşlik və məsuliyyət hissi, bir az da icranı yoxlama diqqəti ola.

Şahid oldum ki, minlərlə zəhmətkeş məqaləni oxuya-oxuya “Kommunist” qəzetinin Bayram Bayramovun ünvanına alqışlar yağdırırdı. Bir neçə peysəri tüklü də burnunu yerə dikib, xəcalətindən girməyə yer axtarırdı. Ancaq onların bəzisi ümidvardır ki, “Kommunist”in bu növbəti çıxışı da bəzi təşkilatların tükünü tərpədəcək, onlar isə “ev qalıb əyriyə…” məsələnin dəmiylə mürgüləyəcəklər.

Bəzi təşkilatlar və nazirliklər qarşısında tələbatı çox ciddi qoyub, onların rəsmi cavablarını çap eləmək, əməli işləri barədə ara-sıra material çap etmək, İstisu kurortunun bütün işlərinə hamiliyi (qeyri-rəsmi) boynuna götürmək “Kommunist” qəzetinin ən obyektiv kommunistliyi olardı.

Bir daha məqalə müəlliflərinin qeyd və tənqidləri ilə şərikliyi öz sanatoriya yoldaşlarının adından sizə yazır, təşəkkürümü bildirirəm.

Məmməd İbrahim

25.VIII.69.

Beləliklə də, bir müddət bəzi işlərə görə İstisu əhvalatlarımız arxa plana keçdi…

Demişdim ki, rus dilli məktəbdə işləməkdən imtina etmişdim.

1969-cu ildə 159 saylı Azərbaycan dilli məktəbə sinif müəllifi təyin olundum. Amma tezliklə məzuniyyətdə olan müəllim yerinə qayıtdı, yenə də işsiz qaldım. Nəsimi rayon Maarif Şöbəsi müdirinin yanına getdik. Bizə yuxarıdan aşağıya baxaraq rusca dedi:

– Yer yoxdur, onsuz da, Azərbaycan dilli məktəblər bağlanır.

Maarif Naziri Mehdi mehdizadənin qəbulunda oldum və maarif müdirinin mənə verdiyi cavabı Mehdi müəllimə çatdırdım. Nazir hirsindən qızardı

– Bu nə sözlərdir? Bu, düşmən aqitasiyasıdır, necə yəni Azərbaycan dilli məktəblər bağlanır?

Mehdizadə ərizəmin üstünü yazdı:

“İşlə təmin olunsun və mənə cavabı çatdırılsın”. Nazirin göstərişinə baxmayaraq, mənə iş vermədilər. Əslində, qorxularından Məmməddən rüşvət ala bilmədiklərinə görə iş də vermirdilər. Məmməd təzədən Mehdizadəyə məktubla müraciət etdi:

Azərbaycan SSR maarif naziri Mehdi Mehdizadə

yoldaşa məktub

Hörmətli Mehdi müəllim!

Hörmətli professor!

Mənim bu məktubu yazmağa o qədər də ehtiyacım yox idi. Bəlkə, sizin üçün də bir nazir kimi, o qədər də əhəmiyyəti yoxdur. Çox belə gileyli məktublar görüb, kənarına: yoxlamaq üçün “filan yoldaşa…” dərkənarı qoymusunuz.

Ancaq siz mənim müəllimim olduğunuzdan düzünü deyim ki, yazmaya bilmədim. Lap gecənin yarısı qəfildən ayağa qalxdım, yata bilmədim – hafizəmdə vaxtilə abidəsi olan bir müəllimin yıxılıb yox olmaq təhlükəsi yarandı. Doğrudanmı, sizin vaxtilə dediyiniz o pedeqoji düzlük, pedoqoji vicdan, “maarif sözü ilə mərifət” sözünün yaxınlığı, eyniyyəti quru Auditoriya söhbəti” imiş. Və doğrudanmı, Azərbaycan maarif sisteminin Bakı iqlimində rəsmi göstərişlər, vədlər, tapşırıqlar və nəhayət, uçot işi yalnız formadır, məzmuna dəxli yoxdur? Və doğrudanmı, bu idarə üsulunda bir nizam-intizam, böyük-kiçik etikası, təkcə qanun deyil, məntiqə, insanlığa, adicə iş normasına aid bir söz məsuliyyəti lazım deyilmi? Ən ümdəsi: doğrudanmı, Sizin birinci müavininiz R.Hüseynovanı, Sizin kadrlar şöbəsinin müdirini, Sizin rəsmi göstərişlərinizi saymırlar? Belə isə Sizin bu vəzifədə nə işiniz var?! Gözəl alimsiz, dərsinizi deyin. Qoy pedoqoji elmlə, maariflə daban-dabana zidd olan bürokratizm, süründürməçilik, mərtəbəli vədlər bu sahədən xəbərsizin qapısında get-gəl yaratsın. Bu, tam səmimi sözümdür. Qeyri-təvazökarlıqla deyin ki, səkkiz şeir kitabının, nə qədər məqalə və başqa yazının müəllifiyəm, üstündə Məmməd İbrahim yazılmış “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “Poyu Araks”, “İllərdən biri” və s. kitablarımı vərəqləyib baxa bilərsiniz, zəifi çox-çox ola bilər, ancaq qeyri-səmimi, yalan sözüm olmayıb.

Bütün bu müqəddəmələr nə üçündür?

On iki ildir evlənmişəm. Bu on iki ilin, demək olar, on ilini müəllim yoldaşımdan eşitmişəm ki, bəs mən nə vaxt dərs alacağam? Təxminən 64-cü ilə qədər bir-iki il uçot məsələsi ilə nazirliyə ayaq döyən bu qadın, 64-cü ildən vəzifəsini mənə tapşırıb ki, indi sən çalış. Bu müddət ərzində Sizin birinci müavininiz, Bakı maarif şöbəsinin müdir və müavinləri və s. Nə qədər təntənəli vədlər…

Həmişə iyun-iyul tez olub, avqust sentyabr gec!!! Heç vaxt maddi cəhətdən ehtiyacımız olmayıb. İndi də yoxdur. Ancaq mənəvi cəhətdən onun istəyini boğmağa haqqım yoxdur.

1970-ci il iyulun 14-də yoldaşım Məlikməmmədova Gülxanım Sizin yanınızda olub. Bildirib ki, bu qədər get-gəldən sonra Nəsimi rayonunda mənə müvəqqəti iş veriblər. Bu ildən sonra yenə köhnə vəziyyət. Siz rəsmi dərkənar qoymusunuz ki, “təmin etsinlər”. Yenə bu işin nəticəsi ilə maraqlanıram və görürəm ki, adamlar üçün qəti dəxli yoxdur. Deməli, ya naziri eşitmirlər, ya da nazirin özü bu mühitə enib. İndi məni bu məsələnin məzmunu yox, forması maraqlandırır. Daha bu yalançı və riyakarlardan, bu gün söz verib, sabah qırmızıca dönənlərdən zəhləm qaçıb. Sabiranə ikrahla üzümü çevirib hayxırmaq istəyirəm. Məni bir vətəndaş və yazıçı kimi indi düşündürən, Sizə müraciətə məcbur edən də budur: Bəs bu adamlar ərsiz və kimsəsizlərə, yazıq qadınlara necə münasibət bəsləyirlər?

Mehdi müəllim, bu 10 il ərzində mənə təkliflər, hətta lap konkret təklif olub ki, “gəl gedək, düzəldək” və s. düzünü deyim ki, bu iş çoxdan düzələ bilərdi. Lakin o günü özümü şair kimi güllələrdim, yazı masama yaxınlaşa, qələm götürə bilməzdim. İstəmişəm görəm ki, qanuni yolla bir müəllimi işə düzəltmək mümkündürmü? Axı niyə olmamalıdır? Axı 18 ildir mətbuat aləminə bələdəm, yazıb-pozuram, bir adam barmağını qatlaya bilməz ki, “ bir xəttimin çapına süni təkan olub”.

Ömrümdə yuxarı təşkilata yazı yazmamışam. Buna da məcbur oldum, hirs məni boğurdu, işləməyə qoymurdu. Mərkəzi Komitəyə yazmaq istəyirdim ki, ilahi, bu necə sistemdir ki, birinci müavini eşidən yox, nazirin dərkənarına baxmırlar, haradan tapaq bir qanun naziri, vicdan naziri, doğru söz naziri! Bunların hamısından danışdım. Müəllimim olduğunuzu yadıma gətirib Sizə gileyimi yazdım. 10 illik get-gəldən sonra, nəhayət, ən son mərtəbələri gördüm. Daha belə sistemin nə maddi, nə mənəvi çörəyini həyat yoldaşıma rəva bilmərəm. Lakin Sizinlə bir müəllim və alim kimi nə vaxtsa, hardasa görüşəcəyəm. Onda daha çox sözüm olacaq.

Hörmətlə:

Məmməd İbrahim

Şair, “Ulduz” jurnalının məsul katibi

Məmmədin belə kəsərli məktubu öz nəticəsini verdi. Nazirin xüsusi əmri ilə məni təcili olaraq işlə təmin edib nazirə məlumat verdilər. Beləliklə, təqaüdə çıxana qədər Nəsimi rayonunun 19 saylı orta məktəbində dil-ədəbiyyat müəllimi işlədim.

1968-ci ilin oktyabr ayı idi. Filarmoniyada Məmməd və Xəlilin oxucularla görüşü keçirilirdi. Bərk yağış yağırdı. Sel-su küçələri bürümüşdü. Həyəcanlanmışdıq ki, bu selləmədə görüşə heç kim gəlməyəcək. Zala daxil olanda ayrı səhnənin şahidi oldum. Bütün yerlər tutulandan sonra ayaq üstə qalanlardan savayı, yağışın altında fürsət tapıb içəri keçməyə can atanların sayı-hesabı yox idi. Gecənin aparıcısı Söhrab Tahir heyətini belə ifadə etdi:

Qətiyyən güman etməzdim ki, mətbuatda, radioda heç bir elan verilmədiyi, heç bir afişa, dəvətnamə buraxılmadığı halda, poeziya gecəsinə bu qədər oxucu – dinləyici toplaşa bilər. Yalnız Yazıçılar İttifaqına və bir-iki instituta vurulmuş kiçik, görkəmsiz bildiriş bu qədər dinləyici toplaya bilibsə, görünür, Məmməd İbrahim şeirinin cazibə qüvvəsi var, oxucuları onu yeni söz deməyə qabil şair hesab edirlər.

Gecəyə mənim əlavəm o ola bilər ki, dinləyicilərin xahişi ilə görüş 4 saatdan çox çəkdi.

… Məmməd xalq tərəfindən sevildiyinə görə sevinirdi…

Tez-tez rayonlara da görüşlərə çağrılardı. Hamısına gedər, gələndə nəsə yazmağa çalışardı. Ən çox da məqalələri rayonların məhsulu olurdu. Lənkarandan dəmirağacının maral buynuzuna oxşayan bir budağını gətirmişdi və bu, uzun müddət heç bir bəzəyi olmayan evimizin “bəzəyi” olmuşdu.

Bu illər ərzində Məmmədə həm açıq, həm də gizli hücumlar artmışdı. Kitabları çap olunan kimi sürətlə satılırdı. Bu isə kitabları satılmayıb qalanlara xoş gəlmirdi.

Həmişə zarafatla deyərdim:

– Məmməd, “burnunu heç əzmirlər”, bu vaxta kimi səni ciddi tənqid etməyiblər. Elə bil zarafatla dediyim bu söz…

Bir gün Məmməd fikirli gəldi. Onu dilxor vaxtında danışdırmazdım. Özü dilləndi:

– Axır ki, “arzuna” çatdın, məni də tənqid etdilər, ancaq sifarişlə.

Məsələ belə idi: Ş.Salmanov “Ədəbiyyat və incəsənət” qəzetində 1968-ci ildə (ayı yadımda deyil) Məmmədin Səməd Vurğuna həsr etdiyi bir neçə şeirini tənqid edən sifarişli məqaləsini dərc etdirmişdi.

Bu, oxucuları qəzəbləndirmiş, saysız məktub və teleqramlar Yazıçılar İttifaqına, həm MK-ya, həm də “Ədəbiyyat və incəsənət” qəzetinə ünvanlanmışdı. Hətta bir neçə cavab məqaləsi də müxtəlif mətbuatlarda çap etdirmişdilər. Onlardan bir neçəsini burada qeyd edirəm.

Şəmşad Rza: “Qəribə mülahizələr müəllifinin qəribə mülahizələri”

Cavad Məmmədov: “Qəribə mülahizələrdə qəribəlik”.

Yazıçılar İttifaqına ünvanlanmış yazının isə məzmunu belə idi:

Hörmətli Mirzə İbrahimov yoldaşa!

“Ədəbiyyat və incəsənət” qəzetində şair Məmməd İbrahim “Ömür karvanı” kitabı haqqında bədxah tənqiddən sonra Sizin, məhz Sizin ədalət naminə çıxışınızı gözləyirik. Sevimli şairimiz haqlı olaraq “ağsaqqallar səxavətinin” azadlığından şikayətlənir.

Ümidvarıq, Siz böyük ürəyinizlə bu dəfə də sübut edəcəksiniz ki, dünya xali deyil!

Möhtərəm Mirzə müəllim, Azərbaycanın ən uzaq guşəsində – Kəlbəcərdə yaşayırıq. Ədəbi hadisələrdən xeyli kənardayıq. Məmməd İbrahimi şəkildən tanıyırıq. Bəlkə də, küçədə qarşılaşsaq, tanıya bilmərik. Eyb etməz, onun rübai şeirlərinin əksəriyyətini əzbər bilirik. Bu, şairin ən böyük xoşbəxtliyidir! Bu gün bizi qəzəbləndirən, Sizə məktub yazmağa vadar edən odur ki, xunveybin bir tənqidçi müasir şeirimizin bu ən gözəl yaradıcısına oxucular adından hücum edib. Bəlkə də, qəzetin redaksiyası bunu düşünməyib, sərlövhədə ədalətli bir məna qabarıqlığı meydana çıxıbdır. “Qəribə” kəlməsi yaşıl rənglə gedibdir. “Mülahizələr” kəlməsi isə məqalə müəllifinin bədxah fikirlərinə uyğun qara rənglə. Doğrudan da, sevimli şairimizə qarşı bu məqalə qapqara mülahizədir.

Şamil Salmanov qəribə cəfəngiyyatında yazır:

“… bu cür təzahürləri (?) vaxtında görmək, onları aradan qaldırmaq işində gənc müəlliflərə kömək etmək zəruridir”.

Deməli, müəllif həmin məqsədlə də Məmmədə “kömək” mövqeyini tutub. Bərəkallah, kişi! Əhsən “köməyinə!..” belə qoyun dərisində canavarları bizim yaşlı nəsil 37-ci illərdə çox görüb, özünə peşə tap, ay allahın məqsədsiz-məramsız yazığı! Yaxşı ki, o qara illər deyil. Yoxsa bu gözəl rübabın sahibini bu cəfəngiyyata görə çoxdan zirzəmilərdə çürütmüşdülər.

Qəribə dəb düşüb. Beli bükülənə qədər şairi “Gənc şair” adlandırırlar. Məmməd İbrahim kimi uzun illərdən bəri öz gözəl şeirlərini yazan, yolu, üsulu tanınan, püxtələşən qələm sahibini Ş.Salmanov, görəsən, niyə gənc şair adlandırıb? Hə, bunlar “balabanda çalmaq” üçün bir müqəddimə rolunu oynayıb. Əks halda qorxub ki, deyən ola: bala, uşaqsan, uşaqlığında dur. Məmməd kimi yetkin şairin yaradıcılığında xoşagəlməz təzahür meydana çıxıbsa, qoy onda Məmməd Cəfər kimi sanballı, xeyirxah tənqidçi dillənsin.

Bu torpaq öz odlu qəlbindən ona görə Məmməd kimi odlu şairlər yetirməyiblər ki, hər yoldan ötən təsadüfi adamlar qol-qanadını qırsın! Əsl şair xalqın haqq deyən dilidir. Bu dili qoparmaq Şamil kimilərin işi deyil.

İşə bax ha! Şamil Salmanov deyir ki, bunu kömək məqsədilə yazmışam. İnsanda təvazökarlıq yaxşı şeydir. Belə də azar olar. Xalqın dərin rəğbətini qazanmış bir şairə gör kim yol göstərir? – Bu sahədə əli bir yana yetmədiyini, qol-qanad aça bilmədiyini görüb poeziyadan uzaqlaşan, bədxahlıq cəbhəsində özünə qüdrətli dayı axtaran bir zavallı! Möhtərəm Mirzə Müəllim, görün belələrinin çirkin əməllərini mərkəzdən nə qədər uzaqdakılar bilir.

Şairdə cürət görəndə belələri nə üçün tələm-tələsik qələmə sarılır? Kimdir onları dəhmərləyən? Kimdir onların kürəyində dayanan “çəkişmələr konsertinin dirijoru?” Şair də həqiqəti görməyəcək?

“Səməd Vurğunla söhbət” şeirinin mövzusu aləm-aşkar həqiqətdir. Bu, dövrümüzün ən böyük ədalətsizliyi sayılmalıdır. Bu həqiqəti kim isə sənət dili ilə söyləməli idi. Məmməd İbrahim söylədi. Ancaq təqdir etməli ədəbi hadisə! Şair demiş, SƏMƏDSİZLİYİ niyə gizlədərlər?!

Məqalə müəllifi Məmməd İbrahimin özü-özündən şeirlər yazdığını ona irad tutur. Aman Allah, paxıllığa bax; Şamil uzun illər boyu olmazın zəhmətlə başqa obyektlər barədə şeirlər yazdı, bircə misrası yadda qalmadı. Amma Məmmədin öz-özü haqqında yazdığı şeirlərin əksəriyyəti dillər əzbəri olub. Bu ondan irəli gəlir ki, Məmməd bəzi xəbislər kimi təkcə öz qəlbinin hissləri ilə yaşamır, hamının qəlbini tərənnüm eləyir. Ş.Salmanov yazır:

“Məmməd kitabını…” “Naməlum qadına məktublar” kimi məhdud, soyuq məişət hissləri ilə doldurub.

İnsafa bax, mürvətə bax! İnsanın qəlbinin ən dərin nöqtələrini təlatümə gətirən unudulmaz silsilə şeirlərə vurulan damğaya bax! Məqalə müəllifinin ürəksizliyi adamı dəli edir: “Onun bu kitabında da təsirli, səmimi ilhamın məsulu olan şeirlərə rast gəlmək mümkündür…”

Sözə bax: – rast gəlmək mümkündür…

Torpağımız qəribədir: bir tərəfdə Məmməd İbrahim kimi bir yarpağın titrəməsindən qəlbi ehtizaza gələn, ülvi gözəllik duyan şairlər yetirir, digər tərəfdə isə o boyda gözəlliyin ilahi tərənnümünə gözünü, qəlbini bərk-bərk yuman Ş.Salmanov kimi ürəksiz tənqidçilər. Adamı yandıran o dərddir ki, belələri gözlərini və ürəyini öz əlləri, öz pərdələri ilə yummurlar. Namərd şilləsi kimi başqalarının dəyirmanına su tökürlər.

Ş.Salmanov oxucuların əvəzindən Məmmədin qəmindən qorxur. Gəlsin, ona and içək ki, ürəyimiz bu cəhətdən buz kimidir. Məmməddə belə misra tapırıqsa, bunu bəşəri qəm, bəşəri kədər kimi qəbul edirik. Burdan Ş.Salmanov dediyi sayaq şübhələnib eləmirik. Tənqidçi qoy tam arxayın olsun.

Hörmətli Mirzə İbrahimov, ağsaqqal adından, ədəbiyyatmızın başında duran rəhbər adından Sizdən əsl qiymət gözləyirik: Məmməd İbrahimə qarşı da, Ş.Salmanova qarşı da. Fikrimizi yazıb həmin məqaləni çap etməklə özünü oxucu kütləsinin gözündən salmış “Ədəbiyyat və incəsənət” qəzetinə də göndərə bilərdik. Amma elə bu hal göstərir ki, qəzet üzügörənlik yoluna düşüb. Tanışlığa görəmi, kimdənsə çəkindiyinə görəmi, ya nəyə görəsə (təkcə ədalətə görə yox!) belə məqalələr çap edir. Yəqin etdik ki, oraya yazı göndərməyimiz əsəb cəhddir. Lakin məktubumuzu Sizə göndərməklə inanırıq ki, narahatlığımızı ata qəlbi ilə duyacaq, mövqeyinizdən, hörmətinizdən istifadə edib, ədalətin bərpası üçün yadda qalan tədbir görəcəksiniz.

Hörmətlə!

1. Sücaət Əhmədov – rayonda çıxan “Yenilik” qəzetinin əməkdaşı

2. Qənbər Qurbanov – Kəlbəcər qəsəbə orta məktəbinin direktoru

3. Yaqub Əsgərov – rayon partiya komitəsinin işçisi

4. Münəvvər Rəcəbova – Qəsəbədə kitabxanaçı

5. Bəhram Həsənov – Kəlbəcər qəsəbə sakini

6. İsa Tağıyev – rayon notarius kontorasının müdiri və b.


9.III.1969-cu il

Məktubun bir nüsxəsi də bizə göndərildiyi üçün evdə arxivdə qalır.

Bu məktubu xatirələrimdə verməkdə ayrı məqsədim yoxdur. Ancaq məni yandıran odur ki, belə hadisələrdən sonra Məmməd uzun müddət yazı masasına yaxınlaşa bilmirdi.

… Arabir Əli Vəliyevgilə gedərdik. Onun çox maraqlı söhbətləri olardı. “Xunveybin” sözünü ondan tez-tez eşidərdik (deyəsən, Çindəki bir hərəkatın adı idi). Kimlər haqqında söhbət getdiyinə fikir verməzdim. Başım Qumru xanımla söhbətə qarışardı. Amma arabir qulağım çalan sözlərdən hiss edirdim ki, sərbəst vəznlə heca vəzni arasında ağıllı-başlı “müharibə” gedir.

Arada Məmmədi də müəyyən dərəcədə sıxışdırırdılar. Məmmədin keçdiyi həyat yolunda haqsız hücumlar çox olub.

1961-ci ildə “Üç oğul anası”, 1963-cü ildə “Mən səni taparam”, 1964-cü ildə “Araz axır”, 1966-cı ildə “Anamdan yadigar nəğmələr”, 1967-ci ildə “Ömür karvanı”, 1969-cı ildə “İllərdən biri” şeirlər kitabları çap olundu və yenə də təkrar edirəm ki, çox sürətlə satıldı.

Hamısını sadalamıram, bu kitablar həcmcə balaca olsalar da, hər biri böyük marağa səbəb oldu. Çap olunan şeirlərin isə, demək olar, hamısı dillər əzbəri olur.

“Ulduz” jurnalındakı dəyişiklikdən sonra məlum səbəblərə görə, Məmməd jurnaldan çıxmışdı.

O zamandan ta rəhmətə gedənə qədər Məmmədin yazı masasının üstündə həmişə Füzulinin bu misrası olub:

“Kimi kim bivəfa dünyada gördüm, bivəfa gördüm”

            Bu dağlar vüqarı, bu dağlar gücü,

      Bu gecə kəşf etdim Şuşa bürcü

      Bir Şüşa bürcü, tamaşa bürcü…

Belə əsəbi vəziyyətdən qaçıb təbiət qoynunda dincəlmək məqsədilə yenə İstisuya üz tutduq.

Bakı-Ağdam qatarında rəhmətlik (bu xatirələri yazanda artıq dünyasını dəyişmişdi) Zeynal müəllimlə rastlaşdıq. (Ağdamın görkəmli ziyalılarından idi) Zeynal müəllim Məmmədi Şuşada qalmağa razı salmaq üçün söhbətinə belə başladı:

– İstisu yerindədir, bir neçə gün Şuşada qalarsınız, sonra özüm sizi İstisuya yola salaram. Əli Kərimin ailəsi – Elza xanım da uşaqları ilə Şuşadadır.

Zeynal müəllimin istəyinə qarşı çıxa bilməyən Məmməd razılıq verdi.

Zeynal müəllim bizi əvvəl Ağdama, sonra da Şuşaya apardı. Bu dəfə hər iki qızımızı özümüzlə götürmüşdük. Çünki onlarsız çox darıxırdıq.

İnternat binasında yerləşdik. Zeynal müəllim bizi tamam qayğı ilə əhatə eləmişdi ki, qaçmayaq.

Qaldığımız günlərdə Zeynal müəllim çox gözüaçıq, torpağını, millətini sevən ziyalı olduğunu gördüm. Orada olduğumuz müddətdə Məmmədlə aralarında müxtəlif söhbətlər olardı. Qala divarlarının bir tarixi abidə kimi saxlanmasından gileylənər, “millətin başında ağıl əvəzinə duman var” – deyərdi. Bədii ədəbiyyatda İbrahim xanın düzgün işıqlandırılmasına qəzəblənərdi. Məmməd də əlavə edərdi:

– Ruslara kim inanıb, onlara xidmət edibsə, sonu faciə ilə qurtarıb. Əvvəl siyasətləri üçün adamdan istifadə edir, sonra nəslini, kökünü kəsirlər. Həmişə demişəm, yenə deyirəm. Bundan sonra da kim rusların siyasətinə aldanıb onlara xidmət edərsə, qurbanlıq quzu olacaq…

Zeynal müəllim bizi Xan bulağına, İsa bulağına, Turşsuya apardı. Uşaq səmimiliyi ilə bir torpaq vurğunu kimi bu yerlərin qəzəbli qaşından, aylı gecələrindən, Tərtərin nəğmələrindən söhbət açardı. Turşsuya gəzməyə aparanda diz çöküb torpağı necə öpdüyünün, yerə sərilib necə qucağladığının şahidi idik.

Düzdür, Məmməd buralarda dəfələrlə olub, ancaq mən birinci dəfə idi ki, Şuşaya gəlirdim.

Turşsuda gözəl gün keçirdik. Bu suyun ləzzəti bambaşqa idi. Rəşid müəllimin (o da Ağdamlı idi) məlahətli səsi olan gözəl qızı da oxumasıyla dinləyicilərin qəlbini titrədirdi. Qızcığaz “Neyçin gəlməz”i oxuyanda hamı susardı. Niyə belə kədərli çıxırdı bu səs? Rəşid müəllimin bu gözəl qızı kimi çağırırdı belə? Kimi səsləyirdi? Natəvanın ruhunumu? Özümdən asılı olmadan, bu səsin ovsununa düşərək balalarımı bərk-bərk qucaqlamışdım, elə bil onları itirmək qorxusu canıma dolmuşdu. Natəvanın bu qəzəli, bəlkə də, ayrı vaxt məni belə təsirləndirməzdi. Lakin bulaq başında dağı-daşı titrədən bu oxuma insan qəlbinin ən incə tellərinə toxunurdu. Əli nəyəsə çatmayan ürəyin ağrısı vardı o qızın səsində. Bakıda bu mahnını çox dinlədiyimə baxmayaraq, elə bil ilk dəfə eşidirdim. “Neyçin gəlməz”… Dağların əks-sədası…

– Gülxanım, nə olub? “Göylərdən aşağı düş görək” – Məmməd idi – səni bayaqdan çağırıram, eşitmirsən, sənə pendirli, yarpızlı dürmək gətirmişəm, özündən küs, ta verməyəcəm.

– Həmişəki dürməkdənmi? – zarafatımız vardı.

– Yox, yox, bu dəfəki həqiqidir, – ürəkdən güldü Məmməd.

Şuşanın gecələrinə də öz qəribəlikləri ilə bizi “qonaq” edərdi Zeynal müəllim…

… Qabaqda bələdçi Zeynal müəllim olardı, sonra qarmon çalan (qarmonu yeriyə-yeriyə çalardı), mən uşaqlarla arxamızca isə Məmməd gələrdi. Başımızın üstündə ay, parlaq ulduzlar, sərin Şuşa gecələri, qala divarları boyunca “uzanan səyahət”…

Və bu, sakit gecələrdə vaxtaşırı təkrar olunardı.

Bir müddət də Xudu müəllim də Şuşada oldu. Çox qəribə söhbətləri olardı bu üçlüyün. O söhbətlərin çoxunda iştirak etməmişəm. Ancaq Xudu müəllimin sonralar Məmmədə ünvanladığı məktublarında bu söhbətlərin məzmunu az da olsa, əksini tapıb.

Sonralar bu haqda “Qarabağ simfoniyası” məqaləsində Məmməd yazacaq:

“Şuşa qalası. Çiçəklər içində qala. Qayalar ovcunda çiçək.

Keçən il Xudu Məmmədovla belə bir qala-qalaya söykənib Daşaltıya tərəf baxırdıq. Dərə dərin, vahiməli idi. Mənə elə gəlirdi ki, dərənin dodaqları bir-birinə yaxınlaşır. İndicə dodaqlar bir-birinə qovuşacaq. Əvvəl dərənin dibində çay boğulacaq, sonra döşlərdəki qala evlər yastılanıb dərə divarlarına yapılacaq. Uzaqdakı yaşıl işıq – meşə gözlərini bərk-bərk sıxacaq. Suyu ki yüksəkliyə tərəf axıtmaq mümkün deyil… təbiətin ömrü də dərəsiz mümkün deyil. Yoxsa bu sehirli küləklər harda dincələr, harda gecələrdi?…

Xudu Məmmədov küləkdən xoşhallandığımı, az qala qanad alıb onlara qoşulmaq istədiyini hiss edib, təbiətin, ümumiyyətlə, ətraf mühitin şairə necə poetik mövzu verdiyini, dağların duruşu, küləklərin yönü müqayisəli şəkildə izah etməyə başladı. Qəribədir, təbiətdə hər şeyin dili olarmış. O dili hamı bilmir.

Külək təbiətin “latın dili” imiş. Dağlar, dərələr, düzənlər, meşələr bu dili çox gözəl bilirlər. Xudu müəllim bu dilin yaranma tarixindən, musiqi, poeziya rənglərindən, onun lüğət fonundan elə qəribə danışırdı ki…

Bu ara elə bil iri bir qayanın başından boz daş qalxdı havaya. Daş qanadlarını açdı. Gördüm ki, qartaldır. Qanadlı qayalara bax:

Bir gündə nə qədər bir qartal boyu

Alçalır qayalar, qalxır qayalar!

Xudu müəllimə deyirəm: “Görəsən, məndən başqa da bu hissi keçirən olubmu? – Şuşa qalasına çıxanda elə bilirəm, dünyanın damına çıxıram. Doğrusu, buradan da hündür yerlərə çıxmışam. Bu hissi ancaq burada keçirirəm…

(bu, məqaləsindən köçürdüklərim onun Xudu müəllimlə, yəqin ki, zənn etdiyim, ancaq eşidə bilmədiyim söhbətlərdən biri ola bilərdi)”.

Məmməddən soruşardım: bax, belə gözəl sözləri hardan tapırsan? Sənin nəsr dilin də elə bil poeziya dilidir.

Cavabı bu olardı:

“Şair qəlbinin qəribə havaları olur. Lakin bu qəlb havasından xəbər verən hava bürosunu yaradan ədəbiyyatşünaslar hələ doğulmayıb və doğulmayacaq da…”

İstisu adını eşidən kimi müxtəlif bəhanələr gətirər, getməyimizi istəməzdi Zeynal müəllim.

Bəli… Zeynal müəllim bizi Şuşanın gecələrinə öz qəribəlikləri ilə “qonaq etməyinə” davam edərdi.

… Qarabağda bələdçi Zeynal müəllim, sonra qarmon çalan (qarmonu yeriyə-yeriyə çalardı), mən uşaqlarla, arxada isə Məmməd gələrdi. Başımızın üstündə ay, parlaq ulduzlar, sərin Şuşa gecələri qala divarları boyunca “uzanan səyahət…”

Lakin İsa bulağının soyuq suyu Məmmədin və Şəlaləni xəstələndirdi. Bir az özlərinə gələn kimi geri – evimizə qayıtdıq. 12 günlük Şuşa səyahətimiz də beləcə bitti. Ondan sonra Şuşanı görmədim.

Başqa ölkələrə səyahət etmək, yaxşı, keyfiyyətli geyimlər almaq olar, ancaq o ölkələrdən Azərbaycana nəğmə gətirmək olmaz (M.Araz)!

1970-ci ildən “Ədəbiyyat və incəsənət” qəzetinə baş redaktor müavini təyin olundu. Həmin ili də bir qrup alim və yazıçılara birlikdə Fransaya turist səfərinə getdi Məmməd.

Söhbətlərdən yadımda qalanları və özünün qısa qeydləri…


26 YANVAR 1970-Cİ İL

“Moskva Paris” təyyarəsi Şeremetyev təyyarə meydanından sıyrılıb havaya qalxır. Birdən-birə böyük sürətlə qar-çovğunda buludların üstünə çıxırıq. Abbas Zamanovla yanaşı oturub Parisdə keçəcək günlərimiz barədə söhbətə başlayırıq…

Pəncərədən üzü aşağı qırış-qırış, qırçın-qırçın bulud dənizinə baxıram. Göylər, buludlar necə də bir-birinə bənzəyir. Mənə elə gəlir, Moskvadan Parisə deyil, Bakıya uçuruq. İndicə Xəzərin üstündən adlayıb Bakı təyyarə meydanına enəcəyik. Bir azdan qızlarım İradə, Şəlalə: – “Ata gəldi, ata gəldi” – deyib üstümə qaçacaqlar. Gülxanım isə gözucu görüşməyimizə baxacaq.

Nə isə, fikrim uzaqlara gedir. Arabir Sabir Əhmədovun (yazıçı) fransızca bildiyi bir-iki sözü təkrar-təkrar qonşu qızlara sırıması mənə ləzzət verir (bunlar onun qeydlərindəndir)…

… Fransada yaşayan azərbaycanlılar bizə axşam yeməyi təşkil etmişdilər. Yeməkdən sonrakı görüşümüz unudulası deyildi. Vaxtilə Azərbaycandan didərgin düşmüş Məhəmməd Məhərrəmov, Ələkbər Topçubaşov, (Zərdabinin qız nəvəsidir), Əlibəy Hüseynzadənin oğlu Səlim bəy, Tofiq və Qədir. Rəsmi görüş qurtardıqdan sonra qaldığımız otağa qalxdıq. Tofiqlə Qədir otağa çıxmadılar. Qısa söhbətdən sonra Məhəmməd Məhərrəmov artıq gec olduğunu, rejimini pozmaq istəmədiyini söylədi. Qoca kişini bağışlamalı olduq. Ən çox söhbətimiz Ələkbərlə oldu. Əli bəyin oğlu danışan deyildi. Danışıb-gülmək əvəzinə dodaqaltı gülümsünürdü. Bir azdan o da getdi. Əli bəyin 73 yaşı vardı, amma xeyli gümrah görünürdü. Özünün dediyi kimi, onu cavan saxlayan hələ yaşamadığı, yaşamaq arzusunda olduğu günlərin həsrəti olub. Görünür, bu, hələ sirri açılmamış psixoloji aləmdir ki, mühacir ayaqlayıb tapdalanmamaq üçün özündən aslı olmayaraq ömrünü uzatmalı, günahını yumaq üçünmü, günahsızlığını sübut etmək üçünmü zahiri gümrahlığı, vüqarını saxlamalıdır.

Ələkbərin hələ canısulu olmasına baxmayaraq, gözündən yetimlik tökülürdü. Mən ilk dəfə bu yaşda yetim görürdüm. Tez-tez Bakını, ötən günlərini xatırladıqca gözləri yaşarır, dolub-boşalır, gözündəın boğazına axan göz yaşını udub sözə başlamalı olurdu.

Söhbətdə A.Zamanov, S.Əhmədov, Ş.Bədəlbəyli də iştirak edirdi. Ələkbər bəyin dediyinə görə, çox zəngin arxivi var. Bütün fikri-zikri onu isyədiyi kimi, Azərbaycana çatdırmaqdır. İnanmır ki, bu arxiv olduğu kimi Bakıya çatsın.

Saat 12 olardı, bizimlə öpüşüb ayrıldı. Gözləri yaşardı, ağladı. Mənə dedi ki, Vətənə qayıdanda biz qəriblər haqqında bir şeir yazarsan. Orda bizim dərdimiz olsun. Bir də bu olsun ki, Azərbaycanı böyük dövlət, onu dünyaya inkişaf edən məmləkətlərdən biri kimi görmək arzusundan savayı istəyimiz yoxdur.

Bu söhbətlərin Məmmədin mənə danışdığı tarix də dəqiq yadımdadır. Bir də o yadımdadır ki, Məmməd fikirli-fikirli bu sözləri də əlavə etdi:

– Elmlər doktoru olma, kim olursan ol – ayağının altında Vətən torpağı yoxsa, dünyanın bütün gözəllikləri sənin üçün heçdir.

Yenə də Məmmədin qeydlərinə baxıram:

… Arl şəhərini tərk edirik. Mülayim cənub iqlimi ilə vidalaşırıq. Nə isə fikrimdə narahatlıq, qəlbimdə həyəcan var. Bu gün Şəlalə balamın anadan olan günüdür. Yəqin ki, şıltaq qızım hər dəfə: – Ata gəldi, – deyib zəngin səsinə qapıya qaçır.

… Aşağıdakı bu dörd misra isə bədahətən Topçubaşova hədiyyə verilən kitabına yazılmış misralardır:

Qohum da soyuyur, dost da soyuyr.

Gedən unudulur, gedən unutmur.

Qərib ürəyində bir səs uyuyur;

Vətən unudulmur, Vətən unutmur.

Bu misraları oxuyandan sonra səhərisi gün Ələkbər “Şair, mənə dağ çəkmisən, – dedi, – gedən unudulur, gedən unutmur”.

Qərb dünyasının qərib dünyası…

Burda bir qərib ölüb,

Göy kişnər, bulud ağlar…

Qəribin göyü də kişnəməz, buludu da ağlamaz, qəribi yerdən götürsə, yenə qərib götürər...

Yenə Məmmədin sözlərindən…

Bəlkə, bu ilimizin, gələcək yeni illərimiz elə məqamları olacaq ki, burada fürsətdən istifadə etməməm əfəllikdir, sabahı görməmkdir. Həm də axı xoş xatirələr çox zaman illərdən illərə uzanan əl kimidir. Əl uzatmaq, əl tutmaq alicənablıqdır, böyüklükdür.

Yeni illəriniz mübarək, uzaqlarda yaşayan həmvətənlilərim!

Bütün bunlar elə-belə, qəfil yada düşən illərin üstünü azca toz basmış xatirələrdir. Bir də bu xatirələr ona görə qapalı ürəklərdə qala bilməzlər ki, bunlar xalqımızın, yurdumuzun, dilimizin və nəhayət, mədəniyyət tariximizin keçmişi, bu günü, sabahı ilə bağlıdır. Və mənim də haqqım yoxdur ki, Məmmədin bütün sözlərini, fikirlərini xalqa, oxuculara çatdırmayım…


Xatirələr yumağını aç – yeri,

Ürəyimin çapıq yeri – boş yeri…


YAXIN QONŞULARIMIZ…

Deyəsən, 1969-cu, ya da 1970-ci ilin yazı idi. Məmməd G.Leonidzenin yubleyinə getməli idi. Uşaqlarını anamdan başqa heç kimə etibar etməzdi. Anamın bizdə olmasından istifadə edərək mən də ona qoşuldum. Bizi dəmiryolu vağzalında Xuta Berulava qarşıladı. “İveriya” mehmanxanasının 9-cu mərtəbəsində yerləşdirildik. Pəncərədən baxanda gözəl bir mənzərə açılırdı. Nahaq demirlər ki, Tbilisi cənnətdir.

Opera binasında təntənəli gecə keçirdilər. Səhərsi bütün qonaqları G.Leonidzenin doğulduğu kəndə apardılar. Maşın tərpənən kimi bizdən bir Azərbaycan mahnısı oxumağı xahiş etdilər. Gördülər ki, bizdən səs çıxmır, gürcülər özləri “Ay bəri bax” mahnısını müğənnilərimizdən də gözəl oxumağa başladılar. Biz də onlara qoşulduq. Bizi gürcü yazıçıları Otia və Xuta müşayət edirdi. Gürcülər şairin doğum gününü milli bayram kimi qeyd edirdilər. Leonidzenin kəndində ağ gilas yetişməyə başlamışdı. Uşaqların ikiqat bayramı idi. Onlar ağacların budaqlarından mahnı oxuyanlarla səs-səsə verirdilər. Hamı bayramsayağı geyinmişdi. Bir-birinə qarışıb oxuyur, çaxırı buynuzlarda içirdilər.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации