Электронная библиотека » Gülxanım Fətəliqızı » » онлайн чтение - страница 10

Текст книги "Məmməd Arazlı günlərim"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Gülxanım Fətəliqızı


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 10 (всего у книги 10 страниц)

Шрифт:
- 100% +

Təəccübləndim:

– Bəs bazar günü getmirdik? Heç olmasa, aktyorlardan bir nəfər götür, axı sən danışa bilmirsən, şeirlərini kim oxuyacaq?

Mikayıl işi olduğuna görə getməyə razılıq vermədi və bizə də getməyi məsləhət bilmədi.

Məmmədin qərarı qəti idi.

1994-cü il noyabrın ikisində saat 11-də Gəncəyə yola düşdük. İstirahət edə-edə, söhbətləşə-söhbətləşə yola “nərdivan atdıq”. Əvvəlcə böyük Nizaminin məqbərəsini ziyarət etmək istədik. Lakin giriş qapısı bağlı olduğuna görə, məqbərəyə uzaqdan baxdıq. Maşınları Gəncə icra aparatı binasının qarşısında saxladılar. Yuxarı qalxdılar, mən maşında oturdum. Bizi vaxtilə Surətin adamlarının qərargahı olmuş “məşhur” qonaq evində yerləşdirdilər.

Görüşə əsgərlərin müalicə olunduqları qospitaldan başladıq. Məmmədi görən qospitalın bütün işçiləri, həkimləri, yaralıları, onları görməyə gələn valideynlər – hamı ayaq üstə idi. Gəzə bilməyən yaralılar da həsrətlə palataların pəncərələrindən boylanırdılar.

Bizə iki xəstə göstərdilər. 19-20 yaşlarında uşaqlar idi. Gəncə hadisələrində yaralanmışdılar. Məmməd güclə danışmağa başladı:

– Əzizlərim, möhkəm dayanın, xəstələnmək, əyilmək olmaz. Vətən sizdən nicat gözləyir, mənə baxın, xəstəliyimə əyilməmişəm, məndən ibrət götürün, görürsünüz ki, bu vəziyyətimdə də sizinlə görüşə gəlmişəm.

Əsgərlərin qarşısında Abdulla, Elsəvər, Əvəz və başqaları çıxış etdilər.

Gəncəyə Xanlara yola düşdük. Xanlar camaatı Məmmədlə görüşə yığışmışdı. İcra başçısı bizi qarşılayıb zala apardı. Maraqlı gözlər Məmmədə zillənmişdi. Baxışlardan oxuyurdum:

– Şeirlərində zirvələrdən boy alıb, Azərbaycana, dünyaya baxan bu xəstə Məmməd Arazdı, görən?

Məqsədimiz öz cəbhədəki əsgərlərlə görüşməkdi. Hələ ki, hava mülayimdi. Əvvəlcə Göygöldə olan əsgərlərlə görüşdük. Yol boyu qəribə səhnələrin şahidi olurduq. Hacıkənddən bir az aralı əsgərlər keşikdə dayanmışdılar. Biri köynəyini çıxarmışdı, yoldaşı isə onu ovalayırdı. Bu ana uşaqları bir-birinə yardım edirdilər. Qurbanini görən əsgərlər sevinclərini gizlətmir, “şair, sənsən? – soruşur, – keç, – deyirdilər. Qurbaninin döyüşçülər arasında hörmətinin çox olduğu hiss olunurdu. Yol boyu parola “Məmməd Araz” cavabını verə-verə “rəhmətlik” MK-i işçilərinə tikilmiş “rəhmətlik” sanatoriyasına çatdıq.

Əsgərlər və komandirləri Məmmədi gözləyirdilər. Şair iştirakçılar öz şeirlərini oxudular, Məmməd isə dili söz tutmadığı üçün susdu.

Qurbani çıxışında bunları söylədi:

“Bir dəfə sanatoriyanın təşəkkür dəftərini açdım. Vaxtilə xalqın malını yeyib kef çəkənlər Siranuşa dönə-dönə minnətdar olduqlarını yazıblar. Səbəb? Çünki Siranuş onlara çox ləziz xörəklər bişirib, onlar da yeyib feyziyab olublar… dəftəri vərəqlədikcə adam nifrət edir ki, nə üçün beləyik?”

Orada Məmmədə sırıqlı bağışlamaq istədilər, lakin buna yol vermədim: “Sağ olun, bu saat bu paltoya sizin daha çox ehtiyacınız var. Müharibə qurtarandan sonra özüm gəlib sizdən paltonu aparacağam ki, onu Məmməd Araz muzeyinə qoyum.

Bu sözləri mənə pıçıldayan Məmməddir, mən də sizə deyirəm”.

Səhəri Murova qalxmalı idik…

Dağa qalxdıqca Abdulla Murovun, donub qalan əsgərlərin faciəsindən göz yaşı ilə söhbət açır, uçuruma düşən əsgərin – məni buradan qurtarın – deməsini, fəryadını dilə gətirirdi. Qurbani söhbətini davam etdirdikcə Məmmədə baxırdım. Məmmədi axır vaxtlar belə qəmgin, belə kövrək görməmişdim. Qurbani faciənin baş verdiyi məkanı, hadisəni dilə gətirdikcə Məmmədin gözlərində yaş gilələnir, qaşları düyünlənir, qəzəbləndiyini hiss edirdim.

Yeni salınmış Kəlbəcər yolu ilə dağa qalxırdıq. Düzən yerdə bizi əsgərlər gözləyirdilər. Deyəsən, zirvələrin biri bizim əlimizdədir. Dedilər ki, oktyabrın 8-də indi dayandığımız yerdə ermənilər qəfildən atəş açıb 8 igidimizi öldürüblər. Hiss edirdik ki, ermənilər bizi də çox maraqla izləyirlər. Qonaqlar çıxış edir, əsgərlərdə nə isə xoş hiss oyatmağa çalışırdılar. Özümüzlə apardığımız “Qayalara yazılan səs”, “Dünya düzəlmir” kitablarını avtoqrafla verirdi Məmməd. Kənardan onları müşahidə edirdim. Sevinirdilər.

Xanların icra başçısı çıxış edərək məlumat verdi:

“ O şiş qayanın altından axan bulağı görürsünüzmü? O bulaq bu gündən “Məmməd Araz” bulağı adlanacaq. Yaza qədər qayaya mis lövhə vurulacaq. Gələcək nəsillər biləcək ki, vaxtilə burada əsgərlərin görüşündə ustad şairimiz Məmməd Araz olub. Lövhədə şairin gəldiyi tarix və adı həkk olunacaq”.

Bu sözlər yerinə yetirilib, yoxsa yox, onu dəqiq bilmirəm.

Artıq zirvədən boylanan keşikçi əsgərlərimiz görünməz oldu. Kəlbəcərdə bir yerdə gəzdiyimiz Şücaət də Məmmədə aid gözəl şeir oxudu.

Məmmədi uca gördüm,

Dağlar yadıma düşdü.

Məmmədi qoca gördüm,

Dağlar yadıma düşdü

Hər daşın altından tüstü kimi qalxan duman ətrafı bürüyürdü. Hava qaralmağa başlamışdı. Fürsət tapıb cavan bir sürücüyə yanaşdım:

– Dolanışığınız necədi, bala?

– Necə olacaq, xala, papiros yox, isti paltar yox, hər şeydən əvvəl, pul yox. Uşağım bərk xəstələnmişdi, həkimə apardım. Həkim məndən pul istədi, verməyə pulum olmadı, xala, başa düşmürlər ki, belə hərəkətləri ilə qəlbimizi qırırlar. Onları biz qoruyuruq, uçquna, qara, borana biz düşürük. İsti evlərində oturub bizdən pul istəyirlər. Belədə bizdə arxa cəbhəyə inam qırılır axı…

Düz sözlərə cavab tapmadığıma görə, mat-mat əsgərə baxırdım.

Çıxış edən leytenant Məmmədi sıralarına Fəxri əsgər qəbul etdiklərini söylədi. Məmməd əsgər paltosunda, başında səkkizguşə ulduzlu papaq raportu dinləyirdi. Sonra, o, hərbi qaydada salam verdi və əsgərlərdən xahiş etdi ki, indi mən şair Məmməd Araz yox, əsgər yoldaşınızam əgər Bakıya yolunuz düşəndə evimə gəlməsəniz, bu kov deyil. Mütləq qapımı açmalısınız.

Artıq ayrılıq dəmidir. Döyüşçülər Məmməddən, Məmməd isə döyüşçülərdən ayrılmaq istəmirdi. Hava da sir-sifətini turşutmağa başlamışdı. Arxamızca həsrətlə baxan balacaboy balalarımıza “Allah amanında” deyib yola düzəldik.

Abdulla bu balacaboy əsgərlərə heyrətlə baxdığımı görüb dilləndi: “Balaca olduqlarına baxmayın, pələng kimi qüvvətlidirlər. Bir də hündür və qüvvəli gəncləri vəzifəlilər seçib özlərinə cangüdən götürüblər. Onlar da vətəni yoc, öz “xozeynlərini qoruyur”.

Dağdan aşağı enəndə Qurbani maşını saxlatdırıb bir dəstə boymadərən çiçəyini dərib mənə verdi. Həmin çiçəkləri uzun müddət Murovun yadigarı kimi saxladım.

Dağa qalxanda da, enəndə də kiçik çayın üstündən çəkilmiş körpünü qoruyan körpəcə əsgərdən nəzərimi çəkə bilmirdim. Körpünü bircə nəfər qoruyurdu. Arxa isə qalın meşə. Meşədən kimsə əsgərə hücum etsəydi, heç kimin yəqin ki, xəbəri olmazdı. Arabir çaqqal ulantısı da eşidilirdi:

– Ermənilərdir, kəşfiyyata çıxıblar, indi də çaqqala dönüblər. Məmməd müəllim – dedi Qurbani.

Hacıkəndə çatanda Məmməd maşını saxlatdırdı və Murova tərəf çevrilib bu şeirindən iki bənd dedi:

İldırımlar buludların pələngi…

Paslanacaq mənsiz şimşək üzəngim.

Eh, ya qismət, a şəlaləm – a cəngim…

Salamat qal,

Salamat!

Bulaq gördüm uşaq kimi ərköyün;

Məni gəzər məndən qaçan ürəyim…

Salamat qal bu dağlarda, ürəyim,

Salamat qal,

Salamat!

Məmməd kövrələndə hərdən dili açılırdı.

Göygölün yolunda bizi bir dəstə adam gözləyirdi. Gəncənin kənarında akademiyanın filialı üçün tikilən binalarda Kəlbəcər qaçqınları məskunlaşmışdılar. Oraya baş çəkdik. Allah bəndəsinə qaçqınlıq qismət etməsin. Məmmədsevərlər yenə də onun ətrafına toplaşdılar.

Vaxtilə aldıqları kitabları avtoqraf yazdırmaq üçün gətirdilər. Təəccübləndim. Görün kitablar onlar üçün nə qədər qiymətlidir ki, qaçqın köçünün üstünə kitabların da ağırlığını əlavə edib özləri ilə qaçırıblar. Buna min alqış!

Kəlbəcərin sərin havası hara, Gəncənin istisi hara. Nə isə. Hamısını bilirdik; sualları da, suallara cavabı da. Ancaq dünyam bu sualları dinləməyə məcbur etməyə, haray salmağa gücümüz çatmırdı…

Ürək ağrısı və həyəcanla Bakıya qayıtdıq. Sonra bildik ki, bizdən sonra orada möhkəm tufan qopub, yarım metr qalınlığında qar yağıb.

Evdə qonşular bir məktub və xəritə verdilər ki, siz evdə olmayanda bizdən sizə çatdırmağı xahiş ediblər.

Xəritə 1871-ci ildən-1920-ci ilə qədər olan torpaqlarımızın Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən tərtib edilmişdi.

Məktubda isə bunlar yazılmışdı:

Azərbaycan Respublikası Xalq şairi Məmməd Araz cənablarına.

28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası təşkil olunanda qəbul edilmiş inzibati ərazi hüdudlarının xəritəsinin ilk nüsxələrindən birini Sizə təqdim edirik.

Xəritə Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun arxivində saxlanılan, dövlətimizin 1871-ci illərdən 1920-ci illərə qədər olan orijinal sənədlərdən, torpaq istifadəçilik aktlarından və II Aleksandr, III Aleksandr, II Nikolay imperatorların möhürlərdə təsdiq edilmiş plan-xəritə sənədləri əsasında tərtib edilib.

Bu xəritə Azərbaycan Dövlətinin inzibati ərazisi, Gürcüstan, Rusiya, Türkiyə və İranla olan sərhədləri, 1994-cü ilə qədər olan vəziyyətdə saxlanılmaqla 9910719 hektar təşkil edir.

Direktor: R.M.Məcidov

Xəritəyə baxıb dəli olmuşdum. Allah, gör nə qədər torpaqlarımızı ata malı kimi paylamışdılar.

– Məmməd, nə qəribə taleyi olan millətik? Torpaqlarımızı itirdikcə dəm vermişik muğamata, bayatıya. Görəsən, bu, nə vaxta qədər belə olacaq?

Məmməd cavab verdi.

Hərbçilərimiz Məmmədi tez-tez öz hissələrinə dəvət edir və məktublara müraciət edirdilər. Belə məktublardan biri:

Məmməd əmiyə atəşin salamlar!

Mənə hədsiz dərəcədə xoşdur ki, Sizi salamlayım, hədsiz dərəcədə xoşbəxt insanam ki, Sizə bir balaca məktub yazıram.

Sizin barənizdə tabeliyimdə olan hərbi hissələrin əsgərlərinə çox danışmışam. Şeirləriniz, sözləriniz həmişə əsgərlərimizi ruhlandırır, ümidini möhməklədir.

Məmməd əmi, əsgərlərimiz çox böyük igidlik göstərirlər. Bu qəhrəmanlığa bizi sizin sözləriniz, sizin şeirləriniz və sizin böyük şəxsiyyətiniz çağırır.

Bir arzumuz var. Gün o gün olaydı, Sizinlə bir anlığa qabaq-qabağa oturub, söhbət edəydik. Onda əsgərlərimiz böyük mənəvi qida almış olardılar və qələbə lap yaxın olardı.

Dahiliyinizə, böyüklüyünüzə, istedadınıza fanatik dərəcədə inanan Azərbaycan Ordusunun Zabiti, Azərbaycan Respublikası MN-nin 3-cü əməliyyat istiqaməti üzrə müavini, polkovnik Yaşar Aydəmirov.

Ağdam bölgəsi. Təzəkənd

12 iyun 1994

(Məktub arxivdə durur)

12 iyun 94-cü ildə olunan bu dəvətə 2001-ci ilin dekabrında, ayın 4-də əməl olundu. Soyuq qış günlərindən birində yenə də cəbhə bölgəsinə yollandıq. Əvvəl Ağcabədidə zəhmətkeşlərlə və əsgəri bölmələrlə görüş keçirildi. Sonra isə Beyləqana, oradan da əsas hissələrə yollandıq. Ağalar Bayramov da bizimlə idi. Görüşlər çox gözəl alındı dekabrın 4-6-da soyuqda cəbhə xəttində əsgərlərlə görüşən Məmməd xəstəliyini unudub “pələngə” dönmüşdü.

Bu görüşdə ön xəttə olan səngərdə də olduq və həmin səngərə “Məmməd Araz səngəri” adı verildi. Abdulla Qurbani onu da qeyd etdi ki, tanklardan birinə də Məmməd Araz adı verilib. Dəqiqliyini bilmirəm. O görüşlərdən Qurbaninin müəllifi olduğu “Məmməd Araz üç gün cəbhə bölgəsində” kitabı yarandı.

Qarşıda isə bu görüşlərdən yaranan bir ideya qalmışdı. “Əsgər andı” kitabını çap etmək və onu bölmələrə hədiyyə kimi paylamaq.

Polkovnik Yaşar isə indi generaldır.

BEŞ-ON GÜN ARTIQ YAŞAMAQ XƏTRİNƏ…

Başlıq onun öz sözlərindən götürülüb.

1994-cü ilin əvvəli, yoxsa sonu idi, yadımda deyil. Moskvadan “EY-bi-si” kanalından parkinson xəstəliyinə aid amerikalı həkimlərin nailiyyətlərindən veriliş verilirdi. Guya sağalmış bir neçə xəstə də göstərdilər. Ümidimiz çoxaldı ki, sağalmağa güman var. Amma xaricə getməyə dollar lazım idi.

Ürəyimiz təmiz olduğu üçün bizə yalan fırladanlara inanırdıq. Məmmədi bezdirmişdim ki, müalicə məsələnlə məşğul ol. Axırda Məmməd bezib üstümə qışqırdı:

– Gülxanım, bu az iş deyil, kim isə söz veribsə ki, məni müalicə etdirəcək, yalandır, inanma. Əgər müalicə varsa da, dövlət səviyyəsində həll edilməlidir. Belə ki, sən əl çəkmirsən, onda səhiyyə nazirinə müraciət edərəm, görək nə deyir.

Məmməd nazirə məktubla müraciət etdi, lakin cavab alınmadı. Beləcə, taleyimizlə barışıb oturmuşduq. 1995-ci ilin fevralında Prezident Aparatından bir neçə nəfər Məmmədin görüşünə gəldi.

Gələnlərdən biri Prezidentin Humanitar işlər üzrə köməkçisi Fatma Abdullazadə idi. Sakitcə qulaq asırdım. Məmməd bütün suallara müsbət cavab verirdi. Elə bil bütün işləri əla gedirdi. Axırda Məmmədin sağalmağına aid söhbətə qarışmalı oldum.

– Fatma xanım, belə bir atalar məsəli ancaq bizim azərbaycanlılarda var: “El üçün ağlayan gözsüz qalar”. Elə bu yazığa aiddir bu atalar sözü, bu, heç kimə sirr deyil. Dövlət Məmmədi müalicəyə göndərsin. Məmmədi indi – hazırda qorumaq lazımdır. Sonrası zamanın öz işidir. Bir də ki, yaşadığı evi görürsünüz…

Fatma xanım bütün sözləri prezidentə çatdıracağını söylədi.

Aprelin 6-da bizi prezident qəbul etdi. Qəbul otağı jurnalistlərlə dolu idi.

Söhbətdən bəzi məqamlar:

– Mən Naxçıvanda işləyəndə tez-tez səni yada salırdım…

– Məmməd Arazın Azərbaycan tarixində xüsusi yeri var. Amma çox təvazökardır, həmişə özünü kənəra çəkərdi, gözə soxmazdı özünü, yazardı…

– Yazıçıların qurultayında olardım. Özünü çox təmkinli aparardı, heç bir xahiş etməzdi.

– O simalar tanınır ki, özlərini reklam etmir, iş görürlər.

– Sovet dövründə də nə yazdıqlarını bilirdik, indi də.

– Gənclərdə milli ruhun, milli şüurun inkişafında yazılarının çox xidməti olub.

– Müalicən üçün hazırlıq görməyə sərəncam vermişəm.

Bu cümlələrlə Heydər Əliyevin fikrini nisbətən olsa da, çatdırmağa çalışmışam.

Görüş lentə alındığı üçün geniş yazmadım.

Heydər Əliyevlə ikinci görüşümüz isə Almaniyaya yola düşməzdən əvvəl oldu. Onun tapşırığı ilə yaxşı bir yaradıcılıq gecəsi keçirildi. Gecədə prezident iştirak etdiyinə görə, bütün yazıçılar gəlmişdi.

O gecədən ancaq bunu qeyd edirəm:

İlk “İstiqlal” ordeni alanların adı qeyd olundu:

Ordenlərin arxası nömrələnib.

Və yenə də Nərimandan teleqram aldıq “bu da bir zarafat” – deyir yenə Nəriman.

Mayın 8-də Almaniyaya uçduq. Bu barədə geniş şəkildə gündəliyimdə qeyd olunub. Nə vaxtsa o da çap olunacaq. İnşallah…

Məmmədin Almaniyada – xəstəxanada yazdığı kiçik bir yazı – xatirəsi:

Yatsam, yuxuma da girməzdi ki, ilin-günün bu vədəsində uzaq, yad ölkəyə gələ bilərəm. Nəyin xatirinə?

– Beş gün bu beşgünlük dünyada artıq yaşamağın xatirinə!

Frankfurt-Mayn şəhərində yerə endik. Gələn gündən bircə gün əvvəl bizə məlum olmuşdu ki, təyyarədən düşəndən sonra maşınla 300 km yol gedəcəyik – Frankfurtdan Badnoyştata məsafə bu qədərdir. Yollar şüşə kimi hamar, təmiz idi. Gülxanımla bir-birimizə sıxılıb yollara baxırdıq. Bu, Mərkəzi Avropaya gedən yoldur. Ara-sıra yağış yağır, yer yaşdır. Tıxaca düşürük. Sürücülər özləri sürəti nizamlayır, tıxacı özləri açırlar. Bizim gördüyümüz avtomobil müfəttişləri yolda yoxdur. Nə isə, bura Avropadır, onun yolunu tərifləmək görməmişlikdir. Bəs ayrı cür necə ola bilərdi ki?! Dəqiqəbaşı bu suala cavab axtarıram: bizi dünyanın qurtaracağına gətirən nədir? Allah axırını xeyir eləsin…

Bu Badnoyştat deyilən yer – ümid bəslədiyim klinikaya gecəyarı gəlib çatdıq: daha doğrusu, onun pansionatına Şəhər elə bil sözün əsl mənasında ölmüşdü…

Məmmədin Almaniya haqqında xatirəsi bununla bitir.

Badnoyştat balaca kurort şəhərdir. Klinikadan 500 metr aralı pansionatda qalırdım. Bu haqda gündəliyimdə geniş yazdığım üçün təkrar etmək istəmirəm.

Amma bunu da qeyd edim ki, oradakı “qayğıkeş”, “sənəti, vətəni” sevən azərbaycanlıların ayağı xəstəxanaya dəymədi.

Frankfurtda ətrafda yaşayan azərbaycanlıları heç olmasa, kiçicik görüşdə bir yerə toplayan ilk qaranquşlar biz olduq. Bunu Almaniyadakı səfirimiz də çıxışında təsdiq etdi. Həmin görüşün lenti məndə durur.

Almaniyadan qayıdandan sonra Məmməd prezidentə aşağıdakı məzmunda təşəkkür məktubu yazdı:

Hörmətli Prezident, Əziz Heydər Əlirza oğlu.

Səmimi salamlarımı, təşəkkür və minnətdarlığımı qəbul edin. Mənə xüsusi diqqət yönəldib Almaniyaya yola saldığınız o təntənəli poetik axşam və səmimi qəbul üçün, həmin axşam məni Vətənin yüksək ordeni ilə təltif etdiyiniz üçün Sizə – sağ olun, var olun, – deyirəm. O təntənəli axşamı videolentə alıb özümüzlə götürmüşdük. Qayıdanbaş Frankfurtda və ona yaxın bölgədə yaşayan azərbaycanlılar – azərilərlə çox maraqlı görüşdə bu videolenti nümayiş etdirdik. Bu, sanki Sizinlə, mənimlə görüş deyildi, bütün Azərbaycanla görüş idi. Görüş iştirakçıları hamısı Sizə salam yetirməyi xahiş etdilər. Almaniyadakı səfirliyimizin işçiləri də iştirak etdilər. Dediyim kimi, bu qayıdan baş idi.

Gedəndə bizi çox hörmətlə qarşılayıb Bavariya bölgəsinə çox yaxın Badnoyştat şəhərinə apardılar. Orada dağ ətəyində, meşənin qoynunda yerləşən nevroloji klinikada yerləşdim. Bu klinika elmi-tədqiqat, təcrübə təmayüllüdür. Burada xidmətə, xəstəyə diqqətə, qayğıya söz ola bilməz. Yəqin ki, dünya standartlarından da yüksək olar bu həqiqət, bu xidmət. Ancaq təbabətin hünəri müəyyən həddə qədərdir. Oradan o tərəfə möcüzə olmalıdır. Möcüzə də hələlik yoxdur.

Elə ilk müayinədən sonra dedilər ki, parkinsonu, xüsusən, yaşı çox parkinsonu birdən-birə “kəsib atmaq” mümkün deyil. Bundan sonra iki dəfə də (bir gələn il, bir də o biri il) gəlməlisiniz. Əlbəttə, bu gedişdən özümə çox şey götürdüm. Onların dedikləri kimi, indi əsas məsələ özümdən asılıdır. Badnoyştat həkimlərinin müalicə (dərman qəbul etmə) sistemi ilə, bizim həkimlərin əlavə məsləhəti ilə müalicə davam edir.

Sizə təkrarən böyük səxavət və səmimiyyət üçün təşəkkürümü yetirirəm.

Dərin hörmətlə: Məmməd Araz

04.07.95

Məmmədin bütün məktubları və teleqramları, xüsusən, gənclərə yazdığı “Yaxşı yol”ları özünəməxsus maraqlı və məzmmunlu olur. Xüsusən hüznlü yazıları…

Mədinə Gülgünü Şüvəlandakı yazıçıların yaradıcılıq evində olanda lap yaxından tanımışdım. Gecələr bağdakı fəvvarənin ətrafında oturub yazıçıların – o cümlədən Əbülhəsən müəllimin, Mədinə xanımın şirin söhbətlərinə maraqla qulaq asırdıq. Mədinə xanımın söhbətləri ən çox cənubla bağlı olar, nahararası da davam edərdi. Cənubla bağlı olan söhbətlər bizi kövrəldərdi, başqa millətdən olan qadınlar buna reaksiya verməzdilər.

Vidadi demişkən:

“Yad yıxılar, sərin baxar, ağlamaz…”

O vaxtdan Mədinə xanımla ünsiyyətimiz davam edirdi. Məmmədi hər görəndə deyirdi, xanımı yaxşı qoru, hər şeyi ürəyinə salandı, çölə ötürməz.

İşlədiyim 19 saylı məktəbin müəllim və şagird kollektivi ilə Mədinə xanımın bir neçə dəfə görüşünü keçirmişdik. Mədinə xanım Məmmədə “Dağlar səndən küsərmi heç?” adlı şeir həsr etmişdi.

Bu xanımın vəfatı bizə pis təsir etmişdi. Məmməd Balaş Azəroğluna çox təsirli teleqram vurmuşdu:

Əlvida, Mədinə xanım!

Xəqani küçəsi 25

Yazıçılar İttifaqına, Balaş Azəroğlu!

Neçə böyük dərdini, həsrətini, arzusunu özüylə aparan, poeziyası xalqa qalan unudulmaz şairimiz, böyük vətəndaş qeyrətli bacımız, qızımız Mədinə Gülgün xanım, niyə belə tez getdin? Bu axı heç bir insafa, qanuna, haqqa sığmaz faciədir! Təbriz yolunu gözləyir, ayıl, Mədinə xanım!

Taleyin hökmünə nə deyim? Necə inanaq ki, daha sən yoxsan həyatda! Xitabət kürsülərini titrədən səsin xatirələrdə dillənəcək. Tale sənə öz yurdundan öz yurduna köçmək, ata ocağından didərgin düşmək qisməti verib. Sənə dünyadan köçdün deməyə dilim gəlmir. Sən şeirlərinə köçdün. Şeirlərin də bundan sonrakı mənəvi dünyamızda özünə yuva qurdu, Mədinə xanım! Araz boyunca havaların xeyli durulmağa başladığı bir zamanda…

Araz üstündən çoxdan arzuladığımız körpülərin açılacağı bir zamanda… Şəhriyarın qəbrini ziyarət eləməyə imkan yarandığı bir zamanda… Xudafərinə insan nəfəsinin yaxınlaşdığı bir zamanda… O tay-bu tay sözünü qədim lüğətlər arxivinə vermək istədiyimiz bir zamanda dünyanı dəyişdin, Mədinə xanım! İndi sənin kövrək arzuların, indi sənin qərib həsrətin yüz dəfə, min dəfə Təbrizdən, dünyanın çox yerindən xoş xəbərlər, muştuluqlar gətirəcək. Onlar ruhuna dönüb ərzi dolanacaq, səni tapmayacaq. Qəbir daşına qonan pərişan göyərçinə dönəcək. Sənin elə ötkəm ana fəryadın, elə qanadllı qadın harayın, elə səmimi bacı qılığın vardı ki. Bir vaxt bircə misran – “Dağlar səndən küsərmi heç” əks-səda məni böyük mənəvi böhrandan xilas elədi.

Taleyin yazısına pozu yoxmuş. Neyləmək olar!?

Əlvida, Mədinə xanım! Şair bacım, əlvida!

Məmməd Araz

Məmməd uzun zaman özünə gələ bilmir, Mədinə xanımla olan söhbətləri tez-tez yada salardı.

Xəstəlik tapandan xəttini məndən başqa heç kim oxuya bilmədiyi üçün bütün yaradıcılığını xalqa çatdırmaq “vəzifəsi” öhdəmə düşmüşdü.

Və Məmmədin son illərdə çap olunan kitablarının toplanması, çapa hazırlanması, tərtibatı – hamısı mənim zəhmətimin bəhrəsidir.

“Yol ayrıcında söhbət”, 1997

“Sənətdən son mənzil olmur” (publisistika), 2001

“Vətən deyin” (son illərin şeiri), 2003

“Seçilmiş əsərləri” IV cilddə, 2003

“Şikayət dəftəri” (uşaqlar üçün), 2002

“Əsgər andı” (seçilmiş şeirlər), 2003

“Mən özüm bilirəm nəçiyəm, nəyəm”. (Haqqında məqalələr), 2006.

Əgər ömür vəfa etsə, çap edilməmiş publisistikasının, xatirələrim, məktublarının çapa lazım bilmədiyi, lakin mənalı şeirlərinin də çapına çalışacağam.

Bütün bunlar ürəyimin ağrısı, harayı idi. Bu ağrını, harayı ancaq və ancaq onun həyatını az da olsa, işıqlandırmağım yazı ilə sakitləşdirə bilərdim.

Bu xatirə yazımda aysberqin görünən hissəsinin, bəlkə də, yüzdə biri əks olunub. Onun daxili fırtınalarını kənərdan müşahidə etmişəm, ürək bağlı olduğu üçün içinə daxil ola bilməmişəm. Tez-tez gözləri dolardı, fikrini ifadə etməyə dili yox kimi idi. Allah onu da Məmməddən əsirgəmişdi… Nə yazdımsa, yazmışam… Qalanı qalsın gələcək tədqiqatçılara…

Bəli, keçmişə qayıtmaq çətin olsa da, özümü toplayıb ürəyimdə əbədiləşmiş xatirələrin az da olsa, qaysağını qopartdım…

O günlərdə qayıtması qeyri-mümkün olan gözəllik və cavanlıq var… O günlərdə itirdiyim üç körpəm və onlarla bağlı göz yaşlarım və ümidsiz günlərim də var… O günlərdə gözümün işığı iki balamın – İradə və Şəlaləmin qığıltıları, gülüşləri, sonu olmayan sualları, suallara cavab tapmadığım anlar da var… O günlərdə Sərdarla Tükəzbanın; Söhrabla Lidanın; Tofiqlə Zərifənin; Tofiqlə Rəfiqənin; Xəlillə Firəngizin; Nərimanla Saranın; Cabirlə Sarufənin; İlyasla Münəvvərin; Sabirlə Şabanın cavanlıqları və onlarla keçirdiyimiz xoş günlər də var…

O günlərdə daha nələr, nələr var… Bəli, o günlərə qayıtmaq çox çətin olub. Çətin də olsa, qayıda bildim – bəzən gülümsəyərək, bəzən doluxsunaraq keçirdiyimiz həyat səhnələrinin hamısını yox, ötəri nəzərə çarpan günlərindən söhbət açdım…

Gülxanım Fətəliqızı

1989-2006

MÜASİRLƏRİ MƏMMƏD ARAZ HAQQINDA

“… Onun kitablarını vərəqlədikcə mənə elə gəlir ki, şairin obrazı gözümdə get-gedə daha aydın görünür…

Elə bil ki, uzaqdan, kölgədən çıxıb yavaş-yavaş işıqlığa gələn bir adamı görürsən. Sətirlər təmkinlə, həvəslə, qürurla, nigaranlıqla yaxın bir insan qəlbinin nəğməli aləmindən xəbər verir. Bəzən bu sətirlər həvəsli, arzulu, ümidli, bəzən riqqətli, həzin, üzgün olur…

… “Atamın kitabı” poemasının süjeti mürəkkəbdir, çoxplanlıdır. Təəssüf ki, ədəbi tənqidimiz bu ciddi, dəyərli əsər haqqında geniş söhbət açmayıb. Belə bir söhbətə ehtiyac var.

“Duyğuların izi ilə”

Rəsul Rza

“… Nə yaxşı ki, bəxtimizə Məmməd Araz düşüb, yoxsa kim dünyanın heyrətini beləcə sirli-sirli pıçıldaya bilərdi?

Kim su üzərində belə bir tonqal çata bilərdi?

Kim qayalar üzərində, beləcə şehli çiçəklər bitirə bilərdi?

Kim yağışa Günəş dili öyrədərdi?

Kim çiçəyə sərtlik nəğməsi, kim daşa zəriflik nəğməsi oxutdura bilərdi?

Arazın təklikdən, həmdəmsizlikdən dili tutulmazdımı? Buna nə deyəsən ki, şairlərimiz min illər boyu Araza qoşduqları nəğmələr qədər, az qala 5-10 ildə Məmməd Arazdan yazıblar. Nə deyəsən, – ömrün xoşbəxtliyimi? Taleyin gəlhagəlimi? Yox, şeirimizin Məmməd Araz taleyi… Fikir vermisinizmi, başqalarından yazanda geninə-boluna şair işlədilir, amma Məmməd Arazdan yazanda isə… Nə isə, ədəbiyyatşünaslarımızın da, minlərlə oxucularımın da fikri belə qətiləşib – Məmməd Araz şair deyil, Məmməd Araz şeirin özüdür. Məmməd Araz bugünkü şeirimizin taleyidir…”

“Yaxşı ki, bəxtimizə Məmməd Araz düşdü”

Arif Əliyev, Filologiya elmləri namizədi

Əzizim Məmməd!

“… Bu yaxınlarda Hüseyn Arif məni filormoniyaya, aşıqlar məclisinə dəvət etmişdi. Çalıb-oxuyanlar qızlar idi. Məclisin sonunda Hüsniyyə sazını “İncəgüllü” havasında kökləyərək “Duman salamat qal, dağ, salamat qal” şeirini oxudu. Qızın titrək səsi saza, sazın zümzüməsi sözə qarışdı. Qız özü də, zalda oturanlar da elə bil oxuyan mahnının ruhuna hopubdur. Elə sakitlik əmələ gəldi ki, bu sakitlikdə sazın, qızın və hənirlərini içəri çəkib dinləyənlərin xəfif nəfəs titrəyişləri aydınca eşidildi. Bu əfsunun, bu sehrin sirri nə idi? Musiqi ilə şeirin həmahəng olmasımı, yoxsa şairin dağlarla, dərələrlə vidalaşmasına bizi kövrəltdi? Bu suallar məni rahat qoymadı. Evə gəldikdən sonra kitablarını yenidən vərəqlədim…

“Təbii hisslər”

İsmayıl Şıxlı

“… Poeziya – sirlə kəşf arasında bir addımdır. Məmməd Araz hər addımda öz kəşflərilə oxucunu heyrətləndirir…”

“Heyrətləndirən şair”

Ramiz Əsgər

“… Məmməd fikir adamıdır. Bu, adi səyyari fikir deyil, canlı, yaradıcı, fəal fikirdir. Nəyi isə qurban yaratmaq, gözəlləşdirmək, qorumaq, nəyi isə qamçılamaq, rədd etmək aləminin qəribliklərindən doğan anların təzahürüdür. Bir sözlə, məhəbbət və nifrət hisslərinin nəticəsidir…”

“Düşünən və düşündürən poeziya”

Famil Mehdi

“… İndi oxuculardan tez-tez bu sözləri eşitmək olur:

– Məmməd Araz Xalq şairi olmamışdan da xalqın şairi idi…

… İndi şairin dostları da, hətta düşmənləri də etiraf etməyə məcburdurlar ki, hər xalqın yaxşı şairləri olsa da, Məmməd Arazı yoxdur!

“Xalq şairi olmamışdan da”

Tofiq Mütəllibov

Misralar dolu sünbülə oxşayır. “Külək olmamışam yanan şamlara” – deyən şair zərif bir məhəbbətlə toxunur. Adətən, külək alovu şiddətləndirər, ocağı gur yandırar. Ancaq ən zəif külək belə ən güclü alovla yanan şamı söndürər…”

“Təmizlənmə”

Ramiz Duyğun

“… Şairin təxminən otuz illik poeziya yolunun yekunu olan kitabları vərəqləndikcə inanırıq ki, əlinə qələm alandan yaxşı yazıb, yaxşı yaza biləcəyini hiss edən anlarda isə qələmi özünə yaxın buraxmayıb…”

“Artıran söz qədrini”

Vilayət Qulİyev

“… Məmməd Araz Poeziyasına mövqe qazandıran amillərdən ən başlıcası onun bizim böyük fikir və söz örnəklərinə bağlı olmasıdır. Lakin şair yalnız mirasa güvənib yaşamağın “mayadan yeməklə” onu mənəvi iflasa gətirəcəyini başa düşəcək ənənədən elə istifadə edir, onu elə “xərcləyir ki. Müflisləşmir, əksinə, yatarın üstünə yeni sərvət gətirir…”

“Poeziyamızın Araz çinarı”

Sabir Rüstəmxanlı

“… M.Araz bir sənətkar olaraq hər zaman həssas, kəskin zehin sahibi, nəfəsinin odu-alovu ilə seçilən söz sərrafıdır. Azərbaycan şeirinin çox-çox uzaqlardan bütün əzəməti ilə görünən sənət bürcüdür…”

“Daş harayı”

Məmməd Aslan

“… Məmməd Araz şeirinin iki təməl daşı – doğma təbiətə vaqiflik və ana dilinin bütün incəliklərinə bələdlikdir…”

“Hamımızın dünyası”

Anar

“… Bu, illərin gətirdiyi, daxili qüdrət və inamın sənə bəxş etdiyi xoşbəxlikdir. Məhz xoşbəxtlik! Çünki hər istedadlı şair öz müdriklik dövrünə qədəm qoya bilmir! Yetkinlik və müdriklik isə poeziyanı elə ecazkar dünyaya çatdırır ki, orada sən – insan ürəyinə hakim olmaq hüququ qazanır, ellərdən-ellərə, ölkələrdən-ölkələrə addımlayırsan. Sənin poeziyan da belədir! Ona görə də bu gün nəinki respublikamızda, onun sərhədlərindən çox-çox uzaqlarda sevilə-sevilə oxunursan.

“Müdrikləşən poeziya”

Nəbi Xəzri

“… On illər, bəlkə də, yarım əsr keçəcək, Məmməd Araz yazmaqdan yorulacaq. Lakin onun şeir bulağı ictimai yığıncaqların, müxtəlif miqyaslı ədəbi məclislərin xitabət kürsülərində, kitablarının səhifələrində, sevgililərin məhəbbət məktublarında, məktəb uşaqlarının şirin dillərində çağlayacaq. Şeir sevənlər gah coşqun, gah da həzin axan bu sənət bulağının göz yaşı kimi dumduru, büllur kimi saf və təravətli suyundan həmişə nuş edib “Oxqay” deyəcəklər…”

“Şeirimizin xan çinarı”

Bəkir Nəbiyev, akademik

“… Məmməd Araz şeiri nağıllarımızda dönə-dönə təsvir olunmuş sehirli 40-cı otağa bənzəyir. Onun hər şeiri qarşımızda yeni sehirli, tilsimli dünyaya qapı açsa belə, bu şeirlərin ecazkar tilsimində alışıb sonuncu 40-cı otağa heç cür gedib çıxa bilmirik. Lakin inanıram ki, M.Araz şeirinin 40-cı otağına hələ bundan sonra da illər boyu yol gedəcəyik. İnanıram ki, ustad şairimiz 40-cı otağının möcüzəli dünyasını hələ bundan belə yaradacaq, bizi yaşının 60-da olduğu kimi, 70-də, 100-də də hər təzə yazılmış şeiri ilə heyran qoyacaq, yeni-yeni ürəklər fəth edəcək…”

“Torpaqdı mayası mənim şeirimin”

Nurəddin Əliyev

“… Sənin şeirlərini ana südü kimi içib yanğımızı söndürmüşük. Şirin ləhcəni, ağlagəlməz, əlçatmaz, ünyetməz misralarım bağrımıza basıb azərbaycanlılaşmışıq…”

“Haqqın var, Məmməd əmi”

Hidayət Elvüsal

“… Məmməd Araz işığına can atan cavan şairlərin sayı artdıqca haqq vergisindən qopan bu ulu poeziya bir az da müqəddəsləşir…”

“Haqqın var, Məmməd Araz”

Adil Cəmil

“Məmməd Araz kövrək olduğu qədər də dönməz, igid, qəhrəman şairdir.

Sözün buxovlandığı, fikrin dustaq olduğu dövrlərdə belə bir gün də olsun, Məmməd Araz poeziyası qınına sığınıb “gün keçməyib”. Xalqın danışan dili olub onun şeirləri. O taylı-bu taylı Azərbaycan tale salnaməsinə çevrilib Məmməd Arazın yazdıqları.

Şair taleyi Məmməd Arazı həyatın çox qasırğalarından, burulğanlarından keçirib. İstedadını qısqananlar, sözün qüdrətindən qorxanlar, əzəmətindən üşürgənənlər fürsət düşdükcə şair qəlbinə hər cür zərbə vurmaqdan çəkinməyiblər. Fəqət unudublar ki, tarix çox amansız hakimdir. Mizan-tərəzisi heç bir rütbəyə, şan-şöhrətə baxan deyil.

Sənətin məhək daşından isə əsl sənət, sənət döyüşündən isə əsl sənətkar üzüağ çıxır. Məmməd Araz sənəti kimi…”

“Haqqın var, Məmməd Araz”

İlham Məmmədli

“… Məmməd Arazın poeziyası milli-mənəvi varlığımıza ucaldılmış əbədiyyət abidəsidir. Tarix bizdən uzaqlaşdıqca o, bizə daha yaxınlaşacaq, daha əzəmətli görünəcək…

“Ver sözə ehya ki…”

Nizaməddin Şəmsizadə

Telefon | (+994 77) 330 01 34

Sayt | www.xannesrleri.az

E-mail | [email protected]

facebook.com/xannesriyyati

instagram.com/xannesriyyati

twitter.com/xannesriyyati

Notes

[

←1

]

Kitabdakı müəllifsiz şeirlər və misralar Məmməd Arazındır.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации