Электронная библиотека » Ханс Фаллада » » онлайн чтение - страница 3

Текст книги "Əyyaş"


  • Текст добавлен: 29 октября 2022, 12:40


Автор книги: Ханс Фаллада


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

–Budur, yenə döndüm, Maqda! Bir gəzintiyə çıxdım, baharın yaşıllıqları içində kiçik bir çöl məclisi.

Heç bu il torağayların səsini eşitdinmi? Sabah birlikdə gedərik. Ağcaqayın ağaclarını görməlisən, elə

yaşıllaşıblar ki, və sən araqlar kraliçasını tanımalısan, la reine d'alcool, Elsabe qoydum adını. . Çox çalışqansan, Maqda, səni Hinzpeter ilə ofisdə, dəftərlərin üzərinə əyilib çalışarkən gördüm. Balansı çıxarıb vəziyyətə açıqlıq gətirdin, mən həmişə bu açıqlıqdan qorxmuşam! Bir qurtum, sevimli Maqda, sonra birini də, sonra daha birini! Bilirəm bu sənin romundur, amma yenisini alıb yerinə qoyacağam, hər əskikliyi tamamlayacağım. Hələ pulumuz var, firmanı sata bilərik. Mənə aid firmadır, müdir mənəm, istədiyim şeyi edərəm! Yoxsa bir etirazınmı var?

Heç bir şey demədi, susaraq mənə baxdı, sonra qanlı ayaqlarımı gördü, üzü dümağ oldu.

Gözlərində iki damla yaş peyda oldu, yavaşca solğun yanaqlarından yuvarlandı, əliylə silmədi yaşları.

Böyük bir həyəcanla yaş damlalarını paltarının üstünə düşənə qədər gözlərimlə izlədim. Bu göz yaşları məni duyğulandırmamışdı; əksinə, mənə görə əzab çəkdiyi üçün ağlaması içimdə şirin bir duyğu oyandırmış, xoşuma gəlmişdi.

Yenə içdim.

–Elə mərhəmətsizcəsinə bacarıqlısan ki, əlimdən qaçırmış olduğum həbsxananın ərzaq işindən itirdiklərimin yerini doldurmağı biləcəksən. Mən həmişə sənin kölgəndə yaşadım, öz üstünlüyümü mənə heç hiss etdirmədin. Amma mən yüksəlmək bilmədim, həmişə aşağılarda qaldım. Halbuki aşağılarda da yaşanılır. Qəribə bir qız tanıdım, o da aşağılarda yaşayır, o da ağrı-acı və sevinc duyur.

Aşağıda da zövq və kədərlər var, Maqda, eynilə yuxarıda olduğu kimi, aşağıda ya da yuxarıda yaşamaq arasında bir fərq yoxdur. Bəlkə də gözlərini yumaraq özünü yoxluğa buraxmaq, yoxluğun da dərinliklərinə diyirlənmək ən gözəlidir. Adam sonsuz şəkildə yıxıla bilər, Maqda, mən hələ dibə

çatmamışam, yerə dəymədim, hər yanım hələ möhkəmdir..

–Ervin, – yalvarırcasına dedi, – Ervin, daha danışma, burax içməyi! Xəstəsən, Ervin, gəl yatağa uzan, ayaqlarını sarıyım. Ayaqlarının vəziyyəti çox pisdir, ayağındakı yaraları sarımaq lazımdır..

–Gördünmü? – deyə qışqırdım, – bu bir neçə qurtumu belə əsirgəyirsən məndən. Əlbəttə, bunlar sənin şüşələrindi, amma ödəyəcəyəm. Nağd olaraq ödəyəcəyəm ya da istəsən dolularını götürüb qoyaram yerinə. Açıq, sadə bir ticarətdi bu, buna bir sözün olmamalıdı! Ayaqlarımı soruşursan. Çöl məclisi qurdum. Bacarıqlı müdirə xanım çalışarkən, müdir də bu cür dincələ bilər! Ayaqyalın gəzdim, ayaqyalın gəzmək sağlamlıq deməkdir…

Danışmağa davam edirdim. Bu vaxt mətbəxdən çıxdı, qısa müddət sonra əlində böyük duş süngəri, məlhəm və sarğı tənzifləriylə geri döndü. Mən hələ dilim dolaşaraq, kəkələyərək haqqındakı çıxışımı davam etdirərkən yanımda diz çöküb ayaqlarımı yudu, yaraların içindəkı çirki təmizlədi, yüngülcə

quruladı, məlhəm çəkib sarıdı.

–Yaxşısan, çox yaxşısan, – içərək dedim, – həqiqətən çox yaxşısan, Maqda; bir də bu qədər bacarıqlı olmasaydın yaman olardı!


8

Oyanıram. Yatağımda uzanıram, pəncərələr açıqdı, pərdələr küləkdən yüngülcə yellənir, çöldə

günəş parıldayır. Çox gec olmalıdı. Yanımdakı yataq yenicə düzəldilib, otaq boşdu, təkəm. Çox pisəm, mədəmdə quru bir yanma var, ancaq yavaş-yavaş yenidən düşünməyə başlaya bilirəm. Yavaş-yavaş

keçən gecəni xatırlaya bilirəm, sonra ayağımdakı ağrıları hiss edirəm. Yorğanı açıb ayağımdakı sarğıları görürəm, birdən-birə hər şey yenidən gözlərimin qarşısında canlanır: Ofisimin qarşısında dayanıb buzlu şüşə ardındakı kölgələri müşahidə etməyim, meyxanadakı içki dəstgahı, qızın otağındakı utancverici səhnə, ayaqqabısız, sərxoş evə qayıtma və ən pisi, mətbəxdə Maqdayla qarşılaşmağım!

Necə alçaltdım özümü, necə özümü gözdən saldım!

Acı bir peşmanlıq üstümə çökür. Utanc, bu ağrılı, əzab verən utanc, əllərimlə üzümü gizləyir, gözlərimi möhkəm-möhkəm yumuram. . Artıq heç bir şey görmək, heç bir şey eşitmək, düşünmək istəmirəm! İnləyir, çənəmi sıxır, dişlərimi şaqqıldadıram, inləyirəm: “Bu həqiqət ola bilməz! Həqiqət ola bilməz! Mən deyildim bu insan, xəyal görmüş olmalıydım! Unutmalıyam hər şeyi, dərhal unutmalıyam! Bu həqiqət ola bilməz, ola bilməz!”

İçim doğranır, bütün bədənim sarsılır, sonra gözlərimdən yaş gəlir, öz məhvimə gətirib çıxaran, itirdiyim şeylər üçün axan göz yaşları. Sonu gəlməyən, zəhər kimi acı, amma sonradan boşaldan, rahatlaşdıran göz yaşları.

Ağlamağım bitdi; hələ günəş vurur şüşələrə, pərdələr təzə, yüngül küləkdə yavaşca tərpənir. Həyat hələ təzə və gənc halda gülümsəyir, istədiyin hər saatda yenidən başlaya bilərsən, əhəmiyyətli olan sənsən, hər şey sənə bağlıdı. Yatağımın yanındakı kiçik masada bir nahar nimçəsi dayanır; qəhvənin üstü soyumasın deyə yaxşıca örtülüb, səhər yeməyimə başlayıram, ilk loxmaları çətinliklə çeynəyirəm, ağzımda böyüyür, amma qəhvə xüsusi olaraq hazırlanıb, iştahım yavaş-yavaş yerinə gəlir.

Maqdanın səliqəylə seçib hazırladığı gözəl yeməkləri yeyərkən ürəyimdən ona təşəkkür etmək keçir: Ançuez, gözəl, yağlı bir ciyər əzməsi və ləzzətli pendir, bu cür ləzzətlə yemək yeməmişdim.

Ətrafdakı tanış əşyaları, uzun müddət ayrı qaldığım, imtina edilməz, sadiq bir dost kimi salamlayıram.

Masanın üstündə Maqdanın qoyduğu kağızı tapıram. Sadəcə bir neçə saatlığa ofisə getdiyini, o dönənə

qədər yataqda qalmağımı, heç olmazsa evdən çıxmamağımı xahiş edir, vanna otağının hazırlanmış

olduğunu bildirir.

Yarım saat sonra evdən çıxıram. Hərçənd ayaqlarımdakı yaralar getdikcə daha çox ağrıdır, amma artıq çalışmağa, bir iş görməyə qəti şəkildə qərar verirəm. Təpədən-dırnağa yuyundum, təmizləndim, təmiz paltarlarımı geyindim, ən gözəl paltarım əynimdədir, indi dünyadakı yerimi yenidən tutmaq istəyirəm. Maqda qədər bacarıqlı və təşəbbüskar olmasam da, yenə sürətlə şütüyən avtomobili idarə

edəcək, artıq təhlükəsizliyini təmin edən şəxs olacağam.

Bu dəfə narahat deyiləm, qarşı səkidəki binanın girişindən ofisimdəki kölgələrə qorxu içində

baxmıram, birbaşa içəri girirəm. Müdir otağından əvvəlki iki otaqda işləyən məmurlarımı salamlayaraq öz otağıma girirəm. Maqda yazı masamdakı kresloda oturmuşdu, məni görüncə yerindən atılır.

Əvvəllər mən ofisdə olmadığım vaxtlar mənim yerimdə heç oturmazdı, onun yeri yanımdakı masadaydı. Bu ofisdə işləyənlərin arasından məni silmiş olması mənə bir az yer eləyir, özü də

qıpqırmızı olur.

–Ervin, sənsən? – deyə qışqırır. – Elə bilirdim ki. . – Əvvəlcə mənə baxır, sonra Hinzpeterə.

–Sabahınız xeyir; sabahınız xeyir, cənab Hinzpeter, – dostcasına salamlaşıb özümü heç bir şey sezməyibmiş kimi aparıram. – Bəli, sən elə bilirdin ki.. Amma bu səhər elə də dözülməyəcək qədər

ağrımadığını gördüm. . ayaqlarım. . nə isə, buraxaq indi bunu. Əvvəlcə danış görək, nələri təsbit etdiniz, nəyə qərar verdiniz? Həbsxana işindən itirdiklərimizin yerini doldura biləcəyikmi?

Yazı masamın arxasındakı kreslomda oturmuşdum. Ona dostcasına baxırdım, yenə də qərarını verməzdən əvvəl məmurlarının təkliflərini mehribanlıqla dinləyən müdir idim. Unutmaq istədiyimi, unutmağa məcbur olduğumu qışqıraraq hönkürtüylə ağlamağımın üstündən hələ bir saat belə

keçməmişdi. . Amma indi burada oturarkən Maqdanın üzündəki solğunluq, dar ayaqqabılarımın içində

sızlayan ayaqlarım müntəzəm olaraq xatırladır və mən yenə də unutmaq istəyirəm. Maqdanın məni mətbəxdə qarşıma şüşələri düzüb, qanlı və çirkli ayaqlarım su qabının içində, yerə suyu dağıtmış halda görməsinin üstündən hələ on iki saat keçməmişdi. Və mənim burada yenidən müdir kreslosunda oturmağımdan beş dəqiqə sonra bütün bunlar Maqdaya pis bir yuxu kimi görünmüş olmalıydı; bu qarabasmadan başqa bir şey deyil! Unutmaq, unutmaq! (Bu da mənim utanmazlığımdan irəli gəlirdi; keçmiş hadisələr haqqında bir söz belə danışmamaq, hər şeyin üstünə bir örtü çəkmək, oyun növbəsinin başqasında olmasına dözə bilməmək, başqasının davranışını anlamaq üçün bir az olsun səy göstərməmək.. Utanmazlıqdan başqa nədir ki!) Maqdanın bacarıqlılığına boş yerə güvənmədiyim ortaya çıxdı. Elə bu səhər həbsxananın baş nəzarətçisinə baş çəkmiş, bəlkə hələ də qurtarıla biləcək bir şeyin olub-olmadığı barədə danışmaq istəmişdi. Bu yaxşı adam ona yenə qazanclı iş təklif edərək çox gözəl bir fürsət vermişdi. Məhbusların bir hissəsi həbsxanaya girdikləri ilk zamanlarda kamera cəzası çəkməkdə və lif ayırmaqla vaxt keçirməkdə idilər. Köhnə, istifadə edilib parçalanmış gəmi kəndirləri bu məhbuslar tərəfindən liflərə ayrılmaqda və bunlardan yenidən kəndirlər düzəldilməkdə idi. . Bu iş üçün davamlı olaraq xeyli miqdarda köhnə kəndir gətirtmək lazım idi və elə bu günlərdə həbsxana anbarındakı lazımlı vəsait tükənmək üzrə idi. Baş nəzarətçi Maqdaya Hamburqa gedib iki, hətta üç vaqon köhnə kəndir satın alıb gətirməsini təklif etmişdi. Dediyinə görə, bu malların haradan alınacağı yaxşı bilinsə, bu işdən çoxlu qazanc əldə edilə bilərmiş, hətta bunların haralarda tapıla biləcəyi haqqında da bəzi məlumatları əsirgəməyib.

Bütün bu danışılanları dinləyərək razılığımı bildirdim. Məncə, bu iş qısamüddətli, o qədər də

böyük olmayan bir iş idi və min beş yüz adam üçün təmin ediləcək üçillik ərzaq işinin gətirdiyi gəlirin heç bir şəkildə yerini tuta bilməzdi. Hətta əslində bizim indiyə qədər gördüyümüz işlərlə də çox da uyğunluğu yox idi, yenə də yaxşı bir qazanc gətirəcəyi üçün təklifi qəbul etməkdə fayda vardı.

–Yaxşı, Maqda, nə düşünürsən, kim gedəcək Hamburqa? Yoxsa sənmi? – deyə soruşdum.

–Xeyr, – duruxaraq dedi, – çox istəyərdim, amma deyəsən, bu anda mənim ayrılmağım çətin olacaq. Həm də bu vaxtlar. .

Sözünü yarımçıq kəsdi, bir az çarəsiz, lakin mənalı bir şəkildə mənə baxdı. Bu hansı şəraitdə

olursa olsun heç bir zaman dözə bilməyəcəyim baxışlardan biriydi.

–Haqlısan, Maqda, – dedim, – bu anda sənin buradan ayrılmağın həqiqətən əlverişsiz olar. Üstəlik, ev işləriylə də məşğul olmağa məcbursan. Else hələ çox gəncdir.. (Təmizqəlbli, anlayışlı Else!) Ən yaxşısı mənim getməyim olacaq. Özümü çox yaxşı hiss edirəm. Ayaqlarıma gəlincə. .

Maqda dərhal sözümü kəsdi:

–Qətiyyən gedə bilməzsən, Ervin! – dedi. – Sən özün də bilirsən ki, hələ tam sağalmamısan.

Gözlərini mənə dikmişdi, ayırmırdı; bunlar hirsli deyil, daha çox hüznlü, sevgi dolu, amma qəti, qərarlı baxışlar idi. Bu dəfə mən gözlərimi qaçırdım.

–Xeyr, – deyə davam etdi, – ən yaxşısı cənab Hinzpeteri göndərək. Elə bu axşam yola çıxa bilər və

bəlkə də sabah. .

–Bir dəqiqə, Maqda, – deyə sözünü kəsdim. – Çox təşəkkür edirəm, cənab Hinzpeter, sizi bir azdan yenə çağırtdıraram. .

Mühasibin arxasınca qapını bağlamasını gözlədim. Sonra Maqdaya dönərək:

–Maqda, – dedim, – keçmişi buraxaq, bir daha ondan danışmayaq, tamamilə unudaq.

Əlini tərpətdi, sanki bu çox sadə həll yoluna qarşı nə isə demək istəyirmiş kimi idi.

–Xeyr, Maqda, – tələsik dedim, – qoy sözümü bitirim. Səndən çox xahiş edirəm, mən gedim Hamburqa. Mənim üçün bu çox əhəmiyyətlidir, ayaqlarımın da bir çarəsi. .

Yenə sürətli bir hərəkətlə bu anda ayaqlarımın o qədər əhəmiyyətli olmadığını bildirmək istəyirmiş kimi nəsə dedi. Bu sağlamlığıma olan laqeydliyi mənə pis təsir elədi, amma yenə heç bir şey sezdirmədən davam etdim:

–Bir neçə günlüyə buradan ayrılmaq mənə çox yaxşı təsir edəcək. – Sonra səsimi bir az alçaldaraq:

–Bu ərzaq işindəki müvəffəqiyyətsizlik mənə çox pis təsir elədi, özümü çox alçaldılmış hiss edirəm.

Gözlərini məndən ayırmadan:

–Ervin, – dedi, – sən özün demişdin axı, keçmişi buraxaq! Mən də səninlə eyni fikirdəyəm, hər nə

qədər.. – Sözünü yarıda kəsdi, sonra, – amma sən özün başlayırsan. Nə isə, Hamburqa getməyin sənin üçün yaxşı olmayacağı qənaətindəyəm. İndi mühüm olan, sənə lazımlı olan şey özünü əyləndirmək deyil, tam və qəti bir istirahətdir. Üstəlik, bu gün zəng vurub günortadan sonra həkim Mansfeldin ikimizi də qəbul etməsi üçün vaxt təyin etdirdim. .

–Yenə bildiyini oxuyursan, Maqda, nə işim var mənim həkim Mansfeldin yanında? Heç bir xəstəliyim yoxdu. Ayaqlarımdakı azacıq yara üçün də. .

–Ah, məsələ ayaqlarında deyil! Bir azca dəri açılıb, əlbəttə sağalacaq. Xeyr, Ervin, sən həqiqətən xəstəsən. Aylardır nə qədər dəyişmiş olduğunu görürəm. Həkimin səni yaxşıca müayinə etməsi lazımdır.

–Əlbəttə, sənin nəzarətin altında! – kinəyə ilə dedim. – Xeyr, bunun üçün sənə həqiqətən təşəkkür edirəm, ancaq. .

Yalvarırcasına:

–Ervin, – dedi. – gəl heç olmasa bir dəfə mübahisə etməyək. Gəl, xətrimə dəymə, birlikdə həkimə

gedək, qoy o qərar versin. Hamburqa getməyin sənin üçün yaxşı olub-olmayacağına o qərar versin.

– Oho, – dedim. – Həkim sənin öyüdünə görə qərar verdikdən sonra getməyimizə gərək yoxdu; o zaman elə indidən Hinzpeterə Hamburqa gedəcəyini deyə bilərsən.

Hər ikimiz də indi ofisin iki pəncərəsinin önündə ayrı-ayrı dayanıb prospektə baxırdıq. Mən təkcə

çölə baxmaqla qalmayıb barmaqlarımla şüşəni döyəcləyirdim. Çöldə hələ də yaz günəşi hər yeri işıqlandırırdı, yoldan keçən qadınların əynində yaz paltarları vardı. . Ətrafımdakı köhnə, tanış şeyləri təptəzə bir maraqla salamlamağımdan, onların dadıma çatmağından bu yana hələ çox az vaxt keçmişdi.

Bu gün yeni bir həyata başlamaqda qərarlıydım. . Və indi yenə keçmiş günlərin davaları canlanaraq ən gözəl planlarımı korlamaq istəyirdi. Yaxşı, nə üçün? Çünki Maqda hər məsələdə özünün haqlı olduğunu iddia edir, bütün qərarları özü vermək istəyrdi. Xeyr, bu dəfə mən də müqavimət göstərməkdə

qərarlıydım. Aramızda razılaşmışdıq; keçmiş keçmişdə qalacaqdı, beləcə dünən axşamkı hadisələrə

görə onun istəklərinə boyun əyməyə məcbur deyildim.

Maqda birdən pəncərədən uzaqlaşıb:

–Ervin. . – yavaşca dedi.

–Bəli? – dedim, qaşqabağını tökdüm, hələ də ona baxmadan şüşəni döyəcləyirdim.

–Ervin, – deyə təkrarladı. – Bu gün səninlə dava eləmək istəmirəm. İçimdə qorxunc bir təhlükəyə

doğru sürətlə gedirikmiş kimi bir hiss var, buna görə nə bahasına olursa olsun həmrəy olmağa məcburuq. İstədiyin olsun, sən get Hamburqa, amma qayıdanda sən də mənim xahişimi yerinə

yetirəcəksən, birlikdə həkim Mansfeldin yanına gedəcəyik.

Ona sarı döndüm, sevincimdən gülümsəyirdim.

–Qayıdanda nə qədər sağlam olduğumu sən də görəcəksən, – dedim. – O zaman özün həkimə

getməkdən imtina edəcəksən. Amma yenə də söz verirəm. Üstəlik, çox təşəkkür edirəm, Maqda.

Hamburqdan sənə gözəl bir şey gətirəcəyəm. .

Yenə güldüm. Bu səfər məsələsinə çox sevinmişdim.

–Sənin getməyini təşəkkür etməyin üçün qəbul etmədim, – Maqda dedi, olduqca sərt idi. – Hətta heç bir şəkildə getməyinlə razılaşmıram. Bu səfərin sənə heç yaxşı təsir etməyəcəyi qənaətindəyəm. .

–Amma bax görəcəksən, sən də mənim dediyimə gələcəksən, – deyərək sözünü kəsdim. -

Sonradan bu barədə danışdıqda hansımızın haqlı olduğu ortaya çıxacaq. İndi de görək, bu işdə başqa hansı firmalar haqqında danışılır. Əlbəttə, mən də öz səyimlə bu barədə bəzi şeyləri öyrənəcəyəm. .


9

Hamburqa etdiyim iş səyahəti çox uğurlu oldu. Üç vaqon dolusu kəndiri inanılmayacaq qədər ucuz bir qiymətə aldım. Bu fürsəti çox yaxşı qiymətləndirib çox gözəl qazanc əldə etdik. Maqdaya bu kəndirlərin arxasınca necə düşdüyümdən danışdım. Halbuki, əslində bu iş tamamilə təsadüfdən başqa bir şey deyildi, bəzən ticarət həyatında görünən “bəxtigətirmə”lərdən biriydi, çeçələ barmağımı belə

tərpətmədən ovcuma gəlmişdi. Amma evdən beş günlük ayrılığımın səbəbini göstərmək üçün nə isə

deməyə məcbur idim. Ancaq Hamburqda bir dəfə olsun sərxoş olmadığımı qətiyyətlə deməliyəm. Yenə

də orada günün hər saatında, hətta səhərin gözü açılmamış bir kiçik qədəh içməyə vərdiş etdim. Bu bəlkə aradabir çox içib lül-qəmbər sərxoş olmaqdan daha cazibədar olsa da ziyanlı idi. Bu gözəl şəhəri çox gəzdim, çox yer gördüm – bütün iş elə ikinci gün yarım saatın içindəcə həll olmuşdu – Alsterdə, limanda gəzdim, Altonadakı balıq bazarının o bitib tükənmək bilməyən böyük yerlərini gəzdim; Ohlsdorfa gedib dünyanın ən məşhur qəbiristanlığında saatlarla gəzdim və bütün bunları edərkən də

tez-tez tələsik bir meyxanaya girib o rəngsiz ya da qəhvəyi rəngli yandırıcı mayedən bir ya da iki qədəh başıma çəkirdim. Bu, kefimi düzəldir, mədəmə yaxşı təsir edir, ürəyimi qızışdırır və bu rəngarəng, canlı şəhəri daha gözəl görməyimi təmin edirdi; xülasə, həyatdan həzz alırdım. Heç vaxt da sərxoş

olmurdum, hətta içkili olmaqdan belə uzaqdım, amma yenə də tam ayıq olmadan oradakı günlərimi başa vurdum. Əvvəllər səhər saat ona, on birə qədər ilk qədəhi içmək üçün gözləyərdim, ancaq son iki gündə səhər saat səkkizə yaxın duble konyakı açıqdan-açığa yatağıma gətirtməyə başlamışdım.

Bununla səhər yeməyini daha yaxşı yeyə bilirdim.

Əlbəttə, dönüş səfərimdə də özümlə içki götürməyi unutmamışdım. Evdə Maqdanın gözləri qarşısında bu vərdişimi gizli olaraq davam etdirə bilməyəcəyim aydın idi; buna görə qatarda yaxşıca içdikdən sonra bu vərdişdən əl çəkməyin çox çətin olmayacağını düşünmüşdüm. Bir, iki saat arayla yalnız bir ya da iki qədəh içirdim, bu qədər az içkidən imtina etmək çox asan olmalı idi! Ancaq qatara minməzdən əvvəl səfər üçün özümlə götürdüyüm və bol-bol çatacağını sandığım şüşə yetməmişdi.

Buna görə stansiyadan düşər-düşməz əvvəlcə stansiyanın barında (orada məni tanımazdılar) bir-iki qədəh də içib sonra evin yolunu tutdum. Bu vaxt bir aptekdən ağız qoxusunu aradan qaldıran həb almağı unutmamışdım. Çünki bu qədər uzun ayrılıqdan sonra Maqdayla qarşılaşınca öpüşməkdən qaça bilməyəcəyim və buna görə ağzımdakı spirt iyinə qarşı tədbir görməli olduğum ağlıma gəlmişdi. Məni dostcasına, amma bir az soyuq qarşıladı, bir neçə dəfə təpədən dırnağadək süzərək bir az özümə

gəldiyimi, qüvvətləndiyimi bildirdi; onun deyimiylə, üzüm bir az şişkinləşmişdi. Bu davranışı məni hirsləndirdi, amma sezdirmədim. Oturub əvvəlcə kəndir işindən, Hamburqun gözəlliklərindən,

Ohlsdorfdakı qəbiristanlıqdan, Nikolai kilsəsində dinlədiyim orqan konsertindən (tamamilə təsadüf nəticəsində bu konserti dinləmişdimi) canla-başla danışdım. Konserti dinləmiş olmaqla təkcə

meyxanalarda gəzmədiyimi, orada maraqlı, canlı bir həyatımın da olduğunu sübut etmiş olurdum. Çox ciddi, düşüncəli olan Maqdanı beləcə bir az canlandırmış, sevindirmiş oldum.

Maqda da görmüş olduğu işlər haqqında uzun-uzadı məlumat verdi. Yeni işlərə girişmiş, az qala hər gün avtomobillə kəndlərə gedib arı istehsalçılarından bal, cökə alıb. Cökəni onsuz da alırdıq, beləcə

gələcək üçün ehtiyat vəsaiti hazır etmiş olurdu. Üstəlik, şüşə qablar da satın alaraq firmamızı bilavasitə

müştəriyə bal sata biləcək böyük bir firmaya çevirmək istəyirmiş. Mənimlə qəzetlərdə bu bal satışıyla əlaqədar olaraq verəcəyimiz elanlar haqqında danışmağa başladı. Onu çətinliklə dinləyə bilirdim.

Əslində yorğun deyildim, ancaq bütün bu bitməz-tükənməz iş söhbətlərindən bezmişdim, hamısı əbəs idi. Bu bal satışı işinə niyə girməliydik? Hamısı bir heçdi! İnsanlar yeyirlər, sonra keçib gedir, sabun köpüyü kimidi, çox işıqlı, içi bir az havayla doldurulmuş bir heçdi. Partlayır, geridə heç bir şey buraxmır, hamısı baş aldatmaqdan başqa bir şey deyil! Daha bezdirdin, get, rədd ol! Kəs artıq bu uydurmaları, bu qədər boşboğazlıqlar yetər! Rahat burax məni! Nə üçün bu qədər çalışıb-əlləşirsən?

Sən öz firmanı nə hesab edirsən? Yüzminlərlə, milyonlarla firma var yer üzündə! Kimə lazımdı səninki?

İndi burda bir stəkan araq olsaydı, o zaman səni yenə maraqla dinləyə bilərdim. Sən burada oturub heç dayanmadan boşboğazlıq etməsəydin, Elseni yaxınlıqdakı meyxanaya göndərər, bir ton araq aldıra bilərdik. Sən mənim həyatıma çöküb oturduğun üçün həyatda xoşuma gələn şeyi edə bilmirəm.

Xeyr, xeyr, o qədər pis demək istəmirəm, onu nəzərdə tutmamışdım, əslində Maqdanı sevirəm, amma bir müddətliyə həyatımdan yox olsaydı, mənə nə qədər böyük bir yaxşılıq etmiş olardı, nə qədər sevinərdim! Darıxdırıcı, çoxdanışan arvaddı də, nə deyəsən!

Bu öz-özümlə etdiyim söhbət əsnasında yamanca qəzəblənmişdim; birdən hövlnak ayağa qalxıb təəccüb içində qalan Maqdaya çox kobud şəkildə başımın ağrıdığını, çölə çıxıb iyirmi beş dəqiqə-filan gəzmək istədiyimi dedim. . Xeyr, xeyr, təşəkkür edirəm, sənin gəlməyin lazım deyil. .

Və dərhal özümü çölə atdım. Onu yenə incitmiş olmağım, mənim haqqımda nə düşündüyü heç vecimə deyildi. Səkkiz-on küçə sonra tanınmadığımı güman elədiyim bir məhəlləyə gəldim; orada kiçik bir meyxanaya girərək kök, saqqallı meyxanaçıdan bir dubl konyak istədim. .

Bu gecəni rahat keçirmək üçün ehtiyatımı bolluca götürmək istədiyimə görə üçüncü dublu da aşırtdıqdan sonra meyxanaçı mənə yavaşca:

–Sizin içdiyinizi heç bilməzdik, cənab Sommer, – dedi. – Hər halda soyuqlamış olacaqsınız?

Bu cür tanınmış bir adam olmağıma hirslənərək dördüncü dubldan imtina edib evin yolunu tutdum. Ağzımdakı qoxunu aradan qaldıran şəkərləri sorarkən bir tərəfdən də o cür gözəl konyakın dadının belə bərbad iyli “ağız ətri”ylə korlanmasına hirslənir, məni bunları etməyə məcbur edən Maqdaya da çox əsəbiləşirdim.

Hələ də evdə məni gözləyirdi, hər halda yenə o cansıxıcı bal hekayəsini danışıb başımı ağrıdacaqdı. Amma mən buna fürsət verməyərək birbaşa yataq otağına getdim, qaşqabağımı töküb bir neçə qısa cümləylə bu baş ağrısının hələ azalmadığını, uzanmaq istədiyimi dedim. Sonra dərhal yuxuya getdim.

Ancaq gecə saat birdə yenidən qalxıb ayaqyalın, gecə paltarıyla anbara gedib o üç şüşənin içində

qalanın hamısını dalbadal içib bitirdim. Son şüşənin dibini görərkən birdən-birə qorxunc bir açıqlıqla qəti şəkildə məhv olduğumu, artıq mənim üçün heç bir qurtuluş yolunun olmadığını, bütün varlığım və

ruhumla spirtli içkidən asılı olduğumu anladım. Artıq bundan sonra ətrafımdakılara yaxşı görünməyə, ədəb qaydalarına uyğun davranmağa çalışmağın mənası qalmamışdı, bunun heç bir əhəmiyyəti yox idi, hər şey bitmişdi. Maqda gəlsin, məni burada içərkən görsün. Elə üzünəcə əyyaş olduğumu deyəcəyəm.

O gətirdi məni bu hala, ifrat təmizkarlığı, şeytani bacarıqlılığıyla o gətirdi.

Amma gəlmədi, mən də üç boş şüşəni ağzı açıq halda rəfdəki yerinə qoydum. Bilsinlər, hamısı bilsin; Maqda, Else, başqa kim istəyirsə! Artıq heç bir şey vecimə deyil!

Ancaq daha sonra, səhərə yaxın ürəyim o qədər sıxıldı ki, qalxıb şüşələrdəki son damlaları da yaladım. Sonra şüşələri əvvəlcə içlərində nə qədər vardısa o ölçüdə suyla dolduraraq ağızlarını bağlayıb yenə köhnə yerlərinə qoydum. Beləcə bir ya da iki gün də saxta davranışımı davam etdirə

bilərdim.


10

Bundan sonrakı günlərdə ofisə tez-tez gedirdim, bəzən oturub işləyirdim. Xoşuma gəldiyi üçün deyil, dərhal əl çəkmək mümkün olmayan köhnə bir vərdiş olduğuna və Maqdadan utandığıma görə

işləyirdim. Maqda çox susqun olmuşdu, sadəcə çox lazım olduğu zaman danışırdıq. Ən çox yanımızda üçüncü bir adam, Hinzpeter, Else ya da bir müştəri olduğu zaman bir-birimizlə daha canlı, daha şən davranırdıq. Hətta aramızda zarafat da edirdik; az qala köhnə xoşbəxt evlilik illərimizin ab-havası yenidən gəlirmiş kimi olurdu. Amma qapı üçüncü adamın arxasınca bağlanar-bağlanmaz birdən-birə

səssizliyə bürünür, mən üzümü turşudurdum, Maqda sənədləri, kağızları vərəqləməyə başlayırdı.

Bu müddət ərzində heç yanımdan ayrılmadı. Evdən ofisə, ofisdən evə birlikdə getmirdik, amma mənim gəlişimdən beş-on dəqiqə sonra dərhal ardımca gəlirdi. Ev işləri tamamilə Elsenin öhdəsinə

qalmışdı. Hərçənd Maqdanın məni müşahidə etməsindən heç təsirlənmir, istədiyimi edirdim, yəni içirdim. Kiçik qədəhlərdən içmə vərdişim getdikcə şüşələrdən böyük qurtumlar almağa çevrilmişdi. Bir şüşə ofisdəki yazı masamda, bir şüşə də evdə, hamam şkafının bir küncündə həmişə hazır olurdu. Bu şüşələri çantamın içində ya da şalvarımın cibində, Maqdanın yanında gizli olaraq saxlamaq çox xoşuma gəlirdi. Ehtiyatımı təzələdiyim, anbarımı doldurduğum zaman sanki varlanıbmış kimi özümü xoşbəxt hiss edirdim. Azca susayan kimi dərhal bir udum ala bilirdim. Evdə, vanna otağında çox asan olur, amma ofisdə, Maqdanın yanında bəzi çətinliklər çıxırdı. O zaman oturub onu otaqdan uzaqlaşdırmaq üçün bir neçə dəqiqə bəhanə axtararaq başımı yorurdum.

Bir gün onu otaqdan uzaqlaşdırmaq üçün heç bir səbəb tapa bilməyincə, yazı masasını özümə

sipər edərək yavaşca şüşəni açıb yerə qoydum, sonra silgimi yerə salıb özümü bir müddət masanın altında axtarırmış kimi göstərərək – Maqdanın olduğu otaqda! – hiyləgərliyimlə fəxr edərək ləzzətlə

konyak şüşəsini başıma çəkdim.

Maqdanın mənim içdiyimi bilib-bilmədiyi məsələsindəki fikrim hər an dəyişirdi. Bəzən qətiyyən heç bir şey sezmədiyi qənaətinə gəlir, amma qısa müddət sonra kefim pozulmuş, ürəyim sıxılmışsa etdiyim hər bir şeyi içimi oxuyurmuş kimi çox yaxşı bildiyini düşünürdüm. O zaman yenə dərin düşüncələrə dalırdım. Bəzən uzun müddət ofisdə düşüncəli-düşüncəli o tərəf-bu tərəfə gedir, həmişə

də Maqdanın masasının önündən keçirdim. O zamanlar “pis” olurdum. Xüsusilə müəyyən bir şeyə, hətta Maqdaya belə hirslənirdim. Xülasə, pis bir adam olurdum, insanın xislətindəki pislik məndə baş

qaldırırdı. Maqdayla dalaşmaq üçün səbəb axtarırdım. Bu davadan da məqsədim onu qızışdıraraq hər şeyi bilib-bilmədiyini öyrənmək idi. Əgər bilirsə, o zaman son saxta rəftarımdan da əl çəkəcək, onun yanında – ayıq, təmiz, çalışqan arvadımın yanında arağı başıma çəkəcəkdim. Ayaqlarımı yazı masasının üstünə qoyaraq açıq-saçıq mahnılar oxuyacaq, onunla kobud zarafatlar edəcəkdim. Onu da özümlə

birlikdə pis şeylərə tərəf çəkmək necə də mənim üçün böyük bir zövq olacaqdı, ona göstərəcəkdim: Bax, bir zamanlar sevmiş olduğun adam budur! Sənin sevgin sayəsində bu hala gəldi.

Otağın içində addımlarımı sürətləndirdim. Artıq utanıb-eləmirdim, hirsli baxışlarımı üzünə dikir, ona meydan oxuyurdum. Amma elə davaya başlayacaqdım ki, qalxıb çölə çıxırdı. Onun çıxdığı qapıdan hələ də gözlərimi ayıra bilmir, hirslə yumruğumu yelləyir, dişlərimi qıcırdadırdım: “Qorxaq olduğun

üçün qaçırsan, qorxaq! Məni nə hala gətirdin, sən və bacarıqlılığın”. Sonra masamın arxasına keçib içirdim. O zaman yorğunluq hiss etsəm də sakitləşirdim.

İşə köhnə vərdişimin təsiriylə getdiyimi demişdim axı, bu o qədər də doğru sayılmaz; düzünü demək lazımdır. Bu günlərdə köhnə davranışımı – müştərilərlə arasında məsafə saxlayan müdir kimi rəftarımı içkinin təsiriylə itirmişdim. İndi kəndli müştərilərimlə daha yaxşı, daha rahat boşboğazlıq edirdim. Maqda yanımızda olmadığı zamanlar bir-birimizin çiyninə vurur, zarafatlaşır, lətifə danışırdıq.

Axırda da bu adamlarla çox gəlirli müqavilələr bağlayırdım. Əvvəllər nəzakətli davranıb firmanın etibarını düşünərək etmədiyim şeyləri indi həvəslə eləyir, kəndli müştərilərimlə kiçik meyxanalara gedir, orada taxta masaların arxasına keçib üzbəüz əyləşərək bol-bol içir, bir çox mövzulardan söz açırdıq. Çox vaxt bu meyxanada edilən söhbətlər nəticəsində lül-qəmbər sərxoş olan müştərimdən inanılmaz dərəcədə aşağı qiymətə mal satın alırdım. Yenidən ofisə gəlib bu sazişləri Hinzpeterin önünə

qoyduqda bu quru rəqəm adamıyla Maqdanın necə baxışdıqlarını görür və ürəyimdə gülürdüm.

Yenə bir gün böyük bir fermanın təsərrüfat müdirini yaxşıca içirib ondan bir vaqon göy noxudu bazar qiymətinin yarısına satın almaq üçün imzaladığımız müqavilədən sonra səhər ofisimin olduğu binanın həyətində səs-küy eşidib pəncərəyə sarı getdim. Bizim indi ayılmış olan təsərrüfat müdiri arvadımı və Hinzpeteri razı salmaq üçün dəli kimi çırpınırdı. Uzun müddət yenicə ağlı başına gəlmiş

kişinin çırpınmasını böyük bir zövqlə seyr etdim. Ürəyimdə deyirdim: “Danış görək; istədiyin qədər ayıq ol, artıq iş işdən keçib. Dünən axşam bağladığımız müqavilənin altındaki imzanı da inkar edə

bilməzsən ki!”

İndi də Maqda danışır, kişi də başını bulayır, ayağını yerə vururdu. Birdən mənə tərəf baxdı, yəqin şüşənin arxasında məni görmüşdü. Həqiqətən də kişi qolunu havaya qaldıraraq arvadımın və

Hinzpeterin qarşısında yumruğunu mənə doğru yelləyirdi. Hətta söyüş də söydü: “Fırıldaqçı kaftar!”

Maqdanın bu həyasız hərifi rədd etməsini gözlədim; halbuki dayanıb kişini sakitləşdirməyə çalışırdı.

Bir müddət sonra kişi yumruğunu aşağı saldı, sakitcə danışmağa davam etdilər. Arvadımın məğlubiyyəti qəbul etməsi nifrətimə səbəb olmuşdu.

Bir az da baxdıqdan sonra onlar hələ də danışarkən masamın siyirtməsini açaraq gücümü təzələdim. Bir az keçəndən sonra masamda eləcə heç bir şey düşünmədən oturarkən qapı açıldı, Maqda əlində qovluq rəngi avazımış halda içəri girdi. Qovluğu masanın üstünə qoyaraq kağızları xışıldadıb qarışdırmağa başladı. Otaqda başqa səs eşidilmirdi. Spirt yavaş-yavaş bədənimə yayılır, məni rahatlaşdırırdı, özümü xoşbəxt hiss edirdim. Amma birdən Maqda kağızları yerə atıb başını masaya söykəyib dəli kimi ağlamağa başladı. Çarəsizdim, nə edəcəyimi bilmirdim. Hələ üstəlik bu çox kefli vaxtımda heç bir şey edəcək vəziyyətdə deyildim.

–Nə oldu, Maqda? – bir az laqeydliklə dedim. – Sakit ol, Maqda, bu qədər kədərlənəcək nə var ki?

Başını qaldırıb gözlərindən yaş tökə-tökə qışqırdı:

–Hər şeyi məhv elədin! İşlərimizi on qat artıq pisləşdirdin! Bütün günü lül-qəmbər sərxoş olduğun bəs deyilmiş kimi firmamızın adını da bədnam elədin. Elə indidən etibarlı bir firma olmadığımızı, saxtakarlıqla iş gördüyümüzü deyirlər..

–Dayan görək, Maqda, – yavaşca dedim; artıq onunla hesablaşmağın, bütün günahlarını üzünə

vurmağın vaxtı gəlmişdi. . – Dayan görək, Maqda, – təkrar elədim. – Hər şeyi bir-bir danışaq. Hər gün lül-qəmbər sərxoş olduğumu iddia edirsən. Deyə bilərsənmi, nə vaxt mənim səndələdiyimi, kəkələdiyimi gördün? Ara-sıra bir qədəh içirəm, bunu saxlamağa gərək yoxdu, amma içkini götürə

bilirəm. Spirt zehnimi açır. Spirti götürə bilməyənlər içməməlidi, amma bunu mənim haqqımda demək olmaz, spirt mənə toxunmur. – Masamın siyirtməsini açıb konyak şüşəsini çıxararaq dedim. – Bax, bu şüşə bu səhər saat doqquzda ağzına qədər dolu idi, indi üçdə biri azalıb, yaxşı, deyək üçdə birindən bir az çoxdu, amma bu qədər içki içdiyim üçün danışığımda bir qüsur varmı? Özümə, əlimə, ayağıma hakim deyiləmmi? Beynim dumanlıdırmı? Səndən on dəfə daha açıq düşünə bilirəm! Lənətə gəlmiş birinin gəlib arvadımı fırıldaqçılıqla günahlandırmasına

dözə

bilmərəm.

Əlimə

keçsə

üz-gözünü

dağıdacağam. Qəfildən səsimi yüksəltdim. Sonra bir az daha sakit sözümə davam etdim: – Amma sən durub onu razı samağa çalışdın, hərifi sakitləşdirdin. Əgər səni və bu gic toyuq Hinzpeteri yaxşı tanıyıramsa, göy noxud razılaşmasından ya imtina etmiş ya da qiyməti yüksəltmiş olmalısınız..

Ona kinayə ilə baxırdım.

–Əlbəttə, imtina etdik! – Maqda dedi, daha ağlayıb-eləmirdi. Gözlərində heç bir sevgi, yaxınlıq əlaməti yox idi. – Əlbəttə, imtina etdik. Müqaviləni ləğv etdik, amma buna baxmayaraq artıq yaxşı müştərilərimizi həmişəlik itirdik.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации