Электронная библиотека » Ханс Фаллада » » онлайн чтение - страница 6

Текст книги "Əyyaş"


  • Текст добавлен: 29 октября 2022, 12:40


Автор книги: Ханс Фаллада


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Divandan qalxdıqda saat səhərə yaxın üç ilə dörd arasında idi. Çamadanı açıb əşyaları çıxardım.

Əvvəlcə başdan ayağadək yaxşıca yuyundum, alt paltarlarımı dəyişib təmiz paltar geyindim. Ehtiyatla üzümü qırxmağa başladım. Hər şey sanki heç bitməyəcəkmiş kimi çox yavaş gedirdi. Əllərim elə

titrəyirdi ki, bir ara üzümü təraş edə bilməyəcəyimdən qorxdum. Amma nəhayət başa çatdıra bildim.

Varlığımda tanımadığım bəzi xüsusiyyətlər içimdə yepyeni bir güc mənbəyi olduğunu ortaya çıxarmışdı.

Axırda tərtəmiz geyinmiş, təraş olmuş halda güzgünün qarşısına keçib özümü seyr etdikdə hələ

də görünüşümün nə qədər yaxşı olduğuna mən də heyrətləndim. Əlbəttə, gözlərimin kənarları bir az qızarıb, göz bəbəklərim kiçilmiş və yanaqlarım bir az sallanmışdı. Amma kimsə bu görünüşümə baxıb mənə əyyaş olduğumu deyə bilməzdi. Bu səhər erkəndən işə başlamalıydım.

Daha yatağa uzanmadım. Ədyala bürünüb divanda oturaraq səhəri gözləməyə başladım. Bu vaxt evi dinləyirdim. Hər yer çox səssiz idi; Polakovskinin yatmadığını, məni gözdən qoymadığını çox yaxşı bilirdim. Gözləməliydim, o hərifdən daha hiyləgər davranıb onu sovuşduracağıma güvənirdim. Axırda divana oturmazdan əvvəl su stəkanını araqla doldurub şüşəni otağın ən uzaq küncünə qoymuşdum.

Sabaha qədər bu bircə stəkanla kifayətlənməyə qərarlıydım. Amma stəkandan sadəcə bir-iki qurtum aldım. Bu gecəki vərdiş etmədiyim məşğuliyyətdən sonra çox əldən düşmüşdüm. Arxaya söykəndim, o anda yuxuya getmişəm.

Çox yüngül bir tıqqıltı səsinə oyandım. Gözlərimi yavaşca araladım. İşıq hələ da yanırdı.

Polakovski çamadanın üstünə əyilib, dəstlərin örtüyünü çıxarıb bir süfrə bıçağını gözdən keçirir, əliylə

ölçürdü. Uzun müddət qısılmış gözlərlə bu alçağın gümüşləri necə eşələdiyinə baxdım, sonra yenicə

oyanıbmış kimi gərnəşib hündürdən əsnədim.

Gözlərimi açdıqda Polakovski yoxa çıxmışdı. Qapı toxmağının çöldən necə yavaşca əvvəlki vəziyyətinə gətirildiyini gördüm. Çamadana ötəri nəzər saldıqda Polakovskiım sadəcə nümunə olaraq bir dənə gümüş götürdüyünü, əsl soyğunu sonraya, mənim sərxoş vaxtlarıma saxladığını başa düşdüm.

Pəncərəni açıb şəhərə baxdım. Günəşin yüksəkliyindən saatın altı ilə yeddi arasında olduğunu təxmin etdim. Qapını açıb Polakovskini çağırdım. Uzun müddət gözlətdikdən sonra cavab verdi. Səhər yeməyimi gətirməsini tapşırdım.

Yeməyi dərhal gətirdi. Polakovskiın üzündəki o köhnə yumşaq ifadə bir az dəyişmiş, ürkəkləşmişdi. Məndəki bu yüz səksən dərəcə dəyişikliyə görə keçirdiyi narahatlığı heç cür gizlədə

bilmirdi. Özümü heç bir şeyi sezmirmiş kimi göstərərək, iştahla yeməyimi yeməyə başladım. Qəhvə

gözlənilməz dərəcədə gözəl idi, çörəklər çox yaxşı bişirilmişdi, kərə yağı təzə idi. Bu avara əslində hər şeyin yaxşısını çox gözəl bilirdi. Mən yeməyimi yeyərkən otağı yığır, yatağımı düzəldirdi. Aradabir gizlicə mənə baxmaqdan özünü saxlaya bilmir və getdikcə daha tez-tez öskürürdü. Küncdəkı araq şüşəsini görüncə, nəhayət, bayaqdan mənimlə danışa bilmək üçün axtardığı fürsəti tapdı.

–Yəqin heç içməmisiniz, cənab! – deyərək şüşəni işığa tutub baxdı.

–Bəli, dostum Polakovski, – lağla dedim. Kefim çox yaxşı idi, çörəyin üstünə bol-bol kərə yağı çəkirdim. – Əgər mənə bu cür bərbad araqlardan gətirməyə davam etsən, yəqin içkini tamamilə

buraxacağam.

Mənim ona “sən” deməyimə heç fikir vermədi.

–Səhvən olub, cənab, heç özüm də bilməmişəm, – deyə donquldandı. – Satıcı səhvə yol verib.

Mənim bu anda bu otaqda olmağım necə gerçəkdirsə, bu buğda arağının şüşəsinə dörd yarım mark ödədiyim də eləcə gerçəkdir. Satıcı məndən çox pul aldı. Amma mən sizə, əlbəttə, əsl qiyməti dedim, o qədər kasıb bir insan olmağıma baxmayaraq hər şüşə üçün iki markı cibimdən qoydum. Mən namuslu bir insanam, cənab. .

–Axmaqlama, Polakovski, – kobudluqla dedim. – Nə kasıbsan, nə də namuslu. Fırıldaqçının yekəsisən. Hələ gəncsən, amma vaxtından əvvəl yırtılmısan. Qazdan ayıqsan. Bəlkə də buna görə

səndən xoşum gəlir. – Sonra birdən hirslənibmiş kimi qışqırdım: – Götür bu şüşəni özün zəhərlən.

Mənə də beş dəqiqə içində əməlli-başlı içki gətir. Al götür bu pulu da!

Bir kağız pul atdım masanın üstünə. Dərhal qapıb:

–Baş üstə, cənab, dükanlar açılan kimi dərhal alıb gətirərəm, – dedi.

–Xeyr! – deyə qışqırdım, səsimi daha da yüksəltdim. – Dükanlar açılanda deyil, dərhal, elə bu anda istəyirəm içkini! Elə bilirsən ki, bu cür gecədən sonra hələ bütün günü burada ayıq oturacağam? Artıq mən də yatmaq istəyirəm, axmaq hərif!

Oyunumu davam etdirərək yerimdən atılıb pencəyimi çıxardım, jiletimin düymələrini açdım.

Onu mütləq inandırmalıydım, yoxsa hər şey tərsinə dönə bilərdi. Dərhal masanın üstündə dolu duran stəkanı götürüb içdim, sonra:

–Al doldur birini də içim bu bərbad araqdan! – dedim. – Beş dəqiqəyə də əməlli-başlı, yeni bir şüşəylə geri dön! Narahat olma, dükanlar hələ açılmayıbsa da, dükan sahibləri sənin kimi yaxşı bir müştərini arxa qapıdan da içəri salar!

Jiletimi də əynimdən çıxarıb şalvarımın düymələrini açmağa başladım.

–Beş dəqiqəyə qədər gəlirəm! – deyib Polakovski dərhal çölə çıxdı. Danışığından necə yenidən rahatlandığını, vəziyyətdən razı qaldığını hiss etmək çətin deyildi. Sağmal inəyinin əldən çıxmasından qorxurdu. Amma budur, yenə onun gözündə hər şey yoluna girmişdi; içkiyə başlayacaqdım.

Aşağıdakı qapının bağlandığını eşidər-eşitməz dərhal geyindim. Çamadanın qapağını bağlayıb yerdən qaldıraraq pilləkənlərlə aşağı düşdüm. Polakovskinin indiyə qədər heç görmədiyim, özü kimi yaltaqlanan, fırıldaqçı bir arvadı və uşaqları ola bilərdi. Bu dəfə onlara rast gəlmədim. Heç bir maneə ilə

qarşılaşmadan küçəyə çıxdım. Burada da araq az qala mənə çox pis bir oyun oynayacaqdı. Həftələrdir ilk dəfə yanımda “ehtiyat ərzağım” olmadan yola çıxdığım ağlıma gəldi . Bu cür yaxşı hazırlanmış bir səfərə çıxarkən yuxarıda, otaqda demək olar ki, dolu bir şüşə arağı unutmuş olmaq! Az qala şüşəni götürmək üçün geri dönəcək və bəlkə də yenidən sprut qolları kimi uzun barmaqlarıyla qanımı əmən Polakovskinin əllərinə düşəcəkdim. Amma bu gecə içimdə doğan yeni güc təzədən üstün gəldi və

başımı bulayıb yoluma davam etdim.


19

Əlbəttə, Polakovskinin hansı istiqamətə getdiyindən heç xəbərim yox idi. Buna görə əvvəlcə

olduqca narahat idim. Amma “Kiçik Rusiya”dan məhəlləsindən çıxıb şəhərin təmiz prospektlərinə

gəlincə özümü daha rahat hiss etdim. Heç ləngimədən birbaş stansiyaya gedib ikinci dərəcəli gözləmə

salonunda oturdum. Həqiqətən çox təhlükəli bir iş gördüyümü bilirdim. Mənimlə bağlı son hadisələri bilən bir adam qarşıma çıxsa məhv olardım. Amma bu səhər hələ bir çox şeyi etmək üçün cəsarət göstərməyə məcbur idim. Gözləmə salonunda oturmağım gələcəkdə görməli olduğum işlər üçün sadəcə ilkin sınaq idi. Şəhərdəki parklardan birində bir neçə saat gizlənmək əlbəttə daha az təhlükəli ola bilərdi, amma məndə meydana gələn dəyişikliyə görə təhlükənin düz üstünə getməkdən xoşlanırdım. Sadəcə içkinin də bir az təkan verdiyini deməyə məcburam. İçkidən tam olaraq uzaq qalmaq istəmirdim. Buna görə stansiyanı kafesindəki ofisianta soyutma yumurta ilə kolbasalı, pendirli səhər yeməyi, bir də konyak sifariş verdim. Bu ikinci naharımı da uzun-uzadı, iştahla yeyir, qəhvəmə

konyak qarışdırıb içirdim. Nahar müddətində şəhər qəzetlərində bütün xəbərləri, doğum, ölüm, evlənmə elanlarına qədər bir-bir oxudum. Qəzetlərdə mənim haqqımda ən kiçik bir xəbər belə yox idi.

Maqda “mənim səhhətimə görə narahat olduğu üçün”(!) qəzetə təqribən bu məzmunda bir itkin elanı vermiş ola bilərdi:

“İ ş adamı E. S.-dan uzun müddətdir xəbər alınmır, bəlkə də ruhi böhran keçirdiyindən bölgədə özünü bilmədən dolaşmaqdadar. Ondan bir xəbər gətirəcək olana. .” və s.

Amma heç bir qəzrtdə buna bənzər bir şey yox idi. Nahar edərkən çörəkçi Stretz düz on dəqiqə

məni narahat etdi. Elə yenicə qəzetdə çörəkçiliklə iyirmi beş ildir məşğul olması münasibətilə onun yubileyinin qeyd edildiyini oxumuşdum. Onunla uzun illərdir tanış idik. Onu bir zamanlar lazımlı buğda unu ilə bizim firma təmin etmişdi. Masamda oturub məni bu qədər zamandır görə bilmədiyinə

heyrətləndiyini bildirib, evimdə oturub nahar etmək varkən, nə üçün gəlib stansiyada yediyimi soruşdu. Amma bütün bunları deyərkən heç bir pis niyyətinin olmadığını sezdim. Qısaca səfərə çıxmaq üzrə olduğumu dedim. Deməli, içində olduğum ən yaxın ətrafda belə, dəyişmiş olan həyat tərzim barəsində hələlik heç bir söz-söhbət yox idi. Sonradan içəri daha uzaq tanışlar girdi. Onları başımla ya da əl hərəkətiyle səmimi şəkildə, qısaca salamladım. Saat doqquza yaxınlaşdıqda ofisiant mənə ikinci və nəhayət, üçüncü konyakı da gətirdi. Haqqımda nə düşünürsə düşünsün, onsuz da bir daha müştərisi olmayacaqdım.

Doqquza beş dəqiqə qalmış hesabı ödəyib qalxdım. Çamadanımı götürüb şəhərə doğru getdim, stansiya prospekti boyunca irəliləyib, heç çəkinmədən əsas prospekti keçib bankın olduğu bazar meydanına gəldim. Burada indi düşmən bölgəsindəydim. Düz bankın qarşısındakı bələdiyyə binasının birinci mərtəbəsində polis bölməsi vardı. Bəlkə də bugecəki hadisədən xəbərdar idilər. Bazar meydanından bir az irəlidə öz ofisim vardı. Bu taxıl çuvallarıyla yüklənmiş maşınlar bəlkə də oraya gedirdi. Olduqca həyəcanlıydım. Banka girməzdən əvvəl tərdən islanmış əllərimi dəsmalla quruladım.

Bankın kassa hissəsinə ötəri nəzər saldım. Elə indi açılmış olduğundan əllərində kağızlar olan bir neçə gənc məmurla qızlardan başqa kimsə yox idi. Çamadanı yerə qoyub şlyapamı asqıya taxaraq mənim hesabıma baxan mühasibin oturduğu kassanın önünə gyaxınlaşdım. Gülümsəyərək salamlaşıb qapının yanındakı çamadanımı göstərib uzun bir səfərdən yenicə döndüyümü və bankdakı hesabımın nə vəziyyətdə olduğunu öyrənmək istədiyimi dedim. Mən belə heç dilim dolaşmadan, asanlıqla danışarkən bir tərəfdən də diqqətlə onu izləyir, üzündə hər hansı bir inamsızlıq, şübhə əlaməti axtarırdım. Cavan oğlanın üzündə heç buna bənzər bir əlamət yox idi. Dərhal dəftəri açıb karandaşla bir andaca ədədləri toplayıb çox sakitcə bu anda hesabımın yeddi min səkkiz yüz mark olduğunu dedi.

Sevincimdən qışqırmamaq üçün özümü güclə saxladım. Bu qədər pulun ola biləcəyini xəyal belə

etməzdim. Bu işi Maqdanın necə bacardığı mənim üçün həll edilməz bir tapmacaydı.

Hər halda həbsxana üçün gətirmiş olduğum kəndir işindən gələcək pul banka ödənmiş olmalıydı, amma o pul çox az məbləğ idi, bu qədər olmazdı. Hər nədirsə, həyəcanıma üstün gəlib firma üçün kifayət qədər pul olduğunu düşündüm. Bir anlığa pulun hamısını birdən çəkib-çəkməmək məsələsinə

görə öz-özümlə çəkişdim. Sonra özümü saxladım.

Hər nə qədər Maqda mənimlə çox ədalətsiz

davransa da, mən həm Maqdaya, həm də firmaya qarşı xəyanət etmək istəmirdim. Üstəlik, pulun

hamısını birdən götürüb bankdakı hesabı bağlamaq şübhə oyandıra bilərdi.

Bütün bunlar başımdan ildırım sürətiylə keçmişdi. Dediklərim çox da əhəmiyyətli deyilmiş kimi, bu gün böyük məbləğdə ödəniş etməli olduğumu bildirib ondan qələmini verməsini xahiş etdim.

Kassanın qarşısında cibimdən çıxardığım çek dəftərinə beş min mark yazaraq uzatdım. Qorxu ilə yenə

onun üzünə baxdım, lakin bir an belə duruxmadan lazımlı əməliyyatları həyata keçirib çeki möhürləyərək özü kassaya apardı. Mən də kassaya yönəldim. Sonsuz bir sevinc içindəydim, zəfərimdən qürur duyurdum. Maqdaya edəcəyimi demişdim. Onun banka kiçik bir xəbərdarlıq etməyəcək qədər axmaq olduğunu gözləməmişdim. Deməli, bütün qorxu-hürküm boş yerə imiş.

Sevincimdən rəqs edib qışqırmaq istəyirdim. Qəhqəhə çəkməmək üçün özümü güclə saxladım.

–Pulu necə istəyərsiniz, cənab Sommer? – deyə kassir soruşdu.

–Böyük banknotlar olsun, – tələsik dedim. – Yəni əllilik və yüzlüklər halında. İki yüz markı da daha kiçik banknotlarla olsun.

İki dəqiqə sonra pulumu almış, diqqətlə düzəldərək iç cibimə yerləşdirmişdim. Çamadanımı götürüb zəfər qazanmış qürurlu bir döyüşçü kimi Bazar meydanına çıxdım. Bankın fırlanan qapısından keçərkən bu zəfərin qeyd olunmasının vacibliyi barədə düşünürdüm. Səhərin bu erkən saatına baxmayaraq Bazar meydanında kiçik bir meyxanaya gedib bir ya da iki şüşə “Burqonya” şərabı ilə

dəniz xərçəngi, istridyə ya da mövsümə uyğun şeylər yemək istəyirdim.

Qapıdan çölə çıxdım, düz qarşımda həyatımı gəmirən iyrənc Polakovski durub, yaltaq-yaltaq irişərək mənə baxırdı.


20

Əgər bu meydanda və hər kəsin ortasında olmasaydıq, o hərifi boğardım. Bir anlığa pis-pis üzünə

baxdım, sonra çamadanımdan daha möhkəm yapışaraq ona heç fikir vermədən stansiyaya gedən yola doğru getməyə başladım. Amma arxamca gəldiyini ayaq səslərindən anlamışdım. Bir azdan da o yaltaq, iyrənc səsiylə pıçıldamağa başladı:

–Verin çamadanınızı daşıyım, cənab! Xahiş edirəm, mən daşıyım!

Özümü onu eşitmirmiş kimi göstərərək daha sürətli getməyə başladım. Amma birdən-birə

çamadanın sapında, əlimin yanında onun əlini hiss etdim, hərif günün günorta vaxtı çamadanı çəkib əlimdən almışdı.

Hirslə dönüb qışqırdım:

–Dərhal çamadanı geri verin, Polakovski! – Boynunu əyərək gülümsədi.

–O qədər yüksək səslə danışmayın! – deyə pıçıldadı. – Hər kəs indi bizə baxır, sizin üçün çox pis olar, cənab. Mənim kimi kasıb bir işçinin nə vecinə, amma sizin üçün, cənab. .

Bu dəfə daha alçaq səslə:

–Dərhal çamadanı geri verəcəksiniz, Polakovski! – deyə təkrarladım. Çünki həqiqətən bizə

baxırdılar.

–Daha sonra, daha sonra, – məni sakitləşdirirmiş kimi dedi. – Sevə-sevə daşıyaram çamadanınızı, cənab, stansiyaya, elə deyilmi? – Daha mənim cavabımı gözləmədən, qabağa düşüb stansiyaya doğru getməyə başladı. Çarəsizlik içində önümdə yüngülcə əyilərək gedən, göy pencəkli, diqqətlə arxaya daranmış, qızılı saçlı kişini nifrətlə izləyirdim. Ürəyimdən əclafı öldürmək keçirdi, amma heç bir şey edə bilməzdim. Həm fiziki, həm də zehni cəhətdən məndən daha güclü idi. İlk önünə çıxacaq polisi çağırsa, məhv olardım; alçaq bunu çox yaxşı bilirdi.

Bayaq bir azca soyuqqanlı, bir azca da düşüncəli davranaraq, səs-küy çıxarmadan çamadanı ona vermiş olsaydım və yavaşca ara küçələrdən birinə girib gözdən itsəydim, bu əclafdan xilas olardım.

Çünki cibimdəki pul çamadanın itkisini unutduracaq qədər çox idi. Ancaq bunların heç birini düşünə

bilməyəcək qədər hirsliydim; qan beynimə sıçramış, özümü saxlaya bilməmişdim.

Stansiyanın önündəki meydana gəldikdə, Polakovski heç arxasına belə dönüb baxmadan, sol tərəfə, yaşıllığın arasındakı tualetlərə doğru yönəldi. Mənim it kimi arxasınca gələcəyimi bilirdi.

Tualetə girdikdə çamadanı yerə qoyub barmaqlarının sümüklərini iyrənc bir şəkildə xırçıldadaraq:

–Bəli, cənab, burada rahat-rahat danışa bilərik, – dedi.

Ətrafıma baxdım, tualetin bölmələrində axıdılan suyun səsi gəlirdi, həqiqətən də bu saatlarda bura çox adam gəlməzdi. Haqlı idi Polakovski, burada narahat edilmədən danışa bilərdik.

–Bəli, danışacağıq! – deyə qışqırdım, olduqca qəzəbliydim. – Öz-özünüzə nə oyun çıxarırsız, Polakovski? Nuyə dayanmadan casus kimi arxamca gəlirsiniz? Dünən gecəki yetmirmiş kimi indi də bu gün. .

–Casus kimi? – deyə mızıldandı. – Bu səhər sizin üçün aldığım şüşəni gətirdim!

Həqiqətən də şalvarının arxa cibindən bir şüşə buğda arağını çıxardı. – Bu səhər götürməyi unutdunuz. Amma mən namuslu bir insanam. Arvadıma dedim ki: “O, arağın pulunu ödəyib, özünə

verməliyəm şüşəsini! Yəni bu qədər mən namusluyam.


Şüşəni mənə uzadaraq:


-Buyurun, cənab, için! – dedi. – Tıxacını çıxardım, asanca aça bilərsiniz.


Hirslə qaşqabağımı tökdüm, amma o cəsarətini itirmir, şüşəni önümdə tutaraq dirəşirdi:

–Buyurun, için, – deyə yaltaqlandı, – bir az içmək sizə çox yaxşı təsir edir. İçki içmədiyiniz, ayıq olduğunuz zamanlar həmişə belə əsəbi olursunuz..

Öz əliylə tıxacı çıxararaq yaş ucunu şüşənin boynuna sürtürdü.

–Baxın, cənab, – gülərək dedi. – Araq sizi çağırır. . – Həqiqətən bu əclaf gədə məni bu cür yaltaqlığı,saxta sözləriylə yumşaltmağı bacarmışdı. Bu dəfə mən də gülərək şüşəni götürüb:

–Alçaq fırıldaqçısanın birisən! – deyərək doyunca içdim. Sonra şüşənin ağzını bağlayıb öz şalvarımın arxa cibinə qoyaraq soruşdum:

–Çox yaxşı, Polakovski, de görüm indi nə istəyirsən məndən? Haqqın olan şeylərin hamısını almadınmı?

–Bunlar barədə danışmağa dəyməz, cənab, – deyə Polakovski tələsik üyüdüb tökməyə başladı. -

Bu cür kiçik şeylərin üzərində dayanmayaq. Bilirəm, siz həqiqətən şərəfli, əliaçıq bir insansınız. Yazıq bir işçinin yoxluq içində məhv olub getməsinə ürəyiniz əl verməz..

–Bu nə deməkdir, Polakovski? Mənim hesabıma hətta qədərindən çox qazandınız. Qızıl üzüklərlə

saatı bir yadına sal. .

Dediklərimə fikir belə vermədən:

–Baxın, cənab, – deyə başladı. Barmaqlarını iyrənc şəkildə şaqqıldadırdı. – Mənim kimi bir insan, natəmizliklər içində doğulmuş bir heyvan heç bir zaman asanlıqla bu pislikdən xilas ola bilməz. Sizin kimi bu cür nəzakətli bir adam mənim nə halda yaşadığımı təsəvvürünə belə gətirə bilməz..

–Sənin haqqında bir çox şeyləri düşünə bilərəm, Polakovski, – dedim. – Həqiqətən də, bu bildiklərimin natəmizliklərlə çox yaxından əlaqəsi var.

Bu sözlərimə çox da fikir vermədi. Təsirli və özündən əmin bir səslə:

–Bax, belə bir heyvan onu ömrü boyunca bu natəmizlikdən qurtaracaq bir “iş” gördümü, artıq nə

gözləyər, nə də duruxar, deməli, “iş” görüləcək!

Üzümə baxıb təkrarlayarkən bu dəfə səsində o yumşaqlıq, yaltaqlanma yox idi:

–Bəli, cənab, bu “iş” görüləcək, bir ölüm-qalım savaşına belə gətirib çıxarsa, mütləq görüləcək!

Bu səsdəki çılğın təhdiddən bir anlığa titrəyib bərk qorxdum, amma sezdirmədən sakitcə

soruşdum:

–De görüm bu necə “iş”dir, Polakovski?

Ovcunu gözlərinin üstündə gəzdirərək sanki çox pis bir görünüşü silmək istəyirmiş kimi etdi.

Gülümsəməyə başladı, əvvəlki yaltaq, yumşaq rəftarıyla sözə başladı. Ehtiraslarına yenidən hakim olmuşdu.

–Necə bir iş olsun, cənab? – gülərək dedi.

Bir az da irişərək barmaqlarını şaqqıldatdı:

–Bankdan nə qədər pul çəkdiyinizi və nə qədərim mənə vermək istədiyinizi siz daha yaxşı bilərsiniz.

Bu həyasızlıq qarşısında donub qaldım. Gümüşlərə haqqının olduğunu deyəcəyini, onları yarı-yarıya bölüşməyi təklif edəcəyini gözləyirdim, amma bu çox qiymətli puldan da pay istəyəcəyi heç ağlıma gəlməmişdi.

–Siz lap axmaqsınız, Polakovski, – deyə güldüm. – Üstəlik, yəqin yaxşı diqqət yetirməmisiniz; mən bankdan bir qəpik belə çəkmədim. Arvadım bankdakı hesabımdan pul verilməməsini tapşırıb, artıq oradan pul çəkə bilmərəm, anlayırsınızmı?

Heç səsini çıxarmadan dinləyirdi. Əlimi pencəyimin yan cibinə atıb Maqdanın qutusundan götürdüyüm puldan qalanları çıxardım.

–Bir baxın, – dedim. – Bütün pulum bu qədərdi. – Pulu ona yaxın tuturdum. Qaranlıq, şübhəli baxışı üzümdən əlimdə tutduğum pula çevrildi.

–Bu nə qədərdir? – deyə tutulmuş səslə soruşdu. – Göstərin görüm!

Üz-üzə dayanmışdıq, çox yaxındıq bir-birimizə, gözləri pulda idi. Sonra birdən məni çox təəccübləndirən, ani bir hərəkətlə əlini iç cibimə ataraq pul topasını çəkib götürdü. Bir neçə kağız pul tualetin natəmiz, yaş döşəməsinin üstünə düşdü, ikimiz birdən eyni anda əyildik. Amma o məndən daha cəld idi. Səylərimin əbəs olduğunun fərqinə varınca əllərimlə boğazından yapışdım: Pulumu geri almadan qırtlağını buraxmamaq fikrim qəti idi. . Özünü müdafiə etmək istədi, amma pul ehtirası müdafiə olunmasına maneə törədirdi, əlindəki pulları heç cür buraxmaq istəmirdi. .

Dizini qarnıma dirədi. . Bir an sonra ikimiz də yerdə diyirlənirdik. Mən boynundan yapışmışdım, quruya çəkilən, qarmağa ilişmiş bir balıq kimiydim. . Sonra boşaldı, qırtlağından qorxunc bir xırıltı çıxdı. Boğazını buraxıb pulları tutan əlini açmağa çalışırdım. Elə həmin anda tualetə gələn poçt müdiri Vinderin bizi yerdə boğuşarkən görüncə haqqımda nə düşündüyünü bilmək istəyərdim. Biz belə dəli kimi boğuşarkən o sakitləşdirməyə çalışırdı:

–Aman, cənablar, xahiş edirəm, dalaşmayın! – deyə təəccüblənmiş halda zil səslə qışqırırdı. -

Burada, tualetdəsiniz! Cənablar, xahiş edirəm!

Bu əsnada yenidən nəfəs alan Polakovski bir həmlədə yerindən atılıb çamadanı qaparaq poçt müdirini bir kənara itələyərək tualetdən çölə qaçdı. Bütün bunlar göz açıb yumana qədər baş vermişdi.

Səndələyərək qalxdım, nə edəcəyimi bilməyəcək qədər çaşqın haldaydım. Gördüklərindən özünü itirmiş, qorxmuş poçt müdirinə arxamı çevirdim.

–Yanılmıramsa siz cənab Sommersiz? Çox təəccübləndim, cənab Sommer!

O iynələyici baxışlarını bir anlığa kürəyimdə hiss etdim, sonra kabinlərdən birinə girib qapısını bağladı. Artıq tək idim, tualetdən çölə çıxa bilərdim. Bütün ümidlərim qırılmış, çarəsiz və pul-parasız çölə çıxarkən birdən yerdə, bir kənarda mavi bir topa gözümə dəydi. Bulaşmış, qırışmış yüzlük dəstə.

On dənə yüzlük mark!


21

Hələ yenicə içində ən gözəl paltarları və bütün gümüşləri olan dəri çamadanını qapdırmış, yenicə

beş min markının dörd min markını qapdırmış bir insanın ikinci dərəcəli kupedə iyirmi beş dəqiqə

sonra doğulub-böyüdüyü şəhərdən ayrılarkən hələ də necə özünü xoşbəxt bir adam kimi görə

biləcəyini kim düşünə bilər ki! Həqiqətən, öz-özümə bu səfil Polakovskinin əlindən yenə də yaxşı qurtulduğumu düşünür, bu fəlakətdən sonra hələ də cibimdə min markın olduğunu düşündükcə

Tanrıya necə təşəkkür edəcəyimi bilmirdim.

Mənə bu xoşbəxtlik hissini verənin Polakovski ilə boğuşmağımız əsnasında necə olubsa şalvarımın arxa cibində qırılmadan qalmış olan araq şüşəsi olduğunu da deməliyəm. Hələ yenicə şüşədən böyük bir qurtum almışdım və bu qurtum indiki vəziyyətim haqqında bu cür optimist bir fikrə gətirmişdi.

Qatarda rahatca oturub, pəncərəmin önündən axıb keçən yaşıl mənzərəni, otlayan inəkləri, meşələri seyr edərkən heç bir şeyi özümə dərd eləmirdim. Bu anda yaşaya bilməyim (və içə bilməyim) üçün kifayət qədər pulum vardı; sonrasına Allah kərim idi. Əlbəttə gələcəkdə yaşamaq üçün bir yol tapacaqdım. Bugünkü macəranı öhdəsindən gəlmiş olduğum bir müvəffəqiyyət kimi qəbul edirdim.

Gözləmə salonunda oturub nahar etməyim, bankdan istədiyim qədər pul çəkməyim mənim üçün böyük qələbələrdi. Polakovskiyə məğlub olmağımı isə qaçılmaz bir hadisə kimi görür, bu müvəffəqiyyətsizliyə

çiynimi çəkirdim.

Günortaya yaxın nəzərdə tutduğum yerə gəldim (buranı seçməyimin səbəbi əvvəl olduğu kimi məni axtarmağa çıxa biləcək şəxsləri çaşdırmaq idi). Kiçik, çox az tanınan, amma çox gözəl, baxımlı, istirahət yeri idi. Bir göl sahilindəki gözəl bir oteldə özümü günə verərək dərəotu souslu və salatlı suda bişirilmiş gözəl bir ilan balığı ilə bir şüşə “Burqonya” şərabı içdim. İşdən əlini çəkmiş, haradan gəldiyi bilinməyən bir gəlirlə dolanan subay bir adam kimi necə rahat bir həyat sürdüyümün fərqinə vararaq özümü xoşbəxt hiss elədim. Yeməkdən sonra şəhərdə gəzib özümə bir çanta, rəngarəng iki ipək pijama, şəxsi gigiyena üçün ən yaxşısından olan əşyalar, çox gözəl ətirli bir sabun və ətrini sınamaq üçün üzərimə sıxdırdığım ağır bir fransız ətri aldım. Bu arada gənc satıcı qızlarla zarafatlaşmalarımdan necə

görüb-götürmüş, sevilən bir kişi olduğum, indiyə qədər qadınlarla münasibət məsələsində

dəyərləndirilməmiş qabiliyyətlərimin olduğu, bu qızların mənə göstərdikləri maraq və inamdan məlum olurdu. Buna görə dərhal ilk işim ağız qoxularını aradan qaldıran təravətləndirici həblər almaq oldu.

Sonra şəhər meydanına gedib ən yaxşı otelin altındakı içki dükanına girdim. Bir neçə şüşə buğda arağı istəyirdim. Dükanın sahibi ilə tanış olmağım çox yaxşı oldu. Dolubədənli, ağsaçlı bir kişi idi. Aydındır ki, üzündəki qırmızımtıl rəngi rahatlıqla başına çəkdiyi “Burqonya”lara borclu idi. Mən sadə qarğıdalı ətirli içkidən istədikdə gülümsəyərək, kəhrəba kimi sarı Saksoniya arağını məsləhət bildi. Sonra da

qışın dondurucu soyuğunda odunçuların meşədə içdikləri çox yüksək keyfiyyətli Qara Meşələr bölgəsinin ərik konyakına diqqətimi çəkərək, dadına baxmağım üçün kiçik bir qədəhə süzüb verdi. Bu ilk dəfə içdiyim içki o qədər xoşuma gəldi ki, dərhal ardınca bir neçə qədəh də içdim. Tamamilə mənə

görə idi, indiyə qədərki primitiv içkilərdən sonra yandırıcı, sərt, amma eyni zamanda meyvənin dadı gələn gözəl bir içki idi. Dərhal bir şüşə Saksoniya konyakından, beş şüşə də ərik konyakından aldım.

Əlimdə böyük bir bağlama çıxıb başqa bir dükandan da yaxşı bir tıxacaçan alaraq, hazır vəziyyətdə

yenidən stansiyaya doğru yoluma davam etdim. Artıq sevincimə, kefimə söz ola bilməzdi.

Yenə bu səhər gəldiyim yolla qatarla geriyə, yaşadığım şəhərə doğru gedirdim. Amma bu dəfə bir stansiya əvvəl düşüb gecə yarım saatlıq piyada yoldan sonra spirtli içkilər kraliçası Elinorun işlədiyi kənd meyxanasına gəldim. Elinorun otağındakı o uğursuz gecə, həkimlərin gözü qarşısında baş verən utancverici hadisə, eyş-işrət dəstəsinin məni təkbaşıma buraxması, o çox çirkin ayaqqabı hadisəsi, hər şey, hər şey unudulmuşdu!

İçkinin yaddaşı yoxdur, adama çox şeyi unutdurur. İnsanı hirsləndirər, amma hirsləndikdən sonra bir söz, bir qədəh bütün qəzəbimi yuyub aparır. Maqda və Polakovskidan sonra indi sığınacağım insanın Elinor olacağını bilirdim. Onun yanında qalmaq ya da onunla başqa yerlərə getmək istəyirdim.

İçimdəki həyat işartısı, yeganə ümid qığılcımı bu idi və bu mənə bu anda yetərli görünürdü.


22

Çox gecikmişdim. Meyxananın pəncərələrinin dəmir jalüzləri salınmışdı, bir zərrə belə işıq çölə

sızmırdı. Qapının toxmağından yapışdım, kilidli idi. Bir anlığa dayanıb düşündüm, sonra yavaşca evin arxasını dolanıb meyvə bağçasından Elinorun pəncərəsinə baxdım. Onun otağı da qaranlıq idi, amma bunun əhəmiyyəti yox idi. Vaxtım çox idi. Qaranlıqda da dil tapa bilərdik. Üstəlik, belə daha yaxşı olardı.

Əvvəlcə çəmənliyin üstündə oturub bağlamanı açmağa başladım. İçkilərim çox yaxşı, çox möhkəm bağlanılmışdı, heç cür içindəkiləri üzə çıxara bilmirdim. Elə susamışdım ki! Nə vaxtdır bir damla içki içməmişdim, bu mənim üçün böyük bir uğur idi. Artıq buna layiq idim! Budur, odunçuların içdikləri gözəl ərik konyakı. Bol-bol içərək özümü yaxşıca gücləndirdikdən sonra mal-mülkümü çıxarıb damın kənarına yerləşdirməyə başladım. Əvvəlcə çantamı qoydum; sonra növbəylə əvvəlcə Saksoniya buğda arağını, daha sonra da dörd şüşə heç açılmamış, bir şüşə də açılmış Qara Meşələr ərik konyaklarını düzdüm. Hamısını da böyük bir ehtiyatla yan-yana qoymuşdum. İndi dama çıxmağa hazır idim.

Əvvəlcə əllərimlə damın kənarından yapışıb özümü yuxarı çəkməyə çalışdım. Amma gimnastik bacarıqsızlığımı və arağın təsirini unutmuşdum. Bir müddət havada yelləndim, sonra əllərim açıldı və

çox pis şəkildə çəmənliyin üstünə diyirləndim. Düşdüyüm yerdə bir müddət inləyərək sərələnib qaldım. Yerə yıxılmağım mənə heç yaxşı təsir etməmişdi. Amma sərxoşlarda rast gəlinən tərsliyimdən baş tutmayacağını bilə-bilə ümidsiz də olsa yenidən cəhd etdim. Ancaq hər cəhddən əvvəl şüşəni başıma çəkib özümü “gücləndirir” və hər dəfə də yerə diyirlənirdim. Nəhayət, bu şəkildə hədəfimə çata bilməyəcəyimi başa düşdüm. Üstəlik, mən özüm belə olduqca sərxoş olduğumu hiss edirdim.

“Çox sərxoşsan, bulud kimisən. .” – deyə öz-özümə mızıldandım. Təngnəfəs olmuşdum. Kürəyimi bir ağaca söykədim. Sonra meyxananın qarşısında dəmir masalar və stullar olduğunu güclə xatırladım.

Böyük çətinliklə o stullardan birini damın önünə qədər sürüyə-sürüyə gətirdim. Böyük bir ehtiyatla stulun üstünə dırmaşaraq, dama çıxmağa çalışdım, amma yenə yerə diyirləndim, içəri girə bilmək üçün yenidən cəhd göstərməzdən əvvəl uzun müddət ara verməyə məcbur oldum. Çünki birincisi, bu dəfə

çox pis bir şəkildə yıxılmışdım, özümə gəlmək üçün bir müddət yıxıldığım yerdəcə uzanılı halda

qaldım, ikincisi, yeni bir şüşəni açmaq üçün tıxacaçanı tapa bilmirdim. Onu da mütləq damın kənarına qoymuş olmalıydım, amma necə olmuşdusa yoxa çıxmışdı. İməkləyərək yerdə, çəmənliyin içində

axtarırdım. Yox idi, heç yerdə yox idi, tapa bilmirdim. Axırda cib bıçağımla da indiyə qədər bu işi çox məharətlə görmüş olduğumu xatırladım. Bu dəfə ciblərimdə bıçaq axtarışına başladım. . Bıçağı tapa bilmədim, amma cibimdən daha əvvəl damın kənarına qoymuş olduğum tıxacaçan çıxdı. Yenidən içdikdən sonra anladım ki, bu əyri damdan Elinorun pəncərəsinə qətiyyən girə bilməyəcəm.

Yenidən ön tərəfə gedib meyxananın qapısını açmağa çalışdım. Hələ də bağlı idi! Cibimdən açarlarımı çıxarıb bir-bir meyxananın qapısını açmağa cəhd elədim. Hamısı da bu böyük, kobud kilidə

kiçik gəlirdi. Amma sarsaq bir inadla dayanmadan məşğul olur, qapının möcüzəylə asanlıqla qəfildən açılacağını gözləyirdim. Sərxoş başımla bütün bu məşğuliyyətim əsnasında yuxarıda yatanların səs-küydən oyana biləcəklərini də unutmuşdum. Nəhayət, qapının üstündəki pəncərələrdən biri açıldı və

çox hirsli bir qadın səsi eşidildi:

–Kim var orada?

Cinayət başında tutulmuş bir oğru kimi heç tərpənmədən büzüşüb səssizcə dayanmışdım.

–Dərhal çıxıb gedin buradan! – deyə qadın qışqırdı. – Orada dayandığınızı görürəm! Bu saatda artıq içki vermirik, meyxana çoxdan bağlanıb!

Sonra pəncərə gurultuyla bağlandı. Hələ də qapının önündə dayanırdım. Bir müddət heç tərpənmədən orada dayandım. Sonra barmaqlarımın ucuna basaraq yavaşca arxa tərəfdəki bağçaya gedib damın üstündəki mallarımı meyxananın önündəki dəmir masalardan birinin üstünə daşıdım.

Mallarımı çox böyük bir ehtiyatla yerləşdirirdim (bu işləri görərkən də əlbəttə, aradabir içməyi də

unutmurdum). Mənim bu işləri tamamlamağım çox uzun çəkmiş və bu vaxt bir az əvvəlki hadisəni unudaraq yenidən açarlarla meyxananın qapısını güclə açmağa başlamışdım, işə başlamağımın üstündən çox az vaxt keçmişdi ki, pəncərə böyük bir səs-küylə açılaraq, indi artıq əməlli-başlı hirslənən qadının səsi eşidildi:

–Eeh, amma siz də artıq məni təngə gətirdiniz! Dərhal çıxıb gedəcəksinizmi, yoxsa polismi çağırım?

“Polis” sözü məni bir az özümə gətirirmiş kimi oldu.

–Çox xahiş edirəm, qapını aça bilərsinizmi? – deyə yuxarıya baxıb səsləndim, çarəsizlik içindəydim. – Mən professor..

Haradan ağlıma gəlmişdi bu professor sözü, heç xatırlamıram. Birdən ağlıma gəlmişdi.

–Professormu? – deyə qadın soruşdu, səsindən çox təəccübləndiyi bəlli idi. – Hansı professor?

Keçən yay bura gəlib rəsm əsəri çəkənmi?

–Hə, bax o! – dedim. Sanki həqiqətən bir sıra rəsm əsərləri çəkən, gecəyarısı açarlarıyla qapını açmaq istəyən professorammış kimi səsim çox normal, inandırıcı çıxmışdı. – Açın qapını, xahiş edirəm!

İki saatdır burada dururam.

–Kaş ki əvvəlcədən gələcəyinizi kartla bildirəydiniz, professor! – qadın yuxarıdan səsləndi.

Səsində bir elə səmimilik sezilmirdi, amma bir az yumşalmışdı. – Gözləyin bir dəqiqə, dərhal gəlirəm!

Rahatlanmışdım. Bir dəmir stulun üstündə oturdum, tələsik bir neçə qurtum da içib gözlərimi yumdum. Çox yorğundum, az qala hər yanım üyüşmüşdü. Lakin bu rahatlığın, səssizliyin arxasında təhlükəli şeylərin gizləndiyini sezirdim. Qəzəbim hər an partlaya biləcək, ramedilməz vəhşi heyvan kimi idi. Ən kiçik bir şey partlamasına yol aça bilərdi. Bu ərik konyakı daha təhlükəli bir içki idi. Buğda arağı ona nisbətən daha yüngül idi. Ərik konyakı qana daha qəribə şəkildə sızır və insanı naməlum sonsuz dərinliklərə aparırdı.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации