Текст книги "Əyyaş"
Автор книги: Ханс Фаллада
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Bu vaxt Maqda ilə bir neçə söz danışmağın yaxşı olacağını heç düşünmürdüm də. Onun yerinə
başqa bir problem birdən mənə böyük dərd olmuşdu. Şərab şüşəsi hərçənd ağzı bağlanılmış halda şkafda dururdu, amma Maqdanın ev işlərindəkı vasvasılığı ucbatından qısa zamanda boşalmış olduğu ortaya çıxacaqdı. Belə buraxa bilməzdim, vaxtında tədbir görməyə məcbur idim. Halbuki, bu iş
inanılmaz dərəcədə çətin idi. Ən yaxşı həll yolu elə bu gün günortadan sonra yeni bir şüşə şərab almaq, yarısını boşaldıb digər şüşənin yerinə qoymaq idi. Amma bunu nə vaxt edəcəkdim, axşama qədər işdə
olmağa məcbur olduğuma görə necə bufetə gedib götürəcəkdim? Axşamı Maqda ilə birgə keçirəcək, o əl işi ilə məşğul olacaq, mən qəzetlərimi oxuyacaqdım, nə zaman? Bəs boş şüşə, onu nə edəcəkdim?
Üstəlik, eyni markadan şərabı tapa biləcəkdimmi? Görəsən, Maqda şərabın etiketinin formasını xatırlaya biləcəkdimi? Ən yaxşısı, gecəyarısı yavaşca yataqdan qalxmaq, köhnə şüşənin etiketini diqqətlə çıxarıb dolusuna yapışdırmaq idi. Amma birdən həmin vaxt Maqda məni görsə necə olacaq!
Görəsən, evdə yapışqan var idimi? Çantamın içində ofisdən yapışqan gətirməyim lazım gələcəkdi.
Düşündükcə vəziyyət daha da mürəkkəbləşirdi, əslində indidən fikrimdə həlli tapılmayan bir problemə dönmüşdü. Şüşəni axıra qədər içmək çox asan olmuşdu, amma əvvəlki vəziyyətinə
gətirməyin nə qədər çətin olacağını əvvəlcədən düşünməliydim. Şüşəni qırsam, bir şey axtararkən əlimin dəydiyini desəm necə olar? Bu dəfə də yerə töküləcək şərab artıq içində yoxdu. Yoxsa cəsarət edib şüşənin yarısını su ilə doldurub əsl şərabla doldurmağı sabaha saxlasam yaxşıdı?
Fikrim getdikcə dolaşırdı, təkcə yeməyi deyil, Maqdanı da tamamilə unutmuşdum. Buna görə
həqiqətən kədərli bir səslə soruşduğu zaman yerimdən sıçramışdım:
–Nə olub, Ervin? Xəstəsənmi? Qızdırman varmı? Üzün elə qırmızıdır ki!
Bunu fürsət bilərək xəstəlik məsələsindən ikiəlli yapışdım:
–Hə, yəqin bir az xəstəyəm, yaxşı deyiləm. Bir az uzansam yaxşı olacaq. Elə bil qan başıma hücum edir..
–Bəli, Ervin, dərhal yatağa girib yatsan yəqin daha yerində olacaq. Həkim Mansfeldi çağırımmı?
–Yox, canım, sən də! – deyə qışqırdım. – On beş dəqiqə uzanacağam divana, vəssəlam. Sonra işə
getməliyəm.
Sanki ağır bir xəstəyəmmiş kimi məni divana qədər apardı, uzanmağıma kömək etdi, üzərimə bir ədyal örtdü.
–İşdə nəyəsə qanın qaraldı? – deyə ürkək halda soruşdu. – De görüm, Ervin, nədir ürəyini sıxan?
Elə dəyişdin ki!
–Yox, işdə bir şey olmayıb, – birdən hirslənib dedim. – Nə istədiyini bilmirəm. Bir az başım hərləndi ya da qan təzyiqim qalxdısa, hökmən işləmi əlaqədar olmalıdı! İşlər çox yaxşıdı, əladı!
Yavaşca içini çəkdi.
–Elə isə şirin yuxular, Ervin! – dedi. – Oyandırımmı sonra səni?
–Xeyr, xeyr, lazım deyil, mən özüm oyanaram, iyirmi dəqiqə sonra. .
Axır ki, tək qala bildim; başımı arxaya söykədim, spirtli içki artıq heç bir maneə ilə qarşılaşmadan bir dalğa halında sərbəstcə bütün bədənimi gəzir, yumşaq bir örtü kimi bütün dərdlərimi, kədərlərimi örtürdü. Hətta elə indicə Maqdaya heç lazım olmadığı halda işlərimin “çox yaxşı” getdiyini deyərək onu aldatdığım hissini belə bu dalğa götürüb apardı. Yatırdımmı. . Yatdımmı? Xeyr, sönmüşdüm. Artıq heç. .
5
Hava qaralmağa başlayarkən oyanıram. Qorxuyla saata nəzər salıram; axşam səkkizin yarısıdı.
Evi dinşəyirəm, səs-səmir gəlmir. Əvvəlcə yavaşca, sonra səsimi yüksəldərək səslənirəm:
–Maqda! – Maqda gəlmir. Çətinliklə ayağa qalxıram. Hər yanım ağrıyır, başım dumanlıdı, ağzımın içi qupqurudu və pas dadı verir. Yandakı yemək otağına ötəri nəzər salıram, axşam yeməyi üçün süfrə
açılmayıb, halbuki həmişə bu saatda yeyirik. Nə olub? Mən yatarkən nə baş verib? Maqda hardadı?
Bir az düşündükdən sonra sağdan-soldan yapışaraq mətbəxə doğru gedirəm, çox çətinliklə
hərəkət edirəm, sanki bu gecə oynaqlarım tutulmuş, əzilmiş, oynaq yerlərindən tərpənmir.
Mətbəxi də boş və yarıqaranlıq halda tapacağımı zənn edirdim, halbuki içəridə işıq var və Else mətbəx masasında nə isə ütüləyir. Mən içəri girəndə başını qaldırıb qorxulu gözlərlə üzümə baxır, mən olduğumu anladıqdan sonra da üzündəki qorxulu ifadə çox da dəyişmir. Düşünürəm ki, dağınıq bir görünüşüm olmalıdı. Birdən bütün bədənimin qat-qat çirk içində olduğu hissinə qapılıram. Əvvəlcə duş
qəbul etməliydim, əvvəllər heç belə gəzməzdim.
–Arvadım hanı, Else? – deyə soruşuram. Else qısa, ürkək baxışlarla:
–Xanım şəhərə getdi, – deyir.
–Amma indi yemək vaxtıdı, Else! – qınayırmış kimi deyirəm, halbuki yemək üçün içimdə ən kiçik bir istək yoxdu.
Else çiyinlərini qaldırır, sonra yenə ötəri baxışla:
–Ofisdən zəng etdilər, yəqin xanım oraya getdi. . – deyir.
Çətinliklə udqunuram, ağzım necə də qupqurudu.
–Ofisəmi getdi? – deyə mızıldanıram. – Ay Allah! Nə işi var arvadımın orada, Else?
Çiyinlərini qaldırır:
–Doğrudan bilmirəm, cənab Sommer, – deyir, – xanım mənə bir söz demədi. – Sonra yenə nə isə
xatırlayır, sözünə davam edir:
–Saat üçdən bir az keçmiş zəng etdilər, o zamandan bəri xanım evdə yoxdu.
Demək, dörd saatdan çoxdur ki, arvadım oradadı, məhv oldum. Səbəbini bilmirəm, amma məhv oldum!. Dizlərim boşalır, səndələyərək bir neçə addım atır və bütün ağırlığımla mətbəxdəki bir stula çökürəm. Başımı masaya söykəyərək:
–Bitdi artıq, hər şey bitdi, Else, – deyə inləyirəm, – məhv oldum, Else!.
Elsenin səs-küylə ütünü bir şeyin üstünə qoyub mənə doğru gəldiyini eşidirəm, əlini çiynimə
qoyur.
–Nədir, cənab Sommer? – deyə soruşur, – yaxşı deyilsinizmi?
Başımı qolumun üstündən qaldırıb baxmırdım. Bu gənc varlıq qarşısında ağlamaqdan utanıram, gözlərimdən fışqıran yaşlardan. . Bitdi artıq, hər şey bitdi, hər şeyimi itirdim, firma, evliliyimiz, Maqda. .
Kaş ki, bu gün o qırmızı şərabı içməyəydim. Onun ucbatından oldu bütün bunlar. Şərabı içməsəydim Maqda ofisə getməyəcəkdi (bu vaxt tələsik bir fikir ağlıma gəlir: Bu boş şüşə işini də bir yoluna qoymalıyam!) Else yüngülcə çiyinlərimdən tutur.
–Cənab Sommer, – deyir, – bu halda çıxmayın çölə! Bir neçə dəqiqə uzanın, mən sizə dərhal axşam yeməyinizi hazırlayaram.
Başımı yelləyirəm.
–Yemək istəmirəm, Else! – deyirəm. – Arvadım indiyə qədər dönmüş olmalı idi, bu saatda. .
–Ya da, – Else deyir, – mətbəxdə, mənim yanımda nə isə yemək istəyirsinizmi, cənab Sommer? -
Özü də dediklərindən bir az narahatdı: – Arvadınız evdə olmadığına görə…
Bu eşidilməmiş təklifin başdançıxarıcı cəhəti var. Burada, mətbəxdə, Elsenin yanında yemək! Bu işə Maqda nə deyərdi? Başımı qaldırıb ilk dəfə diqqətlə üzünə baxıram. Heç onu belə görməmişdim; Else mənim üçün evin arxa hissələrində arvadımın bir kölgəsi olmaqdan kənara çıxmamışdı. İndi Elsenin on yeddi yaşında, qara saçlı, möhkəm bədənli, həqiqətən gözəl bir qız olduğunu görürəm. Açıq rəngli köynəyinin altında dolğun döşləri var və bu döşlərin necə də təzə olduğu düşüncəsi isti bir dalğa olub gövdəmə yayılır.
Sonra özümü yığışdırıram, qeyri-mümkündü, bütün bunlar qeyri-mümkündü! Özümü Elseyə
qapdırmaq, mümkün olacaq şey deyil!
–Xeyr, Else, – deyərək ayağa qalxıram, – çox təmizqəlblisən, məni bir az olsun ovutmaq istəyirsən, amma mənim də ofisə getməyim yaxşı olacaq. Əgər arvadımla qarşılaşa bilməsək, mənim də oraya getdiyimi de, zəhmət olmasa.
Getmək üçün qapıya yönəlirəm, birdən mətbəxdən, bu sevimli qızdan ayrılmaq çətin gəlir. Sonra bir anlığa qapıda dayanıb ona baxıram. Üzünün nə qədər solğun və ağ olduğunu görürəm; bu ağlıqla qara qaşlarının necə də gözəl uyğunlaşdığı diqqətimi çəkir.
–Bir çox çətinliklərim var, Else, – deyirəm, – mənə kömək edə biləcək kimsəm də yoxdu. – Xüsusu vurğulayıb təkrarlayıram: – Heç kim, Else, anlayırsanmı məni?
–Bəli, cənab Sommer, – deyə yavaşca cavab verir.
–Mənə qarşı bu qədər yaxşı davrandığın üçün təşəkkür edirəm, Else, – deyirəm. Ancaq vanna otağında özümə səliqə-sahman verərkən Maqdanı aldatdığımı düşünürəm. Ona xəyanət etdim, yalan danışdım, aldatdım onu. Amma tezcə də çiynimi çəkirəm: Belə yaxşıdı! Daha aşağılara, dərinliklərə; daha sürətli! Artıq dayanmaq yoxdu!
6
Ofisə gedərkən Maqdayla qarşılaşmamağa çox diqqət yetirirdim. Firmanın olduğu binayla üzbəüz səkidə, bir evin girişinin kölgəsinə sığınaraq, aşağı mərtəbədəki ofisimin şüşələrini müşahidə etməyə
başladım. Müdir otağının iki pəncərəsindən işıq gəlirdi. Buzlu şüşələrə iki nəfərin, Maqda ilə
mühasibim Hinzpeterin kölgələri düşürdü. “Balansı, yekun nəticəni ortaya çıxarırlar”, – deyə qorxaraq düşündüm. Amma firma rəhbərliyinin indi Maqdanın bacarıqlı əllərində olmasından yaranmış rahatlıq hissi bu qorxu ilə qarışmışdı. Pis xəbərləri öyrənər-öyrənməz gəlib vəziyyətə açıqlıq qazandırmaq üçün dərhal balans çıxarmaq tamamilə ona uyğun bir davranış idi.
Ah çəkərək oradan ayrıldım. Şəhərin içindən keçib getməyə başladım. Evə doğru getmirdim.
Ofisdə nə edəcəkdim? Evdə nə edəcəkdim? Mənə yönəldiləcək günahlandırmalar qarşısında özümü haqlı çıxarmaq üçün olmayan səbəblərmi axtaracaqdım? Buraxmışdım hamısını. Hava getdikcə qaralır və mən artıq əlimdə heç bir bəhanənin qalmadığını böyük bir ağrıyla görərək şəhərdən uzaqlaşırdım.
Həyatdakı yerimi və həyatın mənasını itirmişdim. Yenisini axtarmaq ya da itiriləni yenidən əldə etmək üçün dirəşəcək gücü özümdə tapa bilmirdim. Başqa nə edə bilərdim? Hələ də nə üçün yaşayırdım?
Budur, gedirdim, idarədən, arvadımdan, doğulub-böyüdüyüm şəhərdən uzaqlaşır, hər şeyi arxamda buraxırdım; amma bir gün yenə dönməliydim, elə deyilmi? Maqdanın qarşısına çıxıb günahlandırmalarını dinləməliydim, haqlı olaraq məni yalançılıqla günahlandırmalı, danlamalı idi və
mən qaçdığımı, alçaqcasına, qorxaqcasına qaçdığımı etiraf etməliydim!
Bunları düşünmək çox qorxunc idi. O zaman düşüncələrlə oynamağa başladım: Bir daha heç evə
dönməmək, uzaqlara, çox uzaqlara getmək; heç bir xəbər, heç bir iz buraxmadan, son dəfə qışqırmadan hər hansı bir qaranlıqda, silinib yox olunacaq bir qaranlıqda itib-batmaq. . Bütün bunları böyük bir həssaslıqla təsəvvür edərkən bir tərəfdən də özümü aldatdığımı, kimsənin dəstəyi olmadan, yurdumdan, ocağımdan uzaqda yaşayacaq cəsarətin məndə olmadığını bilirdim. Alışmış olduğum yumşaq yatağımdan, evimin nizamından, heç dəyişməyən yemək zamanlarından əl çəkə
bilməyəcəkdim! Qorxularıma rəğmən elə bu gecə evə, Maqdaya dönəcək, alışdığım yataqda yatacaqdım. Çöldəki, qaranlıqdakı həyat mənə görə deyildi, çöldə yaşamaq və kim bilir hansı dəlikdə
ölüb getmək! “Amma” deyirdim, sonra yenə addımlarımı sürətləndirirdim, amma mənə nə olur belə?
Əvvəllər olduqca işləyib-çalışmağı sevərdim. Hərçənd bir az zəif bir insandım; amma bunu elə yaxşı gizlədə bilmişdim ki, indiyədək Maqda belə sezməmişdi. Yaxşı, bir ildir getdikcə artan, beynimi keyidən bu zəiflik haradan gəlir? Mənim kimi olduqca yaxşı bir insan necə olur ki, indi arvadını aldada bilir, xidmətçi qızın sinəsinə şəhvətlə baxır? Bu, içkidən ola bilməz, çünki arağı ilk dəfə bu gün içdim, halbuki bu zəifliyi uzun müddətdir hiss edirəm. Yaxşı, elə isə nədir?
Qırx yaşımı aşmış olduğumu düşündüm. Bir zamanlar kişilərin dəyişmə illərindən söz açıldığını eşitmişdim. Amma tanıdığım qırx yaşını aşmış kişilərdən heç biri mənim kimi dəyişməmişdi. Bir də
sevgidən məhrum halda yaşamağımı düşündüm. Kimsəyə sezdirmədən, gizli-gizli həm sayılmaq, həm də sevilmək istəmiş, hər ikisini də istər Maqda, istərsə də içində yaşadığım dairədə böyük ölçüdə
tapmışdım. İndi isə bunları yavaş-yavaş itirməkdəydim. Bunun necə baş verdiyini, getdikcə necə
inkişaf etdiyini mən də bilmirdim. Mən pisləşdiyim üçünmü bu sevgi və hörməti itirdim, yoxsa bunların itirilməsi ilə köhnə dayaqlarımın çökməsi səbəbiyləmi pis bir insan halına gəldim? Bütün bu suallara cavab tapa bilmirdim; öz haqqımda düşünməyə vərdiş etməmişdim. Oraya, insanı yeyib-bitirən sualların olmadığı yerə tezliklə çatmaq üçün daha da sürətlə gedirdim. Budur, nəhayət hədəfimə
çatmış, həbsxana baş nəzarətçisiylə danışdığım gün tapdığım bu kənd meyxanasına çatmışdım.
Şüşədən içəri baxaraq o gün açıqdan-açığa baxışlarıyla kişiliyimi ölçərək az hesab edən o solğun gözlü qızı axtardım. Kiçik, yanan tək lampanın solğun işığı altında oturub nə isə tikirdi. Uzun müddət qıza baxdım; heç cür qərar verə bilmir, öz-özümdən niyə bu qızı axtardığımı soruşur, ağrılı, şəhvət dolu bir alçaldılma hissi içində cavab tapa bilmirdim.
Amma artıq bütün bu suallardan bezmiş, yorulmuşdum. Az qala qaça-qaça çıxdığım meyxananın bir neçə mərmər pilləsini geridə qoyub, qaranlıq girişdə qapının toxmağını əlhavasına tapıb dərhal içəri girdim. Canlı, şən bir səslə:
–Bax budur, yenə gəldim, gözəlim! – deyərək özümü qızın yanındakı bir həsir kresloya atdım. Bu anda etdiklərim normal vaxtlarımdakı davranışlarıma elə yad, əvvəlki ölçülü-biçili rəftarıma elə zidd idi ki, mən belə bu halıma çaşıb qaldım. Öhdəsindən gəlib-gəlməyəcəyi bilinməyən çətin bir rolu üzərinə götürmüş, amma oyunu axıra qədər müvəffəqiyyətlə icra edən bir aktyor qorxulu, narahat bir həyəcanla necə seyr edilirsə, mən də elə bir çaşqınlıqla etdiklərimə baxırdım.
Qız tikişdən başını qaldırıb, bir anlığa açıq rəngli gözlərini mənə dikdi, sonra:
–Ah, sizsinizmi! – dedi. Bu iki sözün altında yenə şəxsiyyətim haqqındakı mühakimə yatırdı.
–Mənəm də, həyatım! – dedim, əslində mənə çox yad olan bir hazırcavablıqla özündənrazı bir haldaydım. – Və sizin bu gözəl “Stange”lərinizdən bir, üç ya da beş qədəh içməyə gəldim, istəsəniz siz də mənimlə için.
–Mən araq içmirəm, – qız soyuq tərzdə müqavimət göstərərək dedi. Qalxıb bara getdi, kiçik bir stəkan və bir şüşə götürərək masaya yaxınlaşıb içkini qoydu. Sonra əvvəlki yerində oturdu, şüşəni də
yanına, yerə qoydu.
–Üstəlik, 25 dəqiqədən sonra bağlayırıq, – deyib tikişinə davam etdi.
–Mən də tez içərəm, – deyərək stəkanı götürüb axıra qədər içdim. – Araq içmirsinizsə, – deyə
davam etdim, – sizin üçün bir şüşə şərab ya da şampan şərabı sifariş vermək istəyərdim, əlbəttə, əgər burada belə şeylər tapılırsa. Mənim üçün bunu ödəmək çətin deyil.
Bu vaxt stəkanımı yenidən doldurmuşdu; onu da birnəfəsə bitirdim. Bütün başıma gələnləri unutmuş, içində olduğum bu anı yaşayırdım. Özünü çəkən, amma yenə də bu məsələdə çox təcrübəli olduğu aydın olan bu qız mənə açıqdan-açığa həqarətlə baxırdı.
–Şampan şərabı var, – dedi, – üstəlik, çox sevirəm, amma bunu ağlınızdan çıxarmayın, nə sərxoş
olaram, nə də bir şüşə içki sifariş verdiyiniz üçün sizinlə yatağa girərəm.
Bunları deyərkən heç utanmadan, dümdüz üzümə baxırdı, rolumu davam etdirməyə məcbur idim:
–Elə bir şeyi düşünən yoxdur, quzum, gətirin şərabınızı. Mənim yanımda heç narahat olmadan içə bilərsiniz. Siz mənim üçün başqa bir planetdən gələn mələksiniz, – bir qədəhi də başıma çəkdikdən sonra dedim. – Tanrının mənə göndərdiyi pislik mələyi! Sizi görmək mənə bəs edir.
–Baxmaq pulla deyil, – deyib qısa, pis bir gülüşlə güldü. – Siz də mənə qəribə bir övliya kimi görünürsünüz. Amma elə bu axşam sizin niyə belə həyəcanlı olduğunuzu öyrənəcəyəm.
Sonra bir stəkan da doldurub qalxdı, şampan şərabını gətirməyə getdi. Bu dəfə işi daha uzun çəkdi. Əvvəlcə pərdələri bağladı, sonra çölə çıxdı. Girişdəki çöl qapını, ardından meyxananın qapısını qıfılladığını eşitdim. İçəri girərkən:
–Bağladım meyxananı, artıq kimsə gəlməz. Burada qalanlar da çoxdan yatıblar, – dedi. Sonra gəlib önümdə dayanaraq lağlağı bir rəftarla: – Amma buna görə əsla ümidlənməyin!
Heç mənim cavab verməyimə fürsət vermədən yenə yanımdan uzaqlaşdı. Qızın yoxluğunu fürsət bilərək dərhal ard-arda iki, üç stəkan da doldurub içdim. Sonra əlində ağzı qızılı zərlə sarılmış bir şüşəylə döndü.
Masanın üstünə bir şampan qədəhi qoydu, bacarıqlı əlləriylə şüşənin ağzını açdı və partlatmadan tıxacı çıxardı. Ağ köpük şüşənin ağzından daşarkən dərhal qədəhimə süzdü, bir az gözlədi, sonra yenə
süzdü. Qədəhi götürüb ağzına apararkən:
–Şərəfinizə içmirəm, – dedi, – çünki o zaman mənimlə qədəh toqquşdurmaq istəyəcəksiniz, halbuki bu anda yetərincə sərxoşsunuz.
Etiraz etmədim. Həqiqətən sərxoşluq bütün bədənimi bürümüşdü, içimdə sanki bir arı pətəyi varmış kimi hər yanımdan vızıltılar, uğultular gəlirdi. Qədəhi yerinə qoydu, gözlərini qıyaraq mənə
baxdı və lağlağı tərzdə dedi:
–Deyin görək, mən yoxkən neçə qədəh araq içdiniz? Beş? Altı?
–Sadəcə üç! – deyə güldüm. Utanmaq ağlımın ucundan da keçmirdi; bu qızın yanında bu cür hissləri bütünlüklə itirmişdim.
–Adın nədir sənin?
–Bura tez-tez gələcəksənmi? – sualımın cavabında dedi.
–Bəlkə də, – bir az çaşqın halda dedim. – Niyə soruşursan?
–Adımı öyrənib nə edəcəksən? Burda bir yarım saat da oturacağıq; “quzum”, “gözəlim”-filan deyirsən, yetər də…
-Demək adını demirsən, – deyə hirslə qışqırdım.
–Nə fərqi var!
Şüşəni götürüb bir qədəh də süzdüm. O zaman artıq əməlli-başlı sərxoş olduğumu və daha içməməli olduğumu anladım, amma özümü saxlaya bilmirdim. İçkiyə olan meylim üstün gəldi.
Beynimdəki rəngli xəyallar məni yoldan çıxardır, içimdəki indiyə qədər heç içinə girilməmiş qaranlıq guşələrin cazibədarlığı qarşısında duruş gətirə bilmirdim. Bilmədiyim, tanımadığım bir səs çox uzaqlardan yavaşca məni çağırırdı.
–Bura daha tez-tez gəlib-gəlməyəcəyimi bilmirəm, – ehtirasla dedim. – Dözə bilmirəm sənin varlığına, sənə nifrət edirəm, amma yenə də bu axşam sənin yanına qayıtdım. Bu gün həyatımın ilk arağını içdim, sən verdin onu mənə, araqla birlikdə yavaşca qanıma qarışdın, zəhərlədin məni. Arağın ruhu kimisən, havada süzülən, sərxoş edən, pulla satın alına bilən. .
Qıza baxırdım, nəfəsim kəsilmişdi; haradan gəldiyini bilmədiyim, ağzımdan tökülən bu sözlərə ən çox təəccüblənən mən olmuşdum. Qarşımda otururdu. Əlindəki tikişi buraxmışdı. Corabsız ayağında qırmızı ayaqqabılar, ayağını ayağının üstünə aşırmış, qırmızı yubkasını dizinin üstündən bir az yuxarıya doğru çəkmişdi. Baldırları bir az möhkəm, amma uzun və çox cazibədar idi. Sağ baldırında az qala bir qəpik böyüklüyündə qəhvəyi rəngli xal vardı, gözəl görünürdü. Əlindəki siqaretdən çəkdiyi tüstünü dodaqlarının arasından sovurur, gözünü qırpmadan baxırdı.
–Davam et görək, – dedi, – açılırsan. . Davam et. .
Düşünməyə çalışdım. Mən nə danışırdım bu qıza? Ürəyimdən onu qucaqlamaq, əlləmək keçir, bunun üçün özümü güclə saxlayırdım. Həsir kresloda yaxşıca arxaya söykəndim, əllərimlə möhkəm-möhkəm kreslodan tutdum. Sonra birdən yenə danışmağa başladığımı eşitdim. Çox yavaş və aramla danışır, arada həyəcandan nəfəsim kəsiləcəkmiş kimi olurdum.
–Mən bir ticarətçiyəm, – dediyimi eşitdim. – Çox yaxşı bir işim vardı, amma indi müflisləşmək üzrəyəm. Hər kəs, hər kəs məni lağa qoyacaq, əvvəlcə arvadım. . Bir çox səhvlər etdim, Maqda bunların hamısını üzümə vuracaq. Bilirsənmi, Maqda arvadımın adıdı. .
Gözlərini məndən ayırmırdı. Pudralanılıbmış kimi görünən dümağ üzü yüngülcə şişmişdi, demək olar ki, rəngsiz gözlərinin üstündəki tünd rəngli qaşları yay kimi idi.
–Amma firmadan daha çox pul götürə bilərəm, bir neçə min mark. Sırf Maqdanı hirsləndirmək üçün belə edə bilərəm. Maqda firmanı qurtarmaq istəyir. Məndən artıqdımı? Sata bilərəm əlimdəki işləri, həm də indidən bilirəm kimə satacağımı, çox yeni bir firmaya. Bunun üçün mənə on, bəlkə də on iki min mark ödəyərlər. Səfərə çıxarıq səninlə. . Heç Parisə getmisənmi?
Mənə baxır, amma üzündən nə dediklərimi təsdiqlədiyi, nə də təəccübləndiyi hiss olunurdu. Daha sürətlə təngnəfəs danışığıma davam etdim:
–Mən də indiyədək getməmişəm, amma Paris haqqında çox şeylər oxumuşam. Bulvarlar, böyük meydanlar, yamyaşıl parklar şəhəri. . Gəncliyimdə bir az fransızca öyrənmişdim, amma məktəbdən erkən ayrıldım, ailəmin məni oxutmağa kifayət qədər pulu yox idi. Bilirsənmi bu nə deməkdi: “Donnez-moi un baiser, mademoiselle?”
Heç bir reaksiya vermirdi, nə “bəli”, nə də “xeyr”.
– “Bir öpüş verərsinizmi” deməkdir. Amma sənə “donnez-moi un baiser, ma reine!” demək lazımdır.
“ Reine”, kraliça deməkdir, sən də mənim ürəyimin, içki şüşəsindəki zəhərin kraliçasısan. Ver əlini mənə, Elsabe – sənə Elsabe adını qoyuram, kraliça Elsabe, əlini öpmək istəyirəm. .
Qədəhimə içki süzdü.
–Bunu da iç, sonra evə gedərsən. Daha bəsdir, çox içdin, bezdim səndən də. İstəsən şüşəni özünlə
götürə bilərsən, bütün şüşənin pulunu ödəməyə məcbursan, əlbəttə, meyxana qiymətinə. Səhər qalxıb,
“məni aldatdın”, deyib üstümə gəlmə ha, özün doldurub içdin, nə qədər içdiyini nə bilim. .
–Belə danışma, Elsabe, – ağlar səslə dedim. – Mən belə bir şey etmərəm, pul nədir ki!
–Kişiləri mənəmi tanıdacaqsan! Başına çəkincə “pul nədir ki!' deyə qışqırır, sonra sabahısı gün jandarmlarla gəlib aldadıldığınızı iddia edirsiniz. Araq, şampan və bir də mənim çəkdiyim siqaretlər, hamısı birlikdə. .
Məbləği dedi.
–Çox yaxşı, – dedim, – madam ki, elədir! – Cibimdən pulqabımı çıxarıb:
–Götür, budur! – dedim.
Pulu masanın üstünə qoydum
–Bu da sənin üçün, – deyərək pulqabıdan bir yüzlük də çıxarıb digər pulların yanına qoydum. -
Sənə nifrət etdiyim, məni məhv etdiyin üçün. Al götür, götür bunu! Qarşılığında bir şey istəmirəm səndən, heç bir şey istəmirəm. İndi get! Onsuz da qanımdasan mənim, artıq bundan daha çox sahib ola bilmərəm sənə. Hər halda kobudsan, cansıxıcısan. Buralı deyilsən, kim bilir hansı böyük şəhərdən gəlmisən, hər şeyini orada qoymusan, bu da özündən arxada qalanlar!
Ayaq üstə üzbəüz dayanmışdıq, pul masanın üstündəydi, işıq solğun idi. Dayandığım yerdə
yüngülcə yırğalanırdım, yarı boşalmış araq şüşəsi əlimdə idi.
-Qoy o pulu cibinə! – deyə pıçıldadı. – Götür pulu masadan. . Pul istəmirəm. . Get!.
–Pulu geri götürməyə məni məcbur edə bilməzsən, burada qoyub gedirəm. . Sənə hədiyyə edirəm onu, araqlar kraliçası Elsabe! Gedirəm. .
Çətinliklə qapıya doğru getdim, içəridən kilidə salınmış açarı çevirməyə çalışırdım. .
–Sən, – dərhal arxamca dedi, – sən. .
Geriyə döndüm. Səsi alçalmış, amma dolu, yumşaqdı; bütün sərtliyini, kobudluğunu itirmişdi.
–Sən. . – deyə təkrarladı. İndi gözlərində rəng və işıq görünürdü, – istəyirsənmi?
İndi susaraq baxan mən idim.
-Ayaqqabılarını çıxar, pilləkənləri
çıxarkən səs-küy
salma, burada yatanlar sənin səsini
eşitməməlidi. Gəl görüm, tez ol. .
Heç səsimi çıxarmadan dediklərini yerinə yetirdim. Nə üçün etdiyimi bilmirdim. İndi o qədər də
onu ürəyim istəmirdi.
–Əlini ver mənə! – dedi.
İşığı söndürdü, əlimdən tutub məni aparırdı, digər əlimdə hələ də araq şüşəsini tuturdum.
Meyxananın içi zülmət qaranlıq idi, yavaşca arxasınca gedirdim. Kiçik tozlu bir pəncərə şüşəsindən dar pilləkənə ay işığı düşürdü. Çox yorğundum, ayaq üstə yırğalanırdım. Öz yatağımı düşündüm, Elsabeni düşündüm; evə dönməyi çox istəyirdim.
Artıq bütün bunlar həddən artıq çox idi. Yeganə təsəllim əlimdəkı araq şüşəsi idi, güc verəcəkdi bu şüşə mənə. Burda durub şüşədən bir qurtum alsam necə yaxşı olardı. Elə yorğundum ki! Elsabe otağını açarkən qapının cırıldadığını eşitdim. Otaqda da ay işığı vardı. Dağınıq bir yataq, bir stul, divarda paltarlar üçün asqı yerləri. .
-Soyun, – yavaşca dedim, – indi gəlirəm. – Daha çox öz-özümdən soruşurmuş kimi: – Ulduzlar varmı burda?
Bir meyvə bağçasına açılan pəncərəyə sarı getdim. Pəncərənin bir qanadını açdım; otaq ilıq, yüngül bir nəvaziş kimi gözəl ətirlər və yumşaq küləkli bir yaz havasıyla doldu. Pəncərənin düz altında balkonun yerə doğru əyilmiş damı vardı.
–Bax, bu çox yaxşıdır, – yavaşca dedim, – bu əyilmiş dam çox yaxşıdı. .
Ayı görə bilmirdim, üzərimizdə, damın arxasında qalırdı. Amma ağımtıl işığı göyü işıqlandırırdı.
Təkcə ulduzlar – onlar da olduqca donuq – görünürdü. Ürəyim sıxılmışdı, rahat deyildim.
–Harda qaldın, gəl, – deyə yataqdan hirslə qışqırdı. – Bir az tez ol! Hələ yatıb yuxumu da almalıyam! – Geri dönüb yatağın üstünə əyildim. Yorğanı boynuna qədər çəkib, arxası üstə uzanmışdı.
Yorğanı açdım, bir anlığa üzümü çılpaq sinəsinə söykədim. Sərin və sərt idi. Saçlarının, bədəninin ətri necə də gözəl idi.
–Bağla pəncərəni! – deyə səbirsiz halda pıçıldadı. – Soyun, haydı, axmaqlığı burax! Yekə kişisən.
Ah çəkərək dikəldim. Pəncərəyə sarı getdim, şüşəni də götürüb balkonun damından aşağı atıldım.
Arxamdan dəli kimi qışqırdı:
–Qoca əyyaş, axmaq!
Kolların arasındaydım. Ətrafdan yasəmənin ətri gəlirdi. Yaz gecəsi tərtəmiz idi. Şüşəni ağzıma söykədim, uzun-uzadı içdim.
7
Durmadan gedirəm. Gedərkən bir tərəfdən də əvvəllər Maqdayla birlikdə gəzintiyə çıxdığımız zamanlar oxuduğumuz səyyah mahnılarından birini oxuyuram. Ayağımda çoxdan parçalanmış
corablar, ayaqqabısız bu uzun yolu ayaqlarımın ağrısından axsaya-axsaya gedirəm. Ayaq barmaqlarımdan biri daşa dəydi. Bu çox pis bir gəzintiydi. Bir dərəyə doğru yönəlir, aşağıya kolluqların arasına düşürəm. Bir daşın üstündə oturub ayaqlarımı suya salıram. Su buz kimidi. Əvvəl ürpərirəm, sonra su yaxşı təsir eləyir.
Daşın üstündə oturarkən yuxulayıram. Titrəyərək oyanıram, hər yanım buza dönüb; üstündə
oturduğum daşdan aşmışam. Getməyə davam edirəm. Nə qədər sürətli getsəm, yol daha da uzanırmış
kimi görünür; yolun iki tərəfindəki meyvə ağaclan yanımdan uçub gedirlər, amma mən irəliləmirəm.
Harada olduğumu bilmirəm, təkcə evdən çox-çox uzaqlarda olduğumu zənn edirəm. Saatın neçə
olduğunu bilmirəm, amma hələ səhər olmayıb. Ay yerin üstündən sadəcə iki qarış yuxarıdadı. Mən isə
yeriyirəm. Yatan bir kənddən keçirəm. Kənddə bir işıq belə yanmır, hər kəs yatır, təkcə mən gedirəm, mən, topdansatış ərzaq firmasının sahibi, Ervin Sommer. Amma artıq deyil, bunlar bir zamanlar idi.
İndi gecə ay işığında gedən bu adam kimdir?
Bəli, bunlar bir zamanlar idi, aradan çox zaman keçdi, çox oldu, az qala unudulub getdi. . Ayaq səslərimə öz damında yatan bir it oyanır, hürməyə başlayır, kəndin digər itləri də oyanır; indi bütün
kənd hürür və mən, avara bir adam qanlı topuqlarımla ayaqlarımı sürüyə-sürüyə kənddən keçirəm, mən hələ dünən. . Susun, susun!
Kilsəyə aid taxta bir binanın kölgəsində dayanır, yenidən şüşəni ağzıma söykəyərək içirəm, bu yaxşı təsir edir, sualları yatırdır, ağrıları azaldır, önümdəki ikinci bir yarımsaatlıq yol üçün cəsarət verir, qamçılayır.. Amma artıq şüşədə elə bir şey qalmayıb, bu çox qiymətli mayeni az-az içməliyəm.
Son qurtumu – bu böyük bir qurtum olmalıdı! – evimin kandarında, Maqdanın qarşısına çıxmazdan əvvəl içdim. Amma Maqda yatır, səssizcə divana uzanacağam, bu gün aramızda dava-filan olmayacaq.
Yaxşı, bəs sabah? Hələ sabaha çox var, uzun-uzadı yatacağam sabaha qədər, bu gün olanların hamısını unudacağam, yenidən firmamın başçısı olacağam. Hərçənd kiçik bir səhv etmişəm, amma bunu düzəldəcək qabiliyyətim olduğunu göstərəcəyəm. .
Boş şüşəni bağçadakı kolluqların arasında gizlədim, indi qapının önündəki pillələri yalın ayaqlarımla yavaşca çıxıram. Açarla səs-küy salmadan qapını açmağı da bacarıram. Elə indi hətta bir deyil, iki nəhəng qurtum – şüşənin dibində qalan araq gözlədiyimdən daha çox çıxmışdı – aldığım halda, sərxoşluqdan heç bir iz yoxdu. Belə daha yaxşıdı, başım açıq, özümdən əminəm. Heç bir səhv hərəkət etməyəcək, kimsəni oyandırmayacağam.
Qanayan ayaqlarımı yumaq üçün vanna otağına doğru yönəldim, amma orada krandan axacaq su şırıltısından Maqdanın oyana biləcəyini düşünərək – başım elə işləyirdi ki – yavaşca mətbəxə getdim.
Burada ayaqlarımı yuya bilərdim; mətbəxin yanında kiçik Else yatır, ondan mənə zərər gəlməz; Maqda qədər işgüzar və sərt deyil. İşığı yandırıb mətbəxdə ətrafıma baxır, bir emallı qab tapıb ocağın üstündəki çaydanda qalan suyu içinə boşaldıram. Gözlədiyim kimi su hələ ilıqdı. Bacarıqlılığımla fəxr edirəm. Sabun, mətbəx dəsmalı, qurulama əskiləri və bir fırça götürüb stulda oturur, ayaqlarımı suya salıram. Aman, nə qədər yaxşı təsir edir, necə də gözəldir bu ilıq, yumşaq oxşamalar! Arxaya söykənib gözlərimi yumuram. Ah, bir də içməyə bir şey olsaydı, nə qədər xoşbəxt olacaqdım, insanın xoşbəxtliyində həmişə də nələr isə əskik olur, heç bir zaman tam olmur. Qırmızı şərabı içdim, bu evdə
daha başqa içki tapılmaz. Sabah dərhal özümə ehtiyat şərab tədarük edəcəyəm, bir neçə şüşə də araq alaram. Araq əla bir şeydir, bu qədər il araq içməməyimə, araqsız keçən bu qədər zamana acıyıram.
Bir az da arxaya söykənirəm, ayaqlarımı ilıq suya qoymaqdan həzz alıram, ayaqlarımın ağrısının dayandığını hiss edirəm. . Birdən yerimdən dik atılıram! Qabdakı su daşır, mətbəxin döşəməsinə
yayılır. Amma indi bunlar heç dərd deyil! Başım şimşək çaxıbmış kimi aydınlanmışdı! Əlbəttə, evdə
içiləcək şeylər var! Bəzi şorbalar, məsələn, öküz quyruğu şorbası üçün Maqda Madeira işlətmirdimi?
Kəllə-paça təmizləyərkən mikrobları qırılsın deyə romdan istifadə etmirdimi? Evin büdcəsi üçün tutduğu dəftərlərdən bütün bunları bilirəm. Yalın ayaqlarımla birbaşa anbara qaçıram. Hər yanı axtarır, bütün şüşələri iyləyirəm: Sirkə, zeytun yağı və budur! Budur, “Fine Old Sherry”, hətta Portuqaliya şərabı, dörddə üç şüşə şərab və yarımçıq bir şüşə rom. Oh, yaşamaq necə də gözəldir!
Sərxoşluq, unutmaq, unutmağın axıntısına özünü buraxmaq, qaranlığa, qara dünyaya, aşağıya, oraya, peşmanlığın, çəkişmənin olmadığı yerə. . Gözəl spirt, salamlayıram səni, la reine Elsabe, çılpaq döşlərində dincəldim, saçının və bədəninin qoxusunu içimə çəkdim!
Qabı yenidən doldurdum, üç şüşədəki tıxacları çıxarıb qarşıma düzdüm. Rom şüşəsindən böyük bir qurtum alıram. Arağın yumşaq, təmiz dadından sonra rom adama bir az kəskin görünür; daha sərt, daha yandırıcı, od kimi bir şeydir. Küləkdə süründürülən tünd qırmızı buludlar kimi romu qanımda hiss edirəm, xəyallarımı uçurur, daha ayıq, daha diqqətli, məni daha hiyləgər edir.. Mətbəxi yaxşıca yığışdırmalı, yerə daşan suyu silməli olduğumu bilirəm. Şüşələrin ağzını yenə bağlayaraq yerlərinə
qoymalıyam. Kimsə bir şey hiss etməməlidir, Else belə. Yaxşıürəkli Else, indi o yatır, hələ çox gəncdir, gənc insanların o dərin, möhkəm yuxusuyla yatır.
Bəs mən, onun çörəkpulunu verən mən isə burada oturub onun yuxusunu müşahidə edirəm. İndi evə bir oğru girməyə cəhd eləsə. . Yaxşı, amma haraya qoydum mən indi bu şüşələrin tıxaclarını?
Buralarda görə bilmirəm, ciblərimdə də yoxdu. Görəsən, anbardamı qoydum? Oraya bir dəfə də
baxmalıyam, şüşələrin ağızlarını yaxşıca bağlayıb yerlərinə qoymalıyam, amma su o qədər xoşagələndir ki; indi yorğunam, yatmaq istəyirəm, bir qurtum da alım, sonra yatmağa gedərəm, bir dəqiqəyə mətbəxi yığışdıraram, hər şeyi yenə yerli-yerinə qoyaram, şüşələrin tıxaclarını da taparam. .
Kim gəlir? Yenə kim məni narahat edir? Hə, Maqdaymış, bacarıqlı Maqda. Gecəyarısı, xeyr, səhərə
yaxın, geyinib gələrək mətbəx qapısının yanında dayanıb, dili tutulub, əhəng kimi ağ, qorxulu bir üzlə
mənə baxır. Yüngülcə dikəlib əllərimlə, başımla onu salamlayır və şən-şən deyirəm:
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?