Текст книги "Əyyaş"
Автор книги: Ханс Фаллада
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
–Eləmi? – dedim. – Demək, müqaviləni ləğv etdiniz, burada adi bir kuryerəm, hə, mənimlə heç məsləhətləşmədən qərar qəbul edirsiz! Altına imzamı atdığım müqavilə sənin üçün bir çınqıldan fərqli deyil! Amma bunu yaxşı bil, Maqda: Bu Fliederhof malikanəsinin təsərrüfat müdiri Şmidt müqaviləyə
əməl etməsə, malın bir kilosunu əskik versə, onu məhkəməyə verərəm, qalib də gələrəm. Çünki müqavilə müqavilədir, hansı vəkildən soruşsan bunu deyər.. Əgər mənim təklifimi çox aşağı hesab edirdisə qəbul etməyəydi, mənə nə, öz günahıdı! Mən onu deyil, o məni sərxoş eləmək istədi; öz qazdığı quyuya özü düşdüsə, bu mənim günahımdırmı? Üstəlik, sənə bunu da demək istəyirəm, Maqda, -
deyərək ayağa qalxdım. – Burada müdir mənəm, sadəcə mənəm. Əgər bir müqavilə ləğv ediləcəksə
məndən soruşulacaq, başqasından deyil. Artıq burada oynadığın oyunlar, mənə yuxarıdan aşağı baxmağın – ağlım çox yaxşı başımdadı, olduqca ayığam – səndən on qat artıq ağıllı və bacarıqlı olduğum halda, lül-qəmbər sərxoşluqdan danışmağın xoşuma gəlmir. Burada müdir mənəm, məni bir kənara itələyə bilməzsən. Sən yenə mətbəxinə dön, burdakı işlərimə qarışma. Bura gəlməyin üçün yalvarmamışdım, amma indi getməyini xahiş edirəm!
Çox ciddi və nə dediyimi bilərək danışmışdım. Doğrudan da danışarkən hər mövzuda haqlı olduğumu artıq qəti şəkildə anlamışdım. Yenidən yerimə keçib oturdum.
Danışdığım müddətdə Maqda məni çox böyük bir diqqətlə izləmiş, sanki ağzımdan çıxan hər sözü başına həkk eləmişdi. Sözüm bitdikdə başını tərpədib:
–Artıq səninlə danışmağın qeyri-mümkünlüyünü anlayıram. Ervin, – dedi. – Haqlıyla haqsızı bir-birindən ayıra bilmirsən. Fermanın başçısı müdirə bu sərxoşkən imzaladığı müqaviləni ləğv etdirməzsə, işdən çıxarılacağını deyib, səni də fırıldaqçılığa görə məhkəməyə verəcəkmiş…
–Versin görək! – deyə kinayə ilə qışqırdım. Sadəcə əsilzadə olduğu üçün belə şeylər deyə bilən o adam sənə təsir edə bilir, mənim sözlərimin isə sənin üçün heç bir əhəmiyyəti yoxdur! – Barmağımla havaya çırtma vurdum. – Məhkəməyə versin, o zaman kimin qorxub geri duracağını görərik.
–Bəli, bəli, – deyə Maqda qışqırdı, – artıq o namuslu adının məhkəmələrə düşməsinin, pis işlərdə
çəkilməsinin sənin üçün heç bir əhəmiyyəti olmadığını indi çox təəssüf ki, çox yaxşı dərk edirəm. İçki sənin haqq-ədalət hissini korşaldıb. Amma səndən başqa bir şey soruşmaq istəyirəm, Ervin. .
–Soruş görək, – donquldanaraq dedim, amma tətikdəydim; çünki danışıq tərzindən ağzından yaxşı söz çıxmayacağını sezmişdim. – Çox soruşan çox öyrənər!
–Çox şey öyrənmək istəmirəm, – dedi. – Sadəcə səndən açıq olaraq “bəli”, ya da “xeyr” gözləyirəm.
Dərindən nəfəs alıb:
–Hələ də sözünün üstündə duran bir kişisənmi, Ervin? – deyə soruşdu. – Yəni, bir zamanlar mənə
vermiş olduğun sözü yerinə yetirəcəksənmi?
Donquldanaraq:
–Əlbəttə, elə bir adamam, – dedim. – Hətta müqavilə əsnasında ayıq olub-olmamağımdan asılı olmadan imzaladığım sazişin şərtlərini yerinə yetirirəm.
Sözlərimdəki kinayəyə heç əhəmiyyət vermədən:
–Hamburqa gedərkən mənə bir söz vermişdin, – dedi, – qayıdarkən mənimlə həkimə gedəcəkdin.
İndi sözünün üstündə duracaqsanmı, mənimlə günortadan sonra həkim Mansfeldin yanına gedəcəksənmi?
–Dayan görək! – deyə dərhal etiraz etdim. – Sən yenə hər şeyi başında istədiyin kimi düzüb-qoşursan! Mən sənə qətiyyən – hansı şəraitdə olursa olsun – Hamburqdan dönəndə həkimə getməyə söz verməmişəm; ancaq Hamburqdan xəstə dönsəm həkimə gedəcəyimi demişdim. Halbuki bax sağlam, sapsağlam döndüm.
–Bəli, yaman da sağlam idin! – üzündə əzablı bir ifadə olan Maqda dedi. – Gəldiyin gecə anbardakı bütün şüşələri axıra qədər içmisən. O zamandan bəri də bir dəqiqə ayıq olmursan. Amma görürəm ki, artıq sözünün üstündə də durmaq istəmirsən.
–Sözümün üstündə yenə dururam, lakin bu məsələdə sənə heç bir şəkildə söz verməmişəm.
–Amma, Ervin, – deyə bu dəfə mülayimliklə başladı: – Niyə həkimə getməyə bu qədər qarşı çıxırsan? Əgər sənin dediyin kimidirsə, həkim də sənin dediklərini təsdiqləsə, deməli, hər şey yolundadır.. Amma əgər dediyin kimi deyilsə. .
–Bəs onda nə olacaq? – kinayə ilə dedim.
– . . o zaman sağalmağın üçün nə lazımdırsa ediləcək. Çünki xəstəsən, Ervin. Sən fərqinə
varmırsan, ama həqiqətən xəstəsən. .
–Eehh, bəsdir daha! – dedim, məni bezdirmişdi. – Bu şəkildə məni əldə edə bilməzsən. Dediyini yeridə bilməzsən. Mənimlə çox yumşaq danışırsan, gözlərindən haqqımda yaxşı şeylər düşünmədiyini anlayıram. Nə qədər bacarıqlı olursa olsun, bir qadının məni idarə etməsinə izin verə bilmərəm!
–Səni idarə etmək istəmirəm ki..
–Əvvəlcə imzaladığım müqaviləni ləğv edirsən, sonra dəli olduğumu düşünüb məni həkimə
aparmağa cəhd edirsən. Beləcə gözün qalan müdir kreslomu ələ keçirəcəksən, hə? Mən yoxkən bu kresloda yerin çox rahat idi, elə deyilmi?
–Bəsdir, – dedi, indi gözləri hirsindən alov püskürürdü. Səsində o yumşaqlıqdan əsər-əlamət qalmamışdı. – Deməli, araq çəkməkdən və ətrafına zərər verməkdən başqa bir şey istəmirsən! Amma firmanı məhv etməyinə izin verməyəcəyəm. Özünü istədiyin qədər məhv edə bilərsən. Mən də o zaman başqa cür tədbir görərəm.
–Nə istəyirsən elə, – lağla dedim, – bax görəcəksən, sən də peşman olacaqsan. Lütf edib necə bir tədbir görəcəyini deyə bilərsənmi?
Lağ eləməyim onu hövsələdən çıxarmışdı.
–Lap yaxşı, deyərəm, – dedi. – Əvvəlcə səndən boşanacağam. .
–Sən bir buna bax! – deyə güldüm. – Demək, məndən boşanacaqsan! Boşanmaq üçün bir səbəbin olduğunu bilmirdim. Amma bəlkə gələcəkdə ola bilər. Çox yaxşı, başqa nə etməyi düşünürsən?
Artıq danışmaq istəmirdi.
–Gələcəkdə görərsən, – deyərək masasındakı kağızlara döndü.
–Gözləyərəm, – dedim.
Konyak şüşəsini götürərək çantama, hələ yemədiyim nahar paketinin yanına qoydum.
–Hər şeyin mənim adıma olduğunu unutma; evlənməzdən əvvəl əlində heç bir şey yox idi. Ev, içindəki əşyalar, firma, hamısı mənə aiddir!
Əliylə dediklərimə əhəmiyyət vermədiyini bildirən hərəkət edincə gülməyə başladım.
–İstəyirsən get bir dəfə də vəkillə məsləhətləş, o zaman boşanma məsələsi barədə daha ciddi düşünməyin lazım gələcək. Və indi, – deyərək asqıdan şlyapamı götürdüm, – indi firmanı sənə borc verirəm. Yaxşı işlə, sevimli Maqda, qazanclı razılaşmaları istədiyin kimi ləğv et. Hə, nə deyirsən? Artıq boşanmaq üçün səbəbi deyə bilərsənmi?
Lağ eləməyim onu hövsələdən çıxarmışdı. Əlinə keçən ilk şeyi, bir mürəkkəb quruducusunu üstümə atdı. Bəti-bənizi ağarmış, hirsindən titrəyirdi. Artıq onu daha çox hirsləndirməməyə qərar verib, mürəkkəb quruducusunu yerinə qoyub ofisdən çıxdım.
11
Bir müddət işə dönməməyə qəti qərarlıydım. Ofisdə istədikləri şeyi eləsinlər, mənim etdiklərimlə
onların etdikləri necə olsa da həmişə ziddiyyət təşkil edirdi. Bütün bu xırda-para şeylər nə zamandır ürəyimi sıxırdı. İndi özümə əhval-ruhiyyəmə daha çox uyğun gələn, görməkdən zövq aldığım, daha yaxşı, daha maraqlı bir məşğuliyyət tapmışdım: Maqda ilə olan mübarizəm! Mənimlə istədiyi kimi məşğul olsun, ondan daha ağıllı, qanunları daha yaxşı bilən bir insan olduğumu Maqdaya göstərəcəkdim.
Yaz bitir, yay gəlirdi. Çox gözəl, isti bir gün idi. Yenə qoltuğumda çantamla gəzintiyə çıxmışdım.
Spirtli içkilərin kraliçası! Uzun zamandır onu unutmuşdum. Ən azından darıxdırıcı bir qız deyildi.
Üstəlik, artıq ayaqqabılarımı də götürməliydim, kimsə məni sərxoşluğuma görə geyimlərimi ora-bura dağıtmaqla günahlandırmamalı idi. Heç kim, Maqda belə! Onsuz da indiyə qədər evli olduğum bu bacarıqlı qadının haqqımda nə düşündüyünü, hansı niyyətdə olduğunu yaxşıca bilirdim. Boşanacaqmış; çox yaxşı, amma bu o qədər də tez olmayacaq. Boşanmazdan əvvəl bəzi hazırlıqlar lazımdır. Məsələn, həkim müayinəsi. İllərdir Maqdanın həkim Mansfeldlə arası çox yaxşıdır. Xəstə olduğu zaman onu həmişə o müayinə etmişdir. Mən onu daha az tanıyaram, əslində mənim heç həkimlik bir işim olmayıb.
Haqqımdakı düşüncələrini həkimə də danışaraq böyük bir ehtimalla məni əyyaşlar xəstəxanasına yatırdacaq. Bu cür davranış bizim yaxşıürəkli Maqdaya çox uyğun idi: Kişi aşağı səviyyəli əyyaşlar xəstəxanasında yatacaq, o da kişinin mallarını dilədiyi kimi işlədəcək, firmanı idarə edəcək! Amma hələ
başqa həkimlər də var; bu yaşlı, təmizqəlbli həkim Mansfelddən daha məşhur, daha bacarıqlı həkimlər.
Üstəlik, həkim Mansfeld sadə bir praktikantdır! Elə ertəsi gün bu məşhur həkimlərdən birinin ya da bir-ikisinin yanına gedib sağlamlığımın tam yerində olduğuna dair sənədlər almalıyam. Bunun üçün də
həkimə getməzdən əvvəlki son bir neçə gün heç içki içməməliyəm. Bu da çətin bir iş deyil. Yazıq Maqda, necə çətin bir adama rast gəldiyini görəcək. On beş illik evliliyə baxmayaraq hələ ərini əməlli-başlı tanımır.
Kənd meyxanasına gedən yolda vaxtın tez keçməsi üçün bu cür düşüncələri beynimdə düzüb-qoşur, ən incə təfərrüatlarına qədər gözlərimin qarşısında canlandırırdım. Məsələn, əyyaşlar xəstəxanasında necə bir palatada üstümə buz kimi suları tökəcəklərini, önümə qoyacaqları əcaib yeməkləri, digər tərəfdə isə Maqdanın yemək otağında dana basdırması ilə quşqonmaz yeməyini düşündükcə öz bədbəxtliyim və Maqdanın haqsızlığı məni elə kövrəldirdi ki, gözlərim yaşla dolurdu.
Aradabir dayanıb çantamdakı səhər yeməyi ilə kəndin qazlarını, ördəklərini doyurur – son zamanlarda heç aclıq hiss eləmirdim – bəzən də kimsə görməsin deyə bir hasarın arxasında çömələrək butulkamdan bir qurtum alırdım. Mən, Ervin Sommer, hasarın arxasında gizlənərək əlimdəki butulkanı başıma çəkib araq içərkən yüngülcə xəcalət çəkirdim. Bu vəziyyət mənə çox da normal görünmür, tamamilə laqeydləşə bilmirdim. Amma bir gün o da olacaq, hər şeyi öz axarına buraxacağam; çünki bu başqa cür davam edə bilməz.
Hədəfimə çatmazdan qısa müddət əvvəl butulka boşalmışdı; yolun kənarındakı çuxurlardan birinə
ataraq, meyxanaya çatmaq üçün beş dəqiqə də yol getdim. Kənd kilsəsinin zəngi günorta saat on ikini bildirirdi. Çiyinlərindəki bellərlə tarlalarından dönən kəndlilər önümdən, arxamdan, yanımdan
keçirlər, bəzisi salam verir, bəzisi eləcə süzürdü. Bəzi kəndlilər də yanımdan keçərkən bir-birlərini dümsükləyib gülüşürdülər. Bu, bəlkə də kəndlilərin şəhərli paltarlarıyla gəzən bir yad adama yaxşı baxmamalarından irəli gələ bilərdi, amma bir tərəfdən də ürəyimdə fikirləşirdim ki, yəqin içkili olduğumu bilirlər. Yoxsa geyimimdə bir qəribəlik vardı? Spirtli içkinin ən pis cəhətlərindən biri insanın özündən əmin ola bilməməsidir. Görəsən bir əskiklik, bir qəribəlikmi var? Adam içki içdikdən sonra dəfələrlə güzgünün qarşısında dayanıb hər yanını gözdən keçirsə də, bütün düymələrini tək-tək yoxlasa da, yenə də gözdən qaçırdığı, hər hansı bir şeyin açıq olub-olmadığı fikrini başından çıxara bilmir. Çünki həqiqətən bütün diqqəti ilə hər tərəfinə baxsa da nəyi isə gözdən qaçıra bilər. Yuxularda da buna çox bənzər olan hisslər yaşanır; çox hörmətli adamlar arasında insan çox rahat, şən davranarkən, birdən şalvarını geyinməyi unutmuş olduğunu görür.
Bax, mənə çevrilən bu baxışlardan çox sıxılaraq bu günorta saatlarında “bizim solğun gözəl”i görməyin o qədər də münasib olmadığını düşünərək, yoldan ayrılıb tarlalara gedən kiçik bir torpaq yola çıxdım və kölgəlik bir kolluğun altına, çəmənliyin üstünə uzandım. Dərhal içkinin gətirdiyi dərin, qapqara bir yuxuya getdim. Sanki bir anlığa yox olmuş, müvəqqəti olaraq o biri dünyaya getmişdim.
Belə anlarda yuxu-filan olmur, işıqdan, həyatdan heç bir iz qalmır.. Yoxluğa, heç bir şey olmayan yerə
doğru yuvarlanırsan. .
Oyandıqda günəş olduqca alçalmışdı, dörd hətta beş saat yatmış olmalıydım. Həmişə olduğu kimi bu saatlarda yatmaq mənə heç yaramamışdı. Oyandıqda yorğun və taqətsiz idim. Hər tərəfimin
titrədiyini hiss etdim. Dikəldim, hər yerim qurumuşdu, çətinliklə yeriyirdim. Amma indi bircə qədəh araqdan sonra bütün bunların tezcə keçəcəyini çox yaxşı bilirdim. Buna görə meyxanaya çatmaq üçün tələsirdim.
Meyxanaya gəlmə saatını yaxşı seçmişdim, içəridə kimsə yox idi. Barda da kimsəni görə
bilmədim. Boş bir çuval kimi özümü bir həsir kresloya atdım. Susamış olduğumdan tez ofisiantı çağırdım. Əvvəlcə bir qapı aralandı, kimsə başını çölə çıxardı, amma bu mənim “solğun üzlü gözəlim”
deyildi, yolpa saçlı, qırmızı burunlu, köhnə zamanlardan qalma bir varlıq idi . Sonra kök bir qadın mənə
tərəf baxıb: “İndi gəlir, gözlə”, – deyərək, o gecə spirtli içkilər kraliçasının əlimdən tutub yuxarı çıxardığı pilləkənlərin üstündəki qapını açdı.
–Elinor! Elinor! Aşağı gəl! – deyə yuxarıya səsləndi. Beləliklə, səbirsizlik göstərməməyimi, dərhal istədiklərimin veriləcəyini bildirmək istəyirdi, sonra yenə mətbəxə girib gözdən itdi. Demək, adı Elinor idi! Eh, doğrusu, mən də heç pis təxmin etməmişdim! Amma Elinor da çox gözəldi, hətta Elsabedən daha da gözəldi. Elinor adı ona uyğun gəlir, Elinor, la reine d'alcool, həqiqətən çox gözəldi!
Pilləkənlərdən aşağı düşdüyünü eşitdim. O gecəki kimi addımlarını səssizcə atmırdı. Qapını açıb içəri girdi. Yəqin yatıbmış, saçları həmişəki kimi səliqəylə yığılmamışdı. Açıq rəngli paltarı qırış, səliqəsiz idi.
Bir anlığa dayanıb mənə baxdı, gün üzünə düşdüyü üçün dərhal tanıya bilmədi. Sonra məni gördüyünə sevinərək:
–Ah, – deyə qışqırdı, – bizim içki düşkünü olan “atacığımız” da gəlib!
Sonra yenə pilləkənlərlə yuxarı çıxdı. Bu bir az alçaldıcı sözlərinə heç əhəmiyyət vermədim, elə
susamışdım ki. Hətta bu cür rahatlıqla şən qarşılamağına sevinmişdim, çünki o gecə pəncərənin önündəki damdan atıldığım o axşamdan sonra məni necə qarşılayacağını düşünmüşdüm. Amma indi hər şey yolunda idi. Geyinib daranmış halda yenidən aşağı gəlməsini beş dəqiqə səbirlə gözlədim.
Birbaşa masama yaxınlaşıb köhnə bir dostunu qarşılayırmış kimi əlimi sıxıb:
–Elə bilirdim bir daha gəlməyəcəksiniz, – dedi. – Bu qədər vaxtda haralardaydınız? Tamamilə
müflisləşdinizmi?
–Hələ yox , ma reine, – gülümsəyərək dedim. – Hələlik firmanın işlərini boşanmaqda olduğum arvadıma təhvil vermişəm. Nə deyirsən bu işə, gözəlim? Bəlkə iki ay sonra əldə edilə biləcək bir insan olacağam! Pis deyiləm, eləmi? Özümə yaxşı baxmışam, hə?
Bir anlığa heç səsini çıxarmadan üzümə baxdı, sonra üzündəki təbəssüm silindi, çox soyuq və
ciddi halda:
-Araq, eləmi? Yoxsa yenə bir şüşəmi istəyirsiniz?
–Bəli, həyatım, bütöv bir şüşə! – dedim. – Sənin üçün də bir şüşə şampan şərabı!
–Gündüz olmaz, – qısaca deyib uzaqlaşdı. Bir dəqiqə sonra içkim masanın üstündə idi; bu rəngsiz, su kimi şəffaf içkini konyakdan daha çox sevirdim. Amma bu gün buradan əvvəlki qədər razı deyildim.
Elinor müntəzəm olaraq ya meyxananın içində ya da çölündə işləyir, elə nə iləsə məşğul olurdu.
Hərdənbir bir-iki kəlmə danışa bilirdik. Həmişəkindən daha çox içirdim, saat yarıma bir şüşəni bitirmiş, Elinorun gətirdiyi ikinci şüşəyə başlamışdım. Mən artıq əməlli-başlı sərxoş olduğumu bilirdim.
Daha sonra aralarında Elinorun o qədər səmimi danışdığı rəngsaz oğlanın da olduğu bir neçə cavan oğlan meyxanaya gəldi. Sırf Elinoru masama çəkmək üçün onları da yanıma çağırdıb istədikləri içkiləri sifariş verdim, (amma buna baxmayaraq Elinor sadəcə beş dəqiqəyə yaxın masamda oturmuşdu). Qısa zamanda masanın görünüşü qorxunc bir hal aldı. Pivə və araq stəkanları, şərab və şampan şərabı şüşələri bir-birinə qarışmış, masa bir döyüş meydanına dönmüşdü. Bir-birləriylə danışan, bağırışan, gülən, əlləriylə, qollarıyla əcaib hərəkətlər edən sərxoşlar dəstəsi toplanmışdı; aralarında ən azğını, ən sərxoş olanı mən idim. Özümü tamamilə buraxmışdım. Uçuruma diyirlənən bir daş kimiydim, artıq düşündüyüm heç bir şey yox idi.
Öz səs-küyümüzdən meyxananın qarşısında bir avtomobilin dayandığını və içəriyə iki kişinin girdiyinin heç fərqinə varmamışdıq. Qarşımda oturan və məni dinləməyən oğlanlardan birinə səsimi eşitdirmək, bilmirəm hansı sözümün doğruluğunu isbat etmək üçün qışqıra-qışqıra nə isə dediyim vaxt birdən ağzıma yumruq vurulubmuş kimi səsim kəsildi, dilim tutuldu. Yanımızdakı masada oturmaqda olan kişilərdən biri məni çox nəzakətli və səmimi bir şəkildə salamladı: “Axşamınız xeyir”. Həkim Mansfeld idi. Digər kişini tanımırdım. Bizim eyş-işrət dəstəmiz də səssizləşmişdi. Salamlaşmağımızdan sonra masamdakı oğlanlar da susdular. Yan masadakılar pivələrini içərək öz aralarında danışmağa başladılar. Mənimlə birlikdə əylənən gənclər daha çox susqunlaşdılar, masanın bayaqkı şənliyi yoxa çıxdı. Bir az sonra bir-bir qalxıb uzaqlaşdılar və mən bu qiyamət gününü xatırladan qarışıqlıq içində, stəkanlar və şüşələr arasında tək-tənha qaldım. Məni bu xaosdan qurtarması, masanı toplaması üçün əbəs yerə gözüm Elinoru axtardı. Hər halda sevgilisi olduğu aydın olan o rəngsaz oğlanla qapının qarşısında oynaşırdı. Bayaqkı dəli yığıncağını xatırladan məclisdən sonra birdən içimə böyük bir ağırlıq çökdü, dodaqlarımı dişləyir, aradabir şübhəylə yandakı masaya ötəri nəzər salırdım. Amma onlar heç mənimlə maraqlanmırdılar.
Şübhəm bir az sonra lap artdı. Görəsən, həkim Mansfeld ətraf kəndlərdəki xəstələrinə baş
çəkdikdən sonra təsadüfənmi buraya gəlmişdi, yoxsa Maqda onu buraya yollamışdı? Fikrimdə götür-qoy edirdim. Görən sərxoşkən Maqdaya daha əvvəl gəlmiş olduğum bu yerin adını, ya da meyxananın olduğunu ağzımdan qaçırmışdımmı? Heç cür işin içindən çıxa bilmirdim. O biri kişi də heç gözümə yad görünmürdü, amma haradan tanıdığımı yadıma sala bilmirdim. .
Yenə ürəyimdən nə isə içmək keçdi. Şüşə masada, yanımdaca dururdu, amma yan masada oturan bu müştərilərin gözü qarşısında qədəhimə araq süzməyə çəkinirdim. Necə də olsa azğınlığımı kifayət qədər gördüklərini, artıq düzəldəcək heç bir tərəfi qalmadığını düşünsəm də, ağlımdan keçəni eləmədim.
Nəhayət, Elinor içəri girdi. Onu çağırıb yavaşca hesabı istədim. Yüngülcə önə əyilərək, əlindəki kağıza xeyli rəqəm yazırdı. Bu duruşuyla yan masadakı cənabların məni görməsinə mane olurdu. Bunu fürsət bilərək dərhal iki-üç qədəh doldurub içdim. Sonra şüşənin ağzını yaxşıca bağlayaraq çantamın içinə qoydum.
Elinor etdiklərimə ötəri nəzər saldı, qaşlarını qaldırıb yandakı masanı göstərib pıçıldadı:
–Dostlarınızdırmı?
Çiynimi çəkdim. Hesab o qədər yüksək idi ki, pulumu son qəpiyinə qədər verməyə məcbur oldum.
Elinora bəxşiş üçün çox az pul qaldı. Qaşlarını qaldıraraq yavaşca pıçıldadı:
–Pulların kökü kəsildimi?
Mən də onun kimi pıçıldayaraq:
–Bundan artığını haradan tapacağımı bilirəm, – dedim. – Gələn dəfəyə qalsın, ma reine!
Səsini çıxarmayıb yüngülcə başını tərpətdi.
İndi yan masadakıların gözləri qarşısında qalxıb getməliydim! Çantamı götürüb gözlərimlə
şlyapamın hansı asqıda olduğuna baxdım, çölə çıxarkən bu cür sərxoş halda gərəksiz yerə şlyapanı axtarmaq istəmirdim. Ayağa qalxdım, bacaracaqdım; ancaq çox yavaş və diqqətli hərəkət etməliydim.
İndi ən vacibi kənddən çıxıb rastıma çıxan ilk kolluğun içinə girmək idi. Ya da. . Bəli, əla, dahiyanə bir fikir gəldi ağlıma: Tualet! Tualetə girib içəridən qapını qıfıllayaraq, istədiyim qədər orada yatardım.
Necə olsa çantamda ehtiyatım da vardı.
Qalxarkən yandakı masaya baxıb çox nəzakətlə sağollaşdım. Elə qapıya çatıb buradan qurtulmağıma bir addım qalmışdı ki, arxamdan bir səs eşitdim:
–Bir saniyə, cənab Sommer!
Bu gözlənilməz səslənmədən o qədər təşvişə düşdüm ki, az qala yerə yıxılırdım.
–Nə var? – deyə hündürdən soruşdum. Həkim qolumdan tutdu ki, yıxılmayım.
–Qorxutdummu sizi? – dedi. – Üzr istəyirəm, qorxutmaq istəməzdim!
–Zərəri yoxdu, zərəri yoxdu, – utanıb sıxılaraq dedim. – Bu lənətə gəlmiş xalçaya ilişdim, vəssəlam. . – Yerdəki dümdüz yol xalçasına hirslə baxırdım.
–Avtomobilimlə sizi evinizə qədər aparmağı təklif edəcəkdim, – həkim Mansfeld dedi.
Bir anlığa sözünə ara verdi, sonra gülərək:
–Bir az əyləndik, yaxşı vaxt keçirdik, eləmi? Hər kəs aradabir belə şeylər edir. Ancaq evə qayıtmaq sizin üçün bir az çətin olacaq, elə deyilmi? Elə isə, bizimlə gəlirsiniz, hə?
Dostcasına, amma möhkəm-möhkəm qolumdan tuturdu. Bu arada o biri kişi də hesabı ödəyərək yanımıza gəlmişdi.
–Tanış edə bilərəmmi? – deyə həkim davam etdi. – Cənab Sommer, həkim Steybinq bölgəmizə görə
məsul olan həkimidi.
Məni meyxanadan çıxarıb avtomobilə doğru apardı. Onun yanınca qurbanlıq qoyun kimi gedirdim.
Deməli, bölgəmizə görə məsul olan həkim!
Bu təsadüf ola bilməzdi, çox hiyləgərliklə hazırlanmış bir tələyə düşmüşdüm. Lənətə gəlmiş
Maqda! Məni tələyə salmaq üçün çox tələsik davranıb. Amma mən də ağıllıyam, bir şeydən xəbərim yoxmuş kimi davranmalı, hiyləgər olmalıyam. Ağla qarşı ağıldan istifadə etməliyəm!
Avtomobilin önünə gəlincə gülərək:
–Deməli, iki həkim yazıq bir sərxoşun öhdəsindən gələcəklər, hə? – dedim. – Heç olmasa bir az mərhəmətli davranın, cənablar!
Onlar da bu zarafata gülərək ön tərəfə keçərkən avtomobilin arxasına keçib əyləşdim. Elə hərəkət edəcəkdik ki, Elinor meyxanadan çıxıb qaça-qaça bizə doğru gəldi. Əlində qəzet kağızına bükülmüş bir paket vardı. Paketi avtomobildən içəri uzadaraq yüksək səslə:
–Bunlar bu yaxınlarda, bir gecə burada unutmuş olduğunuz ayaqqabılarınızdı, – lağ edirmiş kimi dedi. Ağ, böyük üzü və rəngsiz gözləriylə mənə baxdı. Dodaqları qıpqırmızıydı.
Bir müddət səssizlikdən sonra həkim soruşdu:
–Artıq gedə bilərikmi?
–Bəli, – dedim, avtomobil hərəkət etdi.
12
Maşınla gedərkən yol boyu içinə düşdüyüm vəziyyəti izah edə bilmərəm. Ümidsizlik getdikcə məni daha qorxunc bir vəziyyətə saldı; iflic olubmuş kimi quruyub daşa dönmüş, duyğusuzlaşmışdım. Sanki ağır, qorxunc bir kabus məni içinə salmışdı, hər an oyanacaqmış kimi olur, heç cür oyana bilmir, getdikcə daha qorxunc, daha böyük bir dəhşətə qapılırdım. Yanıma, kreslonun üstünə qoyduğum ayaqqabı paketi açılmışdı. Toz içindəki ayaqqabılardan birini əlimə alıb baxdım, iyrənc idi. İyrənc idi bu davranışı araqlar kraliçası gözəl Elinorun!
“Bəli, – deyə düşündüm, – bax içki insanı beləcə dəliyə çevirir, bəndələrini ağrı içində qıvrıldır. Bu cür şeyləri təkcə o edə bilir. Elə hər şeydən əmin olduğun, yaxşı hiylə gəldiyin, ən çətin, ən pis məsələnin öhdəsindən gəldiyini sandığın anda birdən şeytanın dişini ağardan üzü ortaya çıxır və
pəncələrini adamın sinəsinə keçirib, qorxuyla ürəyini titrədir, qürurunu ayaqlar altına atır.. La reine d'alcool! Bir daha görə biləcəyəmmi səni, bir saatlığa belə olsun səninlə birlikdə ola bilməyəcəyikmi, Elinor!”
Artıq dözə bilməyəcəkdim. Önümdəki cənablar çox qızğın bir söhbətə baş vurmuşdular. Çantadan şüşəni götürüb tıxacını çıxardım və dalbadal bir neçə qurtum içdim. Lakin ön tərəfdəki güzgünü tamamilə unutmuşdum.
–Amma o qədər sürətli, o qədər çox deyil, sevimli dostum, cənab Sommer! – deyən həkim Mansfeld bir əlini sükandan qaldırıb şəhadət barmağını yelləyirdi. – Daha sonra sizinlə əməlli-başlı söhbət etmək istəyirdim!
Vay, alçaq hərif, keçəlbaş namussuz! Məni maşınına mindirdikdən sonra maskasını çıxarır ha!
Deməli, evimə deyil, hazır elə bölgənin məsul həkimi, tibb müşaviri olan cənab da ovcunun içindəykən məni müayinəyə aparır!
O andan etibarən özümü yığışdıraraq çox sakit davrandım. Yenicə içdiyim bir neçə qurtum mənə
yenidən güc və diqqət vermişdi. İndi görəcəyim ilk iş nə bahasına olursa olsun, bugünkü görüşə mane olmaq idi. İrəlidə, daha uyğun şəraitdə sevə-sevə qəbul edərdim, amma bu gün arvadımın sifarişiylə
hiyləylə məni yaxalamalarına razı ola bilməzdim. Çox təşəkkür edirəm sənə, sevimli arvadım!
Maşın dayanmadan gedirdi, bizim şəhərin kənar məhəllələrinə gəlmişdik, hələ də bu səfərə son vermək üçün uyğun bir fürsət düşməmişdi. Amma bir az sonra “Hases” şirkətinin həyətindən böyük bir yük maşını gözlənilməz bir anda çıxıb yolu bağlayınca, həkim möhkəmcə əyləci basıb maşını sola döndərməyə məcbur qaldı. O anda yavaşca qapını açdım və yük maşını keçdikdən sonra həkim avtomobili hərəkətə gətirəndə səssizcə aşağı atıldım. Bir anlığa səndələdim, bir neçə addım önə doğru qaçdım, yıxılırmış kimi oldum, sonra özümü saxladım. Avtomobildəkilərə əl edərək bu birdən-birə
düşməyimdən onların da xəbərinin olmasını istəyirdim. Dərhal yolun sağındakı hasarı aşıb yamacdakı, şəhərdə “Kiçik Rusiya məhəlləsi” deyilən çox kasıb insanların yaşadığı məhəlləyə doğru qaçdım. Bu iki ağıllı həkimin bu gəzintidən əllərinə yalnız əyyaşın ayaqqabılarının keçəcəyini düşündükcə gülməkdən ölürdüm.
13
BU andakı vəziyyətimin ən cansıxıcı cəhəti pul-parasız küçənin ortasında qalmış olmağım idi.
Evdə bəlkə də, yazı masamda nə isə tapa bilərdim, amma həkimlərin mənim yoxluğumu bilər-bilməz
tezcə evə gedib xanım Maqdanı vəziyyətdən xəbərdar edəcəklərinə yüz faiz əmin idim. Bankdan pul çəkmək üçün artıq çox gec idi, iki saat əvvəl kassalar bağlanmış olmalı idi.
Saata baxarkən birdən gözlərim işıldadı; saat pula dəyərdi! Üstəlik, ağır, qızıl üzüyüm və heç barmağımdan çıxarmadığım nişan üzüyüm vardı. Maqdayla bugünkü davamızdan sonra artıq bu üzüyün heç bir mənası qalmamışdı. Deməli, hələ istifadə ediləcək şeylərim vardı. Ürəyim rahatlandıqdan sonra “Kiçik Rusiya” məhəlləsinə gedən dar, çirkli bir küçəyə döndüm. Müharibə
əsnasında düşərgələr üçün qurulan komalar müharibədən sonra qıtlıq illərində xırda-para dəyişikliklərlə yaşanıla biləcək bir hala gətirilmişdi. Bax bu məhəllə o zamanlar meydana gəlmişdi.
Edilən dəyişikliklər buranı bir az da olsun gözəlləşdirməmişdi. Komaların arasında tikilən qırmızı kirəmitli kiçik evlər də tikilib başa çatar-çatmaz çökməyə başlayırdı. Burada nə etmək istədiyimi, ya da nə edəcəyimi bilmədən çaşqın halda gedirdim. Evlərdən birinin pəncərəsində gözümə qırmızı bir lövhə
ilişdi. Çox vaxt bu cür lövhə kirayəlik otaqlar üçün asılardı. Yaxınlaşdım, həqiqətən, ev kirayələmək istəyən kişilər üçün rahat, mebelli bir otağın olduğu bildirilirdi. Bu evlərdə zəng-filan olmazdı. Açıq qapıdan birbaşa mətbəxə girdim. İçərisi ocaqda qaynayan paltarlardan çıxan buxarla dolmuşdu.
Kimsəni görə bilmirdim.
–Ey, kim var burda? – deyə qışqırdım.
Buxarın arasından uzun boylu, önə doğru əyilmiş halda yeriyən cavan bir kişi göründü. Solğun, sarı üzlü, yumşaq saqqallı, açıq qəhvəyi saçlı bir adam idi. Alnının üstünə düşən bir tutam saç qızıl kimi parlayırdı. Kişi təəccüblə nə istədiyimi anlamaq üçün üzümə baxdı, sonra çox hörmətli, mülayim bir səslə mənə necə xidmət göstərə biləcəyini soruşdu.
–Kirayəlik otağı görmək istəyirəm, – dedim.
–Sizin üçünmü? – deyə kişi əllərini ovuşduraraq soruşdu. Kəsik-kəsik öskürürdü.
–Bəli, – dedim.
–Sizin kimi bir cənab üçün münasib deyil, – dedi. – Sizə uyğun, gözəl bir otaq deyil, bu işçi otağıdır.
–Olsun, göstərin görək, – deyə dirəşdim.
Səsini çıxarmadan qabağa düşdü. Bir pilləkəni çıxaraq kirayəlik otağın qapısını açdı. Damın altında düzəldilmiş, dar pəncərəli, əyri divarlı bir otaq idi. Ucuz və sadə bir neçə əşya ilə döşənmiş otaq mənə
Elinorun sadə otağını xatırlatdı. Qeyri-ixtiyari pəncərəyə tərəf gedib, burada da gözlənilməz bir ziyarətçidən qaça bilmək üçün əyri bir damın olub-olmadığını yoxlamaq istədim. Xeyr, damı yox idi; amma heç gözləmədiyim halda şəhərə baxan çox gözəl bir mənzərəsi vardı. Önümdə, daha doğrusu, ayaqlarımın altında şəhər qırmızımtıl qəhvəyi damları, üç kilsə qülləsi və yumru qübbəli bələdiyyə
binasıyla uzanırdı. Çay yaşıllıqlar içində qıvrıla-qıvrıla axır, bəzi yerlərdə gözdən itir, sonra irəlidə
yenidən ortaya çıxırdı. Çayın qıvrılıb bükülərək gedişini gözlərimlə izləyərək, ta uzaqlarda, bağçaların, tarlaların yaşıllıqları arasında göy rəngə çalan bir axşam dumanıyla üzərinə bir tül çəkilibmiş kimi görünən bir evin damını gördüm; mənim damım!
–Gözəl mənzərəsi var, – bir müddət sonra dedim. Kişi arxamda kəsik-kəsik öskürərək:
–İşçi heç vaxt otağın mənzərəsini soruşmur, cənab, – dedi. – İşçi yatağın yaxşı olub-olmadığına baxar. Yatağımız da yaxşıdır, cənab.
–Bu otağın qiyməti neçədir? – deyə soruşdum.
–Həftəliyi yeddi markdır, – kişi dedi. – Hər həftə də yataq ağlarını dəyişdiririk.
–Yeməyi də burada yemək istəyərəm, – dedim. – İki-üç həftə səs-küydən uzaq, oturub yazmalı olduğum bir işi bitirmək istəyirəm. Evdən çölə heç çıxmayacağam. Başqa heç bir xüsusi istəyim yoxdur.
–Bizim yeməyimiz sizə çox sadə görünər, cənab, – kişi dedi. – Amma istəsəniz sizə restorandan yemək gətirə bilərəm.
–Çox yaxşı, – dedim, – otağı tuturam. Çamadanım sabah gələcək. İndi siz mənə axşam yeməyimi gətirdin.
Gedib masanın arxasına keçib oturdum.
–Kiçik məbləğ də olsa ilkin ödəniş etməyinizi xahiş edəcəyəm, cənab, – ev sahibim deyərək barmaqlarının sümüklərini xırtıldatdı. – Bilirsiz də, biz kasıb insanlarıq, cənab. .
–Oturun, – ev sahibinə dedim. – Bir dəqiqə, əvvəlcə bu kiçik masanın üstündəki su stəkanını verin!
Kişi stəkanı götürdü və mənim ikinci dəfə israrlı istəyimdən sonra stulu çəkib oturdu.
–Sizin adınız nədir?
–Polakovski, – dedi. – Bir az gülünc bir addır.. Lakin biz polşalı deyilik. Anamla atam Şərqi Prussiyanı gənckən tərk ediblər. Orada belə qəribə adlar vardır.
–Adınızın gülünc olub-olmaması mənim üçün əhəmiyyətli deyil, cənab Polakovski, – gülümsəyərək dedim. – İndi sizinlə qədəh toqquşduracağıq.
Bütün etirazlarına baxmayaraq stəkanı yarısına qədər doldurdum.
–Mən şüşədən də içə bilərəm, – deyərək güldüm və şüşədən yapışdım: – Hamımız bunu gəncliyimizdə eləmişik, – dedim.
Gülümsədi, bir qurtum aldı, mənsə qurthaqurt içirdim.
–Üstəlik, sizdən axşam yeməyi ilə birlikdə bir şüşə də araq gətirtməyinizi xahiş edəcəyəm, cənab Polakovski, – dedim. – Amma ən yaxşısından, ən bahalısından olsun, zəhmət olmasa.
Dodaqları hərəkət etməyə başlayar-başlamaz, nə demək istəyəcəyini bildim.
–Ödəməyə gəlincə. . Bu işə çox ani olaraq qərar vermişəm. . – Amma ev sahibinin düşüncəli-düşüncəli açıq, içində heç bir şey olmayan çantama baxdığını gördüm. Sonra gülərək:
–Çox yaxşı, – dedim. – Sizə həqiqəti etiraf edəcəyəm, cənab Polakovski. Burada sakit-sakit oturub yazmaqdan danışdığım iş əlbəttə, uydurmadır. Düzü budur: bu gün arvadımla çox pis dalaşdım və onun gözünü bir az qorxutmaq üçün bir-iki həftə yoxa çıxmaq qərarını verdim. Başa düşürsünüz də, elə
deyilmi, bir az ağlının başına gəlməsini istəyirəm!
Polakovski başıyla təsdiqlədi.
–Ərsiz necə olurmuş, bir görsün baxaq, elə deyilmi?
Başıyla təsdiqlədi.
-Mənim onun üçün necə əvəzolunmaz bir adam olduğumu öyrənməsini istəyirəm!
Yenə başını tərpədərək Polakovski sözümü təsdiqlədi, sonra yumşaq səsiylə pıçıldayırmış kimi:
–Yenə də, cənab, – dedi, – bu otağı heç bir ödəniş etmədən sizə verə bilmərəm. Biz burada, “Kiçik Rusiya”da yaşayanlar həqiqətən çox kasıb insanlarıq, yaxşı bir restorandan alınacaq bir axşam yeməyi, ən yaxşı növdən olan bir şüşə konyak çox pul edər!
–Lazım olan pulu sabah səhər alacaqsınız, cənab Polakovski, – inandırıcı tərzdə dedim. – Sabah səhər doqquzda qalxıb banka gedərək pul çəkəcəyəm.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?