Текст книги "Əyyaş"
Автор книги: Ханс Фаллада
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
–Olmaz, – ev sahibi dedi, – çox təəssüf edirəm, cənab, sizi, arvadına gözəl bir tərbiyə vermək istəyən sizin kimi ziyalı, oxumuş bir cənabı qonaq etməyi çox istəyərdim. Biz bu işi arvadlarımızı döyərək həll edirik; həm daha asan, həm də daha ucuz olur.
Bir az ümidsiz:
–Əlbəttə, əlbəttə, – deyə gülümsədim. – Amma arvadımı döyə biləcəyimi zənn etmirəm, o məndən daha güclüdür.
Gülərək şüşədən içdim.
–Amma indi sizə ilkin ödəniş yerinə bu üzüyü girov olaraq verirəm.
Əvvəlcə möhür üzüyü, sonra nişan üzüyünü barmağımdan çıxardım. Bir an duruxduqdan sonra nişan üzüyümü Polakovskiyə verdim.
–Bunun sabah səhərə qədər girov olaraq sizdə qalmasını, başqasına verməməyinizi xahiş edirəm, -
dedim.
Polakovski üzüyü əlimdən aldı.
–Biz çox kasıb insanlarıq, cənab, – yenə pıçıldayırmış kimi dedi. – Evdə üç markımız belə yoxdur.
Amma üzüyü çox etibarlı bir adama girov verəcəyəm, sabah günorta geri götürərik.
–Yaxşı, yaxşı, – dedim, birdən olduqca bezmişdim. Bir sıra əhəmiyyətsiz xırda-para şeylər məni əsəbiləşdirmişdi. – Siz indi bu yeməklə arağı tezcə gətirdin, xüsusilə arağı. Görürsünüz, şüşə demək olar ki boşalıb. Siz də bilirsiniz, insan kədərini içkiylə unudur.
Ev sahibim mülayim bir səslə:
–Hamısını dərhal gətirərəm, – deyə pıçıldayıb qapını arxasınca örtdü. Özümü yatağın üzərinə
ataraq içməyə başladım. Həyatımda gördüyüm ən alçaq və ikiüzlü adam olan Polakovskini beləcə
tanımış oldum.
14
Bu gecə üçün plan hazırlamışdım. Gecəyarısından sonra evə gedərək bir çamadana paltarlarımı, alt geyimlərimi qoyacaq, yazı masamın siyirtməsində nə qədər pul varsa götürüb gələcəkdim. Çünki həqiqətən iki-üç həftə gözdən uzaq halda Polakovskiın evində yaşamağa qərarlıydım. Orada təkbaşıma spirtli içkidən qurtulmağı xəyal edirdim, ilk gün vərdiş etdiyim üçün həmişəki qədər içki içəcək, sabahısı gün içkinin miqdarını üçdə birə qədər azaldacaq və beləcə yavaş-yavaş, iki-üç həftə sonra tamamilə ayıq bir insan olaraq Maqdanın və həkimlərin qarşısına çıxaraq soruşacaqdım: “Bəli, deyin görüm nə istəyirsiniz məndən?”
Gecəyarısı evdə əşyalarımı toplayarkən Maqdanın oyanıb məni görməsi böyük ehtimalla mümkün idi, lakin Maqda ilə qarşılaşmaqdan çəkinmirdim. Xeyr, hətta elə bunu istəyirdim. Gecənin səssizliyində
kimsə tərəfindən narahat edilmədən, elədikləriylə bağlı bəzi acı həqiqətləri ona deyə biləcəkdim. Necə
də olsa on beş il evli olduğu bir kişinin üzərinə hiyləgər həkimləri salmış, aramızdakı dostluğa xəyanət etmişdi. Artıq heç şübhəm qalmamışdı; Maqda axırda məni öz himayəsinə alacaq, məndən və bütün mal-mülkümdən istədiyi kimi istifadə edəcəkdi. Bütün bunları birbaşa üzünə deyəcəkdim.
Təəssüf ki, bu gözəl planım reallaşmadı. Araq mənə oyun oynadı. Əvvəllər bir neçə dəfə başıma gəldiyi kimi, bu dəfə də dərin bir yuxuya gedərək vaxtında qalxa bilməmək kimi bir vəziyyətə
düşməmişdim, amma daha pisi oldu. Bədənim beynimin dediklərini yerinə yetirmir, mədəm heç bir şeyi qəbul etmirdi. Restorandan gətirilən olduqca yaxşı axşam yeməyini iştahsız olmağıma baxmayaraq nə isə yeməli olduğumu düşünərək hamısını yemişdim. Sonra yenə bol-bol içmiş, yatağa uzanaraq yarıyuxulu şəkildə əşyalarımı götürmək üçün evə gedəcəyim saatı gözləyirdim. Amma mədəm dəhşətli dərəcədə bulanır, nəfəsim kəsiləcəkmiş kimi olur, bitməz-tükənməz dözülməz ağrılar içində qıvrılaraq qusurdum. Təpədən dırnağadək tərdən islanmışdım; əllərim, dizlərim titrəyir, ürəyim şiddətlə döyünür və ağrıyırdı, sanki hər an dayanacaqmış kimi idi. Gözlərimə yaş dolur, önümdə qığılcımlar saçılırdı; əməlli-başlı ətrafımı görə bilmirdim. Beynim dumanlanmışdı, bayılacağımı düşünürdüm.
Axırda əldən düşmüş halda yenə yatağa uzandım, dəhşətli bir qorxuya qapılmışdım. Bəlkə sonum yaxınlaşmışdı? Bu qədər tezmi? İçkiyə axı təzəcə başlamışdım. O qədər də çox içmirdim ki! Adam bu qədər tezmi əyyaş olur? Araq bu qədər tezmi insanı çökdürür? Xeyr, hələ ölmək istəmirdim. Sadəcə bir müddətliyə içəcəkdim, bu müvəqqəti bir dövr olacaqdı, hər an içkini buraxa biləcəyimə qəti şəkildə
inanmışdım.
İndi artıq hər şey bitirmi? Xeyr, bu ola bilməz: İstəmirəm, tezcə yaxşılaşmaq istəyirəm, dərhal, sabah. . Ağzımı zəhər kimi edən bu qusmaların başqa bir səbəbi olmalıdı! Mütləq axşam yeməyindən olmalıdı! Qəribədir, həqiqətən zəhərlənməkdə olduğum bu ən pis vəziyyətdə belə, bütün bunların araqdan irəli gəldiyini heç bir şəkildə düşünə bilmir, başqa səbəblər axtarırdım. İçki barədə
düşünməkdən qaçırdım. Xəstəliyimin səbəbi o ola bilməzdi, günahı onun üstünə ata bilməzdim. Tək buraxıldığım, həqarət edildiyim bu günlərdə ən yaxşı və yeganə dostum o olmuşdu! Bir az sonra özümə
gəldim, nəfəsim və ürəyim sakitləşər-sakitləşməz yenə şüşəyə əlimi uzatdım, yenidən içərək xəyala dalmağa, unutmağa çalışırdım; nə kədərlərin, nə də sevinclərin bilindiyi, nə keçmişi, nə də gələcəyi olan o şirin yoxluğa girmək istədim. .
Araq bir müddət vəzifəsini yerinə yetirdi, bir az rahatlayıb, halımdan razı halda yatırdım. Amma sonra yenidən qusmalar başladı, əvvəlkindən daha çox ağrıyla, boğulurmuş kimi qusurdum. Onsuz da mədəmdə bir neçə qurtum araqdan başqa bir şey qalmamışdı.
Gecəni içmək və qusmaqla keçirdim. Axırda bütün gücümü toplayıb qusmağı bir az olsun gecikdirməyə çalışdım. Mədəmdəki içkinin qana qarışıb bədənimə yayılması üçün ona bir neçə dəqiqə
olsun bir az vaxt vermək istəyirdim, yoxsa yenidən çıxaracaqdım. Dərhal qussam bu cür gözəl içki heyif olacaqdı!
Axırda səhərə yaxın tamamilə əldən düşüb, məni yeyib-bitirən qarabasmalar içində narahat bir yuxuya gedə bildim. Polakovski məni bu qorxunc yuxudan oyandırdı.
Qapımın qarşısında dayanıb məni oyandırmaq üçün öskürürdü. Saatın doqquz olduğunu, qəhvə
istəyib-istəmədiyimi soruşdu. Qəhvə istəmədiyimi, onun yerinə mənə dərhal yenə bir şüşə içki gətirməsini tapşırdım. O isə mənim sözlərimə fikir vermədən otağı səliqəyə salmağa başladı. Pəncərəni açdı, içəriyə təmiz hava və gün işığı girdi.
–Bağlayın pəncərəni, Polakovski, – hirslə dedim. – Şüşə bitdi, dərhal mənə yenisini gətirin!
–Doqquzda banka gedəcəkdiniz, cənab, – deyə xatırlatdı; pıçıldayırmış kimi sakitcə danışırdı. -
Saat doqquzdur.
Əsəbiləşərək:
–İndi gedə bilmərəm, – dedim. – Görürsünüz, xəstəyəm. Sabah gedərəm, ya da bu gün günortadan sonra. İndi siz mənə hər şeydən əvvəl yenə bir şüşə araq gətirin!
–O zaman üzüyü satmağa məcbur olacağam, cənab, – Polakovski dedi. – Yəhudi on beş mark verdi, satacaq olsam iyirmi beş mark verəcək.
–İyirmi beş mark? – deyə qəzəblə qışqırdım. – Üzüyü doxsan marka almışdım!
–Artıq o yeni bir üzük sayılmır, yəhudi də yaşamaq istəyir, cənab, – deyə Polakovski pıçıldadı, sözümə heç fikir vermirdi. – Əgər üzüyü iyirmi beş marka satmağıma icazə versəniz, arağı dərhal alıb gətirərəm.
–Yaxşı, on beş mark necə oldu? – deyə qışqırdım, çox hirslənmişdim. – Bir axşam yeməyi, bir şüşə
də araq; bunlar on beş mark etməz!
Polakovski:
–Bəs otaq kirayəsi, cənab? – deyə yaltaqlandı. – Bəs, mənim kimi yazıq, kasıb bir adam heç bir şey qazanmasın? Üstəlik, sizdən otaq kirayəsi olaraq on iki mark almağa məcburam, cənab. . Bilirəm, bilirəm, – tələsik deyib barmaqlarını gurultulu və iyrənc bir şəkildə xırtıldatdı: – Otaq kirayəsi üçün yeddi mark demişdim, mən sözündə duran bir adamam, amma sizin burada qalmağınız bizə çox baha başa gəlir. Otağı çirkləndirirsiniz, paltarlarınızla, ayaqqabılarınızla yatağa girirsiniz, yataq ağları korlanır! Bütün bunlar əlavə məsrəfdir, cənab; biz bilirsiniz, çox kasıb insanlarıq. .
–Sizlər fırıldaqçısınız! – deyə qışqırdım. Hirsimdən dəliyə dönmüşdüm. – Rədd olub gedin, cəhənnəmə qədər yolunuz var! Burada qalmayacam!
–Necə istəyirsiniz, cənab, – deyib Polakovski getdi.
Amma axırda əlbəttə məğlub olan mən oldum. Bir müddət sonra qalxdım, susuzluqdan dilim-damağım qurumuşdu. Güc-bəla pilləkənlərin başına gedib Polakovskini çağırdım. Uzun müddət məni bağırtdı. Bu dəfə mən ona nişan üzüyünü iyirmi beş marka verməsini xahiş etdim. Uzun, çox uzun müddət ağrılar içində gözlədikdən sonra yenə araq şüşəsinə qovuşdum. Yenə içir, qusur; içir,
qusurdum. Beləcə ikinci, üçüncü gün və ardınca bir çox günlər keçdi və Polakovskinin evindəki otağımdan heç çölə çıxmadım. .
15
Polakovskinin evində qaldığım bu ilk həftə içində hər iki üzüyü, qızıl saatı və çantamı əldən çıxardım. Əslində yəhudinin uydurma bir adam olduğuna və mənim qızıl üzüklərimi və saatımı mənimsəyənin “çox kasıb adam” Polakovskidan başqası olmadığına yüz faiz əmin idim. Bütün bu qızıl əşyaların əvəzində aldığım şey çox gülünc idi. Bəlkə on üç, on dörd şüşə araq (bir şüşəni dörd markdan hesablayaraq ən ucuzunu, ən keyfiyyətsizini gətirirdi), aradabir də çox az yemək. Demək olar ki, heç yemək yemirdim. Hərdənbir güzgüdə saqqal basmış, rəngi solmuş, yanaqları çökmüş, üz-gözü araqdan şişmiş bir kişini əzablı bir zövqlə seyr edirdim, coşqunluqla: “Bax, adam özünü belə məhv edər!” -
deyirdim. Dərhal yadıma Maqda düşürdü. Məni bu vəziyyətdə görsə necə də qorxardı, mən də bütün bu dəyişikliklərin tək səbəbinin o olduğunu üzünə hayqırardım!
Bu günlərdə sağlamlığım əməlli-başlı pozulmuşdu. Əlbəttə, planlamış olduğum içkidən əl çəkmək fikrini heç bir şəkildə yaxına qoya bilmirdim. Mədəmin imkan verdiyi qədər içirdim. Bəzən ürəyim bulanır, ehtiyacım olan içkini həzm etməkdə xeyli çətinlik çəkirdim. Bəzən də naməlum səbəblərlə
mədəm gələn içkini qəribə bir şəkildə qəbul edir, əmir, geri təpmirdi. O zaman şüşəmi də götürüb pəncərənin qarşısında oturaraq yüngül bir səslə
öz-özümə qədim xalq mahnılarını oxuyur
və
şəhəri, uzaqda, göy rəngə çalan duman içində güzlə sezilən evi, öz evimi seyr edirdim. Sonra Maqdanı, indi nələr etdiyini düşünürdüm. Onu necə sevmişdim! Və indi eşqimizə onun xəyanət etdiyindən əmin idim. Sonra tam sağlam və xoşbəxt halda evə dönəcəyim günü xəyal edirdim. Bəlkə bir az sirli bir şəkildə, amma namuslu yolla birdən-birə əlimə çoxlu pul keçəcək və hər kəsi xoşbəxt edəcəkdim; hər kəs mənə heyran qalacaqdı: “Və beləcə daha çox uzun illər birlikdə xoşbəxtlik içində yaşadılar. .”
Bu cür məsum uşaq xəyallarımdan məni Polakovski oyandırırdı. Əgər dərhal pul tapa bilməsəm, nə içkinin gələcəyini, nə də artıq burada qala bilməyəcəyimi bildirirdi. Aramızda bitib-tükənməyən davalar başlamışdı. O, həmişə hörmətlə və yaltaqlanaraq danışır, mənsə kobudcasına və qəfildən içimdən ortaya çıxan hirslə həyəcana qapılaraq qışqırıb-bağırırdım. Onu sələmçiliklə günahlandırır, qızıl üzüklərimi və saatımı özünə götürdüyünü, əvəzində qızılların əsl dəyərindən qat-qat az şey verdiyini, haqqında danışdığı sələmçinin – yəhudinin – özü olduğunu üzünə deyirdim. Amma bütün bunların heç bir faydası yox idi. Özünün bu işdən bir qəpik belə qazanmadığına and içir, son dərəcə sərt şəkildə bankdan pul çəkməyimin ya da bir yerdən pul tapmağımın zəruriliyini bildirirdi. Ya pul verməli, ya da evi boşaltmalıydım. Hətta indidən bəlkə də polisin mənim kimi insanlarla maraqlanmaq istəyə biləcəyini dedi. Burada qalanlar haqqında məlumat verməsə, durduğu yerdə başına iş açacağını deyirdi. O zamanlar bu təhdidlərə heç qulaq asmırdım. Amma hər nə olursa olsun, əlbəttə pul tapmalıydım. O yumşaq Polakovski əslində daş qədər sərt idi.
Ondan ala bildiyim tək şey gecə çıxacağım “araşdırma gəzintisi”ndən əvvəl gücümü təzələməsi üçün bir şüşə “borc” araq oldu. “Forma”da olduğum günlərdən biriydi; yəni, mədəm arağı hələlik geri təpmirdi. By, böyük bir şans idi. Başqa bir gün olsaydı, bu səfərə qətiyyən çıxa bilməzdim. Bank yolunun bağlı olduğunu bilirdim. Banka mənim itdiyim çoxdan bildirilmiş və yenidən ortaya çıxana qədər, əvvəlcədən hər hansı bir xəbər verilmədiyi müddətcə mənə aid olan pulun çəkilməməsi üçün lazım olan tədbirlər görülmüş olmalı idi. Bu halda öz evimi soymalıydım. Evdə Maqdayla qarşılaşmaq düşüncəsi – bu mənə olduqca qaçınılmaz görünürdü – bir həftə əvvəlki xəyallarımın əksinə, indi çox cansıxıcı olacaqdı. Amma nə olursa olsun, getməyə məcbur idim. Polakovski ona borc olaraq verdiyim çantamı geri verməməkdə inadla müqavimət göstərdiyindən, araq şüşəsini şalvarımın arxa cibinə
soxaraq yola düşdüm. Gecəyarısından bir az keçmişdi. Polakovski məni qapıdan yola salarkən buraların çox qaranlıq olduğunu, xüsusilə çayın üstündəki körpüdən keçərkən çox diqqət etməli olduğumu dedi. Yavaşca:
–Sizi gözləyəcəyəm, cənab, – deyə pıçıldadı. – Çox gec də olsa, sizi gözləyəcəyəm. Sizin üçün bir şüşə araq hazır edəcəyəm. Sonra, cənab. . – səsini daha da alçaltdı, – sonra, cənab, əgər ləl-cəvahirat ya da gümüş-filan tapsanız.. İndi yeni bir alıcı tanıyıram, çox yaxşı qiymətlə alır, bu namussuz yəhudi kimi deyil! Nə tapsanız gətirin, sizin üçün bu işlərlə məşğul olaram.
“Bax, beləcə ovlanır axmaq insanlar”, – deyə yol gedərkən düşünürdüm. Onsuz da hiyləgər Polakovskiın təkliflərinə qarşı çıxa bilməyəcək qədər axmaq idim; çünki mükafat olaraq dönüşdə bir şüşə araq hazır idi, məni gözləyirdi. Əlbəttə, mənim onun ağlına belə gətirə bilməyəcəyi tam fərqli planlarım vardı.
Piyada evə getmək düşündüyümdən xeyli asan olurdu, hətta yol boyunca heç içki içmək belə
istəmədim. Hər halda olduqca həyəcanlıydım, yaxşı xatırlayıram, bir azdan etməli olduğum şeyi düşünməmək üçün bütün yol boyunca özümü məcbur etmişdim. Məktəbdə əzbərləmiş olduğum, yadımda qalan bütün şeirləri oxuyurdum. Amma aradabir iki sətir arasında Maqdayla danışır ya da hansı çamadanı götürsəm daha çox işimə yarayacağını düşünürdüm.
Qırx beş dəqiqə piyada getdikdən sonra evin bağça qapısına çatdım. Bir az əvvəl şəhərin kilsələrində saat biri vurmuşdu. Bağça qapısını yavaşca arxamca bağlayaraq, səs-küy salmamaq üçün kiçik çaqıl daşlarıyla düzəldilmiş yolla deyil, çəmənlərin üzəriylə gedərək evin ətrafında dolandım. Hər yer qaranlıq və səssiz idi. Uzun müddət Maqdanın yataq otağının pəncərəsinin altında, onun nəfəsini eşitmək üçün gözlədim. Amma sadəcə sinəmdə narahat və səs-küylə döyünən ürəyimin səsini eşidirdim. Gecəyarısı öz evimin qarşısında, bir həftədən bəri yuyunmamış, təraş olmamış, arvadımdan beş metr kənarda belə çarəsiz, pulsuz-parasız, yad bir adam kimi dururdum. Birdən bunun fərqinə
varınca elə pis oldum, öz vəziyyətimə elə acıdım ki, acı göz yaşları içində uzun müddət ağladım. Kaş ki Maqdanın otağına girə biləydim, məni ovundurub dərdimi yüngülləşdirəydi. . Amma burada da araq ən yaxşı ovuducu olduğunu bir daha göstərdi. Çox içdim. Ağrı-acım azalmışdı. Bir az yatmaq istəyimi boğub evin ön qapısına doğru getdim.
16
Ayağımda corablarla evimin zalında dururam, ayaqqabılarımı girişdə soyundum. Hər yer qaranlıqdı, əlimlə divara toxunaraq elektrik düyməsini axtarıram; yüngülcə səs eşidilir, olduğum yer işıqlanır. Bəli, bax burada, evimdəyəm. Mən buraya, bu nizama, bu təmizliyə aidəm! Heyranlıqla bu kiçik, gözəl zalı seyr edirəm. Yaşılımtıl xalçanın üstündə o qorxunc gecə yaranan ləkələrdən əsər-əlamət yoxdur. Divardakı asqılardan asılmış Maqdanın yaşıl mantosu və açıq mavi yay pencəyi yan-yana durur. Böyük, uzun, insanın təpədən dırnağadək özünü görə biləcəyi güzgüyə yönəlirəm. Güzgüdə
özümü qırışmış, bulaşmış paltarımla, köynəyimin kir-pas olmuş yaxasıyla və saqqallı, saralmış üzümlə, qan çanağına dönmüş gözlərimlə görüncə dəhşətli bir qorxuya qapılıram.
“Bax bu hala gəldin!” – deyə içimdən bir səs qışqırır. İlk reaksiyam yuxarıya, Maqdanın yanına qaçmaq, dizlərinə qapanıb yalvarmaqdı: “Qurtar məni! Məni özümdən qurtar! Bağrına bas məni!”
Amma həyəcanım keçir və güzgüdəki görünüşümə baxıb hiyləgərlikə dişimi ağardıram:
“Bunu o istəyirdi, – deyə düşünürəm. – Sonra kişi əyyaşlar xəstəxanasına, sən də firmanın, bütün sərvətin başına!”
Hiyləgər olmaq, daim hiyləgər olmaq! Zalda paltar şkafının önünə bir stul söykəyib üzərinə
çıxaraq əlimi uzadıb evdəki ən yaxşı, mal dərisindən olan çamadanı aşağı düşürürəm. Hətta bu çamadan əslində Maqdanındı; doğum ildönümündə ona mən hədiyyə etmişdim. Amma indi bunların vaxtı deyil, üstəlik evlilikdə hər şey ortaq deyilmi?
Təqribən iyirmi beş dəqiqə ərzində çox həyəcanla və sürətlə əşyalarımı yığmağa başlayıram. Palto, iki dəst paltar, alt paltarları götürür, vanna otağına gedib ülgüc, diş fırçası kimi xırda-para əşyalarımı yığıram. Sabah Maqda çox təəccüblənəcək. Ayaqqabı şkafından iki cüt ayaqqabı ilə başmaqlarımı götürürəm. Elə bil uzun bir səfərə çıxıram.
Bəli, indi həqiqətən böyük bir səfərə çıxa bilərəm.
Bəlkə, bəlkə Elinor da mənimlə gələr! Əşyalarımı toplayıb növbə ən əhəmiyyətli, ən çətin işə
gəlincə, bir anlığa zalda oturub içir və bir az dincəlirəm. Son bir həftə ərzində nə qədər zəifləmişəm. Bu çamadanı hazırlamaq belə məni həddən artıq yormuşdu; ürəyim guphagup döyünürdü. Tərdən islanmışdım.
Sonra yenidən işə başlayıram. İndiyə qədər hər şey yolunda getmiş, normal yatan bir insanı oyandıracaq heç bir səs-küy salmamış, əlimdən bir şey salmamışdım. Amma dediyim kimi, indi növbə
ən əhəmiyyətli işə gəldi. Güzgünün altındakı siyirtməni açıram, bəli, doğrudan da cib fənəri oradadır!
Düyməsini basdım; yanır! Bəli, evdə nizam, səliqə-sahman gözəl heç bir şeydir. Çox yaşa, Maqda!
Zaldakı işığı söndürürək yavaşca salona keçirəm. Salon düz yataq otağının yanındadı və otaqları bir-birindən işıqla ən kiçik bir səs-küyü belə keçirən rəngli şüşələrlə bəzəkli iki qanadlı bir qapı ayırır.
Qaranlıqda əlhavasına yazı masasının yanına gedirəm. Orta siyirtmədə, kiçik bir qutunun içində nağd pulumuz olur. Ümumiyyətlə ev üçün lazım olan pul orada olur, yəni olduqca az məbləğdə. Amma bəzi axşamlar sonradan gələn pulları ofisdə saxlamaz, banklar da bağlanmış olduğundan, evə gətirib bu qutunun içinə qoyardıq.
Nə qədər pul tapacağım indi məni çox maraqlandırır. Heç bir səs-küy salmadan siyirtməni açıb qutunu götürməyi bacarıram, cib fənərindən istifadə etməyə belə ehtiyac qalmadı. Qaranlıqda qutunun yanında olan çek dəftərini də tapıram. Çek dəftərini cibimə qoyub qutunu ehtiyatla, yavaş-yavaş zala aparıb yerə qoyuram. Əvvəl qapını örtür, sonra zalın işığını yandırıram. Çox qəribə görünəcək, amma qutunu açmazdan əvvəl dua edirmiş kimi Tanrıya yalvarıb-yaxarıram. Bu qədər vaxtdır unutmuş
olduğum Tanrıya qutunun içində çox pul olması üçün dua edirəm. Çox pulum olmasını istəyirəm ki, bu sərxoşluq, içmək və qusmaqla keçən həyatımı bir az da davam etdirə bilim; daha çox pulumun olmasını istəyirəm ki, Elinoru, la reine d'alcool-u mənimlə gəlməyə razı sala bilim! Bu qədər çox pulun ortadan yox olmasının firmamı hansı vəziyyətə sala biləcəyi fikri qətiyyən ağlıma gəlmirdi. Bəli, əgər bu ağlıma gəlmiş olsaydı da əhəmiyyət verməz, firmamın böyük zərər görməsinə sevinərdim. Duamı tamamlayıb qutunu açdım. Əvvəlcə xırda pul olan üst bölməni qaldırdım, sonra kağız pullara toxundum. Bütün ümidlərim puça çıxmışdı. Qutuda çox az pul vardı. Saydıqda əlli markdan çox olmadığını gördüm.
Özümü hələ də orada, əlimdə kağız pullar, ürəyimdə buz kimi bir hisslə dayanarkən görürmüş kimi oluram.
“Artıq sonum gəldi, – deyə düşündüm, – bu nə Elinora yetər, nə də Polakovskiyə. İki-üç günə
tükənəcək və sonra qurbanlıq qoyun kimi boynumu uzadacaqdım. Əyyaşlar xəstəxanası, soyuq suyla duş!” Bütün ümidlərim qırılmışdı.
Eləcə ölümünü gözləyən adam kimi orada quruyub qaldım. .
Sonra yenidən özümə gəldim, canlandım. Polakovskinin saqqallı, sarı üzünü yenidən gördüm; zinət əşyalarından danışdığı səsini eşitdim. . Zinət əşyalarından söz belə gedə bilməzdi. Maqdanın qızılları çox pul eləməzdi, üstəlik onları yataq otağında saxlayırdı.
Bəs gümüşə nə demək olar! Bəli, gümüş vardı. Bir hərracda aldığım gözəl, ağır gümüş yemək dəsti. Çamadanda hələ yer vardı. Tələsik şüşəni bir dəfəyə başıma çəkib içdim. Hələ üçdə biri dururdu.
Qəfildən içdiyim güclü içki böyük bir dalğa kimi üzərimə çökdü, titrəyirdim. Yenə qusacaqdımmı?
Böhranı tez sovuşdurdum, yenidən gücümü toplamışdım. Dərhal yemək otağına gedib işığı yandırdım. Bir az əvvəlki ürkəkliyim qalmamışdı, qorxacaq bir şey yoxdu. Bufeti açıb yumşaq əskiylə
bükülmüş gümüş yemək dəstələrini çıxarıb yığdım (sadəcə xüsusi günlərdə istifadə edirdik). Sonra böyük qaşıqları, bıçaqları, çəngəlləri, kiçik çəngəl-bıçaq dəstlərini, balıq yemək üçün istifadə edilən dəstləri. . Hamısını içəriyə daşıyıb necə gəldi çamadana dürtdüm. İndi növbə salat dəstlərinə və ət kəsmək üçün istifadə edilən gümüş dəstlərə gəlmişdi. Onlar ayrı bir siyirtmədə idi. Onları da tələm-tələsik yığdım.
Birdən içimdə bir ağırlıq iss etdim. Bir səs məni tezcə bu evdən ayrılmağa məcbur edirdi. Bir qaşıq əlimdən sürüşüb gurultuyla yerə düşdü, hündürdən söyüş söydüm. Onu əyilib yerdən götürərkən bu dəfə başqası düşdü. Siyirtməni olduğu kimi çıxarıb içindəkilərlə çamadanın yanına aparmaq üçün səbirsizliklə sürətlə çəkdim. Heç gözləmədiyim bir şəkildə siyirtmə çıxdı və içindəki gümüş dəstlər böyük bir şaqqıltıyla yerə töküldü. İndi artıq səs-küyə heç fikir vermədən hamısını necə gəldi götürüb çamadanın yanına apardım. Gedərkən iki-üç qaşıq da yerə düşdü. Əlimdəkiləri çamadanın içinə ataraq düşənləri yığmaq üçün geriyə, yemək otağına qaçdım. Otağın ortasında, qapıları, siyirtmələri açılmış
bufetin qarşısında dayanan Maqdanı görüncə, olduğum yerdə çaxılıb qaldım. Donmuş gözlərlə
Maqdaya baxırdım.
17
Səsini çıxarmadan mənə uzun-uzadı baxdı. Çox qorxmuşdu; tez-tez nəfəs alır, özünü ələ almağa çalışırdı.
–Ervin, – batıq bir səslə dedi, – Ervin! Bu halın nədir belə? Necə bu hala gələ bildin? Bu qədər vaxt ərzində haradaydın? Ah, Ervin, Ervin, sənə görə necə narahat oldum! Bir-birimizi yenidən beləmi görəcəkdik! Hər şeyi məhv etmə! Dön mənə yenə. Sənə əlimdən gəldiyi qədər kömək etmək istəyirəm.
Çox səbirli olacağam, səninlə bir daha heç dalaşmayacağam. .
Getdikcə daha sürətli danışırdı, təngnəfəs idi, mənə yalvarışlı nəzərlərlə baxırdı.
Halbuki mənim içimdə daha fərqli hisslər qaynaşırdı. Mavi ipək geyimiylə yuxudan yanaqları çəhrayılaşmış bu baxımlı qadını qarşımda gördükcə qəzəb, nifrət, iyrənmə hissi məni bürüdü. . O
hədsiz baxımlı, mənsə natəmiz, leş qarğası kimi iy verən bir adam idim!. . Onun bu sözləri məni duyğulandırmaq əvəzinə mənasız bir qəzəbə düçar edir, ondan daha da uzaqlaşdırırdı. Bir zamanlar eyni şəraitdə yaşayırdıq, amma indi hər şey onun əlində idi və mən yoxluğa namizəd bir insandım.
Hirslə Maqdanın üzərinə doğru gedərkən yerdəki gümüş çömçəyə ilişib səndələdim, az qala yıxılacaqdım. Gözlərim dönmüşdü, dəli kimi çömçəyə baxdım, sonra bir addım geri gedərək ayağımla çömçənin üstünə basıb əzdim. Maqda yüngülcə qışqırdı. Mənsə sürətlə ona doğru yönələrək yumruğumu qaldırıb qışqırdım:
–Bəli, dönməyimi istəyirsən, sənə dönməyimi istəyirsən! Yaxşı, nə edəcəksən sonra? Sonra nə
olacaq? – Yumruğumu xeyli üzünə yaxınlaşdırıb silkələyirdim. – Sonra məni yatağa aparacaq,
yatmağımı gözləyəcəksən. Mən yatdıqdan sonra da həkimləri çağırdıb, məni ömrüm boyunca əyyaşların xəstəxanasına yatırdacaqsan. Bundan sonra da gördüyün işlərlə fəxr edərək dişini ağardacaq, sərvətimi ələ keçirib dilədiyini edəcəksən. Bəli, sən bunu istəyirsən.
Nəfəsim tıncıxmışdı, dayanıb üzünə baxdım. O da dönüb baxdı. İndi üzü dümağ olmuşdu, amma mənim bütün bu çılğın davranışımdan və yumruqla təhdidimdən heç qorxmadığını görürdüm. Birdən həyəcanım azaldı, sakit və soyuq bir səslə:
–Sənin nə olduğunu deyimmi? Çox adi, iylənmiş bir leşsən, bax üzünə deyirəm!
Tükünü belə tərpətmədən baxırdı.
–Sən xainsən, həkimləri üzərimə saldırtmaqla evliliyimizə xəyanət etdin. Üzünə tüpürməliydim sənin, tfu sənə, şeytan arvad!
Yenə baxdı, sonra tələsik:
–Bəli, həkimləri mən göndərdim, amma sənə xəyanət etmək üçün deyil, səni qurtarmaq üçün, əgər hələ qurtarılacaq bir tərəfin varsa. . Amma bir damla olsun anlayışın qalmış olsaydı, sənin yaxşılığın üçün belə davranmış olduğumu görərdin. Bu vəziyyətdə bir ay, bəlkə bir həftə belə yaşaya bilməzsən. .
Sözünü kəsdim, onu lağa qoyub güldüm:
–Bir ay, bəlkə bir həftə belə deyil, hə? Hələ illərcə bu cür yaşayacağam. Hər şeyə dözəcək, təkcə
sənin acığına yaşayacağam, bax sənin acığına!
Ona doğru xeyli əyilərək:
–Bir daha lül-qəmbər sərxoş olunca nə edəcəyimi bilirsənmi? – dedim. – Qoy sənə deyim: Pəncərənin önünə gələrək qışqıra-qışqıra hər kəsə sənin bir xain, sənin acgöz leş düşkünü olduğunu, pulumda gözünün qaldığını, ölümümü gözlədiyini deyəcəyəm. .
–Bəli, – hirslə dedi, – inanıram buna, artıq belə şeylər edəcək vəziyyətə gəlmisən. Amma o zaman təkcə yerin əyyaşlar xəstəxanası yox, həbsxana olar. Kim bilir, – sonra o da lağla əlavə etdi: – Bəlkə
sənin üçün daha yaxşı olar.
–Nə? – deyə qışqırdım, qan beynimə sıçramışdı. – İndi də məni həbsə göndərməyə çalışırsan, hə?
Bir daha deyə bilməyəcəksən bunu! Göstərəcəyəm sənə… – Maqdanı tutdum, gözüm dönmüşdü.
Boğazından yapışmaq istəyirdim, amma var gücüylə müqavimət göstərirdi. Həqiqətən ən azı mənim qədər qüvvətli idi, hətta məni bu sərxoşluğumla yerə sərə bilərdi. Boğuşurduq, bir zamanlar sevmiş
olduğum, indi isə düşmən kəsildiyim bu bədənə bu qədər yaxın olmaqla qamçılanmış kimi oldum.
Bədənimə dəyən döşləri, dolğun əndamı! Beynimdən ildırım kimi bir düşüncə keçdi: “İndi birdən-birə
tutub onu öpsəm, qulağına onu sevdiyimi, onunla sevişmək istədiyimi desəm necə olar? İnanarmı, görəsən?”
Qulağına pıçıldadım:
–Sabah gecə gəlib səni öldürəcəyəm. Çox səssiz gələcəyəm. .
–Xeyr, xeyr, lazım deyil, Else, – deyə Maqda qışqırdı. – Təkbaşıma öhdəsindən gələrəm! Siz həkim Mansfeldə və polisə zəng edin, mən onu tuturam!
Təəccüblə arxaya döndüm. Həqiqətən Else səs-küyümüzə oyanıb orada dayanırdı, çox gözəl idi.
Dərhal zaldakı telefona qaçdı. Maqdanı qəzəblə itələyib əlindən qurtuldum.
–Məni hələ uzun müddət ələ keçirə bilməyəcəksən, Maqda! – deyə qışqırdım.
Sürətlə Maqdanı itələdim, arxası üstə yıxıldı.
Dərhal ortalığa tökülmüş gümüşləri, bayaq ayağımla qırmış olduğum çömçəni də götürərək zala qaçdım. Hamısını çamadana dürtüb çətinliklə qapağını bağladım. O an Maqda özünü yetirdi.
–Apara bilməzsən onları! Gümüşlərim burada qalacaq, bunları da içkiyə verə bilməzsən! – deyirdi.
Bir metr aralıda Elsenin telefonda həyəcanla:
–Arvadını öldürmək istəyir, – dediyini eşitdim.
Ürəyimdə dedim ki, ilahi, bu qız neyləyir.
Bu arada Maqda əlimdəki çamadandan yapışdı. İkimiz də dartmağa başladıq. Birdən-birə heç gözləmədiyi bir anda buraxdım, yenə tarazlığını itirərək yerə diyirləndi. Əlindən çamadanı çəkib aldım, yerdə uzanan Maqdaya bir neçə təpik vurdum, sonra qapıya doğru qaçaraq ayaqqabılarımı qapıb corablarla çölə atıldım. Prospektə gəldikdə bir anlığa dayandım.
–Çamadanı mənə verin, cənab, – Polakovski o yumşaq səsiylə dedi. – Mən öndən qaçacağam.
Haydı, tez olun, qadınlar gəlir!
Verilən əmrləri yerinə yetirən bir robot kimi heç bir şey düşünmədən uzatdım çamadanı, qapıb qaçmağa başladı. Mən də ayaqlarımda corablarla arxasınca götürüldüm. İkimiz də gecənin qaranlığına baş vurduq.
18
Polakovski əlindəki çamadanımla qaçırdı. İlk yoldan dönərək köhnə şəhərə girdi. Qeyri-adi bir sürətlə heç gözlənilməyən anlarda, birdən tinlərdə dönür, kiçik küçələrin arasıyla dayanmadan qaçırdı.
Mən də onun arxasınca qaçırdım. Ətraf çox qaranlıq idi. Ancaq ayaqqabılarının çıxartdığı səsdən onu izləyə bilirdim. Polakovski mənə sezdirmədən izini itirmək istəyirdi. Çamadanla birlikdə yox olmaq, məni bu halımla küçələrdə çarəsiz buraxmaq niyyətində olduğundan qəti əmin idim. Corablarla qaçdığımdan ayaq səslərimi eşitmədiyi üçün, həqiqətən məni sovuşdurduğunu zənn edirdi. Bir ara nəfəsini dərmək üçün dayandığı zaman tez özümü ona yetirib nə üçün belə mənasız yerə qaçdığını soruşdum. Arxamızca kimsə gəlmirdi ki!
Namussuz hərif o qədər nanəcib bir adam idi ki, gözləmədiyi halda məni yanında gördüyü halda, özünü o yerə qoymayıb o da mənə sualla cavab verdi:
–Qadınlarla səs-küy çıxmadımı? Qışqırıb-bağırmadılarmı? Bəs siz onlara nə etdiniz?
–Mənə verdiyiniz öyüdü yerinə yetirməkdən başqa bir şey etmədim, Polakovski, – deyə güldüm. -
Arvadımı da bir az qorxutmağa çalışdım, amma çox işə yaramadı. Üstəlik, bir qadının gümüşlərini əlindən almağa çalışarsınızsa, əlbəttə, etiraz edər. Bəli, Polakovski, gümüşləri götürdüm.
Özünü əhəmiyyətsiz yanaşırmış kimi göstərərək:
–Eləmi? – deyə soruşdu. – Baxaq pul gətirəcək növdəndirmi? Gümüş əşyalar ümumiyyətlə yüngül və içi boş olur ya da forması artıq köhnəlib. Əritmək üçün alınan gümüşlər bir neçə markdan çox pula dəyməz.
–Bu işlə məşğul olmağınıza gərək yoxdur, Polakovski, – hirslə dedim. – Mən gümüşlərimi sizin köməyiniz olmadan qiymətləndirəcəyəm, əgər qəti şəkildə satmağa qərar versəm. . Hələ satıb-satmamağa qərar verməmişəm. Bəli, artıq çamadanımı tək daşıya bilərəm.
Bu söhbət əsnasında ayaqqabılarımı geyinmişdim. Polakovskinin yaltaqlıqla etiraz etməsinə
baxmayaraq çamadanı əlindən aldım. Nəhayət, bu həriflə necə danışmalı olduğumu öyrənmişdim.
Zənnimcə, bunda içkinin də payı vardı. Polakovski indi də əvvəlki yaltaq qiyafətinə büründü, özünün yazıq, kasıb bir işçi olduğunu, mənim kimi əsl ziyalı bir adamla heç bir məsələdə başa çıxa bilməyəcəyini deyirdi. Əlbəttə, mənim gümüşlərim yaxşı, çox yaxşı olmalıydı, mənim kimi bir adamın pis gümüşləri olmasını düşünməklə çox axmaqlıq edibmiş, buna görə onu bağışlamalıyam.
Yaltaqlanmalarına heç fikir verməyib, ona cavab belə vermirdim, bu onu daha da narahat edirdi.
Halbuki, gülməmək üçün özümü güclə saxlayırdım.
Evə gəldikdə Polakovski həqiqətən hazırlamış olduğu araq şüşəsini hələ heç mən istəmədən gətirib verdi. Əlimi cibimə ataraq soruşdum:
–Neçəyədir?
–İki yarım mark! – deyə təvazökarlıqla pıçıldadı.
–Alın pulunuzu! – dedim. – Bir də mənə belə ucuz araqlardan gətirməyin! Başqa bir borcum varmı? – Hər şeyin ödəndiyini bildirdi. – Çox yaxşı, indi məni tək buraxın, yatmaq istəyirəm.
Otaqdan çıxıb qapını arxasınca örtdü. Artıq hərifin boynunu bükməyi öyrənmişdim.
O gecə gözümə yuxu getmədi, heç araq da içmək istəmirdim. Sərxoş olmaq istəyi heç anlamadığım çox qəribə səbəblərə görə qısa müddətə ortadan qalxmışdı. Bir zamanların canlı işadamı içimdə
yenidən özünü göstərirdi. Bəlkə də bu vəziyyət Maqda ilə aramızda baş verənlərə görə
həyəcanlanmağımdan irəli gəlirdi, əlimdən gəldiyi qədər Maqdanı düşünməməyə çalışırdım. Bir müddət dalğın-dalğın divanda oturub qaldım. Bu gecə baş verən hadisələrdən sonra artıq evə dönə
bilməyəcəyim aydın idi. Spirtli içkiyə aludəçilikdən qurtulub sağlam bir insan kimi yenidən Maqdanın və həkimlərin qarşısına çıxma planım suya düşmüşdü. Onsuz da ayıq olduğum zamanlar özüm belə
sərxoş başla qurduğum bu planlara inanmırdım. Amma burada, Polakovskinin evində uzun müddət qalmaq iyrənc, qorxunc bir şey idi. Başqa bir yol tapmalıydım. Başımda önümdəki iyirmi dörd saat içində nələri etməli olduğum barədə plan qururdum. Bu işlərin öhdəsindən gələ bilmək üçün ayıq olmalıydım.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?