Текст книги "Albaniya və Azərbaycandakı Albanlar"
Автор книги: Əli Şamil
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Əhməd Triniç haqqında oxuduqlarım, eşitdiklərim
Uzun illər Əhməd Bedin Triniç haqqında yazmağı düşündüm, sənədlər topladım. Onun haqqında oxuduğum və eşitdiklərim o qədər qarışıq idi ki, aydınlaşdıra bilmədiyimdən yazmağa başladığım üç-beş səhifəni cırıb atırdım. Buna səbəb onun 1928-1935-ci illərdəki çıxışları olurdu. Əsəbiləşməyimə, tərəddüdlərimə baxmayaraq bu ziddiyyətli insanı daha yaxından tanımaq üçün məktub alıb Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (keçmiş KQB-nin) arxivinə getdim. Onun istintaq materialları ilə tanış oldum. Oradakı sorğu-sual da Əhməd Triniçin ömür yolunu, xarakterini tam aydınlatmadı. İstintaq materialları ilə tanış olanda gördüm ki, övladları atalarına bəraət verilməsini istəyiblər. Əhməd Triniçin istintaq materialları ilə tanış olan Qulam Məmmədli Əhməd Rəcəb oğlu Triniçə bəraət verilməsini məqsədəuyğun saymayıb.
Ədalət Tahirzadə də Əhməd Bedi Triniçin Moskvada yaşayan qızı və oğlundan xeyli söhbət etmişdi. Qulam Məmmədli, Teyyub Qurban, Adıgözəl Məmmədov, Aslan Kənan, Vilayət Quliyev, Lütfiyyə Əsgərova və b. məqalə və kitablarında Əhməd Triniçin ömür yolundan söz açmışlar. Adını çəkdiyim müəlliflər 1920-1950-ci illər tariximizin ən yaxşı araşdırmaçıları olmalarına baxmayaraq onlar da Əhməd Triniçin həyat yolundakı dolaşıqlığa tam aydınlıq gətirə bilməmişlər. Çünki əldə yetərincə sənəd yoxdur. Mən də bu mövzuya aydınlıq gətirə bilməyəcəm. Sadəcə, onun həyatındakı ziddiyyətli, qaranlıq cəhətləri gündəmə gətirməyə çalışacam.
Əhməd Triniçin KGB arxivindəki istintaq işi
Şək. 13 Əhməd Triniç
Arxivdəki PS-1622 saylı istintaq işində KQB əməkdaşı Tevosyanın hazırladığı 1936-cı il aprelin 21-də “tam məxfi” qrifli qərarda göstərilir ki, 1893-cü ildə Albaniyanın Üsküb (indi Makedoniyanın paytaxtıdır və Skopya yazılır – Ə.Ş.) şəhərində doğulmuş Əhməd Rəcəb oğlu Triniç Böyük Qala küçəsi, ev 45, mənzil 1-də yaşayır. Milliyətcə albandır. Sovet vətəndaşıdır. 1919-cu ildən Ümumittifaq Kommunist Partiyasının üzvüdür, işsizdir. Oğlu Fridrixin 3, qızı Mayanın 11 yaşı var. 1936-cı il aprelin 19-da həbs edilməsi haqqında 407 saylı order yazılıb(AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi).
Həbs edilməsi nəzərdə tutulan şəxslərin mənzillərində axtarış aparılması haqqında orderləri görmüşdüm, amma birinci dəfə idi ki, həbs edilməsi planlaşdırılan şəxslə bağla 8 evdə axtarış aparılması orderinə rast gəlməmişdim. Bunlar İçərişəhərdə, Böyük Qala küçəsi 45-də yaşayan Neymət Kamal Məlikovanın, Lebedinski döngəsi 7, ev 163-də yaşayan Tatyana Vasilyevna Triniç-Roxlinanın, 9-cu Kanitapinskaya 279-cu məhəllə, mənzil 80-də yaşayan M.D.Triniçin, Karantinnıy 93-də yaşayan T.D.Akopovanın, Şahski döngəsi 12-də yaşayan S.Sultanova-Musayeva və b. evlərdir (AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi). Onlardan birincisi bacısının, ikinci və üçüncüsü evləndiyi qadınların evləridir. O birilərinin Əhməd Triniçlə hansı bağlılığı olduğunu müəyyənləşdirə bilmədim.
8 evdən yalnız 9-cu Kanitapinskaya 279-cu məhəllə, mənzil 80-də yaşayan M.D.Triniçin evində Əhməd Triniçə aid vəsiqələr, döş nişanı, rus dilində əlyazmaları, türk dilində qeydləri, fotoşəkillər tapılmışdır. Bunlardan Əhməd Triniçin 1919-cu ildə Azərbaycan Cümhuriyyəti Parlamentinə yazdığı ərizə və bacısı Neymət Kamala yazdığı məktub ekspertizaya göndərilmişdir (AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi).
AzFAN-ın (o dövrdə Sovet Sosialist Respublikaları İttifaqı EA-nın Azərbaycan Filialının rusca qısaldılmış adı belə yazılırdı – Ə.Ş.) elmi katibi Hənəfi Zeynallıdan, Lenin və Stalin adına İnstitutun (indiki Azərbaycan Dövlət Siyasi Partiyalar və İctimai Təşkilatlar Arxivi – Ə.Ş.) bölmə müdiri Sami Kamaldan, KQB işçisi Sadıq Qafarlıdan ibarət ekspert rəy verib ki, hər iki mətn eyni xəttlə yazılıb.
Əhməd Triniç Azərbaycan Sovet Sosialist Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə, yəni vətənə xəyanətdə suçlanaraq həbs edilib. Lakin istintaqda Əhməd Triniçin casusluğunu və vətənə xəyanətini təsdiq edən ciddi bir dəlil tapılmayıb. Buna görə də müstəntiqlər diqqəti Azərbaycan Cümhuriyyəti Parlamentinə yazdığı ərizəyə və Əhməd Triniçin 1918-ci ildə Qubadakı fəaliyyətinə yönəldiblər.
Uşaqlığı və gəncliyi
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin Arxivindəki PS-1622 saylı cinayət işində Əhməd Triniç müstəntiqin sualına cavab olaraq bildirir ki, 1893-cü ildə Üsküpdə (Skopye) kasıb bir ailədə doğulub. Atası Rəcəb fransız tütün monopolyasında gözətçi işləyib. Qaçaqmalçılar tərəfindən öldürülüb. Anası misirli müəllimə ərə getdikdən sonra Solonikə köçüb. Buna görə də o, nənəsinin himayəsində böyüyüb. Anası vəfat edib. Əhməd Triniç nədənsə anasının ölüm tarixini və harada öldüyünü yazmayıb. Üsküpdəki ibtidai məktəbdə özünün və bacısının pulsuz təhsil aldığını söyləyib.
Mir Cəfər Bağırovla bağlı bir neçə kitab və onlarla məqalə yazan Adıgözəl Məmmədov Əhməd Triniçdən də geniş söz açıb. O, Əhməd Triniçin oğlu Fridrixlə Moskvada görüşüb. Atası həbs ediləndən sonra anası ilə Moskvaya köçən Fridrix ali təhsil alıb və elmi işlə məşğul olub. Fridrix Triniçin araşdırıcıya verdiyi xatirələrdə isə yazılıb: “Atam Əhməd Bedin Triniç məşhur və varlı bir nəsildən olan albandır. Albaniyanın digər tanınmış bir nəsli ilə aralarında qan düşmənçiliyi olmuşdur. Onun qan qisasından qorxan nənəsi bir oğlan və bir qız nəvəsi ilə Türkiyəyə – atamın zabit məktəbini bitirdiyi ölkəyə gedib”. (Məmmədov, A., 2017: 3 aprel, https://publika.az/news/maraqlitarix/30792.html).
Sovetlər Birliyi fəhlə-kəndli, kasıb-füqəra hökuməti olduğunu elan etdiyindən rəhbər vəzifə tutmaq istəyənlər də, sıravi adamlar da öz keçmişlərini bu tələblərə uyğun yazırdılar. Çox vaxt nəsillərini danır, həqiqətləri gizlədirdilər. Əhməd Triniç də müxtəlif vaxtlarda yazdığı özkeçmişlərində və istintaqa verdiyi ifadədə varlı ailədən olduğunu gizlədib. Fridrix Triniç isə xatirələrini Sovetlər Birliyi dağıldıqdan sonra qələmə alıb. Buna görə də onun yazdığını daha inandırıcı saymaq olar.
Avropanın inkişaf etmiş dövlətləri dünyanı yenidən bölüşdürmək istəyərkən Osmanlının onlara əngəl törətdiyini görürdülər. Onlar Osmanlı dövlətini çökdürmək üçün həm Avropayönlü özlərini islahat tərəfdarı adlandıran müxalif qüvvələri dəstəkləyir, həm də ölkə daxilindəki xristian xalqlarının şovinistlərini şirnikləndirərək üsyanlar təşkil edirlər. Bu üsyanların ən fəal iştirakçıları serb, yunan, bolqar, erməni şovinistləri idi. Qəribə burası idi ki, Osmanlı dövlətində həmişə yüksək mövqe tutan albanların (arnavutlar) çoxu da onlara qoşulmuşdu. Balkanlarda xarici dövlətlərin fitnəsilə baş verən üsyanlar milli azadlıq mübarizəsi kimi təqdim edilirdi. Milli azadlıq hərəkatı adlandırılan bu üsyanlarda minlərlə günahsız dinc sakin öldürüldü, yurd-yuvasından didərgin salındı. Həmişə bu işlər hakimiyyət orqanları tərəfindən cəza kimi həyata keçirildiyi halda, bu dəfə üsyana başlamış qüvvələrin silahlı dəstələri tərəfindən törədildi. Onlar xalqlar arasında milli və dini nifaq saldılar, qırğınlar törətdilər. Balkanlardan on minlərlə türk və müsəlman ailəsi ev-eşiklərini, torpaqlarını, var-dövlətlərini ataraq canlarını götürüb Osmanlı dövlətinin içərilərinə doğru qaçmaq məcburiyyətində qaldılar.
Əhməd Triniç alban olsa da Üsküpdə (Skopye) yaşamağın təhlükəli olduğunu görürdü. O, yunan silahlı dəstələrinin amansız divanından qorunmaq üçün misirli müəllim, dindar Sabəhəddin Əfəndi evləndiyi xanımın övladı Əhmədi, bacısını və onların nənəsini öz ailəsi ilə birlikdə 1912-ci ildə İstanbula gətirir. Albanların çoxu Osmanlı dövlətinə nifrət etdiyi bir dövrdə paytaxtda onlara qayğı ilə yanaşırlar. Hökumətin Balkan köçkünləri üçün verdiyi imtiyazlardan bəhrələnirlər. Belə ki, bacısı imtahan verərək müəllimlər seminariyasına qəbul olunur. Əhməd isə Balıkəsirdəki liseydə oxuyur. Hər ikisi də pulsuz təhsil alırlar (AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi).
Hərbi xidməti və əsirliyi
Yazdığı özkeçmişlərindən və istintaqa verdiyi ifadədən aydın olur ki, Birinci Dünya Savaşı başlayanda Əhməd Triniç altı aylıq çavuşluq kursuna yazılıb. 1915-ci ildə kursu başa vuraraq Dardanel cəbhəsinə gedib. Orada iki-üç həftə qaldıqdan sonra Suriya cəbhəsinə göndərilib. Yolüstü Bitlis şəhərində olarkən, yəni 1915-ci ilin sonlarında rus ordusuna əsir düşüb (AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi). Burada anlaşılmayan bəzi məsələlər var. Birincisi, Suriyadakı cəbhəyə göndərilmiş çavuş niyə Bitlisə gedib? İkincisi, özü könüllü təslim olub, yoxsa döyüşərək əsir düşüb? Müstəntiq də bu məsələyə aydınlıq gətirmək üçün əlavə sual verməyib… Bu və sonralar baş vermiş bəzi hadisələr onun əsir düşməsinə şübhə ilə yanaşmağa əsas verir.
Əhməd Triniç izahatında yazıb ki, onları öncə Tbilisiyə, oradan da Nerexte şəhərindəki (Kostroma vilayəti) əsir düşərgəsinə aparıblar. Ruslar əsirlikdəki türklərlə sərt və qəddar davrandıqları halda, sarışınlığına və alban olduğuna görə onu incitməyiblər (AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi).
Əsir düşərgəsində incidilməyən Əhməd Triniç idarəolunmaz hala gəlmiş, tətil və mitinqlərin baş alıb getdiyi Rusiyadakı şəraitdən yararlanıb. Əhməd Triniçin dediyinə görə, Nerexte şəhərindəki əsir düşərgəsindəki qeyri türklərə, yəni albanlara, makedonlara, ərəblərə, çərkəzlərə və b. sərbəst hərəkət etmək imkanı verilib. “Sərbəst hərəkət etmək imkanı” verildiyi dövrdə, yəni 1917-ci ilin noyabrınadək Əhməd Triniçin kimlərlə yoldaşlıq etdiyi, harada yaşadığı haqqında əlimizdə elə bir bilgi yoxdur. Orada bolşeviklərlə və ya hər hansı bir sosialist qruplaşması ilə tanışlığı, ünsiyyəti olsaydı yəqin ki, Kommunist Partiyası sıralarına keçəndə, partiyada “çistka” (təmizləmə) aparılanda və ya istintaqda bunu qeyd edərdi.
Əsir düşərgəsində rus dilini öyrənən Əhməd Triniç izahatında yazır ki, bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra sərbəstliyimiz daha da artdı. Bundan istifadə edərək üç yoldaş Moskvaya getdik. Onlardan iki zabit Moskvada qaldı, mən isə Bakıya gəldim (AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi).
Qəribə burasıdır ki, Əhməd Triniç Moskvaya gedən zabitlərin adlarını çəkmədiyi kimi, haraya, kimlərin yanına getdiklərini də söyləməyib. Hər sözü çək-çevir edən müstəntiqlər də bu məsələnin üzərindən də sükutla keçiblər.
Ona olan xoş münasibət, rahatlıqla Bakıya gələ bilməsi, sonrakı fəaliyyətində olan qaranlıq məqamlar sual doğurur: doğrudanmı alban olduğuna görə Əhməd Triniçlə sərt, kobud davranmayıblar? Yoxsa o həbsxana nəzarətçiləri, Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib? Bu suala cavab verə biləcək sənədlər tapa bilmədim.
Əhməd Triniç Bakıya gələnədək Azərbaycanın ictimai-siyasi durumu
20-ci yüzil qarışıqlar, üsyanlar, inqilablar, Dünya Savaşları ilə tarixə imzasını qoydu. Dünyanın inkişaf etmiş dövlətləri yeni müstəmləkələr əldə etmək üçün məhəlli savaşlarla kifayətlənmirdilər. Dünyanı yenidən bölmək üçün böyük savaşlara hazırlaşırdılar. Avropada Antanta və Üçlər İttifaqı deyilən güc mərkəzləri formalaşmışdı.
1914-cü ildə başlayan Birinci Dünya Savaşı milyonlarla insanın ölümünə, şəhər və kəndlərin dağılmasına səbəb olmuşdu. Savaşda məğlub tərəf olan Osmanlı dövləti ərazisinin çoxunu itirmişdi. Qaliblərlə eyni ittifaqda olan çar Rusiyasının da durumu məğlub Osmanlı dövlətindən o qədər seçilmirdi. İmperiya ərazisinin çoxunu itirmiş, ölkəni vətəndaş savaşı bürümüşdü. Bu azmış kimi vətəndaş itaətsizliyi də baş alıb gedirdi.
1917-ci ildə Peterburqda baş verən inqilab ölkəni bürümüş qarğaşanı daha da artırıb. Peterburqda fevralın 23-də fəhlələrin başladığı tətil və nümayişlərə dörd gün sonra əsgər və zabitlər də qoşulub. Fevralın 28-də Dövlət Dumasının Müvəqqəti Komitəsi “Petroqradda qayda-qanun yaratmaq, idarə və şəxslərlə əlaqələri təmin etmək” məqsədilə hökumətin funksiyalarını öz üzərinə götürdüyü barədə bəyanat verib. Martın 2-də isə İkinci Nikolay taxt-tacdan əl çəkdiyi haqqda manifest imzalayıb.
Yeni yaradılan Müvəqqəti Hökumət islahatlar həyata keçirməyi planlayıb. Müəssislər Məclisinə seçkilər üçün əsasnamə hazırlayıb. Demokratik idarəetmə aparatı yaratmaq haqqında qanunlar qəbul edib. Bu qanunların biri də Rusiya İmperiyasının Güney Qafqazdakı canişinliyinin ləğv edilib yerində Zaqafqaziya (Güney Qafqaz) Xüsusi Komitəsi yaradılması olub. 1917-ci il martın 9-da işə başlayan Zaqafqaziya Xüsusi Komitəsi martın 15-də keçmiş dövlət idarələrinin fəaliyyətini dayandırıb. Canişini vəzifədən gedib. Tiflis polisinin rəisi həbs edilib. Peterburqda yaradılmış Müvəqqəti Hökumət Güney Qafqazda idarəetməni öz əlində saxlamaq üçün 1917-ci il martın 22-də Dövlət Dumasının üzvlərindən ibarət Xüsusi Zaqafqaziya Komitəsini yaradıb (Rüstəmova-Tohidi, 2013:47–48).
Xüsusi Zaqafqaziya Komitəsini əlində real hakimiyyət, güc olmadığından Sovetlər və digər inqilabi təşkilatlar hakimiyyət ələ almağa can atırdı. 1917-ci il martın 16-da RSDFP-in Qafqaz Diyar Komitəsi konfrans çağıraraq Güney Qafqazda “sosialist işinə” rəhbərlik etmək üçün İcraiyyə Komitəsini seçdi, martın 18-də isə hökumətin vəzifələrini yerinə yetirməli olan Tiflis Fəhlə və Əsgər Deputatları Soveti yaratdılar.
Siyasi partiyalar fərqli mövqedən çıxış edirdilər. Menşeviklər Fəhlə, Əsgər və Kəndli Sovetlərini burjuaziya nümayəndələri ilə əməkdaşlıq əsasında yaradılmasını, eserlər Müvəqqəti Hökumətdə yaranmaqda olan yerli orqanlara Fəhlə və Əsgər Deputatları Sovetlərinin nəzarət etməsini istəyirdilər. Bolşeviklər isə öncə eserlərin tərəfində dursalar da, sonradan hakimiyyəti özləri ələ almağa çalışdılar.
1917-ci il martın 19-da Bakıda Fəhlə Deputatları Soveti yaradıldı. Sovetlə yanaşı İctimai Təşkilatların İcraiyyə Komitəsi də təşkil edildi. Bu təşkilata milli partiya və qruplar, həmçinin Neft Sənayeçiləri İttifaqının, Bakı şəhər Sovetinin və digər təşkilatların nümayəndələri daxil idi. Bakı Sovetinin sədri Stepan Şaumyan seçilmişdi, lakin tezliklə onu bu vəzifədə eser Sako Saakyan əvəz etdi (Rüstəmova-Tohidi, 2013:47–48).
Müsəlmanların siyasi təşkilatları da yaranmış imkandan istifadə edərək milli azadlıq hərəkatını gücləndirməyə çalışdılar. Bunun üçün Rusiya müsəlmanlarının siyasi qüvvələrini birləşdirməyə can atırdılar. 1917-ci il martın 27-də Bakı Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi yaradılmışdı. Komitə yerli özünüidarə orqanlarında və Müəssislər Məclisində müsəlmanların proporsional şəkildə təmsil olunmasını istəyirdi. Lakin onların bu qanuni istəyinə bolşeviklər, menşeviklər və eserlər əngəl olurdular. Fikirlərini də belə əsaslandırırdılar ki, müsəlmanlar arasında savadsızlar çox olduğundan onlar səsvermədə fəal və obyektiv iştirak edə bilməzlər.
Müvəqqəti Hökumətin 1917-ci il 25 mart tarixli qərarına uyğun olaraq mayın 21-də Bakı Ərzaq Komitəsinə keçirilmiş seçkilər isə bunun əksini göstərdi. Belə ki, seçkidə müsəlman bloku 29735 səs, sosialistlər (menşeviklər, eserlər, bolşeviklər, daşnaklar) 18061, kadetlər isə 1028 səs topladı (Azərbaycan tarixi, 2008:224, 5-ci cild). Müsəlmanların siyasi fəallığı özlərini inqilabçı adlandıran, lakin imperiya təfəkküründən xilas ola bilməyən menşeviklər, eserlər, bolşeviklər, daşnaklar və kadetləri bərk narahat edir, onlar müsəlmanların siyasi və ictimai təşkilatlarını əksinqilabçı adlandırırdılar. Halbuki, aprelin 20-də keçirilmiş Qafqaz Müsəlmanları Qurultayında qəbul edilmiş qətnamədə yazılmışdı: “Əsgər və Fəhlə Deputatları Sovetinin razılığı ilə bəyan etdiyi prinsipləri ardıcıl və dönmədən həyata keçirəcəyi müddətdə onun bütün tədbirlərini hər cəhətdən müdafiə etməyi zəruri sayır” (Azərbaycan tarixi, 2008:226, 5-ci cild).
Sovet idarəçiliyində Azərbaycan türklərinin azlıq təşkil etməsi Azərbaycan xalqının milli mənafeyinə xidmət etmirdi. Eser, menşevik, daşnak blokunun rəhbərlik etdiyi Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin rəhbər heyəti ruslardan, rusdilli qeyri-müsəlmanlardan və erməni millətçilərindən ibarət idi və onlar “vahid və bölünməz Rusiya” ideyasını təbliğ edirdilər.
Azərbaycanda yaranmış siyasi partiyalar milli mənafe naminə idarəetmə orqanlarında daha çox yer tutmağa can atırdılar. “Müsavat” Partiyası xalq arasında güclü iş apardığına görə 1917-ci ilin payızında Azərbaycanda milli-demokratik hərəkata başçılıq edən, sinfi və sosial mövqeyindən asılı olmayaraq cəmiyyətinin müxtəlif təbəqələrini öz arxasınca apara bilən siyasi təşkilata çevrilmişdi.
Sovetlər çarizmin müsəlman xalqlarına qarşı yeritdiyi müstəmləkəçilik siyasətini “daha incə və daha qapalı” şəkildə davam etdirir, Azərbaycan xalqını separatizmdə təqsirləndirir, milli azadlıq hərəkatını boğmağa çalışırdı. Lakin tarixin çarxı başqa yöndə fırlanırdı. Rəqiblərinin sıxışdırıb sıradan çıxarmaq istədiyi milli partiyaların tərəfdarlarının sayı gündən-günə artırdı. Bu təşkilatların əhatə etdiyi bölgələr də sürətlə böyüyürdü.
Güney Qafqazda aparıcı milli təşkilata çevrilən “Müsavat” Partiyasının Bakı Sovetinə və Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə qazandığı qələbə rəqiblərini çətin vəziyyətdə qoymuşdu. 1917-ci il oktyabrın 22-də Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər 3823, eserlər 6305, menşeviklər 687, daşnaksutun 5288 səs toplaya bildiyi halda, “Müsavat” Partiyası 9617 səs toplayaraq ümumu səslərin 40 faizini əldə edə bilmişdi (Həsənli, C., 2009:16).
1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) Petroqradda bolşeviklər silah gücünə Müvəqqəti Hökuməti devirdilər və İkinci Sovetlər qurultayında (25–26 oktyabr) Sülh və Torpaq haqqında dekretlər qəbul etdiklərini bildirdilər. Lakin Rusiyanın hər yerində bolşeviklər Petroqraddakı məsləkdaşlarının hərəkətlərini təkrarlaya bilmədilər.
Bakı Soveti ən güclü təşkilat sayılmasına baxmayaraq, Fəhlə və Əsgər Deputatları Sovetinin 1917-ci il oktyabrın 27-də keçirilən fövqəladə yığıncağında bolşeviklər uduzdular. Onlar kəskin etiraz etsələr də menşevik-eser-daşnak bloku 168 səsə qarşı 246 səs toplayaraq Bakıda ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik Komitəsinin (İTK) yaradılması haqqında qərarın qəbuluna nail oldular. Hələ bu azmış kimi qaliblər bolşeviklərin Petroqraddakı silahlı çevrilişini qanunsuz saydılar. Onun dinc yolla ləğv olunmasını istədilər. “Müsavat” Partiyasını isə millətçilikdə təqsirləndirərək onunla hər hansı bir bloka girməyəcəklərini bildirdilər (Azərbaycan tarixi, 2008:237, 5-ci cild).
Sovet hakimiyyətinin “Rusiya xalqlarının hüquq bəyannaməsi” və “Rusiyanın bütün Şərqin müsəlmanlarına müraciət”i müsavatçıları bolşeviklərə tərəf çəkdi. Beləcə “Müsavat”ın dəstəyini alan bolşeviklər Xəzər ticarət donanmasında, bir sıra həmkarlar təşkilatlarında və şəhər qarnizonunda güclü təbliğat aparıb özlərinə tərəfdar toplaya bildilər. Bakı Sovetinin 1917-ci il noyabrın 2-də keçirilən toplantısında Sovetlərin Bakı şəhərinin ali hakimiyyət orqanı elan edilməsinə nail oldular. Noyabrın 22-də isə İctimai Təşkilatların İcraiyyə Komitəsi ləğv olundu.
Qazandıqları qələbədən fərəhlənən bolşeviklər Sovetlər vasitəsilə bölgədə təkpartiyalı sistem yaratmağa girişdilər. Onlar Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Şəhər Dumasını bolşevikləşmiş Sovetin rəqibi kimi görürdülər.
Antanta və ABŞ tərəfindən Sovet Rusiyasına qarşı hərbi müdaxilənin başladığı günlərdə Gürcüstan Sosial-Demokrat partiyasının (menşeviklər), “Müsavat” partiyasının, Daşnaksutun partiyasının və sağ eserlərin nümayəndələrinin toplantısı keçirildi. Noyabrın 11-də Tiflisdə keçirilən toplantıda ABŞ konsulu Smit, ingilis generalı Şor, fransız polkovniki Şardinyi və b. da iştirak etdilər. Əslində bu toplantı Güney Qafqazı bolşevik Rusiyasından ayırmaq məqsədi daşıyırdı (Azərbaycan tarixi, 2008:241, 5-ci cild).
Noyabrın 15-də Zaqafqaziya Komissarlığı yaradıldı. ABŞ konsulu Smit Vaşinqtona göndərdiyi məktubunda Zaqafqaziya Komissarlığını de-fakto tanımaq və antibolşevik qüvvələrə maliyyə yardımı göstərmək üçün Tiflisə 10 milyon dollar göndərməyi təklif edirdi. Noyabrın 15-də yaradılan Zaqafqaziya Komissarlığına Gürcüstandan Y.Gegeçqori (sədr) və A.Çxenkeli, Azərbaycandan F.X.Xoyski, M.Y.Cəfərov, X.Məlikaslanov, ermənilərdən T.Ter-Qazaryan, X.Karçikyan, A.Aqacanyan, sağ eserlərdən D.Donskoy daxil edildilər (Azərbaycan tarixi, 2008:240, 5-ci cild).
1917-ci il dekabrın 5-də Zaqafqaziya Komissarlığı ilə Osmanlı Hərbi Komandanlığı arasında Ərzincanda danışıqlar başlandı. 1918-ci il yanvarın 14-də isə Osmanlı komandanlığı Zaqafqaziya Komissarlığına tərəflər arasında sülh müqaviləsi bağlamaq haqqında danışıqları davam etdirməyi təklif etdi. Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vahib paşaya sülh danışıqları aparmaq istədiyini bildirən teleqram göndərdi. 1918-ci il fevralın 10-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların yığıncağında Zaqafqaziya Komissarlığının buraxılması və onun yerində Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edildi. Seymə müsavat, menşevik, daşnak, kadet, eser, sosial– federalist, ittihad, milli-demokrat, müsəlman sosialistləri bloku və “Hümmət” təşkilatı daxil idi. Müsavatın 30, müsəlman sosialist blokunun 7, hümmətçilərin 4, ittihadçıların isə 3 yeri olduğundan müsəlman partiyaları bloku seymin ən böyük təşkilatı idi.
Zaqafqaziya Seymi Y.H.Gegeçkori başda olmaqla Zaqafqaziya Hökumətini təşkil etdi. Qafqaz cəbhəsində vəziyyət və Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi məsələləri istər Seymin, istərsə də hökumətin fəaliyyətində əsas yer tuturdu (Azərbaycan tarixi, 2008:243, 5-ci cild).
Güney Qafqazın Rusiyadan ayrılma cəhdini bolşeviklər heç cür qəbul etmək istəmirdilər. Rusiya Xalq Komissarları Sovetinin sədri Vladimir Lenin Güney Qafqazda baş verən siyasi proseslərlə hesablaşmırdı. Rusiyanın mərkəzi vilayətlərində mövqelərini möhkəmlədə bilməmiş Xalq Komissarları Soveti 1917-ci il dekabrın 16-da “Qafqazda vəziyyət haqqında” mövzusunda müzakirə aparır, Bakı Sovetinin sədri erməni Stepan Şaumyanı “Qafqaz və Qərbi Ermənistan üzrə Fövqəladə Komissar” təyin edirdi. Bakı Soveti rəhbərliyi Qırmızı Ordu adı altında ermənilərdən hərbi birləşmələr yaradırdı. Bu bolşeviklərin verdikləri vədə əməl etməyəcəkləri, Rusiya İmperiyasının sərhədlərini bərpa etməyə can atmaları demək idi. Qafqaz xalqları isə yenidən imperiya əsarətinə düşmək istəmirdilər.
1918-ci ilin əvvəlində Güney Qafqazda baş verənlər qarşıdurmanı daha da gücləndirdi. Osmanlı cəbhəsindən qayıdan silahlı qüvvələrin və erməni könüllü hərbi birləşmələrinin sayəsində Bakı şəhərində bolşeviklər güclənir, ayrı-ayrı bölgələrdə isə fərqli siyası təşkilatlar nəzarəti əllərinə almağa can atırdılar.
Rusiya Birinci Dünya Savaşı ərəfəsində və döyüşlər gedən günlərdə ermənilərdən Osmanlı cəbhəsində istifadə etmək üçün bir neçə hərbi dəstə yaratmışdı. Onlar Osmanlı Dövləti ərazisindəki müsəlman kəndlərini dağıdır, dinc əhalini öldürür, ordunun təhcizat anbarlarına basqınlar təşkil edirdilər. 1918-ci il martın 3-də Brest-Litovsk anlaşmasından sonra Rusiya hərbi birləşmələrini Osmanlı cəbhəsindən geri çəkməyə başladı. Bu anlaşma ermənilərdən ibarət silahlı birləşmələri çətin vəziyyətdə qoydu. Rusyanın yardımından məhrum olan Erməni silahlı birləşmələri Osmanlı Ordusunun qarşısında duruş gətirə bilməyib Güney Qafqaza, əsasən də keçmiş İrəvan xanlığının ərazisinə, 1849-cu ildə yaradılan Erivan quberniyasına çəkildilər. Onlar yalnız əsgəri birliklər halında Osmanlı Ordularının hücumundan qaçmırdılar, özləri ilə bərabər milliyətcə erməni olan on minlərlə qaçqını da gətirirdilər.
Erməni hərbi birləşmələri özləri ilə gətirdikləri qaçqınları yerləşdirmək üçün Erivan quberniyasının müsəlman kənd və qəsəbələrinə hücum edir, dinc əhalini qırır, evləri dağıdırdılar. Qaçqınlara abad kəndlər deyil, xaraba kəndlər qalırdı. Erməni kəndliləri Osmanlı dövlətinin ərazisində qoyub gəldikləri abad evlər əvəzində vətən quracaqları yerdə xaraba evlərə alıb onları abadlaşdırmağa çalışırdılar. Yollarda, yeni sahibləndikləri xaraba kəndlərdə on minlərlə erməni acından və xəstəlikdən ölürdü.
Gürcülər və Qafqaz müsəlmanları yaxşı bilirdilər ki, Rusiyanın yaratdığı və silahlandırdığı erməni hərbi hissələr ermənilər dövlət yaradanda onun ordusuna keçəcəkdi.
Ona görə də azərbaycanlılar vətənpərvər qüvvələr arasında iş aparır, əsgəri birliklər yaradılmasına can atırdılar. İlk milli silahlı dəstələrdən biri “Tatar süvari alayı” idi. Bu alay Birinci Dünya Savaşında çar Rusiya ordusunun tərkibində yaradılmış və Karpat dağlarınadək döyüş yolu keçmiş “Qafqaz yerli süvari diviziyası”nın tərkibində olmuşdu. Brest-Litovsk anlaşmasından sonra alay Azərbaycana qayıtmış və yeni yaradılmaqda olan milli silahlı qüvvələrin tərkibinə daxil olmuşdu (Azərbaycan tarixi, 2008, 5-ci cild).
Əhməd Triniç belə qarışıq günlərdə Bakıya gəlmişdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?