Текст книги "Albaniya və Azərbaycandakı Albanlar"
Автор книги: Əli Şamil
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Əhməd Triniç və Məhəmmədəmin Rəsulzadə
Əhməd Triniç 1936-cı ildə istintaqa verdiyi izahatda 1917-ci ilin sonlarında Bakıya gəldiyini, dəmir yol vağzalından birbaşa “Açıq söz” qəzetinin redaksiyasına getdiyini, qəzetin redaktoru Məhəmmədəmin Rəsulzadə ilə görüşdüyünü, Məhəmmədəmin Rəsulzadənin dəvətilə Xeyriyyə Cəmiyyətindən gələn bir nəfərin onu hamama apardığını, tatarlar (türklər) kimi geyindirib və Təbriz mehmanxanasında yerləşdirdiyini yazıb (AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi).
Bu izahatda da bir az qarışıqlıq var. Əhməd Triniç müstəntiqə əsirlikdə onunla bir yerdə olan iki zabitlə birlikdə Moskvaya gəldiklərini və onlar orada qaldıqlarını deyib. Araşdırıcılardan Lütfiyyə Əsgərzadə isə onun Bakıya milliyətcə laz olan dostu Zyugdi ilə birlikdə gəldiyi qənaətindədir (Əsgərzadə, 2019, 8 may).
Həmişə Məhəmmədəmin Rəsulzadəni tanıyanları ciddi-cəhdlə sorğu-suala tutan, haqqında daha çox bilgi toplamağa, əlaqələrini öyrənməyə çalışan KQB əməkdaşları bu dəfə nədənsə mövzuya maraq göstərməyiblər.
Sual yaranır: Nerexte şəhərindəki əsir düşərgəsində olan Əhməd Triniçin “Açıq söz” qəzeti və Məhəmmədəmin Rəsulzadə haqqında bilgisi haradanmış? Savaş başlayandan sonra yaranan kağız qıtlığından qəzetlərin bir çoxu bağlanmış, poçt xidmətində axsamalar meydana gəlmişdi. Belə bir zamanda Bakıda nəşr edilən “Açıq söz” qəzetinin Nerextedəki əsir düşərgəsinə necə göndərilə bilərdi?
Əhməd Triniç nə bilirmiş ki, Bakıya gələndə onu sayğı ilə qarşılayacaq və ilk gündən yaşaması üçün normal şərait yaradacaqlar? Bu mövzuya aydınlıq gətirən başqa sənədlərə indiyədək rast gəlməmişəm. Nerextedəki əsir düşərgəsində olan Osmanlı hərbiçisinin Məhəmmədəmin Rəsulzadə ilə əlaqəsi olubmu, olubsa bu hansı formada imiş?
Bu suala Mehman Süleymanov “Nuru Paşa və silahdaşları” kitabında ipucu verir. Osmanlı ordusundan Qafqaz cəbhəsində əsir düşənlərin Sibirə aparılmasını Nağı Şeyxzamanlı belə xatırlayır: “Gəncə bələdiyyə rəisi Xəlil bəyin yanına gedərək “Gənclik” təşkilatı adından özü ilə danışdım, vəziyyəti anlatdım. İstədiyim bu idi: ruslar Qafqaz cəbhəsindən əsir aldıqları türk əsgərlərini qatarlara doldurub Sibirə göndərirlər. Xəstə olanlara baxılmır, onlar yolda ağırlaşaraq can verirlər. Cəsədləri stansiyalarda boşaldılır. Rus idarəsinin bu qeyri-insani hərəkəti xalqımızı qəzəbləndirir. Xəlil bəy məni dinlədikdən sonra Gəncə qubernatoru ilə görüşəcəyini və nə gərəkdirsə edəcəyini söylədi. Mənə onu axşam klubda görərək nəticəni öyrənməmi söylədi.
Axşam kluba gedərək Xəlil bəyi gördüm. Xəlil bəy mənə dedi: “Qubernator ilə görüşdüm. Sabah stansiyada böyük bir bina boşaldılacaq. Orada düşərgə və xəstəxana açılacaq. Silahlı qüvvələrdən həkimlər istəniləcək, bundan başqa hökumət və bələdiyyə də işlə təmin olunacaqlar. Tiflisdən hərəkət edəcək əsirlər dolu qatarlar əvvəlcədən Gəncədə bildiriləcəkdir. Həkimlər tez stansiyaya gedərək əsirləri gözdən keçirəcəklər və xəstə olanlar düşərgəyə göndəriləcəklər”.
Həmin gün əsir daşıyan bir qatar saat 14-də Gəncə stansiyasına çatır. Gənclər təşkilatının fəalları qatardakı 28 vaqonun hər biri üçün ayrılıqda hədiyyələr hazırlayıb verirlər. 40 nəfər xəstə isə qatardan endirilib müalicə üçün Gəncədə saxlanılır. Sağalanlar əsir düşərgələrinə göndərilir.
Nağı Şeyxzamanlının yazdığına görə Gəncədəki müalicəxanada 200-ə yaxın xəstə olurmuş. Xəstələrlə görüşməyə ciddi əngəl yoxmuş. Nağı Şeyxzamanlı yazır: “Dostlarla birlikdə düşərgələrə gedər, istədiyimiz qədər qala bilərdik. Əsirlərə Azərbaycanda türkcə nəşr edilmiş kitablar, jurnallar verirdik. Bakıda Məmməd Əmin Rəsulzadənin çıxardığı “Açıq söz” qəzetini hər gün onlara çatdırırdıq. Bundan başqa, Gəncədəki bütün müəllimləri və şagirdləri düşərgəyə dəvət edərək əsirləri həsrət çəkməyə qoymurduq. Ən çox sevdikləri şair Əhməd Cavad idi. Bir gün Gəncə tacirlərindən Hacı Həsən mənim yanımda oldu və əsirləri ziyarət etmək istədiyini söylədi. Vəziyyəti Xəlil bəyə bildirdim və qubernatordan icazə almasını xahiş etdim. Bir neçə gündən sonra Xəlil bəy məni iş yerinə çağırdı və dedi: “Hacı Həsənə de ki, gözəl və zəngin bir ziyafət versin. Əsirlərdən başqa mən, qubernator, mərkəz komandiri, hökumət və bələdiyyə hakimləri və şəhərin irəli gələnləri də ziyafətdə olacaq”. Bu haqda Hacı Həsənə xəbər verdim. Ertəsi gün 300 nəfərlik bir ziyafət hazırlandı” (Süleymanov M., 2014)
Bu yazılanlardan belə nəticə çıxarırıq ki, Nerextedəki əsir düşərgəsinə “Açıq söz” qəzeti və digər mətbuat orqanları, məktublar Azərbaycanda müalicə və ya hansı səbəbdənsə saxlanılan əsirlər vasitəsi ilə çatdırılmışdır.
Müsəlman hərbi məktəbinin müəllimi
Əhməd Triniç 1936-cı ildəki izahatında Bakıya gəldikdə evlərdə uşaqlara dərs deməklə keçindiyini yazıb. Bunu inkar edəcək elə bir fakta rast gəlmədik. Amma başqa sənədlər onun Azərbaycan Milli Şurasının yeni təşkil etdiyi Müsəlman Hərbi Məktəbində işlədiyini göstərir.
Osmanlı cəbhəsindən, eləcə də İkinci Dünya Savaşından geri dönən əsgər və zabitlər imperiya təfəkkürlü olduğuna görə Sovetlərin tərəfini saxlayırdılar. Qarşıdan gələn təhlükəni görən Azərbaycan Milli Şurası özünün hərbi kadrlarını hazırlamağa çalışırdı. Osmanlı ordusunda kiçik zabit olmuş Əhməd Triniç kimi birisi onlar üçün olduqca önəmli idi.
Çarlıq dönəmində müsəlman gənclərinin əksəriyyəti orduya çağırılmır, əvəzində onlardan vergi alınırdı. Qafqazda yaşayan erməni və gürcülər hərbi xidmətə aparılır, onlardan zabitlər hazırlanmasına xüsusi diqqət yetirilirdi. Buna görə də Rusiya ordusunda yetərincə gürcü və erməni hərbiçiləri vardı.
1918-ci ilin mayında Zaqafqaziya Seymi dağılanda gürcü və erməni öndərləri Rus ordusunda olan milli kadrlardan istifadə edərək öz ordularını yaratmağa başladılar. Azərbaycan Milli Şurası isə yerli könüllülərdən əsgəri birliklər yaratmaq üçün Osmanlı ordusundan Ruslara əsir düşmüş əsgər və zabitlərdən, hətta keçmiş rus ordusunda xidmət etmiş gürcü, tatar, Quzey Qafqaz xalqlarının zabitlərindən istifadə etmək məcburiyyətində qaldı.
Belə ağır dövrdə Osmanlı ordusunun kiçik zabiti, sərt və intizamlı Əhməd Triniçin gəlişi Azərbaycan Milli Şurası üçün çox önəmli olmuşdu. Sənədlər onu göstərir ki, Əhməd Triniç gənc hərbiçilər hazırlamaqla kifayətlənməmiş, özü də döyüşlərdə fəal iştirak etmişdir.
Xalq artisti Kazım Ziya 1935-ci il noyabrın 13-də KQB müstəntiqinə verdiyi izahatda yazır ki, Əhməd Triniçin heç bir qəddarlığını, kimisə öldürdüyünü görməmişəm. 1918-ci ilin mart hadisələrində evimizin darvazası qarşısında durarkən Əhməd Triniçi əlində mauzer xalqa müraciətlə “Qardaşlar, qorxmayın, Osmanlı ordusu gəlir”, dediyini eşitmişəm (AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi).
Həmin günlərdə Güney Qafqazda hakim olmaq istəyən bolşeviklər erməni silahlı dəstələri ilə birlikdə Azərbaycanda 20 minə qədər müsəlmanı oldürüb. O günlərin şahidi olan ingilis konsulu Mak-Donald qeyd edib ki, “Bakıda şəhərin küçələrində müsəlman meyitlərindən başqa müsəlman olan qalmamışdı, erməni daşnakları 1918-ci ilin yazında 3–4 gün içərisində şəhərdə 20 min kasıb müsəlman əhalisini qətlə yetirmişdi” (Əsgərzadə, 2019, 8 may).
“Müsəlman Yardım Alayı”nın zabiti Əhməd Triniç müsəlmanları bolşevik-daşnaq qırğınlarından qorumaq üçün İsmailiyyə binasında keçirilən toplantılarda çıxış edir, xalqı silahlı özünümüdafiə dəstələri yaratmağa çağırır. Erməni-bolşevik dəstələrinə qarşı döyüşən, müsəlmanları qorumağa çalışan Əhməd Triniç mart qırğınından sonra Dərbəndə getməli olur.
Əhməd Triniçi giritli Həsən Ruşeni Barkın nədən öldürmək istəyirmiş?
Əhməd Triniçin Dərbəndə getməsi heç də təsadüfi deyildi. Oraya Osmanlıdan zabitlər göndərilmişdi. Onlar Rusiyanın tərkibindən ayrılaraq öz dövlətlərini qurmaq istəyən Dağıstan və Quzey Qafqaz xalqlarına yardım edirdilər. Bu zabitlər həm Birinci Dünya Savaşında rus ordularına əsir düşmüş Osmanlı əsgər və zabitlərini ətraflarına toplayır, həm də yerli əhalidən olan könüllüləri cəlb edirdilər. Sonra bu dəstələr Qafqaz İslam Ordusu tərəfindən Quzey Qafqaza məmur göndərilən və Quzey Qafqaz komandanlığı Ərkani-hərb rəisliyini üzərinə götürən İsmail Həqqi Berkuk bəyin ətrafında birləşir. Onun qərargahı Qunibdə yerləşirdi (Türkər, 2008:128).
Birinci Dünya Savaşından geri dönən və ya Bakıdakı Rusiya tərəfdarı olan siyasi güclərə köməyə gedən silahlı hərbi hissələr əsasən dəmir yolu ilə hərəkət edirdilər. Ona görə də dəmir yolu boyundakı yaşayış məntəqələrində vəziyyət olduqca ağır idi. Ərzaqla lazımınca təmin edilməyən, nizam-intizamı pozulmuş əsgər və zabitlər özbaşınalıq edir, dinc əhalini soyub-talayır, zorakılığa əl atır, şübhəli gördükləri adamları istintaqsız, məhkəməsiz güllələyirdilər.
Dərbənd dəmiryol qovşağında yerləşdiyindən orada da vəziyyət normal deyildi. Dərbəndə gedən Əhməd Triniç vəziyyətin çox qarışıq olduğunu görüb iki gün sonra geri qayıtmağa çalışır.
Müstəntiqin sorğusuna cavabda Əhməd Triniç deyir ki, geri qayıdarkən Yalama dəmiryol stansiyasında Həsən Ruşeni (Rövşəni) ilə qarşılaşdım. Yanında silahlı dəstə olan Ruşeni bəy məni bolşeviklərin xeyrinə casusluq etməkdə suçlayaraq güllələtmək istədi. Lakin Əli bəy Zizikski məni ölümdən qurtardı. Mən Həsən Ruşenini Türkiyə Hərbi Nazirliyinin nümayəndəsi kimi tanıyırdım. 1918-ci ilin başlanğıcında Bakıda olarkən türk ordusunun polkovniki Yusif bəy demişdi ki, Ruşeni avanturistdir (AR DTX-nin arxivi, PS-1622 saylı istintaq işi).
Lütfiyyə Əsgərzadə isə yazır: “Əslində, Triniçin Bakıya gəlməkdə məqsədi Türkiyəyə dönmək imiş. Bunun üçün M.Ə.Rəsulzadədən kömək istəyir. Rəsulzadə Triniçi o zaman Türk Ordusunun Hərbi naziri (fakt yanlışdır. Ruşeni bey nazir deyil, nümayəndə olub – Ə.Ş.) sayılan Ruşeni bəyin yanına göndərir. Ancaq Ruşeni bəy, ona icazə vermir” (Əsgərzadə, 2019, 8 may)
Yusif bəyin və Əhməd Triniçin avanturist adlandırdığı, daha çox “Təşkilat-i məxsusə”nin kadrı kimi tanınan Ruşeni bəyin də bir ara həyatı təhlükə qarşısında qalmışdı. Mehmet Bilgin 2017-ci ildə İstanbuldakı “Ötükən” nəşriyyatında çap etdirdiyi “Təşkilat-i mahsusanın Kafkasya misyonu və operasyonları” kitabında Həsən Ruşeni haqqında yazır ki, vəzifəsindən ayrılıb Bağdada gedən Ruşenini tutararaq Konyaya göndərirlər. O, yolda qaçaraq Rauf (Orbay) bəyin Əfqanıstana gedən dəstəsinə qoşulur.
Osmanlı tarixində “Ruşeni bəy röyası” kimi daxil olan hadisə məhz Həsən Ruşeninin adı ilə bağlıdır.
Girit adasındakı Hanya şəhərində doğulan Həsən Ruşeni (Rövşəni) Barkın (1884–1953) 1906-cı ildə kurmay yüzbaşı (ştab kapitan) rütbəsində Osmanlının 3-cü Ordusunda hərbi xidmətə göndərilib. İkinci Məşrutiyət elanının ilk günlərində Ədirnədəki 2-ci Ordunun əsgər və zabitlərinin Məşrutiyyə hadisəsini xoş qarşılamayacaqları, etiraz edəcəkləri xəbəri Selanikdəki Mərkəz-i Umumiyyə (İttihat və Tərəqqinin baş qərargahı) çatır. 2-ci Ordu qarışıqlıq salmasın deyə Selanikdən kurmay yüzbaşı Ruşenini Ədirnəyə göndərirlər.
O, 7 zabit və 40 seçmə əsgərlə qatara minib Ədirnəyə gəlir. Ədirnə stansiyasına çatdıqda məharətli bir manevr edir. Özü arxa vaqonda gözləyir. Əsgər və zabitlər vaqonlardan enib stansiyada sıraya düzüləndə arxa vaqondan düşüb gəlir və 3-cü Ordudan 2-ci Orduya salam gətirdiyini söyləyir. Hər iki ordunun əsgər və zabitlərini qucaqlaşdırıb səmimi bir ortam yaradır. Sonra Türk və Yunan dillərində alovlu çıxış edir. 2-ci Ordunun nümayəndələrini və stansiyaya toplaşan mülki adamları nitqi ilə coşdurur, Sultanın Məşrutəni qəbul etdiyini söyləyir. Onun nitqi alqışlarla qarşılanır. Bu hadisədən bir az sonra Sultan Əbdülhəmidin də Məşrutəni qəbul etdiyi xəbəri gəlir. Tapşırılan işin öhdəsindən bacarıqla gələn Həsən Ruşeni dəstəsi ilə yenidən qatara əyləşib Selanikə qayıdır.
1910-cu ildə isə o, Rusiya işğalı altında olan Qars şəhərindəki konsulluğa katib təyin edilir. 1913-cü ildə xarici dil öyrənməsi üçün onu bir il işdən ayırırlar. Yunanca, ərəbcə, farsca və rusca bilən Həsən Ruşeni 1917-ci ilin oktyabrında Şeyx Həsən adıyla İrana göndərilir. Həmin günlərdə ingilislərin və rusların himayəsi ilə Urmiyada yaradılmış aysoru-erməni silahlı dəstələri bölgədəki müsəlmanlara divan tutur, müxtəlif bəhanələrlə onları öldürür, mal-mülklərini əllərindən alır, arvadlarına və qızlarına təcavüz edirlər. Burada yeni bir xristian dövlətinin yaradılmasına çalışılırdı.
İran hökuməti o qədər zəifləmişdi ki, xalqı qoruya bilmirdi. Müsəlmanlar da xəlifənin yanına nüməyəndə heyətləri göndərir, onları soyqırımından qorumağı xahiş edirdilər. Birinci Dünya Savaşında məğlubiyyətlə üzləşən Osmanlı dövləti isə zülm altında əzilən, ondan kömək diləyən müsəlmanlara istənilən yardımı göndərə bilmirdi.
Belə gərgin günlərdə peşəkar hərbiçi və diplomat Həsən Ruşeni Şeyx Həsən adı ilə Urmiyanın, Səlmasın, Xoyun və b. şəhərlərin məscidlərində moizələr oxuyur, xalqı düşmənə qarşı səfərbərliyə çağırırdı. Həm də bölgədə ingilislərin, amerikanların, fransızların, rusların gücü, tərəfdarları, planları haqqında bilgi toplayaraq hökumətinin xüsusi xidmət orqanlarına göndərir (Bilgin M., 2017).
Qaynaqların verdiyi bilgiyə görə, 1918-ci ildə Sulduz-Xoy bölgəsində 200 min müsəlman öldürülmüşdü ki, bunların da əksəriyyəti qadınlar, uşaqlar, qocalar idi. Osmanlı ordusu yardıma gəlməsəydi, öldürülənlərin sayı daha çox olacaq, necə deyərlər, bölgə türklərdən təmizlənəcək, oyuncaq bir xristian dövləti qurulacaqdı.
“İttihad və tərəqqi”nin Qafqaz şöbəsi 1918-ci ilin martında Həsən Ruşenini məxfi tapşırıqla Bakıya göndərirdi (Nəsibzadə Nəsib, 1996:41). O, Bakıda milli düşüncəli insanların köməyi ilə Quzey Qafqazda və Türküstanda turançılıq ideyasının tərəfdarları ilə əlaqə qururdu.
Həsən Ruşeninin Osmanlı ordusunun xarici kəşfiyat üzrə nümayəndəsi kimi Əhməd Triniçi və b. cəzalandırması, güllələməklə hədələməsi inandırıcı görünür. Lakin Həsən Ruşeninin Əhməd Triniçi bolşeviklərə casusluq etməkdə suçlayarkən əlində hansı sənədlərin olduğu bilinmir.
Həsən Ruşeni haqqında yazanlar göstərir ki, Mustafa Kamalın bir həftə qonağı olduğu zaman bolşeviklərlə işbirliyinə girməyi təklif edib. Belə bir adam əlində fakt olmadan Əhməd Triniçi boşleviklərlə əməkdaşlıqda suçlayıb onu güllələmək istəməzdi. Həsən Ruşeni Barkın bolşeviklər Bakını işğal edəndən sonra Əfqanıstana gedir, orada bir müddət işlədikdən sonra yenidən Türkiyəyə qayıdır. Türkiyənin 4-cü, 5-ci və 6-cı dönəm Milli Məclisinin Samsundan millət vəkili seçilib (Bilgin M., 2017).
Əhməd Triniç haqqındakı sənədlərin bir çoxunda Həsən Ruşeninin adı dəfələrlə çəkilib.
Quba qəzası
Əhməd Triniçin ölümlə üzləşdiyi yer Yalama dəmiryolu stansiyası olmuşdu. Bu stansiya həmin dövrdə Quba qəzasına daxil idi.
Quba deyəndə yada Azərbaycanın bir rayonu və onun mərkəzi olan şəhər düşür. Rayonun sahəsi 2574 kvadrat kilometrdir. Keçmiş Quba qəzasının ərazisində indi Xızı, Siyəzən, Şabran, Quba, Xaçmaz və Qusar rayonları yaradılıb.
Əhməd Triniçin ömrünün ən qaranlıq və qarışıq illəri burada keçdiyindən bölgə haqqında bir az bilgi verməyi lazım bildik. 18-ci yüzildə xanlıq olan Quba, Rusiya işğalından sonra Bakı quberniyasının bir qəzasına çevrilib. 1830-cu illərdə Quba qəzasının sərhədləri Quzeydən Samur çayı və Qafqaz dağları, Güneydən Qafqaz sıra dağları və Qurd bulaq adlanan təbii sədlə, Sumqayıt çayı, Doğudan Xəzər dənizi ilə əhatələnirdi. Qəzanın əhalisinin sayı 88650 nəfər idi ki, bunun da 3830 nəfəri Quba şəhərində, 1294 nəfər şəhərkənarı yəhudi qəsəbəsində, 82150 nəfəri isə on mahala bölünmüş 292 kənddə yaşayırdı. 1832-ci ildə Quba qəzasının kameral siyahısını hazırlayan F.A.Şnitnikov yazır ki, Şabran, Müşkür, Tip, Sırt və Şeşpara mahallarının əhalisi əsasən əkinçiliklə, Anaqdərə, Bərmək, Buduq, Xınalıq və Yuxarıbaş mahallarının əhalisi əsasən heyvandarlıqla, bağçılıqla, mahud, xalça, palaz, çuval toxuculuğu ilə məşğul olur, tərəvəz, tütün və pambıq əkir, tülkü və dələ dəriləri satır, Xəzərdən bol balıq tutur. Buduq və Şabran mahallarında isə cins at ilxıları saxlanılır. Quba şəhərində və yaxınlıqdakı yəhudi qəsəbəsində yaşayanlar isə kustar sənaye ilə məşğul olur. Bunlar da bölgənin iqtisadi imkanlarının böyük olduğunu göstərir (Rüstəmova-Tohidi, 2013: 27).
Rusiyanı hərc-mərclik bürüməsinə və ölkənin iqtisadiyatının çökməsinə baxmayaraq Qubada əhali 1917-ci ilədək sakit yaşamışdır. Quba qəzasında 2–3 erməni kəndi vardı. Quba şəhərində yaşayan erməni ailələri nəzərəçarpacaq qədər də deyildi. Öz kilsələri, dini məktəbləri olsa da ermənilərin qəzanın inzibati idarəetmə aparatında, ictimai təşkilatlarında varlılar arasında diqqətiçəkənləri yox idi. Qəza idarələrindəki əsas vəzifələri və rütbələri rus, türk, tat, ləzgi və yəhudi xalqlarının nümayəndələri tuturdular.
1917-ci il martın 6-da Qubada vergi müfəttişi Aleksandr Canturaşvilinin sədrliyi altında yerli məmurların, mülkədarların və ruhanilərin nümayəndələrinin daxil olduğu İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradılmışdı. Qəza komissarı isə rus ordusunun istefada olan kapitanı, Qubanın ən iri mülkədarlarından Əli bəy Zizikskini təyin edilmişdi (Rüstəmova-Tohidi, 2013:48).
Quba şəhərində yerləşən hərbi hissələrdə Əsgər Deputatları Soveti yaradılmış, 1917-ci ilin mart ayının ortalarında isə “tərkibinə 500 fəhlə və qulluqçu tərəfindən 14 nümayəndənin seçildiyi” Fəhlə Deputatları Soveti təşkil edilmişdi. Bu da Quba qəzasında ikihakimiyyətlilik demək idi (Rüstəmova-Tohidi, 2013:48).
Əli bəy Zizikski niyə Əhməd Triniçi ölümdən qurtarıb?
1876-cı ilin noyabrında mülkədar ailəsində doğulan Əli bəy Zizikski Sankt-Peterburqda hərbi təhsilini başa vurduqdan sonra çar ordusunda əsgəri xidmətə başlayıb. Müsəlman Süvari Alayının döyüşçüsü kimi Varşava üsyanının yatırılmasında iştirak edib. Kapitan rütbəsində istefaya göndərildikdən sonra vətənə dönüb. 1914-cü ildə Quba Qəza Polis İdarəsinə rəis, 1918-ci ilin fevralından isə Zaqafqaziya Xüsusi Komissarlığının əmrilə Quba Qəza Komissarı işləyib (Rüstəmova-Tohidi, 2013:48).
Əli bəy Zizikski gənc müəllim Mir Cəfər Bağırovu 1917-ci ilin fevral-mart aylarında yəhudilər yaşayan qəsəbəyə polis müvəkkili və özünə köməkçi təyin edib. Onun bu addımını heç də təsadüfi saymaq olmaz. Görünür Əli bəy Zizikski Mir Cəfər Bağırovun inqilabçılarla yaxınlığından xəbərdar imiş. Qəzadakı ikihakimiyyətliliyin doğuracağı fəsadların qarşısını almaq üçün belə bir addım atıbmış.
Mir Cəfər Bağırov 1917-ci ilin noyabrınadək Əli bəy Zizikskinin köməkçisi işləyib (Rüstəmova-Tohidi, 2013:69).
Əli bəy Zizikski hadisələrin gedişini diqqətlə izləyir və ona uyğun da hərəkət edirdi. İstər polis rəisi, istər qəza komisarı işlədiyi dövrdə əhalinin silah əldə edib özünümüdafiə dəstələri yaratmasına göz yumurdu. Yaxşı bilirdi ki, hökumətin ayırdığı maaşla işləyən azsaylı polislə qəzada qayda-qanunu qorumaq mümkün olmayacaq.
Ətrafına könüllülərdən ibarət silahlı dəstə toplayan təkcə Əli bəy Zizikski deyildi. Quba qəzasında nüfuzlu şəxslərdən olan Həmdulla Əfəndi Əfəndizadə də ətrafına könüllü özünümüdafiə dəstəsi toplayaraq Dəvəçi nahiyəsində sabitliyi təmin edirdi. Şıxlar bəylərinin də ətrafında xeyli silahlı adamlar vardı. Bu silahlı dəstələrin sayəsində qəza müsəlmanlarının nisbi təhlükəsizliyinini təmin etmək mümkün olmuşdu (Rüstəmova-Tohidi, 2013:51).
1917-ci ilin payızından başlayaraq Osmanlı cəbhəsindən geri qayıdan Rus ordusunun əsgər və zabitləri dəmiryol boyundakı kəndlərdə soyğunçuluğa başladılar. Yerli hakimiyyətin onları tərksilah etmək cəhdləri çox vaxt silahlı toqquşmalara səbəb olurdu. Bu da milli zəmində qarşıdurma təsəvvürü yaradırdı.
Qəza komissarı Əli bəy Zizikski, Qubada hakimiyyətin Bakı Sovetinə keçməsinin qarşısını almağa çalışaraq, əslində öz dəstələri ilə qəzada siyasi vəziyyətə nəzarət edirdi. 1917-ci ilin ortalarından başlayaraq Qubada mübarizə yalnız milli qüvvələrlə Sovetlər arasında getmirdi. Sovetlərdə bolşeviklərlə eser-menşeviklər arasında gərgin mübarizə gedirdi. Bolşeviklər hər vasitədən istifadə etsələr də heç cür çoxluq əldə edə bilmirdilər.
Quba qəzasında da kəndlilərin ayrı-ayrı çıxışları baş vermişdi – məsələn, Qaraqurd və Hacı Qurbanoba kəndlərinin sakinləri “knyaz V.P.Bebutovun onların torpaqları ilə qonşu olan mülklərini” ələ keçirmişdilər, Dəvəçi nahiyəsində bir neçə kəndin sakinləri “mülkədar mülklərinə hücum etmiş, torpaqlarını zəbt etmiş və öz aralarında bölmüşdülər”. Bununla belə, qəzada kəndli çıxışları kütləvi hal almamışdı (Rüstəmova-Tohidi, 2013:50).
Bakıda Sovetlərin sinfi mübarizə adı altında milli münaqişə törətmələri, on minlərlə müsəlmanın öldürülməsi Azərbaycanın hər yerində olduğu kimi, Quba qəzasında da Sovetlərə qarşı nifrəti artırdı. Özünümüdafiə dəstələrinin sayı artmağa başladı. Əli bəy Zizikski ətrafındakı silahlıları nizami əsgəri birliyə çevirməyə çalışırdı. Belə bir vaxtda o, Yalamada Əhməd Triniçlə rastlaşır.
Əhməd bəy Zizikskinin Osmanlı ordusunda təlim görmüş, döyüşlərdə iştirak etmiş, sərt təbiətli Əhməd Triniç kimilərinə ehtiyacı vardı. Onu güllələtmək istəyən Ruşeniyə mane olur. Necə deyərlər, “türkün ölümü türkün əlilə olmasın” deməklə Ruşenini yumşaldır. Bundan sonra Əhməd Triniç Əli bəy Zizikskinin yaxın silahdaşına çevirir, onunla birlikdə döyüşlərdə iştirak edir.
Əhməd Triniç rus əsirliyindən qaçıb Quba-Qusar bölgəsinə gəlmiş Osmanlı ordusunun əsgərlərini ətrafına toplayıb, yerli əhalidən olan könüllülərə təlim keçib, onları nizami ordu döyüşçüsü kimi hazırlayır.
Əhməd Triniçin istintaqa verdiyi ifadə 1918-ci ilin mart hadisələrindən sonra bolşeviklərlə əlbir olduğunu, onların xeyrinə işlədiyini bildirir. Lakin bu ifadə inandırıcı görünmür. Çünki xatirələrdən və sənədlərdən aydın olur ki, o, bolşeviklərin deyil, Əli bəy Zizikskinin dəstəsinin komandirlərindən olub.
Quba qəzasındakı müsəlmanların bolşevik-erməni silahlı dəstələrindən qorunmasında böyük xidməti olan Əli bəy Zizikskiyə Qafqaz İslam Ordusu Bakıya daxil olduqdan sonra polkovnik rütbəsi vermiş, doğulduğu qəzadan Azərbaycan parlamentinə üzv seçilmiş, maliyyə-büdcə komissiyasının üzvü olmuşdur.
“İttihad” partiyasının 1919-cu ilin aprelində keçirilən 1-ci, 1920-ci ilin yanvarında keçirilən 2-ci qurultayına üzv olan Əli bəy Zizikski bolşeviklər Azərbaycanı işğal etdikdən sonra gizli fəaliyyətə keçmişdir.
Azərbaycan Fövqəladə Komissiyasına sədr təyin edilən Mir Cəfər Bağırov Əli bəy Zizikskini Sovet xüsusi xidmət orqanlarından qorumuşdur. O, Bakıya köçərək Çəmbərəkənddə yaşamışdır. Həmin dövrdə Əhməd Triniç də Bakıda yaşayır və rəhbər vəzifədə işləyirdi. Keçmiş silahdaşların arasında münasibətlər haqqında heç bir sənədə rast gəlmədik.
1926-cı ilin dekabrın 28-də Fövqəladə Komissiyanın əməkdaşları Əli bəy Zizikskini həbs edirlər. Partiyadaxili qruplaşmaların qarşıdurması dərinləşdiyinə görə Mir Cəfər Bağırov özünü zərbə altında qoymamaq üçün Əli bəy Zizikskini qoruya bilmir. 1928-ci il avqustun 6-da onu Azərbaycan Sovet Sosialist Respublikası Cinayət Məcəlləsinin 63, 75 və 18-84-cü maddələri ilə (əksinqilabi fəaliyyət, xarici əksinqilabçı təşkilatlarla əlaqə) ittiham edib ölüm hökmü verirlər. Hökm 1929-cu il sentyabrın 17-dən 18-ə keçən gecə yerinə yetirilir (Rüstəmova-Tohidi, 2013:106).
Əhməd Triniç həmin dövrdə Bakıda rəhbər işdə olsa da keçmiş silahdaşı və partiya yoldaşı olan Əli bəy Zizikskini qoruya bilmir.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?