Электронная библиотека » Əlibala Hacızadə » » онлайн чтение - страница 6

Текст книги "Təyyarə kölgəsi"


  • Текст добавлен: 13 января 2023, 17:52


Автор книги: Əlibala Hacızadə


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 23 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +
ON DÖRDÜNCÜ FƏSİL

Havalar tez-tez dəyişir; gah istidən adamın nəfəsi qaralır, gah elə sərin düşürdü ki, istər-istəməz pencəyi geyinməli olurdun. Qızmar yay günəşinin altında bərq vurub gümüş kimi parlayan Xəzərin və bürküdən nəfəsi tıncıxan şəhərin başı üzərinə nəhəng, ucu-bucağı görünməyən bulud çətir tutdu, hər yeri tutqun bir kölgə bürüdü. Elə bil, hava da azca soyudu. Aralıq otaqda, üstündə qara telefon aparatı olan mizin arxasında oturan pırpız saçlı katibə qız kimin üçünsə yazıb hazırladığı ezamiyyə vərəqəsini qeyd dəftərçəsinin arasına qoyub pəncərədən qaralmış göylərə baxdı və qeyri-iradi düşündü: “Günortadan o qədər də çox keçməyib, amma elə bil axşamçağıdı hava…” Telefonun cingiltili səsi onun fikrini qırdı. O, uzun, manikürlü dırnaqları olan əlini könülsüz halda dəstəyə uzadıb cır səslə dilləndi:

– Bəli, institutdu… Akademik Aslanzadə? Bəli, burdadı… “Bilik” cəmiyyətinin iclasına ?.. Haçandı?.. Yaxşı, çatdıraram. Sağ olun.

Elvira dəstəyi yerə qoydu. Stolunun siyirtməsini çəkib kiçik güzgüsünü çıxartdı. Üz-gözünə nəzər yetirib pırpız başını sahmana saldı, ayağa durandan sonra üst-başını gözdən keçirib direktorun otağının qapısını araladı və “Bilik” cəmiyyətindən zəng eləyən qızın xahişini Aslanzadəyə çatdırdı. Uca boylu, enli kürəkli, sıx, ağ gümüşü saçları boynunun ardına tökülmüş, üz-gözündən nuranilik yağan Aslanzadə katibəni dinləyib: “Yaxşı”, – dedi. Yaşı əllini çoxdan adlamış bu adam bütün şüurlu ömrünü elmə– kitaba, oxuyub-yazmağa sərf eləmişdi. Adı, şöhrəti doğma şəhərindən çox-çox uzaqlarda məşhur olan bu alim insanın təsəvvür eləyə bilməyəcəyi dərəcədə sadə və mehriban idi. Səni elə şirin dindirərdi ki, deyərdin, bəs bu qədər də gözəl insan olar? Yaxından tanıyanlar onu psixoloq adlandırırdılar. Həqiqətən, onda psixoloqluq məharəti, psixoloqluq qabiliyyəti var idi. Onun üçün mübahisəli məsələ, dolaşıq iş, çətin, çıxılmaz vəziyyət deyilən şey yox idi. Hər kəsi öz dilində dindirər, uşaqla uşaq kimi, böyüklə böyük təki danışardı. Təkcə institutda yox, bütün Akademiyada o qədər hörməti vardı ki, adı çəkiləndə ürəklərdə rəğbət və ehtiram hissi baş qaldırardı: “Aslanzadə deyib”. “Aslanzadənin fikri belədir” sözləri eşidilən elmi iclaslarda, məclislərdə qaytarıb ikinci bir söz deyən olmazdı.

Onuncu sinfi qurtarıb universitetə girə bilməyən Elvira burda Aslanzadə kimi məşhur bir alimin yanında işə düzəldiyinə görə imtahandan kəsiləndə duyduğu məyusluğu unutmuş, sevincindən nə edəcəyini bilməmişdi. Onun kitabını oxumuşdu və sanırdı ki, bu cür kitab yazan adam nəsə adi adamlardan çox fərqlənməlidi; onun danışığı da, yerişi-duruşu da ayrı cür olmalıdı. Amma üz-üzə gələndə onun düşüncələri alt-üst oldu: o, necə adi imiş, necə sadə imiş. Akademik Aslanzadə ona – dünənin uşağına bir qulluq buyuranda: “Xahiş eləyirəm, qızım” – deyir. Bütün bunlar Elviraya yuxu kimi görünürdü. Aslanzadə ona hər dəfə ata kimi həlim və mehriban səslə bir iş tapşıranda qız onu böyük həvəslə yerinə yetirirdi. İndi, o, sözünü deyib qurtarandan sonra, Aslanzadə əlindəki qalın kitabı büküb dedi:

– Qızım, xahiş eləyirəm, gör Salman otağındadı? Orda olsa denən mənə dəysin.

– Bu dəqiqə, – deyə Elvira dabanı üstə fırlanıb otaqdan çıxdı.

Dəhlizin o başında, balaca, xudmani otaqda Salmanın başı oxumağa elə qarışmışdı ki, Elviranın nə zaman içəri girdiyindən xəbəri olmamışdı. O, sinəsini stola söykəyib sol əlini alnına dayayaraq kiminsə makinada çap olunmuş əsərini oxuyurdu. Səhifələrin qıraqlarına gah sual, gah da nida işarəsi qoyur, gah da bütöv bir cümlənin altından xətt çəkib qızardırdı.

Elvira professorun başı üzərində azca dayanıb öz gəlişini ona bildirmək üçün boğazını arıtdı və:

– Professor… – dedi. Səsə qanrılıb yazıdan ayrılan Salman yanında Elviranı görüb yorğun-yorğun gülümsündü:

– Buyur, Elvira xanım.

Onun səsi yuxusuz adamların səsi kimi ilişikli idi. O, son vaxtlar özündə bir süstlük hiss eləməyə başlamışdı. Beyni də, ürəyi də, bütün bədəni də düşüncələri təki kütləşib ağırlaşırdı. Dərdi-səri çox idi. Özünün dediyinə görə o, öz yazı-pozusunun dərdini çəkməli idimi? Çəkməli idi! Şöbənin işlərinə cavab verməli idimi? Bəli! Bu yandan, – maşallah, – bu cavanlar əsərdi ha, yazıb tökürlər onun üstünə. Oxu, fikrini de. Oxu, rəy yaz. Oxu, opponent ol. Bunlara dözmək, öhdəsindən gəlmək olardı? Əgər evdə, – özünün dediyinə görə, – işləri düz gətirsəydi… Nadirə ilə onun sözü son vaxtlar tez-tez çəp düşür, evdə vaxt-bivaxt söz-sov olurdu: onu yandıran bu idi ki, bütün bunların hamısı çox xırda və gərəksiz şeylərin üstündə baş verir, qan qaraldırdı: bu məqamlarda kimin haqlı, kimin haqsız olduğunu sübuta yetirmək göydən ulduz endirməyə bənzərdi. O biri yandan da Ceyhun məsələni bir az qəlizləşdirir. Doğrudur, üzdə Salman özünü sındırmır, oğlunun düzgün hərəkət elədiyini, həyat adamı olmağa can atdığını deyirdisə də, özlüyündə bunun gələcəkdə nə kimi nəticələr verə biləcəyini də düşünürdü.

Ancaq bu hiss tez ötüb keçirdi. Daha o, Nadirə kimi içini-ürəyini yemir, gözlərini səqfə dirəyib gecələri yuxusuz keçirmirdi. Salmanı narahat eləyən başqa mühüm bir məsələ də var idi: o, aydın görür və dərk eləyirdi ki, axır illər ədəbi mühitdə canlanma əmələ gəlməyə başlamış, cavan, istedadlı şairlər, nasir, münəqqidlər meydana çıxmış və nə isə onun kimi, onun yaşıdları olan qələm sahibləri kimi düşünmək, yazmaq istəmirlər: onlarda nəsə bir özünəməxsusluq meyli var. Qoy olsun, buna heç kəs etiraz eləmir. Ancaq onlar bir az, Salmanın dili ilə desək, böyük-kiçik məsələsinə, izzət – ehtiram məsələsinə az fikir verirlər. Hətta, iş o yerə gəlib çatıb ki, tələbə öz müəlliminə, ustadına meydan sulayır, onunla üz-üzə gəlib arxasını yerə qoymaq, onun ağarmış saçlarına, bükülmüş belinə belə ehtiram eləməmək istəyir. “Bizim vaxtımızda, – düşünürdü, – belə deyildi, əsla belə deyildi”.

Bütün bu suallar, fıkirlər Salmanı axır vaxtlar çox məşğul eləyirdi. Xüsusən Orxanın məqaləsi çap olunandan sonra o, lap xoflu adama oxşayırdı. Nə qədər qəribə olsa da, bu, bir həqiqət idi ki, Salman qəzetdə, jurnalda rast gəldiyi hər elmi-ədəbi, problematik məqaləni gizli bir qorxu hissi ilə oxuyur, sətirlərin arasında öz adını axtarır, üstüörtülü, eyhamla deyilmiş bəzi müddəaların özünə aid olub-olmadığı barədə saatlarla fikirləşirdi. Ona elə gəlirdi ki, indi bir təftiş dövrü başlanıb – vaxtilə yazılanlar, deyilənlər indi məhək daşına çəkilib yoxlanır, saf-çürük edilir. “Axı niyə də vaxtilə görülən işlər keçəndən sonra qaldırılıb yoxlandığı kimi, bu ədəbiyyat, elm sahəsində belə olmasın, – deyə bəzən öz-özünə zidd çıxıb belə eləyənlərə bəraət qazandırırdı: – Belə olarsa, məsuliyyət hissi qat-qat artar, hər kəs gecə yuxuda gördüyünü səhər kağıza köçürüb qəzetlərin, jurnalların səhifəsini doldurmaz”. İki gün, ya iki həftə, bir ay keçəndən sonra beyninin hansı guşəsindəsə baş qaldırmış bu fikirlər unudulub gedir, Salman illər boyu adət elədiyinə xəyanət eləmədən yazıb-pozub “dostluğun, qohumbazlığın, “salaməleykümün” hələ də işə keçdiyi bir aləmdə elə belə də olacaq”, – deyib istədiyi alimi, yazıçını göylərə qaldırır, xoşu gəlməyəni haqlı-haqsız sözlə isti aşına soyuq su qatıb keyfini bulandırırdı…

Elvira direktorun onu yanına çağırdığını deyib gedəndən üç dəqiqə sonra Salman Aslanzadənin yanında hazır oldu.

– Ay Salman, hardasan, balam? Görünüb eləmirsən heç. Çağırtdırsam gəlirsən, çağırtdırmasam yox – deyə Aslanzadə yumşaq kreslodan qalxıb iri pəncəli əlini ona sarı uzadıb böyründəki divanda yer göstərdi. Onların görüşü həmişə səmimi olurdu. Salman həm yaşda, həm adda-sanda özündən xeyli böyük olan Aslanzadə ilə necə davranmağı, necə danışmağı hər şeydən yaxşı bilirdi. Aslanzadə də öz adəti üzrə, Salmanla açıq danışar, institutun işi, yüksəlişi ilə əlaqədar olan məsələləri başqa şöbə müdirləri ilə olduğu kimi onunla da diz-dizə oturub məsləhətləşər, irəli sürülən təklifləri səbr və ağılla dinləyib yaxşısına yaxşı, pisinə də pis deyərdi. Salmanın işində, şöbəsində olan nöqsanları isə üzünə, dost kimi söyləməkdən çəkinməzdi. Salmanın ən çox xoşuna gələn cəhət bu idi ki, Aslanzadə onunla bir direktor kimi deyil, yaxın yoldaş kimi, bəzi hallarda onun öz şöbəsinin əməkdaşı kimi danışırdı. Belə şeyləri görəndə Salman fıkirləşirdi ki, məsələn, mən bu qədər sadə olsaydım, mənim şöbəmdə əsla nə iş gedərdi, nə bir nizam-intizam olardı. Burada, bu institutda Aslanzadənin özündən çox, onun adı-sanı, hörməti və nüfuzu iş görür… Hər kəs ondan, onun əzəmətinə, sadəliyinə yaraşmayan bir söz eşitmək üçün əlindən gələni eləyir – təki onun könlü xoş olsun, təki o əsəbləşməsin…

Salman içəri girən təki hiss elədi ki, Aslanzadənin keyfi kökdü. Qarayanız üzündə, ağarmış, sıx qaşları altındakı yanları qırışlarla örtülmüş gözlərində sevinc, fərəh duyulurdu. Şad olduğu səsinin ahəngindən də bilinirdi…

– Elə buralardayam, professor, – dedi. – İş başımı qatıb. Bir də özünüz xasiyyətimi bilirsiniz, çağrılan yerə ərinmərəm, çağrılmayan yerdə görünmərəm. Bir işim, vacib bir məsələ olmayanda gəlib sizin vaxtınızı almaq istəmirəm. Onsuz da vaxt zəhrimar heç çatmır.

– Düz deyirsən, Salman. Vaxt çatışmır, – deyə o, əlini gur, gümüşü saçlarında gəzdirib qara pencəyinin sağ çiyninə tökülmüş iki-üç ağ tükü üfürüb yerə saldı. – Neynəyəsən, heç bilmirsən gün, ay, il hardan gəlib gedir. Ömür… hə, ömür dedim, yadıma düşdü. Dünən prezidentin yanına getmişdim. Oturduq, elə o yandan-bu yandan, institutun işindən-gücündən xeyli söhbət etdik. Açığını deyim ki, Salman, mən o kişiyə bir də heyran oldum. Əşi, özün kimyagər olasan, şeirə, ədəbiyyata bu qədər bağlı olasan? Bu kişi nə qədər gözəl şeir əzbər bilir. Türkcə, farsca, daha ana dilimizdə bildiklərini demirəm. Deyir sizin institut bizim ədəbiyyatımızın əsas istiqamətverici qüvvəsi olmalıdır. O, qayğıkeş, mehriban, övladının hər xoş qədəminə, xoş sədasına sevinən, yolundan azdığını görəndə onu ancaq düz yola çağıran bir ata kimi ədəbiyyatımızın beşiyi başında durmalıdır. Tarix bu nöqteyi-nəzərdən, sizin institutun boynuna böyük və şərəfli vəzifələr qoymuşdur. Yaxşı, ağıllı, savadlı kadrlarımız var, deyir. Onları qoruyun, qeydinə qalın, müdafiə işlərinə kömək edin, ev mənzil şəraiti pis olanı varsa, əlindən tutub evlə təmin eləyin. Bunlar, deyir, yaradıcı adamlardır.

– Tamamilə doğru sözlərdir, – deyən Salman təsdiq elədi.

Aslanzadə ani olaraq duruxub:

– Sözümün canı bu deyildi, – dedi, – söz ömürdən düşmüşdü deyəsən.

– Bəli.

– Hə. Dünən də elə ömürdən-gündən söhbət gəlib düşdü ortaya. Öz aramızdı, heç görübsənmi ki, iki cavan oturub ömürdən danışsın, bunlar hamısı qocalıq əlamətidi, vallah.

İndi biz oturub-durub deyirik ki, ömür çatmır. Bilirsənmi, Salman, bunun səbəbi nədir? – Salmandan cavab gözləməyib özü davam elədi: – Səbəbi odur ki, həyat gözəldir, dünya gözəldir, yaşayışımız gözəldir, elə buna görə də adam dünyadan doymur.

– Elədir, tamamilə doğrudur, – deyə Salman başını tərpətdi. Bu ara onun gözü professorun stolu üzərindəki göy cildli qalın kitaba sataşdı. Salmanın adəti idi: təzə kitab görəndə əlinə alıb vərəqləməsəydi, neçə səhifə, neçə çap vərəqi olduğunu, tirajını öyrənməsəydi olmazdı. – Bu nə kitabdı, belə? – deyərək dikəldi, əlini uzadıb kitabı götürdü və elə o an şadlıqla:

– Oh, sizi təbrik eləyirəm, professor, – dedi.

Samballıdı, vərəqlədi:

– Çox gözəl buraxıblar.

– Kitabın üzərindəki yazını ürəyində dönə-dönə oxudu: “A. M. Aslanzadə, Seçilmiş əsərləri, altı cilddə, üçüncü cild”.

Aslanzadə məmnun halda kresloya yayxanıb əlini saçına çəkə-çəkə:

– Çox sağ ol, – dedi. – Gün o gün olsun, sənin cildlərini belə buraxsınlar.

Salman gülümsündü, nəsə demək istədi, ancaq nə üçünsə sözünü udub, kitaba daha diqqətlə baxa-baxa:

– Amma tərtibatı da gözəldi, – dedi. – Mənlik olsa, lap deyərdim əladı!..

Salman danışırdı, Aslanzadənin isə, ona baxsa da, fikri ayrı yerdə idi. O, bu dəqiqə həmin kitab üzərində işlərkən keçirdiyi yuxusuz gecələri, arxivlərdə, köhnə, əyri-üyrü xətli əlyazmaları üzərində qurdalandığı günləri, ayları, illəri yadına gətirib əməyinin itmədiyini görür, üstündə adı yazılmış qalın cildə nəzər saldıqca bütün ağrılar, əzablar, yorğunluq canından çıxırdı. Demək, ömür hədər getməyib, demək, o, bu dünyaya papağını günə yandırmaq üçün gəlməyib, səhər başını ölüm yastığına qoyanda ürəyində, beynində neçə yazılmamış əsəri olsa da, vicdanı rahat olacaq. Övladı yox idi, əzəldən olmamışdı. İndi o, qəlbinin dərin və gizli guşələrində gizlənib hərdənbir baş qaldıran övlad həsrəti müqabilində özünə təsəlli verib deyirdi: “Mənim övladım – bu kitablar. Bunlar mənim ciyərparalarımdır. Mənə heç kəs “sonsuz” deməsin. Mənim övladlarım var. Onlar mənim adımı, səsimi, sözümü gələcək nəsillərə çatdıracaq”.

Həmişə bu barədə fikirləşəndə özünə nə qədər ürək-dirək versə də, təsəlli versə də, anasız, kimsəsiz uşaq təki kövrəlirdi; o boyda canlı, cüssəli adam elə bil kiçilib xırdalaşırdı və ona daxili, gizli əzab verən bu həlim və yumşaq hissləri unutmaq üçün diqqətini başqa bir səmtə yönəldirdi.

İndi də belə oldu. O, xəyal aləmindən ayrılıb Salmana baxdı: Salman kitabı vərəqləyir, hərdənbir nəsə deyirdi:

– Şöbənizdə nə var, nə yox? – deyə Salmanın nəzərini kitabdan ayırmağa çalışdı.

Salman professorun kitabını ehmalca mizin üstünə qoydu. – Sağlıq-salamatlıq, – dedi, – işləyirik.

– Dünən prezidentlə sizin şöbə barədə ətraflı danışdıq. Prezident bu şöbəyə xüsusi diqqət verir və məndən də, səndən də bunu tələb elədi. Deyir, bu şöbə gərək öz fəaliyyəti ilə institutun başqa şöbələrinə nümunə olsun. Kadrlarımız, – deyir, – pis deyil, çoxusu hazırlıqlı, savadlı yoldaşlardı. Ancaq bu, azdı. Bu il sizə dörd ştat verəcəyəm, – dedi. Xüsusi ilə qeyd elədi ki, cavan elmi işçilərin yetişməsinə, onların yaxşı, keyfiyyətli elmi əsərlər yazmasına, müdafiə işlərinə hər cür şərait yaratmaq lazımdır. Ezamiyyət üçün pul əsirgəmə, – deyir. – Qoy getsinlər, ölkənin kitabxanalarında işləsinlər, axtarıb tapsınlar, gətirsinlər.

– Biz elə belə də eləyirik! – deyə Salman prezidentin hüzurunda imiş kimi ciddi bir tərzdə cavab verdi.

– Bəli. Gərək ümumən işimizi elə ciddi quraq ki, akademiyanın institutları arasında bizim institut, necə deyərlər, barmaqla göstərilsin. İndi ilin birinci yarısı qurtarmaq üzrədir. Gözünü açıb-yumacaqsan, illik hesabat gəlib yetişəcək. Ona görə o əsərlər ki bu ilin planına görə qurtarmalı və müzakirəyə verilməlidir, gərək indidən ciddi nəzarət altında olsun.

– Düzdür, professor. Biz elə belə də eləyirik.

– Sonra prezident prinsipiallıq məsələsini tam ciddiyyəti ilə qeyd eləyib dedi ki, bunsuz bir addım da irəli ata bilmərik. Prinsipiallıq, yenə də prinsipiallıq! Hər işdə prinsipial olmaq gərəkdir.

– Tamamilə düzdü. Biz elə belə də eləyirik.

– Prezident Orxanın məqaləsini, – “Kommunist” qəzetində çıxanı deyirəm, – oxuyub yaman xoşuna gəlib.

Salman söhbətin qəfil gəlib onun üstünə çıxacağını gözləmədiyi üçün birdən-birə bilmədi ki, nə cavab versin və yüngülcə qızardı. Bu, Aslanzadənin sərraf gözlərindən yayınmasa da, özünü o yerə qoymayıb davam elədi:

– Prezident məqaləni ağız dolusu tərifləyəndən sonra qeyd elədi: bunun özü göstərir ki, Salmanın şöbəsində tam demokratiya, tənqid, özünütənqid prinsipi əsas yer tutur. Bu sevindirici haldı ki, indi tələbə öz müəllimini tənqid eləmək, onun nöqsanlarını söyləmək imkana və cəsarətinə malikdir.

– Biz elə belə də eləyirik, – deyə Salman özü də fərqinə varmadan təkrar elədi. – Bizdə böyük-kiçik yoxdur. Elmdə, mən özüm dönə-dönə iclaslarda da, universitetdə də demişəm ki, böyü-kiçik olmasın gərək…

ON BEŞİNCİ FƏSİL

Gülmirə Orxandan ayrılandan sonra idarəyə getmədi. “Birdən əlimdə məqaləni görən olar, xətti tanıyar”, – deyə düşünüb birbaş evə sarı yollandı. Küçələrdə adam azdı. Hava isti olsa da, o, canında bir yüngüllük və rahatlıq duyurdu…

Məqaləni salıb itirəcəyindən qorxurmuş təki, qəzeti sol döşünə bərk-bərk sıxmışdı. Nədənsə qəflətən ona elə gəldi ki, Orxanın əli burda, qəzetin arasındadır, bir anlığa o əlin hərarətini hiss eləyən kimi oldu. Və səksənərək qəzeti sinəsindən ayırdı…

Həyətdə heç kim yox idi. Maşa xala harasa getmişdi. Qapını şıqqıltı ilə açıb içəri girdi. Tez-tez gəldiyindən tövşüyürdü. Nəfəsini dərdi, paltarını dəyişib üz-gözünə su çırpmamış, səinləməmiş miz arxasına keçib məqaləni açdı, oxumağa başladı.

Səhifələr bir-bir çevrilirdi. Sərrast, aydın məntiqli cümlələrlə ifadə olunmuş fıkirlər Gülmirəyə yeni və mənalı görünürdü. Sinəsi fərəhdən qabarır, gah Orxana minnətdarlıq edir, gah da indiyə qədər ona inamsızlıqla baxan, elmindən “gözləri su içməyən” Əqdəmin, Nadirənin, başqalarının qarasınca deyirdi: “Hə, baxın, oxuyun, görün necədir!..”

Gülmirə məqaləni oxuduqca Orxan onun nəzərində daha da böyüyür, ona daha yaxın, daha doğma olurdu: “Qələminə qurban olum, ay Orxan, nə yaxşı yazmısan. Bax, bu heç mənim ağlıma gəlməyib, bunları özündən artırmısan… mənim dilim yoxdur, yazım yoxdur…” – deyə köks ötürə-ötürə oxumaqda davam eləyirdi Qapı astaca döyüldü. Gülmirə oğurluq eləmiş adam təki, qəzetlə məqalənin üstünü tez örtdü və:

– Bəli! – dedi – Buyurun!..

Maşa xala başını içəri uzatdı, salam verib dedi:

– Gülya, Əqdəmçikdən məktub gəlib. – O, məktubu irəli uzatdı.

Gülmirə qapıya sarı yeridi, Maşa xalaya təşəkkür edib geri qayıtdı. Elə ayaq üstə məktubun ünvanına baxdı. Əqdəmin təkcə familiyası yazılmışdı: Həmişəki kimi ünvansızdı…

Ah çəkib oturdu. Məqaləni yenə qabağına qoydu. Bir gözü isə məktubda idi: “Nə yazacaq? Hər dəfə yazdığını…” Bu dəqiqə məqalə onu daha çox cəzb eləyirdi. Məqalə onun həyatında nəsə eləməli idi: ona qarşı olan ümidsizliyi qırmalı, daim qorxu, utancaqlıq hissi ilə gəzib dolanan Gülmirənin ürəyini, müvəqqəti də olsa, toxtatmalı idi. Bəs məktub? Bu ara Gülmirə başını qaldırıb Əqdəmin divardakı iri şəklinə baxdı. Əqdəm də ona baxırdı. Şəkil çəkdirəndə Əqdəmin üzündə bir təbəssüm var idi. Ancaq indi, deyəsən, bu təbəssüm Gülmirənin gözünə dəymirdi, elə bil o ciddiləşmişdi, amma bir söz demir, durub lal – dinməz baxırdı. Gülmirə onun bu ciddi baxışları altında sarsılan kimi oldu, ona elə gəldi ki, Əqdəm stolun üstündəki məqaləni görür, ona görə belə ciddiyyətlə baxır. Gülmirə məqaləni qatlayıb kənara qoydu. Zərfi cırıb dəftər vərəqinə yazılmış sözləri nəzərdən keçirməyə başladı.

“Mənim şəgərim, qolum, qanadım!” – sözləri ilə başlayan bu kiçik kağızında Əqdəm ondan sarı bərk darıxdığından, yaxın vaxtlarda görüşəcəklərindən söhbət açır, nigarançılığından danışırdı: “Səni yuxuda tez-tez görürəm. Bilmirəm başında nə var? Bu axşam da yuxuma girmişdin. Görürəm bir sıldırım qayanın üstündəsən, aşağı baxanda adamın gözü qaralır. Sən başını açıbsan, külək saçlarını sifətinə dağıdıb oynadır. Acıqlısan, ağlayırsan. Deyirsən ki, sənin acığına özümü bu uçuruma atacağam… Mən sənə yalvarıram ki, atma! Ancaq sən mənim sözümə baxmırsan… qışqırıb ayıldım… Qan-tər içindəydim. Anamın sözü yadıma düşdü: pis yuxunu o, həmişə tərsinə yozardı…”

Əqdəm məktubun başqa yerində Gülmirəyə ayrı bir xəbər yazmışdı: “Mağazada yaxşı şuba vardı. Qarasından birini götürdüm sənə. Axı, sənin qaradan xoşun gəlir. Gələndə gətirəcəyəm”. Nə vaxt gələcəyi barədə bir söz yazmamışdı.

Gülmirə məktubu oxuyub qurtardı. “Bilmirəm başında nə var?” “Uçurum”, “Şuba” sözləri beynində dolaşırdı. O, kağızı zərfin içinə qoyaraq başını ağır-ağır qaldırıb Əqdəmin şəklinə baxdı və canlı adamla danışırmış kimi:

– Başımda heç nə yoxdur. Şubasız da qışdan çıxaram, – dedi.

– Sən özün mənə lazımsan. Əqdəm, şuban yox! – Qəhər Gülmirəni boğdu. O, elə oturduğu yerdəcə başını mizin üstündəki məktubun, məqalənin üstünə qoyub gözlərini yumdu: “Ürək dolusu sevinmək mənə qismət olmayacaq deyəsən… həmişə belə olub: elə yenicə sevinməyə başlayanda…” Fikrini tamamlaya bilmədi, gözlərinin isti yaşı axıb kağızların üstünə töküldü. “Mən bədbəxtəm!.. – deyə səyriyən dodaqları ilə pıçıldadı. – Romantika məni məhv elədi.

Təyyarə, göylər, hərbi geyim… Zahiri parıltılarmış! Məktubla, şuba ilə arvad saxlamaq olmaz!..”

Başının altındakı kağızdan Əqdəmin səsi gəlirdi:

“– Mənim şəkərim, qolum, qanadım”. Başının altındakı qəzetə bükülü məqalədən Orxanın səsi eşidilirdi: “Mən sənin əziyyətini ömrüm boyu çəkməyə hazıram…”

Gülmirə başını qaldırdı.

Stolun üstündəki stəkanda bir gül saralıb– solmuşdu. Bu, o gün Orxanın idarəyə Gülmirə üçün gətirdiyi gül idi.

Gülmirə gözünün yaşını silib ah çəkdi və məqalənin ardını oxumağa başladı.

İyirmi dəqiqəyə məqaləni oxuyub qurtardı. O qədər xoşuna gəldi ki, sevindiyindən heç bilmədi neyləsin. Əvvəllər öz məqaləsinin pis olduğu onu qorxudurdusa, indi üzərində onun adı yazılmış məqalənin bu qədər dərin və elmi olması Gülmirəni narahat eləməyə başladı: “Yəni inanarlarmı ki, mən bu cür dərin və savadlı bir məqalə yazmışam? Şübhələnərlər! Yox, niyə şübhələnərlər, axı? Mən lap başımı itirmişəm a! Sağ ol, Orxan, sənə heç bilmirəm necə təşəkkür eləyim, – deyə yenə onun haqqında fıkirləşdi. – Qəribə oğlandır… Heç indiyəcən bir qıznan, qadınnan oturub-durduğunu görməmişəm. Deyəsən, elə ilk vurulduğu mənəm. Eh, Orxan, Orxan!…”

Gülmirə məqalənin üzünü ağartdı. Bu onun üç-dörd saat vaxtını aldı. Qurtarandan sonra Orxanın yazdığını xəlvət bir yerə qoyub gizlətmək istədi. Ancaq fikrini dəyişdi: “Yox, ələ keçə bilər. Əqdəm mənim yazı-pozumla maraqlanır”, – deyə düşündü. Ürəyi istəməsə də, heyfi gəlsə də, o, məqaləni tikə-tikə eləyib zibil yeşiyinə atdı:– “İzi-tozu da qalmasın…”

Gülmirə telefona yanaşıb dəstəyi götürdü. Ani tərəddüddən sonra Orxangilə zəng elədi, təşəkkürünü bildirmək üçün.

– Alo… Orxan?..

– Sənsən, Gülmirə?! – deyə Orxan dəstəyi götürən kimi onu səsindən tanıyıb çaşqın halda xəbər aldı.

– Nə bildin mənəm, Orxan?

– Telefonda səsini çıxarmasan da, nəfəsindən tanıyıram səni! Gülmirə Orxanın bu sözləri müqabilində heç nə tapıb deyə bilmədi.

– Səndən nə əcəb, Gülü?

– Orxan, məqaləni oxudum, o qədər xoşuma gəldi ki!.. Necə deyim, heç bilmirəm. Çox sağ ol, Orxan. Sənə ömrüm boyu minnətdar olacağam.

– Bu mənim üçün ən böyük səadətdir, Gülü!

Gülmirə özünü itirdiyindən “sağ ol” deyib dəstəyi yerinə asdı. Aradan iki həftə keçdisə də, Gülmirə məqaləni üzə çıxartmadı. Orxan bir dəfə pillələrin başında Gülmirədən soruşdu:

– Bəs məqalə hanı?

– Evdə.

– Niyə ortalığa çıxartmırsan, çap elətdirmirsən? Gülmirə tərəddüdlə dilləndi:

– Düzü, ehtiyat eləyirəm.

– Nədən, Gülmirə?

– Qorxuram, bir adama deyərsən, sonra biabır olaram, – deyə qız neçə gündən bəri onu rahat buraxmayan qorxusunu Orxana açıb dedi.

– Deməli, sən mənə inanmırsan, eləmi? – Orxan incik-incik soruşdu.

– Yox, yox. İnanıram. Ancaq…

– Uşaqlıq eləmə, get yazdır, Gülmirə. Sənə bu saat məqalə su kimi, hava kimi lazımdır, – deyə Orxan qıza bərk-bərk tapşırdı və axırda da həlim səslə:

– Məndən arxayın ol, Gülü, mən sirr saxlamağı bacarıram. – dedi.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации