Электронная библиотека » Əlibala Hacızadə » » онлайн чтение - страница 8

Текст книги "Təyyarə kölgəsi"


  • Текст добавлен: 13 января 2023, 17:52


Автор книги: Əlibala Hacızadə


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 8 (всего у книги 23 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +

Bəli, Salman Qurbanzadə – kimin üçünsə qınında olan qılınc idi, kimin üçünsə qınından çıxmış qılınc idi!

Gülmirə qaranlıq otaqda ağlına gələn bu fıkirdən üşürgəndi, qorxdu…

ON SƏKKİZİNCİ FƏSİL

Səhəri günü özünü azca nasaz hiss elədiyi üçün Salman işə çıxmadı. Hıqqıldaya-hıqqıldaya, zarıya-zarıya telefona yaxınlaşıb Aslanzadəyə zəng çaldı, icazə alıb yerinə girərək əməlli-başlı uzandı. Ərini kefsiz görən, ümumən evdə xəstə görməkdənsə, özü xəstələnməyi üstün tutan Nadirə əl-ayağa düşüb doktor çağırmaq istəyəndə Salman qoymadı: “Əşi, yüngülvarı şeydi, keçib gedər”, – deyərək onu sakitləşdirdi; buna baxmayaraq Nadirə balaca ev aptekindən aspirin tapıb isti çayla ərinə içirtdikdən sonra nigaran-nigaran idarəyə getdi. Professor darıxacağını hiss eləyib əl ataraq çarpayısının baş tərəfindəki kitab rəfindən “Şərq ədəbiyyatında realizm” əsərini götürdü və mütaliəyə başladı. Ancaq sətirlər gözünün qabağından qaçdığına görə, cümlələr, fıkirlər ona dolaşıq və anlaşılmaz görünürdü, buna görə oxuduğu bir cümləni qayıdıb ikinci dəfə də nəzərdən keçirməli olurdu. Çox keçməmiş belə mütaliənin heç bir fayda verməyəcəyini kəsdirib kitabı yorğanının üstünə atdı. Çünki onun diqqəti burada deyil, dünən müvəffəqiyyətlə keçirdiyi “əməliyyatın” yanında idi. Professorun diqtəsi ilə, Gülmirənin öz əlilə yazılan məqalə onun seyfində, köhnə kağızlar yığılmış qovluğun arasındaydı.

Salman ehtiyatlı tərpənib Gülmirəyə bəzi başqa məsləhətlər də vermişdi. Bütün bunlara baxmayaraq, Salman gecəni səhərəcən yerində qurcuxmuş, ilan vuran yatmışdısa da, o, çimir belə eləyə bilməmişdi. Bir tərəfdən qurduğu, o biri yandan da belə mühüm məsələnin ümumən əldən çıxması onu yamanca dilxor eləmişdi. Burda şəxsən o heç nə qazanmırdı. Arada əzab-əziyyət çəkən Cəfər, “nə yoğurub, nə yapan, hazırca kökə tapan” isə Gülmirə olurdu. Paxıl adamlar, bərk ayaqda, bununla da təsəlli tapmağı bacarırlar; Salmanın da təsəllisi bu idi. Ötən gecə yerində çalıxıb-çapalayan təkcə Salman deyildi, Gülmirə daha böyük və daha anlaşılmaz bir təlatümə düşmüşdü. Elə bir təlatümə ki, o, bu qurğunun əsil mahiyyətini tam aydınlığı və dərinliyi ilə hələ də anlaya bilmirdi. Bu, nə idi? Professor ona köməklik etmək istəyirdi. Belə köməklik olar? Bəlkə bu, Cəfərə qurulmuş bir tələdir. Elə isə bəs Gülmirə nə üçün onun “çörəyinə” mane olmalıdır? Axı onlar yoldaşdılar, eyni şöbədə işləyirlər. Kimə bu dərdi-sirri açmalı, kimdən məsləhət almalı? Orxana? Yox, axı, o heç kəsə sirr açmayacağına söz verib.

Bu cavabsız suallar onu hövülləndirir, ancaq Gülmirə bu işin axırını bir yana çıxara bilmir, düşdüyü vəziyyətlə barışmalı olurdu. Belə anlarda o öz-özünə deyirdi: bəlkə üzümə bağlanan qapılar açılır? Bəlkə bu məqalələr məni bir yana çıxaracaq? Nə üçün mən gərək şadlığıma şitlik eləyim? Niyə də? Kim belə hazır tikədən qaçar? Sonra ürəyinin dərinliyindən gələn bir ayrı səs hökmlə, qəzəblə onun öz üstünə bağırırdı: “Vicdansız!” Bu zaman o, əlilə üzünü tutub ağlamaq istəyirdi, lakin bacarmırdı. Təkcə Cəfərin ürəyi sakit idi. Əslində o, sevincin qanadlarında uçurdu. Bu gecə professoru, Gülmirəni ayrı hisslər yatmağa qoymamışdı. Cəfəri isə sevinc. Hələ o, uzun illərdən bəri belə sevindiyini xatırlaya bilmirdi. Elə sevinirdi ki, ürəyi bu sevincə tab gətirməyib partlaya da bilərdi.

“Heyf ki, dünən professorun vaxtı olmadı. Yoxsa baxacaqdı. Yəqin, o da sevinəcəkdi”, – deyə düşünən Cəfər səhəri səbirsizliklə gözləmiş, tezdən professorun başının üstünü almaq üçün hamıdan qabaq idarəyə gəlmişdi. Amma professorun kefsiz olduğunu və bu gün işə çıxmayacağını eşidəndə məyus oldu. Şöbəyə gəlib yerində oturdu, ancaq nə oxuya bildi, nə də yaza bildi. İri, lay pəncərədən diş-diş qala divarlarına baxıb, fikrə getdi. Professorun kabinetinin qapısı da bağlı idi. Cəfər dözməyib şöbədən çıxdı. Pillələri tələsik enib, özünü küçəyə saldı. Azənəşrin binasının qabağında trolleybusa minib, on dəqiqə sonra Nərimanov prospektində, “Ceyran” kafesinin yanında düşdü.

Qapını zol-zol pijama geyinmiş professor özü açdı. Cəfəri görən kimi:

– O… sənsən?! Yaxşı ki, gəldin, – dedi və onu içəri dəvət elədi.

Cəfərin sıxıntısı keçib getdi. Professorun halını-əhvalını soruşdu.

– Azca canım ağrıyır, canına sağlıq, – deyə o, yenə çarpayısına sarı getdi və Cəfərə qənşərindəki kreslonu göstərdi. Cəfər əyləşdi. Professor üzr istəyib yorğan-döşəyə girdi. – Ürəyin düzdü, – deyə hər iki əlini daraqlayıb boynunun dalına qoydu, başını qaldırıb Cəfərə baxdı. – Bu dəqiqə elə sənin haqqında düşünürdüm.

– Çox sağ olun, professor.

– Dünən elə tələsirdim ki, heç yaxşı ayırd eləyə bilmədim də nə dedin. Füzuli haqqında, deyəsən, məqalə yazmışdın, ya nə idi?

– Belədi ki, bir balaca məqalə qaralamışdım. Füzulinin avtoqrafını tapmışam…

– Füzulinin avtoqrafını?

– Bəli. Öz dəst-xəttilə yazdığı… İndiyə qədər…

– Hə, bildim. Sən, yəqin, “Əsrarül-ədvar”dakı məsələni görübsən.

Cəfərin gözlərindəki sevinc qığılcımları öləziməyə başladı.

– Bəli… Sizin xəbəriniz…

– Hə, o barədə məqalə də yazılıb.

Professorun soyuqqanlıqla dediyi bu sözlər Cəfərin bütün sevincini alt-üst elədi. O, ağır zərbə almış adamlar kimi karıxıb gözlərini qırpa-qırpa qaldı.

– Məqalə də yazılıb?

– Bəli.

– Kim yazıb? Mənə rast gəlməyib.

Professor qımışıb daha inandırıcı bir üsul kəşf eləmiş adam kimi fərəhləndi və dikəlib yerində oturdu:

– Sənə bir əziyyət versəm, olar?

– Niyə olmur? – deyə Cəfər fikri dağınıq halda cavab verdi.

– Mənim o şalvarımın cibindən kabinetin və seyfin açarını götür, get idarəyə. Otağı aç, stolun üstündən öz məqaləni, seyfdən də göy papkanı götür, gəl.

Cəfər açarları götürüb çıxanda professor eşitdirdi:

– Sonra qapını və seyfi bağlamağı unutma!

– Yaxşı…

Cəfər yolu quş kimi gedib-gəldi. Özünü saxlaya bilməyib göy qovluğu açıb içindəki kağız-kuğuzu yoxlamaq istədisə də, trolleybusda adam çox olduğundan imkan tapmadı. Yol uzunu düşündü: “Bu nə haqq-hesabdı? Harda çıxıb məqalə ki, mən ona rast gəlməmişəm.

Bəlkə?.. Bəlkə nə? – Öz-özündən soruşdu. – Bəlkə bizim uşaqlardan biri tapıb? Yaxud professor özü?”

Cəfər lap cavanlıq illərindən Salmanın xasiyyətinə: özünü iki inəkli, qonşusunu bir inəkli istəyən adam olduğuna bələd idi. (Cəfər Bakıdan uzaqda yaşadığı illərdə Salmanın dəyişib qonşusunu bir inəkli də görmək istəməyən adama çevrildiyini hələ bilmirdi). Bununla belə ürəyinə ayrı şey gətirmək istəmirdi. “Axı o nə məqalədi?”– deyə-deyə qapının zəngini basdı. İki dəqiqə keçmiş onlar– Salman və Cəfər üzbəsurət oturmuşdular. Cəfər eynəyinin altından qəribə parıltı ilə işıldayan gözlərini professora zilləmişdi,

– Hə, belə-belə işlər, yoldaş Cəfər. Sən elə bildin Füzulinin avtoqrafını sən birinci görübsən?

– Mənə elə gəldi ki…

– Hə, belə… Mənə elə gəldi ki.. – O, danışa-danışa qovluğu açıb içərisindən, lap altdan bir-birinə sancaqlanmış iki səhifə çıxartdı. Ani nəzərdən keçirib Cəfərə işarə elədi:

– Stulunu yaxın çək. Bax, bu məqaləni görürsən? Adı nədi?

– Adı? – Cəfər irəli əyilib çətinliklə oxudu:– “Füzulinin avtoqrafı…”

– Kim yazıb?

– Gülmirə Əlibəyli.

– İndi bu tarixə bax. Nə vaxt yazılıb məqalə? Cəfər axırıncı səhifənin aşağısına – professorun barmağı ilə göstərdiyi nöqtəyə baxdı.

– Martda yazılıb.

– Demək, üç ay bundan irəli yazılıb, eləmi?

– Bəli.

– İndi bura bax. Bunu da mən yazmışam.

Cəfər dərkənarı da oxudu: “Mühüm bir məsələyə həsr olunmuş bu məqalənin çap olunmasını məsləhət bilirəm. Prof. S. Qurbanzadə”. Altında da iki ay bundan qabağın tarixi…

– Bəs indiyəcən Gülmirə bunu niyə çap elətdirməyib? – deyə Cəfər burnunun ucuna enib düşmüş eynəyi barmağı ilə düzəldib xəbər aldı.

– Düzü, günah məndə olub. Vaxtımın azlığı üzündən ona verə bilməmişəm. Yazıq özü iki-üç dəfə də yanıma gəlib, imkanım olmayıb. Bilirsən, gah iclas, gah müşavirə, gah nə bilim nə. Qız, deyəsən, bir balaca məndən inciyib də. Cavanlar axı bir balaca dəymədüşər olurlar. – Bunu deyib Salman məqaləni Cəfərə sarı uzatdı. – Al, bax, tanış ol, bəlkə ayrı-ayrı avtoqrafları tapmısınız?

Cəfər alıb tələsik halda məqaləni nəzərdən keçirdi. Yox, buna heç şübhə ola bilməzdi, mənbə, avtoqraf eyni idi. Cəfər bu günə qədər zəngin bir xəzinəyə açar tapmış adama oxşadırdı özünü. Şad-xürrəm idi. Amma indi… O açarı onun əlindən aldılar, başqasına verdilər, sən demə, o gecikibmiş. Gecikibmiş, həyatda olduğu kimi…

– Bir şeydi, professor… – deyən Cəfərin ümidsiz səsi eşidildi.

Gülmirə Cəfərin onun stoluna sarı gəldiyini görəndə özünü itirən kimi oldusa da, professorun möhkəm-möhkəm tapşırdığı sözləri yadına salıb özünü ələ aldı. Cəfər salam verib boş stulu Gülmirənin stoluna sarı çəkib əyləşdi.

– Sən, belə məlum olur ki, Füzulinin avtoqrafını tapmışmışsan.

Gülmirənin bu an nələr çəkdiyini dillə demək çətindi. Onun bu dəqiqə keçirdiyi ağrılı-acılı əzab ilk dəfə başqasının təhriki ilə günahsız insan öldürmüş ürəyi yumşaq bir adamın əzablarına çox oxşayırdı. Hər şey keçici, ötəri olduğu kimi, belə əzablar da keçib gedən olur. Xüsusilə o zaman ki, tutulmaq, ifşa olunmaq qorxusu adamın bütün varlığına hakim kəsilir; o öz başını, canını xilas etmək barəsində düşünür. Bax, bu zaman sentimental hisslər yox olur, yerini başqa, daha real, daha həyati hisslərə verir. Gülmirə də belə oldu: Cəfərin solğun, yorğun üzünü görəndə əzab içində qovruldu, iki saniyə keçməmiş dəyişib tamam ayrı bir adama çevrildi:

– Hə, necə məgər? Tapmışam.

– Bəs niyə indiyəcən səsə salmırsan?

– Neyniyəcəm? Durub car çəkməyəcəm ki? Yazmışam, vermişəm kişiyə. Haçan verər, verər. Dedim hay-küy salaram, deyərlər ki, Gülmirə lovğalanır.

Cəfər bu sözlərin müqabilində heç nə deməyib başını aşağı saldı və düşündü: “Yaxşı ki, çox adama Füzulinin avtoqrafını tapdığımı deməmişəm. Yoxsa lap biabır olardım.”

ON DOQQUZUNCU FƏSİL

Neçə gün idi ki, Gülmirə canını qoymağa yer tapmırdı, qiymətli bir şey tapmış adam kimi ora-bura vurnuxur, nə edəcəyini bilmirdi. O qiymətli şey əlini, ürəyini yandırırdı – sahibi məlum idi – Cəfər idi, di gəl ki, onu, o ağsaçlı, nurani alimə, onsuz da, elm aləminə gec qayıtmış (özündən asılı olmayan səbəblərə görə), yaşına görə az yazıb yaratmış Cəfərə qaytarmağa imkanı yox idi, çünki, Salman Qurbanzadə belə tapşırmışdı. Gülmirə hər dəfə kişini görərkən sıxılıb yumağa dönür, şax yerişini itirir, onun gözlərinin içinə dik baxmağa utanırdı. O gün ilk kadrlarını gördüyü, hövlündən gerisinə baxmağa cürət etmədiyi “Oğru” filmi Gülmirənin fikirlərini alt-üst eləmişdi, böhranlı hallara salmışdı. Uzun götür-qoydan sonra o, professorun yanına getməyi, hər şeyi açıq-aydın danışmağı, bu çirkin işdən imtina eləməyi qərara almışdı. Lakin üç gün idi ki, Salman Qurbanzadəni münasib şəraitdə tuta bilmirdi; kişi gah iclasda olurdu, gah direktorun kabinetinə girirdi, gah da universitetdə mühazirə oxumağa gedirdi. Vaxt keçdikcə Gülmirə lap təntiyir, az qalırdı dərdini institutun partkomu kimi Nadirə xanıma, yaxud da yaxın bir dost kimi Orxana açıb desin, ancaq Salmanın qəzəblənəcəyindən çəkinirdi, qınından çıxacağından – kəsib-biçəcəyindən ehtiyat eləyirdi. Digər tərəfdən də, Gülmirə Salmangilin evinin adamı kimi, onun arvadı ilə elmi işlərdə çox da yaxşı münasibətdə olmadığını, bir sıra məsələlərdə tamamilə ayrı-ayrı mövqələr tutduğunu, Nadirənin həm alim kimi, həm də bir insan kimi son dərəcə prinsipiallığını, nəinki başqalarına, hətta ərinə, doğma balasına belə güzəştə getməyən adam olduğunu bildiyi üçün bu işi Nadirəyə qətiyyən demək istəmirdi. Düşünürdü ki, əgər Nadirə həmin əhvalatı bilərsə, kollektivin müzakirəsinə çıxartmasa belə, Salmana dişinin dibindən çıxanı deyəcək – kişi arvadının yanında olan-qalan hörmətini, etibarını da itirəcək və bu zaman o, şübhəsiz yenə qınından çıxacaq, “babam mənə kor dedi, hər yetənə vur dedi”– söyləyib qabağına keçəni biçib doğrayacaq. Kim bilir onda Gülmirənin özünün də halı necə olacaq?! Yox, əvvəl özü ilə danışmaq gərəkdi, məsələni isti-isti həll eləmək lazımdı. Bu fikirlə də Gülmirə, nəhayət, münasib fürsət düşən kimi Salmanın otağına girdi. Salman nahar eləyirdi – salafanın içindəki iki kotleti, iki fal çörəyi, göy-göyərtini stolunun üstünə yığıb iştahla yeyirdi. Qapı ağzında Gülmirəni görən təki ağzı dolu olduğundan əlinin işarəsi ilə onu içəri çağırdı, yer göstərdi. Gülmirə əyləşdi. Salman tikəsini udub:

– Hə, nə var, nə yox? – deyə xəbər aldıqdan sonra vəzəri qıçasını narın duza batırıb ağzına qoydu. Gülmirə bir anlığa nədən başlayacağını unudub döyükdü və axır özünü toplayıb söylədi:

– Professor, mən o məsələ ilə əlaqədar sizinlə danışmaq istəyirdim.

– Nə məsələ, qız?

– Füzulinin avtoqrafı…

– Hə, biz gərək ki, o məsələni həll eləmişik, Gülmirə.

– Yox, professor, mən razı deyiləm…

– Nə? Necə yəni razı deyiləm? – yemək Salmanın yadından çıxdı. – Bu nə deməkdir, qızım?..

– O deməkdir ki, mən… mən… başqasının… kəşfini… öz adıma çap elətdirə bilmərəm, Salman əmi… Vicdanım…

Salman ucadan güldü və ayağa qalxıb qapıya sarı gələrək onu kip örtdü – ehtiyat edirdi ki, bu söhbəti kənar adam eşidə bilər və gülüşünə ara verib asta səslə:

– Vicdan… hi, hi, hi… vicdan. Vicdan nədi, qız? – dedi. – Sən hələ uşaqsan, belə şeylər haqda düşünməyin hələ tezdi, bala. Rusların yaxşı bir məsəli var, deyirlər: “Dayut beri, biqot, beqi!” yəni “verirlər al, vururlar, qaç!” Səninlə o dəfə hər şeyi yaxşı-yaxşı müzakirə elədik, ölçdük, biçdik. Özün bilirsən ki, mən səni çox istəyirəm, sən mənim dostumun qızısan. Sənə hörmət eləmək, səni yetişdirib alim eləmək mənim həm dostluq borcumdu, həm də vətəndaşlıq borcumdu, qızım… Bu kəşf dediyimiz şey onsuz da Cəfərə heç nə verməyəcək, çünki onun ələyi ələnib, xəlbiri də göydə fırlanır. Amma sənin gələcəyin, karyerin, şöhrətin hələ qabaqdadır, Gülmirə. Sən hələ həyatda çox şeyi layiqincə başa düşmürsən, qiymətləndirə bilmirsən – bilmirsən ki, bu sənin üçün nə boyda şöhrətdi, bala!

– Mən… mən istəmirəm, Salman əmi, başqasının şöhrətini…

– Bu, başqasının şöhrəti deyil, sənin öz şöhrətindi, qızım. Bunu bir sən, bir mən bilirəm ki…

– Elə mən özüm bildim, bəsdi, Salman əmi. Mən özümü mühakimə eləyə-eləyə, əzab içində yaşamaq istəmirəm. Cəfəri görəndə yer axtarıram ki, başımı soxam… Yox, istəmirəm, Salman əmi, çox xahiş edirəm…

Salman bir anlığına susdu, əlini arxasında daraqlayıb o baş-bu başa var-gəl elədi və çıxılmaz vəziyyətə düşmüş adam görkəmi alıb:

– Eh, sənə nə deyim, – dedi. – Bunu elə onda desəydin, bir ayrı tədbir görərdim…

– Hələ gec deyil, qaytarın o yazını mənə. Cırıb atım, ürəyim sakit olsun…

Salman keçib yerində oturdu.

– Məsələ burasındadı ki, artıq gecdi, qızım. Məqalə artıq çapdadır, mətbəədədir, Gülmirə.

– Siz nə danışırsınız, Salman əmi?

– Bəli, artıq çapdadır, qız. Al, bu da makinada yazılmış mətnin ikinci, üçüncü nüsxəsi… – deyə o, göy qovluğun içindən makinada çıxmış vərəqləri və əl yazmasını ona qaytardı. Gülmirə vərəqlərə ötəri nəzər salıb məqalənin altında öz imzasını görərək sustaldı və başını əllərinin arasına alıb gözlərini yumdu.

– Kim yazıb bunu makinada?

– Mən özüm.

– Bəs redaksiyaya kim aparıb? – Mən zəng elədim bizim Şamilə– axı o mənim tələbəm olub. Adam göndərdi, verdim apardı.

Gülmirə çarəsiz-çarəsiz Salmana baxdı və gözləri yol çəkdi. Bu sükutdan istifadə eləyərək Salman harasa zəng çaldı, kiminləsə danışdı. Gülmirə təkcə bunu eşitdi ki, Salman deyir:

– Bugünkü nömrədə çıxır? Ay sağ ol, bala. Təşəkkür edirəm! – Sonra Salman dəstəyi yerinə qoyub güldü:

– Səni təbrik edirəm, qız. Məqalən çıxır bu gün!..

Gülmirə sevinmədi, əksinə, gözləri dolmuş halda Salmanın kabinetindən çıxmaq üçün ayağa qalxanda o, kotletdən iri bir dişdəm vurub çeynəməyə başladı…

* * *

… Cəfər kişi əlində bir dəstə qəzet şöbəyə qaranəfəs daxil oldu – o yaşda kişi liftlə də çıxmamışdı, dörd mərtəbənin pillələrini demək olar ki, qaça-qaça çıxmışdı. Tövşüyə-tövşüyə oturanlara göz gəzdirdi, nəzərləri ilə Gülmirəni axtardı.

– Hanı Gülmirə?

– Mən burdayam!

Cəfər ona sarı addımladı:

– Ay səni təbrik eləyirəm, qızım.

Orxan soruşdu:

– Nə olub ki Cəfər müəllim?

– Məqaləsi çıxıb. “Füzulinin avtoqrafı.”

– Hə? – Orxan sevinc içində ayağa qalxdı və ona tərəf gəlib əlini irəli uzadaraq təbrik etdi. – Nə yaxşı, nə yaxşı…

– Əşi, elə bir şey deyil, – deyə Gülmirə qızara-qızara Cəfərin onun qabağına qoyduğu qəzetlərdən birini götürüb nəzərdən keçirməyə başladı. Əslində o, heç nəyə baxa bilmirdi, hərflər bir-birinə qarışıb əriyirdi, qaçırdı. Əslində o, baxışlarını oturan yoldaşlarından, xüsusilə Cəfərdən gizləmək istəyirdi.

– Düz on dənə almışam, qızım, hərəmiz üçün bir dənə. Mən öz payımı götürdüm, qalanlarını da özün payla!

– Çox sağ ol, Cəfər müəllim…o, sıxıla-sıxıla dedi, – Ömrün uzun olsun.

– Dəyməz, qızım. Təki şöbəmizin əməkdaşlarının əsəri çıxsın, yerin deşiyində də olsa tapıb gətirərəm.

Gülalı mızıldana-mızıldana yaxın gəlib Gülmirənin stolunun üstündən bir qəzet götürdü, tələsik axtarıb onun yazısını tapdı və adəti üzrə kişnərtiyəbənzər bir səslə gülərək:

– Hi, hi.., ə kişi, sən burda, yenə bir balaca səhv eləyirsən, bu məqalə deyil ey, kiçik məlumatdı. Bu yaşa gəlmisən, hələ məqalə ilə məlumatı ayırd eləyə bilmirsən, – dedi.

– Fərqi yoxdur, Gülalı. Fakt budu ki, Gülmirə böyük Füzulimizin öz dəst-xəttini tapıb. Bu, çox böyük məsələdi, Gülalı. Bayaqdan əlindəki yazısını qurtarmağa can atan Nadirə nəhayət, fikrini tamamlayıb Gülmirənin yanına gəldi, onun əlini sıxdı:

– Afərin, Gülü. Bax, belə işləmək lazımdır.

Gülmirə qızara-qızara başını aşağı saldı və ürəyi qorxu içində fikirləşdi: “Görəsən Salman əmim buna açıb deməyib ki. Dedi, dedi də. Ondan nə desən gözləmək olar!” Ancaq Nadirənin təbiətinə bələd olduğundan bir az toxtadı. “Desəydi, indicə, bax elə bu qədər adamın içində sancmışdı, pərt eləmişdi. Deməyib, yox, deməz!” Nadirə Cəfərin Gülalıya dediyi son sözün üstünə qayıtdı:

– Cəfər kişi çox düz buyurur, Gülalı. Gülmirənin bu tapıntısı Füzulinin elm aləminə məlum olan onlarla divanlarının hansının onun öz dəst-xətti ilə yazıldığını müəyyən etməyə imkan verər. Bu xəttin, Füzulidən yadigar qalan bu bir-iki cümlənin kolliqrafik təhlili əsasında biz gələcəkdə də böyük sənətkarın öz avtoqrafı olan əsərlərini, azərbaycanca, farsca, ərəbcə divanlarının əlyazmasını axtarıb tapa bilərik. Və bu, əgər bizə müyəssər olsa, onda şairin əsərlərinin müxtəlif katiblər tərəfindən üzü köçürülərkən buraxdıqları səhvləri, yanlışlıqları, əlavələri islah edə bilərik və Füzuli kəlamını olduğu kimi oxucu kütləsinə, xalqımıza çatdırmağa müvəffəq olarıq. Bəli, Gülalı, Gülmirə xanım, bizə bu tapıntısı ilə böyük bir xəzinənin açarını vermiş olur.

– E… mən bir söz demirəm ki, Nadirə xanım, mən sadəcə bunu Cəfər kişinin hüzuruna ərz eləmək istəyirdim ki, məqalə ilə məlumatın fərqi var. Vəssalam… – Oturanların hərəsi bir nüsxə götürüb yerlərinə çəkilmişdi. Gülmirənin imzası ilə dərc olunan yazını oxuyurdu. Nadirə qəzeti tələsik oxuyub məsələni Salmana, Salman isə Aslanzadəyə çatdırmışdı. Bir sözlə, bütün institut, yəqin ki, başqa institutların əməkdaşları da indi ancaq bu barədə danışır, kimi Gülmirəni tanıdığını söyləyir, kimi isə: “O hansı Gülmirədi ey?” – deyə xatırlamağa çalışırdı.

Gülmirənin başı guruldayırdı, hələ də özünə gəlməmişdi, gözlərinə də inanmaq istəmirdi. Ancaq həqiqət həqiqət idi. Və indiyə qədər qəzetlərin əsil həqiqəti yazdığına, yazmalı olduğuna qəti surətdə inanan Gülmirə acı təəssüf hissilə düşünürdü ki, eh, Salmanlar səni də yalan danışmağa məcbur edə bilərmişlər!!.

İYİRMİNCİ FƏSİL

Nəfəslik açıq olsa da, Salmanın pəncərəsi dənizə baxan iş otağı papiros tüstüsündən xəfə idi. Gecə yarısına az qalırdı, məhəllədəki evlərin işığı sönmüş, Ceyhun çoxdan yatmışdı. Salman yumşaq kresloda oturub əl boyda, göy üzlü bir kitabçanı mütaliə edir, ayrı-ayrı sözlərin, sətirlərin altından qırmızı qələmlə xətt çəkirdi. Bu, İlhamın ilk şeirlər kitabçası idi. Professor onun bütün məmləkətdə məşhur olan akademik atasını da, özünü də yaxşı tanıyırdı. Keçən il yayda Salman ailəliklə onların Buzovnadakı bağına qonaq gedərkən həmin bax, bu kitabı çıxan İlham onlara yaxşı bir quzu kababı vermişdi.

Yeməkdən-içməkdən əvvəl Salman Qurbanzadə İlhamla qayaların üstündə dayanıb dənizə baxa-baxa xeyli söhbət eləmişdi. İlhamın savadı professoru açıqca heyrətləndirmişdi. Söz-söhbət dolanıb İlhamın şeirlərinin üstünə gələndə professor demişdi:

– Sənin şeirlərini oxuyuram…

İlham özü də hiss eləmədən professorun sözünü kəsmişdi:

– Ləzzət eləmir, Salman əmi?

– Nə?

– Mən özüm başa düşürəm ki, yüngül yolnan gedirəm.

Professor gözlərini dənizdən çəkib İlhamın küləkdən titrəyən qıvrım saçlarına, mavi gözlərinə baxmış və bu cavanın öz keçdiyi yola qiymət verməyi ona çox qəribə gəlmişdi; odur ki, İlhamın fikrini daha aydın başa düşmək üçün xəbər almışdı:

– Necə yəni yüngül yol?

– Açığı belədir ki, Salman əmi, mən müqavimətsiz çap olunuram. Hara gedirəm, hansı redaksiyanın qapısını açıram, məni, doğrusu, böyük hörmətlə qarşılayırlar. Orda oturma, burda otur. Əgər redaksiyada tanımadığım adam varsa, məmnuniyyətlə məni təqdim edirlər: akademik filankəsin oğludur. Öz adım yoxdur, üstümdə atamın adı var. Bəzən mənə elə gəlir ki, şeirlərimi də atama görə çap edirlər. Mən dəfələrlə eşitmişəm ki, şeir yazan cavanlar deyiblər: atasına görə… Mən sıxılıram. Belə şair olmaq istəmirəm. Mən istəyirəm ki, şeirimi öz ləyaqətimə görə çap eləsinlər. Mən kölgədə bitən bir ağaca bənzəyirəm. Salman əmi, inanın ki, bəzən baş götürüb qaçmaq, elə bir yerə getmək istəyirəm ki, orda bilməsinlər mən kimin oğluyam. Yaxşı da, pis də, nə iş görsəm, desinlər, bunu İlham eləyib, filan akademikin oğlu yox… Orta məktəbdə oxuyanda atam üstümə kölgə salıb, ali məktəbdə də həmçinin… Indi mən müstəqil olmaq, o kölgə altından çıxmaq üçün can atıram; təəssüf ki, bu, mümkün deyil… Ona görə də şeirim çap olunanda, radioda, televizorda oxunanda mənim ürəyimdə zərrə qədər də sevinc olmur, sevinə bilmirəm; elə bil, atamın kölgəsi mənim sevincimi də dondurub… Mən bir cavan şair tanıyıram, heç kəsi yoxdur. Fəhlə oğludur. Onun beş şeirindən birini çap edirlər, ancaq bu, yaxşı şeir olur, gözəl şeir olur…

Oğlan şeirini qəzetdə görəndə o qədər sevinir, o qədər sevinir ki, az qalır ağlasın. Mən onu başa düşürəm. O, məhz belə də sevinməlidir!..

Professor, İlhamın dediklərinə qulaq asıb:

– Sən nə qəribə oğlansan? – demişdi. – Demək, sən kölgə əleyhinəsən?

– Özü də necə, professor! Belə kölgələr adamı əsil sevincdən, əsil iftixar hissindən məhrum eləyir. Bu, dəhşətdir.

Bəli, indi İlhamın ilk şeirlər kitabçası satışa çıxmışdı. Professor dünən kitab mağazasından aldığı balaca kitabçanı oxuyub qurtaran kimi; akademikə zəng çalıb, xoş-beşdən sonra onu oğlunun kitabı münasibəti ilə təbrik eləmiş, şeirlərinin “çox əla!” olduğunu söyləmiş, hələ haqqında xüsusi məqalə yazacağını da vəd vermişdi.

Akademik də, öz növbəsində, ona dil-ağız eləmiş, professorun ədəbi həyatımızı dərindən və diqqətlə izlədiyini, “bir milçək uçuşunu belə o dəqiqə hiss elədiyini” söyləyib, öz minnətdarlığını bildirmişdi.

Bu axşam professor, İlhamın kitabı haqqında məqalə yazırdı. Məqalə çətin yazılırdı. “Ədəbiyyatımıza yeni istedad gəlir” adlanan məqalə yarıdan keçəndə professor qələmi yerə qoyub toxtadı, sağ əlinin barmaqlarını neçə dəfə açıb-yumdu və şaqqıldatdı…

Salman Qurbanzadə stoldan qalxıb bir papiros yandırdı. Var-gəl eləməyə başladı. Nadirənin otağından işıq gəldiyini görüb ayağının ucunda qapı ağzına gəldi. Nadirə işləyirdi. Uzun dirsəkli, qara stolüstü lampa başını aşağı əyib tək, işıqlı gözünü bərəldib sanki Nadirənin yazdığını oxumaq istəyirdi. Salman Nadirənin qələminə fikir verirdi. Qələm elə bil hazır bir mətni kağıza köçürürdü; Nadirə yazdığını sanki nə vaxtsa əzbərləmişdi.

“Yox, axır, su kimi axır”. Professor ürəyində nəsə bir sıxıntı duyub geri qayıtdı. Pəncərədən tutqun dənizə baxdı. Yenə stol arxasına keçdi…

Saat birin yarısında o, məqaləni sona yetirib axırına nöqtə qoydu. İlhamı xatırladı: “Sevinə bilmirəm”, – deyir. Şadlığına şitlik eləyir. Mənim məqaləmi oxuyanda sevinərsən, qırışmal, hələ atan haqqında da heç belə məqalə yazan olmayıb!”

Professor papirosuna son qullabı vurub külqabına basdı, söndürdü. Nadirə içəri girəndə o, yazılı vərəqləri səliqəyə salırdı.

– Yorulmadın? – deyə Nadirə pəncərəni açdı. – Az çəksənə bu papirosu, ev tey tüstüdür.

Salman ona sarı çevrildi!

– Yaman işləyirdin, gəldim xeyli baxdım, heç xəbərin olmadı.

– Haçan?

– Bayaq!

– Hə. Mən işləyəndə ətrafımda heç nə görmürəm.

– Nə yazırdın ki?

– İlhamın kitabı haqqında yazmışam, – deyə Nadirə sakitcə cavab verəndə professor heyrətlə səsləndi.

– İlhamın?

– Hə, necə məgər?

– Mən də onun haqqında yazmışam ki.

– Doğrudan?

Professor məqalənin qaralamasını götürüb Nadirəyə göstərdi.

– Buyur.

Nadirə yaxın gəldi. Xeyli fikrə gedəndən sonra dedi:

– Əvvəllər məsləhətləşərdik, nə yazacağıq, necə yazacağıq… Amma indi sən məndən xəbərsiz yazırsan, mən səndən. Nəticədə də…

– Bunu özünə de, Nadirə!

– Yox, günah səndədir. Deyirsən ki, hamı gərək sənin kimi fikirləşsin, sənin kimi düşünsün, sənin kimi yazsın. Əgər belə olsaydı, bircə sən kifayət edərdin. Hər kəsin öz fikri, öz düşüncəsi var, Salman. Fikrimiz düz gəlməyəndən sonra məsləhətləşib boş yerə qan qaraltmaq, vaxt aparmaq nəyə lazımmış ki?

– Axır zamanlar səndə qəribə bir müştəbehlik müşahidə edirəm, Nadirə. Əvvəl belə deyildin. Mənim sözümlə razılaşardın. Ancaq indi nə deyirəm, haqq-nahaq inkar eləməyə, yanlış olduğunu sübuta çalışırsan. Iclasda-zadda da sözümün qabağına söz çıxarırsan. Nəzərdən qaçırırsan ki, mən səndən yaşca böyüyəm, bu – bir. Professoram, bu – iki. Sənin ərinəm, bu – üç…

– Qəribə mühakimədir, Salman. Özün özünə zidd gedirsən. Gah sərbəstlikdən, müstəqillikdən danışırsan, gah da hamını müti olmağa məcbur etmək istəyirsən. Bunun hansına inanaq?

– Uşaq tərbiyəsi ayrı şeydir, ər-arvadlıq, elmdə böyüklük-kiçiklik bir ayrı şey…

Nadirəyə elə gəlirdi ki, əri nə demək istədiyini özü də qarışdırır, yaxşı anlamır. Təəssüflə ah çəkib söhbəti dəyişmək məqsədilə irəli əyildi və məqaləni stolun üstündən götürüb sərlövhəsinə baxdı. Bayaqkından da təəccüblü bir səslə:

– “Ədəbiyyatımıza yeni istedad gəlir?” – deyə soruşdu. – Məqaləni belə adlandırmısan?

– Bəli!

– Yaxşı, İlham istedad kimi ədəbiyyatımıza gələndə, bəs əsil istedadlarımız hara gedər?

– Səncə, İlham istedad deyil?

– Yox, əsla yox, Salman! Sən belə yazmaqla İlhamı “əsil istedad” eləyə bilməyəcəksən, ancaq özünü rüsvay eləyə bilərsən…

– Nə üçün, Nadirə? Sən elə danışırsan ki…

– Ona görə ki, İlhamın istedadının məhsulu olan bax, bu kitabça, – o, kitabçanı götürüb havada yellədi, – göz qabağındadır. Şeirlərinin çoxu orta səviyyəli, bir qismi isə, açığını deyək, çox zəifdir. Bu cür kitab görəndə mən əsəbiləşirəm. Düzü, belə şeirlərə soyuqqanlı baxmaq mümkün deyil. Belə zəif kitabların meydana çıxması ancaq və ancaq təəccüb doğura bilər.

– Sənin hər şeyin üstündən çox asanlıqla xətt çəkmək qabiliyyətinə heyranam, Nadirə!

– Mən həqiqəti deyirəm, Salman!

– Sən bir zaman Gülmirə haqqında da bədgümanlıqla danışıb, “həqiqəti” deyirdin.

– Nə oldu? Yalanmı deyirdim? Mən o sözlərimi indi də təkrar eləyə bilərəm.

Salman kinayə ilə güldü:

– Xeyr, indi təkrar eləyə bilməzsən.

– Niyə?

– Çünki o, artıq elmi məhsul verməyə başlayıb. Bu adam, – o gün sənə dedim, – böyük Füzulinin indiyə qədər elm aləminə məlum olmayan avtoqrafını tapıb. Səncə, bu, balaca işdi?! Məncə, bu, böyük kəşfdir! Sonra bu gün ayrı bir məqalə gətirmişdi – dissertasiyasından idi. Heyf burada deyil, idarədədi. Oxudum, ağzım açıla qaldı. Elə gözəl yazıb, elə ağıllı yazıb ki…

Nadirə duruxdu, sonra ağır-ağır dedi:

– Sənin təriflədiyini özüm oxumamış, düzü, dediklərinə inanmaq istəmirəm, Salman!

Bu ağır cavab Salmanın yeddi qatından keçdi. Neçə saniyə söz tapa bilmirmiş kimi, tutqun və yorğun gözlərini arvadının sifətinə zilləyib dayandı. Nadirə onun pərt olduğunu görüb gülümsəməyə çalışdı və şuxluqla əl atıb Salmanın saçlarını qarışdırdı:

– Yaxşı, yaxşı, xətrinə dəyməsin. Söhbətdi eləyirik də. Sən də uşaq kimisən lap…

Salmanın qırışığı azca açıldı:

– Demək, sən İlhamın kitabı haqqında bərk yazmısan, hə?

– Hə, çox bərk! İstər atasının xətrinə dəysin, istər dəyməsin, mən İlhama kömək eləmək istəyirəm. Mən onunla çox söhbət eləmişəm. Əgər o, düzgün istiqamətləndirilsə, doğrudan da, gələcəkdə istedadlı şair ola bilər. Sən onunla bir danış, gör nələr deyir. O özü də bilir ki, yazılarının belə zəif çıxmasının əsas səbəblərindən biri də qəzet-jurnal işçilərinin ona qarşı tələbkarlığının az olmasıdır. Bax, onun kitabını sən də oxumusan, mən də. Gəl, necə deyərlər, əyri oturaq, düz danışaq – ordakı şeirlərin çoxu, mən cəsarətlə deyərdim, yarıdan çoxu bizim bugünkü intellektual poeziyamızın səviyyəsindən çox aşağıdır, zəifdir; mən redaktor olsaydım, onları qətiyyən o kitabçaya salmazdım, oxucuların zövqünü korlamazdım.

– Məsələn, hansı şeiri? O şeirlərdən birini göstərə bilərsənmi?

– Böyük məmnuniyyətlə, Salman. – O, əl atıb Salmanın stolunun üstündəki kitabçanı açıb vərəqlədi və bir şeirin üstündə barmaq saxladı. – Buyur, elə şeirlərdən biri:

İçimdə bir raket mələdi;

“Necəsən, dost?”– söylədi.

Eşitdi yaxın, uzaq–

Eşitmədim mən ancaq…

– Vəssalam?

– Bəli, vəssalam. İndi buyur, ərz elə görək sən bu dörd misralıq şeirdən nə başa düşdün?

Salman yerində qurcuxdu, saçlarını çəngələyib ani fıkrə getdikdən sonra:

– Bilirsən, Nadirə xanım, məncə, bu çox dərin, fəlsəfi şeirdir. Şair burada demək istəmişdir ki… – o, yenə duruxdu.

– Hə, nə demək istəmişdir?

– Demək istəmişdir ki, indi raketlər əsridir, sürətlə silahlanma əsridir – hər kəsin içində bir raket var və o, mələsə, yəni, atılsa, partlasa, onda, dost, sənin işin necə olar, heç bilirsənmi? O, partlasa “yaxın, uzaq” eşidəcək – yəni bütün dünya eşidəcək.

– Bəs son misranı – “Eşitmədim mən ancaq!”ı necə yozursan? – deyə Nadirə qımışa-qımışa, özünü gülməkdən güclə saxlayaraq xəbər alanda Salman sadəlövhlüklə:

– Bu da o deməkdi ki, raketi birinci atana heç nə olmayacaq, o, salamat qalacaq – yəni, şair demişkən, raketin şaraq-şuruqunu dünya eşitsə də, mən eşitməyəcəyəm, çünki, indi texniki inqilab əsrində raketlərin sürəti çox böyükdür, mən deyərdim, işığın sürətindən də neçə dəfə çoxdur, mənzili də uzaqdır. Məsələn, Bakıdan atılan raketin Nyu-Yorkda partlamasının zırıltısını sən, mən hardan eşidə bilərik? Görürsən, şairin, dörd misralıq şeri haqqında nə qədər danışmaq olur– hələ istəsən…

– Hələ istəsən iki saat da danışa bilərsən, hə? – deyə Nadirə gülüşünü içində boğa-boğa sözünü kəsib soruşdu.

– Əlbəttə…

Ancaq artıq Nadirə özünü saxlaya bilmədi, şaqqanaq çəkib güldü. Elə güldü ki, gözləri yaşardı. Salman bu gülüşdən pərt oldu:

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации